Bağlıyıq Azərbaycana

Təbiət

AZƏRBAYCANIN TƏBİƏTİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır.

Antik müəlliflər Herodot (e.ə. V əsr), Polibi (e.ə. təqr. 200-e.ə. təqr.120), Strabon (e.ə. 64/63-eramızın 23/24), Klavdi Ptolemey (təqr. 90-təqr. 160) və b. öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, onun heç bir dənizlə əlaqəsi olmaması və s. haqqında məlumatlar vermişlər. Daha sonralar ərəb coğrafiyaşünasları və səyyahlarından İbn Xordadbeh (təqr. 820/826-təqr. 912-913), Əbu-İshaq İstəxri (təqr. 820-934), Azərbaycan alimi Məhəmməd Naxçıvani (XIII əsrin sonu-XIV əsrin 2-ci yarısı), İran alimi Rəşidəddin Fəzlullah (1247-1318) və b. əsərlərində Azərbaycanın iqtisadiyyatı, inzibati bölgüsü, dağ və çayları, şəhərləri, onların arasındakı məsafələr, ticarət yolları və s. haqqında yazmışlar. Alban (Qafqaz) tarixçisi Musa Kalankatlı (VII-VIII əsrlər) “Alban tarixi” əsərində Albaniyanı şöhrətli, təbiəti zəngin və əhalisi çox olan ölkə kimi təsvir etmiş, orada çoxlu məhsuldar torpaqların, gözəl bağların və yaşıl çöllərin olmasını göstərmişdir. Venesiyalı F.Mauronun dünya xəritəsində (1459), Əlşərifin (1601), alman alimi və səyyahı A.Olearinin (1647) xəritələrində, həmçinin I Pyotrun tapşırığı ilə (1720) tərtib olunmuş və 1723-cü ildə nəşr edilmiş “Şərqi Zaqafqaziya və Xəzər dənizi” xəritəsində Azərbaycanın yaşayış məntəqələri, gölləri, çayları və s. göstərilmişdir.

Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi Azərbaycanın iqlimi, Bakının təbiəti və burada neft çıxarılması, Hacı Zeynalabdin Şirvani və Abbasqulu ağa Bakıxanov Azərbaycanın coğrafiyası haqqında fikir söyləmişlər. Azərbaycan ərazisinin öyrənilməsində həmçinin V.Abix, İ.Fiqurovski, A.Zaxarov və başqalarının xidməti olmuşdur. Azərbaycan Respublikasının ərazisinin kompleks tədqiqinə isə Sovet hakimiyyəti illərində başlanmış, müxtəlif miqyaslı xəritələr tərtib edilmiş, samballı coğrafi atlaslar yaradılmışdır. Respublika ərazisinin hərtərəfli öyrənilməsində Azərbaycan Milli EA-nın rolu böyükdür.

Azərbaycan Respublikasının tarixi-coğrafi mövqeyi

Qədim Azərbaycan torpağı Ön Asiyada yerləşir və Qafqaz dağlarının cənub-şərq hissəsindən Urmiya gölünün cənub və cənub-şərqindəki dağlıq ərazilərə qədər olan sahələri əhatə edir. Onun sahəsi 200 min kvadrat km-dən artıqdır.

Azərbaycan bütövlükdə şimal yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir.

Respublikanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır, 38°25′ – 41°55′, şimal enliklər və 44°50′ – 50°51′ şərq uzunluqları arasında yerləşir.

Avropa və Asiyanın qovşağında yerləşərək, respublika unikal geosiyası və coğrafi mövqeyə malik olmaqla, qədim zamanlardan ta indiyədək dünyəvi iqtisadi və mədəni əlaqələr üçün öz əhəmiyyətini qoruyub saxlamaqdadır.

Relyefi

Azərbaycan Respublikasının relyefi çox müxtəlifdir. Burada iki əsas relyef forması — düzənliklər və dağlar üstünlük təşkil edir.

Azərbaycan ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur. Respublikanın əsas geomorfoloji vahidləri olan Böyük Qafqaz, Kiçik Qafqaz (Qarabağ yaylası ilə birlikdə) və Talış dağları Kür Araz ovalığını şimaldan, qərbdən və cənub-şərqdən əhatə edir. Naxçıvan Muxtar Respublikası Araz çayının orta axımı və onu əhatə edən Zəngəzur və Dərələyəz sıra dağlarının hüdudlarında yerləşir.

Respublika ərazisinin orta yüksəkliyi 400 metrə qədərdir. Lakin Xəzərsahili ovalıq okean səviyyəsindən aşağıda (hazırda -26,5m) olduğu halda, ən yüksək zirvə olan Bazardüzünün hündürlüyü 4466 metrdir. Deməli, respublika ərazisində hündürlük fərqinin 4500 metrə yaxın olduğu aydın görünür.

Böyük Qafqaz özünün cənub şərq hissəsi ilə Azərbaycana məxsusdur. Burada iki dağ silsiləsi ayrılır: Bazardüzü zirvəsilə (4466 m) Baş və yaxud Suayrıcı, Şahdağ zirvəsilə (4243 m) Böyür (Yan) silsilələri. Cənub-şərqə doğru silsilələr 1000-700 m yüksəkliyədək tədricən alçalır. Böyük Qafqaz silsilələrini dağətəyi yerlər əhatə edir: şimal-qərbdə çöllük yayla, cənub-şərqdə Qobustan, cənub-qərbdə Alazan-Həftəran və şimal-şərqdə Qusar maili düzənliyi.

Dağlar əsas etibarilə nisbətən asanlıqla denudasiyaya məruz qalan yura və təbaşir dövrlərinin çökmə süxurlarından təşkil olunmuşdur. Dağətəyi yerlər üçün bedlendlər (Ceyrançöl, Acınohur düzü) və palçıq vulkanları (Qobustan, Abşeron) xarakterikdir. Qusar düzənliyi və Alazan-Həftəran vadisi dördüncü dövr yaşlı qalın çınqıl çöküntüsü qatından təşkil olunmuşdur.

Kiçik Qafqaz respublikanın cənub-qərb və qərb hissələrini tutmaqla, nisbətən az yüksəkliyə malik olmaqla bir sıra silsilə və yaylalardan ibarət mürəkkəb quruluşlu dağlıq ərazidir. Başlıca silsilələri Murovdağ, Şahdağ və Zəngəzur silsilələridir. Qarabağ yaylası Murovdağın cənubundan başlayaraq Araz çayına qədər qövsvari şəkildə sönmüş vulkanların konusları və dördüncü dövr lavaları üzərində yerləşir. Kiçik Qafqaz yura və təbaşir yaşlı vulkanogen və çökmə süxurlardan təşkil olunmuşdur.

Talış dağları ölkənin cənub-şərq hissəsini tutur. Əsas etibarilə üçüncü dövr çöküntülərindən təşkil olunmuşdur. Talış dağları Kiçik Qafqaz dağlarından Elbrus (İran) dağlarına keçid həlqəsini təşkil edir və hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarətdir.

Kür-Araz ovalığı Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları arasındakı məkanı əhatə edir. Zaqafqaziyada ən iri dağarası çökəkliyi olmaqla, o, respublika ərazisinin mərkəzi hissəsini tutur. Ovalıq Kür və Araz çayları ilə beş düzənliyə və ya düzə ayrılır: Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzləri.

Abşeron yarımadasından şimala doğru Xəzər dənizi sahillərində Qusar maili düzənliyinə söykənən Samur-Dəvəçi ovalığı yerləşir. Abşeron yarımadasından cənuba doğru Talış dağlarının ətəkləri boyu Lənkəran ovalığının dar zolağı uzanır. Kür-Araz, Samur-Dəvəçi, Lənkəran ovalıqlarının, həmçinin Abşeron yarımadasının xeyli hissəsi dünya okeanının səviyyəsindən aşağıda yerləşir.

İqlimi

Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, subtropik, mülayim və soyuq iqlimə rast gəlinir. Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir. Quru subtropik iqlim Kür-Araz ovalığı və Abşeron üçün xarakterikdir. Rütubətli subtropik iqlim yalnız Talış dağlarının cənubunda müşahidə edilir, dağətəyi ərazilər və Lənkəran ovalığı üçün səciyyəvidir. Mülayim iqlim Böyük və Kiçik Qafqazın əsasən meşələrlə örtülü yamaclarında müşahidə olunaraq, quru, mülayim-isti quru, mülayim-isti rütubətli və mülayim soyuq iqlimlərə ayrılır. Soyuq iqlim yüksək dağ silsilələrində, Böyük və Kiçik Qafqazın zirvələrində, alp və subalp çəmənlikləri qurşağında müşahidə edilir. Havanın orta illik temperaturu ovalıqlarda müsbət 15° C olduğu halda, yüksək dağlıq rayonlarda 0° C və daha aşağı dərəcəyə qədər dəyişir. İyulda aran rayonlarında 25-27° C, dağlıq rayonlarda 5° C təşkil edir. Mütləq maksimum 43° C olduğu halda, mütləq minimum -30° C-dək aşağı düşür. Bu yüksək rəqəmlər Naxçıvan çökəkliyində və yüksək dağlarda müşahidə edilir. Yağıntılar da ərazidə olduqca qeyri-bərabər paylanmışdır. İl ərzində Abşeron yarımadasında və Naxçıvan MR-nın arazətrafı zolağında daha (200 mm-dən) az yağmur düşür. Kür-Araz ovalığında yağıntıların miqdarı 200-300 mm, Kiçik Qafqazda və Böyük Qafqazın şimal-şərq yamaclarında 600-800 mm müşahidə edilib. Böyük Qafqazın cənub yamaclarında 2000-2500 metr yüksəkliklərdə 1200-1300 mm-dək, ən çox yağıntı Lənkəran ovalığının cənubunda və Talış dağlarının ətəklərində 1200-1700 mm-ə çatır.

Hakim küləkləri şimal (Abşeron yarımadası), cənub-qərb (Kür-Araz ovalığı), qərb (Lənkəran ovalığı) istiqamətlidir.

Daxili suları

Respublikanın sıx çay şəbəkəsi, onun ərazisini sanki mavi hörümçək toru ilə örtmüşdür. Azərbaycan ərazisində irili-xırdalı 8400-ə yaxın çay vardır. Onlardan 850-si 5 km-dən artıq uzunluğa malikdir. Lakin uzunluğu 100 km-dən artıq olan çayların sayı cəmi 24-dür.

Kür və Araz çayları Qafqazın ən iri çayları olub, ölkənin başlıca suvarma və hidroelektrik enerjisi mənbələridir.

Kür çayı Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəkliyə malik sahədən başlayır. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə qovuşur. Kür çayının ümumi uzunluğu 1515 km-dir, onun 906 km-i Azərbaycan Respublikası ərazisindədir. Hövzəsinin sahəsi 188 min kvadrat km-dir. Kür çayı üzərində Mingəçevir, Şəmkir və Yenikənd bəndləri və hidroelektrik stansiyaları inşa edilmiş, nəhəng su anbarları yaradılmışdır. Mingəçevir su anbarından çəkilmiş iri suvarma kanalları – Yuxarı Qarabağ və Yuxarı Şirvan vasitəsilə Kür-Araz ovalığının torpaqları suvarılır.

Araz çayı Türkiyə ərazisində Bingöl silsiləsindən (2990 m) başlayır, Sabirabad şəhəri yaxınlığında (Suqovuşan kəndində) Kürlə qovuşur. Onun uzunluğu 1072 km, hövzəsinin sahəsi 102 min kvadrat km-dir.

Samur çayı Azərbaycanın şimal-şərqində ən iri çaydır. Dağıstan ərazisində 3600 m mütləq hündürlükdən başlayır və Xəzər dənizinə tökülür. Uzunluğu 216 km, hövzəsinin sahəsi 4,4 min kvadrat km-dir. Bundan başqa Qusarçay, Qudialçay, Vəlvələçay, Sumqayıtçay, Viləşçay, Lənkərançay və Astaraçay da Xəzər dənizinə tökülür.

Azərbaycanda külli miqdarda dağ çayları mövcuddur. Əksər çaylar qar və yağışların hesabına qidalanır. Mənbəyini Böyük Qafqazdan götürmüş Balakənçay, Talaçay, Katexçay, Kürmükçay, Kişçay və digər kiçik çaylar Alazan-Əyriçay vadisində Alazan və Əyriçaya qovuşurlar.

Başlanğıcını Kiçik Qafqazdan götürmüş Ağstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəmçay, Şəmkirçay, Gəncəçay, Kürəkçay, Tərtərçay Kürə qovuşur, Həkəriçay, Oxçuçay və Naxçıvan MR ərazisindəki Arpaçay, Naxçıvançay, Əlincəçay, Giliançay, Ordubadçay Araza tökülür.

Azərbaycan Respublikası ərazisində 250-yə yaxın qidalanma və əmələgəlmə şəraitinə görə fərqlənən təbii şirin və şorsulu göl vardır. Onlardan buzlaq mənşəli Tufangölü, uçqun və sürüşmədən yaranan Göygölü, Maralgölü, Qaragölü, Batabatı və s., çay-dərə mənşəli Ağgöl, Sarısu, Mehman, Hacıqabul göllərini və ən iri şorsulu Acınohur, Böyükşor, Binəqədi və s. gölləri göstərmək olar.

Bitki örtüyü

Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Nisbətən böyük olmayan ərazidə dünyada rast gəlinən bütün bitki tiplərinin demək olar ki, hamısı respublikamızda yayılmışdır. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920 cinsdə birləşir. Növlərin ümumi sayına görə Azərbaycanın florası Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Qafqaz və başqa regionlarda geniş yayılmış bitki növləri ilə yanaşı Azərbaycanın florasında kifayət sayda yalnız Azərbaycan və onun nisbətən kiçik rayonları üçün xarakterik olan 240-a yaxın endemik bitki növləri də vardır.

Bitki örtüyünün yayılmasını regionun fiziki-coğrafi cəhətdən formalaşması, müasir torpaq iqlim şəraiti, şaquli zonalıq və bir sıra digər amillər də şərtləndirir. Belə ki, respublikanın ovalıq hissəsində 200 metrlik yüksəkliklərə kimi səhra və yarımsəhra bitki tipləri və su bataqlıq bitkiləri inkişaf etmişdir. Səhra tipli bitki qruplaşmalarına əsas etibarilə Xəzər sahilində, cənub-şərqi Şirvanda, Mil, Muğan və Şirvan düzlərində rast gəlinir. Torpağın duzluluğundan asılı olaraq burada qarasoran, şahsevdi, ətli, şoran, qışotu bitkiləri yayılmışdır. Yarımsəhra bitki örtüyü Şirvan, Səlyan, Muğan, Mil və Qarabağ çöllərində və eləcə də Ceyrançöl, Qobustan və Arazboyu düzənliklərdə geniş sahə tutur. Kür-Araz, Qobustan və Ceyrançöldə zonal formasiya olaraq yovşan yarımsəhrası sahə etibarilə üstünlük təşkil edir. Başqa formasiyalardan qarağan (Kür-Araz) və dəngiz (Qobustan, Naxçıvan) formasiyaları daha səciyyəvidir Yarımsəhralarda çox sayılan digər bitkilər: soğanaqlı qırtıcı, yapon tonqalotu, bərk quramat, şərq bozağı, çilingburnu, taxıl otları və bir sıra şoranlıq (çərən, şahsevdi, sarıbaş, qışotu və s.) otlarıdır. Bu sahələr üçün unikal olan tuqay meşələridir. Əsasən, Kür, Araz və Qabırrı çayları vadilərində yayılan meşələrin əsas ağacları palıd, ağcaqayın, göyrüş, söyüd və s. ibarətdir.

Böyük Qafqaz və Kiçik Qafqaz dağətəyi düzənliklərində 200 m-dən 600-700 m, bəzən 1200 metrədək olan hündürlükdə əsasən bir və çoxillik kserofit bitkilər və kollar yayılmışdır. Daha yüksəkdə yuxarı sərhədi 1800-2200 metrlə məhdudlaşan sahələr meşələrdən ibarətdir.

Azərbaycan Respublikası ərazisinin ümumi sahəsi 86,6 milyon hektardır. Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 989,5 min hektar təşkil etməklə, ümumi ərazinin 11,4% qədərədir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.

Azərbaycanda meşələr sahəcə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq hissələrində geniş yayılmışdır. Xüsusilə onlar 600-1600 m mütləq yüksəkliklərdə çox yerdə vahid qurşaq yaradır. Qalan sahələrdə talalar, dar zolaqlar şəklində saxlanılır.

Meşələr əsas üç ağac növlərindən — fıstıq, vələs və palıddan ibarətdir. Onlar bütün meşə örtüyünün 86,2 faizini təşkil edir. Bunlardan başqa ağcaqayın, qarağac, cökə, qızılağac, qovaq, yalanyarpaq, söyüd və s. enliyarpaqlı ağaclar bitir. İynəyarpaqlı meşələr respublika meşələrinin 1,7 faizini təşkil edir. Azərbaycanda təbii halda inkişaf edən 107 ağac növündən 7-si iynəyarpaqlı ağaclardır. Onlara Avropa qaracökəsi, Eldar şamı, qarmaqvari şam, çoxmeyvəli, ağır iyli qırmızı və uzungövdəli ardıc ağacları daxildir.

Azərbaycan Respublikası bir çox nadir və kol növlərinin Vətəni sayılır. Qaracökə üçüncü dövrün relikt bitkisi kimi meşələrin nadir incisidir. Bu ağac Böyük Qafqazın Cənub (Qəbələ rayonu), cənub-şərq (Pirqulu, Şamaxı rayonu) hissəsində yayılmışdır. Gecböyüyən, lakin uzunömürlü qaracökə heç vaxt geniş sahələri əhatə etməyib. Eldar şamının vətəni Azərbaycandır, yayılma arealı isə Ceyrançöl ön dağlığının Eldar oyuğu sahəsidir. Talış dağlarında bitən üçüncü dövrün relikt və nadir ağaclarından dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, azat, Qafqaz xurması, şümşad, yalanqoz, Hirkan ənciri, Hirkan ağcaqayını və s. təbiətin nadir inciləridir.

Heyvanlar aləmi

Azərbaycan özünəməxsus fauna kompleksi olan bir neçə zoocoğrafi əyalətlərin qovşağında yerləşir. Qonşu ərazilərdən — İrandan, Orta Asiyadan, Aralıq dənizi ölkələrindən olan bəzi heyvan növləri buradakı şəraitə uyğunlaşmış, respublikanın faunasını zənginləşdirmişdir.

Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir.

Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.

Düzənlik sahələrin faunası külli miqdarda məməlilər, sürünənlər, suda-quruda yaşayanlar və çoxsaylı oturaq və köçəri quşlarla təmsil olunub.

Burada məməlilərdən ceyrana, çöl donuzuna, canavara, tülküyə, porsuğa, qamışlıq pişiyinə, dovşana və s., sürünənlərdən bataqlıq, Xəzər və Aralıq dənizi tısbağalarına, zolaqlı kəltənkələyə, adi və su koramalına, gürzəyə və s., suda-quruda yaşayanlardan müxtəlif növ qurbağalara, quşlardan qırqovula, kəkliyə, turaca, qartala, müxtəlif növ ördək və qazlara, harayçı və fısıldayan qu quşlarına, qaşqaldağa, sultan toyuğuna, vağlara, qarabatdaqlara, qıvrımlələk qutana və s. həşaratların bir çox növlərinə rast gəlinir.

Orta və yüksək dağlıq hissədə düzənlikdə rast gəlinən heyvanlardan başqa bu ərazilər üçün xarakterik sayılan Şərqi Qafqaz təkəsi, Qafqaz maralı, Qafqaz köpgəri, Avropa cüyürü, Qafqaz qonur ayısı, quşlardan toğlugötürən, berkut, Qafqaz şahini, Qafqaz tetrası, Qafqaz uları və s. fauna nümunələri məskunlaşmışdır.

Azərbaycan Respublikasının “Qırmızı kitabı”na 108 heyvan növü, o cümlədən 14 növ məməli, 36 növ quş, 13 növ amfibi və reptililər, 5 növ balıq və 40 növ həşərat daxil edilib.

Azərbaycanın faydalı qazıntıları

Respublikanın ərazisi üç növdən olan qazıntılarla, yəni həm filiz, həm qeyri-filiz, həm də yanacaq mənşəli faydalı qazıntılarla olduqca zəngindir.

Azərbaycan neft və qaz yataqları ilə məşhurdur. Respublika ərazisinin 2\3 hissəsi neft və qazla zəngindir. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa Cənub-Şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohür, Siyəzən zonası neftlə zəngindir.

Dünyada məşhur olan Naftalan nefti əsasında bir sıra xəstəliklər müalicə olunur.

Respublikamızın qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqındadır. Azərbaycanın Kiçik Qafqaz hissəsində filiz yataqları daha çoxdur. Burada dəmir, manqan, titan, xromit, mis, kobalt, polimetal, sürmə, qızıl, gümüş, moliben və s. yataqları mövcuddur. Ən iri dəmir filizi yatağı Daşkəsəndədir.

Qeyri-filiz faydalı qazıntılardan Qobustan, Abşeron, Tovuz əhəng daşları, Şahtaxtı (Naxçıvan MR), Kəlbəcər travetin daşları, Daşkəsən mərməri, Yuxarı Ağcakənd gipsi, Hacıvəli kvas qumları böyük təsərrüfat əhəmiyyəti kəsb edir.

Respublikada müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da vardır. Zənginliyinə görə Azərbaycan ərazisi “mineral sular muzeyi” adlandırılır. Kəlbəcər rayonundakı İstisu, Naxçıvan MR-dakı Badamlı, Sirab mineral suları respublikamızdan çox-çox uzaqlarda məşhurdur.

Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaaltı, Culfa rayonundakı Turşsu müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Talış dağlarında, Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında isə termal bulaqlar çoxluq təşkil edir.

Xəzər dənizi

Dünyanın ən iri qapalı su hövzəsi — Xəzər Azərbaycan xalqının həyatında çox mühüm əhəmiyyət daşıyır və özünün fiziki-coğrafi göstəriciləri ilə unikaldır. Onu qeyd etmək kifayətdir ki, Xəzər dənizinin flora və faunası endemik növlərlə zəngindir. Belə ki, qədimliyi ilə digər balıqlardan fərqlənən nərəkimilərin ehtiyatlarının 90 faizi bu dənizdə cəmləşmişdir.

Coğrafi landşaftın özünəməxsusluğu əlverişli rekrasion şərait yaratmışdır.

Dəniz meridian boyunca S latın hərfi şəkilində uzanmışdır, 47°17′ şimal enliyi və 36°33′ cənub uzunluğu koordinatları arasında yerləşmişdir. Meridian boyunca dənizin uzunluğu 1200 km-ə yaxındır, orta eni 310, ən böyük və ən kiçik enləri isə müvafiq olaraq 435 və 195 km-dir. Xəzər dənizinin səviyyəsi periodik olaraq dəyişdiyindən onun səthinin sahəsi və sularının həcmi dəyişkəndir. Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -26,75 m aşağıdır. Dənizin bu səviyyəsində onun səthinin sahəsi 392600 km2, sularının həcmi isə 78648 km3-dir və bu həcm Yer kürəsindəki ümumi göl su ehtiyatlarının 44%-ni təşkil edir. Maksimal dərinliyi 1025 m-dir və bu baxımdan Dünya okeanının Qara, Baltik, Sarı dənizləri ilə müqayisə oluna bilər, Adriatik, Egey, Tiren, Sulu və digər dənizlərdən isə dərindir.

Akvatoriyanın Azərbaycan hissəsi dənizin orta və cənub hissələrini əhatə edir. Duzluluğuna görə Xəzər suları dünya okeanının sularından xeyli fərqlənir. Şimal hissədə suyun duzluğu 5-6, dənizin orta və cənub hissələrində 12,6-13,5 promille təşkil edir. Azərbaycanda mövcud olan 300-dək palçıq vulkanının 170-dən çoxu Xəzərin Azərbaycan sektorunda ada və sualtı vulkanlarını təşkil edir. Xüsusilə onlar Cənubi Xəzərdə daha çoxdur.

Təbii şəraitin unikallığı və rəngarəngliyi bir çox nadir fauna və flora növlərinin Xəzər dənizində bugünədək qalmasına səbəb olmuşdur.

Dənizin Azərbaycan akvatoriyasında 171 növ fitoplankton (yosun), 40 növ zooplankton, 258 növ fitdentos, 91 növ makrozoondentos və 14 fəsiləyə aid 80 növ və yarımnöv balıqlar məskunlaşmışdır.

Balıq növlərinin miqdarına görə karpkimilər üstünlük təşkil edir – 42 növ; xulkimilər – 31, siyənəkkimilər – 17, qızıl balıqkimilər – 2, nərəkimilər – 5 növdən ibarətdir. Xəzər ixtiofaunasının 4 cins, 31 növ və 45 yarımnövü endemikdir. Endemik növlərin əksəriyyəti orta Xəzərdə qeydə alınıb.

Təqribən 40 balıq növü və yarımnövü ov əhəmiyyəti daşıyır. Ümumi ixtiokütlənin əsas hissələrini kilkələr təşkil edir (80%), qalan hissə siyənəyin, kefalın, aterinanın, gümüşcənin və xul balığın payına düşür. Balıq növləri içərisində yox olmaq təhlükəsi altında olub, respublikanın “Qırmızı kitabı”na salınanlar: Xəzər ilanbalığı, alabalıq, Cənubi-Xəzər porusu (ağgözbalığı), çexon, dəniz sufu. Son illərdə nərə balıqlarının bütün növlərini (ağbalıq, kələmo-qayabalığı, nərə uzunburun balığın), Xəzər qızılbalığın, ağ qızılbalığın, xramulanın, şamayı balığının, şibrit və qarasolun sayı kəskin surətdə azalaraq, yox olmaq təhlükəsi altına düşmüşlər. Xəzərin su faunasında yeganə məməli heyvan Xəzər suitidir. O, mövcud suitilərin ən kiçiyidir. Xəzər suitinin populyasiyasının ölçüləri XX əsrin əvvəlinə 1,5 milyon fərddən 80-ci illərin sonuna 360-400 min fərdədək azalmışdır. 1993-cü ildə Xəzər suiti Qırmızı Siyahıya daxil edilmişdir.

Xəzər və sahilyanı zonanın müxtəlif biotiplərində 302 quş növü qeydə alınıb; onlardan 37-si su, 109-u suətrafı və 156-sı quru quşlarıdır.

OROQRAFİYA VƏ YÜKSƏKLİK QURŞAQLARI

Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlif və mürəkkəbdir. Ərazinin yarıdan çoxu əsasən, 400-500 m (Orta və Aşağı Araz çökəkliklərində 800-1000 m), bəzi yerlərdə 100-120 m (Talış, Ceyrançöl-Acınohur və Ləngəbiz-Ələt ön dağlıqları) və 0-50 m (Qobustan, Abşeron) mütləq hündürlükdən başlayan dağ silsilələri və tirələrindən, yayla və platolardan, qalan hissəsi isə düzənlik və ovalıqlardan ibarətdir. Hündürlüyü Xəzər dənizi sahilində təqribən -28 m-dən Baş Qafqaz silsiləsində 4466 m-dək (Bazardüzü zirvəsi) dəyişir. Okean səviyyəsindən alçaqda yerləşən sahələr respublika ərazisinin 18%-ni, hündürlüyü 0 m-dən 200 m-dək olan sahələr 24%-ni, 200 m-dən 500 m-dək 15,5%-ni, 500 m-dən 1000 m-dək 15,5%-ni, 1000 m-dən 2000 m-dək 19,5%-ni, 2000 m-dən 3000 m-dək 6,5%-ni, 3000 m-dən yüksəkdə yerləşən sahələr isə 1%-ni təşkil edir. Orta hündürlük 384 m-dir. Azərbaycan Respublikasının əsas oroqrafiya vahidləri Böyük Qafqaz dağ sistemi, Samur-Dəvəçi ovalığı (Qusar maili düzənliyi ilə birlikdə), Kür çökəkliyi, Kiçik Qafqaz və Talış dağ sistemləridir.

Böyük Qafqaz dağ sisteminin yalnız cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. Burada əsas oroqrafiya vahidləri Baş Qafqaz silsiləsi (yaxud Suayrıcı silsilə) və Yan silsilədir. Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Azərbaycan Respublikası ərazisində Gürcüstan Respublikası və Dağıstan MR ilə sərhəddəki Tinov-Rosso zirvəsindən (3385 m) başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Dağıstan MR-dadır), bundan cənub-şərqdəki hissəsinin isə hər iki yamacı respublika ərazisinə daxildir. Baş Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü – 4466 m, Tufandağ – 4191 m, Bazaryur dağı – 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Baş Qafqaz silsiləsi Dübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getidkcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir. Baş Qafqaz silsiləsindən şimalda yerləşən və ona paralel uzanan Yan silsilənin Azərbaycan Respublikasındakı hissəsi Şahdağdan (4243 m) başlayaraq cənub-şərqə doğru tədricən alçalır və Beşbarmaq dağında (546 m) qurtarır. Yan silsilə Baş Qafqaz silsiləsindən başlayan çayların (Qusar, Qudyal və.) dərələri ilə kəsilərək ayrı-ayrı massivlərə — platolara (Şahdağ, Qızılqaya, Buduq və s.) bölünmüşdür. Yan silsiləyə şimal-qərbdə paralel istiqamətdə Tələbi-Qaynarca tirəsi (hündürlüyü qərbdə 1000-1100 m, cənub-şərqdə 150-200 m) uzanır. Silsilələr və tirələr bir-birindən dərələr, dağarası çökəkliklər (Şahnabad, Xınalıq, Yerfi, Qonaqkənd, Xaltan, Gilgilçay, Tığçay, Rustov, Pirəbədil və s.) vasitəsilə ayrılır. Baş Qafqaz silsiləsinin cənub yamacı çox yerdə ona paralel uzanan Alazan-Əyriçay çökəkliyinə (bəzi ədəbiyyatlarda Alazan-Həftəran vadisi) enir (bəzi ədəbiyyatlarda Alazan-Əyriçay çökəkliyi Kür çökəkliyinin bir hissəsi kimi verilir). Gürcüstan Respublikası ərazisindən başlanan həmin çökəkliyin Azərbaycan Respublikası ərazisində uzunluğu 210 km, eni 30 km-ə qədərdir. Cənub-şərqdə Baş Qafqaz silsiləsindən Lahıc çökəkliyilə ayrılan Niyaldağ silsiləsi (hündürlüyü 2100 m-dək) uzanır.

Samur-Dəvəçi ovalığı Xəzər dənizinin sahili boyu şimal-qərbdən cənub-şərqə, Azərbaycan Respublikasında Samur çayından Sumqayıt çayınadək uzanır. Ataçayla Sumqayıt çayı arasındakı hissə Boğaz düzü adlanır. Ovalıq şimal-qərbdə (200-250 m hündürlükdə) nisbi hündürlüyü 10-25 m-ə çatan pillə vasitəsilə Qusar maili düzənliyinə keçir. Maili düzənlik cənub-qərbdə Yan silsiləyədək davam edir. Hündürlüyü təqribən 1900 m-ə (Böyük Suval dağı və s.) qədərdir. Ovalığın dəniz sahili hissələri okean səviyyəsindən 28 m-dək aşağıda yerləşir.

Kiçik Qafqaz dağ sisteminin Azərbaycan Respublikasındakı hissəsi, əsasən, ümumi baş suayrıcısı olmayan və müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilə — Murovdağ, Qarabağ, Mıxtökən silsilələri, Şahdağ, Şərqi-Göyçə (Şərqi Sevan) Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik yayla (Qarabağ yaylasının çox hissəsi), çökəklik (Başkənd-Dəstəfur çökəkliyi və s.) ilə təmsil olunmuşdur (bəzi ədəbiyyatlarda Zəngəzur və Dərələyəz silsilələri, Qarabağ yaylası Kiçik Qafqaza aid edilmir). Şahdağ silsiləsi şimal-qərbdə eyniadlı zirvədən (2901 m) başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m) davam edir. Hinaldağdan şərqə Murovdağ silsiləsi (Gamış d., 3724 m) uzanır. Bu silsilələrdən şimalda Başkənd-Dəstəfur çökəkliyi, daha şimalda isə Şəmkir günbəzvarı yüksəkliyi yerləşir. Həmin yüksəklik Şahdağ və Murovdağ silsiləsidir (hündürlüyü 3000 m-dək). Pant silsiləsi və təcrid olunmuş halda yüksələn Kəpəz d. (3030 m) Başkənd-Dəstəfur çökəkliyini şərqdə Ağcakənd çökəkliyindən ayırır. Qafqazın şimal yamacının silsilələri şimala doğru alçalaraq Orta Kür çökəkliyində dik yamacla Gəncə-Qazax düzənliyinə keçir. Şərqi Göyçə (Şərqi Sevan) silsiləsi Tərtər çayı və Göyçə (Sevan) gölü hövzələrinin suayrıcısını təşikl edir. Ən yüksək zirvəsi Kəti dağıdır (3437 m). Kiçik Qafqazın cənub-şərq qurtaracağı olan Qarabağ silsiləsi Araz çayına tərəf alçalaraq dağətəyi maili düzənliklərə keçir. Ən yüksək zirvələri Qızqala (2843 m), Qırxqız (2830 m), Böyük Kirs (2725 m) və s. silsilələrinin geniş və hamar suayrıcı fonunda tənha qayalıq yüksəkliklər təşkil edir. Silsilənin şimal yamacında köndələn qollar və çökəkliklər var. Qarabağ silsiləsi şimal-qərbdə enlik istiqamətində uzanan Mıxtökən silsiləsi (Dəlidağ, 3613 m) ilə birləşir. Zəngəzur və Dərələyəz silsilələrinin müvafiq olaraq cənub-qərb və cənub yamacları Azərbaycan Respublikası (Naxçıvan MR) ərazisindədir. Zəngəzur silsiləsi Araz çayı dərəsinədək uzanır.

Bu silsilə Kiçik Qafqazın dağ silsilələri arasında ən yüksəyidir. Orta hündürlüyü təqribən 3200 m-dir. Ən hündür zirvələri (Qapıçıq d. – 3906 m, Qazangöldağ – 3814 m və s.) silsilənin cənub hissəsindədir. Zəngəzur silsiləsindən cənub-qərb istiqamətində çoxlu köndələn qollar ayrılır. Ön dağ hissə üçün təcrid olunmuş ekstruzivlər və lakkolitlər (İspandağ – 2410 m, Xanağa – 1910 m, Əlincə – 1810 m və s.) səciyyəvidir.

Zəngəzur silsiləsindən qərbdə Araz çayı dərəsinə tərəf alçalan Dərələyəz silsiləsi (Kükü d. – 3210 m, Keçəldağ – 3115 m) yerləşir. Silsilədən cənubda, ön dağlıqda tirə və platolar (Qıvraq, Duzdağ və s.) əsas yer tutur. Əsasən, Zəngəzur və Qarabağ silsilələri arasında yerləşən, dalğavarı səth üzərində iri sönmüş vulkan konusları (Qızılboğaz – 3581 m, Böyük İşıqlı – 3552 m, Ala Göllər – 3175 m və s.) olan Qarabağ yaylası nisbətən geniş yer tutur. Burada orta hündürlük 2000-2500 m-dir. Yayla şimaldan cənuba daralaraq alçalır. Bazarçay və Həkəri çaylarının birləşdiyi yerdə qurtarır.

Talış dağ sistemi Aşağı Araz çökəkliyindən cənub-şərqdə yerləşir (bəzi tədqiqatçılar Talış dağlarını Elburs dağ sisteminin şimal-qərb davamı hesab edirlər). Əsasən, şimal-qərbdən cənub-şərqə təqribən paralel uzanan Talış, Peştəsər və Burovar silsilələrindən ibarətdir. Bunlardan ən uzunu (təqr. 100 km) və hündürü (2500 m-dək) İranla dövlət sərhədi boyu uzanan Talış silsiləsidir. Silsilələr bəzi yerlərdə bir-birilə köndələn qollarla birləşərək qapalı çökəkliklər (Yardımlı, Zuvand və s.) əmələ gətirmişdir. Talış dağları ilə Xəzər dənizi arasından Lənkəran ovalığı uzanır.

Kür çökəkliyi Azərbaycan Respublikası ərazisinin mərkəzi hissəsini tutur. Relyefi əsasən, geniş düzənlik və ön dağlıqlardan ibarətdir. Böyük və Kiçik Qafqaz dağ sistemləri arasında yerləşən bu çökəkliyin əsas oroqrafiya vahidi cənubi Qafqazın ən böyük düzənliyi olan Kür-Araz ovalığıdır. Ovalıq Kür və Araz çayları vasitəsilə Mil-Qarabağ, Şirvan, Muğan-Salyan düzlərinə bölünür. Ovalığın şərq və mərkəzi hissələri okean səviyyəsindən 28 m-dək aşağıdadır. Dağətəyi sahələrdə hündürlüyü 100-250 m, bəzi yerlərdə 400-500 m-ə çatır. Kür-Araz ovalığından şimal-qərbdə Kür çayının sağ sahili boyunca Gəncə-Qazax, cənub-qərbdə isə Araz çayının sol sahili boyunca Aşağı Arazboyu maili düzənlikləri uzanır. Gəncə-Qazax düzənliyi və Kür-Araz ovalığından şimalda Ceyrançöl, Acınohur, Ləngəbiz-Ələt ön dağlıqları yerləşir. Bunlardan ən böyüyü Alazan-Əyriçay çökəkliyinin cənub kənarları boyunca uzanan Acınohur ön dağlığıdır (hündürlüyü 1100 m-dək). Bir neçə silsilə, tirə və onları bir-birindən ayıran çökəklik və dərələrdən ibarətdir.

Yüksəklik qurşaqları

Azərbaycan Respublikasının ərazisində relyefin mürəkkəbliyi burada yüksək dağlıq, orta dağlıq, alçaq dağlıq və düzənlik-ovalıq şaquli qurşaqları ayırmağa imkan verir.

Yüksək dağlıq qurşağı 2500 m-dən yüksək yerləri əhatə edir. Bura Böyük Qafqazda Baş Qafqaz silsiləsinin və Yan silsilənin, Kiçik Qafqazda, əsasən, Zəngəzur, Murovdağ və Şahdağ silsilələrinin yan hissələri daxildir. Çox yerdə dar zona təşkil edir. Bu qurşaq torpaq və bitki örtüyünün çox zəif inkişaf etməsi, sıldırım və daşlı qayalıqların geniş yer tutması və s. ilə səciyyələnir. Burada itiuclu və daraqvarı zirvələr çoxdur. Qədim buzlaq relyefi formaları (troq, sirk, kar) qalmışdır. Kiçik müasir buzlaqlar var. Dağ yamaclarının ətəkləri qalın qırıntı materiallarla örtülüdür.

Orta dağlıq qurşağı dağ sistemlərinin çox hissəsini əhatə edir: əsasən, 1000 m-dən 2500 m-dək hündürlükdədir. Dərin çay dərələri ilə kəsilmişdir. Yamaclara pilləvarı görkəm verən düzəlmə səthlər geniş yayılmışdır. Dərələrin genişləndiyi yerlərdə, xüsusilə dağarası çökəkliklərdə terraslar inkişaf etmişdir. Bəzi dağ yamaclarında sürüşmə və uçqun sahələri var.

Alçaq dağlıq qurşağı hündürlüyü təqribən 200 m-dən (Qobustan və Acınohur) ön dağlığında 50-100 m-dən olan sahələri əhatə edir. Bu qurşaqda dağ yamacları maili, suayrıcılar hamardır. Bəzi sahələrdə (Qobustan, Ceyrançöl və Acınohur ön dağlığı, Naxçıvan MR-da ön dağlıq rütubət çatışmazlığı arid-denudasiya proseslərinin inkişafına və burada yararsız torpaqların (bedlend), gil karstının və s. relyef formalarının inkişafına şərait yaratmışdır.

Düzənlik-ovalıq qurşağı hündürlüyü 100-200 m və bəzi yerlərdə 400-500 m-dək (Naxçıvan MR-da 800-1000 m-dək) olan sahələri tutur. Bura Kür çökəkliyinin və Samur-Dəvəçi ovalığının çox hissəsi, Alazan-Əyriçay çökəkliyi, Arazboyu düzənliklər və s. daxildir. Bu qurşaqda akkumulyativ relyef formaları geniş inkişaf etmişdir. Dağətəyi sahələrdə gətirmə konusları, Xəzər dənizi sahillərində dünlar əsas relyef formalarıdır. 

RELYEFİN FORMALAŞMA XÜSUSİYYƏTLƏRİ

Azərbaycan Respublikasının müasir relyefinin başlıca elementləri və geomorfoloji quruluşunun əsas xüsusiyyətləri ən yeni tektonik mərhələdə (Oliqosen-Antropogen) yaranmış və mürəkkəb inkişaf yolu keçmişdir. Həmin mərhələdə dağlıq sahələr 2,5-4,5 km (denudasiya kəsiminin qalınlığı nəzərə alınmadan) qalxmış, düzənlik sahələr isə 2,5-3 km-dən 8-11,5 km-ə qədər çökmüşdür. Tektonik qalxma sürətinin denudasiya parçalanma sürətindən çox olduğu yerlərdə dağlar, çökmə sahələrində isə çökmənin sürəti dəniz və kontinental çöküntü toplanmanın sürəti ilə tarazlaşdığına görə düzənliklər əmələ gəlmişdir. Həmin regionların tektonik quruluşu və geoloji inkişaf tarixi müxtəlif olsa da, onların relyefinin əmələ gəlməsində oxşarlıq və ümumilik də olmuşdur. Bunlardan biri Xəzər dənizi səviyyəsinin ümumi eroziya bazisi rolunu oynamasıdır. Xəzər dənizi səviyyəsinin dəyişmələri həm dağlıq, həm də düzənlik sahələrin relyefinin inkişafına mühüm təsir göstərir və yuyulma proseslərinin vaxtaşırı güclənməsi, zəifləməsi, sabitləşməsi ilə əlaqədar relyefin planasiyası (hamarlanması) prosesləri də ümumi xarakter daşımışdır. Bununla yanaşı, relyefin inkişafının yalnız ayrı-ayrı regionlara məxsus xüsusiyyətləri də olmuşdur (Kiçik Qafqazda maqmatik, Böyük Qafqazın cənub-şərqində palçıq vulkanizminin inkişafı). Litoloji, iqlim, yüksəklik qurşaqlarının xarakteri və s. xüsusiyyətlərdən asılı olaraq ekzogen relyef əmələgətirici porseslərin inkişafında da müxtəlifliklər mövcuddur.

Azərbaycan Respublikasında relyefin formalaşması tarixində həlledici rol oynayan orogen (yaxud neotektonik) mərhələ, tektonik rejimin əsaslı dəyişməsi, qalxmanın güclənməsi, Böyük Qafqaz, Kiçik Qafqaz və Talışda quru sahəsinin genişlənməsi ilə səciyyələnir. Dağlarası çökəkliklərdə həmin mərhələnin başlanğıcında narın dənəli qumlu-gilli, axırında isə iri dənəli qumlu-çaqıldaşlı çöküntülər toplanmışdır. Oliqosen-Alt Miosendə tektonik hərəkətlərin təzadlığı artır. Bu zaman çay sistemlərinin təməli qoyulur. Tektonik hərəkətlərin sabitləşdiyi dövrdə ən qədim düzəlmə səthləri formalaşır. Orta və Üst Miosendə Azərbaycan Respublikasının ərazisinin relyefi Alt Miosendə odluğu kimi, lakin daha sakit tektonik şəraitdə inkişaf etməkdə davam edir. Həmin dövrdə geniş düzəlmə səthləri əmələ gəlir.

Üst Miosenin axırlarında Böyük və Kiçik Qafqaz dağlarında qalxma hərəkətlərinin sürəti kəskin güclənir. Relyefin təzadlığı və dağların yüksəkliyi artır. Ərazinin parçalanması və yuyulma materiallarının aparılması güclənir, yeni hidroqrafiya şəbəkəsinin yaranmasının təməli qoyulur. Alt və Orta Pliosendə də dağların qalxmasının güclənməsi, tektonik hərəkətlərin differensiasiyası və relyefdə təzadlığın artması təmayülü davam etmişdir. Ehtimal ki, şaquli landşaft qurşaqları da ilk dəfə bu dövrdə formalaşmışdır. Bununla əlaqədar ekzogen proseslər yeni formada təzahür etmişdir. Azərbaycan Respublikasının relyefi öz müasir simasını Üst Pliosendə və Antropogendə almışdır. Relyefin inkişafının bu dövrü üçün Xəzər dənizi səviyyəsinin dövri dəyişkənliyi, bununla əlaqədar dənizin transqressiya və reqressiyası, həmçinin vulkanizm səciyyəvidir. Hər bir reqressiyadan sonra dəniz Azərbaycan Respubliksının ərazisinin xeyli ihssəsini tərk etmiş, çayların mənsəbi geri çəkilən sahil xəttinə doğru miqrasiya etmişdir. Eroziya bazisinin aşağı düşməsi ilə əlaqədar çay dərələri dərinləşir, onların hövzələrində eroziya prosesləri xeyli güclənir, çay şəbəkəsi əhəmiyyətli dərəcədə dəyişkənliyə uğrayır. Xəzər dənizi səviyyəsinin vaxtaşırı dəyişmələri nəticəsində dəniz və çay terrasları, vulkanizm nəticəsində isə maqmatik (Kiçik Qafqazda) və palçıq (Böyük Qafqazın cənub-şərq hissəsində) vulkanı relyefi formaları əmələ gəlmişdir. Bu dövr üçün, həmçinin tektonik hərəkətlərin təzahürü ilə əlaqədar relyefdə təzadlığın və differensiasiyanın güclənməsi də səciyyəvidir.

RELYEFİN ƏSAS TİPLƏRİ

Azərbaycan Respublikasının relyefi genetik cəhətdən çox müxtəlifdir. Burada tektonik, vulkanik, psevdovulkanik, nival-buzlaq, qravitasiya, flüvial, arildenudasiya, eol, karst, talassogen və s. mənşəli relyef tipləri müşahidə olunur.

Tektonik relyef respublikanın hər yerində yayılmışdır. Ərazinin relyefinin ümumi fonu və ən böyük elementləri (Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağ sistemləri, Kür çökəkliyi) ən yeni tektonik mərhələnin hərəkətləri nəticəsində formalaşmışdır. Cavan qırışıqlıq sahələrində (Ceyrançöl və Acınohur ön dağlıqları, Qobustan, Abşeron yarımadası) relyefin demək olar ki, bütün elementləri tektonik hərəkətlərlə əlaqədardır. Vulkanik relyef Qarabağ yaylası üçün səciyyəvidir. Burada lava və şlak konusları, pilləli lava platoları və axınları geniş yayılmış əsas relyef formalarıdır. Lava axınlarının çay dərələrini kəsdiyi yerlərdə göl çuxurları və bataqlıqlar əmələ gəlmişdir. Yüksək dağlıqda soyuq iqlim şəraitində lavaların püskürməsi, soyuması və parçalanması nəticəsində çınqıllıqlar formalaşmışdır.

Psevdovulkanik relyef formaları palçıq vulkanlarının püskürməsi nəticəsində yaranmışdır. Qobustan, Abşeron yarımadası, cənub-şərqi Şirvan düzənliyi və s. yerlərdə, Xəzər dənizindəki Bakı arxipelaqında geniş yayılmaqla həmin sahələrin relyefində konusvari yüksəkliklər və sopkalar əmələ gətirmişdir. Bakı arxipelaqındakı adaların çoxu palçıq vulkanlarının fəaliyyəti nəticəsində yaranmışdır.

Nival-buzlaq relyefi qədim və müasir buzlaqların ekzavrasiya və akkumulyasiya fəaliyyəti nəticəsində əmələ gəlmişdir; Troq dərələrə, karlar, Moren tirələri və təpəciklər ilə təmsil olunmuşdur. Böyük Qafqazın (Baş Qafqazın silsiləsi, Yan Silsilə) və Kiçik Qafqazın (Murovdağ, Şahdağ, Zəngəzur silsilələri, Qarabağ yaylası) yüksək dağlıq qurşaqlarında yayılmışdır.

Qravitasiya relyefi formaları uçqunlar və sürüşmələrdən ibarətdir. Dağ uçqunları əsasən Böyük Qafqazın Şahdağ və Qızılqaya platolarında, Kiçik Qafqazın Şərqi Göyçə, Murovdağ, Qarabağ silsilələrində, Kəpəz dağı massivində inkişaf etmişdir. Respublikanın bir sıra dağ gölləri (Göycöl, Maralgöl, Qanlıgöl və s.) dağ uçqunları nəticəisndə yaranmışdır. Sürüşmələr Böyük Qafqazın cənub-şərq (Girdiman, Ağsu) və şimal-şərq (Vəlvələ, Gilgil, Ataçay) hissəsindəki çayların hövzələrində əlverişli litoloji və hidrogeoloji şəraitdə daha çox inkişaf etmişdir.

Flüvial relyef respublikada ən geniş yayılmış relyef formalarındandır. Səth sularının fəaliyyəti nəticəsində Göygöl yaranmışdır. Bu tipə çay dərələri, terraslar, qobular, gətirmə konusları, deltalar və s. su-erozion və akkumulyativ relyef formaları daxildir.

Arid-denudasiya relyefin quraq olan və kövrək qumlu-gilli çöküntülərin geniş inkişaf etdiyi sahələrdə — Qobustan, Abşeron yarımadasının qərbi, Baş Qafqaz silsiləsinin şimal-şərq yamacı (Gilgil və Sumqayıt çaylarının arası), Ceyrançöl-Acınohur ön dağlığı, Naxçıvan MR-nın ön dağlıq hissəsi və s. yerlərdə yayılmışdır. Bu relyef formaları yararsız torpaqlar və gilli psevdokarstlarla təmsil olunmuşdur.

Eol relyef formaları dünlər, qüm tirələri və təpələrindən ibarətdir; Samur-Dəvəçi ovalığınnın cənub-şərqində, Abşeron yarımadasında və cənub-Şərqi Şirvan düzənliyinin dənizsahili hissəsindədir. Arid iqlim və qum çöküntülərinin bolluğu şəraitində inkişaf etmişdi.

Karst relyefi formalarına Böyük və Kiçik Qafqaz dağ sistemlərində, səthi karbonatlı süxurlardan təşkil olunmuş sahələrdə rast gəlinir. Səth və yeraltı suların kimyəvi və mexaniki təsiri ilə yaranır. Qıflar, quyular, mağaralar, ponorlar və s. relyef formaları ilə təmsil olunmuşdur. Arxeoloji tapıntılarla məşhur olan Alt Paleolit dövrünə aid Azıx mağarası Azərbaycan Respublikasında ən mühüm karst relyefi formasıdır.

Talassogen relyef Xəzər dənizinin abrazion və akkumulyativ fəaliyyəti nəticəsində yaranmışdır. Dördüncü dövr transqressiyalarına məruz qalmış sahil zonasında inkişaf etmişdir. Sahil bəndləri, terraslar, kliflər, bençlər və s. relyef formaları ilə təmsil olunmuşdur.

Pligenetik relyef formaları bir neçə relyef əmələgətirici prosesin relyefə birgə təsiri nəticəsində əmələ gəlmişdir. Respublikanın dağlıq hissəsində inkişaf etmişdir.

Antropogen (texnogen) relyef formaları insanların meliorasiya (suvarma və drenaj şəbəkələrinin yaradılması və s.) tikinti (bəndlər, dambalar və s.) və digər fəaliyyəti nəticəsində yaranmışdır. Kür-Araz ovalığında daha geniş inkişaf etmişdir.

Geomorfoloji rayonlar

Azərbaycan Respublikasının ərazisi çox mürəkkəb geomorfoloji quruluşa malikdir. Burada tektonikanın relyefə zəif təsir göstərdiyi denudasion-struktur dağlar, güclü təsir etdiyi sturktur-erozion dağlar, vulkanik dağlar, akkumulyativ-denudasion platolar və düzənliklər, akkumulyativ düzənliklər var. Relyefin mənşəyi, yaşı, morfoloji xüsusiyyətləri, geoloji quruluşu və yeni tektonik hərəkətlərlə əlaqəsinin təzahürləri Azərbaycan Respublikasının ərazisini iki geomorfoloji ölkə (Krım-Qafqaz, Ön Asiya) və dörd əyalətə (Ön Qafqaz, Böyük Qafqaz, Güney Qafqaz depressiyası, Kiçik Qafqaz) daxil olan altı geomorfoloji vilayətə: Samur-Dəvəçi, şərqi Böyük Qafqaz, Kür çökəkliyi, Kənar Kiçik Qafqaz, Daxili Kiçik Qafqaz və Talış vilayətlərinə, vilayətlər daxilində isə bir sıra geomorfoloji yarımvilayətlərə və rayonlara ayırmağa imkan verir. Bəzən Orta Araz çökəkliyi Zəngəzur və Dərələyəz silsilələri, həmçinin Talış dağları və Lənkəran ovalığı geomorfoloji rayon kimi Kiçik Qafqaz vılayətinə, Qusar maili düzənliyi və Alazan-Əyriçay çökəkliyi (dərəsi) geomorfoloji rayonları Böyük Qafqaz vilayətinə aid edilir.

Samur-Dəvəçi geomorfoloji vilayəti struktur cəhətdən Ön Qafqazın cənub-şərq davamı hesab edilən və yeni tektonik mərhələdə formalaşan Qusar-Dəvəçi ön dağ çökəkliyindədir; Böyük Qafqazın şimal-şərq ətəklərində yerləşir. Müasir səthi və əsas morfoloji xüsusiyyətləri Üst Pliosen və Antropogenin dəniz və kontinental akkumulyativ prosesləri nəticəsində formalaşmışdır. Böyük Qafqazın şimal-şərq yamaclarından başlanan çayların gətirmə konusları və konuslararası çökəkliklər, dəniz terrasları var. Dəniz sahili boyu, əsasən, qumluqdur. Səthi meylli (təqr. 0 m-dən 1900 m-dək), pilləli və dalğavarıdır. Hündürlük artdıqca meyllik və səthi parçalanma da artır. Dağətəyi hissədə erozion kəsilişi 850-950 m-ə çatır. Bu vilayət Samur-Dəvəçi və Qusar geomorfoloji rayonlarına ayrılır.

Şərqi Böyük Qafqaz geomorfoloji vilayəti respublikanın digər geomorfoloji vilayətlərindən nival-buzlaq və ekzarasion buzlaq relyefinin daha çox inkişaf etməsi ilə fərqlənir. Burada Üst Pliosen-Antropogen buzlaşmalarının izləri toq dərələri, karlar, moren tirələri və təpəcikləri şəklində qalmışdır. Müasir buzlaqlar Antropogen buzlaşmasının qalığıdır. Relyefində palçıq vulkanları, sürüşmələr, bedlend və gilli karst formaları da çox yayılmışdır. Düzəlmə səthlərinin geniş inkişaf etməsi səciyyəvidir. Bu düzəlmə səthləri yamacları pilləli şəklə salmışdır. Müasir ekzogen proseslərdən eroziya və qravitasiya daha geniş inkişaf etmişdir. Vilayət Baş Qafqaz silsiləsinin cənub yamacı və cənub-şərqi Qafqaz geomorfoloji yarımvilayətlərinə bölünür:

1. Baş Qafqaz silsiləsinin cənub yamacı yarımvilayəti Mazım çayı ilə Girdiman çayı arasındadır, çay dərələri ilə intensiv parçalanmışdır (dərininə parçalanma 300 m-dən 150 m-dək). Suayrıcılar, əsasən, dar və dişli, zirvələr itiucludur. Bəzi yerlərdə düzəlmə səthləri də var. Dərələrin yamacları çox meylli (40-70 və çox), dibi əksər yerdə dardır. Çay qollarının dərələri ilə palçalanmış və sürüşmələrlə mürəkkəbləşmişdir. Dərələrin genişləndiyi sahələrdə terraslar var. Tez-tez dağıdıcı sellər olur. Uçqunlar, ufantı və səpinti materialları geniş yayılmışdır. Yarımvilayətin daxilində Zaqatala, Şəki və Lahıc geomorfoloji rayonları ayrılır;

2. Cənub-Şərqi Qafqaz yarımvilayətinə intensiv parçalanmış dağ silsilələri daxildir. Bu yarımvilayət daxilində Baş Qafqaz silsiləsi yüksək dağlıqda dar yan hissədən, sıldırım (50-70) və əsasən, çılpaq yamaclardan ibarətdir. Yan silsilənin suayrıcısı qərbdə bir-birindən kanyonvarı çay dərələri ilə ayrılan hamarlanmış iri sinklinal platolara (ən böyüyü Şahdağ platosudur) bölünmüşdür. Cənubda kəskin parçalanmış Niyaldağ yan silsiləsi yerləşir. Silsilələr arasında çökəkliklər var. Yamaclar terraslaşmışdır. Sürüşmələr və uçqunlar səciyyəvidir. Şərqdə yarımvilayət Şamaxı təbii sahəsini, Qobustanı, Abşeron yarımadasını və s. əhatə edir. Relyef hamarlanmış platolarla (Qızmeydan, Şamaxı, Mərəzə, Sündü və s.) səciyyələnir. Suayrıcıları və yamacları hamardır. Çay dərələri, əsasən, dardır, bəzi yerlərdə nisbətən iri terraslaşmış çökəkliklərə keçir. Yarımvilayətin şimal-qərb hissəsində sürüşmələr və uçqunlar, cənub-şərq hissəsində palçıq vulkanları, bedlend və gilli karst kimi arid relyef formaları, Abşeron yarımadasının sahili boyunca qum dünləri yayılmışdır. Şoranlı və şor göllü axarsız çökəkliklər inkişaf etmişdir. Yarımvilayətdə Bazardüzü, Şahnabad-Xızı, Şahdağ, Təngi-Beşbarmaq, Dübrar, Şamaxı, Qobustan və Abşeron geomorfoloji rayonları var.

Kür çökəkliyi geomorfoloji vilayətində yeni tektonik hərəkətlərin və ekzogen relyef əmələgətirici proseslərin mürəkkəbliyi burada relyef quruluşunun müxtəlifliyinə səbəb olmuşdur. 4 əsas geomorfoloji yarımvilayətə: Alazan-Əyriçay çökəkliyi (dərəsi), Ceyrançöl-Acınohur ön dağlığı, Kür-Araz ovalığı və Kiçik Qafqazın dağətəyi maili düzənlikləri yarımvilayətlərinə bölünür:

1. Alazan-Əyriçay çökəkliyi yarımvilayəti morfoloji cəhətdən 200-300 m-dən 600-8080 m-dək hündürlükdə yerləşən qapalı batıq dağətəyi maili düzənliyi əhatə edir. Səthi allüvial-prolüvial çöküntülərdən ibarətdir. Çayların gətirmə konusları və konuslararası çökəkliklər qismən bataqlıqlaşmışdır. Akkumulyasiya prosesləri üstünlük təşkil edir. Gətirmə konuslarıda iri materiallar, konuslarası çökəkliklərdə isə xırda dənəli çöküntülər toplanır. Yarımvilayət daxilində Alazan, İsmayıllı geomorfoloji rayonları ayrılır.

2. Ceyrançöl-Acınohur ön dağlığı yarımvilayəti Kür çökəkliyinin şimal hissəsindədir. Bura Alazan-Əyriçay çökəkliyindən cənubda yerləşən Ceyrançöl, Acınohur ön dağlıqları, Kür çökəkliyinin şimal-şərq kənarlarını təşkil edən Ləngəbiz-Ələt ön dağlığı və s. daxildir. Relyefi, əsasən, antiklinal və sinklinal qırışıqlara uyğun gələn silsilə, tirə və yüksəkliklərdən, onların arasındakı dərə və çökəkliklərdən ibarətdir. Silsilə və tirələrin (qərbdə və şərqdə Üst Pliosen, mərkəzi hissədə Antropogen yaşlı) yamacları asimmetrikdir. Cənub yamacları çox dik, şimal yamacları az meyllidir. Bəzi yerlərdə (Gürcüvan platosu) 600-1000 m hündürlükdə düzəlmə səthləri var. Yarımvilayət köndələn axan tranzit çayların antesedent dərələri ilə parçalanmışdır. Dərininə kəsilmə 250-700 m-dir. Parçalanmanın sıxlığı bedlend tipli yarğan-qobu şəbəkəsinin inkişaf etdiyi cənub yamaclarda daha böyükdür. Şərqdə palçıq vulkanları var. Yarımvilayət Ceyrançöl, Acınohur, Ləngəbiz-Ələt, hərəmi geomorfoloji rayonlarına bölünür.

3. Kür-Araz ovalığı yarımvilayəti Kür çökəkliyinin ən geniş hissəsidir. Səthi mərkəzi hissədə gilli, kənar hissələrdə gillicəli-qumlu-çaqıldaşlı Üst Antropogen və Holosen yaşlı kontinental və dəniz çöküntülərindən təşkil olunmuşdur. Relyef cavan və az meylli olduğundan səthi az parçalanmışdır. Ovalığın şərq hissəsi üçün cavan qırışıqlar və palçıq vulkanizmi ilə əlaqədar alçaq tirə və yüksəkliklər (Kürovdağ, Babazənən, Mişovdağ, Qalmas, Bozdağ, Xıdırlı, Bəndovan və s.) səciyyəvidir. Çay dərələri dayaz, yataqları meandrlıdır; yataqlarında akkumulyasiya prosesi gedir. Şirvan düzündə gətirmə konusları inkişaf etmişdir. Ovalığın mərkəzi hissəsi, həmçinin Muğan və Salyan düzləri üçün qədim çay yataqları, yataqyanı yallar, axmazlar, subareal deltalar, cənub-şərqi Şirvan düzənliyi üçün Yeni Kaspi yaşlı laqunların qalığı olan deflyasiya çalaları, dünlər, təpəli qumlar, qədim və müasir sahil valları (bəndləri) səciyyəvidir. Süni suvarma və meliorasiya tədbirləri ovalığın relyefinə təsir göstərir. Antropogen təsirlər nəticəsində səthin parçalanması, yuyulması və şorlaşması prosesləri güclənir. Yarımvilayətdə Şirvan, cənub-şərqi Şirvan, Küryanı, Muğan və Salyan geomorfoloji rayonları var;

4. Kiçik Qafqazın dağətəyi mailii düzənlikləri yarımvilayəti Xram çayından Araz çayınadək Kiçik Qafqaz dağlarının, əsasən, şimal-şərq ətəklərini əhatə edir. Uzunluğu təqribən 350 km, eni 12-30 km-dir. Səthi Üst Pliosen-Antropogenin gillicəli-çaqıldaşlı kontinental çöküntülərindən təşkil olunmuşdur. Düzənliyin yalnız Kürək çayı ilə Tərtər çayı arasındakı hissəsində alçaq tirələr və uvallar (Naftalan, Gedəkboz, Duzdağ) var. Düzənliyin dağlıqla sərhədi tektonik qırılma boyunca keçir. Kür-Araz ovalığına keçidi isə tədricəndir. Səthi Kiçik Qafqaz dağlarından başlanan, çox yerdə Kürün sağ qollarını təşkil edən çayların dərələri ilə kəsilmişdir. Dərininə parçalanma 10-15 m-dən 100-220 m-ə, bəzi yerlərdə (Tərtər çayı dərəsi) 220-250 m-ə qədərdir. Ən səciyyəvi relyef formaları gətirmə konusları və konuslararası çökəkliklərdir. Düzənliyin Naftalan-Qazanbulaq hissəsində və Kür çayı dərəsinin yamaclarında (Ağstafa-Şəmkir çayları arası) sıx yarğan-qobu şəbəkəsi inkişaf etmişdir. Yarımvilayət daxilində Gəncə-Qazax, Qarabağ və Mil geomorfoloji rayonları ayrılır.

Kənar Kiçik Qafqaz geomorfoloji vilayəti, əsasən, denudasiya sahəsidir. Burada akkumulyasiya sahələri azdır. Dağ silsilələri bir-birindən tektonik çökəkliklərlə ayrılır. Geomofoloji xüsusiyyətlərində eroziya prosesləri mühüm yer tutur. Bu vilayət üç geomorfoloji yarımvilayətə (Şimal-Şərq yamac, Şərq yamac və Cənub-Qərb yamac) bölünür:

1. Şimal-Şərq yamac yarımvilayətinə Şahdağ və Murovdağ silsilələri, Şəmkir günbəzvarı yüksəkliyi, Başkənd-Dəstəfur çökəkliyi və s. daxildir. Bu yarımvilayət intensiv erozion parçalanma və qayalıqları ilə səciyyələnir. Qravitasiya prosesi inkişaf etmişdir. Bəzi yerlərdə uçqun sahələri (məs. Kəpəz dağı) var. Uçqunların çay dərələrində bənd yaratdığı yerlərdə göl çuxurları yaranmışdır (Göygöl, Maralgöl, Qaragöl və s.). Murovdağ və Şahdağ silsilələrinin şimal yamaclarında 2400 m-dən yüksəkdə Antropogen buzlaşmasının izləri-roq dərələri, karlar var. Orta dağlıq qurşaqda düzəlmə səthləri geniş yer tutur. Çay dərələri inkişaf etmişdir. Qədim dərələr var. Kənar hissələrdə alçaq dağlıq qurşaqla əhatələnmişdir. Bu hissədə valun-çaqıldaşlı çöküntülərlə dolmuş dağarası çökəkliklər (Əlibəyli, Çayknəd, Qaraçinar və s.) yerləşir. Düzəlmə səthləri geniş yayılmışdır. Sürüşmə sahələri var. Yarımvilayət Ağstafa, Şəmkir, Daşkəsən-Ağcakənd, Şahdağ və Murovdağ geomorfoloji rayonlarına bölünür.

2. Şərq yamac yarımvitlayəti, əsasən, Qarabağ silsiləsi ilə təmsil olunmuşdur. Silsilənin suayrıcı hissəsində, 1800-2000 m-dən yüksəkdə yamaclar çılpaqdır, intensiv parçlanmışdır. Qravitasiya relyefi formaları var. 1600-2000 m yüksəklikdə qədim çay dərələri qalıqlarını saxlayan düzəlmə səthləri yayılmışdır. Hipsometrik cəhətdən onlardan aşağıda struktur və struktur-denudasiya mənşəli tirə və silsilələr yerləşir. Həmin tirə və silsilələr çökəklikləri (Xaçınçay, Dovşanlı, Həsənabad və s.) əhatə edir. Həsənabad (Xankəndi) çökəkliyi ilə Bağırxan (Boğurxan) silsiləsinin qovuşduğu yerdə, fəal tektonik yarıq boyunca seysmotektonik proseslərin fəaliyyəti nəticəsində irişaymalı uçqun şleyfləri yaranmışdır. Alçaq dağlıqda intruziv mənşəli dağ massivləri və yüksəkliklər (Qalayçı, Bozdağ, Qazançı və mənşəli dağ massivləri və yüksəkliklər (Qalayçı, Bozdağ, Qazançı və s.) səciyyəvidir. Silsilə cənub-şərqdə alçalaraq Aşağı Araz çökəkliyində maili düzənliyə keçir. Bu yarımvilayətdə Aşağı Araz geomorfoloji rayonu ayrılır.

3. Cənub-Qərb yamac yarımvilayəti Həkəri çayı və qismən Tərtər çayı hövzələrini əhatə edir. Relyefi dərin erozion parçalanmaya məruz qalmış, bəzi yerlərdə lava və vulkanogen-prolüvial çöküntülər altında basdırılmışdır. Tektonik-denudasiya və litostruktur mənşəli silsilə və tirələr, intruziv massivlər (Dəlidağ və s.), dağarası çökəkliklər (Pircan, Laçın və s.) səciyyəvidir. Suayrıcılarda və yamaclarda düzəlmə səthi qalıqları, Mıxtökən, Çalbayır silsilələlərinin yamaclarında qayma tipli səpintilər, çay dərələrində terras səviyyələri var. Karst inkişaf etmişdir. Yarımvilayətdə Kəlbəcər, Mıxtökən və həkəri geomorfoloji rayonları var.

Daxili Kiçik Qafqaz geomorfoloji vilayəti Pliosen və Antropogendə vulkanik fəaliyyətdə olan ərazini və həmçinin relyefi arid iqlim şəraitində inkişaf edən dağ və dağarası çökəklikləri əhatə edir. Burada vulkanik relyef formaları, Antropogen buzlaq relfeyfi geniş yayılmışdır. Müasir dövrdə relyefin inkişafında arid-denudasion proseslər əsas yer tutur. Bu vilayət Qarabağ vulkanik yaylası, Arazyanı dağlar və Naxçıvan (Orta Araz) çökəkliyi geomorfoloji yarımvilayətlərinə bölünür:

1. Qarabağ vulkanik yaylası yarımvilayətində relyefin çox hissəsini Üst Pliosen-Antropogen vulkanizmi nəticəsində əmələ gələn lava örtükləri, axınları və vulkan konusları təşkil edir. 3000-3500 m hündürlükdə yerləşən mərkəzi hissənin relyefi dalğavarıdır. Əsas püskürmə mərkəzləri olan Böyük İşlıqlı, Qızılboğaz və Keçəldağ massivləri qədim buzlaq və müasir nival relyef formalarının olması ilə səciyyələnir. Lava axınları parçalanmamış yastı, pilləli səthə malikdir. Son püskürmələr zamanı lava Tərtər, Həkəri, Bazarçay və Arpaçay çayları dərələrinin mənbələrində 25-30 km, məsafədə uzanan axınlar əmələ gətirmişdir. Qırmızıdağ, Ayıçınqılı və Pəriçınqılı püskürmə mərkəzlərində lava örtüklərində aşınma nəticəisndə çınqıllar yaranmışdır. Çaylar yaylanın kənarında dərin dar dərələr əmələ gətirmişdir. Yaylanın səthində çay şəbəkəsi zəifdir. Qapalı sahələrdə göllər var. Yarımvilayət daxilində Qızılboğaz-İşıqlı, Alagöllər-Çalbayır, Şərqi Göyçə və Yazı geomorfoloji rayonları yerləşir.

2. Arazyanı dağlar yarımvilayəti Dərələyəz, Zəngəzur və Bərgüşad silsilələrini əhatə edir. Qədim vulkanizm nəticəsində əmələ gəlmiş relyef formaları əsas yer tutur. Yüksək dağlıq qayalıq relyefi və uftantı materialların geniş yayılması ilə səciyyələnir. Qədim buzlaq relyefi formaları (karlar, təknəvarı dərələr) inkişaf etmişdir. Erozion parçalanmanın dərinliyi 1200 m-dən çoxdur. 2400 m-dən aşağılarda düzəlmə səthləri yayılmışdır. Burada dağdaxili çökəkliklər (Badamlı, Tirşek, Əylis və s.) yerləşir. Araz çayının dərəsi yaxınlığında relyefdə monoklinal quruluşlu silsilə və tirələr, sinklinal platolar üstündür. Bunların yamaclarında bedlend və psevdokarst geniş yayılmışdır. Yarımvilayət daxilində Dərələyəz, Zəngəzur və Bərgüşad geomorfoloji rayonları var.

3. Naxçıvan (Orta Araz) çökəkliyi yarımvilayəti, əsasən, Arazboyu düzənlikləri əhatə edir. Akkumulyasiya prosesləri geniş yayılmışdır. Düzənliklə dağların sərhədi boyu intruziv və ekstruziv kütlələr (Nəhəcir, Əlincə, Alandağ və s.) relyefdə kəskin əks olunmuş ayrı-ayrı yüksəkliklər əmələ gətirir. Arazboyu monoklinal tirələr Naxçıvan MR Darıdağ və sinklinal platolar var. Bunların yamaclarında bedlend və psevdokarst geniş yayılmışdır. Yarımvilayətdə Şərur, Nehrəm, Ordubad geomorfoloji rayonları ayrılır.

Talış geomorfoloji vilayəti Talış dağları (Talış, Peştəsər və Burovar silsilələri) və Lənkəran ovalığından ibarətdir. Relyefin səciyyəvi xüsusiyyətlərindən biri silsilələr arasında geniş çökəkliklərin (Yardımlı, Zuvard və s.) olmasıdır. Landşaft inversiyasına əsasən Talışın yüksək dağlıq hissəsində əmələ gəlmiş dağ yarımsəhra və quru çöl şəraitində arid-denudasiya prosesləri və müvafiq relyef formaları inikşaf etmişdir. Dağlıq hissə, əsasən, silsilələrin istiqamətinə köndələn yönəlmiş sıx çay şəbəkəsi ilə kəskin parçalanmışdır. Çay dərələrində çay, Lənkəran ovalığına tərəf yönəlmiş yamaclarda isə dəniz terrasları əmələ gəlmişdir. Düzəlmə səthləri var. Çayların suayrıcıları nisbətən hamar, çay dərələrinin yamacları isə az meyllidir. Şimal yamaclarda sürüşmələr olur. Şərqdə dar zolaqda uzanan dağətəyi maili allüvial-prolüvial, qismən dəniz düzənliyi (Lənkəran ovalığı) ilə əhatələnir. Vilayət daxilində Lənkəran, Burovar, Yardımlı, Peştəsər, Zuvand və xüsusi Talış (silsilə) geomorfoloji rayonları var.

TEKTONİK QURULUŞ

Azərbaycan Respublikasının ərazisi geoloji cəhətdən Alp qırışıqlıq qurşağına daxildir. Böyük və Kiçik Qafqazın cənub-şərq hissələrini və onları ayıran Kür dağarası çökəkliyini, həmçinin Orta Xəzər və Cənubi Xəzər çökəkliklərini əhatə edən müxtəlif quruluşlu qırışıq sistemlərdən ibarətdir. Azərbaycan Respublikasında Yer qabığının qalınlığı 38-55 km arasında dəyişir. Maksimum qalınlığı Böyük Qafqaz ərazisində, minimum qalınlığı Talşın ətəklərindədir. Ərazinin geoloji quruluşunda çökmə, vulkanogen-çökmə, vulkanogen və kontinental süxurlardan təşkil olunmuş Kembridən əvvəlki dövrdən başlayaraq müasir dövr çöküntüləri daxil olmaqla bütün geoloji dövrlərin çöküntü kompleksləri iştirak edir. Respublikada ən çox Mezozoy və həmçinin Kaynozoy yaşlı evgeosinklinal, miogeosinklinal və molass çöküntülər yayılmışdır. Az sahədə Paleozoyun subplatforma çöküntüləri və Alp Paleozoy-Kembridən öncəki metamorfik süxurlar var.

Azərbaycan Respublikasının əsas struktur vahidləri Böyük Qafqaz meqantiklinoriumu, Kür dağlarası çökəkliyi və Kiçik Qafqaz meqantiklinoriumdur.

Böyük Qafqaz meqantiklinoriumu mürəkkəb quruluşlu struktur olub, daxilində qədim strukturlarla yanaşı, cavan törəmə strukturlar da yerləşir:

Böyük Qafqaz antiklinoriumunun təsvir edilən bütün strukturları Girdiman çayında kəskin bataraq, şərqdə Xəzər sahillərində periklinal şəklində qapanır. Şamaxı-Qobustan sinklinoriumu sahəsində Vəndam antiklinoriumunun gömülmüş davamı Yavanıdağ-Sanqaçal ağırlıq qüvvəsi maksimumu hesab edilir. Burada, Girdiman və Ağsu çayları arasında Maykop çöküntüləri üzərində qalın (1500 m) Dübrar fasiyalı Tabaşir çöküntüləri örtüyü (horizontal yerdəyişmə amplitudu 10 km) yerləşir ki, bu da Basqal örtüyü adlanır. Qərbdə Mazım və Girdiman çayları arasında Vəndam antiklinoriumunun xeyli cənub hissəsi çaqıl daşları ilə örtülmüşdür.

Kür dağarası çökəkliyi uzun geoloji vaxt ərzində formalaşmışdır. Lakin müasir konfiqurasiyasını yalnız Oliqosen — dördüncü dövrdə almışdır. Çökəkliyin bünövrəsində uzununa istiqamətdə qərbdən şərqə və həmçinin şimaldan cənuba və əksinə pilləli enmə müşahidə edilir. Çökəklik törəmə struktur olub, üstdə yatan çöküntü layı qeyri-uyğun olaraq altdan yatan struktur kompleksi örtür. Quruluşunda köndələn qalxmalarla ayrılan iki çökəklik var: Orta Kür (Yuxarı Kür çökəkliyi Gürcüstan Respublikasındadır) və Aşağı Kür.

Kiçik Qafqazqabağı ön çökəkliyi Kiçik Qafqazın Somxeti — Ağdam zonasına paralel, cənub-şərq istiqamətdə uzanır. O, Paleogenin fliş tipli və Neogen-Antropogenin molass formasiyalı çöküntülərindən təşkil olunmuşdur; şimal-şərqdə Kür dərəsi boyu Yevlaxadək yaxşı izlənən Küryarığı ilə, ondan şərqdə isə Bərdə-Beyləqan xətti üzrə keçən fleksur əyimi ilə hüdudlanır. Çökəkliyin qərbində Kiçik Qafqazqabağı yarıq ilə hüdudlanmasına baxmayaraq cənub-qərb sərhədi girintili-çıxıntılıdır.

Talış qırılıqlıq sahəsi Kiçik Qafqazın mərkəzi hissəsinin bilavasitə şərq davamını təşkil edir. O, köndələn istiqamətdə qalxmış Alpdan əvvəlki bünövrədə yerləşir; Üst Tabaşirin azqalınlıqlı karbonat və Paleogen-Alt Eosenin fliş çöküntülərindən, Orta Eosen traxibazaltlarından və Oliqosen fliş çöküntülərindən təşkil olunmuşdur. Sahənin kiçik inruziv kütlələri Paleogendə yerləşir və qələvi bazalt, qabbro, diabaz-diorit və qabbro-monsonit-siyenit formasiyalara aid olub, yerləşdiyi vulkanogen süxurlarla birlikdə vahid maqmatik kompleks əmələ gətirir.

Burada Astara və Burovar antiklionriumları, Yardımlı və Cəlilabad sinklinoriumları, faylar, üstəgəlmələr və onları mürəkkəbləşdirən köndələn qalzım və çökəkliklər ayrılır.

FAYDALI QAZINTILAR

Azərbaycan neft və qaz yataqları ilə məşhurdur. Respublika ərazisinin 2/3 hissəsi neft və qazla zəngindir. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa Cənub-Şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohur, Siyəzən zonası neftlə zəngindir.

Dünyada məşhur olan Naftalan nefti əsasında bir sıra xəstəliklər müalicə olunur.

Respublikamızın qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqındadır. Azərbaycanın Böyük və Kiçik Qafqaz hissəsində filiz yataqları daha çoxdur. Burada dəmir, manqan, titan, xromit, mis, kobalt, polimetal, sürmə, qızıl, gümüş, molibden və s. yataqları mövcuddur.

Qeyri-filiz faydalı qazıntılardan Qobustan, Abşeron, Tovuz əhəng daşları, Şahtaxtı (Naxçıvan MR), Kəlbəcər travetin yataqları, Daşkəsən mərməri, Yuxarı Ağcakənd gipsi, Hacıvəli kvars qumları böyük təsərrüfat əhəmiyyəti kəsb edir.

Respublikada müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da vardır. Zənginliyinə görə Azərbaycan ərazisi “mineral sular muzeyi” adlandırılır. Kəlbəcər rayonundakı İstisu, Naxçıvan MR-dakı Badamlı, Sirab, Vayxır mineral suları respublikamızdan çox-çox uzaqlarda məşhurdur.

Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaltı, Kəlbəcər rayonundakı İstisu, Lənkəran rayonundakı Meşəsu, Culfa rayonundakı Turşsu müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Talış Dağlarında, Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında isə termal bulaqlar çoxluq təşkil edir.

Yanar faydalı qazıntılar

Azərbaycan Respublikasındakı yanar faydalı qazıntılar neft, qaz, şist, torf və s-dir. Bunlardan neft və qaz sənaye əhəmiyyətlidir. Neft həm qurudakı yataqlardan, həm də Xəzər dənizi yataqlarından çıxarılır. Azərbaycan Respublikasının ərazisi (xüsusi ilə Abşeron yarımadası) dünyanın ən qədim neft çıxarılan rayonlarından biridir. Hələ e.ə. VII-VI əsrlərdə Abşeronda neft çıxarılmış və bir çox ölkələrə daşınmışdır. 1985-ci ilədək Azərbaycan Respublikasında təqribən 1,2mlrd. t. neft (25%-i dəniz neft yataqlarından) hasil edilmişdir. Azərbaycan Respublikasının nefti yüksək keyfiyyətli, azkükürdlü və azparafinlidir. Sıxlığı böyük diapazonda (780-940kq/m3) dəyişir. Naftalanda Maykop və Ağçaqıl çöküntülərindən özünün müalicə xüsusiyyətlərinə görə dünyada yeganə olan neft də hasil edilir. Respublikada çıxarılan yanar qazlar karbohidrogen tərkiblidir. Onlar neftin tərkibində həll olmuş, sərbəst (“qaz örtüyü”), xalis qaz halında olur. Son 30-50 il ərzində çoxlu qaz-kondensant yatağı kəşf olunub, istifadəyə verilmişdir. Azərbaycan Respublikasında hazırda 8 neftli-qazlı (Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı, Gəncə, Yevlax-Ağcabədi, Quba-Xəzəryanı, Kür-Qabırrı) və 2 perspektivli (Acınohur və Cəlilabad) rayon ayrılır. Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı rayonlarında əsas neftli-qazlı dəstə “məhsuldar” qatdır. Qum, qumdaşı və gil təbəqələrinin növbələşməsindən ibarət olan bu dəstənin qalınlığı 4000m-ə (bəzi yerlərdə daha artıq) çatır. Məhsuldar qatla əlaqədar olan yataqlar (Balaxanı-Sabunçu-Ramana, Suraxanı-Qaraçuxur-Zığ, Qala, Bibiheybət, Neft Daşları, Puta, 28 May, Lökbatan-Binəqədi, Səngəçal-dəniz-Duvannı-dəniz-Bulla, Bulla-dəniz və s.) çox horizontlu və antiklinal quruluşludur. Ən böyük neft-qaz-kondensant yataqları Abşeron, Bakı arxipelaqları və Aşağı Küryanı rayonlarındadır. İşlənən yataqlarda məhsuldar qatdan başqa, əsas neftli-qazlı çöküntülər Maykop dəstəsi, Eosen şöbəsi və Üst Təbaşir çöküntüləridir. Quba Xəzəryanı rayonunda Siyəzən monoklinalı ilə əlaqədar olan yataqlarda Samrat mərtəbəsindən başlayaraq Üst Təbaşir çöküntülərinə qədər bütün çöküntü kompleksləri (Sarmat, Çokrak, Maykop dəstəsi, Eosen, Paleosen, Üst Təbaşir) neftli-qazlıdır. Kür-Qabırrı çaylararası rayonunda da kəşf olunmuş yataqlarda neft-qaz Eosen yaşlı çöküntülərlə (Tərsdəllər yatağı) əlaqədardır.

Respublika ərazisində Maykop-Abşeron yaşlı çöküntülərdə bir sıra yanar şist və liqnit-qonur kömür təzahürləri aşkar edilmişdir.

Filiz faydalı qazıntılar

Bu qazıntılar (dəmir, alüminium, xromit, qızıl, gümüş, mis, qurğuşun, sink kobalt, molibden filizləri və s.) respublikanın əsasən dağlıq hissələrində müxtəlif tip yataqlar əmələ gətirirlər.

Dəmir filizləri (maqnetit, hematit) Azərbaycan Respublikasında dörd mənşədə rast gəlir: seqrasion-maqmatik skarn-maqnetit (kontakt-metasomatik), hidrotermal-metasomatik və çökmə. Bunların yalnız skarn-maqnetit tipli Daşkəsən, Cənubi Daşkəsən və “Dəmir” yataqları sənaye əhəmiyyəti kəsb edir. Bu yataqlar Kellovey, Oksford, Kimeric yaşlı vulkanogen, piroklaastik və çökmə-vulkanogen süxurlardan təşkil olunmuşdur. Daşkəsən sinklinalını ox boyu yaran eyniadlı qranitoid intruziv ilə təmasda yerləşir və mənşəcə bu intruzivlə əlaqədardır. Daşkəsək dəmir filizi qrupu yataqlarının sənaye ehtiyatı 250mln.tondur.

Kobalt filizlərinin sənaye əhəmiyyətli yığımları Daşkəsək filiz rayonunda məlumdur. Burada kobalt filizləri həm müstəqil (Yuxarı Daşkəsən yatağı), həm də skarn-maqnetit filizləri ilə birgə əmələ gəlmişdir.

Qızıl yataqları və təzahürləri əsasən Kiçik Qafqazın ərazisində: Söyüdü, Qızılbulaq, Dağ Kəsəmən, Veynəli, Qoşa, Gədəbəy, Çovdar; Naxçıvan MR-da Şəkərdərə, Pyəzbaşı, Ağyurt, Baskənd yataqları yayılmışlar. Bu yataqlarda həmçinin sənaye əhəmiyyətli gümüş, mis və s. qarışıqlar iştirak edirlər. Hal-hazırda qızılın çoxsaylı təzahürləri (Tülallar, Kəpəz, Dabalt, Küngütçay, Kələki, Unus və s) aşkar edilmişdir. Əlincəçay və Kürəkçay hövzəsində aşkar edilmiş səpinti qızıl yataqlarında qiymətləndirmə işləri aparılmış, ilkin ehtiyatları hesablanmış və sənaye əhəmiyyətliliyi müəyyən edilmişdir.

Xromit yataqları və təzahürlər (Göydərə, Kazımbinəsi, İpək, Xatəvəng və s.), əsasən Kəlbəcər və Laçın rayonları ərazisindədir.

Manqanın kiçik həcmli yataqları və təzahürləri Kiçik Qafqazın Somxeti-Ağdam (Mollacəlilli, Daş Salahlı və s.), Böyük Qafqazın Vəndam (Mücü, Balakənçay) və Araz (Biçənək, Ələhi) struktur-formasiya zonalarında məlumdur.

Mis filizləri Azərbaycan Respublikasında mis-kolçedan və mis-porfir formasiyalıdır. Mis-kolçedan formasiyalı filizlərin mineral tərkibi, əsasən, pirit və xalkopiritdən ibarətdir. Çox vaxt filizin tərkibində sfalerit və qalenit də rast gəlir. Mis-porfir formasiyalı filizlərin tərkibində misdən əlavə molibden, az miqdarda qiymətli metallar olur. Hər iki formasiyanın filizləri Gədəbəy filiz rayonunda törəmə kvarsitlərdə yerləşir. Mis-porfir filizləşməsi daha geniş yayılmışdır. Qaradağ və Xarxar yataqlarından (Gədəbəy filiz rayonu) başqa bu rayonda mis-porfir filizləşməsinin bir çox təzahürləri də var. Gədəbəy rayonunda ştok formalı ehtiyatı tükənmiş eyni adlı mis-kolçedan yatağı da məlumdur. Mehmana filiz rayonunda mis-porfir təzahürləri (Dəmirli və Xançınçay) mövcuddur.

Böyük Qafqazın cənub yamacında Alt Yura yaşlı terrigen çöküntülərdə bir sıra mis-sink yataq və təzahürləri (Çıxıx-Saqator, Mazımçay, Karabçay və s.) məlumdur.

Naxçıvan MR ərazisində də mis-porfir tipli filizləşmə, əsasən, Mehri-Ordubad qranitoid batolitinin ekzo və endotəmas zolağında (Diaxçay, Göygöl, Göydağ və s.) yerləşir. Bunlardan başqa Xalxal mis-kolçedan, Göy-göl, Ağrıdağ mis, Nəşirvaz, Kilit-Kətəm mis-kobalt, Nəgirvaz mis-polimetal təzahürləri məlumdur.

Qurğuşun-sink Böyük Qafqazın Balakən-Zaqatala metallogenik zonasında sənaye əhəmiyyətli yataqlar (Filizçay, Katex, Qasdağ və s.) əmələ gətirir. Bu yataqlarda həmçinin külli miqdarda sənaye əhəmiyyətli mis və kadmium, kobalt, qızıl, gümüş və s. var. Bu elementlərin Kiçik Qafqazda yataqları və bir sıra təzahürləri (Mehmana, Ağdərə və Gümüşlü) məlumdur.

Molibdenin damar tipli yataqları və təzahürləri Dəlidağ (Teymuruçandağ, Bağırsaq və s.) və Ordubad filiz rayonları da (Parağaçay Diaxçay) təsadüf edilir.

Alüminium filizinin (alunit) ən böyük yatağı Daşkəsən rayonundadır (Zəylik alunit yatağı). Alunit təzahürləri Şəmkir və Ordubad rayonlarında da məlumdur. Zəylik alunit yatağı 1960-cı ildən istismar edilir. Bu yataq Avropada ən böyük yataqdır. Gəncə alüminium zavodunda bu filizdən alüminium-oksidlə bərabər kalium gübrəsi, soda, sulfat turşusu və s. alınır.

Naxçıvan MR-nın qərb hissəsində Perm çöküntülərinin yayıldığı sahələrdə alüminiumun ən yaxşı xammalı olan boksit filizinin təzahürləri (Sədərək-Şərur rayonlarında) məlumdur.

Civə filizi yataqları və təzahürləri Kiçik Qafqazın mərkəzi hissəsində (Kəlbəcər-Laçın zonası) geniş yayılmışdır. Ən böyük yataqlarının — Ağyataq, Şorbulaq, Levçay (Kəlbəcər rayonu), Çilgəzçay və Narzanlı (Laçın rayonu) ehtiyatı hesablanmışdır. Civə filizləşməsi (kinovar) hiperbazitlərin və Miosen-Pliosen yaşlı turş maqmatik süxurların yayıldığı sahələrdə müxtəlif yaşlı və tərkibli süxurlarda, ən çox Üst Təbaşirin vulkanogen-çökmə və vulkanogen süxurlarda rast gəlinir. Kinovar filizlərdə pirit, xalkopirit, antimonit, maqnetit, hematit, sfalerit və s. minerallarla assosiasiya təşkil edir. Naxçıvan MR-da Badamlı-Aşağı Kişlaq təzahürləri məlumdur.

Sürmə müstəqil yataqlar təşkil etmir. Sürmə antimonit mineralı şəklində Levçay civə yatağında kinovarla birlikdə yığıntılar əmələ gətirir.

Mərgümüşün Azərbaycan Respublikasında ən böyük yataqları Gədəbəy (Bitibulağ enargit yatağı) və Culfa (Darıdağ auripiqment-realqar yatağı) rayonlarında məlumdur. Bu yataq 1941-ci ilədək istismar edilmişdir. Filiz cismi ştok formasındadır. Filizin tərkibi auripiqment, realqar, antimonit, arsenopiritdən ibarətdir.

Volframın şeyelit mineralı şəklində kiçik təzahürləri Ordubad və Kəlbəcər rayonlarında Mehri-Ordubad, Dəlidağ qranitoid plutonlarının təmasında müşahidə edilmişdir.

Qeyri-filiz faydalı qazıntılar

Azərbaycan Respublikasının mineral xammal ehtiyatlarının ümumi balansında mühüm rol oynayır. Bu qrupa daşduz, gips, anhidrit, gəc, bentonit gilləri, tikinti materialları, pirit, barit, yarımqiymətli və rəngli daşlar, dolomit, İslandiya şpatı və s. daxildir.

Daşduz yataqları Naxçıvan MR-da (Nehrəm, Düzdağ, Pusyan) yerləşir. Yataqlar Miosenin qumdaşı, gil, əhəngdaşı, mergel çöküntülərindədir. Nehrəm yatağının balans ehtiyatı B+S1 kateqoriyası üzrə 73600 min ton, S2 kateqoriyası üzrə 64200 min tondur. Ehtimal ehtiyatı 2-2,5 mlrd.t qiymətləndirilir. Duzdağ yatağının sənaye ehtiyatı A+B+S1 kateqoriyası üzrə 94517 min ton, S2 kateqoriyası üzrə 37810 min tondur.

Gips, anhidrit yataqları Goranboy rayonunu Yuxarı Ağcakənd və Mənəş kəndləri sahəsində Təbaşir çöküntüləri içərisində hemogen yolla əmələ gəlmiş və ayrı-ayrı ştoklardan ibarət olaraq ümumi ehtiyatları 65-70 mln.ton təşkil edir. Naxçıvan şəhərindən 120km cənub-şərqdə (Araz; gips) və Gəncə şəhərinin ətrafında (gəc) yataqların sənaye ehtiyatları isə A+B+S1 kateriyası üzrə 40632 min tondur.

Bentonit gillərinin çoxlu yatağı və təzahürü (Qobustan, Goranboy, Şəki və s.) məlumdur. Ən böyük yatağı Qazax rayonunda (Daş Salahlı) müəyyən edilmişdir. Yataq əsasən hidrotermal məhlulların Santon yaşlı vulkanitlərə təsirindən əmələ gəlmiş və sənaye ehtiyatı 84553 min ton təşkil edir.

Tikinti materialları Azərbaycan Respublikası ərazisində çoxdur. Mişar daşı yataqlarının (Qaradağ, Güzdək, Dövlətyarlı, Dilağarda, Şahbulaq, Naftalan, Mərdəkan, Daş Salahlı, Zəyəm və s.) hələlik müəyyən edilmiş sənaye ehtiyatı (A+B+S1 kateqoriyası üzrə) 295836 min t, üzlük daşının ehtiyatları (Gülbəxt, Daşkəsən, Şahtaxtı, Gülablı, Musaköy, Söyqlu və s.) 23951 min m3 təşkil edir.

Qaradağ sahəsində sement istehsalına yararlı (Şahqaya əhəngdaşları, Qaradağ gil və s.) xammal yataqları mövcuddur. Kərpic, keramika və qazmada işlənilən çoxsaylı gil yataqları və təzahürləri istismar edilir. Siyəzən rayonu ərazisində ehtiyatı 8,3 min m3 olan flyus və karbid istehsalına yararlı əhəngdaşı yatağı müəyyən edilmişdir. Vulkan külü-tufu seolit xammalı olub, yatağı (Aydağ) Tovuz şəhərindən 7 km şimal-qərbdədir. Aydağ yatağının vulkan külü-tufları Orta Santon-Kampan mərtəbəsinin karbonat çöküntüləri arasında orta qalınlığı 25-30m olan lay şəklində yatır. Tuflarda 20-08% yüksək silisiumlu seolitlər (klinoptilolitlər) müəyyən edilmişdir. Yataq üzrə onların orta miqdarı 55%-dir. Aydağ yatağında tufların perspektiv ehtiyatı 20 mln. tondur. İncə keramika, farfor-flyasis və odadavamlı material istehsalı üçün yararlı Kotandağ kaolinləşmiş süxurlar yatağı Ağstafa rayonunda yerləşir. Yataq güclü hidrotermal dəyişmiş kaolinləşmiş Konyak-Santon süxurlarından ibarətdir.

Baritir Azərbaycan Respublikasında təqribən 20 yatağı və təzahürü (Çovdar, Başqışlaq, Quşçu, Tonaşen, Zəylik, Azad, Çaykənd və s.) var. Yataqları damar tiplidir.

Yarımqiymətli və rəngli daşlar Kiçik Qafqazda Daşkəsən və Ordubad rayonlarında skarnlarda (qranat, ametist), Gədəbəy (turmalin) və Xanlar rayonlarında vulkanitlərində (xalsedan, əqiq, heliotrop) müəyyən edilmişdir. Əqiq toplantıları Hacıkənd və Qazax çökəkliklərinin əsas və orta tərkibli Üst Təbaşir vulkanitlərində yuva, badam, damar və linza şəklindədir: Həm zərgərlik, həm də texniki növlərinə rast gəlinir. Hacıkənd əqiq yataqları qrupunun sənaye ehtiyatı 286,8 t-dur. Bunun 65,8 tonu zərgərlik üçün yararlıdır.

Dolomit Nehrəm kəndi (Naxçıvan MR) yaxınlığında və Boyanata dağında (Qobustan) böyük ehtiyatı var. Şüşə sənayesi üçün kvarslı qumlar Qobustan, Abşeron yarımadasında və Quba rayonunun aşkar edilmişdir.

İslandiya şpatının (Dağlıq Qarabağ və s.) təzahürləri və litoqrafiya daşının (Mirikənd yatağı; Dağlıq Qarabağ və s.) böyük ehtiyatı müəyyən edilmişdir.

Kimyəvi boyaların Daşkəsən, Şamaxı, Kəlbəcər və Xanlar rayonlarında təzahürləri var.

Müalicə palçığı Abşeron yarımadasında, Masazır gölündə, Qobustan və Aşağı Kür çökəkliyində, palçıq vulkanları püskürən sahələrdədir.

YERALTI SULAR

Azərbaycan Respublikası ərazisində ən mühüm faydalı qazıntılardan biri də yeraltı sulardır. Onlar kimyəvi tərkibcə müxtəlif olub, təsərrüfatda içməli su təchizatında, müalicə məqsədi ilə və sənayedə istifadə edilir. Respublikada həmçinin dərin kəşfiyyat (2000-3000 m) quyuları vasitəsilə böyük istilik enerjisi mənbəyinə malik yüksək temperatur (60-1150 C) sular aşkar edilmişdir. Ərazidə suların müxtəlif tipli olmasına, onların yaranmasına və paylanmasına respublikanın təbii şəraitinin mürəkkəbliyi təsir göstərmişdir: Düzən rayonlarda müxtəlif litoloji tərkibli Mezazoy-Müasir Dövr yaşlı çökmə süxurlar çox böyük təsərrüfat, içməli, qrunt və artezian suları ehtiyatına malikdir. Qrunt suları demək olar ki, hər yerdə müasir çöküntülərdə rast gəlir. Dağətəyi zonalarda aktiv su mübadiləsi nəticəsində bu sular bir qədər dərində yerləşir. Onların minerallaşması 1q/l; kimyəvi tərkibi kalsiumlu-hidrokarbonatlıdır. Yüksək təzyiqli artezian hövzələri maili düzən sahələrdə antropogen, Abşeron və Ağçaqıl yaşlı süxurlarda (Gəncə, Qazax, Quba-Xaçmaz, Qarabağ, Şirvan və s.) samrat çöküntülərində (Naxçıvan MR) aşkar edilmişdir. Bu suların minerallaşması təqribən1q/l, kimyəvi tərkibi kalsiumlu-hidrokarbonatlıolub, şəhər və kəndlərin su təchizatında və sahələrin suvarılmasında istifadə olunur.

Azərbaycan Respublikasında 1000-dən artıq soyuq və termal mineral bulaq aşkar edilmişdir. Bu bulaqlar əsasında respublikada bir sıra sanatoriyalar (İstisu, Qalaaltı, Şıxburnu, Suraxanı və s.) və mineral su zavodları (İstisu, Sirab, Badamlı, Vayxır və s.) tikilmişdir. Respublikadakı mineral bulaqlar qaz tərkibinə görə karbon qazlı hidrogen-sulfidli, metanla, azotlu və radonludur. Karbon qazlı mineral sular Kiçik Qafqazda (İstisu, Şırlan, Turşsu) və Naxçıvan MR-da (Sirab, Badamlı və s.), hidrogen-sulfidli sular Abşeronda (Suraxanı, Şıxburnu), Talış zonasında (İstisu) və Böyük Qafqazın cənub-şərq yamacında (Çuxuryurd, Altıağac) azotlu sular Astara-Lənkəran (Meşəsu), Salyan (Babazənən), Masallı (Ərkivan) rayonlarındadır. Kəlbəcərdə Bağırsaq və Naxçıvan MR-da Qahab mineral suları radionludur. Bu suların duz tərkibinin əsasını natrium, kalium, kalsium, maqnezium kationları və hidrokarbonat, sulfat, xlor anionları təşkil edir. Onların temperaturu 35-900 arasında dəyişir. Respublikada sənaye əhəmiyyətli yodlu-bromlu sular (Abşeron yarımadasında, Neftçala, Salyan) yod, brom və başqa kimyəvi elementlər və duz istehsal olunur.

PALÇIQ VULKANLARI

Azərbaycan Respublikasında geniş yayılmışdır. Palçıq vulkanlarından başqa onların “pilpilə”, “yanardağ”, “bozdağ”, “axtarma”, “qaynaca”, və s. yerli adları da var. Azərbaycan Respublikasında 220-dən çox palçıq vulkanlar var (Abşeron yarımadasında, Qobustanda, cənub-şərq Şirvan düzənliyində, Samur-Dəvəçi ovalığında, Abşeron və Bakı arxipelaqlarında). Ən böyükləri Qalmas, Torağay, Böyük Kənizdağ və s. Çoxlu kəsik konus şəklindədir. Hündürlüyü 20-400 m, əsasının diametri 100-4500 m olur.

Quruda yerləşən palçıq vulkanlarından başqa, gömülmüş və dəniz palçıq vulkanları da məlumdur. Xəzər dənizində 140-dan çox sualtı palçıq vulkanı var. Bakı arxipelaqında səkkiz ada (Xəzər-Zirə, Zənbil, Qarasu, Gil, Səngi-Muğan, Çigmil və s.) palçıq vulkanı mənşəlidir. Gömülmüş palçıq vulkanları quyularla aşkar olunmuşdur. Onların fəaliyyətinin izlərinə müxtəlif yaşlı layların arasında rast gəlinir. Məlumatlara görə, Azərbaycan Respublikası ərazisində palçıq vulkanlarının ilk fəaliyyəti təqribən 25 mln.il əvvələ aiddir. Adətən palçıq vulkanlarının püskürməsi güclü yeraltı uğultu və partlayışlarla başlanır. Yerin dərin qatlarından yer səthinə çıxan qazlar alışır. Bəzən vulkan üzərində alovun hündürlüyü 1000 m-ə (Qarasu vulkanı) çatır. Azərbaycan Respublikası ərazisində 1810-cu ildən indiyə qədər 50 vulkan təqribən 200 dəfə püskürmüşdür. Lökbatan vulkanında 19 püskürmə qeydə alınmışdır. Palçıq vulkanları sülb, qaz və maye püskürür. Sülb püskürmə məhsullarında 100 dəfə artıq mineral və 30-a qədər mikroelement (bor, civə, manqan, mis, barium, stronsium, litium və s.) iştirak edir. Palçıq vulkanları mənşəcə neft və qaz yataqları ilə əlaqədardır. Palçıq vulkanlarının yerləşdiyi sahələrdə zəngin neft və qaz-kondensant yataqları aşkar edilmişdir (Lökbatan, Neft Daşları, Qaradağ, Mişovdağ və s.). Onların palçığı müalicə məqsədilə işlədilən qiymətli xammaldır.

2007-ci ildə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu” yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir.

SEYSMİKLİK

Azərbaycan ərazisində baş verən dağıdıcı zərbələr qədim zamanlardan məlumdur. “Bütün ölkəni alt-üst etmiş və şəhərləri və kəndləri udmuş” hadisə barədə ilk məlumat 427-ci ildə qeydə alınmışdır. Azərbaycanın güclü zəlzələlərindən biri hesab olunan, 1139-cu ilin 9 ballıq zəlzələsi zamanı Gəncə şəhəri dağılmış, çox sayda insan həlak olmuş və Göy-Göl gölü yaranmışdır. XIX əsrdə Şamaxı şəhərini dəfələrlə dağıdıcı zəlzələlər sarsıtmışdır. 1856, 1861, 1872 və 1902-ci illərdə baş vermiş ən güclü və dağıdıcı zəlzələlərin intensivliyi 8-9 bal gücündə olub.

Azərbaycan ərazisində ilk seysmik stansiya Şamaxı zəlzələsindən sonra 1902-ci ildə Bakı şəhərində E.Nobel tərəfindən yaradılmışdır. Sonrakı illərdə seysmik stansiyalar respublikanın müxtəlif rayonlarında açılmışdır (Balaxanı, Zurnabad, Şamaxı, Gəncə, Naxçıvan, Lənkəran, Çilov adası, Mingəçevir). Azərbaycan ərazisində zəlzələlər 14 analoq seysmik stansiyalar vasitəsilə qeydə alınır. 2003-cü ildən seysmikliyin monitorinqi ümummilli lider Heydər Əliyevin şəxsi qərarına əsasən əldə edilmiş rəqəmli “Kinemetriks” (14 stansiyadan ibarət olan) sistemi vasitəsi ilə aparılır. Məlumatın ötürülməsi real zaman miqyasında kosmik rabitə vasitələrindən istifadə etməklə həyata keçirilir.

Seysmikliyin instrumental tədqiqatları XX əsrin 50-ci illərindən aparılır. İlk vaxtlar bu cür tədqiqatlar fotoqrafik sistemlərdən istifadə olunmaqla analoq cihazlar vasitəsi ilə aparılırdı. Yetmişinci illərdə onları AMEA-nın Geologiya İnstitutunun Xüsusi Konstruktor Bürosunda istehsal olunmuş maqnit qeydli Mobil ACC stansiyaları əvəz etdi. 1996-cı ildən detal seysmoloji tədqiqatlar İSS rəqəmli telemetrik sistemi (Cənubi Afrika istehsalı) vasitəsi ilə aparılıb. 2003-cü ildə aktiv tektonik proseslərin öyrənilməsi məqsədi ilə AMEA-nın Geologiya İnstitutunda Mülki Tədqiqatlar və İnkişaf Fondunun dəstəyi çərçivəsində Seysmik Monitorinq və Geodinamik Tədqiqatlar Mərkəzi yaranmışdır. Mərkəz 8 mobil rəqəmli stansiyalardan ibarət olan İSS sistemin yeni modifikasiyası ilə təchiz olunmuşdur.

Hiss olunan zəlzələlərin seysmik effekti R.Ağamirzəyev, S.Əliyeva, A.Əliyev, A.Həsənov, E.Gül, R.Cəfərov, V.Kuznetsov, F.Quliyev, B.Pənahi, Ş.Rəhimov, Z.Sultanova, R.Şəfadiyayev və b. tərəfindən öyrənilmişdir və bu da zəlzələlərin əsas parametrlərini və intensivliyin sönmə xarakterini təyin etməyə imkan verdi.

Ə.Ağalarova və S.Ağayeva tərəfindən aparılmış zəlzələ mexanizmlərinin tədqiqatları Azərbaycanda və Xəzər dənizi ərazisində Yer qabığının gərgin deformasiyalı vəziyyətinin mürəkkəb xarakterini üzrə çıxardı. Təyin oldu ki, ərazidəki zəlzələ ocaqları yer qabığında yerləşir və hadisələrin 90% yaxını çöküntü qatlarla əlaqədardır.

Seysmikliyin kəmiyyətcə təhlili və hadisələrin təkrarolunmasının analizi respublika ərazisinin çox böyük seysmik aktivliyə malik olduğunu göstərdi. Bununla bərabər enerji baxımından gələcək zəlzələlərin mülayim xarakterli olması təyin olunmuşdur.

Azərbaycan ərazisinin 1:5000000 miqyasında seysmik rayonlaşdırma xəritələri 1937-ci ildən tərtib olunur. 1963, 1967, 1979 və 1989-cu illərdə qəbul olunmuş dövlət seysmik rayonlaşdırma xəritələri AMEA-nın Geologiya İnstitutunda tərtib olunub. 1989-cu il xəritəsinə əsasən respublika ərazisində seysmikliyin intensivliyi 8 bal təşkil edir. Doqquz ballıq zonalar Böyük Qafqazın cənub yamacının Balakən-Şamaxı hissəsini, Gəncə və Naxçıvan daxil olmaqla, Kiçik Qafqazı əhatə edir. Seysmik rayonlaşdırma xəritələri xülasə xarakterlidir və inşaatda zəlzələyə davamlı layihələrin yaranması üçün istifadə oluna bilməzlər.

İQLİM ƏMƏLƏ GƏTİRƏN AMİLLƏR

Azərbaycan Respublikası subtropik qurşağın şimal qurtaracağında, Qafqazın cənub-şərqində və İran yaylasının şimal-qərbində yerləşir. Ərazinin coğrafi mövqeyi, relyefin mürəkkəbliyi, Xəzər dənizinin yaxınlığı, il ərzində yer səthinə düşən günəş radiasiyasının bolluğu, müxtəlif mənşəli hava kütlələrinin təsiri altında olması və s. burada iqlimin müxtəlifliyinə səbəb olmuşdur.

Səth quruluşu

Əsasən dağlıq ölkə olan Azərbaycan Respublikasının ərazisi Böyük Qafqaz, Kiçik Qafqaz, Talış və Şimali İran dağları ilə əhatə olunmuşdur. Böyük və Kiçik Qafqaz dağ sistemləri arasında yerləşən Kür çökəkliyi (bunun şərq hissəsi Kür-Araz ovalığıdır) genişləşərək ölkə ərazisini şərqdən əhatə edən Xəzər dənizinə tərəf uzanır. Respublikanın şimalında yerləşən və şimal-qərbdən cənub-şərqə uzanan Böyük Qafqaz dağları ölkə ərazisinin böyük hissəsini şimaldan gələn soyuq hava kütlələrinin birbaşa təsirindən qoruyur. Bunun da nəticəsində respublikanın əksər düzənlik və dağətəyi ərazilərində subtropik iqlim formalaşır. Ölkə ərazisini əhatə edən digər dağ sistemləri də hava dövranı proseslərinə böyük təsir göstərir. Səth quruluşunun müxtəlifliyi iqlim ünsürlərinin qeyri bərabər paylanmasına, şaquli iqlim qurşaqlarının yaranmasına və s. səbəb olur.

Günəş radiasiyası

Azərbaycan Respublikasının düzənlik və dağətəyi əraziləri günəş işığının bolluğu ilə fərqlənir. Kür-Araz ovalığı, Abşeron yarımadası və digər düzənlik və dağətəyi ərazilərdə günəş parıltılı saatların illik miqdarı 2200-2400 saat, Naxçıvan MR-nın Arazboyu düzənliklərində isə 2600-2800 saat təşkil edir. Orta dağlıq zonada buludluğun artması nəticəsində günəş parıltılı saatların miqdarı 1900-2200 saat arasında dəyişir. Yüksək dağlıq zonada o yenə də artır və 3000 m-dən yüksək olan ərazilərdə 2200-2500 saatdır. Ümumi günəş radiasiyasının illik miqdarı Kür-Araz ovalığında 128-132 kkal/kv. sm-dir. Dağlara doğru, o (120-124 kkal/kv. sm-dək) azalır (dəniz səviyyəsindən təqribən 500-600 m-dək), sonra onun miqdarı yenə çoxalır və Böyük və Kiçik Qafqazın yüksək dağlıq zonasında (3000 m-dən yüksək) 140-150 kkal/kv. sm təşkil edir. Naxçıvan MR-nın Arazboyu düzənliklərində ümumi günəş radiasiyasının illik miqdarı 148-150 kkal/kv. sm-dir, yüksək dağlıq zonada isə artaraq 152-160 kkal/kv. sm təşkil edir. Radiasiya balansının illik miqdarı ölkənin düzənlik və dağətəyi ərazilərində 40-50 kkal/kv. sm-dir (Lənkəran təbii vilayətində -50-60 kkal/kv.sm), yüksək dağlıq ərazilərdə isə o 15-25 kkal/kv. sm təşkil edir.

Atmosfer dövranı

Azərbaycan Respublikası ərazisində iqlimin formalaşmasına arktik (Kara və Skandinaviya antisiklonları), mülayim enliklərin soyuq kontinental (Sibir antisiklonu) və dəniz (Azor maksimumu), tropik enliklərin isti hava kütlələri (subtropik antisiklon və cənub siklonları), Mərkəzi Asiya üzərində yaranan antisiklon, həmçinin yerli atmosfer prosesləri təsir göstərir. Bu hava kütlələri səth quruluşunun təsiri nəticəsində ölkə ərazisinə müxtəlif istiqamətlərdən daxil olur. Belə ki, soyuq kontinental və dəniz hava kütlələri Böyük Qafqaz, Talış və Şimali İran dağları cənubdan gələn isti hava kütlələrinə əhəmiyyətli dərəcədə mane olmasa da, onların xüsusiyyətlərinin dəyişməsinə və atmosfer proseslərinin dinamikasına müəyyən təsir göstərir.

İQLİMİN ƏSAS ÜNSÜRLƏRİ

Havanın temperaturu

Azərbaycan Respublikasında hava temperaturunun rejimi və ərazi üzrə paylanma qanunauyğundur və bura daxil olan hava kütlələrinin xüsusiyyətindən, ərazinin relyefindən və Xəzər dənizinin ayrı-ayrı rayonlara yaxınlığından asılı olaraq formalaşır. Xəzər dənizi sahilboyu ərazilərdə (dənizdən təqribən 20 km-dək) yayda havanın temperaturunu bir qədər azaldır, qışda isə artırır. Eyni zamanda, o Mərkəzi Asiyadan daxil olan isti və quru hava kütlələrinin təsirini müəyyən qədər yumşaldır. Havanın orta illik temperaturu Kür-Araz ovalığında, Abşeron yarımadasından cənubda yerləşən sahilboyu zonada, o cümlədən Lənkəran ovalığında 14-15° C təşkil edir. Dağlara doğru havanın temperaturu azalaraq 2000 m yüksəklikdə 4-5° C, 3000 yüksəklikdə isə 1-2° C-dir.

İlin ən soyuq ayında (yanvar) düzənlik və dağətəyi ərazilərdə havanın orta aylıq temperaturu 0° C-dən aşağı düşmür. Abşeron adası və ondan cənubda yerləşən sahilboyu ərazilər və adalarda o hətta 3-4° C təşkil edir. Yüksəklik artdıqca havanın temperaturu azalır və dəniz səviyyəsindən 2000 m yüksəklikdə -5-6° C (Naxçıvan MR-da -7° C), 3000 m-də isə o təqribən -12-13° C-dir. İlin ən isti ayında (iyul) Kür-Araz ovalığında havanın orta temperaturu əsasən 26-27° C, digər düzənliklərdə və dağətəyi ərazilərdə o 24° C-dən aşağı düşmür. Dağlarda havanın orta aylıq temperaturu 2000 m-lik yüksəklikdə təqribən 14-16° C, 3000 m-də 8-10° C-dən aşağı düşmür. Ölkə ərazisində hava temperaturunun mütləq maksimum (+46° C) və minimum (-32° C) kəmiyyətləri kəskin kontinental iqlimi ilə seçilən Naxçıvan MR-nın Arazboyu düzənliklərində müşahidə edilmişdir.

Atmosfer yağıntısı

Azərbaycan Respublikasında atmosfer yağıntıları əsasən hava kütlələrinin əraziyə müdaxiləsi ilə əlaqədardır. Yağıntıların miqdarını, mövsümü və illik paylanmasını hava kütlələrinin ərazinin relyef və Xəzər dənizi ilə qarşılıqlı əlaqəsi müəyyən edir. Azərbaycan ərazisində ən az orta illik yağıntı (150-200 mm-dən az) cənub-şərqi Qobustana və Abşeron yarımadasının cənub sahilinə düşür. Kür-Araz ovalığının mərkəzi və şərq, Samur-Dəvəçi ovalığının cənub-şərq, Naxçıvan MR-nın Arazboyu, Qobustan və Abşeron yarımadasının əsas hissələrində illik yağıntılar miqdarı 300 mm-dən azdır. Onların miqdarı Xəzər dənizi sahillərindən qərbə, düzənliklərdən dağlara doğru tədricən artır. Dağlarda yağıntılar müəyyən yüksəkliyə qədər (Böyük və Kiçik Qafqazda 2600-2800 m, Naxçıvan MR-da 2600-3000 m, Talışda 200-600 m-dək) artır, sonra isə tədricən azalır. Bu ərazilərdə illik yağıntıların maksimum miqdarı Böyük Qafqazın cənub yamacında 1400-1600 mm, şimal-şərq yamacında 800 mm, Kiçik Qafqaz və Naxçıvan MR-da 800-900 mm, Talış dağlarında isə 1700-1800 mm təşkil edir.

Respublikanın digər dağlıq ərazilərindən fərqli olaraq Talış dağlarında yüksəklik artdıqca yağıntının miqdarı azalır və yüksək dağlıq hissəsində (2000 m-dən yüksək) və dağarası dərələrdə onun miqdarı 250-300 mm-dən azdır. Baxmayaraq ki, yağıntıların böyük hissəsi ilin isti dövrünə (aprel-oktyabr) təsadüf edir, yay ayları quraq keçir və hətta yağıntıların bolluğu ilə seçilən Lənkəran-Astara zonasında bu zaman yağıntıların miqdarı illik normanın 5-15%-ni təşkil edir. Yağıntılı günlərin orta illik sayı Kür-Araz ovalığında və Naxçıvan MR-nın Arazboyu düzənliklərində 60-70 gündən az olur. Böyük Qafqazın cənub yamacının orta dağlıq hissəsində isə onun sayı 170 günə çatır. Yağıntının ən böyük gündəlik maksimumu Böyük Qafqazın cənub yamacında (148 mm, Əlibəy) və Talış dağlarında (334 mm, Bələsər) qeydə alınmışdır. Leysan yağışların intensiviliyi dəqiqədə 1-2 və hətta 3 mm çatır. Düzənliklərdə yağıntının təqribən 4/5-ü, dağlarda isə 1/3-i yağış halında düşür. Düzənliklərdə qar örtüyü davamlı olmur və ayrı-ayrı illərdə o müşahidə edilmir. Respublikanın ən çox qarlı əraziləri Böyük Qafqazın cənub yamaclarındadır. Burada qar örtüklü günlərin sayı orta dağlıqda 80-120, yüksək dağlıqda isə hətta 250 günə çatır. Böyük Qafqazın ən uca zirvələrində qar örtüyü daim qalır.

Havanın rütubətliyi

Havanın mütləq rütubətinin orta illik kəmiyyətləri Kür-Araz ovalığında 11-12, Xəzər sahili zonada 14-15 mb təşkil edir. Dağlarda yüksəklik artdıqca onun kəmiyyətləri bir qayda olaraq azalır və 1000 m yüksəklikdə orta illik kəmiyyət təqribən 9 mb, 2000 m-də 6-7 mb təşkil edir. Naxçıvan MR-da mütləq rütubətliyin kəmiyyətləri xeyli aşağıdır və müvafiq yüksəkliklərdə Azərbaycanın digər ərazilərinə nisbətən 1-1,5 mb azdır. Mütləq rütubətliyin ən yüksək kəmiyyətləri yay aylarına düşür (iyul-avqust) və dənizkənarı ərazilərdə və Qanıx-Əyriçay vadisində 20-24 mb, 3000 m-lik yüksəkliklərdə isə 8-10 mb təşkil edir. Yanvarda düzənlik ərazilərdə onun kəmiyyətləri 6 mb, 1500 m-lik yüksəkliklərdə isə təqribən 3 mb-dir. Bu zaman ən aşağı kəmiyyətlər Naxçıvan MR-da müşahidə edilir və düzənlik ərazilərdə 4 mb, dağlarda isə daha az təşkil edir.

Havanın orta illik nisbi rütubətliyinin ən yüksək kəmiyyətləri dənizsahili (75-80 %), ən aşağı kəmiyyətləri isə Naxçıvan MR-da və Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində (55-65 %) müşahidə edilir. Yayda ən aşağı nisbi rütubətlik Naxçıvan MR-da (35-50 %), Talışın yüksək dağlıq zirvələrində (50-55 %) və Kür-Araz ovalığında (50-60 %) qeydə alınır. Ən yüksək kəmiyyətlər dənizsahili və Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində müşahidə edilir (60-85 %). Qış aylarında ən yüksək kəmiyyətlər dənizsahili, ən aşağı kəmiyyətlər isə yüksək dağlıq ərazilər üçün səciyyəvidir.

Mümkün buxarlanma

Mümkün buxarlanmanın ən böyük orta illik kəmiyyətləri Naxçıvan MR, Arazyanı düzənlikləri (1200-1400 mm və daha çox) və Kür-Araz ovalığı (1000-1200 mm) üçün səciyyəvidir. Azərbaycanın digər ovalıq və düzənliklərində o, 800-1000 mm arasında dəyişir. Dağlıq ərazilərdə yüksəklik artdıqca bu göstərici azalır. Orta dağlıqda mümkün buxarlanmanın orta illik kəmiyyətləri 300-400 mm, yüksək dağlıqda isə 200 mm qədər azalır.

Buludluq

Buludluğun rejimi və paylanması hava dövranı prosesləri və ərazinin oroqrafiyası ilə əlaqədardır. Maksimal buludluq yüksək dağlarda (2000 m-dən yüksək) yazda və yayın əvvəlində, orta dağlıqda və qismən dağətəyi ərazilərdə (2000-500 m).

Küləklər

İlin soyuq dövründə dağlıq ərazilərdə fyon (quru isti küləklər), isti dövründə isə dağətəyi və düzənliklərdə ağ yellər müşahidə edilir.

Ölkə ərazisində küləklərin orta illik sürəti əsasən 5 m/s-dək təşkil edir. Lakin Abşeron adasının dənizsahili ərazilərində o, 6-8 m/s arasında dəyişir. Burada küləyin sürəti 15 m/s və daha çox olan günlərin sayı 100-145 gün təşkil edir. Güclü küləklərlə Gəncə-Qazax düzənliyi də seçilir (25-70 gün). Azərbaycanın digər ərazilərində güclü küləklər nisbətən az müşahidə edilir.

İQLİM TİPLƏRİ

Azərbaycan Respublikasında hava temperaturunun və atmosfer yağıntılarının paylanması və rejiminin xüsusiyyətləri, həmçinin rütubətlənmə şəraiti nəzərə alınaraq Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir. Bu tiplərin çoxu yarımtiplərə bölünür.

1. Yarımsəhra və quru çöl iqlimi, əsasən, Mərkəzi aran rayonlarını (Kür çökəkliyində hündürlüyü 400 metrədək olan sahələr), Samur çayı mənsəbindən Qızılağac körfəzinədək Xəzəryanı zonası, Naxçıvan MR-in Arazboyu düzənliklərini, Talışın qapalı dağ çökəkliklərini (1000 metrdən) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 15-50%-ni təşkil edir. Qışı, əsasən, isti (Arazboyu düzənliklərdə və Talışın qapalı dağ çökəkliklərində soyuq) keçməsi ilə fərqlənir. Yayı qızmardır, bəzi günlər havanın temperaturu 40° C-dən yuxarı olur.

2. Qışı quraq keçən mülayim-isti iqlim Böyük Qafqazın cənub yamacının alçaq dağlıq zonasında (1000 metrədək hündürlükdə), Qanıx-Əyriçay çökəkliyində (200-500 m), Kiçik Qafqazın şimal və şərq yamaclarında (400-1500 m hündürlükdə) yayılmışdır. Burada illik yağıntı mümkün buxarlanmanın 50-100%-ni təşkil edir. Qışı yumşaq, az yağıntılı, yayı mülayim-istidir.

3. Yayı quraq keçən mülayim-isti iqlim. Əsasən, Lənkəran-Astara zonasındadır. İllik yağıntı mümkün buxarlanmanın 100-150%-ni və bundan da çoxunu təşkil edir. Qışı yumşaq, yayı mülayim-isti və quraq, payızı çox yağıntılı keçir. Maydan avqustun ortalarınadək yağış az yağır və tez-tez quraqlıq olur, süni suvarma tətbiq edilir.

4. Qışı quraq keçən soyuq iqlim Böyük Qafqazın şimal-şərq yamacında (1000-2700 m) və Kiçik Qafqazın orta və yüksək dağlıq (1400-2700 m) hissəsindədir. İllik yağıntı mümkün buxarlanmanın 75-100%-nə bərabərdir. Yayı sərin, qışı nisbətən az sərt keçir.

5. Yayı quraq keçən soyuq iqlim. Naxçıvan MR-nın orta və yüksək dağlıq zonasını (1000-3000 m) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 50%-dən 100%-ə qədərdir. Qışı soyuq və qarlı, yayı sərindir.

6. Yağıntısı bərabər paylanan mülayim-isti iqlim Böyük Qafqazın cənub (600-1500 m) və şimal-şərq (200-500 m) yamaclarındakı dağ meşələri zonası üçün səciyyəvidir. İllik yağıntı mümkün buxarlanmanın cənub yamacda 75-100%-ni, şimal-şərq yamacda 50-100%-ni təşkil edir. Qışı yumşaq, yayı mülayim-istidir.

7. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yalnız Böyük Qafqazın cənub yamacı (1500-2700 m) üçün səciyyəvidir. Yuxarı meşə, subalp və alp zonaları əhatə edir. İllik yağıntı mümkün buxarlanmadan 150-200% çoxdur. Qışı soyuq, yayı sərindir.

8. Dağlıq tundra iqlimi Böyük Qafqaz və Kiçik Qafqazın 2700 m-dən, Naxçıvan MR-nın isə 3200 m-dən yüksək ərazilərindədir. Yağıntı mümkün buxarlanmadan 100-200% çox olur. Qış və yay soyuq keçir. Bəzi yerlərdə qar bir ildən o biri ilə qalır.

Ədəbiyyat.: Mədətzadə Ə.A. Abşeronun hava növləri və iqlimi, B., 1960; yenə onun, Şərqi Qafqazın təbii-subtropik iqlim fəsilləri, B., 1973; Klimat Azerbaydcana (pod. Red. A.A.Madatzade, G.M.Şixlinskoqo), B., 1968; Azərbaycan Respublikasının istilik balansı atlası (Ə.M.Şıxlınskinin redaktəsi ilə, azərbaycanca və rusca), M., 1978; Əyyubov Ə.S., Hacıyev Q.Ə., Azərbaycan Respublikasının iqlim ehtiyatları, B., 1984.

BİTKİ ÖRTÜYÜ

Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ali sortlu bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ni təşkil edir.

Azərbaycan Respublikasında floranın zəngin və bitki örtüyünün rəngarəng olması, onun fiziki-coğrafi və təbii-tarixi şəraitinin müxtəlifliyi və həmçinin uzaq floristik sahələrin təsiri altında formalaşmış mürəkkəb tarixi ilə əlaqədardır.

Azərbaycan Respublikası üçüncü dövrə aid olan relikt cinslərlə də zəngindir ki, bunların da nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonası ərazisində daha çox rast gəlinir. Bunlardan dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, Qafqaz xirniyi, bigəvər, şümşad və s. göstərmək olar. Respublikada 240 endemik bitki növü mövcuddur.

Azərbaycan florasının tərkibində bütün areal tiplərinin nümunələrinə, yəni qədim meşə, boreal, bozqın, kserofil, səhra, Qafqaz və adventiv bitki tiplərinə rast gəlinir. Qədim meşə tipləri nümunələri ən çox Talışda, boreal tip Böyük və Kiçik Qafqazın dağ zonalarında, az miqdarda isə aşağı qurşaqlarda, kserofil, Qafqaz, bozqır və səhra tipləri isə respublikanın düzən, dağətəyi və bozqır yaylarında, ən çoxu isə Kür-Araz ovalığında yayılmışdır. Adventiv areal tipi isə bir qədər az təsadüf edilir. Kür-Araz ovalığı, Xəzəryanı və b. düzənliklərin göl, gölməçə, axmaz və bataqlıq sahələrində zəngin və rəngarəng bitki örtüyü inkişaf etmişdir.

Çay və supaylayıcı kanalların kənarında, bataqlıq yerlərdə, lokal formada isə düzənlik rayonlarda kosmopolit tərkibli qamış cəngəlliklərinə tez-tez rast gəlinir. Belə bataqlıqlarda hündürboylu tülküquyruğu, çiyən, suluf, yumşaq süpürgə, kalış və s. çoxdur. Burada savanna tipli hündürboylu murğuz da cəngəllik yaradır.

Kür-Araz ovalığında tez-tez rast gələn cayırlıq, biyanlıq və lığvər cəngəlliyi nisbətən geniş yayılmışdır. Qarabağ düzündə dəvəayağı, qırxbuğum, poruq, ağlarot, süsən kimi bitki növləri həm cəngəllik yaradır və həm də başqa cəngəlliyin tərkibində rast gəlinir.

Liman və axmazlarda (xüsusilə Ağzıbirçala limanında) ən çox qamışlıq, çiyən, suçiçəyi və s. bitkilərdən ibarət cəngəlliklər mövcuddur. Bataqlıqlarda, isti yerlərdə qovuqca, salviniya, saçaqotu, sufındığı, buynuzyarpaq xüsusi cəngəllik yaradır və Kür-Araz ovalığında özlərinə geniş məskən tapırlar. Qarğı cəngəlliyi də düzən rayonları üçün səciyyəvidir.

Talış düzənliklərindəki bataqlıqlarda suçiçəyi, saçaqotu, süsən, qurbağaotu, sarı bataqlıq süsəni, bataqlıca xüsusi formasiyalar yaradır. Qurumuş bataqlıqlar üçün qaymaqçiçək, nanə, qırxbuğum, bigəvər və s. kimi bitkilər səciyyəvidir.

Su-bataqlıq bitkilərinə aşağı, orta, yuxarı və yüksək dağ qurşaqlarında da rast gəlinir. Xüsusilə subalp qurşaqlarında su-bataqlıq bitkiləri çox geniş sahələrdə yayılmışdır. Bu qurşaqlarda 100-dən artıq bataqlıq, göl və gölməçələr vardır.

Geniş Kür-Araz ovalığı, Xəzəryanı və başqa düzənliklərdə səhra və yarımsəhra tipli bitki örtüyü üstünlük təşkil edir. Səhralarda qaraşoranlıq geniş yayılmışdır. Qaraşoranın yerə sərilmiş budaqları təpəciklər yaratmaqla ən çox Lökbatan ətrafında, Muğanda, Şərqi Şirvanda yayılmışdır. Xırda təpəcikli sarıbaş səhralarına ən çox Xəzər ətrafında, Kür-Araz ovalığında rast gəlinir.

Göstərilən zonalarda şahsevdilik səhraları da geniş yayılmışdır. Şahsevdilik səhrasında yuxarıda göstərilən səhralardakı bitkilərdən fərqli olaraq 5-6 növ efemer bitkiyə təsadüf edilir. Şərqi Şirvanda və bir qədər də dağətəyi rayonlarda çərən səhrası əmələ gəlir. Şorangənin 3 növü Kür-Araz ovalığında geniş sahələrdə çox məhsuldar yarımsəhralıqlar yaradır. Xüsusilə dağşorangəsi gəngiz dağ ətəkliklərində həm tək, həm də yovşanla birlikdə şorangəlik-yovşanlıq səhrası, bir qədər inkişaf etmiş torpaqlarda isə yarımsəhralıq yaradır. Ağacvarı şorangə (qarağan) az şorlaşmış torpaqlarda rast gəlinir; sezonun tərkibi onlarca müxtəlif efemer və efemeroid bitkilərlə zəngindir. Ağacvarı şorəngə ən çox yovşan, dəvətikanı və biyanla birlikdə xüsusi yarımsəhra cəngəlliyi yaradır. Ümumiyyətlə, respublikada şorəngə cinsinin 22-dək növünə təsadüf edilir ki, bunun da əksəriyyəti xüsusi formasiyalar yaradır. Meyvələmə zamanı çox əlvan görünən şorangə cəngəlliklərinə Şəki yaylasının az şorlaşmış torpaqlarında təsadüf edilir. Yovşanlıq ən geniş yayılmış səhra tiplərindən biridir; müxtəlif torpaqlarda, xüsusilə boz və zəif şorlaşmış torpaqlarda rast gəlir. Çox zaman yovşan şorangə və yaxud çoxillik taxıl otları ilə birlikdə bitərək qarışıq yarımsəhra formasiyaları yaradır. Yovşanlığın bütün variantlarında 30-35-dək və bəzən də 50-55-dək efemer, efemeroid bitki bitir. Məsələn, soğanaqlı qırtıc, yapon toqalotu, bərk quramit, şərq bozağı, durnaotu, xırda qarayonca, göy qarayonca və s. yovşanlığın daimi bitkilərindən sayılırlar. Yovşanlıqda bəzən kolcuqlar da bitir. Dənizkənarı və dəniz altından çıxmış qumsallıqlarda yovşanın başqa növü (qumluq və yaxud dəniz yovşanı), gəvən, İran sarmaşığı, Xəzər xəşənbulu və yüzlərcə başqa efemer bitki növlərinə rast gəlinir. Abşeronun qumsal sahələrində çox zəngin və nadir bitkilər qısaömürlü olsa da, inkişafını yazda fəallaşdırır və tez də solurlar. Yarımbozqırlar və bozqırlarda qifav, daraqvarı qiyaqotu və çoxillik müxtəlif otlar bolluq təşkil edən bitkilərdəndir. Dağ kserofit bitkiliyi çox vaxt bozqırlara birləşərək xüsusi formasiyalar yaradır.

Respublikanın quru və isti rayonlarında (Naxçıvan MR, Cəbrayıl, Zəngilan), Böyük Qafqazın bozqır yaylasında kserofit bitkiliyinə, yəni friqana, şiblək, tikanlı gəvənlik, tıstıslıq, bəzən və cılız ardıclığa, ardıcıq-püstəliyə rast gəlinir. Frinalalar Naxçıvan MR-da 1000-1500 m yüksəkliklərdə müstəqil formasiyalar (cəngəlliklər) yaradır. Bu formasiyalarda 300-dən artıq bitki növünə rast gəlinir. Quraqlıq rayonlarda kəklikotu və onun növləri tumil-kəklikotu formasiyalarını yaradır. Tumil sahələri üçün murdarça, çölnanəsi, karvanqıran və s. çox səciyyəvidir. Bu tip sahələrdə südləyən, boymadərən, zirinc kimi bitkilər də olur. Respublikada lokal formada şibləklərə, yəni qaratikanlığa, murdarçalığa, dovşanalmalığına, badamlığa, tovulqalığa, yabanı armudluğa, quşarmudluğuna rast gəlmək olur; şaqqıldaq da xüsusi formasiyalar yaradır və yaxşı dağ-kserofit bitkiliyinin formalaşmasında bilavasitə iştirak edir. Saqqızağaclıq, ardıclıq, dağdağanlıq, sarağanlıq da respublikaya xas formasiyalardan olmaqla hər biri öz-özlüyündə xüsusi bitki örtüyü əmələ gətirir.

Respublikanın Şimal-Qərbində Eldar düzünün bozqır yaylasında Üçüncü dövrün qalığı olan endemik və relikt Eldar şamı öz təbiiliyini saxlamışdır. Eldar şamı meşəliyində ardıc, püstə, qaratikan və 30-35-dək digər ali bitkinin olması buranın dağ-kserofit bitkiliyinə aid edilməsinə imkan verir.

Kür, Araz, Qanıx və Qabırrı çayları boyu hissə-hissə lentşəkilli lokal formada tuqay meşəliyi var. Bu meşələrin əsasını qovaq, söyüd, iydə, qarağac, tut, yulğun, nar kimi ağac və kollar təşkil edir.

Bəzən dağ çayları boyu və yaxud çay vadilərində xüsusi qarışıq meşəliklər də bərpa olunmuşdur. Burada ən çox çaytikanı, iydə, söyüd, sumax, sarağan, yulun, tut, ölməz kol, nar, itburnu, böyürtkən və s. yayılmışdır. Çaytikanı ən çox Şin, Kiş, Dəmiraparaq, Türyan, Göyçay, Ağsu, Vəlvələ və Tərtər çaylarının vadilərində yayılmışdır. Talışın çay kənarında yalanqoz və qızılağac çox vaxt iri meşəlik cəngəlliyi yaradırlar. Qızılağacın başqa bir növü (Alnus barbata) Talışın bataqlıq meşələri üçün səciyyəvidir. Talış meşələrində əncirin yerli endemik növü, xəmirmaya, çəpər sarmaşığı, gəndalaş, cilin müxtəlif növləri, ürəkotu, dişə, bataqlıqlarda süsənlik cəngəlliyi, sarı bataqlıq süsəni, qurbağaotu, bataqlıca xüsusi formasiyalar yaradırlar.

Quba-Xaçmaz, Qarabağ zonaları və eləcə də Alazan-Əyriçay çökəkliyində lokal formalı düzən meşəlikləri yayılmışdır. Bu meşəliklərin əsasını uzunsaplaq palıd, qarağac, yemişan, əzgil və s. təşkil edir. Alazan-Əyriçay vadisi meşəliklərində yuxarıda göstərilən növlərdən başqa, ağcaqayın, cökə, göypüş, qarağac, armud kimi ağac növləri, sarmaşan bitkilərdən isə ağ əsmə, daşsarmaşığı, yabanı üzüm çox yayılmışdır. Düzən meşəliklərində uzunsaplaq palıdın onlarca müxtəlif forması mövcuddur.

Talışın düzən meşəliklərinin səciyyəvi ağac cinslərindən dəmirağac və şabalıdyarpaq palıdı göstərmək olar. Bu relikt ağac cinslərindən əlavə burada Qafqaz vələsi, 2 növ azat ağac, qarağac, alça qovaq, giləzəhərdən ibarət hirkan tipli meşəliklərə rast gəlinir. Bu meşəliklərin aşağı mərtəbələrində bigəvər, danaya kimi həmişəyaşıl kollara da təsadüf edilir. Qafqaz xirniyi bir qədər rütubətli yamaclarda xüsusi cəngəlliklər yaradır. Xəzər şeytanağacı Talışda üstünlük təşkil edir. Bu meşələrin dənizə baxan yamacında Lənkəran akasiyası, cökə və bir çox başqaları xüsusi qarışıq meşəliklər yaradırlar. Dəniz səthindən bir qədər hündürlükdə ağcaqayının başqa bir növü Şərq fıstığı ilə birlikdə hündürboylu sıx meşəliklər əmələ gətirir. Bu tip meşəliyin alt mərtəbələrində qaraçöhrə, şümşad, az miqdarda danaya xüsusi mərtəbəlik yaradırlar.

Böyük və Kiçik Qafqazın dağlıq zonalarında dəniz səthindən 600-1800 m hündürlüklərdə enliyarpaqlı meşələr yayılmışdır. Bu meşələri təşkil edən cinslərdən gürcü palıdını, Şərq fıstığını və yuxarı dağ qurşaqlarında Şərq palıdını göstərmək olar. Fıstıqlıq bu zonada yüksək məhsuldar, çoxtərkibli qarışıq meşələr yaradır. Fıstıq və palıddan əlavə həmin meşələrdə cökə, vələs, 5-6 növ ağcaqayın, xüsusilə Şərq palıdı ilə birlikdə trautfetter ağcaqayını da bitir. Çox sıx fıstıq meşəliyində ot örtüyü olmur, ancaq bir qədər seyrək fıstıqlıqda kol cinsləri ilə birlikdə ot örtüyü də inkişaf edir. Meşə altında sarı rododedron, böyürtkən, gərməşov, gəndalaş, ayıdöşəyinin bir çox növləri və onlarca müxtəlif taxıl otları rast gəlir. Dağların yamacında gürcü palıdı, qarağat və quşarmudu çox yayılmışdır. Yüksək dağ qurşaqlarında isə (1800-2000 m) park tipli meşələr vardır. Park tipli meşələr subalp çəmən və hündürotluq ilə birlikdə subalp seyrək meşəliyi yaradırlar.

Yüksək dağların yamaclarında Şərq palıdı, şimal yamaclarında isə qar uçqunları nəticəsində ağacları əyilmiş tozağacı meşəliyi, Böyük Qafqazın yüksək dağ yamacları üçün isə trautfetter ağcaqayını və tək-tək Qafqaz quşarmudu səciyyəvidir. İynəyarpaqlı meşələr lokal formada Eldar düzündə (Eldar şamı), Böyük və Kiçik Qafqazın dağ rayonlarında (Kox şamı), xüsusilə Balakən rayonunun Bulannıq çay hövzəsində, Göygöl ətrafında (1600 m hündürlükdə) xırda meşəliklər, Kox şamı tozağacı ilə birlikdə isə Göygöl ətrafında iri qayalıqlar ərazisində qarışıq meşəlik yaradır. İynəyarpaqlılardan qaraçöhrə və ardıcın bir çox növləri dağ-meşə zonalarında geniş yayılmışdır. Böyük Qafqazın şimal-qərb zonasında, xüsusilə Zaqatala-Balakən rayonlarının subalp qurşağında kiçik sahələrdə Qafqaz rododendronluğu cəngəlliyi yerləşir.

Dəniz səthindən 1800-3200 m yüksəklikdə müxtəlif tərkibli subalp və alp çəmənliyi, bozqır və çəmən bitkiləri üstündür. Həqiqi subalp çəmənliyi yüksək dağların relyefindən, xarakterindən asılı olaraq onlarca variantda yayılmaqla müxtəlif formasiyalar yaradır. Subalp qurşağında hündürotluq da xüsusi formasiya əmələ gətirir; tərkibi olduqca müxtəlifdir. Hündürotluq və subalp bitkilərinin əksəriyyəti meşə altından çıxmış bitkilərdən ibarətdir. Hündürotluq ən çox baldırğan, qankəsən, boymadərən, çobantoppuzu, quşqonmaz, yumşaq süpürgə növləri, əvəlik, xaççiçəyi, gicitkən, xəşəmbül, gülçiçəklilər fəsiləsinin müxtəlif nümayəndələri ilə zəngindir. Subalp qurşağında müxtəlif tərkibdə çəmənliklər, az nəm və mezofil çəmənliklər, quru kserofitlər, bozqırlaşmış çəmənlər yayılmışdır. Subalp çəmənliyinin əsasını ağbığ, ala tonqalotu, Qafqaz nazikbaldırı, bənövşəyi arpa, alp dişəsi, topal və üçyarpaq yoncanın bir çox növləri, ətirşah, şehduran, iriçiçək, andız təşkil edir; bura üçün birəotu, bulaqotu, qantəpər, dilqanadan, yemlik, mərcanotu, novruzçiçəyi, skabioza, bağayarpağı, xaçgülü və onlarca başqa bitki səciyyəvidir. Subalp çəmənliyində 1000-dək bitki növü yayılmışdır.

Alp çəmənləri yüksək dağların zirvələrində, sərt yamaclarda, yəhərvarı dağ aşırımlarında geniş yayılmaqla müxtəlifliyi subalp çəmənlərinə nisbətən az olsa da, xırdaboylu bitki tipləri çox rəngarəng və böyük əhəmiyyət kəsb edir. Alp xalıları iki qrup formasiyadan: xırda şumal torpaqlarda həqiqi alp xalısı (zirəlik, bağayarpağılıq, şehduranlıq, zəncirotuluq) və daşlı yerlərdə alp xalısından (sibbaldiya, zınqırovotluq, makrotomiyalıq) ibarətdir.

HEYVANLAR ALƏMİ

Heyvanlar aləmi müəyyən ərazi və ya akvatoriyada bir neçə heyvan növünün uzun müddət ərzində yaranmış və formalaşmış toplusudur. Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək olar.​

Memarlıq abidələri, qədim qaya və daşlar üzərindəki müxtəlif heyvan təsvirləri dövrümüzə qədər gəlib çatmışdır. XVII əsrdən etibarən təbiətşünas səyahətçilərin Azərbaycan ərazisinə səfərləri ilə bağlı heyvanlar aləmi haqqında ilk bilgi əldə edilir.

Fauna anlayışından fərqli olaraq heyvanlar aləmi dedikdə onların növ tərkibi ilə yanaşı, fərdlərin sayı da nəzərə alınır. Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.

Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir. Bəzi heyvanlar yalnız çox məhdud (göl, dağın bir hissəsi), digərləri isə respublikanın bütün ərazisində yayılmışdır. Məs., sərçəkimilər dəstəsinə daxil olan quşlara respublikanın bütün ərazisində rast gəlmək olar.

Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına 108 növ heyvanın adı daxil edilmişdir. Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.

Azərbaycan Respublikasında nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin qorunub saxlanılması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır.

Berkut məhdud sahədə, əsasən, yüksək dağlarda yaşayan quşlardandır. Qafqaz tetrası Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbaş ördək Xəzərin sahilində, respublikanın su tutarlarında qeyd edilir. Qaya keçisi və Cənubi Qafqaz muflonu hazırda Naxçıvan MR-da, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və Korçayda rast gəlir. Dağıstan turu Böyük Qafqazın cənub ətəyində, Balakən, Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qalmışdır.

Respublikanın şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarında tutulur. Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün çaylara keçir). Keçici balıqların ən qiymətlisi qızılbalıq, nərə, uzunburun və bölgədir. Xəşəm, şamıyı, poru ilanbalığı da belə balıqlardandır. Nərəkimilərin əti və qara kürüsü çox qiymətli hesab olunur.

Bunlardan başqa, Azərbaycan Respublikasının sularında böyük sənaye əhəmiyyəti olan çapaq, çəki, sıf, naxa, külmə, ziyad (kütüm) və s. yarımkeçici balıqlar var. Xəzərdə çoxlu siyənək, kilkə və kefal ovlanır. 1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğular tikilməsi, Kür çayı axarının nizama salınması, Xəzər dənizi suyunun çirklənməsi və s. səbəblərdən sənaye əhəmiyyətli balıqların sayı xeyli azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədi ilə respublikada geniş miqyasda meliorasiya və balıq yetişdirmək üçün 3 zavod (Kürağzı, Əlibayramlı və Kür təcrübə nərəyetişdirmə zavodları) istifadəyə verilmişdir. Respublikanın balıqyetişdirmə təsərrüfatlarında və zavodlarında hazırda ildə 20 mln.-dək nərə balığı, 600 min qızılbalıq və 800 mln-dan çox çapaq, çəki külmə və sıf körpəsi yetişdirilir. Bunlardan əlavə, 1980-ci ildən Kiçik Qızılağac təsərrüfatında fəaliyyət göstərən inkubatorda ildə 50 min ziyad balığı yetişdirilib dənizə buraxılır. 2000-ci ildə Xıllıda yeni, müasir 20 mln. nərəkimi körpəsi yetişdirməyə qadir olan zavod istifadəyə verilmişdir.

“BÖYÜK BEŞLİK”

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2012-ci ildə regionumuzda nəsli kəsilməkdə olan beş heyvan növü müəyyənləşdirilmiş və Qafqazın “Böyük Beşliyi” konsepsiyası tərtib edilmişdir. Həmin dövrdən etibarən, IDEA İctimai Birliyi təhlükə altında olan fauna növlərimizin mühafizəsi və artırılması istiqamətində əməli tədbirlərə başlamışdır.

Ceyran/Gazella subgutturosa
Dəstə: Cütdırnaqlılar – Artiodactyla
Fəsilə: Boşbuynuzlular – Bovidae
Kateqoriyası və statusu: VU A2ad; II.1., II.4.
Yayılması: Şirvan MP, Korçay yasaqlığı və çox kiçik bir qrup Qobustan və Acınohur düzündə yaşayır. Yaşayış yeri və həyat tərzi: Yovşanlı, şoranotlu səhralar və yovşanı–qırtıclı yarımsəhra landşaftlardır. Cütləşmə (noyabr, dekabr), boğazlıq (yanvar-may) və doğum (aprelin sonundan iyunun ortalarına kimi) dövrləri onların çoxalma xüsusiyyətlərini təşkil edir. Boğazlıq müddəti təxminən 5-5.5 aya qədər davam edir. Cinsi yetişkənlik dişi fərdlərdə 7-19 aya, erkək fərdlərdə isə 1.5-2.5 ilə başa çatır. Qida rasionunun əsas tərkibi otlar, taxıllar, şoranlı bitkilər və çoxillik kollardan ibarətdir. Şirin sudan çətinlik olduqda qar və şor sudan da istifadə edirlər.
Sayı: Orta hesabla 7000 başa qədər ceyran vardır.
Məhdudlaşdırcı amillər: Brakonyerlik, biotoplarda ev heyvanlarının otarılması, otlaqların biçilməsi, yaşayış yerlərinin zəbt edilməsi, yandırılması.
Mühafizəsi üçün həyata keçirilən tədbirlər: IDEA-nın əlamətdar layihələrindən olan “Ceyranların Qafqazdakı tarixi yerlərinə reintroduksiyası” çərçivəsində 150 ədəd ceyran Azərbaycan və Gürcüstan ərazilərində öz tarixi yaşayış məskənlərinə buraxılmışdır. Qeyd olunmalıdır ki, sözügedən layihə 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən başlanmış, IDEA təsis olunduqdan sonra isə sonuncu tərəfindən uğurla davam etdirilmişdir. Layihənin məqsədi regionda ceyranların sayının artırılması və onların əvvəllər məskunlaşdığı, lakin müəyyən səbəblərdən tərk etdikləri ərazilərə reintroduksiyası olmuşdur. IDEA İctimai Birliyi və onun layihə tərəfdaşları olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF) təbiətə buraxılan ceyranların uyğunlaşma prosesini mütəmadi nəzarətdə saxlayır. Ceyranların mühafizəsi istiqamətində görülən tədbirlər bu növün populyasiyasının bərpası, hətta saylarının 2,000-dən 7,000-dək artmasına səbəb olmuşdur.

Bəbir/Panthera pardus ciscaucasica
Dəstə: Yırtıcılar – Carnivora
Fəsilə: Pişiklər – Felidae
Kateqoriyası və statusu: NT; II.3.
Yayılması: Son 10 ilin tədqiqatları bəbirlərin Hirkan meşələrində, Zəngəzur silsiləsində, Darıdağ, Nehrəmdağ və Dərəşamda, Mingəçevir su anbarının şimalında Axar-Baxar silsiləsində yaşayıb qalmasını müəyyən etmişdir.
Sayı: Respublika ərazisində 17-yə qədər fərdin yaşayıb qalması hesab olunur.
Məhdudlaşdırıcı amillər: İnsan tərəfindən birbaşa təqib olunması və əsas qida obyektlərinin sayının kəskin azalmasıdır.
Mühafizəsi üçün IDEA tərəfindən həyata keçirilən tədbirlər: Bəbirlərin mühafizəsi çərçivəsində IDEA İctimai Birliyi, beynəlxalq və yerli tərəfdaşları ilə birlikdə hər il ictimaiyyətin maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər, o cümlədən məktəblilər üçün yay düşərgələri, tələbələr üçün elmi seminar və praktiki məşğələlər, gənclər üçün müsabiqələr və s. təşkil edir. Bununla yanaşı, beynəlxalq ictimaiyyətin Qafqaz bəbirlərinə diqqətini artırmaq və onların mühafizəsi istiqamətində səyləri səfərbər etmək məqsədilə, IDEA İctimai Birliyinin təşəbbüsü ilə 2014-cü ilin may ayında Bakı şəhərində tarixdə ilk dəfə olaraq, Qafqaz Pişikkimiləri üzrə beynəlxalq Sammit (Caucasus Cat Summit) təşkil edilmişdir. Qafqaz bəbirlərinə həsr olunmuş Sammitdə dünyanın qabaqcıl pişik mühafizəsi mütəxəssisləri ilə yanaşı, nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Təbiəti Mühafizə İttifaqının (IUCN), Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF), Pantera təşkilatı, Smitson İnstitutunun, London Zoologiya Cəmiyyətinin və Harvard Universitetinin təmsilçiləri və Azərbaycandan olan alimlər də Sammitdə iştirak etmişlər. Bu xüsusda mütəxəssislər və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri mühazirələrlə çıxış etmiş və müzakirələr aparmışlar. Sammit Qafqaz bəbirlərinin mühafizəsi istiqamətində ilk əlamətdar addım və başlanğıc nöqtəsi olmuşdur. Sammitin davamı olaraq, London Zoologiya Cəmiyyəti (ZSL) tərəfindən Azərbaycanda bəbirlərin mühafizəsi və populyasiyasının artırılması üzrə hesabat hazırlanmış və bu istiqamətdə bir sıra dəyərli tövsiyələr əks olunmuşdur. Həmçinin, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisinin mütəxəssislərindən ibarət işçi qrup təsis edilmişdir. İşçi Qrup tərəfindən ZSL-in qeyd olunan hesabatı əsasında “Azərbaycanda bəbirlərin sayının bərpa edilməsi” layihəsi üzrə Fəaliyyət Planı və müvafiq yol xəritəsi tərtib edilmişdir. Hazırda, layihənin icra olunacağı mümkün ərazilərin beynəlxalq mütəxəssislər tərəfindən təhlili həyata keçirilir. Qeyd edək ki, bəbirlər CİTES Konvensiyasının 1 №-li Əlavəsinə daxil edilmişdir.

Qonur ayı/Ursus arctos
Dəstə: Yırtıcılar – Carnivora 
Fəsilə: Ayılar – Ursidae 
Kateqoriyası və statusu: LC; II.3.
Yayılması: Böyük və Kiçik Qafqaz, Talış dağları, dağətəyi ərazilər.
Yaşayış yerləri və həyat tərzi: Bəzən meşəli, bəzən isə qayalı çılpaq əraziləri əhatə edir. Qidası fəsillərdən asılı olaraq həm bitki, həm də heyvan mənşəlidir. Cütləşmə dövrü may-iyul aylarında baş verir. Boğazlıq dövrü latent mərhələ ilə birlikdə 6-8 ay çəkir. Balalar yanvar-mart aylarında hələ qış yuxusu dövründə dünyaya gəlirlər. Adətən 2-3, bəzən isə 5 bala dünyaya gətirə bilirlər. Laktasiya müddəti 18-30 ay çəkə bilir, balaların böyüməsi və təlimi ilə ana fərd məşğul olur. 
Sayı: Təqribən 500-700 fərd mövcuddur. 
Məhdudlaşdırıcı amillər: İnsan tərəfindən birbaşa təqib olunması və yaşayış yerlərinin daralmasıdır.
Mühafizəsi üçün həyata keçirilən tədbirlər: CİTES Konvensiyasının 2 №-li Əlavəsinə daxil edilmişdir.

Boz canavar/Canis lupus

Dəstə: Yırtıcılar – Carnivora
Fəsilə: İtlər – Canidae
Kateqoriyası və statusu: Hal-hazırda sayı qənaətbəxşdir.
Yayılması: Avropanın və Asiyanın çox isti olmayan bölgələrində boz canavarlar çoxluq təşkil edir. Ölkəmizdə bütün rayonlarında rast gəlinə bilir, lakin ən çox canavara Kür düzənliyində, Qızıl-Ağac körfəzinin sahillərində, Zaqatala-Laqadex qoruğunda rast gəlinmişdir.
Yaşayış yerləri və həyat tərzi: Canavarlar — monoqamik heyvanlardır. Cütləşmə qışda olur. Hamiləlik dövrü təxminən 65 gün çəkir. Aprel-may aylarında dişi canavar 4-8 bala gətirir. Altı aylıq canavarlar artıq özlərinə yem əldə edə bilirlər. Yedizdirmə və böyütmə prosesində bütün sürü iştirak edir. Canavarlar məməli heyvanlardır. Dırnaqlıları, gəmiriciləri və dovşanları ovlayırlar. Yay vaxtı quş, eləcə də giləmeyvə və yumurta ilə qidalanırlar.
Sayı: 2001-ci ildə Azərbaycanda canavarların sayı təxminən 988 baş olub. 2010-cu ildə onların sayı 5109 olaraq qeydə alınıb. Ötən ilin yekunları ilə bağlı məlumatda isə Azərbaycan ərazisində yaşayan canavarların sayı təxminən 15005 baş olaraq göstərilib.  
Məhdudlaşdırıcı amillər: İnsan tərəfindən ovlanması saylarının azalmasına səbəb olan əsas amildir.
Mühafizəsi üçün həyata keçirilən tədbirlər: CİTES Konvensiyasının 2 №-li Əlavəsinə daxil edilmişdir.

İmperator qartalı/Aquila heliaca


Dəstə: Qızılquşkimilər – Falconiformes
Fəsilə: Qırğılar – Accpitridae
Kateqoriyası və statusu: VU; II.1 
Yayılması: Azərbaycanda dağətəyi sahələrdə nəsil verir, düzənlərdə yaşayır
Yaşayış yerləri və həyat tərzi: Qaya, yarğan və seyrək ağac olan sahələrdə nəsil verir. Yuvasını aprel ayında tikir, hər il 2-3 ədəd yumurta verir, 43 gün kürt yatır. Balalar 55-60 günlük olanda uçur, amma yuvasını tərk etmirlər. Erkək quş yem daşıyır, ana quş balalarını yedizdirir. Daha çox leşlə qidalanırlar, eyni zamanda siçan dovşan və s. kimi məməliləri, bildirçin, ördək, iri ağnaz və s. kimi quşları (hətta yırtıcı quşları) ovlayırlar. 
Sayı: “Qırmızı Kitab”a istinadən XX əsrin axırına qədər sayı çox, XX əsrin ortalarında adi saylı, 1970-ci ildən sonra nadir olub, cəmi 12 cüt quş qeyd edilib. Son 10 ildə nəslinin kəsilmə təhlükəsi daha da çoxalıb, növün nəsilvermə dövründə (may-iyul) cəmi 5 cüt quş qeyd edilib: Turyançay Dövlət Təbiət Qoruğunda 1, Kiçik Qafqazın dağətəyi rayonunda 2, Zuvand Yasaqlığında 2.
Məhdudlaşdırıcı amillər: Uzun illər zərərli yırtıcı hesab edilərək ovlanması, seyrək dağətəyi meşələrdən hündür ağacların tam qırılması, yem bazasının zəifləməsi və zəhərlənməsi.
Mühafizəsi üçün həyata keçirilən tədbirlər: Ovlanması qadağandır. Respublikanın “Qırmızı Kitab”ına daxil edilib. CİTES, Bern və Bonn konvensiyalarına daxildir. Beynəlxalq miqyasda qorunur.

ETİMOLOGİYASI

Yer kürəsinin ən böyük gölü — Xəzər dənizi vahid Avroasiya materikinin iki böyük hissəsinin sərhəddində, geniş materik depressiyasında yerləşmişdir. O, həm də, bizim planetin ən böyük qapalı su tutarıdır.

Xəzər dənizi haqqında ən qədim məlumatlara Assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir və o, Cənub dənizi adlanır. Yunan tarix və coğrafiyaçısı Hekatey Miletskinin (e.ə.VI əsr) əsərlərində bu dəniz Kaspiy və Hirkan kimi adlanır. Birinci etnonim o zaman dənizin cənub-qərb sahillərində, müasir Azərbaycanın ərazisində yaşamış Kaspi xalqının adı ilə əlaqədardır. İkinci ad dənizin cənub-şərq küncündə yerləşmiş Hirkan ölkəsindən (farsca “canavarlar ölkəsi” deməkdir) yaranmışdır. Hər iki ad Herodot tərəfindən də istifadə olunur (e.ə.V əsr). Daha sonrakı qədim müəlliflər bu adlarla yanaşı Alban (albanlar etnonimi ilə əlaqədardır), Coşqun və Hirkan dənizi adlarını işlədirlər. Qədim rus əlyazmaları abidələrində Xəzər dənizi Göy (Monqol-Türklərdən götürülmüşdür), Xarəzm (Amudərya çayının aşağı vadisində yerləşən və ərazisi Xəzər dənizinə qədər uzanan Xarəzm dövləti ilə bağlı), Xvalın, Dərbənd və s. kimi adlandırılır. Xəzər ətrafında yaşayan xalqlar da bu dənizə müxtəlif adlar vermişlər, məsələn: ruslar-Xvalın, tatarlar-Ağ Dəniz, türklər-Kiçik Dəniz, çinlilər-Si Hay, yəni Qərb dənizi. Venesiya Respublikasının 1474-1477-ci illərdə İrandakı səfiri A.Kontarini onu Bakı dənizi adlandırmışdır. Rusiyada Kaspiy adı XVI əsrin əvvəllərində meydana gəlmişdir. Xəzər ətrafında yerləşmiş digər ölkələrdə bu su hövzəsi: Azərbaycanda-Xəzər (Xəzərlər V-X əsrlərdə dənizin şimal-qərb sahillərində məskunlaşmış türkdilli millətdir), İranda Mazandaran, Qazaxıstanda və Türkmənistanda Kaspiy dənizi kimi adlandırılmışdır. Bütövlükdə, müxtəlif vaxtlarda, müxtəlif xalqlar Xəzərə 70-ə qədər ad vermişlər.

FORMALAŞMASI VƏ FİZİKİ-COĞRAFİ SƏCİYYƏSİ

Formalaşması

Xəzərin formalaşması 10 mln. il əvvəl başlamışdır və bu müddətdə onun səviyyəsinin müxtəlif hündürlük və periodlu bir neçə transqressiya və reqressiya fazaları baş vermişdir. Üçüncü geoloji dövrdə (70 mln. il əvvəl başlamışdır) Pontoxəzər hövzəsinin Tetis okeanı və cənub dənizlərindən izolyasiyası və tədricən ayrılması başlamışdır. Pont dövrünün sonunda, orta pliosendə (10 mln. il əvvəl) müasir Qara və Xəzər dənizlərinin tutduğu ərazini əhatə edən, nəhəng və qapalı Sarmat dənizi müxtəlif hissələrə parçalandı, ayrıca izolyasiya olunmuş hövzə kimi Xəzər dənizi yarandı. Dördüncü dövrdə (500 min il əvvəl başlamışdır) Xəzər dənizi Kuma-Manıç çökəkliyi vasitəsi ilə Qara dənizlə birləşmişdir. Axırıncı geoloji dövrdə Xəzər dənizi səviyyəsinin dəyişmə amplitudası 300 m-ə yaxındır. Bəzi hallarda Şimali Xəzərin hamısı və Orta Xəzərin isə bir hissəsi tamam qurumuş, ancaq cənub Xəzər-Lənkəran çökəkliyi su ilə dolu olmuşdur.

Fiziki-coğrafi səciyyəsi

Xəzərin 6500-6700 km-lik (adalarla birlikdə 7000 km) sahil xəttində beş dövlət yerləşmişdir. Bu ölkələrin malik olduğu sahil xəttinin uzunluğu təqribən belədir: Azərbaycan Respublikası-955, Qazaxıstan-2320, İran İslam Respublikası-724, Rusiya Federasiyası-695, Türkmənistan-1200km.

Dəniz meridian boyunca S latın hərfi şəklində uzanmışdır, 47°17′ şimal enliyi və 36°33′ cənub uzunluğu koordinatları arasında yerləşmişdir. Meridian boyunca dənizin uzunluğu 1200 km-ə yaxındır, orta eni 310, ən böyük və ən kiçik enləri isə müvafiq olaraq 435 və 195 km-dir. Xəzər dənizi səviyyəsi periodik olaraq dəyişdiyindən onun səthinin sahəsi və sularının həcmi dəyişkəndir. Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -26,75 m aşağıdır. Dənizin bu səviyyəsində onun səthinin sahəsi 392.600 km2, sularının həcmi isə 78.648 km3-dir və bu həcm Yer kürəsindəki ümumi göl su ehtiyatlarının 44%-ni təşkil edir. Maksimal dərinliyi 1025 m-dir və bu baxımdan Dünya Okeanının Qara, Baltik, Sarı dənizləri ilə müqayisə oluna bilər, Adriatik, Egey, Tiren, Sulu və digər dənizlərdən isə dərindir.

Xəzərin su yığma hövzəsi 3,1-dən 3,5 mln. km2-ə qədərdir və bu ərazi dünya qapalı su hövzələrinin 10%-ni təşkil edərək şimaldan cənuba 2500 km uzanır, eni isə qərbdən şərqə 1000 km-ə yaxındır. Aşağıdakı 9 dövlətin ərazisi tamamilə və yaxud qismən bu hövzəyə daxildir: Azərbaycan, Qazaxıstan, Ermənistan, İran, Gürcüstan, Özbəkistan, Rusiya, Türkiyə və Türkmənistan. Su yığma hövzənin böyüklüyünə və qapalı olduğuna görə Xəzər dənizini Yer planetinin böyük ərazisinin iqlim indikatoru adlandırmaq olar.

Morfoloji quruluşu və fiziki-coğrafi şəraitinə görə Xəzər dənizini üç müxtəlif hissəyə bölmək qəbul olunmuşdur: Şimali, Orta və Cənub Xəzər. Şimali və Orta Xəzər arasında şərti sərhəd kimi Çeçen adası ilə Tüb-Karaqan burnunu, Orta və Cənub Xəzəri isə Çilov adası ilə Həsən-Qulu burnunu birləşdirən xətlər qəbul olunmuşdur. Təbii sərhəd kimi Şimali Xəzəri, Tüb-Karaqan yarımadasından başlanıb Qulalı sayı və sonra da Çeçen yarımadasına uzanan dayaz (10m), Manqışlaq astanası ayırır. Orta və Cənubi Xəzəri, Abşeron və Cələkən yarımadaları arasında uzanan sualtı yüksəklik — Abşeron astanası bölür. Sahəsinə görə Şimali, Orta və Cənubi Xəzərin sahəsi dənizin ümumi sahəsinin, müvafiq olaraq, 25, 36 və 39%-nə bərabərdir. Dənizin şimal, orta və cənub hissələrinin maksimal dərinliyi müvafiq olaraq 25, 788, 1025, orta dərinlikləri isə 4,4, 192 və 345 m-dir.

SAHİLLƏRİN QURULUŞU VƏ ADALARI

Xəzər dənizinin sahilləri dördüncü dövr çöküntülərindən yaranmışdır və özlərinin konfiqurasiyalarının müxtəlifliyi ilə fərqlənirlər. Şimal hissədə onlar dəyişməz və hamar, bəzi yerlərdə isə kəskin şəkildə girintili-çıxıntılıdırlar. Burada Qızlar, Həştərxan, Manqışlaq körfəzləri və çoxlu sayda xırda buxtalar yerləşmişdir. Aqraxan, Buzacı, Tüb-Karaqan və Manqışlaq yarımadaları xüsusi nəzərə çarpır. Volqa və Ural çaylarının mənsəbində sahil xətti, öz yerini dəyişən, çoxlu sayda adacıq və su axarlarının konfiqurasiyasından yaranmışdır. Dənizin orta hissəsi nisbətən hamar sahil xəttinə malikdir. Qərb sahilində, dənizin cənub hissəsi ilə sərhəddə, Abşeron yarımadası yerləşmişdir. Ondan şərqdə Abşeron arxipelaqının ada və sayları nəzərə çarpır. Bunların içərisində ən iriləri Pirallahı və Çilov adalarıdır. Abşeron sahillərindən cənubda Bakı arxipelaqının adaları yerləşmişdir: Xara-Zirə, Qum, Çiqil, Gil, Qarasu, Zənbil, Səngi-Muğan, Daş Zirə, Kür daşı və s. Orta Xəzərin şərq sahili daha girintili-çıxıntılıdır. Burada üzərində Kəngərli buxtası, Pesçannıy, Rakuşeçnıy və Sue burunları yerləşmiş Qazax körfəzi diqqəti cəlb edir. Bu sahilin ən böyük körfəzi Qar-Boğaz-Qoldur. Sadalanan adaların və dənizin cənub sahillərindəki bəzi sayların (Livanovo, İvanovo və s.) yaranması dənizin dibində yerləşmiş sualtı palçıq vulkanlarının fəaliyyəti ilə əlaqədardır.

Xəzərdə, irili-xırdalı, ümumi sahəsi 350 km2-ə bərabər olan 50-yə qədər ada vardır. Onların bir hissəsi yuxarıda sadalanmışdır. Cənubda, Hirkan körfəzi girişində iri Aşur-ada və bir sıra xırda adalar yerləşmişdir. Bu adalar keçən əsrdə Çar Rusiyasının istifadəsində idi və 1921-ci il fevralın 26-da Sovet hökuməti tərəfindən İrana verilmişdir. Səviyyənin dəyişməsindən asılı olaraq Aşur-ada adası dövri olaraq materiklə nazik dillə ya birləşir və ya da aralanır.

Dənizin Azərbaycan sahilləri çox yerdə akkumlyativ ovalıqlardan — şimalda Samur-Dəvəçi ovalığı, mərkəzi hissədə Kür-Araz ovalığının Cənub-Şərqi və Salyan düzləri, cənubda Lənkəran ovalığından ibarətdir. Samur çayı mənsəbindən Abşeron yarımadasınadək sahil xətti az girintili-çıxıntılıdır. Bu hissədə ancaq Samur çayının deltası və Giləzi dili dənizə tərəf kiçik çıxıntılar təşkil edir. Giləzi dilindən cənubda sahil xətti tədricən şərqə dönür və Sarıqayabaşı burnu yaxınlığından Köhnə Bilgəh (Amburan) burnunadək uzanaraq Abşeron yarımadasının şimal sahilini əmələ gətirir.

Böyük Qafqazın cənub-şərq kənarını tamamlayan Abşeron yarımadası Xəzər dənizinin qərb sahilində ən böyük yarımadadır (uzunluğu 60 km-dən çox, eni 30 km-ə qədərdir). Sahilləri çox yerdə girintili-çıxıntılıdır. Akkumlyativ buxtalar və bərk süxurlardan yaranmış burunlar (Köhnə Bilgəh, Şüvəlan, Gürgan və s.) var.

Burunların sahilləri qumludur və çimərlik baxımından çox yararlıdır. Yarımada ilə Pirallahı adası arasında damba tikilməsi (1941) nəticəsində keçmiş Abşeron boğazı yerində Şimali və Cənubi Abşeron körfəzləri əmələ gəlmişdir. Dənizə doğru 12 km məsafədə uzanan Şah dili Abşeron yarımadasının cənub-şərq qurtaracağıdır.

Abşeron yarımadasından cənuba, Kür çayı deltasınadək sahil xətti girintili-çıxıntılıdr. Bu hissədə bərk süxurlardan təşkil olunmuş Puta, Səngəçal, Ələt, Pirsaat burunları və palçıq vulkanı çöküntülərindən yaranmış Bəndovan burnu və onların aralarındakı körfəzlər (buxtalar) yerləşir. Şıx və Ələt burunları arasında sahil çox yerdə yüksəklik və təpələrdən (400 m-dək) ibarətdir. Bunların çoxu palçıq vulkanı mənşəlidir.

Kür çayının deltası Xəzərin qərb sahilində ən böyük deltadır. Qızılağac körfəzi və eyniadlı qoruq Kürün deltası ilə Sarı yarımadası arasında yerləşmişdir.

KÖRFƏZLƏRİ, ÇAYLARI VƏ LİMANLARI

Körfəzləri

Ümumiyyətlə götürdükdə, dəniz on iri körfəzə malikdir: Komsomolets, Manqışlaq, Qazax, Qara-Boğaz-Qol, Tərkmənbaşı (keçmiş Krasnovodsk), Türkmən, Qızıl-Ağac, Həştərxan və Qızlar. Xəzərin İran sahilində iki iri körfəz vardır: Hirkan (keçmiş Astrabad) və Ənzəli (keçmiş Pəhləvi).

Xəzər dənizinin nəhəng körfəzi — Qara-Boğaz-Qol xüsusi maraq kəsb edir. Dənizin səviyyəsindən asılı olaraq körfəzin sahəsi dövri olaraq dəyişir. Bu sətirlərin yazıldığı zaman onun sahəsi 25 min km2-ə yaxındır. Körfəz dənizlə eni 110-300 m arasında dəyişən və uzunluğu 8-10,5 km olan dar boğaz vasitəsi ilə birləşir. Qara-Boğaz-Qol körfəzinin səviyyəsi Xəzər dənizinin səviyyəsindən daimi aşağıdır. Səviyyələr arasındakı fərq dəyişəndir, dənizin səviyyəsindən asılıdır və 2-6 metr intervalındadır. Boğaz vasitəsi ilə körfəzə daimi su axını vardır və bu suyun hamısı körfəz səthindən buxarlanır. Hər il Xəzərdən körfəzə təqribən 8-10 km3, yəni 20-300 m3/san su axır (son məlumatlara görə bu rəqəm daha böyükdür). Bu su vasitəsi ilə dənizdən körfəzə 150 mln. ton duz daşınır. 1980-1984-cü illərdə körfəz süni damba vasitəsi ilə dənizdən ayrılmış, nəticədə Qara-Boğaz-Qol qurumuş və 18 min km2 ərazidə nəhəng duz vadisi yaranmışdır. İldə Qara-Boğaz-Qolun səthindən 1500 mm su buxarlanır, yağıntının miqdarı isə 70 mm/il keçmir. Ona görə də körfəzin suları əslində duzlardan doymuş məhlula bənzəyir. Onun duzluğu 300 ‰-dir və dəniz tipli duzların çöküntüsünü verən yeganə hövzədir. Qara-Boğaz-Qol körfəzi mirabilit, qalit, astraxanit və s. mineral duzlarla çox zəngindir. Hazırda körfəzdə natrium sulfat, bişofit, epsomit, qlaubor duzu, tibbi və dəniz duzu və müalicəvi xlorlu maqnium istehsal olunur.

Çayları

Xəzər dənizinə 130-dan çox çay axır. Onlardan ancaq doqquzunun mənsəbi delta xarakterlidir. Volqa Xəzərə tökülən ən böyük çaydır, onun çoxillik orta axımı 251-254 km3, uzunluğu 3531 km-dir. Rusiya ərazisindən Xəzərə axan digər iri çay Terekdir (orta illik axım 8,5-11,4 km3).

Xəzərin Azərbaycan ərazisindəki ən iri çayları aşağıdakılardır: Kür (orta illik axım-16 km3), Lənkərançay, Sumqayıtçay, Vəlvələçay, Qudyalçay, Astaraçay (Azərbayçanla İran sərhədində). Rusiyanın Azərbaycanla sərhəddində Samur (2,7 km3).

Xəzərin şərq sahillərində hidroqrafik şəbəkə yox dərəcəsindədir. Qazaxıstan ərazisindən Ural (illik axım 8,1 km3) və Emba çayları axır. 1920-ci illərdə Emba çayı bir neçə qolla dənizə tökülən geniş deltaya malik idi. 1930-cu illərdə dənizin səviyyəsinin dəyişməsi Emba çayının dənizə çatmaması ilə nəticələndi. Hazırda bu çay dənizə ancaq çoxsulu illərdə tökülür.

Türkmənistanda yeganə daimi su axarı Atrek çayıdır. Onun suyığma sahəsi 26,7 km2, uzunluğu  635 km-dir və bunun 500 km-ə yaxını İran ərazisinə düşür. Türkmən ərazisində Atrekin orta illik axını 240 mln. m3-dir. Çox vaxt aşağı axarında çay quruyur və ancaq yaz mövsümündə onun suları Xəzərə çatır. Xəzərin hövzəsi İranın ümumi suyığma hövzəsinin 12%-ni təşkil edir və ona cəmi çay axınlarının 5%-i düşür. Nisbətən iri çaylar aşağıdakılardır: Səfidrud (Ağ çay, uzunluğu 720 km), Həraz, Polerud, Babol, Calus, Hirgan, Teçan, Talar. 1040 km uzunluğa malik Araz çayı 300 km məsafədə Azərbaycan və İran arasında sərhəd rolunu oynayır və İranın ən şimal nöqtəsində sərhəd xəttindən öz istiqamətini dəyişir, Kür çayı ilə qovuşur.

Limanları

Xəzərin əsas limanları: Bakı (ən böyük), Türkmənbaşı, Həştərxan, Mahaçqala, Aktau, Atırau, Bəndər-Ənzəli, Nouşəhər.

İQLİMİ

Xəzər dənizi və onun ətraf əraziləri üzərində meteoroloji şərait və iqlim Avroasiya materiki üzərindəki atmosfer dövranlarının, dənizin sahil zonasının relyefi və su səthinin təsiri ilə formalaşır. Bir çox hallarda Xəzər üzərində sərbəst dəniz hava kütlələri formalaşır. Qışda əsasən soyuq Arktika havası şimaldan dəniz üzərinə daxil olur. Bu müddətdə, eyni zamanda İranın dağlıq ərazisindən də hava kütlələri dəniz üzərinə daxil olur və yüksək təzyiqə malik bu iki hava hərəkətinin toqquşması dənizin orta hissəsində siklonik hava dövranı yaradır. Bundan əlavə Qara və Aralıq dənizi siklonları da Xəzərə nüfuz edir. Yaz mövsümündə Sibir antisiklonu və Aralıq dənizi siklonu şərq və şimal-şərqə doğru irəliləməyə imkan tapır, nəticədə sinoptik proseslər və hava kütlələri tez-tez dəyişir. Yayda temperatur kontrastları hamarlaşır, atmosferin aşağı və yuxarı qatlarında dövran prosesləri zəifləyir. Bu mövsümdə Xəzər üzərindəki sinoptik proseslərə əsasən Azor maksimumu təsir edir. Payızın ortalarına doğru Azor maksimumunun təsiri azalmağa başlayır və şərqdən kontinental hava kütlələri daxil olur, atmosferdə qərb daşınması güclənir.

Xəzər nisbətən aşağı en dairəsində yerləşdiyindən onun səthinə intensiv günəş şüaları düşür, burada radiasiya balansı müsbətdir və onun qiyməti 60 kkal/sm2.

Xəzərin orta və cənub hissələrinin iqlimi mülayim və subtropik, şimal hissəsininki isə kontinentaldır.

Havanın temperaturu

Xəzər dənizinin özü (1300 km) və suyığma hövzəsi (3000 km) meridian boyunca xeyli uzandığından və kontinentin dərinliyində yerləşdiyindən onun iqlimində kəskin kontinentallıq xüsusiyyətləri vardır. Qış dövründə Xəzərin şimalında havanın orta aylıq temperaturu -8…-10° olduğu halda cənub hissədə temperatur müsbətdir: +8°…+10°C. Yay vaxtlarında havanın temperaturu şimaldan cənuba doğru nisbətən bərabərləşir (şimalda 24-25°, çənubda 26-27°C).

Küləklər

Xəzər və onun ətrafı üçün ən səciyyəvi hidrometeoroloji amil küləklərdir. Əsasən şimal istiqamətli küləklər müşahidə olunur, onlar bəzən qasırğa dərəcəli olur və sürətləri 35-40 km/san-yə çatır. Təkrarlanma tezliyinə görə müşahidə olunan ikinci küləklər şərq istiqamətlidirlər. Dənizin ən çox külək müşahidə olunan rayonları Abşeron yarımadası və Mahaçqala-Dərbənd əraziləridir. Orta və güclü küləklər əsasən payız və qış aylarında müşahidə olunur. Abşeronda Xəzri adı ilə yayılmış şimal istiqamətli küləklər səciyyəvidir.

Yağıntılar

Atmosfer yağıntıları Xəzərin akvatoriyasında bərabər paylanmır. İldə orta hesabla dəniz səthinə 100 mm yağıntı düşür. Yağıntının paylanmasında sahil zonasının relyefi həlledici rol oynayır. Şimalda yağıntının illik miqdarı 300, qərbdə 300-400-dən 600 qədər, cənub-qərb Xəzərdə 1600, şərq hissəsində isə 90 mm-ə qədərdir. Abşeron yarımadası rayonunda yağıntının illik miqdarı 200 mm-ə yaxındır.

Suyun temperaturu

Qışda Xəzər suları temperaturunun orta illik qiyməti şimal və cənub hissələrdə müvafiq olaraq 0° və 10°-yə yaxındır. Yayda bu kəmiyyətlər arasındakı fərq azalır, 25° və 26°C-yə çatır. Orta Xəzərin orta illik temperaturu 14-15, qış və yay temperaturları isə müvafiq olaraq 6-7 və 23-240C tərtibindədir. Böyük dərinliklərdə suyun temperaturu müsbət 5-6°C-dir və, demək olar ki, dəyişməyə məruz qalmır. Orta Xəzərin şərq şelfində, Bekdaş şəhəri rayonu şelfində, yay aylarında daimi mənfi temperatur anomaliyası müşahidə olunur.

Duzluq

Xəzər dənizinin duzluğu şimalda, Volqa çayı hövzəsində, 0,3%-dir, ona görə də Şimali Xəzər tipik şirinsulu dəniz hövzəsi kimi qəbul olunur. Ancaq, cənuba doğru duzluq sürətlə artmağa başlayır və cəmi 100 km məsafədə onun qiyməti 10%-ə çatır. Dənizin qərb hissəsində duzluğun illik orta qiyməti 12.5, şərq hissəsində isə 13.0%-dir. Bəzi hallarda cənub-şərqdə duzluq 13,5%-ə çatır, Qara-Boğaz-Qol körfəzində isə 300%-dən çoxdur. Dənizin duzluğu da mövsümdən asılı olaraq dəyişir. Belə ki, qışda Xəzərin duzluğu artır, yayda isə nisbətən azalır. Buna səbəb qışda Xəzər sularını duruldan Volqa çayının qışda donması və sularının azalmasıdır.

Axınlar

Xəzər suları daimi dinamik dövran edirlər. Ümumilikdə götürdükdə suların hərəkəti saat əqrəbinin əksi istiqamətində hərəkət edən siklonu xatırladır. Bununla birlikdə bəzi ünsürləri xüsusi qeyd etmək lazımdır. Şimali Xəzərdə axınları əsasən Volqa çayı yaradır və onlar əsasən cənub istiqamətlidir. Ümumiyyətlə götürdükdə Xəzər dənizində axınların yaranmasının əsas səbəbi küləkdir, yəni burada axınlar dreyf xarakterlidir. Dənizin şimal və cənub hissələri arasındakı temperaturlar fərqi sıxlıqlar fərqi yaradır. Axırıncı fərq qradient axınlarının yaranmasına səbəb olur. Qradient axınları əsasən qışda barizləşir. Səbəb bu mövsümdə şimal və cənub hissələri arasında temperaturlar fərqinin artmasıdır. Orta və Cənubi Xəzərdə səth axınları siklonik burulğanlar yaradır. Xəzərdə axınların sürətinin səciyyəvi qiyməti 15-20 sm/san-dir, ancaq bu qiymət Çilov adası ilə Neft Daşları arasındakı hissədə 100 sm/san-yə çatır.

Dalğalar

Xəzər daimi dinamik fəaliyyətdə olan dənizdir. İl ərzində Xəzərdə 250 gün orta və güclü küləklər əsir və bu da böyük uzunluq və hündürlüklü səth dalğaları yaradır. Noyabrdan mart ayına qədər müddətdə 6 bal gücündə dalğaların müşahidə olunması adi haldır. Hündürlüyü 8-10, uzunluğu isə 100-150 m-ə çatan ən güclü dalğalar Orta Xəzərdə, Abşeron yarımadası və Mahaçqala şəhəri rayonlarında müşahidə olunur. Nisbətən sakit müddət maydan avqusta qədər olan dövrdür.

Buzlaşma

Qış mövsümündə Şimali Xəzərin suları donur. Adi iqlim şəraitində dəniz noyabr ayının ortalarından donmağa başlayır. Donma sərhəddi Çeçen adası ilə Manqışlak yarımadasını birləşdirən xətdən keçir. Buzların dağılması və əriməsi fevral ayının ikinci yarısına təsadüf edir. Qışı sərt olan illərdə Abşeron sahillərinin də donması müşahidə olunmuşdur. Son 70 ildə 6 dəfə Abşeron yarımadası rayonunda donma və buzların dreyfi müşahidə olunmuşdur.

Səviyyənin dəyişməsi

Xəzər dənizini digər iri həcmli su tutarlarından fərqləndirən ən səciyyəvi xüsusiyyət onun səviyyəsinin geniş diapazonda daimi dəyişməsidir. Paleocoğrafi, arxeoloji və tarixi məlumatlara görə son 3 min ildə Xəzərin səviyyəsinin dəyişmə amplitudası 15 m-ə yaxın olmuşdur. Xəzər dənizi səviyyəsinin dəyişməsi üzərində müşahidələrin əsası 1837-ci ildə Bakı sahilində akademik C.Lents tərəfindən qoyulmuşdur. Müşahidələr dövründə qeydə alınmış ən yüksək səviyyə (-25,2 m) 1882, ən aşağı (-29,0 m) isə 1977-ci ildə qeydə alınmışıdr. Göründüyü kimi bu müddətdə səviyyənin ümumi enimi 3,8 m olmuşdur. Qeyd etmək lazımdır ki, bu ümumi enmə fonunda qalxmalar da müşahidə olunmuşdur. 1978-1995-ci illərdə isə 2,5 m qalxmış -26,5 m-ə bərabər qiymət almışdır.

Səviyyənin dəyişməsinin səbəbini izah etməkdə tədqiqatçılar arasında fikir ayrılığı vardır: iqlim və geoloji amillərə üstünlük verənlər. Bununla birlikdə xüsusi qeyd etmək lazımdır ki, geoloq alimlərin əksəriyyəti də iqlim amilinə üstünlük verirlər. Yəni, səviyyə dəyişimlərinin əsas səbəbi iqlim amilidir. Şübhəsiz geoloji və antropogen amilləri də nəzərə almaq lazımdır. İqlim amili öz təsirini Xəzərin su balansının gəlir (dənizə axan çayların suları və səthə düşən yağıntılar) və çıxar (səthdən buxarlanma) hissələrində göstərir. Balansın pozulması səviyyənin dəyişməsi ilə nəticələnir, yəni çay suları və yağıntının miqdarı səthdən buxarlanmadan çox olsa səviyyə qalxır və əksinə azalır.

Səviyyənin dəyişməsi əsasən iqlim proseslərindən asılı olduğundan və iqlimin proqnozunun verilməsinin hələlik mümkün olmadığından, səviyyə dəyişimlərinin uzunmüddətli proqnozunu vermək mümmkün deyil. Bu haqda verilmiş proqnozların hamısı ancaq ehtimal xarakteri daşıyır.

TƏBİİ RESURSLARI

Kurort-rekreasiya ehtiyatları

Xəzər dənizi sahil zonasının təbii mühiti insan istirahəti və müalicəsi baxımından çox yararlıdır. Bolluca günəş radiasiyası, uzun və geniş çimərliklərdəki narın qumlar və s. Burada kurort-rekreasiya imkanlarının Qafqazın məşhur Qara dəniz sahillərindən üstünlüyünə sübutdur. Ona görə də hələ 1983-cü ildə Azərbaycan və Dağıstanın dəniz sahili rayonlarında kurortların inkişaf etdirilməsi üçün SSRİ Nazirlər Kabineti “Xəzər dənizi sahillərində ümumittifaq əhəmiyyətli kurort bazasının yaradılması” haqqında qərar verdi. Azərbaycan sahil zonasının 680 km-i kurort-sanatoriya kompleksinin yaradılması üçün yararlı sayılmışdır. Xəzərin Azərbaycan sahil zonasının böyük turizm imkanları vardır. Birinci turist bazası Bakıda hələ 1958, Yalamadakı “Xəzər” turist bazası isə 1963-cü ildə yaradılmışdır. Hazırda Xəzər dənizi sahilləri Azərbaycan Respublikası vətəndaşlarının əsas istirahət zonalarıdır. Bu sahillərdə, xüsusən Abşeron yarımadasında, bağ və bağçılıq təsərrüfatları geniş yayılmışdır. Eyni zamanda təəssüflə qeyd etmək lazımdır ki, Xəzərin qızıl qumlu çimərlikləri, sahil zonasındakı mineral sular, müalicəvi palçıqlar və s. resurslar sistemsiz və faydasız şəkildə istfadə olunur.

Karbohidrogen ehtiyatları

Xəzərin Abşeron şelfində ilk neft quyusu 1820-ci ildə qazılmışdır. Ancaq 38 il sonra ABŞ-da, Pensilvaniya ştatında neft qazma işləri başlamışdır. Artıq XIX əsrin ortalarından Xəzər öz varlığının neft erasına daxil olmuşdur. 1913-cü ildə Azərbaycanda Çar Rusiyası imperiyası neftinin 83%-i istehsal olunur, XX əsrin əvvəllərində neft emalına görə Azərbaycan dünyada birinci yeri tutur. SSRİ dövründə Azərbaycanda ən çox neft 1941-ci ildə hasil olunmuşdur — 23 mln. ton. Xəzərdə ildə 10 mln. ton neft istehsal olunurdu. Dünyanın nüfuzlu proqnoz institutlarının məlumatına görə, Xəzər regionundakı neft və qaz kondensatın ehtimal ehtiyatları 18-20 mlrd. tona yaxındır. Sübut olunmuş neft ehtiyatları isə 10 mlrd. tondur və bunun 3 mlrd. tonu Xəzərin Azərbaycan sektoruna düşür.

Region digər mineral ehtiyatlardan tikinti daşları ilə, o cümlədən bəzək daşlarının qiymətli növləri və müxtəlif duzlarla zəngindir.

Bioloji ehtiyatlar

Xəzər dənizinin bioloji resursları böyükdür və praktiki olaraq qiymətsizdir, 1809 növ və qruplarda təmsil olunmuşlar. Onlardan 1069-u sərbəst yaşayır, 325 parazitik, 415 onurğalılar növünə daxildir. Xəzərdə qalıb, artan nərə balıqları bu növün dünya ehtiyatı və genofondunun əsasını təşkil edir və xüsusi əhəmiyyətə malikdir. Hazırda Xəzər dünyada bu növün yaşadığı əsas daxili sututarıdır, bu növün dünya balıq hasilatının 90%-i Xəzərə mənsubdur. Eyni zamanda voblı, sazana, sudaka kimi qiymətli şirin su balıqlarının ehtiyatına görə də Xəzər daxili sututarları arasında aparıcı yerlərdən birini tutur. Kütüm, kefal, leş, kilkə, karp, okuğ, losos, adi şuka kimi balıqlar da yaxşı qida və ticarət mənbəyidir, balıqçılar üçün xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Xəzər dənizində 101 balıq növü qeydə alınmışdır. Xəzərdə üçüncü dövr sarmat və pont dənizləri vaxtının faunası saxlanmışdır. Xəzər suiti yeganə məməli su heyvanıdır.

Qoruqlar və yasaqlıqlar

Xəzərin florası 728 növ və qruplardan ibarətdir. Çayların aşağı axarı və dənizin dayaz hissələri su bataqlıq quşları üçün qiymətli yem və yuva qurma yerləridir. Ramsar konvensiyasına əsasən onların mühafizəsi üçün Xəzərin sahil zonasında üç qoruq yaradılmışdır: Azərbaycanda — Qızılağac, Rusiyada — Həştərxan, Türkmənistanda — Xəzər (1994-cü ilə qədər Krasnovodsk).

Qızılağac qoruğu Azərbaycanın ucqar cənub-şərqində, Xəzər dənizinin eyniadlı körfəzində yerləşmişdir, sahəsi 180 ha yaxındır, 1926-cı ildə yaradılmışdır. Böyük və Kiçik Qızılağac hissələrinə bölünür. Xəzərdə məskunlaşmış 101 balıq növündən 54-nə burada rast gəlinir. Dənizdə su səviyyəsinin dəyişməsi körfəz-qoruğun hidroloji, hidrokimyəvi və bioloji rejiminə kəskin təsir göstərir. Qoruğun xaraterik nümayəndələri bunlardır: turac, qızıl qaz, ördəklər, su sonası, lısuxa, nırok, qağayılar və s.

Abşeron qoruğu 2005-ci ildə yaradılmışdır.

ÇAYLAR

Hidroqrafik cəhətdən Azərbaycan Respublikası Xəzər dənizi hövzəsinə aiddir. Respublikanın hidroqrafik şəbəkəsi (çayları, gölləri) uzun geoloji dövrdə yaranmış və bu müddətdə xeyli dəyişikliklərə uğramışdır. Hazırda rast gələn bir sıra qədim çay dərələrinin qalıqları buna misaldır. İndi də hidroqrafik şəbəkə təbii amillər və insanların təsərrüfat fəaliyyəti nəticəsində dəyişməkdədir. Süni su axarları (kanallar) və su anbarları da hidroqrafik şəbəkəyə aid edilir.

Azərbaycan Respublikasının hidroqrafik şəbəkəsinin əsasını çaylar təşkil edir. Respublikanın ərazisindən müxtəlif uzunluqda 8359 çay axır. Bunlardan 8188 çayın hər birinin uzunluğu 25 km-dən azdır. Uzunluqları 100 km-dən çox olan 24 çay vardır. Respublikanın ərazisindən axan ən böyük çaylar: Kür, Araz, Qanıx (Alazan),Qabırrı (İori), Samur, Tərtər, Türyan, Ağstafa, Həkəri, Viləş və s.

Respublikanın çayları 3 qrupa bölünür:

1) Kür hövzəsinin çayları, (Qanıx, Qabırrı, Türyan, Ağstafa, Şəmkir, Tərtər, Xaçın və s.); 
2) Araz hövzəsinin çayları (Arpaçay, Naxçıvan, Oxçu, Həkəri, Köndələnçay və s.);
3) Bilavasitə Xəzərə tökülən çaylar (Samur, Qudyal, Vəlvələ, Viləş, Lənkəran və s.).

Kür-Araz ovalığından Kür və Araz çayları axır. Bilavasitə Xəzərə tökülən çaylar Böyük Qafqazın, əsasən, şimal-şərq yamacından və Talış dağlarından başlayıb, Samur-Dəvəçi və Lənkəran ovalıqları ilə axır.

Çay şəbəkəsinin inkişafına və dəyişməsinə müxtəlif fiziki-coğrafi amillər — iqlim, relyef, geoloji quruluş, torpaq və bitki örtüyü təsir edir.

Yüksəkliyin artması ilə çay şəbəkəsinin sıxlığı əvvəlcə artır və müəyyən hündürlüyə çatandan sonra tədricən azalır. Ən sıx çay şəbəkəsi (1-2 km/km2), Talış zonası istisna olmaqla, orta dağlıq zonada 1000-2500 m hündürlükdədir. Talış zonasında isə (1,6-2,2 km/km2) 500-1000 m yüksəklikdədir. Ümumiyyətlə, Azərbaycan Respublikasının əzarisində çay şəbəkəsinin orta sıxlığı 0,39 km/km2-dir. Ovalıqlarda isə həmin kəmiyyət 0,05 km/km2-dən azdır.

Kür çayı hövzəsinin sahəsi (86.000 km2) Arazla qovuşana qədər Arazın hövzəsinin sahəsindən (101.937 km2) azdır. Lakin Kürün sululuğu Araz çayından iki dəfə çox olduğundan, onlar qovuşduqdan sonra da çay Kür adlanır.

Axım xüsusiyyətlərinə görə Azərbaycan Respublikasında çaylar üç qrupa bölünür:

1) daimi axan çaylar;
2) quruyan çaylar — axımı yazda qarlar əriyəndə və yağış yağdıqda yaranır;
3) müvəqqəti axan çaylar — axımı yalnız şiddətli yağıntılar zamanı olur.

Bu qruplar arasında fərq yaradan əsas amillərdən biri axına qarışan yeraltı suların miqdarıdır. Birinci qrup çaylara yeraltı sular daim axıb gəldiyi halda, ikincidə bu proses cəmi bir neçə ay davam edir. Üçüncü qrupda yeraltı suların rolu yoxdur.

Azərbaycan Respublikasının çaylarının qida mənbələri də müxtəlifdir. Çaylar əsasən qar, yağış və yeraltı sularla qidalanır. Böyük Qafqaz çaylarında qar, Kiçik Qafqazda yeraltı sularla qidalanma üstünlük təşkil edir.

Azərbaycan Respublikası Kür və Araz çaylarının aşağı və qismən orta axınında yerləşir.

Kür çayı Qafqazın ən böyük çayıdır. Onun uzunluğu 1515 km, sahəsi isə 188 min kvadrat kilometrdir. Kür çayı Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəkliyə malik sahədən başlayır. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə qovuşur.

Araz çayı ilə birləşənə qədər Kürün öz sahəsi 86 min kvadrat kilometr təşkil edir. Araz çayı Kürün ən böyük sağ qoludur. O, öz başlanğıcını Türkiyədə yerləşən Bingöl dağından 3300 m yüksəklikdən götürür. Ümumi uzunluğunun (1072 km) 364 km-i Türkiyənin ərazisinə mənsubdur. Ümumiyyətlə, Araz çayı Azərbaycanla Türkiyə və İran arasında sərhəd təşkil edir. Çayın axırıncı 80 km-i Azərbaycanın ərazisindən axır və Sabirabad şəhərin ərazisində Kür çayına tökülür.

Bu çaylar iqliminə görə yazda qar və yağış suları ilə, payızda isə yağış suları ilə gursululuq əmələ gətirən çaylar qrupuna daxildir.

Respublika çaylarının illik axımına atmosfer prosesləri böyük təsir edir. Fevraldan marta doğru hava temperaturunun intensiv artması 1500 m-dən artıq hündürlüklərdə qarın əriməsinə səbəb olur. Aprel və may aylarında yağışlar nəticəsində qarın əriməsi daha da sürətlənir. Çox yüksəkdə (2500-300 m-dən artıq) qarın intensiv əriməsi aprel-may aylarının əvvəllərində başlayır və iyunun axırlarında qurtarır. Qar örtüyü çayların su rejiminə yay aylarında da təsir edir. Belə ki, torpaq-qrunta hopub süzülən (infiltrasiya olan) qar suları yenidən səthə çıxaraq azsulu dövrdə çayların suyunu artırır. Alçaq çay hövzələrində (Talış sahəsi müstəsna olmaqla) yağıntının çox hissəsi yaz və yayın paylanmasına az təsir göstərir. Talış sahəsində əsas rütubət ehtiyatının çoxu ilin soyuq yarısında düşən yağışlardır. Respublika çayları yay aylarında azsulu olur. Bəzən iyul və avqust aylarında yağan leysan yağışları çaylarda güclü daşqın və sellər yaradaraq təsərrüfata böyük ziyan vurur. Güclü sellər Böyük Qafqazın Zəngəzur silsiləsinin cənub-qərb yamaclarındakı çaylarda müşahidə olunur. Böyük və Kiçik Qafqaz çaylarında axımın çox hissəsi ilin isti yarısında, Talış çaylarında isə ilin soyuq yarısında keçir. Əsas axımı (60-80%) ilin isti yarısında keçən çaylar üstünlük təşkil edir. Axımın il ərzində bu cür qeyri-bərabər paylanması onun təsərrüfat baxımından istifadə edilməsini çətinləşdirir. Ümumiyyətlə, su rejimi xüsusiyyətlərinə görə Azərbaycan Respublikasının çayları 2 qrupa bölünür: 1) gursulu və daşqın rejimli 2) daşqın rejimli. Daşqın rejimli çaylara Lənkəran təbii zonası çayları, Qobustan və müvəqqəti axan çaylar aiddir. Qalan çaylarda su rejimi fazası gursululuqdur.

Relyefin mürəkkəbliyi və başqa təbii amillərin təsiri ilə axım ərazi üzrə bərabər paylanmamışdır. Ərazidə axım modulu, ümumiyyətlə, hündürlüyə görə artır. Lakin bu artım müəyyən hündürlüyə qədərdir (Böyük Qafqazın şimal-şərq yamacıda 2800 m, cənub yamacında 2000-2200 m, Kiçik Qafqazda 2200-2400 m). Göstərilən hündürlükdən yuxarıda axım modulu azalır. Oroqrafik xüsusiyyətinə görə Talış sahəsində axım ilə orta yüksəklik arasında bir-birinə zidd iki qanunsuzluq var. Talış silsiləsində axım modulu hündürlüyə görə azalır. Peştəsər və Burovar silsilələrində isə artır.

Azərbaycan Respublikasının çoxsulu çayları Böyük Qafqazın cənub yamacındadır. Burada orta illik axım modulu 45 l/san. km2-dən artıqdır. Alazan-Əyriçay çökəkliyinə (Alazan-Həftəran vadisinə) doğru axım modulu 5 l/san; km2-ə qədər azalır. Böyük Qafqazın şimal-şərq yamacında orta illik axım modulu 18-20 l/san. km2-dən artıqdır. Axım modulunun hündürlüyə görə artması burada nisbətən bərabərdir. Axım modulunun intensiv artımı Yan silsilə ilə Baş Qafqaz silsiləsi arasındakı sahədə müşahidə edilir (Qusar, Qudyal, Vəlvələ və s. çayların yuxarı axınları). Orta illik axım modulu həmin sahədə 10-20 l/san. km2 arasında dəyişir. Mənbəyini yan silsilənin yamacından götürən çayların axımı Baş Qafqaz silsiləsindən başlanan çaylarınkından xeyli fərqlənir. Axımın artması burada daha şiddətli gedir və onun orta illik modulu 1000-2000 m yüksəkdə yerləşən sahədə 6-18 l/san. km2 arasında dəyişir. Bu atmosfer yağıntılarının çox düşməsi ilə əlaqədardır. Baş Qafqaz silsiləsindən Xəzər dənizi sahilinə doğru axım tədricən azalır (0,5 l/san. km2-ə qədər). Dənizkənarı ovalıqda şimal-qərbdən cənub-şərqə doğru axım tədricən azalaraq Abşeron yarımadasında 0-a çatır.

Kiçik Qafqazda axımın paylanması Böyük Qafqaza nisbətən olduqca mürəkkəb xarakter daşıyır. Bu, ərazinin oroqrafiyasının mürəkkəbliyi və dağ silsilələrinin müxtəlif istiqamətdə olmaları ilə izah edilir. Axımın ən yüksək kəmiyyəti Gamış və Qapıcıq dağlarının yamaclarından axan çaylarda müşahidə olunur. Burada axım modulu 28 l/san, km2-dən artıqdır. Atmosfer yağıntıları bəzi yerlərdə Qarabağ yaylasının məsaməli süxurları arasında itərək rayonu susuz sahəyə çevirir, bəzi yerlərdə isə bulaq şəklində səthə çıxaraq çayların sululuğunu artırır. Bu cəhətdən Tərtər, Həkəri və başqa çayların yuxarı axınları daha səciyyəvidir və onların yeraltı sular hesabına qidalanması illik axım həcminin 70-80%-ə qədərini təşkil edir. Kiçik Qafqazın cənub-şərqində (Qarabağ silsiləsindən başlayan çay hövzələrində) axım modulu 0,8-dən 22 l/san. km2-ə qədər, Naxçıvan MR-da isə 0,5-dən 10 l/san. km2-ə qədər dəyişir. Arazboyu düzənliklərə doğru axım modulu 0,5 l/san. km2-dən aşağı düşür. Talış sahəsində axım modulu şimaldan cənuba və qərbdən şərqə doğru artır. Axımın maksimum kəmiyyəti (25 l/san, km2-dən çox) ərazinin mərkəzi hissəsində Təngərud və Astara çayları hövzələrində minimal kəmiyyəti isə (0,5-0,8 l/san. km2) ərazinin Viləş çayından şimaldakı hissəsində, həmçinin Lənkəran və Viləş çaylarının mənbələrində müşahidə olunur. Azərbaycan Respublikasının azsulu sahələri Qobustan, Naxçıvan MR və Kür-Araz ovalığıdır.

Azərbaycan Respublikasının çayları çoxlu xırda səpinti və müxtəlif qırıntı materialları axıdır. Həmin materiallar çay hövzələrində gedən yuyulma prosesinin nəticəsidir. Azərbaycan Respublikasının çayları bulanıqlıq dərəcəsi ən böyük olan çaylardandır. Bulanıqlıq dərəcəsinin orta illik miqdarı ərazi üzrə 0,07 ilə 9,8 kq/marasında dəyişir. Onun minimumu Qarabağ yaylasında, maksimumu isə Böyük Qafqazın cənub yamacında müşahidə edilir. Ən intensiv səthi yuyulma Böyük Qafqazın cənub yamacında (1000-6800 t/km2), ən zəifi isə Qarabağ yaylasında (5-10 t/km2) müşahidə edilir. Böyük Qafqaz çaylarının sutoplayıcı sahələrində səthi yuyulmanın intensivliyi (0,53 mm/il) Kiçik Qafqaz (0,03 mm/il) və Talış (0,04 mm/il) çaylarının sutoplayıcısında olduğundan təqribən 13 dəfə çoxdur.

Çayların su ehtiyatı və istifadəsi

Azərbaycan Respublikasının çaylarının çoxillik orta su ehtiyatı 10,3 mlrd. m3-dir. Bu, respublika ərazisinə qonşu dövlətlərdən daxil olan su ehtiyatı (20,6 mlrd. m3) ilə birlikdə 30,9 mlrd. m3 təşkil edir. Respublikanın hər kvadrat km ərazisinə 90 min m3 ehtiyatı düşür. Adambaşına düşən suyun miqdarı ildə 1270 m3 təşkil edir. Su ehtiyatının böyük hissəsi Kür çayı hövzəsinin payına düşür. Çayların su ehtiyatının il ərzində və ərazi üzrə qeyri-bərabər paylanması ondan istifadəni xeyli çətinləşdirir və ilbəil artmaqda olan su tələbatını ödəyə bilmir. Bu vəziyyət çayların axımını tənzimləməyi tələb edir. Hazırda respublikada hər birinin həcmi 1 mln. m3-dən artıq olan 60-dan çox su anbarlarında 21 mlrd. m3-ə qədər su toplanmışdır. Bu sulardan xalq təsərrüfatının müxtəlif sahələrində (suvarma, su təchizatı, sənaye, balıqçılıq və s.) istifadə edilir. Suya tələbatın ödənilməsində Orta Kür su anbarları kaskadının yaradılması diqqəti cəlb edir. Müasir dövrdə məhdud olan su ehtiyatlarının təmizliyini qorumaq və onların sənaye və kommunal məişət tullantıları ilə çirkləndirilməsinə qarşı mübarizə məqsədi ilə ciddi tədbirlər görülür.

Kanallar

Azərbaycan Respublikasındakı kanallardan, əsasən, suvarma məqsədi üçün istifadə edilir. Suvarma kanallarının ümumi uzunluğu 47058,8 km-dir. Bunun 8580,3 km-i təsərrüfatlararası, 38478,5 km-i təsərrüfatlardaxili kanallardır. İl ərzində suvarma mənbələrindən kanallar vasitəsilə suvarma məqsədi üçün 11 mlrd. m3-ə qədər su götürülür. Respublikada suvarılan torpaqların ümumi sahəsi 1,4 mln. ha-dır (1988).

GÖLLƏR VƏ SU ANBARLARI

Azərbaycan Respublikasında 250-yə yaxın göl var. Bunların əksəriyyəti kiçikdir. Hacıqabul, Sarısu, Masazır, Candargöl və s. nisbətən böyük göllərdir. Orta və yüksək dağlıq ərazilərdə göllərin (Kürəkçay hövzəsindəki Göygöl və Maralgöl, Şəmkir çayı hövzəsindəki Göygöl, Böyük və Kiçik Alagöllər) gözəl mənzərəsi var. Respublikanın gölləri erozion-buzlaq, erozion-çay, tektonik və abrazion mənşəlidir. Abşeronda bir sıra axarsız və şor relikt göllər var. Yayda bunların xeyli hissəsi quruyur və şoranlığa çevrilir. Dağ göllərindən mal-qaranın suvarılmasında, Hacıqabul, Sarısu, Ağgöl və s.-dən balıqçılıqda və qismən suvarmada, Abşeronun şor göllərindən kimyəvi maddələrin alınmasında, həmçinin müalicə palçığından istifadə edilir. Çayların yuxarı axınındakı göllər Batabat qrupu, Qanlıgöl (Naxçıvan çayı hövzəsi), Göygöl (Şəmkir çay hövzəsi) və s. süni su anbarlarına çevrilmişdir. Onlar yayda çayları əlavə su ilə təchiz edir.

Su anbarları

Çayların axımını tənzimləmək məqsədi ilə 60-dan artıq su anbarı tikilmişdir. Su anbarlarının yaradılması su ehtiyatı və enerjisindən səmərəli istifadə üçün görülən əsas tədbirlərdəndir. Böyük su anbarları (“Mingəçevir”, “Şəmkir”, “Araz su qovşağı”, “Sərsəng”) kompleks əhəmiyyətə malik olduğu halda, digər su anbarlarının əksəriyyəti irriqasiya məqsədi ilə tikilmişdir.

Buzlaqlar

Azərbaycan Respublikası ərazisində buzlaqlar çox azdır. Baş Qafqaz silsiləsinin Bazardüzü (sah. 3,62 km2), Bazaryurd (1 km2), Tufan (0,51 km2) və Şahdağ (1,08 km2) zirvələrində buzlaqlar var. Buzlaqlardan başqa, nisbətən geniş yer tutan və yayda əriməyən qar qalıqlarına rast gəlinir. Bunlar okean səviyyəsindən 4000 m-dən çox hündürlükdə yerləşir.

EKOLOJİ DURUM

Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.

Bu baxımdan, ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə respublikamızda Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul olunmuş, normativ-hüquqi sənədlər, dövlət proqramları hazırlanmış və təsdiq edilmişdir. Respublika üçün aktual olan ekoloji problemlərin dayanıqlı inkişaf prinsipləri əsasında həll edilməsi məqsədilə müvafiq dövlət proqramları çərçivəsində tədbirlər görülür.

Lakin, uzun illərdən bəri yığılıb qalmış ekoloji problemləri iqtisadi keçid dövründə olan Azərbaycan Respublikasının daxili imkanları hesabına həll etmək mümkün deyildir.

Azərbaycan Respublikasının əsas ekoloji problemləri aşağıdakılardan ibarətdir:

  • su ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsi, o cümlədən transsərhəd çirklənməyə məruz qalması;
  • yaşayış məntəqələrinin keyfiyyətli su ilə təminatının aşağı səviyyədə olması, şirin suların tələbatçılara çatdırılana qədər itkisinə yol verilməsi, kanalizasiya xətlərinin azlığı;
  • sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsi;
  • münbit torpaqların deqradasiyaya uğraması (eroziya, şoranlaşma və s.);
  • bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə idarə olunmaması;
  • biomüxtəlifliyin seyrəkləşməsi;
  • meşə ehtiyatlarının, faunanın, o cümlədən balıq ehtiyatlarının azalması.
BİOLOJİ MÜXTƏLİFLİK

Bioloji müxtəliflik yer üzərində bütün canlıların — mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. Azərbaycan Respublikası Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir. Azərbaycan Respublikasının ərazisində 9 iqlim zonası üzrə 4500 növə kimi ali bitkilər qeydə alınmışdır ki, bu da Qafqazın növ tərkibinin 64%-ni, keçmiş ittifaqın bütün florasının 24%-ni təşkil edir. Respublikada rast gələn 600 növ endemik bitkilərdən 168-i Azərbaycan, 432 növü isə Qafqaz florasına aiddir.

Azərbaycan Respublikasının “Qırmızı kitabı”na 140 nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növü daxil edilmişdir.

Respublika ərazisində faunanın 18 min növü qeydə alınmışdır. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşaratların 15 minə yaxın növünü əhatə edir.

Azərbaycan Respublikasının “Qırmızı kitabı”na məməlilərin 14 (ceyran, bəbir, bezoar keçisi, dağ qoyunu və s.), quşların 36 (turac, dovdaq, ütəlği, bəzgək, ərsindimdik və s.), balıqların 5 (ilanbalığı, qızılxallı, poru və s.) amfibiya və reptiliyaların 13 (adi triton, Suriya sarımsaqiyli qurbağa, eskulap ilanı), həşaratların 40 növ və yarımnövləri (Talış kökyeyəni, Apollon, Xrizip, Talış brameyası və s.) daxil edilmişdir. Bioloji növ müxtəlifliyinin əsas səbəbi regionun geoloji tarixi və müxtəlif iqlim şəraitinin olmasıdır.

Bütün dünyada vəhşi təbiətin qorunması və öyrənilməsində xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi ekosistemin qorunub saxlanılmasında mühüm rol oynayır. Məhz, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyəti nəticəsində nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin qorunub saxlanılmasına imkan yaranmışdır.

MEŞƏLƏR

Azərbaycan Respublikası ərazisinin ümumi sahəsi 86,6 milyon hektardır. Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.

Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri — mineral xammalın, suyun, enerjinin, torpaqların yerləşməsidir. Onların arasında meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır.

Respublika meşələrinin əksər sahələri (85%) Böyük Qafqazda, Kiçik Qafqazda və Talış dağ bölgəsində yerləşir.

Meşələrin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir (palıd, fıstıq, vələs, cökə, ağcaqayın və s.). Respublikanın meşələrinin müxtəlifliyi, onun yayılması iqlim, torpaq, müxtəlif hündürlük qurşaqlarından və digər şəraitdən asılıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə siyasətini Meşələrin İnkişafı Departamenti vasitəsi ilə həyata keçirir.

Departament dövlət meşə fondunun ərazisində meşələrin qorunub mühafizə olunmasını, meşəbərpa və meşəsalma işlərinin, əkin-materialının yetişdirilməsini, meşə ağac və kol cinslərinin toxumlarının tədarükünü, meşə fondunun dövlət uçotunun və meşə kadastrının aparılmasını, meşələrə xidmət işlərinin və digər meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsini, meşədən əlavə istifadə və yardımçı kənd təsərrüfatı sahələrinin məqsədyönlü və səmərəli aparılmasını təmin edir. Meşə təsərrüfatı tədbirlərinin, meşələrin torpaq qoruyucu, su saxlayıcı, mühit təmizləyəci, sanitar gigiyenik və digər faydalı funksiyaların yüksəldilməsi istiqamətində aparılmasını təmin edir, ətraf mühit üçün xüsusi əhəmiyyət kəsb edən elmi mədəni və rekreasiya əhəmiyyətli təbiət komplekslərinin və obyektlərinin, bioloji müxtəlifliyin, eləcə də meşə fondunda yayılmış fauna növlərinin qorunması, meşə toxumçuluğu işlərinin aparılması zamanı genofondun saxlanması, artırılması istiqamətində tədbirlər həyata keçirir.

Meşələrin İnkişafı Departamentinin tabeliyində 34 Regional Meşə Mühafizəsi və Bərpası Müəssisəsi, 3 Meşə Salma Müəssisəsi, 3 Regional Meşə Tingliyi Müəssisələri (Zərərvericilər və Xəstəliklərə qarşı Mübarizə Mərkəzi və Elmi Tədqiqat Meşəçilik İnstitutu) fəaliyyət göstərir.

Nazirliyin yarandığı vaxtdan, 2001-ci ilin mayından başlayaraq Respublikanın bütün ərazilərində meşəbərpa, meşəsalma, əkin materialı yetişdirmə, toxum tədarükü və digər tədbirlərin həcmi xeyli genişləndirilmişdir.

Azərbaycan xalqının ümummilli lideri H.Ə.Əliyevin 26 dekabr 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılmışdır ki, dövlət və yerli özünüidarəetmə orqanlarını və elmi təşkilatları cəlb etməklə ölkədə meşələrin bərpa edilməsinə və artırılmasına dair, Milli Proqram hazırlayıb baxılmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin.

Bununla yanaşı, eyni zamanda tapşırılmışdır ki, ardıcıl olaraq ekoloji cəhətdən dayanıqlı, sosial-iqtisadi inkişafa və heyvandarlığın və əkinçiliyin inkişafı ilə əlaqədar olaraq yay-qış otlaqlarının və biçənəklərin səmərəli istifadə olunması, torpaqların dağ yamaclarında, dərə və yarğanlarda çay məcralarında eroziyaya uğramasının, dağətəyi və düzən rayonlarda şoranlaşmanın qarşısının alınmasına dair Milli Proqramlar hazırlayıb aidiyyatı üzrə təqdim etsin.

Prezident fərmanının icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Meşələrin bərpa edilməsinə və artırılmasına dair” hazırladığı Milli Proqramın layihəsi müvafiq düzəliş və əlavələrlə 18 fevral 2003-cü il tarixdə 1152 saylı Prezident Sərəncamı ilə təsdiq edilmişdir.

Bu proqrama əsasən ölkəmizin bütün regionlarında (2003-2008-ci illərdə) 69.700 ha sahədə meşələr bərpa olunmuşdur və yeni meşəliklər salınmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı vaxtdan, 2001-ci ilin mayından başlayaraq ardıcıl, düzgün ekoloji siyasət apararaq Respublikada meşələrin bərpa edilməsi və yeni meşə massivlərinin yaradılması, şəhərətrafı qəsəbələrin, şosse və magistral yollarının ətrafının yaşıllaşdırılması və arid zonalarda qoruyucu meşə massivlərinin yaradılması sahəsində irimiqyaslı işlərə başlamışdır. Bununla əlaqədar Respublikanın arid zonalarında meşə və yaşıllıqların salınması ən çətin olduğu şəraitlərdə 3 meşəsalma və 4 regional meşə tingliyi müəssisələri yaradılmışdır (Naxçıvan, Abşeron, Quba və Kür).

Yeni yaradılmış Meşə Salma Müəssisələrinin və Respublikanın digər bölgələrində fəaliyyət göstərən Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin gücü ilə 2002-ci ildə 7753 ha, Milli Proqramın icrasına uyğun olaraq 2003-cü ildə isə 8721 ha sahədə meşəbərpa işləri aparılmış və yeni meşəliklər salınmışdır. Bu göstəricilər 2000-2001-ci illərdə yerinə yetirilən meşəbərpa və meşəsalma işlərinin həcmindən, müvafiq olaraq 1,6-1,9 dəfə çoxdur.

Müxtəlif çeşiddə əkin materiallarının yetişdirilməsi sahəsində də məqsədyönlü işlər görülmüşdür.

Belə ki, 2002-ci ildə qiymətli ağac və kol cinslərindən 12 milyon ədəd, 2003-cü ildə 32 milyon ədəd əkin materialı yetişdirilmişdir. Bu 2000-2001-ci illərdə yetişdirilən əkin materiallarının həcmindən müvafiq olaraq 2-5 dəfə çox olmuşdur.

Meşəbərpa və meşəsalma işlərinin həcmi 2004-cü ildə artırılaraq 9000 hektara, əkin materiallarının yetişdirilməsi isə 35 milyon ədədə çatdırılması proqnozlaşdırılmışdır. Vaxtında aparılan təşkilati tədbirlərin nəticəsində 35 milyona qarşı 40 milyon əkin materialı yetişdirilmiş, 3700 ha sahədə yeni meşə salınmış 5403 ha sahədə təbii bərpaya kömək tədbirləri aparılmışdır.

2005-ci ilin yekun hesabatlarına görə, ötən hesabat ilində 9500 hektar meşəbərpa tədbirlərinə qarşı 9737 hektar sahədə meşəbərpa tədbirləri aparılmışdır. Bundan 3860 hektarı yeni meşələrin salınmasıdır. Qalan 5877 hektarı təbii bərpaya kömək tədbirləridir. 35 mln. ədədə qarşı 38 mln. ədəd əkin materialı yetişdirilmişdir. Bu göstəricilər 2000-2001-ci ilin göstəricilərindən meşəbərpa tədbirləri üzrə 2-2,5 dəfə, əkin materiallarının yetişdirilməsi üzrə isə 6-10 dəfə çoxdur.

“Meşələrin bərpa edilməsinə və artırılmasına dair Milli Proqram”ın tələblərinə uyğun olaraq 2006-cı ildə meşəbərpa tədbirlərinin plan-proqnozlərı artırılaraq 10 min hektara çatdırılmışdır. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.

2013-cü ildə 10131 hektar sahədə meşəbərpa tədbirləri, o cümlədən 2746 hektar sahədə meşə əkini və səpini işləri yerinə yetirilib. Meşələrin təbii bərpasına kömək tədbirləri isə 7385 hektar sahədə aparılıb.

MİLLİ PARKLAR

Milli Parklar — xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

Adı: Hirkan Milli Parkı
Yaradıldığı il: 2004
Sahə (hektar): 40358
Olduğu yer: Lənkəran və Astara rayonlarının ərazisində.
Qısa məlumat: Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində yaradılmışdır. Milli Park Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir. Hirkan Milli Parkının ərazisinin çox hissəsi meşələrlə örtülüdür. Burada ən isti ayın orta temperaturu 270° S olur. Hirkan Milli Parkının ərazisi şaquli qurşaq üzrə çox ucalmasa da (1000 m-ə qədər), şərqdən qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini müşahidə etmək olar: aşağı hissədə əsasən, şabalıdyarpaq palıd, dəmirağac və vələsin (İpək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, Azat, və s. ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılmışdır. Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fısdıq meşələri əvəz edir. Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılmışdır. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmişdir. Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşların adları Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmişdir. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və s. növlərə rast gəlmək olar.

Adı: Şirvan Milli Parkı
Yaradıldığı il: 2003
Sahə (hektar): 54373,5
Olduğu yer: Salyan, Qaradağ və Neftçala rayonlarının ərazilərində. 
Qısa məlumat: Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır. Milli Parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəlikləri və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir. Milli Parkın ərazisində qaraşoranlı, şahsevdi və duzlaq-çoğanlı, yarımsəhra bitkiləri və çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli, sahil qumlu və çala-çəmən (dəvəotlu) bitki formasiyaları üstünlük təşkil edir. Şirvan Milli Parkının ərazisində 4 növ suda-quruda yaşayan heyvanlara rast gəlinir. Bunlar Suriya sarımsaqiyli qurbağa (Pelobates syriacus), yaşıl quru qurbağası (Bufo viridis), Kiçik Asiya ağac qurbağası (Hyla arborea savigini) və göl qurbağasıdır (Rana ridibunda). Suriya sarımsaqiyli qurbağa nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün “Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmişdir, qanunla qorunur. 

Şirvan Milli Parkının heterofaunasını 17 növ sürünən heyvanlar təşkil edir. Aralıqdənizi və ya quru tısbağası nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün “Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmişdir, qanunla qorunur. Cənubi Qafqaz gürzəsi Milli Parkın ərazisində geniş yayılmış sürünən növlərdəndir. Tibbi xammal olan zəhərinə görə gürzə ilanları qiymətli sürünən növü hesab olunur. Quşların miqrasiyası və qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər (Anas platyrhynhos), fitçi cürə (A.crecca), boz ördək (A.strepera), marek (A.penelope), bizquyruq (A. aguta), cırıldayan cürə (A. querqudela), enliburun ördək (A. clypeata), flaminqo (Phoenicopterus ruber), fısıldayan qu (Jygnus cygnus), qaşqaldaq (Fulica atra), dərin su sahələrində isə qırmızıburun (Netta rufina), qırmızıbaş (Aythya ferina), kəkilli (A. fuligula) və dəniz dalğıcları (A.marila), güləyən ördək (Bucephala clangula) və digər ördək növləri toplantılar əmələ gətirirlər. Göstərilən biotoplarda iyrəncələrə (Podicipedidae), qutanlara (Pelcanidae), qarabattaqlara (Phalacrocoracidae) və qağayılara (Laridae) rast gəlinir. Göllərin ətrafındakı açıq bataqlıq sahələrdə, dənizsahili nəmli qumsallıqlar və laqunalarda çovdarçılar (Jharadridae), bizdimdiklər (Recurvirostridae) və bekaslar (Scolopacidae) toplantılar əmələ gətirir. Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın “Qırmızı Kitabı”na, 10-u ancaq “Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı”na, 10-u isə həm Azərbaycanın “Qırmızı Kitabı”na (1989), həm də “Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı”na (2002) daxil edilmişdir. Ceyran, safsar və çöl pişiyi respublikamızın “Qırmızı Kitabı”na daxil edilmişdir. Xəzər suitisi, ceyran və safsar “Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı”nda müxtəlif statusla qorunan növlər elan edilmişdir. Bütün yarasa növləri EUROBATS Sazişinə görə mühafizə olunurlar.

Adı: Ağ göl Milli Parkı
Yaradıldığı il: 2003
Sahə (hektar): 17,924
Olduğu yer: Ağcabədi və Beyləqan rayonlarının ərazisində. 
Qısa məlumat: Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sına və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Ağ göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, 2001-ci il 25 may tarixində “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının “Ramsar Siyahısı”na daxil edilmişdir. Ağ göl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin monitorinqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir. Göl əsasən qamışlıqlarla əhatə olunmuşdur. Milli Parkın ərazisində yayı quraq keçən yarımsəhra və quru bozqırların mülayim-isti iqlim tipi hakimdir. Belə iqlim şəraiti (gölün suyunun bəzən qışda donması müstəsna olmaqla) burada quşlar və məməlilərin məskunlaşması üçün əlverişli şərait yaradır. Ağ göl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabattaqlar, harayçı və fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və s. məskunlaşmışdır. Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin güclü populyasiyasına təsadüf olunur.

Adı: Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı


Yaradıldığı il: 2009
Sahə (hektar): 42797,4
Olduğu yer: Kiçik Qafqaz və Naxçıvan Muxtar Respublikası ərazisində.
Qısa məlumat: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131,0 hektar sahəsində Ordubad Milli Parkı yaradılmışdır. Milli Parka akademik Həsən Əliyevin adı verilmişdir. 2009-cu il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. Eyni sərəncamla Milli Parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılmışdır. Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27870,0 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir. Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gəmiqaya Zəngəzur Milli Parkının ərazisində olmaqla 3906 metrdir. Bu, eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir. Zəngəzur silsiləsinin sonuncu üçüncü hissəsi Soyuq dağdır ki, o da Zəngəzur Milli Parkının ərazisinə daxildir. Soyuq dağın mütləq yüksəkliyi 2000-3000 metr arasında tərəddüd edir. Zəngəzur Milli Parkının ərazisinin çox hissəsi dağlıqdır. Yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvar ayında 3-10°C-dək, iyulda 10-25°C-dəkdir. İllik yağıntı 300-800 mm-dir. Zəngəzur Milli Parkının su şəbəkəsini, əsasən, ərazidən axan çaylar təşkil edir. Ordubad rayonunun ərazisində çay şəbəkəsi bərabər inkişaf etməmişdir. Ərazidən axan çaylardan Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay, Ordubadçay, Gənzəçay, Kotamçay, Kilitçay öz mənbələrini bulaqlardan, yağış və qar sularından götürür. Başlanğıcını Göy-göldən götürən Sağarsu çayı Gilançaya tökülür. Naxçıvan Muxtar Respublikası ərazisində 38 növ və yarımnöv sürünənlər mövcuddur. Bunlardan 5 növ tısbağa, 12 növ və yarımnöv ilanlara rast gəlmək olar. Naxçıvan Muxtar Respublikası öz quş faunasının zənginliyinə görə Azərbaycan Respublikasında özünəməxsus yer tutur. Ərazidə 217 növ və yarımnöv quşa rast gəlinir ki, bunlardan 15 növü “Qırmızı Kitab”a daxil edilmişdir. Naxçıvan Muxtar Respublikasında 62-yə qədər məməli heyvan növünə və ya yarımnövünə təsadüf edilir. Bunlardan 32 növ və ya yarımnövə Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisində rast gəlinir. Naxçıvan Muxtar Respublikası ərazisində 12 növ yırtıcı heyvan yayılmışdır. Bunlardan Milli Parkın ərazisində canavar, çaqqal, adi tülkü, zolaqlı kaftar, daşlıq dələsi, porsuq, meşə pişiyi və s. rast gəlmək mümkündür. Azərbaycan sularında 100-dən artıq balıq növü yaşayır. Bunlardan Naxçıvan sularında 16 növ balığın olması müəyyən edilmişdir. Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi ali və nadir bitkilərə görə də zəngindir. Belə ki, Muxtar Respublika ərazisində bitən 110 növ ali və nadir bitkidən 77 növü Milli Parkın və yasaqlığın ərazisində mövcuddur və əksəriyyətinin adları “Qırmızı Kitab”a daxil edilmişdir. Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi fauna və floranın zənginliyi ilə yanaşı, həm də təbii və tarixi abidələr diyarıdır.

Adı: Abşeron Milli Parkı


Yaradıldığı il: 2005
Sahə (hektar): 783
Olduğu yer: Bakı şəhərinin Xəzər rayonunun ərazisində,
Abşeron yarımadası.
Qısa məlumat: Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə 783 hektar sahədə, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılmışdır. Milli Park yarımadanın cənub-şərq qurtaracağında — Şah Dili ərazisində yerləşir. Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir. Abşeron Milli Parkının heyvanat aləmi çox zəngindir. Quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıbaş qazlar, bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s., məməli heyvan növlərindən isə ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşmışdır. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində xeyli miqdarda Xəzər suitisi yayılmışdır. Bu növ, pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi “Ginnes”in rekordlar kitabına daxil edilmişdir.

Adı: Altıağac Milli Parkı
Yaradıldığı il: 2004
Sahə (hektar): 11035
Olduğu yer: Xızı və Siyəzən rayonlarının ərazilərində.
Qısa məlumat: Altıağac Milli Parkı Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan dövlət meşə fondu torpaqlarının bazasında 11035 hektar ərazidə yaradılmışdır. Milli Parkın yaradılmasının başlıca məqsədi Böyük Qafqazın cənub-şərqi yamaclarının təbii landşaftlarının qorunub saxlanılması, flora və fauna növlərinin bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi və eləcə də, turizm və istirahət (rekreasiya) üçün şərait yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir. Milli Parkın ərazisində qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-çəmən və s. torpaq tipləri yayılmışdır. Ərazidə qışı quraq keçən mülayim-isti və yayı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. Milli Parkın ərazisinin çox hissəsini meşələr əhatə edir. Buradakı meşələri əmələ gətirən əsas ağac növləri Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fısdığı, adi göyrüş, itiyarpaqlı ağcaqayındır. Burada yemişan, böyürtkən, əzgil, qaratikan, itburnu və s. kimi kol bitkiləri üstünlük təşkil edir. Altıağac Milli Parkının ərazisində məməlilərdən cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar, quşlardan qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı, kəklik, qaratoyuq və s. növlərə rast gəlinir. Ərazidə adları Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmiş qonur ayı, çöl qartalı kimi məməli heyvan və quş növləri diqqəti daha çox cəlb edir.

Adı: Göygöl Milli Parkı


Yaradıldığı il: 2008
Sahə (hektar): 12755
Olduğu yer: Göygöl, Goranboy və Daşkəsən rayonlarının ərazilərində.
Qısa məlumat: Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli 2744 nömrəli Sərəncamı ilə Göygöl, Goranboy və Daşkəsən rayonlarının inzibati ərazilərinin 12755 hektar sahəsində Göygöl Milli Parkı yaradılmışdır. Milli Park Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik meşə və dövlət torpaqlarının hesabına yaradılmışdır. Qoruq içməli su mənbəyi kimi Göygölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması, mühafizəsi və öyrənilməsi məqsədilə yaradılmışdır. Göygöl Milli Parkının əsas hissəsinin relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyllikli yamaclar səciyyəvidir. Ərazi müxtəlif çayların dərələri ilə xeyli parçalanmışdır. Ərazidə qışı quraq keçən soyuq iqlim və qışı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 4-100 arasında tərəddüd edir. İllik yağıntının miqdarı 600-900 mm-dir. Kiçik Qafqazın şimal yamaclarının subalp zonasının bir hissəsi və orta dağlıq meşələri, Göygöl, Maral, Zəli göllərinin ekosistemi qoruğun əsas mühafizə olunan obyektlərindəndir. Parkın heyvanlar aləmi bir çox vəhşi məməli və quş növlərindən ibarətdir ki, bunlardan nəcib Qafqaz maralı, ayı, cüyür, porsuq, meşə pişiyi, samur, vaşaq, dovşan, dələ, quşlardan Xəzər uları, qara kərkəs, kəklik və s. göstərmək olar. Ərazidə məskunlaşan heyvanlardan ikisinin — Şərqi Qafqaz təkəsi və Zaqafqaziya qonur ayısının adı “Qırmızı Kitabı”a düşmüşdür. Qırmızı kitablarda Göygöldə yaşayan və və qorunan forel balığının və bir çox quşların da adı vardır. Göygöl Milli Parkının əsas hissəsi zəngin bitki örtüyünə malikdir.Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri yayılmışdır. 1100-2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin bitki örtüklü olub, 80-ə qədər ağac və kol növünə malikdir. Meşələrin əsas hissəsini kiçik yarpaq ağaclardan şərq fısdığı, şərq palıdı, Qafqaz vələsi, tozağacı, adi göyrüş, itiyarpaqlı ağcaqayın, cökə, iynəyarpaqlı ağaclardan qarmaqvari şam təşkil edir. Kol bitkilərindən zoğal, zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən və s. yayılmışdır. Ot bitkilərindən Qafqaz bənövşəsi, alp dişəsi, steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc və göstərmək olar.

Adı: Şahdağ Milli Parkı
Yaradıldığı il: 2006
Sahə (hektar): 115895
Olduğu yer: Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının ərazilərində.
Qısa məlumat: Şahdağ Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli 1814 nömrəli Sərəncamı əsasında yaradılmışdır. Ərazisi ilkin olaraq 115895 hektar təşkil edir ki, bundan İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları 21014 hektar, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar 13084 hektar təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 08 iyul 193/S saylı Sərəncamı ilə Şahdağ Milli Parkın ərazisi 14 613,1 hektar genişləndirilərək, 130 508,1 hektara çatdırılmışdır. Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi, torpağın münbit qatının qorunub saxlanılması, ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, həmçinin, təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsidir. Milli Parkın ərazisinin yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün torpaqlarının və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərmişdir. Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələr yaratmaqla məşhurdur. Relyefin şaquli dəyişməsi və parçalanması, mürəkkəb iqlim şəraiti və torpaq örtüyü burada bitki örtüyünün olduqca müxtəlifliyinə səbəb olmuşdur.

Adı: Samur-Yalama Milli Parkı


Yaradıldığı il: 2012
Sahə (hektar): 11772,45
Olduğu yer: Xaçmaz rayonu ərazisində.
Qısa məlumat: Samur-Yalama Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonunun inzibati ərazisində yaradılmışdır. Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində olan dövlət meşə fondu torpaqlarının əlavə olunan yerquruluşu planında göstərilmiş 11772,45 hektarlıq sahəyə malikdir. Milli Parkın florasında itburnu, sarmaşıq, dazı otu, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Torpaqları çəmən-meşə, şabalıdı və açıq şabalıdıdır. Çəmən və kolluqlar geniş yayılmışdır. Düzənlik meşələri də var. Xaçmaz faunasının əsas nüməyəndələri Çöl donuzu, yenot, qırqovul, kəklik və s.-dir. Sahil suları balıqla zəngindir. Termal və mineral su bulaqları vardır. Xaçmazda ovçuluq və balıqçılıq üçün yaxşı şərait var, Ovçular Cəmiyyəti fəaliyyət göstərir. “Gülalan gölü” qoruğu bu Cəmiyyətin nəzdindədir.

DÖVLƏT QORUQLARI

Adı: Bəsitçay Dövlət Təbiət Qoruğu


Yaradıldığı il: 1974
Sahə (hektar): 107
Olduğu yer: Zəngilan rayonunun ərazisində, Bəsitçayın dərəsində
Qısa məlumat: Qoruq ərazisinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir. Bəsitçay respublika qoruqlarının ən kiçiyidir. Meşə ilə örtülü sahənin əsas ağac cinsi şərq çinarıdır. Burada əsasən bir meşə tipi — müxtəlif otlu çinar meşələri formalaşmışdır. Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə qədərdir. Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 130-dur. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları inkişaf etmişdir. Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü — şərq çinarı inkişaf edir. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın “Qırmızı Kitabı”na yazılmışdır. Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan, və s. kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri isə 1 m-dir. Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və s. məməlilərə, kəklik, turac, göyərçin və s. quşlara rast gəlinir. Bəsitçay Dövlət Təbiət Qoruğunun yaradılması Azərbaycan təbiətinin nadir incilərindən olan şərq çinarının qorunması və artırılması üçün diqqətəlayiq tədbirdir.

Adı: Qarayazı Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 1978
Sahə (hektar): 9658
Olduğu yer: Qazax rayonunun ərazisində, Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrində 
Qısa məlumat: Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. Azərbaycanın düzən meşələrinin xeyli hissəsi Kür çayı boyunca yerləşmişdir. Bu meşələr uzun müddət ciddi mühafizə edilməmiş, qırılma, otarılma və Kürün hidroloji rejiminin dəyişməsilə əlaqədar olaraq sahəsi azalmış, seyrəlmiş, ağacların cins tərkibi xeyli dəyişilmişdir. Kürətrafı meşələrin mühafizəsi üçün tədbirlər ilk dəfə Ağstafa rayonundakı Qarayazı meşələri sahəsində həyata keçirilməyə başlanmışdır. Qarayazı Dövlət Təbiət Qoruğu Kür çayı boyunca onun yatağının sol sahillərini və Qarayazı düzünün xeyli hissəsini əhatə edir. Qoruğun şərqə davamı Qarayazı-Ağstafa Dövlət Yasaqlığıdır. Qərbdə Gürcüstan, şimalda Bakı-Tbilisi dəmir yolu, cənubda Kür çayı ilə sərhədlənir. Qoruğun ərazisi əsasən meşəlikdən ibarətdir, bunun da çox hissəsini meşə ilə örtülü, az hissəsini isə meşə ilə örtülü olmayan sahə təşkil edir. Qoruğun ərazisinin mikrorelyefi, geomorfoloji xüsusiyyətləri, Kür çayının təsiri, qrunt suyunun səthə yaxın olması, bitki örtüyünün müxtəlifliyi və s. burada allüvial-bataqlı, allüvial-çəmən, allüvial-çəmən-meşə və çəmən-şabalıdı torpaqların əmələ gəlməsinə şərait yaratmışdır. Kürün sahilindən uzaqlaşdıqca bitki örtüyünün dəyişməsi nəzərə çarpır: çay yatağının sahili boyunca söyüd, böyürtkən, iydə, zirinc kimi kollar inkişaf etmişdir. Sahildən uzaqlaşdıqda onları tipik tuqay meşələri əvəz edir. Burada tuqay meşələrinə xüsusi görkəm verən lianlara da rast gəlinir. Heyvanlar aləminin zənginliyi cəhətdən Qarayazı meşələri xüsusi əhəmiyyətə malikdir. Burada maral, qunduz, dələ, gəlincik, dovşan, çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi, süleysün və s. məməlilər məskunlaşmışdır. Ərazi daimi yaşayan və köçəri quşlarla da zəngindir. Quşlardan qırqovul, göyərçin, alabaxta, qaratoyuq, ağacdələn, sığırçın daha çox olub, sayı 500-dən 2000-ə qədərdir. Ördək, su fərəsi və s. suya maraq göstərən quşlar da az deyildir; burada, hətta həmişə sevilən bülbül də qorunur. Suda-quruda yaşayanlardan göl və quru qurbağaları, bataqlıq tısbağası, sürünənlərdən müxtəlif ilanlar və kərtənkələlər vardır. Qoruq ərazisində şəmayı, çapaq, naxa, şirbit və s. balıqlar Kürün daimi sakinləridir. Qoruğun əsas vəzifələrindən biri də buradakı heyvanlar aləmini qorumaq, onların təbii yolla çoxalmaları üçün əlverişli şəraiti mühafizə edib yaxşılaşdırmaqdır.

Adı: Qaragöl Dövlət Təbiət Qoruğu


Yaradıldığı il: 1987
Sahə (hektar): 240
Olduğu yer: Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonu sərhəddində
Qısa məlumat: Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir. Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirlər. Qoruq Qarabağ Vulkanik yaylasının cənub hissəsində böyük İşıqlı dağının (3552 m) yamacında 2650-2700 m hündürlükdə yerləşir. Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Bu iqlim tipi üçün ən soyuq ayın orta temperaturu -30-dan aşağı, ən isti ayınkı 100-dən yuxarıdır. Qoruğun gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Cənub hissədə üçyarpaq yoncanın, şərq hissədə gəvənin üstünlük təşkil etdiyi çəmənliklər inkişaf edir. Gölün suyu ərazinin mütləq hündürlüyü ilə əlaqədar olaraq bitkilərdən çox kasıbdır. Burada yalnız amfibi, qırxbuğumu və qaymaqçiçəyi bitir. Ərazidə çimli dağ-çəmən torpaqları yayılmışdır. Bu torpaqlar humusla zəngindir. Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir. Qaragöl qoruğunun uzun müddət işğal altında olması onun aqibətinə mənfi təsir göstərib.

Adı: Qızılağac Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 1929
Sahə (hektar): 88360
Olduğu yer: Lənkəran rayonunun ərazisində, Böyük Qızılağac körfəzində
Qısa məlumat: Azərbaycanda köçəri quşların daha çox məskunlaşdığı ərazi respublikanın cənub-şərq hissəsində, Kür deltasının cənubunda yerləşən Böyük Qızılağac körfəzi və onun ətrafının quru və bataqlıq sahələridir. Həmin körfəzdə və onun ətrafındakı Lənkəran və Masallı rayonlarının bataqlıq sahələrində vaxtı ilə köçəri quşlar daha çox idi. Lakin illər boyu ekoloji şəraitin dəyişməsi və qanunsuz ov nəticəsində köçəri quşlar xeyli azalmışdır. Qızılağac Dövlət Təbiət Qoruğu respublikamızda sahəsinə görə birinci qoruqdur. Qoruğun yaradılmasında məqsəd Azərbaycanın müxtəlif ərazilərində quşları qorumaq, onların sayını artırmaq, onların məskunlaşması üçün əlverişli şəraiti daha da yaxşılaşdırmaqdır. Qızılağac Dövlət Təbiət Qoruğu 1976-cı ildən Beynəlxalq konvensiyanın ilk su-bataqlıq regionunun biri kimi siyahıya daxil olmuş, bununla da beynəlxalq əhəmiyyətli qoruq kimi təsdiq edilmişdir. Ərazidə əsasən yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır, qismən də (cənub hissəsi) yayı quraq keçən mülayim-isti iqlim tiplərinə hakimdir. Havanın orta illik temperaturu 14,40°S-dir. Qışı mülayim keçir, ən soyuq ayın orta temperaturu 3,20°S, ən isti ayın orta temperaturu isə 25,50°S olur. Böyük Qızılağac körfəzinin dərin sulu sahələrində kiçik dənizotu cəngəllikləri, dayaz yerlərində isə yaşıl, diatom və göy-yaşıl yosunlar geniş sahələri əhatə edir. Kiçik Qızılağac körfəzində su çiçəkləri, buynuzyarpaq, sulələyi və s. sualtı bitki örtüyü əmələ gəlmişdir. Burada qamış, dəniz lığvari, ciyən və s. bitkilər bitir. Qoruğun Böyük və Kiçik Qızılağac körfəzlərində 30 növdən artıq balıq qeydə alınmışdır. Siyənək, kütüm, çəki, naxa, sıf, çapaq, kefal, xul və s. balıqlar mühüm sənaye əhəmiyyətlidir. Ərazidə məskunlaşmış quş növlərindən 20-yə qədərinin adı (qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək, sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu, çöçükburun cüllüt, ağquyruq çökükburun, çöl haçaquyruq cüllütü) Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmişdir. Qoruqda məməlilərin də bir çox növləri yaşayır. Burada canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq, Qafqaz gəlinciyi, uzunquyruq ağdiş, Zaqafqaziya kirpisi, Zaqafqaziya dovşanı və s. növlər yayılmışdır. Böyük Qızılağac körfəzində Xəzər suitisi vardır.

Adı: İlisu Dövlət Təbiət Qoruğu

 
Yaradıldığı il: 1987
Sahə (hektar):17381,5
Olduğu yer: Qax rayonunun ərazisində, Böyük Qafqazın cənub yamacında 
Qısa məlumat:Qoruğun adı Qax rayonundakı İlisu kəndinin adı ilədir. Ərazi Baş Qafqaz dağlarının dik yamaclı, çay dərələri vasitəsilə intensiv parçalanmış sahələri üçün səciyyəvi olan relyefə malikdir. Qoruğun ərazisində qışı quraq keçən soyuq iqlim və yağıntıları təxminən bərabər paylanan mülayim-isti iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 5-120 arasında tərəddüd edir. İlisu qoruğunun ərazisində dağ-çəmən, dağ-çəmən-meşə, qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. İlisu qoruğunda dərman, endemik, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri çoxdur. Ərazidə şərq fısdığı, Qafqaz vələsi, şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını, quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa, yabanı gilas, zoğal, moruq və s. bitkilər yayılmışdır. Qaraçöhrə, Radde ağcaqayını bitkilərinin adları Qırmızı kitablara daxil edilmişdir. Qoruğun ərazisində 5 dəstəyə aid olan 35 növ məməli yaşayır. Bunlar dırnaqlılar (nəcib maral, cüyür, köpgər, təkə, çöl donuzu), yırtıcılar (qonur ayı, canavar, tülkü, daş və meşə dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi, vaşaq), gəmiricilər (dovşan, süleysinlər, siçanlar, sincablar və s.), cücüyeyənlər (ağdiş, qonurdiş, kirpilər, nalburunlar) və s. ibarətdir. Quşların 11 dəstəyə aid olan 90-a qədər növü yayılmışdır; onların 60 növə qədəri isə sərçəkimilərə aiddir. Ərazidə sürünənlərin 12 növü yaşayır. Onların 7-si kərtənkələlərə, 3-ü təlxələrə, 1-i ilanlar, 1-i isə koramallara aiddir. Qoruqdakı çaylarda çay forel balığı yaşayır. Burada suda-quruda yaşayanların 5 (qurbağalar) növü yayılmışdır.

Adı: Türyançay Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 1958
Sahə (hektar):22488
Olduğu yer: Ağdaş, Oğuz, Yevlax və Qəbələ rayonlarının ərazisində, Türyançayın sağ kənarında 
Qısa məlumat: Türyançay Dövlət Təbiət Qoruğunun yaradılmasında məqsəd Azərbaycanın arid meşə sahələrindən biri, həm də ən başlıcası olan Bozdağın arid meşə lanşaft kompleksini qorumaqdır. Ərazisi qərbdən və şimal-qərbdən şərqə və cənub-şərqə doğru uzanan alçaq dağ tirələrdən ibarətdir. Quru subtropik iqlim Türyançay qoruğunun ərazisi üçün səciyyəvidir. Burada yay isti, qış isə mülayim-isti keçir. Orta illik temperatur 140-dir. Burada ağac və kol bitkilərindən ən çox ardıc və saqqızağacı, qismən də gürcü palıdı, gürcü ağcaqayını, qaratikan, şərq doqquzdonu, kiçik meyvəli gilas, nar, murdarça, sarağan, efedra və s. inkişaf etmişdir. Türyançay Dövlət Təbiət Qoruğunda çöl donuzu, qonur ayı, porsuq, dələ, tülkü, dovşan, çaqqal, vaşaq və s. məməli vəhşi və çöl heyvanları məskən salmışlar. İlanlardan gürzə daha çoxdur. Türyançayın sularında Xəzər tısbağasına tez-tez rast gəlinir. Yerli quşlardan kəklik, göyərçin, adi qur-qur, ağbaş Asiya kərkəsi, leşyeyən qartal, qara kərkəs, sərçələr, qaratoyuqlar, zığ-zığ, payız bülbülü, dağ vələmirquşu, böyük və uzunquyruq arıquşu və s. məskunlaşmışdır. Qoruqda Azərbaycanın “Qırmızı kitabı”na adları düşən ayıya, şahinə, berkuta, çöl qartalına təsadüf edilir.

Adı: Zaqatala Dövlət Təbiət Qoruğu

 
Yaradıldığı il: 1929 
Sahə (hektar): 47349 
Olduğu yer: Zaqatala və Balakən rayonlarının ərazisində, Böyük Qafqaz sıra dağlarının mərkəz hissəsinin cənub mikroyamaclarında
Qısa məlumat: Zaqatala Dövlət Təbiət Qoruğu respublikamızın ən qədim qoruqlarından biridir. Qoruq 1929-cu ildə təşkil edilmişdir. Zaqatala Dövlət Təbiət Qoruğunun yaradılmasında başlıca məqsəd bu meşələrin əvəzedilməz torpaqqoruyucu və susaxlayıcı xüsusiyyətlərini saxlamaq, aşağı zonada yerləşən yaşayış məntəqələrini və əkin sahələrini seldən qorumaq, Böyük Qafqazın cənub yamacının təbii kompleksini, bitki və heyvanat aləmini mühafizə etmək olmuşdur. Qoruğun ərazisi meşələr, subalp və alp çəmənlikləri və yüksək sal qayalıqlardan ibarətdir. Qoruğun ərazisi çox mürəkkəb və kəskin relyefə malikdir. Burada dağlar və yüksəkliklər dərin dərələr və daşlı-qayalı çay sahilləri ilə kəsilir. Qoruqda 1000-dən artıq bitki növünə təsadüf edilir. Əsas meşə təşkil edən növlərdən fısdıq, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şam və s. göstərmək olar. Burada 32 növ məməli, 89 növ köçəri və oturaq quşlar yaşayır. Qoruqda 4500-dən çox Şərqi Qafqaz təkəsi, 1000 baş maral, 700 baş qarapaça və 2000-ə yaxın çöl donuzu vardır. 1950-ci ildə qoruqda elmi-tədqiqat işlərinin aparılmasına rəhbərlik edən şöbə yaradılmışdır. Burada beynəlxalq bioloji problemlər üzrə tədqiqat işləri aparılır. Qoruğun elmi təmayülü – Böyük Qafqazın şimal-şərq hissəsinin ayrı-ayrı zonalarında susaxlayıcı, torpaqqoruyucu və kurort-iqlim əhəmiyyətli dağ çəmənlikləri və meşələrin qorunub saxlanması və onlardan səmərəli istifadə olunmasına yönəldilmişdir. Çox qiymətli dərman bitkisi olan jenşenin Böyük Qafqazın dağətəyi şəraitində yetişdirilməsi imkanı, dağ çəmənlərini məhsuldarlığı, yüksək dağ palıdının ekologiyası və onun bərpası, Sosnovski baldırğanı timsalında dağ-çəmən və yem bitkilərinin məhsuldarlığı, dırnaqlıların, habelə həşəratyeyən və yırtıcı quşların biologiya və ekologiyası problemlərinin tədqiq edilməsi bu baxımdan əhəmiyyətlidir.

Adı: Korçay Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 2008
Sahə (hektar): 4833,6
Olduğu yer: Goranboy rayonu
Qısa məlumat: Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli 2745 nömrəli Sərəncamı ilə Goranboy rayonunun inzibati ərazinin 4833,6 hektar sahəsində Korçay Dövlət Təbiət Qoruğu yaradılmışdır. Yaradılmasının əsas məqsədi Bozdağın təbii landşaftının, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin qorunub saxlanılmasıdır. Torpaq örtüyü əsasən müxtəlif dərəcədə şorlaşmış adi və açıq şabalıdı, qismən də allüvial-çəmən torpaqlardan ibarətdir. Ərazinin relyefi düzənlik, təpəlik və alçaq dağlıq sahələrdən ibarətdir. Bitki örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir. Ərazidə efemerlər də yaxşı inkişaf edir. Buranın təbii landşaft sahələri heyvan və quşlar üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanın “Qırmızı Kitab”ına daxil olmuş heyvanlardan əsasən ceyranı və turacı qeyd etmək olar. Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar; quşlardan kəklik, turac və s. vardır.

Adı: Eldar Şamı Dövlət Təbiət Qoruğu


Yaradıldığı il: 2004
Sahə (hektar):1686
Olduğu yer: Samux rayonunun ərazisində
Qısa məlumat: Qoruğun yaradılmasının başlıca məqsədi genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, səciyyəvi və nadir təbiət komplekslərinin və obyektlərinin (ardıc, saqqız ağacı və s.), dünyada yeganə vətəni olan Elləroyuğunda Eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirməkdir. Eldar şamı ağaclarının yaşı 100-120 il, hündürlüyü 2-6 m, diametri 10-28 sm-dir. Onun adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmişdir. Burada heyvanlar aləmi zəngin deyil. Üstünlük təşkil edən heyvanlardan yalnız dovşan, quşlardan isə kəklik diqqəti cəlb edir. Eldar Şamı Dövlət Təbiət Qoruğunun zəruri infrastrukturu yaradılmışdır.

Adı: Şirvan Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 1969
Sahə (hektar): 6232
Olduğu yer: Salyan və Neftçala rayonlarınının ərazisində
Qısa məlumat: Qoruq Bəndovan dövlət təbiət yasaqlığının bir hissəsində ceyranların, su quşlarının qorunması və artırılması məqsədilə yaradılmışdır. 1982-ci ildə qoruğun ərazisi genişləndirilərək 25,8 min hektara çatdırılmışdır. Ərazinin 3.5 hektarını su hövzəsi təşkil edir. Qoruğun ornitoloji faunası çox zəngindir. Su-bataqlıq ərazilərdə nadir və qiymətli köçəri quşlar qışlayır və yuvalayır. 2003-cü ildə qoruğun əsas hissəsi Şirvan Milli Parkının ərazisinə verilmiş, hal-hazırda qoruğun ümumi sahəsi 6232 hektardır. Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 2003-cü ilin 5 iyul tarixində Şirvan Milli Parkı yaradılarkən Şirvan dövlət təbiət qoruğunun ərazisi 6232 hektar qalmışdır.

Adı: Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu​
Yaradıldığı il: 2007
Olduğu yer: Bakı və Abşeron yarımadası
Qısa məlumat: Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu 2007-ci ildə yaradılmışdır. Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınmışdır. Planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir. Təbii görkəmi və geoloji xüsusiyyətlərinə görə 23 palçıq vulkanına təbiət abidəsi statusu verilmiş, həmin vulkanların etibarlı mühafizəsini təşkil etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mütəxəssislərinin iştirakı ilə “Palçıq vulkanları üzrə Elmi Koordinasiya Şurası” yaradılmışdır.

DÖVLƏT TƏBİƏT YASAQLIQLARI

Adı: Bərdə Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1966
Sahə(hektar): 7500
Olduğu yer: Bərdə və Ağdam
Qısa məlumat: Yaradılmasının əsas məqsədi Kürətrafı tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir. Təbii bitki örtüyü əsasən qovaqdan ibarət olan kompleksdən, qovaq, söyüd, tut və s. ibarət cavan meşəlikdən, yulğunun üstünlük təşkil etdiyi kolluqlardan, palıdın üstünlük təşkil etdiyi meşəlikdən ibarətdir. Yasaqlıqda məməlilərdən çöl donuzu, çaqqal, tülkü, meşə pişiyi, qamış pişiyi, porsuq, meşə dələsi, dovşan və s., quşlardan qırqovul, turac, fitçi cürə, qırmızıbaş ördək, meşə cüllütü, alabaxta, kiçik və böyük qarabattaq və s. məskunlaşmışdır.

Adı: Şəki Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1964
Sahə(hektar): 10350
Olduğu yer: Şəki rayonu Əyriçayın hövzəsində Yevlax-Şəki və Şəki-Oğuz şosse yollarının arasında 
Qısa məlumat: Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları, xüsusilə qırqovul və turac kimi quşları, qonur ayı və çöl donuzu kimi heyvanları qorumaqdır. Ərazi zəngin bitki örtüyünə malikdir. Meşə sahələri palıd, qızılağac, qoz, tut kimi ağaclardan ibarətdir. Çay dərələrində meşə əmələ gətirən ağaclarla birlikdə yemişan, əzgil, böyürtkən, alça, və s. kollar keçilməz cəngəlliklər əmələ gətirir. Şəki yasaqlığında qonur ayı, çöl donuzu, canavar, çaqqal, tülkü, meşə pişiyi, yenot, porsuq, dovşan, Samur, meşə dələsi, sincab, və s. məməlilər, qırqovul, turac, meşə göyərçini, alabaxta, bekas, bildirçin, yaşılbaş ördək və s. quşlar məskunlaşmışlar.

Adı: Gil adası Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1964
Sahə(hektar): 400
Olduğu yer: Bakı şəhərinin Qaradağ rayonunun ərazisində 
Qısa məlumat: Burada əsasən adadakı və onun ətrafındakı quşlar, xüsusilə gümüşü qağayılar qorunur. Ərazidə qağayıların sayı bəzən 10 000-ə çatır.

Adı: Bəndovan Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1961
Sahə(hektar): 4930
Olduğu yer: Salyan və Qaradağ rayonlarının ərazisində
Qısa məlumat: Yasaqlığın yaradılmasında əsas məqsəd bu ərazidəki ceyranları və digər məməli heyvanları, köçəri və oturaq su və quru quşlarını qoruyub artırmaqdır. Yasaqlığın ərazisi heyvanlar aləminə görə xeyli zəngindir. Burada məməlilərdən ceyran (Gazella sulgutturosa), dovşan, tülkü, çaqqal, canavar, porsuq və s. məməli heyvanlar yaşayır. Xəzər dənizinin sahil sularında suiti, çoxlu müxtəlif balıqlar yaşayır. Ərazidə quşlardan qu quşu, çay ördəyi, dalğıc ördəyi, vağ, qarabattaq, qaşqaldaq, bəzgək (Otis tetrax), turac, bildirçin və s. yayılmışdır.

Adı: Korçay Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1961
Sahə(hektar): 15000
Olduğu yer: Xanlar və Goranboy 
Qısa məlumat: Yaradılmasının əsas məqsədi ərazidəki ov əhəmiyyətli heyvan və quşları qorumaqdır. Bitki örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir. Ərazidə efemerlər də yaxşı inkişaf edir. Burada məməlilərdən ceyran (Gazella sulgutturosa), dovşan, tülkü, çaqqal, canavar; quşlardan kəklik, turac və s. vardır.

Adı: Laçın Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1961
Sahə(hektar): 21370
Olduğu yer: Laçın rayonunun ərazisində
Qısa məlumat: Yasaqlığın yaradılmasında məqsəd buradakı məməliləri (cüyür, qayakeçisi, çöl donuzu və s.) və quşları (turac, kəklik və s.) qoruyub artırmaqdır. Ərazi əsasən vələs, cökə, ağcaqayın və s. qarışığından ibarət palıd meşələrindən ibarətdir. Burada bir sıra heyvanların da məskunlaşması üçün əlverişli şərait vardır. Yasaqlıqda bezoar keçisi (Capra aegagrus), cüyür, çöl donuzu, dovşan, canavar, porsuq, dələ, ayı kimi məməlilərə; kəklik, tetra quşu, bildirçin, alabaxta və s. quşlara rast gəlinir. 

Adı: Qusar Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1964
Sahə(hektar): 15000
Olduğu yer: Qusar rayonunun ərazisində
Qısa məlumat: Yasaqlığın yaradılmasında başlıca məqsəd buradakı bir sıra ov əhəmiyyətli məməli heyvanları və quşları qoruyub saxlamaqdır. Meşə sahəsində fısdıq, vələs, palıd yayılmışdır. Kol bitkilərindən yemişan, zoğal, armud, alça, alma, itburnu, böyürtkən, qaratikan və s. təsadüf edilir. Yasaqlıqda çöl donuzu, cüyür, canavar, meşə pişiyi, qamış pişiyi, çaqqal, yenot, dovşan və s. kimi məməlilər, turac, kəklik , bildirçin, çöl göyərçini, yaşılbaş ördək, fitçi cürə və s. kimi quşlar yayılmışdır.

Adı: Şəmkir Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1964
Sahə(hektar): 10000
Olduğu yer: Şəmkir rayonunun ərazisində
Qısa məlumat: Yasaqlığın yaradılmasında məqsəd buradakı quşları və məməli heyvan növlərini, xüsusilə də çöl donuzu, kəklik, turac, qırqovul və ördəkləri qorumaqdır. Yasaqlıqda tuqay və yarımsəhra bitki formasiyaları yayılmışdır. Tuqay meşə və kolluqları Kür çayı yatağının ətrafında yerləşir, onlar söyüd, ağyarpaq qovaq, qaratikan, böyürtkən, yulğun və s. ibarətdir. Ərazinin təbii landşaft sahələri müxtəlif olub, heyvanların məskunlaşması üçün əlverişli mövqeyə malikdir. Burada məməlilərdən çöl donuzu, canavar, dovşan, meşə pişiyi, çaqqal, tülkü, turac, qırqovul (Phasianus), kəklik, turac və müxtəlif su quşları vardır.

Adı: Zuvand Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1969
Sahə(hektar): 15000
Olduğu yer: Lerik və Yardımlı rayonlarının ərazisində
Qısa məlumat: Yasaqlığın yaradılmasında əsas məqsəd dağ quru bozqır şəraitində bezoar keçisi, kəklik və s. heyvanların qorunmasıdır. Ərazinin bitki örtüyü çox kasıb olub, quru bozqır bitkiləri komplekslərindən təşkil olunmuşdur. Əsasən yabanı dənli və paxlalı-dənli bitki qrupları üstünlük təşkil edir. Yasaqlığın ərazisi heyvanlar aləmi ilə çox zəngin deyildir. Burada qayakeçisi, kaftar, çöl donuzu, dovşan, canavar, tülkü və s. heyvanlar yayılmışdır.

Adı: İsmayıllı Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1969
Sahə(hektar): 23438
Olduğu yer: Əsasən İsmayıllı, qismən də Qəbələ rayonlarının ərazisində
Qısa məlumat: Yasaqlığın yaradılmasında əsas məqsəd burada məskunlaşmış heyvanların qorunması və sayının artırılmasıdır. Bitki örtüyü alp və subalp dağ-çəmən və meşə bitkilərindən ibarətdir. Meşə ilə örtülü sahələr əsasən vələs, fısdıq, və palıd meşələrindən ibarətdir. Yasaqlığın ərazisində heyvanlar aləmi həm növ, həm də say etibarilə çox zəngindir. Burada quşlardan kəklik, bildirçin, turac, alabaxta, ular və s., məməlilərdən canavar, vaşaq, meşə pişiyi, yenot, çaqqal, dələ, dovşan və s. məskunlaşmışdır.

Adı: Qubadlı Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1969
Sahə(hektar): 20000
Olduğu yer: Qubadlı və Laçın rayonlarının ərazisində
Qısa məlumat: Qubadlı rayonunun şimal və Laçın rayonunun cənub hissəsində dağ-bozqır sahələrini əhatə edir. Bu yasaqlığın yaradılmasının məqsədi həmin ərazilərin heyvanlar aləmini, xüsusilə burada məskunlaşmış məməli heyvan növlərini (cüyür, çöl donuzu və. s.) və quşları (qırqovul və s.) qorumaqdır. Ərazidə yayılmış seyrək meşəliklər və kolluqlar palıd, vələs, ardıc, yemişan, itburnu, böyürtkən və s. ibarətdir. Ərazinin ekoloji amilləri burada heyvanların normal məskunlaşmasına tam şərait yaratmışdır. Çöl donuzu, qonur ayı, canavar, çaqqal, tülkü, cüyür, dovşan, porsuq, kəklik, qırqovul, turac, bildirçin və s. yayılmışdır.

Adı: Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1978
Sahə(hektar): 10700
Olduğu yer: Lənkəran rayonunun ərazisində Kiçik Qızılağac körfəzinin orta və cənub hissəsində
Qısa məlumat: Yasaqlığın yaradılmasında məqsəd buradakı su, bataqlıq və quru ərazilərinin köçəri və oturaq quşlarını qorumaqdır. Kiçik Qızılağac körfəzi balıqlarla zəngindir və çoxlu sayda köçəri və oturaq quşların məskənidir. Yasaqlıqda quşlardan turac, dovdaq, mərmər cürə, dəniz qartalı, məzar qartalı, sultan toyuğu, dovdaq, ərsindimdik, qırmızıdöş qaz və s., məməlilərdən canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq, və s. növlərə təsadüf edilir.

Adı: Qızılca Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1984
Sahə(hektar): 5135
Olduğu yer: Gədəbəy rayonunda Gədəbəy meşə təsərrüfatının Qızılca meşəçiliyi sahəsində
Qısa məlumat: Onun yaradılmasında əsas məqsəd ərazinin təbiət kompleksini, xüsusilə məhv olmaq təhlükəsində olan heyvanlar və bitki nümunələrini qorumaqdır. Ərazidə meşə və meşə altından çıxmış dağ-bozqır bitkiləri inkişaf etmişdir. Burada meşəni əmələ gətirən əsas ağac cinsləri palıd, fısdıq və vələsdir. Yasaqlıqda cüyür, qonur ayı, çöl donuzu, dovşan və s. heyvanlar qorunur.

Adı: Daşaltı Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1981 
Sahə(hektar): 450
Olduğu yer: Şuşa rayonunun ərazisində Şuşa şəhərinin ətrafında
Qısa məlumat: Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır. Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, yemişan, itburnu, zoğal, əzgil, alma, armud, alça və s. ağac və kol bitkiləri normal inkişaf edir. Ərazi dərman, endemik və nadir bitkilərlə zəngindir. Burada cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal və onlarla quş növü məskunlaşmışdır. 

Adı: Arazboyu Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1993
Sahə(hektar): 2200
Olduğu yer: Zəngilan rayonunun ərazisində
Qısa məlumat: Tuqay meşələrinin qorunması və bərpası məqsədilə yaradılmışdır. 

Adı: Qəbələ Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il: 1993
Sahə(hektar): 39700
Olduğu yer: Qəbələ rayonunun ərazisində
Qısa məlumat: Qəbələ rayonunun ərazisində təşkil edilmişdir. Yaradılmasının əsas məqsədi Böyük Qafqaz dağlarının cənub yamaclarının landşaftını qorumaqdır.

Adı: Qax Dövlət Təbiət Yasaqlığı 
Yaradıcılığı il: 2003
Sahə(hektar): 36836
Olduğu yer: Qax rayonu İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd
Qısa məlumat: Yasaqlığın yaradılmasının başlıca məqsədi yay otlaqlarında və Acınohur düzündə faunanın qorunması və nəsli kəsilməkdə olan heyvan növlərinin bərpa edilməsidir.

Adı: Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı 
Yaradıcılığı il: 1964
Sahə(hektar): 11970
Olduğu yer: Ağstafa rayonu, Qarayazı meşələri sahəsində
Qısa məlumat: Yasaqlığın təbii landşaft sahələri əsasən tuqay meşələrindən, palıd meşəsi, cavan qarışıq meşələr və kolluqlardan, kollu və ot bitkisi olan açıqlıqlardan, otlaqlardan, əkindən, qamışlı cəngəlliklərdən, cınqıllıqlardan, su sahəsindən və s. ibarətdir. Yasaqlığın ərazisi insanın təsərrüfat fəaliyyətinin intensiv təsirinə məruz qalsa da, heyvan və quşlarla zəngindir. Burada maral, çöl donuzu, qunduz, canavar, dovşan, meşə pişiyi, tülkü, porsuq kimi məməlilər, qırqovul, qaratoyuq, alabaxta, su fərəsi, ördək, qaşqaldaq, göyərçin, hop-hop, ağacdələn, bildirçin və s. quşlar vardır.

Adı: Hirkan Dövlət Təbiət Yasaqlığı 
Yaradıcılığı il: 2005
Sahə(hektar): 2252
Olduğu yer: Lənkəran və Astara rayonlarının ərazilərində
Qısa məlumat: 2005-ci ilin dekabr ayında Lənkəran və Astara rayonlarının inzibati ərazilərində yerləşən meşə fondundan 2252 hektar torpaq sahəsində Hirkan Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Yaradılmasında əsas məqsəd Hirkan Milli Parkı ilə həmsərhəd meşələrin mühafizəsi, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsi altında olan heyvan növlərinin miqrasiya yollarının, həmin ərazidə ekosistemin bütövlüyünün və bioloji müxtəlifliyin qorunub saxlanmasıdır.

Adı: Zaqatala Dövlət Təbiət Yasaqlığı 
Yaradıcılığı il: 2008
Sahə(hektar): 6557
Olduğu yer: Zaqatala və Balakən rayonlarının ərazilərində
Qısa məlumat: 2008-ci ilin noyabr ayında Zaqatala və Balakən rayonlarının inzibati ərazilərində yerləşən yay otlaqları, Balakən meşə mühafizəsi və bərpası müəssisəsinin meşə fondu torpaqları hesabına 6557 hektar ərazidə Zaqatala Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Yaradılmasında əsas məqsəd Zaqatala Dövlət Təbiət Qoruğu ilə həmsərhəd yerləşən sahələrə vahid ekosistemin əhatə edilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin miqrasiya yollarının qorunmasıdır.

Adı: Arpaçay Dövlət Təbiət Yasaqlığı 
Yaradıcılığı il: 2009
Sahə(hektar): 68911 
Olduğu yer: Şərur, Kəngərli, Babək və Şahbuz rayonlarının əraziləri
Qısa məlumat: Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin Fərmanı ilə 22 iyun 2009-cu ildə yaradılmışdır. Məqsəd: təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması, ekoloji tarazlığın saxlanılması. Əsas növləri — flora: ağır iyli ardıc, gözəl qayışləçək, zərif süsən; fauna: bəbir, safsar, bezoar keçi, Muflon, Xəzət uları, Saqqallı qartal.

Adı: Rvarud Dövlət Təbiət Yasaqlığı 
Yaradıcılığı il: 2009
Sahə(hektar): 510 
Olduğu yer: Lerik rayonu
Qısa məlumat: Rvarud Dövlət Təbiət Yasaqlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə Lerik rayonunda yaradılmışdır. Ərazisi 510 hektardır.

Adı: Ordubad Dövlət Təbiət Yasaqlığı 
Yaradıcılığı il: 1969
Sahə(hektar): 27869 
Olduğu yer: Ordubad rayonu
Qısa məlumat: Ordubad 1969-cu ilin iyulunda Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131 hektar sahəsi Milli Park elan edilmişdir. Hal-hazırda yasaqlığın ərazisi 27869 hektardır. Yasaqlığın yaradılmasında məqsəd ərazidəki nadir və qiymətli heyvanları qoruyub artırmaqdır. Ərazidə bezoar keçisi, köpgər, daş dələsi, canavar, çaqqal, tülkü və s. məməli heyvan növlərinə turac, qırqovul, kəklik, bildirçin, alabaxta və s. quş növlərinə rast gəlinir.

Adı: Arazboyu Dövlət Təbiət Yasaqlığı (Naxçıvan Muxtar Respublikası) 
Yaradıcılığı il: 2005
Sahə(hektar): 9118 
Olduğu yer: Sədərək, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad rayonlarının əraziləri
Qısa məlumat: Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədrinin Sərəncamı ilə 23 sentyabr 2005-ci ildə yaradılmışdır. Məqsəd: təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması, ekoloji tarazlığın saxlanılması. Əsas növləri — flora: Araz palıdı, dağdağan, zərif süsən; fauna: qıvrımlələk və çəhrayı qutan,ərsindimdik, saqqallı qartal, qamış pişiyi, manul pişiyi.