Ərəb xilafətinədək
Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın da ən qədim tarixə malik olan diyarlarındandır. Bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir. Azıx mağarasının tədqiqatçısı Azərbaycan alimi M.Hüseynov yazırdı: “Azıxda öyrənilmiş çay daşı alətləri mədəniyyətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir. Eyni zamanda alətlərin hazırlanmasında fərqli cəhətlər də vardır ki, bu da, Azıxın alt təbəqələrindən aşkar olunmuş əmək alətlərini Quruçay mədəniyyəti adlandırmaq imkanı vermişdir… Quruçay mədəniyyətinin yaşı isə 1 milyon 200 min ildən də qədimlərə aid edilə bilər”.
1968-ci ildə Azıx mağarasının aşöl təbəqəsindən Azıx adamı — azıxantrop adlandırılan insanın çənə sümüyü tapılmışdır. Azıx adamının 350-400 min il əvvəl yaşadığı güman olunur. Qarabağda mustye mədəniyyəti daha çox Tağlar mağarası ilə təmsil olunmuşdur. Qarabağın arxeoloji cəhətdən öyrənilməsinin davam etdirilməsi burada daş dövrünün mezolit və eneolit dövrlərinin də geniş inkişaf etmiş olduğunu müəyyənləşdirə bilər. Eneolit (e.ə.VI-IV minilliklər), tunc və ilk dəmir dövrlərində (e.ə. IV minilliyin sonu — I minilliyin əvvəli) Qarabağın həyatında böyük dəyişikliklər baş vermişdi. Son tunc və ilk dəmir dövrü (e.ə. XIII-VII əsrlər) Xocalı-Gədəbəy mədəniyyəti adı almışdır. Bu dövrə aid Xocalı qəbiristanlığı arxeoloji abidəsindən üstündə Aşşur (Assuriya) hökmdarı Adadnirariyə aid mixi yazı olan əqiq muncuq tapılmışdır. Bu və digər tapıntılar bölgənin Yaxın Şərqlə iqtisadi və mədəni əlaqələrini təsdiq edir.
Təsərrüfat və mədəni həyatın inkişafı ilə yanaşı, etno-siyasi proseslər də davam edir. Azərbaycanın cənubunda qüdrətli Manna dövləti (e.ə. IX-VI əsrlər) meydana gəlir. Manna Assuriya və Urartu ilə mübarizədə müstəqilliyini qorumağa nail olur. Şimali Azərbaycan torpaqları, o cümlədən Qarabağ ərazisi Urartunun işğallarından kənarda qalır. Bu dövrdə, ümumiyyətlə, Cənubi Qafqazda (Zaqafqaziyada) erməni etnosu yox idi. Çox sanballı tədqiqatçılar, kollektiv monoqrafiyaların müəllifləri Zaqafqaziyanın siyasi tarixindən bəhs edərkən vahid fikir söyləyirlər: Urartunun əsas ərazisi SSRİ-nin sərhədlərindən kanarda yerləşirdi. Qədim dövrdə və orta əsrlərdə ermənilərin kompakt yaşadığı ərazi də indiki Ermənistanın hüdudlarından uzaqda idi. Urartu dövlətinin varlığına son qoyan Midiya dövləti (e.ə. 672-550) zamanı vəziyyət dəyişdi. Midiya Cənub-Şərqi Zaqafqaziyanı özünə tabe etdi. Bu vəziyyət Əhəmənilər dövründə də (e.ə. 550-330) davam etmişdi.
Makedoniyalı İsgəndər (e.ə.336-323) Əhəməni dövlətini dağıtdıqdan sonra Azərbaycanın şimalında siyasi proseslər yeni mərhələyə qədəm qoydu. Bunun nəticəsi idi ki, Makedoniyalı İsgəndərin qısamüddətli hakimiyyətindən sonra, onun ölümü ilə imperiyası parçalandıqda Azərbaycanın cənubunda Atropatena, şimalında isə Albaniya dövlətləri yarandı (Son dövrlərdə Azərbaycan tarixçiləri Atropatenaşünaslıq və Albanşünaslığı yeni elmi əsərlərlə zənginləşdirmiş, uzun zaman erməni müəllifləri tərəfindən qəsdən saxtalaşdırılmış olan bu dövrün elmi əsaslarla araşdırılmasına böyük töhvələr vermişlər. Onları burada xüsusi olaraq sadalamağa ehtiyac görmədik). E.ə. IV əsrdə və sonralar Atropatena Azərbaycanın şimalında da ərazilərə malik idi və bu zaman Qarabağ ərazisinə daxil olan torpaqların bir hissəsi həmin Azərbaycan dövlətinə tabe idi. Atropatena ilə eyni dövrdə yaranmış Albaniya dövləti təxminən e.ə. IV- e. VIII əsrlərində mövcud olaraq, 1200 ilə yaxın dövr ərzində Azərbaycan tarixində böyük rol oynadı. Bütün Qarabağ ərazisi Albaniya dövlətinin tərkibinə daxil idi və bu dövlət Qarabağı öz tərkibində qoruyub saxlamaq üçün misilsiz mübarizə apardı və bəzi istisnalarla buna nail ola bildi. F.Məmmədovanın Albaniya dövlətinin, o cümlədən onun tərkib hissəsi olan əyalətlərin (Sakasena, Otena – Uti, Orxistena – Arsax, Araksena və s.) ərazisi və sərhədlərini tarixi dinamikada əks etdirdiyi 6 xəritəsi də bu fikri təkzibolunmaz surətdə təsdiq edir.
Qarabağ Azərbaycan Albaniya dövlətinə məxsus olduğu kimi, burada yaşayan etnoslar — uti, sovdey, qarqar və başqaları da alban tayfaları idilər.
Ermənilərin ilk dəfə Cənubi Qafqazda (Zaqafqaziyada) peyda olmaları təxminən e.ə. II əsrdən sonralara təsadüf edir. Onların regiona daxil olması ilə yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar fəaliyyətləri də başlanır. Bu dövrdə ermənilər Kiçik Asiyanın şərqindəki erməni çarlığını qondarma “Böyük Ermənistan” adlandırır və köçüb məskən saldıqları bütün əraziləri erməni torpaqları elan etməyə cəhd edirlər. Roma imperiyasının e.ə. 66-cı ildə II Tiqranı darmadağın etməsi ilə uydurma “Böyük Ermənistan” əfsanəsi puça çıxır, onlar Romanın vassalına çevrilir. Bu vəziyyət IV əsrədək davam edir. Belə olduğu halda, ermənilərin Albaniyanın tarixi torpaqlarını Ermənistanın tərkib hissəsi kimi qələmə verməsi heç bir elmi-tarixi əsasa malik deyil. Halbuki ermənilərdən fərqli olaraq Azərbaycan-Albaniya dövləti müstəqil siyasət yeritməkdə davam edirdi və Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil idi. Tədqiqatçının yazdığına görə “mənbələrin tədqiqi və I-IV əsrlərdəki gerçəkliklərin öyrənilməsi bizi əmin edir ki, Albaniyanın cənub sərhədi Araz çayı boyunca keçmişdir”.
Qarabağın Azərbaycana məxsus olduğunu və burada ən qədim zamanlardan başlayaraq müxtəlif türk etnoslarının yaşadığını Azərbaycan və ümumtürk şifahi xalq ədəbiyyatının möhtəşəm abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanları da sübut edir. Dədə Qorqud dastanları VI-VII əsrlərdə Qarabağ da daxil olmaqla bütün Azərbaycan torpaqlarında, o cümlədən Göyçə gölü hövzəsində yayılmışdır. Bu qiymətli xalq-qəhrəmanlıq eposunun təsdiq etdiyi kimi, bəzi oğuz qəhrəmanları hətta Məhəmməd peyğəmbərin (s.) hüzuruna gedərək onun özü ilə də görüşmüşdülər. Ağqoyunlu hökmdarı Uzun Həsənin (1453-1478) göstərişi ilə yazılmış məşhur Oğuznamədə (Əbu Bəkr Tehraninin 1470-ci ildə yazdığı “Kitabi-Diyarbəkriyyə”sində) Göyçə dənizi yaylaqlarının və Qarabağın qədim oğuz türklərinə məxsus olduğu, oğuz türklərinin soykökündə duran Oğuz Xaqanın Göyçə dənizi ətrafında dəfn olunduğu, Bayandur Xaqanın isə Qarabağda, Göyçə dənizi yaylaqlarında yaşadığı və orada da dəfn olunduğu göstərilir.
Qarabağ Ərəb xilafəti dövründə. Arsaxda qriqorianlaşdırma
və erməniləşdirməyə dair
Qarabağın tarixində əsas dəyişikliklər Ərəb xilafətinin işğalları və bunun nəticəsində Albaniya dövlətinin aradan qaldırılması ilə baş verir. Ərəb işğallarınadək Qarabağın tarixi əhalisi etnik baxımdan eyni kökdən, yəni Azərbaycan-Albaniya kökündən olduğu halda, bu dövrdə Ərəb xilafətinin Azərbaycanla bağlı yeritdiyi faciəli siyasət nəticəsində vilayətin dağlıq hissəsində ermənilərin dini üstünlüyünün təmin edilməsi, zaman keçdikcə etnik sahədə də özünü göstərdi: Albaniyanın tarixi Arsax bölgəsi əhalisinin əvvəlcə qriqorianlaşdırılmasına, bunun ardınca da erməniləşdirilməsinə başlandı. Azərbaycanın bu bölgəsində qriqorianlaşdırma və erməniləşdirmə proseslərinin səbəbləri, gedişi və erməni-xilafət əməkdaşlığının mahiyyəti və b. problemlər, onun tarixi ədəbiyyatda necə əks olunması məsələləri akad. Z.Bünyadov tərəfindən xüsusi olaraq tədqiq edilmişdir. Təbiidir ki, qriqorianlaşdırmaya nisbətən erməniləşdirmə uzun proses olmalı idi və həqiqətən də bu belə oldu. Ona görə də Z.Bünyadov akad. S.T.Yeremyanın “VII əsrdən (qəti olaraq VIII əsrin əvvəllərindən) Alban kilsəsinə erməni kilsəsinin bir hissəsi kimi baxılırdı” və bu zaman Arran vilayətindən Sünik, Arsax, Uti və başqalarının erməniləşdirilməsini iddia edən fikrinə etiraz edərək yazır: “İki müxtəlif anlayış olan erməniləşdirmə və qriqorianlaşdırma anlayışlarının qarışdırılması diqqəti cəlb edir. Bu yerdə erməni kilsəsinin köməyi ilə Arran əhalisinin yalnız qriqorianlaşdırılmasından danışıla bilər. S.T.Yeremyanın bu barədəki nöqteyi-nəzəri o qədər də doğru deyildir, çünki Arran vilayətində Sünik vilayəti və Arsaxın xeyli hissəsi XII əsrin əvvəllərinə yaxın erməniləşdirilmişdir”.
Bu fikir (həm də akad. S.T.Yeremyanın gəldiyi nəticə) bir daha təsdiq edir ki, Qarabağın bu hissəsində yaşayan əhali əvvəldən erməni olmamış, əksinə yerli Azərbaycan-alban tayfaları olmuşlar və sonradan erməniləşdirilmişlər, daha doğrusu əvvəlcə qriqorianlaşdırılmış, sonra isə erməniləşdirilmişlər.
Populyasiyanın etnogenezi və onun qarşılıqlı əlaqəsi haqqında informasiya verən və müasir elmi nailiyyətlərə əsaslanan odontoloji tədqiqatlar da bunu sübut edir. Heç də təsadüfi deyil ki, Ərəb xilafəti parçalandıqdan sonra Albaniyanın həmin ərazisində Sünik və Arsax-Xaçın knyazlıqları yarandı. “XII əsrin sonlarına yaxın Sünik padşahlığı dağıldı, buradakı hakim sülalə 1166-cı ildən knyaz Qriqorun və Smbatın ölümü ilə kəsilmiş oldu. XII əsrin sonu-XIII əsrin əvvəllərində Arsax ərazisində təşəkkül tapan Xaçın knyazlığı İ.A.Orbelinin sözləri ilə desək, “qədim Albaniyanın bir hissəsi” idi”. Beləliklə, tamamilə təbiidir ki, Ərəb xilafəti dağılarkən onun ərazisində dirçələn yerli dövlətlər içərisində heç bir erməni dövləti olmamışdır. Bu da, Azərbaycandan və Gürcüstandan fərqli olaraq, Cənubi Qafqazda ermənilərin ümumiyyətlə dövlətçilik tarixinə malik olmadıqlarını sübut edir.
Bu proseslərin baş verdiyi IX-XIII əsrin əvvəlləri, xüsusilə Sacilər-Atabəylər-Şirvanşahlar dövrü bütün Cənubi Qafqazda Azərbaycanın qüdrətinin daha da artdığı bir dövr idi. Sacilər və Atabəylər faktik olaraq Azərbaycanın tarixi torpaqlarını siyasi cəhətdən birləşdirmişdilər. Keçmiş Albaniya ərazisində yaranmış Xaçın knyazlığı Mehranilər nəslinə mənsub olan Həsən Cəlalın dövründə (1215-1261) yüksək inkişaf mərhələsinə çatmışdı. Təsadüfi deyil ki, dövrün narrativ və epiqrafik abidələrində o, “Xaçın ölkələri knyazı”, “Xaçın və Arsax ölkələrinin əzəmətli knyazı” titulları ilə yanaşı, “Albaniya hökmdarı” titulu ilə də anılır. Başqa sözlə, Həsən Cəlalın bütün titulları Azərbaycan – Albaniya tarixinə məxsusdur. Onun zamanında Alban memarlığının ən mühüm incilərindən biri olan Qanzasar monastırı tikildi.
Qarabağ Azərbaycan siyasi həyatının mərkəzlərindən biri kimi
(XIII-XVIII əsrin 40-cı illəri)
Monqolların birinci yürüşü zamanı (1220-1222) zəifləmiş Atabəylər dövlətinə son qoyan Xarəzmşah Cəlaləddinin Azərbaycanda hökmranlığı zamanı (1225-1231) Qarabağ da onun hakimiyyəti altında idi.
Monqolların ikinci yürüşü və Azərbaycanın işğalının başa çatması ilə (1231-1239) Qarabağ digər Azərbaycan torpaqları kimi Ali monqol xaqanlığının (1239-1256), sonra isə Hülakülər (Elxanilər) dövlətinin (1256-1357) tərkibində idi. Qarabağın bu dövr tarixi haqqında məlumat nisbətən daha əhatəlidir və daha yaxşı öyrənilmişdir. Həmin dövrdə “Qara” və “bağ” söz birləşməsi — “Qarabağ”, artıq, konkret coğrafi əraziyə şamil edilir. V.Piriyev yazır: “Arran Qarabağı” adı ilk dəfə Rəşid əd-Dinin “Came ət-təvarix” əsərində 1284-cü il hadisələrinin şərhi ilə əlaqədar xatırlanır”. Bu dövrdə Qarabağ Arranın daxilində dağlıq və dağətəyi torpaqları birləşdirən vahid ərazidən ibarət idi. XIII-XIV əsrlərdə Qarabağ Hülakülər dövlətinin siyasi tarixində mühüm rol oynayır. V.Piriyev qeyd edir ki, “Monqol hökmdarlarının daima Qarabağda qışlamaları bir sıra dövlət səviyyəli hadisələrin burada baş verməsinə səbəb olmuşdur. Təkcə onu göstərmək kifayətdir ki, monqol hökmdarlarından ikisi (Qazan xan və Arpa xan) səltənət taxtına Qarabağda çıxmış, ikisi isə (Arqun xan və Əbu Səid) Qarabağda vəfat etmişdir”. XIII-XIV əsrlərdə də Qarabağ Azərbaycan torpağı idi və onun əhalisi də əsasən Azərbaycan türklərindən ibarət idi.
XV əsrdə Qarabağ Azərbaycan Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu (1468-1501) dövlətlərinin tərkibində idi. Lakin Qaraqoyunlular dövründə Qarabağın sonrakı tarixində özünü göstərəcək bir hadisə baş verdi. XV əsrdə keçmiş alban hakimi Həsən Cəlalın nəsli (Cəlalilər) Qaraqoyunlu Cahan şahdan “məlik” titulu aldı. Sonralar Cəlalilər nəslinin mülkü beş alban feodal knyazlıqları — məlikliklərinə (Gülüstan, Cəraberd, Xaçın, Vərəndə, Dizaq) parçalandı…
Azərbaycan Səfəvi dövlətinin yaranması ilə (1501) bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinə başlandı. XVI əsrin ortalarında Azərbaycan torpaqlarının vahid dövlət halında mərkəzləşdirilməsi başa çatdı. Bununla Azərbaycan Səfəvi dövləti regionun Osmanlı imperiyasından sonra ikinci ən qüdrətli dövlətinə çevrildi. Belə olduğu halda o dövrdə ermənilərin hər hansı etnik-siyasi üstünlüyü mümkün olan məsələ deyildi. Əksinə, həmin dövrdə Azərbaycanın etnik və siyasi sərhədləri daha aydın şəkil alır. Səfəvilər Azərbaycanda 4 bəylərbəylik yaradır ki, onlardan biri də Qarabağ və ya Gəncə bəylərbəyliyi idi. Osmanlıların bu torpaqlarda tərtib etdikləri icmal və müfəssəl dəftərlər həmin bəylərbəyliyin inzibati-ərazi bölgüsü haqqında aydın təsəvvür yaradır. 1593-cü il məlumatına görə, Gəncə-Qarabağ əyaləti 7 sancaq, 36 nahiyəyə bölünürdü. Burada qeydə alınan 1,3 mindən çox toponimik vahidlərin hamısı, demək olar ki, azərbaycanlılara məxsus idi. Bunlardan heç biri ermənilərə məxsus olmamışdır.
Səfəvi dövlətinin zəifləməsindən sonra Azərbaycan torpaqları İran, Rusiya və Osmanlı dövlətləri arasında müharibələr meydanına çevrildi.
Bu dövrdə Gəncə-Qarabağ torpaqları əvvəlcə Osmanlı imperiyası tərkibində olmuşdur. Həmin dövrdə tərtib olunan Osmanlı dəftərləri də azərbaycanlıların bölgənin əsas əhalisi olduğunu sübut edir. Hesablamalara görə, 1727-ci ildə Gəncə-Qarabağ əyalətinin əhalisi 122 min nəfər idi. Onun 80,3 min nəfərini (66%) azərbaycanlılar, 37,8 min nəfərini (31%) ermənilər (daha doğrusu qriqorianlaşmış və erməniləşmiş albanlar), 3,7 min nəfərini (3,1%) kürdlər təşkil etmişdir. Bəhs olunan dövrdə Rusiyanın fəal köməklik göstərdiyi qriqorianlaşmış albanlar siyasi cəhətdən fəallaşır. Digər tərəfdən, sonuncu Səfəvi hökmdarı III Abbası yıxaraq hakimiyyətə gələn Nadir şah Əfşar (1736-1747) onu qanuni hökmdar kimi tanımaqdan imtina edən Gəncə-Qarabağ bəylərbəyliyinin türk-müsəlman əhalisinə qarşı ağır cəza tədbirləri həyata keçirdi ki, bu amil də Qarabağın alban məliklərinin mövqeyini gücləndirdi və onların separatizminə təkan verdi. Nadirin ölümü ilə onun dövləti parçalandı, Azərbaycanda yerli dövlətlər — xanlıqlar yarandı. Başqa sözlə, Azərbaycan xanlıqların timsalında özünün dövlət müstəqilliyini növbəti dəfə bərpa etdi. Keçmiş Gəncə-Qarabağ əyalətinin ərazisində iki Azərbaycan xanlığı — Gəncə və Qarabağ xanlıqları yarandı. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları başlıca olaraq Qarabağ xanlığı ilə bağlı olduğundan onun üzərində ayrıca dayanaq.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu
QARABAĞDA AZƏRBAYCAN DÖVLƏTÇİLİK ƏNƏNƏSİNİN BƏRPASI
Nadir şah Əfşar imperiyasının süqutundan sonra müstəqillik qazanmış Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli bəy Cavanşir idi. O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdur. Qarabağ xanlığının vəziri olmuş tarixçi Mirzə Camal yazır: “Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb tanıdığı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII yüzilin 30-cu illərində Osmanlı imperiyasına qarşı müharibələr nəzərdə tutulur) şücaət göstərmiş Pənah xanı da öz yanına apardı”. Lakin Muğan qurultayından sonra Nadir onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, bu diyarın türk-müsəlman əhalisini Əfqanıstan və Xorasana sürgün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1737-1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Şah onun qaçmasından xəbər tutan kimi onu yolda ələ keçirmək üçün ardınca çaparlar göndərdi. Lakin onu tutmaq mümkün olmadı. Nadir Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərdi ki, Pənah xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər. Şahın əmri ilə Pənah xanın ailəsini və qohum-qardaşını çox incidib cərimə etdilərsə də, fayda vermədi.
Beləliklə, hələ Nadirin sağlığında Pənahəli bəy ona tabe olmaqdan boyun qaçırıb Vətəni olan Qarabağı müstəqil surətdə idarə etməyə cəhd göstərmişdi. Nəticədə Nadir şahın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil Azərbaycan dövləti — Qarabağ xanlığı yarandı.
Qarabağ xanlığı müstəqil dövlət elan edildikdən sonra başlıca vəzifə onun möhkəmlənməsinə nail olmaq idi. Pənah xanın bu sahədə ilk tədbirlərindən biri Qarabağın Nadir şah tərəfindən sürgün olunmuş türk-müsəlman əhalisini geri — doğma torpağa qaytarmaq oldu. Köçkünlərin geri qaytarılması və dədə-baba torpaqlarında yerləşdirilməsi Qarabağ xanlığını gücləndirdi. Sürgündən ilk qayıdanlar içərisində Qarabağın gələcək xanı, 15 yaşlı İbrahimxəlil də var idi.
Qarabağ xanlığı yarandığı zaman burada Təbriz, Ərdəbil, Gəncə, Şamaxı, Bakı, Naxçıvan, Şəki, Dərbənd kimi şəhərlər yox idi. Halbuki belə siyasi-iqtisadi mərkəzlərin olması xanlıqların gələcək inkişafı üçün çox mühüm idi. Yeni müdafiə qurğuları və şəhərlərin salınması Pənah xanın hərbi-siyasi işlərlə yanaşı, dəyərli quruculuq uğuru sayılmalıdır.
Bu sahədə ilk addımlardan biri 1748-ci ildə qədim Azərbaycan-türk tayfası olan bayatların adı ilə bağlı Bayat qalasının tikilməsi oldu. “Xan bütün ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələrilə birlikdə gəlib Bayat qalasında yerləşdilər”.
Pənah xanın müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyəti onun rəsmən tanınması ilə nəticələndi. Mirzə Camal yazır: “Müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə (1748-ci il olmalıdır) Adil şahın Pənah xana “xan” adı verilməsi və Qarabağ hakimi vəzifəsinə təyin edilməsi haqqında fərmanı, qiymətli xələt, qızıl yəhərli at və daş-qaşla bəzənmiş qılıncla birlikdə Sərdar Əmir Aslanın yaxın adamı vasitəsilə o zaman yaşadıqları Bayat qalasına gəlib çatdı”.
Adil şahın fərmanı, əslində gecikmiş bir sənəd idi. Həqiqi “hakimlik” şah fərmanından əvvəl, ondan asılı olmadan qazanılmışdı.
Pənah xanın “Qarabağ hakimi” kimi tanınmasında Şəki xanlığının Qarabağ üzərinə uğursuz yürüşü mühüm rol oynadı. Şəki xanı Hacı Çələbi özünün 1748-ci ildəki uğursuz Bayat yürüşündən sonra bildirmişdi: “Pənah xan bu vaxtacan sikkəsiz gümüş idi. Biz gəldik ona sikkə vurduq və qayıtdıq” (və ya “Pənahəli özünü xan elan etmişdi, mən isə öz məğlubiyyətimlə onun xanlığını təsdiq etdim”). Hacı Çələbi xanın xalq içərisində zərb-məsələ çevrilmiş bu sözləri, əslində, Adil şahın fərmanından daha artıq gücə malik idi. Əhməd bəy Cavanşir yazır: “…Bu qalibiyyətdən (Bayat döyüşündən) sonra Pənah xanın igidliyi haqqında dillərə düşən dastan o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi”.
Bayat döyüşü, eyni zamanda bu qalanın gələcək tarixi sınaqlara dözə bilməyəcəyini də üzə çıxardı. Ona görə də yeni qala salınması tələb olunurdu. Mirzə Adıgözəl bəy yazırdı: “Pənah xan Şahbulağı adı ilə məşhur olan Tərnəkütdə bir qala bina etdi. Daş və əhəngdən məscidlər, evlər, çarsu (meydan, bazar meydanı) və hamamlar tikdirdi. Bu işləri 1165-ci ildə (1751-ci il) bitirərək oranı özünə məskən etdi”.
Kürəkçay müqaviləsi
Pənah xan gücləndikcə pərakəndəlik tərəfdarı olan feodalların — məliklərin pozuculuq fəaliyyətləri də artırdı. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri idi. Belə olmasa, xanlığın ərazi-inzibati bütövlüyü itirilə bilərdi. Bu tarixi həqiqəti ilk mənbələr də təsdiq edir.
Mir Mehdi Xəzani çox haqlı olaraq yazırdı: “Bu Qarabağda ki, beş mahal bundan əqdəm Xəmsə mahalı işlaq olurmuş və şimdi hər birisi bir qeyri-ism ilə adlanırlar…”. Mirzə Adıgözəl bəy Qarabağdakı feodal mülkləri — məlikliklər haqqında yazırdı: “Bu mahallardan biri Dizaqdır. Məlikləri Məlik Yeqan adlanır. O, Loridən qaçıb gəlmiş, Nadir şahın səltənəti dövründə və onun əmrilə məliklik taxtında oturub hörmət qazanmışdır.
İkincisi Vərəndədir. Məlikləri Məlik Şahnəzərlilər olmuşdur. Onlar daha qədim bir nəslə mənsub və daha çox etibar sahibidirlər. Əsilləri də Göyçə əsilzadələrindəndir. Sonra oradan qaçaraq gəlib Qarabağda Vərəndə mahalının məliklik camından sərxoş olmuşlar.
Üçüncü Xaçındır. Məlikləri Həsən Cəlalyan övladıdır. (Onlar) riyasət gəlininə gözəllik verib, (hökmran olmuşlar). Bu ailə məliklik mənsəbindən məhrum olduqdan sonra, bu mahalın müstəqil bir məliki olmamışdır. Axırda, mərhum Pənah xan Cavanşirin dövlət günəşi və şövkət bayrağı riyasət üfüqündən baş vurub Qarabağ vilayətinin bütün sahəsini cəlal və dəbdəbə ilə işıqlandırdı. Bu zaman xınzırıstanlı (indiki adı Xındırıstan) Məlik Mirzə xan… bu əbədi dövlət məmurlarının əmrilə məliklik sikkəsini… adına kəsdirdi. Ondan sonra da oğlu Allahverdi və nəvəsi Məlik Qəhrəman… məliklik bayrağını göylərə qaldırdılar.
Dördüncü Çiləbörd mahalıdır. Məlikləri Məlik Allahquludur. Əsilləri Mağavizdən gəlmədir. Bunlar gəlib Çiləbörddə məlik olmuş, Tərtər çayının ortasında vaqe ən möhkəm bir məmləkətdə yerləşmişlər. Çox çətin bir yolu olan Çermux qalasını (Çiləbördün müxtəsər adıdır) özlərinə məskən, sığınaq və mənzil etmişlər. Çiləbördə müstəqil olaraq yiyələnmiş və böyük bir şöhrət qazanmışlar… Nadir şah… ona sultanlıq rütbəsi və xələti verdi…
Beşinci Talış mahalıdır. Məlikləri Məlik Usubdur. Əsilləri Şirvandan gəlmədir. Bir müddət Talış kəndində sakin olmuşlar. Onlardan bir çoxu dəfələrlə məliklik etmişdi. Sonralar məlik Usub Gülüstan qalasını zəbt edib orada sakin olmuşdur”.
Qarabağ məliklikləri
Məlikliyin adı | Qarabağa gəlmələri | |
---|---|---|
Nə vaxt | Haradan | |
Vərəndə | 1603 | Göyçə mahalından |
Çiləbürd | 1637 | Zəngəzurdan (Sünikdən) |
Xazın | XVIII əsrdə yaranmışdır | Yerli |
Dizaq | XVIII əsrin əvvəlləri | Lori vilayətindən |
Gülüstan (Talış) | XVIII əsrin əvvəlləri | Şirvandan (Qəbələ sultanlığının Nic kəndindən) |
Beləliklə, Xaçın istisna olmaqla, Qarabağdakı digər məliklər və onların mənsub olduqları nəsillər əslən Qarabağdan deyildilər və bu diyara başqa yerlərdən gəlmə idilər. Özü də erməni deyil, keçmiş alban nəsillərinin nümayəndələri idilər. Buna görə də erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarına “haqq” qazandırmaq üçün həmin məliklərə “erməni dövlətçiliyinin” davamı kimi baxmaları kökündən yanlışdır, daha doğrusu, elmi saxtakarlıqdır. Digər tərəfdən, gəlmə məliklər Qarabağda mahal başçılığını ələ keçirdikdən sonra kiçicik də olsa, heç bir dövlət birləşməsi yarada bilməmişdilər. Onlar bir-birindən təcrid olunmuş, çox zaman isə bir-birilə çəkişən mahal başçıları səviyyəsindən yuxarı qalxa bilməmişdilər. Bundan başqa, yuxarıdakı cədvəldən göründüyü kimi Xaçın istisna edilməklə XVII yüzildən əvvəlki dövrdə onların Qarabağda kökü yoxdur. “Məliklər Qarabağda feodal dağınıqlığının güclənməsini istəyən qüvvələri təmsil edirdilər”. Məliklərin separatçı fəaliyyəti xanlıqda və bütün ölkədə gedən mərkəzləşdirmə işinə mane olurdu. Onların yadelli qüvvələrin Qarabağa hücumunun həyata keçirilməsində iştirak etmələri Qarabağ xanlığının müstəqilliyinə ağır zərbə vururdu. Buna görə də məlikliklərin separatçılıq meyillərini aradan qaldırmaq üçün görülən tədbirlər etnik konflikt olmayıb, Qarabağ xanlığının müstəqilliyinə yönəlmiş qəsdlərə qarşı mübarizə idi.
Xəmsə məliklərindən Pənah xanın hakimiyyətini birinci olaraq tanıyan Məlik Şahnəzər oldu. Bu, İbrahimxəlil ağanın Məlik Şahnəzərin qızı Hürzatla evlənməsi ilə nizama salındı.
Xaçın məliyi Ulubab Ballıqayada məğlub edildikdən sonra Pənah xanın hakimiyyətini tanıdı. Dizaq, Çiləbörd, Talış məliklərinin düşmənçilik siyasəti isə bir neçə il sürdü. Əhməd bəy Cavanşir yazır: “Qonşu vilayətlərdən toplanmış xəzinə pullarını saxlayan Tuğ və ya Dizaq məliyi Yegan öz oğulları və qohumları ilə birlikdə kəskin müqavimət göstərdikdən sonra onların bir hissəsi qırılmış, bir hissəsi isə İslam dinini qəbul etmişdi… Çiləbörd məliyi Allahqulu Sultan əvvəlcə onun təbəəliyini qəbul etmiş, lakin sonralar xəyanətdə ittiham edilərək Pənah xanın əmri ilə öldürülmüşdü. Onun qardaşı Məlik Hətəm Talışın beşinci məliyi Məlik Usubla ittifaq bağlayıb uzun müddət öz obalarını Pənah xan dəstələrinin hücumlarından müdafiə etmiş, lakin Mardakerd kəndində məğlub olduqdan sonra Tərtər çayının yuxarılarında yerləşən alınmaz Cermux qalasına çəkilmişdi. Bir ilə qədər qalada qaldıqdan sonra nəhayət, öz ailəsi ilə birlikdə qürbət ellərdə nicat axtarmalı olmuşdu. Lakin bununla öz siyasi fəaliyyətlərini bitirmədi. Belə ki, sonralar onun həm özü və həm də övladları (birincinin oğlu Məlik Məcnun) daim Qarabağa hücumlar edirdilər…”. Pənah xanın məlikləri tabe etmək yolunda qazandığı uğurları onun oğlu İbrahim xan davam etdirdi.
Qarabağ məliklərindən dizaqlı Yesay, çiləbördlü Məcnun və gülüstanlı Bəyləryan İbrahim xana tabe olmaqdan imtina etdilər. Vərəndəli Məlik Şahnəzər və xaçınlı Mirzə xan isə İbrahim xanın hakimiyyətini qəbul edərək onun yaratdığı vətənsevər qüvvələr birliyinə qoşuldular.
Müttəfiqlər 1781-ci ildə Tuğ qalasını mühasirəyə aldılar. Məlik Yesay təslim oldu, burada hakimiyyət Məlik Bahtama keçdi. Lakin tezliklə o da dönük çıxdı.
İbrahim xanla separatçı məliklər arasındakı mübarizəyə 1783-cü ildən Rusiya dövləti də qarışmağa başladı. Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya burada — Azərbaycan ərazisində həmin məliklərin köməyi ilə “xristian dövləti”, daha doğrusu, özünə dayaq yaratmağa çalışırdı. Bu zaman İbrahim xan özünün yüksək diplomatik bacarığı sayəsində düşmənçilik edən məlikləri Şuşaya toplaya bildi. Sənədlər əsasında onların Qarabağ xanlığına xəyanət etdiyini sübuta yetirərək onları həbsə aldırdı.
Məlik Məcnun və Abov Şuşa həbsxanasına salındı, Məlik Bahtam isə günahlarına görə Ərdəbil xanına verildi. Məliklərin müttəfiqi Gəncəsər monastırının katolikosu İohannes qardaşı ilə birlikdə tutulub cəzalandırıldı.
Lakin Şuşa həbsxanasındakı məliklər qaça bildilər. Onlar Tiflisə gələrək burada Qarabağ xanlığına qarşı hazırlanmış qəsdi gürcü çarı II İrakli (1744-1798) və rus polkovniki Burnaşovun köməyilə yerinə yetirməyə girişdilər. Qarabağ xanlığına qarşı “xaç yürüşü”nə başlayan düşmənlər Gəncəyə yaxınlaşdılar. Lakin 1787-ci ildə Rusiya-Türkiyə müharibəsinin (1787-1791) başlanması nəticəsində bu “xaç yürüşü” baş tutmadı. İbrahim xan müstəqil Qarabağ xanlığının bütövlüyünü qoruyub saxlaya bildi.
1795-ci ilin yayında İranda hakimiyyəti ələ alan Ağa Məhəmməd Qacar (1742-1797) Qarabağ xanlığına hücum etdi. Şuşanın 33 günlük mühasirəsi uğursuz oldu. Şuşadan sonra o, Tiflis üzərinə yeridi. V.Zubovun komandanlıq etdiyi rus qoşunlarının hücumu ilə Ağa Məhəmməd Qacar geri çəkildi. Rus çariçası II Yekaterinanın (1764-1796) ölümü ilə V. Zubov da Azərbaycandan geri çağırıldı. 1797-ci ildə Ağa Məhəmməd Qacar yenidən Qarabağa hücum etdi, Şuşanı tutdu, lakin burada öldürüldü.
XVIII yüzilin sonları – XIX yüzilin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi, 1801-ci ildə Gürcüstan imperiyaya birləşdirildi, Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) işğal olundu.
İbrahim xan belə bir vəziyyətdə Rusiya qoşunlarının komandanı P.D.Sisianovla (1802-1806) Kürəkçayda müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı məhz müsəlman — Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu
Çarizmin Qarabağda üsul-idarəsi. Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi.
1805-ci il Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı faktik olaraq Rusiyaya ilhaq edildi. Xan hakimiyyətinin hələ 17 il də saxlanması müəyyən strateji məqsəd daşıyırdı. 1806-cı ildə İbrahim xanın qətli Rusiyanın heç bir hüquqa məhəl qoymadığını nümayiş etdirirdi. Belə bir şəraitdə İbrahim xanın xanlığa keçən oğlu Mehdiqulu xanın hakimiyyəti (1806-1822) möhkəm deyildi. Çar hökuməti işğal rejimini gücləndirir, xanlığın ərazisində möhkəmlənmək məqsədi ilə yerli müsəlman hakim təbəqənin iqtisadi mövqelərini zəiflətməyə, əksinə, özünə arxa sandığı qriqorianlaşmış və erməniləşmiş albanları üstün mövqeyə çıxarmağa çalışırdı. Xanlıq ləğv edildikdən sonra Şimali Azərbaycanın digər yerlərində olduğu kimi, burada da komendant idarə üsulu yaradılmış, o, Hərbi-müsəlman dairəsinin (mərkəz Şuşa) tərkibinə daxil edilmişdi. Bu dövrdə Rusiya qoşunlarının işğalçılıq əməliyyatlarında iştirak edən və əslən erməni olan general-leytenant V.Q.Mədətov (1782-1829) Qarabağda sözün əsl mənasında erməni-Rusiya müstəmləkə rejimi yaratmışdı. Çar hökuməti 1830-cu il üsyanlarının təsiri nəticəsində Cənubi Qafqazda 1840-cı il 10 aprel inzibati-hərbi islahatı keçirdi. Bu islahata görə Qarabağ əyaləti Şuşa qəzasına çevrilmiş və Kaspi vilayətinə (mərkəz Şamaxı) tabe edilmişdi. Bununla da Qarabağ anlayışı siyasi mənasını itirmiş oldu və yalnız coğrafi anlayış kimi qaldı.
1846-cı il inzibati ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına (1859-cu ildən Bakı) tabe edildi. 1867-ci ildə Yelizavetpol quberniyası yaradıldıqda Şuşa qəzası onun tərkibinə verilir və ərazisi bölünərək burada daha üç qəza — Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları da təşkil olunur. Bununla Şuşa qəzası da vahid inzibati-siyasi idarəsini itirir. Belə bir inzibati ərazi bölgüsü xüsusi məqsədlə həyata keçirilmişdi. Bu islahatlar ermənilərin idarə sistemində daha geniş təmsil edilməsinə hərtərəfli imkanlar açdı.
Çarizm Şimali Azərbaycan torpaqlarını işğal etdikcə, bu torpaqlarda möhkəmlənmək üçün həm də əhalinin erməniləşdirilməsi siyasətini də həyata keçirirdi. 1828-ci il Türkmənçay müqaviləsindən (Sənəd 3) sonra bu hal daha müntəzəm və məqsədyönlü xarakter alır. Ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi həmin müqavilənin XV maddəsilə təsdiq olunurdu. Həmin maddəyə görə şah öhdəsinə götürürdü ki, ölkədə yaşayan məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satılıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan daşınan əmlakını aparmaq və satmaq üçün bir il vaxt verilir. Daşınmaz əmlaka gəldikdə isə, onun satılması və ya onun haqqında öz xoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir. Yuxarıda göstərildiyi kimi, bu maddə İrandan ermənilərin kütləvi surətdə Şimali Azərbaycana, o cümlədən Qarabağa köçürülməsini təmin etmək üçün müqaviləyə daxil edilmişdi.
1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbayan ərazilərinə köçürülməsi həyata keçirilməyə başlayır. Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ torpaqları idi.
Qarabağ xanlığının ləğv edilməsi zamanı onun əhalisinin etnik tərkibi Qafqazdakı rus qoşunlarının baş komandanı A.P.Yermolovun (1816-1827) göstərişi ilə tərtib olunan “Təsvir”də əksini tapmışdır. Hələ bu sənədin tərtibinə qədər (1805-1822) Qarabağda aparılmış erməniləşdirmə siyasətinə baxmayaraq, statistikanı (1593-cü ildən başlayaraq) müqayisə etsək, burada əhalinin əksəriyyətini yenə də azərbaycanlılar təşkil edirdi. “Təsvir”ə görə Qarabağ əyalətində olan 20 095 ailədən 15 729-u azərbaycanlı (1111-i şəhərdə, 14 618-i kənddə), 4366-sı erməni, o cümlədən alban idi (421-i şəhərdə, 3945-i kənddə). Yeri gəlmişkən, bu ermənilərin böyük əksəriyyəti qriqorianlaşdırılmış və erməniləşdirilmiş keçmiş albanlar idilər. Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni erməni kəndləri (Marağalı, Canyataq və s.) meydana gəlməyə başlamışdı. (Ermənilər sonralar köçürülmə “şərəfinə” Qarabağda abidələr ucaltmış, lakin XX yüzilliyin 80-ci illərində Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqları zaman onları dağıtmışdılar). Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, cəmi 2 il ərzində, Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürüldü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı.
Dağlıq Qarabağın Azərbaycan-alban əhalisinin qriqorianlaşması və erməniləşməsinin başa çatması
Dağlıq Qarabağın alban əhalisinin qriqorianlaşması və erməniləşməsi yuxarıda qeyd olunduğu kimi, uzun sürən bir tarixi proses olmuşdur:
1. Qarabağın aborigen (yerli) əhalisi digər Şimali Azərbaycan torpaqlarının (Albaniyanın) əhalisi kimi alban tayfaları olmuşdur;
2. IV əsrin əvvəllərində Albaniyanın bəzi yerlərində, o cümlədən burada da xristianlıq dini yayılmışdı;
3. Ərəb xilafətinin Şimali Azərbaycanın işğalı və hökmranlığı dövründə VII-IX əsrlərdə ölkədə İslam dini yayılmış, lakin Qarabağın dağlıq hissəsində yaşayan albanlar xristianlıqda qalmışlar;
4. Cənubi Qafqaza miqrasiya edən erməni-qriqorian missionerləri Ərəb xilafətinin işğalları nəticəsində əlverişli şəraitdən istifadə edərək Qarabağın dağlıq hissəsinin xristian-alban əhalisini qriqorianlaşdırması, bunun ardınca da erməniləşdirməsi uzun proses oldu;
5. Qarabağın dağlıq hissəsinin xristian əhalisi rus çarı I Pyotra məktubunda özlərini alban adlandırmışdılar. Bu sübut edir ki, onlar hələ XVIII əsrin əvvəllərində özlərini erməni hesab etmirdilər;
6. Rusiyanın regiona müdaxiləsi, ermənilərin digər ölkələrdən Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürülüb gətirilməsi burada erməni amilinin gücləndirilməsinə kömək etdi. Bu siyasət Qarabağın dağlıq hissəsində yaşayan qriqorianlaşdırılmış albanların tarixi taleyində dönüş yaratdı. Onların erməniləşdirilməsi son mərhələyə qədəm qoydu;
7. Rus-İran müharibələri dövründə (1804-1813, 1826-1828), xüsusilə 1828-ci il Türkmənçay və Rus-Türk müharibələri (1806-1812, 1828-1829) zamanı, xüsusilə 1829-cu il Ədirnə müqaviləsindən sonra İran və Osmanlı dövlətlərindən Şimali Azərbaycanın digər bölgələri ilə birgə Qarabağa ermənilərin kütləvi köçürülməsi qriqorianlaşmış alban əhalisinin erməniləşməsini başa çatdırmışdı. 1836-cı ildə Alban katalikosluğu ləğv edilmişdir. Məhz bundan sonra onları sözün əsl mənasında erməni adlandırmaq olar;
8. Bütün bunlara baxmayaraq, Dağlıq Qarabağ erməniləri tarix boyu ümumi erməni əhalisi içərisində alban kökündən əmələ gələn spesifikasını saxlamışdır.
Ermənilərin Azərbaycanda, xüsusilə Qarabağda soyqırım fəaliyyətinin genişlənməsi
XIX yüzilin 30-cu illərindən sonra da ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, xüsusilə də Qarabağa köçürülməsi davam etdirilirdi. N.Şavrov məhz buna görə yazırdı (1911) ki, Zaqafqaziyadakı 1,3 mln. erməninin 1 mln.-dan çoxu gəlmə idi. Bütün bunlara baxmayaraq, 1916-cı ildən Qarabağda (xanlıq sərhədləri daxilində) əhalinin yenə də təxminən 51 %-i azərbaycanlı, 46%-i isə erməni (yerli alban mənşəli ermənilərlə birlikdə) idi. Köçürülüb gətirilən ermənilərin Qarabağın dağlıq hissəsində məskunlaşdırılması daha geniş hal almışdı. Bu, gəlmə ermənilərin kompakt surətdə bir yerdə yaşamasını təmin etmək məqsədilə edilirdi və strateji niyyət güdürdü.
Ermənilərin inzibati-idarə sistemində möhkəmləndirilməsi, köçürülmə yolu ilə saylarının mexaniki surətdə artırılması və onların iqtisadi potensialının möhkəmləndirilməsi paralel surətdə həyata keçirilirdi. Beləliklə, Ermənilər çarizmin hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait nəticəsində Qarabağın iqtisadi həyatında da möhkəmlənə bildilər.
Rusiya imperiyasının ayrı-seçkilik siyasəti, çarizmin dəstəyi və məqsədyönlü siyasəti nəticəsində ermənilərin Şimali Azərbaycanda nail olduqları iqtisadi potensial 1872-ci ildə Bakıda neftli torpaqlar üzərində iltizam sisteminin ləğvi zamanı daha aydın nəzərə çarpmağa başladı; nəticədə neftli torpaq sahələrinin hərracı prosesində azərbaycanlılar cəmi 5%, ermənilər isə 50% -dən çox torpaq sahəsi almışdılar. Bakıda fəaliyyət göstərən 167 neft şirkətindən 55 iri və orta şirkət ermənilərə məxsus idi və s. Ermənilərin mədəni-təhsil səviyyəsinin yüksəldilməsi üçün də hərtərəfli şərait yaradılmışdı. Bütün bunlara baxmayaraq, Qarabağ, onun mərkəzi olan Şuşa şəhəri Azərbaycan xalqının ictimai-siyasi və mədəni mərkəzlərindən biri olaraq qalırdı. Çar hökumətinin və onun əlaltıları olan ermənilərin bütün maneə və müqavimətinə baxmayaraq Qarabağ Azərbaycan — müsəlman diyarı kimi inkişaf edirdi.
Beləliklə, Çar Rusiyası ermənilərin Şimali Azərbaycana, o cümlədən Qarabağa kütləvi surətdə köçüb gəlməsinə və burada onların inzibati-siyasi, sosial-iqtisadi və mədəni inkişafı üçün geniş imkanlar yaratdı. Çox keçmədən ermənilər Azərbaycan torpaqlarında “Böyük Ermənistan” ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Həmin ideyanın əsas tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbaycan torpaqlarının yerli — azərbaycanlı əhalisini məhv etmək və onların yaşadıqları torpaqları ələ keçirməkdən ibarət idi. Ermənilərin 1890-cı illərdən başlayaraq Osmanlı dövlətinə qarşı qaldırdıqları xəyanətkar qiyamlar uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin mərkəzi Şimali Azərbaycana keçdi.
Ermənilər 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı kütləvi soyqırımlar törətdilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti Qarabağda daha faciəli şəkil aldı. Lakin 1905-1906-cı illərdə törətdikləri qırğınlar da erməniləri sakitləşdirmədi. Onlar Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edərək yenidən mifik “Böyük Ermənistan” dövləti yaratmağa cəhd göstərdilər. 1915-ci ildə Osmanlı dövlətinə qarşı qaldırdıqları yeni qiyamlarda uğursuzluğa düçar olan ermənilər, əsas qüvvələrini Cənubi Qafqazda cəmləşdirərək və çarizmin himayəsinə sığınaraq azərbaycanlılara qarşı soyqırımlarını davam etdirməyə başladılar. Əvvəlcə çar hökumətinin devrilməsi (1917, fevral), sonra isə Rusiyada bolşeviklərin hakimiyyəti ələ alması ilə (1917, oktyabr) Zaqafqaziyada yaranan anarxiya şəraitində — uzun tarixi dövr ərzində Rusiya ordusunda xidmət edən erməni silahlı dəstələri daşnak-bolşevik güruhu ilə birləşərək azərbaycanlılara qarşı soyqırımın yeni, daha dəhşətli dövrünü başladılar. 1918-ci ilin martında Bakıda başlanan və bütün Azərbaycanı əhatə edən yeni kütləvi soyqırımlar Azərbaycan xalqına çox ağır zərbə vurdu. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycan tarixində yeni dövr başlandı. Azərbaycan Xalq Cümhuriyyəti Şimali Azərbaycanda silahlı erməni quldur dəstələrinin və daşnak-bolşevik rejiminin Azərbaycan xalqını tamamilə məhv etmək planlarının qarşısını almaq üçün tədbirlər gördü.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu
1918-ci il mayın 28-də təxminən 120 ilədək davam edən Rusiya əsarətindən sonra Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlaliyyət bəyannaməsində vaxtı ilə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Rusiya tərəfindən işğal olunmuş Şimali Azərbaycan torpaqlarının qanuni varisi olduğunu bəyan etdi. İstiqlal bəyannaməsinin birinci maddəsində deyilirdi: “Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir”. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisinin hüquqi-siyasi cəhətdən əsaslandırılmış xəritəsini nəşr etdirmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın bütün tarixi ərazisində öz siyasi hakimiyyətinin bərqərar edilməsinə çalışırdı. Bu zaman yenicə elan olunmuş Ermənistan (Ararat) Respublikası da Qarabağa heç bir əsası olmayan iddia irəli sürdü. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu iddianı rədd etdi. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Ə.M.Topçubaşov (1862-1934) Osmanlı dövlətinin xarici işlər naziri ilə 1918-ci il noyabrın 18-də İstanbulda apardığı danışıqlar zamanı bildirmişdi: “Ermənilərin ortaya atdıqları Qarabağ məsələsi 5 ya 10 kənd məsələsi deyil, mübahisə bütöv 4 sancaq — Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur üstündədir. Bu elə bir xanlığın ərazisidir ki, burada erməni və müsəlmanların sayı bərabər olmasa da, hər halda ermənilərin mütləq çoxluğu barədə danışmağa əsas yoxdur, özü də onlar buranın yerli əhalisi deyildirlər. Rusiya ilə müharibədən sonra Türkiyədən buraya köçənlərdir… Nəhayət, Qarabağın özündə ermənilər yığcam halda yaşamırlar, müsəlmanlarla qarışıq məskunlaşıblar. Bununla belə, biz məsələnin sülh yolu ilə həlli tərəfdarıyıq”.
Ermənilər Qarabağı ələ keçirmək üçün əvvəllər başladıqları soyqırımlarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirdilər. Azərbaycan hökuməti yaranmış vəziyyəti nəzərə alaraq 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğu yaratdı. X.Sultanov Qarabağ general-qubernatoru təyin edildi. Ermənistan (Ararat) Respublikasının Xarici işlər naziri S.Tiqranyan Qarabağ general-qubernatorluğu yaradılmasına etirazını bildirmiş, lakin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin cavabında bu etiraz əsassız hesab olunmuş və həmin ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması göstərilmişdi. Qarabağ general-qubernatoru ermənilərin ərazi iddiaları ilə yanaşı, əvvəlcə ingilislər, sonra isə amerikanlarla gərgin münasibətlər şəraitində fəaliyyət göstərməli oldu. Lakin ermənilər Qarabağ general-qubernatorluğu ərazisində sülh yaranmasına imkan vermədilər.
1919-cu ilin sonları-1920-ci ilin yazında Zəngəzurda erməni-daşnak silahlı quldur dəstələri dinc azərbaycanlı əhaliyə qarşı basqınlar və kütləvi qırğınlar törətdilər.
Ermənilər Cavanşir qəzasında da sakitləşmirdilər. Onların qəzanın dağətəyi kəndlərinə hücumları adi hal almışdı. Erməni quldur dəstələri 1918-ci ilin yaz-yay aylarında qəzanın düzənlik hissəsinin müsəlman əhalisinə qarşı da çoxsaylı zorakılıq aktları etdilər. “Ermənilər Tərtər çayının qabağını kəsərək başqa istiqamətə yönəldir və qəzanın aran kəndlərinin əkinlərini susuz qoyaraq, onlara böyük zərər vururlar. Hətta iş o yerə çatmışdı ki, aran kəndlərində içməli su belə çatışmırdı”.
Qarabağın digər qəzası Cəbrayılda da erməni silahlıları dinc əhaliyə hücum edirdilər. 1918-ci ilin dekabrında Cəbrayıl qəzasının azərbaycanlı kəndlərinə ermənilərin hücumları genişlənmiş, 1919-cu ilin əvvəllərində daha dağıdıcı xarakter almışdı.
Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin vəhşilikləri daha amansız şəkil almışdı. Vaxtı ilə Zaqafqaziya Ölkə Komitəsinin Dağlıq Qarabağda məsul nümayəndəsi olmuş S.Şaduns 20 dekabr 1922-ci ildə yazırdı: “… Еще до создания в Карабахе Мусаватской власти (т.е. Азербайджанской Демократической Республики – Я.М., К.Ш.) туда был назначен со стороны турецких властей (т.е. Азербайджанской Демократической Республикой – Я.М., К.Ш.) генерал-губернатор Карабаха, и вот в это время появляется новый термин – Нагорный Карабах, созданный дашнаками. Не довольствуясь безграничными бойнями, вызванными в Турецкой Армении, партия “Дашнакцутюн”, после сдачи гор. Шуши туркам, подымается на горы, населенные исключительно армянами, и постановляет сражаться “до последней капли крови”, но не сдаваться туркам. Вот здесь в это время впервые вместе с социал-демократами, именующими себя интернационалистами, организуется правительство Нагорного Карабаха. Если партии “Дашнакцутюн” удалось избежать войны с турками, то вскоре, по настоянию крестьян этого же самого Нагорного Карабаха, пришлось соединить эту часть с низменной частью и весь Карабах подчинить власти мусаватского правительства …”
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmışdı. Bu zaman erməni-separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ keçirə bildilər. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin — Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu
Sovet hökumətinin Qarabağın ərazisini bölüşdürməsi
Rusiyada Sovet hakimiyyəti möhkəmləndikcə çar Rusiyası sərhədlərinin bərpa edilməsinə başlandı. Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədlərində möhkəmlənən XI Qırmızı Ordu hissələrinə respublikanın işğalı planını reallaşdırmaq üçün müvafiq əmr və sərəncamlar verildi. Azərbaycan Parlamenti daxilində sovet dövlətini müdafiə edən qüvvələr və Qarabağda erməni-daşnak separatçılarının qaldırdıqları mart qiyamı Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi. 23 ay yaşamış olan Azərbaycan Xalq Cümhuriyyəti XI Qırmızı Ordunun süngüləri ilə devrildi, Şimali Azərbaycanda sovet hakimiyyəti quruldu. Bununla Qarabağ ətrafındakı hadisələrin yeni mərhələsi başlandı.
Dağlıq Qarabağa muxtariyyət verilməsi: 1920-1923-cü illər
Dağlıq Qarabağ coğrafiyası və “Dağlıq Qarabağ” anlayışı. Bu problemin şərhi üçün əvvəlcə Dağlıq Qarabağın coğrafiyası və “Dağlıq Qarabağ” anlayışı üzərində dayanaq.
Relyefinə görə Qarabağ aran (düzən) və dağlıq hissələrə bölünür. Bu reallıq elmdə də öz təsdiqini tapmışdır. Məsələn, tanınmış qafqazşünas M.A.Skibitskinin oğlu A.M.Skibitski “Qafqaz böhranı” adlı məqaləsində yazır: “Qarabağ xanlığının dağlıq hissəsi o vaxt Dağlıq Qarabağ adlanırdı. Şərqdə Qarabağ dağ silsiləsi, Qərbdə isə Zəngəzur dağları arasındakı torpaqlar, habelə Yuxarı Qarabağla, aran yeri olan Aşağı Qarabağı bir-birindən ayıran Qarabağ yaylası həmin yerə aid idi”. Aydın olduğu kimi çar Rusiyası tərkibində olduğu zaman Qarabağın ərazisi, daha doğrusu keçmiş Qarabağ xanlığının torpaqları müxtəlif inzibati bölgülərə məruz qaldığından, “Qarabağ” anlayışı əvvəlki inzibati-siyasi mənasını itirmişdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) “Qarabağ” anlayışı öz əvvəlki mənasını yenidən özünə qaytardı. S.Şadunsun yuxarıda göstərilən fikrindən aydın olduğu kimi, elə Dağlıq Qarabağ termini də bu zaman daşnaklar tərəfindən meydana gətirildi.
O vaxtdan “Dağlıq Qarabağ” anlayışı yalnız coğrafi deyil, siyasi maraq da kəsb etməyə başladı. Bolşeviklər Şimali Azərbaycanda hakimiyyəti ələ keçirdikdən sonra bu anlayış inzibati-siyasi məna kəsb etməyə başlayır, Azərbaycan-Ermənistan münasibətlərində və ona müdaxilə edən Rusiyanın siyasi leksikonunda əsas anlayışlardan birinə çevrilir. Elə bu zaman Dağlıq Qarabağın coğrafi baxımdan əhatə dairəsində də dəyişiklik baş verir. Yenə A.M.Skibitskinin yazdığı kimi “… Qarabağ yaylası 1923-cü ildə muxtariyyət almış və Muxtar Dağlıq Qarabağ Vilayəti və ya Azərbaycanın yeni sərhədləri daxilində qısaca olaraq Dağlıq Qarabağ adlanmışdır”.
Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV): yaradılması tarixi, əsas hadisələrinin sinxronlaşdırılması və buradan irəli gələn nəticələr. Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının prinsipial məsələlərini müəyyən etmək, daha doğrusu bu prosesi tam aydınlığı ilə təsəvvür etmək üçün əsas hadisələrə mənsubiyyəti üzrə sinxron şəkildə diqqət yetirək.
“RK (b) P MK Qafqaz Bürosu plenumunun iclas protokolundan 5 iyul 1921-ci il
İştirak edirlər: | RKP MK üzvü Stalin, Qafbüronun üzvləri: yol. Orconikidze, Kirov, Oraxelişvili, Fiqatner, Nərimanov, Myasnikov, ASSR Xalq Xarici İşlər Komissarı Hüseynov. |
Dinlənildi: | Qərar verildi: |
1. yol. Orconikidze və Nazaretyan əvvəlki Plenumun Qarabağ haqqında qərarına yenidən baxılması məsələsini qaldırdılar | 1) Müsəlmanlar və ermənilər arasında milli sülhün zəruriliyindən və yuxarı və aşağı Qarabağın Azərbaycanla kifayət qədər iqtisadi əlaqələrini nəzərə alaraq Dağlıq Qarabağ ASSR tərkibində saxlanılsın, ona muxtar vilayətin tərkibində saxlanılan, inzibati mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilsin. Səs verirlər – 4 lehinə, 3 bitərəf. 2) Azərbaycan MK-ya tapşırılsın ki, sonradan RKP MK Qafbürosunun təsdiqinə verməklə muxtar vilayətin sərhədlərini müəyyən etsin. 3) RKP MK Qafbürosunun Rəyasət Heyətinə Dağlıq Qarabağın Fövqəladə Komitəsinə namizəd haqqında Azərbaycan və Ermənistan MK ilə danışıq aparması tapşırılsın. 4) Azərbaycan MK tərəfindən Dağlıq Qarabağın muxtariyyət həcmi müəyyən edilsin və təsdiq üçün MK Qafbürosuna təqdim edilsin. |
RKP MK Qafbürosunun Katibi: Fiqatner.” |
Qaynaq: Sov. İKP MK yanında MLİ PAAF. (indi ARDSRİHA), f. 64, siyahı 2, iş 1, v. 118; 122-122ob; К истории образования Нагорно-Карабахский автономной области Азербайджанской ССР, с. 90-91; 92
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarlar Soveti yaradıldıqda yerlərə fövqəladə komissarlar da təyin olundu. Bu əsasla A.N.Karakozov (1890-1938) Dağlıq Qarabağ üzrə fövqəladə komissar təyin olundu. Azərbaycan Sovet hökuməti 1920-ci il 30 apreldə Ermənistan Respublikasına nota verdi və tələb etdi ki, Zəngəzurdan və Qarabağdan öz qoşunlarını çıxarsın. May ayında Qarabağda Sovet hakimiyyətinın qurulması elan olundu.
Bu dövrdə Sovet Rusiyası Qafqazın sovetləşdirilməsi planını həyata keçirməkdə davam edir, yeni sovet dövlətlərinin sərhədlərinin müəyyənləşdirilməsi prinsiplərini irəli sürməklə mövcud və gələcək dövlətlərin fəaliyyətini nəzarət altına almağa cəhd göstərirdi. Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosu Qafqaz Cəbhəsi Hərbi-inqilabi şurasına 7 iyul tarixli təlimatında bu məsələyə toxunmuşdu. Ermənistanda Sovet hakimiyyətinin qurulması ilə (1920, 29 noyabr) xarici sərhədlərlə yanaşı, sərhədlər daxilində də bölgülərin aparılması kəskinləşdi. Azərbaycan İnqilab Komitəsinin Ermənistan Sovet Respublikasına 30 noyabr teleqramı və 1 dekabr Bəyannaməsində də Qarabağ və onun dağlıq hissəsindən bəhs olunurdu. Bu sənədlərin erməni tarixşünaslığında təhrif edilməsi əsas şəkildə sübut edilmişdir. Bəyannamədə Dağlıq Qarabağın əməkçi kəndlilərinə tam öz müqəddəratını təyinetmə hüququ verildiyi elan edilirdi.
Ermənistan İnqilab Komitəsi isə 28 dekabr Bəyannaməsində Naxçıvana iddiadan əl çəkdiyini bildirirdi. Lakin Ermənistan Qarabağı “əldən vermək” istəmirdi. Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsində Dağlıq Qarabağ yenidən gündəmə gəldi. Qafqaz Bürosu 3 iyun 1921-ci ildə Dağlıq Qarabağın Ermənistana məxsus olmasının Ermənistan hökumət Bəyannaməsində göstərilməsi barədə qərar qəbul etdi. Ermənistan Xalq Komissarları Soveti isə 12 iyunda bunu dekretləşdirdi. İşlərin belə gedişi Azərbaycanı təmin edə bilməzdi. Tiflisdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi Q.Kaminskinin (1895-1938) sədrliyilə keçirilən 27 iyun iclasında komissiyanın işi ilə əlaqədar Azərbaycanın Ermənistanla sərhədi haqqında məsələ müzakirə edildi. Bu iclasda 5 maddədən ibarət qərar qəbul olundu. İlk dəfə burada Dağlıq Qarabağa bəyan edilən öz müqəddəratını təyin etməyə Azərbaycanın baxışı ifadə olundu: ” 3. Məsələnin (Dağlıq Qarabağ haqqında) yeganə həlli erməni və müsəlman kütləsinin Sovet quruculuğu işinə geniş cəlb edilməsi (yol. Nərimanovun Bəyannaməsindən aydın olduğu kimi) ola bilər”. Problemin həlli haqqında Siyasi Büro və Təşkilat Bürosunun fikrinin Tiflisə çatdırılması Nərimanova həvalə edildi. Nərimanovun Tiflisdə olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri M.H.Hacıyev və xarici işlər naziri M.D.Hüseynovla elə həmin gün birbaşa xətlə danışığı oldu. Nərimanov: “Deyin ki, bu Siyasi və Təşkilat Bürosunun fikridir. Əgər onlar mənim bəyannaməmə istinad edirlərsə, bəyannamədə hərfən belə deyilmişdir: Dağlıq Qarabağa tam azad öz müqəddəratını təyin etmə hüququ verilir”.
Hüseynov: “Yaxşı. Hər şeyi çatdıraram. Hər halda deyim ki, bizim qərarımız, şübhəsiz, çox soyuq qarşılanacaqdır”. Yenə həmin gün Hüseynov bu barədə Qafqaz Bürosuna məlumat verdi. Bu məsələ üzrə Qafqaz Bürosunun fövqəladə plenumunu çağırmaq, Nərimanov və Myasnikyanı Tiflisə dəvət etmək qərara alındı.
Azərbaycanın ayrılmaz hissəsinə necə “muxtariyyət” verildi: Qafqaz Bürosu plenumunun 1921-ci il 4 və 5 iyul tarixli qərarları. Belə bir zəmində Tiflisdə Qafqaz Bürosu plenumunun iclası keçirildi. Xüsusi əhəmiyyətini nəzərə alaraq Qafqaz Bürosunun 4 iyul axşam və 5 iyul iclas protokolundan çıxarışları olduğu kimi veririk:
Ermənilər Qafqaz Bürosunun 5 iyul tarixli qərarının qəbul edilməsində Stalinin əsas rol oynadığını sübut etməyə çalışır. Əslində, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 4 və 5 iyul iclaslarında Stalinin təzyiqinin nədən ibarət olması faktlarla təsdiq olunmur. Bir sözlə, SSRİ-nin yaradılması (1922, 30 dekabr) ərəfəsindəki mübarizədə özünün “muxtariyyətləşdirmə” planı ilə çıxış edən Stalinin guya sosialist dövlətinin federativ quruluşunun Lenin ideyasını həyata keçirməsi ağlabatan görünmür. Ona görə də məsələ daha dərin və ətraflı şəkildə nəzərdən keçirilməlidir:
1) Mərkəz Qafqaz Bürosunun timsalında hələ SSRİ-nin yaradılmasından, Azərbaycan və Ermənistan SSR-nin ittifaq dövlətində birləşdirilməsindən əvvəl praktik olaraq sərhəd məsələsinə müdaxilə etməklə səlahiyyətli tərəf kimi çıxış etdi. Dağlıq Qarabağ məsələsi üçtərəfli müzakirə məsələsinə çevrildi;
2) Qafqaz Bürosu bu “hüququndan” istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ barəsində elan etdiyi öz müqəddəratını təyinetmə müddəasının təbii-tarixi şəkildə yerinə yetirilməsinə imkan vermədi, onu “geniş vilayət muxtariyyəti” kimi ifadə etdi;
3) Qafqaz Bürosu 4 iyul qərarı ilə Azərbaycana (yəni Dağlıq Qarabağ Ermənistana verilə bilər!), səhəri gün isə bu məsələyə qayıtmaqla Ermənistana təsir göstərmək (yəni Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması təsdiq edilə bilər!) və Mərkəz üçün əlverişli mövqeni təmin etmək istəyirdi, buna da (yəni Dağlıq Qarabağa muxtariyyət verilməsinə) nail oldu. Beləliklə, Qafqaz Bürosu plenumunun 5 iyul qərarından sonra Dağlıq Qarabağ ətrafında hadisələr yeni istiqamət aldı: Qafqaz Bürosu Mərkəz üçün əlverişli qərarı təmin edib, onun reallaşdırılması uğrunda təzyiqlərə başladı. Bununla Azərbaycan SSR özünün ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa məcburi şəkildə muxtariyyət verilməsi nəticəsində yeni şəraitlə qarşılaşdı. Ermənistan isə Dağlıq Qarabağ məsələsi ilə bağlı olaraq Qafqaz Bürosu ilə Azərbaycan arasında münasibətləri kəskinləşdirməyə, Dağlıq Qarabağa muxtariyyət verilməsilə onun işlərinə qarışmaq imkanlarından istifadə edərək, Dağlıq Qarabağa olan iddialarını həyata keçirməyə çalışdı.
Bu məsələlər kompleks şəkildə nəzərdən keçirilməlidir.
S.M. Kirovun mövqeyində dəyişiklik. 5 iyul qərarı qəbul edildikdən sonra Azərbaycan rəhbərliyi tərəfindən onun həyata keçirilməsinə başlanmalı idi. Bununla əlaqədar olaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin həmin ilin 19 iyul tarixli iclasında Nərimanovun Tiflis səfərinin yekunları bəyənilmiş, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun 20 iyul tarixli iclasında isə muxtar vilayətin konstitusiyasının hazırlanması üçün komissiya yaradılmışdı. Burada bir məsələnin aydınlaşdırılmasına ehtiyac yaranır. Artıq məlum olduğu kimi, 5 iyul qərarı ilə Dağlıq Qarabağa muxtariyyət verilməsində Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə həlledici rol ayrılmışdı. Görünür, 1921-ci ilin iyulunda Kirovun Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi rəhbərliyinə gətirilməsində elə bu amil də mühüm rol oynamışdı. Məhz Kirov faktiki olaraq Azərbaycanda rəhbərliyə keçdikdən sonra Dağlıq Qarabağın muxtariyyət verilməsinə rəsmi münasibət dəyişdi və bu proses iki ilədək ləngidi. Ona görə də bu məsələ ətrafında Kirovun mövqeyi və ona təsir edən amillər xüsusi olaraq araşdırılmalıdır. Əgər 4 iyul iclasının protokolundan çıxarışa nəzər salsaq, görərik ki, o zaman Kirov Qarabağın dağlıq hissəsinin Azərbaycanın hüdudlarında saxlanmasının əleyhinə çıxmış (5,a), onun Ermənistanın tərkibinə daxil edilməsinin isə lehinə (5,b) səs vermişdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 19 iyul, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun 20 iyul iclaslarında və qeyd olunan qərarların qəbulunda Kirov da iştirak etmişdi. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun 26 sentyabrda bilavasitə Kirovun sədrliyilə keçirilən iclasında onun mövqeyinin əksinə dəyişdiyini görürük. İclasda iştirak edən 9 nəfərdən (Kirov, Nərimanov, Axundov, Qarayev, Əfəndiyev, Stukalov, Mirzoyan, Bünyadzadə, Hüseynov) 7-si Qafqaz Bürosundan Dağlıq Qarabağın ayrılması haqqında qərarın yenidən nəzərdən keçirilməsini xahiş etməyi qərara alır, yalnız 2 nəfər – Nərimanov və Bünyadzadə Qafqaz Bürosunun qərarının qısa müddətdə yerinə yetirilməsinə tərəfdar çıxır. Bu məsələ üzrə materiallar toplamaq üçün komissiya yaradılır. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Təşkilat Bürosu üzvlərinin iştirakı ilə Qarabağın məsul işçilərinin 21 oktyabr konfransına rəhbərlik edən Bünyadzadə də Kirovun mövqeyinə keçir. Belə ki, həmin iclasda Dağlıq Qarabağın muxtar vilayət kimi ayrılması xüsusi qeyddə məqsədəuyğun hesab olunmurdu.
Beləliklə, məhz Kirovun rəhbərliyilə Dağlıq Qarabağın muxtariyyəti məsələsinə yeni münasibətin yarandığı ortaya çıxır. Bu təsadüfi deyildi. Kirov nəinki öz şəxsi mövqeyinin, hətta Qafqaz Bürosunun Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını təsdiq etmək əvəzinə ona məcburi muxtariyyət verilməsi haqqındakı qərarının və onun qısa müddətdə həyata keçirilməsi zərurətinin yanlış olduğunu yəqin etmişdi.
Dağlıq Qarabağa muxtariyyət verilməsi dekretləşdiriləndən 4 ay keçdikdən sonra belə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 8 oktyabr 1923-cü ildə Kirovun sədrliyilə keçirilən iclasında Dağlıq Qarabağa muxtariyyət verilməsi haqqında qərarın əhali, xüsusilə türklər (azərbaycanlılar) arasında təbliğ olunmasının başa çatdırılmadığı etiraf olunurdu.
Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycana necə qəbul etdirildi? Hadisələrin belə gedişi Qafqaz Bürosunun narahatlığına səbəb oldu və 5 iyul qərarının Azərbaycana qəbul etdirilməsi üçün təzyiqlərə başlandı. Bu iki yolla həyata keçirilirdi. Bir tərəfdən Azərbaycan rəhbərliyi qarşısında tələb qoyulur, digər tərəfdən Dağılq Qarabağın idarəçiliyi bura xüsusi olaraq göndərilən erməni kadrları ilə möhkəmləndirilərək həmin bölgədə Azərbaycanın təsirinin zəiflədilməsinə cəhd edilirdi.
Dağılq Qarabağın muxtariyyətləşdirilməsi Zaqafqaziya federasiyası və SSRİ-nin yaradılması prosesləri ilə paralel gedirdi. Buna baxmayaraq, onun həyata keçirilməsindəki problemlərə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının irəli sürdüyü şəkildə yenidən baxılmadı. Əksinə, 1922-ci ilin fevralında Zaqafqaziya kommunist təşkilatlarının I qurultayında Orconikidzenin sədr seçildiyi Rusiya Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya Ölkə Komitəsi, 5 iyul qərarının qəbul edilməsində olduğu kimi, onun reallaşdrılmasında da inzibati-amirlik üsullarına əl atdı. Zaqafqaziya Ölkə Komitəsinin 27 oktyabr 1922-ci il tarixli iclasında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə 5 iyul qərarının həyata keçirilməsi təklif edildi, Karakazovun İcraiyyə Komitəsinin sədri təyin edilməsi, Şadunsun məsul işə göndərilməsi üçün Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə ezam edilməsi qərara alındı. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin 15 dekabr iclası Zaqafqaziya Ölkə Komitəsinin qərarını icra üçün qəbul etdi, Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Dağlıq Qarabağ işləri üzrə Mərkəzi Komissiya (Kirov, Mirzəbekyan, Karakozov) və 7 nəfərdən ibarət Komitə (1922, 15 dekabr-1923, 24 iyul) təşkil edildi. Bütün bunlara baxmayaraq Azərbaycana təzyiq yenə davam etdirildi. Dekabrın 22-də Zaqfederasiyanın İttifaq Soveti Dağlıq Qarabağa muxtariyyət verilməsinin sürətləndirilməsi haqqında xüsusi qərar qəbul etdi.
SSRİ-nin yaradılmasından sonra Zaqafqaziya Ölkə Komitəsinin tələbləri daha sərt şəkil aldı. 1923-cü ilin mayında Qarabağ Komitəsinin məruzəsi Zaqafqaziya Ölkə Komitəsi plenumunun gündəliyinə daxil edildi. İyunun 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti muxtariyyətin dekretləşdirilməsi və onun layihəsinin üç gün ərzində Mərkəzi Komitəyə təqdim olunması barədə qərar qəbul etdi. Bu qərar Zaqafqaziya Ölkə Komitəsini təmin etdi. Zaqafqaziya Ölkə Komitəsinin plenumu iyunun 27-də Şaduns və Karakozovun məruzəsi əsasında Dağlıq Qarabağa bir ay müddətində muxtar vilayət statusu verilməsinin təmin olunmasını Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə həvalə etdi. İyulun 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin iclası Kirovun sədrliyilə Qarabağ haqqında məsələni dinləyərək 6 bənddən (a-e) ibarət qərar qəbul etdi. (Rəyasət Heyətinin adından) Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə Dağlıq Qarabağa muxtariyyət vermək, mərkəz Xankəndi olmaqla “Muxtar Qarabağ vilayəti” yaratmaq təklif olundu. Sərhədlərlə bağlı məsələləri müəyyən etmək üçün komissiya (Qarayev – sədr, üzvlər: Karakozov, Sviridov, İldırım və Bünyadzadə) yaradıldı və s.
1923-cü il iyulun 4-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi də eyni məzmunlu qərar qəbul etdi.
Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi iyulun 7-də M.B.Qasımov (1879-1949) və Ə. M.Xanbudaqovun (1893-1937) imzası ilə “Dağılq Qarabağ muxtar vilayəti yaradılması haqqında” dekret verildi. Dekret preambula, dörd bənd və müştərək komissiya yaradılması haqqında yekundan ibarətdir. Göründüyü kimi, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin qərarı ilə dekretin adı arasında fərq vardır, çünki Qarabağın aran və dağlıq hissəsini muxtar vilayət kimi bir yerdə ayırmaq əvəzinə, yalnız Dağlıq Qarabağı ayırmaq qərara alınmışdı. Dekretin “Muxtar Qarabağ” vilayəti deyil, Muxtar Dağlıq Qarabağ Vilayəti adlandırılması diqqəti cəlb edir. Lakin sonralar o, Dağlıq Qarabağ Muxtar Vilayəti adlandırılır (işdə dolaşıqlıq yaratmamaq üçün biz də bu ənənəni davam etdirmək məcburiyyətindəyik, amma onu ilk rəsmi sənədlərdə qeydə alınmış mənada qəbul edirik). Dekret ciddi hüquqi sənəddən daha çox, primitiv məzmunu ilə fərqlənir. Preambulada tarixi xronologiya pozulur, faktlar təhrif olunur, Dağlıq Qarabağa muxtariyyət verilməsi zərurəti kifayət qədər əsaslandırılmır. Dekretin birinci bəndində (Образовать из армянской части (?) Нагорного Карабаха автономную область, как составную часть (?) АССР, с центром в местечке Ханкенды”) hüquqi-siyasi təhrifə yol verilir. Azərbaycan torpaqlarından Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılması və onun Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasının təsdiqi əvəzinə, müxtəlif cür təfsir olunan ifadələr işlədilirdi. Üçüncü bənddə isə Sovetlər qurultayı çağırılanadək Müvəqqəti İnqilab Komitəsi yaradılır. Bu da, heç şübhəsiz, vilayətin erməni rəhbərliyinə daha geniş hüquqlar verirdi və s. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 16 iyul (dekretdən 10 gün sonra!) tarixli iclasının qərarı ilə Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil edildi. Dağlıq Qarabağ Muxtar Vilayəti üçün quberniya icraiyyə komitələri haqqında 1923-cü il Əsasnaməsi qəbul və tətbiq edildi. Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamə isə 26 noyabr 1924-cü ildə çap olundu.
Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə parçalanmış və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdi. Özü də bu addım həmin hissədə — Dağlıq Qarabağda yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan, onların hüquqları kobudcasına tapdalanaraq və müvafiq rəy sorğusu keçirilmədən atılmışdı.
Ermənistanın Dağlıq Qarabağ “formulası”
Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması və ona muxtariyyət verilməsi məsələsində Ermənistanın mövqeyi də maraq doğurur. Ermənistan ilk dövrdə məsələnin bu şəkildə həlli ilə razılaşmaq istəməmiş, 1921-ci il iyulun 16-da Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 5 iyul tarixli qərarının onu təmin etmədiyini bildirmiş və Dağlıq Qarabağa iddiasını davam etdirməyə başlamışdı. Lakin sonra Qafqaz Bürosunun ona hədiyyə etdiyi Dağlıq Qarabağa muxtariyyət verilməsini məqsədinə uyğunlaşdırmağa başlamış, Dağlıq Qarabağ uğrunda mübarizə belə bir formula almışdı: Dağlıq Qarabağa muxtariyyət verilməsindən onun Azərbaycanın idarəsi altından çıxarılmasına — Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə doğru! Bu formulanın əsasınında Dağlıq Qarabağda və onun ətrafında erməni şovinizminin gücləndirilməsi dururdu. İş o yerə çatmışdı ki, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi XII qurultayında (1923, 17-25 aprel) K.Radek Azərbaycanda erməni şovinizmindən (aprelin 23-də) bəhs etmişdi. İ.Stalin isə ona qarşı çıxmışdı. Adətən Qafqaz Bürosunun 5 iyul qərarından bəhs etdikdə Stalinlə barışa bilməyən erməni müəllifi burada onun sözlərindən gen-bol iqtibas gətirir. Bu həmin partiya qurultayıdır ki, orada Leninin “Qurultaya məktub”u oxunmuş və orada Stalinin obyektiv xarakteristikası verilmişdi. XII qurultayda seçilmiş Mərkəzi Komitə üzvlərinin repressiyası da məlum faktdır. Ona görə də K.Radekin çıxışı ilə əlaqədar məsələlər də yenidən tədqiq olunmalıdır.
Stalinin timsalında güclü müdafiəyə malik olan ermənilər çox çəkmədən əsl niyyətlərini açıqladılar. Şaduns 13 iyunda Zaqafqaziya Ölkə Komitəsinə yazdı ki, bu muxtar vilayət (Dağlıq Qarabağ) bilavasitə Zaqafqaziya Ölkə Komitəsilə bağlı olmalıdır; “Zaqfederasiyanın rəhbərləri problemin belə alternativ, daha ağıllı həllinə getmədilər”. Bununla o, Ermənistanın Dağlıq Qarabağla bağlı sonrakı fəaliyyətinin əsas formulası haqqında yuxarıda söylənənləri çox aydın təsdiq edir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın dağlıq hissəsinə muxtariyyət verilməsi və onun ətrafında yaranan məsələlərə münasibət Kirovun AK(b) P-nın VI qurultayında (1924, 5 may) yekunlaşdırılır. Onun Dağlıq Qarabağa muxtariyyət verilməsinə olan şübhə və inamsızlığı, hər cümlədə hiss olunur. O həmin qurultayda demişdir: bu məsələni biz, nəhayət (!) həll etdik və şübhəsiz (!) tamamilə düzgün iş gördük. Bu məsələni, əsasən, yenidən həll etməyə qayıtmayacağımıza heç bir şübhə (?!) yoxdur. Əslində isə, yuxarıda göstərildiyi kimi, Kirovun bu məsələnin düzgün həll olunduğuna şübhəsi vardı və bu tamamilə əsaslı şübhə idi.
Azərbaycanın Zəngəzur bölgəsinin Ermənistan tərəfindən ələ keçirilməsi, Naxçıvanın digər Azərbaycan torpaqlarından ayrı salınması
Yuxarıda göstərilənlərdən aydın olduğu kimi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Azərbaycanın tarixi-coğrafi ərazi bölgüsü ənənələrinə sadiq qalaraq Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını Qarabağ general-qubernatorluğunda birləşdirmişdi və bu regiona vahid inzibati ərazi kimi baxırdı. Azərbaycan SSR hökuməti də, artıq yuxarıda qeyd edildiyi kimi, 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi. Lakin sonralar, sovet dövründə, müəyyən məqsədlər əsas götürülərək Zəngəzurun Qarabağdan ayrı olması təsəvvürünün yaradılmasına başlandı. Bu həmin torpaqların taleyinin həllində Azərbaycana təzyiqi gücləndirmək məqsədi güdürdü. Hadisələrin sonrakı gedişi göstərdi ki, Sovet Rusiyasının təzyiqi nəticəsində 1920-ci ilin aprelindən noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulmasınadək olan dövrdə Zəngəzura münasibətdə mövqe dəyişdi. Azərbaycan İnqilab Komitəsinin Ermənistan Sovet Respublikasına 30 noyabr tarixli teleqramı və 1 dekabr bəyannaməsində (“Nərimanov Bəyannaməsi”), artıq, Zəngəzurun Ermənistana verilməsindən bəhs olunur. Lakin həqiqətdə Zəngəzur qəzasının 6.742 kvadrat verstlik ərazisindən 3.105 kv.versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv.verstlik hissəsi isə Ermənistana verilmişdi. Azərbaycanın tarix ədəbiyyatında bu problem kifayət qədər həllini tapmamışdır. Bu məsələ hələlik A.M.Skubitskinin yuxarıda adı çəkilən məqaləsində müəyyən dərəcədə əks olunmuşdur. O yazırdı: “N.Nərimanovun Zəngəzur qəzasını “Sovet Ermənistanının ayrılmaz hissəsi elan edən Bəyannaməsi” ilə bağlı əsaslı bir düzəliş də bu gün diqqətimizdən yayınır. Bu “Dağlıq Qarabağın əməkçi kəndlilərinə öz müqəddəratlarını təyin etmək üçün tam hüquq verilməsi” haqqında Azərbaycan hökumətinin Bəyanatıdır. Bu gün həmin Bəyanat ancaq Muxtar Dağlıq Qarabağ Vilayətinə aid edilir. O vaxtlar isə bütövlükdə Dağlıq Qarabağa və özü də təkcə Azərbaycan sərhədləri daxilində yaşayan ermənilərə yox, həmçinin Ermənistana təklif edilən Zəngəzur qəzasının daxilində kürdlərə muxtariyyət verilməsini nəzərdə tuturdu… Ermənistan İnqilab Komitəsinin sədri Ş.İ.Kasyan… qəzanın kürdlər yaşayan şərq hissəsinin Azərbaycanda qalmasını daha ağıllı və məqsədəuyğun hərəkət saymışdır”. Bu baxış Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosu tərəfindən qəbul edilmişdi. Ermənistana verilmiş hissə Zəngəzur adını saxlamış, Azərbaycan SSR inzibati bölgüsündə isə dəyişiklik baş vermişdi.
Azərbaycana vurulan ən ağır zərbə, həyata keçirilən ən böyük düşmənçilik aktı isə bu idi ki, Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanla Azərbaycanın digər torpaqları arasında əlaqələr kəsildi, Naxçıvan Azərbaycandan ayrı salındı. Digər tərəfdən, bu ermənilərin Naxçıvanla bağlı gələcək məkrli niyyətlərinin həyata keçirilməsi üçün bir hazırlıq xarakteri daşıyırdı.
Qarabağın digər torpaqlarının inzibati bölgüsündə dəyişikliklər
1920-1923-cü illərdə məqsədyönlü surətdə həyata keçirilən proseslər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibinə daxil olan Azərbaycan torpaqları ənənəvi tarixi-coğrafi vahidliyini və ya bütövlüyünü itirdi. Azərbaycanın 1917 və 1921-ci il kənd təsərrüfat siyahıya almalarının materialları əsasında nəşr edilmiş yaşayış məskənləri siyahısında ölkə ərazisi 15 qəzaya ayrılır. Qarabağ ərazisində Cəbrayıl (Karyagin), Cavanşir, Qubadlı (keçmiş Zəngəzur qəzasının bir hissəsi), Şuşa qəzalarının olduğu göstərilir. Göründüyü kimi, bu mərhələdə artıq Zəngəzur qəzasının bölünməsi öz əksini tapır, digər qəzaların əraziləri isə hələlik əvvəlki sərhədləri daxilində qalır. Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili nəticəsində Cavanşir, Şuşa və Qubadlı qəzalarının bəzi yaşayış məskənləri ənənəvi inzibati bölgüsündən qoparılaraq onun tərkibinə verildi. Nəticədə yeni inzibati bölgü aparmaq tələbi meydana gəldi. Bu məsələ Dağlıq Qarabağ Muxtar Vilayəti Əsasnaməsini hazırlayan komissiyanın iclasında müzakirə edildi. Aran (düzən) Qarabağın idarə forması və inzibati bölgüsünə dair 3-cü məsələ üzrə belə bir qərar çıxarıldı: Tərkibinə Cavanşir qəzasının aran hissəsi, Şuşa, Qubadlı və Karyagin (Cəbrayıl) qəzalarının daxil olduğu Aşağı Qarabağ Vilayət İcraiyyə Komitəsi yaratmaq, ona RSFSR-in quberniya icrakomları haqqında 1923-ci il əsasnaməsini tətbiq etmək, Aran Qarabağ vilayətinin rayonlaşdırılmasını Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Xüsusi komissiyaya həvalə etmək. Bu iclasda Kürdüstanın idarə forması və inzibati bölgüsü haqqında 4-cü məsələ də müzakirə olundu. Buradan aydın olduğu kimi, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldığı dövrdə Aran Qarabağın da xüsusi bir inzibati-ərazi vahidində birləşdirilməsi fikri olmuşdu. Lakin az bir vaxt keçdikdən sonra bu fikir dəyişmişdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi sədri Qasımov, Xalq Komissarları Soveti sədrinin müavini M.Quliyev və Daxili işlər naziri İ.Sviridovun imzaladığı Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 6 avqust tarixli əmrinə əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra Qarabağın qalan hissəsindən Ağdam, Cəbrayıl və Kürdüstan qəzaları yaradılmışdı. Həmin sənədə görə Ağdam, Cəbrayıl və Kürdüstan qəzalarının ərazilərinin tərkibi, mərkəzləri, qəza icrakom sədrləri və b. məsələlər müəyyənləşdirilmişdi, Qubadlı qəzası isə ləğv edilmişdi.
Azərbaycan Mərkəzi Statistika idarəsi Azərbaycan SSR-də həyata keçirilən bu və digər inzibati-ərazi bölgülərini nəzərə alaraq 1921-ci il kənd təsərrüfatı siyahıya almasının materialları əsasında onların ərazisinin sahəsi, əhalisinin milli tərkibi və b. məsələlər üzrə hesablamalar aparmışdı. Həmin hesablamalara görə Qarabağın tarixi ərazisindən (xanlığın sərhədləri üzrə) Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti – 4160,5 kv.km., Cəbrayıl qəzası – 4268,5 kv.km., Ağdam qəzası – 4135,4 kv.km., Kürdüstan qəzası – 3.432,4 kv.km. (cəmi 15 996,9 kv.km.) qalmışdı. Qarabağın tarixi ərazilərindən bir hissə isə Azərbaycandan qoparılaraq Ermənistana verilmişdir. Sonrakı inzibati-ərazi bölgüləri prosesində Zəngəzur qəzasının Azərbaycan SSR tərkibində qalan hissəsində Zəngilan (0,7 min kv.km.), Qubadlı (0,8 min kv.km.), Laçın (1,8 min. kv.km.) rayonları yaradıldı. Ağdam və Cəbrayıl qəzalarının ərazisində isə Ağdam (1,1 min. kv.km.), Bərdə (1,0 min.kv.km.), Ağcabədi (1,8 min. kv.km.), Tərtər (0,4 min.kv.km.), Cəbrayıl (1,0 min.kv.km.) rayonları yaradıldı. Beləliklə, Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Qarabağ xanlığının ərazisi parçalanaraq bir hissəsi Ermənistana verildi, Azərbaycanda qalan hissəsində isə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.
Dağlıq Qarabağ 1923-1980-ci illərdə
İndiyədək Dağlıq Qarabağa muxtariyyət verilməsi məsələsindən bəhs edilərkən demək olar ki, onun ərazisinin inzibati bölgüsü tarixinin ən mühüm hadisələrinə lazımi diqqət yetirilməmişdir. Təhlil göstərir ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi real tarixi əks etdirən elmi-coğrafi prinsiplər əsasında deyil, xüsusi məqsəd güdən volyuntarist yanaşma əsasında formalaşdırılıb, yəni o, erməni yaşayış məskənlərinin üstün olduğu lokal əraziləri muxtar qurum adı altında birləşdirilmək yolu ilə təşkil olunub. (Yeri gəlmişkən qeyd edək ki, bu “prinsip” əsasında ermənilər kompakt yaşadıqları başqa ölkələrin ərazisində də özlərinə “muxtariyyət” tələb edə bilərlər!). İş o yerə çatmışdı ki, Kəlbəcərə məxsus Ağdaban, Füzuliyə məxsus Yuxarı Veysəlli kəndləri Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri daxilində qalmış, inzibati tabeçilik dəyişdirilmişdi. Dağlıq Qarabağ muxtariyyətinin Əsasnaməsini hazırlayan komissiyanın qərarına əsasən onun tərkibinə 170-dən çox yaşayış məskəni verilmişdi.Azərbaycan Mərkəzi Statistika İdarəsinin 1924-cü ilə aid məlumatında isə artıq həmin məskənlərin sayının 200-dən çox olduğu göstərilir. Q.Koçaryan familiyalı erməni isə 1925-ci ildə nəşr edilmiş kitabçada bu məskənlərin sayının 215 olduğunu bildirir. Bu faktlar Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin rəsmi sənədlərin əksinə olaraq genişləndirildiyini və yeni yaşayış məskənləri hesabına əhalisinin sayı və etnik tərkibinin ermənilərin xeyrinə dəyişdirildiyini sübut edir.
Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra onun tərkibinə verilmiş yaşayış məskənləri rayon-volost-kənd pillələri əsasında inzibati baxımdan aşağıdaki kimi bölünmüşdü: 1. Dizaq rayonu. Bu rayonun tərkibində 5 volost (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi; 2. Vərəndə rayonu. Bu rayonun tərkibində 5 volost (Tağavert, Sus, Çartaz, Noraşen) və 46 kənd var idi. 3. Şuşa rayonu. Şuşa şəhəri və Malıbəyli volostundan (12 kənd) ibarət idi; 4. Xaçın rayonu. Bu rayonun tərkibində 4 volost (Daşbulaq, Əsgəran, Krasnoselsk, Qala dərəsi) və 53 kənd var idi. 5. Ceraberd rayonu. Bu rayonun tərkibində 4 volost (Marquşevan, Orataq, Dovşanlı, Aterk) və 53 kənd var idi. Yeni inzibati-ərazi bölgüsi həyata keçirilərkən DQMV-də dəyişiklik baş verir. 1930-cu ilin avqustunda DQMV ərazisi yenə də 5 rayona bölünür: 1. Ceraberd, 2. Martuni, 3. Stepanakert, 4. Dizaq, 5. Şuşa. Göründüyü kimi Vərəndə Martuni adlandırılır, Xaçının ərazisi isə Stepanakertə aid edilir. 1939-cu il avqustun 17-də Ceraberd Mardakert, Dizaq isə Hadrut adlandırılır. Başqa sözlə, Azərbaycan dövləti olan Qafqaz Albaniyası dövrünə aid olan Dizaq, Vərəndə, Xaçın, Ceraberd kimi tarixi-coğrafi adlar unutdurulur və xüsusi məqsədlə Rusiya işğalları dövründə bura köçürülüb gətirilmiş ermənilərə məxsus adlarla əvəz olunur. 1960-cı illərin əvvəllərində rayonların iriləşdirilməsi siyasəti həyata keçirilərkən əsas zərbə Şuşaya vurulur. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilir, onun ərazisi Stepanakert rayonuna verilir. Lakin N.S.Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra inzibati ərazi bölgüsündə yeni dəyişiklik baş verir. 1965-ci il yanvarın 6-da Şuşa rayonu yenidən təşkil olunur. 1978-ci ildə Heydər Əliyevin qətiyyəti sayəsində Stepanakert rayonu əsasında Əsgəran rayonu təşkil edilir. SSRİ-nin dağılmasınadək Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi bölgüsü belə idi.
Beləliklə, yuxarıdakı faktlardan Azərbaycanın Qarabağ torpağına köçürülüb gətirilmiş ermənilərin özgə torpaqlarında özlərinə dövlət yaratmaq hiyləsinin anatomiyası çox aydın görünür. Ermənilər vaxtı ilə Qərbi Azərbaycanda — köç saldıqları İrəvan xanlığının ərazisində də belə etmişdilər, indi Qarabağda da bu hiyləni işlətmək niyyətindədirlər.
Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixində ermənilər tərəfindən ən çox saxtalaşdırılan məsələlərdən biri onun əhalisinin say dinamikası və etnik tərkibi ilə bağlı olan məsələdir. Bu barədə erməni müəlliflərinin mövqeyini əyani göstərmək üçün prof.Y.Barseqovun təqdim etdiyi bir cədvələ nəzər yetirək.
Dağılq Qarabağ Muxtar Vilayəti əhalisinin faktik (əhali siyahıya almalar üzrə) sayı və prof. Y.Barsaqovun, guya əhalinin təbii hərəkəti əsasında müəyyən edilmiş “hesablama” sayının müqayisəsi (əvvəlki dövrə nisbətən artıma dair hesablama bizimdir):
İllər | Ermənilər | Azərbaycanlılar | ||
---|---|---|---|---|
faktiki say | hesablama sayı | faktiki say | hesablama sayı | |
1921 | 128 060 | 128 060 | 7 594 | 7 594 |
1939 | 132 800 (3,7%)* | 208 317 (62,7%) | 14 100 (77,2%) | 9 875 (24,1%) |
1959 | 110 100 (-17,1%) | 375 677 (80,3%) | 18 000 (27,6%) | 15 803 (60%) |
1970 | 121 100 (10%) | 517 223 (37,7%) | 27 200 (51,1%) | 22 312(41,2%) |
1979 | 123 100 (1,6%) | 620 238 (19,9%) | 37 200 (36,7%) | 27 176 (21,8%) |
1989 | 731 959 (18%) | 32 548 (19,7%) |
Qaynaq: Barseqov Y. Q. “Право на самоопределение-основа демократического решения межнациональных проблем. К проблеме Нагорного Карабаха”. İrəvan,1989, səh.101
Əvvəlki dövrə nisbətən artım.
Y.Barseqov oxucunu çaşdırmaq üçün yalnız mütləq rəqəmləri verir, şərhin daha aydın olması üçün isə nisbi rəqəmlərə ehtiyac vardır. Cədvələ belə hesablamaları əlavə etdikdə onun nə dərəcədə absurd olduğu aşkara çıxır. Bu hansı məntiqə uyğundur ki, 1921-1939-cu illər arasında ermənilərin faktik artımı 3,6% olduğu halda, hesablamalarla 38,5%-ə qaldırılsın, azərbaycanlılarda isə faktik artım 46,1% olduğu halda, hesablamalarla 23,1%-ə endirilsin. Belə yanaşma həqiqətin qəsdən təhrifinə yönəlib və elə kobud şəkildə həyata keçirilib ki, bu oxucunu ələ salmaqdan başqa bir şey deyildir! Biz isə problemi elmi məcraya yönəltmək üçün belə bir hesablamaya müraciət edək.
Ermənilərin Ermənistanda və Y.Barseqovun Dağlıq Qarabağ Muxtar Vilayətində əhalinin “hesablama” yolu ilə müəyyən edilmiş sayı üzrə DQMV-də orta sıxlığı və onların müqayisəsi (hər kv.km.-ə):
Ermənilər orta sıxlığı | |||||
---|---|---|---|---|---|
İllər | Ermənistanda (faktiki) | DQMV-da (Y.Barseqovun hesablamasına görə) | |||
cəmi | Ermənistanla müqayisədə fərq | ||||
1921 | – | 29,1 | – | ||
1926 | 25 | – | – | ||
1937 | 33,8 | – | – | ||
1939 | 35,6 | 47,3 | +11,7 | ||
1959 | 52,1 | 85,4 | +33,3 | ||
1970 | 74,1 | 117,5 | +43,4 | ||
1979 | 91,4 | 141 | +49,6 | ||
1989 | 103,4 | 166,4 | +63 |
Qaynaq: “Всесоюзная перепись населения 1926 г. Закавказская СФСР.т.ХЫВ”. М., 1929, səh.11-13; “Вестник статистики”, 1990, 7, səh.77; “”Правда” от 2 июня 1939 г; Итоги Всесоюзной переписи населения 1959 г. Армянская ССР. М.”, 1963, səh.11, 102-103; “Численность и состав населения СССР. По данным Всесоюзной переписи населения 1979 г. М.”, 1984; “Ходжабекян В.Е. Армянская Советская Социалистическая республика. Население союзных республик. М.”, 1977, səh.278
Y.Barseqovun hesablamalarının qeyri-elmiliyi elə bir dərəcəyə çatır ki, adından da məlum olduğu kimi 4,4 min kv. km-lik dağlıq ərazidə, yəni Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində ermənilərin orta sıxlığı üçün astronomik rəqəmlər irəli sürür! Beləliklə, erməni müəllifləri (daha doğrusu millətçiləri!) tarixi o dərəcədə təhrif edirlər ki, həqiqəti aşkar etmək müşkül bir işə çevrilir. Həqiqətdə isə Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin say dinamikasının real vəziyyəti aşağıdaki kimi olmuşdur.
1926-1988-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin say dinamikası:
İllər | Əhalinin sayı, min nəf. | Əvvəlki dövrə görə artım | Dövr ərzində orta illik artım, faizlə | |
---|---|---|---|---|
min nəf. | faizlə | |||
1926 | 125,3 | – | – | – |
1939 | 150,8 | 25,5 | 20,4 | 1,45 |
1959 | 130,4 | -20,4 | -13,5 | -0,7 |
1970 | 150,3 | 19,9 | 15,3 | 1,3 |
1979 | 162,2 | 11,9 | 8,1 | 0,85 |
1988 | 182,4 | 20,2 | 12,5 | 1,3 |
Qaynaq: “Самедзаде З. Нагорный Карабах: неизвестная правда (О некоторых аспектах социально-экономического и демографического развития региона)”. Bakı, 1995, səh. 31
Rəsmi sovet əhalisinin siyahıya alınmalarının (1989-cu il istisna olmaqla) nəticələrinə əsaslanan yuxarıdakı cədvəl real vəziyyəti daha doğru əks etdirir və erməni müəlliflərinin xüsusi məqsədlə uydurduqları (daha doğrusu şişirtdikləri!) qondarma rəqəmlər onları təkzib edə bilməz.
İndi də Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin etnik tərkibinə keçək.
Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin etnik tərkibi (əhali siyahıyaalmaları üzrə; min nəfərlə):
Etnik tərkib | 1939 | 1959 | 1970 | 1979 | ||||
---|---|---|---|---|---|---|---|---|
mütləq | % | mütləq | % | mütləq | % | mütləq | % | |
Bütün əhali | 150,8 | 100 | 130,4 | 100 | 150,3 | 100 | 162,2 | 100 |
Ermənilər | 132,8 | 88,1 | 110,1 | 84,4 | 121,1 | 80,5 | 123,1 | 75,9 |
Azərbaycanlılar | 14,1 | 9,4 | 18,0 | 13,8 | 27,2 | 18,1 | 37,3 | 23,0 |
Ruslar | 3,2 | 2,1 | 1,8 | 1,4 | 1,3 | 0,9 | 1,3 | 0,8 |
Qaynaq: “Достижения Нагорного Карабаха в девятой пятилетке. Стат. сб. Степанакерт”, 1976, səh.8, Səmədzadə Z., səh.31
SSRİ-nin dağılması ərəfəsində keçirilən 1989-cu il əhali siyahıyaalması dövrün təsirinə məruz qalsa da, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi həmin siyahıyaalmanın materialları əsasında Dağlıq Qarabağ Muxtar Vilayətinin etnik xəritəsini çap etdirmişdir. Həmin xəritədən aydın olduğu kimi 1989-cu il sovet əhali siyahıyaalmasının yekunlarına görə Dağlıq Qarabağ Muxtar Vilayətinin 187,8 min nəfərlik əhalisinin 145,4 mini (77%) erməni, 40,3 mini (21,5%) azərbaycanlı olmuşdur.
Göründüyü kimi, 1939-1979-cu il əhali siyahıyaalmalarına görə Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisi içərisində azərbaycanlıların sayı müəyyən dərəcədə artmışdır. Bu erməni separatçılarının təqiblərinə baxmayaraq, azərbaycanlıların öz doğma torpaqlarına bağlılığı və onların içərisində təbii artımın üstün olması ilə əlaqədar olmuşdur. Ermənilərin isə, əksinə, miqrasiyaya meyilli olmaqları ilə bərabər, təbii artımları da aşağı olmuşdur. 1989-cu il əhali siyahıyaalması ərəfəsində Mərkəzdən bütün vasitələrlə himayə olunan erməni separatçılarının vilayətin etnik tərkibində azərbaycanlıların sayını süni şəkildə azaltmaq cəhdləri isə azərbaycanlıların nisbi sayının 23%-dən 21,5%-ə endirilməsinə səbəb olmuşdur.
Dağlıq Qarabağın bir tərəfdən Azərbaycanın, tarixi torpaqları kimi onun tərkibində saxlanması və bununla da digər Azərbaycan torpaqları ilə tarixi bağlılıq ənənələrini davam etdirməsi, digər tərəfdən Dağlıq Qarabağ Muxtar Vilayətinə Azərbaycanın göstərdiyi xüsusi qayğı bu diyarın sovet hakimiyyəti illərində sosial-siyasi və iqtisadi inkişafı üçün müstəsna şərait yaratdı. Lakin 1980-ci illərin sonlarında Dağlıq Qarabağı Azərbaycandan ayırmağı qarşılarına məqsəd qoymuş erməni “ideoloqları” və onların himayəçiləri bunu açıq-aşkar inkar etməyə başladılar. Lakin faktlar faktlığında qalır. Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində nə qədər yüksək inkişafa nail olması Vilayət Statistika idarəsinin Stepanakertdə nəşr etdirdiyi statistik məcmuələrdə əksini tapmışdır. Sonralar məhz həmin Stepanakert bu nəşrlərə göz yummağa çalışmışdır. Halbuki onlara göz yummaq deyil, daha diqqətlə yanaşmağa böyük ehtiyac vardır. Statistik məcmuələrdən biri muxtar vilayətin yaranmasından keçən 40 il ərzində (1923-1963) mədəniyyət, iqtisadiyyat, səhiyyə və s. sahələrdəki vəziyyət barədə yazmışdır: İnqilaba qədər (yəni 1917-ci il Oktyabr çevrilişinədək) Dağlıq Qarabağda orta ixtisas təhsilli müəssisələr, kütləvi kitabxanalar, teatrlar yox idi. Şuşa şəhərində yalnız üç xüsusi mədəni-maarif müəssisəsi və bir xüsusi kinoteatr var idi. Hazırda Dağlıq Qarabağ Muxtar Vilayətində min nəfər şagirdin təhsil aldığı beş xüsusi orta təhsil müəssisəsi vardır. 930 min nüsxədən çox kitab fondu olan 164 kitabxana fəaliyyət göstərir. Kütləvi kitabxanalardan 150-si kənd yerlərindədir, onların kitab fondu 630 min nüsxəyə çatır. Stepanakert şəhərində M.Qorki adına Erməni Dövlət dram teatrı, Dövlət mahnı və rəqs ansamblı vardır. Vilayətdə 176 klub müəssisəsi vardır… Dağlıq Qarabağ elmi müəssisələrə də malikdir… Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranmasının ilk günündən ana dilində (erməni dilində) “Sovetakan Karabax” qəzeti çap olunur. Kənd təsərrüfatından bəhs olunarkən Dağlıq Qarabağın xış diyarından traktor və kombayn diyarına çevrildiyi təsdiq olunur. 1963-cü ilin əvvəllərində Dağlıq Qarabağın kənd təsərrüfatında 1,4 min ədəd traktor, 224 kombayn, 670 yük avtomobili və minlərlə digər müasir kənd təsərrüfat maşını olduğu göstərilir. 40 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətinin sənaye potensialının reallaşdırılmasında da xeyli iş görülmüşdü. 1940-cı ilə nisbətən 1962-ci ildə bütün sənayenin ümumi məhsulu 341%, elektrik enerjisi 945 % və sairə artmışdı. 1960-cı illərin ortalarından sonra da vilayətin sosial-iqtisadi həyatı dinamik inkişaf etmişdi.
1965-1987-ci illərdə bütövlükdə Azərbaycan SSR, o cümlədən onun Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə iqtisadi və sosial inkişafa dair göstəricilərin müqayisəsi həmin dövrdə muxtar vilayətin nə qədər yüksək templə tərəqqi etdiyini çox aydın göstərir. Buradan aydın olur ki, 1987-ci ildə hər 10 min nəfərdən sənayedə çalışanların sayı respublika üzrə 686, Naxçıvan MSSR üzrə 387 olduğu halda, Dağlıq Qarabağ Muxtar Vilayətində 657 olmuşdu. Adambaşına düşən ümumi kənd təsərrüfatı məhsulları müvafiq olaraq 588, 501 və 692 (!) idi və i.a. Sosial inkişafa dair göstəricilərə gəldikdə isə bu rəqəmlər nəinki Azərbaycan SSR, hətta Ermənistan SSR və bütövlükdə SSRİ üzrə rəqəmlərdən də xeyli yüksək idi. Hər 10 min nəfərə xəstəxana çarpayısı ilə təminat Ermənistan SSR-də 86,2, Azərbaycan SSR-də 97,7 olduğu halda Dağlıq Qarabağ Muxtar Vilayətində 101,7 idi və s. Hətta, erməni separatçılarının Mərkəzdəki himayəçilərinin xüsusi cidd-cəhdləri nəticəsində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafına dair qəbul etdiyi 1988-ci il 24 mart tarixli qərarının preambulasında da vilayətdə sosial və iqtisadi inkişaf sahəsində əldə edilmiş nailiyyətlər xüsusi qeyd edilirdi.
Separatçıların uydurduqları saxta məlumatların baş alıb getdiyi dövrdə də Azərbaycan onun tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi vəziyyətinə dair faktları olduğu kimi geniş ictimaiyyətin müzakirəsinə çıxarmaqdan çəkinməmiş, əksinə mövcud vəziyyətin daha da aydınlaşdırılmasında maraqlı olmuşdu. Buna görə də 1988-ci ilin gərgin mart günlərində Azərbaycan SSR Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə institutunda Dağlıq Qarabağ Muxtar Vilayətinin iqtisadiyyatı: problemlər və perspektivlər mövzusunda “dəyirmi stol” təşkil edilmiş, onun materialları çap olunub geniş ictimaiyyətə çatdırılmışdı. Buna görə də həmin faktları burada sadalamağa ehtiyac görmürük. Yalnız həmin “dəyirmi stol”da SSRİ Elmlər Akademiyasının akademiki, “Əsas fondlar, kapital qoyuluşu və yeni texnikanın iqtisadi səmərəliliyi” problemi üzrə elmi şuranın milliyyətcə erməni olan sədri T.S.Xaçaturovun müzakirələrin sonundakı çıxışına diqqəti yönəltmək istəyirik. O, real vəziyyəti təsdiq edərək demişdir: Dağlıq Qarabağın məhsuldar qüvvələrinin daha da inkişafına dair məsələlər üzrə həmkarlarımla fikir mübadiləsi etmək mənim üçün çox xoş oldu. Etiraf edim ki, mən bu məsələ üzrə kifayət qədər tam informasiyaya malik deyildim və bizim söhbətimiz bu boşluğu müəyyən qədər doldurmağa imkan verdi. Göründüyü kimi, iqtisadçı(!) akademik T.S.Xaçaturov belə mühüm məsələdə kifayət qədər informasiyası “olmadığını” etiraf edir. Belə olduğu halda, digərlərindən bəhs etməyə dəyərmi?! Əslində isə Dağlıq Qarabağın Azərbaycandan qoparılması uğrunda mübarizədə erməni separatçılarına real vəziyyəti əks etdirən informasiya deyil, əksinə informasiyasızlıq lazım idi.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa muxtariyyət verildikdən sonra da istər Dağlıq Qarabağ, istər Ermənistan, istərsə də bu hüdudlardan kənardakı ermənilər separatçılıq fəaliyyətini dayandırmadılar. Erməni “siyasətçilərinin” susduqları dövrdə yazıçılar, şairlər və başqa zümrədən olanlar strateji məqsədin-separatçılığın daşıyıcılarına çevrildilər, daha doğrusu “siyasətçilər” onları qabağa verdilər (bu erməni separatçılığının “tarixi” ənənəsidir!). Tanınmış erməni yazıçısı M.Şaginyan (1888-1982) Dağlıq Qarabağa muxtariyyət verilməsindən az sonra “Dağlıq Qarabağ” adlı kitabça (1927) çap etdirdi. Bu “kitabçada” tarixi həqiqəti açıq-aşkar təhrif etdi; Ümumittifaq oxucusuna saxta və tendensiyalı məlumat verdi: “Нагорный Карабах страна армянская…” (с.3); “Нагорный Карабах – феодальная область, дворянский кусочек(?) Армении” (с.5) və i.a.
1920-30-cu illərdə istədiklərinə nail ola bilməyən ermənilər 1941-1945-ci illər müharibəsindən sonra yenidən fəallaşdılar. 1945-ci ilin noyabrında Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi katibi Qr.Arutinov İ.Stalinə müraciət edərək Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Qarabağ vilayəti adı altında Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında məsələ qaldırdı. Həmin müraciətin mətnini Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi katibi G.M.Malenkov 1945-ci il 28 noyabrda Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinın birinci katibi M..Bağırova göndərdi. Malenkov Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin qaldırdığı məsələyə öz rəyini bildirməsini ona təklif etdi. Bağırov bununla əlaqədar 1945-ci il dekabrın 10-da cavabını Moskvaya bildirdi. Bağırov cavabında yazırdı: “Tam məxvidir. Malenkov yoldaşa.
Ermənistan Kommunist (bolşeviklər) Partiyası MK-nın katibi Arutinov yoldaşın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında təklifi ilə əlaqədar Sizin teleqramınıza cavab olaraq məlumat verirəm:
Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan, mərkəzi 1747-ci ildə Qarabağlı Pənah xan tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibində olmuşdur. 1826-cı ildə Qarabağ çar Rusiyasına birləşdirilmişdir. Sonralar indiki Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagin və Qubadlı qəzalarının tərkibində olmuşdur. 1918-1920-ci illərdə müsavatçıların Azərbaycanda və daşnakların Ermənistanda ağalığı dövründə müsavat hökuməti tərəfindən mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri olan general-qubernatorluq təşkil edilmişdir. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ilk dövrlərdə bütün Qarabağın təsərrüfat-siyasi həyatına rəhbərlik vahid Vilayət İnqilab Komitəsi tərəfindən həyata keçirilirdi. 1923-cü ildə Qarabağın əsasən ermənilərin məskunlaşdığı dağlıq hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi qaldırıldı. Lakin bu ərazinin Ermənistan SSR ilə ümumi sərhədlərinin olmaması və Ermənistandan yalnız azərbaycanlıların yaşadığı Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfur rayonları ilə ayrılması səbəbindən, partiya orqanlarının göstərişi əsasında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli dekreti ilə mərkəzi Xankəndi, indi Stepanakert adlanan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR-ə bitişik olmamışdır və hazırda da bitişik deyildir.
Azərbaycanda Sovet hakimiyyəti illərində Dağlıq Qarabağda vilayətin təsərrüfat-siyasi və mədəni inkişafı sahəsində böyük işlər görülmüşdür. Bu inkişafın ən parlaq nümunələrindən biri – DQMV-ın hazırkı mərkəzi Stepanakert şəhərinin başlı-başına buraxılmış və dağıdılmış bir kənddən Azərbaycanın ən gözəl, abad və mədəni şəhərlərindən birinə çevrilməsidir. Azərbayan SSR-nin bütün ali təhsil məktəbləri və texnikumları tələbələrinin 20,5%-ni əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətindən olan ermənilər təşkil edir. Respublikanın partiya, sovet, təsərrüfat rəhbərləri — Azərbaycan K(b)P MK-nın katibləri, müavinləri, xalq komissarları, xalq komissarları müavinləri və s. arasında Dağlıq Qarabağdan olan yoldaşlar da az deyildir.
Bununla belə, biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə qatılmasına etiraz etmirik, lakin Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmasına baxmayaraq, hazırda da əsasən azərbaycanlıların yaşadığı Şuşa rayonunun Ermənistan SSR-ə verilməsinə razı deyilik. Şuşa şəhəri bina edildiyi gündən Qarabağın inzibati-siyasi və mədəni mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz müstəqilliyi uğrunda İran işğalçıları ilə apardığı mübarizədə müstəsna rol oynamışdır. Ən qaniçən fatehlərdən biri, Zaqafqaziya xalqlarının cəlladı Ağa Məhəmməd şah Qacar məhz Şuşada öldürülmüşdür. Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə formalaşmışdır. İbrahim xan, Vaqif, Natəvan və digər bu kimi görkəmli siyasət və mədəniyyət xadimlərinin adları onunla bağlıdır. Eyni zamanda ÜİK(b)P MK-nın nəzərinə çatdırmağı zəruri hesab edirik ki, DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-in Azərbaycan Respublikasına bitişik olan və əsasən azərbaycanlıların yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır. Bu rayonların mədəni və iqtisadi cəhətdən son dərəcədə geridə qalmasını nəzərə almaqla, bunların Azərbaycana verilməsi əhalinin maddi-məişət şəraitini və ona mədəni-siyasi xidmət işini yaxşılaşdırmağa imkan yaradardı.
ÜİK(b)P MK-dan yuxarıda göstərilənlərdən əlavə aşağıdakı məsələlərə baxılmasını xahiş edirik:
Gürcüstanlı yoldaşlar Azərbaycan SSR-in Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-in tərkibinə daxil edilməsi məsələsini qoyurlar. Göstərilən rayonlarda əhalinin ümumi sayı 79 000 nəfər olduğu halda cəmi 9000 gürcü-inqiloyun yaşamasına baxmayaraq biz bu məsələyə etiraz etmirik, lakin bu məsələ ilə bir zamanda, Gürcüstan SSR-in demək olar yalnız azərbaycanlıların yaşadığı və bilavasitə Azərbaycan SSR-ə bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.
Və nəhayət biz, Dağıstan SSR-in keçmişdə Azərbaycanın bir hissəsi kimi Bakı quberniyası tərkibinə daxil olan və hazırda Azərbaycan SSR-ə bitişik olan Dərbənd və Qasımkənd rayonları ərazilərinin Azərbaycan SSR tərkibinə qatılması məsələsini nəzərdən keçirmənizi xahiş edirik. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir, özü də maldarlıqla məşğul olan bu əhalinin yarıdan çoxu ilin 9 ayını Azərbaycan ərazisində keçirir.
Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün tərkibinə marağı olan hər bir respublikadan nümayəndələr daxil edilməklə ÜİK(b)P MK komissiyasının yaradılmasını məqsədəuyğun hesab edirik.
Azərbaycan K(b)P MK katibi M.C.Bağırov
10 dekabr 1945-ci il
№ 330, Bakı şəhəri “.
Bu cavab bir sıra tədqiqatçıların diqqətini cəlb etmiş və onun barəsində müəyyən mülahizələr söylənmişdir. Lakin buna yenidən qayıtmağa ehtiyac vardır. Bu sənəddə diqqəti çəkən məsələlər hansılardır?! Hər şeydən əvvəl: 1) O zamankı partiya bürokratiyası şəraitində Malenkovun təklifi kimi mürəkkəb məsələyə qısa müddətə cavab verilməsi diqqəti cəlb edir. Bu göstərir ki, belə bir təklif Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi üçün gözlənilməz olmamışdır. 2) Mətnin siyasi, elmi-tarixi və tekstoloji təhlili də zəruridir. Bunların üzərində ləngimədən bir vacib məqama diqqət yetirək. Buradan aydın olur ki, bəzən iddia olunduğunun əksinə olaraq, Azərbaycan rəhbərliyi belə bir problemdən heç zaman qaçmamış, əksinə ən yüksək səviyyədə onun müzakirəsinə və konkret təkliflərlə çıxış etməyə hazır olmuşdur və s. Məhz belə bir əsaslandırılmış mövqe o zaman Moskvanı Azərbaycana təzyiqdən çəkindirmişdi. Bununla belə, Ermənistan rəhbərliyi məqsədindən əl çəkməmiş, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən — öz ata-baba torpaqlarından kütləvi surətdə deportasiyasına nail ola bilmişdi.
Lakin ermənilər bununla da Dağlıq Qarabağ ilə bağlı separatçılıq fəaliyyətindən əl çəkmədilər. 1960-cı illərdə SSRİ-də antitürkiyə kampaniyasının gücləndiyi şəraitdə yenidən bu problemi ortaya atdılar. 1965-ci ildə Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45 min nəfərin “imzaladığı” petisiya Moskvaya təqdim edilmiş, bunun əsasında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibliyi Ermənistan və Azərbaycana bu barədə məsələ hazırlamağı tapşırmışdı. Erməni separatçıları belə hesab edirlər ki, buna Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibi M.Suslov mane olmuşdur. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ilə onun cəsarətli və qətiyyətli mövqeyi sayəsində ermənilərin separatçılıq təşəbbüsləri və bu niyyətlə Mərkəzdə göstərdikləri “fəaliyyət” uzun müddət heç bir nəticə vermədi. SSRİ-nin 1977-ci il Konstitusiyasının qəbulu zamanı da ermənilər eyni inadla bu problemi ortaya atmağa çalışdılar. Lakin bu dəfə də heç nəyə nail ola bilmədilər. H.Əliyevin qətiyyəti sayəsində onun Azərbaycana rəhbərliyi (1969-1982) və SSRİ rəhbərlərindən biri olduğu dövrdə (1982-1987) erməni separatçılarının niyyətlərinin canlanmasına yol verilmədi.
1984-cü ildə İrəvanda Z.Balayanın “Oçaq” kitabının çap edilməsi, onun Qarabağın tarixinə və müasir dövrünə dair məqsədyönlü təhrifləri, millətçi-separatçı çağırışları ehtirasları yenidən qızışdırdı. Bu əhval-ruhiyyə erməni millətçiləri tərəfindən əhatə olunmuş M.S.Qorbaçovun elan etdiyi “aşkarlıq və yenidənqurma” şəraitində sovet rəhbərliyində (M.S.Qorbaçovun timsalında!) böyük dəstək qazandı və yeni mərhələyə qədəm qoydu. Moskvadan hərtərəfli dəstək alan erməni separatçıları və terrorçuları tərəfindən idarə olunan Dağlıq Qarabağ 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, yenə də Azərbaycan xalqına qarşı xəyanət yolunu tutdu.
Dağlıq Qarabağ Muxtar Vilayəti və Qarabağın aran (düzən) hissəsinin inkişafına ümumi bir baxış
Özünün bütün əvvəlki tarixi dövrlərində Qarabağ Azərbaycanın vahid təbii-coğrafi regionu kimi iqtisadi və siyasi inkişafına, oxşar adət-ənənələrinə, həyat tərzinə və məişətinə görə bir-birini tamamlayan tarixi vilayət olmuşdur. Lakin Qarabağın Dağlıq hissəsinə — Dağlıq Qarabağa muxtariyyət verilməsi ilə vəziyyətdə köklü dəyişiklik əmələ gəldi.
Dağlıq Qarabağ Muxtar Vilayəti onun üçün yaradılmış müstəsna şərait nəticəsində inkişaf etmiş aqrar-sənaye bölgəsinə, Qarabağın azərbaycanlılar yaşayan aran rayonları və digər rayonlar isə onun xammal bazasına çevrilməyə başladı. Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı azərbaycanlılar yaşayan rayonlar əsasən pambıq istehsalı ilə məşğul olmağa istiqamətləndirildi, emaledici sənaye sahələrinin inkişafı geri qalmağa başladı. Bütün bunlar Dağlıq Qarabağ Muxtar Vilayətində həyat səviyyəsinin Qarabağın digər rayonlarına nisbətən sürətlə yüksəlməsinə səbəb oldu. Kurort-istirahət mərkəzlərinin Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşməsi də aran rayonların əhalisinin yay dövründə buraya yönəlməsinə səbəb oldu və Dağlıq Qarabağın iqtisadiyyatını daha da inkişaf etdirdi. Bu da külli miqdarda vəsaitin Dağlıq Qarabağ Muxtar Vilayəti büdcəsinə daxil olmasına gətirib çıxarırdı. Bütün regionda yeganə ali məktəb — Pedaqoji İnstitut da Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Stepanakertdə idi
Tarixi Qarabağın başqa rayonlarından fərqli olaraq, Dağlıq Qarabağ Muxtar Vilayətinin əldə etdiyi iqtisadi üstünlük muxtar vilayət statusunun siyasi üstünlüyünün artması ilə də müşayiət olunurdu. Azərbaycanlı-müsəlman əhalinin yaşadığı aran rayonları əsasən xristian-ermənilərin yaşadığı Dağlıq Qarabağ Muxtar Vilayətinə nisbətən sovet rejiminin təzyiqlərinə, ayrı-seçkiliyə daha çox məruz qalırdı.
Bütün bunlar Moskvadan və Ermənistan SSR-dən kömək alan Dağlıq Qarabağ ermənilərinin etnik eqoizmini artırır, azərbaycanlılara qarşı açıq həqarət mühiti yaradırdı. Beləliklə, 1905-1906 və 1918-1920-ci illərdə olduğu kimi, xüsusi mərkəzlərdən idarə edilən ermənilər daha yaxşı təşkil olunurdu. Əlaltdan ermənilərin sürətlə silahlandırılması da həyata keçirilirdi. Bu amillər başqa şərtlərlə birlikdə, sonralar Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı digər rayonların Ermənistanın hərbi qüvvələri və Dağlıq Qarabağın erməni separatçı-terrorçuları tərəfindən işğalında həlledici faktorlardan oldu.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu
Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. “Qara” və “bağ” söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi “Qarabağ” sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən) işlənmişdir. Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. Yeri gəlmişkən, bu hal Azərbaycan üçün xarakterikdir: Naxçıvan şəhəri – Naxçıvan bölgəsi, Şəki şəhəri – Şəki bölgəsi, Gəncə şəhəri – Gəncə bölgəsi, Lənkəran şəhəri – Lənkəran bölgəsi və i.a.
“Qarabağ”ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki Azərbaycan dilində (həmçinin başqa türk dillərində) “qara”nın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “tünd” və başqa mənaları da vardır. Bu baxımdan, “Qarabağ” termini “qara bağ”, yəni “böyük bağ”, “sıx bağ”, “qalın bağ”, “səfalı bağ” və s. mənası kəsb edir. Beləliklə, Qarabağın özü kimi “Qarabağ” sözü də Azərbaycan xalqına məxsusdur.
Qarabağdan bəhs edərkən qarşıya əvvəlcədən belə bir sual çıxır: Qarabağ haradır, Azərbaycanın hansı ərazilərini əhatə edir? Bu sualın cavabı bu gün daha aktualdır və erməni separatçıları tərəfindən törədilmiş “Dağlıq Qarabağ problemi”nin dərk edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Qoyulmuş suala cavab üçün ilk mənbəyə müraciət edək. Vaxtı ilə bu ərazini əhatə edən Azərbaycan dövlətinin — Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir özünün “Qarabağ tarixi” (1847) əsərində bu məsələdən bəhs edərkən yazırdı: “Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər — Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahı ilə “Krasnıy most”, yəni Qızıl körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər — Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır”.
Rusiya işğalı və müstəmləkəçiliyinin ilk dövründə Qarabağın ərazisi və sərhədlərinin belə dəqiq təsvir edilməsi onunla izah olunur ki, 1) bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul olan dövlət adamı yazır, başqa sözlə, həmin fakt rəsmi sənədlərə əsaslanan rəsmi sözdür, Rusiyanın xidmətində olan dövlət adamının rəsmi sözüdür; 2) digər tərəfdən bu fakt yalnız reallığa, təcrübəyə əsaslanmaqla qalmayıb, ilk mənbələrlə də sübut olunur. Mirzə Camalın mövqeyinin doğruluğunu göstərmək üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi deyil. Göründüyü kimi, siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə “Dağlıq Qarabağ” deyil, bütöv halda, yəni Qarabağın bütün ərazisini — dağlarını, düzənlərini əhatə edən ümumi bir “Qarabağ” anlayışı olmuşdur. Başqa sözlə, “Dağlıq Qarabağ” anlayışı çox sonraların “məhsuludur”, separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş addır. Adicə məntiq də bunu sübut edir: əgər Dağlıq Qarabağ varsa, deməli düzən və ya aran Qarabağ da var! Reallıq da belədir: bu gün Azərbaycanda həm Dağlıq Qarabağ var, həm də Aran Qarabağ (yəni düzən Qarabağ)! Özü də həm düzən (aran), həm də dağlıq Qarabağ həmişə, bütün tarixi dövrlərdə bir xalqın — Azərbaycan xalqının Vətəni olmuşdur, dilində “qara” və “bağ” sözləri olan xalqın! Azərbaycan xalqının yüzlərlə ən qədim, ən nadir folklor nümunələri, musiqi inciləri məhz Qarabağda yaranmışdır, Qarabağla bağlıdır.
Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri erməni tarixinin bəzi məsələlərini nəzərə almağı zəruri edir. Bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindədir. Məhz buna görə də beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə etmişlər. “Erməni məsələsi” adlandırılan məsələnin meydana gəlməsini də təsadüfi hesab etmək olmaz. Bu məsələnin Ermənistan-Azərbaycan münaqişəsi baxımından yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Çünki “Qarabağ məsələsinə” erməni məsələsinin bir hissəsi kimi baxılmalıdır. “Erməni məsələsi” isə Şərq məsələsinin bir hissəsidir. XIX əsrin axırları – XX əsrin əvvəllərində bu məsələyə bir çox əsərlər həsr olunub. Tarixçi V. Qurko-Kryajinin 1926-cı ildə nəşr edilmiş Böyük Sovet Ensiklopediyasında dərc olunan məqaləsi də bu əsərlər sırasına aiddir. O, məqalənin sonunda ümidvar olduğunu bildirərək yazırdı: “…erməni mühacirləri arasında ən vicdanlıları özlərinin əvvəlki istiqamətlərini dəyişir və keçmişdən əl çəkərək, təqsirlərini boyunlarına alıb Vətənə qayıdırlar. Sovet çevrilişindən sonra Daşnaksütyun tam ölümə məhkumdur”. Lakin tarixçi aldanmışdı…
Buna görə də əvvəlcə həmin məqaləni təqdim edirik. Sonrakı mərhələlərdə “erməni məsələsinə” aid materialların ümumiləşdirilməsi, yeni fakt və tarixi sənədlər əsasında təhlili nəzərdə tutulur.
“Erməni məsələsi” “Şərq məsələsi” adlandırılan məsələnin bir hissəsidir və ona iki nöqteyi-nəzərdən baxılmalıdır. Zahiri mahiyyət: böyük dövlətlər Türkiyəni daha asanlıqla istismar etməkdən ötrü onun mərkəzdənqaçma qüvvələrini gücləndirməyə, beləliklə, ölkəni zəiflətməyə çalışırdılar. Daxili mahiyyət: öz burjuaziyasının rəhbərliyi altında ermənilər milli müqəddəratın müstəqil təyin edilməsi uğrunda, elə siyasi-iqtisadi amillər əldə olunması uğrunda mübarizə aparırdılar ki, bu amillərin təsiri altında burjuaziya sərbəst inkişaf edə bilsin.
Erməni məsələsinin zəmini hələ XVIII əsrdə, Konstantinopolun maliyyə aristokratiyası erməni millətinə rəhbərlik etməyə başlayanda yaranmışdı.
Kiçik Asiya Türkiyəsinin hər yerinə səpələnmiş erməni xalqı öz arasından çox erkən ticarət burjuaziyası yetişdirmişdi. Həmin burjuaziya Türkiyənin iqtisadi həyatında böyük rol oynayırdı — hökumətə, əyalət valilərinə borc pul verərək mülkiyyət sahibi olurdu və s.
Eyni zamanda o, ruhanilər vasitəsilə erməni xalqının bütün həyatına rəhbərlik edirdi. Ruhanilər isə çox böyük təsir gücünə malik idilər. Konstantinopolu fəth edəndən (1453) sonra türklərin göstərişi ilə yaradılmış teokraktik erməni icmasının başında duran Konstantinopol patriarxı dövründə Notabllar şurası (maliyyə aristokratiyasının nümayəndələrindən ibarət) vardı, erməni xalqının “rəhbəri” əslində bu şura idi.
Türkiyədə erməni burjuaziyasının inkişafında onun əsasən Suriyada və Livanda, eləcə də Amerikada yaşayan erməni tacirləri ilə əlaqəsi və xarici kapitalın axını da məlum rol oynamışdı. Qeyd edilməlidir ki, erməni sənətkarlarının (əsnafların) bir sıra silklərə bölünən hədsiz dərəcədə çoxsaylı sinfi də Türkiyənin kustar sənayesində yunanlarla birlikdə üstün rol oynayırdı.
Buna görə də tamamilə aydındır ki, Qərb kapitalizmi Yaxın Şərqə hücuma keçdikcə Qərb dövlətləri məhz erməni burjuaziyasında özlərinə dayaq nöqtələri axtarmağa can atırdılar. Axı həmin burjuaziyanın əsarət altında, siyasi cəhətdən tabelilik vəziyyətində olması onun iqtisadi fəaliyyətinin inkişafını hədsiz dərəcədə məhdudlaşdırırdı, bu səbəbdən də o, Türkiyənin natural təsərrüfatının və daxili qapalılığının dağıdılmasına yönəldilən hər cür təşəbbüsləri müdafiə edirdi. Qərb kapitalı Türkiyənin hakim sinfi ilə çox sıx bağlı olan iri erməni maliyyə burjuaziyasından yan keçərək öz məqsədləri üçün əvvəlcə ruhanilərdən (erməni-katolik və erməni-protestant qurumdan) istifadə etməyə cəhd göstərirdi; bu cəhdlər gözlənilən nəticəni verməyəndə Qərbin ticarət kapitalı orta ticarət burjuaziyasından özünün iqtisadi vasitəçisi kimi istifadə etmək qərarına gəldi: onun köməyi bu burjuaziyanın güclənməsinə səbəb oldu və milli hərəkatın inkişafına təkan verdi.
Ziyalılar, xüsusilə Moskvadakı və Tiflisdəki ziyalılar hərəkata tərəfdar çıxdılar. 70-ci illərdə “erməni liberalizmi”nin mərkəzlərinə çevrilmiş (Rusiya liberal hərəkatının bilavasitə təsiri altında) bu şəhərlərdə nəinki ruslar, eləcə də Türkiyə erməniləri arasında mətbuat vasitəsilə və şifahi yolla “milli özünüdərkin oyanması” və hətta döyüşkən millətçilik təbliğatı aparılırdı.
Orta erməni burjuyaziyasının özünütəsdiqə doğru ilk addımları, təbiidir ki, ruhanilərin hökmranlığının məhdudlaşdırılmasına doğru yönəldildi: o, şəhər sənətkarlarına arxalanaraq kilsəni, əsas etibarilə Konstantinopol patriarxatını dünyəviləşdirmək uğrunda mübarizəyə başladı. Bu mübarizə müvəffəqiyyətlə nəticələndi: patriarxatlıqda və kilsə mərkəzlərində yaradılmış “erməni nümayəndəliyi” adlı təşkilatda ruhanilər və maliyyə burjuaziyası ilə yanaşı, orta burjuaziya da yer aldı. Maliyyə, ədliyyə və maarif işlərinə həmin nümayəndəlik baxırdı.
Əvvəllər kəndli kütlələri bu milli hərəkatdan kənarda qalırdı…
Genişlənən antoqonizmin ikinci səbəbi ondan ibarət idi ki, ermənilərin şəhər burjuaziyası müsəlman əhalinin geridə qalan kütlələrinə münasibətdə Türkiyə şəraitində yırtıcı, əsas etibarilə sələmçi xarakter daşıyan kapitalın nümayəndəsi kimi çıxış edirdi.
Beləliklə, sırf iqtisadi zəmində kəskinləşən Erməni məsələsi “böyük dövlətlərin” — Rusiyanın və İngiltərənin faciəli müdaxiləsi nəticəsində daha da mürəkkəbləşdi. Rusiya ticarət-sənaye kapitalının Qara dənizi, Bosforu və Dardaneli zəbt etmək səyi “xristianları müsəlman Türkiyəsinin zülmündən xilas etmək uğrunda mübarizə” şüarları ilə pərdələnirdi; milli-siyasi müqəddəratı müstəqil təyin etmək məqsədi ilə bu şüarlardan istifadə edəcəyinə ümid bəsləyən erməni burjuaziyasının əksəriyyəti nəinki Rusiya istiqamətini götürdü, üstəlik Türkiyədəki ermənilər arasında həmin istiqamətdə təşviqat aparmağa başladı. Bu mövqe Türkiyə hökumətinin erməni burjuaziyasına münasibətini kəskin şəkildə dəyişdi, halbuki 1877-ci il müharibəsinədək hökumət erməni burjuaziyasını nəinki təqib eləmirdi, əksinə, hətta adlı-sanlı ermənilərin böyük dövlət vəzifələri tutmalarına şərait yaradırdı. Türkiyə ilə sülh şərtlərinin müzakirəsi zamanı Rusiya ermənilərinin Qafqaz canişini böyük knyaz Mixail Nikolayeviçə məktub göndərməsi və patriarx Nerses başda olmaqla, Türkiyə ermənilərinin rəsmi müraciət etməsi, onların Rusiyadan kömək istəməsi bu münasibətləri daha da kəskinləşdirdi. Rusiya həmin müraciətdən istifadə edərək San-Stefaniya ilkin sülh müqaviləsinə 16-cı paraqraf saldı. Bu paraqrafa görə Türkiyə erməni vilayətlərində dərhal lazımi islahatlar keçirməli idi, həmin iş görülənədək rus qoşunları Asiya Türkiyəsində işğal etdikləri torpaqları öz əllərində saxlamaqda davam edirdilər.
Çar Rusiyasının “özlərini onun himayədarlığına vermiş ermənilərin yaşadığı dağlıq ərazilərə möhkəm qədəm basmaq” cəhdi Yaxın Şərqdəki əsas rəqibi — İngiltərə tərəfindən qətiyyətlə dəf edildi. Berlin Konqresində İngiltərə göstərilən 16-cı paraqrafın yeni maddə (Berlin Traktatının 61-ci maddəsi) ilə əvəz edilməsinə nail oldu. Bu maddə Türkiyə hökumətinin erməni əyalətlərində lazımi islahatlar keçirməyə borclu olduğunu təsdiq edirdi, lakin həmin islahatların keçirilməsi üzərində nəzarəti təklikdə Rusiyaya yox, Berlin Konqresinin iştirakçısı olan altı böyük dövlətdən ibarət “birliyə” verirdi.
Berlin Konqresinin qərarları erməni burjuaziyasının rəhbər dairələrində milli erməni dövlətinin yaradılması uğrunda mübarizədə kömək göstəriləcəyinə ümid doğurdu, həm də təkcə Rusiya tərəfindən deyil, bütün böyük dövlətlər tərəfindən. Bu xam xəyal ermənilərə “dənizdən dənizədək” (Qara dənizdən Aralıq dənizinədək) “Böyük Ermənistan” boyun olmuş İngiltərə diplomatiyası tərəfindən möhkəm qızışdırılırdı. Lakin istiqamətin dəyişməsi ermənilərin ancaq onların beynəlxalq vəziyyəti mənasında tam təcrid edilməsi ilə nəticələndi. Onlar Rusiyadan özləri imtina etmişdilər. İngiltərəyə həmin mərhələdə yalnız o lazım idi ki, Rusiyaya özünün Yaxın Şərq siyasətində ermənilərdən istifadə etməyə imkan verməsin. İngiltərənin Türkiyədəki siyasətində isə bu zaman ermənilər lazım deyildi: həmin siyasətin növbəti vəzifələrini Türkiyə ilə gizli müqavilə həll etmişdi. Müqaviləyə əsasən İngiltərə Türkiyəni Rusiyadan qorumaq öhdəliyi müqabilində Kipr adasını aldı…
Böyük dövlətlərdən kömək almaq üçün ümidini itirən… erməni burjuaziyası… silahlı mübarizəyə keçdi. Rusiya Zaqafqaziyasında məskən salan millətçi Qnçak və Daşnaksütyun partiyaları yaradıldı və onlar Türkiyəyə təbliğatçılar və təşviqatçılar göndərdilər, üsyançı dəstələri təşkil etdilər. Bu dəstələrin çıxışlarında məqsəd real döyüş qələbələri deyildi (Türkiyə hökuməti ilə mübarizədə qalib gəlmək üçün ermənilərin qüvvəsi açıq-aydın çatışmırdı). Daha çox böyük dövlətlərin diqqətini Ermənistan hadisələrinə cəlb etməyə çalışırdılar ki, onlar müdaxiləyə və Berlin traktatının 61-ci maddəsində göstərilən öhdəlikləri yerinə yetirməyə cəlb olunsunlar, Türkiyə də, Qərbi Avropa dövlətləri də həmin maddəni eyni dərəcədə unutmuşdular. Göstərilən partiyaların xaricdəki komitələri Qərbi Avropada bu istiqamətdə güclü iş aparırdılar. 1890-cı illərin axırlarına yaxın Qnçaq meydandan çıxdı və ermənilərin yeganə rəhbər siyasi təşkilatı Daşnaksütyun oldu.
Təbiidir ki, üsyan mübarizəsi yerlərdə vəziyyəti daha da kəskinləşdirdi… Misiri işğal edəndən sonra ingilislərin Nil vadisinin işğalını leqallaşdırmaq haqqında Sultan Əbdülhəmidlə müqavilə bağlamaq niyyəti boşa çıxan İngiltərə erməniləri “yadına saldı” və onlardan Sultanı hədələmək üçün istifadə etməyə cəhd göstərdi….
İngiltərənin ermənilərə “ani” marağı sönüb getmişdi; üstəlik o, rus hökumətinin “hər hansı bir dövlət tərəfindən müstəqil çıxışa yol verməyəcəyini” bildirən Rusiya ilə bağlı idi. Rusiyaya gəlincə isə o həmin dövrdə Zaqafqaziyada ruslaşdırma siyasəti yeridirdi və “Asiyada ermənilərin müstəsna üstünlüklərə malik olacağı ərazi yaradılması” ideyasının əleyhinə çıxış edirdi. Bundan başqa, Bolqarıstan barəsində niyyəti baş tutmamışdı — Bolqarıstan çar Rusiyasının köməyi sayəsində azad edilsə də, onun vassalı olmaq istəmirdi. Bunu görən çar diplomatiyası knyaz Lobanov-Rostovskinin dili ilə bildirdi ki, o “digər Bolqarıstan” yaradılmasına yol verməyəcək. Bağdad yoluna konsessiya almaqla məşğul olan Almaniya isə… Əbdülhəmidin “cinayətkar rəiyyət” barəsində yeritdiyi siyasəti bəyəndiyini imperator II Vilhelmin dili ilə açıq bildirirdi.
1890-cı illərdə erməni millətçi burjuaziyasının təbəqələşməsi rəhbər Daşnaksütyun partiyasını siyasəti dəyişdirməyə məcbur etdi — partiya Ümumtürkiyə inqilabi hərəkatında dayaq axtarmağa başladı: gənc türklərlə saziş bağladı; 1907-ci ildə daşnakların təşəbbüsü ilə Osmanlı imperiyasının bütün müxalifətçi partiyalarının Parisdə qurultayı keçirildi. Qurultayda dövlət çevrilişi planı işlənib hazırlandı.
Çevriliş 1908-ci ildə həyata keçirildi, lakin daşnakların gözlədikləri nəticəni vermədi: yeni rejimdə ermənilərin vəziyyəti qətiyyən yaxşılaşmadı. Həm də gənc türk hökuməti təqsirkarları yüngülcə cəzalandırmaqla kifayətləndi. Bununla əlaqədar olaraq erməni siyasi dairələri yenə də istiqaməti dəyişdilər və özlərini ilkin dayaq bazasına — Rusiyaya üz tutdular. Bu dəfə çar hökuməti məmnuniyyətlə onlara meyl göstərdi. Dünya müharibəsi yaxınlaşırdı; Milyukovun ifadəsincə, “Rusiya ilə Türkiyə arasındakı yol ayrıcında məskən salmış” ermənilər böyük siyasi əhəmiyyət kəsb etdilər. 1913-cü ildə rus diplomatları mütəşəkkil erməni burjuaziyası ilə saziş bağladılar və “məzlum ermənilərin müdafiəsi” uğrunda açıq çıxış edərək şərq vilayətlərində islahatlar keçirilməsi tələbini irəli sürdülər. Almaniyanın müdafiə etdiyi Türkiyə hökuməti inadlı müqavimətdən sonra 1914-cü ildə (26/1) islahatlar haqqında saziş imzalamağa məcbur oldu. Həmin sazişə görə ermənilər dövlətlərin, birinci növbədə Rusiyanın nəzarəti altında idarəetmə, dil, hərbi mükəlləfiyyət və b. sahələrdə çox geniş muxtariyyət almalı idilər.
Rusiyanın bu müdaxiləsi saziş imzalanandan azacıq sonra başlanmış dünya müharibəsi zamanı ermənilərin vəziyyətini xeyli ağırlaşdırdı, həm də müharibə başlanan kimi daşnaksütyunlar “Böyük Ermənistan” şüarını yenidən ortaya atdılar, üstəlik əsas etibarilə Türkiyənin fərari ermənilərindən ibarət könüllü dəstələr yaratmağa başladılar…
1917-ci il fevral inqilabı erməni məsələsinin tarixində yeni dövr açdı. Bir il ərzində Zaqafqaziya Rusiya ilə əlaqə saxlamaqda davam edirdi və Petroqraddan direktiv almış Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən idarə olunurdu…
1917-ci ilin oktyabrında daşnaqların rəhbərliyi altında erməni milli konqresi toplaşdı. Konqres Ermənistanla Rusiyanın digər hissəsinin əlaqəsini təsdiq etdi və Türkiyə Ermənistanının dünya müharibəsi zamanı rus qoşunları tərəfindən işğal olunmuş ərazilərinin Rusiyada saxlanılması tələbini irəli sürdü. Konqresdə Tiflisdə yerləşən erməni “milli mərkəzi” və 15 üzvdən ibarət Milli şura seçildi…
Mərkəzi dövlətlərin darmadağın edilməsi erməni burjuaziyası qarşısında yeni və geniş imkanlar açdı: müharibədən sonra yaranmış şəraitdə ermənilər qaliblərə təkcə Türkiyə əleyhinə (Kilikiyada) deyil, həm də Sovet Rusiyası əleyhinə (Zaqafqaziyada) dayaq kimi çox “lazım idilər”. Erməni məsələsi yeni, əvvəlkindən daha böyük əhəmiyyət kəsb edirdi. Bununla əlaqədar olaraq “qalib dövlətlər” hər şeydən əvvəl ən təhlükəli saydıqları “Sovet” istiqamətində özlərinin müvafiq “erməni bazası”nı yaratmaqdan ötrü tədbirlər gördülər.
Daşnakların Ermənistan respublikası müttəfiqlərdən Kars vilayətini, İrəvan quberniyasını geri aldı ki, bu da Ermənistanın ərazisinin 17 500 ingilis kvadratmilinə, əhalisinin 1 510 000 nəfərə (795 000 nəfər erməni, 575 000 nəfər müsəlman, 140 000 nəfər digər millət) çatmasına imkan verdi. Daşnaklar bununla kifayətlənməyərək, Gürcüstanın tərkibindəki Axalkalaki və Borçalı ərazilərinə və Azərbaycanın tərkibindəki Qarabağa, Naxçıvan diyarına, böyük Yelizavetpol quberniyasının cənub hissəsinə yiyələnmək iddiasında olduqlarını bildirdilər. Həmin əraziləri zorla ilhaq etmək cəhdləri (ingilislərin Zaqafqaziyanın işğal etdikləri dövrdə) Gürcüstanla müharibəyə (dekabr 1918-ci il) və Azərbaycanla uzun, qanlı mübarizəyə səbəb oldu. Nəticədə mübahisəli rayonların əhalisi 10-30 % azaldı və bir sıra yaşayış məntəqələri sözün əsl mənasında ermənilər tərəfindən yerlə-yeksan edildi…
İngiltərənin Yaxın Şərqdəki vəziyyətini möhkəmləndirən tədbirlər — 1919-cu ildə İranla müqavilə bağlaması və Konstantinopolu işğal etməsi (16/ III-1920) onun Erməni məsələsinə marağını tamam soyutdu: 1919-cu ilin axırlarında İngilislər Zaqafqaziyanı tərk etdilər və San-Remodakı konfransda (aprel-may-1920) Ermənistanın taleyi məsələsi… lazım olmadığı üçün Qərbi Avropa imperialistlərinə — Şimali Amerika imperialistlərinə verildi…
Beləliklə iki “erməni bazası”ndan biri ləğv edildi. Erməni məsələsi Zaqafqaziyada cəmləşdi. “Böyük Ermənistan”la bağlı bütün ümidlərinin açıq-aydın puça çıxmasına baxmayaraq, daşnaklar burada davakar millətçilik siyasəti yeritməkdə davam edirdilər. Sovet sərhəddi Ermənistanın şimalı boyu müəyyən ediləndən sonra onların vəziyyəti xeyli ağırlaşdı: daşnakların terrorçu rejimindən, saysız-hesabsız talan və müharibələrdən təngə gələn, daim aclıq və dilənçilik şəraitində yaşayan Ermənistanın xalq kütlələri kortəbii surətdə Sovet hakimiyyətinə can atırdılar. Bakıda Sovet hakimiyyəti qurulandan cəmi üç gün sonra Ermənistanın bir sıra məntəqələrində üsyanlar qalxdı (Aleksandropolda hətta bir neçə saatlığa Sovet hakimiyyəti elan edildi). Üsyanlar daşnaklar tərəfindən vəhşicəsinə yatırıldı. Digər tərəfdən, Sovet Rusiyası ilə Ankara arasında 1920-ci ildə başlanmış dostluq münasibətləri daşnak Ermənistanı ilə toqquşdurdu, çünki daşnak Ermənistanı adları çəkilən dövlətlərin birləşdikləri yolda düşmən qüvvə kimi dururdu.
Buna görə də daşnaklar Ankara hökumətinin başının Qərbdəki yunan-ingilis cəbhəsində mübarizəyə qarışmasından istifadə edib Türkiyə tərəfdən özlərinin təhlükəsizliyini təmin etməyi qərara aldılar, çünki Sovet Rusiyası təcavüzkar əməliyyatlara qətiyyən cəhd göstərmirdi. İrəvan hökuməti Qarabağın, Naxçıvanın və Sovet Federasiyasına açıq-aydın meyl edən ərazilərin ona verilməsi təklifi ilə razılaşdı (1920-ci ilin iyununda), eyni zamanda daşnak qoşunlarının başçılarına məxfi əmr verdi ki, adları çəkilən ərazilərdə partizan əməliyyatlarına başlasınlar. Bu əməliyyatlar 1920-ci ilin sentyabrında başlandı. Eyni zamanda ingilislərdən silah almış daşnaklar Kars vilayətini və İrəvan quberniyasının hər yerində müsəlman əhalinin kütləvi qırğınını törətdilər. Şuragöl, Şərur-Dərələyəz, Kaqızman, Sürməli, Karakurt, Sarıqamış rayonlarını yandırıb külə döndərdilər: “beləliklə özlərinin arxa cəbhəsini təmin edərək” Maku sərdarının köməyinə arxayın olub, Oltuya və Kaqızmana hücuma keçdilər…
1920-ci ilin dekabrında (Ermənistanda) Sovet hakimiyyəti quruldu. 1921-ci il Rusiya-Türkiyə müqaviləsi Aleksendropol müqaviləsini ləğv etdi, Ermənistanla Türkiyə arasındakı sərhəddi indiki xətlər şəklində müəyyənləşdirdi.
Həmin andan — erməni xalqının yeni dövlət quruluşu yaranmasından bəri erməni məsələsinin aradan qalxdığını hesab etmək olar. Düzdür, Ermənistanın sovetləşməsindən sonra Qərbi Avropa imperialistləri Lozanna konfransında erməni məsələsi ilə möhtəkirlik etməyə daha bir cəhd göstərdilər: “Erməni ocağı” yaratmaq, “milli azlıqlar”ın müdafiəsi üçün Millətlər Birliyinin nəzarəti altında Konstantinopolda xüsusi orqan təsis etmək layihəsi irəli sürüldü; lakin bu yalnız və yalnız Türkiyə nümayəndə heyətinin Mosul məsələsində güzəştə getməyə məcbur etmək məqsədi güddüyü üçün lazımi güzəştlər edilən kimi layihə aradan götürüldü…
Ermənilərə yeganə real köməyi Sovet Rusiyası göstərdi. 1923-cü ilin yanvarın 27-də Çiçerin yoldaş Lozanna konfransına bildirdi ki, Rusiya və Ukrayna hökumətləri xaricdəki erməni qaçqınların böyük bir hissəsini öz ərazilərində yerləşdirmək niyyətindədir. Bu zaman Çiçerin yoldaş tamamilə haqlı olaraq göstərdi ki, Sovet nümayəndə heyəti Erməni məsələsinin müzakirəsində iştirak etməkdən uzaqlaşdırıldığına görə həmin məsələ lazımi şəkildə həll oluna bilməzdi. Çiçerin yoldaşın məktubu xaricdəki erməni dairələlərində hədsiz dərəcədə güclü əks-səda doğurdu: bir sıra xeyriyyə cəmiyyətləri, partiyalar sovet hökumətinə minnətdarlıqlarını bildirdilər, həmçinin Rusiyanın təklifinin həyata keçirilməsinə dair planları haqqında məlumat verdilər.
“Böyük Ermənistan” proqramının tamamilə, həmişəlik süquta uğraması, indi Sovet Ermənistanında aparılan çox böyük təsərrüfat və mədəniyyət işləri “diaspor”dakı erməni siyasi partiyaları arasında qəti dönüş yaratdı. Erməni burjuaziyası və ziyalıları partiyası — liberal demokratlar (ramkavarlar) indi Sovet Ermənistanına mehriban münasibət bəsləyirlər. Onların Ermənistana göndərdikləri “kəşfiyyatçılar” Sovet hakimiyyətinin dinc quruculuq işləri ilə tanış olmuş, nəticədə ramkavarların mətbuatında Sovet ölkəsinə böyük rəğbətlə yazılan materiallar verilmişdir. Hətta millətçi Qnçaq partiyası da bu cür mövqe tutmuşdur.
Əvvəlki kimi Sovet Ermənistanına hədsiz nifrət bəsləyən yeganə partiya Daşnaksütyundur. O, yenə də silahlı müdaxiləni, ölkənin daxilində partizan müharibəsi aparmağı və üsyan qaldırmağı təbliğ edir, halbuki bu istiqamətdə göstərilən son cəhd yəni 1921-ci ilin fevralında Vratsyanın əksinqilabi çevrilişi tam uğursuzluqla nəticələnmiş, ölkədə qısa, lakin qanlı vətəndaş müharibəsi doğurmuşdu. İndi Daşnaksütyun partiyası mənəvi cəhətdən çürüməkdədir, hətta mühacir kütlələr arasında nüfuzunu itirir — hazırda qaçqınların Sovet Ermənistanına köçürülməsi üçün Avropada və Amerikada yığılan (əsas etibarilə daşnaksakanların Qırmızı Xaç Cəmiyyəti tərəfindən) vəsaiti mənimsəmək hesabına dolanır. Yeri gəlmişkən erməni mühacirləri arasında ən vicdanlıları özlərinin əvvəlki istiqamətini dəyişir və keçmişdən əl çəkərək, təqsirlərini boyunlarına alıb Vətənə qayıdırlar.
Sovet çevrilişindən sonra Daşnaksütyun şübhəsiz tam ölümə məhkumdur və bu ölümlə Erməni məsələsinin tarixində yeni səhifə açılır.
V.QURKO – KRYAJİN
1926-cı ildə Moskvada “Böyük Sovet Ensiklopediyası”
səhmdarlar cəmiyyətinin buraxdığı Böyük Sovet
Ensiklopediyasından tərcümə edilmişdir.
1883-cü ildə İrəvan şəhərinin 18.766 nəfər əhalisinin 15.992 nəfəri, 1866-cı ildə isə 27.246 nəfərindən 23.626 nəfəri, yəni 85,2 % azərbaycanlı olmuşdur.
Erməni alim Zaven Korkodyan. “Sovet Ermənistanının
əhalisi 1831-1931″ adlı kitabından. 1932.
Tarixi qədimlik təsəvvürünə görə, ermənilərin Böyük Ermənistan hesab edilən həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Dağlıq Qarabağda yaşayan ermənilərə gəlincə, onların bir hissəsi aborigen olub, xristian dinini qoruyub saxlayan qədim albanların nəslindəndir. Bir hissəsi təqib və hücumlardan qurtarmaq üçün Azərbaycan torpaqlarında sığınacaq tapan İran və Türkiyə qaçqınlarıdır.
B.İşxanyan. “Qafqaz xalqları” Petroqrad. 1916-cı il, səh.18
1828-ci ildə məşhur “Türkmənçay” müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı… Təkcə son onillikdə (60-70-ci illərdə) Vətənə iki yüz mindən çox erməni köçmüşdür.
Zori Balayan. “Ocaq”, səh. 120, 192, 273.
Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü silahlı dəstələr yığaraq müharibə gedən türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər.
A. Lalayan. 1918-20-ci illərdəki qırğınlar haqqında.
“İnqilabi Şərq” jurnalı, № 2-3, 1936. Moskva
Ara bir az sakitləşən kimi Şuşanı yenə gördüm. Şəhərin türk məhəlləsində daş-kəsək yığınlarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, onların sahibləri isə öldürülmüşdü. Eyni hal Xankəndindəki türk məhəlləsinin də başına gətirilmişdi… Bakıda ermənilər ingilislərin yardımı ilə bu böyük neft şəhərini ələ keçirdilər və şəhərin türk əhalisindən 25 000 nəfərini qırdılar”
Ohanes Apresyanın xatirələrindən. Leonard Ramsden Hartvill.
“İnsanlar belədir. 1918-1922-ci illər Azərbaycan hadisələri bir erməninin xatirələrində”.
ABŞ, İndianapolis, “Bobbs Meril kompani” nəşriyyatı, 1928.
“Erməni hökumətinin daşnak agentləri Qarabağı Ermənistana birləşdirməyə çalışırlar. Bu, Qarabağ əhalisinin Bakıdakı həyat mənbəyindən məhrum olmaq, heç zaman heç nə ilə əlaqəsi olmayan Erivanla bağlanmaq deməkdir. Erməni kəndliləri beşinci qurultayda Azərbaycanı tanımağı və ona birləşməyi qərara aldılar”.
Anastas Mikoyanın 22.05.1919-cu il
tarixdə Leninə yazdığı məktubdan.
Türklərlə ermənilər arasındakı ziddiyyətlərin yaranmasının əsas səbəblərindən biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin aramsız qəddarlığıdır.
Amerikalı erməni yazıçısı L.Z. Sürməliyan.
“Xanımlar və cənablar, müraciətim sizədir” kitabından.
Ermənilər haqqında çox-çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu əsassız deyildir, əsası olmasaydı bütün bir xalq haqqında, həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi…
…məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın admları da hay-küy qoparmağa məcbur edirlər.
Rus tədqiqatçısı V. L. Veliçko. “Qafqaz” əsərindən.
“Ermənilər silməyə və gürcülərə məxsus olan xram və monastrlarda gürcülərin izini məhv edir, daş üzərində gürcü yazılarını qaşıyır, yaxud silir, daşın özünü tikintidən çıxarır və onların əvəzinə erməni yazıları ilə əvəz edirlər”.
Gürcü yazıçı və mütəfəkkiri İ.Çavçavadze
Əlahəzrət mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır.
A.S. Qriboyedov Rus imperatoruna məktubundan.
Ermənistan bir dövlət kimi bəşəriyyət tarixində heç bir mühüm rol oynamamış, onun adı ermənilərin səpələndiyi coğrafi termin olub, güclü xalqların — assuriyalıların, midiyalıların, iranlıların, yunanların, monqalların, rusları öz mübahisələrini həll etdikləri yer olmuşdur.
P.Kerop Patkanov. Van yazıları və onların Ön Asiyanın tarixi üçün əhəmiyyəti.
SPB. 1981, səh. 36-37, Maqdı Neymanın “Ermənistan” kitabından götürülmüşdür. SPB, 1899
Mən onlarla (ermənilərlə) heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir.
Fransız səyyahı qraf De-Şolye.
Ermənilər yerli əhalinin şirəsini sormağa başladılar. Bununla kifayətlənməyərək gəlmə ermənilər yerli müsəlman əhalisinin şan-şöhrətini korlamaq siyasəti yeridirdilər ki, gələcəkdə onları qovub torpaqlarına sahib ola bilsinlər.
Rus tədqiqatçısı V. L. Veliçko Rus işi və tayfalararası məsələlər.
Publisistik əsərlərin tam külliyatı. 1-ci cild. SPB., 1904.
Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin 1 milyonu yerli deyildir. Və onlar vilayətə bizim tərəfimizdən köçürülüb.
N.İ.Şavrov. “Zaqafqaziyada rus işinə yeni təhlükə:
Muğanın yadellilərə satışının gözlənilməsi”. SPB. 1911, səh. 59-61.
Bu kilsə bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdur. Bu monastr məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı yaratdı.
Fransız alimi de-Ban.
Eçmiədzin kilsəsinə səfəri haqqında
Ermənilərin xalq qəhrəmanlığı barəsində bir şey eşidən olubmu? Onların azadlıq uğrundakı mübarizələrinin adları harada həkk edilib? Heç yerdə! Çünki ermənilərin “qəhrəmanları” həmişə öz xalqlarının xilaskarlarından daha çox cəlladı olublar.
Rus diplomatı general Mayevskinin xatirələri.
“Ermənilərin törətdiyi kütləvi qırğınlar” kitabından.
Kəndlərə aparılan yollara müsəlman kəndlilərinin süngüyə keçirilmiş meyitləri, kəsilmiş bədən hissələri və dağılıb tökülmüş daxili orqanları səpələnmişdi… Əsasən qadınlar və uşaqlar! Hakimlər və sahibkarlar qətlləri təşkil etmiş, erməni ordusu onu yerinə yetirmişdir. Dərin quyular qazılmış və köməksiz insanlar heyvan kimi kəsilərək bir-birinin ardınca quyulara atılmışdır. Qətllər üçün məsuliyyət daşıyan ermənilər bir evə səksən nəfər müsəlman doldurur, sonra isə onların başlarını kəsirdi.
Polkovnik-leytenant Qryaznovun 1915-ci ildə
Ərzincandakı qırğınlar haqqında raportundan.
11-12-mart gecələrində erməni cəlladları Ərzincan ətrafındakı ərazilərdə müsəlmanları süngülər və baltalarla qətlə yetirdilər. Bu vəhşilər öz qurbanlarını əksərən öz məşum planları məqsədi ilə qazılmış xəndəklərə atırdılar. Mənim yavərim iki yüz (200) belə xəndək saymış və cinayətlərin üstünü açmışdı.
Rus ordusunun generalı L.Odişelidzenin
1915-ci il tarixli məlumatından.
“Ali məktəbdən tutmuş lap adicə ibtidai məktəblərə qədər bütün erməni məktəbləri Avropa paytaxtlarında ifrat dərəcəyə çatdırılmış erməni təbliğatçılarının qızğın fəaliyyət meydanına çevrilmişdi. Vətənpərvərlik mədhiyyə və mahnıları, kəskin satira və təmsillər müəllimlər mühitindən yeniyetmələrin odlu qəlbinə düşürdü, onlarda müsəlmanların mənfur hakimiyyətinə qarşı qəzəb, kin-küdurət hissini heç kimə məlum olmayan gələcəyin fantastik illüziyalarının bütöv bir silsiləsini alovlandırırdı. Beləliklə, ən qısa bir vaxt (3-4 il) ərzində onların yaratdığı illüziyanın müdafiəsi üçün qanlı fədakarlığa hazır olan qudurğan, inadkar gənclər yarandı…”
Rus diplomatı general Mayevskinin xatirələri.
“Ermənilərin törətdiyi kütləvi qırğınlar” kitabından.
Qarabağın tarixi kökləri antik dövrə gedib çıxır. Bu, Azərbaycanın tarixi əyalətlərindən biridir. Bu region Azərbaycanın vacib siyasi, mədəni və mənəvi mərkəzidir… Bədnam Qarabağ problemi ermənilər tərəfindən saxta ideyalar əsasında yaradılmışdır.
Samuel A. Uims. “Ermənistan – terrorçu “xristian” ölkənin gizlinləri”,
Ermənilərin böyük fırıldaq seriyaları, I cild.
“Biz Xocalı faciəsinin şahidiyik. Biz Xocalı müdafiəçilərinin, yüzlərlə dinc sakinlərinin – qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük… Ermənilər bizim vertolyotu da atəşə tutduqlarına görə çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən gördüklərimiz də törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət edirdi. Bu, tükürpədici mənzərə idi. 5-6-yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər”.
Xocalı qırğınının şahidi,
fransız jurnalist Jan İv Yunet.
… Əsirlər var. Lakin artıq yaşamağa yararlı deyillər. Qışda onları səhərlər ayaqyalın qarın, buzun üzərinə çıxarırlar. Təpələrindən soyuq su tökür, başlarında şüşə sındırır, sonra təzədən kameraya salırlar. Əsl işgəncələr isə bundan sonra başlanır. Barmaqlarını qapının arasına qoyub qırır, çığırdıqca rezin dəyənəklə döyürlər. Çoxu əzablara tab gətirməyərək dəli olub ölür. Biz növbəti kəndi zəbt edəndə bir erməninin diri uşağı götürüb iki böldüyünü görmüşəm. Sonra bədənin bir hissəsi ilə anasının sifətinə, başına o qədər döydü ki, övladının al qanına bulaşmış qadın dəli olub gülməyə başladı.
“Moskovskiy komsomolets” qəzeti. 29.01.1994.
“Neft sindromu” məqaləsindən.
Dağlıq Qarabağdakı konflikt yaxşı planlaşdırılmış, əvvəlcədən hazırlanmış, həyata keçirilməsi Ermənistanın kommunist rəhbərlərinin üzərlərinə düşən aksiyadır… “Qarabağ hərəkatı”nın liderləri millətin öz müqəddəratını təyin etməsi prinsipini hipertrofiyaya uğradaraq elə bir həddə çatdırmışdır ki, ondan sonra separatizm başlayır.
Fyodr Şellov-Koverdyayev
Rusiya XİN-nin keçmiş I müavini, vəkil.
Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi.
XV əsrin sonuna aid “Mən Çariçanı gördüm” adlı, müəllifi bəlli olmayan erməni poemasına diqqət edək. Poemada Rusiya çarı III İvanla (1462-1505) Bizans şahzadə xanımı Sofiya Poleoloğun toyu təsvir olunur. O, III İvanın təklif etdiyi hədiyyələrdən imtina edərək İstanbulun tutulmasını tələb edir, III İvan isə Qüdsü azad edəcəyini və Eçmiədzinədək gedəcəyini bildirir.
Poemanın ideyasının “Moskva — üçüncü Roma” nəzəriyyəsinə uyğun olduğunu aydın görürük. (Moskvanın üçüncü Roma olması haqqında baxış 1453-cü ildə İstanbulun süqutundan sonra yaranmağa başlamış, XVI yüzilliyin əvvəllərində Yelizar monastrının abidi Filofey tərəfindən bitkin nəzəriyyəyə çevrilmişdir. Xristian dövlətlərinin Türkiyəyə qarşı ittifaqı xüsusilə, “ikinci Roma imperiyası” adlandırılan Bizansın mülkiyyət və hüquqlarının varisinin Rusiya olması və başqa məsələlər bu nəzəriyyənin əsasını təşkil edir). Bu poemanın ideyası yalnız poetik istək olmaqla qalmamışdı. Onun həyata keçirilməsi üçün erməni-rus hərbi siyasi ittifaqının əsaslandırılması və yaradılması sahəsində də addımlar atıldı.
Erməni-rus münasibətləri Rusiyanın Kazan (1552) və Həştərxanın (1556) işğalı, Türkiyə müharibələri ilə (1635-1639,1711,1768-1774, 1787-1791 və başqaları) genişlənir, onun Xəzər sahili torpaqları istila etmək cəhdləri ilə daha da möhkəmlənir. Bu hadisələrin gedişi zamanı ermənilərin Rusiyaya köçürülməsi və burada erməni koloniyaları yaradılması başlanır.
Bu işdə I Pyotrun erməni xalqına dövlət fərmanı (1724-cü il 10 oktyabr) böyük rol oynadı. Həmin fərmana görə Rusiyanın işğal etdiyi torpaqlara ermənilərin köçürülməsi və məskən salmaları üçün yerlər ayrılmasına razılıq verilirdi.
I Pyotrun bu siyasi xətti onun varisləri tərəfindən sonrakı bir əsr ərzində davam etdirildi. 1804-1813-cü illər rus-İran müharibəsində Rusiyanın qələbəsi və Azərbaycanı parçalayan “Gülüstan müqaviləsi” ermənilərin köçürülməsi və birləşdirilməsini bir daha qəti şəkildə irəli sürdü. 1826-1828-ci illər rus-İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başlandı. Erməni katalikosu Nerses Aştaraketsi köçürülmə haqqında layihə hazırladı. A.S.Qriboyedov da bu planın hazırlanması və həyata keçirilməsində böyük rol oynadı.
Nerses 1827-ci ilin noyabrında ermənilərin köçürülməsinə rəhbərlik etmək üçün Peterburqdan dəvət edilmiş və bu zaman Təbrizdə olan Yegiazar Lazaryana yazırdı:
“İndi mən bizim erməni millətinin sədaqətli müdafiəçisi cənab A.S.Qriboyedovdan əsir xristianlar haqqında xahişimi unutmamasını və onları olduğu hər yerdə rus ağalığının qüdrətli bayrağı altına qəbul edilməsini rica etdim… Mən həmçinin İranda olan bütün ermənilər haqqında zati-alidən (Paskeviçdən – K.Ş.) xahiş etdim və indi mən cənaba (Qriboyedova – K.Ş.) yazıram, cənabınızdan da rica edirəm: İvan Fyodoroviç Paskoviçi lütfən sövq edəsiniz ki, barışıq zamanı İranın hakimiyyəti altında olan şəhər və kəndlərdə yaşayan ermənilərin Böyük Rusiya imperiyası himayəsi altında azad surətdə öz vətəni Ermənistana qayıtmaq haqqında maddəni müqaviləyə daxil etməyi unutmasın”.
1828-ci il fevralın 10-da imzalanmış “Türkmənçay müqaviləsi”nin XV maddəsi ermənilərin köçürülməsini nəzərdə tuturdu.
XV maddədən: “Şah həzrətləri… Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir… Bundan başqa, o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satılıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməyən mülkə gəldikdə isə onun satılması və ya onun haqqında könüllü sərəncam üçün beş illik müddət müəyyən edilir”.
Ermənilərin köçürülməsini təşkil etmək üçün İrəvan və Naxçıvanda köçürmə komitələri yaradıldı. Köçkünlərə mühüm imtiyazlar verildi: onlar 6 il müddətində vergi və mükəlləfiyyətlərdən azad edildi, onlara İrandan alınan təzminat hesabına vəsait verildi və s.
Müəyyən hazırlıq tədbirləri həyata keçirildikdən sonra köçürmə başladı. İrandan köçürülən ermənilərin sayı 40-50 min nəfər təşkil edirdi. 1828-1829-cu il rus-türk müharibəsinin gedişində və müharibədən sonra Türkiyədən də 90 min erməni köçürüldü. İran, Türkiyə və digər Şərq ölkələrində ermənilərin Rusiyaya köçürülməsi bütün sonrakı dövr ərzində davam etdirildi.
Köçürmənin əsas istiqaməti Zaqafqaziya idi.
N.İ.Şavrov 1911-ci ildə yazırdı: “Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın yerli əhalisinə məxsus deyil və bizim tərəfimizdən köçürülmüşdür”.
Ermənilər Zaqafqaziyaya köçürülərkən onların harada yerləşdirilməsinə xüsusi diqqət yetirilirdi.
A.S.Qriboyedov yazırdı: “Rus ordusunun tutduğu rayonlardan — Təbriz, Xoy, Salmas, Marağadan bütün erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürmək lazımdır”.
Qriboyedovun bu tövsiyəsi layiqincə yerinə yetirildi.
Şavrov yazırdı: “Ermənilər erməni əhalisinin cüzi miqdarda olduğu Yelizavetpol (Gəncə – K.Ş.) və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında yerləşdirildi… Yelizavetpol quberniyasının dağlıq hissəsində (Dağlıq Qarabağ-K.Ş.) və Göyçə gölünün sahillərində ermənilər məskunlaşmışdır”.
Beləliklə, ermənilərin köçürülməsi ilə adları çəkilən ərazilərin etnik tərkibi dəyişdirilməyə başladı.
1823-cü il məlumatına görə Qarabağ vilayətinin (keçmiş Qarabağ xanlığının ərazisi -K.Ş.) 20 minə yaxın ailəsindən cəmi 1, 5 minini erməni ailəsi təşkil edirdi.
Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişir.
1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8% təşkil etdi.
Bu siyasət məqsədyönlü şəkildə davam etdirilməyə başladı.
XIX əsrin 80-ci illərində Şuşa qəzasında əhalinin milli tərkibində azərbaycanlılar 41,5% ermənilər isə 58,2% oldu. Rusiyada əhalinin 1897-ci il siyahıya alınmasına görə bu rəqəmlər 45 və 53%, 1917-ci ildə isə 40,2 və 52,3% olmuşdu. 1918-1920-ci illərdə Ermənistan Respublikasının törətdikləri azərbaycanlı qırğınları Qarabağı da əhatə etmişdi.
1923-cü ildə Dağlıq Qarabağ Muxtar Respublikasını təşkil edərkən tarixi ədalətsizliyə yol verildi, Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsolidasiyası üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların demoqrafik mövqeyinə ciddi zərbə vuruldu.
1926, 1959, 1970, 1979-cu illərdə keçirilmiş siyahıya almalara görə, DQMV-nin azərbaycanlı və erməni əhalisi müvafiq olaraq 10,1 və 89,1%; 13,8 və 84,4%; 18,1 və 80,5%; 23,0 və 75,9% olmuşdur.
Dağlıq Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə Mardakert — Ağdarə rayonunun Marağaşen — Leninavan kəndində xüsusi abidə qoymuşdular. Ermənilərin köçürüldüyü qeyd edildiyi kimi həm Rusiyanın, həm də Ermənistanın siyasi mənafeləri ilə bağlı olmuşdur. Minlərlə erməni hər iki dövlətin bu fitnəkar siyasətinin düşünülmüş qurbanı olmuşdur. İqtisadi mənafe ilə bağlı olan məsələlərdə çox pərgar olan ermənilər bu siyasi oyunların acınacaqlı nəticələrindən dərs ala bilməmiş, Rusiya və Ermənistan liderlərinin onlar üçün müəyyən etdiyi fitnə və xəyanət rolunu həmişə canla-başla və amansızlıqla yerinə yetirmiş, hər dəfə də bu əməllərin qanunauyğun nəticəsi kimi milli məğlubiyyət və faciəyə düçar olmuşlar. Bu fitnəkarlığın başlıca obyekti olan Türkiyə və Azərbaycan müəyyən çətinliklərə baxmayaraq həmişə bu imtahandan uğurla çıxmışdır.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu
Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların “Böyük Ermənistan” yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsidir. Ona görə də ermənilər “ənənələrinə” sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar. SSRİ-də 1985-ci ildə ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə gəlməsilə erməni separatçıları növbəti dəfə yenidən fəallaşdılar.
Bu dəfə sovet rəhbərliyinin silahlı erməni separatçılarını — terrorçularını himayə və müdafiə etdikləri daha tez aşkara çıxdı. Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı məxfi planı həyata keçirmək üçün M.S.Qorbaçov, ilk addım olaraq, onun qarşısında ən qüdrətli maneə olan Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırdı. Bundan az sonra, 1987-ci ilin noyabrında Qorbaçovun komandasına daxil olan erməni akademik A.Aqanbekyan Parisdə Dağlıq Qarabağ barədə sovet rəhbərliyinə təklif verdiyini, yenidənqurma və demokratiya şəraitində bu problemin həllini tapacağına ümid etdiyini bildirdi. Əvvəllər gizli fəaliyyət göstərən erməni “Qarabağ Komitəsi”, onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı “Krunk” (Durna) açıq işə keçdi, “Miatsum” (Birləşmə) hərəkatı formalaşdırıldı. Bu hərəkat Ermənistan, Dağlıq Qarabağ Muxtar Vilayəti, Moskva rəhbərliyi, SSRİ və dünya ermənilərinin potensialına arxalanırdı. Hadisələr 1988-ci ilin fevralından daha aqressiv məcraya yönəldi. Fevral günlərində İrəvanda və Stepanakertdə separatçılar və erməni millətçilərinin mitinqlər dalğası başladı. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin sessiyası vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət etdi.
Bu fakt ermənilərin 1945-ci ilin noyabrı ilə müqayisədə taktikanı dəyişdirdiklərini göstərirdi. Onlar II Dünya müharibəsindən ötən dövr ərzində apardıqları intensiv təbliğat sayəsində və xarici ölkələrdəki güclü erməni diasporunun köməyi ilə dünya ictimaiyyətində Dağlıq Qarabağ barədə yanlış rəy yarada bilmişdilər. Ona görə bu dəfə iddialarını bağlı qapılar arxasından meydanlara çıxarmaq yolunu tutdular. Azərbaycanın o zamankı rəhbərliyi və geniş ictimaiyyəti isə erməni separatçılarının və onların müdafiəçilərinin yeni taktikası qarşısında hazırlıqsız idi. Fevralın 24-də Əsgəran rayonunda erməni separatçıları — terrorçuları tərəfindən iki azərbaycanlı gəncin qətlə yetirilməsi, 19 nəfərin yaralanması da ermənilərin planlarına qarşı düşünülmüş siyasi xətt hazırlanması ilə nəticələnmədi. Fevralın sonlarında artıq Azərbaycanın böyük sənaye şəhəri olan Sumqayıtda erməni xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik orqanlarının iştirakı ilə əvvəlcədən hazırlanmış qəsdlər törədildi. Çox keçmədən Sumqayıt hadisələrinin nə üçün törədildiyi aydın oldu. Əvvəlcədən planlaşdırıldığı kimi, bu hadisədən dərhal Ermənistanda yaşayan azərbaycanlılara qarşı və Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən qoparılıb çıxarılması üçün istifadə edildi. “Martın 10-da İrəvandan cənubda azərbaycanlılara məxsus Mehmandar kəndinin 4 sakini qətlə yetirildi. Martın 25-də Ararat rayonunun azərbaycanlı kəndlərində 100-dən çox ev talan edilib yandırıldı, əhalisi qovuldu. Mayın ortalarında İrəvan yaxınlığındakı Azərbaycan kəndlərinə yenidən basqın edildi….” Tarixdə azərbaycanlılara qarşı dəfələrlə təkrar olunmuş erməni vəhşilikləri və soyqırımları yenidən tüğyan etməyə başladı.
Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və Sovet hökumətinin vəziyyətin real qiymətləndirilməsində maraqlı olmaması da aydın şəkildə üzə çıxdı. “1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında” 1988-ci il 24 mart tarixli qərar bilərəkdən məsələnin separatçılıq aktı olmasını ört-basdır etməyə yönəlmişdi. Belə bir dəstək erməni separatçılarını daha da ruhlandırdı və onların təcavüzkarlığını daha da artırdı. Moskva qarşısında mütilik nümayiş etdirən Ə.Vəzirov başda olmaqla, Azərbaycan rəhbərliyi öz xalqına xəyanət, təcavüzkara isə güzəşt mövqeyi tuturdu. Nəhayət, Moskva Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxartmaq istiqamətində daha bir addım atdı: SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar qəbul etdi. Məqsəd aydın idi: Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılmış Xüsusi İdarə Komitəsi Muxtar Vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsini təmin etməli idi. Lakin bunu başa düşən Azərbaycan xalqının demokratik mübarizəsi nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Ancaq bunun əvəzində yeni bir qurum — Təşkilat Komitəsi yaradıldı. Ermənistan SSR bu vəziyyətdən istifadə edərək dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu Ermənistan tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi. Moskva, gözlənildiyi kimi, bu kobud müdaxilə faktına da göz yumdu. Bununla vəziyyət daha da kəskinləşdi. Bu dəfə Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyi Azərbaycana qarşı daha dəhşətli bir cinayətə əl atdı. Əsas hədəf kimi Bakı seçildi. Sovet dövləti öz vətəndaşları qarşısındakı konstitusiya öhdəliyini pozaraq ən müasir texnika və silahlarla silahlanmış iri qoşun kontingenti yeritməklə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı qırğın törətdi. Bakı qırğınında canlı qüvvə kimi erməni əsgər və zabitlərindən də geniş istifadə olundu. Lakin 20 Yanvar qırğını Azərbaycan xalqının iradəsini qıra bilmədi, əksinə respublikanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizəni daha da gücləndirdi. 20 Yanvar qırğınının səhəri günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib sovet rəhbərliyinin cinayət əməllərini qətiyyətlə ifşa edən Heydər Əliyev Azərbaycan xalqının bu ədalətli mübarizəsinin — Qurtuluş savaşının önünə keçdi. 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Dağlıq Qarabağın erməni separatçıları da yaranmış vəziyyətdən istifadə edərək siyasi təşkilatlanmanı davam etdirirdilər. Onlar 1991-ci ilin sentyabrında “Dağlıq Qarabağ Respublikası” adlanan oyuncaq qurumun yaradıldığını elan etmişdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaqdan imtina etmiş, noyabr ayının 26-da isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olunmuşdu.
1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub, Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçıları-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu
1988-ci il fevral hadisələrindən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar. SSRİ Silahlı Qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldular. Bununla da 1917-ci ilin fevralında çar hökumətinin yıxılması nəticəsində meydana gələn tarixi şəraitə bənzər vəziyyət SSRİ-nin dağılmasından sonra yenidən təkrar olundu. Sovet ordusu sıralarında qulluq edən erməni zabitləri və keçmiş sovet hərbi hissələri azərbaycanlılara qarşı birləşdilər və vahid cəbhədə hərbi əməliyyata başladılar (Azərbaycan xalqına qarşı 1918-ci ilin Mart soyqırımında olduğu kimi!). Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış məskənlərinin işğalına başlandı. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın mühasirə məngənəsi daraldı. Tələm-tələsik formalaşdırılmış Azərbaycan könüllülərinin Daşaltı əməliyyatı uğursuz oldu. Erməni və sovet hərbi birləşmələri fevralın ortalarında Qaradağlı kəndini ələ keçirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Bu İkinci Dünya müharibəsində faşizmin törətdiyi dəhşətli qırğınlardan sonra müasir dövrdə erməni separatçı-terrorçuları ilə birlikdə Ermənistan hərbi qüvvələrinin insanlığa qarşı törətdiyi ən kütləvi və ən dəhşətli soyqırımıdır. Azərbaycanın ərazi bütövlüyünə və onun xalqına qarşı çevrilmiş bu müharibədə Azərbaycan rəhbərliyinin öz xalqının deyil, Moskvanın mövqeyini müdafiə etməsi onu nüfuzdan saldı. Xalq hərəkatının daha da gücləndiyi şəraitdə 1992-ci ilin martında respublikaya rəhbərlik edən A.Mütəllibov istefa verdi. Yaranmış hakimiyyət boşluğu Azərbaycan Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi.
1992-ci ilin mayında erməni hərbi birləşmələri Şuşanı da ələ keçirdilər. Bununla da faktiki olaraq ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal etdilər. Növbəti addım Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu. Bakıda hakimiyyət uğrunda çəkişmələrin kəskinləşməsindən istifadə edən ermənilər Laçını da tutdular. Azərbaycan Xalq cəbhəsinin hakimiyyəti (1992 may-1993 iyun) dövründə davam edən yeni hakimiyyət çəkişmələri respublikanın müdafiəsinə ağır zərbə vurdu. 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. İyun ayında Azərbaycanda dərin siyasi böhran baş verdi. Xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi. Ermənistan Azərbaycana qarşı müharibəni davam etdirərək 1993-cü ilin iyul-oktyabr ayları arasında Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdi.
Ermənilər işğal etdikləri torpaqları “viran qoymaq” taktikasına əl atmışdılar. Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər əlil olmuşdu. Qaçqın və köçkünlərin sayı milyonu keçmişdi. Rəsmi məlumata görə, erməni işğalçıları tərəfindən 4852 nəfər azərbaycanlı, o cümlədən 323 qadın, 54 uşaq və 410 qoca əsir və girov götürülmüşdü. Erməni faşistləri əsir və girovların həqiqi sayını beynəlxalq humanitar təşkilatlardan gizlədir, onlarla qeyri-insani, amansız rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldırdılar.
Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu Birləşmiş Millətlər təşkilatı (BMT) təsdiq etdi. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. Lakin erməni işğalçıları bu qətnamələri yerinə yetirmədilər.
Ermənistan işğalçılarına qarşı mübarizədə Azərbaycanın hərbi-iqtisadi və insan qüvvələrinin səfərbər edilməsinə böyük ehtiyac var idi. Bu məqsədlə Heydər Əliyev noyabrın 2-də televiziya və radio ilə xalqa müraciət etdi, ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu. Noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı. Azərbaycan ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri də düşməndən azad edildi. Çiçəkli dağı və b. strateji yüksəkliklər ələ keçirildi, Kəlbəcər-Laçın yolunun tunelə qədərki hissəsi nəzarət altına alındı. Döyüşlərdə düşmən 4 min əsgər və zabit, 50 zirehli texnika, 15 artilleriya qurğusu və s. itirdi. Azərbaycanın müharibədə dönüş yaratmaq, işğal olunmuş Vətən torpaqlarını azad etmək sahəsində əldə etdiyi uğurlar, nəinki Ermənistanı, həmçinin onu müdafiə edən qüvvələri də ciddi təşvişə saldı. Azərbaycan Respublikası belə bir şəraitdə 1994-cü il mayın 8-də Bişkek protokolunu imzaladı. Azərbaycanın düşmən üzərində hərbi uğurları sayəsində mayın 12-də cəbhədə atəşkəsə nail olundu.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.
Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
Bu münaqişənin köklərinin Ermənistanın Azərbaycana qarşı əsrlər boyu sürən ərazi iddiaları ilə bağlı olması ilə yanaşı, 1988-ci ilin əvvəllərində ermənilər Dağlıq Qarabağı birtərəfli şəkildə ayırmaq və onu Ermənistana birləşdirmək məqsədilə tarixi planlarını həyata keçirmək üçün Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərə başladılar. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşdi. Dağlıq Qarabağ regionunda yerləşən rayonlardan biri olan və 940 kv.km əraziyə və münaqişədən öncə 7 min və əksəriyyəti azərbaycanlılardan ibarət əhaliyə malik Xocalı bu əməliyyatların birinin hədəfinə çevrildi.
Xocalını işğal etməklə Ermənistan Dağlıq Qarabağ regionunun digər şəhərlərini ələ keçirmək üçün strateji üstünlüyə və əlverişli imkanlara malik olmaq məqsədini güdürdü. Erməni qəddarlığının arxasında duran niyyət növbəti hərbi əməliyyatlarda psixoloji üstünlük əldə etmək üçün azərbaycanlıların iradəsini qırmaq idi. Onlar həmçinin Xocalıda və ətraf ərazilərdə olan tarixi izlərin ermənilərin ərazi iddialarını puça çıxardığından Xocalını yer üzündən silmək məqsədini güdürdü.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə güclü artilleriya bombalamasından sonra Ermənistan silahlı qüvvələri və yarım-hərbi birləşmələr, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə şəhəri ələ keçirmək üçün hərəkətə keçdilər.
Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Lakin onların ümidləri boşa çıxdı. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Yalnız çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildilər.
28 fevral tarixində tərkibində jurnalistlər də olan qrup iki helikopterlə azərbaycanlıların qətlə yetirildiyi yerə çata bildilər. Mənzərə hamını dəhşətə gətirdi – sahə cəsədlərlə dolu idi. Helikopterin vəzifəsi dağlıq zonada enmək və əhalinin kütləvi qətlə yetirildiyi yerlərdən cəsədləri toplamaq idi. İkinci helikopterin havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq dörd meyiti götürmək mümkün oldu. 1 mart tarixində yerli və xarici jurnalistlərdən ibarət qrup hadisə yerində olduqda onların müşahidə etdiyi vəziyyət daha da dəhşətli olmuşdur: meyitlərə xəsarətlər yetirilmiş və skalpları götürülmüşdür.
Əhalinin qətlə yetirildiyi məkana səfər edənlərdən biri olan jurnalist Çingiz Mustafayevin sözlərində deyildiyi kimi, ölənlər arasında “2 yaşla 15 yaş arası onlarla uşaq, qadın, yaşlı var idi, çoxuna isə alnının tən ortasına yaxın məsafədən atəş açılmışdı. Cəsədlərin vəziyyəti onu göstərirdi ki, insanların çoxu soyuqqanlılıqla, qəsdən öldürülüb, heç bir mübarizə, yaxud qaçmağa çalışırcasına əlamət yox idi. Bəzilərini kənara çəkib tək başına güllələmişdilər; bəzi hallarda isə bütün ailənin birdən güllələndiyi görünürdü. Bəzi cəsədlərdə bir neçə yara izi var idi ki, bunlardan biri həmişə başda olurdu bu da yaralının öldürüldüyünü sübut edirdi. Uşaqların qulaqlarını kəsmişdilər; orta yaşlı qadının üzünün sol tərəfinin dərisi, kişilərin isə başlarının dərisi soyulmuşdu. Üstü-başı qarət edildiyi açıq-aşkar görünən cəsədlər var idi”.
Şübhəsiz Xocalıda baş verənlər münaqişənin ən iri miqyaslı qırğını idi. Bütövlükdə, hücum və şəhərin ələ keçirilməsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1,275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.
Xocalı bir çox cəhətlərinə görə öz özəlliyi ilə seçilir. Birincisi, Xocalı heç bir ciddi hərbi texnika və istehkamlara malik olmayan bütövlükdə mülki yaşayış məskəni idi. Buna görə ağır texnika ilə şəhərə hücum heç bir hərbi zərurətə malik olmadığından hərbi cəhətdən heç cür əsaslandırıla bilməz. Beləliklə, bu zəruri olmayan və artıq güc tətbiqi idi. İkincisi, Xocalıya hücum hərbi əməliyyatların dövlətlər-arası mərhələsinin başlanması dövrünə təsadüf edir. Bu səbəbdən şübhəsiz Ermənistan növbəti təcavüzkar əməliyyatlarını həyata keçirməkdə psixoloji üstünlük əldə etmək məqsədilə azərbaycanlıları qorxutmaq niyyətini güdürdü. Erməni qəddarlığının misilsiz dərəcəsi, o cümlədən erməni işğalçıları tərəfindən əhalinin yaxın məsafədə və xüsusi amansızlıqla öldürülməsi və ardınca meyitlərin üzərində aparılan təhqiredici hərəkətlər bu nəticəyə gəlmək üçün şübhə yaratmayan əsaslar verir.
Digər vacib məqam ermənilərin “dəhliz” iddiaları ilə bağlıdır. Ermənistan iddia edir ki, guya dinc sakinlərin şəhəri tərk etməsi üçün “humanitar dəhliz” təmin etmişdir. Bu xüsusda məntiqi olaraq sual çıxır: Ermənistanın niyyəti şəhəri məhv etmək idisə onlar nə üçün əhalinin şəhərdən çıxmasına imkan verən bu çıxışı açıq saxlamışdır? Cavab sadədir: Ermənistan bu çıxışı özünün iddia etdiyi kimi humanitar səbəblərdən açıq saxlamamışdır – onlar ya bu sonuncu çıxışı bağlamaq imkanına malik olmamış, ya da sonradan mülki əhali üçün seçim imkanı yaratdığını və onları qırmaq niyyəti güdmədiyini iddia etmək üçün qəsdən onu açıq buraxmışdır.
Dəhliz iddiasının zəifliyi və əsassızlığı təşəkkül tapmış sübutlar, o cümlədən şahidlərin ifadələri, eləcə də beynəlxalq hesabatlar, hətta erməni rəsmilərinin etirafları fonunda asanlıqla görünə bilər. Bu sübutlar onu göstərir ki, əhali şəhəri məqsədsiz, xaotik, heç bir təlimat və qabaqcadan məlumatlandırma olmadan tərk etmişdir. Əgər bu cür “dəhliz” mövcud olsaydı əhali ondan xəbərdar olardı. Bundan əlavə, Ermənistanın niyyəti humanitar çıxış təmin etmək idisə, onda o, nə üçün əhali azərbaycanlıların nəzarətində olan Ağdam şəhərinə çatmaq üçün şəhəri tərk edən kimi onların yol boyunca – həmin “dəhliz”də – Ermənistan hərbçiləri tərəfindən pusquya salındığını və öldürüldüyünü izah etməlidir.
Xocalı soyqırımı münaqişənin ən qanlı və geniş miqyaslı qırğını olmağına baxmayaraq, bu yeganə (təcrid olunmuş) hal olmamışdır. Məhz bu qırğına kimi Ermənistan tərəfindən Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən Cəmilli, Meşəli, Kərkicahan, Malıbəyli və Quşçular kəndlərində törədilmiş kütləvi qırğınlar Xocalının mühasirəsinə imkan yaratmaq məqsədinə xidmət etmişdir.
1992-ci ilin fevralında Xocalı ilə yanaşı, növbəti 2 il ərzində Ermənistan Dağlıq Qarabağ regionun digər ərazilərini və ona bitişik yeddi rayonu işğal etmişdir. Ermənistan işğal etdiyi ərazilərdə bir milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından qovmaqla etnik təmizləmə fəaliyyəti həyata keçirmiş və münaqişə zamanı digər ciddi cinayətlər törətmişdir.
2020-ci ilin sentyabrında Azərbaycan ordusunun əks hücum əməliyyatı nəticəsində 30 il ərzində işğal altından qalan torpaqlar azad edilmişdir.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir.
I. XOCALI SOYQIRIMI BEYNƏLXALQ CİNAYƏT KİMİ
“Soyqırım” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə aşağıdakı hərəkətləri bildirir:
— belə bir qrupun üzvlərinin qətlə yetirilməsi;
— belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi;
— hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması;
— belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər;
— uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi.
Soyqırım cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır.
Bu obyektiv cizgi soyqırım cinayətini digər analoji beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırım cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Bu əməllər heç bir halda təsadüf və ya ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda belə bir hərəkətin törədilmə niyyətinin vaxtı və onların mümkün nəticələrinin ümumi dərki onların soyqırım kimi tövsif olunması üçün kifayət deyil. Burada hərəkətin mənfi nəticələri ilə bağlı cinayətkar qərəzin və ya konkret niyyətin xüsusi istiqamətini üzə çıxarmaq tələb olunur. Xilas olmağa can atan Azərbaycan mülki əhalisinin əvvəlcədən xüsusi olaraq hazırlanmış pusqu yerlərindən avtomatlardan, pulemyotlardan və digər silah növlərindən atəşə tutulması soyqırım niyyətini sübut edir. Bu cinayətin məhz azərbaycanlı milli qrupuna qarşı yönəlmiş olduğu göz önündədir.
Soyqırım cinayətinin təhlili zamanı onun 3 əsas hissəsi üzə çıxarılır:
— məlum milli, etnik, irqi və ya dini qrupun varlığı;
— belə bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətinin olması (mens rea);
— məlum qrupa münasibətdə soyqırım kimi təfsir olunan hərəkətlərdən hansısa birinin törədilməsi (actus reus).
Deməli, soyqırım aktı mütləq milli, etnik, irqi və ya dini qrupa qarşı yönəlmiş olmalıdır. Digər qrupa qarşı, məsələn siyasi və sosial qrupa qarşı yönəlmiş belə hərəkətlər soyqırım kimi tövsif oluna bilməz.
Soyqırım anlayışı qadağan olunmuş hərəkətin ümumi nəticələri üzrə konkret niyyətin olmasını tələb edir. Soyqırım cinayətinin tövsif olunmuş əlaməti olaraq niyyət özündə bir neçə fərqli tərkib hissələrini birləşdirir:
— niyyət bu və ya digər konkret qrupa mənsub şəxslərin təsadüfi olaraq bir nəfərinin və ya bir neçə nəfərinin məhv edilməsindən ibarət olmamalı, bütövlükdə qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırım qurbanlarının müəyyən edilməsinin həlledici əlaməti onların fərdiliyi deyil, məhz onların qrupa mənsubluğudur;
— niyyət qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırım bütöv bir insan qrupunun mövcudluq hüququnu tanımaqdan imtina etməkdir. Ayrıca bir insanın qətlə yetirilməsi (soyqırım) ayrıca bir fərdin yaşamaq hüququnu tanımaqdan imtina kimi xarakterizə olunur. Müvafiq olaraq, actus reus (qadağan edilmiş hərəkat) bir adamla məhdudlaşa bilər, lakin mens rea (niyyət) qrupun mövcudluğuna qarşı yönəlmiş olmalıdır;
— niyyət qrupun məhz tamamilə və ya qismən məhvindən ibarət olmalıdır;
— niyyət məhz milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır.
Soyqırım cinayətinə görə, məsuliyyətin tövsif olunması üçün bütöv qrupun məhv edilməsi kimi son nəticəyə nail olunma tələb edilmir.
Bunun üçün etnik qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətlərdən birini törətmək yetərlidir.
Soyqırımın obyektiv tərəfi olan “məhv etmək” anlayışı fiziki və ya bioloji təsir yolu ilə həyatdan məhrum etmək mənasına gəlir.
BMT-nin beynəlxalq məhkəməsi “Barselona Traction” işi üzrə qərarında soyqırım aktının qadağan edilməsi üzrə öhdəliyi erga omnes öhdəlikləri adlandırmışdır.
Beynəlxalq məhkəmə “Soyqırım cinayətlərinin qarşısının alınması və ona görə cəzalar” Konvensiyasının əsasında duran prinsipləri bütün dövlətlər üçün məcburi xarakterli normalar kimi tanınmışdır.
II. XOCALI HADİSƏLƏRİNİN BEYNƏLXALQ HÜQUQ TƏRƏFİNDƏN SOYQIRIM CİNAYƏTİ AKTI KİMİ TANINMASININ HÜQUQİ ƏSASLARI
Aşağıdakı sənədlər Xocalı hadisələrini beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi tövsif etməyə imkan verir:
1. BMT Baş Assambleyası tərəfindən 260 A (III) saylı qətnamə ilə qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar” Konvensiyası;
2. Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (hərçənd Nizamnamədə soyqırım cinayətinə birbaşa istinad edilməsə də, soyqırımı təşkil edən hərəkətlər onda bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər kimi tövsif olunur);
3. Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsi (maddə 4);
4. Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsi (maddə 1);
5. Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 6);
6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 103);
7. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı.
III. XOCALI HADİSƏLƏRİNİN BEYNƏLXALQ HÜQUQ TƏRƏFİNDƏN “SOYQIRIM” HÜQUQİ NORMASININ ALTINA DÜŞƏN CİNAYƏT KİMİ TANINMASININ HÜQUQİ NƏTİCƏLƏRİ
Beynəlxalq hüquq soyqırım cinayəti ilə bağlı bunları müəyyən etmişdir:
1. Soyqırım cinayəti törətmiş şəxslərin cinayət təqibi və cəzalandırılması qaçılmazdır;
2. Cinayət tərkibi təkcə soyqırım aktının törədilməsi deyil, həm də soyqırım törədilməsi məqsədi ilə sui-qəsd, soyqırımın törədilməsinə birbaşa və açıq şəkildə təhrikçilik, soyqırım törədilməsinə qəsd və soyqırımda iştirakdır;
3. Soyqırım törətmiş şəxslərə universal yurisdiksiyanın prinsipləri tətbiq edilməlidir;
4. Soyqırım cinayəti törədilərkən əmrin icrasına istinad etmək məsuliyyətdən azad etmir;
5. Rəhbərlər soyqırım cinayətinin qarşısının alınması üzrə hərəkətləri həyata keçirmədiklərinə görə məsuliyyət daşıyırlar;
6. Soyqırım cinayətlərinə cinayət məsuliyyətinin tətbiqinə cəlbetmə müddəti tətbiq edilmir;
7. Soyqırım cinayətinə münasibətdə qanunun retroaktiv tətbiqinə yol verilir;
8. Soyqırım cinayəti törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilmələri üçün tələb edən ölkəyə verilməlidirlər.
Beləliklə, ermənilər tərəfindən Xocalı şəhərində əhaliyə — etnik azərbaycanlılara qarşı törədilmiş hərəkətlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırım kimi tövsif olunur və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir.
İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu
Ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyitlər isə tikə-tikə doğranmışdır.
Heydərov Camal Əbdülhüseyn oğlu: “Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdılar”.
Heydərov Şahin Zülfüqar oğlu Naxçıvanik kəndi (Xocalı) yaxınlığında 80-ə yaxın meyit görüb. Meyitlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdir. Milis mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl da qətlə yetirilənlər arasında olmuşdur.
Hümbətov Cəlil Hümbətəli oğlu. Ermənilər onun gözü qarşısında həyat yoldaşı Firuzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələmişlər.
Paşayeva Kübra Adil qızı Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşmüşdür. Gizləndiyi kolluqdan həyat yoldaşı Paşayev Şura Tapdıq oğlu, oğlu Paşayev Elşad Şura oğlunun güllələnməsinin şahidi olmuşdur.
Əmirova Xəzəngül Təvəkkül qızı. Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürmüşdür. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Əmirov Təvəkkülü isə benzin tökərək yandırmışlar.
Əliyeva Zoya Əli qızı 150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donaraq ölmüşdür.
Mustafayeva Kübra Əliş qızı: “Ermənilər bizi girov götürən kimi yanımdakı altı nəfəri yerindəcə güllələmişdilər”.
Kərimova Səidə Qurban qızı: “12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürmüşlər”.
Nəcəfov Əli Ağami oğlu: “Ermənilər qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələmişlər”.
Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
“Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası 2008-ci ilin mayında Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır.
Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu danılmazdır. Fondun gərgin əməyi və məqsədyönlü fəaliyyəti nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Heydər Əliyev Fondu Xocalı soyqırımı ilə bağlı 100-ə qədər materialın xaricdə sərgisini təşkil edib.
Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü artıq ifşa olunub və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayıb. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əks olunur. Dünyanın 56 ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini insanlığa qarşı cinayət kimi qiymətləndirib və onu soyqırımı kimi tanıyıb. Təşkilat üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırıb. İndiyə qədər 10-dan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb.
E-mail:campaign@justiceforkhojaly.org
İnternet səhifəsi: www.justiceforkhojaly.org
Vaşinqton Post, 28 fevral 1992-ci il
AZƏRBAYCAN ŞƏHƏRLƏRİNDƏ DƏFN OLUNMUŞ DAĞLIQ QARABAĞ ŞƏHİDLƏRİ — QAÇQINLAR ERMƏNİ HÜCUMLARI ZAMANI YÜZLƏRLƏ İNSANIN ÖLDÜRÜLDÜYÜNÜ DEYİR
Tomas QOLTS, Ağdam, Azərbaycan, 27 fevral
Döyüş vəziyyətində olan Dağlıq Qarabağ anklavının şərqində yerləşən bu şəhərin baş məscidinin xidmətçiləri dedilər ki, bu gün onlar ermənilərin çərşənbə günü işğal etdiyi anklavda yerləşən Azərbaycan şəhərindən gətirilmiş 17 nəfəri dəfn ediblər.
Anklavın paytaxtı Stepanakertin şimal-qərbində yerləşən və 6000 nəfər əhalisi olan Xocalı şəhərindən qaçqınlar hücum zamanı qadın və uşaqlar daxil olmaqla, 500 nəfərin öldürüldüyünü dedilər. Ağdam məscidinin direktoru Səid Sadıqov bildirdi ki, Xocalı şəhərindən olan qaçqınlar çərşənbə günündən bəri onun məscidinə 477 meyit gətiriblər.
Bakı rəsmiləri Xocalıda 100 nəfərin öldürüldüyünü iddia edir, erməni rəsmiləri isə öz paytaxtları İrəvandan bildirirlər ki, cəmi 2 azərbaycanlı qətlə yetirilib. Bakı rəsmisi bildirdi ki, onun hökuməti ölülərin dəqiq sayını bilən zaman azərbaycanlıların qəzəblənəcəyindən narahatdır.
Bugün burada gördüyümüz 7 cənazədən ikisi uşaq, üçü qadın idi. Ağdam xəstəxanasında müalicə olunan digər 120 qaçqın ağır yaralardan əziyyət çəkir.
Raziyə Aslanova Ağdama çərşənbə günü gecə çatıb. O dedi ki, çərşənbə axşamı gecə Xocalıya hücuma keçən ermənilər dayanmadan atırdılar. Onun əri və kürəkəni öldürülmüş, qızı itkin düşmüşdür.
Dağlıq Qarabağdan bura qaçıb gələn qaçqınlar arasında keçmiş Sovet Daxili Qoşunlarında xidmət edən iki türkmən əsgəri var idi. Onlar ötən cümə hərbi hissələrini tərk etmiş və Xocalıda sığınacaq tapmışlar. Əsgərlər dedi ki, erməni çavuşları onları “müsəlman olduqları üçün” döyürdülər.
Fərarilər bildirdi ki, onların keçmiş hərbi hissəsi 366-cı alay Xocalını işğal edən erməni hərbçilərini dəstəkləyirdi. Onlar bildirdi ki, qadın və uşaqlara qaçmağa kömək edirdilər. Əsgərlərdən biri Ağaməhmət Mütif dedi: “Biz dağlardan keçərək bir qrup gətirirdik. Bu zaman ermənilər bizi gördü və atəş açmağa başladılar. On iki nəfər öldürüldü”.
İndependent, 29 fevral 1992-ci il
Elen Vomak
Ağdamdakı RÖYTER müxbiri Elif Kaban məlumat vermişdir ki, çərşənbə qırğınından sonra azərilər onlarla insan dəfn edirdilər, hansılar ki, bu bölgənin ikinci böyük yaşayış mərkəzi olan Xocalı şəhərinin ermənilər tərəfindən işğalı zamanı öldürülmüşdü. Dəfndə iştirak edənlərdən biri jurnalistlərin üstünə qışqıraraq demişdir: “Dünya burada baş verənlərə göz yumur. Biz ölürük, siz isə baxırsız”.
Sandey Tayms, 1 mart 1992-ci il
ERMƏNİ ƏSGƏRLƏRİ YÜZLƏRLƏ QAÇQIN AİLƏNİ QIRIR
Tomas QOLTS, Ağdam, Azərbaycan
Sağ qalanların sözlərinə görə, erməni əsgərləri 450-dən çox azərbaycanlıya atəş açmış və süngüdən keçirmişlər. Onların çoxu uşaq və qadınlar idi. Yüzlərlə, bəlkə də minlərlə insan itkin düşmüş və ölmüşdür.
İşğalçılar qadın və uşaqları müdafiə edən əsgərləri və könüllüləri öldürmüşlər. Sonra onlar qorxudan əsən qaçqınlara atəş açmağa başlayıblar. Sağ qalanlardan bir neçəsi baş verənləri belə təsvir etdi: “Elə əsl qırğın belə başladı. Ermənilər dayanmadan atırdılar. Sonra onlar içəri daxil oldu, bıçaq və süngü ilə adamları doğramağa başladılar”. Bu, sağ qalan üç əsgərdən biri olan Azər Hacıyevin dedikləri idi.
Raziyə Aslanova Ağdama başqa qadınlar və uşaqlarla erməni meşələrindən keçərək gəlmişdir. O, ermənilərin dayanmadan atdığını bildirdi, əri və kürəkəninin gözləri qarşısında öldürüldüyünü dedi. Qızı isə hələ də tapılmayıb.
Ağdama gələn oğlanlardan biri qulağını itirmişdi.
Sağ qalanların dediyinə görə, daha 2000 adam, hansılar ki, ayrı qaçmışdı, hələ də tapılmayıb: bəlkə də onların çoxu soyuqdan, yaxud da aldıqları yaralardan ölüblər.
Dünən gecə Ağdam meyitxanasına 479 meyit gətirildi və qəbiristanlıqda 29 nəfər dəfn olundu. Mənim gördüyüm və hələ dəfn olunmamış 7 cənazənin 2-si uşaq, 3-ü isə qadın idi. Onlardan birinin sinəsi aldığı güllə yarasından tamamilə dağılmışdı.
Ağdam xəstəxanası qan və terror səhnəsinə çevrilmişdi. Həkimlər bildirdi ki, soyqırımdan qaçan 140 xəstə dərin güllə yaralarından əziyyət çəkir.
Ancaq onlar Ağdamda da təhlükəsiz deyildilər. Cümə günü gecə 150 min əhalisi olan şəhərin üzərinə raketlərdən zərbələr endirildi. Bir neçə bina dağıdıldı və bir nəfər öldü.
Tayms, 2 mart 1992-ci il
QARABAĞDA CƏNAZƏ TƏPƏLƏRİ
Anatol Liven erməni qoşunları tərəfindən həyata keçirilən kütləvi insan qırğını barədə məlumat toplayan zaman atəşə tutulub.
Biz Dağlıq Qarabağın qarla örtülmüş dağlarından aşağı düşərkən səpələnmiş meyitləri gördük. Görünür, qaçqınlar qaçarkən onlara atəş açmışdılar. Bu hadisədən sonra jurnalistlər azərbaycanlı operator tərəfindən çəkilmiş kadrlara baxdılar. Kadrlarda bizim keçdiyimiz həmin dağların müxtəlif hissələrində onlarla insan cənazələri əks etdirilirdi.
Azərbaycanlılar iddia edir ki, keçən həftə ermənilər tərəfindən işğal olunan Xocalı şəhərindən qaçan azərbaycanlıların kütləvi qırğını zamanı ən azı 1000 nəfər öldürülüb. Daha 4000 nəfər yaralanmış, donub ölmüş, yaxud itkin düşmüşdür.
Mülki vertolyot dağlara enməli və kütləvi qırğınların törədildiyi yerlərdən meyitləri yığmalı idi. Mülki vertolyot 4 meyit yığdı. Həmin vaxt azərbaycanlı operatorun çəkdiyi filmdə isə həmin təpələrdə onlarla meyit göstərilirdi.
Ağdama qayıdan zaman mülki vertolyotun yığdığı cənazələrə baxdıq. İki nəfər yaşlı kişi və kiçik bir qız qanına qəltan edilmiş, onların əlləri və ayaqları donmuşdu.
Vaşinqton Post, 2 mart 1992-ci il
ERMƏNİ BASQINLARI AZƏRİLƏRİN ÖLÜMÜ VƏ QAÇQIN DÜŞMƏSİ İLƏ NƏTİCƏLƏNİR
Xocalının 10 000 əhalisindən təxminən 1000 nəfəri erməni ordusunun çərşənbə axşamı həyata keçirdiyi hücum zamanı qətlə yetirilmişdir. Azərbaycan televiziyası Xocalı ərazisindən cənazələrin yük maşınları ilə evakuasiyasını göstərmişdir.
Nyu-York Tayms, 3 mart 1992-ci il
ERMƏNİLƏRİN TÖRƏTDİYİ QIRĞIN
Ağdam, Azərbaycan, 2 mart (Röyters)
Azərbaycanın ermənilərin üstünlük təşkil etdiyi Dağlıq Qarabağ bölgəsində erməni hərbçilərinin mülki vətəndaşlara qarşı törətdiyi soyqırım haqqında bu gün yeni bir sübut əldə olunmuşdur.
Vertolyotla bölgəyə gedən Azərbaycan jurnalistləri və rəsmiləri qayıdan zaman özləri ilə üç uşaq meyiti gətirmişlər. Onların başlarının arxa hissəsi tamamilə dağıdılmışdı. Onlar dedi ki, ermənilərin atəş açması onlara meyitləri yığmağa imkan vermədi.
İnsanların başlarının dərisi soyulmuşdur
Dağlıq Qarabağın azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəşov dedi: “Qadınların və uşaqların başlarının dərisi soyulmuşdu. Biz meyitləri yığmağa başlayanda onlar bizi gülləbarana tutdular”.
Meyitlərin yük maşınları ilə daşınması
Röyterin fotoqrafı Frederik Lenqan dedi ki o, Ağdam yaxınlığında azərbaycanlıların meyitlərinin iki yük maşınına doldurulduğunu görüb: “Birinci dəfə 35 meyit saydım və məncə, ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbiçi forması geymişdi”.
Tayms, 3 mart 1992-ci il
İŞIQLANDIRILMAMIŞ SOYQIRIM
Anatol LİVEN
Dağlıq Qarabağın təpələrində qadın və uşaqlar daxil olmaqla, 60-dan çox meyit səpələnmişdi və bunlar erməni qoşunlarının azəri qaçqınlarına qarşı törətdiyi qırğını təsdiq edir. Yüzlərlə adam itkin düşüb, təpə və dərələr erməni qüvvələrinin azərbaycanlı qaçqınlara qarşı ötən çərşənbə axşamı törətdiyi soyqırım nəticəsində öldürülmüş insanların meyitləri ilə dolu idi.
Burada 31 meyit var idi. Ən azı daha 31 cənazə ötən 5 gün ərzində Ağdama aparılmışdı. Bu rəqəmlərə çərşənbə axşamı gecəsi ermənilərin Azərbaycan şəhəri Xocalını darmadağın etdikləri zaman qətlə yetirilən dinc əhali aid deyil. Həmçinin tapılmamış meyitlər də istisna olunur.
Soyqırım zamanı sağ qalan Zahid Cabbarov dedi: “Biz olduğumuz yerdə 200 nəfər öldürüldü”. Müxtəlif istiqamətlərdən gəlmiş qaçqınlar da gülləbarana tutulduqlarını və yol boyu çoxlu sayda insanın qətlə yetirildiyini dedilər. Meyitlərin ətrafında əşyalar, paltar və şəxsi sənədlər var idi. Cənazələr kəskin şaxtadan donmuşdular, həmçinin qırğından sonra təpə və meşələrdə gizlənmiş insanlar da soyuqdan ölmüşdü. Onların hamısı kasıb geyinmiş adi adamların cənazələri idi.
Bizim gördüyümüz 31 nəfərdən yalnız 3 nəfər formada idi, hansılar ki, biri polis, ikisi isə milli könüllülər idi. Qalanları mülki şəxslər idi (8 qadın və 3 uşaq). İki ailə birlikdə öldürülmüşdü və burada qadınlar əliuşaqlı idi.
Onlardan bir neçəsi başından dəhşətli yaralar almışdı: balaca bir qızın isə yalnız üzü salamat qalmışdı. Sağ qalanlar dedi ki, onlar yerə uzananda ermənilər dayanmadan onlara atəş açırdılar.
BBS1 Morninq Nyus, saat 07.37, Çərşənbə Axşamı, 3 mart 1992-ci il
Canlı yayımda olan BBS müxbiri xəbər vermişdir ki, o, 100-dən çox azərbaycanlı kişi, qadın, uşaq, hətta körpənin çox qısa məsafədən başlarından güllə ilə vurulduğunu görüb.
BBS1 Morninq Nyus, saat 08. 12, Çərşənbə Axşamı, 3 mart 1992-ci il
Hadisə yerində çəkilmiş şəkil dağlardan çoxlu sayda insan meyitlərinin yığılmasını təsdiq edir. Müxbir xəbər verir ki, operator və Qərbdən olan jurnalistlər ermənilərin qırdığı yüzdən çox kişi, qadın və uşaq meyitlərini görüblər. Onlar 1 metrdən də az məsafədən başlarından vurulmuşdu. Şəkildə həmçinin təxminən 10 nəfərin, bunlar əsasən qadınlar və uşaqlar idi, başından güllə ilə öldürüldüyü göstərilir. Azərbaycan iddia edir ki, erməni qüvvələri mindən çox mülki insanı qətlə yetiriblər.
Vaşinqton Tayms, 3 mart 1992-ci il
VƏHŞİLİKLƏR AZƏRBAYCANI DƏHŞƏTƏ GƏTİRİR
Brayn KİLLEN, Ağdam, Azərbaycan
Dağlıq Qarabağda onlarla insan meyitləri səpələnmişdir və bu, bu mübahisəli ərazi uğrunda 4 ildən bəri döyüşlərdə törədilmiş ən dəhşətli soyqırımın sübutudur.
Bu şəhərdən yenicə qayıdan Azərbaycan rəsmiləri özləri ilə 3 uşaq meyiti gətiriblər və onların başlarının arxa hissəsi tamamilə dağıdılıb.
Yerli məsciddə daha 6 meyit var idi və onların əlləri və ayaqları donmuş, üzləri isə soyuqdan qaralmışdı.
Qadınlardan biri öldürülmüş atasının sinəsinə qəzəblə vuraraq “Telman!” deyə qışqırırdı. Cənazə arxası üstə uzanmış və sağ əli havada donmuşdu.
Ötən həftə ermənilərin işğal etdiyi Xocalıya vertolyotla qısa səfərdən qayıdanlar dedi ki, onlar da oxşar mənzərənin şahidi olublar, ancaq həcmcə bundan daha böyük. Bir rus jurnalistinin dediyinə görə o, 50 metrlik sahədə 30 meyit saymışdır.
Dağlıq Qarabağın ikinci böyük Azərbaycan şəhəri olan Xocalının təpədən dırnağadək silahlanmış erməni hərbçiləri tərəfindən ötən çərşənbə axşamı işğal olunmasından sonra ermənilər azərbaycanlıların soyqırımını inkar etdilər. Azərbaycan 1000 nəfərin öldürüldüyünü deyir.
Dağlıq Qarabağın azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəcov dedi ki, qadın və uşaqların başlarının dərisi soyulmuşdu.
Cənab Fərəcov bildirdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nişanladığı yerə enən və Mİ-24 vertolyotlarının müşayiət etdiyi vertolyot erməni hərbçiləri gülləbarana başlamazdan əvvəl yalnız 3 uşaq meyidini yığa bilib. O bildirdi ki, biz meyitləri yığmağa başlayanda onlar bizi atəşə tutdular.
Cənab Fərəcov bildirdi ki, onlar cəmi 15 dəqiqə orada qalıblar. O, pencəyinin cibində olan qumbaraya işarə edərək dedi: “Hərbi vertolyotlar qırmızı fişənglər buraxaraq ermənilərin yaxınlaşdığını xəbər verdilər. Biz artıq çıxmalı idik. Əsir götürələcəyimiz təqdirdə mən özümü partlatmağa hazır idim”.
Röyters-in fotoqrafı Frederik Lenqan Ağdam yaxınlığında azərbaycanlıların meyitləri ilə dolu iki yük maşını görmüşdür: “Birinci dəfə 35 meyit saydım və məncə, ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbiçi forması geymişdi”.
Ağdam məscidi insan meyitlərilə dolu idi. İnsanlar Azərbaycan prezidenti Ayaz Mütəllibova ünvanlanmış təhqirlər səsləndirir və bildirirdilər ki, o, Qarabağın azərbaycanlı əhalisini qorumaq üçün kifayət qədər çalışmamışdır.
Çöldə isə yüzlərlə insan islam duaları oxuyurdular. Onların bəziləri huşlarını itirərək öldürülmüş qohumlarının (hansılar ki, bir neçə dəqiqə bundan əvvəl gətirilmişdi) yanına yıxılırdılar.
Qarlı təpələrə səpələnmiş onlarla insan meyitini əks etdirən dəhşətli film sağ qalmış qaçqınların, qadın və uşaqlara qarşı törədilmiş soyqırım haqqında söylədiklərini təsdiq edir.
Azərbaycan televiziyası Azərbaycan şəhəri olan Ağdama bir yük maşını ilə meyit gətirildiyini göstərmişdir. Onların çoxlarının üzləri bıçaqla doğranmış, gözləri çıxarılmışdı. Balaca bir qızın qolları havaya açılı vəziyyətdə qalmışdır. O, sanki kömək diləyirdi.
Ağdam hərbi komandiri Rəşid Məmmədov İkinci Dünya müharibəsi zamanı Nasistlərin əməllərini xatırlayaraq dedi: “Meyitlər qoyun sürüsü kimi yığılmışdır. Heç faşistlər də bunu etməmişdir”.
Qarabağ rəhbəri Musa Məmmədov Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədəki Sovet hərbi bazasına zəng edərək kömək diləyirdi: “Meyitləri gətirmək və insanlara nə baş verdiyini göstərmək üçün bizə kömək edin”.
Operator və Qərbli jurnalistləri ərazidən götürən vertolyotun pilotu dedi ki, o, Xocalıda və Əsgəran dərəsində onlarla meyit görüb.
Nyu York Tayms, 3 mart 1992-ci il
ERMƏNİLƏR TƏRƏFİNDƏN TÖRƏDİLƏN SOYQIRIM
Ağdam, Azərbaycan, 2 mart (Röyters)
Bu gün sonuncu sovet qoşunları Dağlıq Qarabağı tərk edir.
İtar-Tass İnformasiya Agentliyi xəbər verir ki, 366-cı Motoatıcı Alayı ərazidən çıxmağa, əslində isə müharibə edən iki etnik qrup — ermənilər və azərbəycanlılar arasındakı buferi aradan götürməyə başlamışdır.
Hər iki tərəf müdaxilə etmək üçün heç bir cəhd etməyib.
Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkibindədir, onun əhalisinin çox hissəsini isə ermənilər təşkil edir.
Şəhərin bombardman edilməsi
Azərbaycanın informasiya agentliyi AZERİNFORM xəbər vermişdir ki, bazar günü gecə Dağlıq Qarabağın azərbaycanlılar məskunlaşan Şuşa şəhəri ermənilər tərəfindən raket atəşinə tutulub. Vəncəli qəsəbəsinə edilmiş digər bir hücum zamanı isə bir neçə adam yaralanmışdır.
Ermənistan Respublikası keçən həftə azərbaycanlıların yaşadığı Xocalı şəhərində 1000 nəfərin onun hərbçiləri tərəfindən öldürülməsini və qırğından xilas olmaq üçün qarla örtülmüş dağlardan qaçan kişi, qadın və uşaqların soyqırımını inkar edir.
Lakin bu ərazidə onlarla insan meyiti Azərbaycana bu soyqırımın törədilməsini iddia etməyə əsas verir.
Rayona vertolyotla qısa səfər edən azərbaycanlı rəsmilər və jurnalistlər qayıdarkən özlərilə başlarının arxa hissəsi tamamilə dağıdılmış 3 uşaq meyidi gətirmişlər. Onlar bildirdi ki, ermənilərin gülləbaranı meyitlərin hamısını yığmağa onlara mane olub.
Dağlıq Qarabağın Azərbaycan rəhbərinin köməkçisi Əsəd Fərəcov dedi ki, qadın və uşaqların başlarının dərisi soyulmuşdu, biz meyitləri yığmağa başlayanda onlar bizi atəşə tutdular.
Azərbaycanlı hərbi komandir Rəşid Məmmədov dedi: “Meyitlər qoyun sürüsü kimi yığılmışdır. Heç faşistlər də bunu etməmişdir”.
İki yük maşını meyitlə dolduruldu
Röyters-in fotoqrafı Frederik Lenqan Ağdam yaxınlığında azərbaycanlıların meyitləri ilə dolu iki yük maşını görmüşdür: “Birinci dəfə 35 meyit saydım və məncə, ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbiçi forması geymişdi”.
Etnik zorakılıq və iqtisadi böhran dekabrda 11 keçmiş Sovet Respublikası tərəfindən yaradılmış Müstəqil Dövlətlər Birliyinin parçalanmasına səbəb ola bilər. Birlik üzv dövlətlər olan xristian ermənilərlə müsəlman azərbəycanlılar arasında uzun illərdən bəri mövcud olan etnik nifrətin qarşısında aciz qaldı.
Dağlıq Qarabağdakı 4 illik müharibə 1500-2000 adamın ölümünə səbəb oldu. Keçən həftə baş verən döyüş xüsusilə dəhşətli idi.
Dağlıq Qarabağın mərkəzi Stepanakert şəhərində yerləşən 366-cı alay döyüşlərin mərkəzində idi və bu döyüş nəticəsində onun 3 əsgəri həlak olmuşdur. Ermənistanın paytaxtı Yerevanda parlamentdə çıxış edən prezident Levon Ter-Petrosyan Birliyin axırıncı qoşunlarının anklavdan çıxarılmasını pislədi. O, bu alayın hərbi əməliyyatlarda iştirak etmədiyini, yalnız vəziyyəti stabilləşdirdiyini bildirmişdir.
Boston Qlob, 3 mart 1992-ci il
Pol Kuin – Cac, Bakı, Azərbaycan
Dünən Azərbaycan erməni hərbçlərini keçən həftə kişi, qadın və uşaqları Dağlıq Qarabağdakı bir şəhərdən çıxarmaqda və onları qətlə yetirməkdə ittiham etdi.
Azərbaycan rəsmiləri Xocalı şəhərində 1000 nəfər azərbaycanlı öldürüldüyünü və qarla örtülmüş dağlardan qaçan kişi, qadın və uşaqların erməni hərbçiləri tərəfindən öldürüldüyünü deyir.
Erməni rəsmiləri bunları inkar edir.
Hadisə yerində olan jurnalistlər qətlə yetirilmiş insanların dəqiq sayını söyləməklə çətinlik çəkir. Ancaq Röytersin fotoqrafı iki yük maşının azərbaycanlıların meyitləri ilə doldurulduğunu dedi. Bir rus jurnalisti isə rayonun hər yerində qırğınlar törədildiyi barədə xəbər verir.
Röyters xəbər verir ki, vertolyotla bölgəyə səfər edən azərbaycanlı rəsmilər və jurnalistlər başlarından vurulmuş 3 uşaq meyiti tapıblar. Ermənilərin atəş açmağı isə onlara digər meyitləri yığmağa mane olub.
İşğal zamanı Xocalıda çoxlu sayda dinc əhalinin öldürülməsini təsdiq edən faktlar get-gedə artır.
Azərbaycan televizisiyası bazar günü Ağdam meyitxanasından qadın və uşaqlar da daxil olmaqla, 10 meyit göstərmişdir. Bakının əsas televiziya stansiyasının redaktoru bildirmişdir ki, indiyə qədər 180 meyit aşkar olunub. Bölgənin ətrafında uçan vertolyot çoxlu sayda meyitlər görmüşdür. BBS xəbər vermişdir ki, Fransız fotoqraf 31 cənazə saymışdır. O bildirmişdir ki, içərisində qadın və uşaqlar olan meyitlərin çoxu yaxın məsafədən başlarından güllə ilə vurulmuşdur.
Bu arada Xocalı icra hakimi Elman Məmmədov Bakıda mətbuat konfransında bildirmişdir ki, hücum zamanı 1000 adam öldürülmüş, 200-dən artıq itkin düşmüş, 300 əsir götürülmüş, 200 nəfər yaralanmışdır. Məmmədov 366-cı alayı hücuma başçılıq etməkdə və erməni quldurlarına yol açmaqda ittiham edir.
Eyc, Melburn, 6 mart 1992-ci il
Elen VOMAK, Ağdam, Azərbaycan, Çərşənbə axşamı
Şəhidlərin dəqiq sayı hələ də məlum olmasa da, ötən həftə Ermənistan ordusunun Dağlıq Qarabağın qarlı dağlarında dinc azərbaycanlılara qarşı soyqırım törətdiyi ehtimal olunur.
Anklavın Azərbaycan şəhəri Ağdamla sərhəddə yerləşən Xocalı şəhərindən olan qaçqınlar fevralın 25-i gecə ermənilər tərəfindən onların evlərinə edilən hücumu təsdiq edən külli miqdarda faktlar söyləyir. Onlar bildirir ki, ermənilər onları qaçmağa məcbur etmiş və ətrafdakı meşələrdə güllələmişdir. Dünən mən qəbiristanlıqların birində təzə qazılmış 75 qəbir gördüm. Ondan bir gün əvvəl isə Ağdam məscidində deşik-deşik olunmuş 4 meyit görmüşdük. Biz həmçinin vaqonlardan ibarət olan müvəqqəti xəstəxanalarda güllə yaraları almış qadın və uşaqları gördük.
Əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Azərbaycan qəsəbəsi Xocalının əhalisi təxminən 6000 nəfərdir. Ağdamın polis komandiri Rəşid Məmmədov Ağdama yalnız 500 nəfərin qaçdığını dedi. “Bəs qalanları hanı?” deyən Cənab Məmmədov onların əsir götürüldüyünü, yaxud qaçdıqlarını dedi. Çoxları hələ də dağlardadır, çünki vertolyot yoxdur. O onların bəzilərinin mənfi 10 dərəcə soyuqdan donduğunu bildirdi.
Azərilər silahlanmış erməniləri gördükdə başa düşdülər ki, özlərini müdafiə edə bilməyəcəklər və meşələrə qaçdılar. Bir neçə saatdan sonra soyqırım başlandı.
Cənab Nasir arvadının və iki uşağının əsir götürüldüyünü güman edir. Digər qaçqınlar kimi, o da keçmiş sovet ordusunun Xocalıya hücum etməkdə ermənilərə kömək etdiyini dedi: “Bu mənim fikrim deyil, gözlərimlə gördüklərimdir”.
Nyu York Tayms, 6 mart 1992-ci il
AZƏRBAYCANDA VİDA MƏRASİMİ
“Azərbaycanın Ağdam şəhərindəki qəbiristanlıqda ermənilərin Dağlıq Qarabağda törətdiyi soyqırım qurbanları dəfn olunan zaman onların ailə üzvləri və dostları matəm içindədir.
Çingiz İsgəndərov qardaşının cənazəsi olan tabutu qucaqlamışdı. Cənazənin üstündə isə Quranın surəti var idi.
Vaşinqton Post, 6 mart 1992-ci il
SON VİDALAŞMA
“Dünən azərbaycanlıların qəbiristanlığında Dağlıq Qarabağda ermənilər tərəfindən öldürülmüş qurbanlar dəfn olunarkən onların qohumları kədər içində idi. Çingiz İsgəndərov qardaşının cənazəsi olan tabutu qucaqlayıb ağlayırdı”.
Sandey Tayms, 8 mart 1992-ci il
Tomas Qolts erməni əsgərlərinin törətdiyi soyqırım haqqında Ağdamdan ilk olaraq xəbər verir.
Xocalı qeyri-məhsuldar bir Azərbaycan şəhəri idi. Burada mağazalar bomboş, yollar çirkli idi. Heç bir yaşıllıq isə yox idi. Bu o zaman idi ki, burada minlərlə azərbaycanlı öz xoşbəxt həyatını yaşayırdı. Ötən həftə o, xəritədən silindi. Ağdam meyitxanaları meyitlərlə dolan zaman Xocalı və onun ətrafında Sovet İttifaqı dağılandan bəri ən dəhşətli soyqırımın baş verdiyi güman olunur.
Mən Xocalıya səfər edən sonuncu qərbli idim. Bu yanvarda baş vermişdi. Dörd uşaq anası Zümrüd bizi şəhərə gətirən vertolyotda idi. O dedi ki, camaat oturub öz ölümünü gözləyir. O və ailə üzvləri fevralın 26-da ermənilərin törətdiyi qırğının qurbanları arasında idilər.
Beş övlad atası 55 yaşlı Balakişi Sadıqov dedi: “Ermənilər uzaq kəndlərin hamısını bir-bir işğal etdilər, hökumət isə heç nə etmədi”. Onun həyat yoldaşı Dilbər isə dedi ki, indi onlar bizi buradan çıxaracaq yaxud da öldürəcəklər. Onların üç oğlu və iki qızı qırğın zamanı öldürülmüşdü.
“Biz ermənilərin mövqelərinə çox yaxın idik, amma oranı keçməli idik. Güllələr hər tərəfdən yağış kimi yağdırılırdı. Biz sadəcə tələyə düşmüşdük”. Azərbaycanlılar bir-bir qətlə yetirilirdi. Sağ qalanların söylədiklərinə görə görmədikləri halda ermənilər tərpənən hər bir şeyə atəş açırdılar. Bir azərbaycanlı operatoru ağlaya-ağlaya hər bir meyiti lentə almışdı. Onun çəkdiyi kadrlardan birində azərbaycanlıların ermənilərdən qaçaraq sığınacaq tapdığı ağaclıq göstərilmişdi. Burada insan meyitləri təpə əmələ gətirmişdi. Ağdam xəstəxanasına gətirilmiş Ömər Veysəlov dedi: “Ermənilər dayanmadan atırdılar. Mənim arvadım və qızım düz yanımda öldürüldülər”.
Hospitalın dəhlizlərində gəzən adamlar öz yaxınlarından bir xəbər axtarırdılar. Bəziləri öz qəzəbini əcnəbilərin üstünə tökürdü. Bir ana bağırırdı: “Hanı mənim qızım, hanı mənim oğlum? Zorlanıb. Öldürülüb. İtib”.
Mond, Paris, 14 mart 1992-ci il
Ağdamda olan əcnəbi jurnalist öldürülmüş adamlar arasında başlarının dərisi soyulmuş qadın və uşaqları görüb. Onların dırnaqları çıxarılmışdı. O bunun “Azərbaycan təbliğatı” deyil, reallıq olduğunu yazır.
Nyusuik, 16 mart 1992-ci il
SOYQIRIMIN ÜZÜ
Paskal Priva və Stiv Lö Vən, Moskva
Ötən həftə Azərbaycan yenidən qəbiristanlığa dönmüşdü: matəm içində olan qaçqınlar və onlarla insan meyiti məscidin arxasında müvəqqəti meyitxana yaratmışdı. Onlar fevralın 25-i və 26-sı ermənilər tərəfindən darmadağın edilmiş Xocalıdan olan sadə azərbaycanlı kişi, qadın və uşaqları idi. Onların çoxu qaçan zaman yaxın məsafədən vurulmuşdu, bəzilərinin üzləri dağıdılmış, başlarının dərisi soyulmuşdu.
Taym, 16 mart 1992-ci il
XOCALIDA QIRĞIN
Cil SMOLOU
Yuri ZARAXOVİÇ, Moskva
Mübahisələrə baxmayaraq, aydın olan bir şey var: iki həftə öncə Azərbaycan şəhəri Xocalıda qəddar və vicdansız bir hadisə törədilib. İndiyədək 200 azərbaycanlı öldürülüb, çoxları iyrənc hala salınıb, ermənilərin üstünlük təşkil etdiyi Dağlıq Qarabağdan dəfn olunmaq üçün qonşu rayona gətirilib. Azərbaycanlılar iddia edir ki, 1324 mülki vətəndaş qətlə yetirilib. Onların çoxu — qadınlar və uşaqlar barədə heç bir məlumat yoxdur…
Svoboda, 12 iyun 1992-ci il
FACİƏNİ TÖRƏDƏNLƏR CƏZALANDIRILMALIDIR
Moskvada yerləşən Memorial insan hüquqları qrupunun 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının erməni silahlı birləşmələri tərəfindən işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması haqqında hesabatı.
Hesabatda dinc əhalinin şəhərdən qaçması haqqında yazılır: “Qaçqınlar ermənilər tərəfindən qurulmuş pusquya düşərək atəşə tutuldular. Onların bəziləri Ağdama çata bildilər: digərləri, əsasən qadınlar və uşaqlar (dəqiq sayı məlum deyil) dağlarda azmış və donub ölmüşlər. Ağdama çatanların dediklərinə görə, onların bəziləri Pircamal və Naxçıvanik kəndləri yaxınlığında əsir götürülüblər. Artıq dəyişdirilmiş Xocalı əsirlərinin dediyinə görə, əsirlərin bəziləri öldürülmüşdür… 4 gün ərzində Ağdama təxminən 200 meyit gətirilmişdir. Ağdam qatar-xəstəxanasının həkimləri bildirdi ki, 4 meyitin başlarının dərisi soyulmuş, birinin isə başı kəsilmişdi. Ağdamda 194 cənazə (130 kişi, 51 qadın, 13 uşaq) üzərində yoxlama aparılmışdır və aşkar olunmuşdur ki, 151 nəfər güllə, 20 nəfər qəlpə yarasından və 10 nəfər küt alətlərdən aldıqları yaralardan ölmüşdür. Xocalıdan olan bütün yaralıların gətirildiyi Ağdam qatar-xəstəxanasının sənədlərində göstərilir ki, 597 nəfər yaralanmış, yaxud donmuş, bir nəfərin diri-diri başının dərisi soyulmuşdur.
İndependent, London, 12 iyun 1992-ci il
Frederik LENQAN, Röyter
Arif Sadıqov Bakıda Xəzər dənizinin sahilindəki bir kafenin kölgəliyində sakitcə oturdu və düz 3 ay bundan qabaq, Xocalı şəhərindən qaçan zaman erməni gülləsinin cırdığı şalvarını göstərdi.
51 yaşlı xarrat dedi: “Mən hələ də bu paltarları geyinirəm, çünki başqası yoxumdur. Mən 5 dəfə yaralandım, amma bəxtim gətirdi və sağ qaldım”.
Cənab Sadıqov və arvadı bir aydan çox ac və işıqsız qalıblar.
Cənab Sadıqov dedi: “Təxminən axşam saat 11-də bombardman başlandı. Biz hələ heç vaxt beləsini eşitməmişdik. 8 yaxud 9 növ silah, artilleriya, ağır pulemyotlardan istifadə olunurdu”.
Tezliklə qonşular küçələrə tökülüşdü. Bəziləri gizləndi, digərləri isə qarın içi ilə meşələrə doğru qaçmağa başladı.
Xilas olmaq üçün şəhər camaatı təxminən 15 mil məsafədə yerləşən Azərbaycan şəhəri Ağdama çatmalı idi. Sübh çağı iki Azərbaycan kəndi Naxçıvanik və Sədərək arasındakı yerə çatanadək onlar düşünürdülər ki, bunu edə biləcəklər.
Cənab Sadıqov dedi: “Buna qədər mənlə gələn qrupun heç birinə heç nə olmamışdı… sonra yolda bizi bir maşın gördü və ermənilər bizə atəş açmağa başladılar. Bizimlə olan 80 nəfərdən yalnız on nəfəri sağ qaldı. 67 yaşlı böyük qardaşım da daxil olmaqla, 7 yaxın qohumum qətlə yetirildi. Mən ancaq qardaşımın papağı ilə onun gözlərini bağlamağa imkan tapdım və biz heç vaxt o meyitlərdən heç birini qaytara bilmədik”.
Cənab Sadıqov dedi ki, birinci qrupdakı qaçqınların bəzilərinin bəxti gətirdi. Evakuasiyanın qəhrəmanlarından biri Arif Hacıyev üçüncü qrupun qaçmasına kömək etmək üçün silahın darağını dəyişərkən başından aldığı güllə yarasından öldü.
Digər bir qəhrəman, Xocalının meri Elmar Məmmədov bildirdi ki, o, bir neçə nəfər ilə birlikdə fevralın 26-nı meyitlərlə əhatə olunmuş kollu təpələrdə keçirib.
Cənab Sadıqov dedi: “Biz şəhərə çatandan bir gün sonra ermənilər geniş raket hücumu həyata keçirdilər. Mən müalicə olunmaq üçün xəstəxanaya getməli idim, çox pis vəziyyətdə idim. Hətta mənim ayaqqabımın içində də güllə tapdılar”.
Qırğının qurbanları: Bir azəri qadın fevral ayında törədilmiş Xocalı qırğınında qətlə yetirilmiş oğlunu ağlayır. Qatar-xəstəxanada tibb bacıları primitiv üsullarla yaralı bir kişini xilas etməyə çalışırlar. Ağdamda insanlar qətlə yetirilmiş qohumlarının tabutu üstündə ağlayırdılar. Ölənlərin sayını müəyyən etmək mümkün deyil. Çünki müsəlmanlar ölünü 24 saat ərzində dəfn edirlər.
İndependent, London, 12 iyun 1992-ci il
AĞRILI AXTARIŞ
Azərbaycanlıların Xocalı şəhərində törədilmiş fevral soyqırımı nəticəsində təxminən 600 kişi, qadın və uşaq öldürülmüşdür.
Dövlət ittihamçısı Aydın Rəsulov 15 nəfərdən ibarət olan istintaq qrupunun rəhbəridir. Bu qrup azərbaycanlıların “Xocalı Qırğını” adlandırdıqları hadisəni araşdırmaqla məşğuldur. Cənab Rəsulov bildirdi ki, 600 nəfər ilkin axtarışlar zamanı tapılmış meyitlərdir. Xocalı meri Elmar Məmmədov da oxşar rəqəm söylədi. May ayında isə Bakıda nəşr olunan Ordu qəzeti bu rəqəmin daha böyük olduğunu yazırdı — ölənlərdən 479 nəfərin şəxsiyyəti müəyyən olunmuş, 200-dən çoxu isə naməlumdur. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Yunisova ölənlərin sayının 700 olduğunu dedi.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndə heyətinin rəhbəri Fransua Zen Rufinin bildirdi ki, Ağdam şəhərinin müsəlman imamının ona dediyinə görə onun məscidinə Xocalıdan 580 meyit gətirilmişdi və onların çoxu dinc əhali idi. Cənab Zen Rufinin dedi ki, biz meyitləri saymadıq, ancaq bu rəqəm inandırıcıdır. Çünki biz meyitləri yumaq üçün ləvazimat verdik.
43 yaşlı hüquqşünas Cənab Rəsulov son rəqəmin söylənilməsi üçün bir neçə ay vaxt lazım olduğunu söylədi.
Cənab Rəsulov bu işləri yaxşı bilir. Uzun illər araşdırdıqdan sonra, o, 1990-cı ilin yanvarında Bakıda sovet qoşunları tərəfindən törədilmiş qırğın zamanı 131 nəfərin öldürüldüyü və 714 nəfərin yaralandığı barədə qəti rəqəm söyləmişdir. Ədliyyə işçisi Rafiq Yusifov dedi ki, indiyə qədər 184 nəfər Respublikanın Ədliyyə Departamenti tərəfindən tibbi müayinədən keçirilmiş və ölü kimi qeydə alınmışdır. Cənab Yusifov bu rəqəmin ölənlərin çox az hissəsinə şamil olunduğunu bildirdi. Bizə yalnız meyitlər gətirilmişdi. Gəlin o zamankı özbaşınalığı və bizim müsəlman olduğumuzu unutmayaq. Ölü 24 saat ərzində yuyulmalı və basdırılmalıdır.
Professor Yusifov bildirdi ki, bu 184 nəfərin 51-i qadın, 13-ü isə 14 yaşından aşağı olan uşaqlar idi. 151 nəfər güllə yarasından, 20 nəfər qəlpə yarasından, 10 nəfər isə küt alətlərdən aldığı yaralardan ölmüşdür. Son üç nəfər isə qar uçqununa düşüb. 33 nəfərin qulağı, burnu, döşləri, cinsiyyət orqanları kəsilmiş və gözləri çıxarılmışdır. Cənab Rəsulov dedi ki, müayinədən keçmiş 184 meyit ölənlərin üçdə bir hissəsindən də azdır.
Vertolyotun pilotunun təsdiq etdiyi sənəddə bildirirdi ki, yerdə çoxlu sayda ölü və yaralı olduğu üçün onları dəqiq saymaq mümkün olmadı. Onların sayı Xocalıda 470-500, yollarda 650-700, Naxçıvanik kəndi ətrafında 85-100 idi.
“İnsanlar əllərini yuxarı qaldırıb bizdən kömək istəyirdilər. Biz üç uşaq meyiti və sağ qalmış iki yaşlı uşaq gördük. Onun anası isə ölmüşdü. Uşaq anasının qolundan tutaraq onu qaldırmağa çalışırdı. Biz enməyə çalışdıq, amma ermənilərin bombardmana başlaması bizi qayıtmağa məcbur etdi”.
Kommersant, Moskva, 27 fevral 2002-ci il
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın azərbaycanlılar məskunlaşan Xocalı şəhəri ermənilər tərəfindən kütləvi hücuma məruz qaldı. Rusların 366-cı motoatıcı alayı hücumda iştirak etdi. Nəticədə 613 nəfər öldürüldü, 487-i nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər itkin düşdü. Xocalı hadisələri münaqişənin xarakterini kökündən dəyişdi.
Human Rights Watch
Helsinki, dekabr 1994-cü il
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN YEDDİ İLİ
Human Rights Watch təşkilatının Helsinki ofisinin hesabatında deyilir: “Etnik ermənilərin rus ordusunun 366-cı alayının dəstəyilə Xocalıda yüzlərlə dinc azərbaycanlıya qarşı törətdiyi soyqırım 1992-ci ildə müharibəni şərtləndirən ən əsas hadisələrdən biri oldu.
1992-ci ilin fevralında Qarabağdakı erməni qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə azərbaycanlıların məskunlaşdığı Xocalı şəhərini işğal etdi. İşğal zamanı 200-dən çox mülki vətəndaş öldürüldü.
Öldürülmüş dinc azərbaycanlıların dəqiq sayı məlum deyil. Çünki Qarabağdakı erməni qüvvələri soyqırımdan sonra ərazini öz nəzarətləri altına alıblar. Amma 200 azərbaycanlının öldürüldüyünün qəbul olunduğu zaman, ehtimal olunur ki, 500-1000 nəfər qətlə yetirilmişdir.
“MEMORİAL” İNSAN HÜQUQLARINA NƏZARƏT MƏRKƏZİNİN HESABATINDAN
“Xocalı”
1991-ci ilin payızından Xocalı erməni silahlı qüvvələri tərəfindən blokadaya alınmışdı və daxili qoşunların Dağlıq Qarabağdan çıxarılmasından sonra Xocalı tam blokada vəziyyətinə düşdü. 1992-ci ilin yanvarından başlayaraq Xocalıya verilən elektrik enerjisi kəsildi. Sakinlərin bir hissəsi təcrid olunmuş şəhəri tərk etdi. Xocalı şəhər icra hakimiyyətinin başçısı E.Məmmədovun israrlı xahişlərinə baxmayaraq, dinc əhalinin tam evakuasiyası təşkil olunmadı. Fevralın 25-də erməni silahlı qüvvələri Xocalıya hücuma başladılar.
Hücumun iştirakçıları
Artsax Milli Azadlıq Ordusunun birləşmələri zirehli texnikadan — zirehli maşınlar və tanklardan istifadə edərək hücumda iştirak etdi.
Hücumun gedişatı
Fevralın 25-i gecə saat 11-də Xocalı artilleriya atəşinə tutulmağa başladı. Əvvəlcə evlərdə və postlarda qurulmuş barrikadalar dağıdıldı. Fevralın 26-sı səhər saat 1-dən 4-ə kimi quru qoşun birləşmələri şəhərə daxil oldular.
Son müqavimət səhər saat 7-də qırıldı.
Hücum zamanı Xocalıda qeyri-müəyyən sayda dinc sakin şəhərin bombardmanı zamanı qətlə yetirildi.
Əhalinin çıxması üçün “azad dəhliz”
İşğal zamanı Xocalıdan qaçmış 60 nəfər arasında “Memorial” müşahidəçiləri tərəfindən Bakıda və Ağdamda sorğu keçirmişdir. Onlardan yalnız bir nəfər “azad dəhliz”in mövcudluğu barədə xəbərdar olduğunu demişdir.
Azərbaycanın Ağdam rayonu ilə qonşuluqda olan ərazidə yerləşən “azad dəhliz” boyunca qaçan qaçqınlara atəş açılmış və nəticədə çoxlu insan öldürülmüşdür.
Şəhərdə qalan sakinlərin taleyi
Şəhərin erməni hərbi birləşmələri tərəfindən işğalından sonra təxminən 300 dinc sakin (86 məshəti türkü) şəhərdə qalmışdı.
Hər iki tərəfdən alınmış məlumata əsasən Xocalı şəhərində və Ağdama gedən yolda əsir götürülmüş 700-dən çox sakin 1992-ci il martın 23-nə kimi Azərbaycan tərəfinə qaytarılmışdır. Onların əksəriyyəti qadın və uşaqlardır.
Xocalı sakinlərinin mülkiyyətinin taleyi
Xocalıdan qaça bilən sakinlərin öz mülkiyyətlərinin hətta ən vacib hissələrini belə götürməyə imkanları olmamışdı. Erməni silahlı qüvvələri tərəfindən əsir götürülən sakinlər də əmlaklarından heç nə götürə bilməmişdilər.
“Memorial” İnsan Hüquqlarına Nəzarət Mərkəzinin müşahidəçiləri işğal olunmuş şəhərdə böyük talanın şahidi olmuşlar. Xocalı sakinlərinin əmlakları Xankəndi (Stepanakert) və qonşu yaşayış məntəqələrinin sakinləri tərəfindən şəhərdən aparılmışdı. Evlərin əksəriyyətinin qapılarının üzərində onların yeni sakinlərinin adları yazılmışdı.
Faktların qiymətləndirilməsi
Xocalı şəhərinin dinc sakinlərinə qarşı kütləvi zorakılıq şəhərin işğalına yönəlmiş hərbi əməliyyatların həyata keçirilməsi zamanı baş vermişdi.
Xocalı sakinlərinin çoxu “azad dəhliz”dən xəbərsiz idilər.
Dinc sakinlərin “azad dəhliz” zonasında və ona qonşu ərazidə kütləvi qırğınına heç nə ilə bəraət qazandırmaq olmaz.
Müstəqil Dövlətlər Birliyinin qoşunlarının tərkibində olan 366-cı motoatıcı alay Xocalı hücumunda iştirak etmişdir.
“Memorial” İnsan Hüquqlarına Nəzarət Mərkəzi bildirir ki, Dağlıq Qarabağın erməni silahlı qüvvələrinin Xocalı şəhərinə hücumu zamanı dinc sakinlərə qarşı etdikləri hərəkətlər Cenevrə konvensiyalarını, həmçinin 1948-ci il dekabrın 10-da BMT-nin Baş Məclisinin qəbul etdiyi İnsan Hüquqları Bəyannaməsinin aşağıdakı maddələrini kobud şəkildə pozur:
Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milli mənsubiyyətindən, yaxud digər mövqeyindən asılı olmayaraq bu Bəyannamə ilə təsbit olunmuş bütün hüquqlara malikdir;
Maddə 3. Hər bir şəxs yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüquqlarına malikdir;
Maddə 5. İnsana qarşı kobud, qeyri-insani və ya təhqiredici rəftar qadağandır;
Maddə 9. Əsassız həbs, saxlama, yaxud ekspatriasiya qadağandır;
Maddə 17. Hər bir şəxs mülkiyyət hüququna malikdir və heç bir şəxs mülkiyyət hüququndan əsassız olaraq məhrum oluna bilməz.
Silahlı birləşmələrin hərəkətləri qadın və uşaqların silahlı münaqişələr və hərbi vəziyyət zamanı müdafiəsi haqqında BMT-nin Baş Məclisi tərəfindən qəbul olunmuş Bəyannaməni kobud şəkildə pozmuşdur.
366-CI ALAY
Qeyd etmək lazımdır ki, Xocalı faciəsində iştirak edən 366-cı alay Xankəndidə yerləşirdi.
Bu alay dəfələrlə Azərbaycan kəndlərinin, Şuşa və Xocalı şəhərlərinin atəşə tutulmasında iştirak edib. Alaydan qaçan əsgərlərin ifadələri bu faktları təsdiq edir. 366-cı alayın Xankəndidən tələsik çıxması onun Xocalı hadisələrində iştirakını açıq-aydın sübut edir. Bununla alay, həm də faciənin izlərini silmək istəyirdi.
366-cı alayın zabitlərinin mənəvi tənəzzülü elə bir həddə çatmışdı ki, onlar qoşunlarının çıxarılmasını həyata keçirə bilmədilər.
Gəncədə yerləşən desant qüvvələri bu əməliyyatın həyata keçirilməsinə cəlb olunmuşdu. Desantlar gəlməmişdən əvvəl isə alayın 103 əsgəri, hansılar ki, əsasən zor işlədilməsində günahlarını etiraf edən ermənilər idi, əmrə tabe olmaqdan imtina etmiş və Qarabağda qalmışdı. Alayın ali komandanlığının razılığı və qoşunların çıxarılmasına məsulliyyət daşıyan digər ali komandirlərin hərəkətsizliyi nəticəsində zirehli texnika da daxil olmaqla, alayın silahlarının bir hissəsi növbəti cinayətləri törətmək, Azərbaycana qarşı separatizmi davam etdirmək üçün ermənilərə verildi. Bu, 366-cı alayın Xocalı faciəsinin həyata keçirilməsində iştirakını sübut edən aydın bir faktdır!
TARİX UNUTMAYACAQ
Azərbaycan parlamenti Milli Məclis fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etdi. Hər il fevralın 26-sı axşam saat 5-də Azərbaycan Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edir.
Xocalı faciəsinin təşkilatçıları və icraçıları layiq olduqları cəzanı almalıdırlar. Heç bir cinayət cəzasız qalmamalıdır. XX əsr soyqırım və etnik təmizləmənin tarixini yazmış çoxlu sayda qanlı səhifələrin şahidi olmuşdur. Xocalı faciəsi bunların ən dəhşətlilərindən biridir. Bu dəhşətli cinayətdə əli olan hər bir kəs hər şeydən əvvəl öz vicdanı qarşısında məsuliyyət daşıyır. Lakin gün gələcək və onlar tarix məhkəməsi qarşısında cavab verəcəklər.
Tarix heç nəyi unutmur.
Bu material Azərbaycan-Böyük Britaniya Gənclər Şurasının
buraxdığı “Xocalı Faciəsi” nəşri əsasında hazırlanmışdır.
XIX əsrin əvvəllərində çar Rusiyası (İran və Rusiya arasında Azərbaycan ərazilərinin bölüşdürülməsinə dair 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqaviləsi imzalandıqdan sonra) qədim Azərbaycan torpaqlarında bufer zona yaratmaq məqsədi ilə “erməni dövləti” qurmaq planını həyata keçirməyə başlamışdır. Hələ 300 il əvvəl gələcək imperiyanın konturları barədə düşünən rus imperatoru I Pyotr cənuba göndərdiyi qasidlərə tapşırmışdı: “Onları (erməniləri) tovlayıb bizim torpaqlara gətirməyə çalışmaq lazımdır ki, Rusiyanın istinadgahı olsun”.
Bu məqsədlə İran və Türkiyə ərazisində yaşayan 300 minə qədər erməni XIX əsrin birinci yarısında Azərbaycana köçürülmüş və İrəvan (indiki Yerevan), Dağlıq Qarabağ, Naxçıvan, Zəngəzur, Dərələyəz, Ordubad, Vedibasar və digər ərazilərdə yerləşdirilmişdir.
Lakin ermənilərin Azərbaycan ərazilərinə köçürülmələrinə baxmayaraq, azərbaycanlılar bu ərazilərdə sayca ermənilərdən üstünlük təşkil edirdi. Məsələn, 1886-cı ildə Gəncə quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən yalnız 81-i erməni kəndi olmuşdur. İrəvan qəzasında əhalinin 66 faizi azərbaycanlı, 34 faizi isə ermənilərdən ibarət idi. Bu ərazilərdə ermənilərin çoxluq təşkil etməsi məqsədilə azərbaycanlılara qarşı soyqırım siyasətinə əl atılmış, ermənilər çar Rusiyası tərəfindən gizli silahlandırılaraq, hərbi dəstələr yaradılmışdır.
İndiki Ermənistan və Dağlıq Qarabağ ərazisindən azərbaycanlıların kütləvi çıxarılması, dinc əhaliyə qarşı zorakılıq, vəhşiliklər Rusiya hökumətinin himayəsi və köməyi ilə XX əsrin əvvəllərində, xüsusilə 1905-1907-ci illərdə xüsusi vüsət almışdır.
Azərbaycanın Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Qazax, Qarabağ əyalətlərində yüzlərlə kənd yandırılmış, əhali uşaqdan böyüyə qədər amansızcasına qətlə yetirilmişdir.
1918-1920-ci il hadisələri, mart soyqırımı
1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdir. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaratmışlar. Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlamışdır. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda “Daşnaksütyun” partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak etmişdir.
Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.
Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmiş, öz ev-eşiyindən zorla qovulmuşdur.
Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyiti tapılmışdır. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.
Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.
Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmamışdır. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlıların qırğını törədilmişdir.
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilmişdir. Şamaxı cümə məscidi də daxil olmaqla, əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.
1918-ci ilin aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.
Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə bu qəza üzrə 10 068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50 000 azərbaycanlı qaçqın düşmüşdür.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılmış, əhalisi məhv edilmişdir (ADR hökuməti, Fövqəladə İstintaq Komissiyasının materiallarından).
1920-ci ilin mayında ermənilərin və XI Qızıl Ordunun iştirakı ilə Gəncədə 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdir.
1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyası
1943-cü il Tehran konfransı zamanı Sovet-İran münasibətləri müzakirə edilərkən, erməni diasporu SSRİ Xarici İşlər naziri V.Molotovdan İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişdir. Molotov Tehranda məsələni SSRİ KP MK-nın sədri İ.Stalinə çatdırır və ermənilərin köçürülməsinə razılıq verilir. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q. Arutyunov bundan istifadə edərək xaricdəki ermənilərin Ermənistana köçü bəhanəsi ilə azərbaycanlıların Ermənistandan zorla çıxarılması barədə qərar verilməsinə nail olur.
1947-ci il dekabr ayının 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar çıxarır.
Stalin tərəfindən 1948-1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ermənilərin xüsusilə diqqət mərkəzində saxladıqları məsələ iqtisadi, sosial və mənəvi cəhətdən güclü, strateji əhəmiyyətli azərbaycanlı yaşayış məntəqələrinin boşaldılması idi. Bu səbəbdən ilk mərhələdə İrəvan şəhəri (indiki Yerevan şəhəri) yaxınlığındakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür.
Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır.
Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə “Böyük Ermənistan” ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Dağlıq Qarabağdan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür.
Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir. 1947-1953-cü illərdə azərbaycanlılar yaşayan 60 məntəqənin adı dəyişdirilmişdir. Ümumiyyətlə isə, 1921-1988-ci illərdə Ermənistanda yüzlərlə türk mənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir.
Deportasiya zamanı ermənilərin həyata keçirdikləri hiyləgərlik isə ondan ibarət idi ki, rayon və şəhərlərin əhalisi az sayda azərbaycanlı qalmaq şərti ilə köçürülmüşdür. Azlıqda qalan əhali isə növbəti mərhələdə — Ermənistan ərazisinin tamamilə azərbaycanlılardan “təmizlənməsi” əməliyyatı zamanı ölkədən çıxarılmışdır.
Azərbaycanlıların 1988-1989-cu illərdə Ermənistandan deportasiyası
1988-ci ilin yanvarından etibarən “türksüz Ermənistan” siyasəti planlı şəkildə həyata keçirilməyə başlanmışdır. Ermənistan hökuməti, “Qarabağ” və “Krunk” komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiyalar törətmişlər.
Etnik təmizləmə nəticəsində Ermənistanın 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq azərbaycanlı və 18 min kürd öz ev-eşiyindən zorla qovulmuş, 217 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərəyanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir.
Xocalı soyqırımı
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir.
Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir.
Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
ERMƏNİSTANIN AZƏRBAYCAN RESPUBLİKASINA TƏCAVÜZÜNÜN QURBANI OLMUŞ QADINLAR VƏ UŞAQLAR BARƏDƏ ARAYIŞ
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübut edir ki, erməni tərəfi “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyalarını, onların insan haqları ilə əlaqədar tələblərini kobud surətdə pozur, Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir. Dinc əhalinin kütləvi şəkildə qırılması, girov götürülməsi, dözülməz işgəncələrə məruz qoyulması, heysiyyətlərinin tapdalanması, şantaj, hədə-qorxu, alver obyektinə çevrilməsi söylədiklərimizə əyani bir sübutdur.
1992-ci ildə Xocavənd rayonunun işğalı zamanı ermənilər Qarabağlı kəndindən girov götürdükləri 117 nəfər dinc sakini Xankəndinə apararkən yolda onların 76 nəfərini güllələmiş, onlardan 20 nəfəri 10-12 yaşına qədər uşaq, yarıya qədəri isə qadınlar olmuşdur. Füzuli rayonunun işğalı zamanı Horadiz yolunda tutulmuş 40 nəfər mülki şəxsin 29 nəfəri, Gorazıllı kəndindən götürülmüş girovların 40 nəfəri, Kəlbəcər rayonunun Başlıbel kəndindən girov götürülmüş qoca, qadın və uşağın 29 nəfəri yerindəcə öldürülmüş, meyitlərə qarşı əxlaqsızlıq və vandalizm hərəkətlərinə yol verilmiş, Kəlbəcər rayonunun “Tunel” adlanan yerində güllələnən dinc sakinlər iz itirmək məqsədi ilə yük avtomobilinin üstünə yığılaraq maşınla birlikdə yandırılmışdır. Bu günahsız soyqırım qurbanlarının az qala yarısı qadınlar və uşaqlar idi. Erməni vandalizminin ən bariz nümunələrindən olan və təəssüf ki, bütün dünyanın göz yumduğu Xocalı soyqırımı zamanı erməni və rus yaraqlılarının qətlə yetirdikləri 613 nəfər Xocalı sakininin 63 nəfərini azyaşlı uşaqlar, 106 nəfərini isə müxtəlif yaş həddində olan qadınlar təşkil edirdi. Hadisədən sonra əldə olunmuş bəzi meyitlərin xarici müayinəsi məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa, girovluqdan qaçmağa müvəffəq olmuş sakinlərin ifadələrinə, eləcə də digər dəlil sübutlara əsasən ermənilər ələ keçirdikləri dinc sakinlərə ən ağlasığmaz işgəncələr verir, onlara qarşı sözün həqiqi mənasında vəhşilik nümayiş etdirirmişlər.
Meyitləri qaytarılmış Məmmədova Tamara Səlim qızının, Dadaşova Əsli Bəbir qızının, Hümbətova Ənahət Eldar qızının, Nurəliyeva Dilarə Oruc qızının, Beybutova Səriyyə Yusif qızının və başqalarının gözləri çıxarılmış, döşləri kəsilmiş, dişləri çəkilmiş, cinsiyyət üzvlərinə atəş açılmışdır. Kərimova Firəngül Məhəmməd qızının gözləri çıxarılmaqla, qulaqları və döşləri kəsilməklə yanaşı, bütün bədəni tikə-tikə doğranmışdır. Həsənova Fitat Əhəd qızına, Həsənova Gülçöhrə Yaqub qızına, Abışova Məruzə Məhəmməd qızına, Əmirova Mahı Bəbir qızına, Orucova Xəyalə Telman qızına, Rəhimova Şövkət Şükür qızına, Behbutova Sürəyya İbrahim qızına, Cəfərova Rəfiqə İman qızına və onlarla, yüzlərlə digər qadınlara dəhşətli işgəncələr verilmişdir. Onlar zorlanmış, dişləri mismar kəlbətini, çəngəl, boltaçanla və s. çıxarılmış, döş qəfəsləri soyulmuş, yandırılmış, süngü ilə dəlik-deşik edilmiş, ağır hərbi texnikanın altında qoyularaq əzilmişlər.
Ümumiyyətlə, Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddialı təcavüzü nəticəsində yüzlərlə qadın və uşaq girov götürülmüş, qətlə yetirilmiş, işgəncələrə məruz qalmışdır. Təcavüz nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş 4844 nəfər (01.03.2005-ci il tarixə olan məlumat) Azərbaycan vətəndaşından 321 nəfərini qadınlar, 54 nəfərini uşaqlar, əsir götürülməsi faktı ermənilər tərəfindən danılan 783 nəfər (Dövlət Komissiyasında onların ermənilər tərəfindən əsir və girov götürülməsi və saxlanma yerlərini təsdiq edən məlumatlar var) Azərbaycan vətəndaşından 46 nəfərini qadınlar, 18 nəfərini isə uşaqlar təşkil edir. Bu günə qədər erməni əsirliyindən azad edilmiş 1368 nəfərdən (01.03.2005-ci il tarixə olan məlumat) 338 nəfəri qadın, 169 nəfəri uşaqlardır. Bundan başqa, aparılmış araşdırmalar göstərir ki, yüzlərlə qadın və uşaq girovluqda ən vəhşi metodlarla öldürülmüş, ömürlük fiziki və mənəvi şikəst edilmişlər:
— Xocalı sakini Hümbətov Cəlil Hümbətəli oğlu təsdiq edir ki, ermənilər şəhəri işğal edərkən bütün ailə üzvləri ilə birlikdə həyat yoldaşı Firuzəni, qızı Simuzəri və gəlini Südabəni onun gözləri qarşısında güllələyib öldürmüşlər.
— Xocalının işğalı zamanı girov götürülmüş və indiyə qədər taleyi naməlum olan Məmmədovlar ailəsinin 6 nəfər üzvündən 3-ü qadındır — Məmmədova Səltənət Zülal qızı, Məmmədova Lətifə İbad qızı, Məmmədova Şövkət İbad qızı.
— Xocalının işğalı zamanı bütün ailəsi ilə girov götürülmüş Səlimova Tamilə, azyaşlı oğlu Səlimov Xəzər Səyavuş oğlunu ayırıb aparmaq istəyən ermənilərin onu döyməsinə baxmayaraq balasına sarılmış, lakin ermənilər balasından əl çəkməyən ananı da oğlu ilə birlikdə sürüyüb naməlum istiqamətə aparmışlar.
— Ağdam rayonunun Yusifcanlı kəndinin sakini Həsənov Əliağa Kərim oğlu təsdiq edir ki, girov götürüldükdən sonra erməni nəzarətçiləri onun həyat yoldaşı Həsənova Kəkliyə dəhşətli işgəncələr vermiş, mismar kəlbətini ilə onun 16 dişini çıxarmışlar.
— 18 may 1992-ci il tarixdə Laçın rayonunun işğalı zamanı ailələri ilə birlikdə girov götürülmüş 1977-ci il təvəllüdlü İbişov Taleh Mədət oğlunun bildirdiyinə görə, ermənilər bacısı — 1967-ci il təvəllüdlü İbişova Yeganə Mədət qızını onların gözləri qarşısında vəhşicəsinə öldürmüşlər.
— Kəlbəcər rayonunun işğalı zamanı, 31 mart 1993-cü il tarixdə bütöv bir nəsli təşkil edən bir neçə ailə UAZ 469, QAZ-52 və KAMAZ markalı maşınlarla doğma yurdlarından çıxarkən “Tunel” deyilən yerdə ermənilər tərəfindən atəşə tutulmuşdur. Maşında olan dinc sakinlərin bir hissəsi yerindəcə güllələnmiş, sağ qalan 60-a yaxın şəxs isə girov götürülmüşdür. Həmin adamların bir hissəsinin taleyi bu gün də naməlumdur. Onların içərisində aşağıdakı qadın və uşaqlar var:
— Alışova Vəsilə Cəfər qızı, 1976-cı ildə doğulub;
— Alışova Qumru Qəmbər qızı, 1973-cü ildə doğulub;
— Alışova Cahan Məşədi qızı, 1937-ci ildə doğulub;
— Cəmilova Məsmə Hidayət qızı, 1969-cu ildə doğulub;
— Əliyev Tural Nadir oğlu, 1982-ci ildə doğulub;
— Əliyeva Qənirə Zülfüqar qızı, 1975-ci ildə doğulub;
— Əliyeva Nüşabə Məhəmməd qızı, 1950-ci ildə doğulub;
— Quliyev Məzahir Qara oğlu, 1983-cü ildə doğulub;
— Quliyev Yaşar Qara oğlu, 1981-ci ildə doğulub;
— Quliyeva Aygün Qara qızı, 1990-cı ildə doğulub;
— Zeynalov Hafiz Davud oğlu, 1984-cü ildə doğulub;
— Zeynalova Təranə Davud qızı, 1965-ci ildə doğulub;
— Zeynalova Röya Abbasəli qızı, 1959-cu ildə doğulub;
— Zeynalova Qədəmkar Salman qızı, 1936-cı ildə doğulub.
— Məmmədova Məhbubə Həmdi qızı oğlu İlqarla birlikdə ermənilər tərəfindən girov götürülmüş, ananın gözləri qarşısında İlqarın burnu sındırılmış, ağzına yanar siqaret soxulmuş, uşağın gözləri qarşısında isə qadın və qızlar erməni hərbçiləri tərəfindən zorlanmış, azərbaycanlıların başları kəsilmişdir.
— Əmralıyeva Arzu Binnət qızı Kəlbəcər rayonu işğal olunan vaxt bir yaşlı uşağı və 30 nəfər qohum-əqrabası ilə qaçarkən erməni hərbçiləri tərəfindən yaxalanmışdır. Ermənilər hamısını aparmağa maşında yer olmadığı üçün son dərəcə soyuqqanlılıqla girovların 19 nəfərini, o cümlədən Arzunun həyat yoldaşını, qaynını, baldızını, qaynatasını, anasını, bacısını, əmisi arvadını, qonşularını güllələmişlər.
— 63 yaşlı Cəfərova Məryəm Zinyətovna Zəngilan şəhəri erməni hərbi birləşmələri tərəfindən işğal olunan zaman həm iqtidarsızlığından, həm də milliyətcə tatar olduğundan ermənilərin ona dəyməyəcəklərini güman edib qaçmamış, ermənilər isə onu döyə-döyə girovluğa sürükləmiş, dörd ay ərzində onu dəhşətli işgəncələrə məruz qoymuşlar.
— Şirinova Şərqiyyə Rza qızı Ağdam rayonunun işğalı zamanı öz evindən girov götürülmüş, gözlərinin qarşısında onun evi qarət edilmiş, pulu və qızıl əşyaları əlindən alınmış, təxminən yetmiş yaşında olmasına baxmayaraq 8 qızıl dişi mismar kəlbətini ilə iynəsiz (keyidilməmiş) çəkilmiş, o huşunu itirənədək döyülərək əsirliyə aparılmış və burada altı ay davamsız işgəncələrə məruz qalmışdır.
— Kəlbəcər rayonunun işğalı zamanı iki azyaşlı uşağı ilə birlikdə girov götürülmüş Quliyeva Səmayə Məmməd qızı BQXK-nin nəzarətində olmasına baxmayaraq, ermənilər tərəfindən zorakılıqlara məruz qalmış, bir ildən artıq vaxt ərzində daim soyuq su ilə işləməyə vadar edildiyindən vərəm xəstəliyinə tutulmuş, lakin ona heç bir tibbi yardım göstərilmədiyindən xəstəliyi inkişaf edib vərəmin açıq formasına keçmiş, onun uşaqları da bu xəstəliyə mübtəla olmuşlar.
— Qubadlı rayonunun işğalı zamanı 65 yaşlı Məmmədova Biniş Rəsul qızı və 69 yaşlı İsmayılova Sara Miriş qızı girov götürülüb Xankəndi hərbi hissəsində saxlanmışdır. Burada onları gündüz ağır fiziki əmək tələb edən işlərdə işlədir, gecələr isə xüsusi amansızlıqla döyürmüşlər. Onlarla birlikdə saxlanan Şahsənəm və Əsli adında qadınlar bu cürə ağır işgəncələrə tab gətirməyərək əsirlikdə ölmüşlər.
— 15 yaşlı Məmmədova Nəzakət İsrafil qızı Şuşa şəhərinin işğalı zamanı atası ilə birlikdə girov götürülmüşdür. Uzun müddət uşağın gözü qarşısında atasının heysiyyətinə toxunulmuş, ləyaqəti alçaldılmış, döyülüb incidilmiş, qulağı kəsilmiş, qızmar dəmirlə bədəni dağlanmış, bir sözlə, ömürlük mənəvi və fiziki şikəst edilmişdir. Yalnız bütün bunlardan sonra ermənilər atanı buraxmış, qızı isə daha bir neçə ay girovluqda saxlayaraq ona dəhşətli işgəncələr vermiş, ata-anası ermənilər tərəfindən bitib-tükənməyən şantajlara, tələb və hədə-qorxulara məruz qalmış, nəhayət Nəzakət Məmmədova 1993-cü ilin aprel ayında dörd milyon rus rubluna ailəsinə satılmışdır.
— Ağdam rayonunun işğalı zamanı Əliyevlər ailəsinin 6 üzvü, o cümlədən iki uşaq və iki qadın girov götürülmüşdür. Ermənilər heç bir səbəb olmadığı halda Xaqani Əliyevin qaynatasını və səkkiz yaşlı oğlunu güllələyib öldürmüş, həyat yoldaşı Könül Əliyevanı güllə ilə vurub ömürlük şikəst etmişlər. Ən acınacaqlısı isə odur ki, ermənilər yaraladıqları 3 yaşlı Şövqü Əliyevin qolunu müalicə etmək əvəzinə onun bazu sümüyünü əzələ qatı ilə birlikdə ehtimal ki, transplantasiya məqsədi ilə kəsib götürmüş, uşağı ömürlük şikəst etmişlər.
— Girov götürüləndə iki yaşı olan Nurlanə Kərimova ömrünün erməni girovluğunda keçmiş dörd ayı ərzində qolundan və başından aldığı ciddi zədələrdən görmə qabiliyyətini itirmişdir. Lakin balaca Nurlanənin ən böyük və ömürlük itkisi özünün və övladının başına açılan vəhşi oyunlara, çəkdiyi hədsiz mənəvi və fiziki təhqirlərə dözə bilməyən anasının ölümü olmuşdur. Səmayə Kərimova müntəzəm alçaldılmalarla o həddə çatdırılmışdır ki, ana iki yaşlı balasını taleyin ümidinə buraxaraq iki dəfə intihara cəhd edərək venasını kəsmiş və nəhayət haradansa tapdığı zəhəri içib özünü öldürmüşdür.
— 15 yaşlı Quliyeva Ofelya Əli qızı Kəlbəcər rayonunun işğalı zamanı sol qolundan güllə yarası almış halda girov götürülmüşdü. Baxımsızlıq və müalicə aparılmaması səbəbindən Ofelyanın həmin qolu fəaliyyətdən qalmışdır. BQXK-nin qeydiyyatında olmasına və qolunun şikəstliyinə baxmayaraq, Ofelya nəinki girovluqdan azad edilməmiş, əksinə, erməni nəzarətçisi avtomat atəş ilə onun qarnı və sağ qolunu da yaralamışdır. Həmin qolundan da şikəst olmuş Ofelya yalnız bir il yarımdan sonra erməni əsiri ilə dəyişdirilmişdir.
— Yerevan şəhərindən Xocalıya qaçqın düşmüş Məmmədova Narxanım Heydərəli qızı burada da rahat həyat tapa bilməmişdir. Ermənilər onun evini dağıtmış, var-dövlətini qarət etmiş, qonşusu Sara Yusifovanı, onun beş yaşlı qızı Natəvanı öldürmüş, Narxanımın üç oğlunu və həyat yoldaşını yaralayıb hamısını girov aparmışlar. Əsgəran rayonunda saxlanmış Narxanımın pul və qızıllarını əlindən almış, uşaqlarının gözü qarşısında ona ağlagəlməz işgəncələr verilmişdir.
— Ağdam rayonunun keçmiş sakini, milliyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1993-cü ildə Ağdam rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davıdonvanın və ahıl yaşlı bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər tərəfindən necə vəhşicəsinə öldürülüb yandırıldığının şahidi olmuş, Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyiti görmüşdür. Onların bədənləri və sir-sifətləri tanınmaz hala salınıbmış. Bundan əlavə, Vladimir Şevelyovun şahidliyinə əsasən ermənilər Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada saxlanan 7 ruhi xəstəni, o cümlədən iki xəstə qadını girov götürmüşlər. Onların biri azad edilmiş, biri döyülə-döyülə öldürülmüş, digərləri isə yoxa çıxmışdır.
— Ağdamlı Şirinova Şərqiyyə Rza qızı girov götürüləndə altmış yaşında idi. Kimsəsiz olduğundan qaça bilməmişdi. Ermənilər Şərqiyyə Şirinovanı öz evində girov götürərək onun evini qarət etmiş, qadını bir həftə maşın qarajında quruca yerdə saxlamış, sonra Xankəndi hərbi hissəsinə aparmışlar. Hərbi hissədə onu da digər azərbaycanlı əsir və girovlar, əsasən kişilərlə birlikdə hər gün gecə saat 2-3 radələrində yerlərindən qaldıraraq soyundurub rezin dəyənəklə, yumruqla, təpiklə, armaturla, ağac parçaları ilə döyür, soyuq suda saxlayır, bədənində yanar siqaret söndürürmüşlər və s. Ermənilər dəfələrlə Şərqiyyə Şirinovanın bədənini çapıb qanına qəltan etmiş, başını yarmış, 8 dişini mismar kəlbətini ilə çıxarmış, yaşlı qadına qarşı insanlığa yaraşmayan hərəkətlər etmişlər.
— 31 mart 1993-cü il tarixdə Kəlbəcər rayonunun Kilsəli kənd məktəbinin direktoru Aslan Mirzəyev südəmər uşaqlı qızı Afəti və kənd sakinlərini — cəmi 25 nəfəri məktəbin QAZ-52 markalı maşınına yığıb kənddən çıxarkən yolda ermənilər tərəfindən heç bir səbəb olmadan gülləbarana tutulmuşlar. Maşındakılardan 15 nəfəri müxtəlif dərəcədə güllə yarası almış, azyaşlı Quliyev İslam Məhəmməd oğlu, 63 yaşlı Aslan Mirzəyev, onun qızı Afət, 8 yaşlı Məmişov Tahir Ələsgər oğlu aldıqları yaradan yerindəcə ölmüşlər. Afətin girovluğa aparılmış 11 aylıq oğlu Babəkin başındakı güllə yarasına tibbi yardım göstərilmədiyindən onun gözləri kor olmuşdur.
— Dadaşova Zəminə Göyüş qızı ermənilərə girov düşəndə 15 yaşında idi. Aldığı güllə yarası baxımsızlıq üzündən çirk eləmiş, bədəndə çürümə prosesi başlamışdı. BQXK-nin təkidləri nəticəsində aparıldığı Yerevan xəstəxanasında onun üzərində qəsdən elə cərrahiyyə əməliyyatı aparılmışdır ki, hazırda qızın sol qolu işləmir. Onun döşünün biri bütövlükdə, digəri isə yarıdan kəsilmişdir. Girov götürülən zaman isə, ermənilər Zəminə Dadaşovanın atası Göyüş kişini və yaşlı nənəsi Qonça İbadovanı elə evlərində qətlə yetirmişdilər.
— Erməni əsirliyindən qayıtmış Zeynalov Niyaz Balay oğlunun gözlərinin qabağında ermənilər onun anası Zeynalova Nübar Kərim qızını, qohumu Zeynalova Səriyyə Tağı qızını, Mədətova Yeganə Dadaş qızını və Əhmədov Mövsüm Əbdülrəhim oğlunu diri-diri yandırmışlar.
— 12 yaşlı Həsənov Şahin Arif oğlu Hadrut rayonunun Binəli kəndi yaxınlığında mal-qara otararkən ermənilər tərəfindən tutulmuş, sol əlinin barmaqları taxılsəpən maşının şkifinin arasında qoyularaq şikəst edilmiş, 53 yaşlı Əliyeva Dilarə Oruc qızı ayağı yaralı olduğuna görə ermənilərin “qalx” əmrini yerinə yetirməyə ləngidiyindən yerindəcə güllələnmişdir.
— Əsirlikdən qayıtmış Məmmədova Gülöyşə Bəxtiyar qızının ifadəsinə görə, onlar girov götürülərkən ermənilər on birinci sinif şagirdi Məmmədov Zahir Ramiz oğlunu yerindəcə güllələyib öldürmüşlər. Əbdülov Yelmar İskəndər oğlu isə Əsgəran polisində qətlə yetirilmişdir. İşğalçılar burada yüzdən artıq girovu kiçik bir kamerada saxlayaraq hər cürə işgəncələrə məruz qoymuşlar. Həmin adamların, xüsusilə də qadın və uşaqların əksəriyyəti geri qaytarılmamışdır. O cümlədən 1988-ci ildə azərbaycanlıların Ermənistandan deportasiyası zamanı öz ev-eşiyindən qaçqın düşmüş İbrahimova Fatmanın həyat yoldaşı qətlə yetirilmiş, özü naməlum istiqamətə aparılmış, uşağı sahibsiz qalmış, Əbdülov Yelmarın 15 yaşlı oğlu Zahid isə Əsgəran polisində saxlanmışdır. Onun sonrakı taleyi məlum deyil.
— 51 yaşlı Paşayeva Kübra Adil qızının gözünün qabağında ermənilər onun girov götürdükləri həyat yoldaşı Şura Tapdıq oğlunu, oğlu Eldənizi avtomat silahla, qonşusu Surxayı başına mismar çalmaqla qətlə yetirmiş, Eyvazov Hidayət Əli oğlunun qollarını bağlayaraq başının üstündən tank sürərək öldürmüşlər. Kübra Paşayeva Xocalı şəhərindən olan Vidadi, Qaladərəsi kəndindən olan 16 yaşlı Taleh və daha adını bilmədiyi beş nəfər 6-8-yaşlı körpə uşağın Ağdam məscidinə gətirilərək orada diri-diri başlarının kəsilməsinin şahidi olmuşdur.
— Şahidlərin ifadələrinə görə, susuz qalan uşaqlara ermənilər su əvəzinə sidik, yemək əvəzinə isə sidiklə qarışdırılmış jımıx (mal-qara yeməyi) verirmişlər. Ermənilər öldürülmüş azərbaycanlıların qızıl dişlərini çıxarır, üstlərindəki qızıl əşyalarını qarət edirmişlər.
— Zirzəmidə saxlandıqları müddətdə ermənilər cavan qızları və gəlinləri ayırıb, başlarını divara vurub huşsuz vəziyyətə salaraq naməlum istiqamətdə aparmışlar.
Yuxarıda qeyd olunanlar ermənilər tərəfindən törədilmiş cinayət faktlarının az bir hissəsidir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
22 mart 2005-ci il
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübut edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırım siyasəti yeridib. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş — onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir.
Aşağıda bu faktların bir qismi göstərilir:
- Girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin (24.07.1993) bazu sümüyü Xankəndində erməni “həkimlər” tərəfindən çıxarılmış, nəticədə Şövqi ömürlük şikəst olmuşdur.
- Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.93) Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni “həkim” Aida Serobyan naməlum tərkibli iynələr vurmuşdur. Nəticədə Arzu Hacıyev ömürlük şikəst olmuşdur.
- Anası Afət Mirzəyevanı və babası Aslan Mirzəyevi ermənilər vəhşicəsinə güllələyərkən Babək İlyasov cəmi yeddi aylıq imiş. Qəlpələr Babəkin sağ gözünü yaralamış, lakin buna baxmayaraq ermənilər onu da Kəlbəcər rayonundan girov götürülmüş digər həmkəndliləri ilə birlikdə yalnız dörd aydan sonra və həm də müalicə etmədən qaytarmışlar. Hazırda Babəkin bir gözü kordur.
- Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri qarşısında atasına dəhşətli işgəncələr vermiş, onun qulaqlarını kəsmiş, anası hədə və şantajlara dözməyərək dəli olmuş, qızın özünü isə 4 mln. rus rubluna ailəsinə satmışlar.
- Zəminə Göyüş qızı Dadaşova ermənilər tərəfindən girov götürülərkən qolundan aldığı güllə yarası baxımsızlıq üzündən çirk eləmiş və onun bədənində çürümə prosesi getmişdir. Hazırda Zəminənin sol qolu işləmir. Girov götürülən zaman isə ermənilər onun atası Göyüş Dadaşovu və yaşlı nənəsi Qönçə İbadovanı yerindəcə güllələmişlər.
- Erməni nəzarətçiləri Ağdam rayonundan girov götürülmüş Kəklik Həsənovaya dəhşətli işgəncələr vermiş, mismar kəlbətini ilə onun 16 dişini çıxarmışlar.
- Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülən yaşlı qadın Şərqiyyə Rza qızı Şirinovanın 8 qızıl dişi mismar kəlbətini ilə çəkilmişdir. O, altı ay davamlı işgəncələrə məruz qalmışdır.
- Qubadlı rayonunun işğalı zamanı 65 yaşlı Biniş Rəsul qızı Məmmədova və 69 yaşlı Sara Miriş qızı İsmayılova girov götürülüb, Xankəndi hərbi hissəsində saxlanmışdır. Burada onları gündüz ağır fiziki əmək tələb edən işlərdə işlədir, gecələr isə xüsusi amansızlıqla döyürmüşlər. Onlarla birlikdə saxlanan Şahsənəm və Əsli adında qadınlar bu cür ağır işgəncələrə dözməyərək girovluqda ölmüşlər.
- Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1994-cü ildə Ağdam rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davıdovnanın və ahıl yaşlı bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər tərəfindən vəhşicəsinə öldürülüb yandırıldığını, Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyiti gördüyünü bildirir. Bundan əlavə, Vladimir Şevelyov şahidlik edir ki, ermənilər Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada saxlanan 7 ruhi xəstəni, o cümlədən iki xəstə qadını girov götürmüşlər. Onların biri azad edilmiş, biri döyülə-döyülə öldürülmüş, digərlərinin sonrakı taleyindən isə bu günədək məlumat yoxdur.
- 1930-cu il təvəllüdlü Ağdam rayon sakini Əli Rəsul oğlu Abbasov erməni girovluğunda mütəmadi olaraq döyülmüş, onun bədəninə siqaret basılaraq yandırılmışdır. Aldığı mənəvi və fiziki işgəncələrdən özünə gələ bilməyən Əli Abbasov erməni əsirliyindən azad ediləndən bir müddət sonra vəfat etmişdir.
- Erməni hərbçiləri Füzuli rayonundan girov götürdükləri Mürvət Fətiş oğlu Ağayevi döyərək qulağını kəsmiş, əllərini məftillə arxadan bağlayaraq ağacdan asmış və ayaqlarının altında ocaq qalayaraq yandırmışlar.
- Hərbi əsirlər — Novruz Məhəmməd oğlu Daşdəmirov, Namiq Cavanşir oğlu Qarayev mütəmadi döyülmə, bədənlərinə qızdırılmış cisimlərlə dağ basılma və başlarına mismar çalınması nəticəsində ruhi xəstə həddinə çatdırılmışlar.
- Hərbi əsir Mürşüdov Sədrəddin Aslan oğlu döyüldükdən sonra şüşə qırıqlarını udmağa məcbur edilmişdir.
- Yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu Məmmədov rezin dəyənəklə döyülmüş, damarına benzin yeridilmiş, yaralarının qaysağı qopardılaraq ona əzab verilmiş, üstünə təlim keçmiş it buraxılmışdır.
- Mayıl Məhəmmədəli oğlu Məmmədovun damarına dizel yanacağı yeridilmiş, sinəsi qızdırılmış xaçla damğalanmışdır.
- Vəhşicəsinə döyülmə nəticəsində hərbi əsir Cavid Ağa oğlu Hüseynovun çənəsi və qabırğaları sınmışdır. Ermənilər dəmir parçası ilə Cavidin qoluna damğa basmış və yarasının üzərinə asit turşusu tökmüşlər.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanmış faktlar Ermənistan Respublikasının əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı münasibətdə beynəlxalq hüquq normalarını tapdaladığını, o cümlədən “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının həyata və ya şəxsiyyətə qəsd etmək, hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və ya işgəncə vermək, insan ləyaqətinə toxunmaq kimi tələblərini kobud surətdə pozduğunu sübut edir. Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı dinc əhalinin kütləvi şəkildə öldürülməsi, Ermənistan Respubilkasında və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində əsirlikdə saxlanılmış Azərbaycan vətəndaşlarının dəhşətli işgəncələr və mənəvi əzablara məruz qalması, amansız rəftar və ləyaqəti mütəmadi alçaltmaqla özünüöldürmə dərəcəsinə çatdırılması, soyuqqanlılıqla qətlə yetirilməsi, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi söylədiklərimizə əyani sübutdur.
Aşağıda bu faktların bir qismi göstərilir:
- Erməni silahlı birləşmələri Xocavənd rayonunun işğalı zamanı (17.02.1992) Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər kənd sakinindən 80-ə yaxınını yerindəcə güllələmişlər. Bu barədə kənd sakinləri Seyyur Xanlar oğlu Nağıyev, Şahruz Əmirxan oğlu Əliyev və digərləri şahidlik edirlər.
- Xocavənd rayonu Qaradağlı kənd sakini Həqiqət Yusif qızı Hüseynova ermənilərin 1992-ci ilin fevralında 10 nəfər həmkəndlisinin diri-diri yandırmalarının şahidi olmuşdur.
- 1993-cü ilin aprel ayının 1-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı qərargah radiostansiyasından (“QSM-7”) Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya (“Uraqan”) bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr verilmişdir. Əmrdə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib basdırmaq tələb olunurdu. Tələsikliyə səbəb azərbaycanlılar barəsində törətdikləri vəhşiliklərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlətmək olmuşdur. Erməni hərbi birləşmələri komandirlərinin efirdəki bu radiodanışığının mətni Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin radioəkskəşfiyyat xidməti tərəfindən 1993-cü ilin aprel ayının 6-7-də lentə alınmışdır.
- Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin 15 dinc sakini ermənilər tərəfindən yerindəcə qətlə yetirilmişdir. Bunların arasında Məhəmməd Əmralıyev, Surxay Əmralıyev, Çingiz Əmralıyev, Aygün Əmralıyeva, Büsat Əhmədova və Çiçək Həsənova da olmuşdur. Bu barədə Xasay Məhəmməd oğlu Əmralıyev və Binnət Abdüləli oğlu Əhmədov şahidlik edirlər.
- İmarət Məmişovanın ifadəsinə görə, o, Kəlbəcər rayonunun işğalı zamanı iki azyaşlı uşağı ilə girov götürülmüşdür. İmarət Məmişovanın gözləri qarşısında ermənilər səkkiz mülki şəxsi, o cümlədən onun səkkiz yaşlı oğlu Talehi güllələmiş və meyitləri yandırmışlar. Bundan sonra ermənilər onun özünü, 10 yaşlı oğlu Yadigarı, digər qadın, uşaq və qocaları Xankəndinə apararaq dəhşətli işgəncələrə məruz qoymuşlar.
- Erməni girovluğundan 1994-cü ildə azad edilmiş Əhmədovlar ailəsinin şəhadətinə görə, 17 avqust 1993-cü il tarixdə ermənilər Füzuli rayonu Qacar kəndinin 25-dək dinc sakinini onların gözləri qarşısında güllələmişlər.
- Erməni girovluğunda olmuş Həsən Məcid oğlu Hüseynov 1993-cü ildə Horadiz-Füzuli yolunda 40-dək dinc əhalinin ermənilər tərəfindən öldürüldüyünü bildirir.
- 16 fevral 1994-cü ildə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan etmişdir. Bakıda meyitlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın “Həkimlər insan hüquqları uğrunda” təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş və əsirlərin guya “qaçmağa cəhd edərkən” öldürülməsi fikrini rədd etmişdir.
- Girovluqdan qayıtmış Niyaz Balay oğlu Zeynalov bildirir ki, ermənilər girov götürdükləri, Şuşa rayonu Quşçular kənd sakinləri 1910-cu il təvəllüdlü Səriyyə Tağı qızı Zeynalovanı, 1920-ci il təvəllüdlü Yeganə Dadaş qızı Mədətovanı və Mövsüm Əbdülrəhim oğlu Əhmədovu 11 fevral 1992-ci il tarixdə diri-diri yandıraraq qətlə yetirmişlər.
- 61 yaşlı keçmiş girov Budaq Əli oğlu Alışanov erməni əsirliyində 5 azərbaycanlının Drmbon kəndində (Dağlıq Qarabağ) ağır fiziki işlərdə qul kimi istifadə edilərək öldürüldüyünün şahidi olmuşdur.
- Əsirlikdən azad edilmiş İsrayıl Sarif oğlu İsmayılov təsdiq edir ki, ermənilər girov götürdükləri üç azərbaycanlının başını erməni qəbri üstündə kəsmişlər.
- Laçın rayonunun sakini Səmayə Kərimova 2 yaşlı qızı Nurlanəyə və özünə verilən işgəncələrə dözməyərək erməni əsirliyində intihar etmişdir.
- 18 may 1992-ci il tarixdə Laçın rayonunun işğalı zamanı ailələri ilə birlikdə girov götürülmüş 1977-ci il təvəllüdlü Taleh Mədət oğlu İbişovun bildirdiyinə görə, ermənilər onun atası Mədət Əvəz oğlu İbişovu və bacısı, 1967-ci il təvəllüdlü Yeganə Mədət qızı İbişovanı vəhşicəsinə öldürmüşlər.
- 1973-cü il təvəllüdlü İlham Nəsirov əsirlikdə uzun müddət ac-susuz saxlanıldığından 23 noyabr 1993-cü il tarixdə Yerevan hərbi hospitalında kəskin kaxeksiya diaqnozundan vəfat etmişdir.
- Erməni əsirliyində ölmüş 20 yaşlı Fərhad Rəhman oğlu Atakişiyevin meyitinin qalıqlarının məhkəmə-tibbi ekspertizası sübut etmişdir ki, o, müntəzəm döyülmələr və ağır işgəncələr nəticəsində qətlə yetirilmişdir.
- Yardımlı rayonu sakini Heydər Heydərov Şuşa həbsxanasında ermənilər tərəfindən verilmiş müntəzəm işgəncələr nəticəsində ölmüşdür (24.12.1994). Bu barədə keçmiş əsirlər Həbib Əliyev, Əvəz Muxtarov, Əbülfət Qasımov və digərləri şahidlik edir.
- Erməni əsirliyində olan Xocalı şəhər sakini Faiq Şahmalı oğlu Əliməmmədov Gəncə şəhərinin adını “Kirovabad” demədiyinə görə, erməni hərbçisi tərəfindən güllələnmişdir. Bu barədə Zülfi İbrahim oğlu Məmmədov, Məmməd Cümşüd oğlu Məmmədov və digərləri şahidlik edir.
- Əsirlikdən azad edilmiş Abuzər Manafovun, Həsən Hüseynovun və Aydın Məhərrəmovun ifadəsinə görə, 14 fevral 1994-cü il tarixdə Şuşa həbsxanasında saxlanarkən Kolya, Slavik və Qor adlı nəzarətçilər əslən Beyləqan rayonundan olan İlqar Ənvər oğlu Qurbanovu müntəzəm işgəncələr verərək öldürmüşlər.
- 1962-ci il təvəllüdlü Şəmkir rayon sakini Fikrət Həsən oğlu Hüseynov müntəzəm döyülmələr və işgəncələr nəticəsində 28 iyun 1993-cü il tarixdə erməni əsirliyində vəfat etmişdir. Əsirlikdən azad edilmiş Bəxtiyar İbrahim oğlu Tağıyev və Mətləb Şiraslan oğlu Allahverdiyev bu faktın şahidləridir. Bakıda keçirilmiş məhkəmə-tibbi ekspertizası zamanı Fikrət Həsən oğlu Hüseynovda qabırğa sınıqları aşkar edilmişdir.
- Əsirlikdən azad edilmiş Zöhrab Nadir oğlu Heydərov 21 may 1993-cü il tarixdə Şuşa həbsxanasında, 1973-cü il təvəllüdlü Zahid Nəsibulla oğlu Əmrullayevin erməni nəzarətçiləri tərəfindən boğularaq qətlə yetirildiyini bildirmişdir.
- Girovluqdan azad edilmiş Maşallah Bəndəliyev bildirmişdir ki, 1992-ci ilin mayında Xankəndində qarajda saxlanılarkən qarajın sahibi Mero və Sarkisyan Vazgen adlı digər erməni bir nəfər adını bilmədiyi lal girova əvvəl müxtəlif dərəcəli işgəncələr vermiş, sonra isə onun başını kəsmişlər.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən onun ərazisində yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişlər. Eyni zamanda 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək məshəti türkü də Azərbaycanda sığınacaq tapmışdır.
1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı həyata keçirildi. Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədildi — Dağlıq Qarabağda 6 min nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən Sovet qoşunlarının köməyi ilə bir gecədə darmadağın edildi, 613 nəfər dinc əhali vəhşicəsinə, qəddarlıqla qətlə yetirildi, 150 nəfər itkin düşdü. Bu qanlı faciədə 1000 nəfər dinc sakin müxtəlif dərəcədə şikəst oldu, 1275 nəfər isə — qocalar, qadınlar, uşaqlar əsir aparılaraq dəhşətli təhqirlərə, zülmə və həqarətə məruz qaldı.
Ermənistan silahlı qüvvələrinin 1988-ci ildən başlayaraq ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 %-i Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, Dağlıq Qarabağın ətraf rayonlardan isə 600 min nəfərdən çox soydaşımız öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburən köçkün düşmüş və respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşmışlar.
Bundan başqa, respublikamızın Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan Naxçıvan Muxtar Respublikasının, Ağcabədi, Ağdam, Ağstafa, Füzuli, Tərtər, Goranboy, Gədəbəy, Qazax və Tovuz rayonlarının sərhədyanı yaşayış məntəqələrindən 100 min nəfərdən çox soydaşımız təhlükəsizlik baxımından öz daimi yaşayış yerini tərk etmək məcburiyyətində qalmışdır.
Hal-hazırda münaqişə nəticəsində ölkədə 1 138 450 nəfər qaçqın və məcburi köçkün vardır. Onlardan 350 min nəfər Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlardır. Ermənistan silahlı qüvvələrinin 1988-1993-cü illərdə ölkəmizə hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağdan, eləcə də ona bitişik olan 7 rayondan olan yaşayış məntəqələrindən zorla qovulmuş məcburi köçkünlərin sayı isə 788 950 nəfər təşkil edir.
1988-1992-ci illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.
Münaqişə dövründə 4852 nəfər (o cümlədən 54 uşaq, 323 qadın, 410 qoca) azərbaycanlı itkin düşmüş, onlardan 1368 nəfəri (o cümlədən 169 uşaq, 338 qadın, 286 qoca) əsirlikdən azad edilmiş, 783 nəfəri (o cümlədən 18 uşaq, 46 qadın, 69 qoca) isə bu günədək Ermənistanda əsirlikdədir. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə 439 nəfər əsirlikdə ölmüşdür.
Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir. Çünki talan və məhv edilmiş maddi-mənəvi sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. İlkin və tam müəyyənləşdirilməmiş məlumata görə, mənəvi-psixoloji zərbə ilə bərabər Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox həcmdə ziyan dəymişdir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Bu dəhşətli hadisələr bəşəriyyətə qarşı cinayət kimi siyasi-hüquqi qiymətini almalıdır.
Heydər Əliyev
– … O, hamilə qadının qarnını yırtaraq, çəkməsi ilə vurub insan övladını ana bətnindən çıxarır. Sonra canını tapşırmış qadının ərinin kəsilmiş başını onun yırtılmış qarnına təpir.. Qadının qarnını tikir.
– … O, körpəni ayağı ilə yaşıl bayrağa bürmələyərək, üstünə kerosin tökür. Od vurub yandırır.
– … O, qorxudan tir-tir əsən yeniyetmələri bir sıraya düzərək, qılıncının bir zərbəsi ilə hamısının başlarını birdəfəyə vurmağa çalışır. Həyat əsər-əlaməti qalmayan məsum uşaq gözlərində dəhşət harayı.
– … ONUN yandırdığı məscidlər, kilsələr, sinaqoqlar, digər dini ibadət ocaqları od-alova bürünür.
– … hava limanlarında, turizm bürolarında, səfirliklərdə, banklarda, küçələrdə, biznes mərkəzlərində partlayışlar: insan cəsədləri. Fəryadlar və qan. İniltilər və lənət-qarğışlar.
O məmnundur. O, insandırmı?
Bu gün O artıq bakterioloji və kimyəvi silaha malikdir. Əlini uzatsa, nüvə silahına çatar. Hansı bayraq altında və ya şüarla məhv etmək — bunun daha ONUN üçün fərqi yoxdur. Başlıcası budur ki, O hamının diqqət mərkəzindədir.
Bəzən O xatırlayır: 1886-cı il, Cenevrə. Onda mədəni Avropanın mərkəzində O, məharətlə sosialist qiyafəsinə girərək, “türkləri və kürdləri istənilən şəraitdə qırıb-çatmağı” qərara almışdır. O təkcə Şərqi Anadoluda bir milyon insanı məhv etmişdir. Səbəb? Onun qanına qəltan etdiyi adamlar islam dininə etiqad edirdilər.
Lakin bu, sonralar olmuşdur, xatirələr isə daha uzaq zamanlara, ONUN ağına-bozuna baxmadan, xüsusi ifadələr seçmədən, “Rədd olun, rus köpəkləri!” dediyi vaxtlara aparır. Bunu deyib, yeganə təmiz su mənbəyini zəhərləmişdi. Bədənlərini üfunətli yara-xora bürümüş ruslar əzab-əziyyət içində ölürdülər. O isə sanki möcüzə sayəsində sağ qalmış insanların yaddaşında ya gəlmə təbib, ya da, sadəcə olaraq, “pencəkli adam” kimi həkk olmuşdur. Söz düşmüşkən, sonuncu ifadə ONUN çox da xoşuna gəlmirdi. İstəyirdi ki, ONA daha böyük diqqət yetirsinlər, budur, Amerikanın “Boston Herald”, yaxud Almaniyanın “Forvest” qəzetləri ONDAN yazırlar, amma hələlik hər şeyi istənilən kimi və necə lazımdırsa, yazmırlar: “pencəkli adam” obrazı insanların şüuruna bir növ yeridilmişdir və bu obrazı oradan ONA məlum olan, artıq həyat tərzinə çevrilən yeganə bir üsulla çıxarmaq lazım gəlmişdir. Sonra knyaz Qolitsinə divan tuturdu və Tiflisdə, Qarsda qətllər törədirdi. Məsələn, Bakıda O, elə-belə, bir növ, qorxutmaq üçün adamların üstünə bomba atdı … və yerli qəzetlərdən birində belə bir sitata nail oldu: “Bu psixozun ciddi və təcili müalicəyə ehtiyacı var”. Bir dəfə tanınmış erməni alimi ONDAN hətta sözbəsöz iqtibas gətirmişdi: “Mən Basarkeçərdə türk əhalisini ağına-bozuna baxmadan məhv etdim. Amma bəzən gülləyə heyfim gəlir. Bu köpəklərə qarşı ən düzgün vasitə döyüşdən sonra sağ qalanların hamısını bir yerə toplayaraq quyulara doldurmaq və üstündən də ağır daşlarla vurub axırlarına çıxmaqdır… Mən belə də etdim: bütün kişiləri, qadınları və uşaqları yığdım və quyulara ataraq, üstlərindən də daşla vurub öldürdüm”. Bəs ONUN uşaqların gözlərini çıxarıb, onlardan “boyunbağı” düzəltdiyini necə xatırlamayasan…
O, qətlləri əvvəlcə çar Rusiyasının bayrağı altında törədirdi. Sonralar isə inqilabın və kommunizmin qırmızı bayrağı altında. 40-cı illərdə O, əslində, eyni zamanda həm Stalinin, həm də Hitlerin yanında olmuşdur: “pencəkli adam” bu “rəhbərlər”in adından… insanları qırıb-çatırdı. Sonra şanlı dövr — qətliamları cəzasız törətmək üçün yaxşı fürsət-girəvə olan postsovet demokratiyası dövrü başlandı.
Mətbuat üçün məlumatlara və açıq-aşkar verilən bəyanatlara, ONUN əsr yarım ərzində törətdiyi cinayətlərə görə, O, ruslara, və türklərə, isveçrəlilərə və fransızlara, amerikalılara və ərəblərə, habelə ingilislərə, ispanlara, portuqaliyalılara, azərbaycanlılara, gürcülərə, ləzgilərə, yəhudilərə, kürdlərə, avstraliyalılara, belçikalılara, kanadalılara, ümumiyyətlə, xristianlara, müsəlmanlara, iudaistlərə nifrət edir. Ümumiyyətlə, NATO-ya da. Ümumiyyətlə, kommunizmə və kommunistlərə də. Buna baxmayaraq, O, türkləri rusların bayrağı altında, azərbaycanlıları kommunizm və demokratiya adından, yəhudiləri müsəlmanlar adından, müsəlmanları xristianlar adından öldürmüş və öldürür, xristianları islam təməlçiliyi ilə qorxudur…
Bəs O kimdir?
XIX əsrin axırlarında yaşamış erməni tədqiqatçılar hesab edirlər ki, O, qaraçılardan, daha doğrusu, onların “daşürəkli” — “hayk” adlandırılan tayfasından törəmişdir. Bəzi Avropa tarixçilərinin fikrincə, ONUN ulu vətəni Balkan yarımadasıdır. Burada O, xristianlığı qəbul etmişdir. Xristian ilahiyyatçıları isə bunun cavabında hiddətlənərək, sübut kimi belə bir dəlil gətirirlər ki, O, Ümumdünya Xristian Məclisi tərəfindən lənətlənmişdir. ONU — bu məlunu türklər qəbul etmiş, ONA torpaq da vermişlər, çörək də. Amma O, türklərə nifrət edir. Üstəlik, O, ruslara da nifrət bəsləyərək, türkləri rusların adından öldürürdü, bununla belə, gizlətmirdi ki, ONUN gələcəyi Türkiyə ilə bağlıdır. Bəs O, nə üçün ABŞ-ın əleyhinədir? Bu işdə Yaxın Şərqin radikal müsəlmanları ilə, təxminən bir əsr əvvəl yüz minlərlə qırıb-çatdığı müsəlmanlarla əməkdaşlıq edir. Ozü də məhz ona görə qırıb-çatdığı ki, onlar müsəlmandırlar. Əslinə qalsa, təəccüblənməyə dəyməz, çünki indi O, gənc kürdlərlə bir yolun yolçusudur, əlbirdir. O kürdlərlə ki, onların ata-babalarını insanlıqdan kənar ən qəddar tərzdə öldürürdü…
ONUN hələ XIX əsrdə buraxılmış dərsliyinə baxaq. Səhifələrini vərəqləyək: 87-ci, yaxud 61-ci səhifəsini — fərqi yoxdur. Oxuyuruq: “Ermənistan böyük sözdür, keçmiş zəmanələrin böyük yaddaşı və gələcəyin böyük elementidir… Artmaqda olan erməni tayfasının gələcəyi böyükdür… Ermənilər əhatə olunduqları bütün xalqlardan mənəvi cəhətdən üstündürlər… Erməni xalqı Haqq-Taala tərəfindən vasitəçi seçilmişdir…” Dayan. Beləliklə: partlayışlar və öldürülmüş qadınlar, qocalar, uşaqlar. 150 ildən artıq bir dövrdə həmişə və hər yerdə, bax beləcə olmuşdur — Moskva, Nyu-York, Paris, Lissabon, Cenevrə, Roma, Ankara, London, Bakı, Tbilisi, İstanbul, Vyana, Amsterdam, Madrid, Ottava, Dortmund, Tehran, Sidney, Zürix, Marsel, Belqrad, Beyrut, Kopenhagen, Vatikan, Brüssel, Frankfurt, Bonn, Milan, Bern, Afina, Lion, Lüksemburq, Los-Anceles, Kislovodsk, Xocalı, Sumqayıt, Axalkalaki, Rostov: kinoteatrlarda, aeroportlarda, təyyarələrdə, avtobuslarda, metrolarda, qatarlarda, gəmilərdə və s. yerlərdə partlayışlar.
Uzun müddət O, insanların qətlində əli olduğunu gurultulu ibarə — “Böyük Ermənistan uğrunda” ibarəsi altında gizlədir və ya adamları elə özünün uydurduğu “1915-ci il soyqırımı”na görə öldürürdü ki, bu da özünün təcavüzkarlığına, qana hərisliyinə haqq qazandırmaq üçün daha bir bəhanədir. Kayzer Almaniyasının səfiri baron fon Bulovdan tutmuş dünya proletariatının rəhbəri Leninədək heç kim bu ibarələrə ciddi əhəmiyyət verməyərək, “öz gözlərinə inanırsansa, erməni məsələsi ilə məşğul olmamağın daha yaxşıdır” desə də, O, əvvəlki şüarlarını inadçılıqla, izaholunmaz ardıcıllıqla dəyişdirmirdi. O özünün dərsliyinə, deməli, bütün xalqlar üzərində özünün mənəvi üstünlüyünə, özünün ilahi vergisi olan xüsusi qabiliyyətinə və xüsusi “missiya”sına kor-koranə inanaraq, qanlı, iblisanə “iş”ini davam etdirirdi. Kolumbiyalı narkobaron Karlos öz müsahibəsində artıq ONU narkobiznes üzrə xırda tərəfdaş adlandırsa da, artıq O, əsir və girovlardan çıxarılıb götürülən transplantasiya orqanlarının satışında təqsirləndirsə də, dahi Puşkindən tutmuş ABŞ Prezidenti R.Reyqanadək hamı ONUN haqqında ən xoşagəlməz sözlər desə də, O, mahiyyətcə dəyişməyibdir, xroniki təhtəlşüur, davakarlıq vəziyyətində olan daxili aləmi də, əslində, dəyişməz qalıbdır. Amma görkəmli rus tədqiqatçılarının fikrincə, O, zahirən dəyişə bilər. Məsələn, adını həvəslə dəyişdirib rus, gürcü, kürd, ərəb, türk, fransız, ispan, azərbaycanlı adları və başqa adlar qoyur. Kütlə ilə qaynayıb-qarışmaq üçün. Bu isə cinayətkarın klassik üsuludur.
Buna baxmayaraq, ONUN həqiqi adı bizə yaxşı məlumdur: BEYNƏLXALQ TERRORİZM.
Etiraf etmək lazımdır ki, 2000-ci il 10 yanvar tarixli BMT Konvensiyasına görə, dünya birliyi özünün bütün tarixi ərzində “terrorizm” anlayışına aydınlıq gətirə bilməmişdir. Belə də olmuşdur ki, “terrorçu” sözü bir çox hallarda “azadlıq mücahidi” kimi yozulmuşdur. Təfsirdə çətinliklərlə əlaqədar hüquqşünaslar, istər partlayıcı qurğuların qoyulması, insanların oğurlanması olsun, istərsə də təyyarələrin qaçırılması olsun, fərqi yoxdur, konkret faktları cinayət kimi tövsif edən konvensiyalar sistemi yaratmaq məcburiyyətində qalmışlar. ABŞ Qanunlar Məcəlləsinin 22-ci Titulunda, 2656 f (d) Bölməsində terrorizmin tərifinə nəzər salaq:
– “Terrorizm” termini submilli qruplar və ya gizli fəaliyyət göstərən agentlər tərəfindən, adətən, cəmiyyətin əhval-ruhiyyəsinə təsir etmək məqsədilə dinc əhaliyə və ya obyektlərə qarşı qəsdən törədilmiş, siyasi cəhətdən əsaslandırılmış zorakılıq deməkdir;
– “Beynəlxalq terrorizm” termini birdən çox dövlətin vətəndaşlarının iştirak etdikləri və ya ərazisinin əhatə olunduğu terrorizm deməkdir;
– “Terror qrupu” termini beynəlxalq terrorizmlə məşğul olan və ya özünün tərkibində bu cür fəaliyyətlə məşğul olan xeyli yarımqrupa malik hər hansı qrup deməkdir.
1983-cü ildən ABŞ hökuməti statistika və analitik məqsədlər üçün terrorizmin bu tərifindən istifadə edir.
Rusiya Prezidenti Vladimir Putin terrorizm barəsində ruslara xas düzlük və açıqlıqla demişdir: “Bu bir bəladır və onunla mübarizə aparmaq lazımdır”.
“Erməni terrorizmi” məfhumuna gəldikdə isə, zahirən nə qədər mürəkkəb olsa da, onun təzahürünü izah etmək qat-qat asandır. Adlarından asılı olmayaraq, bəzi erməni təşkilatları öz proqramlarında terrora qarşıya qoyulan məqsədə çatmaq vasitəsi kimi baxırlar. Üstəlik, onilliklər ərzində erməni terrorizminin qurbanları elə bu təşkilatların üzvlərinin özləri, daha doğrusu, onlardan başqa cür düşünərək, məhz terroru rədd edənlər olmuşlar. Erməni alimlərinin tədqiqatlarında, siyasi liderlərin erməni xalqı üçün dönüş dövrlərindəki çıxışlarında tam bir sıra erməni təşkilatlarının fəaliyyətinin terrorçuluq istiqamətini insana qarşı cinayət kimi tövsif edən fikirlər və məlumatlar var.
Buna məqsədi doğruldan forma da sübutdur: kütləvi vahimə yaratmaq metodu kimi, xüsusi qəddarlıqla törədilən qətllər. O ki qaldı terror təşkilatlarının göstərişlərini yerinə yetirən erməni quldur birləşmələrinə, onların bu tərifi artıq çoxdan — hələ XIX əsrin axırlarında rus qafqazşünaslarının və publisistlərinin tədqiqatlarında verilmişdir.
Bu yaxınlarda ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Helsinki komissiyasının həmsədri Kristofer H.Smit ATƏT çərçivəsində əks-terror əməkdaşlığına dair dinləmələrdə belə bir fikir söyləmişdir ki, əlbəttə, terrorizmin müsibətlərinə qarşı müharibəni udmaq üçün hansısa bir vasitə yoxdur. Qələbə terrorizmə müxtəlif istiqamətlərdən zərbələr endirilməsi nəzərdə tutulan razılaşdırılmış mövqeni istifadə edildiyi təqdirdə qazanıla bilər. O, Qafqaz ölkələrinin nümayəndələrindən konkret təkliflər verməyi də xahiş etmişdir.
Ola bilsin, bu nəşr beynəlxalq terrorizmlə daha səmərəli mübarizə aparmaq məqsədilə onun öyrənilməsinə dair konkret təkliflərdən biridir.
Ola bilsin, dəyişməkdə olan dünya qəddarlığı izah etməyə daha qadir deyildir. Lakin təkcə bir şey mümkün deyil — bu kitab qorxub vahiməyə düşməyə və mutiliyə heç zaman çağırış olmayacaqdır.
Bəşəriyyət ona zorla qəbul etdirilən illüziyalardan — hamilə qadınların qarınlarını yaranların, qorxudan əsən oğlan uşaqlarının başlarını qılıncın bir zərbəsi ilə vuranların, kinoteatrları, mülki təyyarələri partladanların, siyasətçiləri və biznesmenləri qətlə yetirənlərin, kilsələri, məscidləri və sinaqoqları yandıranların qəbul etdirdikləri illüziyalardan xilas olmağa qadirdir.
Bu gün terrorizm insan hüquqları məkanına, onların ən müqəddəsinə — Yaşamaq hüququna qlobal təhlükə törədir.
Bu hüquq xüsusi olaraq qorunmağa layiqdir.
AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu
Dünyanın müxtəlif məntəqələrində qanlı aksiyalar törətmiş erməni terror təşkilatlarının adları:
“Armenakan” partiyası: 1885-ci ildə yaradılıb. Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.
“Hnçak” partiyası: 1887-ci ildə Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, “Rus” və “İran” Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə “Böyük Ermənistan” dövləti yaratmaqdır. Partiyanın proqramının 4-cü bəndində göstərilir: “Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir”.
“Daşnaksütyun” — erməni federativ inqilab partiyası: 1890-cı ildə Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən “Daşnaksütyun” türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra “Daşnaksütyun” “türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!” əmrini vermişdir. “Daşnaksütyun” partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur: 1973-cü ildə fəaliyyətə başlamış “Erməni soyqırımının intiqamçıları” qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib. Məxfi terror qrupu DRO və onun bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO-8888. Daşnakların bu istiqamətdə fəaliyyəti davam edir.
“Erməni gizli azadlıq ordusu” (ASOA): 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Təşkilat fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.
“Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” (ASALA): 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində “Böyük Ermənistan” qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın “Əbu Nidal”, “Qara sentyabr” kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 01.08.80-ci ildə “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə bildirmişdir: “Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir”.
ASALA 1980-ci ilin aprelində birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini Livanda rəsmiləşdirmişlər. Beyrut şəhərində 28.08.1993-cü ildə açıqlanan bəyanatında ASALA “pantürkist neft borusu” (Bakı-Tbilisi-Ceyhan) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdir.
“Geqaron”: 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılmışdır. Məqsəd Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir.
“Erməni azadlıq hərəkatı” (AOD): 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.
“Erməni azadlıq cəbhəsi”: 1979-cu ildə yaradılan bu terror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.
“Orli qrupu”: 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.
“Erməni soyqırım ədalət komandosları”: 1972-ci ildə Vyanada “Daşnaksütyun” partiyasının qurultayı zamanı yaradılıb. “Erməni soyqırımı ədalət komandosları”nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.
“Erməni birliyi”: 1988-ci ildə Moskvada yaradılmışdır. “ASALA” ilə sıx əlaqələri vardır, keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Dağlıq Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir.
“Demokratik cəbhə”: ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi türk dövlətinin parçalanmasıdır.
“Apostol”: 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktları həyata keçirməkdir.
Milli Təhlükəsizlik Nazirliyi
Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.
16 sentyabr 1989-cu il. “Tbilisi-Bakı” marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.
18 fevral 1990-cı il. Yevlax-Laçın yolunun 105-ci km-də “Şuşa-Bakı” marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan təlafatı olmuşdur.
11 iyul 1990-cı il. “Tərtər-Kəlbəcər” sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır.
10 avqust 1990-cı il. “Tbilisi-Ağdam” marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.
Həmin gün “Şəmkir-Gəncə” avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında “LAZ” markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır.
30 noyabr 1990-cı il. Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.
9 yanvar 1991-ci il. “Molodyoj Azerbaycana” qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmişdir. Terrorçu qrupun üzvləri A.Mkrtçyan, Q.Petrosyan, A.Manqasaryan və Q.Arustamyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.
30 may 1991-ci il. Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılmış, nəticədə 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.
19 iyun 1991-ci il. “Yevlax-Laçın” avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus “UAZ-469” markalı avtomaşın partladılmış, 3 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır.
31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
2 avqust 1991-ci il. Hadrut rayonunun Dolanlar kəndində “QAZ-53” markalı avtomaşın partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.
21 avqust 1991-ci il. Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında “KAVZ” markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 10 nəfər ağır bədən xəsarəti almışdır.
8 sentyabr 1991-ci il. “Ağdam-Xocavənd” avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilmiş, 34 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilmişdir.
Həmin gün “Ağdam-Qaradağlı” marşrutu ilə işləyən avtobus erməni quldurları tərəfindən atəşə tutulmuş, 8 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcədə xəsarət almışdır.
26 sentyabr 1991-ci il. “Yevlax-Laçın” yolunda “VAZ-2106” markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.
19 oktyabr 1991-ci il. Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında “UAZ-469” markalı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.
20 noyabr 1991-ci il. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında “Mİ-8” vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər — Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər — 19 nəfər həlak olmuşdur.
26 dekabr 1991-ci il. Şuşa-Laçın yolunun 4-cü kilometrliyində “ZİL-130” və “Moskviç” maşınları partladılmış, 5 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.
8 yanvar 1992-ci il. Türkmənistandan “Krasnovodsk-Bakı” marşrutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.
28 yanvar 1992-ci il. “Ağdam-Şuşa” marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulmuşdur. Nəticədə çoxu qadın və uşaq olan 44 nəfər həlak olmuşdur.
1992-ci ilin yanvar ayında erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində 613 nəfər dinc sakini qətlə yetirmiş, 650 nəfəri isə yaralamışlar.
22 mart 1992-ci il. “UAZ 469” markalı 60-25 AZU dövlət nişanlı avtomaşın Qazax rayonu ərazisində partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
28 mart 1992-ci il. “Kamaz-5410” markalı 40-53 AQŞ dövlət nişanlı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
18 aprel 1992-ci il. “Qazax-Cəfərli” yolunun 10-cu kilometrliyində “Vaz” markalı maşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər ölümcül yaralanmışdır.
20 may 1992-ci il. Zəngilan rayonunun Qarançı kəndi yaxınlığında “UAZ-469” markalı 80-33 AQD dövlət nömrə nişanlı avtomaşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
28 fevral 1993-cü il. Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında “Kislovodsk-Bakı” sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.
02 iyun 1993-cü il. Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəymişdir. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik Caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, cəsusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etmişdir. İstintaq zamanı sübuta yetirilmişdir ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətmişdir.
22 iyul 1993-cü il. Tərtər rayonunda törədilmiş partlayış nəticəsində 5 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.
Həmin gün Qazax rayonunun mərkəzində törədilmiş partlayış nəticəsində 6 nəfər həlak olmuş, 10 nəfər yaralanmışdır.
30 avqust 1993-cü il. Hadrut rayonu ərazisində “ZİL” markalı maşın partladılmış, nəticədə 2 nəfər həlak olmuşdur. Həmin hadisədən bir neçə gün sonra içərisində 12 nəfər kənd sakini olan “QAZ-66” markalı sərnişin avtobusu rayondan çıxarkən partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır dərəcədə yaralanmışdır.
1 fevral 1994-cü il. Bakı dəmir yolu vağzalında “Kislovodsk-Bakı” sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
18 mart 1994-cü il. Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus “Herkules” tipli təyyarə vurulmuş, 34 diplomat və ailə üzvləri həlak olmuşlar.
19 mart 1994-cü il. Bakı metropolitenin “20 Yanvar” stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı “Sadval” ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir.
Müəyyən olunmuşdur ki, “Sadval” separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olmuş, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak etmişdir. 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçmişdir. İstintaq zamanı müəyyənləşdirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, “20 Yanvar” stansiyası ilə yanaşı, Bakının “Nizami” kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışlar.
“20 Yanvar” metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilmişdir.
13 aprel 1994-cü il. Dağıstan Respublikasının “Daqestanskiye Oqni” stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.
3 iyul 1994-cü il. Bakı metropolitenin “28 May” və “Gənclik” stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı — 13 yanvar 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdir. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova Yerevana gəlmişdir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə “Ömər-75” təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodarant qutularında gizlədilmişdir.
A.Aslanov “Yerevan-Mineralnıye Vodı-Bakı” marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun “28 May” və “Gənclik” stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır. Bu müddət ərzində Yerevanda girov saxlanılan anası yalnız bundan sonra azad olunmuşdur.
İstintaq zamanı müəyyən edilmişdir ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar. Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilmişdir.
Milli Təhlükəsizlik Nazirliyi
SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmişdir. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı, o cümlədən nəqliyyat vasitələrində törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdir.
90-cı illərin əvvəllərində Ermənistanın rəsmi dairələri “Daşnaksütyun”, ASALA, MAQ, “Erməni birliyi”, “Erməni Azadlıq cəbhəsi” və digər məşhur erməni terror təşkilatları fəallarının reabilitasiyası məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq verməklə yaşayış və fəaliyyətləri üçün şərait yaratmış, müvafiq maliyyə dəstəyi göstərmişlər.
1983-cü ilin iyul ayında Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 60 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu Varocyan Qarabedyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilmişdir. 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda rəsmi sığınacaq tapmışdır.
Məşhur terrorçu, Qərbi Avropada “ASALA-nın inqilabi hərəkatı” adlı qruplaşmasının rəhbəri, 28 noyabr 1985-ci ildə 6 il müddətinə həbs olunmuş Monte Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlmiş və terror fəaliyyətini davam etdirmək üçün buradan Dağlıq Qarabağa göndərilmişdir. M.Melkonyan Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı erməni terror dəstəsinin komandanı olmuşdur. 1993-cü ildə Dağlıq Qarabağda öldürülən terrorçunun Yerevanda dəfn mərasimində rəsmi şəxslər, o cümlədən Ermənistan prezidenti də iştirak etmişdir. Ermənistanın milli qəhrəmanı elan olunmuş bu beynəlxalq terrorçunun adı Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilmişdir.
Məşhur terrorçu, Daşnaksütyun partiyasının “Dro” terror qrupunun üzvü Qrant Markaryan Dağlıq Qarabağda terrorçu dəstələri yaradanlardan və Ermənistandan gətirilən silahlar vasitəsilə buradakı terrorçu qrupların silahlandırılmasında fəal iştirak edənlərdən biri olmuşdur.
1981-ci ildə Parisdə Türkiyə səfirliyinə basqının təşkilatçısı Vazgen Sislyan 1992-ci ildə Yerevandan Xankəndinə göndərilmişdir. Vazgen Sislyan azərbaycanlılara qarşı terror aktlarının keçirilməsində fəal iştirakına görə prezident Robert Koçaryan tərəfindən “Qarabağ müharibəsinin qəhrəmanı” adına layiq görülmüşdür.
Qarabağın dinc azərbaycanlı əhalisinin öldürülməsində Ermənistan xüsusi xidmət orqanlarının himayə etdiyi Əbu Əli və Hilbert Minasyan kimi Yaxın Şərq mənşəli terrorçular da fəal iştirak etmişlər.
Milli Təhlükəsizlik Nazirliyi
TƏBİİ EHTİYAT POTENSİALINA DƏYƏN ZƏRƏR
Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazisinin böyük bir hissəsi) inzibati rayonları 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunmuşdu.
O dövrdə baxımsız qalmış Azərbaycan-İran sərhədlərinin işğal olunmuş sahələrində sərbəst şəkildə qaçaqmalçılıq və bəzi hallarda narkotik maddələr daşınması əməliyyatı həyata keçirilirdi. İşğal altında olan bu sərhədlərdən həm də Azərbaycanın zəbt olunmuş ərazilərində yaşayış və ictimai binaların tikinti materialları, kəsilmiş meşə ağacları qonşu İran və Ermənistana daşınırdı.
30 il işğal altında olan bu ərazilər Azərbaycanın sənayesi və tikintisində böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir. Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ (əhəngin ehtiyatları 140 milyon ton və gillər 20 milyon ton ), Şahbulaq (25 milyon ton gil), Boyəhmədli (45 milyon ton gil) və b. yataqlardadır. İri tikinti daş yataqları Xankəndində, mərmər isə Harovdadır.
Ərazilərimiz işğal olunanadək ehtiyatları təsdiq olunmuş 163 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən: 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları (obsidian, mərmərləşmiş oniks, yəşəm və s.), 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yatağı mövcud idi.
Ümumiyyətlə isə, Azərbaycan Respublikasının erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində 561 yataq, təzahür və perspektivli minerallaşma sahəsi müəyyən edilmişdi.
Mövcud filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının ehtiyatlarının sənaye əhəmiyyətinin və perspektivliyinin qalıb-qalmamasının qiymətləndirilməsi üçün burada geoloji-kəşfiyyat işlərinin aparılması zəruridir. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.
Əsrlər boyu Qarabağın Dağlıq hissəsi düzən Qarabağla sıx iqtisadi əlaqədə olmuşdur. Çay dərələri boyunca keçən yollar bu iki ərazini iqtisadi cəhətdən bir-birinə möhkəm bağlamışdır. Bütün bu tarixi-coğrafi reallıqların əksinə Yuxarı Qarabağın ermənilər tərəfindən işğal olunması və onun zorla düzən Qarabağından ayrılması regionun əhalisi və təsərrüfatı üçün çox ciddi problemlər yaratmışdı.
İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRDƏ YARANMIŞ EKOLOJİ PROBLEMLƏR
İşğal olunmuş dağlıq ərazilərdə hərəkət edən ağır hərbi texnika, çoxlu miqdarda atılan mərmilər, bastırılmış minalar bu ərazilərin torpaq örtüyünə və bitki aləminə güclü zərər vurmuşdur.
Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay Dövlət Qoruğunun sahəsinin 100 hektarını çinar meşələri tutur. Qarışıq çinarlıqlar da vardır. Burada yunan qozu, dağdağan, tut, söyüd, qovaq ağacları, yemişan, itburnu, murdarca, qaratikan və s. kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri 1 m-dir, onların yaşı 1200-1500 ilə, hündürlüyü 50 m-ə, diametri isə 4 m-ə çatan nümunələri də vardır. Meşənin ağac ehtiyatı hər nektarda 190 m3 ümumi ərazi üzrə isə 16 200 m3-dir. Meşənin illik artımı 1 ha-da 1,22 m3-ə çatır.
Təəssüf ki, belə bir sərvətimiz işğal zamanı məhv edilmiş, o meşələrə amansız divan tutulmuş, kəsilib mebel istehsalında istifadə olunmuşdur.
Bu ərazilərdə müvəqqəti olduğunu başa düşən ermənilər oradakı təbii ehtiyatlardan, faydalı qazıntı yataqlarından vəhşicəsinə istifadə ediblər. Asan istifadə edilə bilən mineral sular, müxtəlif texniki materiallar, ehtiyatlar, daha çox mənimsənilib. Bəyanata əsasən, Laçın və Kəlbəcəri tərk edən ermənilər həmin ərazilərdə yanğınlar törətmişlər. Bu yanğın ekoloji cəhətdən həmin ərazilərə ciddi zərər vermişdir.
Qeyri-qanuni qurum olan Dağlıq Qarabağ işğal olunmuş ərazilərdə ekoloji şəraitin qorunması haqqında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımadığına görə bu ərazilərdə ekoloji mühit getdikcə daha da ağırlaşmışdır.
AZƏRBAYCAN ƏHALİSİNİN SOSİAL-PSİXOLOJİ VƏ İQTİSADİ DURUMUNA DƏYƏN ZƏRƏRLƏR
Təkcə münaqişənin qızışdığı 1988-1989-cu illərdə Ermənistan Respublikasının 22 rayonundan 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişdilər. Həmin köçürülmə illərində erməni cəlladlarının işgəncələrinə məruz qalmış 410 azərbaycanlı, o cümlədən 57 qadın, 23 uşaq vəhşicəsinə qətlə yetirilmiş, müxtəlif bədən xəsarəti almış, onların yaşayış evləri və əmlakları qarət olunmuşdular. Nəticədə Ermənistanda azərbaycanlılar yaşayan 9 min kv. km ərazi zəbt olunmuşdu.
İşğal olunmuş rayonların hamısında 1989-1998-ci illər arasındakı dövrdə doğum kəskin surətdə aşağı düşmüş, ölüm qismən artmış və təbii artım hər 1000 nəfərə görə həddən çox azalmışdır. Qaçqın və köçkünlərin ən ağrılı problemlərindən biri də onların işlə təmin olunması ilə bağlı çətinliklər idi.
Beləliklə, Ermənistanın təcavüzü nəticəsində 1 milyon nəfərdən artıq qaçqın və köçkün əmələ gəldi, 20 min nəfər həlak oldu, 50 min nəfər əlil oldu, 5100 nəfər (1 iyun 1992-ci ilə qədər) əsir və itkin düşdü, işğal olunmuş rayonlarda əhalinin təbii artımı azaldı.
SƏNAYE, YAŞAYIŞ VƏ SOSİAL OBYEKTLƏRƏ DƏYƏN ZƏRƏRLƏR
İşğal nəticəsində yeni tikintilər üçün gətirilmiş bütün bu maddi-texniki baza məhv edilmiş və nəzərdə tutulan layihələr həyata keçirilməmişdi. Zəbt olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye sahələri respublika iqtisadiyyatında mühüm yer tuturdu. Burada yeyinti, yüngül, tikinti materialları sənaye sahələri üzrə müəssisələr daha çox inkişaf etmişdi.
Göstərilən sahələrin bu regionda inkişafına güclü kənd təsərrüfatı xammal və yerli təbii ehtiyatlar müsbət təsir göstərirdi. Tutulmuş ərazilərin sənaye sahələrindən ən güclü inkişaf edənləri yerli əhalinin ərzaqla təmin olunmasında mühüm əhəmiyyət kəsb edən yağ-pendir, şərabçılıq və qismən də yüngül sənaye sahələri idi.
Regionda güclü kommunikasiya xətləri və obyektləri yaradılmışdı. Ümumi uzunluğu 25 min km olan avtomobil və torpaq yolları, ümumi uzunluğu 3984 metr olan 160 ədəd körpü, 14 500 km uzunluğunda elektrik xətləri, 2500 ədəd transformator, 2300 km su kəməri xətləri, 2 min km qaz kəməri, ümumi uzunluğu 240 km olan kanalizasiya xətləri, 160 ədəd su tutarları, 34 ədəddən çox qaz paylayıcı qurğuları, 35 min nömrəlik telefon stansiyaları, eyni zamanda 4 aeroport, Bakı-Ağdam və Horadiz-Ordubad dəmiryolu xətləri, Bakı-Stepanakert-Naxçıvan qaz kəməri və s. dağıdılmışdır.
Ermənistanın işğal etdiyi rayonlarda 310-dan çox sənaye və tikinti obyekti qalmışdı. Bu obyektlər Azərbaycanda istehsal edilən divar materiallarının 11 %-ni, ayaqqabı istehsalının 11%-ni, inək yağının 25,2%-ni, şərab materiallarının 35%-ni, xam ipəyin 13,5%-ni, mineral suların 15%-ni və s. verirdilər.
REGİONUN KƏND TƏSƏRRÜFATINA DƏYƏN ZƏRƏRLƏR
Yuxarı Qarabağ zonası Azərbaycanın iri kənd təsərrüfatı regionudur. Əlverişli dağarası və dağətəyi düzənlikləri və hamar səthi yayları olan və yaxşı rütubətlənən Kiçik Qafqazın işğal olunmuş hissəsi kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahələrinin inkişafına geniş imkanlar yaradırdı. Kənd təsərrüfatının tərkibində taxılçılıq, yem istehsalı, üzümçülük, tütünçülük, kartofçuluq, pambıqçılıq, ətlik-südlük heyvandarlıq və xüsusilə qoyunçuluq daha üstün yer tuturdu.
Ermənistanın təcavüzü nəticəsində həmin ərazidə fəaliyyət göstərən bir çox kənd təsərrüfatı müəssisələri, o cümlədən kolxozlar, sovxozlar, təsərrüfat birlikləri və aqrofirmalar öz fəaliyyətlərini dayandırdılar.
Beləliklə, işğal olunmuş ərazilərdə 1988-ci ildən qalan 311 kənd təsərrüfatı müəssisəsi, 145 yeni yaradılmış, müasir texnika ilə təchiz olunmuş üzümçülük-şərabçılıq sovxozları və xüsusilə, məşhur Qarabağ cins-cıdır atları yetişdirən Ağdam atçılıq sovxozu, 135 kolxoz və 31 təsərrüfatlararası müəssisələr dağıdıldı.
Kənd təsərrüfatının maddi texniki bazasını təşkil edən və fermerlərin hazırkı qiymətə satın almaq imkanları olmayan 1365 avto-qoşqu nəqliyyatı və 3425 müxtəlif əkin və qoşqu traktorları, taxıl və pambıq yığan kombaynlar və s. çıxarıla bilmədiyindən işğal ərazilərində qaldı.
İşğal olunmuş ərazilərdə 7296 ədəd hidroqurğular, 36 ədəd nasos stansiyaları, 26 ədəd suvarma sistemləri, 18 ədəd suvarma sisteminin baş qurğuları, 1200 km təsərrüfatlararası suvarma kanalları, 5600 km təsərrüfatdaxili sistemləri sıradan çıxarılmış, 127,7 min ha keyfiyyətli suvarılan torpaqlar qalmışdır. Aztorpaqlı Qafqaz regionunda torpaq sahələrinin sıradan çıxarılması nəticəsində milyonlarla insan əsas yaşayış mənbəyindən — torpaqdan məhrum edildi.
İşğalda olduğu dövrdə 311 kənd təsərrüfatı müəssisələri, o cümlədən 145 yeni təşkil olunmuş üzümçülük-şərabçılıq, 1365 avtomobil, 3425 əkin və qoşqu traktoru, 7296 hidroqurğu, 62 su nasosu və suvarma aqreqatları, 1200 km təsərrüfatlararası suvarma kanalları, 645,5 min ha kənd təsərrüfatına yararlı torpaqlar, 185,5 min ha əkin yerləri, 40 min ha bar verən cavan üzüm plantasiyaları sıradan çıxarılmış, hər il orta hesabla 79,4 min ton taxıl, 20,5 min ton pambıq, 324, 3 min ton üzüm, 23,5 min ton kartof, və b. bitkiçilik məhsulları işğal nəticəsində toplanmamış, 313,1 min başdan çox iri buynuzlu mal-qara, o cümlədən 111,2 min baş inək və camış, 1 milyon 98 min qoyun və keçi qarət edilmiş və həmçinin 20 min ton ət, 75,5 min ton süd, 846 ton illik heyvandarlıq məhsulları itirilmişdir.
AZƏRBAYCAN MƏDƏNİYYƏTİNƏ DƏYMİŞ MADDİ VƏ MƏNƏVİ ZİYAN
Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal-hazırda hərbi məqsədlərlə istifadə edilmiş, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilmişdir.
Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin bombardmanı zamanı yerlə yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınmışdır.
Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza olduqca ağır zərbə endirilmişdir. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir.
Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin, Ağdam tarix-diyarşünaslıq muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan tarix-diyarşünaslıq muzeyinin (6 minədək əşya) fondları qarət edilmişdir. Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılmışdır.
İşğal olunmuş ərazilərdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarix və mədəniyyət abidəsi var ki, bu abidələrin əksəriyyəti məhv edilib və ya mənimsənilib. Dövlət qeydiyyatına alınan abidələrdən 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi sənət nümunələridir.
Şuşa, Laçın və Qubadlı rəsm qalereyalarının Azərbaycanın görkəmli rəssam və heykəltəraşlarının əsərlərindən ibarət fondları da dağıdılmışdır.
Erməni təcavüzkarları vəhşilik göstərərək Azərbaycan musiqisinin böyük xadimləri Üzeyir Hacıbəyovun və Bülbülün, habelə şairə Xurşudbanu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparmışdılar. Pul qarşılığında Azərbaycana qaytarılan həmin heykəllər qələbə qazanıldıqdan sonra doğma yurduna – Şuşaya aparıldı.
Azərbaycan xalqının məhv edilmiş qədim, əvəzolunmaz qiymətli mədəni sərvətləri olan bu abidələrin qiymətini təyin etmək praktiki olaraq mümkün deyildir.
Erməni işğalçılarının təcavüzü nəticəsində Azərbaycanın tarix və mədəniyyət abidələrinin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il konvensiyasına ziddir.
Ancaq biz doğma torpaqlarımızı yenidən dirçəldəcəyik. Yenidən o dilbər guşələrdə həyat canlanacaq və bütün Dünya ölkələri buna şahid olacaq. Bütün Azərbaycan arxa və ön cəbhədə bir yumruq kimi birləşib öz əzəli torpaqlarını mənfur düşməndən necə azad etdisə, tezliklə öz insanına həsrət qalan hər qarış torpağını da ayağa qaldıracaq!
- Kürəkçay müqaviləsi;
- Gülüstan müqaviləsi;
- Türkmənçay müqaviləsi;
- Ermənilərin Persiyadan (İrandan) bizim vilayətlərə köçürülməsi haqqında məktub A.S.Qriboyedov.
“Daşnaksütyun” erməni inqilab partiyasının fəaliyyəti haqqında
- “Daşnaksütyun” erməni inqilab partiyasının təşkili və fəaliyyəti haqqında məlumat;
- (Komitə) “Daşnaksütyun” partiyası üzrə;
- Qafqaz Sərdarı İ.İ.Vorontsov-Daşkovun İmperator Əlahəzrətləri Nikolay Romanova məktubundan (17 aprel 1909-cu il);
- Erməni xüsusi zərbə dəstəsinin rəisi Andranikin Əmri (N 640, 19 noyabr 1918-ci il);
- Qəribi. Qırmızı Kitab (Tiflisdə 1920-ci ildə nəşr edilmişdir, çıxarışlar çap edilir).
AXC: (1918-1920) Qarabağ haqqında məlumatlar
- Şamaxı qəzasında erməni vəhşilikləri haqqında arxiv materialları (1918 il);
- Azərbaycan Fövqəladə İstintaq Komissiyasının üzvü Mixaylovun məruzəsi;
- Fövqəladə Səlahiyyətli Komissiyanın üzvü Novatskinin məruzəsi;
- 1918-ci ilin mart ayına kimi İrəvan quberniyasının dağıdılmış və əhalisi tərk edilmiş müsəlman kəndlərinin siyahısı;
- Daxili İşlər Naziliyinin dəftərxanasından ermənilər və Ermənistan Respublikasının qoşunları tərəfindən Qarabağın müsəlman əhalisi üzərində törədilən zorakılıqlar barəsində çıxarılış. (80№-li işdən 1918., Dördüncü bölmə.);
- Sülh Konfransının cənab Sədrinə. 16/19 avqust 1919-cu il;
- Gəncə qubernatorunun məruzəsi Cənab Daxili İşlər Nazirinə 1919-cu il;
- Azərbaycan Demokratik Respublikasının orqanı olan “Azərbaycan” qəzetindən materiallar (1918-1919-cu illər);
- “Müstəqil Ermənistan”: müttəfiqlərin mərhəməti – “lazım deyil” Skotland – Liddel, Tiflis 29 yanvar.
Azərbaycan Sovet Sosialist Resublikası
- Qars müqaviləsi (1921-ci il 13 oktyabr);
- “Dağlıq Qarabağ Muxtar Vilayətinin” yaradılması haqqıda 7 iyul 1923-cü il tarixli Dekret.
Azərbaycanlıların Ermənistandan deportasiyası
- SSRİ Nazirlər Soveti Qərar № 4083 23 dekabr 1947-ci il. Moskva, Kreml.Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında;
- SSRİ NAZİRLƏR SOVETİ Qərar № 754 10 mart 1948-ci il Moskva, Kreml.Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi üzrə tədbirlər haqqında;
- Azərbaycanlıların Ermənistandan köçürülməsi (deportasiyası).
Azərbaycan Respublikası
BMT
ATƏT
- Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi, Şuranın birinci əlavə görüşü, Helsinki, mart 1992-ci il. Nəticələrin xülasəsi;
- Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi 1994-cü il Budapeşt Sammiti;
- Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı 1996-cı il Sammiti Lissabon 2-3 Dekabr 1996-cı il.
İslam Konfransı Təşkilatı
- İslam Konfransı Təşkilatı tərəfindən qəbul edilmiş 13/30-P saylı qətnamə;
- İslam Konfransı Təşkilatı tərəfindən qəbul edilmiş 21/30-E saylı qətnamə;
- İslam Konfransı Təşkilatı tərəfindən qəbul edilmiş 10/30-C saylı qətnamə.
AŞPA
- Ermənistan və Dağlıq Qarabağda həbs edilmiş hərbi əsirlər və girovlar;
- Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş genosidin etiraf edilməsi;
- Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması;
- Azərbaycanın mədəni irsinin dağıdılması və ələ keçirilməsi;
- Azərbaycan Respublikasında ekoloji vəziyyət;
- Azərbaycanda Qaçqın və Məcburi Köçkünlərin Avropada Təhsil Sahəsində Gələcək İnkişaf Proqramı;
- Ermənistan-Azərbaycan münaqişəsi;
- Azərbaycanda qaçqın qadın və uşaqların humanitar vəziyyəti;
- Azərbaycanın işğal olunmuş ərazilərində nüvə texnologiyası və nüvə tullantıları;
- Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin dayaq olduğu terrorçu təşkilatlar şəbəkəsi;
- Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində tarixi qəbiristanlıqların dağıdılması və ermənilər tərəfindən yeni daimi “qəbiristanlıqların” yaradılması;
- Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında insan hüquqlarının bərpa edilməsi;
- Avropa Şurası Parlament Assambleyasının 1416 nömrəli Qətnaməsi, 2005-ci il;
- Avropa Şurası Parlament Assambleyasının 1690 nömrəli tövsiyəsi, 2005-ci il.
“DƏMİR YUMRUQ” ƏMƏLİYYATI
Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün Ermənistan Respublikası ilə müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı. Beynəlxalq təşkilatların sülh platformaları ilə yanaşı, Azərbaycan region ölkələrinin də münaqişənin həlli istiqamətindəki təşəbbüslərində yaxından iştirak edirdi. Lakin uzun illər ərzində aparılan sülh danışıqları nəticəsiz idi.
2018-ci ildə Ermənistanda hakimiyyətə gəlmiş Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi populist bəyanatları, Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri və bu təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın Müdafiə naziri David Tonoyan ABŞ-da rəsmi səfərdə olarkən, “yeni torpaqları üçün yeni müharibə” çağırışı münaqişənin sülh yolu ilə həlli imkanlarını sarsıtdı.
2020-ci ilin iyul ayında ermənilər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi.
Avqust ayında təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş, lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş və qrupun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür.
Birbaşa hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq, Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPG, PKK terrorçularının, o cümlədən Beyrut limanında baş tutan partlayışlardan sonra minlərlə Livan ermənilərinin köçürülməsi münaqişəni daha da alovlandırdı. Situasiyanın gərginliyi 2020-ci ilin avqust ayının sonlarında Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakobyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal olaraq təşkil olunmuş hərbi təlimdə iştirakını ictimailəşdirməsi ilə pik həddə çatdı. Ermənistan tərəfinin bu qəbildən olan səmərəsiz və təhrikedici bəyanatları və hərəkətləri danışıqlar prosesindən tamamilə imtina anlamına gəlirdi.
25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformat çıxışında Ermənistanın son təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir.
Döyüşlərin gedişi
2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozmasına cavab olaraq həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış və respublika ərazisində hərbi vəziyyət elan olunmuşdur. 28 sentyabrda ölkədə qismən səfərbərlik elan edilmişdir.
Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyən işğalçı ölkənin ordusunun müdafiə səddi qısa zaman ərzində yarıldı. Başlanğıcda bir sıra kəndləri və strateji yüksəklikləri işğaldan azad edən ordumuz 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhərini işğaldan azad etdi. Döyüşlərin gedişi zamanı ümumilikdə uzun illər işğal altında olmuş 300-dək yaşayış məntəqəsi, o cümlədən Tərtər, Xocavənd, Xocalı rayonlarının böyük bir hissəsi döyüş meydanında azad edildi.
“ŞUŞA” ƏMƏLİYYATI
Vətən müharibəsinin gedişində unikal əməliyyatlardan biri — Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda, şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.
Azərbaycan ordusunun bölmələri oktyabrın ortalarında uğurlu əməliyyat nəticəsində Hadrut qəsəbəsi və ətraf kəndləri işğalçılardan azad etmişdilər. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur.
Həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada davam etməli idi. Azərbaycan Prezidenti İlham Əliyev daha sonra bunu təkrar vurğulayaraq Azərbaycan əsgərlərinin Şuşa şəhərinə çatmaq üçün yarğanları, meşələri və dağları keçdiklərini qeyd etmişdir. Erməni komandanlığı Azərbaycan qoşunlarına Qırmızı Bazar ətrafında müqavimət göstərməyi hesablamışdı, oradan Şuşakəndə yol gedir, sonra isə həmin yol Şuşaya qalxır. Ermənistan ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın istiqaməti idi. Lakin Azərbaycan ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli görülməmiş qərar verir. Şuşaya sıx Qarabağ meşələrindən istiqamət götürülür.
Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da noyabrın 4-də strateji Şuşa-Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir.
Noyabrın 6-da yüngül silah-sursat ilə təchiz edilmiş, hərəsi 100 nəfərdən ibarət olan dörd qrupa bölünmüş 400 nəfərlik Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırımlarına iplərlə dırmaşaraq səhər saatlarında şəhərə dörd tərəfdən daxil olmuş və şəhərdə dərhal döyüşlər başlamışdır. Yüzlərlə itki verən erməni silahlıları günortadan sonra şəhərdən tam çıxarılmışdır. Şəhərə nəzarəti yenidən bərpa etmək məqsədi ilə ermənilərin Şuşaya hücum cəhdləri boşa çıxmış, Azərbaycan ordusunun ciddi müqaviməti nəticəsində erməni silahlıları geri oturdulmuşdu. Noyabrın 7-də Şuşaya Ermənistan tərəfindən qadağan olunmuş İsgəndər-M ballistik raketləri atılsa da, bu döyüşün taleyini dəyişə bilməmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Ermənistanın Baş naziri Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan azad edildi.
ERMƏNİSTANIN MÜHARİBƏ CİNAYƏTLƏRİ
44 günlük müharibə zamanı təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib.
27 sentyabr – 10 noyabr 2020-ci il tarixləri ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb. Döyüş meydanında məğlub duruma düşən Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulub, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb.
2020-ci ilin təkcə 11 oktyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Həmçinin bildirilib ki, bu hadisədən bir neçə gün sonra, oktyabrın 17-də baş verən terror aktı zamanı 15 nəfər həlak olub, 50-dən çox şəxs xəsarət alıb. Ümumilikdə isə Gəncə 2020-ci ilin oktyabrında 5 gün – 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket atəşlərinə tutulub. Nəticədə 26 şəxs həlak olub, 120-dən artıq dinc sakin yaralanıb, irimiqyaslı dağıntılar baş verib.
Əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər tipli dağıdıcı raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədini daşıyıb.
Bərdə şəhərinə raket hücumu zamanı qadağan olunmuş kaset tipli bombalardan istifadə edilib.
2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları nəticəsində 27 nəfər həlak olub, 70 nəfərdən artıq insan yaralanıb. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin mərkəzinə hər birinin içərisində 72 ədəd, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli böyük dağıdıcı qüvvəyə malik 2 ballistik raket zərbəsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
27 sentyabr – 10 noyabr 2020-ci il tarixləri ərzində düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Əcnəbilərin, muzdluların və terror qruplaşmalarının müharibədə iştirakı
Münaqişədən əvvəl türk mənbələri İraq və Suriyadan bir çox YPG və PKK üzvünün Azərbaycana qarşı erməni yaraqlıları yetişdirmək üçün Dağlıq Qarabağa köçürüldüyünü xəbər vermişdi. 30 sentyabrda Türkiyə mənbələri 300-ə yaxın PKK döyüşçüsünün İran vasitəsilə Dağlıq Qarabağa köçürüldüyünü bildirdi. 28 sentyabrda Azərbaycan Silahlı Qüvvələrindən verilən məlumata görə, erməni itkiləri arasında Suriyadan və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni mənşəli muzdlular var. 30 sentyabr tarixində Hikmət Hacıyev “beynəlxalq ictimaiyyətin Ermənistanın terrorçu qüvvələrini Azərbaycana qarşı istifadə etməsinə adekvat reaksiya verməli” olduğunu bildirdi. Bir sıra PKK, YRG mənsubları da sonralar müxtəlif mətbuat orqanlarına verdikləri müsahibələrdə terror təşkilatı üzvlərinin Qarabağda ermənilər tərəfdə döyüşdüyünü etiraf etmişdilər.
Bundan əlavə, Livan, Suriya, Fransa və bəzi Latın Amerikası ölkələrində yaşayan erməniəsilli vətəndaşların erməni diasporunun çağırışları ilə beynəlxalq hüquq prinsiplərinə zidd olaraq döyüşlərdə iştirakı məlum olmuşdur. 1 oktyabr tarixində Suriya İnsan Haqları Monitorinq mərkəzi erməniəsilli suriyalı döyüşçülərin Suriyadan Ermənistana aparıldığını təsdiqləydi.
AZƏRBAYCANIN HƏRBİ ÜSTÜNLÜYÜ
Azərbaycan Respublikasının siyasi-iqtisadi inkişaf kontekstində ordu quruculuğunun təkmilləşdirilməsi də hər zaman prioritet vəzifələrdən biri olub. Son illərdə Azərbaycanın iqtisadi qüdrətinin artması, maliyyə imkanlarının genişlənməsi ordu quruculuğu ilə bağlı qarşıya qoyulan hədəfləri reallaşdırmağa imkan verib. Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Son 10 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb. Azərbaycan ordusunun arsenalında ən müasir silahlar – PUA-lar, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri və digər texnikalar yer alıb. Ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu və peşəkarlığı mühüm amillərdəndir. Uzun illər ərzində Azərbaycan ordusunda döyüş qabiliyyətinin artırılması istiqamətində işlər aparılmış, şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi daim diqqət mərkəzində olmuşdur. Hazırda Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır.
Azərbaycan ordusu 44 günlük müharibə ərzində “Harop” zərbə pilotsuz aparatlarından, İsraillə birgə Azərbaycanda istehsal olunan “Zərbə” dronlarından və digər PUA-lardan, o cümlədən Türkiyə istehsalı olan “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən geniş istifadə edib.
Azərbaycan ordusunun silahlanmasında yer alan, düşmənin texnikası və canlı qüvvəsini darmadağın edən “Bayraktar TB2”, “HAROP”, “İtiqovan”, “Zərbə”, “Orbiter” PUA-ları real döyüş şəraitində özünü doğrultmuş yüksək texnologiyaya malik müasir silahlardır.
Təkcə “Bayraktar TB2” dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edib. Dronlar həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələrin endirilməsi, həm də artilleriya atəşini korreksiya etmək və kəşfiyyat aparmaq məqsədləri ilə tətbiq olunub.
Döyüş əməliyyatlarında Müdafiə Nazirliyinin şəxsi heyəti ilə yanaşı, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların, Xarici Kəşfiyyat Xidmətinin bölmələri, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələri də iştirak ediblər.
İkinci Qarabağ müharibəsində Ermənistanın məhv edilmiş və qənimət götürülmüş hərbi texnikası
44 gün davam edən müharibə nəticəsində Ermənistan 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 126 piyadaların döyüş maşını, 352 müxtəlif çaplı top, 22 ədəd pilotsuz uçuş aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən məhrum olub. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib. Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət kimi götürdüyü hərbi texnikasının dəyəri minimum qiymətləndirmə əsasında ən azı 3,8 milyard ABŞ dolları dəyərindədir.
BEYNƏLXALQ REAKSİYALAR
Türkiyə
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: “Erməni xalqını onları fəlakətə aparan hökumətlərinə və bir kukla kimi oynadanlara qarşı çıxmağa, gələcəklərinə sahib çıxmağa dəvət edirəm. Bütün dünyanı işğala və zülmə qarşı verdikləri mübarizədə Azərbaycanın yanında olmağa çağırıram. 30 ilə yaxındır məsələyə etinasız yanaşan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həll üçün fəaliyyətdən, təəssüf ki, çox uzaqdır. Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük təhdid olduğunu növbəti dəfə göstərib. Türk milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır”.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu: “Bu problemin həlli çox sadədir. Bunun üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”.
Türkiyənin Müdafiə naziri Hulusi Akar: “Türkiyə hər zaman olduğu kimi Azərbaycanın yanındadır. Ermənistanın mövqeyi Qafqazda sülh və sabitliyin ən böyük əngəldir”.
Qardaş Türkiyə Cümhuriyyəti Vətən müharibəsində birmənalı şəkildə Azərbaycanın yanında olduğunu sözdə və əməldə nümayiş etdirdi.
Böyük Britaniya
Böyük Britaniya İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, onun ərazi bütövlüyünü dəstəkləmişdir. BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Təhlükəsizlik Şurasının sədri adından hazırlanan və Azərbaycanın əleyhinə olan bəyanat layihəsi BMT TŞ-nin daimi üzvü olan Böyük Britaniyanın vetosu ilə qəbul edilməmişdir.
ABŞ
ABŞ Dövlət katibinin birinci müavini Stiven Biqan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla əlaqə saxlayaraq hər iki tərəfi dərhal hərbi əməliyyatları dayandırmağa, vəziyyətin daha da gərginləşməməsi üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə və regiondakı gərginliyi daha da artıran ritorika və hərəkətlərdən uzaq olmağa çağırıb.
ATƏT-in Minsk qrupunun amerikalı sabiq həmsədri Riçard Hoqland: “Beynəlxalq hüquqa görə, Ermənistan başqa bir suveren dövlət olan Azərbaycanın ərazisinə soxulub və işğal edib. ABŞ-ın əsas siyasəti bütün millətlərin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək və qorumaqdır”.
Rusiya Federasiyası
Rusiya prezidenti Vladimir Putin: “Ermənistan KTMT çərçivəsində müttəfiqdir, amma Dağlıq Qarabağ Ermənistana aid deyil, odur ki, Qarabağ ərazisindəki hərbi əməliyyatlarla bağlı Rusiya vasitəçilikdən savayı, hər hansı öhdəlik daşımır”.
Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin tərəflərini dərhal atəşi dayandırmağa çağırıb. 44 günlük müharibə dövründə Rusiyadan Ermənistana daşınan silah-sursat və hərbi texnikanın sayının artırılması ilə bağlı məlumatlar yayılmışdı. Məlumatlara görə, silah-sursat və hərbi texnika Gürcüstan tərəfindən hərbi yüklərin onun ərazisindən daşınmasına qoyulan qadağa ilə əlaqədar olaraq Qazaxıstan-Türkmənistan-İran hava yolu marşrutu üzrə daşınmışdır. Rusiya tərəfi dəfələrlə rəsmi olaraq daşınan yüklərin silah-sursat və hərbi texnika deyil, Ermənistandakı Rusiya hərbi bazasının ehtiyacları üçün tikinti materialı olduğunu bildirmişdir.
İtaliya
İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, onun ərazi bütövlüyünü dəstəkləmişdir. İtaliyanın Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələri, Milan əyalətinin Korbetta şəhər Bələdiyyə Şurası Ermənistanın Azərbaycana qarşı təcavüz, etnik təmizləmə, soyqırımı siyasətini pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul edib.
Fransa
Fransa İrəvan və Bakını hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqları yenidən başlamağa çağırıb. Fransa Xarici İşlər Nazirliyinin sözçüsü etdiyi açıqlamada “Fransa qarşıdurmadan son dərəcə narahatdır” ifadəsini işlətmişdir.
Fransa Azərbaycan-Ermənistan arasında baş verən münaqişədə işğalçı Ermənistanı dəstəkləmişdir. Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan və Azərbaycan arasında baş verən münaqişə ilə bağlı bəyanatı bu münaqişəli məsələnin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir və bu missiyanı şübhə altına alır. Fransa Respublikası Senatının 2020-ci il noyabrın 25-də qəbul etdiyi “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair qətnamə layihəsi haqlı olaraq Azərbaycanın etirazına səbəb olmuşdur.
Gürcüstan
Prezident Salome Zurabişvili tərəfləri barışığa çağırmış, bölgədə sülh və əmin-amanlığın qorunmasını dəstəklədiyini bildirmişdir. Gürcüstan Respublikasının 3-cü Prezidenti Mixeil Saakaşvili öz Facebook səhifəsində “Mənim mövqeyim ərazi bütövlüyü prisipinə əsaslanır, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcək” fikrini ifadə etmişdir. Gürcüstan 44 günlük müharibə dövründə onun ərazisindən və hava məkanından istifadə olunaraq Ermənistana hərbi yüklərin daşınmasına qadağa qoyub.
Serbiya
44 günlük müharibədən əvvəl və müharibə dövründə Serbiyanın Ermənistana silah satması haqqında təkzibolunmaz məlumatlar əldə olunmuşdur. Bu isə Azərbaycanın narazılığına səbəb olub və bu ölkəyə etiraz bildirilib.
Yunanıstan
44 günlük müharibə dövründə dolayısı ilə Ermənistanı dəstəkləmişdir.
Almaniya
Almaniya Xarici İşlər naziri Hayko Maas “Ermənistan və Azərbaycan detallı danışıqların lehinə güc tətbiqindən dərhal imtina etməlidir” deyib və münaqişənin hər iki tərəfini dərhal bütün hərbi əməliyyatların dayandırılmasına çağırmışdır. Həmçinin kənd və qəsəbələrin atəşə tutulmasından da olduqca narahat olduğunu bildirmişdir.
İran İslam Respublikası
İran Xarici İşlər nazirinin sözçüsü Səid Xətibzadə İranın hərbi toqquşmaları diqqətlə izlədiyini, Tehranın Azərbaycan və Ermənistan arasında atəşkəs əldə olunması üçün vasitəçilik etməyə hazır olduğunu bildirib. Müharibə ərzində İran ərazisindən Ermənistana hərbi yüklərin daşınması haqqında yayılan məlumatları İran rəsmiləri təkzib etmişdir. İran öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. İranın müxtəlif şəhərlərində Azərbaycanın qələbələrinə dəstək aksiyaları da diqqəti cəlb edirdi. Şuşanın azad edilməsi və Azərbaycanın İranla sərhədi nəzarətə götürməsi Təbriz, Ərdəbil və digər şəhərlərdə xüsusi sevinclə qarşılandı. Azərbaycan ordusunun işğalçılara zərbələr endirilməsinin Arazın o biri tayından izlənilməsinə dair görüntülər internetdə xeyli izləndi.
Pakistan
Pakistan Xarici İşlər Nazirliyi: “Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatını dayandırmalıdır. Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyirik və bu, yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur.” Qardaş Pakistan 44 günlük müharibə dövründə Azərbaycanın yanında olduğunu açıq nümayiş etdirdi.
Qazaxıstan
Qazaxıstan Xarici İşlər Nazirliyi vəziyyəti sabitləşdirmək, güc tətbiqindən imtina etmək və danışıqlara başlamaq üçün bütün tədbirləri görməyə çağıraraq, münaqişənin beynəlxalq təşkilatlar platformasında sülh yolu ilə həll olunmasına köməyini təklif etdiyini bildirib.
Əfqanıstan
Əfqanıstanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ bölgəsindəki gərginliklə bağlı bəyanat yayıb. “Dağlıq Qarabağ bölgəsi beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınıb. Əfqanıstan Dağlıq Qarabağdakı işğala son qoyulmasını tələb edir “ — deyə XİN-in bəyanatında vurğulanıb.
Bosniya və Herseqovina
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin boşnak üzvü Şefik Djaferoviç və Demokratik Fəaliyyət Partiyasının lideri Bakir İzetbegoviç Azərbaycana dəstək verdiklərini, Ermənistanı qınadıqlarını və vəziyyəti 1992–1995-ci illər arasında Bosniya müharibəsi ilə müqayisə etdiklərini söylədi.
İsrail
Yisrael Beiteinu partiyasının lideri, ölkənin keçmiş Xarici İşlər və Müdafiə naziri Aviqdor Liberman yerli “Vesti” nəşrinə açıqlamasında Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu xatırladıb: “Elə buna görə də BMT üzvü olan heç bir dövlət, o cümlədən Ermənistanın özü də Dağlıq Qarabağı suveren qurum kimi tanımayıb. Tarixi gerçəklik, beynəlxalq hüquq, İsrail dövlətinin mənafeyi baxımdan bizim mövqeyimiz tamamilə birmənalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu ərazi bütövlüyü bərpa olunmadan regionda məsələnin həllinin mümkün olmadığını düşünürük. Azərbaycanın ərazi bütövlüyü tarixi, beynəlxalq, milli mənafe baxımdan İsrailin rəsmi mövqeyidir”, — deyə bildirib.
Macarıstan
Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin verdiyi bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşir
Beynəlxalq təşkilatların münasibəti
Avropa İttifaqı
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi tərəflərini döyüş əməliyyatlarını dayandırmağa, gərginliyi azaltmağa və atəşkəsə ciddi əməl etməyə çağırıb. Həmçinin Avropa İttifaqı Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Cozef Borrellin bəyanatında ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə heç bir ilkin şərt qoyulmadan danışıqlara dərhal qayıtmağın zəruriliyi vurğulanmışdır. Ümumiyyətlə, Avropa qurumları münaqişəyə münasibətdə ikili standartlar nümayiş etdirmiş, Azərbaycanın beynəlxalq hüquqda təsbit olunan ərazi bütövlüyünü bərpa etmək hüququnu real olaraq dəstəkləməmişdir.
BMT
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş “hər iki tərəf dərhal döyüşləri dayandırmalı, gərginliyi azaltmalı və təxirə salınmadan danışıqlara qayıtmalıdır” sözləri ilə çıxış edib. Təşkilat 29 sentyabrda vəziyyətlə bağlı qapalı formada təcili müzakirə keçirib.
ATƏT
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa və danışıqlara qayıtmağa çağırdı.
Qoşulmama Hərəkatı
Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini ifadə edib və Hərəkatın prinsipial mövqeyinə uyğun olaraq, Azərbaycan Respublikası ilə həmrəy olduqlarını bildiriblər.
Türk Şurası
Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki hərbi qarşıdurmadan dərin narahatlığını bildirdi. Türk Şurası Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qorumağa çağırdı və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb etdi.
ÜÇTƏRƏFLİ BƏYANAT
Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:
1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.
2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.
3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.
Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.
8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.
9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.
10 noyabr 2020-ci il.
Azərbaycan Respublikasının Prezidenti
Ermənistan Respublikasının baş naziri
Rusiya Federasiyasının Prezidenti
AZAD OLUNAN ƏRAZİLƏR
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. 44 gün ərzində həyata keçirilən sürətli döyüş əməliyyatları ilə Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunub.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Noyabrın 10-da hərbi əməliyyatlar dayandırıldıqdan sonra, Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərbaycanın suveren hüquqları tanınmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.
Düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı:
27 sentyabr 2020-ci il:
- Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri;
- Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri;
- Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər.
3 oktyabr 2020-ci il:
- Tərtər rayonunun Suqovuşan və Talış kəndləri;
- Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri;
- Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi.
4 oktyabr 2020-ci il:
- Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri.
5 oktyabr 2020-ci il:
- Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri.
9 oktyabr 2020-ci il:
- Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi;
- Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri;
- Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndləri;
- Tərtər rayonunun Çaylı kəndi.
14 oktyabr 2020-ci il:
- Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri;
- Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri.
15 oktyabr 2020-ci il:
- Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri;
- Füzuli rayonunun Arış kəndi;
- Cəbrayıl rayonunun Doşulu kəndi.
16 oktyabr 2020-ci il:
- Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri.
17 oktyabr 2020-ci il:
- Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri.
18 oktyabr 2020-ci il:
- Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı.
19 oktyabr 2020-ci il:
- Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri.
20 oktyabr 2020-ci il:
- Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri;
- Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri
- Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri
- Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri.
21 oktyabr 2020-ci il:
- Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri;
- Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri;
- Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri.
22 oktyabr 2020-ci il:
- Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi;
- Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri;
- Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri.
23 oktyabr 2020-ci il:
- Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri;
- Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri;
- Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri;
- Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri.
25-26 oktyabr 2020-ci il:
- Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri;
- Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri;
- Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.
28 oktyabr 2020-ci il:
- Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri;
- Füzuli rayonunun Mandılı kəndi;
- Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri;
- Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.
30 oktyabr 2020-ci il:
- Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri;
- Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri;
- Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri.
2 noyabr 2020-ci il:
- Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri;
- Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri;
- Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri.
4 noyabr 2020-ci il:
- Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri;
- Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri;
- Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri.
7 noyabr 2020-ci il:
- Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri;
- Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri;
- Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri;
- Zəngilan rayonunun Beşdəli kəndi;
- Xocalı rayonunun Qarabulaq, Moşxmaat kəndləri;
- Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri.
8 noyabr 2020-ci il:
- ŞUŞA şəhəri.
9 noyabr 2020-ci il:
- Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri;
- Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri;
- Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Böyük Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri.;
- Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri;
- Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri;
- Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi;
- Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri.
20 noyabr 2020-ci il:
- Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi azad olunub. Xatırladaq ki, Ağdam işğal edilmiş rayonlarımızın arasında əhalisinin sayına görə ən böyük rayondur. Rayonda 138 yaşayış məntəqəsi var.
25 noyabr 2020-ci il:
- Üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu da Azərbaycana təhvil verilib. Qeyd edək ki, Kəlbəcər ərazi baxımından respublikamızın ən böyük rayonlarından biridir. 2020-ci il yanvarın 1-nə olan məlumata görə, əhalisi 77 min nəfərdən çoxdur. İşğaldan əvvəl rayonda 147 yaşayış məntəqəsi olub.
1 dekabr 2020-ci il:
- Üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan Silahlı Birləşmələri Laçın rayonundan çıxıblar. Rayon Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib. Qeyd edək ki, ərazisi 1800 kvadratkilometr olan Laçın rayonunda bir şəhər, bir qəsəbə və 125 kənd olmaqla, ümumlikdə 127 yaşayış məntəqəsi var.