Bağlıyıq Azərbaycana

Tarix

AZƏRBAYCAN TARİXİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Şimaldan  ̶  Baş Qafqaz dağları, qərbdən  ̶  Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən  ̶  Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı bu ərazidə  ̶  tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Azərbaycan adının tarixi tələffüzü cürbəcür olmuşdur. Qaynaqlarda bu ad qədimdən başlayaraq Andirpatian, Atropatena, Adirbican, Azirbican və nəhayət, Azərbaycan şəklində işlənmişdir.

Azərbaycanın qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında yazılır. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş əşyalar, tarixi qaynaqlar və ekspedisiyalar zamanı toplanan etnoqrafik materiallar Azərbaycanın adət-ənənələrini, maddi-mənəvi mədəniyyətini, keçmiş idarə formalarını, ailə münasibətlərini öyrənməyə imkan vermişdir.  

Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.

Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. 

Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın  ̶  Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir.

Bu nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir.

Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.

Eramızdan əvvəl I minillikdə – bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.

Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər.

Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər.

Eramızın ilk yüzilliklərindən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş  ̶  təkallahlı din yox idi. Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş — tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında  ̶  Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi. Lakin müstəqil Alban kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.

VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı.

İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi. Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu. İslam dini onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans imperiyasına və onun himayə etdiyi erməni və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi.

IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı.

Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı.

600 ilə qədər davam edən Sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi) yaranması, islam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı.

İslam dini, eyni zamanda, Azərbaycanı idarə edən ayrı-ayrı feodal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şəraitdə bütün Azərbaycan əhalisinin  ̶  həm xalqımızın təşəkkülündə başlıca rol oynayan müxtəlif türk tayfalarının, həm də onlarla qaynayıb-qarışmaqda olan qeyri-türk etnoslarının yadelli qəsbkarlara qarşı vahid qüvvə halında birləşməsində də mütərəqqi rol oynadı.

Ərəb xilafətinin tənəzzülündən sonra IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakülər, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa türk-islam sülalələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın deyil, eyni zamanda bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular.

XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu.

Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. Bəhs olunan dövrdə Azərbaycan dövlətləri Yaxın və Orta Şərqin beynəlxalq münasibətlərində, hərbi-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, Avropa-Şərq münasibətlərində də çox fəal iştirak edirdilər.

Azərbaycanın böyük dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi “Qanunnamə” hazırlatmışdı. Böyük hökmdar Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə “Kitabi-Diyarbəkriyyə” adlı Oğuznamə yazdırmışdı.

XV əsrin sonu – XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi.

Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti  ̶   Səfəvi dövləti meydana gəldi.

Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi.

Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.

Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Azərbaycanın əfşar-türk elindən çıxmış bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla, Şimali Hindistanı da ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı.

Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı. Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə  ̶  xanlıqlara və sultanlıqlara parçalandı.

XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar.

Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya arasında uzun sürən müharibələr dövrü başlandı.

Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi.

Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən, Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı.

Beləliklə, Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: “Şimali Azərbaycan” (və ya “Rusiya Azərbaycanı”) və “Cənubi Azərbaycan” (və ya “İran Azərbaycanı”).

Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürdü. Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında – keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə “Erməni vilayəti” yaradıldı. Bununla, Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.

Bundan əlavə, Rusiya 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu erməni Qriqorian kilsəsinin tabeçiliyinə verdi. Bununla da Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı. Ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu. Bütün bunlarla kifayətlənməyən çar Rusiyası daha çirkin siyasətə də əl atdı: erməniləri silahlandıraraq türk-müsəlman əhali üzərinə qaldırdı və azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsinə başlandı. Bununla azərbaycanlılara və Cənubi Qafqazın bütün türk-müsəlman əhalisinə qarşı soyqırımları dövrü başlandı.

Şimali Azərbaycanda azadlıq mübarizəsi misli görünməmiş faciələrlə nəticələndi. Burada hakimiyyəti ələ keçirən S.Şaumyanın daşnak-bolşevik hökuməti 1918-ci ilin martında Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı həyata keçirdi. Qardaş Türkiyə Azərbaycana kömək əlini yetirdi. Azadlıq hərəkatı qalib gəldi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika  ̶  Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.

Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: Birinci dövr  ̶   1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal bəyannaməsini qəbul etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək cəmi 17 ay davam etmişdir.

Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il-27 aprel 1920-ci il) olmuşdur.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.

Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.

Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Şimali Azərbaycanda müstəqil Azərbaycan dövlətçiliyinə son qoyuldu. 1920-ci il aprelin 28-də Cümhuriyyət ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu.

Sovet işğalından dərhal sonra ölkədə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış müstəqil dövlət idarəçiliyi sisteminin dağıdılmasına başlandı.

Ölkənin hər yerində “qırmızı terror” tüğyan edirdi. Bolşevik rejiminin möhkəmlənməsinə müqavimət göstərə biləcək hər kəs “xalq düşməni”, “əksinqilabçı” və ya “təxribatçı” adı ilə dərhal “qırmızı terror”un qurbanı olurdu.

Beləliklə, 1918-ci ilin Mart soyqırımından sonra, faktiki olaraq, Azərbaycan xalqına qarşı yeni soyqırım başlanmışdı. Fərq onda idi ki, bu dəfə millətin say-seçmə adamları  ̶ Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri, generallar, Milli Ordunun yüksək rütbəli zabitləri, qabaqcıl ziyalılar, din xadimləri, partiya rəhbərləri, siyasi xadimlər, məşhur alimlər məhv edilirdi. Bolşevik-daşnak güruhu bu dəfə düşünülmüş surətdə xalqın ancaq “qaymağını” məhv edir, onu başsız qoymağa çalışırdı. Bu, əslində 1918-ci ilin Mart soyqırımından daha amansız, daha dəhşətli soyqırım idi.

1921-ci il mayın 6-da Azərbaycan SSR-in birinci sovetlər qurultayının çağırılması ilə Şimali Azərbaycanın sovetləşdirilməsi başa çatdırıldı. Mayın 19-da Azərbaycan SSR-in birinci Konstitusiyası qəbul olundu.

Azərbaycan xalqı özünün müstəqil hakimiyyətindən məhrum edildikdən sonra onun sərvətlərinin talan olunmasına başlandı. Torpaq üzərində xüsusi mülkiyyət ləğv olundu. Ölkənin bütün təbii sərvətləri milliləşdirildi, daha doğrusu, dövlət mülkiyyəti hesab olundu. Neft sənayesini idarə etmək üçün xüsusi olaraq Azərbaycan Neft Komitəsi yaradıldı və bu komitəyə rəhbərlik V.İ.Lenin tərəfindən Bakıya göndərilmiş A.P.Serebrovskiyə tapşırıldı. Beləliklə, hələ 1920-ci il martın 17-də Qafqaz Cəbhəsinin Hərbi-İnqilab Şurasına göndərdiyi teleqramda “Bakını almaq bizə olduqca və olduqca zəruridir” deyə Şimali Azərbaycanın işğalına göstəriş vermiş V.İ.Lenin öz arzusuna çatdı. Bakı nefti Sovet Rusiyasının əlinə keçdi.

30-cu illərdə bütövlükdə Azərbaycan xalqına qarşı repressiya aparılırdı. Təkcə 1937-ci ildə 29 min adam repressiyaya uğradı. Hamısı da ən layiqli Vətən övladları. Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi və başqaları kimi onlarla mütəfəkkirlərini, nadir ziyalılarını itirdi. Xalqın zəka potensialı, onun ən qeyrətli şəxsiyyətləri məhv edildi. Bu dəhşətli zərbədən sonra Azərbaycan xalqı on illərlə özünə gələ bilmədi.

1948-1953-cü illərdə azərbaycanlıların öz ulu Vətənləri olan Qərbi Azərbaycandan (Ermənistan SSR adlanan ərazidən) kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı. Ermənilər Qərbi Azərbaycan torpaqlarında daha da möhkəmləndilər. Onların bu ərazidə sayca üstünlüyü təmin olundu.

Azərbaycan xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən 60-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində  ̶  həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı.

Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin Birinci dövrü başlandı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı.

Böyük siyasətçi iqtisadiyyat (o cümlədən kənd təsərrüfatı) və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə (o vaxtkı terminologiya ilə desək, inzibati-iqtisadi vahidə) çevirmək onun planlarının başında gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı.

1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.

Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə  ̶  yüksəliş mərhələsinə daxil olması demək idi.

Azərbaycan dövlətçilik tarixinin sonuncu mərhələsi SSRİ-nin süqutu ərəfəsində 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə başlanmışdır və bu gün də uğurla davam edir.

Tarix boyu Azərbaycan dövlətləri yüksəliş və tənəzzül dövrləri keçirmiş, daxili parçalanmalara, xarici işğallara məruz qalmışdır. Azərbaycan həmişə qonşularla sülhsevər, dinc münasibətlər saxlamışdır. Lakin sülhsevər qonşular, xüsusilə Qərbi Azərbaycanda məskunlaşmış ermənilər Azərbaycan torpaqlarına daim göz dikmiş, fürsət düşdükcə müəyyən əraziləri işğal etmişlər.

Ermənistan silahlı qüvvələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar  yaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı həyata keçirildi. Şuşa rayonu 1992-ci il mayın 8-də, Xocavənd rayonu isə 1992-ci il oktyabrın 2-də erməni silahlı qüvvələri tərəfindən işğal edildi.

Məhz bu dövrdə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən faciəli hadisələrindən biri törədildi  ̶  Dağlıq Qarabağda 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri keçmiş Sovet ordusunun 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə darmadağın edildi.

Beləliklə, 1988-ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun (Laçın – 1992-ci il 18 may, Kəlbəcər – 1993-cü il 2 aprel, Ağdam – 1993-cü 23 iyul, Cəbrayıl – 1993-cü il 23 avqust, Füzuli – 1993-cü il 23 avqust, Qubadlı – 1993-cü il 31 avqust, Zəngilan – 1993-cü il 29 oktyabr) ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün düşmüş və  respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektində  müvəqqəti məskunlaşmışdır.

Xalq hərəkatının daha da gücləndiyi şəraitdə 1992-ci ilin martında respublikaya rəhbərlik edən A.Mütəllibov istefa verdi. Yaranmış hakimiyyət boşluğu Azərbaycan Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi. Bunun nəticəsində 1992-ci ilin mayında erməni və sovet hərbi birləşmələri Şuşanı da ələ keçirdilər. Bununla da faktiki olaraq ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal etdilər. Növbəti addım Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu. Azərbaycan Xalq cəbhəsinin hakimiyyəti (1992 may-1993 iyun) dövründə davam edən yeni hakimiyyət çəkişmələri respublikanın müdafiəsinə ağır zərbə vurdu. 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. İyun ayında Azərbaycanda dərin siyasi böhran baş verdi. Xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı.

1994-cü il 12 may tarixində Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi imzalanmışdır. Ancaq buna baxmayaraq erməni silahlı qüvvələri tez-tez bu rejimi pozmuş, dinc əhalini və Azərbaycan silahlı qüvvələrini atəşə tutmuşlar.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hərbi münaqişə özünün həcminə görə razılaşdırılmış atəşkəs rejimindən sonra təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi.

Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

2020-ci ilin iyulunda dövlət sərhədinin Tovuz rayonu istiqamətində pozulması, işğal olunmuş ərazilərimizdə Livan ermənilərinin yerləşdirilməsi göstərdi ki, bundan sonra sülh danışıqları aparmağın faydası yoxdur. Ermənistanın avqust ayında Goranboy istiqamətində törətmək istədiyi diversiya, könüllü hərbi birliklərin yaradılmasına başlaması isə yeni müharibəni tamamilə labüd etmişdi.

2020-ci il sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə başlayan və buna cavab olaraq Azərbaycan ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Azərbaycan üçün yeni bir tarix yazıldı.

Erməni Silahlı Qüvvələrinin təmas xəttində törətdiyi növbəti təxribatdan sonra Prezident İlham Əliyevin etdiyi xəbərdarlığa uyğun olaraq Azərbaycan hərbi yolla düşməni cəzalandırmağa başladı. Davam edən sürətli əks-hücum əməliyyatı zamanı bir sıra strateji yüksəkliklər, Tərtərin Suqovuşan qəsəbəsi və Talış kəndi, Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Füzuli rayonu, Zəngilan rayonu, Qubadlı rayonu, nəhayət Şuşa şəhəri işğaldan azad edildi.

44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Cəmi 44 gün davam edən Vətən müharibəsi nəinki ərazilərimizin azad edilməsinə, eyni zamanda, işğalçılığa son qoyulmasına, eləcə də 30 ilə yaxın davam edən münaqişənin həllinə gətirib çıxardı.

AZƏRBAYCANIN İLK SAKİNLƏRİ

İlk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixinin öyrənilməsi arxeologiya elminin ən əsas vəzifələrindən biridir. Arxeologiya elmi insanlığın uzaq keçmişini maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir.

Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.

Son 50 ildə Azərbaycan Respublikası ərazisində aparılan kompleks tədqiqatlar nəticəsində qədim insanın meydana gəlməsi, formalaşması və inkişaf etməsi tarixini tədqiq etmək üçün zəngin elmi materiallar və maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Tapılmış elmi materiallar əsasında Azərbaycanın uzaq keçmişinin tarixi, insanlığın ilkin inkişaf mərhələləri və ulu sakinlərin maddi mədəniyyət qalıqlarının xüsusiyyətləri öyrənilir və tədqiq olunur.

Son illərdə Azərbaycan alimlərinin Avropa alimləri ilə birlikdə apardığı elmi tədqiqatlar nəticəsində Azərbaycan ərazisində ibtidai insanların 2 milyon il bundan əvvəl yaşamağa başlamaları sübuta yetirilmişdir. Halbuki, 1950-ci illərin əvvəllərinə qədər respublikamızın ərazisində qədim insan düşərgələrinin olmadığı və burada ibtidai adamların yaşamadıqları göstərilirdi. Lakin son illərdə Azərbaycan alimlərinin apardıqları arxeoloji tədqiqatlar bu fikrin yanlış və əsassız olduğunu göstərdi, respublikamızın ərazisinin qədim insanın yarandığı və formalaşdığı ərazilərdən biri olduğu elmi materiallarla sübuta yetirildi. Eyni zamanda Azərbaycan ərazisində sivilizasiyanın özünəməxsus xüsusiyyətləri olması müəyyən olunmuşdur.

Azərbaycanın Qarabağ ərazisində aparılan kompleks tədqiqatlar nəticəsində paleolit dövrünə aid zəngin düşərgələr qeydə alınmış və elmi tədqiqat işləri aparılmışdır.

Aparılan kompleks elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azərbaycanın ən qədim sakinlərinin əmək alətlərini hazırlaması və onların sonrakı inkişafı üçün minilliklər lazım olmuşdur. Tədqiqatlar göstərir ki, ibtidai insanlar paleolit dövründə əsasən təbii karst mağaralarında, çay kənarlarında, qaya sığınacaqlarında və yaşamaq üçün əlverişli olan yerlərdə məskən salıb yaşamışlar.

Respublikamızın ərazisində paleolit dövrünə aid aparılan tədqiqat işləri nəticəsində daş dövrünün ayrı-ayrı mərhələlərinə aid zəngin arxeoloji düşərgələr Qarabağ ərazisində müəyyən olunmuşdur. 1960-cı ilin yay mövsümündə Qarabağın Quruçay və Köndələnçay vadilərində Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Paleolit arxeoloji ekspedisiyası M.M.Hüseynovun rəhbərliyi altında aparılan arxeoloji kəşfiyyat işləri zamanı Azıx və Tağlar mağara düşərgələrini qeydə almışdır.

Aparılan elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, Qarabağın dağlıq ərazisində karst mağaraları mövcuddur. Lakin hələlik bu diyarda ən zəngin maddi mədəniyyət nümunələrinə malik arxeoloji tapıntılar Azıx və Tağlar mağaralarında qeydə alınmışdır.

Çoxtəbəqəli Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli güşəsində Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə, Füzuli şəhərinin 16 kilometrliyində olub, Tuğ çökəkliyində yerləşir.

Azərbaycan Respublikası ərazisində aparılan elmi tədqiqatlar nəticəsində respublikamızın ərazisində nəinki ibtidai insanların yaşaması isbat olunmuş, eyni zamanda bu diyarda ən qədim sakinlərin uzun müddət məskən salıb formalaşması və Azərbaycan ərazisinin qədim sivilizasiya məskənlərindən biri olması elmi əsaslarla sübuta yetirilmişdir. Bu baxımdan Qarabağ ərazisində aparılmış kompleks elmi tədqiqat işlərinin mühüm elmi əhəmiyyəti vardır.

Azərbaycanın Araz, Quruçay, Arpaçay, Tərtərçay, Viləşçay, Zuvandçay və digər vadilərində aşkar olunmuş Olduvay, Aşel, Mustye, Orinyak, Solyutre, Madlen, Azil, Mezolit, Neolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin maddi mədəniyyət nümunələri haqqında zəngin arxeoloji materiallar tapılmışdır.

Respublikamızın ərazisində tapılan qədim insan düşərgələrindən aşkar olunmuş maddi mədəniyyət qalıqları əsasında burada ibtidai insanların mağara həyatından, əmək alətləri hazırlanmasından, ovçuluq təsərrüfatından, ilkin odla tanışlıqdan, ibtidai tikili yerlərindən, qaya rəsmlərindən və Qarabağın qədim tarixindən xəbər verir. Eyni zamanda dünyanın ən qədim insan məskənlərinin və ilk sakinlərin bu ərazi və düşərgələrdə yaşayıb formalaşma mərhələləri, həmçinin ən qədim tariximiz maddi mənbələr əsasında şərh edir.

Azərbaycanın ilk sakinlərinin düşərgələrində aparılan kompleks elmi tədqiqatlar nəticəsində respublikamızın ərazisində nəinki ibtidai insanların yaşaması isbat olunmuş, eyni zamanda bu diyarda ən qədim insanların uzun müddət məskən salıb formalaşması elmi faktlarla sübuta yetirilmişdir.

AZƏRBAYCAN PALEOLİT DÜŞƏRGƏLƏRİ

Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Paleolit arxeoloji ekspedisiyası Məmmədəli Hüseynovun rəhbərliyi altında 1960-1986-cı illərin iyun-iyul aylarında Azıx paleolit düşərgəsində kompleks şəkildə arxeoloji qazıntı işləri aparmışdır. Aparılan arxeoloji qazıntılar zamanı düşərgənin çöküntülərində 10 arxeoloji təbəqə qeydə alınıb tədqiq olunmuşdur. Düşərgənin

  • I-II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı orta əsrlər, tunc və eneolit dövrlərinə aid maddi mədəniyyət qalıqları; 
  • III təbəqədə aparılan arxeoloji qazıntılar zamanı mustye mədəniyyətinə aid maddi mədəniyyət qalıqları; 
  • IV təbəqədən arxeoloji materiallar qeydə alınmamışdır; 
  • V təbəqədə aparılan arxeoloji qazıntılar zamanı orta aşel; 
  • VI təbəqədən qədim aşel; 
  • VII-X təbəqələrdə aparılan arxeoloji qazıntılar zamanı isə Quruçay mədəniyyətinə aid maddi mədəniyyət nümunələri tapılmışdır.

Azıx düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş arxeoloji materialların olduqca mühüm elmi əhəmiyyəti vardır. Çünki həmin maddi mədəniyyət nümunələri mağara düşərgəsində qədim insanların ilkin məskunlaşmasından xəbər verir. Qədim Azıx sakinlərinin həyatında Quruçay vadisinin mühüm əhəmiyyəti olmuşdur.

Azıx sakinləri əmək alətləri hazırlamaq üçün çay daşlarını məhz Quruçaydan toplayıb mağaraya gətirmişlər. Eyni zamanda Azıx düşərgəsinin sakinləri Quruçay dərəsində ovçuluq və yığıcılıqla məşğul olmuşlar. Aparılan kompleks elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, paleolit dövründə Quruçay dərəsində ibtidai insanların yaşaması üçün zəruri olan bütün nemətlər olmuşdur. Düşərgənin VII-X təbəqələrində aparılan arxeoloji tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət nümunələri yeni bir arxeoloji mədəniyyətin müəyyən olunmasına zəmin yaratdı. Ona görə də VII-X təbəqələrdən tapılmış əmək alətlərinin hazırlanma texnikası və tipologiyasının özünəməxsus cəhətləri nəzərə alınıb, yeni aşkar olunmuş maddi mədəniyyət nümunələrinə Quruçay arxeoloji mədəniyyəti adı verilmişdir.

Aşağı təbəqələrin daş məmulatının elmi tədqiqi zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi müəyyən olunmuşdur. Arxeoloji mədəniyyətin ilkin mərhələsində əmək alətləri olduqca kobud və bəsit hazırlandığı halda, sonrakı inkişaf mərhələlərində isə onların hazırlanma texnikası təkmilləşmiş və yeni-yeni əmək alətləri hazırlanmağa başlanmışdır.

Azıx və qədim insan düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş əmək alətlərinin əksəriyyəti mağaradan kənarda hazırlanmış və sonradan düşərgəyə gətirilmişdir. Çünki düşərgənin ən aşağı təbəqələrində ancaq hazır əmək alətləri tapılmışdır, istehsal tullantıları isə qeydə alınmamışdır. Deməli Azıx düşərgəsinin qədim sakinləri, düşərgədə yaşamamışdan əvvəl Quruçay dərəsinin kənarlarında yaşayıb fəaliyyət göstərmişlər. Əmək alətlərini də məhz həmin vaxtlar Quruçay dərəsində hazırlamışlar. Ona görə də aşağı təbəqələrin daş məmulatı içərisində istehsal tullantıları qeydə alınmamışdır.

Azərbaycan alimlərinin apardıqları elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azıx qədim insan düşərgəsinin VII-X təbəqələrindən tapılmış Quruçay mədəniyyətinin əmək alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti və Dmanisi paleolit düşərgəsinin arxeoloji materialları ilə oxşarlıq əlamətləri vardır.

Aparılan elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azıx qədim insan düşərgəsində Quruçay arxeoloji mədəniyyət dövrü uzun inkişaf mərhələsindən sonra qədim aşel mədəniyyəti ilə əvəz olunmuşdur. Azıx paleolit düşərgəsində qədim aşel dövrü VI təbəqənin materialları ilə meydana çıxmaqla yanaşı, yerli çay daşı alətləri mədəniyyəti olan Quruçay arxeoloji mədəniyyəti əsasında inkişafa başlamışdır.

Azıx düşərgəsində qədim aşel mədəniyyəti əsasən əl çapacaqları, kobud çapma alətləri və disk şəkilli nüvələrlə xarakterizə olunur. Arxeoloji qazıntılar zamanı qədim aşel təbəqəsindən (VI təbəqə) 2 mindən artıq daş məmulatı və minlərlə ovlanmış heyvan sümükləri tapılmışdır. VI təbəqənin daş məmulatı içərisində 526 ədəd əmək alətləri qeydə alınmışdır. Daş məmulatının qalan hissəsini istehsal tullantıları, nüvələr və çay daşları təşkil edir. Qədim aşel mədəniyyətinə aid təbəqədən tapılmış əmək alətləri içərisində əsas yeri kobud çapma alətləri, əl çapacaqları və qaşov tipli alətlər tutur.

Təbəqədən əmək alətləri ilə birlikdə istehsal tullantılarının aşkar olunması qədim aşel dövründə qədim Azıx sakinlərinin düşərgədə əmək alətləri hazırladıqlarını göstərir.

Azıx düşərgəsinin VI təbəqəsindən daş məmulatı ilə yanaşı, zəngin fauna qalıqları da tapılmışdır. Fauna qalıqları içərisində ayrı-ayrı çənələr, kəllə sümükləri çoxluq təşkil edir. Sümük məmulatının təyinatı əsasında qədim aşel adamlarının ovçuluq fəaliyyətində əsas yeri mağara ayıları və nəhəng maralların tutduğu müəyyən edilmişdir.

Qədim aşel təbəqəsindən tapılmış maddi mədəniyyət qalıqlarının zənginliyi Azıx düşərgəsində ibtidai insanların qədim aşel mədəniyyəti zamanı uzun müddət və daimi yaşadıqlarını göstərir.

Azıx paleolit düşərgəsinin V təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı orta aşel mədəniyyətinə aid arxeoloji, paleontoloji və paleoantropoloji tapıntılar aşkar edilmişdir. Bu, Azıxda qədim aşel dövrünün, sonralar orta aşel mədəniyyəti ilə əvəz olnduğunu göstərir. Maraqlıdır ki, V təbəqədən ancaq ovçuluq üçün yararlı əmək alətləri tapılmışdır.

Azıx düşərgəsinin orta aşel təbəqəsinin fauna qalıqları göstərir ki, bu dövrdə ovçuluq özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır. Əgər Azıx düşərgəsinin sakinləri qədim aşel dövründə 11 növ heyvan ovlamışdırsa, orta aşeldə isə 45 növ heyvan və quş ovlanmışdır. V təbəqədən tapılmış heyvan sümüklərinin sayı 200 mindən artıqdır.

1968-ci ildə Azıx düşərgəsinin V təbəqəsindən, aparılan arxeoloji qazıntılar zamanı əmək alətləri ilə birlikdə qədim insana məxsus çənə tapılmışdır.

Azıx qədim insan düşərgəsindən tapılmış çənə quruluşundakı spesifik cəhətlərinə əsasən bir tərəfdən pitikantroplara, xüsusilə Mauer adamı çənəsinə yaxınlığı ilə, digər tərəfdən bir çox cəhətlərinə görə Fransanın Kondel-araqo paleolit düşərgəsinin aşel təbəqəsindən tapılmış preneandertallara daha yaxındır.

Aparılan elmi tədqiqatlar zamanı alimlər müəyyən etmişlər ki, Azıxdan aşkar olunmuş çənə Qafqaz və Yaxın Şərqdə ən qədim insan çənəsi olub, 18-22 yaşlı qadına məxsusdur, bu insan 350-400 min il bundan əvvəllər Azərbaycan ərazisində yaşamışdır.

Azıx paleolit düşərgəsinin III təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı mustye mədəniyyətinə aid 3 mindən artıq daş məmulatı və 100 mindən çox fauna qalıqları tapılmışdır. Azıx düşərgəsinin daş məmulatı içərisində əsas yeri levallua, mustye itiucluları və qaşov tipli alətlər tutur.

Düşərgədən tapılmış sümük məmulatı içərisində əsas yeri vəhşi at, ibtidai öküz, vəhşi qulan, Qafqaz maralı, qaban, mağara ayısı, kərgədan və s. heyvan sümükləri tutur. Aşkar olunmuş sümük məmulatının əksəriyyəti ocaqda yandırılmışdır.

Azıx düşərgəsinin kompleks elmi tədiqi ilə M.M.Hüseynov, D.V.Hacıyev, Ə.Q.Cəfərov, Ə.V.Məmmədov, N.Ş.Şirinov, V.V.Veliçko, V.M.Hacıyev, S.D.Əliyev, M.B.Süleymanov və digər alimlər məşğul olmuşlar.

Azərbaycan alimlərinin Azıx paleolit düşərgəsində apardıqları elmi tədqiqat işlərinə beynəlxalq elmi ictimaiyyət yüksək qiymət verir. Fransa, İtaliya, Almaniya, Rusiya, İspaniya, Gürcüstan və digər ölkələrin alimləri son 40 ildə Bakıya gələrək, Azıxdan tapılmış maddi mədəniyyət qalıqları ilə yaxından tanış olmuş və Azərbaycan alimlərinin tədqiqatlarına yüksək qiymət vermişlər.

Azərbaycan ərazisindəki paleolit düşərgələrindən aşkar olunmuş maddi mədəniyyət qalıqlarının tədqiqi uzun müddətdir ki, beynəlxalq xarakter almışdır. Çünki həmin elmi tapıntılar bəşər sivilizasiyasının inkişaf tarixini öyrənmək üçün böyük elmi əhəmiyyətə malikdir. Məhz bunu əsas tutan Fransa, İtaliya, İspaniya, Rusiya, Azərbaycan, Gürcüstan və Hollandiya alimləri beynəlxalq İNTAS-2000 adlı proqram hazırlamış və onun elmi tədqiqinə başlamışlar. Son 40 ildə Azərbaycan alimlərinin Azıx paleolit düşərgəsinin maddi mədəniyyət qalıqlarının elmi tədqiqinə həsr olunmuş 10-dan artıq monoqrafiyası və 200-dən çox elmi məqalələri çap edilmişdir.

Lakin bunlara baxmayaraq, bəzi erməni alimləri, hətta Azıx paleolit düşərgəsinin tarixini saxtalaşdırmağa cəhd göstərirlər.

Ş.Mkrtçyan 1988-ci ildə Yerevanda çap etdirdiyi “Dağlıq Qarabağın memarlıq və tarixi abidələri” adlı kitabında yazır ki, Azıx düşərgəsində aşel mədəniyyətinə aid erməni qadınlarının heykəli tapılıb, hətta onun paltarı müasir erməni qadınlarının paltarına bənzəyir. Belə gülünc fikir söyləməklə Ş.Mkrtçyan erməni xalqının tarixini aşel dövründə axtarmağa çalışır. Halbuki Azıx paleolit düşərgəsində qadınabənzər heykəl yoxdur. Orada təbii yolla əmələ gəlmiş stalaqnat dirək mövcuddur və həmin dirək əhəngli suyun qarışdığından 2 milyon il bundan əvvəl əmələ gəlmişdir.

2003-cü ilin avqustunda erməni mətbuatında “Dağlıq Qarabağın Azıx mağarasında qazıntılar davam edir” sərlövhəli məlumat verilmişdir. Həmin məlumat tamamilə saxta, cəfəng və elmdən uzaq fikirlərdən ibarətdir. Orada bildirilir ki, guya Azıx mağarasında paleontoloqlar qazıntı aparmışlar. Halbuki arxeoloji düşərgələrdə yalnız arxeoloqlar qazıntı işləri aparır, paleontoloqlar isə yalnız qazıntı zamanı tapılmış heyvan sümüklərini tədqiq edirlər. Məlumatda 1968-ci ildə M.Hüseynovun Azıx mağarasında tapdığı çənə sümüyünün yaşının 50-100 min il olduğu bildirilir. Bu da cəfəngiyyatdır. Çünki Azərbaycan alimləri onun 350-400 min il əvvəllərə aid olduğunu elmi əsaslarla sübuta yetirmiş və bu tarix beynəlxalq elmi konfranslarda öz təsdiqini çoxdan tapmışdır…

Bütün dünya alimlərinə məlumdur ki, Azıx paleolit düşərgəsində Azərbaycan alimlərinin rəhbərliyi altında kompleks arxeoloji tədqiqat işləri aparılmış və onların nəticələri dünyanın görkəmli alimləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Azərbaycan alimlərinin Azıx paleolit düşərgəsindən apardıqları uzun müddətli arxeoloji qazıntılar nəticəsində oradakı mədəni təbəqələrin 80 faizi tədqiq olunmuşdur. Ona görə də hazırda orada nəinki qazıntı, eyni zamanda kəşfiyyat işləri aparmaq bəşəriyyata qarşı ən böyük cinayət kimi qiymətləndirilməlidir. Bəlkə 100 ildən sonra yeni elmi tədqiqat metodu meydana çıxa bilər, onda Azıx düşərgəsinin çöküntülərindən nümunə götürülüb istifadə oluna bilər. Ona görə də hazırda orada qazıntı işləri aparmaq bəşər sivilizasiyasına qarşı ən böyük təxribat hesab olunmalıdır. İkincisi isə Azıxda aparılan arxeoloji qazıntılar zamanı tapılmış 100 minlərlə maddi mədəniyyət qalıqları Bakıda saxlanılır və istənilən alim onlarla tanış ola bilər.

Hazırda Azərbaycan, Yaxın Şərq və Qafqaz ərazisində mustye mədəniyyətinə aid ən zəngin arxeoloji abidə Tağlar düşərgəsi hesab olunur. Düşərgə Qarabağın Tuğ çökəkliyində, Quruçayın sol sahilində yerləşir.

M.Hüseynov və Ə.Cəfərovun Tağlar mustye düşərgəsində apardıqları arxeoloji qazıntılar zamanı 10 mindən artıq daş məmulatı və 100 mindən çox ovlanmış heyvan sümükləri tapılmışdır.

Yaxın Şərq və Qafqaz ərazisində Tağlar düşərgəsi yeganə abidədir ki, burada əmək alətlərinin uzunmüddətli inkişafı və yeni-yeni əmək alətlərinin meydana gəlmə xüsusiyyətlərini öyrənmək və tədqiq etmək olur. Eyni zamanda Tağlar düşərgəsində aparılan arxeoloji tədqiqatlar respublikamızın ərazisində mustye mədəniyyətinin özünəməxsus xüsusiyyətləri olduğunu göstərdi.

Aparılmış kompleks arxeoloji tədqiqatlar Qarabağın tarixi Azərbaycan ərazisi olmasını elmi əsaslarla sübuta yetirmişdir.

ƏN QƏDİM ZAMANLARDAN İSLAM DİNİNİN QƏBULUNA QƏDƏRKİ DÖVRDƏ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ

Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişidirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir. 

Heydər Əliyev

XX yüzilin sonunda öz tarixi torpaqlarının bir hissəsində yenidən müstəqilliyə qovuşmuş Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir.

Şimaldan  ̶  Baş Qafqaz dağları, qərbdən  ̶  Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən  ̶  Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ildə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Hazırda Anadolu türklərindən sonra dünyanın ikinci böyük türk xalqı olan Azərbaycan xalqı bu ərazidə — tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.

Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan
vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir
tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək
mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu
gününə, həm də gələcəyinə dərin bir məsuliyyət
hissi ilə yanaşmalıdır. 

Heydər Əliyev

Xalqımızın ulu babalarının yaşadığı tarixi Azərbaycan torpaqları ən qədim sivilizasiyanın ayaq açıb yeriməyə başladığı Xəzər-Aralıq dənizi  ̶  İran körfəzi regionuna daxil idi.

Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş qədim etnoslar bu regionda yaranmış qədim mədəni mühitin, o cümlədən Şumer-Babil mədəniyyətinin formalaşmasında, həmçinin bütövlükdə Yaxın və Orta Şərqin hərbi-siyasi həyatında, qədim dövlətçilik tarixində çox mühüm rol oynamışlar. Bunu ölkəmizdə və xaricdə aparılan elmi axtarışlar, xüsusən də arxeoloji qazıntılar çox aydın sübut edir.

Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın — Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir.

Bu nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir.

Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın əhalisi hələ qədim daş dövründən (paleolit) başlayaraq yüksək mədəniyyət yaratmışdır. Orta daş dövrü (mezolit) və yeni daş dövrlərində (neolit) Azərbaycan əhalisi oturaq həyata keçmiş, əkinçilik, maldarlıq, müxtəlif sənət sahələri ilə məşğul olmağa başlamışdır. Azərbaycan ərazisindəki mədəni-iqtisadi tərəqqinin təsir dairəsi getdikcə genişlənməkdə idi. E.ə. IV minilliyin sonu-III minillikdə təşəkkül etmiş Kür-Araz mədəniyyəti Cənubi Qafqazın digər regionlarına, Şərqi Anadoluya və Şimali Qafqaza da yayılmışdı.

Arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi mədəniyyət nümunələri, xüsusilə taxıl qalıqları, əkinçiliklə bağlı əmək alətləri və məişət avadanlığı, müxtəlif növ sənətkarlıq məhsulları Azərbaycan xalqının dünyanın ən qədim oturaq mədəniyyət yaratmış xalqlarından biri olduğunu göstərir.

Azərbaycan xalqı, eyni zamanda, dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu-III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.

Fəal xarici siyasət yeridən ən qədim Azərbaycan dövlətləri öz torpaqlarını xarici təcavüzlərdən uğurla qoruyurdular. Qədim Azərbaycan tayfa birliyi olan Qutilər, hətta, özlərinin qüdrətli qonşuları olan Akkard dövlətini məğlub etmiş, öz dövlətlərinin sərhədlərini İran körfəzinə qədər genişləndirmiş, bu ərazidə yüz ilə qədər bir müddət ərzində hökmranlıq etmişdilər. Onlar özlərindən asılı hala saldıqları Akkard və Şumerin dövlət idarəçiliyi qaydalarından faydalandıqları kimi qədim Azərbaycanın mütərəqqi idarəçilik mədəniyyətini də həmin ölkələrə yaymışdılar.

Urmiya ətrafından başlayaraq, zaman-zaman Dəclə və Fərat vadiləri də daxil olmaqla, İran körfəzinə qədərki ərazilərdə ağalıq edən qədim Azərbaycan dövlət qurumları Lullubi və Qutilər təkcə Azərbaycanın deyil, ümumiyyətlə, qədim Şərq dövlətçiliyinin tarixində də dərin iz qoymuşlar.

Qonşuluqdakı digər qədim Şərq dövlətlərindən fərqli olaraq qutilərdə hökmdarların seçilməsi qaydası vardı. Hakimiyyət irsi keçmirdi. Quti hökmdarları məmləkəti öz canişinləri vasitəsilə idarə edirdilər. Canişinlər idarəçilik sahəsində geniş müstəqilliyə malik idilər. Görünür, bütün bunlar qədim Azərbaycan dövlətlərinin Dəclə və Fərat vadiləri də daxil olmaqla İran körfəzinə qədərki geniş ərazilərdə uzun müddət hökmranlıq etmələrində az rol oynamamışdı.

Zaman keçdikcə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da yüksəlmiş, ölkə ərazilərində daha təkmil və daha geniş əraziləri əhatə edən yeni dövlətlər yaranmışdır.

Eramızdan əvvəl I minillikdə-bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.

Ənənəvi Azərbaycan dövlətçiliyinin davamı olan və eramızdan əvvəl I minilliyin əvvəllərində meydana gələn Manna dövləti Azərbaycanın dövlətçilik taixində mühüm mərhələ oldu. Azərbaycanın ən qədim dövlətçilik məkanı olan Urmiya hövzəsində yaranmış bu dövlət təkcə qədimliyinə görə deyil, təkamül dərəcəsinə görə də dünyanın dövlətçilik mədəniyyəti tarixində mühüm yer tutur.

Urmiya hövzəsindəki bütün digər xırda yerli dövlətləri də öz hakimiyyəti altında birləşdirən Manna şimalda  ̶  Araz çayına (bəzən də ondan şimala doğru) və şimal-şərqdə  ̶  Xəzər dənizinə qədər olan Azərbaycan torpaqlarını əhatə edirdi.

Manna bütün regionda baş verən hərbi-siyasi hadisələrdə yaxından iştirak edir, Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan qüvvətli qonşularına  ̶  Aşşur və Urartu dövlətlərinə qarşı uğurla mübarizə aparırdı. Aşşur və Urartu təcavüzünə qarşı mübarizədə o zaman Azərbaycanda məskunlaşmış iskitlər (skiflər) və kimmerlər də fəal iştirak edirdilər.

Manna hökmdarları irsi və qeyri-məhdud hakimiyyətə malik idilər. Lakin buna baxmayaraq onlar ölkəni ağsaqqallar şurasının köməyi ilə idarə edirdilər ki, bu da Azərbaycanın dövlət idarəçiliyi sahəsində qədim məşvərət mədəniyyətinə malik olduğunu sübut edir.

Yurdumuzun cənub bölgələrində üç yüz ilə yaxın bir müddət ərzində davam etmiş və qüdrətli qonşuların aramsız hücumlarına duruş gətirmiş Manna Azərbaycanda ən qədim zamanlardan başlayaraq güclü dövlətçilik ənənələrinin mövcud olduğunu sübut edən çox qiymətli tarixi faktdır.

Eramızdan əvvəl VIII əsrin sonu – VII əsrin əvvəllərindən başlayaraq Azərbaycanın hərbi-siyasi tarixində kimmerlər və iskitlər, həmçinin iskitlərlə eyni toplumdan olan saklar və massagetlər mühüm rol oynamağa başladılar. Avrasiyanın qədim sakinləri olan və müxtəlif tarixi dövrlərdə Baş Qafqazın cənub aşırımlarından və Dərbənd keçidindən cənuba axın edən bu tayfalar Böyük Qafqazın cənub ətəklərində — Şimali Azərbaycan torpaqlarında möhkəmləndikdən sonra buradan cənuba doğru — Manna ərazisinə və Anadolunun şərqinə də yayılmışdılar.

Kimmer-İskit-Sak toplumunun tərkibində digər köklərdən olan tayfalarla yanaşı güclü türk toplumları da vardı. “Tarixin atası” Herodotun (e.ə.V əsr) öz şəxsi müşahidələrinə əsaslanan məlumatları da bunu sübut edir. Herodotun yazdığına görə, iskitlər at südü ilə qidalanırdılar; iskitlərlə qohum olan massagetlər də onlar kimi geyinir və onlarınkına bənzər həyat sürürdülər. Onlar yeganə bir allaha — Günəş allahına sitayiş edir, göydə sürətlə hərəkət edən Günəş allahına Yerdə ən sürətli canlıdan — atdan qurban verirdilər.

İskitlər Mannadan şimaldakı Azərbaycan torpaqlarında qüdrətli İskit şahlığı yaratmış, ölkə ərazisində vahid xalqın təşəkkül prosesində iştirak etmişdilər. İskit-Massaget hökmdarları da Azərbaycan torpaqlarını yadelli təcavüzlərində uğurla müdafiə etmişdilər.

Massaget şahlığı o dövrün ən qüdrətli imperiyalarından biri olan İran-Əhəməni imperiyasını ağır məğlubiyyətə uğratmışdı. Yaxın və Orta Şərqdə geniş işğallar həyata keçirmiş Əhəməni hökmdarı II Kir Azərbaycanın cənub torpaqlarını zəbt etdikdən sonra ölkəmizin şimalını da ələ keçirməyə cəhd göstərmiş və bu məqsədlə Massaget hökmdarının dul qadını Tomirisə izdivac təklif etmişdi. Lakin II Kirin hiyləsini başa düşən, Vətən torpağının şərəfini və ölkənin müstəqilliyini uca tutan Tomiris İran hökmdarının təklifini rədd etmiş, Günəş allahına and içərək döyüşə atılmış, özündən qat-qat güclü olan yadelli qoşunlarını e.ə. 530-cu ildə darmadağın etmişdi. “Məğlubğedilməz” Kirin özü də bu döyüşdə öldürülmüşdü. Midiya imperiyası, Lidiya, Babilistan kimi qüdrətli dövlətləri aradan qaldıraraq, Parfiya torpaqları da daxil olmaqla, Mərkəzi Asiyadan Misir hüdudlarına qədər çox geniş əraziləri ələ keçirmiş və bütün bu işğallara görə “Böyük Kir” ləqəbi qazanmış II Kir üzərində bu qələbə Azərbaycan dövlətçiliyi tarixinin ən şanlı səhifələrindən biridir.

İskit şahlığı dövründə Azərbaycan mədəniyyəti ilə Avrasiyanın çox geniş ərazilərində yayılmış iskit mədəniyyəti arasında qarşılıqlı əlaqə üçün də əlverişli şərait yarandı.Qədim Azərbaycan mədəniyyəti daha da inkişaf etdi və zənginləşdi. Arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət nümunələri, habelə Azərbaycan ərazilərində İskit-Sak-Massaget dövründən qalmış çoxlu yer adları buna parlaq sübutdur.

Yaxın və Orta Şərqdə çox mürəkkəb hərbi-siyasi hadisələrin cərəyan etməsinə, qonşu dövlətlərin təbii sərvətlərlə çox zəngin olan və hərbi-strateji baxımdan olduqca böyük əhəmiyyət kəsb edən Azərbaycan torpaqlarını ələ keçirmək siyasətinə baxmayaraq dövlətçilik ənənələrimiz davam etməkdə və zənginləşməkdə idi. Odur ki, nə Əhəməni-İran imperiyasının uzunsürən işğal rejimi, nə də Makedoniyalı İskəndərin yürüşləri Azərbaycanın qədim dövlət idarəçiliyi mədəniyyəti məhv edə bilmədi.

Makedoniyalı İskəndərin ölümündən dərhal sonra Azərbaycan dövlətçiliyi yenidən dirçəldi. Ölkəmizin cənub torpaqlarında Atropatena, şimalında isə Albaniya dövlətləri meydana gəldi. Azərbaycanın bütün tarixi torpaqları bu iki yerli dövlətin tərkibində cəmləşdi.

Atropatena dövləti ölkənin cənub vilayətini əhatə edirdi. Burada müstəqil Azərbaycan dövlətçiliyinin dirçəlişi əslində hələ İskəndərin yürüşündən xeyli əvvəl baş vermişdi. Süquta uğramış keçmiş Midiya imperiyasının digər əraziləri ilə birlikdə ayrıca satraplığa çevrilmiş Azərbaycanın cənub torpaqlarını Əhəməni satrapı Atropat hələ Əhəmənilərin hakimiyyəti dövründə müstəqil surətdə idarə edirdi. Azərbaycanın bu hissəsi o zaman Midiya-Atropatena, Kiçik Midiya və Atropatın adı ilə Atropat Midiyası, bəzən də Atropatiya və ya Atropatena adlanırdı.

Uzaqgörən siyasətçi və məşhur sərkərdə olan Atropat III Daranın İskəndərə qarşı çıxardığı Əhəməni qoşunlarının ön dəstələrinə — əsas zərbə qüvvəsinə başçılıq edirdi. Bu qüvvələr əsasən Azərbaycanın şimal və cənub torpaqlarından toplanmış hərbi dəstələrdən ibarət idi. III Daraya qalib gəldikdən sonra Atropatın sərkərdəlik istedadına və hərbi-siyasi nüfuzuna bələd olan İskəndər onunla toqquşmaq fikrindən daşındı və Azərbaycan hakimi ilə yaxınlaşmağı daha üstün tutdu. Beləliklə, Makedoniyalı İskəndərin işğalları Azərbaycandan yan keçdi. Sonralar Atropat Makedoniya hökmdarı ilə bu yaxınlaşmanı daha da dərinləşdirərək onun ən yaxın adamlarından biri ilə qohumluq əlaqəsi yaratdı və nəhayət, bütün Şərqdə ilk dəfə olaraq, öz yurdunu — Atropatenanı yunan-Makedoniya asılılığından azad olmuş ilk müstəqil dövlətə çevirdi.

Müstəqil dövlətçilik ənənələrinin dirçəlişi Azərbaycanın cənub rayonlarında iqtisadi və mədəni həyatın bütün sahələrində böyük yüksəlişə səbəb oldu. Qüdrətli Atropatena dövləti bütün regionun beynəlxalq münasibətlərində mühüm rol oynayır, Qafqaz, Volqaboyu, Orta Asiya, Hindistan, Kiçik Asiya, Mesopotamiya, Qara dəniz və Aralıq dənizi hövzələri ilə geniş ticarət əlaqələri saxlayırdı. Daxili ticarətdə dövlətin öz pulları mühüm rol oynayırdı.

Şərq və yunan dövlət sistemləri arasındakı qarşılıqlı əlaqə və təsir Atropatenada idarəçilik mədəniyyətinin də yüksəlişinə müsbət təsir göstərirdi. Ölkədə yunan dilindən geniş istifadə olunması, başqa sahələrlə yanaşı, hüquq normlarının da təkmilləşməsinə səbəb olurdu. Dövlət idarəçiliyi qaydaları daha da təkmilləşirdi.

Azərbaycanın, həmçinin Qədim Şərqin və Yunanıstanın dövlət idarəçiliyi ənənələrindən bəhrələnən Atropatena hökmdarları öz hakimiyyətlərini daha da qüvvətləndirə bildilər. Nəticədə Atropatena Parfiya və Selevki dövlətlərinə qarşı mübarizədə öz müstəqilliyini qoruyub saxlaya bildi, ölkənin ərazisinə soxulmuş Roma qoşunlarını parfiyalılarla birləşərək darmadağın etdi. O zaman Atropatena qoşunları bütün regionda ən güclü şərbi qüvvələrdən biri hesab olunurdu. Roma təcavüzkarları ilə döyüşə Atropatena 40 min piyada və 10 min süvari çıxarmışdı.

Yaxın və Orta Şərqdə çox mühüm hərbi-siyasi qüvvə olan Atropatena dövləti ilə Roma imperiyası arasında geniş əlaqələr yaranmışdı. Roma imperiyası özünün şərq siyasətində Atropatenaya xüsusi əhəmiyyət verirdi. Atropatena elçiləri Romaya gedib imperator Oktavian Avqustla (e.ə. 27 – eramızın 14-cü illəri) diplomatik danışıqlar aparmışdılar. Roma imperatoru Kiçik Asiyadakı qonşu erməni çarlığının idarə olunmasını da Atropatena hökmdarlarına tapşırmışdı. Atropatenanın hərbi-siyasi qüdrətindən ehtiyat edən erməni çarları bu dövlətlə münasibətləri pozmağa çalışırdılar. Bu məqsədlə də hələ eməni çarı Tiqran öz qızını Atropatena hökmdarı Mitridata vermişdi. Sonralar erməni çarlığı Atropatenadan asılı hala düşmüş və Atropatena hökmdarları tərəfindən idarə olunmuşdu.

Ölkənin şimalında meydana gələn Albaniya dövlətinin sərhədləri Dağıstanın cənubu (Dərbənd və ətrafları ilə birlikdə) da daxil olmaqla Baş Qafqaz dağlarından başlayaraq cənubda  ̶  Araz çayına qədər, qərbdə isə Göyçə gölü hövzəsi, Qabırrı (İori) və Qanıx (Alazan) çaylarının yuxarılarından başlayaraq şərqə doğru — Xəzər dənizinədək uzanıb gedən Azərbaycan torpaqlarını əhatə edirdi. Bu qüdrətli Azərbaycan dövlətinin paytaxtı əvvəllər Qəbələ, sonra isə Bərdə (V əsrdən sonra) şəhərləri idi.

Albaniya dövründə Azərbaycanın şimal torpaqlarında maddi və mənəvi mədəniyyət daha da inkişaf etmişdi. Bu dövrdə elmi ədəbiyyatda alban əlifbası adlanan Azərbaycan əlifbası yaradılmış, məktəblər açılmışdı. Ölkədə mühüm ticarət və sənətkarlıq mərkəzi olan 30-dan çox şəhər vardı.

Şimalla Cənubun, Şərqlə Qərbin qovşağında yerləşən və müxtəlif etnosların, dinlərin, mədəniyyətlərin qarşılaşıb təmasa girdiyi Albaniyada özünəməxsus və zəngin mədəniyyət formalaşmaqda idi.

Ölkədə yaşayan və sayları getdikcə atmaqda olan türk etnosları dövlətin həyatında mühüm rol oynamışdır. Aya, Göyə, Günəşə, tək Allaha — Tanrıya sitayişlə yanaşı, xristianlıq da yayılmaqda idi. Müstəqil Alban kilsəsi dini cəhətdən birbaşa Romaya tabe idi.

Albaniya dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəlmişdi. Alban hökmdarları ölkənin dünyəvi və dini başçısı idilər. Onlar, eyni zamanda qanunlar verir, ölkənin hərbi qüvvələrinə başçılıq edirdilər. Dövlətin hərbi qüvvələri 80 min nəfəri (60 min piyada, 22 min süvari) aşmışdı.

Albaniya hökmdarlarının sarayında məşvərət şurası fəaliyyət göstərirdi.

Məşvərət şurasına və ruhani yığıncaqlarına Albaniya hökmdarlarının özləri rəhbərlik edirdilər. Atropatena kimi Albaniya dövlətinin də öz pulları vardı. Öz dövrü üçün möhkəm və təkmil dövlət idarəçiliyi sisteminə malik olan Albaniya dövləti ölkənin müstəqilliyi üçün təhlükə törədən Parfiyaya və Roma imperiyasına qarşı uğurla mübarizə aparmışdı. Ölkəyə müdaxilə edən Roma imperiyasının qoşunları Alban cəngavərləri tərəfindən dəfələrlə ağır məğlubiyyətə uğradılmışdı. Roma imperiyası Albaniyanın hərbi-siyasi qüdrəti ilə hesablaşmağa məcbur olmuş, iki ölkə arasında qarşılıqlı əlaqələr yaranmışdı. Atropatena kimi Albaniya elçiləri də Romaya gedib imperator Oktavian Avqustla danışıqlar aparmışdılar.

Ölkə başqa dövlətlərlə də geniş ticarət əlaqələrinə və siyasi münasibətlərə malik idi.

Albaniya hökmdarı, görkəmli dövlət xadimi Cavanşir ölkəni ələ keçirməyə çalışan Bizans, Sasani, Xilafət və Xəzər imperiyaları kimi qüdrətli qonşulara qarşı müdrik, uzaqgörən və çevik xarici siyasət yeritmiş, özünün sərkərdəlik məharəti və döyüş şücaəti ilə Vətənin müstəqilliyini qoruyub saxlaya bilmişdi.

Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik məktəbinə çevrilmiş, Vətənin bütövlüyü, xalqın birliyinin təcəssümü olmuşdur. 

Heydər Əliyev

Yaxın və Orta Şərqdə mühüm hərbi-siyasi və mədəni təsir gücünə, region ölkələri ilə sıx qarşılıqlı münasibətlərə malik olan Albaniya Aralıq dənizi hövzəsi ölkələri ilə, o cümlədən Roma imperiyası ilə də geniş əlaqələr saxlayırdı. İlk mənbələr, o cümlədən arxeoloji qazıntılar zamanı aşkar olunmuş zəngin maddi mədəniyyət nümunələri Albaniya dövründə Azərbaycanın şimal torpaqlarının xarici ölkələrlə geniş əlaqələr saxladığını sübut edir. Yaxın və Orta Şərq ölkələrini Xəzər xaqanlığı və Şərqi Avropa ilə birləşdirən beynəlxalq yollarının Albaniyadan keçməsi ölkənin xarici ticarət əlaqələrinə müsbət təsir göstərirdi.

Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər.

Gəlmə əhali mühüm hərbi-strateji əhəmiyyətə malik olan məntəqələrdə və ən məhsuldar torpaqlarda yerləşdirildi. Onlara geniş imtiyazlar verildi. Yadellilər Azərbaycanın yerli əhalisini əridib yox etmək siyasəti yeritməyə başladılar. Lakin, təqribən 600 il davam etmiş İran və ərəb zülmü Azərbaycanın qədim dövlətçilik ənənələrini məhv edə bilmədi. Dözülməz işğal rejimi və təqiblər şəraitində Azərbaycan xalqının təşəkkülü prosesi davam etdi.

İşğalçıların yerli əhalini assimilyasiyaya uğratmaq siyasətinə baxmayaraq, uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda həmin imperiyanın tərkibində olması nəticəsində, ölkənin bütün bölgələri arasında daxili əlaqələr, ilk növbədə ticarət əlaqələri genişləndi. Azərbaycanın şimal və cənub, şərq və qərb bölgələri arasında etnik-siyasi və mədəni birliyin yaranması yolunda mühüm irəliləyiş baş verdi. İran və ərəb işğalçılarına qarşı uzun sürən birgə qaynayıb-qarışmasına müsbət təsir göstərdi. Vahid xalqın yaranması prosesi sürətləndi.

Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər.

İlk oğuzlar, başqa türk tayfaları kimi, ümumtürk məkanının tərkib hissəsi olan Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə qədim türklərin “Dəmir qapı” adlandırdıqları Dərbənd keçidi vasitəsilə, habelə Böyük Qafqazın başqa dağ aşırımlarından (Azərbaycan Respublikasının Qax rayonundakı dağ aşırımlarından birini yerli əhali indi də Hun beli adlandırır  ̶  Y.M.) keçərək yayılmışdılar. Oğuz müqəddəs Dədə Qorqudun qəbrinin Dərbənddə olması barədə ilk mənbələrin məlumatı, Dərbəndin qala qapılarından birinin Dədə Qorqudun mənsub olduğu Bayat elinin (oğuz tayfası bayatların) adı ilə “Bayat qapısı” adlanması bunu sübut edir.

Avrasiyanın geniş ərazilərində məskunlaşmış qədim türklər, o cümlədən oğuzlar ümumtürk məkanının şimalı ilə cənubunu, yəni Qıpçaq düzü ilə Cənubi Qafqazı əlaqələndirən bu mühüm keçidi — “Dəmir qapı”nı daim əllərində saxlamağa çalışırdılar.

Başqa ilk mənbələrlə yanaşı, Oğuz türklərindən olan ağqoyunluların ən qüdrətli hökmdarı Uzun Həsənin (1454-1478) hökmü ilə Əbu Bəkr əl-Tehrani əl-İsfahaninin yazdığı “Kitabi-Diyarbəkriyyə” adlanan oğuznamədə verilən faktlar da oğuz türklərinin, o cümlədən xalqımızın soykökündə duran ağqoyunlu və qaraqoyunluların Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın və Ön Asiyanın ən qədim sakinlərindən biri olduğunu sübut edir. Göstərilən müəllif Uzun Həsənin böyük babası — Ağqoyunlu dövlətinin banisi Qara Yuluk Osman bəyin nəsil şəcərəsini bir-bir araşdıraraq, nəhayət, Oğuz xaqana çatdırır. Oğuz xaqanın başçılıq etdiyi böyük türk dövlətinin tərkibinə daxil olan əraziləri sadalayır və bütün oğuz türklərinin kökündə duran bu böyük hökmdarın, yəni Oğuz xaqanın Göyçə dənizi ətrafında vəfat etdiyini göstərir. Azərbaycanın Oğuz xaqanın başçılıq etdiyi dövlətin tərkibinə daxil olması və böyük xaqanın özünün də burada — Göyçə dənizi ətrafında vəfat etməsi faktı bu diyarın ən qədim oğuz-türk məskənlərindən biri olduğunu sübut edir.

Dədə Qorqud “Kitabi-Diyabəkriyyə”nin müəllifi Oğuzun nəvəsi Xanlar xanı Bayandır xaqanında “Qarabağ qışlağı və Göyçə dənizi yaylaqlarında ömür sürdüyünü”, burada “böyük bir qurultay çağırıb, məmləkəti oğlanları arasında qabiliyyətlərinə görə bölüşdürdükdən sonra Allahın dəvətini qəbul etdiyini” yazır. Əbu Bəkr əl-Tehrani əl-İsfahani təsdiq edirdi ki, ağqoyunlu Qara Yuluk Osman bəyin 20-ci babası Sunqur bəy Məhəmməd peyğəmbərin müasiri idi. O, Alagöz və Göyçə dənizi yaylaqları tərəfdəki sərhədlərdə “kafirlərlə müharibə etmiş” və döyüşlərdən birində həlak olmuşdu. Qara Yuluk Osman bəyin 14-cü babası Şəktur xan isə Əlincə qalası uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş, onu “kafirlərin” əlindən geri almışdı. Xəlifə Harun ər-Rəşidin müasiri olan Qıpçaq xan da Əlincə qalası uğrunda “kafirlər”lə müharibələr aparmış, onları məğlubiyyətə uğradaraq qalanı azad etmişdi.

“Kitabi-Dədə Qorqud” boyları ilə səsləşən, Məhəmməd peyğəmbərin dövründə və Xilafət işğalları zamanı cərəyan etmiş hadisələrlə üst-üstə düşən bütün bu faktlar tarixi reallıq olmaqla yanaşı, eyni zamanda Azərbaycanın öz güclü dövlətçilik və müstəqillik ənənələrini qoruyub saxladığını da sübut edir.

Türk tayfaları, başqa xalqlar və etnik qruplardan fərqli olaraq, Azərbaycanın bütün ərazisinə — həm şimalına, həm də cənubuna yayılmışdılar və çoxluq təşkil edirdilər. Buna görə də, eramızın ilk yüzilliklərindən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş — təkallahlı din yox idi. Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş — tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında — Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi. Lakin müstəqil Alban kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.

Bu mürəkkəb tarixi şəraitdə güclü və aparıcı hərbi-siyasi qüvvəyə çevrilən çoxsaylı türk etnosları Azərbaycan dövlətçiliyinin əsas daşıyıcıları idilər. Hələ vahid təkallahlı Dinin olmadığı bir dövrdə məhz türk etnosları və türk dili, şimallı-cənublu, bütün ölkə ərazisində birləşdirici rol oynayırdı. Türk etnosları Azərbaycan dövlətçiliyinin və ölkənin müstəqillik ənənələrinin qorunub saxlanmasında da aparıcı rol oynayırdılar.

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ İSLAM DİNİNİN QƏBULUNDAN SONRAKI DÖVRDƏ

VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. 

Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu. İslam dini onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans imperiyasına və onun himayə etdiyi erməni və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi.İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi. 

Bununla belə, təkallahlı dinlərə sitayiş edənləri müsəlmanlaşdırmaq islamın prinsiplərinə zidd olduğu üçün ərəb işğalları dövründə Albaniyanın xristian əhalisi islam dininin təsir dairəsindən kənarda qaldı. Beləliklə, ölkədə dini ayrılıq baş verdi: çoxluq təşkil edən və ölkənin bütün ərazisinə yayılmış olan türk-müsəlman əhali, o cümlədən islam dinini qəbul etmiş albanlar; bir də, azlıq təşkil edən və əsasən Şimali Azərbaycanın qərb bölgələrində yaşayan xristian əhali, o cümlədən islam dinini qəbul etməmiş albanlar. Elə bu vaxtdan da erməni və gürcü kilsələrinin Albaniyanın qərbində yaşayan xristian-alban əhalini öz dini-siyasi və etnik təsir dairələrinə salmaq uğrunda mübarizəsi daha da gücləndi. Azərbaycan islamla xristianlıq arasında ən kəskin qarşıdurma məntəqəsinə çevrildi. Zaman keçdikcə, Qərbi Azərbaycanın, o cümlədən Qarabağın dağlıq bölgələrinin xristian-alban əhalisi qriqoryanlaşdırılmağa və erməniləşdirilməyə başladı. Azərbaycanın şimal-qərb torpaqlarında yaşayan xristian-alban əhalini isə gürcü kilsəsi öz təsir dairəsinə salmağa çalışırdı. 

Beləliklə, Albaniyada baş vermiş dini ayrılıq nəticəsində erməni və gürcü feodallarının Azərbaycana qarşı ərazi iddiaları dövrü başlanırdı. Qonşuların yeritdiyi siyasətin mahiyyəti belə idi: xristian albanları əvvəlcə erməni və gürcü kilsələrinin təsiri altına salmaq, sonra erməniləşdirmək və gürcüləşdirmək, daha sonra isə onların yaşadıqları Azərbaycan torpaqlarına yiyələnmək.

Xilafət dağıldıqdan sonra — IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. 

Bəhs olunan dövrdə Azərbaycanın şimal-qərbində — islamın sərhəd şəhəri olan Tiflisə qədərki Azərbaycan torpaqlarında isə Şəki dövləti meydana gəldi. Şəkidən qərbdə paytaxtı Tiflis olan daha bir müsəlman dövləti — Tiflis müsəlman əmirliyi də vardı. Şəki hakimləri Albaniya hökmdarı titulunu daşıyır və Albaniya dövlətinin varisləri kimi çıxış edirdilər. Digər Azərbaycan dövlətlərindən fərqli olaraq Şəki dövlətinin ərazisi islamla xristianlıq arasında kəskin qarşıdurma məntəqəsinə çevrilmişdi. Bu Azərbaycan dövlətinin ərazisində xristianlıqla yanaşı, islam dini də yayılmışdı və onun təsir dairəsi getdikcə genişlənməkdə idi. Şəki hakimləri çox mürəkkəb şəraitdə, gürcü feodallarının xristian albanları gürcüləşdirmək məqsədi güdən işğalçılıq yürüşlərinə qarşı mübarizə aparır, Azərbaycan torpaqlarının şimal-qərb sərhədlərini uğurla qoruyub saxlayırdılar. Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı. 

Ərəb xilafətinin süqutu və Azərbaycan dövlətçiliyinin dirçəlişi ilə bir zamanda türk dili artıq bütün ölkə ərazisində əsas ünsiyyət vasitəsinə çevrildi. Bu, Azərbaycanın gələcək inkişafına güclü təkan verə biləcək tarixi nailiyyət idi. IX əsrin 70-ci illərinin sonlarından başlayaraq yarım əsrdən çox davam edən bir tarixi dövr ərzində (879-941) Azərbaycan torpaqlarının hamısının vahid Azərbaycan türk dövlətinin — Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, etnik fərqlərin aradan qalxması və vahid Azərbaycan türk xalqının formalaşması prosesinin daha da sürətlənməsinə müsbət təsir göstərdi. 

Sacilər dövləti özünün ən qüdrətli çağlarında Zəncandan Dərbəndə, Xəzər sahillərindən Ani və Dəbil şəhərlərinə qədər geniş əraziləri əhatə edirdi. Bütün Azərbaycan torpaqları Sacilər dövlətinin tərkibinə daxil idi. Sacilərin Bizans imperiyası tərəfindən himayə olunan erməni və gürcü feodallarını məğlub edərək özlərindən asılı hala salmaları Azərbaycanın ərazi bütövlüyünün, dövlətçiliyinin qorunub saxlanılmasında, ölkə ərazisində etnik-siyasi birliyin daha da möhkəmlənməsində mühüm rol oynadı. Məhz bu dövrdə Azərbaycan və ümumtürk ədəbiyyatının şah əsəri olan “Kitabi-Dədə Qorqud” dastanları, demək olar ki, bütün Azərbaycan torpaqlarında yayıldı. 

“Kitabi-Dədə Qorqud” qəhrəmanlıq eposudur, özü də bir cəngavər, bir igid haqqında yox, bütöv bir xalqın qəhrəmanlığını özündə cəmləşdirən bir eposdur. Onun ən böyük ideyası baş sərkərdədən tutmuş, böyükdən kiçiyə kimi bütün qəhrəmanlarının doğma torpaqlarını qorumaq uğrunda canlarından keçməyə daim hazır olduqlarını göstərməkdir. Eposun əsas mahiyyətini qəhrəmanlıq ideologiyası təşkil edir. Ölkəmizin yaşadığı bugünkü mərhələdə xalqımızın qarşısında duran ən ümdə problemlərin həlli, o cümlədən respublikanın suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması baxımından müasir Azərbaycan Respublikası vətəndaşlarının bu qəhrəmanlıq ideologiyasından 
faydalanmasının nə dərəcədə vacib olduğu gün kimi aydındır. 

Heydər Əliyev 

Beləliklə, 600 ilə qədər davam edən Sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi) yaranması, islam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı.

İslam dini, eyni zamanda Azərbaycanı idarə edən ayrı-ayrı feodal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şəraitdə bütün Azərbaycan əhalisinin — həm xalqımızın təşəkkülündə başlıca rol oynayan müxtəlif türk tayfalarının, həm də onlarla qaynayıb-qarışmaqda olan qeyri-türk etnoslarının yadelli qəsbkarlara qarşı vahid qüvvə halında birləşməsində də mütərəqqi rol oynadı. 

Məhz bunun nəticəsində Ərəb xilafətinin zəifləməsindən istifadə edən erməni, gürcü və Bizans təcavüzkarlarından ibarət vahid xristian blokunun Azərbaycan torpaqlarını işğal etmək planları puça çıxdı. Xəzər dənizi vasitəsilə tez-tez basqınlar edən slavyan-rus müdaxiləçiləri də Azərbaycanda möhkəmlənə bilmədilər. Ümumi düşmənlərə qarşı mübarizədə sıx birləşməyin zəruriliyi, vahid dinin-islamın ölkə əhalisinin qaynayıb-qarışmasına, qohumlaşmasına, ümumi adət və mərasimlərə yol açması etnik-siyasi birliyi daha da möhkəmləndirdi.

Bununla belə, Ərəb xilafətinin tənəzzülündən sonra yaranmış Azərbaycan dövlətlərindən heç birinin uzun tarixi dövr ərzində ölkənin bütün ərazisini əhatə edən vahid, davamlı və qüdrətli dövlətə çevrilə bilməməsi nəticəsində ölkədə uzun sürən siyasi sabitlik də yaranmadı. Bu zaman Xilafətin zəifləməsindən istifadə edərək islama qarşı vahid cəbhədə birləşmiş Bizans imperiyası, erməni və gürcü feodallarından ibarət vahid xristian bloku özünün bütün zərbəsini Azərbaycana qarşı çevirdi. Məhz bu dövrdə — XI əsrin ortalarında Yaxın və Orta Şərq tarixində mühüm dönüş dövrü başlandı. Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğu yarandı. Azərbaycan növbəti oğuz-türk dövlətinin — Səlcuq imperatorluğunun tərkibinə daxil edildi. 

Səlcuq dövrü Azərbaycanın tarixi müqəddəratında həlledici rol oynadı. Sultan Alp Arslanın Məlazgird vuruşmasında (26 avqust 1071-ci il) Bizans imperiyasının hərbi qüvvələrini darmadağın etməsilə türk-islam birliyi Azərbaycanı ələ keçirməyə çalışan xristian bloku (Bizans imperiyası, erməni və gürcü feodalları) üzərində qəti qələbə çaldı. Bizans imperiyasının Cənubi Qafqazda möhkəmlənmək siyasəti və bu xristian dövlətinə arxalanaraq Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcü feodallarının qəsbkarlıq planları puça çıxdı. 

Beləliklə, Cənubi Qafqazı bütünlüklə xristianlığın təsir dairəsinə salmaq planı baş tutmadı. Xristian amili, ümumiyyətlə, Cənubi Qafqazda tənəzzülə uğradı. 

Səlcuq axınları nəticəsində oğuz türkləri, ümumiyyətlə türklük, bütün Cənubi Qafqazda və Ön Asiyada, qəti olaraq, başlıca etnik-siyasi amilə çevrildi. Türk-islam amili bütün Yaxın və Orta Şərqin, o cümlədən Qafqazın bundan sonrakı tarixində uzun müddət müəyyənedici rol oynadı. 

Səlcuq axınları zamanı oğuz türklərinin yeni-yeni toplumları Azərbaycanda məskən saldılar. Eyni kökdən olan və islamı qəbul etmiş oğuz-səlcuq türkləri ilə Azərbaycan türkləri tez bir zamanda qaynayıb qarışdılar. 

Beləliklə, müxtəlif tarixi dövrlərdə (həm eramızdan əvvəl, həm də sonra) soykökündə, başlıca olaraq, iskit (skit, skif), sak, massaget, hun, bulqar, xəzər, barsil, peçeneq, suvar, habelə başqa türk və qeyri-türk etnoslarının iştirak etdiyi və oğuz türklərinin (qaraqoyunlular, ağqoyunlular, səlcuqlar və b.) həlledici rol oynadığı Azərbaycan xalqının təşəkkülü prosesi başa çatdı. Azərbaycan türk dili bütün Cənubi Qafqazda, o cümlədən Azərbaycan ərazisində başlıca ünsiyyət vasitəsinə çevrildi. Sadə və anlaşıqlı Azərbaycan türk dili məhdud dairədə fəaliyyət göstərən xırda-məhəlli dilləri, həmçinin ərəb və fars dillərini sıxışdıraraq bütün ölkə miqyasında canlı ümumxalq dilinə çevrildi. El sənətkarlarının — ozanların (aşıqların) oba-oba, oymaq-oymaq gəzib yaydıqları şifahi xalq yaradıcılığı nümunələri, çox keçmədən, hamının başa düşdüyü doğma Azərbaycan türk dilində nadir yazılı ədəbi nümunələrin meydana gəlməsi üçün zəmin yaratdı. 

Azərbaycan xalqı dünya mədəniyyətində öz dəst-xətti ilə seçilən xalqlardandır. Keçən iki min il ərzində bəşər sivilizasiyasının ayrılmaz hissəsi kimi azərbaycanlılardünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr vermişlər. Bizim əcdadlarımız ibtidai insanın mədəniyyət sahəsində əldə etdiyi bütün nailiyyətlərdən faydalanaraq, 
özünəməxsus zəngin mədəni-mənəvi irsyaratmışlar. Bunu istər Azərbaycan ərazisində arxeoloji qazıntılar nəticəsindətapılmış abidələr, istərsə də, bu günümüzə qədər gəlib çatmış şifahi xalq ədəbiyyatıvə yazılı ədəbi irsimiz sübut edir. 

Heydər Əliyev 

Böyük Səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən Şirvanşahlar və Eldənizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam etdirilməsində və daha da yüksəlişində mühüm rol oynadılar.

Görkəmli dövlət xadimləri Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan Azərbaycanın dövlət idarəçiliyi tarixinə parlaq səhifələr yazdılar. Eldənizlərin hakimiyyəti dövründə Azərbaycan türklərinin, Azərbaycan türk dili və mədəniyyətinin yayıldığı ərazi daha da genişləndi. Yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldənizlər dövləti Azərbaycan xalqının etnik-siyasi tarixində xüsusilə böyük rol oynadı. Eldənizlərin hakimiyyəti dövründə bütün Azərbaycan torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində güclü yüksəlişə səbəb oldu. Sənətkarlıq, ticarət, elm və mədəniyyət daha da inkişaf etdi. Daxili və xarici ticarət əlaqələri genişləndi. Mədrəsələr açıldı, məscidlər, nadir memarlıq abidələri ucaldıldı. Azərbaycan İntibah mədəniyyəti özünün Xaqani, Nizami, Əcəmi zirvəsinə ucaldı. 

Beləliklə, Ərəb xilafətinin tənəzzülündən sonra – IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakular, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa türk-islam sülalələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın deyil, eyni zamanda bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular. Azərbaycan uzun zaman bu dövlətlərin əksəriyyətinin mərkəzi vilayəti, Təbriz isə paytaxtı oldu. Bu böyük türk-islam imperiyalarının bir çoxunu məhz Azərbaycan-türk sülalələri idarə edirdilər.

XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. Bəhs olunan dövrdə Azərbaycan dövlətləri Yaxın və Orta Şərqin beynəlxalq münasibətlərində, hərbi-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, Avropa-Şərq münasibətlərində də çox fəal iştirak edirdilər.

Azərbaycanın böyük dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi “Qanunnamə” hazırlatmışdı. 

Uzaqgörən dövlət xadimi ölkənin iqtisadi qüdrətini artırmaq üçün xəzinəyə vergi ödəyən əhalinin vəziyyətini yaxşılaşdırmağa, oturaq təsərrüfat sahələrini inkişaf etdirməyə, dövlət məmurlarının özbaşınalığına və iri tayfa başçılarının hərbi-siyasi müstəqilliyinə son qoymağa çalışırdı. Uzun Həsən məmləkətdə məzhəb ayrılığının baş verəcəyini və bunun dövlətin qüdrətinə, ölkənin etnik-siyasi birliyinə mənfi təsir göstərəcəyini irəlicədən görürdü. Buna görə də bacısını Şeyx Cüneyd Səfəviyə, qızını isə Şeyx Heydər Səfəviyə verməklə məmləkətdə yaxınlaşmaqda olan məzhəb parçalanmasının qarşısını almağa, ağqoyunlularla səfəvilər arasında barışıq yaratmağa çalışırdı. Dünya hərb sənətində baş verən dəyişiklikləri diqqətlə izləyən görkəmli sərkərdə güclü nizami ordu yaratmağa çalışır, muzdla xidmət edən piyada qoşunların sayını artırır, odlu silahlar istehsalına başlamaq və güclü artilleriya yaratmaq üçün hazırlıqlar görürdü. Bu məqsədlə o, İtaliyadan toptökən ustalar və hərbi mütəxəssislər dəvət etmişdi. 

Görkəmli dövlət xadimi elmin, maarifin inkişafına xüsusi diqqət yetirirdi. O, dövrünün ən qabaqcıl alimlərini öz sarayına toplamışdı. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Uzun Həsən sarayında dövrün görkəmli alimlərindən ibarət elmi məclis fəaliyyət göstərirdi. Böyük hökmdar Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə “Kitabi-Diyarbəkriyyə” adlı Oğuznamə yazdırtmışdı.

Uzun Həsən dövründə Azərbaycanın Şərq-Qərb əlaqələrindəki rolu daha da artmışdı. Azərbaycanın ənənəvi əlaqələr saxladığı şərq ölkələrindən başqa Avropa dövlətləri ilə də geniş diplomatik münasibətlər yaratmışdı. Uzun Həsən dövründə Azərbaycan elçiləri Venesiya Respublikası, Papalıq, Neapol krallığı, Albaniya, Macarıstan, Polşa, Almaniya, Burqundiya hersoqluğu, Kipr, Rodos, Trabzon imperatorluğu, Böyük Moskva knyazlığı ilə, həmçinin bir çox qonşu şərq ölkələri hökmdarlarının saraylarında diplomatik danışıqlar aparmışdılar. Xarici ölkələrlə aparılan danışıqlarda Uzun Həsənin anası — o zaman bütün Şərqdə yeganə qadın diplomat olan Sara Xatun mühüm rol oynayırdı. Təbrizdə — Uzun Həsən sarayında Venesiya Respublikasının daimi səfirliyi fəaliyyət göstərirdi. Azərbaycan Şərqlə Qərb üçün ümumi maraq doğuran beynəlxalq problemlərin həllində mühüm rol oynayırdı. 

Məhəmməd Cahan Pəhləvanın, Qızıl Arslanın, Uzun Həsənin, Şah İsmayıl Xətainin və başqa dövlət xadimlərimizin həyat və fəaliyyəti xalqın vətən sevgisi vəvdövlətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən vacib, ən ümdə məqsədinə çevirmişdir. 

Heydər Əliyev 

XV əsrin sonu – XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan   torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. 

Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti — Səfəvi dövləti meydana gəldi. 


Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi. 

Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.

Geniş ərazili Səfəvi imperiyasını idarə etmək üçün mükəmməl dövlət idarəçiliyi mexanizmi yaradıldı. Səfəvi hökmdarları dünyəvi hakimiyyətlə yanaşı, dini hakimiyyəti də ələ keçirdilər. Bununla, mərkəzi hakimiyyət daha da qüvvətləndirildi.

Şah sarayında Ali məşvərət məclisi və ya Ali səltənət şurası (“Məclisi-əla”) fəaliyyət göstərirdi. Mərkəzi və yerli idarə orqanlarının işini tənzimləyən mükəmməl bir bürokratik sistem yaradılmışdı. Ölkə ərazisindəki bütün məhkəmə işlərinə Ali divan nəzarət edirdi. 

Ağqoyunluların xarici siyasət xəttini davam etdirən Səfəvilərin hakimiyyəti dövründə də Azərbaycan Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələrindən başlamış uzaq İngiltərə və Skandinaviyaya qədər bir çox Avropa dövlətləri ilə diplomatik əlaqə saxlayırdı.Səfəvi hökmdarlarının, xüsusən Şah Abbasın keçirdiyi islahatlar nəticəsində səfəvilərin hərbi qüvvələri dünyanın ən qüdrətli ordularından birinə çevrilmişdi. Səfəvilərin hakimiyyəti illərində bütün Yaxın və Orta Şərqdə Azərbaycan dilinin rolu daha da artdı. Səfəvi sarayına gəlmiş xarici ölkə elçiləri ilə diplomatik danışıqlar, bir qayda olaraq, Azərbaycan dilində aparılırdı.

Şah İsmayıl Xətai, Şah Təhmasib, Şah Məhəmməd Xudabəndə, Şah Abbas və b. Səfəvi hökmdarlarının saraylarında çoxsaylı qərb diplomatları Səfəvi dövləti ilə sıx qarşılıqlı əlaqələr yaratmaq üçün danışıqlar aparmışdılar. Azərbaycan ağqoyunlular dövründə olduğu kimi, səfəvilərin hakimiyyəti zamanında da Şərqlə Qərb arasındakı qarşılıqlı əlaqələrdə mühüm rol oynamaqda davam edirdi.

Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Azərbaycanın əfşar-türk elindən çıxmış bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı. Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı. Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə — xanlıqlara və sultanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül dövrü başlandı. Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə cəhd etsələr də bu arzu olunan nəticəni vermədi. 

Siyasi pərakəndəlik daha da dərinləşdi. Bununla, Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə çox əlverişli bir fürsət düşdü.
XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. 

Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya arasında uzun sürən müharibələr dövrü başlandı. 

Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi. Rusiya tərəfindən ərazi vədləri ilə şirnikləndirilərək hərbi əməliyyatlara başçılıq edən erməni və gürcü mənşəli generallar əllərinə düşmüş fürsətdən istifadə edərək Azərbaycanın dinc əhalisinə qarşı dəhşətli soyqırımları törətdilər. 

Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı.

Beləliklə, Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: “Şimali Azərbaycan” (və ya “Rusiya Azərbaycanı”) və “Cənubi Azərbaycan” (və ya “İran Azərbaycanı”). Geridə qalmış şahlıq rejiminin hakimiyyəti altına düşmüş Cənubi Azərbaycandan fərqli olaraq, Şimali Azərbaycan Rusiyanın və onun vasitəsilə bütün Qərbi Avropanın nisbətən qabaqcıl mədəni-iqtisadi inkişaf məcrasına daxil oldu. 

Azərbaycan xalqının şimalda ruslaşdırılması, cənubda isə farslaşdırılması dövrü başlandı.

1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycanı, onun tarixi torpaqlarını parçaladı, xalqımızı iki yerə böldü. 

Heydər Əliyev 

Rusiya Şərqə doğru daha da irəliləmək, isti dənizlərə yol açmaq üçün azərbaycanlıları Qafqazdan sıxışdırıb çıxarmaq siyasəti yeritməyə başladı. Bunun üçün ilk növbədə Cənubi Qafqazın xristian əhalisinə – başlıca olaraq İrandan və Türkiyədən köçürülmüş ermənilərə, həmçinin gürcülərə arxalandı, Azərbaycanın xristian-alban əhalisindən istifadə etdi. Yerli müsəlman əhalinin zorla xristianlaşdırılmasına başlandı.

Beləliklə, Bizans imperiyasından sonra yeni bir xristian dövlətinin — Rusiyanın regionda geniş işğallara başlaması ilə Cənubi Qafqazda xristian amili yenidən dirçəldildi. Rusiyadan Azərbaycan ərazisinə xristian əhalinin köçürülüb gətirilməsinə cəhd göstərildi. 

İlk zamanlar bu siyasət baş tutmadıqda Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürdü. Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında — keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə “Erməni vilayəti” yaradıldı. Bununla, Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.

Ölkənin şimal-qərbində — Gürcüstanla həmsərhəd olan ərazidə isə xristianlaşdırma siyasətinə gürcü kilsəsi cəlb olundu. Bundan istifadə edən gürcü feodalları Rusiya müstəmləkəçilərinin fəal köməyi ilə çoxdankı arzularını – yerli müsəlman əhalinin pravoslavlaşdırılması və gürcüləşdirilməsi planlarını həyata keçirməyə başladılar.

Bundan əlavə, Rusiya 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu erməni Qriqorian kilsəsinin tabeçiliyinə verdi. Bununla da Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı. Ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu. Bütün bunlarla kifayətlənməyən çar Rusiyası daha çirkin siyasətə də əl atdı: erməniləri silahlandıraraq türk-müsəlman əhali üzərinə qaldırdı və azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsinə başlandı. Bununla azərbaycanlılara və Cənubi Qafqazın bütün türk-müsəlman əhalisinə qarşı soyqırımları dövrü başlandı. Lakin çarizmin və onun əlaltılarının bu qəddar müstəmləkəçilik siyasəti yerli əhalinin inadlı müqavimətinə rast gəldi. Bununla belə, müstəmləkəçilər Azərbaycan bəylərinin müsadirə olunmuş torpaqlarını paylamaq və geniş imtiyazlar vermək hesabına bəzi alban-ingiloy kəndlərini dinlərindən döndərib xristianlaşdıra bildilər. Bununla kifayətlənməyən müstəmləkəçilər qədim alban kilsələrini pravoslav kilsələrinə çevirdilər və bölgədə addımbaşı yeni kilsələr tikdirdilər. Azərbaycanın bu bölgəsinin xristianlaşdırılması siyasəti bilavasitə Qafqaz canişininin öz nəzarəti və iştirakı ilə həyata keçirilirdi.

Eyni zamanda yerli əhalinin xristianlaşdırılması ilə yanaşı, Rusiyadan Azərbaycana xristian əhalisinin köçürülməsinə diqqət artırıldı. Məqsəd Cənubi Qafqazda, xüsusən Azərbaycanda xristian amilinin rolunun gücləndirilməsindən ibarət idi.

Mürtəce şahlıq rejimi tərəfindən Azərbaycanın cənub torpaqlarında da eyni cür siyasət həyata keçirilirdi.

Çox çəkmədən, müstəqil yaşamaq ənənələrinə malik olan Azərbaycan xalqının həm şimalda, həm də cənubda azadlıq mübarizəsi gücləndi. Nəticədə, əvvəllər Azərbaycana yiyələnmək üstündə öz aralarında qanlı müharibələr aparmış Rusiya və İran dövlətləri Azərbaycan xalqının azadlıq mübarizəsinə qarşı və ölkəmizin yenidən birləşməsinə yol verməmək məqsədilə bir-birinin etibarlı müttəfiqinə çevrildilər.

Rusiyada Birinci rus inqilabı (1905-1907), İranda isə 1905-1911-ci illər inqilabı dövründə Azərbaycan xalqı özünün müstəqil dövlətçiliyini bərpa etmək, yeni dövrdə yeni demokratik idarəçilik sistemi yaratmaq uğrunda mübarizə aparırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı Rusiya ağalığına və qacarlar İranının şahlıq rejiminə qarşı istiqlal mücadiləsini dayandırmadı, özünün müstəqil dövlətini yaratmaq üçün dəfələrlə üsyan qaldırdı, ölüm-dirim savaşına qalxdı, şəhidlər verdi. 

Birinci dünya müharibəsi dövründə Azərbaycan xalqı həm şimalda, həm də cənubda öz milli dövlətçilik ənənələrini dirçəltmək üçün yenidən ayağa qalxdı. 

Şimali Azərbaycanda azadlıq mübarizəsi misli görünməmiş faciələrlə nəticələndi. Burada hakimiyyəti ələ keçirən S.Şaumyanın daşnak-bolşevik hökuməti 1918-ci ilin martında Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı həyata keçirdi. Qardaş Türkiyə Azərbaycana kömək əlini yetirdi. Azadlıq hərəkatı qalib gəldi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.

Cənubi Azərbaycanda isə müstəqil və demokratik Azadıstan dövləti (“Azadıstan məmləkəti”) quruldu (1920). Şeyx Məhəmməd Xiyabani Azadıstan Milli hökumətinin başçısı oldu. Hər iki Azərbaycan dövlətinin ərazisində geniş milli-demokratik islahatlar keçirilməsinə başlandı.

Beləliklə, Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edən Azərbaycan xalqı həm şimalda, həm də cənubda özünün qədim dövlətçilik ənənələrini yenidən dirçəldə bildi, müstəqil yaşamağa layiq və qadir xalq olduğunu bir daha  sübuta yetirdi. Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da parlamentli respublika tipli demokratik idarəçilik qaydalarının tətbiq olunmasına başlandı. Bu, Azərbaycan xalqının çox böyük tarixi nailiyyəti idi.

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – ŞƏRQDƏ İLK PARLAMENTLİ RESPUBLİKA

(1918-ci il may – 1920-ci il aprel)

           

Bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimi olan Çar Rusiyası da Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilmədi. Əsarət altına salınmış türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini məhv etmək siyasəti yeridən Rusiya imperiyası Cənubi Qafqazı bu siyasətin ən dəhşətli qanlı qırğın meydanına çevirmişdi. Bu qəddar siyasətin son məqsədi Cənubi Qafqazı Azərbaycanın türk-müsəlman əhalisindən “təmizləmək”, bundan sonra İran və Türkiyəni aradan qaldırıb rahatca isti dənizlərə çıxmaq, bununla da Rusiyanın tarixi arzusuna — Hindistana yetişmək niyyətinə nail olmaq idi. Məhz bu məqsədlə də bir tərəfdən imperiyanın ayrı-ayrı yerlərindən Azərbaycan ərazisinə müxtəlif mənşəli xristian əhali köçürülüb gətirilir, digər tərəfdən də yerli əhalinin xristianlaşdırılması və ruslaşdırılması siyasəti yeridilirdi. Daha dəhşətlisi isə bu idi ki, həmin qanlı siyasəti daha uğurla həyata keçirmək üçün erməni-müsəlman qırğınları törədilirdi. Ölkənin şimal-qərb hüdudlarında isə Azərbaycan və gürcü xalqları arasına nifaq salmaq siyasəti yeridilirdi. Bir sözlə, Azərbaycan Çar Rusiyasının milli-müstəmləkəçilik siyasətinin ən dəhşətli sınaq meydanına çevrilmişdi.

Buna görə də bütün Rusiya imperiyası ərazisində məhz qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan çarizmin qəddar milli-müstəmləkə rejiminə qarşı milli müqavimət hərəkatının əsas mərkəzinə çevrildi. İdarə olunmağa deyil, idarə etməyə vərdiş etmiş Azərbaycan xalqı özünün qabaqcıl ziyalılarının başçılığı altında bütün Rusiyanın türk-müsəlman xalqlarının milli azadlıq hərəkatının önünə keçdi.

XIX əsrin sonu – XX əsrin əvvəlləri, dünyada yeni münasibətlərin bərqərar olduğu bir dövr kimi Azərbaycan xalqının həyatının bütün sahələrində də öz təsirini göstərmişdir. Bu dövrün ictimai prosesləri iri sənaye şəhərinə çevrilmiş Bakını bütün Qafqazın iqtisadi mərkəzi etmişdir. 

Heydər Əliyev

XX yüzilliyin əvvəllərində Rusiya imperiyası dərin hərbi-siyasi və iqtisadi böhrandan xilas olmaq üçün islahatlar dövrünə qədəm qoyduqda böyük xeyriyyəçi H.Z.Tağıyev tərəfindən himayə olunan Azərbaycan ziyalıları hələ 1905-ci ildən başlayaraq, bütün başqa tələblərlə bərabər, ölkənin türk-müsəlman əhalisinin imperiyanın mərkəzi hakimiyyət orqanlarında təmsil olunmasını, yerli idarəçiliyə və məhkəmə orqanlarında fəaliyyətə cəlb olunmasını tələb edir, bu sahədə ayrı-seçkiliyin, məhdudiyyətin aradan qaldırılması uğrunda mübarizə aparırdılar.

Görkəmli hüquqşünas Əlimərdan bəy Topçubaşov, Şəmsi Əsədullayev, Əhməd bəy Ağayev, Ədil xan Ziyadxanov, Əli bəy Hüseynzadə və bir çox digər milli ruhlu Azərbaycan ziyalıları bu hərəkatın önündə gedirdilər.

Şimali Azərbaycan çarizmə qarşı öz azadlığı uğrunda ayağa qalxan bütün məzlum şərq xalqlarının mübarizə simvoluna çevrilmişdi. Heç də təsadüfi deyil ki, Rusiya imperiyasının bütün türk-müsəlman əhalisini çarizmə qarşı birləşdirmək və bu məqsədlə vahid siyasi təşkilat yaratmaq ideyası da məhz Azərbaycanda doğulmuşdu.

1905-ci ildə ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilmiş I qurultayında “Rusiya imperiyasında türklərin vəziyyəti və problemləri”nə həsr olunmuş əsas məruzə ilə məhz Azərbaycanın nümayəndəsi Əlimərdan bəy Topçubaşov çıxış etmişdi. Yeni yaradılmış Ümumrusiya Müsəlmanları İttifaqının (“İttifaqi-Müslimin”) Nizamnamə və Proqramının yazılmasında da azərbaycanlı nümayəndələr fəal iştirak etmişdilər.

Mürəkkəb və çətin şəraitdə aparılan gərgin mübarizə nəticəsində Azərbaycanın tanınmış ziyalıları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Tağı Əliyev, Əsədulla bəy Muradxanov 1906-cı ildə Rusiyanın ilk parlamentinə — I Dövlət Dumasına deputat seçilmişdilər. Xalqımızı Rusiya parlamentində təmsil edən yüksək təhsil görmüş bu ziyalıların ikisi ixtisasca hüquqşünas idilər: Əlimərdan bəy Topçubaşov Peterburq Universitetini, İsmayıl xan Ziyadxanov isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdilər.

Rusiya Dövlət Dumasının ən böyük fraksiyalarından birinə — Müsəlman fraksiyasına sədr Əlimərdan bəy Topçubaşov seçilmişdi. Azərbaycanlı deputatlar Duma tribunasından çıxış edərək Rusiya imperiyasının Cənubi Qafqazda yeritdiyi milli qırğın siyasətini, xalqımıza qarşı yol verilən ayrı-seçkiliyi, köçürmə siyasətini, bütöv bir xalqın hüquqsuzluğunu, kölə halına salındığını bütün açıqlığı və kəskinliyi ilə tənqid edir, yalnız azərbaycanlıların deyil, bütün Rusiya müsəlmanlarının mənafeyini müdafiə edirdilər.

Belə ki, azərbaycanlı deputat İsmayıl xan Ziyadxanov duma iclaslarından birində çıxış edərkən son dərəcə qətiyyətlə bildirmişdi: “Biz (Azərbaycan) bir əsr əvvəl işğal edilmişik. Bizə heç bir hüquq verilməmişdir. Kölə halına salınmışıq. Milli varlığımıza təcavüz edilmişdir. Bir sıra ali məktəbə qəbul olunmağımıza qadağa qoyulmuşdur. Dövlət idarələrində türk məmurlarına rast gəlmək mümkün deyildir. Torpaq azlığından əziyyət çəkirik. Lakin buraya Rusiyadan axın-axın kəndlilər köçürülür. Bilavasitə dövlətin əli ilə törədilən milli qırğın zəminində qana boyanmış bu torpaqlarda rus kəndliləri üçün planlaşdırdığınız yaşayış məntəqələrini quracaqsınız. Bu, hökumətin gizli surətdə hazırlayıb həyata keçirdiyi “parçala və hökmranlıq et” idarə tərzindən başqa bir şey deyildir. İki ildən bəri qan dəryasında boğulan Vətənimdə insan cəsədlərinin üstündən keçirik. Artıq səbrimiz tükənmişdir”. II Dövlət Dumasının üzvləri Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov da, öz sələfləri kimi, çarizmin bütün sahələrdə, o cümlədən dövlət idarəçiliyində yeritdiyi milli və dini ayrı-seçkilik siyasətinə kəskin etirazlarını bildirirdilər.

Azərbaycanlı deputatların bütün Rusiyanın türk-müsəlman əhalisinin hüquqsuzluğuna qarşı kəskin çıxışları və bunun güclü oyadıcı təsirinin çarizmi vahiməyə salması, başqa səbəblərlə yanaşı, I və II Dövlət Dumalarının buraxılmasında az rol oynamamışdı. Məhz buna görə də III Dumaya seçkilər zamanı türk-müsəlman əhalisinin yaşadığı Mərkəzi Asiya, Sibir və digər regionlar seçki hüququndan məhrum edilmiş, Bakıya isə öz nümayəndəsini irəli sürmək hüququ verilməmişdi.

Elə həmin səbəbə görə də, əvvəlkilərdən fərqli olaraq, III Dövlət dumasında bütün Cənubi Qafqazın müsəlman əhalisini yalnız bircə nəfər deputat — Xəlil bəy Xasməmmədov təmsil edirdi. IV Dövlət Dumasında isə bütün Cənubi Qafqaz müsəlmanlarının yeganə nümayəndəsi Məmməd Yusif Cəfərov idi.

Rusiyanın Dövlət Dumalarına seçilmiş azərbaycanlı deputatların, demək olar ki, hamısı milli hərəkatımızın ən qabaqcıl nümayəndələri idilər. Duma deputatları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov peşəkar hüquqşünaslar idilər. Məhəmməd ağa Şahtaxtinski isə Sarbonna universitetinin dinləyicisi olmuş, Leypsiq universitetinin fəlsəfə fakültəsini bitirmişdi.

Beləliklə, Birinci dünya müharibəsinin gedişində “xalqlar həbsxanası” olan Rusiya imperiyasının dağılması üçün real tarixi şərait yaranarkən Azərbaycan xalqı həm qədim dövlətçilik ənənələrinə, həm də ən müasir idarəçilik mədəniyyətinə yiyələndiyi üçün müstəqil dövlət halında yaşamağa hazır idi.

Ölkənin qacarlar sülaləsi tərəfindən idarə olunan və İran şahlığının tərkibində qalmış cənub rayonlarından fərqli olaraq Şimali Azərbaycan Rusiya ağalığı dövründə Rusiyanın və Rusiya vasitəsilə Qərbin yeni — demokratik dövlət quruculuğu ənənələri ilə – parlament mədəniyyəti ilə yaxından tanış ola bilmişdi.

Azərbaycan ziyalılarının mühüm bir hissəsi, o cümlədən Əlimərdan bəy Topçubaşov başda olmaqla peşəkar hüquqşünaslar Rusiyanın Dövlət Dumalarında zəngin parlamentçilik təcrübəsi qazanmışdılar. Onlar nifrət etdikləri və qəddar milli müstəmləkə zülmünün hökmranlıq etdiyi Rusiya mütləqiyyətindən tamamilə fərqlənən, bütün hüquq və azadlıqların təmin olunduğu ən demokratik respublika sistemi yaratmağa hazır idilər. Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin demokratik dövlət yaratmaq ideyaları onların hələ Rusiya Dövlət Dumalarında fəaliyyət göstərdikləri dövrdə formalaşmışdı. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli respublika kimi formalaşması tarixi reallıqdan doğurdu. Çarizmin devrilməsindən sonrakı hadisələrin real inkişafı da işi buna doğru aparırdı.

XIX əsrdən başlanan mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxartdı, yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün münbit zəmin yarandı. 

Heydər Əliyev

1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyəti devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn Müvəqqəti hökumət Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi Komitə yaratdı. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrındakı hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə Zaqafqaziya Parlamentini yaratdılar.

Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi.Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası, faktiki olaraq, Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu, Zaqafqaziya Müsəlman Parlamenti funksiyasını yerinə yetirirdi.

Maraqlı və eyni zamanda qanunauyğun hal idi ki, Dövlət Dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən ardıcıl üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı.

Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və ertəsi gün — mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

Mayın 27-də Seymin Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya Müsəlman Parlamentinin) üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində ilk Azərbaycan parlamenti yarandı və Azərbaycanda ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri oldu.

Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi.

İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun — parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əskər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİNİ qəbul etdilər.

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər-Azərbaycan xalqının öz 
müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsirləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı. 

Heydər Əliyev

Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökumətinin tərkibini də təsdiq etdi. İlk Müvəqqəti Hökumət bu tərkibdə idi:

Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və Daxili İşlər naziri
Xosrov Paşa bəy Sultanov – Hərbi nazir
Məmməd Həsən Hacınski – Xarici İşlər naziri
Nəsib bəy Usubbəyov – Maliyyə naziri və Xalq Maarif naziri
Xəlil bəy Xasməmmədov – Ədliyyə naziri 
Məmməd Yusif Cəfərov – Ticarət və Sənaye naziri
Əkbər Ağa Şeyxülislamov – Əkinçilik naziri və Əmək naziri
Xudadat bəy Məlik-Aslanov – Yollar naziri və poçt -teleqraf naziri
Camo bəy Hacınski – Dövlət nəzarətçisi

Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.

Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə doğulmuşdu. Bakıda hakimiyyəti S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik güruhu ələ keçirmiş və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırımına başlamışdı. Çar generalları tərəfindən silahlandırılmış erməni quldur dəstələri Şərqi Anadolunun və Qərbi Azərbaycanın türk-müsəlman əhalisinə qarşı qanlı qırğını — soyqırımını davam etdirirdilər. Azərbaycan xalqının cəlladları olan Şaumyan və Andronik əlbir fəaliyyət göstərirdilər. Azərbaycan xalqı fiziki cəhətdən məhv edilmək təhlükəsi qarşısında idi. Neft Bakısını ələ keçirməyə çalışan xarici qüvvələr arasındakı rəqabət sona çatmaqda və bütün Cənubi Qafqaz üçün yeni təhlükə — bolşevik Rusiyasının təcavüzü təhlükəsi yaxınlaşmaqda idi. Azərbaycan xalqı öz tarixinin ağır yolayrıcında qalmışdı: ya Milli qurtuluş, ya da ki, məhv edilərək Cənubi Qafqazın etnik-siyasi xəritəsindən tamamilə silinib götürülmək. Azərbaycanı müstəqil dövlət elan etmiş Cümhuriyyət xadimləri məhz belə bir tarixi şəraitdə çaşqın vəziyyətə düşmüş və çıxış yolu tapa bilməyən xalqın önünə keçdi.

1918-ci il iyunun 16-da Milli Şura və hökumət özünün fəaliyyət mərkəzini Gəncəyə köçürdü. Ölkədə yaranmış real vəziyyəti nəzərə alan Azərbaycan Milli Şurası iyunun 17-də Gəncədə iki mühüm qərar qəbul etdi: öz fəaliyyətini müvəqqəti olaraq dayandırdı; bütün hakimiyyəti (həm qanunvericilik, həm də icra hakimiyyətini) Müəssislər Məclisi çağırılanadək F.Xoyskinin sədrliyi ilə yaradılmış yeni — ikinci Müvəqqəti hökumətə həvalə etdi.

Hökumətin tərkibi belə idi: Nazirlər Şurasının sədri — Fətəli xan Xoyski; nazirlər — Məmməd Həsən Hacınski, Nəsib bəy Usubbəyov, Əlimərdan bəy Topçubaşov, Behbud Ağa Cavanşir, Xəlil bəy Xasməmmədov, Xosrov Paşa bəy Sultanov, Xudadat bəy Rəfibəyov, Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov, Əbdül Əli bəy Əmircanov, Musa bəy Rəfiyev.

Azərbaycan Milli Şurası çətinliklə əldə olunmuş istiqlalın itirilməsindən ehtiyat edərək o zaman həm də qərara almışdı ki, qısa müddət ərzində Müəssislər Məclisi çağırılmalıdır və o vaxta qədər F.Xoyski hökuməti hakimiyyəti öz əlində saxlamalı, heç kimə güzəştə getməməlidir. Azərbaycan Milli Şurası, eyni zamanda F.Xoyski hökumətinin hüquq və səlahiyyətlərini də konkret şəkildə müəyyənləşdirmişdi. Hökumət Azərbaycanın dövlət müstəqilliyini, mövcud siyasi azadlıqları ləğv edə bilməzdi və aqrar məsələ, həmçinin bunun kimi digər mühüm məsələlər barədə inqilabi qanunları dəyişdirmək hüququna malik deyildi. Qalan məsələlərdə isə hökumətə müstəqil hərəkət etmək səlahiyyəti verilirdi. Müvəqqəti hökumət altı aydan gec olmayaraq Müəssislər Məclisi çağırmalı idi.Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamenti — Azərbaycan Milli Şurası özünün ilk addımlarını atmağa başladı. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 27-dən iyunun 17-dək davam edən və cəmi 20 gün sürən ilk fəaliyyəti dövründə cəmi 7 iclası keçirildi və bu iclaslarda başlıca olaraq iki mühüm qərar qəbul edildi: birincisi — Azərbaycanın istiqlalı elan olundu və İstiqlal bəyannaməsi qəbul edildi; ikincisi — Gəncədə Fətəli xan Xoyski başda olmaqla ilk Azərbaycan hökumətini formalaşdırdı və 1813-cü ildən sonra ilk dəfə olaraq Azərbaycanın müstəqil idarə olunmasına başlandı.

Azərbaycanın bir hissəsində — Şimali Azərbaycanda respublika quruluşu yaradıldı.

1918-ci il iyunun 17-də hakimiyyətə gələn F.Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çox ağır bir beynəlxalq və daxili şəraitdə, faktiki olaraq, soyqırımı taleyi yaşayan Azərbaycan xalqını tarixin ən ağır qanlı burulğanından çıxarmaq məsuliyyətini öz üzərinə götürməli oldu.

Təcili olaraq müstəqil Azərbaycanın dövlət quruculuğuna başlandı. Hökumət yaranmış vəziyyətdən çıxmaq üçün ilk gündən qəti tədbirlərə əl atdı. İyunun 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan olundu. İyunun 24-də qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsvir olunan bayraq azad Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul olundu. İyunun 26-da Müsəlman hərbi korpusu ayrıca Azərbaycan Korpusuna çevrildi və həmin korpusun komandirinə general rütbəsi verildi. Diviziya komandiri səlahiyyətlərinə malik olan Azərbaycan Korpusunun komandiri hökumətin xüsusi tapşırığını yerinə yetirməyə başladı ki, bu da faktiki olaraq Azərbaycan silahlı qüvvələrinin yaradılması demək idi.

İyunun 27-də Azərbaycan-türk dili dövlət dili elan olundu. Dövlət quruculuğu daha da genişləndirildi. Türkiyədən dərsliklər gətirmək və müəllimlər dəvət etmək barədə qərar qəbul olundu. Məktəblər milliləşdirildi. Yeni müəllim kursları və məktəblər açıldı. Yelizavetpol və Karyaginin tarixi adları bərpa olunaraq yenidən Gəncə və Cəbrayıl adlandırıldı. Milli orduya səfərbərlik keçirildi. İyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar qəbul olundu. Komissiya Birinci Dünya müharibəsi dövründə bütün Cənubi Qafqaz ərazisində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımı vəhşiliklərini və onların əmlakının talan olunması məsələlərini araşdırıb cinayətkarları məhkəmə məsuliyyətinə cəlb etməli idi. Hökumətin bu qərarı ilə, əslində, müstəqil Azərbaycanın Milli Təhlükəsizlik sisteminin yaradılmasının əsası qoyuldu. Bundan əlavə, hökumətin nəzarəti altında olan ərazidə vəziyyəti sabitləşdirmək, nəqliyyat, poçt-teleqraf rabitəsi yaratmaq üçün də bir sıra mühüm tədbirlər görüldü. Avqu stun 11-də hərbi mükəlləfiyyət haqqında qərar qəbul olundu. Avqustun 23-də Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında fərman verildi. Lakin F.Xoyski hökumətinin başlıca vəzifəsi ölkənin bütün ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətini bərqərar etmək, Bakını və onun ətraflarını Azərbaycan xalqının düşmənlərindən təmizləmək idi.

1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad etdi. Şəhər S.Şaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşevik-daşnak tör-töküntülərindən – “Sentrokaspi diktaturası”ndan təmizləndi.

1918-ci il sentyabrın 17-də F.Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi.

Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. İctimai-siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində quruculuq işləri daha da genişləndirildi. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan F.Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı: Milli Şuranın 1918-ci il 17 iyun tarixli qərarından hələ 6 ay keçməməsinə baxmayaraq, daha doğrusu hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda, F.Xoyskinin təşəbbüsü və müraciətinə əsasən 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri F.Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü.

Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da M. Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Azərbaycan Parlamentçiliyi tarixinin çox mühüm qərarları qəbul olundu. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin iclasda qeyd olundu ki, Azərbaycanın əhalisi yalnız azərbaycanlılardan ibarət olmadığı üçün Azərbaycan Milli Şurasında qeyri millətlər də təmsil olunmalıdır, daha doğrusu Azərbaycan ərazisində yaşayan bütün millətlər parlamentdə təmsil olunmalıdır. Azərbaycan Milli Şurası ölkə əhalisinin (2 mln. 750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil etməli idi. Sayları çox az olduğu üçün, parlament seçkilərində iştirak etmək hüquqları olmadığı halda, gürcülər və polyaklar da hərəsinə bir deputatla parlamentdə təmsil olunmalı idilər.

Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən hələ 1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. Müsəlmanlardan qalan 36 deputat və başqa millətlərin nümayəndələri yenidən seçilməli idi. Yeni Parlamentin formalaşdırılması 1918-ci il dekabrın 3-də başa çatdırılmalı idi.

Göründüyü kimi, 1918-ci ilin Mart soyqırımından hələ vur-tut yarım il keçməsinə baxmayaraq Azərbaycan parlamentində 21 nəfər erməni nümayəndəsinin iştirakına yol açılırdı. O zamankı tarixi şəraitdə atılan bu addım Azərbaycan xalqının demokratik təbiətinə, insan haqlarına nə qədər dərin hörmətlə yanaşmasına parlaq sübutdur.

Parlament demokratiyamızın bu parlaq faktı M.Ə. Rəsulzadənin yeni parlamentin çağırılması ilə bağlı olaraq 1918-ci il noyabrın 29-da xalqa etdiyi müraciətdə də əks olunmuşdu: “… bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq. Tarix hamımızı bir yerdə yaşamaq məcburiyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək üçün yaşayışımızı aqil və insani əsaslar üzərində quraq, bir-birimizi sevək, ehtiram edək. Milli və məzhəb fərqlərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarıdır. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər”.

M.Ə.Rəsulzadə Azərbaycan əhalisinə müraciətdə bildirirdi ki, azlıqda qalan millətlərin və məmləkətin vilayətlərinin də nümayəndələri təmsil olunacaq yeni parlament yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək.

1918-ci il dekabrın 7-də saat 13-də H.Z.Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.

Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söylədi.

“Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Paris sülh konfransına yola düşmüş Ə.Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasındaca F.Xoyski hökumətinin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırıldı.

1918-ci il dekabrın 26-da F.Xoyski parlamentdə öz proqramı ilə çıxış etdi və yeni hökumətin tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökumətin proqramını qəbul etdi və F.Xoyskinin təşkil etdiyi hökumətə etimad göstərdi.

Azərbaycan Parlamentinin fəaliyyətə başladığı dövrdəki tariximizin çox mühüm ibrət dərslərindən biri də budur ki, Cümhuriyyət xadimlərinin, bütün xalqımızın ilk Azərbaycan Parlamentində ermənilərə 21, ruslara isə 10 yer ayırmasına baxmayaraq, onlar Parlamentin açılışında iştirak etmədilər. Bakıda fəaliyyət göstərən Rus Milli Şurası Azərbaycanın öz müstəqilliyini elan etməsilə “Vahid və bölünməz Rusiya”nın parçalanmasına yol açdığı üçün “Azərbaycanın Rusiyadan ayrılması faktını tanımadı” və Azərbaycan Parlamentini baykot etmək barədə qərar qəbul etdi.

Lakin Azərbaycanda yaşayan rus-slavyan əhalisinin təzyiqi ilə sonralar Rus Milli Şurası həmin qərarı ləğv etməyə məcbur oldu.

Həmin dövrdə Azərbaycanın müstəqilliyi ilə barışa bilməyən ermənilər də Rus Milli Şurasını müdafiə etdilər və iki aydan çox müddət ərzində Parlamentin iclaslarında iştirak etmədilər. Parlamentə qatıldıqdan sonra isə həmişə Azərbaycan dövlətçiliyinə xəyanət mövqeyindən çıxış etdilər.

Bundan əlavə, ölkədə ali hakimiyyəti öz əlində cəmləşdirmiş və sayı 100 nəfərə çatmayan Parlamentdə 11 fraksiya və qrupun fəaliyyət göstərməsi də olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə müstəqil dövlət quruculuğuna ciddi əngəl törədirdi. Ayrı-ayrı fraksiya və qruplar bir çox hallarda özlərinin məhdud fraksiya və qrup mənafelərini ümummilli mənafedən üstün tuturdular. Məsələn, Parlamentin sosialist bloku “yoxsulların mənafeyini müdafiə etmək” pərdəsi altında, müntəzəm olaraq, Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsini təbliğ etmiş, Sovet Rusiyasında diplomatik nümayəndəlik açılması barədə qərar qəbul edilməsinə nail olmuş, nəhayət, Qızıl Ordunun ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdı ki, bu da mahiyyətcə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı pozuculuq işi aparmaqdan başqa bir şey deyildi.

Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, o cümlədən 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: Birinci dövr – 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal bəyannaməsini qəbul etmişdir.

Azərbaycan Milli Şurasının o zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə-Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır.

Milli Şura dövründə Azərbaycan Parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclası keçirilmişdir. İlk iclas 1918-ci il mayın 27-də Tiflisdə, son iclas 1918-ci il noyabrın 19-da Bakıda keçirilmişdir. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağırılmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdir. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etmişdir. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin-geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı. Beləliklə, Azərbaycan Parlamenti öz fəaliyyətinin bu dövründə, daha doğrusu, Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət göstərmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək cəmi 17 ay davam etmişdir. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas 1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdur. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun — qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.

Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və Ordu quruculuğu məsələlərinə yönəltmişdi. Qeyd olunmalıdır ki, Parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində Parlament üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər.

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq baxçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı.

Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti və Parlamenti, vaxt itirmədən, bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Bu işə nə qədər böyük əhəmiyyət verildiyi ondan görünür ki, Parlament xaricə göndəriləcək gəncləri müəyyən etmək üçün M.Ə.Rəsulzadənin başçılığı ilə beş nəfərdən (Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndiyev) ibarət xüsusi müsabiqə komissiyası yaratmışdı. Komissiyanın qərarına əsasən ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərilmişdi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc orada Vətəndaş müharibəsi başlandığı üçün təhsil almağa gedə bilməmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və hökuməti ölkənin başının üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də parlamentin sədri Ə.M.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Cümhuriyyət dövrünün görkəmli dövlət xadimi Ə.M.Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da XI Qırmızı Ordunun Şimali Azərbaycanı işğal etməsilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı. 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər Parlamentdə təsdiq olunmuşdur. Azərbaycan Parlamentinin və Cümhuriyyət hökumətinin fəaliyyətinin çox mühüm hissəsini daim özünə cəlb edən məsələlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan-Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı.

Cümhuriyyət dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) olmuşdur.

Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası vardı.

Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə — “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” əsasında idarə olunurdu.

M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətinə belə qiymət verirdi: “Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə – vəzifə yox idi. Parlament hakimi-mütləq idi”.

Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI Qırmızı Ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiya tərkibinə qatılsa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.

Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaqsəhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Bu cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov, Mehdi 
bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Pepinov, Şəfi bəy Rüstəmbəyov kimi görkəmli ictimai xadimlərin xatirəsini qədirbilən Azərbaycan xalqı bu gün də böyük ehtiram hissi ilə yad edir. 

Heydər Əliyev

Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından geri qalmırdı.

AZADISTAN MƏMLƏKƏTİ — CƏNUBİ AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİ

(1920-ci il aprel – sentyabr) 

Birinci dünya müharibəsinin doğurduğu tarixi şəraitdə, Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanda da xalq öz milli dövlətçilik ənənələrinin dirçəlişi uğrunda mübarizəyə qalxdı.

Müharibə illərində İran ərazisi, o cümlədən ölkənin şimal-qərbini əhatə edən Cənubi Azərbaycan torpaqları da xarici dövlətlərin hərbi əməliyyat meydanına çevrilmişdi. İran irticası və yadelli işğalçıların ağalığı xalqın onsuz da ağır olan vəziyyətini, ölkə daxilindəki ziddiyyətləri son həddə çatdırmışdı. Rusiyada fevral inqilabı nəticəsində çar mütləqiyyəti devrilsə də rus qoşunları hələ də Cənubi Azərbaycanı işğal altında saxlayırdılar. Şahlıq rejiminə və xarici işğalçılara qarşı bütün İranı əhatə edən xalq hərəkatı, Konstitusiyalı quruluş və demokratik dəyişikliklər uğrunda mübarizə, çox çəkmədən, Cənubi Azərbaycanda milli azadlıq hərəkatı xarakteri almağa başladı.

Rusiyada baş verən hadisələr, Azərbaycanın şimalında azadlıq hərəkatının qələbəsi, milli dövlətçilik ənənələrinin dirçəlişi və Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi islahatlar ölkənin cənubunda milli azadlıq hərəkatını daha da qüvvətləndirdi.

Cənubi Azərbaycanda milli azadlıq hərəkatına 1905-1911-ci illər İran inqilabının fəal iştirakçısı olan Şeyx Məhəmməd Xiyabani (1879-1920) başçılıq edirdi.

Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi azadlıq mücahidləri daxili irticaya və yadelli işğalçılara qarşı mübarizə aparmaqla bərabər, ölkə miqyasında yeniləşmə — demokratik dəyişikliklər aparılmasını tələb edir, bütün İranda xalq inqilabının qələbəsinə, şahlıq rejiminin ləğvinə və respublika tipli demokratik dövlət yaradılmasına çalışır, yeni yaradılacaq demokratik İran dövlətinin tərkibində Cənubi Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə edirdilər. Cənubi Azərbaycan əhalisinin vahid cəbhə halında azadlıq mücadiləsinə qalxmasında Azərbaycan Demokrat Firqəsi (ADF) mühüm rol oynayırdı. ADF-nin Mərkəzi Komitəsinə Şeyx Məhəmməd Xiyabani rəhbərlik edirdi.

Xiyabaninin göstərişi ilə hərəkət edən demokratlar Təbriz, Ərdəbil, Xoy, Urmiya, Sərab, Zəncan və b. Azərbaycan şəhərlərində əhalini mitinqlərə qaldırır, ingilispərəst İran hökumətinin istefasını və ölkədə demokratik islahatlar keçirilməsini tələb edirdilər.

Milli azadlıq hərəkatının genişlənməkdə olduğu bir şəraitdə — 1918-ci ilin əvvəllərində rus qoşunları Cənubi Azərbaycandan çıxarıldı. Bundan istifadə edən İngiltərə öz hərbi qüvvələrini Cənubi Azərbaycanda yerləşdirməyə başladı. İngilislər Bakı neftinə can atırdılar. İngiltərə hökuməti, əlavə olaraq, İrana general Denstervilin başçılığı ilə yeni hərbi qüvvələr də göndərdi. General Denstervilə Ənzəli, Rəşt və Bakını ələ keçirmək barədə göstəriş verilmişdi.

İngilislərin, guya “türk təhlükəsini” “qabaqlamaq” məqsədilə, Cənubi Azərbaycanın Türkiyə ilə həmsərhəd rayonlarını ələ keçirməsi və bununla bütün İranı nəzarət altına almaları ölkədə narazılığı daha da artırdı, Cənubi Azərbaycanda milli azadlıq hərəkatını daha da qüvvətləndirdi.

Belə bir şəraitdə keçmiş rus zabitləri tərəfindən silahlandırılmış erməni quldurları Şərqi Anadolu və Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanın Türkiyə ilə sərhəd bölgələrində də Azərbaycan türklərinə qarşı soyqırımına başladılar. Fransız zabitləri və Amerika missionerləri tərəfindən qızışdırılan aysorlar və kürdlər də Azərbaycan xalqına qarşı törədilən bu qanlı qırğında fəal iştirak edirdilər. Yaranmış ağır vəziyyətdə qardaş Türkiyənin hərbi qüvvələri Cənubi Azərbaycan türklərinin köməyinə çatdı. 1918-ci ilin martından başlayaraq Maku, Urmiya və Salması işğalçılardan və erməni-aysor-kürd quldurlarından təmizləyən türk hərbi hissələri Təbrizə daxil oldular. Beləliklə, Cənubi Azərbaycan ərazisində də xalqımıza qarşı həyata keçirilən soyqırımının qarşısı alındı. Lakin Türkiyə üçün yaranmış çox ağır beynəlxalq şəraitdə türk hərbi qüvvələri 1918-ci ilin noyabrında Cənubi Azərbaycanı tərk etməli oldular. Bundan istifadə edən ingilislər Təbriz də daxil olmaqla bütün Cənubi Azərbaycanı işğal etdilər. Beləliklə, İran ərazisi tamamilə ingilislərin nəzarəti altına keçdi.

1919-cu il avqustun 9-da işğalçıların təzyiqi altında İranla İngiltərə arasında saziş bağlandı. Sazişin şərtlərinə əsasən İran İngiltərədən asılı dövlətə çevrilirdi. Odur ki, 9 Avqust sazişi xalq hərəkatını daha da alovlandırdı. Bütün İran, o cümlədən Cənubi Azərbaycan bu alçaldıcı sazişə qarşı ayağa qalxdı. Cənubi Azərbaycanın hər yerində izdihamlı mitinqlər və nümayişlər başlandı. 1919-cu ilin oktyabrında üsyana qalxan Təbriz mücahidləri İran valisini şəhərdən qovdular. Bundan çox keçməmiş Təbriz əhalisinin tələbi ilə ingilis hərbi hissələri də şəhərdən çıxarıldı.

Milli azadlıq hərəkatı getdikcə daha ardıcıl xarakter aldı və özünün həlledici mərhələsinə daxil oldu. 1920-ci il aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə silahlı üsyan başlandı. Bütün Təbriz əhalisi üsyançıların müdafiəsinə qalxdı. Üsyanı yatırtmaq üçün mərkəzdən göndərilmiş polis dəstələri buna cəsarət göstərməyərək şəhəri tərk etdilər. Xalqın misli görünməmiş fəallığı nəticəsində 1920-ci ilin 7 Aprel üsyanı qan tökülmədən qalib gəldi. Üsyanın qalib gəldiyi 7 Aprel günü xalq qarşısında çıxış edən Şeyx Məhəmməd Xiyabani həmin gündən etibarən Azərbaycanın adının dəyişdirilərək “Azadıstan” (“Azadlıq ölkəsi”) adlandırılacağını bəyan etdi.

Təbriz üsyançıları dərhal əməli fəaliyyətə başladılar. Mərkəzdən göndərilmiş dövlət məmurları və hərbi qulluqçular vəzifələrindən kənar edildilər. Bütün dövlət idarəçiliyi ADF fəallarının əlinə keçdi. Beləliklə, bütün İran ərazisində demokratik dəyişikliklər və yeniləşmə uğrunda başlanmış hərəkat, nəticə etibarilə, milli azadlıq hərəkatına çevrildi. Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin dirçəldilməsinə başlandı. Xalq azadlığa can atır, özünün müstəqil, milli dövlətini yaratmaq istəyirdi.

Təbrizdə silahlı üsyan qələbə çaldıqdan sonra Xoy, Ərdəbil, Astara, Marağa, Əhər və Zəncanda da üsyanlar baş verdi. Cənubi Azərbaycanda baş verən milli azadlıq hərəkatı İranın başqa yerlərində də daxili irticadan və ingilislərdən narazı olan qüvvələr tərəfindən rəğbətlə qarşılandı.

İrticaya və ingilis ağalığına qarşı ümumxalq narazılığının bütün İranı əhatə etdiyi şəraitdə Təbriz üsyançıları daha qəti addımlar atmağa başladılar. 1920-ci il iyunun 23-də Təbrizdə Ş.M.Xiyabaninin başçılığı ilə Milli Hökumət yaradıldı. ADF fəallarından ibarət olan Milli Hökumətin tərkibi əhalinin müxtəlif təbəqələrinin nümayəndələrindən ibarət idi.

Milli Hökumətin fəaliyyətə başladığı 24 İyun günü Təbrizdə ümumxalq bayramına çevrildi. Bütün müəssisələrdə, tədris ocaqlarında iş dayandırıldı, bazarlar bağlandı. Milli Hökumətin qərarı ilə, mərkəzdən göndərilmiş bütün dövlət məmurları, İran valisi də daxil olmaqla Təbrizdən çıxarıldılar. Bu, faktiki olaraq, Cənubi Azərbaycanda mürtəce şahlıq rejiminin — İran hakimiyyətinin devrilməsi və milli dövlətçilik ənənələrinin dirçəlişi demək idi. Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi Milli Hökumət isə müstəqil demokratik respublika funksiyasını yerinə yetirirdi.

Bununla belə, xalqın tamamilə müstəqil yaşamaq əzminin əleyhinə olaraq, Milli Hökumət bütün İranın demokratikləşdirilməsi və ölkədə konstitusiyalı quruluş yaradılması, daxili irticaya və ingilis ağalığına son qoyulması uğrunda mübarizə xəttini davam etdirir, Cənubi Azərbaycana qarşı yeridilən ayrı-seçkilik siyasətinə qarşı çıxış edirdi.

Beləliklə, xalqın tam müstəqilliyə can atmasına və faktiki olaraq, özünün müstəqil demokratik respublikasını yaratmasına baxmayaraq, Milli Hökumət Cənubi Azərbaycanın tam müstəqilliyi uğrunda deyil, yeni yaradılacaq demokratik İran dövlətinin tərkibində milli muxtariyyət hüququ əldə etmək uğrunda mübarizə aparırdı.

Milli Hökumətin rəhbərləri inanırdılar ki, Təbrizdən sonra bütün İran ayağa qalxacaq, şahlıq idarə üsulu devriləcək, xalq hakimiyyətə gələcək və bütün ölkədə respublika quruluşu bərqərar olacaqdır; yeni yaradılacaq ümumiran xalq hökumətinin təşkilində azərbaycanlılar mühüm rol oynayacaqlar. Xiyabani əmin idi ki, “Təbriz İrana nicat verəcəkdir!”

Beləliklə, qarşısına İrandan ayrılıb müstəqil Azərbaycan dövləti yaratmaq kimi siyasi vəzifə qoymayan Milli Hökumət iqtisadiyyat, maarif, səhiyyə və b. sahələrdə islahatlara başladı. İlk növbədə dözülməz vəziyyətə düşmüş yoxsul əhalinin, o cümlədən təbrizlilərin vəziyyətini yaxşılaşdırmaq üçün müxtəlif xarakterli tədbirlər görüldü. Savadsızlığın ləğvinə başlandı. Milli məktəblər, xəstəxanalar açıldı. Təbrizdə yoxsul uşaqları üçün pulsuz qız məktəbi fəaliyyətə başladı. Yeni açılmış milli məktəblərdə dərs demək üçün Bakıdan, Türkiyədən, habelə Tiflisdən müəllimlər dəvət olundu. Milli qvardiya yaradılması üçün hazırlıq işlərinə başlandı. Milli Hökumətin öz jandarm və polis dəstələri yaradıldı. Polis məktəbi açıldı. Eyni zamanda yeni iş yerləri açılması, pul islahatı keçirilməsi, bank-maliyyə sistemi yaradılması, bələdiyyə seçkiləri keçirilməsi üçün hazırlıq işləri görülməsinə, torpaq islahatına başlandı. Bu məqsədlə yeni idarələr, müəssisələr, nazirliklər yaradıldı.

Göründüyü kimi, Milli Hökumətin həyata keçirdiyi bütün tədbirlərin, habelə nəzərdə tutulan islahatların özü də, əslində, Cənubi Azərbaycanda Respublika tipli müstəqil, demokratik dövlət yaradılmasına yönəlmişdi. Yaradılmaqda olan müstəqil Azərbaycan dövləti Azadıstan Məmləkəti adlanırdı. Buna müvafiq olaraq bütün rəsmi sənədlərdə, blanklarda, habelə nazirliklərin, idarə və müəssisələrin adı əks olunan lövhələrdə Azərbaycan adı “Azadıstan”la əvəz olundu.

Xiyabani öz doğma xalqını daim maariflənməyə, inkişaf naminə mübarizəyə çağırır, müstəqilliyin, azadlığın yalnız bu yolla əldə olunacağına inanırdı. O, Təbrizin şəhər bağında təşkil olunmuş yığıncaqlarda tərəqqipərvər fikirlərini təbliğ edirdi. Şeyx Məhəmməd Xiyabaninin 15 iyun 1920-ci ildə söylədiyi nitqində onun mübarizəsinin əsas ideyaları öz əksini tapıb:

– “Mənliyini sevmək təbii və ümumi bir qanundur. Hər bir adam, hər bir canlı bəşər özünü başqasından çox sevər. Buna görə də bir cəmiyyət öz rifah halını yaxşılaşdırmağı başqasından gözləməməlidir. Xüsusilə özünə nisbətən rabitə və yaxınlığı olmayanlardan yardım və xidmət gözləmək yersizdir. Öz şəxsiyyətinə hörmət etmək, ona inanmaq da mənliyini sevməklə bir sırada qoyulmalıdır. Bir xalq, bir cəmiyyət təkəbbürlü və özünə bədgüman olmamalıdır. İnsan öz şəxsi etimadının əsasını laxladan alçaqlığı, acizlik qədər təvazökarlığı qəbul etməməlidir. Bəşəriyyət bütün üzvlərinin birlikdə olan fəaliyyət və yardımına möhtacdır. Elə təsəvvür etməməlidir ki, dünyada yaşayan kiçik bir xalq bəşəriyyətə xeyir verə bilməz və onun varlığına etinasız münasibət bəsləmək olar. Çox təəssüf olsun ki, biz öz qədir və qiymətimizi çox az bilmiş, bəlkə də özümüzdə olan mənlikdən xəbər tutmamışıq. Bu, fərdlərin həyatında təcrübədən keçirilmişdir. Yüksək xüsusiyyətə malik olan, ali fikirlərə xidmət edən, öz dərəcə və heysiyyətini qiymətləndirən və bunun qorunması üçün çalışan şəxslər həmişə yüksək məqama çatmışlar. Məhz buna görədir ki, bir çox ədib və filosoflar öz şəxsiyyətləri naminə ali dərəcəyə çatmış və padşahları belə öz zəhmət və qüdrətinə qarşı hörmət etməyə məcbur etmişlər. Onlar saraylarda ən parlaq yer tutmuşlar. Xalqlar dəxi bu əzəməti, mənəvi qüvvəni, mənliyi və öz varlığına etimadı üzə çıxarmaqla tərəqqi və inkişafa nail ola bilərlər. Azad və müstəqil olmaq istəyən bir xalq, öz həyatına və ictimai məsələlərə laqeyd qala bilməz. Biz dəxi mütərəqqi xalqlar cərgəsinə çatmaq üçün öz fikir və hissiyyatımızı onların dərəcəsinə qaldırmalıyıq.

Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır.

Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur. Xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər. Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik və şücaətidir”.

Cənubi Azərbaycanda milli azadlıq hərəkatı dərinləşməkdə idi. Azərbaycan xalqı, faktiki olaraq, özünün respublika tipli demokratik dövlətini yaratmağa başlamışdı.

Azadıstan Məmləkətinin uğurları bütün İranı hərəkətə gətirmişdi. Lərzəyə düşən şahlıq rejimi, həmçinin, İranı öz asılılığında saxlamağa çalışan və Bakı neftinə can atan ingilislər real təhlükə qarşısında qalmışdılar. Odur ki, İran irticası və ona yaxından kömək edən ingilislər Tehranda Milli Hökumətə qarşı qəsd hazırlamağa başlamışdılar.

Tehran rejimi bir tərəfdən Milli Hökumətin başını qarışdırmaq üçün Ş.M.Xiyabani ilə danışıqlar aparır, müxtəlif vədlər verir, digər tərəfdən isə Təbrizə hücum planı hazırlayırdı. Bütün hazırlıq işləri başa çatdırıldıqdan sonra 1920-ci il sentyabrın 12-də təpədən dırnağadək silahlanmış irtica qüvvələri Təbrizə hücum etdilər. Təbriz üsyançıları iki gün ərzində qəhrəmancasına müqavimət göstərdilər. Lakin sayca çox olan və yaxşı silahlanmış nizamlı hökumət qüvvələri üstünlüyü ələ ala bildi. Sentyabrın 14-də Xiyabani öldürüldü və üsyan qan içərisində boğuldu. Beləliklə, Azərbaycan xalqının istiqlal mübarizəsinin daha bir parlaq səhifəsi tarixə qovuşdu. Şimali Azərbaycanda Sovet Rusiyasının qanlı bolşevik rejimi Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyduğu kimi, Cənubi Azərbaycanda da İranın irticaçı şahlıq rejimi Azadıstan Məmləkətini qan içində boğdu. Vaxtilə Gülüstanda və Türkmənçayda Azərbaycanı öz aralarında iki yerə parçalamış qüvvələr onun azadlığa çıxmasına yol vermədilər. Yenə də Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın tərkibində qaldı.

ŞİMALİ AZƏRBAYCANDA KOMMUNİST REJİMİ
(1920-ci il 28 aprel – 1991-ci il 18 oktyabr)

AĞIR SINAQLAR DÖVRÜ (1920-1969)

1920-ci il aprelin 28-də Cümhuriyyət ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu. Ölkədə bütün hakimiyyətin Müvəqqəti İnqilab Komitəsinin və Azərbaycan SSR Xalq Komissarları Sovetinin əlinə keçdiyi elan olundu. Xalq Komissarları Sovetinə N.Nərimanov başçılıq edirdi. İşğalçılar, xalqdan ehtiyat edərək, Müvəqqəti İnqilab Komitəsi və Xalq Komissarları Sovetinin tərkibinə ancaq azərbaycanlıları daxil etmişdilər. Lakin bu formal xarakter daşıyırdı. Real hakimiyyət hələ 1920-ci ilin fevralında yaradılmış və Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində işğalçılarla əlbir hərəkət etmiş Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının — AK(b)P-nin əlində idi.

AK (b)P Rusiya Kommunist (bolşeviklər) Partiyasının — RK(b)P-nin tərkib hissəsi idi və bilavasitə Moskvanın göstərişlərini yerinə yetirirdi. AK(b)P-nin fəaliyyətinə, faktiki olaraq, A.İ.Mikoyan rəhbərlik edirdi. Partiyanın rəhbər özəyi də qeyri-millətlərdən, xüsusən ermənilərdən, gürcülərdən və ruslardan ibarət idi. Odur ki, bütün əvvəlki soyqırımlarında, o cümlədən 1918-ci ilin Mart soyqırımında, həmçinin, 1920-ci ilin 28 Aprel işğalı zamanında olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət strukturlarının dağıdılmasında da ermənilər və digər millətlərin nümayəndələri xüsusi rol oynayırdılar.

Cümhuriyyətin hakimiyyət strukturlarını dağıtmaq üçün Azərbaycanın hər yerində İnqilab Komitələri yaradıldı və onlara fövqəladə səlahiyyətlər verildi. Bolşeviklər Azərbaycanın müstəqil dövlətçilik ənənələrini məhv etmək üçün xalq arasına parçalanma və düşmənçilik salır, əhalinin müxtəlif təbəqələrini üz-üzə qoyurdular. Onlar xalqı öz tərəflərinə çəkmək məqsədilə, guya “istismarçılara qarşı fəhlə-kəndli hakimiyyəti” yaratmağa çalışdıqları barədə geniş təbliğat kompaniyası aparırdılar.

Lakin zahiri təbliğatla real hərəkət daban-dabana zidd idi. Əslində, hər şey xalqın dövlətçilik ənənələrini və milli müstəqillik şüurunu məhv edən qanlı kommunist diktaturasının yaradılmasına yönəldilmişdi. Yerli İnqilab Komitələri məhz bu məqsədə xidmət edirdi.

Elə həmin məqsədlə də mərkəzdə və yerlərdə milli dövlətçilik strukturları məhv edilir, bolşeviklərin yeni güc strukturları yaradılırdı. Bu sahədə atılan ilk addım ölkənin hər yerində əvvəlki polisin ləğv edilərək fəhlə-kəndli milisi (“qırmızı milis”) yaradılmasından ibarət oldu. Fəhlə-kəndli milisi ilə yanaşı, Fövqəladə Komissiya (“ÇK” — Çrezvıçaynaya Komissiya) və Ali İnqilabi Tribunal fəaliyyətə başladı.

Fövqəladə Komissiyanın və Ali İnqilabi Tribunalın qanunla heç bir məhdudiyyət qoyulmayan fövqəladə səlahiyyətləri vardı. Onların qərarı dərhal icra olunurdu. Hər iki struktur “əksinqilaba və təxribatçılığa qarşı mübarizə” pərdəsi altında müstəqil dövlətçilik ənənələrinin və milli mənlik şüurunun daşıyıcıları olan qabaqcıl adamları, xüsusilə xalqın ziyalı potensialını məhv etməyə başladı.

Ölkənin hər yerində “qırmızı terror” tüğyan edirdi. Bolşevik rejiminin möhkəmlənməsinə müqavimət göstərə biləcək hər kəs “xalq düşməni”, “əksinqilabçı” və ya “təxribatçı” adı ilə dərhal “qırmızı terror”un qurbanı olurdu.

Beləliklə, 1918-ci ilin Mart soyqırımından sonra, faktiki olaraq, Azərbaycan xalqına qarşı yeni soyqırımına başlanmışdı. Fərq onda idi ki, bu dəfə millətin say-seçmə adamları — Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri, generallar, Milli Ordunun yüksək rütbəli zabitləri, qabaqcıl ziyalılar, din xadimləri, partiya rəhbərləri, siyasi xadimlər, məşhur alimlər məhv edilirdi. Bolşevik-daşnak güruhu bu dəfə düşünülmüş surətdə xalqın ancaq qaymağını məhv edir, onu başsız qoymağa çalışırdı. Bu, əslində 1918-ci ilin Mart soyqırımından daha amansız, daha dəhşətli soyqırımı idi. Yeri gəlmişkən, bütün bu kütləvi qırğınlar Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin razılığı olmadan, AK (b)P MK-nın və BK-nın rəhbərliyi, XI Qırmızı Ordunun xüsusi şöbəsi, qırmızı milis, ÇK, Ali Hərbi Tribunal tərəfindən həyata keçirilirdi. Bütün bu strukturlara erməni, rus və gürcü cəlladları rəhbərlik edirdilər.

Azərbaycan xalqının qabaqcıl övladlarına qarşı qanlı qırğın bilavasitə Orconikidze, Kirov, Mikoyan, Sarkis, Mirzoyan, Lominadze, Yeqorov və başqaları kimi bolşevik-daşnak cəlladlarının göstərişi ilə həyata keçirilirdi. Ölkənin bütün hakimiyyət strukturlarında möhkəmlənmiş ermənilər “qırmızı terror”un həyata keçirilməsində xüsusilə fəal rol oynayırdılar. Ölkənin güc strukturlarına soxulmuş ermənilər azərbaycanlıları kütləvi surətdə istintaqsız və mühakiməsiz güllələyirdilər. Ümumiyyətlə, 1920-ci ilin 28 aprelindən sonra təxminən bir il ərzində Azərbaycan xalqının 50 min nəfərə yaxın say-seçmə övladı güllələnmiş, millət özünün qaymağından məhrum edilmişdi.

İşğal prosesində və “qırmızı terror” zamanı bolşevik-daşnak cəlladları güllələnənlərin əmlakını müsadirə edir, bununla kifayətlənməyərək bütün əhalini, o cümlədən yoxsulları qarət edir, xalqın olan-qalanını, hətta nəsillərdən yadigar qalmış zinət şeylərini və qiymətli əşyalarını da zorla əlindən alırdılar. Azərbaycanlıların boşaldılmış mənzillərinə ermənilər, ruslar və qeyri millətlərin nümayəndələri köçürülürdü. Xalqa divan tutulurdu.

İşğaldan dərhal sonra “ordunun və donanmanın yenidən təşkil olunması pərdəsi” altında ölkənin silahlı qüvvələri Moskvanın — Qırmızı Ordunun tabeliyinə verildi. Xalq öz ordusundan məhrum edildi. Bununla Azərbaycanın müstəqilliyi, faktiki olaraq, tamamilə aradan qaldırılmış oldu.

Bolşevik rejimi müstəqil dövlətçilik ənənəsini, milli mənlik ruhunu əhalinin şüurundan çıxarmaq üçün xalqın mənəviyyatına qarşı da hücuma keçdi. Cümhuriyyət dövründə dövlət dili olan Azərbaycan dili sıxışdırıldı. Milli kadrlar hazırlanması kəskin surətdə məhdudlaşdırıldı. Ruslaşdırma siyasətinə başlandı. Silklər, silki, mülki və dini imtiyazlar, rütbələr ləğv edildi. “Bəy”, “xan”, “ağa” sözlərinin işlənməsi belə qadağan olundu. Din dövlətdən və təhsildən ayrıldı. Dini ayinlərin icrası və məktəblərdə şəriət dərslərinin keçilməsi yasaq edildi. Dini məktəblər kütləvi surətdə bağlandı. Qədim memarlıq abidələri olan məscidlərin, minarələrin uçurulmasına başlandı. Azərbaycan xalqının mənəviyyatına və milli mədəniyyətinə qarşı hücum dövrü başlandı.

Zorakı “dövlət quruculuğunun” mühüm tərkib hissələrindən biri də yerlərdə yoxsul komitələrinin yaradılması idi. Yoxsul komitələri bolşeviklərin dayağına çevrilməli, kənddə qarşıdurmanı dərinləşdirməli, Azərbaycan kəndinin “əksinqilabçılardan” təmizlənməsində hakim rejimə yaxından köməklik göstərməli idilər.

Çox keçmədən inqilab komitələri və yoxsul komitələri sovetlərlə əvəz olundu. 1921-ci il mayın 6-da Azərbaycan SSR-in birinci sovetlər qurultayının çağırılması ilə Şimali Azərbaycanın sovetləşdirilməsi başa çatdırıldı. Mayın 19-da Azərbaycan SSR-in birinci Konstitusiyası qəbul olundu. Əsasən RSFSR Konstitusiyasının təkrarı olan bu konstitusiya xalqa geniş hüquqlar vəd etsə də, bu, formal xarakter daşıyırdı. Çünki sovetlərin fəaliyyətinə bütün mərhələlərdə Moskvadan – RK(b)P tərəfindən istiqamətləndirilən AK(b)P rəhbərlik edirdi. Üstəlik, ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar qadağan olundu. Bununla da proletariat diktaturası, əslində partiya diktaturasına çevrildi. Digər tərəfdən, xalqın ziyalı təbəqələrinin, “fəhlə-kəndli hakimiyyəti yaratmaq” pərdəsi altında, faktiki olaraq, sovetlərə seçilmək hüququndan məhrum edilməsi sovetləri Kommunist partiyasının və Moskvanın əlində itaətkar alətə çevirdi.

Beləliklə, işğaldan keçən bir il ərzində bolşeviklərin qanlı qırğınlarla müşayiət olunan zorakı tədbirləri nəticəsində Şimali Azərbaycanda, guya konstitusiyaya əsaslanan hakimiyyət orqanları formalaşdırıldı, sovet sosialist demokratiyası bərqərar oldu. Əslində isə, Azərbaycan Xalq Cümhuriyyəti və onun parlamenti ilə müqayisədə, yeni yaradılan demokratiya formal və yalançı demokratiya idi, sözün əsl mənasında kommunist diktaturası idi.

Lakin bu diktatura diktatura kimi də müstəqil deyil, Moskvadan asılı diktatura idi. Odur ki, dünyanın ən qabaqcıl dünyəvi, demokratik respublikaları ilə bir sırada dayanan və xalqın dövlətçilik zəkasının layiqli bəhrəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və onun dövlət idarəçiliyi strukturlarının dağıdılması Azərbaycan xalqının tarixində ən ağır faciələrdən biri idi.

Azərbaycan xalqı özünün müstəqil hakimiyyətindən məhrum edildikdən sonra onun sərvətlərinin talan olunmasına başlandı. Torpaq üzərində xüsusi mülkiyyət ləğv olundu. Ölkənin bütün təbii sərvətləri milliləşdirildi, daha doğrusu, dövlət mülkiyyəti hesab olundu. Neft sənayesini idarə etmək üçün xüsusi olaraq Azərbaycan Neft Komitəsi yaradıldı və bu komitəyə rəhbərlik V.İ.Lenin tərəfindən Bakıya göndərilmiş A.P.Serebrovskiyə tapşırıldı. Beləliklə, hələ 1920-ci il martın 17-də Qafqaz Cəbhəsinin Hərbi-İnqilab Şurasına göndərdiyi teleqramda “Bakını almaq bizə olduqca və olduqca zəruridir” deyə Şimali Azərbaycanın işğalına göstəriş vermiş V.İ.Lenin öz arzusuna çatdı. Bakı nefti Sovet Rusiyasının əlinə keçdi.

Neft sənayesinin ardınca Xəzər ticarət donanması, ölkədə fəaliyyət göstərən banklar, balıq sənayesi və iqtisadiyyatın bir çox başqa sahələri də milliləşdirildi. Milliləşdirmə XIX əsrin sonu və XX əsrin əvvəllərində sürətli inkişaf məcrasına düşmüş Şimali Azərbaycanın iqtisadiyyatına ağır zərbə vurdu. Xalqın öz sərvətlərinə mülkiyyət hüququndan məhrum edilməsi milli müstəqillik şüurunun da zəifləməsinə səbəb oldu. Sənaye istehsalı və iqtisadiyyatın idarə olunması, başlıca olaraq, rusların, ermənilərin, yəhudilərin və qeyri millətlərin nümayəndələrinin əlində cəmləşdirildi. Azərbaycanın sərvətləri, xüsusilə Bakı nefti talan olunaraq Rusiyaya daşınmağa başladı. Sovet Rusiyası yanacaq böhranından çıxdı. Bütövlükdə Şimali Azərbaycan Rusiyanın yanacaq və xammal mənbəyinə çevrildi. Üstəlik Şimali Azərbaycanı qan içində boğmuş işğalçı ordu hissələri də Azərbaycan xalqının hesabına saxlanırdı.

Kütləvi qırğınların və talançılığın baş alıb getdiyi ağır şəraitdə doğma xalqını müdafiə edən N.Nərimanov və onun tərəfdarlarına isə “millətçi” damğası yapışdırılmış və onlar, faktiki olaraq, ölkənin idarə edilməsindən təcrid olunmuşdular. Ölkənin taleyini həll edən erməni-rus-gürcü rəhbərliyi “qəlbində müsavat ruhu yaşadan müsəlmanlara” etibar etmir, hətta Azərbaycanın formal müstəqilliyini də aradan qaldırıb onu bütövlüklə RSFSR-ə qatmağa çalışırdılar. Lakin N.Nərimanov, çətinliklə də olsa, onların bu dəhşətli planının həyata keçirilməsinin qarşısını ala bildi. Müqabilində isə bolşevik-daşnak qrupu, çox keçmədən, öz xalqının təəssübkeşi olan N.Nərimanovun Azərbaycandan uzaqlaşdırılmasına nail oldu.

Bununla belə, işğalçılar Azərbaycan xalqının müqavimətini asanlıqla qıra bilmədilər. 1920-ci il mayın 25-26-da bolşevik rejiminə qarşı Gəncədə silahlı üsyan baş verdi. Keçmiş Milli Ordu bölmələrinin fəal iştirak etdiyi Gəncə üsyançıları onlara qarşı hücuma keçən XI Qırmızı Ordu hissələrini dəfələrlə ağır məğlubiyyətə uğratdılar. Şəhərə yeni diviziyalar yeridildi. Gəncə və onun ətrafında yaşayan ermənilər silahlanaraq işğalçılara qoşuldular. Üsyançılar hər küçə, hər ev uğrunda ağır vuruşmalarda yüzlərlə şəhid verdilər. İşğalçılar, nəhayət, mayın 31-də Gəncəni nəzarət altına ala bildilər. Şəhər üç gün ərzində işğalçılar və daşnak quldurları tərəfindən dəhşətli soyqırımına və qarətə məruz qaldı.

Gəncə üsyanından sonra, iyunun əvvəlində işğalçılara Qarabağda da inadlı müqavimət göstərildi. Erməni-daşnak dəstələri burada da işğalçılara fəal kömək göstərdilər və dinc azərbaycanlı əhaliyə divan tutdular.

İyunun 6-da Zaqatala əhalisi də işğalçılara qarşı ölüm-dirim savaşına başladı. Üsyançılar Zaqatala qalasını ələ keçirdilər. Qax tutuldu. Bütün bölgə ayağa qalxdı. Üsyançılar bölgəyə yeridilən XI Qırmızı Ordu hissələrini məğlubiyyətə uğratdılar. Lakin yeni-yeni hərbi qüvvələrlə möhkəmləndirilən XI Qırmızı Ordu hissələri, nəhayət, iyunun 18-də Zaqatalanı nəzarət altına ala bildilər.

Gəncə, Qarabağ, Zaqatala üsyanlarının ardınca Azərbaycanın, demək olar ki, bütün bölgələrində — Şəmkir, Quba, Dəvəçi, Qusar, Lənkəran, Astara, Kürdüstan, Cavanşir, Qutqaşın, Xaçmaz, Naxçıvan, Ordubad, Şərur və başqa yerlərdə işğalçılara güclü müqavimət göstərildi. Şəmkirdə işğalçı XI Qırmızı Orduya qarşı döyüşlərdə, hətta, qadınlar və uşaqlar da iştirak edirdilər.

İşğalçılara qarşı bütün ölkənin ayağa qalxması, xalqın inadlı müqaviməti bir daha göstərdi ki, istiqlal ruhunu, müstəqil dövlətçilik ənənələrini Azərbaycan xalqının əlindən almaq asan məsələ deyildir.

Müqavimət hərəkatının daha da qüvvətlənəcəyindən qorxuya düşən Sovet hökuməti Azərbaycana yeni diviziyalar yeritdi. Azərbaycan xalqını irəlidə daha dəhşətli faciələr gözləyirdi.

Bu dövrdə bolşevik rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi ən ağır cinayət əzəli Azərbaycan torpaqlarının işğal olunmasında ermənilərə kömək göstərməsi idi. Bolşevik Rusiyası da, Çar Rusiyası kimi, Azərbaycan torpaqları hesabına ermənilər üçün ərazi formalaşdırmaq siyasətini davam etdirir, Azərbaycanı Türkiyədən ayrı salmaq üçün hər cür fitnəkarlığa əl atırdı.

Cümhuriyyət dövründə İrəvanı Azərbaycandan qoparmağa nail olmuş və özlərinə paytaxt etmiş ermənilər yeni təcavüzlərə başlamışdılar. Daşnaklar bu dəfə Naxçıvan, Zəngəzur, Şərur-Dərələyəz və Dağlıq Qarabağı işğal etməyə çalışırdılar.

Bolşeviklərdən üz görən daşnak quldurları bu yerlədə qanlı qırğınlar törətdilər, yüzlərlə Azərbaycan kəndini xaraba qoydular. Yüz minlərlə azərbaycanlı əhali öz yurd-yuvalarından didərgin salındı. Ermənilər sovetləşməni və bolşevik hakimiyyətini qəbul etmək müqabilində bütün Qərbi Azərbaycana yiyələnməyə çalışırdılar. Bu cür sövdələşmə bolşevik işğalçılarından ötrü də sərfəli idi.

Lakin həmin cinayətkar siyasət ilk öncə Naxçıvanda kəskin etiraza səbəb oldu. Naxçıvan əhalisinin inadlı müqaviməti və Türkiyənin qardaşlıq yardımı sayəsində daşnaklar Naxçıvanı ələ keçirə bilmədilər.

Naxçıvandan fərqli olaraq, bolşeviklər 1920-ci il avqustun 10-da ermənilərlə bağladıqları sazişə əsasən, Azərbaycanın iştirakı və razılığı olmadan, əzəli Azərbaycan ərazisi olan Şərur-Dərələyəzi Ermənistana verdilər. Bu, daşnakları daha da şirnikləndirdi: Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ uğrunda mübarizə daha da qızışdı.

Şərur-Dərələyəzi ələ keçirdikdən sonra ermənilər XI Qırmızı Ordunun köməyi ilə Zəngəzurun işğalına başladılar. Cənub-qərbi Zəngəzur (Mehri) Ermənistana qatıldı və bununla Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqə kəsildi.

Mehrinin işğalı nəticəsində Ermənistan, həm də, özü üçün İrana dəhliz açmış oldu. Daşnakların İranla maneəsiz əlaqə saxlamaları üçün əlverişli şərait yarandı.

Həmin dövrdə ermənilər, eyni zamanda Azərbaycan xalqının cəlladları Orconikidze və Kirovun təzyiqi ilə 1921-ci il iyulun 4-də RK(b)P Qafqaz bürosunun plenumunda Dağlıq Qarabağın Ermənistana qatılması barədə qərar qəbul edilməsinə nail oldular. Lakin N.Nərimanovun kəskin müqaviməti və onun tələbi ilə RK(b)P MK-nın işə qarışması nəticəsində bu qərar ləğv olundu. Və ertəsi gün — iyulun 5-də Qafqaz bürosu yeni qərar çıxarmağa məcbur oldu: Dağlıq Qarabağa Azərbaycanın tərkibində saxlanılmaqla və mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyatı verildi. Bununla ermənilər Dağlıq Qarabağ barədə məqsədlərinə tam nail ola bilməsələr də Azərbaycanın bu regionunda öz mövqelərini möhkəmləndirə bildilər.

Bütün bunlara baxmayaraq, ermənilərin və bolşeviklərin Naxçıvanla bağlı planları baş tutmadı. Türkiyənin qətiyyətli mövqeyi sayəsində RSFSR-lə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinə (16 mart 1921-ci il) əsasən Naxçıvana Azərbaycanın himayəsi altında muxtariyyat verildi. Müqaviləyə görə Naxçıvan özünün muxtariyyat statusunu üçüncü dövlətə güzəştə gedə bilməzdi. Həmin ilin payızında Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında bağlanmış Qars müqaviləsi (13 oktyabr 1921-ci il) də bunu bir daha təsdiq etdi. Beləliklə, bolşeviklər Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvanı Ermənistana verə bilmədilər və Naxçıvan həmişəlik Azərbaycanın tərkibində qaldı.

Qeyd etmək lazımdır ki, bolşeviklər bütün islam Şərqini sovet Rusiyasının təsir dairəsinə salmaq üçün hər cür demoqogiyaya əl atırdılar. Onlar bəyan edirdilər ki, guya Azərbaycanı Şərqin qapısında “çiçəklənən sovet sosialist respublikasına” çevirəcəklər. Lakin bolşeviklərin Azərbaycanda yeritdikləri siyasətin mahiyyətini tezliklə başa düşən Şərq ölkələri Sovet Rusiyasının hiyləsinə uymadılar. Odur ki, çox çəkmədən Azərbaycanın formal müstəqilliyinə son qoyuldu. Azərbaycan, Gürcüstan və Ermənistan vahid Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) tərkibində birləşdirildi. Bununla ZSFSR-in gürcü-erməni rəhbərliyi zəngin təbii sərvətlərə malik olan və öz inkişaf səviyyəsinə görə daha irəlidə olan Azərbaycanın iqtisadi potensialını Gürcüstanın və Ermənistanın inkişafına yönəltmək üçün əlverişli imkan qazandılar.

Beləliklə, Cənubi Qafqazda Azərbaycan xalqına qarşı milli və dini ayrı-seçkilik siyasəti bir növ qanunlaşdırıldı. 1922-ci il dekabrın 30-da Azərbaycanın ZSFSR tərkibində SSRİ-yə daxil olması ilə ölkənin formal müstəqilliyinə tamamilə son qoyuldu. Azərbaycanın sərvətlərinin daha geniş miqyasda talan olunmasına başlandı.

20-30-cu illərdə milli müstəmləkəçilik siyasəti daha da gücləndirildi və amansızlaşdırıldı. Yeni sosialist iqtisadiyyatının yaradılması prosesində, xüsusilə birtərəfli sənayeləşdirmə və zorakı kollektivləşdirmə nəticəsində Azərbaycan iqtisadiyyatı tamamilə mərkəzdən asılı hala salındı. Mərkəzdən yeridilən iqtisadi siyasət mahiyyətcə Azərbaycanın iqtisadi müstəqilliyinin tamamilə aradan qaldırılmasına yönəlmişdi. Bu siyasətin əsas məqsədi ölkənin xammal mənbəyinə və yardımçı istehsal diyarına çevrilməsindən ibarət idi.

Xalqın milli-mənəvi dəyərlərinə də hücumlar artdı. Süni maneələrlə milli kadrların yetişdirilməsinin qarşısı alınır, kənardan Azərbaycana rus, erməni, yəhudi və qeyri millətlərdən olan əhalinin axınına hər cür şərait yaradılır, onlar müvafiq işlə və Bakı şəhərinin ən yaxşı yerlərində mənzillə təmin olunurdular.

Açıq-aşkar ruslaşdırma və erməniləşdirmə siyasəti yeridilirdi. Bu siyasət ölkənin paytaxtında — “beynəlmiləl” şəhər kimi təbliğ olunan Bakıda daha sürətlə gedirdi. Rus dili Azərbaycan dilini sıxışdırmış, dövlət dilinə çevrilmişdi. Bəhs olunan dövrdə Azərbaycan ərazisinin qonşulara paylanması siyasəti məqsədyönlü surətdə davam etdirilirdi.

Bu dövrdə — 1923-cü il iyunun 7-də Stalinə arxalanan Orconikidze və Kirovun təzyiqi ilə Azərbaycan MİK-i Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradıldığını elan etdi. Nəhayət, 1923-cü il iyunun 27-də RK(b)P-nin Cənubi Qafqaz Ölkə Komitəsinin plenumu Dağlıq Qarabağ barədə RK(b)P Qafqaz bürosunun 5 iyun 1921-ci il tarixli qərarını təsdiq etdi. Bununla, ermənilər və onların Moskvadakı himayəçiləri Azərbaycana qarşı gələcəkdə yeni ərazi iddiası irəli sürmək üçün “zəmin” hazırladılar.

Lakin, vaxtilə, Türkiyənin fəal köməyi sayəsində hüquqi statusu Azərbaycanın xeyrinə həll olunmuş Naxçıvanla əlaqədar ermənilərin hiylələri baş tutmadı. 1924-cü il fevralın 9-da Azərbaycanın tərkibində Naxçıvan MSSR yaradıldı. Bununla belə, bolşeviklər Azərbaycan torpaqları hesabına Ermənistan SSR-in ərazisini genişləndirmək siyasətini davam etdirdilər və 1929-cu ildə Zəngilan rayonunun üç kəndini Ermənistana verdilər. Elə bu dövrdə Qanıq (Alazan) çayının sağ sahilindəki Azərbaycan torpaqlarını da gürcülər ələ keçirdilər.

20-ci illərin sonundan başlayaraq həyata keçirilən zorakı kollektivləşdirmə, xalqın bütün əmlakının zorla əlindən alınması, qolçomaqları bir sinif kimi ləğv etmək siyasəti xalqın səbrini son həddə çatdırdı. Ölkəni yenidən müqavimət hərəkatı bürüdü. Şəki, Zaqatala, Naxçıvan, Xızı, Şəmkir, Cəbrayıl və b. yerlərdə yeni üsyanlar baş verdi.

Çünki KQB və NKVD-nin mərkəzdəki və yerlərdəki strukturları da, faktiki olaraq, ermənilərin əlində idi.1930-cu ildə Şəkinin Baş Göynük kəndində xüsusilə qüvvətli üsyan baş verdi. Öz kəndlərində sovet hakimiyyətini devirən göynüklülər Şəkiyə hücum etdilər. Şəhər əhalisi ayağa qalxdı və üsyançılara qoşuldu. Şəkidə də hakimiyyət üsyançıların əlinə keçdi. Qonşu Zəyzid kəndi də üsyana qalxdı və zəyzidlilər özlərini Şəkinin köməyinə yetirdilər. Şəkidə sovet hakimiyyəti devrildi. Şəhərə Qırmızı Ordu hissələri yeridildi. Üsyançıların şiddətli müqavimətinə baxmayaraq yeni qüvvələrlə möhkəmləndirilən nizami ordu hissələri Şəkini ələ keçirdi. Şəki əhalisi günlərlə kütləvi surətdə güllələndi. ÇK-ya soxulmuş ermənilər bu qanlı qırğında da fəal rol oynayırdılar. Göynük üsyançılarına xüsusilə ağır divan tutuldu. Onlar, heç bir istintaq və mühakimə aparılmadan, əhalinin gözləri qarşısında güllələndi və öz əlləri ilə qazdırılmış quyulara dolduruldular. Bununla ermənilər 1918-ci ildə Şəki ərazisində daşnaklara əl-qol açmağa imkan verməmiş göynüklülərdən qisas aldılar. Sonralar bu kütləvi məzarlar və üsyan başçılarından biri olan Türk Əhmədin qəbri müqəddəs ziyarət yerlərinə çevrildi. Müqavimət hərəkatının və milli oyanışın yenidən qüvvətləndiyini görən bolşevik rejimi 30-cu illərdə Azərbaycanda daha dəhşətli repressiyalar həyata keçirdi. Azərbaycan rəhbərliyində yuva salmış və kommunist qiyafəsinə girmiş Sumbatov-Qriqoryan-Markaryan-Malyan və başqalarından ibarət olan erməni-daşnak quldurları, faktiki olaraq, Azərbaycanı azərbaycanlılardan, daha doğrusu, Azərbaycan türklərindən “təmizləməyə” başladılar. Həmin rəhbər erməni qrupunun başçılıq etdiyi kütləvi “təmizləmə” əməliyyatının əsas icraçıları da ermənilərin özləri idi.

Hətta, Azərbaycan rayonlarının yarısından çoxunda (az qala üçdə iki hissəsində!) NKVD-nin yerli strukturlarına ermənilər başçılıq edirdilər. Bu baxımdan bolşeviklər Rusiyanın tarixi “ənənəsini” davam etdirir, azərbaycanlıları yenə ermənilərin əli ilə qırdırırdılar, lakin yeni şəraitdə, yeni taktika ilə!

Qondarma “cinayət işləri”, “məhkəmələr”, “xalq düşmənlərini ifşa etmək” pərdəsi altında keçirilən axtarışlar və cəza tədbirləri nəticəsində on minlərlə vətən övladı güllələndi və sürgün olundu. Təkcə 1937-ci ildə 29 min adam repressiyaya uğradı. Hamısı da ən layiqli Vətən övladları. Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi və başqaları kimi onlarla mütəfəkkirlərini, nadir ziyalılarını itirdi. Xalqın zəka potensialı, onun ən qeyrətli şəxsiyyətləri məhv edildi. Bu dəhşətli zərbədən sonra Azərbaycan xalqı on illərlə özünə gələ bilmədi.

Bakıda rəhbərliyi ələ keçirmiş erməni-daşnak qrupu ilə Ermənistanın partiya rəhbərliyi əlbir hərəkət edirdi. Vaxtilə Şaumyanla Andronikin etdiyi kimi! Stalinə və Beriyaya arxalanaraq Azərbaycanda istədiyini edən erməni-daşnak güruhunun fitvası ilə bu dövrdə, Şimali Azərbaycanda, xüsusilə Bakıda yaşayan minlərlə Cənubi Azərbaycanlı soydaşımız zorla İrana qaytarıldı. 30-cu illərdə bütövlükdə Azərbaycan xalqına qarşı repressiya aparılırdı. Həmin dövrdə ermənilər Qərbi Azərbaycanda da azərbaycanlılara qarşı kütləvi təqiblər həyata keçirirdilər. Bu zaman on minlərlə azərbaycanlı Qərbi Azərbaycandan — öz əzəli ata-baba yurdlarından qovuldu.

Bu hiyləgərcəsinə düşünülmüş düşmənçilik addımı nəticəsində vaxtilə qəsbkarlığa gələn və şahlıq rejiminin təqiblərindən canını qurtarıb Şimali Azərbaycanda sığınacaq tapan həmin soydaşlarımız İranda şahlıq rejiminin yeni təqiblərinə məruz qaldılar. Beləliklə, əvvəlki tarixi dövrlərdə olduğu kimi, Rusiya müstəmləkəçiləri, ermənilər və İran irticası Azərbaycan xalqına qarşı əlbir hərəkət edirdilər. Məqsəd azərbaycanlılarsız Şimali Azərbaycan yaratmaq, sonra da onun ərazisini RSFSR-ə qatmaqdan ibarət idi. Əlbəttə, daşnaklara və gürcü millətçilərinə də müəyyən pay vermək şərti ilə!

1937-1938-ci illərin repressiyaları Azərbaycan elminə və mədəniyyətinə böyük zərbələr vurdu. Repressiya illərində 50 mindən artıq adam güllələnmiş, 100 mindən çox insan Sibir və Qazaxıstana sürgün edilmişdi. Hüseyn Cavid, Mikayıl Müşfiq, Tağı Şahbazi, Salman Mümtaz kimi böyük şəxsiyyətlər məhv edilmişdi. 

Heydər Əliyev 

“Formaca milli, məzmunca sosialist” mədəniyyəti yaratmaq pərdəsi altında xalqın milli-mənəvi varlığını müəyyən edən hər nə varsa, hamısı məhv edilirdi. 1939-cu ildə kiril əlifbasına keçidlə Azərbaycan xalqına daha ağır zərbə vuruldu. Əski əlifbanın ləğvindən sonra yenicə latın qrafikasına alışmaqda olan xalqın bu dəfə yeni bir əlifbaya keçməyə məcbur edilməsi onun tarixi keçmişini əks etdirən milli-mənəvi sərvətlər xəzinəsindən süni surətdə ayrı salınması demək idi. Bu, eyni zamanda, Azərbaycan və digər türk-islam xalqlarına qarşı yeridilən ayrı-seçkilik siyasətinin daha bir dəhşətli təzahürü idi. Yeri gəlmişkən, bu zaman Azərbaycanla qonşuluqda yaşayan xristian xalqlarının əlifbasına toxunulmadı.Kütləvi qırğınlar, sürgünlərlə yanaşı, xalqın milli-mənəvi dəyərləri də məhv edilirdi. “Pantürkizm” və “panislamizm” damğaları ilə xalq öz soykökündən və milli-mənəvi dəyərlərindən məhrum edilirdi. Ölkənin hər yerində “keçmişin qalıqları” elan olunmuş milli-mənəvi dəyərlərə qarşı, hətta tar və kamança əleyhinə “mədəni yürüşlər” keçirilir, dinə qarşı mübarizə məqsədilə “Allahsızlar cəmiyyətləri” fəaliyyət göstərirdi.

20-30-cu illərin repressiyaları dövründə Azərbaycanın minlərlə ən layiqli övladları canlarını KQB zindanlarına düşməkdən qurtarıb müxtəlif xarici ölkələrə siyasi mühacirətə getməyə məcbur oldular. Onların böyük əksəriyyəti bolşevik-daşnak zindanına çevrilmiş doğma Azərbaycanın müstəqilliyini bərpa etmək üçün mübarizə aparırdılar. M.Ə.Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Mərkəzi siyasi mühacirlərin mübarizəsinin vahid axın halında birləşdirilməsində mühüm rol oynayırdı.

Lakin nə bolşeviklər, nə də onların Cənubi Qafqaz siyasətini həyata keçirən erməni-gürcü millətçiləri nə qədər amansız repressiya tədbirlərinə əl atsalar da, nə qədər qanlı qırğınlar törətsələr də, qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının milli-mənəvi varlığını məhv etmək iqtidarında deyildilər. İstiqlal ideyaları, idarə olunmaq deyil, idarə etmək əzmi Azərbaycan xalqının ruhunda yaşayırdı. Azərbaycan xalqı əvvəlki tarixi dövrlərdə də dəfələrlə bu cür ağır sınaqlardan, hətta bundan da qanlı burulğanlardan çıxmışdı. Cavidləri, Müşfiqləri, Əhməd Cavadları yetirən xalq yaşayırdı. O öz sözünü yenə deyəcəkdi!

Bakı nefti SSRİ-nin Böyük Vətən müharibəsində qalib gəlməsində həlledici rol oynadı. A.İ.Mikoyan başda olmaqla Kremldə yuva salmış erməni-daşnak qrupunun müharibə illərində bütün azərbaycanlıları öz doğma yurdlarından sürgün etmək planları baş tutmadı. İkinci Dünya müharibəsi Azərbaycan xalqının ən ağır sınaqlarından qələbə ilə çıxmağa qadir olan qəhrəman bir xalq olduğunu bir daha sübut etdi. 20-30-cu illərin repressiyalarında əzilmiş xalqda özünə inam hissi yenidən gücləndi. Ağır sovet rejimi, kommunist diktaturasının 20-30-cu illərdə həyata keçirdiyi təqiblər dövrü də Azərbaycan xalqının qurub-yaratmaq dühasını, yaradıcılıq istedadını boğa bilmədi. Çox keçmədən Azərbaycan xalqı sosializm quruculuğunun ön sıralarına çıxdı. SSRİ kimi çox geniş ərazili bir dövləti yanacaqla təmin edən Azərbaycanın neft sənayesində yeni yüksəliş baş verdi. Bakı SSRİ-nin neft akademiyasına çevrildi. Çoxlu sayda yeni sənaye müəssisələri, elektrik stansiyaları işə düşdü, yollar, kanallar çəkildi, körpülər salındı. Sənaye, kənd təsərrüfatı və mədəniyyətin bir çox sahələri sürətlə inkişaf etdi. Kütləvi savadsızlıq ləğv olundu. Müxtəlif pillədən olan təhsil müəssisələri, elmi-tədqiqat mərkəzləri, səhiyyə-sağlamlıq və mədəni-maarif ocaqlarının geniş şəbəkəsi yaradıldı. İkinci Dünya müharibəsi ərəfəsində Azərbaycanda 16 ali məktəb, 18 teatr fəaliyyət göstərirdi. 1938-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının açılması Azərbaycanın elmi həyatında mühüm hadisə idi. Mədəniyyətdə də oyanış başlanırdı. İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı faşizmə qarşı döyüş meydanlarında, arxa cəbhədə, həmçinin Avropanın müxtəlif ölkələrindəki antifaşist hərəkatında misilsiz qəhrəmanlıqlar göstərdi. Həmin dövrdə Azərbaycandan hərbi səfərbərliyə alınmış 600 mindən çox adamdan 170 mindən çoxu orden-medallarla təltif olundu, 130 nəfəri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Müharibə dövründə Azərbaycanda akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hazırlanmış yeni texnologiya əsasında yüksək oktanlı aviasiya benzininin istehsalına başlandı.

İkinci Dünya müharibəsi əyani şəkildə bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüağ çıxmağa, misilsizşücaət və rəşadət nümunələri göstərməyə qadir olan çox dözümlü və qəhrəman xalqdır. 

Heydər Əliyev

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra da, şimallı-cənublu Azərbaycan xalqına qarşı repressiyalar davam etdirildi. Azərbaycanın cənubunda yaradılmış Milli Hökumət (1945-ci il 12 dekabr-1946-cı il 14 iyun) İranın mürtəce şahlıq rejimi tərəfindən devrildi. On minlərlə azadlıq mücahidi qan içində boğuldu. Azərbaycan Milli Hökumətinin həyata keçirdiyi bütün demokratik dəyişikliklər aradan qaldırıldı.

Müharibədən sonrakı ilk beşilliklərdə sənaye və kənd təsərrüfatının müxtəlif sahələrində mühüm irəliləyişlər baş verdi. Mədəniyyətin inkişafında yeni addımlar atıldı. Bakı nefti SSRİ iqtisadiyyatının bərpası və inkişafında mühüm rol oynadı. Azərbaycanlı mütəxəssislərin əməyi sayəsində Tatarıstan, Başqırdıstan, Tümen və b. yerlərdə yeni neft yataqları kəşf olundu və istismara verildi. Azərbaycan xalqının nümayəndələri Sovet İttifaqının başqa yerlərində də iqtisadiyyatın bərpası və inkişafında fəal iştirak etdilər.1948-1953-cü illərdə azərbaycanlıların öz ulu vətənləri olan Qərbi Azərbaycandan (Ermənistan SSR adlanan ərazidən) kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı. Erməni millətçiləri Kremldə hökmranlıq edən Stalin-Beriya-Mikoyan güruhunun “xeyir-duası”ndan ruhlanaraq Azərbaycan xalqına növbəti dəfə divan tutdular. Ermənilər Qərbi Azərbaycan torpaqlarında daha da möhkəmləndilər. Onların bu ərazidə sayca üstünlüyü təmin olundu.

HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANA RƏHBƏRLİYİNİN BİRİNCİ DÖVRÜ: 

MÜSTƏQİLLİYƏ DOĞRU BÖYÜK DÖNÜŞ VƏ MİLLİ OYANIŞIN BAŞLANMASI

(1969-1982)

Azərbaycan xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən 60-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində — həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı. Respublikanın inkişafı getdikcə ləngidi və bu, əhalinin sosial vəziyyətinə məntiqi təsir göstərməyə başladı. İstehsalın, o cümlədən sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə və əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan ittifaq səviyyəsindən geri qalırdı. Və bu gerilik getdikcə artırdı. Kənd təsərrüfatı xüsusilə ağır vəziyyətə düşmüşdü. Elmi-texniki tərəqqinin nailiyyətləri istehsalatda, demək olar ki, tətbiq olunmurdu.

Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi. 

Heydər Əliyev

Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin Birinci dövrü başlandı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı.

Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. HEYDƏR ƏLİYEV YENİ AZƏRBAYCANIN QURUCUSUDUR. O, bu quruculuğa hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməzdən də əvvəl, XX yüzilliyin 40-cı illərindən başlamışdı. Bu illərdə Azərbaycanın hüquq-mühafizə oqranlarında fəaliyyətə başlayan Heydər Əliyev qarşısına çıxan (daha doğrusu çıxarılan!) bütün maneələri və çətinlikləri dəf edərək ittifaq dövlətinin — SSRİ-nin Azərbaycanda əsas dayağı olan Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək ucaldı. Onun bu dövrdə, son dərəcə gərgin və mürəkkəb şəraitdə göstərdiyi məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində Dövlət Təhlükəsizliyi Komitəsinin xalqımızın düşmənlərindən təmizlənməsi sahəsində çox ciddi addımlar atıldı və ilk dəfə olaraq xalqımızın layiqli övladlarının fəal surətdə təhlükəsizlik orqanlarında işə cəlb olunmasına başlandı.

Beləliklə, XX əsrin uzaq 20-30-cu illərində ermənilərin və qeyri millətlərin nümayəndələrinin yuva salmış olduğu və xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş Dövlət Təhlükəsizlik Komitəsinin (DTK-nın) azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə — hələ sovet rejiminin ən güclü vaxtında məhz Heydər Əliyev girişmişdir. Bu gün bütün azərbaycanlılar, o cümlədən xalqımızın hər bir nümayəndəsi aydın dərk etməli və unutmamalıdırlar ki, daşnaklar xalqımıza qarşı həyata keçirdikləri 1918-ci ilin Mart soyqırımından sonra, 1920-ci ilin Sovet işğalında da yaxından iştirak etdilər. Bolşevik libası geyinmiş daşnaklar bu dəfə xalqımızı sovet hakimiyyətinin “qurucuları” cildinə girərək qırdılar. Onlar KQB-də (Dövlət Təhlükəsizlik Komitəsində) və NKVD-də (Xalq Daxili İşlər Komissarlığında) əsas mövqeləri ələ keçirdilər. Erməni “çekistləri” uydurma “cinayət işləri” qaldıraraq 20-30-cu illərdə xalqımıza qarşı kütləvi repressiyalar həyata keçirdilər, neçə-neçə Cavidləri, Müşfiqləri — Azərbaycan xalqının qaymağını məhv etdilər. Bu baxımdan Heydər Əliyevin KQB-ni azərbaycanlılaşdırmaq sahəsindəki xidmətləri Vətən və xalq qarşısında adi xidmətlər deyil! Başqa sözlə, Heydər Əliyev qeyrətli və milli əhvali-ruhiyyəli Vətən oğullarını Dövlət Təhlükəsizlik Komitəsinə işə cəlb etməklə, əslində xalqımızın namuslu övladlarına qarşı yönəlmiş növbəti təqiblərin qarşısını alırdı.

Yeri gəlmişkən, bu mürəkkəb və son dərəcə gərəkli fəaliyyət sahəsində Heydər Əliyevin milli təəssübkeşliyinin canlı şahidiyəm.

…60-cı illərin lap əvvəli idi. Bakı Universitetinin tarix fakültəsində oxuyurdum. Fakültədə komsomol təşkilatının katibi idim. Nikita Xruşşovun hakimiyyətə gəlişi ilə ölkədə Çinə qarşı düşmənçilik kampaniyası başlanmışdı. İkinci kursda oxuyan çox istedadlı bir tələbə buna etirazını bildirmiş, vərəqələr yaymışdı. DTK həmin tələbənin işi üzrə təhqiqata başlamışdı. Hamımız narahat idik. Nəhayət, mənə tapşırıldı ki, tarix fakültəsinin qapalı komsomol yığıncağını keçirim. Universitetin keçmiş binasının (hazırkı İqtisad İnstitutunun binası – Y.M.) böyük akt zalında fakültənin qapalı komsomol yığıncağı keçirilirdi. Yığıncağa o zaman hələ DTK-da o qədər də yüksək vəzifədə olmayan Heydər Əliyev gəlmişdi. O, gənclər qarşısında çox əhatəli, həm də öyüd-nəsihətlə dolu bir çıxış etdi. Sonra qızğın müzakirələr, komsomol “tənqidləri” başlandı. İclas əvvəlcə çox rəvan gedirdi. Qabaqcadan hazırladığımız çıxışçılar bir-bir söz alaraq əvvəlcə “cinayət” işləmiş tələbəni tənqid “atəşinə” tutur, sonra isə bağışlanmasını xahiş edirdilər. Nəzərdə tutulan çıxışlar başa çatan kimi iclası yekunlaşdırmaq istəyirdim ki, əvvəlki çıxışlardan ruhlanan rektor mənə “təpindi”: “qoy camaat sözünü desin!”. Əlacsız qalıb əl qaldıranlara bir-bir söz verməli oldum. İclas qızışdı, nə qızışdı! Mövcud rejimə qarşı tələbələrin ağzından od-alov püskürməyə başladı… Çıxılmaz vəziyyətə düşdük. İclası yekunlaşdırmaq, qərar qəbul etmək lazım idi. Çox çətin vəziyyət qarşısında qalmışdıq. Elə bu anda çıxış yolunu Heydər Əliyev özü göstərdi. O, yenidən söz alıb xitabət kürsüsünə qalxdı və komsomolçulara məsləhət gördü ki, yoldaşlarının tərbiyəsini öz üzərlərinə götürsünlər. Dərindən nəfəs aldıq. Hamımızın canı xatadan qurtardı. Və ağır şəraitdə, mürəkkəb əhatədə, Mərkəzin nəzarəti altında işləyən Vətən oğlunun cəsarətinə hamımız heyran qaldıq!

XX yüzilliyin 60-cı illərinin sonunda Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başlandı. 1969-cu ildə — Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.

Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Xalq ilk addımlarındanca Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Azərbaycan xalqının tarixində HEYDƏR ƏLİYEV DÖVRÜ başlandı. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı. Bütün ömrünü doğma xalqına həsr etdi.

Böyük siyasətçi iqtisadiyyat (o cümlədən kənd təsərrüfatı) və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə (o vaxtkı terminologiya ilə desək, inzibati-iqtisadi vahidə) çevirmək onun planlarının başında gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri dəf edərək Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən beş xüsusi qərar qəbul etməsinə nail oldu. Və eyni qətiyyətlə də həmin qərarların yerinə yetirilməsini təmin etdi. Xalqın qurub-yaratmaq dühası tamamilə və bütünlüklə Azərbaycanın ümumi yüksəlişi üçün səfərbər olundu. Nəticədə 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə, bütün varlığı ərzində, ən parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı. Sənayenin inkişaf səviyyəsinə görə bütün respublikanın proporsional inkişafı üçün mühüm tədbirlər görüldü. İstehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqelərə çıxdı. İstehsal olunan məhsulların keyfiyyət göstəricisi əvvəlki dövrlərlə müqayisə olunmayacaq dərəcədə yüksəldi.

Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi. Kənd zəhmətkeşlərinin sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşdı. Azərbaycan kəndində misilsiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparıldı.

1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə doqquzuncu, onuncu və on birinci beşilliklər Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutur. 

Heydər Əliyev

1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi.

Bu gün Bakıya, Azərbaycanın rayonlarına gözəllik, yaraşıq verən yüzlərlə yaşayış binaları, mehmanxanalar, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, iqtisadiyyatımızın nüvəsini təşkil edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, dəryaçalar, Kür su kəməri, yaşıllıq zonaları, istirahət ocaqları, neçə-neçə yollar, o cümlədən yurdun şimal-qərb ucqarını paytaxta bağlayan Bakı-Balakən dəmir yolu, Dağlıq Qarabağın mərkəzə — Bakıya bağlılığını artırmaq və orada Azərbaycan mühitini canlandırmaq üçün görülən mühüm tədbirlər, o cümlədən Xankəndinə dəmiryolu çəkilməsi Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, bu böyük insanın bütün varlığına hopmuş Vətən sevgisinin nəticəsi idi.

1970-1985-ci illər ərzində Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Belə ki, həmin illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi. SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərildi. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Hərbi təhsilin inkişafına xüsusi diqqət yetirilirdi. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü.

…Yaxşı yadımdadır. 70-ci illərin sonu idi. Ali məktəblərə tələbə qəbulu ilə əlaqədar olaraq Mərkəzi Komitədə keçirilən ənənəvi müşavirəyə dəvət olunmuşdum. Heydər Əliyev təhsil nazirini və bir-iki ali məktəb rektorunu dinlədikdən sonra, Ümumqoşun Komandirləri Məktəbinin rəisini çıxışa dəvət etdi. Və ona dərhal sual verdi – tələbələr içərisində yerli əhalinin (yəni azərbaycanlıların – Y.M.) nümayəndələri nə qədərdir? Aldığı cavabdan, yəni azərbaycanlıların hərbi təhsilə zəif cəlb olunmasından çox narazı qalan Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini çox kəskin surətdə məzəmmət etdi və ona konkret tapşırıqlar verdi. İş elə gətirdi ki, sonrakı il ali məktəblərə qəbul ərəfəsində Mərkəzi Komitədə keçirilən müşavirədə mən yenə iştirak etməli oldum. Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini yenə xitabət kürsüsünə dəvət etdi. Rəis bu dəfə də müxtəlif rəqəmlər gətirdi. Heydər Əliyev, əvvəlki kimi, bu mühüm işin gedişi, xüsusilə yerli əhalinin faizi ilə maraqlandı. Müəyyən irəliləyiş olmasına baxmayaraq, yenə narazı qaldığını bildirdi. Böyük siyasətçinin dedikləri bugünkü kimi yadımdadır: “Yerli əhalinin nümayəndələrini təyyarəçilik məktəblərinə göndərmək lazımdır. Təyyarəçilər hazırlamaq lazımdır. Bu günlərdə kosmonavtlar dəstəsinin tərkibi ilə maraqlandım. Dəstəyə bir nəfər də olsun azərbaycanlının cəlb olunmamasından narazılığımı bildirdim. Mənə məlumat verdilər ki, kosmonavtlar dəstəsinə ancaq təyyarəçilik məktəblərini bitirənləri götürürlər. Bu məsələ ilə də maraqlandım. Aydın oldu ki, SSRİ-nin təyyarəçilik məktəblərində Azərbaycanın yerli əhalisinin bir nəfər də olsun nümayəndəsi təhsil almır. Bəs siz hara baxırsınız?!”.

Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işlərə Heydər Əliyev şəxsən özü başçılıq edirdi. Bir sözlə, daim xalqının gələcəyini düşünən BÖYÜK AZƏRBAYCANLI hələ o vaxtlar zamanı qabaqlayaraq XXI yüzilliyin Azərbaycanı üçün güclü kadr potensialı yaradırdı.

Heydər Əliyevin XX yüzilliyin 70-80-ci illərinin əvvəllərində həyata keçirdiyi kompleks inkişaf proqramları nəticəsində Şimali Azərbaycan o zaman dağılmağa başlamış böyük SSRİ məkanında qabaqcıl sənaye, kənd təsərrüfatı və mədəniyyət respublikasına çevrildi. Bu, Heydər Əliyevin məqsədyönlü, qabaqcadan götür-qoy edilmiş, dərindən ölçülüb-biçilmiş və gələcəyə istiqamətlənmiş müdrik siyasətinin, dahiyanə uzaqgörənliyinin parlaq nəticəsi idi.

Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır. 

Heydər Əliyev

Heydər Əliyev hələ o zaman müstəqil yaşadığımız bu günləri görürdü, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi yeni Azərbaycanı — bugünkü Azərbaycanı hələ o vaxtdan qurmağa başlamışdı!

Dahi dövlət xadimi Heydər Əliyev kommunist rejiminin ağalığı dövründə doğma xalqına qarşı baş vermiş haqsızlıqlar əleyhinə özündən başqa heç kəsin apara bilməyəcəyi mübarizəni apardı, Kreml rejiminin ağır təqibləri şəraitində xalqının çəkdiyi əzablara cavab olaraq, Azərbaycanın gələcəyi naminə olduqca uzaqgörən və çox cəsarətli addımlar atdı. Vətənin bütün guşələrində Azərbaycanın haqqı tapdalanmış böyük şəxsiyyətlərinin heykəllərini ucaltdırdı, repressiya qurbanı olmuş böyük Cavidi ölümündən illər keçdikdən sonra Vətənə qaytardı, Kerçdə, Krımda həlak olmuş minlərlə azərbaycanlının şərəfinə Sapun Qora yaxınlığında abidə ucaltdırdı…

Məhz bu dövrdə — Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə, ilk dəfə olaraq, Azərbaycanın görkəmli sənət adamlarının böyük bir dəstəsinə — şairlərimizə, yazıçılarımıza, bəstəkarlarımıza ilk dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi də təkzibolunmaz tarixi faktdır.

Doğma xalqı, el-obası üçün canını qoyan, elə buna görə də Moskvaya “irəli çəkilib” müəmmalı şəkildə həyat çırağı söndürülən, sonra da “millətçi” damğası yapışdırılan və adının çəkilməsi belə yasaq olunan Nəriman Nərimanovun əzəmətli heykəlini ucaltdırmaq Heydər Əliyev şəxsiyyətinin Vətən qarşısında böyük xidməti idi. Sonralar Nərimanova Ulyanovsk şəhərində də abidə ucaltdırmağa nail olan Heydər Əliyev bir daha sübut etdi ki, onu Vətən – xalq təəssübkeşliyindən döndərmək heç kəsin hünəri deyil, o cümlədən hakim sovet rejiminin də!

Heydər Əliyevin rəhbərliyi dövründə, XX əsrin 60-cı illərinin sonu – 70-ci illərində, Azərbaycanın ümumi yüksəlişi fonunda xalqımızın tarixi keçmişinə də maraq artdı, bu sahədə də oyanış başlandı. Xalqımızın milli-mənəvi həyatında da dirçəliş başlandı. O zaman ölkəmizdə milli oyanışın əsas mərkəzlərindən biri böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan Ensiklopediyası idi. Ensiklopediyanın Baş redaksiyası, redaksiya ətrafında toplanmış alimlərin böyük əksəriyyəti çox cəsarətli çıxışlar edirdilər. Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, Cümhuriyyət dövrünün xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin Aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırdılar. Rəsul Rzanın həlledici köməyi ilə bu sətirlərin müəllifi Kiyevin xəritə fabrikində ilk dəfə olaraq Azərbaycan tarixi xəritələrinin hazırlanması və çapına nail oldu. 1972-ci ildə Ensiklopediyanın Baş redaksiyası Rəsul Rzanın redaktorluğu ilə “Azərbaycan SSR xəritələri” (Azərbaycan və rus dillərində) adlı atlas nəşr etdi. Göstərilən tarix xəritələri həmin atlasa daxil edildi. Lakin “sapı özümüzdən olan baltalar” bütün bu məsələləri Moskvaya çuğulladılar, Ermənistandakı tarixçi “dostlarını” köməyə çağırdılar. Bizə “millətçi”, “burjua məfkurəçiləri”, “sovet hökumətinin və Rusiyanın düşmənləri” damğasını vurmaq məqsədilə xalqımıza qarşı 1918-ci ilin Mart soyqırımını törətmiş S.Şaumyanın oğlu L.S.Şaumyanı Bakıya gətirtdilər. O zaman “Böyük Sovet Ensiklopediyası” baş redaktorunun birinci müavini, həm də sovet ideologiyasının başında duranlardan biri olan oğul – Şaumyan əlinə düşən fürsətdən istifadə edərək Azərbaycan ziyalılarına zərbə vurmaq üçün özünü oda-közə vurdu. Lakin məqsədinə çata bilmədi. Çünki Azərbaycana doğma yurdunun təəssübkeşi olan qüdrətli bir şəxsiyyət başçılıq edirdi. Məhz Heydər Əliyevin müdrikliyi və cəsarəti sayəsində o zaman həm ensiklopediyaçılar, həm də ziyalılarımızın böyük bir dəstəsi nəinki KQB-nin təqiblərinə düçar olmadı, hətta partiya cəzasından da yaxa qurtara bildilər!!!

Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə-yüksəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir. Bütün bunlardan sonra, fikrimizcə, prezident Heydər Əliyevin bugünkü fəaliyyəti ilə əvvəlki rəhbərlik dövründəki fəaliyyəti arasındakı sıx məntiqi əlaqəni, dialektik vəhdəti isbat etməyə ehtiyac qalmır. Faktlar özü hər şeyi daha yaxşı sübut edir!

Həmin faktların ən böyüyü isə bu idi ki, dünya sosializm sisteminin və böyük Sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan SSR artıq öz inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə SSRİ-nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ola biləcək ikinci respublika idi.

Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır. 

Heydər Əliyev

Beləliklə, Heydər Əliyevin doğma xalqı qarşısında ən böyük xidmətlərindən biri də bu idi ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunarkən Şimali Azərbaycan artıq müstəqil bir dövlət kimi yaşamağa tamamilə hazır idi.

ŞİMALİ AZƏRBAYCANDA DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI:
HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANA RƏHBƏRLİYİNİN İKİNCİ DÖVRÜ

(1993-2003)

Yaxın keçmişdə Azərbaycan xalqının başında qüdrətli bir siyasətçi dururdu — düşmənlərin min bir hiyləsindən, məkrli oyunlarından asanlıqla baş çıxaran, onların dayanmadan dolaşdırdıqları siyasət kələfinin ucunu əldən verməyən, siyasi dühası ilə onilləri-yüzilləri qabaqlayan,qalın-qalın siyasət divarlarının arxasında nələr baş verdiyini ovcunun içi kimi görən Heydər Əliyev başçılıq edirdi Azərbaycana! Müxtəlif tarixi dövrlərdə Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş, xalqımızı dəfələrlə qan içərisində boğmuş ənənəvi düşmənlərimizin, onların bitib-tükənməyən məkr, hiylə və ən müasir silahlarının qarşısında məhz Heydər Əliyev şəxsiyyəti duruş gətirə bilirdi!

BÖYÜK AZƏRBAYCANLI, AZƏRBAYCAN TORPAĞININ MİSİLSİZ TƏƏSSÜBKEŞİ

Bu gün öz uğurlu daxili və xarici siyasəti ilə dünya birliyinə qovuşmaqda olan Azərbaycanımız, Azərbaycan xalqı öz tarixinin ən şərəfli və ən mürəkkəb dövrünü yaşayır. Keçid dövrü adlanır bu dövr… Müasir tərəqqiyə qovuşmuş xalqların və dövlətlərin hamısı yaşamışdır bu dövrü. Hərə öz xüsusiyyətləri, öz çətinlikləri ilə… Bizim keçid dövrümüzün də öz xüsusiyyətləri, çətinlikləri, problemləri var. Yaxından-uzaqdan çox güclü xarici hərbi-siyasi təzyiqlər, Vətən torpaqlarının mühüm hissəsinin düşmən tərəfindən işğalı, 8 milyonluq əhalisi olan bir ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkünün olması — bütün bunlar daha ağrılı-acılı edir bizim keçid dövrümüzü.

Üstəlik, ənənəvi xarici düşmənlərimiz Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi yaşamasının qarşısını almaq, onun daha da inkişaf edib yüksək tərəqqiyə qovuşmuş dövlətlərin sırasına çıxmasına əngəl törətmək üçün əllərindən gələni edirlər. Avropa ilə Asiya, Rusiya ilə Yaxın və Orta Şərq ölkələri arasında Qızıl körpü rolu oynayan Azərbaycanın azad yaşaması, getdikcə güclənməsi həmin qüvvələri heç cür təmin etmir. Müasir Azərbaycan dünya miqyasında çox qüdrətli beynəlxalq qüvvələrin mənafelərinin çarpazlaşdığı ən qaynar məntəqələrdən birinə çevrilmişdir. Zəngin yeraltı və yerüstü sərvətlərə malik olan müstəqil Azərbaycana qarşı siyasi, hərbi, iqtisadi, mənəvi təzyiqlər ara vermək bilmir. Bu indidən sonra da belə olacaqdır. Bir maneə dəf olunub qurtarmamış qarşımızı digər əngəllər kəsir…

Son dərəcə məkrli düşmənlərin Azərbaycan xalqına qarşı yüzillərlə sınaqdan çıxarmış olduqları “erməni kartı”ndan heç zaman indiki qədər fəal və geniş miqyasda istifadə olunmamışdır. Rusiya, Fransa, ABŞ kimi böyük dövlətlərdə, habelə başqa ölkələrdə, həmçinin beynəlxalq təşkilatlarda fəaliyyət göstərən erməni lobbisi bu gün həmişəkindən daha güclüdür. Həmin dövlətlərin parlamentlərinə, hərbi-siyasi idarəçiliyinə, habelə bir sıra nüfuzlu beynəlxalq təşkilatların fəaliyyətinə təsir göstərmək üçün güclü vasitələrə, mühüm mövqelərə və geniş maliyyə imkanlarına malik olan erməni lobbisi yaşadıqları ölkələrin xarici siyasətinə, beynəlxalq təşkilatlara fəal təsir göstərir, Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasına ciddi əngəllər törədir.

Tarixdə heç zaman Azərbaycanı daxildən parçalamaq, xalq içərisində etnik və vətəndaş qarşıdurması yaratmaq, dini təfriqə salmaq taktikasından bu qədər sistemli şəkildə istifadə olunmamışdır.

Heç zaman Vətənin sərvətlərini talamağa və bunun üçün də Yurdun içərisində yüksək mövqelər ələ keçirməyə çalışan daxili dönüklər — “sapı özümüzdən olan baltalar” xarici düşmənlərlə indiki qədər əlbir olmamış, onlara indiki qədər canfəşanlıqla qulluq göstərməmişlər. Xarici ölkələrə muzdla qulluq edənlərin, Vətən və millət əleyhinə əcnəbilərə saxta məlumatlar ötürənlərin, yad ölkələrdə özlərini “şirin salmaq” üçün dəridən-qabıqdan çıxanların sayı azalmır ki, azalmır…

Nəhayət, Azərbaycanımız heç zaman bugünkü qədər geniş miqyaslı mənafelərin, ziddiyyətlərin düyün nöqtəsinə çevrilməmişdi.

Bütün yuxarıda göstərilənlərdən əlavə, Azərbaycanın müstəqil bir dövlət kimi yaşaması çox zəngin və qədim tarixə, min illərlə müstəqil yaşamaq və qüdrətli dövlətçilik ənənələrinə malik olan böyük bir xalqın oyanışı deməkdir. Müxtəlif dövrlərdə Ata yurdundan qəlpə-qəlpə qoparılıb alınmış torpaqlara tarixi sahiblik duyğularının oyanışı, haqqın, ədalətin, milli-mənəvi birliyin bərqərar olunması, qaytarılması uğrunda ədalətli mübarizənin başlanması YENİ AZƏRBAYCAN İNTİBAHININ başlanması deməkdir. Azərbaycanın müstəqilliyinin getdikcə möhkəmlənməsi, həm də dünyanın müxtəlif ölkələrinə səpələnmiş 60 milyonluq böyük Azərbaycan xalqının ayağa qalxması, birləşməsi və öz haqqını tələb etməsi üçün qüdrətli təminatdır. Məhz bu amillər vaxtı ilə tarixi Azərbaycan torpaqlarını öz aralarında bölüşdürmüş düşmənlərə rahatlıq vermir.

Azərbaycanın yağı düşmənlərini bütün yuxarıda göstərilənlərdən daha çox narahat edən bu idi ki, bunca ağır problemləri olan Azərbaycan xalqının başında qüdrətli bir siyasətçi dururdu — düşmənlərin min bir hiyləsindən, məkrli oyunlarından asanlıqla baş çıxaran, onların dayanmadan dolaşdırdıqları siyasət kələfinin ucunu əldən verməyən, siyasi dühası ilə onilləri-yüzilləri qabaqlayan, qalın-qalın siyasət divarlarının arxasında nələr baş verdiyini ovcunun içi kimi görən Heydər Əliyev başçılıq edirdi Azərbaycana! Müxtəlif tarixi dövrlərdə Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş, xalqımızı dəfələrlə qan içərisində boğmuş ənənəvi düşmənlərimizin, onların bitib-tükənməyən məkr, hiylə və ən müasir silahlarının qarşısında məhz Heydər Əliyev şəxsiyyəti duruş gətirə bilirdi!

Azərbaycanın xarici düşmənləri yaxşı başa düşürdülər ki, indi artıq 1918-1920-ci illər deyil! Bu dəfə istiqlal mübarizəmiz, yeni, qüdrətli Azərbaycan yaratmaq siyasətimiz zəfərlə sona çatacaqdır. Çünki Azərbaycanın qurtuluş savaşının, yurdumuzda yeni həyat quruculuğunun başında zamanın nəbzini əlində saxlayan Heydər Əliyev şəxsiyyəti dururdu. Yəni, Ulu Tanrı şəxsiyyət və zaman problemini bu dəfə Azərbaycan xalqının xeyrinə həll etmişdi!

Heydər Əliyev şəxsiyyəti öyrənilməmiş dünyadır! Bu nadir dühanın siyasət aləmini bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzətmək olar. Misilsiz dövlət xadimi kimi ən nadir, ən mürəkkəb, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı Allahın ona bəxş etdiyi vergi idi. Bütün bunlar bir keyfiyyət altında birləşirdi: Heydər Əliyev BÖYÜK AZƏRBAYCANLI İDİ. Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi idi. Bu nadir keyfiyyət Heydər Əliyev fəaliyyətinin bütün dövrləri üçün səciyyəvi idi.

Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan və tükənməz fitri istedad sahibi olan Heydər Əliyev doğma xalqının dərdlərinə dərindən bələd olan, hələ çox gənc ikən məkrli qonşuların min bir hiyləsini öz gözləri ilə görən, mükəmməl təhsil almış, o cümlədən tarixi biliklərə dərindən yiyələnmiş, son dərəcə geniş dünyagörüşünə və konkret biliklərə malik olan, doğma xalqını və yurdunu hədsiz məhəbbətlə sevən nadir tarixi şəxsiyyət idi. O, yarım əsrdən artıq zəngin idarəçilik təcrübəsinə malik olan, müxtəlif xarakterli və səviyyəli idarəçilik sistemlərinin bütün incəliklərinə bələd olan, sovet məkanında kiçik bir xalqın oğlu olmasına baxmayaraq, dünyanın altıda birini əhatə edən SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan, Qorbaçovun təqib və hiylələrindən sarsılmayıb yenidən böyük siyasətə qayıtmış nadir sima idi. Polad iradə sahibi idi. Planetimizin bugünkü siyasətini müəyyənləşdirən dünya liderləri içərisində seçilən-sayılan, hamı tərəfindən qəbul olunan əzəmətli şəxsiyyət idi. Keçid dövrünün mürəkkəb burulğanından Azərbaycanı xilas etmək üçün Ulu Tanrının xalqımıza, Vətənimizə bəxş etdiyi ümummilli lider idi!

Görkəmli dövlət xadimi kimi Heydər Əliyevin dəmir iradəsinin parlaq sübutu onun fəaliyyətinin Moskva illəridir. 1982-1987-ci illəri əhatə edən bu dövrdə SSRİ rəhbərliyində Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək post tutan Heydər Əliyev velikorus şovinizmi və böyük dövlətçilik psixologiyasının hökmranlıq etdiyi Kreml rejiminə, bu rejimin yaratdığı təqiblər və ayrı-seçkilik sisteminə sübut etdi ki, heç bir qüvvə onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir deyildir. Tənəzzülə başlamış nəhəng imperiyanın ən ağır sahələrinin idarə edilməsində böyük uğurlara nail olan Heydər Əliyev az vaxt içərisində bütün SSRİ-də böyük nüfuz qazandı. Həmin dövrdə Heydər Əliyev Siyasi Büroda bütün Sovet dövlətini idarə etməyə və onu tənəzzüldən çıxarmağa qadir olan yeganə dövlət xadimi idi. Odur ki, səriştəsiz və bacarıqsız Kreml rəhbərləri, xüsusilə M.Qorbaçov Heydər Əliyevi özlərinə ciddi rəqib hesab edirdilər. Belə bir şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Heydər Əliyev sovet rəhbərliyində olarkən doğma Vətənini həmişə diqqət mərkəzində saxlayır, onun inkişafına hər cür qayğı göstərirdi. Xalqımızın böyük oğlu o zaman, həm də, Dağlıq Qarabağı Azərbaycandan qoparıb almağa çalışan erməni millətçilərinin qarşısında qüdrətli maneə, keçilməz sədd idi. Elə buna görə də, hələ Stavropoldan başlayaraq erməni mafiyasının əlində itaətkar alət olan M.Qorbaçov, nəhayət, öz fitnəkar niyyətinə nail ola bildi: xalqımızın dahi oğlu SSRİ-yə rəhbərlikdən uzaqlaşdırıldı. Bu, əslində bütün sovet hakimiyyəti illəri ərzində xalqımıza vurulan ən ağır zərbə idi. Təsadüfi deyil ki, bundan dərhal sonra M.Qorbaçov tərəfindən himayə olunan erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan qoparıb almaq üçün fəal mübarizəyə başladılar. Dahi şəxsiyyətimiz bu dövrdə həm öndən — Moskvadan, həm də arxadan Azərbaycandakı dönüklərdən vurulan ağır zərbələrə məruz qaldı.

1987-1990-cı illər M.Qorbaçovun başçılıq etdiyi Kreml rejiminin xalqımızın böyük oğluna qarşı həyata keçirdiyi ağır təqib illəridir. Ömrünün bütün dövrlərində olduğu kimi, Heydər Əliyev həmin illərdə də doğma xalqı üçün yaşamış, nəhəng Sovet dövlətinin dağılmaqda olduğu şəraitdə öz Vətəni üçün çıxış yolları axtarmış, özünün zəngin dövlətçilik təcrübəsi, müdrik məsləhətləri ilə Azərbaycanı düşdüyü ağır böhrandan çıxarmaqdan ötrü bütün qüvvəsini sərf etmişdir. Lakin o zaman Azərbaycana başçılıq edən səriştəsiz rəhbərlərin Moskva qarşısındakı mütiliyi və xəyanətkar siyasəti nəticəsində Azərbaycan xalqı bu dövrdə öz böyük oğlunun zəka potensialından məhrum edilmişdir.

QURTULUŞ MÜBARİZƏSİNİN QALİBİ, AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN XİLASKARI

Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi Birinci dövrlə İkinci dövr arasındakı illər, sözün əsl mənasında, tariximizin hərc-mərclik dövrü, ağır tənəzzül illəri idi. Xüsusilə, Azərbaycanın tarixinin 1990-1993-cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri, “olum ya ölüm” dövrü kimi qaldı. Moskvaya satılmış xəyanətkar rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan “Azərbaycan Xalq Cəbhəsi rejimi” məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdular. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman Vətənin ümid çırağı, əliyalın xalqın yeganə qələbə silahı Heydər Əliyev zəkası idi. Bu dövrdə — 1990-cı il yanvarın 21-də (20 Yanvar qırğınının ertəsi günü!) həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində, doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi.

Dahi siyasətçi xalqının ağır günündə Kremlin təqiblərindən yaxa qurtarıb 1990-cı il iyulun 20-də Vətənə döndü. Lakin Vətəndə – onun paytaxtı Bakıda tariximizin ən rüsvayçı faktlarından biri baş verdi: xalqın xilaskar oğluna vaxtilə onun qurub-yaratdığı paytaxtda qalmaq, ağır fəlakət anında doğma xalqı ilə birlikdə olmaq, ona yol göstərmək imkanı verilmədi. Böyük dövlət xadimi Bakıya gəlişindən iki gün sonra — 1990-cı il iyulun 22-də doğma Naxçıvana pənah aparmalı oldu. Heydər Əliyev Naxçıvanda bütün Azərbaycanın qurtuluş mübarizəsinə başladı. Bu dövrdə ermənilər və onların havadarları olan Rusiya hərbçiləri tərəfindən hərbi-siyasi və iqtisadi blokadaya salınmış Naxçıvan çıxılmaz vəziyyətə düşmüşdü. Ana Vətəndən – Böyük Azərbaycandan da Naxçıvanın harayına cavab verən yox idi. Səriştəsiz rəhbərlər, oyuncaq kürsü düşkünləri Vətən torpaqlarını hərraca qoymuşdular. Təkcə Naxçıvanın deyil, bütün Azərbaycanın halı ağır idi. Yağıların torpaqlarımızı bölüşdürmək planları reallaşmaqda, Yurdumuz, o cümlədən də Naxçıvanımız bir siyasi varlıq kimi Cənubi Qafqazın siyasi xəritəsindən yox edilmək ərəfəsində idi. Məhz belə bir ağır şəraitdə Heydər Əliyev “olum ya ölüm” savaşımızın ən ağır cəbhəsindən — Naxçıvandan bütün Azərbaycanın qurtuluş mücadiləsinə qalxdı. Müasir daşnakların sovet sərhəd qoşunları ilə birləşərək üzük qaşı kimi mühasirəyə aldığı Naxçıvanda təkcə həmin bölgəmizin deyil, bütün Azərbaycanın müqəddəratı həll olunurdu. Ağlasığmaz dərəcədə ağır olan bu mürəkkəb tarixi şəraitdə Heydər Əliyev şəxsiyyəti özünün yeganə silahı ilə — misilsiz siyasi dühası və dövlət müdrikliyi sayəsində Naxçıvan camaatının mübarizliyinə, əzmkarlığına arxalanaraq qəhrəman Kəngərli yurdunu tarixin ən ağır sınağından çıxara bildi! Ermənilərin Naxçıvanı işğal etmək planı boşa çıxdı.

Uğursuz Qarabağ müharibəsi, hakimiyyəti ələ keçirmək xatirinə müqəddəs torpaqlarımızın düşmənə təslim edilməsi, xaricdəki ağalara daha sədaqətlə nökərçilik etmək üçün bəhsə-bəhs, vaxtı ilə Nərimanovun qətlə yetirildiyi Kreml labirintlərindən salamat qurtarıb xalqını dardan xilas etmək üçün Vətənə qayıtmış böyük dövlət adamımız Heydər Əliyevin hakimiyyətə yaxın buraxılmaması, onu hətta Naxçıvanda da hakimiyyətdən götürmək cəhdi kimi rüsvayçılıqlar tariximizin ən qara səhifələri, ən bağışlanmaz səhvləridir. Əgər o zaman bu müdrik siyasətçi hakimiyyət sükanının arxasında əyləşsəydi, bunca müsibətlərə düçar olardıqmı?!

Bu suala Heydər Əliyev ömrünün Naxçıvan səhifələri daha aydın cavab verir: milli dövlətçilik ənənələrimizin dirçəldilməsi, muxtar respublikanın adından “sovet”, “sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması, 1990-cı ilin 19-20 Yanvar faciəsinə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılması barədə referendumda iştirakdan imtina etməsi, muxtar respublika ərazisində Kommunist Partiyası yerli orqanlarının fəaliyyətinin dayandırılması, 31 Dekabr gününün Dünya azərbaycanlılarının həmrəylik günü elan olunması, nəhayət, böyük Vətəndən — Azərbaycandan ayrı düşmüş Naxçıvanda, özü də amansız hərbi-iqtisadi blokada şəraitində vətən torpağının düşməndən qorunub saxlanması — bax, bunlardır böyük şəxsiyyətimizin Naxçıvanda mühasirə şəraitində keçən ömrünün, göstərdiyi fəaliyyətin qısa yekunu!

Bəs Heydər Əliyevin hakimiyyətə yaxın buraxılmadığı həmin dövrdə böyük Vətəndə — Azərbaycanda nələr baş verdi?

Sərt tarixi həqiqət belədir: 1993-cü ilin iyununda — Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində çabalayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik, hərki-hərkilik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq silahlı quldur dəstələri hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi. Atışma səslərindən camaat evində rahat yata bilmirdi. Girovgötürmə kimi çirkin qazanc vasitəsi adi hala çevrilmişdi. O dövrün başabəla rəhbərləri təyyarələrini hazır saxlayır, vəziyyət bir az mürəkkəbləşən kimi qaçıb aradan çıxırdılar. Üzdə xalqdan danışan, əslində isə sərvət düşkünləri olan bir qrup vəzifəpərəst sovet hakimiyyəti illərində toplanmış xalq əmlakına sırışt olmuşdu. Talançılıq baş alıb gedirdi. Faktiki olaraq dövlət yox idi. Ölkəni xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə hərəkət edən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı. İdarəçilik sükanı sahibsiz qalmışdı. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə açıq idi. Ulularımızın müqəddəs əmanəti olan Vətən torpaqları hərraca qoyulmuşdu. Azərbaycan xarici aləmdəki olan-qalan nüfuzunu da tamamilə itirmişdi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Ən təhlükəli cəhət isə bundan ibarət idi ki, Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər. Daşnakların “Böyük Ermənistan” yaratmaq niyyətləri, tarixi düşmənlərimizin qonşu ölkələrin paytaxtlarında hazırlanmış və Azərbaycanı Qafqazın siyasi xəritəsindən silib götürmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Bakı yaxınlığında — Navahı kəndində vətəndaş müharibəsinin ilk güllələri atılmış, qardaş qanı axıdılmışdı…

Bax, bu fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri, qurtuluş çırağı Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı — dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Məhz o zaman — 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı fəlakət uçurumuna yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı.

Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra öz xalqı üçün, doğma Vətən üçün nələr etdi? Və ya 1993-cü ilin 15 İyun gününü nə üçün Qurtuluş günü adlandırmaq olar?! Görülən işlərin hamısını sadalamaq mümkün olmasa da, gəlin, heç olmasa, onların ən mühümlərini, ən böyüklərini sıraya düzək.

Ən başlıcası: azadlıq, müstəqillik həm hər bir ayrıca vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, minlərlə şəhid vermişik bu yolda. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmayan yerdə azadlıq və müstəqillik də yoxdur. Dövləti olmayan xalq ölümə məhkumdur. Azərbaycan dövləti bizim “olum ya ölüm” məsələmizdir.

Prezident Heydər Əliyevin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir. Qurtuluş deməkdir!

Azərbaycan dövlətçiliyi və prezident Heydər Əliyevin qətiyyəti 1994-cü ilin Oktyabr və 1995-ci ilin Mart qəsdləri zamanı ağır sınaqlardan uğurla çıxdı. Heydər Əliyev andına sadiq qalan, dar ayaqda Vətənin müstəqilliyi, xalqın azadlığı naminə şəhid olmağa hazır olan prezident olduğunu nümayiş etdirdi. Dar ayaqda xalqını, Vətənini qoyub qaçmadı. Dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. Azərbaycan qanlı burulğandan çıxdı. Sabitlik və əmin-amanlıq yarandı.

Böyük dövlət xadimi kimi Heydər Əliyevin digər tarixi qələbəsi məhz budur — sabitlikdir. Ölkədə sabitlik yaratmaqla Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır…

Heydər Əliyev müharibə məsələsində düzgün mövqe tutdu. Müdrik bir strateq kimi real vəziyyətlə hesablaşdı. Məkrli düşmənlərimizin və onların beynəlxalq havadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə aldı. Vəziyyəti düzgün qiymətləndirdi. Real vəziyyətdən çıxış edərək atəşkəs reciminə nail oldu. Bununla Azərbaycanın gənc, sağlam qüvvələrinin mənasız yerə qırılmasının qarşısını aldı – genefondumuzu xilas etdi. Bu, Azərbaycan xalqının yaşaması, gələcəyi deməkdir…

Prezident Heydər Əliyev xalqı, yurdu milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi. Özündən əvvəlki “rəhbərlərin” tarixi keçmişin ibrət dərslərinə, dəyişən dünyanın real həqiqətlərinə, daxili həyatın və beynəlxalq vəziyyətin gerçəkliklərinə deyil, emosiyalara əsaslanaraq qəbul etdikləri səhv qərarların icrasını dayandırdı. Torpağımızın, xalqımızın, dilimizin üzərindəki əzəli və əbədi “Azərbaycan” möhürü özümüzə qaytarıldı. Bununla Vətənçilik, xalqımızın adı və dili, qüdrətimizin və vahidliyimizin əsası olan islam-türk birliyi bərpa olundu, reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı. Düşmənlərimizin oxu bu məsələdə də daşa dəydi.

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmışdır. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilmişdir.

Prezident Heydər Əliyevin xarici siyasət sahəsində ən mühüm uğurlarından biri də budur ki, o, Azərbaycanı türk dünyasından təcrid olunmuş vəziyyətdən çıxartdı. Bizimlə birlikdə azadlığa çıxmış qardaş Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla ənənəvi dostluq münasibətlərimiz bərpa olundu. Hazırda Azərbaycan Respublikası qardaş türk dövlətləri ailəsinin bərabərhüquqlu üzvüdür, Heydər Əliyev isə bütün türk dünyasının müdrik yolgöstərəni, zəmanəmizin Atatürkü adını qazanmışdır!

Müstəqil Azərbaycan dövlətinin islam dünyasındakı nüfuzu da getdikcə artmaqdadır.

Azərbaycan Respublikası bir çox beynəlxalq ittifaqlar və təşkilatların üzvüdür. Azərbaycanın Avropa Şurasındakı uğurları göz qabağındadır. Heydər Əliyev siyasətinin layiqli davamçısı olan İlham Əliyevin bu mötəbər beynəlxalq məclisdəki parlaq çıxışları, onun başçılıq etdiyi deputat qrupunun erməni millətçiləri üzərindəki qələbələri hər bir Vətən övladında haqlı qürur hissi doğurur.

Bununla yanaşı, İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının büro üzvü seçilməsi və vitse-prezidenti kimi yüksək vəzifəyə layiq görülməsi Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artdığını sübut edən daha bir parlaq faktdır.

Prezident Heydər Əliyev bütün tarixi dövrlərdə, ənənəvi düşmənlərimizin həmişə Azərbaycanı diz çökdürmək üçün istifadə etdikləri “erməni kartı”na qarşı neft siyasəti strategiyasını işləyib hazırladı. Və sübut etdi ki, Qafqaz problemlərinin həllində “erməni kartı”ndan daha güclü vasitələr vardır. Uzaqgörən siyasətçilər indi yaxşı başa düşürlər ki, neft strategiyasının “erməni kartı”na və xarici ölkələrdəki erməni lobbisinə qalib gələcəyi gün uzaqda deyil. Yaxın gələcəkdə müəllifi Heydər Əliyev olan bu siyasətin nə qədər dərindən düşünülmüş və uzaqgörən bir siyasət olduğunu zaman özü göstərəcəkdir!

Heydər Əliyev zəkasının, onun gərgin, ardıcıl və inadlı fəaliyyətinin nəticəsi olan Bakı-Tiflis-Ceyhan əsas neft ixracı kəmərinin (xarici düşmənlərimizin və daxildəki dönüklərin törətdikləri min bir hiylə və əngəllərə baxmayaraq, bu kəmərin istifadəyə veriləcəyi gün uzaqda deyil!), həmçinin Bakı-Ərzurum qaz kəmərinin region ölkələri üçün, o cümlədən türk dünyasından ötrü nə demək olduğu neçə-neçə nəsillər keçəndən sonra başa düşüləcəkdir!

Bu müqavilələr üzrə sərmayələrin güman edilən məbləği 50 milyard dollara bərabərdir. Bu, həmin müqavilələrin hamısının yalnız uğurla həyata keçiriləcəyi təqdirdə olacaqdır. Əlbəttə, bu çox böyük məbləğdir. Artıq indiyədək neft-qaz hasilatına təqribən 5 milyard dollar sərmayə qoyulmuşdur. Bakı-Ceyhan neft kəmərinin və Bakı-Ərzurum qaz kəmərinin inşasına külli məbləğdə — müvafiq surətdə
təxminən 2,5 milyard dollar və 1 milyard dollara qədər vəsait sərf ediləcəkdir. 21 müqavilədə nəzərdə tutulan yataqlarda kəşfiyyat işləri uğurla nəticələnərsə, sərmayələrin daha da artırılması prosesini çox gözləmək lazım gəlməyəcəkdir. Odur ki, 50 milyard dollarlıq təxmini məbləğ vəziyyətdən asılı olaraq təshih ediləcəkdir. 

İlham Əliyev

Heydər Əliyev Azərbaycan Respublikasını şimaldan və cənubdan məngənəyə salıb sıxan, onun xarici ölkələrlə ənənəvi əlaqələrini kəsən qüvvələrə qarşı Şərq – Qərb dəhlizini açdı. Böyük İpək Yolunun dirçəldilməsi ideyasından Azərbaycanı iqtisadi blokadadan çıxarmaq üçün məharətlə istifadə etdi. Dünya bunun şahididir. Dünya siyasətçiləri bunu yüksək qiymətləndirirlər. Gizli deyil ki, ermənilər də bu siyasətin uğuru qarşısında təlaş keçirməyə başlamışlar. Cəsarətlə demək olar ki, 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Bakıda — məşhur “Gülüstan” sarayında keçirilmiş beynəlxalq konfrans bütün varlığı dövründə Azərbaycanın xarici siyasət tarixinin ən böyük hadisələrindən biridir. Böyük İpək Yolunun dirçəldilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının dirçəlişində, onun iqtisadi-mənəvi oyanışında misilsiz rol oynayacaqdır.

Bir sözlə, zəmanəmizin qüdrətli siyasətçisi prezident Heydər Əliyev öz doğma xalqını dibi görünməyən yarğanların, uçurumların üzərindən böyük müdrikliklə, incə və çevik siyasətlə, nazik tellər üzərindən keçirib bu günlərə çatdırdı!

Bu gün yaşadığımız regionda təkcə Azərbaycanda xarici dövlətlərin bir nəfər də olsun əsgəri və hərbi bazaları yoxdur.

Vətənimiz Azərbaycan bütün Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır.

Azərbaycan terrorizmə qarşı beynəlxalq mübarizədə fəal və ardıcıl surətdə iştirak edir.

Prezident Heydər Əliyevin Xəzərlə bağlı müdrik və uzaqgörən xarici siyasət strategiyası, bu dənizi sülh və əmin-amanlıq dənizinə çevirmək planları uğurla nəticələnməkdədir! Beynəlxalq mənafelərin, o cümlədən böyük dövlətlərin və qonşuların mənafelərinin düyünləşdiyi Azərbaycan kimi çox mühüm hərbi-strateji və zəngin sərvətli bir ölkədə bütün bunlara nail olmaq hər siyasətçinin işi deyildi!!!

Heydər Əliyevin xarici siyasət sahəsində öz xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də, heç şübhəsiz, M.S.Qorbaçovun və onun erməni və ermənipərəst əhatəsinin 1990-cı ilin 20 yanvarında Bakıya iri qoşun birləşmələri yeridərək silahsız dinc əhaliyə qarşı qanlı qırğın törətməsi nəticəsində vaxtı ilə korlanmış Azərbaycan-Rusiya münasibətlərini normallaşdırmasıdır. Prezidentlər Heydər Əliyev və V.V.Putinin uzaqgörən siyasi müdrikliyi və qarşılıqlı səyləri nəticəsində Azərbaycan və rus xalqları arasında tarixi qardaşlıq əlaqələri bərpa olundu. Bu gün Azərbaycan xalqı özünün böyük şimal qonşusu ilə getdikcə genişlənməkdə olan hərtərəfli dostluq əlaqələrini dərin razılıq hissi ilə qarşılayır.

Azərbaycan prezidenti özünün ölkəmiqyaslı qəbullarından tutmuş beynəlxalq miqyaslı görüşlərə, yüksək səviyyəli danışıqlarınadək hər yerdə, hər an Azərbaycan həqiqətini dünyaya yayırdı. İndi Azərbaycan vaxtilə ona qarşı yaradılmış beynəlxalq informasiya blokadasını yarmışdır. Dünya Azərbaycan həqiqətini qəbul etməyə başlamışdır. Kimin sayəsində?! Prezident Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyəti nəticəsində, onun BÖYÜK AZƏRBAYCANLI kimi Vətən, xalq təəssübkeşliyi sayəsində!

Heydər Əliyev vaxtilə onun öz qayğısı sayəsində Moskva, Leninqrad və başqa şəhərlərin ali məktəblərində təhsil almış, özü də Azərbaycanın müxtəlif bölgələrini təmsil edən gənclərin qabaqcıl bir dəstəsini Prezident Aparatına, müxtəlif dövlət strukturlarına toplayıb onlara idarəçilik qaydaları öyrətdi, gələcəyin yeni, qüdrətli Azərbaycanı üçün hazırladı!

Başqa bir məsələ barədə. Gecəli-gündüzlü, son dərəcə ağır, hətta dözülməz bir rejimlə işləməsinə baxmayaraq, Azərbaycan prezidenti yurdumuzda baş verən heç bir hadisəni, heç bir prosesi nəzərdən qaçırmır, onlardan ən mühümünü ön plana çəkir, şəxsi nəzarəti altına götürür, prezident andına sadiq qalaraq Vətəni zərgər dəqiqliyi ilə idarə edirdi.

…1994-cü il iyun ayının son günləri idi. Xarici düşmənlərin və daxildəki Vətən xainlərinin havadarlıq etdiyi separatçılar Balakəndə baş qaldırmışdılar. Dövlət başçısının təşəbbüsü ilə bir qrup ziyalı təcili Balakənə yola düşdük. Bakıdan gec çıxdığımız üçün Zaqatalada gecələdik. Ertəsi gün səhər tezdən artıq Balakən icra hakimiyyətinin binasında idik. Camaatla görüşə tələsirdik. Lakin o zamankı icra başçısı bizi camaatla görüşdürməyə tələsmir, Rusiya Federasiyasından (Dağıstandan) gələcək “qonaqları” gözlədiyini bildirirdi. Dövlətimiz tərəfindən rəsmi surətdə dəvət olunmamış, başqa sözlə, çağırılmamış “qonaqların” gözlənilməsi bizə qarşı açıq-aşkar hörmətsizlik, saymazlıq idi. Yerli hakimiyyət nümayəndəsinin bu müəmmalı hərəkətindən çox narazı qalmışdıq. Gündüz saat 11 radələri idi. Birdən hökumət telefonu səsləndi. Dedilər ki, Bakıdan göndərilmiş dövlət nümayəndəsi və icra başçısı telefonun yanında olsunlar. Prezident danışacaqdır. Dövlətimizin başçısı Heydər Əliyev o gün, o məqamda Vətən üçün ən çox narahatlıq doğuran bir hadisəni şəxsi nəzarətinə götürmüşdü… Mən o zaman təlatümlü hadisələrin qaynar nöqtəsində olarkən bir daha əmin oldum və böyük qürur hissi keçirdim ki, Azərbaycan sahibsiz deyil. “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır!” – deyə bütün dünyaya bəyanat verən dahi dövlət xadimimiz Heydər Əliyev öz sözünün ağasıdır, müstəqilliyimizə zaval yoxdur…

Heydər Əliyevin öz doğma el-obası qarşısında danılmaz tarixi xidmətləri bir deyil, beş deyil…

Bunların hamısını dərindən-dərinə araşdırmaq, yerli-yerində ipə-sapa düzmək, incələmək və gələcək nəsillərə doğru-düzgün çatdırmaq o qədər də asan məsələ deyil. Və bu hər tarixçinin də işi deyil! Əlbəttə, bütün bunlar xüsusi tədqiqatların və gələcəyin işidir. Mən isə bu yığcam yazıda müasirlərimə təkcə bir həqiqəti yetirmək istədim: Azərbaycan hazırda keçid dövrünü yaşayır, çox ağrı-acılı keçən mürəkkəb bir dövrü!!! Özü də bizim keçid dövrümüz başqalarınınkına bənzəmir. Çox əlverişli strateji məkan olan bu Yurdda nə qədər böyük qüvvələrin gözü var?! Zəngin sərvətlərimizə, neftimizə kimlər susamır?! Kiçik bir ölkənin həm daxildə, həm də xaricdə nə qədər düşməni olar?!! Tariximizin ibrət dərslərini, azadlıq mücadilələrində dəfələrlə qan içində boğulduğumuzu, müasir dünyamızın reallığını, başqa xalqların tarixini hökmən nəzərə almalıyıq: keçid dövrlərində qüvvətli şəxsiyyət olmadan qələbə yoxdur!

Bir həqiqəti hamılıqla dərk edək: hazırda tərəqqi dövrünü yaşayan bütün xalqları, millətləri, ölkələri keçid dövrünün keçilməz labirintlərindən dahi şəxsiyyətlər — Atatürklər, Vaşinqtonlar, Bismarklar, Nehrular, De Qollar çıxarmışlar! Heydər Əliyev də belə şəxsiyyət idi! 

Heç kəsin istəyindən asılı olmayaraq, XX yüzilliyin 90-cı illərində Azərbaycanın tarixinə daha bir silinməz səhifə həkk olundu. Zaman, tarix özü həkk etdi bu səhifəni. “İstiqlal savaşı” adlanır həmin qızıl səhifənin adı. Xalqımızı bu müqəddəs savaşdan — İstiqlal savaşından Heydər Əliyev şəxsiyyəti qələbə ilə çıxartdı! Və tamamilə təbii olaraq İstiqlal savaşının qalibi kimi dünyanın dahi şəxsiyyətləri sırasında öz layiqli yerini tutdu. Tanrı yazısına pozu yoxdur!

Çağdaş Azərbaycan bu gün — XXI yüzillikdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda uğurdan uğura qovuşur. Tarixin ən qanlı burulğanı içərisində çabaladığımız günlər arxada qalmış, tarixə çevrilmişdir! Azərbaycan dövlətçiliyi məkrli düşmənlərin qanlı caynağından həmişəlik xilas edilmişdir! Xalqımız özünün daha parlaq gələcəyinə doğru inamla irəliləyir. Bütün bunlar üçün hər bir Vətən övladı, qədirbilən xalqımız dahi xilaskara — Ata yurdumuzun Atatürkünə — Heydər Əliyevə borcludur!

Ümumdünya tarixinin dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin layiqli varisi İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycan, habelə bütün dünyanın 60 milyonluq azərbaycanlıları dirçəliş yolundadır. Azərbaycan xalqı yaxın gələcəkdə Böyük Azərbaycanın intibahını gözləyir.

HEYDƏR ƏLİYEV YOLUNUN DAVAMÇISI

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. 

Azərbaycanın yeni prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.

Görkəmli siyasi və dövlət xadimi İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin oğludur. O, peşəkar siyasətçidir. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Orada elmi-pedaqoji fəaliyyətə başlamış (1982), aspirant, müəllim olmuşdur. Tarix elmləri namizədidir (1985). 1991-ci ildən Moskvada “Oriyent” şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994-cü ildən) və birinci vitse-prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının baş naziri (2003) vəzifəsində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.

İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır. İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər. Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdır.

Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir. İlham Əliyev YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır.

İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. O, daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. Həmin dövrdə İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, Qaradağ rayonununda və ölkənin digər bölgələrində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən bu qayğının parlaq təzahürləridir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuş İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti doğma xalqa qətiyyətlə və cəsarətlə xidmət etmək nümunəsidir. Onun AŞPA-dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərmişdir. Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma “Dağlıq Qarabağ problemi” barədə Qərb dünyasında obyektiv rəy formalaşmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş, onun həlli yolunda mühüm addımlar atılmışdır. Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında İlham Əliyevin böyük xidmətləri var. Avropa Şurasındakı fəaliyyəti, AŞPA-dakı obyektiv və konstruktiv çıxışları İlham Əliyevə qərb siyasətçiləri arasında böyük hörmət və nüfuz qazanmışdır. O, AŞPA-nın vitse-spikeri və Büro üzvü seçilmişdir (2003, yanvar).

İlham Əliyev Prezident Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan İlham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu göstərmişdir. Onun yorulmaz və gərgin əməyi sayəsində, qısa müddət ərzində, Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrəti qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir.

İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda  da olimpiya idmanı-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.

Hazırda Azərbaycanın beynəlxalq yarışlarda, idmanın müxtəlif sahələrində ön mövqelərə çıxması, Bakının dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu, İlham Əliyevin gənclər siyasətinin ən böyük uğurlarından biridir.

İlham Əliyev beynəlxalq münasibətlər tarixi sahəsində dərin biliyə malik olan peşəkar siyasətçi kimi dünya miqyasında böyük hörmət və nüfuz qazanmışdır. O, Azərbaycan nümayəndə heyətinin başçısı, yaxud üzvü kimi ABŞ, İngiltərə, Türkiyə, Fransa, Rusiya, Ukrayna, İsveçrə, Qazaxıstan, Özbəkistan, Slovakiya, Polşa, Gürcüstan və b. ölkələrdə rəsmi səfərlərdə, o cümlədən dövlət səfərlərində olmuş, bir çox beynəlxalq konfrans və konqreslərdə məruzələrlə çıxış etmişdir.

İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatı olmuş, AŞPA-da Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri və Büro üzvü vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. Azərbaycan xalqı qarşısındakı xidmətləri nəzərə alınaraq İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur. O, 2003-cü ilin Prezident seçkilərində parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyev ölkədə İnsan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. O, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Onun “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları (2004, 12 yanvar), Milli Ensiklopediyanın nəşrinə rəhbərliyi şəxsən öz üzərinə götürməsi və bununla bağlı imzaladığı sərəncamlar, alimlərə elmi dərəcələrə görə verilən əlavə əmək haqqını, tələbələr, magistrlər və aspirantların təqaüdlərini dəfələrlə artırması milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir. İlham Əliyev Azərbaycan xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərir. O, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki roluna yüksək qiymət vermişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizdə çox əlamətdar və önəmli hadisə idi. İlk dəfə müsəlman aləmində demokratik respublika yaranırdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmiz dünya birliyinə üzv olurdu. Bu, çox əlamətdar hadisə idi”.

lham Əliyev 19 oktyabr 2006-cı ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında Sərəncam imzaladı və həmin Sərəncamla müvafiq icra hakimiyyəti orqanlarına Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramını hazırlamağı tapşırdı. Buna uyğun olaraq o, 16 aprel 2007-ci ildə 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramını təstiq etdi.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası İlham Əliyevin ölkənin gələcək inkşafı məqsədilə göstərdiyi əsas strateji təşəbbüslərdən biri kimi qəbul olunur. Bu konsepsiyanın hazırlanması barədə müvafiq Sərəncam 29 noyabr 2011-ci ildə qəbul olundu və 29 dekabr 2012-ci ildə isə qəbul olunmuş Fərmanla konsepsiya təstiq olundu. Konsepsiya 2020-ci ilə qədər iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və ictimai rifahın artırılması üçün tədbirlər və fəaliyyətlər nəzərdə tutur. BMT-nin Dayanıqlı İnkşaf Məqsədlərinin tətbiqi haqqında Azərbaycanın könüllü məruzəsinin qiymətləndirilməsində İlham Əliyev tərəfindən təstiqlənmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası uzunmüddətli milli istəkləri, sərmayəçilər üçün imkanları və bu məqsədlər barəsində əsas məsələləri əks etdirən strategiya kimi təsvir olunmuşdur. Eyni yanaşma 2015-ci il Dünya İqtisadi Forumu üçün hazırlanmış və Xarici Siyasət jurnalında nəşr olunmuş Məruzədə də qeyd olunmuşdur. İqtisadi sahədə ixtisaslaşmış “The Business Year” jurnalı İlham Əliyev tərəfindən təşəbbüs edilən konsepsiyanı Azərbaycanın milli iqtisadi maraqlarını qorumaq məqsədilə hazırlanmış ağıllı strategiya kimi qiymətləndirdi.

O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.

Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.

AZƏRBAYCAN TARİXİ XƏRİTƏLƏRİ

Azərbaycan tarixi xəritələri. Atlas. Bakı, 1994