Bağlıyıq Azərbaycana

Mədəniyyət

AZƏRBAYCAN MƏDƏNİYYƏTİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.

Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.

Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Ən qədim dövrlərdən zəmanəmizədək davam edən bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir.

Təbiidir ki, xalqımızın məişət xüsusiyyətləri, estetik zövqü, bir sözlə milli siması, mənliyi bu sənət növündə özünü xüsusilə parlaq şəkildə büruzə verir. Təsadüfi deyil ki, indi dünyanın ən zəngin muzeylərində Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.

Xalqımızın əməyi sayəsində yaranıb onun həyat və məişətində geniş istifadə edilən el sənətimizin böyük və zəngin bir tarixi var. Naxçıvan, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə və s. yerlərdən əldə edilmiş metaldan düzəldilmiş sənət əsərlərinin yaşı 5000 ilə yaxındır. Bu ərazilərdən tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.

Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət əşyaları düzəldib öz həyat və məişətində istifadə edirlərmiş. Bunlar isə misgərlik və zərgərlik kimi sənət növlərinin qədimliyindən xəbər verir. Metaldan düzəldilmiş sənət nümunələri içərisində elələri vardır ki, onların üzərində olan bəzək və təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri, dini görüşləri və hətta geyimləri ilə yaxından tanış ola bilərik.

Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xüsusiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində, həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir. Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (e.ə.III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar. Kültəpədən və Mingəçevirdən (e.ə. II minillik) tapılmış gildən kiçik heykəllər və Mingəçevirdən tapılmış e.ə. V əsrə aid möhür-barmaqçıllar o dövrün geyimləri haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır. E.ə. III-IV əsrlərə aid qızıldan hazırlanmış çoxlu miqdarda bəzək şeyləri və gildən ayaqqabı formasında qayrılmış qabların tapılması azərbaycanlıların hələ çox qədim zamanlardan yüksək maddi mədəniyyətə malik olduqlarını sübut edən əsaslı dəlillərdəndir.

Misdən, tuncdan, qızıldan düzəldilmiş ev avadanlığının və zinət əşyalarının üzərinə həkk olunmuş müxtəlif rəsmlər Azərbaycanda hələ qədim zamanlarda təsviri sənətin mövcud olduğunu sübut edir.

Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənli təpəsindən aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalq sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir.

Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palaz və xalça qalıqları aşkar edilmişdir. Arxeoloji materiallara və yazılı mənbələrə əsasən, Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində) məşğul olmuşlar. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı xalçaçılıq məktəblərində (Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz) toxunulmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur.

Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustan qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri — piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.

Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız qalası və Şirvanşahlar sarayı kompleksi, memar Əcəminin Naxçıvanda yaratdığı Möminə xatun və Yusif ibn Küseyir türbələri, Şuşadakı Pənahəli xanın sarayı, Natəvanın evi, Şəki xanları sarayının divarındakı rəsmlər və s. memarlıq sənətinin nadir inciləridir.

Qobustan qayaüstü təsvirləri arasında “Yallı” (rəqs) oynayan insanların təsviri xüsusi maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağından xəbər verir.

Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının Vətəni Odlar yurdu, eyni zamanda sehrkar musiqi diyarı kimi də məşhurdur. Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri nəsildən-nəsilə yaşadaraq böyük və zəngin bir irs yaradan xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuşdur. Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur. Azərbaycan milli musiqisinin təməl daşı, onun bünövrəsini muğamlar təşkil edir. Təsadüfi deyildir ki, 2003-cü ildə BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO Azərbaycan muğamını bəşəriyyətin mədəni irs siyahısına daxil etmişdir.

Qədim zamanlardan milli musiqimiz ədəbiyyatla birgə inkişaf etmişdir. Məsələn, muğam Şərq poeziyası ilə birgə inkişaf etmişdir. Belə ki, muğam ifa olunarkən xanəndələr Azərbaycan xalqının Nizami, Xaqani, Nəsimi, Füzuli kimi qüdrətli şairlərinin qəzəllərini oxumuşlar. Milli poeziyanın janrları olan qoşma, müxəmməs, ustadnamə, qəfilbəndlə yanaşı, onun poetik formaları olan gəraylı, divani,  təcnis aşıqların sevimli ifa tərzidir. Klassiklərimizin və müasirlərimizin yaratdıqları ədəbi əsərlər dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer  tutur. M.V.Vidadinin, M.P.Vaqifin, Q.Zakirin, M.F.Axundovun, N.Vəzirovun, M.S.Ordubadinin,  M.Ə.Sabirin, C.Məmmədquluzadənin və bir çox başqa şair və yazıçılarımızın yaratdığı əsərlər indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmişdir.

Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biri də teatr sənətidir. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.​Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanının vəziri” və “Hacı Qara” tamaşalarından başlanır.

Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının repertuarı bu gün daha da genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Azərbaycanda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında, Rus Dram Teatrında, Pantomim teatrında, Gənc tamaşaçılar teatrında və digər teatrlarda seyr etmək mümkündür.

Müasir dövrümüzün ən maraqlı və ən populyar incəsənət növü hesab edilən kino xalqımızın həyatına nüfuz etmiş və onun ayrılmaz hissəsinə çevrilmişdir. Digər sənət növlərinə nisbətən yeni olan kinematoqrafiya tamaşaçı qarşısında insan qəlbinin dərinliklərini və yeni həyat üfüqlərini açıb göstərir. Milli kinomuz ildən-ilə zəngin təcrübə toplamış, xalqımızın həyatını və problemlərini əks etdirən müxtəlif növ və janrda xeyli əsər yaradılmışdır. Bu filmlər gələcək nəsillər üçün saxlanılmış, xalqımızın mənəvi sərvətinə çevrilmişdir.

Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir. Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tətqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir. Bunu dünyanın nüfuzlu təşkilatlarında da sübuta yetirir. Azərbaycan Respublikası 3 iyun 1992-ci ildə UNESCO-ya üzv qəbul edilmiş, 1996-cı ildən isə əməkdaşlığa başlamışdır.

Azərbaycan UNESCO-nun Ümumdünya İrsi obyektləri siyahısına 2 qeyri-maddi mədəni irs — Şirvanşahlar sarayı və Qız Qalasının yerləşdiyi İçərişəhər və Qobustan qayaüstü incəsənət nümunələri daxil edilib.

Eyni zamanda qeyri-maddi mədəni irs siyahısına 11 element daxil edilib:

1. Azərbaycan muğamı (2008)
2. Azərbaycan aşıq sənəti (2009)
3. Novruz bayramı (2009)
4. Azərbaycan xalça toxuculuğu ənənəvi sənəti (2010)
5. Azərbaycan tar ifaçılıq sənəti (2012)
6. Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu (2013)
7. Qadın başörtüyü kəlağayının düzəldilməsi və geyinilməsi ənənəvi incəsənəti və onun simvolizmi (2014)
8. Lahıc misgərlik sənəti (2015)
9. Lavaş (2016)
10.Kamança (2017)
11.Dolmanın hazırlanması və paylaşma ənənəsi (2017)

“Dünyanın yaddaşı” siyahısına isə bir element daxil olub. Bu da təbiət və əczaçılıq işi üzrə orta əsr əlyazmalarıdır. Onlar Bakı şəhərində yerləşən Məhəmməd Füzuli adına AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Kolleksiyada 12 minə yaxın qiymətli əlyazma mövcuddur.

Güman edirik ki, Azərbaycanın mədəni irsi dünya tərəfindən tanınmaqda davam edəcək, çünki sərvətimiz bitib tükənmək bilməyən zənginliklərlə doludur!

ÜMUMİ MƏLUMAT

Azərbaycan ədəbiyyatının qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru durmaqdadır. Azərbaycan dünyanın ən zəngin folklor sərvətlərindən birinə sahibdir. Mifoloji-bədii dünyagörüşün izləri folklorda və klassik ədəbiyyatda indi də özünü büruzə verməkdədir.

Azərbaycan folklorunun özəlliklərindən birini — onun başqa türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olması təşkil edir. Ortaq türk folkloruna aid olan dastanlar arasında “Oğuznamə”lər xüsusi bir silsilə təşkil edir. “Köç”, “Ergenekon”, “Şu”, “Qayıdış” kimi dastanlarda isə bütöv şəkildə prototürklərin mühüm problemləri öz bədii-mifoloji əksini tapmışdır. Həmin dastanların çoxu xülasə şəklində XI yüzillikdə yaşayıb-yaratmış türk alimi Kaşğarlı Mahmudun “Divanu lüğət-it-türk” (“Türk dilinin divanı”) əsərində öz əksini tapmışdır. Bu dastanlar xalqların böyük hicrəti dövrünün bədii-mifik dünyagörüşünü özündə saxlamaqdadır.

Azərbaycan folkloru janr zənginliyinə malikdir. Epik folklor janrlarından nağıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu qonşu xalqların folklor və klassik ədəbiyyatına güclü təsir göstərmişdir.

XVI-XVIII yüzilliklərdə dastan janrı xüsusilə geniş inkişaf etmiş, Qurbani, Tufarqanlı Abbas, Sarı Aşıq, Xəstə Qasım kimi qüdrətli sənətkarlar ərsəyə gəlmişdi. Əsasən irfanla bağlı olan orta əsr məhəbbət dastanları — “Qurbani”, “Aşıq Qərib-Şahsənəm”, “Əsli-Kərəm”, “Abbas-Gülgəz”, “Şah İsmayıl-Gülzar”, “Tahir-Zöhrə”, “Alıxan-Pəri”, “Arzu-Qəmbər”, qəhrəmanlıq dastanı “Koroğlu” bu dövrün məhsuludur. Məhəbbət dastanlarından fərqli olaraq, “Koroğlu” müxtəlif qolların toplusu olmaqla “Dədə Qorqud” dastanlarının ənənəsini davam etdirir və buna görə də epos adlanır. Azərbaycan folklorunun yazılı halda bizə gəlib çatmış ən böyük abidəsi “Kitabi-Dədə Qorqud” eposudur.

Yazılı ədəbiyyatın ən qədim nümunəsi e.ə. VI əsrdə Midiya dövləti ərazisində meydana çıxmış və müəllifliyi Zərdüştə aid edilən “Avesta”dır. Burada Azərbaycan xalqının dualist dünyagörüşü, ibtidai insanın xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır.

VII-VIII əsrlərdə Azərbaycan şairlərindən Əbu Məhəmməd ibn Bəşşar, Musa Şəhəvat və İsmayıl ibn Yəsarın şeirləri mübariz tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr ərəb poeziyasından müəyyən dərəcədə seçilir. Ərəb dilində bədii əsərlər yazmaq ənənəsi Azərbaycan şairləri arasında XI-XII əsrlərə qədər davam edir, Xətib Təbrizi, Məsud ibn Namdar kimi sənətkarlar bu dildə Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklər ərsəyə gətirirlər.

XI yüzillikdən Qətran Təbrizinin yaradıcılığı ilə Azərbaycan poeziya məktəbi başqa bir dildən — dəri dilindən istifadə etməklə yeni inkişaf mərhələsinə qədəm qoyur. Qətranın bizə gəlib çatmış “Divan”ı Azərbaycan poeziya məktəbinin sonrakı inkişafında mühüm rol oynamışdır.

1054-cü ildə Azərbaycanın oğuz türklərinin yaratdığı Səlcuqilər dövlətinin tərkibinə daxil olması elmin, incəsənətin və ədəbiyyatın inkişafına təkan verməklə yanaşı, türkdilli Azərbaycan xalqının formalaşmasını da başa çatdırmış oldu.

XII əsrdə Azərbaycan ədəbiyyatında bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatlarının sonrakı inkişafına güclü təsir göstərmiş poeziya məktəbi öz formalaşmasını başa çatdırır və onun Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli korifeyləri meydana gəlir. Məhz Nizaminin və digər sənətkarların yaradıcılığına görə XII-XVI əsrlər Azərbaycan ədəbiyyatının Renessans zirvəsi sayılır.

Saray ədəbi mühitində — XII əsr Azərbaycan dövlətlərindən Şirvanşahlar və Atabəylərin mesenatlığı altında Əbül-üla Gəncəvi (1096-1159), Məhsəti Gəncəvi (1089-1183), Xaqani Şirvani (1126-1199), Fələki Şirvani (1126-1160), Mücirəddin Beyləqani (-1190), İzzəddin Şirvani kimi əsərləri indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmiş sənətkarlar yetişmişdilər.

XIII yüzilliyin epik poeziya örnəkləri arasında anonim “Dastani-Əhməd Hərami” və Qul Əlinin “Qisseyi-Yusif” poemalarının adlarını çəkmək lazımdır. Bütün XIII əsri, XIV əsrin isə ilk onilliklərini yaşayıb uzun bir yaradıcılıq yolu keçmiş Güney Azərbaycan şairi Hümam Təbrizi (1201-1314) də bu dövrün görkəmli ictimai-siyasi xadimi və istedadlı şairlərindən biri olmuşdur. Azərbaycan ədəbiyyatında daha çox sufizm cərəyanının görkəmli nümayəndəsi kimi tanınmış Şeyx Mahmud Şəbüstərinin (1287-1320) nəsr və nəzmlə yazdığı bir çox əsərləri arasında “Gülşəni-raz” poeması diqqəti daha çox cəlb edir. XIV yüzildə Suli Fəqih və Mustafa Zərir kimi Azərbaycan şairləri də Quran motivləri əsasında qurulmuş “Yusif və Züleyxa” mövzusunda ana dilində əsərlər yaratmışlar. Elə həmin yüzilin sənətkarı Yusif Məddahın “Vərqa və Gülşa” poeması da anadilli epik şeirin gözəl örnəklərindən sayılmalıdır. Bütün bu əsərlər epik poeziyamızın sonrakı inkişafında müəyyən rol oynamışlar. Fars dilində yazıb-yaratmış görkəmli Azərbaycan şair və mütəfəkkirləri — Nəsirəddin Tusi (1201-1274), Marağalı Övhədi (1274-1338), Arif Ərdəbili (1311-) daha çox Nizami ənənələrinə söykənərək onun kimi əsərlər yaratmağa çalışırdılar. Əssar Təbrizinin (1325-1390) fars dilində qələmə aldığı “Mehr və Müştəri” poemasında Nizaminin “Xosrov və Şirin” və “Leyli və Məcnun” poemalarında dahiyanə təsvir və tərənnümünü tapmış saf ülvi məhəbbət hisslərinə iki gəncin böyük və təmənnasız dostluğu prizmasından nəzər salınır.

Bu dövrdə ədəbiyyatda və ictimai-siyasi fikirdə formalaşmış humanizm prinsipləri xüsusən Seyid İmadəddin Nəsimi (1369-1417) yaradıcılığında öz zirvəsinə çatır. İmadəddin Nəsimi — böyük sələfi Nizami Gəncəvidən sonra ədəbiyyatımızda humanizm, insansevərlik ideyalarının alovlu təbliğatçılarından, carçılarından biri kimi tanınmışdır.

XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında Renessans ideyalarının Nizamidən sonrakı zirvəsi — Qərb şərqşünaslığında “qəlb şairi” kimi məşhur olan Məhəmməd Füzulidir. Bunların arasında Füzulinin böyük müasiri və müəyyən dərəcədə mesenatı — böyük Azərbaycan dövlət xadimi və şairi Şah İsmayıl Xətainin (1487-1524) xüsusi yeri vardır.

Molla Vəli Vidadi (1707-1808), xüsusən Molla Pənah Vaqif (1717-1797) kimi sənətkarlar sadə, canlı dildə yazdıqları əsərlərlə poeziyanı xalqa daha da yaxınlaşdırmışlar.

Azərbaycan ədəbiyyatı XIX əsrin başlanğıcında Azərbaycan xalqının tarixi taleyində baş verən mühüm hadisə — Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edilməsi ilə bütövlükdə mədəniyyətdə olduğu kimi, ədəbiyyatda da qərbyönümlü meyllər olduqca güclənir. Bunun təsiri altında ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxır. Qasım bəy Zakir (1784-1857) poetik inkişafın istiqamətini müəyyənləşdirir. Mirzə Fətəli Axundzadə ilə demək olar ki, eyni dövrdə yaşayıb-yaratmış cənublu şair Seyid Əbülqasım Nəbatinin (1812-1873) yaradıcılığı minillik Şərq poeziyasının ənənələrinə söykənərək, bütün estetik gözəlliyi ilə yanaşı, sufizm ideyalarını təbliğ etməkdən o yana getmirdi. Bu dövrdə rus və Qərb şərqşünasları və şairləri ilə yaxından tanış olan, onlardan qabaqcıl humanist fikirləri əxz edən Abbasqulu ağa Bakıxanov (1794-1847), Mirzə Şəfi Vazeh (1792-1852), İsmayıl bəy Qutqaşınlı (1801-1861) kimi sənət və fikir adamlarının çiyinləri üzərində Mirzə Fətəli Axundzadə dühası yüksəlir, Azərbaycan ədəbiyyatını birdəfəlik Rusiya və Qərb ilə bağlayır, onu çağdaş dünya ədəbiyyatları sırasına çıxarır.

Bu dövrdə Avropa və Rusiya örnəyi əsasında realist və romantik ədəbiyyatın C.Məmmədquluzadə (1866-1932), M.Ə.Sabir (1862-1911), H.Cavid (1884-1944), M.Hadi (1880-1920), A.Səhhət (1874-1918), A.Şaiq (1881-1959) kimi görkəmli nümayəndələri öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını dünya ədəbi-mədəni fikrinin ən yaxşı nümunələri səviyyəsinə qaldırırdılar. Bunların arasında realist ədəbiyyatın C.Məmmədquluzadə və M.Ə.Sabir, romantik şeirin M.Hadi, A.Şaiq, dramaturgiyanın H.Cavid kimi nümayəndələri Azərbaycan ədəbi-ictimai fikrinin inkişafında daha böyük rol oynamışlar.

Azərbaycan ədəbiyyatı tarixinin müəllifi, böyük maarifpərvər Firidun bəy Köçərli (1863-1920) olmuşdur.

Repressiya Azərbaycan ədəbiyyatının sovet dövrü tarixinin qan qarışıq qara səhifələrini təşkil edir. O dəhşətli illərdə repressiyaya məruz qalmış sənətkarlar arasında Azərbaycan ədəbiyyatı və incəsənətinin, ədəbiyyatşünaslıq və dilçilik elmlərinin çox görkəmli nümayəndələri olmuşlar: böyük dramaturq H.Cavid, istedadlı şair M.Müşfiq, görkəmli nasir və ədəbiyyat tənqidçisi S.Hüseyn, Azərbaycan Respublikasının himninin müəllifi məşhur şair Ə.Cavad, məhsuldar ədib və alim Y.V.Çəmənzəminli, filologiya professoru, poliqlot alim B.Çobanzadə, Bakı Dövlət Universitetinin rektoru, yazıçı T.Ş.Simürğ, Bakıda ilk Şərq Konservatoriyasını açmış Xədicə xanım Qayıbova, görkəmli teoloq-alim, Bakı qazisi Mir Məhəmməd Kazım ağa, folklorçu-alim H.Zeynallı, faciəvi rolların səhnəmizdə ən görkəmli ifaçıları A.M.Şərifzadə, Ü.Rəcəb və onlarca başqaları.

Mühacir ziyalılarımız arasında Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Səməd Ağaoğlu, Əhməd Cəfəroğlu, Əbdülvahab Yurdsevər, Almas İldırım, Bənin (Ümmülbanu), Nağı Şeyxzamanlı, Məmməd Sadıq Aran, Hüseyn Camal Yanar, Teymur Atəşli, Musa Zəyəm, İbrahim Arslan, Əli Azərtəkin və onlarla başqaları vardır.

Bu dövrdə Azərbaycan ədəbiyyatının roman, xüsusən, tarixi roman janrını inkişaf etdirən tanınmış sənətkarlardan biri M.S.Ordubadi (1872-1950) olmuşdur. Səməd Vurğun (1906-1956) sovet dövründə yetişmiş ən görkəmli şair-dramaturqlardan biridir. Sovet dövründə Azərbaycan poetik fikrinin inkişafında Rəsul Rzanın (1910-1981) əsasən sərbəst vəzndə qələmə aldığı şeir və poemaların böyük rolu olmuşdur.

Azərbaycan nəsrinin canlı, təravətli, bədii surətlər və əlvan təsvir vasitələri ilə zənginləşməsində, dramaturgiyamızda lirik-psixoloji üslubun inkişafında İlyas Əfəndiyevin (1914-1996) böyük yaradıcılıq xidmətləri olmuşdur. Azərbaycan nəsrinin yeni mövzu və qəhrəmanlarla zənginləşməsində Əli Vəliyev, Hüseyn İbrahimov, Hüseyn Abbaszadə, Bayram Bayramov, Cəmil Əlibəyov, Vidadi Babanlı, Ələviyyə Babayeva, Süleyman Vəliyev, Əzizə Əhmədova, Əfqan Əsgərov, Gülhüseyn Hüseynoğlu, Əlibala Hacızadə və başqalarının da xidmətləri vardır.

60-cı illərdə İsa Hüseynov, Məmməd Araz, Sabir Əhmədov, Anar, Elçin, Sabir Rüstəmxanlı, Ələkbər Salahzadə, Fərman Kərimzadə kimi nasir və şairlər vardır. Bədii yaradıcılığa bir qədər öncə qədəm qoymuş İsmayıl Şıxlını (1919-1994) və onun “Dəli Kür” romanını xüsusi qeyd etmək lazımdır. Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Nəriman Həsənzadə kimi sənətkarların poeziya və dramaturgiyasında da daha çox xalq tarixinin ibrətamiz səhifələri, bu fonda lirik-psixoloji yaşantılar üstünlük təşkil edir. Bu şairlərin, eləcə də Qabilin həmişə aktuallığı ilə seçilən şeirləri, “Nəsimi” poeması, Adil Babayev, İslam Səfərli, Hüseyn Arif, Qasım Qasımzadə, Əliağa Kürçaylının bir çox əsərləri ədəbiyyatımızın qiymətli nümunələrindəndir.

Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında Əli Kərim, Xəlil Rza, Cabir Novruz, Məmməd Araz, Fikrət Qoca, Fikrət Sadıq, Ələkbər Salahzadə, İsa İsmayılzadə, Sabir Rüstəmxanlı, Famil Mehdi, Tofiq Bayram, Arif Abdullazadə, Hüseyn Kürdoğlu, İlyas Tapdıq, Musa Yaqub, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Zəlimxan Yaqub, Baba Vəziroğlu və b. şairlər seçilirlər.

Çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini dövrləşdirərkən sivilizasiya amili, ədəbi-tarixi proseslərin reallıqları, Azərbaycanda ədəbi cərəyanlar və azərbaycançılıq məfkurəsi kimi prinsiplərin başlıca meyar kimi nəzərə alınması elmi baxımdan əsaslandırılıb.

Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin yeni konsepsiyası aşağıdakı mərhələləri əhatə edir: Qədim dövr Azərbaycan ədəbiyyatı, Erkən intibah dövrü Azərbaycan ədəbiyyatı, İntibah dövrü Azərbaycan ədəbiyyatı, Orta əsrlər Azərbaycan ədəbiyyatı, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı, Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrü, Milli-demokratik hərəkat dövrü Azərbaycan ədəbiyyatı, Azərbaycan ədəbiyyatında sosialist realizmi mərhələsi, Erkən ən yeni dövr və keçid dövrü.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatı tarixi hazırda Qədim dövr, Orta dövr, Yeni dövr (AXC dövrü), Ən yeni dövr (Sovet dövrü 60-cı illərə qədər, 60-cı illərdən başlayaraq), Müstəqillik dövrü mərhələlərinə bölünür.

FOLKLOR

Azərbaycan xalqının şifahi poetik yaradıcılığı kimi mənalandırdığımız folklorun tarixi Azərbaycan ərazisində ilk insan məskənlərinin meydana çıxmasına gedib çatır. Azərbaycan dünyanın ən zəngin folklor sərvətlərindən birinə sahibdir.

Azərbaycan ədəbiyyatının qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru durmaqdadır. Mifoloji-bədii dünyagörüşün izləri folklorda və klassik ədəbiyyatda indi də özünü büruzə verməkdədir. Azərbaycan mifologiyası Qədim hind, Qədim yunan mifologiyası qədər sistemli və bütöv xarakter daşımır. Ancaq Azərbaycan folklorunda Azərbaycan mifologiyasının izlərini aşkar etmək mümkündür. Bunlar daha çox kosmoqonik və mövsümi, eləcə də etnoqonik miflərin müəyyən detallarını özündə daşımaqdadır. İnsan cəmiyyətinin ilkin formalaşma dövrünün bədii təfəkkür məhsulları olan bu mifik ünsürlərdə kosmosla xaos, yəni dünya düzəni ilə qarmaqarışıqlıq, nizamsızlıq, dünya düzəninin bu nizamsızlıqdan yaranması və eyni münasibətlərin insan cəmiyyətində əks olunması özünə yer tapmışdır. Mifik dünyagörüşündə insan cəmiyyətində kosmos, yəni əksər insanlar tərəfindən qəbul edilmiş qayda-qanunlar toplusu əsas etibarilə cəmiyyətin aparıcı nizamını — ailə, məişət, insanla təbiət arasında qarşılıqlı anlaşma proseslərini əhatə edir. Mifoloji dünyagörüşünün ayrı-ayrı ünsürləri indiyə qədər folklorun ovsun, alqış, qarğış, rəvayət, qodu və sayaçı mərasimi ilə ilgili mətnlərdə qorunub saxlanmışdır. Azərbaycan mifoloji mətnlərinin əksəriyyətində qədim Türk mifoloji düşüncəsi aparıcı motiv kimi çıxış edir. Bunu istər dünyanın yaranması ilə bağlı olan kosmoqonik miflərdə, istər etnosun mənşəyi ilə bağlı olan etnoqonik miflərdə, istərsə də mövsümi proseslərlə əlaqədar olan təqvim miflərində görmək mümkündür. Mifoloji mətnlərin yaranması və onların folklor mətnlərində ünsürlər şəklində qorunub saxlanması ibtidai insanın təbiətə və təbiət qüvvələrinə baxışı ilə sıx əlaqədardır. Söz, hərəkət və oyun vasitəsilə təbiət qüvvələrinə təsir göstərmək arzusu ibtidai insanda mifoloji mətnləri yaratmaq və ifa etmək ehtiyacı doğurmuşdur. Bunların sırasında “Kosa-Kosa”, “Qodu-Qodu”, “Novruz”, “Xıdır Nəbi” və b. mərasim nəğmələrini və bunları müşayiət edən rəqsləri göstərmək olar.

Azərbaycan folklorunun özəlliklərindən birini onun başqa türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olması təşkil edir. Bu xalqların şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda meydana gəlməsini göstərir. Ortaq türk folkloruna aid olan dastanlar arasında “Oğuznamə”lər xüsusi bir silsilə təşkil edir. “Köç”, “Ergenekon”, “Şu”, “Qayıdış” kimi dastanlarda isə bütöv şəkildə prototürklərin mühüm problemləri öz bədii-mifoloji əksini tapmışdır. Həmin dastanların çoxu xülasə şəklində XI yüzillikdə yaşayıb-yaratmış türk alimi Kaşğarlı Mahmudun “Divani lüğət-it-türk” (“Türk dilinin divanı”) əsərində öz əksini tapmışdır. Bu dastanlar xalqların böyük hicrəti dövrünün bədii-mifik dünyagörüşünü özündə saxlamaqdadır.

Azərbaycan folkloru janr zənginliyinə malikdir. Epik folklor janrlarından nağıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu qonşu xalqların folklor və klassik ədəbiyyatına güclü təsir göstərmişdir. Lirik janrlardan bayatılarda xalq həyatının və məişətinin müxtəlif tərəfləri bədii-emosional şəkildə əks olunmuşdur. Qədim türk xalqlarının özünəməxsus poeziyası olmuş və bu poeziya türklərin milli vəzni olan heca və ya “barmaq” vəznində yaradılmışdır. Müxtəlif şeir şəkillərində hecaların sayı müxtəlif olsa da, epik süjetli uzun şeirlər və dastanlar əsas etibarilə yeddihecalıq formada yaradılmışdır. Bu cür şeirlər insanın yaddaşında daha yaxşı qorunub saxlanır. Azərbaycan folklorunun ən zəngin janrlarından olan bayatıların da hər misrası yeddi hecadan ibarət olur.

Folklor janrları arxaik və çağdaş janrlar kimi iki yerə bölünür. Arxaik folklor janrlarında sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışlar geniş yer tutur. Ancaq bu bölgü şərtidir; belə ki, folklorun yaranma prosesi bütün tarix boyu getdiyindən, bu janrlara da müntəzəm olaraq yeni-yeni örnəklər əlavə olunur.

Bağlı olduğu hadisə və ya proses baxımından mərasim folkloru, əmək nəğmələri ayırd edilir. Mərasim folklorunun özü də mövsüm mərasimlərini, müxtəlif təbiət hadisələri ilə bağlı olan mərasimləri, məişət mərasimini, o sıradan toy və yas mərasimlərini əhatə edir.

Azərbaycan folklorunun ən zəngin janlarından birini bayatılar təşkil edir. Bayatılar əsasən insanın lirik-fəlsəfi duyğularını yığcam poetik şəkildə ifadə etməyə xidmət göstərir. Bu poetik formanın məzmun növləri arasında layla, nazlama, ağı, sayaçı sözü, holavar, vəsfi-hal və s. örnəklər vardır. Bundan başqa, bayatı-bağlama, bayatı-deyişmə, bayatı-tapmaca kimi örnəklər də bu poetik formanın daxilində özünə yer tutur. Bayatılar dörd misradan, hər misra yeddi hecadan ibarət olur. Qafiyələnmə sistemi əsasən a-a-b-a şəklindədir. Tarixən türkdilli poeziyada cinasa çox fikir verildiyindən, qafiyələri cinas təşkil edən bayatı örnəkləri də çoxdur. Bayatının forma növlərindən biri də ilk misrası ancaq qafiyədən ibarət olan növdür. Bu cür bayatılara daha çox Kərkük folklorunda rast gəlinir. Bayatıda adətən birinci və ikinci misralar əsas mənanı ifadə etmək üçün hazırlıq rolunu oynayır.

Geniş yayılmış lirik folklor janrlarından birini də xalq mahnıları təşkil edir. Bunlar konkret musiqi motivinə bağlı olan müxtəlif formalı poetik mətnlərdir. “Aman nənə”, “Ay lolo”, “Sona bülbüllər”, “Süsən sünbül” və s. xalq mahnıları indi də müğənnilərin repertuarında qalmaqdadır. İfa tərzinə görə xalq mahnıları arasında solo, xor və deyişmə-mahnılar seçilir.

Xronoloji baxımdan epik folklor janrlarından əfsanələr ilk öncə nəzərdən keçirilir. Əfsanələri başqa epik janrlardan fərqləndirən başlıca əlamət onda fantastik element və hadisələrin iştirak etməsidir. Eyni əlamətin daşıyıcısı olan sehirli nağıllardan fərqli olaraq, əfsanələrdə süjet bitkin xarakter daşımayıb, yalnız bir fraqment şəklində olur. Təsvir etdiyi obyekt və hadisənin məzmununa görə Azərbaycan folklorunda əfsanələr kosmoqonik, zoonimik, toponimik, etnoqrafik, dini, tarixi, qəhrəmanlıq və s. xarakteri daşıyır. Ən qədim əfsanələr kainat, dünya və səma cisimlərinin yaranması ilə bağlı olan örnəklərdir.

Azərbaycan folklorunun janrları arasında əfsanə və rəvayətlərdən sonra nağıllar epik növün ən geniş yayılmış örnəklərini təşkil edir

Atalar sözü və məsəllər də Azərbaycan folklorunun epik janrları arasında geniş yayılmışdır. Xalqın uzun əsrlər boyu əldə etdiyi təcrübələrin ümumiləşmiş yekunu, nəticəsi olan atalar sözü və məsəllər türk xalqları arasında geniş yayılmış, bir çox hallarda cəmiyyətdə əxlaq kodeksini əvəz etmişdir. Bu janrın ilk örnəkləri “Kitabi-Dədə Qorqud”, Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” kimi klassik yazılı abidələrdə özünə yer tapmışdır. Oğuz tayfalarının müdrikliyini ifadə edən xüsusi atalar sözü topluları — “Oğuznamə”lər də Azərbaycan folklorunun qiymətli abidələrindəndir.

Azərbaycan folklor nümunələrinin böyük bir qrupu xüsusi olaraq uşaqlar üçün yaradılmışdır. Bunlar həm lirik, həm epik, həm də dramatik növlərə məxsus örnəklərdir. Lirik növə aid janrlar: layla, oxşama, nazlama, uşaq mahnıları; epik növə: tapmaca, yanıltmac, qaravəlli, uşaq nağılları; dramatik növə isə uşaq oyunları və tamaşalar daxildir.

Azərbaycan folklorunun inkişaf mərhələləri arasında orta əsrlərin xüsusi yeri vardır. Bu dövrdə — XVI-XVIII yüzilliklərdə dastan janrı xüsusilə geniş inkişaf etmiş, Qurbani, Tufarqanlı Abbas, Sarı Aşıq, Xəstə Qasım kimi qüdrətli sənətkarlar ərsəyə gəlmişdi.

Əsasən irfanla bağlı olan orta əsr məhəbbət dastanları  — “Qurbani”, “Aşıq Qərib-Şahsənəm”, “Əsli-Kərəm”, “Abbas-Gülgəz”, “Şah İsmayıl-Gülzar”, “Tahir-Zöhrə”, “Alıxan-Pəri”, “Arzu-Qəmbər”, qəhrəmanlıq dastanı “Koroğlu” bu dövrün məhsuludur. Məhəbbət dastanlarından fərqli olaraq, “Koroğlu” müxtəlif qolların toplusu olmaqla “Dədə Qorqud” dastanlarının ənənəsini davam etdirir və buna görə də epos adlanır. “Koroğlu” eposunun süjetində konkret tarixi hadisə — XVI-XVII yüzilliklərdə Türkiyə və Azərbaycanda baş vermiş Cəlalilər üsyanı dursa da, formalaşma prosesində abidəyə bir sıra əlavə süjetlər artırılmış, bəzi hallarda mifik motivlərdən də istifadə edilmişdir.

Folklor örnəkləri əsas etibarilə anonim — müəllifsiz olduğundan, konkret müəllifi olan aşıq ədəbiyyatının Azərbaycan folklorunda xüsusi yeri vardır. XVI yüzillikdə əsası qoyulan və dövrümüzə qədər davam edən aşıq sənətinin ən böyük nümayəndələri “ustad aşıqlar” termini ilə ifadə edilir. Azərbaycan folklorunda ilk ustad aşıq kimi Qurbaninin adı çəkilir. Qurbani Şah İsmayıl Xətaidən (1487-1524) yaşca bir qədər böyük olmuş və onunla müəyyən münasibətləri olmuşdur. Səfəvilərin tarixindən və “Qurbani” dastanından bu xalq sənətkarı haqqında müəyyən məlumatlar almaq mümkündür.

Azərbaycan aşıq sənətinin üç yüz illik ənənələri XIX əsrdə Aşıq Ələsgər (1821-1926) kimi qüdrətli xalq sənətkarının yetişməsinə təkan vermişdir. Aşıq Ələsgərin yaradıcılığında lirik motivlə əxlaqi-didaktik motiv üzvi şəkildə bir-birinə qovuşmuşdur. Bu el sənətkarı özündən sonrakı aşıq ədəbiyyatının, eləcə də yazılı şeirin inkişafına böyük təsir göstərmişdir. 105 il ömür sürmüş aşığın yaradıcılığında bu dövrün bir çox tarixi hadisələri və şəxsiyyətləri öz əksini tapmışdı.

Azərbaycan folklorunun ilk örnəkləri yazılı şəkildə qədim yunan tarixçisi Herodotun “Tarix” əsərində (e.ə. V əsr) bizə gəlib çatmışdır. Bunlar qədim Azərbaycan dövləti Midiyanın süqutunun və İran dövləti tərəfindən işğalının səbəbləri haqqında xalq bədii təfəkkürünün məhsullarıdır. Bu əfsanələr “Astiaq”, “Tomris” və başqa adlarla Herodotun əsərində yazıya alınmışdır. İndiki mənada təkcə tarix əsəri deyil, həm də bədii əsər qələmə almış Herodot, Azərbaycan əfsanələrini də yüksək bədiiliklə işləmiş və təsirli psixoloji səhnələr yaratmağa müvəffəq olmuşdur. “Tomris” əfsanəsi bu baxımdan daha diqqətəlayiqdir. İşğalçılıq məqsədi ilə Midiyaya hücum edib, ölkəni viran qoyan İran şahını məğlub etmiş Midiya sərkərdəsi — qəhrəman qadın Tomris onun başını kəsib bir qan tuluğuna salır ki, təşnə çəkdiyi qandan “doyunca içsin…”

“Astiaq” əfsanəsində mifoloji qat daha güclüdür. Burada əsas hadisələr yuxugörmə və taleyin əvvəlcədən müəyyən edilməsi üzərində qurulmuşdur. İlahi qüvvələrin təyin etdiyi taleyin dəyişdirilməsində insanın nə qədər gücsüz olduğu Astiaqın faciəsi örnəyində təqdim edilir. Eyni motivlər qədim dünyanın bir çox ədəbiyyatlarında, o sıradan antik yunan ədəbiyyatında geniş yayılmışdır.

Azərbaycan folklorunun yazılı halda bizə gəlib çatmış ən böyük abidəsi “Kitabi-Dədə Qorqud” eposudur. Bu eposun müxtəlif obraz və motivləri sonrakı Azərbaycan folkloruna və klassik ədəbiyyatına təsir göstərsə də, bütövlükdə şifahi ənənədə qorunub saxlanmamışdır. Buna görə də, “Dədə Qorqud” dastanları yazılı ədəbiyyat örnəyi kimi də tədqiqata cəlb edilir. Bu məqalədə də həmin prinsip gözlənilmişdir.

Müasir dövrümüzdə də Azərbaycan folkloruna diqqəti yönəltmək və onun tanıtımını təşkil etmək üçün dövlət səviyyəsində dəyərli işlər görülür. Çünki keçmişi olmayan millətin gələcəyi də olmaz. 

Azərbaycan folklorunun tədqiqi

Azərbaycan folkloru Azərbaycan türklərinin yüksək mənəvi əxlaqi dəyərlərini, etik və estetik düşüncəsinin ən aparıcı meyllərini özündə əks etdirən və ümumtürk ağız ədəbiyyatının tərkib hissəsi olan yaradıcılıq sahəsidir. Azərbaycan türklərinin adət-ənənəsi, ayin və etiqadları, tarixi cəngavərlik əxlaqı, vətənsevərliyi və torpaq məhəbbəti, valideyn sevgisi, həzin lirik duyğuları bu yaradıcılıqda bütöv və özünəməxsus şəkildə tərənnüm olunmuşdur.

Azərbaycan türklərinin folkloru müxtəlif janrların (lirik, epik və dramatik) qovşağında yaranmış, elə həmin üslublara uyğun olaraq da növlərə bölünmüşdür.

Azərbaycan folklorunun yazıya alınmasının ilk mərhələsi 1830-1900-cü illər arasını əhatə edir. Bu dövrdə “Vedomosti”, “Tiflisskiye vedomosti”, “Novoe obazreniye”, “Kafkazskiy vestnik”, “Kafkaz” qəzetləri, XIX əsrin yetmişinci illərindən sonra nəşrə başlayan SMOMPK məcmuələrində Qafqaz xalqlarının, Azərbaycan türklərinin şifahi xalq ədəbiyyatının ilk nümunələri geniş şəkildə əks olunmuşdur. 1875-ci ildən nəşrə başlayan ilk milli mətbu orqan olan “Əkinçi” və sonralar çapa başlayan “Kəşkül” qəzetləri də bu işi layiqincə davam etdirdilər. 

Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin kütləvi şəkildə toplanmasının başlıca mərhələsi 1900-1920-ci illər arasında olmuşdur. Bu dövrdə Eynəli Sultanovun və Mahmudbəy Mahmudbəyovun şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsindəki fəaliyyətləri folklorşünaslığımızın ilk addımları hesab edilir. Görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli folklorşünaslığımızın tarixinə təkcə toplayıcı kimi deyil, həm də Azərbaycan folklorşünaslığının yaradıcısı kimi daxil olmuşdur. Həmin illərdə folklor nümunələrinin toplanması, nəşri və tədqiqində xüsusi xidmətləri olan Hənəfi Zeynallı (“Azərbaycan atalar sözü və məsəlləri” (1926), “Azərbaycan tapmacaları” (1928) kitablarının müəllifidir) ağız ədəbiyyatını ilk dəfə təsnif edən tədqiqatçılardan hesab olunur. 

Folklor nəzəri fikrini öyrənən, dövrünün ən qabaqcıl tədqiqat metodlarını Azərbaycan folklorşünaslığına gətirənlərdən biri də Əmin Abid olmuşdur. Ə.Abid xalq mahnıları, bayatılar, aşıq şeiri şəkilləri, heca vəzni, türk xalqlarının yeddihecalı şeirinin törəmə tipləri, qafiyəsi, ritmi, oxşar səslərin təkrarı, alliterasiyası, bölgü və digər poetik qəlibləri barədə elmi mülahizələrin ilk müəlliflərindəndir.

20-30-cu illər ərzində folklorumuzun toplanması və nəşr işləri ilə ardıcıl məşğul olan tədqiqatçı Vəli Xuluflu olmuşdur. O, 1927-ci ildə “El aşıqları” kitabını və Azərbaycanda ilk dəfə olaraq “Koroğlu” dastanını (1929-cu ildə ikinci nəşr) çap etdirmişdir. Həmin vaxtlarda Azərbaycan ağız ədəbiyyatının toplanması sahəsində Salman Mümtazın və Hümmət Əlizadənin xidmətləri xüsusilə qeyd edilməlidir. S.Mümtaz 1927-1928-ci illər ərzində iki cildlik “El şairləri” kitabını nəşr etdirmiş, Qurbaninin, Sarı Aşığın şeirlərini, bayatı, atalar sözü və məsəllərin ən gözəl nümunələrini yazıya almışdır. 1929-cu ildə “Aşıqlar” adlı toplunu iki cilddə çap etdirən H.Əlizadə isə ilk dəfə Azərbaycan aşıqlarının repertuarından “Koroğlu” dastanının on dörd qolunu və əllidən artıq müstəqil qoşmasını çap etdirmişdir. 

İkinci Dünya savaşından dövrümüzə qədər folklorşünaslığımızın inkişafında böyük xidmətləri olan araşdırmaçılar sırasında H.Araslı, M.H.Təhmasib, M.Seyidov, X.Koroğlu, Ə.Axundov, V.Vəliyev, M.Həkimov, P.Əfəndiyev, A.Nəbiyevin və s. adlarını xüsusilə qeyd etmək lazım gəlir.

Azərbaycan folklorunun çağdaş vəziyyəti

Folklor xalqın yaddaşı və taleyidir: hər bir etnosun taleyi onun milli yaddaşa nə dərəcədə bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq onu millətlər içində millət edən zirvəyə qalxa bilir… Hər bir xalqın bir millət kimi bütövlüyü, ölkə kimi tamlığı və təhlükəsizliyi etnokosmik yaddaşın onu hansı şəkildə ayaqda saxlamasından birbaşa asılıdır… Azərbaycan folklorşünaslığının müasir durumunu obyektiv şəkildə səciyyələndirmək üçün onun işini ilk növbədə keçən əsrdə görülmüş işlərlə müqayisə etmək lazım gəlir. Beləliklə, Azərbaycan folklorşünaslığı XX əsrə bu nəzəri-praktiki nəticələrlə yekun vurdu: Əsrin əvvəllərində Azərbaycan folklorunun toplanması uğrunda millətin fədai ziyalıları, sözün gerçək anlamında, ağır bir mübarizə apardılar. “Yoxdur millətimin xətti bu imzalar içində” məfkurəsini əldə rəhbər tutub, millətimizin mənəviyyat imzasını imzalar içində bərqərar etmək üçün hər cür çətinliyə sinə gərdilər. Çoxsaylı folklor mətnləri toplandı və çap edildi. 20-30-cu illərdə Azərbaycan folklorşünaslıq elmi nəzəri baxımdan  inkişaf etdi. Azərbaycana dəvət edilmiş sovet alimləri burada özlərinin tədqiqatlarını davam etdirməklə gənc Azərbaycan folklorşünaslarının nəzəri biliklərinin formalaşmasına həm mənəvi, həm də təcrübi baxımdan istiqamət verdilər. 30-cu illərdə millətin intellektual potensialının qaymaqları, o cümlədən folklorşünasları amansız şəkildə məhv edildi və Azərbaycan folklorşünaslığının bütün səviyyələr üzrə mütərəqqi inkişafına balta çalındı. Elə həmin illərdən başlamaqla sovet imperiyasına sədaqətlə qulluq edən manqurt folklorşünaslar formalaşdırılmağa başladı. Onların vəzifəsi Azərbaycan folklorunu sovet-sosialist ideologiyasının standartlarına uyğunlaşdırmaqdan, bu alınmadıqda isə, ümumiyyətlə, saxta folklor mətnləri yaratmaqdan ibarət idi. Həmin dövrdə Azərbaycanın mütərəqqi folklorşünasları öz fəaliyyətləri çərçivəsində folkloru və folklorşünaslığımızı xilas etməyə cəhd göstərsələr də, onların təşəbbüsləri kütləvi fəaliyyətə çevrilməyərək, azsaylı folklor nəşrləri və tədqiqatlarından irəli getmədi. XX əsrin 70-80-ci illərindən rejimdə yumşalma hiss olunmağa başlasa da, folklorşünaslıqda kök atmış və hər yanı bürümüş “avtoritetlər”in sovet elmi düşüncə stereotipləri dirçəlməyə imkan vermədi. Folklor mətnlərinin saxtalaşdırılması, ümumiyyətlə, əsli olmayan yalançı mətnlərin yaradılması təcrübəsi daha da inkişaf etdi. Azərbaycan folkloru və folklorşünaslığını məhv girdabından əsrin sonunda AMEA-nın Folklor İnstitutu xilas etdi. O, tarixin süzgəci rolunu oynayaraq XX əsrlə XXI əsrin, II minilliklə III minilliyin arasında dayanıb, bütöv bir epoxanı öz içindən keçirdi və millətin gələcəyinə gedən işıqlı yolun əsasını qoydu. Azərbaycan Respublikasının mərhum prezidenti, ulu öndər Heydər Əliyevin iradəsi ilə yaradılmış AMEA-nın Folklor İnstitutu təkcə xalqın folklorunun keşiyində durmamışdır: o həm də sovet imperiyasının qurbanları olmuş folklor fədailərinin ruhlarının keşiyində durmuşdur. “İlkin folklor nəşrləri” seriyasından neçə-neçə kitablar çap edilib xalqa qaytarılmışdır. Xüsusilə 30-cu illərin qanlı repressiyalarının qurbanı olmuş S.Mümtaz, Ə.Abid, H.Əlizadə, V.Xüluflu, B.Behcət və bu kimi millət fədailərinin folklorşünaslıq irsi çap olunmaqda və haqlarında tədqiqatlar aparılmaqdadır. XX əsr Azərbaycan folklorşünaslığının əldə etdiyi elmi-nəzəri təcrübə AMEA-nın Folklor İnstitutu üçün heç də onun biganə qaldığı mərhələ yox, məhz üz tutduğu, öyrəndiyi, intellektual fəaliyyətini onun bütün tərəfləri səviyyəsində modelləşdirib müasirləşdirdiyi təcrübədir. Elə bir təcrübə ki, özünün bütün uğurlu və qüsurlu, yararlı və yararsız, faydalı və zərərli tərəfləri ilə bu gün aktualdır. Folklor İnstitutu XX əsr Azərbaycan folklorşünaslığının bütün mütərəqqi ənənələrinin varisi və davamçısı, bütün naqisliklərinin inkarçısıdır. AMEA Folklor İnstitutu yarandığı gündən çox böyük işlərə imza atmış, folklorumuzun toplanması, nəşri və tədqiqi istiqamətlərində çoxsaylı işlər görmüşdür. Həmin işlərin sayı və çeşidi zəngindir. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu milli hədəflər naminə, millətin hədəfləri naminə,  “Azərbaycan Folkloru Külliyyatı”nın nəşrinə başlamış və ilk altı cildi çapdan buraxmışdır. “Azərbaycan Folkloru Külliyyatı” öz cari hədəfində yeni əsrin, strateji hədəfində isə minilliyin proyektidir. Bu ilk cildlərlə Azərbaycan folklorşünaslığının bütöv XX əsr boyu arzusunda olduğu, lakin heç bir vaxt reallaşdıra bilmədiyi milli proyektin bünövrəsini qoymuşdur. 

Ümumiyyətlə Folklor İnstitutu folklor mətnlərinin çapını aşağıdakı nəşrlərlə həyata keçirir:

1.Azərbaycan folkloru Antologiyası;
2.Azərbaycan folkloru Külliyyatı;
3.Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər;
4.”Dədə Qorqud” dərgisi.

Bütün bunlarla bərabər, burada hər il “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” adlı beynəlxalq folklor konfransı keçirilir. Buraya dünyanın hər yerindən folklorşünas alimlər dəvət olunur. Azərbaycan Respublikasının dövlət müstəqilliyi möhkəmləndikcə onun milli-mənəvi dayaqlarından biri olan folklorşünaslıq elmi də durmadan inkişaf edir.

QƏDİM ƏDƏBİYYAT

Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunəsi e.ə. VI əsrdə Midiya dövləti ərazisində meydana çıxmış və müəllifliyi Zərdüştə aid edilən “Avesta”dır. Burada Azərbaycan xalqının dualist dünyagörüşü, ibtidai insanın xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır. Zərdüştün xeyir qüvvələrin başçısı Ahura Mazdaya (Hörmüzd) müraciətləri şəklində yazılmış “Avesta”da qədim insanların dünyanı və cəmiyyəti idarə edən xeyir və şər qüvvələr haqqında təsəvvürləri bədii-obrazlı şəkildə əks olunmuşdur. “Avesta”nın bədii cəhətdən ən gözəl hissəsi olan “Qatlar”da Zərdüştün insan və cəmiyyət, təbiət və fərd haqqında fəlsəfi-əxlaqi düşüncələri öz əksini tapmışdır. “Avesta” ilkin halında, bütöv şəkildə bizə gəlib çatmamışdır. Bu əsər e.ə. IV yüzillikdə Makedoniyalı İskəndər tərəfindən yandırılmış və onun mətnindən yalnız ayrı-ayrı fraqmentlər atəşpərəst kahinlərin yaddaşında qorunub saxlanaraq sonralar bir yerə toplanmış və pəhləvi dilinə tərcümə edilmişdir. “Avesta”da Azərbaycan xalqının mifoloji dünyagörüşünün mühüm cəhətləri əks olunaraq dövrümüzə qədər gəlib çatmışdır. Xüsusən, dünyanın yaranması, ilk insanın meydana çıxması, bəşəriyyətin “qızıl dövrü”, ilk günah və Tanrının qəzəblənərək insanlara narahatlıq, xəstəlik, bəla göndərməsi haqqında mifoloji motivlər dünya xalqlarının mifologiyasında geniş yayılmış ünsürlərdəndir.

Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları b.e. XI yüzilliyində “Kitabi-Dədəm Qorqud” adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. “Kitabi-Dədə Qorqud”dakı Təpəgöz obrazı Homerin “Odisseya” dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək “Kitabi-Dədə Qorqud”un iki əlyazması məlumdur. Bunlardan biri — alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir.

Ənənəyə görə, dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir. Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: “Dirsə xan oğlu Buğacın boyu”, “Salur Qazanın evinin yağmalandığı boy”, “Bayburanın oğlu Bamsı Beyrək boyu”, “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”, “Duxa Qoca oğlu Dəli Domrulun boyu”, “Qanlı Qoca oğlu Qanturalı boyu”, “Qazılıq Qoca oğlu Yeynəyin boyu”, “Basat Təpəgözü öldürdüyü boy”, “Bəkil oğlu Əmranın boyu”, “Uşun Qoca oğlu Səgrəyin boyu”, “Salur Qazan dutsaq olub oğlu Uruz çıxardığı boy”, “İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy”.

Dədə Qorqud dastanlarının bir sıra boylarında mifoloji dünyagörüşünün izlərinə rast gəlmək mümkündür. Məsələn, “Dəli Domrul” boyunda ölüm kultunun əski qalıqları və bunun dastanın yazıya alındığı dövrün dini görüşlərinə görə mənalandırılması özünə yer tapmışdır. Buradakı Əzrayıl obrazı, dastanın bir çox başqa boylarında olduğu kimi, əsərə islamın qəbulundan sonra artırılmış və eposun ümumi ruhuna uyğunlaşdırılmışdır. Bu cəhətinə görə həmin boy ölüb-dirilən tanrılar haqqında qədim şumer, babil, misir əfsanə və mifləri ilə səsləşir.

“Kitabi-Dədəm Qorqud” eposunun bizə gəlib çatmış əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsr kimi müəyyən edilir. Boylarda orta əsrlər dastanlarımız kimi, nəsr və şeir parçaları növbələşsə də, həmin şeir parçaları orta əsrlərin poetika qanunlarına az uyğun gəlir. Bəzi tədqiqatçıların fikrincə, “Kitabi-Dədə Qorqud”da vaxtilə bəzi digər qədim türk dastanları kimi başdan-başa şeirlə yaradılmış, sonra isə yaddaşlarda yalnız əsas motivləri qaldığından, yazıya köçürülərkən nəsrlə bərpa edilmişdir.

Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara — şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir. Keçən yüzilliyin 50-ci illərində sovet totalitar rejiminin ideoloji basqısı altında “Dədə Qorqud” eposu milli ədavəti qızışdıran bir ədəbi abidə kimi qadağan edilmiş, yalnız 60-cı illərin əvvəllərində “bəraət” ala bilmişdir.

“Avesta”dan sonra ümumtürk kontekstində Azərbaycan yazılı ədəbiyyatının örnəkləri e.ə. 328-ci ildə Çin qaynaqlarında verilmiş bir türkcə atalar sözü və ortaq türk ədəbiyyatları statusunda qələmə alınmış, b.e. VI-VIII əsrlərinə aid olan daş üzərində yazılardır. Bu yazılar hökmdarlara epitafiya-salnamə xarakteri daşısa da, onların bədii məziyyətləri də yüksəkdir və həmin dövrdə türk ədəbi dilinin inkişafı, obrazlar sisteminin formalaşması haqqında müəyyən təsəvvür yaradır. aşğarlı Mahmudun əsəri isə türk mifologiyası və folklorunun bir çox örnəklərini yazıya alıb sabitləşdirməsi ilə əhəmiyyət kəsb edir. Məsələn, e.ə. VII-VI yüzilliklərdə yaşamış türk hökmdarı Alp Ər Tonqanın ölümünə həsr edilmiş ağı qədim türk bədii təfəkkürünün bütün incəlik və gözəlliyini təravətli halda bizə çatdırır.

Azərbaycan ərazisində yaranmış və yazısının tarixi V yüzilliyə gedib çatan alban ədəbiyyatı da klassik yazılı ədəbiyyatımızın qaynaqlarından sayılmalıdır. Alban hökmdarı Cavanşirin ölümünə şairi Dəvdəkin yazdığı ağı bir çox cəhətlərinə görə qədim türk hökmdarı Alp Ər Tonqaya həsr edilmiş ağıya bənzəyir.

VII-VIII əsrlərdə islam xilafətinin mərkəzi şəhərləri olan Mədinədə və Məkkədə yaşayıb yaratmış Azərbaycan şairlərindən Əbu Məhəmməd ibn Bəşşar, Musa Şəhəvat və İsmayıl ibn Yəsarın şeirləri mübariz tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr ərəb poeziyasından müəyyən dərəcədə seçilir. Bunu mütəxəssislər də təsdiq edirlər. Ərəb dilində bədii əsərlər yazmaq ənənəsi Azərbaycan şairləri arasında XI-XII əsrlərə qədər davam edir, Xətib Təbrizi, Məsud ibn Namdar kimi sənətkarlar bu dildə Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklər ərsəyə gətirirlər. Dövrünün böyük filoloji olan Xətib Təbrizinin ədəbiyyatşünaslıq sahəsində görkəmli xidmətləri vardır. Onun “Şərhül-Həmasə” adlı əsəri min ilə yaxındır ki, şərqşünas və ədəbiyyatşünaslar arasında öz böyük nüfuzunu saxlamaqdadır. Bu əsər haqqında onlarla elmi araşdırma yazılmış və nəşr olunmuşdur.

XI yüzillikdən Qətran Təbrizinin (1012-1088) yaradıcılığı ilə Azərbaycan poeziya məktəbi başqa bir dildən — dəri dilindən istifadə etməklə yeni inkişaf mərhələsinə qədəm qoyur. Qətranın bizə gəlib çatmış “Divan”ı əsas etibarilə dövrün hökmdarlarına yazılmış mədhiyyə-qəsidələrdən ibarət olsa da, bunların giriş-nəsib hissələrində heyranedici təbiət təsvirləri özünə yer tapmış və Azərbaycan poeziya məktəbinin sonrakı inkişafında mühüm rol oynamışdır..

1054-cü ildə Azərbaycanın oğuz türklərinin yaratdığı Səlcuqilər dövlətinin tərkibinə daxil olması elmin, incəsənətin və ədəbiyyatın inkişafına təkan verməklə yanaşı, türkdilli Azərbaycan xalqının formalaşmasını da başa çatdırmış oldu. XI yüzilliyin ən böyük Azərbaycan şairlərindən olan Qətran Təbrizinin əsərlərində Azərbaycan-türk ruhu, Azərbaycan dilinə xas olan bir çox söz və realilər öz dərin izlərini qoymuşdur. Şair bəzən ərəb və fars dillərində lazım olan qafiyəni tapmaqda çətinlik çəkərkən öz ana dilinə müraciət edir. Mübaliğəsiz demək olar ki, Qətran Təbrizi poeziyasının dili — azərbaycanca (türkcə) düşünüb farsca yazan bir sənətkarın dilidir və bu xüsusiyyət, ümumiyyətlə, farsdilli Azərbaycan poeziyası üçün səciyyəvidir. Bunu, Qətran Təbrizi dövründə yaşamış və şairlə şəxsən tanış olmuş məşhur İran şairi və alimi Nasir Xosrov da etiraf etmiş və Qətranın fars dilini o qədər də yaxşı bilmədiyini özünün “Səyahətnamə” əsərində qeyd etmişdir.

XII əsrdə Azərbaycan ədəbiyyatında bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatlarının sonrakı inkişafına güclü təsir göstərmiş poeziya məktəbi öz formalaşmasını başa çatdırır və onun Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli korifeyləri meydana gəlir. Daha çox arxaik sözlərdən istifadə yolu ilə yaradılan və buna görə də dərin fəlsəfi məzmun və mündəricə ifadəsində çətinlik çəkən farsdilli Xorasan ədəbi məktəbindən fərqli olaraq, Azərbaycan ədəbi məktəbinin nümayəndələri dəri dilində qələmə aldıqları poetik əsərləri ərəb söz və ifadələri hesabına zənginləşdirməklə onu yeni inkişaf mərhələsinə qaldırmış, ən incə poetik mətləblərin və dərin fəlsəfi fikirlərin ifadəsi üçün mükəmməl bir hala salmışlar. Saray ədəbi mühitində — XII əsr Azərbaycan dövlətlərindən Şirvanşahlar və Atabəylərin mesenatlığı altında Əbül-üla Gəncəvi (1096-1159), Məhsəti Gəncəvi (1089-1183), Xaqani Şirvani (1126-1199), Fələki Şirvani (1126-1160), Mücirəddin Beyləqani (-1190), İzzəddin Şirvani kimi əsərləri indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmiş sənətkarlar yetişmişdilər.

XII əsr Azərbaycan poeziya məktəbinin nümayəndələrinə yüksək şair professionallığı, sözün poetik imkanlarından maksimum istifadə bacarığı, poetik vahidlərdə özünə möhkəm yer tutmuş fikir çoxmənalılığı xas idi. Bununla yanaşı, xalq sənətinə, folklor obrazlarına, canlı xalq dilindən gələn söz və ifadələrə, aforizmlərə meyl də güclü idi.

Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani (1126-1199) yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və elmilikdir. İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir. Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan “Töhfətül-İraqeyn” (“İki İraqın töhfəsi”) (1156) poemasında da Xaqani bir sıra simvol və eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olmuşdur. Bu baxımdan istər Xaqani, istərsə də Nizami yaradıcılığına dialektik inkişaf meyli xasdır. Bu şairlər təbiət və cəmiyyəti donmuş halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyl nümayiş etdirirlər. Xüsusən Nizami yaradıcılığı bu baxımdan bütövlükdə dünya ədəbiyyatlarında özünəməxsus mərhələ təşkil edir. Xaqani Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözməmiş, Məkkəyə ziyarətə getdikdən sonra bir daha saraya qayıtmayaraq Təbrizdə məskən salmış və orada da vəfat etmişdir. Şairin məzarı Təbrizin Sürxab qəbiristanlığındakı “Şairlər məqbərəsi” adlanan yerdədir.

Xaqani həm də Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulmuşdur. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatmışdır.

XII yüzillik Azərbaycan poeziya məktəbinin nümayəndələri arasında Şirvan ədəbi mühitinin yetirdiyi Fələki, Əbül-üla, Mücirəddin Beyləqani və başqaları ilə yanaşı, Güney Azərbaycanda ərsəyə gəlmiş Şihabəddin Sührəverdi (1154-1192) kimi filosof şairlər də olmuşdur.

Həyatı əfsanə və rəvayətlər pərdəsinə bürünmüş XII əsr şairi Məhsəti Gəncəvi Ömər Xəyyamdan sonra rübai janrının ən böyük ustadlarından biri kimi tanınır.

Bu dövrdə Azərbaycan ədəbiyyatının daha bir güclü qolu da saraylardan kənarda yaranır və ədəbi-mədəni mühitə get-gedə daha çox təsir göstərirdi. Nizami Gəncəvi (1141-1209) kimi söz sənətkarları məhz bu dövr ədəbiyyatının demokratik qolunu təşkil edirdilər. Bunlar üçün ədəbiyyat, poeziya gündəlik çörəkpulu vasitəsi deyil, ürəyin dərinliklərindən, patriotik və humanist duyğuların təsirindən gələn ideya-bədii ifadə vasitəsi, insan həyatını və məişətini yüngülləşdirmək, yaradılışın tacı olan insanı həyatda xoşbəxt görmək üçün bir təbliğat vasitəsi idi. Nizami Gəncəvi öz ölməz beş poeması (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə”) ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Şair özü də ədəbi-fəlsəfi dühası ilə bunu gözəl başa düşür və öz sənətinin ölməzliyi barəsində peyğəmbərcəsinə öngörülər verirdi. Sonralar ta bizim günlərə qədər Nizami irsi şairlərin hər zaman ilham mənbəyi olaraq qalmış və onun əsərlərinə Şərqdə və Qərbdə müxtəlif dillərdə 500-ə qədər şair nəzirə yazmışdır. Məhz Nizaminin və onun çapında olan digər sənətkarların yaradıcılığına görə XII-XVI əsrlər Azərbaycan ədəbiyyatının Renessans zirvəsi sayılır.

Bütün dünyanın “Gəncəli dahi” kimi tanıdığı Nizaminin yaradıcılığı bir də ona görə qlobal hadisədir ki, Azərbaycan şairinin irsində təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda Qərb, yəni o dövrün Qərbi olan antik ədəbi-mədəni dəyərlər öz kamil sintezini tapmışdır. Əslində, Nizami yaradıcılığını tam mənasilə klassik dövrün yeni mərhələsi kimi qiymətləndirmək olar. Çünki məhz Nizaminin yüksək humanist fikirlərində orta əsrlərin mistikasından oyanıb sağlam və ayıq təfəkkürlə hadisə və predmetlərə, insana, cəmiyyət həyatının məna və mahiyyətinə rasional, məntiqi yanaşma tərzinin şahidi oluruq. İnsan xoşbəxt yaşamaq üçün yaradılmışdır və bu ilahi qədəri, tanrısal taleyi heç bir şər qüvvə dəyişdirə bilməz. Nizaminin bütün yaradıcılığından işıqlı bir xətt kimi keçən əsas ideya məhz budur. Həmin ideya bir də az sonra dünya ədəbiyyatlarında özünü Avropa Renessansı sənətkarlarının yaradıcılığında büruzə verəcəkdir.

Nizami sənətinin ölməzliyi bir də özünü insan psixologiyasının əbədi problematikasını kəşf etməsində və bu problematikanın həlli yollarını göstərməsindədir. Ədəbiyyatın bəşər həyatında və bəşəriyyətin mədəni inkişafında oynadığı rolu da bəlkə elə bunda axtarmaq lazımdır. Azərbaycan şifahi xalq ədəbiyyatının və başında Nizami kimi dühalar duran yazılı ədəbiyyatın uzun yüzilliklər boyu apardığı etik-didaktik təbliğat olmasaydı, dünya səviyyəsində özünü göstərən bu qədər zülm və zorakılıqlar, haqsızlıq və ədalətsizliklər indikindən daha artıq olar, sivilizasiyanın əldə etdiyi çağdaş nailiyyətlər haqqında ancaq arzulamaq lazım gələrdi. Nizami yaradıcılığının zirvəsinə doğru dabanbasma gələn qlobal fəlakətin – monqol basqınlarının bu böyük dahinin əsərlərini öz tonqalları altında məhv etməməsi bu gün bəzən təfəkkür tərzimizi humanizm baxımından xeyli qabaqlayan Nizami irsindən bəhrələnməyimizə imkan yaratmışdır.

Nizami yaradıcılığının ölməzliyini təmin edən səbəblərdən biri də onun qoyub həll etdiyi ictimai problemlərdir. Şairə görə, cəmiyyətin başında ağıllı, maarifpərvər hökmdar durmalı, bununla da insanların cəmiyyətdəki ahəngdar münasibətlərini təmin etməlidir. Hökmdar ictimai mühitin başında duran bir şəxs olduğundan, həmin mühitin sağlamlığı bir çox cəhətdən onun şəxsi keyfiyyətlərindən asılıdır. Şairin bütün əsərlərində qoyulan başlıca problem bundan ibarətdir ki, dövlət başçısı Tanrı qarşısında götürdüyü öhdəliklərə əməl etməli, tabeliyində olan insanların xoşbəxtliyi və rahatlığı uğrunda çalışmaqdan bir an belə geri durmamalıdır. Yalnız bu halda cəmiyyətdə fərdlərin ahəngdar inkişafı təmin edilə bilər, Tanrının insanı yaradarkən qarşıya qoyduğu məqsədlər həyata keçirilə bilər.

Yaradıcılığa dövrünün ədəbi ənənəsinə uyğun olaraq lirik şeirlər – qəsidə, qəzəl və rübailərlə başlayan Nizami qısa bir zaman ərzində öz “Divan”ını tərtib etmiş və bir şair kimi məşhurlaşmışdı. Lirik şeir yaradıcılığı ömrünün sonuna kimi şairi məşğul etmiş və o, irihəcmli poemalarında verə bilmədiyi müxtəlif ağrılı, fəlsəfi problemləri rübabi şerin köməyi ilə lakonik şəkildə ifadə etmişdir. Nizami ilk poeması “Sirlər xəzinəsi”ndən (1174) başlamış son əsəri “İskəndərnamə”yə qədər dövrünün aktual, eləcə də bəşəriyyətin əbədi problemlərinin həllini bir an belə nəzərdən qaçırmamış, əsərdən-əsərə bu işi daha da təkmilləşdirmişdir. Bu, ölməz Nizami sənətinin humanist konsepsiyasını təşkil etməkdədir. Nizaminin beş poeması sonralar “Xəmsə” (“Beşlik”) adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi “Xəmsə” yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır.

Nizaminin ilk poeması “Sirlər xəzinəsi” (1174) “Xəmsə”nin başqa hissələrindən fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Ancaq burada öz əksini tapan bir çox problemlərin təqdimində müxtəlif hekayə və rəvayətlərdən ustalıqla istifadə edilmişdir. Bunun üçün öz dövrünün müxtəlif qaynaqlarına, eləcə də folklora müraciət edən şair, bütün bu materialın yüksək bədii səviyyədə təqdiminə nail olmuşdur. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. Nizami bu ilk poeması ilə Yaxın və Orta şərq ədəbiyatlarında tamamilə yeni bir epik ənənənin əsasını qoyduğunu sübut etmiş, özündən sonra bütöv bir ədəbi məktəbin bünövrəsini qoymuşdur.

“Xosrov və Şirin” (1180) poeması Nizaminin romanik əsərlərinin, yəni əsasında roman süjeti duran bitkin obrazlar qalereyasına malik poemalarının birincisidir. Əsərin mövzusu İran Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz doğma mühitinin hadisə, şəxsiyyət və problemlərindən çıxış etməsi şübhə doğurmur. Nizami öz sələfi —İran şairi Firdövsi kimi tarixi-əfsanəvi əsər yaratmır, öz poemasının janrını “həvəsnamə” kimi müəyyən edir və məhəbbətin tərənnümünə həsr edir. Təsadüfi deyil ki, əsərin qəhrəmanı Xosrov Pərvizin həyatının ancaq Azərbaycan şahzadəsi Şirinlə bağlı məqamlarına daha çox diqqət yetirilir, şairə doğma olan bu gözəl az qala baş qəhrəman kimi təqdim edilir. Poemanın məzmun janrı şairin özü tərəfindən “həvəsnamə” kimi müəyyən edilsə də, Nizami özündən əvvəlki şairlər kimi sadəcə ötəri həvəs və yüngül ehtirasa deyil, insanı mənən zənginləşdirən və kamilləşdirən, onu ilahi mərtəbəyə qaldıran, onun xarakterini mənfidən müsbətə doğru dəyişdirən ülvi məhəbbətə himn yaratmışdır. Poemadakı monumental obrazlardan biri olan Fərhad sonrakı dövrlərdə bir çox Nizami ardıcıllarını ilhamlandırmış və o, bir sıra poemaların baş qəhrəmanı kimi təqdim edilmişdir.

Qəhrəman xarakterinin dinamik inkişafını romantik sənət tipinin tələbləri baxımından əks etdirən Nizami, poemanın sonunda öz qəhrəmanının məhəbbətin təsiri altında heyrətamiz dərəcədə dəyişərək ideal bir şəxsiyyətə çevrildiyini göstərmişdir. Şair Xosrovun faciəsini islam tarixindən götürdüyü başqa bir tarixi hadisə — Məhəmməd peyğəmbərin Xosrova məktub yazıb onu islam dininə dəvət etməsi və şahın həmin məktuba etinasızlıq göstərib onu cırması ilə bağlayır. Bu süjet poemanın sonunda əlavə kimi verilmişdir.

İnsanı ucaldan, onun adını əbədiləşdirən ülvi məhəbbətin təsvir və tərənnümü “Xəmsə” silsiləsinin üçüncü əsəri olan “Leyli və Məcnun”da (1188) özünə yer tapmışdır. Şirvanşah Axsitanın sifarişi ilə yazılmış bu əsərində Nizami öz sənətinin ecazı ilə ölməz bir məhəbbət dastanı yaratmağa nail olmuşdur. Həm də o, Yaxın və Orta Şərq ədəbiyyatlarında bu mövzuda poema qələmə alan ilk sənətkar kimi məşhurdur. Poemanın baş qəhrəmanları — insan azadlığı ideyasını qəbul etmək istəməyən cəmiyyət tərəfindən “məcnun” (dəli) adlandırılmış Qeys və Leyli insanın azad sevib-sevilmək arzularının təcəssümünə çevrilmişdir. Əsərdə başlıca problemlərdən birini də qadın azadlığına tamamilə yeni baxış təşkil edir. Şair cəmiyyətin və şəxsiyyətin azadlıq və inkişafına mane olan çürük adət-ənənələrin əleyhinə çıxır, insanın cəmiyyətdə rasional azadlığı ideyasının vacibliyi fikrini irəli sürür və əsaslandırır. Süjetin faciə ilə sona çatmasında Nizami insanı əhatə edən ictimai mühiti, bu mühitdə hökm sürən qeyri-məntiqi adətləri, vəhşi instinktləri günahlandırır, bütün bunlara qarşı insanın müdaxilə etmədiyi təbii mühiti, vəhşi heyvanlar aləmini qoyur. Şair göstərir ki, ictimai münasibətlərin təsir göstərmədiyi saf və təmiz heyvanlar Məcnunun yüksəkliyini və ülviliyini daha yaxşı anlayır və onun başına toplaşırlar. Bu poemanın giriş hissəsində də Nizami insan cəmiyyətində gördüyü bir sıra nöqsan və eybəcərliklərin bədii ifşasını vermişdir.

Nizaminin son poemaları olan “Yeddi gözəl” (1197) və “İskəndərnamə” (1203) şairin uzun illərdən bəri kitabxanalarda apardığı elmi axtarışların, etdiyi müşahidələrin məntiqi nəticəsidir. Hər iki əsərin mövzusunu şair özü müəyyənləşdirmiş və ictimai idealının bədii gerçəkləşdirilməsi yolunda bir fəlsəfi-poetik vasitə kimi istifadə etmişdir. Hər iki əsər tarixi mövzuda yazılsa da, Nizami tarixdən yalnız bir fon kimi istifadə etmiş, əksər hallarda real tarixi öz estetik idealına uyğunlaşdırmışdır. Bu baxımdan bu poemalar mahiyyətcə bir-birinin məntiqi davamı kimi də nəzərdən keçirilə bilər. Nizaminin bir humanist sənətkar kimi qarşıya qoyub həll etmək istədiyi əsas ideya isə insanın xoşbəxtliyi və bu xoşbəxtlik yollarının tapılmasıdır. Orta əsrlərdə bunun üçün əsas məsuliyyət cəmiyyətin deyil, hökmdarın üzərinə düşdüyündən, fəlsəfi və bədii əsərlərdə əsas tələblər də məhz onların qarşısında qoyulurdu. Xüsusən İskəndər obrazı ilə Nizami maarifpərvər və ədalətli bir şahın cəmiyyətin rifahı və ahəngdar inkişafı üçün necə böyük fəaliyyət imkanlarına malik olduğunu göstərmişdir. Bu baxımdan Nizaminin yaratdığı hökmdar obrazlarının əsərdən-əsərə kamilləşdiyini və cəmiyyətin arzu və tələblərinə daha çox cavab verdiyini görürük. Xosrovdan (“Xosrov və Şirin”) Bəhram Gura (“Yeddi gözəl”) və İskəndərə (“İskəndərnamə”) doğru yüksələn xətlə gedən hökmdar obrazları ən nəhayətdə “İqbalnamə”də (“İskəndərnamə”nin ikinci hissəsi) sadəcə bir hökmdar deyil, bir çox xalqları doğru yola yönəldən, təkcə öz ölkəsi Yunanıstanda yox, bütün mədəni dünyada haqqı və ədaləti bərpa edən peyğəmbər səviyyəsinə yüksəlir.

Nizami sənətinin böyüklüyü və onun estetik idealının ülviliyi sonrakı əsrlərdə də Azərbaycan ədəbiyyatının inkişafına güclü təkan vermiş, bu böyük dahi tərəfindən müəyyən edilmiş humanizm və demokratizm prinsipləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta şərq, eləcə də bir sıra Qərb ədəbiyyatlarında humanist meyllərin intişarına səbəb olmuşdur.

ORTA ƏSRLƏR ƏDƏBİYYATI

XIII əsrdən etibarən, obyektiv tarixi gerçəkliyin təsiri altında Azərbaycan torpaqlarında əsasən ərəb və fars dillərində yaradılan Azərbaycan ədəbiyyatında doğma dildə yazan şair və sənətkarların sayının get-gedə artdığını görürük. Bu zamandan Azərbaycan ədəbiyyatının qədim dövrü bitir və orta əsrlər dövrü başlayır.

İzzəddin Həsənoğlu və Şeyx Səfiəddin Ərdəbili kimi lirik şairlər qonşu xalqlarda olduğu kimi, sufi-mistik ideyaları içinə alan lirik və epik parçalardan daha çox, canlı həyatla bağlı olan dünyəvi poeziya nümunələri yaratmağa üstünlük verirlər. Həsənoğlunun türkcə üç, farsca bir qəzəli, Şeyx Səfinin kiçik bir divanı bu dövrün anadilli ədəbiyyatı haqqında dolğun təsəvvür yaradır, gələcək böyük poeziyanın bünövrəsinin möhkəm təməl üzərində qoyulduğundan xəbər verir. Həsənoğlunun qəzəllərində müəyyən dərəcədə özünü göstərən sufi-mistik ideya və obrazlar bu istiqamətin artmağa doğru deyil, azalmağa doğru inkişaf etdiyindən xəbər verir. Əldə olan poetik örnəkləri şairin qüdrətli bir sənətkar olduğundan, zəngin yaradlıcılıq təcrübəsinə malik olduğundan xəbər verir və gələcəkdə onun poetik irsindən daha çox nümunələrin tapılacağına ümid doğurur.

XIII yüzilliyin epik poeziya örnəkləri arasında anonim “Dastani-Əhməd Hərami” və Qul Əlinin “Qisseyi-Yusif” poemalarının adlarını çəkmək lazımdır. Hər iki əsərdə islam dininin yüksək humanist dəyərləri bədii təqdimat obyektinə çevrilir, müəlliflər oxucunu islam şəriətinin əsasını təşkil edən xeyirə, ədalətə, insansevərliyə, düzlüyə, insaf və etiqada dəvət edir, insana yaraşmayan mənfi sifətlərdən çəkindirirlər.. Orta əsrlərin Avropa cəngavər romanlarından fərqli olaraq, burada əsas məqsəd hadisələrin cəlbediciliyini təmin etmək deyil, poemanın süjetində duran əxlaqi ideyanın oxucuya daha təsirli şəkildə çatdırılmasıdır.

Qurandakı “Yusuf” surəsi ilə bağlı olan “Qisseyi-Yusif” əsərində isə doğruluq və səmimilik kimi insani keyfiyyətlər təbliğ edilir, son nəticədə bunların insana gətirəcəyi xeyir əyani şəkildə açılıb göstərilir.

Bütün XIII əsri, XIV əsrin isə ilk onilliklərini yaşayıb uzun bir yaradıcılıq yolu keçmiş Güney Azərbaycan şairi Hümam Təbrizi (1201-1314) də bu dövrün görkəmli ictimai-siyasi xadimi və istedadlı şairlərindən biri olmuşdur. Hümam Təbrizinin “Dəhnamə” (“On məktub”) poeması, fars dilində “Divan”ı məlumdur. O öz yaradıcılığında sələfi Nizami Gəncəvi sənətindən xeyli bəhrələnmiş, onu xoş sözlərlə yad etmişdir. Nizami Gəncəvi kimi Hümam Təbrizinin də yaradıcılığının başlıca aparıcı istiqamətini türk milli mentalitetinin əsas əlaməti olan humanizm və insan gözəlliyinin tərənnümü təşkil edir.

Azərbaycan ədəbiyyatında daha çox sufizm cərəyanının görkəmli nümayəndəsi kimi tanınmış Şeyx Mahmud Şəbüstərinin (1287-1320) nəsr və nəzmlə yazdığı bir çox əsərləri arasında “Gülşəni-raz” poeması diqqəti daha çox cəlb edir. Fəlsəfi suallar və cavablar şəklində yazılmış bu əsərdə dövrün mütərəqqi dünyagörüşlü ziyalılarını və qabaqcıl elm xadimlərini düşündürən bir çox elmi-ictimai problemlər qoyulmuş və mütəfəkkir şairin bilik dairəsində onlara cavab vermək cəhdi edilmişdir.

XIV yüzildə Suli Fəqih və Mustafa Zərir kimi Azərbaycan şairləri də Quran motivləri əsasında qurulmuş “Yusif və Züleyxa” mövzusunda ana dilində əsərlər yaratmışlar. Elə həmin yüzilin sənətkarı Yusif Məddahın “Vərqa və Gülşa” poeması da anadilli epik şeirin gözəl örnəklərindən sayılmalıdır. Bütün bu əsərlər epik poeziyamızın sonrakı inkişafında müəyyən rol oynamışlar.

Bu dövr ədəbiyyatının ümumi inkişaf yoluna nəzər saldıqda XIII-XVI əsrləri vahid ədəbi proses kimi alıb öyrənmək lazım gəlir. Bu zaman kəsiyində anadilli ədəbiyyat sayca və sanbalca get-gedə güclənir və farsdilli poeziyanı üstələyirdisə də, fars dilində yazıb-yaratmaq ənənəsi hələ ədəbi şəxsiyyətlərin müəyyən bir qismini əhatə edirdi. Fars dilində yazıb-yaratmış görkəmli Azərbaycan şair və mütəfəkkirləri — Nəsirəddin Tusi (1201-1274), Marağalı Övhədi (1274-1338), Arif Ərdəbili (1311-) daha çox Nizami ənənələrinə söykənərək onların çapında əsərlər yaratmağa çalışırdılar. “Əxlaqi-Nasiri” kimi fundametal əxlaqi-didaktik əsərin müəllifi Nəsirəddin Tusinin elmi-fəlsəfi irsi ilə yanaşı, ədəbi-bədii əsərləri də var idi. Marağalı Övhədinin “Cami-Cəm”, “Dəhnamə” poemaları Azərbaycan epik şeirinin layiqli örnəkləri sırasında dururdu. Bu əsərlərdəki bir çox fəlsəfi və humanitar problemlər indi də müxtəlif cəmiyyətlər üçün öz aktuallığını itirməmişdir. Ancaq Nizamidən sonra ictimai həyatda özünü göstərən və müəyyən obyektiv səbəblərlə bağlı olan durğunluq, ümidsizlik bir çox sənətkarların, o sıradan Əssar Təbrizinin (1325-1390) fars dilində qələmə aldığı “Mehr və Müştəri” poemasında Nizaminin “Xosrov və Şirin” və “Leyli və Məcnun” poemalarında dahiyanə təsvir və tərənnümünü tapmış saf ülvi məhəbbət hisslərinə iki gəncin böyük və təmənnasız dostluğu prizmasından nəzər salınır. Çox mürəkkəb süjetə malik olan əsərdə yenə də Nizami səviyyəsində poetik bütövlüyün, aydınlıq və bitkinliyin olmadığını görürük. Şair özü də poemanın əvvəlində Nizami sənətinin ucalığını yüksək qiymətləndirir və onun əlçatmaz olduğunu etiraf edir.

Marağalı Övhədinin ən böyük əsəri “Cami-Cəm” daha çox ensiklopedik xarakter daşıyır və o dövrdə ədəbi dairələrdə geniş yayılmış bir çox humanist fikirlərin bədii təqdimini verirdi. Əfsanəvi hökmdar Cəmşidin dünyanın hər yerindən xəbər verən camı kimi, Marağalı Övhədinin poeması da insan və cəmiyyət həyatının, eləcə də təbiət hadisələrinin bir çox cəhətlərini güzgü kimi oxucunun qarşısında açır. Keçən əsrlərdə olduğu kimi, bu dövrdə də Azərbaycan ədəbiyyatı daha çox dünyəvi istiqamətdə inikişaf edir, ədəbiyyat ictimai və siyasi həyatın canlı bir parçası kimi çıxış edirdi. Elə bunun nəticəsidir ki, XIV əsrin şair və hökmdarı Qazi Bürhanəddinin yaradıcılığını (1314-1398) ingilis şərqşünası Eduard Braun türk ədəbiyyatlarında dünyəvi poeziyanın ilk örnəyi elan edərək yüksək qiymətləndirmişdir. Qazi Bürhanəddinin saray tarixçisi Astrabadinin bu hökmdarın həyat və fəaliyyətinə həsr etdiyi “Bəzm və rəzm” (“Məclis və döyüş”) adlı salnaməni oxuduqca bu böyük insanın öz humanist ideallarını keşməkeşli bir dövrdə gerçəkləşdirmək uğrunda apardığı gərgin və qanlı mübarizəni poetik yaradıcılıqla necə yola verdiyinə, indinin özündə belə bədii dəyərini və təravətini itirməyən gözəl bir “Divan” bağlamağa imkan tapdığına heyrətlənməyə bilmirsən. Qazi Bürhanəddinin “Divan”ında Həsənoğlu və Şeyx Səfi yaradıcılığında formalaşmağa başlayan Azərbaycan bədii dili yüksək səviyyəyə çatır, bir çox yeni, təravətli poetik obrazlar və ifadələr sabitləşir, gələcək sənətkar nəsillərinin istifadəsinə verilir. Qazi Bürhanəddinin yaradıcılığında ilk dəfə sırf türk poetik janrlarından olan tuyuqlardan istifadə olunur. Bu janr sonralar Nəsimi yaradıcılığına və onun vasitəsilə böyük özbək şairi Əlişir Nəvainin “Divan”ına keçir.

Bu dövrdə ədəbiyyatda və ictimai-siyasi fikirdə formalaşmış humanizm prinsipləri xüsusən Seyid İmadəddin Nəsimi (1369-1417) yaradıcılığında öz zirvəsinə çatır. Bu böyük şairin əsərləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta Şərq xalqları ədəbiyyatında dünyəviliyə və humanizmə, demokratizmə doğru iri bir addım kimi nəzərə çarpır. İmadəddin Nəsimi böyük sələfi Nizami Gəncəvidən sonra ədəbiyyatımızda humanizm, insansevərlik ideyalarının alovlu təbliğatçılarından, carçılarından biri kimi tanınmışdır. Monqol qarətləri zülmətindən keçən bir neçə on ildə xalq dəhşətlərdən başını təzə-təzə qaldırmaq istərkən orta əsrlər Şərqinin ən ziddiyyətli hökmdarlarından biri kimi tanınan Əmir Teymurun hücumları başlanır və bu, düşünən beyinlərdə zülmə və zorakılığa qarşı növbəti etiraz dalğasının şahə qalxmasına səbəb olur. Nəsimi yaradıcılığı məhz belə bir humanist etirazın, zülm və zorakılığa müxalifətin, insan haqları uğrunda mübarizənin məhsulu idi. Şairin istifadə etdiyi hürufizm ideyaları yalnız zahiri bir qabıq rolunu oynadığından, bu gün həmin qabıqdan çıxarılmış Nəsimi əsərləri öz dərin humanist məzmunu, insana olan hörmət və məhəbbət hisslərinin zənginliyi ilə çağdaş oxucunu heyran edir. Öz əsərlərini xüsusi şifrlənmiş bir dillə yazan başqa hürufilərdən, ilk növbədə isə mürşüdü Fəzlullah Nəimidən fərqli olaraq, Nəsimi zülm və zorakılığa qarşı öz etirazını açıq ana dilində yazaraq sadə insanlara çatdırmaq, onlarda qeyri-insani hərəkətlərə qarşı nifrət oyatmaq, etriaz dalğasını gücləndirmək məqsədi güdürdü. Şairin ilahi səviyyəyə yüksəlmiş kamil insan ideyası da məhz öz insani haqlarını anlamış, ictimai eybəcərliklərdən və vəhşi instinktlərdən təmizlənmiş, özünü insan kimi dərk etmiş sadə adamları nəzərdə tuturdu. Nəsiminin təkcə yaradıcılığı deyil, əfsanə və rəvayət pərdəsinə bürünmüş həyatı da nəsillər üçün ibrət, mərdlik, cəsarət, öz ideyasından dönməmək, ölümün gözünə dik baxmaq örnəyinə çevrilmişdir. Şairin azadlıqsevər humanist əsərlərinə görə mürtəce ruhanilərin ona verdiyi dəhşətli cəza — diri-diri dərisinin soyulması bu böyük sənətkarı təkcə indiki deyil, həm də gələcək nəsillər üçün örnəyə çevirir.

Azərbaycan ədəbiyyatında XV yüzillik istər xronoloji, istərsə də sənətkarlıq cəhətdən Qazi-Nəsimi zirvələri ilə Xətai-Füzuli zirvələri arasında keçid mərhələsidir. Bu dövrdə ölkə ərazisində müstəqil Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranması ədəbi həyatda da müəyyən canlanmaya, anadilli şeirin istər mövzu, istərsə də obraz baxımından inkişafına səbəb olur. Xəlili, Hamidi, Kişvəri, Həqiqi, Süruri kimi əsasən ana dilində, Şah Qasim Ənvar, Bədr Şirvani kimi daha çox fars dilində yazıb-yaradan sənətkarlar bu yüzilliyin ədəbi mənzərəsini müəyyən edirdilər. Bu şairlər arasında Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin (hakimiyyət illəri 1436-1467) adını xüsusi qeyd etmək lazımdır. Sələfi Qazi Bürhanəddin kimi o da qanlı döyüşlər arasında fürsət tapıb özü ilə gəzdirdyi qələm-davatı qılınc-qalxanla əvəz etmiş, gözəl bir divan bağlamağa nail olmuşdur. Qazi Bürhanəddin kimi onun da taleyi faciəli olmuş, öz soydaşları olan türklər – Ağqoyunlu türk dövlətinin nümayəndələri tərəfindən amansız döyüşlərdə qətlə yetirilmişdir.

1407-ci ildə Səfəvi hökmdarlarının paytaxtı İsfahan şəhərində anadan olmuş, XV əsrin 50-ci illərində Türkiyəyə mühacirət edərək Fateh Sultan Məhəmmədin sarayında 20 ilə yaxın yaşayıb yaratmış, lirik şeirlər divanı ilə yanaşı “Təvarixi-ali-Osman” (“Osman nəslinin tarixi”) adlı tarixi əsər, fal açmağa həsr olunmuş “Cami-süxənquy” (“Danışan piyalə”) və avtobioqrafik xarakterli “Həsbihalnamə” əsərlərinin müəllifi Hamidi də XV-XVI əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir.

XV yüzillik Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri Nemətullah Kişvəridir. Kişvəri əsasən Nəvai təsiri ilə lirik şeirlər yazmış, ancaq bu sahədə Azərbaycan poeziya məktəbinə məxsus orijinal poetik üslub nümayiş etdirməyə nail olmuşdur. Xüsusən şeir dili sahəsində, orijinal poetik obrazlar işlətməkdə Kişvəri Azərbaycan ədəbiyyatında unikal mövqe tutur. O, Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayında yaşamış, kiçik müasiri, Ağqoyunlu sarayının məliküşşüərası Həbibi ilə tanış olmuşdur.

Həbibi, Şahi, Süruri kimi bu dövr şairlərinin yaradıcılığı Xətai və Füzuli poeziyasının formalaşmasında münbit zəmin rolunu oynamışdır. Təkcə onu göstərmək kifayətdir ki, böyük Füzulinin özü Həbibi şeirindən təsirlənmiş və onun bədii təsvir vasitələri baxımından gözəl bir qəzəlinə təxmis yazmışdır.

XV əsr Azərbaycan ədəbiyyatında bu zamana qədər başqa türk xalqlarının ədəbi dili ilə bir çox cəhətdən müştərək olan Azərbaycan ədəbi dili öz fərqləndirici xüsusiyyətlərini əldə edir və XVI əsrdən etibarən müstəqil bir ədəbiyyat kimi öz ənənələrini davam etdirməyə başlayır. Xüsusən XVI əsr Bağdad ədəbi mühiti milli poeziyanın inkişafına göstərdiyi böyük təsirlə fərqlənir. XVI əsr təzkirəçisi Əhdi Bağdadinin “Gülşəni-şüəra” (“Şairlər gülşəni”), Şah Abbasın kitabdarı Sadiq bəy Sadiqinin “Məcməül-xəvas” (“Seçilmişlər məclisi”) təzkirələrində o dövrün Bağdad ədəbi mühitində yetişmiş bir sıra şairlərin adları çəkilir ki, bunların da Füzuli dühasının yetişməsində oynadığı böyük rolu inkar etmək olmaz.

XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında Renessans ideyalarının Nizamidən sonrakı zirvəsi — Qərb şərqşünaslığında “qəlb şairi” kimi məşhur olan Məhəmməd Füzulidir. Lakin Füzuli sənəti boş yerdə yaranmamış, onun formalaşmasına və bütün gözəlliyi ilə gözlər qarşısında canlanmasına bütöv bir zaman kəsiyi ərzində görkəmli sənətkarlarımız yardım etmişlər. Bunların arasında Füzulinin böyük müasiri və müəyyən dərəcədə mesenatı — böyük Azərbaycan dövlət xadimi və şairi Şah İsmayıl Xətainin (1487-1524) xüsusi yeri vardır.

Şah İsmayıl Xətai Azərbaycanın ictimai-siyasi tarixində müstəsna rol oynamış bir sülalənin banisidir. Xətai şair-hökmdar kimi öz sələfləri Qazi Bürhanəddin və Mirzə Cahanşah Həqiqinin poetik ənənələrini davam və inkişaf etdirmiş, cəmi otuz altı illik qısa ömrü ərzində nəinki yeni bir möhtəşəm Azərbaycan dövlətini qurub genişləndirmiş, həm də anadilli ədəbiyyatımızın inkişafında müstəsna rol oynayaraq, Füzuli zirvəsinə keçidi bilavasitə hazırlamışdır. Xətainin böyük ədəbi irsi həm lirik növün müxtəlif janrlarında, həm də məsnəvi-poema janrında yazılmış əsərləri əhatə etməkdədir. Poeziyada elmiliyə və çoxqatlı poetik fiqurlar işlətməyə böyük əhəmiyyət verən Füzulidən fərqli olaraq, Xətai daha çox sadə xalq dilində əsərlər yazmağa üstünlük vermiş, hətta xalq şeiri üslubunda qoşma, gəraylı, varsağı, bayatı kimi, klassik poeziya üçün ikinci dərəcəli sayılan poetik örnəklər də yaratmışdır. Şairin şirin bir dillə qələmə aldığı “Dəhnamə” (“On məktub”) poeması bu mövzuda Azərbaycan dilində yazılmış ilk əsərdir. Poemada Aşiqin Məşuqəyə göndərdiyi on məktub epik-lirik təhkiyə vasitəsilə təsvir edilir. Mətnin içərisində verilmiş qəzəllər isə qəhrəmanların ovqatını çox incəliklə açıqlamağa xidmət göstərir.

Xətai həm də didaktik janrda qələmini sınamış və gənc nəslin təlim-tərbiyəsinə ünvanlanmış “Nəsihətnamə” poemasını qələmə almışdır. 14 yaşında hakimiyyətə gəlmiş və hakimiyyətinin 20 ili ərzində bütöv bir imperiya yaratmış Şah İsmayıl Xətainin həm də zəngin bədii irs qoyub getməsi ondan sonrakı nəsillərdə ancaq heyrət və qürur hissləri doğurur. Xətainin siyasi fəaliyyəti, həyatı və yaradıcılığı təkcə Azərbaycanda deyil, bütün dünya şərqşünaslığında dərin maraq doğurmuşdur. Bu marağın təsiri altında indiyə qədər də Azərbaycan şairi və siyasi xadimi Şah İsmayılın həyat və yaradıcılığı müxtəlif şərqşünas nəsillərinin tədqiqat obyektinə çevrilmişdir.

Məhəmməd Füzulinin (1494-1556) yaradıcılığını çox vaxt Qərb mədəniyyətində Barokko ilə müqayisə edirlər; burada ən kiçik poetik detallar belə tam yerində olub, heç nə artıq, yad görünmür, hətta adi gözlə görünməyən poetik ünsürlər də bir-birinə​ uyğunlaşaraq, bir-birini tutaraq “monolit” bədii orqanizm yaradır. Fərdi sənətkarlıq ecazlarına görə Füzuli yaradıcılığını bəşər təfəkkürünün tarix boyu ərsəyə gətirdiyi ən böyük sənətkarların – Dante, Şekspir, Puşkin kimi söz ustalarının sənəti ilə müqayisə etmək mümkündür; poetik istedadın doğurduğu heyrətamiz gözəllik bütün bu sənətkarların ölməzliyini təmin edən şərtlərdəndir. Məhz buna görədir ki, klassik Azərbaycan ədəbiyyatı öz əbədiyaşarılığını hər bir tarixi kəsimdə, hər bir mədəni-ictimai nəsil üçün yeni rakursda təzahür etməsi ilə gerçəkləşdirir. Bu baxımdan hər bir keçid dövrünün formalaşdırdığı nəslin öz Nizamisi, öz Füzulisi, öz Vaqifi olur və bunlar keçmiş nəsillərin gördüyü Nizamidən, Füzulidən, Vaqifdən fərqlənir; yeni ədəbi-estetik, ictimai-ideoloji funksiyaların daşıyıcılarına çevrilir.

Nizamidə müşahidə etdiyimiz qlobalizm Füzulidə özünü vahid islam mədəniyyətinin hər üç aparıcı-işlək dilində — ərəb, fars və türk dillərində ölməz əsərlər yaratması ilə göstərir. Şairin hər üç dildə “Divan”ları, ərəbcə “Mətləül-etiqad” adlı fəlsəfi traktatı vardır. Sayca fars “Divan”ı, sanbalca türk “Divan”ı daha üstündür. Ana dilində qələmə aldığı qəsidələri orta əsrlər ədəbiyyatlarında bu janrın parlaq inciləri səviyyəsindədir. Azərbaycan dilində yazılmış “Leyli və Məcnun” (1536) poeması isə bu janrda qələmə alınmış unikal örnəklərdən biridir. Doğrudur, Füzuliyə qədər böyük Nizami fars dilində, Nəvai, Zəmiri və Həqiri türk dilində bu mövzuda əsərlər qələmə almışdılar. Ancaq bu poemaların heç birində məhəbbətin Füzuli interpretasiyası nəzərə çarpmır, yəni Füzuli bunların hamısından fərqli bir əsər yaratmağa müvəffəq olmuşdur. Poemanın əvvəlində əsərin ilahi eşqə bir məcaz olduğunu göstərsə də, Füzuli əsər boyu canlı, real, bütün ziddiyyətləri ilə qəbul edilən insan obrazları yaratmışdır.

Füzuli Azərbaycan ədəbi dilinin sonrakı inkişafında və büllurlaşıb ən yüksək səviyyədə şeir dilinə çevrilməsində müstəsna rol oynamışdır. Nəsr dilinin inkişafında da böyük xidmətləri olan şair, ölməz “Şikayətnamə” əsəri ilə ədəbiyyatın bu sahəsinə özünün layiqli töhfəsini vermişdir. Şairin əzabkeş imamların müsibətinə həsr etdiyi həcmcə ən böyük “Hədiqətüs-süəda” (“Xoşbəxtlər bağçası”) əsərinin də əsas mətni nəsrlə yazılmış, yeri gəldikcə Füzuli kontekstin ovqatına uyğun şeir parçalarından da istifadə etmişdir.

Füzuli təkcə Azərbaycanda deyil, türk dilinin, xüsusən oğuz türkcəsinin anlaşıldığı böyük bir coğrafi-etnik məkanda indiyə qədər də sevilə-sevilə oxunan sənətkarlardan biridir. İraq, Türkiyə, Tatarıstan, Özbəkistan, Türkmənistan, hətta uzaq Uyğurustanda belə Füzulinin əsərləri indiyə qədər populyar olaraq qalmaqdadır.

XVI-XVII yüzilliklər Azərbaycan ədəbiyyatında həm də orta əsr məhəbbət və qəhrəmanlıq dastanlarının formalaşması dövrü kimi tanınır. Füzulinin yazılı poeziyada əldə etdiyi uğuru az qala eyni səviyyədə şifahi xalq yaradıcılığının Qurbani, Aşıq Abbas Tufarqanlı kimi nümayəndələrinin yaradıcılığında görürük. “Aşıq Qərib”, “Abbas və Gülgəz”, “Əsli və Kərəm” kimi mükəmməl məhəbbət dastanları, “Kitabi-Dədəm Qorqud”un layiqli varisi olan “Koroğlu” qəhrəmanlıq eposu bu dövrdə formalaşır və xalq sənətkarlarının repertuarına daxil olur. Hələ Şah İsmayıl Xətayi yaradıcılığından bizə məlum olan xalq şeiri şəkillərindən qoşma, gəraylı, varsağı, bayatı daha da təkmilləşir. Orta əsrlər Azərbaycan dastanlarının təsir dairəsini təsəvvür etmək üçün təkcə onu göstərmək kifayətdir ki, “Koroğlu” süjeti türkmən, özbək, tacik, erməni, gürcü folkloruna da böyük təsir göstərmiş və analoji dastanların yaranmasına səbəb olmuşdur.

XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı şifahi xalq yaradıcılığının əsasən aşıq nümayəndələrinin əsərlərinin təsiri altında canlı həyata, xalq dilinə daha da yaxınlaşır, Azərbaycan poeziyasında realizmə keçid dövrünün təməli qoyulmuş olur. Bu dövrdə poeziyada Füzuli ənənələri hələ kifayət qədər güclü olsa da, artıq bu cazibədən çıxmaq cəhdlərini Saib Təbrizi, Qövsi Təbrizi, Məhəmməd Əmani kimi sənətkarların yaradıcılığında görürük. XVIII əsrdə Şirvan ədəbi mühitinin yetirdiyi şairləridən Şakir, Nişat və Məhcurun əsərlərində daha çox dövrün konkret ağrılı problemlərindən bəhs olunduğunu, sadə xalqın ağır güzəranından narahatçılığın bədii ifadəsini görürük.

Molla Vəli Vidadi (1707-1808), xüsusən Molla Pənah Vaqif (1717-1797) kimi sənətkarlar sadə, canlı dildə yazdıqları əsərlərlə poeziyanı xalqa daha da yaxınlaşdırmışlar. Vidadinin “Müsibətnamə” poemasında dövrün bir sıra tarixi hadisə və şəxsiyyətləri yüksək poetik-obrazlı səviyyədə təsvir olunmuşdur. Bu dövrdə poeziya sənəti xüsusi adamlara xidmət etməkdən “boyun qaçıraraq” bir növ hamının malına çevrilir, daha da populyarlaşır. Kütlələrin estetik dəyərlərə yaxınlaşması və qovuşması prosesi sürətlə irəliləyir. Xüsusən Vaqif yaradıcılığı bu baxımdan müstəsna rol oynamışdır. O, yaratdığı sadə, realist, dünyəvi gözəl obrazları ilə klassik romantik sənət tipindən realizmə doğru iri bir addım atmış və özündən sonrakı ədəbiyyatın inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Vaqif həm də öz dövrünün görkəmli siyasi xadimi olmuş, Qarabağ xanlığının xarici siyasətini uzun müddət müəyyənləşdirmişdir. XVIII əsr Azərbaycan ədəbiyyatında orta əsrlərin son, yeni dövrün isə başlanğıc mərhələsi kimi keçid xarakteri daşıyır.

XIX- XX ƏSR ƏDƏBİYYATI

XIX əsrin ilk çərəyində Azərbaycan xalqının taleyində baş verən mühüm hadisə — Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edilməsi ilə bütövlükdə mədəniyyətdə olduğu kimi, ədəbiyyatda da qərbyönümlü meyllər olduqca güclənir. Bunun təsiri altında ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxır. Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi yetişərək uzun müddət poetik inkişafın istiqamətini müəyyənləşdirir. Lakin həm Zakirin öz yaradıcılığında, həm də onunla çağdaş olan şairlərin əsərlərində Füzuli ənənələrinin də yeni səviyyədə davam etdirildiyini görürük ki, bunun da ən böyük nümayəndələri Güneydə Seyid Əbülqasım Nəbati (1812-1873), Quzeydə isə Seyid Əzim Şirvani (1835-1888) və Xurşidbanu Natəvandır (1830-1897). Ömrü boyu pedaqoji fəaliyyətlə məşğul olmuş Seyid Əzim Azərbaycan ədəbiyyatında həm də böyük maarifçi kimi tanınır və əsərlərinin bütöv bir hissəsini gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Onun Qasım bəy Zakir ruhunda qələmə aldığı satiraları isə dövrün bir sıra ictimai eyiblərini, mənfi insan sifətlərini ifşa etməsi ilə səciyyələnir.

Əksər mədəni dünya xalqlarında olduğu kimi, Azərbaycan ədəbiyyatında da XIX əsr görünməmiş sürətli inkişaf, humanist ideallara, maarifçiliyə doğru dönməz bir yürüş, ağılın hakimiyyətini əsaslandırmağa ilk ciddi cəhd dövrü kimi özünü büruzə verir. Xüsusən Azərbaycanın Şimal hissəsinin Rusiyaya birləşdirilməsindən sonra, bu tarixi prosesin bütövlükdə mürtəce, müstəmləkəçi mahiyyətinə baxmayaraq, ədəbi-mədəni inkişafda cənubla müqayisədə müəyyən irəliləyişlər müşahidə edilir. Təkcə onu göstərmək kifayətdir ki, Mirzə Fətəli Axundzadə ilə demək olar ki, eyni dövrdə yaşayıb-yaratmış cənublu şair Seyid Əbülqasım Nəbatinin (1812-1873) yaradıcılığı minillik Şərq poeziyasının ənənələrinə söykənərək, bütün estetik gözəlliyi ilə yanaşı, sufizm ideyalarını təbliğ etməkdən o yana getmirdi.

Bu dövrdə rus və Qərb şərqşünasları və şairləri ilə yaxından tanış olan, onlardan qabaqcıl humanist fikirləri əxz edən Abbasqulu ağa Bakıxanov (1794-1847), Mirzə Şəfi Vazeh (1792-1852), İsmayıl bəy Qutqaşınlı (1801-1861) kimi sənət və fikir adamlarının çiyinləri üzərində Mirzə Fətəli Axundzadə dühası yüksəlir, Azərbaycan ədəbiyyatını birdəfəlik Rusiya və Qərb ilə bağlayır, onu çağdaş dünya ədəbiyyatları sırasına çıxarır.

A.Bakıxanov Azərbaycan ədəbiyyatında qərbçilik ideyalarını ənənəvi Şərq sənəti ilə üzvi şəkildə birləşdirməyə nail olmuş böyük ictimai xadim, alim və şairdir. Hələ öz sağlığında onun Azərbaycan gerçəkliyinə həsr etdiyi bədii və elmi əsərləri rus və alman dillərində nəşr olunmuş, haqqında Avropa mətbuatında tərifli sözlər deyilmişdi. Alman şərqşünası Fridrix Bodenştedt isə öz müəllimi Mirzə Şəfinin şeir dəftərini Avropaya aparmış, alman dilinə tərcümə və nəşr etdirmişdi. Çox böyük populyarlıq qazanaraq qısa müddətdə əksər Avropa dillərinə tərcümə edilən “Nəğmələr”i sonralar F.Bodenştedt öz adına çıxmış və Mirzə Şəfinin müəllifliyini inkar etmişdi… Yeni Azərbaycan realist nəsrinin ilk uğurlu örnəklərindən sayılan İ.Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayəsi isə Varşavada fransız dilində işıq üzü görmüşdü.

Mirzə Fətəli Axundzadənin (1812-1878) maarifçi-realist görüşləri Azərbaycan ədəbiyyatının sonrakı inkişafında müstəsna rol oynayaraq, Azərbaycan ədəbiyyatında çağdaş Qərb ədəbiyyatı janrlarının — dram, roman, hekayə, novella, povest, poema və s. oturuşmasına güclü təsir göstərmişdir. Onun 1850-1855-ci illər arasında yaratdığı altı dram əsəri özündən sonra Yaxın və Orta Şərq ədəbiyyatlarında ədəbi məktəb formalaşdırmışdır. Bütövlükdə Azərbaycan ədəbiyyatını xarakterizə edən dərin etik başlanğıc, humanizm, ədalətsevərlik, səmimiyyət və doğruçuluq motivləri Axundzadə yaradıcılığında davam və inkişaf etdirilərək gələcək nəsillərə tövsiyə edilir. Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatının ən qabaqcıl ənənələrini davam etdirərək, təkcə bir yazıçı və şair kimi deyil, həm də alim, filosof, ictimai xadim kimi çıxış edir, bütün yaradıcılığının qayəsini xalqının xoşbəxt həyatının təmin edilməsində görürdü. Xalqın maariflənməsində, çağdaş ədəbi-mədəni, elmi dəyərlərə qovuşmasında sənətin və ədəbiyyatın roluna yüksək qiymət verən M.F.Axundzadə Şərqdə ilk dəfə dram janrında əsərlər yaratmışdır. Onun “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası (“Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)”, “Mürafiə vəkillərinin hekayəti”) 1859-cu ildə Tiflisdə nəşr edilmişdir. M.F.Axundzadə, bəzi tədqiqatçıların yanlış olaraq düşündüyü kimi, heç də rus çarizminin apologeti kimi çıxış etməmiş, lazım gəldikdə üstüörtülü şəkildə, ezop dili ilə Rusiya imperializminin müstəmləkə siyasətini kəskin tənqid etmişdir. Onun “Kəmalüddövlə məktubları” (1865), “Aldanmış kəvakib” (1857) kimi nəsr əsərləri təkcə qonşu İranın tarixi keçmişini və dövlət quruluşundakı nöqsanları deyil, eyni zamanda ədibin özünün də içərisində yaşadığı ictimai mühitin və siyasi quruluşun eyiblərini açıb göstərirdi.

Mirzə Fətəli Axundzadənin Azərbaycan mədəniyyəti üçün müəyyən etdiyi ədəbi-estetik inkişaf istiqaməti XIX əsrin ikinci yarısında S.Ə.Şirvani (1835-1888), N.Vəzirov (1854-1926), Ə.Haqverdiyev (1870-1933) kimi maarifçi-realist sənətkarların meydana çıxmasına və təkcə Azərbaycan deyil, eyni zamanda qonşu xalqların ədəbi-mədəni yüksəlişinə xidmət etməsinə səbəb oldu. Xüsusən, H.Zərdabi (1837-1907) kimi təbiətşünas-alimin nəşr etdiyi çoxyönlü “Əkinçi” qəzeti (1875-1877) bu dövrdə ədəbi-mədəni həyatın coşğun inkişafına təkan verirdi. Burada özünə yer tapan bir sıra ədəbi-ictimai müzakirə və mübahisələr Azərbaycan ədəbiyyatının humanist ənənələrinin daha da möhkəmlənməsinə və inkişaf etməsinə yardım göstərirdi.

XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-realist təmayüllə yanaşı, dini-didaktik poeziya da inkişaf edirdi. Bunun əsas nümayəndələri Güney Azərbaycanda yaşayıb yaradan mərsiyə şairlərindən Raci, Dilsuz, Dəxil, Qumri və b. idi. Lakin Quzeydə gedən qabaqcıl ədəbi prosesin təsiri altında Güney sənətkarları da dünyəvi əsərlər yaratmağa meyl edirdilər. Məhəmməd Bağır Xalxalinin (1829-1900) “Sələbiyyə” (“Tülkünamə”), Əbdürrəhim Talıbovun “Kitab yüklü eşşək” (1888), Zeynəlabdin Marağayinin “İbrahim bəyin səyahətnaməsi” (1892) əsərləri realist-dünyəvi ədəbiyyatın kamil örnəkləridir.

XIX əsrdə ədəbiyyatın daha çox Şərq yaradıcılıq tipinə meyl göstərən bir qolu da ədəbi məclislərdə formalaşırdı. Qubadakı “Gülüstan” ədəbi məclisinə Abbasqulu ağa Bakıxanov Qüdsi, Ordubaddakı “Əncüməni-şüəra”ya (“Şairlər məclisi”) Hacı ağa Fəqir Ordubadi, Lənkərandakı “Fövcül-füsəha”ya (“Gözəl danışanlar dəstəsi”) Mirzə İsmayıl Qasir, Şamaxıdakı “Beytüs-Səfa”ya (“Səfanın evi”) Seyid Əzim Şirvani, Bakıdakı “Məcməüş-şüəra”ya (“Şairlər toplusu”) Məhəmməd ağa cümri, Gəncədəki (sonralar Tiflisdə) “Divani-hikmət”ə Mirzə Şəfi Vazeh, Şuşada fəaliyyət göstərən “Məclisi-üns” poetik məclisinə Xurşidbanu Natəvan, “Məclisi-fəramuşan”a (“Unudulmuşlar məclisi”) isə Mirzə Möhsün Nəvvab başçılıq edirdi. Poetik məclislər arasında sıx əlaqə mövcud idi və şairlər bir-biri ilə yazışırdılar. Bütövlükdə XIX yüzilliyin ədəbiyaytı, Azərbaycan ədəbiyatının yeni yüksək mərhələsi sayılan XX yüzil ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır

Vaxtilə Rusiya imperiyasının tərkibinə daxil olmuş əksər xalqlar kimi, XX əsrin ilk onillikləri Azərbaycan ədəbi-mədəni həyatında da xüsusi bir mərhələ təşkil etməkdədir. Bu dövrdə Avropa və Rusiya örnəyi əsasında realist və romantik ədəbiyyatın C.Məmmədquluzadə (1866-1932), M.Ə.Sabir (1862-1911), H.cavid (1884-1944), M.Hadi (1880-1920), A.Səhhət (1874-1918), A.Şaiq (1881-1959) kimi görkəmli nümayəndələri öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını dünya ədəbi-mədəni fikrinin ən yaxşı nümunələri səviyyəsinə qaldırırdılar. Bunların arasında realist ədəbiyyatın C.Məmmədquluzadə və M.Ə.Sabir, romantik şeirin M.Hadi, A.Şaiq, dramaturgiyanın H.Cavid kimi nümayəndələri Azərbaycan ədəbi-ictimai fikrinin inkişafında daha böyük rol oynamışlar. Böyük ədib və ictimai xadim C.Məmmədquluzadənin redaktorluğu ilə 1906-cı ildə Tiflisdə nəşrə başlayaraq, iyirmi beş ilə yaxın bir dövr ərzində ədəbi-mədəni və ictimai-siyasi həyatda möhtəşəm rol oynamış “Molla Nəsrəddin” jurnalı və onun realist-yumoristik sənət üslubu ilə paralel olaraq görkəmli publisist, filosof və ictimai xadim Ə.Hüseynzadənin (1864-1940) redaktorluğu ilə 1906-1907-ci illərdə cəmi 32 sayı çapdan çıxmış “Füyuzat” jurnalı ciddi və romantik üslubla xalqa xidmət, millətin maariflənməsinə və inkişafına qulluq mövqeyində durmuşdular.

Bu dövrün ədəbi simaları arasında Cəlil Məmmədquluzadə (1866-1932), “Hophopnamə” müəllifi Mirzə Ələkbər Sabir (1862-1911) Azərbaycan ədəbiyyatının ideya-estetik inkişafında daha çox xidmət göstərmişlər. Cəhalət, mövhumat, xurafat, nadanlıq əleyhinə onların yazdıqları realist satirik əsərlər bu gün də öz əhəmiyyət və aktuallığını qoruyub saxlayır.

M.F.Axundzadə ənənələrinin davamı ilə inkişaf edən maarifçi dramaturgiya Nəcəf bəy Vəzirovun (1854-1926) hələ XIX əsrin sonlarında qələmə aldığı komediyalar və “Müsibəti-Fəxrəddin” (1894) faciəsi, Əbdürrəhimbəy Haqverdiyevin (1870-1933) komediyaları və “Dağılan tifaq”, “Bəxtsiz cavan” (1900), “Ağa Məhəmməd şah Qacar” (1907) faciələri, Nəriman Nərimanovun (1870-1925) “Şamdan bəy”, “Nadanlıq”, “Nadir şah”, Cəlil Məmmədquluzadənin “Ölülər” (1909), “Anamın kitabı” (1920) əsərləri ilə zənginləşdi.

Dramaturgiyada romantik-tarixi mövzuda isə Hüseyn Cavid (1882-1944) 1910-1918-ci illər arasında “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “Uçurum”, “İblis” kimi ölməz əsərlərini yaratdı.

Azərbaycan tarixinin XX əsrin əvvəllərində baş vermiş əlamətdar hadisəsi Azərbaycan Demokratik Respublikasının qurulması oldu (1918-1920). ADR cəmi iyirmi üç ay davam edən qısa bir ömür sürsə də həmin dövr özünəməxsus ədəbi məhsulla əlamətdar olmuşdur. Artıq tanınmış qələm sahibləri olan C.Məmmədquluzadə, A.Şaiq, Ə.Haqverdiyev, Ü.Hacıbəyovla yanaşı bu zaman C.Cabbarlı, Ə.Cavad, Ümmigülsüm kimi gənc qələm sahiblərinin də maraqlı əsərləri meydana gəlirdi. Bu əsərlərdə Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizə xilaskarlıq missiyası ilə gəlmiş türk ordusunun zəfərləri, Azərbaycan əsgərlərinin rəşadəti, üçrəngli milli bayraq hərarətlə tərənnüm olunurdu. Bu sahədə xüsusi fəallığı ilə seçilən Əhməd Cavad (1892-1937) Birinci Respublikanın dövlət himninin mətnini yazmışdır. Musiqisi dahi Ü.Hacıbəyov tərəfindən bəstələnmiş həmin əsər bu gün də müstəqil Azərbaycan Respublikasının himni kimi ifa olunmaqdadır.

SOVET DÖVRÜ ƏDƏBİYYATI

Bolşevik Rusiyası qırmızı imperiyanın cənub sərhədlərində, İran və Türkiyə kimi müsəlman ölkələrinin bilavasitə qonşuluğunda müstəqil Azərbaycan dövlətinin tarix səhnəsinə çıxmağına biganə qala bilməzdi. Bu səbəbdən də işğalçı XI qırmızı ordunun zərbələrinə davam gətirə bilməyən Azərbaycanın ilk demokratik hökuməti süqut etdi. Ölkədə sovet hakimiyyəti quruldu. Heç şübhəsiz, “proletar diktaturası” və “kommunizm cənnəti” pərdəsi arxasındakı əsil həqiqəti C.Məmmədquluzadə və Hüseyn Cavid vaxtında görmüş, onun mürtəce antiazərbaycan mahiyyətini başa düşmüşdülər.

30-cu illərin repressiyası öz başlanğıcını sovet hakimiyyətinin qurulduğu ilk aylardan götürmüşdü. Onun ilk ziyalı qurbanı erməni daşnaklarının Gəncə həbsxanasında güllələdikləri Qazax Müəllimlər Seminariyasının direktoru, görkəmli alim və ədəbiyyat tənqidçisi, ilk çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin müəllifi, böyük maarifpərvər Firidun bəy Köçərli (1863-1920) olmuşdur. Ümumiyyətlə repressiya Azərbaycan ədəbiyyatının sovet dövrü tarixinin qan qarışıq qara səhifələrini təşkil edir. Bu zaman əsassız təqiblərə məruz qalanlar arasında günahsız fəhlə və kəndlilər də çox idi. Lakin bolşevik-daşnak təqiblərindən ən çox zərər çəkən ziyalılar olmuşdur. Bunun da səbəbi aydın idi. Stalinçilər Azərbaycan xalqının ziyalı övladlarını qırmaq, yaxud məhbəslərdə və sürgünlərdə çürütməklə millətin özünüdərk prosesinə mane olmaq, onu öz mənəvi köklərindən ayırmaq, kommunist ehkamlarının kor-koranə icraçısına çevirmək istəyirdilər. Xalqın tarixini, fəlsəfəsini, dilini, əlifbasını, mədəniyyətini, psixologiyasını, mentalitetini yaxşı bilən, bunları tədqiq edib soydaşları arasında təbliğ edən alimlər, öz doğma dilində və xalq ruhuna yaxın olan formalarda yazılmış bədii əsərləri ilə milli təfəkkürün öləziməsinə mane olan yazıçı, şair və dramaturqlar, bütünlükdə yaradıcı ziyalılar “yuxarı”dan verilmiş sərt və amansız “xüsusi” tapşırıqları yerinə yetirənlərin ən çox qorxduqları, buna görə də ən amansız rəftar etdikləri həmvətənlərimiz idilər.

O dəhşətli illərdə repressiyaya məruz qalmış sənətkarlar arasında Azərbaycan ədəbiyyatı və incəsənətinin, ədəbiyyatşünaslıq və dilçilik elmlərinin çox görkəmli nümayəndələri olmuşlar: böyük dramaturq H.Cavid, parlaq istedadlı şair M.Müşfiq, görkəmli nasir və ədəbiyyat tənqidçisi S.Hüseyn, Azərbaycan Respublikasının ilk (və son) himninin müəllifi məşhur şair Ə.Cavad, məhsuldar ədib və alim Y.V.Çəmənzəminli, filologiya professoru, poliqlot alim B.Çobanzadə, Bakı Dövlət Universitetinin rektoru, yazıçı T.Ş.Simürğ, Bakıda ilk Şərq konservatoriyasını açmış Xədicə xanım Qayıbova, görkəmli teoloq-alim, Bakı qazisi Mir Məhəmməd Kazım ağa, folklorçu-alim H.Zeynallı, faciəvi rolların səhnəmizdə ən görkəmli ifaçıları A.M.Şərifzadə, Ü.Rəcəb və onlarca başqaları… Sürgündə və məhbəsdə həlak olmuş Y.V.Çəmənzəminlidən və H.Caviddən başqa bu yaradıcı ziyalıların hamısı güllələnmişdi. Qatillər öz qurbanlarının yaşına fərq qoymadan onları tələm-tələsik mühakimə və edam edirdilər. Qurani-Kərimin Azərbaycan dilinə ilk tərcüməçilərindən olan Bakı qazisi Mir Məhəmməd Kazım ağanı 83 yaşında, M.Müşfiqi isə 29 yaşında güllələmişdilər. Mikayıl Müşfiq (1908-1937) mürəkkəb və ziddiyyətli ictimai quruluş şəraitində milli poeziyanı “Oxu, tar!” qəbilindən olan ölməz əsərlərlə zənginləşdirmişdir. Şairə dünya poeziyası təcrübəsində ən qısa bir vaxt ərzində (cəmi 10 il) yazıb-yaratmaq nəsib olmuşdur. Lakin bu qısa müddətdə nəşr etdirdiyi əsərlər ədəbiyyatda silinməz izlər buraxmışdır. Çoşğun hiss və duyğular, zəmanəsinə meydan oxuyan romantik ovqat, rəvan və oynaq dil Müşfiq sənətinin bədii dəyərini, uzunömürlülüyünü təmin edən yaradıcılıq xüsusiyyətləridir.

XX əsrin ilk onilliklərindəki qlobal hadisələr və regiondakı ictimai sarsıntılarla əlaqədar olaraq, xüsusən də ADR-in devrilməsindən sonra, habelə 30-cu illərin repressiyaları zamanı Azərbaycanın yaradıcı ziyalıları dəfələrlə siyasi təqiblərə məruz qalmış, xilas olmaq və ədəbi fəaliyyətlərini davam etdirmək məqsədilə son çıxış yolu kimi mühacirətə üz tutmuşdular. Alman faşizminə qarşı müharibədə əsir alınması ucbatından vətən torpağına qədəm basması yasaq edildiyi üçün davadan sonra xaricdə sığınacaq tapanlar, şahlıq rejiminin təqibindən tərkivətən olanlar, yaxud onların övladları bu gün ölkəmizdən uzaqlarda — Asiya, Afrika, Avropa, Amerika, hətta Avstraliya qitələrində yaşayırlar.

Mühacir ziyalılarımızı bir cəhət həmişə birləşdirmişdir: onlar məskun olduqları ölkələrdə Azərbaycan milli ədəbi, mədəni mentalitetini, azərbaycançılıq ideallarını yorulmaq bilmədən qorumuş, ləyaqətlə təmsil və təbliğ etmiş, sovet imperiyası məngənəsində sıxılan Azərbaycanın dərdini-odunu həmişə hakim dairələrin və ictimaiyyətin diqqət mərkəzində saxlamaq üçün səylə çalışmışlar. Bir qismi öz yaradıcılıq fəaliyyətini bu gün də davam etdirən Azərbaycan mühacirlərinin çox geniş, sanballı ədəbi, elmi-filoloji, publisist irsi mövcuddur. Bu müəlliflərin arasında Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Əlimərdanbəy Topçubaşov, Ceyhun Hacıbəyli, Səməd Ağaoğlu, Əhməd Cəfəroğlu, Əbdülvahab Yurdsevər, Almas İldırım, Bənin (Ümmülbanu), Nağı Şeyxzamanlı, Məmməd Sadıq Aran, Hüseyn Camal Yanar, Teymur Atəşli, Musa Zəyəm, İbrahim Arslan, Əli Azərtəkin və onlarla başqaları vardır. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra Ümmülbanunun “Qafqaz günləri” romanı, A.İldırımın “Qara dastan” şeirlər toplusu, Ə.Hüseynzadənin “Siyasəti-fürusət”, M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” monoqrafiyaları, C.Hacıbəylinin hekayələri, M.B.Məhəmmədzadənin publisistikası müəlliflərinə hörmət və ehtiramla Bakıda ayrıca kitablar şəklində nəşr edilmişdir.

Ədəbiyyatın sərt direktivlərdən asılı vəziyyətdə qalması, söz azadlığının dönə-dönə pozulması, ədəbiyyatın dövlət siyasətinə tabe edilməsi və s. neqativ hallar uzun illər boyu ədəbi-mədəni həyatda müəyyən məyusluğa, ruh düşkünlüyünə, durğunluğa səbəb oldu.

Amma bu dövrdə C.Cabbarlı, M.Müşfiq, S.Vurğun, O.Sarıvəlli, R.Rza kimi yüksək istedadlı və çox zaman ezop dili ilə ideoloji çərçivələrə təsir göstərən sənətkarlar da meydana çıxırdı ki, bunun özü də bütövlükdə ədəbiyyatın ictimai-siyasi şəraitdən mütləq asılılığı haqqında ifrat nəzəriyyələrin əleyhinə işləyən bir fakt idi. Vaxtilə “Qızıl qələmlər” birliyinin ideologiyası altında komsomol şairi kimi fəaliyyətə başlamış Süleyman Rüstəmin (1906-1989) əsil vətənpərvərlik ruhunda yazılmış “cənub şeirləri” silsiləsi, “Ana və poçtalyon” şeiri, saf məhəbbət duyğularının tərənnümünə həsr edilmiş qəzəlləri də bu qənaəti bir daha təsdiq etməkdədir. Qəzəlin rəsmi dairələrdə vaxtı keçmiş, məhdud janr hesab edildiyi o illərdə görkəmli şair Əliağa Vahidin (1895-1965) dərin mənalarla zəngin olan zərif qəzəllərini də məhz xalqın məhəbbəti yaşatmışdı.

Bu dövrdə Azərbaycan ədəbiyyatının roman, xüsusən tarixi roman janrını inkişaf etdirən tanınmış sənətkarlardan biri M.S.Ordubadi (1872-1950) olmuşdur. Onun Azərbaycan Atabəylər dövləti və həmin dövrdə yaşamış ən böyük sənətkarımız Nizami Gəncəvi haqqında yazdığı “Qılınc və qələm”, eləcə də cənubdakı azadlıq hərəkatına həsr edilmiş “Dumanlı Təbriz” romanları bu gün də öz tarixi-estetik əhəmiyyətini itirməmişdir. Təxminən eyni dövrün nəsrində “İki od arasında” (“Qan içində”), “Qızlar bulağı” kimi romanların müəllifi Y.V.Çəmənzəminlinin, “Şamo” epopeyası və “Saçlı” romanının müəllifi Süleyman Rəhimovun (1900-1983), “Açıq kitab” romanı və lakonik hekayələr yazarı Mir Cəlalın (1908-1978), “Dostluq qalası” epopeyası və “Yoxuşlar” romanlarının müəllifi Əbülhəsən Ələkbərzadənin (1904-1986), “Gələcək gün” və “Pərvanə” romanlarının müəllifi Mirzə İbrahimovun (1911-1993) da xüsusi xidmətləri qeyd olunmalıdır.

Sovet dövrü dramaturgiyası Hüseyn Cavid, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mirzə İbrahimov, Səməd Vurğun, Sabit Rəhman, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Şıxəli Qurbanov və b. adı ilə sıx bağlıdır. Hüseyn Cavid (1882-1941) 30 il davam etmiş yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını həm janr, həm də məzmunca zənginləşdirmiş qüdrətli dramaturq və şairdir. Onun əsərləri ilə ədəbiyyatımızn mövzular aləmi xeyli vüsətlənmiş, dramaturgiyamıza bəşəri konfliktlər və dərin düşüncəli, həssas ürəkli, böyük ehtiraslı parlaq xarakterlər gəlmişdir. “Ana”, “Şeyx Sənan” və “İblis” əsərləri ilə dramaturq ədəbiyyatımızda mənzum faciə janrının əsasını qoymuşqdur. Sovet dövründə ədibin dramaturji yaradıcılığı “Peyğəmbər” (1922), “Topal Teymur” (1925), “Knyaz” (1929), “Səyavuş” (1933), “Xəyyam” (1935), “İblisin intiqamı” (1936) pyesləri, “Azər” (1923-1932) poeması ilə daha da zənginləşdi.

Cəfər Cabbarlı (1899-1934) M.F.Axundzadə ilə təməli qoyulan milli dramaturgiyanın sadəcə varisi, davamçısı olmamış, eyni zamanda onu “Oqtay Eloğlu”, “Od gəlini”, “Sevil”, “Almas” əsərlərindəki problem və qəhrəmanlarla zənginləşdirmişdir.

Səməd Vurğun (1906-1956) sovet dövründə yetişmiş ən görkəmli şair-dramaturqlardan biridir. Azərbaycan təbiətinin ecazkar gözəlliklərini, xalqımızın qəhrəmanlıq tarixini, humanist dəyərlərimizi fəlsəfi dərinliklə qavrayıb romantik vüsətlə mənalandırmaq onun şeir və poemalarının əsas xüsusiyyətləridir. Keçən əsrin Azərbaycan poeziyası öz dilinin xəlqiliyi, ahəngdarlığı, obrazlılığı ilə ilk öncə S.Vurğunun yaradıcılığına, xüsusilə də onun “Azərbaycan” şeirinə, “Aygün”, “Muğan” kimi epik poemalarına, “Vaqif”, “İnsan” mənzum dramlarına borcludur. Sovet rejiminin hər cür təzyiqlərinə baxmayaraq Azərbaycan xalqının milli özünüdərki prosesində “Vaqif”in oynadığı rolu ancaq dahi Üzeyir Hacıbəyovun “Koroğlu” operasının bu sahədəki böyük rolu ilə müqayisə etmək olar.

Sovet dövründə Azərbaycan poetik fikrinin inkişafında Rəsul Rzanın (1910-1981) əsasən sərbəst vəzndə qələmə aldığı şeir və poemaların böyük rolu olmuşdur. Novator şair olan R.Rzanın poeziyası fəlsəfi lirizmi, fikir və emosiyaların canlılığı, orijinal poetik obrazları ilə seçilir. Onun “Rənglər” silsiləsindən fələsfi şeirləri, “Füzuli”, “Qızılgül olmayaydı” və b. lirik poemaları Azərbaycan poeziyasının ən yaxşı örnəklərindəndir.

Sovet dövrü Azərbaycan ədəbiyyatının başlıca xüsusiyyətlərindən biri də müntəzəm olaraq ideoloji orqanlar tərəfindən idarə edilməsi, ədəbi fəaliyyətə direktivlərlə istiqamət verilməsi olmuşdur. Bunlardan ən başlıcaları kimi RK(b)P MK-nın “Partiyanın bədii ədəbiyyat sahəsindəki siyasəti haqqında” (1925) qətnaməsini, “Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında” (1932) ÜİK(b)P MK-nın qərarını, “Zvezda” və “Leninqrad” jurnalları haqqında” (1948) qərarını Azərbaycan KP MK-nın “Azərbaycan sovet ədəbiyyatının vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” (1948) qərarını Sov.İKP MK-nın “Ədəbi-bədii tənqid haqqında” (1972) qərarını və bir sıra başqa siyasi direktivləri göstərmək olar. Xüsusən 1934-cü ildə keçirilən sovet yazıçılarının Birinci Ümumittifaq qurultayı tərəfindən müəyyən edilmiş sosialist realizmi bədii metodu yaradıcı sənətkarların əl-qolunu bağlayır, onları müəyyən qəliblər çərçivəsində yazmağa məcbur edirdi. “Zvezda” və “Leninqrad” jurnallarında sovet həyat tərzinin guya təhrif edilməsinin, ictimai həyatdakı nöqsanların qabardılmasının tənqidindən sonra isə, başqa SSRİ xalqları ədəbiyyatı ilə yanaşı, Azərbaycan ədəbiyyatında da “konfliktsizlik” üzərində qurulmuş bədii örnəklər yaranmağa başladı.

Azərbaycan nəsrinin canlı, təravətli, bədii surətlər və əlvan təsvir vasitələri ilə zənginləşməsində, dramaturgiyamızda lirik-psixoloji üslubun inkişafında İlyas Əfəndiyevin (1914-1996) böyük yaradıcılıq xidmətləri olmuşdur. Yarım əsr ərzində onun səhnəmizə bəxş etdiyi 15 pyesi (“Sən həmişə mənimləsən”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı”, “Büllur sarayda”, “Xurşidbanu Natəvan” və s.) əsasında hazırlanmış tamaşalarda aktyor və rejissor kadrların bütöv bir nəsli yetişib püxtələşmiş, “İlyas Əfəndiyev teatrı” bərqərar olmuşdur. Azərbaycan nəsrinin yeni mövzu və qəhrəmanlarla zənginləşməsində Əli Vəliyev, Hüseyn İbrahimov, Hüseyn Abbaszadə, Bayram Bayramov, Cəmil Əlibəyov, Vidadi Babanlı, Ələviyyə Babayeva, Süleyman Vəliyev, Əzizə Əhmədova, Əfqan Əsgərov, Gülhüseyn Hüseynoğlu, Əlibala Hacızadə və başqalarının da xidmətləri vardır.

60-cı illərdən başlayaraq, qlobal ictimai-siyasi atmosferin bir qədər ilıqlaşması, SSRİ-də ideoloji buxovların zəiflədilməsi nəticəsində bədii yaradıcılıq sahəsinə gələn gənc istedadlar mövcud siyasi quruluşun tənqidini verən əsərlər ərsəyə gətirməyə başladılar. Bunların arasında İsa Hüseynov, Məmməd Araz, Sabir Əhmədov, Anar, Əkrəm Əylisli, Elçin, Sabir Rüstəmxanlı, Ələkbər Salahzadə, Fərman Kərimzadə kimi nasir və şairlər vardır. Bədii yaradıcılığa bir qədər öncə qədəm qoymuş İsmayıl Şıxlını (1919-1994) və onun “Dəli Kür” romanını xüsusi qeyd etmək lazımdır. Əlbəttə, bu sənətkarlar da sələfləri kimi bir çox hallarda simvollardan, ezop dilindən istifadə edirdilər. Ancaq bu prosesin özü artıq dönməz bir istiqamət almışdı və “sonun başlanğıcı” kimi qiymətləndirilə bilərdi. 60-cı illərə keçid hələ 40-50-ci illərdə və ondan da əvvəl ədəbiyyata gələn nəslin iştirakı ilə başlamış və davam etdirilmişdi. Bu baxımdan novator sənətkar Rəsul Rzanın (1910-1981) bir çox əsərləri, xüsusən də “Qızılgül olmayaydı” və “Rənglər” ümumi başlığı altında məşhur olan şeirlər silsiləsi, “Sarı dana”, “Kefli İskəndər”, “Mən torpağam” qəbilindən olan əsərləri ilk örnəklərdən sayılmalıdır. Görkəmli nasir, dramaturq və tənqidçi kimi məşhur olan Mehdi Hüseynin (1909-1965) “Yeraltı çaylar dənizə axır” romanı da eyni ovqatın həyati bədii obrazların taleləri əsasında inandırıcı təsvirinə söykənir. Bununla belə, 60-90-cı illərin ən mühüm ədəbi hadisəsi “60-cıların” yaradıcılıq aləminə gəlişi oldu. Məhz bu gəlişdən sonra ədəbiyyat öz ruhu, mahiyyəti ilə total hərbi rejimə qarşı gerçək bir mənəvi müxalifətə çevrildi və bu günün milli istiqlal və demokratiya hərəkatının fikri mənəvi cəhətdən hazırlanmasında fəal iştirak etdi.

Hər şeydən öncə, “60-cıların” insana, onun mənəvi aləminə baxışının dərinləşdiyi qeyd olunmalıdır. İnsan hər zaman ədəbiyyatın əsasını təşkil etmişdir və təsadüfi deyil ki, ədəbiyyat yüksək mənada “insanşünaslıq” adlandırılmışdır. Ancaq diqqəti çəkən ən vacib məqam “60-cıların” “insan” mövzusunu o dövrün ədəbiyyatına yeni mövzu, təzə problem olaraq əsaslı şəkildə yenidən daxil etmələridir. Onların əsərlərində bədii maraq şəxsiyyətə, fərdə, ən sadə, sıravi cəmiyyət üzvlərinin mənəvi-psixoloji aləminə, dərinliyə, içə yönəldilmişdi. Xüsusən onların povest və hekayələrində dövr, mənəvi gerçəklik “ictimai sistem və quruluş” kimi deyil, ondan daha öncə vicdani, etik səltənət kimi, bir əxlaq və mənəviyyat meyarı kimi qavranır və bədii təhlilin predmetinə çevrilirdi. Bu əsərlərdəki qəhrəman tipinin düşüncə və təsəvvürləri ədəbiyyatdakı “sovet adamı” anlayışı və ehkamı ilə heç cür uyğun gəlmirdi. Qəribəlikləri bəzən çılğınlıq kimi qəbul edilən saf ürəkli həqiqət divanələri, həyatda yerini tapmayan, bunun üçün də bəzən avara gəzən, buna baxmayaraq əsil insan və bəşəri hisslər qarşısında heyrətə gələn qeyri-adi adamlar “60-cılar” ədəbiyyatının ən populyar qəhrəmanları idi. Tarixi mövzuda yazılmış roman və povestlərdə sosialist məngənəsində öz milli köklərindən, dövlətçilik ənənələrindən uzaqlaşmağa məhkum edilmiş xalqın dövlətçilik tarixinə, qəhrəmanlıqla zəngin keçmişinə sıx-sıx müraciət olunur, azadlıq və sərbəstlik haqqında nisgil və arzuları öz əksini tapırdı.

Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda ədəbiyyatda başlamış bu hərəkat 70-90-cı illərdə davam etdirilərək, ən nəhayət, Azərbaycanın siyasi suverenlik, dövlət müstəqilliyi əldə etməsi ilə öz perspektiv məqsədlərini həyata keçirmiş oldu.

Bu deyilənlərlə həmahəng olaraq Bəxtiyar Vahabzadə (1925-2009), Nəbi Xəzri (1924-2007), Nəriman Həsənzadə (1931) kimi sənətkarların poeziya və dramaturgiyasında da daha çox xalq tarixinin ibrətamiz səhifələri, bu fonda lirik-psixoloji yaşantılar üstünlük təşkil edir. Bu şairlərin, eləcə də Qabilin (1926-2007) həmişə aktuallığı ilə seçilən şerləri, “Nəsimi” poeması, Adil Babayev, İslam Səfərli, Hüseyn Arif, Qasım Qasımzadə, Əliağa Kürçaylının bir çox əsərləri ədəbiyyatımızın qiymətli nümunələrindəndir.

Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında Əli Kərim (1931-1969), Xəlil Rza (1932-1994), Cabir Novruz (1933-2002), Məmməd Araz (1933-2004), Fikrət Qoca (1935), Fikrət Sadıq (1930), Ələkbər Salahzadə (1941-2013), İsa İsmayılzadə (1941-1997), Sabir Rüstəmxanlı (1946), Famil Mehdi (1934-2002), Tofiq Bayram (1934-1991), Arif Abdullazadə (1940-2002), Hüseyn Kürdoğlu (1934-2003), İlyas Tapdıq (1934-2016), Musa Yaqub (1937), Çingiz Əlioğlu (1944), Nüsrət Kəsəmənli (1946-2001), Zəlimxan Yaqub (1950-2016), Ramiz Rövşən (1946) və b. şairlər seçilirlər.

Yeni Azərbaycan nəsrinin istedadlı nümayəndələrindən biri də Anardır (1938). Anar nəsrinin ilk orijinal və uğurlu örnəklərindən biri “Ağ liman” (1967) povestidir. Anar həm də görkəmli dramaturq və kino ssenariçi kimi tanınır. Tarixi mövzuda “Dədə Qorqud”, “Uzun ömrün akkordları” kimi ssenariləri, “Şəhərin yay günləri”, “Təhminə və Zaur” dramları Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklərdir.

Çoxşaxəli yaradıcılığı ilə seçilən Elçin (1943) də eyni ədəbi nəsilə mənsubdur. “Dolça”, “Baladadaşın ilk məhəbbəti”, “Şuşaya duman gəlir” povestləri, bir sıra hekayələri, “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” kimi romanları, “Mənim ərim dəlidir”, “Mənim sevimli dəlim” kimi pyesləri Elçini müasir ədəbiyyatımızın ən görkəmli nümayəndələri sırasına qoymuşdur. Eyni zamanda məhsuldar ədəbiyyatşünas və tənqidçi olan Elçin “Tənqid və ədəbiyyatımızın problemləri”, “Klassiklər və müasirlər”, “Cazibə sahəsi” kimi qiymətli elmi monoqrafiyaların müəllifidir.

ÇAĞDAŞ GÜNEY ƏDƏBİYYATI

XIX əsrin ilk çərəyində Azərbaycan torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsindən sonra tarix boyu eyni ədəbi-mədəni inkişaf yolu keçmiş Şimal və Cənubda ədəbi proses də fərqli xüsusiyyətlər kəsb etməyə başlayır. Uzun onilliklər ərzində cənubda Azərbaycan dilində təhsil və yazı olmadığından, ədəbiyyatın inkişafı da Şimaldakından, təbii ki, xeyli geriyə qalmış olur. Yalnız milli azadlıq hərəkatları dövründə qısa müddətə azadlığa çıxmış Cənubi Azərbaycanda ədəbi-mədəni həyat sürətlə inkişaf edir, sonra isə yenə də uzun müddətə şovinist fars irticasının qurbanı olur. Belə qısamüddətli oyanma mərhələlərindən biri 1918-1920-ci illərdə Şeyx Məhəmməd Xiyabaninin, digəri isə 1945-1946-cı illərdə Seyid Cəfər Pişəvərinin başçılığı altında həyata keçmişdir. Həmin illərdə ana dilində kitablar, dərsliklər nəşr edilir, milli mətbuatda, əsasən, vətənpərvərlik ruhunda yazılmış ədəbi nümunələr geniş yer alırdı. Keçən əsrin qırxıncı illərinin ortalarında ilk dəfə əlinə qələm almış gənc istedadlar bir də otuz ildən artıq bir müddətdən — islam inqilabının qələbəsindən sonra Azərbaycan dilində nəşr olunan “Varlıq” jurnalının səhifələrində öz yaradıcılıqlarını davam etdirməyə imkan tapdılar. Cənublu sənətkarlar arasında bir çoxu dünyasını dəyişmiş, bəziləri isə indi də ədəbi fəaliyyət göstərən Hammal, Kərimi, Nitqi, Biriya, Şeyda, Sönməz, Səhənd, Sahir, Oxtay, Savalan, Fərzanə kimi yazıçı və şairlərin adlarını çəkə bilərik. Çağdaş cənub ədəbiyyatının inkişafında iyirmi ildən artıq bir müddət ərzində nəşrini davam etdirən və əsası Azərbaycanın böyük alim və ictimai xadimlərindən Cavad Heyət tərəfindən qoyulmuş “Varlıq” jurnalının müstəsna rolunu qeyd etmək lazımdır.

Ancaq Cənubi Azərbaycan ədəbiyyatından danışarkən onun çoxsaylı nümayəndələri arasında Məhəmmədhüseyn Şəhriyarın (1904-1988) xüsusi yerini və rolunu diqqətə çatdırmaq vacibdir. Orta və ali təhsilini fars dilində alan Şəhriyar ilk gəncliyindən böyük Nizami Gəncəvinin, Hafiz Şirazinin, S.Ə.Şirvaninin əsərlərinin təsiri altında bədii yaradıcılığa başlamış, çağdaş İran və Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri kimi tanınmışdır. Sənətdə ictimai lirikaya üstünlük verən Şəhriyar çağdaş dünyamızın ağrılı problemlərindən geniş bəhs edir. Azərbaycan dilində ən böyük əsəri iki hissədən ibarət “Heydərbabaya salam” poemasıdır. Bu əsərə istər Cənubi, istər Şimali Azərbaycanda, istərsə də Türkiyədə onlarla cavab yazılmışdır. Hazırda Cənubi Azərbaycanda ədəbi proses get-gedə inkişaf etməkdədir. Taleyin iradəsi ilə yaradıcılığını Şimalda davam etdirən B.Azəroğlu, Ə.Tudə, M.Gülgün, H.Bülluri, S.Tahir kimi sənətkarlar hər iki tayda yaranan Azərbaycan ədəbiyyatını qiymətli nümunələrlə zənginləşdirmişlər.

Güney Azərbaycanda və İranda modern üslubda yaranan ədəbi janrlar  Mirzə Fətəli Axundzadənin Azərbaycan türkcəsindən farscaya tərcümə olunan hekayələri ilə başlandı.

Onun ”Aldanmış Kəvakib” və ”Yusif Sərrac hekayəti” adlı romanlarını xüsusilə qeyd etmək olar. XIX yüzilin ortalarında Mirzə Cəfər Qaracadağlı tərəfindən tərcümə olunan bu əsərlərin Güney Azərbaycan ədəbiyyatının inkişafına böyük təsiri olmuşdur. Bunun ardınca Zeynəlabdin Marağalının ”İbrahim Bəyin səyahətnaməsi”, Əbdül Rəhim Talıbın ”Möhsünün məsləki” və ”Əhməd Səfi Talibin kitabı” əsərləri meydana gəlmişdir. Bu əsərlər İranda yeni hekayə janrının tarixi təməlini qoymuşdur. Güney Azərbaycanda çağdaş nəsr Məşrutə İnqilabı dövründə geniş vüsət almışdır. Məşrutə dönəmində Təbriz və Azərbaycanda nəsr yazanlar çox az olsa da, o dövrdə bu əsərlər, əsasən, siyasi dərgi və qəzetlərdə çap olunurdu. Bu sırada ən önəmli hesab olunan Cəlil Məmmədquluzadənin ”Molla Nəsrəddin” dərgisidir. Mirzə Cəlil bundan əlavə kənd həyatından bəhs edən ”Xanın Təsbehi” adlı ilk hekayəsini çap etdirdi. Bu əsər İranda əksər yazarların yaradıcılığına çox böyük təsir etdi. Müəllif bu hekayədə Azərbaycan kəndlilərinin xanların zülmündən cana doyduqları və xurafat içində yaşadıqlarını təsvir edib. Əsərin məzmunu uzun illər oxucular tərəfindən sevilmişdir. “Molla Nəsrəddin” dərgisindən sonra Əhməd Bəsirət ”Molla Əmi” adlı türk dilində başqa bir dərgi buraxdı. O, bundan əlavə ”Heyvanların Mürafəsi” adlı 110 səhifəlik bir kitab da çap etdi. Burada heyvanların dili ilə insanların xarakteri ortaya qoyulmuşdur. İki il sonra Mirzə Həsən Rüşdiyyə kiçik hekayələrdən ibarət ”Əmsali Loğman” kitabını nəşr etdirdi. Əsər Təbriz ləhcəsində yazılmışdır.

Qeyd etdiyimiz kimi bu əsərlər elmi mənbələrdə Güney Azərbaycanda çağdaş nəsrin təməli hesab olunur. Bu realist əsərlər fars dilində yazan digər türk yazarlarımızın da yaradıcılığına təsir göstərib. 1950-1975-ci illərdə Güney Azərbaycanda dünya şöhrətli əsərlər yarandı. Bu dövrdə — 1961-ci ildə Təbrizin görkəmli yazıçısı Qulamhüseyn Saedi ”Bəyəl Əzalıları” adlı kitabını yayımladı və beləliklə, dünyanın ən məşhur hekayələrindən birinə imza atdı. Bu əsər Azərbaycanın kənd həyatından bəhs edən dünyanın ən yaxşı hekayələrindən biri kimi tanınmaqdadır. Bu dövrdə Səməd Behrənginin ”Balaca Qara Balıq” adlı əsəri də dünya şöhrətli bir əsər kimi ortaya çıxdı. Bəhrənginin hekayələri xüsusilə uşaqlar və yeniyetmələr arasında məşhurlaşdı. Mütəxəssislər Behrənginin bu hekayələrinə görə onu İranda uşaq və yeniyetmələr üçün realist üslubda yazılan hekayə janrının banisi hesab edirlər. Bizim çağdaş nəsrimiz demək olar hələ bu gün də müstəqil deyil. Öz milli dilində böyük ədəbi əsərlər yazmağa qadir deyillər, çünki ana dilində təhsil almayan yazarlarımız daim bu problemlə qarşılaşırlar. Buna görə də Güney Azərbaycan ədəbiyyatında nəsr dilimiz ya Türkiyədən yararlanıb, ya da Quzey Azərbaycandan. Hər hansı bir ədəbiyyatın formalaşması və inkişaf etməsi reallığı əks etdirməklə yanaşı, həm də ədəbi dil normalarına uyğun olmalıdır. Bu gün şairlərimizin çoxu ədəbi dil normalarını inkişaf etdirirlər. Bu çox yaxşı və uğurlu bir addımdır. Son zamanlar nəsrlə yazanlarımız da bu yöndə olduqca böyük çaba göstərirlər. Güney Azərbaycanda indi qlobal düşünüb milli dildə yaratmaq çox önəmlidir. Milli dilimizdə yaranan yeni ədəbiyyat dalğasının əsasları hazırlanmaqdadır. Bu istiqamətdə fəaliyyəti daha da gücləndirmək üçün tərcümə işinə diqqət yetirmək çox vacibdir. Yəni dünyanı öz dilimizdə oxumaq bizim üçün hava-su kimi gərəklidir. Çağdaş düşüncələri oxuyub öyrənmək və dünya bədii söz sənətinin əldə etdiyi uğurlardan faydalanmaq bu yolda dünyagörüşümüzü daha da inkişaf etdirə bilər.

XIX əsrin başlanğıcından etibarən rus istilaları nəticəsində Azərbaycan ədəbiyyatı iki qola ayrıldı. Bunlardan Quzey Azərbaycan ədəbiyyatı rus bilgisi altında formalaşarkən, Güney Azərbaycan ədəbiyyatı da klassik çərçivə içində sönükləşib, bir təqlid ədəbiyyatı halını almışdır. Bu dönəmdə xalq ədəbiyyatı inkişaf etsə də, bədii nəsr dili bu prosesdən geri qalmışdır. Aşıq şeirinin yanında xalq dastanları, nağıllar, lətifələr, tapmacalar və bayatı kimi sözlü ədəbiyyat nümunələri üstün səviyyədə olmuşdur. Ancaq  bununla yanaşı, klassik ədəbiyyat getdikcə zəifləmişdir. Klassik ədəbiyyat nümunələrindən qəzəl və özəlliklə mərsiyənin Güney Azərbaycan ədəbiyyatında əsas yeri olmuşdur. Dilsuz, Raci, Purqəm, Şüayi, Ahi və Muqbil XIX yüzilin önəmli mərsiyə şairləri kimi tanınırlar. Güney Azərbaycanda yeni ədəbiyyatın ilk təmsilçiləri arasında Əbdül Rəhim Talıb, Zeynalabdin Marağalı və Mirzə Əli Təbrizi öndə gedən şairlərdən olublar. XX yüzilin  başlanğıcında Azərbaycan yazarları, fikir adamları, ictimai xadimləri gözlərini dünyaya çevirmiş, olub keçənlərin işığında gələcək ədəbiyyatımız və mədəniyyətimiz üçün zəmin hazırladılar. Xüsusilə Türkiyə mətbuatı ilə münasibətlər səbəbindən dildəki yaxınlaşma ilə bərabər, ədəbi və siyasi münasibətlər də formalaşdı. Bu zaman Azərbaycanda ədəbi düşüncə Türkiyədəki ədəbiyyatla paralel şəkildə kəsişərkən, iki fərqli düşüncənin də faydasından uzaq qalmamışdı. Bunların biri islamçılıq, digəri də sosial cərəyan olmuşdur. Bu dönəmin tanınmış simalarından Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Ömər Faiq Nemanzadə, Əli Nəzmi və digərlərini göstərmək olar.

XX yüzilliyin başlanğıcında Güney Azərbaycan şairləri dünyada, özəlliklə çevrədə baş verən olaylardan bəhrələnib siyasi, kütləvi və realist ədəbiyyata maraq göstərərkən bu prosesdən yararlanaraq gerçəkdən milli ədəbiyyatımızı yaradırlar. Deməli, bizim şeirimiz Məşrutə dönəmindən bu yana kütləviləşməklə yanaşı həm də çağdaşlaşmışdır. Güney Azərbaycanın yeni şeiri Həbib Sahirlə başlayır. Həbib Sahir yeni şeirin ortaya çıxmasında ilk addımları atıb və cəsarətli şeirlər yazıb. O, 1914-cü ildə ”Kölgələr” adlı kitabını və 2 il ondan sonra “Şəqayeq” adlı kitabını sərbəst şeir formasında yayımladı. Bu kitablarda həm məzmun yeni idi, həm də müəllif realist bir şair kimi öz mövqeyini sərgiləmişdi. Deməli, Sahir şeiri göydən yerə endirdi. O, yeni sözləri yeni qəlibdə söylədi və bizim siyasi, satirik şeirimizi canlandırmaqda böyük addımlar atdı. O, keçmişə tənqidlə baxaraq, ənənəvi poetik düşüncələri dağıdan ilk şairimizdir. Son 60 il ərzində İranın çox şairləri fikir və düşüncə baxımından, həm də forma baxımından Sahirdən yararlanıblar. Yəni XX əsrdə Güney Azərbaycan ədəbiyyatının böyük simalarından biri olan Həbib Sahir Türk dünyasında da önəmli şairlərdən biri sayıldı.

İranda fars dili və ədəbiyyatı qarşısında türkcə yazmaq uzun illər qadağan edilsə də, bu dönəmdə çağdaş türk ədəbiyyatının ən böyük şairi Şəhriyar yetişdi. Şəhriyarın yaradıcılıq dönəmlərindən yeni mərhələ 1950-72-ci illər hesab edilir. Bu illər ərzində  türk dilində olan şeirləri sayəsində dünya şairi kimi tanındı. “Heydər Babaya salam”, “Türkün Dili”, “Məhəmməd Rahimə məktub”, “Səhəndiyyə” kimi möhtəşəm əsərlərini nəşr etdirərək milli ədəbiyyatımızın inkişafına çox böyük təkan verdi. Şəhriyar romantik və realist bir şairdir. O, şeirlərinin mövzusunu gerçək həyatdan almış, xalqın anlaya biləcəyi sadə və təbii bir dildə ifadə etmişdir. Onun söz xəzinəsi zəngin olduğu üçün, bədii deyimlərə də geniş yer ayırmışdır. Xalq ədəbiyyatındakı axıcı və sadə üslubdan da bacarıqla istifadə etmişdi. Şəhriyar İranda fars dilindən fərqli olaraq öz ədəbi-bədii dəyərini, önəmini itirmək təhlükəsini yaşayan Türk dilini ”Heydər Babaya salam” əsəri ilə əbədi olaraq  göylərə ucaltdı. Güney Azərbaycan şairlərindən biri də Bulud Qaraçorludur (Səhənd). O, Pəhləvi rejiminin boğuntusunda Dədə Qorqud dastanlarını ”Sazımın sözü” əsərində bütövlüklə nəzmə çəkmiş, bunun nədəni olaraq öz xalqına — türk millətinə şərəfli keçmişini göstərərək, milli şüur və mənliklərinin böyüklüyünü ortaya qoymuşdur.  Toplam 6460 misra olan ”Sazımın sözü” əsəri Türkiyə və Quzey Azərbaycanda da yayımlanmışdır. Bulud Qaraçorlu bu əsəri ilə türk dilinin gücünü isbat etməyə nail olmuşdur. Onun başqa şeirlərində də Vətən sevgisi, azadlıq, milli haqlar yüksək bədii dillə ifadə olunmuşdur. Səhənd həm də Güney Azərbaycan çağdaş poezyasının inkişafında dərin iz buraxaraq bütün şairləri öz ana dilində yazmağa çağırırdı.

Son 60-70 ildə Güney Azərbaycanda yazıb-yaradan şairlərin əsərlərində siyasi motivlər çox inkişaf edib. Pəhləvi dönəmində mübarizə ilə yaşayıb yaradan şairlərdən biri də Əlirza Nabdil (Oxtay) olmuşdur. Onun yaradıcılığı qısa olsa da, əsərləri milli və bəşəri düşüncəmizin yaşam tərzinin inikasıdır. Oxtayın idrak dünyasında döyüş və sənət bir-birindən ayrılmayan ünsürlərdir. Onun idealı və əsərlərinin əsas yönü İnsan və onun ən yüksək dəyəri olan azadlıqdır. Məhz bu xüsusiyyətlər də Oxtayı azadlığa tərəf uzanan yolun yorulmaz yolçusu etmişdi.

Pəhləvi rejimi devrildikdən sonra, qaranlıq buludlar bir qədər yox oldu və Güney Azərbaycan şeirində yeni dönəm başlandı. Həmidə Rəiszadə (Səhər) xanımın ”Mavilər” adlı şeir kitabı yayımlanmaqla bərabər, çağdaş ədəbiyyatımızda yeni atmosfer ortaya çıxdı və ana dilində ədəbiyyatımız yenidən canlandı. O, ”Mavilər” kitabındakı şeirlərində fikir və duyğularında tam dəyişik bir forma və canlı təsvir, təmsil və istiarələr ortaya qoydu, dövrün çağdaş istək və çətinliklərinə toxunmaqla açıq-gizlin dərdlərini, ədəbi və bədii formada cəsarətlə açıqlaya bildi.

Güney Azərbaycanda indiki poeziya özünü fərqli formada göstərməkdədir. Bu gün şairlərin çoxu kütləvi problemləri əks etdirməkdədirlər və Güneydə hakim olan maliyyə sıxıntılarından tutmuş siyasi basqılar, ictimai yürüşlər, kütləvi narazılıq duyğusunu və milliyyətçi düşüncələrini şeirin dili ilə ifadə etməyə cəhd göstərirlər. Son illər Güneydə Tələbə Hərəkatı ortaya çıxdı və bu ortamda tələbələr dayanmadan fərqli nəşrlər yayımlamağa başladılar. Yəni bütün gənc yazıçılar, nə olursa olsun, tam türkcə yazmağa cəhd göstərirlər. Halbuki bütün nəhv quruluşları farsca olmuş və bir sözlə, farsca düşünüb türkcə yazırdılar. Yəni yazılı fəza öz təsdiqini tapmadan, onlar şifahi bir dünyanın ortasına atıldılar.  

İndi Güney Azərbaycanın çağdaş yaradıcılıq durumunu belə xülasə etmək olar:
1. Bəziləri yalnız modern və avanqard bir ədəbiyyatın inkişaf etməsini, bəziləri isə keçmişdəki ədəbiyyatı yenidən qavrayıb, yeni özəlliklər aşılamaqla çağdaşlaşdırmaq tərəfdarıdırlar;
2. Bəziləri ədəbiyyatı şeirdə xülasələndirir, bəziləri isə yalnız və yalnız nəsrdə;
3. Bu gün çağdaş ədəbiyyatımızda işlədilən dil sahəsində bəziləri Türkiyədəki yayğın Anadolu türkcəsini, bəziləri isə Quzey  Azərbaycandakı türkcəni, bəziləri isə ortaq türkcədə yazmağı müdafiə edirlər;
4. Çağdaş ədəbiyyatımızda, həm şeir, həm də nəsrdə olan əsas məzmunlar vətən, azadlıq, sürgünlük, ayrılıq, sevgi, həsrət və bu kimi məzmunlardır. Yazılan əsərlər, özəlliklə şeirdə daha çox milli kimliyə dönüşməkdən və mütləq etirazdan söz açır. Ədəbiyyatımızın daha da inkişaf etməsi üçün ədəbi tənqidçilərə çox ehtiyac var. Yəni gənc yazarların daha da güclənməsi üçün tənqidçinin olması çox önəmlidir. Çünki tənqidçi yazılan əsərlə oxucu arasında bir körpü kimi sayılmaqdadır və yaranan hər sənət  nümunəsinə, özəlliklə ədəbi əsərlərin yeni uğurlarına yol açılmasına çox ehtiyac var. 

Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzi və AMEA-nın Ədəbiyyat İnstitutunun birgə layihəsi olan “Güney Azərbaycan ədəbiyyatı antologiyası (Çağdaş dövr)” bu yaxınlarda Bakıda TEAS Press Nəşriyyat evi tərəfindən nəşr olunub.

Antologiyada son 30 ildə Güney Azərbaycanda yazıb-yaradan yeni ədəbi nəslin 100-ə yaxın istedadlı nümayəndəsinin qısa tərcümeyi-halı və əsərləri toplanıb. Antologiyada xalq şeiri üslubunda, divan ədəbiyyatı tərzində, eləcə də son dövrlərdə Avropada yayılmış çeşidli ədəbi cərəyanların təsiri ilə yazıb-yaradan yazarların şeir və hekayələrinə yer verilib. Topluda geniş oxucu auditoriyasına tanış olan Rüqəyya Kəbiri, Kiyan Xiyav, Səid Muğanlı, Heydər Bayat, İsmayıl Ülkər, Hadi Qaraçay, Nadir Əzhəri, Məhəmmədrza Ləvai, Sayman Aruz, Ülkər Ucqar, Ramin Cabbarlı, Məliha Əzizpur kimi yazarlarla bərabər Toğrul Atabay, Məhəmməd Sübhdil, Murtuza Məcidfər, Nadir Paşazadə və digər ədiblərin də ana dilində olan əsərləri oxuculara ilk dəfə təqdim edilir.

Topluda ötən əsrin 60-cı illərində Avropada formalaşan “Fləş Fikşn” (“Flash fiction”) üslubunda yaranan və minimalizmə, kiçik həcmə əsaslanan nəsr əsərlərinə, özündə postmodernizmin bəzi imkan və açılım-çevrilmələrini əks etdirən şeirlərə də rast gəlmək olar.

İranda yazıb-yaradan yazıçı və şairlərlə eyni zamanda, dünyanın dörd bir tərəfində yaşayan güneyli gənc yazarların əsərlərində ədəbi fikrin mənzərəsi öz rəngarəngliyi ilə seçilir. Gənc şair və yazıçıların şeir və hekayələri yeni mövzu, forma axtarışları və yaradıcılıq eksperimentləri ilə seçilir. Güney Azərbaycan ədəbiyyatında özünəməxsus xüsusiyyətlər ilə birgə, Quzey Azərbaycan şeirinin və bir çox Türkiyə şairlərinin, özəlliklə də Nazim Hikmət şeirinin də üslubu hiss olunur.

Yeni nəsil dil, nəşr və təbliğat imkanlarının məhdudluğuna baxmayaraq Güneydə öz milli varlığını təsdiq edib tanıtdırır, dünya ədəbiyyatının yeni meyillərinə qovuşmaq üçün ədəbi axtarışlarını davam etdirir.

364 səhifədən ibarət olan toplu çağdaş Güney Azərbaycan ədəbiyyatına dair mühüm poeziya və nəsr antologiyasıdır. Nəfis tərtibatla çap olunmuş bu zəngin antologiyanın tərtibatçısı və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlidir. Antologiya Azərbaycan ədəbiyyatı üzrə mütəxəssislər, tələbələr və ədəbiyyatsevərlər üçün nəzərdə tutulub.

MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASINDA ƏDƏBİYYAT

Azərbaycanın dövlət müstəqilliyi əldə etməsindən və dünya dövlətlər birliyi sırasına bərabərhüquqlu üzv kimi qəbul edilməsindən sonra Azərbaycan ədəbiyyatını xalqın inkişaf etmiş toplumlar səviyyəsində yaşaması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, yaxın və uzaq xalqlarla Azərbaycan xalqının dostluq və mədəni əlaqələrinin təbliği, insanpərvərlik və ictimai ədalət kimi əsrlər boyunca klassiklər tərəfindən təbliğ və tərənnüm olunan ümumbəşəri ideyaların yeni — qloballaşma şəraitində daha da inkişaf etdirilməsi problemləri məşğul etməkdədir. Hər cür ideoloji yasaqlardan azad olmuş və bu sahədə qarşıdurmaya bir əsas görməyən bədii təfəkkür sahibləri daha çox nəzəri-estetik rəqabətlə ədəbiyyatın inkişafını şərtləndirirlər. Bu baxımdan son dövr Azərbaycan ədəbiyyatında postmodernist meyllərin mövcudluğunu da qeyd etmək lazımdır. Bununla belə, Azərbaycan ədəbiyyatının başlıca inkişaf meylləri azərbaycançılıq məfkurəsinin tərənnümünə və təntənəsinə əsaslanır. XX əsrin sonu, XXI əsrin əvvəllərində cari ədəbi prosesin canlanmasında, yaradıcılıq aləminə yeni istedadlı müəlliflərin gəlməsində vaxtilə maddi çatışmazlıqlar ucbatından uzun fasilələrlə işıq üzü görən, hətta bağlanmaq təhlükəsi ilə üz-üzə duran ədəbi orqanların: “Azərbaycan”, “Literaturnı Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnallarının və “Ədəbiyyat qəzeti”nin Azərbaycan hökumətinin xüsusi qərarı ilə müntəzəm surətdə ölkənin dövlət büdcəsindən maliyyələşdirilməsinin böyük əhəmiyyəti olmuşdur.

Dövlət müstəqilliyinin bərpa edilməsi Azərbaycanda klassik irsin yeni meyarlarla dəyərləndirilməsi sahəsində bir sıra çox mühüm hadisələrlə əlamətdar oldu. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında “Kitabi-Dədəm Qorqud” eposunun 1300 illik, M.Füzulinin 500 illik yubileylərinin geniş miqyasda keçirilməsi və hər iki tədbirin zirvə toplantılarında dünyanın bir sıra dövlət başçılarının iştirakı azad Azərbaycanda ədəbiyyatın, mənəviyyatın, bütün mədəniyyətin parlaq təntənəsinə çevrildi. Füzulinin 500 illiyi təkcə Azərbaycanda deyil, Türkiyə, İran, İraq, Rusiya, Özbəkistan, Çin və başqa ölkələrdə də geniş qeyd olundu. Sözügedən tədbirlər Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafına da yeni təkan verdi. “Kitabi-Dədəm Qorqud”un elmi-tənqidi mətni və kütləvi nəşrləri, bu möhtəşəm oğuznamə haqqında yeni monoqrafik tədqiqatlar işıq üzü gördü. Füzulinin bütün əsərləri (külliyyatı) 6 cilddə nəşr edildi. Dahi sənətkarın həyat və yaradıcılığına dair fundamental tədqiqatların yeni bir silsiləsi onun istedadının pərəstişkarlarına təqdim edildi. Bu işdə Azərbaycan Milli Elmlər Akademiyasında, o cümlədən Nizami adına Ədəbiyyat İnstitutunda çalışan alimlərin təqdirəlayiq xidmətləri danılmazdır.

2004-cü ildə Azərbaycan ədəbiyyatı nümunələrinin latın qrafikası ilə kütləvi tirajla yenidən nəşr edilməsinə və Azərbaycan Milli Ensiklopediyasının yaradılmasına dair prezident İlham Əliyevin sərəncamları və bu münasibətlə ölkədə geniş miqyasda həyata keçirilən tədbirlər də, eyni zamanda Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin inkişafına, yeni uğurlar qazanmasına böyük təminatdır.

Azərbaycan artıq öz milli mədəniyyəti, ədəbiyyatı və incəsənəti, şəxsiyyətləri ilə dünya meridianlarına çıxır. Prezidentimizin müvafiq fərmanları ilə dünya şöhrətli Bülbülün 100 illiyinin Moskvada, Tbilisidə və Ankarada keçirilməsi, məşhur bəstəkar Qara Qarayevin 80 illik yubileyinin Moskva və Parisdə, görkəmli müğənni Rəşid Behbudovun 80 illik yubileyinin Moskvada, türk xalqlarının ana kitabı olan “Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubileyinin türkdilli dövlət başçılarının və nümayəndələrinin iştirakı ilə Bakıda və Parisdə — UNESCO-nun iqamətgahında yüksək səviyyədə qeyd olunması müstəqil Azərbaycanı yenidən dünyaya tanıtmış, hər bir həmvətənimizin qəlbində milli iftixar duyğuları oyatmışdır. Mədəni irsimizə diqqət və qayğı dövlət səviyyəsində həyata keçirilir, Azərbaycan mədəniyyətinin inkişafı naminə göstərilən xidmətlər yüksək qiymətləndirilir və həvəsləndirilir.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” adlı kitab çap etdirilib. İnstitutun direktoru, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə iki cilddə, iri həcmdə (1890 səh.) hazırlanmış kitab monoqrafik səciyyə daşıyır.

Kitabda müstəqillik dövrü ədəbiyyatının təşəkkülü, formalaşması, ümumi xüsusiyyətləri, müasir inkişaf tendensiyaları araşdırılıb və əsas yaradıcı simalarına oçerklər həsr olunub. Nəşrdə 15 fəsil, onlarla icmal və portret oçerk, yüzdən çox yarımbaşlıq yer alıb. Kitab müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeniliyi, zənginliyi və təkrarsızlığını ortaya çıxarır.

İkicildlik kitabın elmi redaktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı” adlı geniş “Ön söz” məqaləsi ilə açılır. Məqalədə müstəqillik dövrü ədəbiyyatını yetirən ictimai-siyasi və tarixi-mədəni durum səciyyələndirilir. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqını dərin uçurumdan qurtaran xilaskarlıq missiyası və yeni dövr ədəbiyyatının formalaşmasındakı tarixi rolu diqqətə çatdırılır. Müasir ədəbiyyatın layiqli yer tutmasında Prezident İlham Əliyevin Ulu Öndərin quruculuq missiyasını davam və inkişaf etdirməsinə, respublikanın qabaqcıl dünya mədəniyyəti kontekstində təmsil olunmasına böyük önəm verilir. Eyni zamanda məqalədə müstəqillik dövrü ədəbiyyatının xarakteri, tipoloji xüsusiyyətləri, yaradıcılıq prinsip və metodları, inkişaf tendensiyaları və perspektivləri hərtərəfli şərh olunur.

Kitabın birinci cildi “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı 1990-cı illərdə” adlanır və burada müstəqillik ədəbiyyatının təşəkkül mərhələsi “keçid ədəbiyyatı” kimi xarakterizə olunur. “Müstəqillik ədəbiyyatının mövzu və tendensiyaları”, “Qanlı Yanvardan başlanan yol”, “Qarabağ müharibəsinin ədəbiyyatda inikası”, “1990-cı illərdə nəsr” və digər tematik və problematik bölgülər dövrün ədəbi-bədii mənzərəsini təsəvvür etməyə imkan verir.

Kitabın ikinci cildi XXI əsrdən başlayaraq müstəqillik zəminində tam ifadəsini tapan müasir dövr ədəbiyyatından söz açır və “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı müasir mərhələdə” adlanır. Tam plüralizmə, azad yaradıcılıq seçiminə, çoxüslubluluğa meyil edən müasir Azərbaycan ədəbiyyatı burada başlıca olaraq janrlar üzrə nəzərdən keçirilib, ideya-tematik və poetika zənginliyi üzə çıxarılıb.

Müasir Azərbaycan ədəbiyyatında cərəyanlaşma, realizmlə yanaşı, magik realizm, ekzistensializm, dekadans və modernizm, avanqard və postmodernizmin təzahürü qeydə alınıb və kitabda ayrıca nəzərdən keçirilib. Müstəqillik dövründə uşaq ədəbiyyatı, ədəbiyyatşünaslıq və tənqid, müasir nəzəriyyə, Azərbaycan ədəbiyyatının dünyaya inteqrasiyası və əlaqələri məsələləri də ayrı-ayrı fəsillərdə araşdırılıb, təqdim olunub.

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabında icmal oçerklər də geniş yer almaqla yanaşı, əllidən çox yazıçı və şairlər haqqında portret oçerklər də verilib. O cümlədən, ikinci cilddə Hidayət, Kamal Abdulla, Aqil Abbas, Mövlud Süleymanlı və başqaları barədə oçerklər dövr ədəbiyyatını ədəbi simalarda da izləməyə imkan verir.

İkicildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun eyniadlı şöbəsində, digər şöbələrin əməkdaşlarının da fəal iştirakı ilə hazırlanıb. Ümumilikdə, kitab üzərində 45 müəllif işləyib.

Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, məsul redaktoru filologiya üzrə elmlər doktoru Tehran Əlişanoğludur.

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyində Prezident İlham Əliyev alimlərimizə Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə kitab yazmağı tövsiyə edib. Prezidentimizin çağırışına cavab olaraq ərsəyə gəlmiş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun ədəbi-mədəni ictimaiyyətə yubiley hədiyyəsi, eyni zamanda müstəqil dövlətçiliyimizin 25 illiyinə elmi hesabatıdır.

AZƏRBAYCAN ƏDƏBİYYATININ KLASSİKLƏRİ
  • Mənisə xatın Məhsəti Gəncəvi
  • Xaqani Şirvani
  • Nizami Gəncəvi
  • Mirzə Şəfi Vazeh
  • Mirzə Fətəli Axundov
  • Seyid Əzim Şirvani
  • Mirzə Ələkbər Sabir
  • Cəlil Məmmədquluzadə
  • Hüseyn Cavid

Mənisə xatın Məhsəti Gəncəvi (1098-1188)

XII əsr Azərbaycan ədəbiyyatında yeni bir şeir məktəbinin, şeir sərgisinin təsisçilərindən biri olan Mənisə xatın Məhsəti Gəncəvi ədəbiyyatımızda humanizmin yaranması və inkişafında mühüm rolu olan sənətkarlardandır. Şairənin haqqında çeşidli fikirlər mövcuddur. Şairə həm də dünyada dövr nüsxəsi olan “Əmir Əhməd və Məhsəti” dastanının da qəhramanlarından biridir. Yaşadığı dövrdən Məhsətinin əsərlərinin üzü köçürülmüş, divanı yaradılmışdır. Şairənin divanı XV əsrin əvvəlinə kimi olmuş XV əsrin sonunda, deyilənə görə, Abdulla xan Özbək Herat şəhərini tutan zaman şairənin divanı itib batmışdır. Məhsətinin bir rübaisində dediyinə görə o qələmini təkcə gözəl rübailər yaratmaqla sınamamış, həm də qəzəllər və qitələr də yazmışdır. İndiki dövrdə şairənin divanı itmiş sayıldığından onun əsasən rübailərdən ibarət olan şerləri müxtəlif tarixi-ədəbi mənbələrdən, bir də “Əmir Əhməd və Məhsəti” dastanından toplanmışdır.

Məhsəti dövründən başlayaraq şairə haqqında mənbələrdə məlumatlar verilməsinə baxmayaraq böyük rus alimi Y.E.Bertels şairənin dastan qəhrəmanı olduğunu və belə bir şairənin tarixdə yaşamadığı qənaətinə gəlmişdir. Halbuki, şairənin tarixi şəxsiyyət kimi yaşaması böyük Nizaminin “Xosrov və Şirin”inin müqəddiməsində Səlcuq sultanı II Toğrulun mədhindən, həm də Məhsəti ilə həməsr olan böyük sufi şairi Fəridəddin Əttarın “İlahinamə” əsərində verilmiş bir hekayətdən məlum olur.

İlk dəfə XX əsrin 20-30-cu illərində Məhsətidən danışan Mir Abbas Mirbağırzadə şairənin anadan olma tarixini “Əmir Əhməd və Məhsəti” dastanında verilmiş Məhsətinin 20 yaşı olduqda sultan Mahmud Səlcuqi (1117-1132) sarayına yaxınlaşdığından belə nəticəyə gəlmişdir ki, şairə 491-ci ildə (1097-1098) doğulmuşdur. İran müəllifləri də Məhsətidən danışarkən bu tarixi əsas kimi vermişlər. Azərbaycan tədqiqatçıları 1984-cü ildə alman alimi Frits Meyerin “Gözəl Məhsəti” əsərində əksini tapmış, bir maddeyi tarixi verilmiş rübaini şərh edərək həmin tarixin (491 (1097-1098) düzgünlüyünü təsdiqləmişdilər. “Məhsətinin doğum və ölüm tarixləri” adlı məqalə AMEA-nın “Məruzələri” jurnalında çap edilmişdir. Bu vaxta qədər 200-dən artıq müəllif və tədqiqatçı Məhsətidən danışmışdır.

1) İranda Şəhab Tahiri ilk dəfə ayrı-ayrı mənbələrdə olan rübai, qitə və qəzəlləri toplayıb 1957-ci ildə 200-ə yaxın şeir parçasından şairənin ilk divanını tərtib etmişdir.

2) Alman alimi Frits Meyer 1963-cü ildə Almaniyada 20 illik zəhmətin nəticəsi olan “Gözəl Məhsəti” monoqrafiyasını yaratmış, burada 257 rübai və 30-a qədər şeir parçasını toplamışdır.

3) Azərbaycan alimi professor, filologiya elmlər doktoru Xəlil Yusifov “Məhsəti Gəncəvi” əsərini yaratmış, əsərinin sonunda 190-qədər Məhsəti rübaisini öz vəznində əruzla Azərbaycan dilinə tərcümə etmişdir.

4) Rəfail Hüseynov “Məhsəti necə varsa” elmi-publisistik monoqrafiyasını yazıb nəşr etdirmişdir.

Məhsəti o əsrdə dəbdə olan fars dilində yazmışdır. Bu vaxta kimi Məhsətinin “Əmir Əhməd və Məhsəti” dastanından alınmış rübailəri on bir dəfə heca vəzni ilə Azərbaycan dilinə tərcümə edilmişdir. Bundan başqa Məhsətinin rübailəri rus, ingilis, alman, fransız və italyan dillərinə də tərcümə edilmişdir.

Xaqani Şirvani (1126-1199)

Şairin adı İbrahim, atasının adı Əlidir. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü,​ Əfzələddin ləqəbi, Əbu Bədil künyəsi və Şirvani mənsub olduğu yerin adıdır.

Xaqani 1126-cı ildə Şamaxıda anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri və paxılların münasibəti nəticəsində şair həbs edilir. Daha sonralar Xaqani Yaxın Şərq ölkərərində səfərdə olmuş və təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair ömrünün son illərini Təbrizdə keçirmişdir. Xaqani 1199-cu ildə vəfat etmiş və Təbrizin “Şairlər qəbiristanlığı”nda dəfn edilmişdir.

Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şerlər divanı, “Töhfətül-İraqeyn” poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə “Şiniyyə” və “Mədain xərabələri” qəsidələri, “Həbsiyyə” şeirləri və “Töhfətül-İraqeyn” poeması daxildir.

Xaqani əsərlərini fars və ərəb dillərində yazsa da şerə gətirdiyi bir sıra yeniliklərinə və ədəbi-bədii xüsusiyyətlərinə görə Azərbaycan məktəbini təmsil etmişdir.

Xaqaninin əsərlərinə Şərqin bir çox görkəmli şairləri nəzirələr yazmışlar. Şairin bədii irsinin öyrənilməsi ilə Azərbaycan, İran, Rusiya, Hindistan, Pakistan və Qərbi Avropa tədqiqatçıları məşğul olmuşlar. Azərbaycan alimləri akad. Həmid Araslı, Qafqaz Kəndli-Herisçi və Məmmədağa Sultanov şairin həyatını və yaradıcılığını öyrənməkdə dəyərli işlər görmüşlər.

Xaqaninin poetik əsərlərinin müəyyən hissəsinin Azərbaycan dilinə tərcüməsi M.Rahim, Ə.Vahid, M.Mübariz və başqalarına məxsusdur.

Nizami Gəncəvi (1140-1209)

İlyas Yusif oğlu Nizami XII əsrdə Azərbaycan intibah mədəniyyətinin yetişdirdiyi dahi söz ustası, mütəfəkkir filosoflardandır. O, Şərq-Qərb mədəniyyətlərinin cərəyan etdiyi məşhur ipək yolu üzərində yerləşən qədim Gəncə şəhərində doğulmuş, təhsil və yaradıcılıq illəri bu şəhərdə keçmişdir. XI əsrdən Arranın mərkəzi şəhəri olmaq üzrə burada şəhər mədəniyyəti inkişaf etmiş, dövlət sarayı, mədrəsə, tibb, elm ocaqları fəaliyyət göstərmiş, ədəbiyyat, tarix, fəlsəfə, hücum, fiqh və dini elmlər tədris edilmişdir.

Nizaminin ədəbi şəxsiyyəti haqqında ilk bioqrafik məlumatlar şairin ölümündən üç yüz il sonra qeydə alındığı üçün onun yaşı, dəqiq ölüm tarixi, səfərləri, valideynləri, qohumları haqqında mötəbər fikir deyilməmişdir. Bu barədə nə deyilmişsə alimlərin təxmin etdiklərindən başqa bir şey deyildir. Nizami özü atası, babası və anasından ad çəkmişdir.

Nizami başqa sələf və çağdaşları kimi bədii yaradıcılığa qəzəl və qəsidə ilə başlamışdır. Ancaq bu yol onu təmin etməmiş, Firdovsidən sonra XI əsrdən intişar tapmağa başlayan epik roman-dastan yaradıcılığı janrına ciddi meyl göstərməyə başlamışdır. Onun bu yöndə ilk sınaq əsəri “40 yaşının intizarında” ikən yazdığı, “Məxzənül-əsrar” XII əsrdə yaradılmış epik məsnəvi janrının orijinal nümunələrindən biridir. Bu əsərdə hekayət və dastan süjetləri yanaşı və bədii formada işlənmişdir. Hekayə və dastanlar əsərdə epikliyin başlıca əlamətlərini — bədii dil, ifadə və məzmun xüsusiyyətlərini özündə əks etdirir. Məsnəvidə 13 dastan və yeddi hekayət verilmişdir. Bir qayda olaraq dastan və hekayətlər məqalətlərdən sonra gəlib onların irfani-fəlsəfi və əxlaqi məna və rəmzlərinin söz açımına və bədii şərhinə xidmət edir.

“Məxzənül-əsrar” (“Sirlər xəzinəsi”) tovhi və minacaq, peyğəmbərin tərifi və meracı müqəddimələrilə başlanır. Burada Allahın zat və sifətləri, birliyi, yaradıcı olması ixtiraçı və başlanğıc olması, onu tanımaq və tanıtdırmaq üçün H.Məhəmmədi (s) peyğəmbər təyin etməsi, onunla müsəlmanlara hikmət kitabı Qurani-Kərimi göndərməsi və s. məsələlər izah olunur. Kitabın bədii hissələrilə bu müqəddimələr arasında məna-məzmunca sıx bağlılıqlar vardır və Quran ayələrinə işarələr edilmişdir. Nəticə etibarilə, “Sirlər xəzinəsi” dünya, kamil insan və kamil cəmiyyət haqqında dolğun islami bədii əsərdir.

Nizaminin ikinci əsəri “Xosrov və Şirin” 1180-ci ildə Azərbaycan hökmdarı Cahan Pəhləvanın adına yazılmışdır. Şair əsərin mövzusunu islamdan qabaqkı İran tarixindən almışsa da, Firdovsidən bir qədər fərqli nəzmə çəkmişdir. “Xəmsə”yə daxil olan başqa əsərlər kimi “Xosrov və Şirin”də minacat, peyğəmbərin tərif və meracı, padşaha xitab bölmələrilə başlayır. Kitabın tərtibi bəhsində əsərin əsasında duran eşqin fəlsəfi mənasını izah edən şair onu kosmik eşq adlandırır və yazır: “Fələyin eşqdən başqa mehrabı yoxdur…, dünya (başdan-başa) eşqdir (eşq ilə doludur)”. Onun fikrincə “Əgər eşq daşın ürəyinə düşərsə, sevgidən içindəki cövhərə (cəvahirə) əl atar. Maqnitdə eşq olmasaydı dəmiri özünə necə çəkərdi?” – deyən Nizami bu dünyəvi, həqiqi eşqi Xosrov və Şirin surətində dolayısı ilə Turan və İran arasında görmək istəyirdi. Nizaminin Şirini Əfrasiyab nəslindən olan turanlı şahzadə kimi qələmə verməsi buna bir işarə idi. Şair bu istəyini Atabəylər dövlətinin mərasında aşılamaqla sırf siyasi məqsəd güdür.

Nizami bu əsərində eşq və mənəvi təkamül yolu ilə ictimai-siyasi məsələləri həll etmək istəyirsə, Xosrovun eyş-işrət və şöhrətpərəstliklə keçirməsi bu ideyanın həyata keçməsinə mane olur. “Odun oğlu kül olar” məsəlilə oğlu Şiruyənin xəyanətilə öldürülür. Şair bu hadisədən fəlsəfi nəticə çıxararaq təbiət həyatının dövranlarına işarə edir və deyir ki, “Özünü tanı ki, məna yolu ilə, həqqi tanıyarsan, əgər özünü bilsən, fələyin uzaqlığına baxma, o sənin qarşında bir aynadır. Sən iki aləmin toplususan”. Nizami bildirir ki, insan vücudu dörd ünsürdən kamala çatsa da, dörd ünsürün xasiyyət və ixtilaflarından uzaqlaşmalıdır. Bunun üçün o, təbiət hadisələrindən çoxlu misallar verir. İnsan cismani zövqlərə deyil, mənəvi-əqli təkamülə meyl etməlidir.

Nizami bu əsərində təbiətşünas alim kimi ictimai həyat məsələlərini təbiətin fəlsəfəsilə həll etməyə çalışır.

“Xosrov və Şirin” ədəbi-bədii quruluş, dil-üslub baxımından da orijinal məziyyətlərə malikdir. Əsərdə Xosrovla Şirinin deyişmələrini və onların adından Bərbət və Nəkisanın musiqi ahənglərinin müşayiətilə qəzəllər tərənnüm etmələri həyat fəlsəfəsinin musiqi və poeziyanın vəhdətində təcəssüm edildiyinə bir sübutdur.

1188-ci ildə Şirvanşah Axsitanın sifarişilə yazdığı “Leyli və Məcnun” əsərinin mövzusunu islamaqədərki ərəb folklorundan alan Nizami süjetin mərkəzində Ərəbistan təbiətini və bədəvi həyatını saxlamaqla üzri qəbilə həyatında platonik məhəbbətin islamiyyət dövründə keçirdiyi yeni istihalə prosesini qələmə almaq istəmişdir. VIII əsrdən Bağdad şəhərində təsis edilən tərcümə və tədqiq mərkəzi antik və qədim yunan ədəbi-fəlsəfi əsərlərilə tanış etdiyi çağlarda IX-X əsrlərdə rabilər Məcnun və Leylinin eşq məcaraları ilə maraqlanmış və onların hekayətlərini toplamağa başlamışlar. Rəvayətlərdə gedən islamlaşma prosesi də bu dövrlərdə baş vermişdir.

İslamiyyət dövründə ictimai əxlaq eşqin qəzəllər vasitəsilə xalq arasında faş edilməsini təhqir və yolverilməz saydığı halda, üzrilərin həyatında eşqin üluhiyyəti hər məhdudiyyəti rədd edir. İslamda isə bu hal sərsərilik və “dəlilik” kimi qəbul olunur. Nizami eşqi intibah fəlsəfəsi baxımından təbiətin başlıca qanunu kimi izah edir və deyir ki, bu eşqlə müxalifət mümkünsüzdür. Məcnun Kəbədə də, səhrada da, göylərdə də eşqin cari olduğunu görür, Kəbədən də, ulduzlardan da eşqinə himayəçi olmağa çağırır.

Məcnunun təbii eşqi qəbilə adət-ənənələrinin maneəsindən keçə bilmədiyi üçün nakamlığa uğrayır. Əsərdə yeniliklə, yeni intibah həyatı və təfəkkürü ilə köhnəliyin, cahiliyyətin arasındakı kəskin ziddiyyətlərə ciddi diqqət yetirilir və bu hal intibahın ilk dövrləri üçün çox səciyyəvidir.

Nizami bu poemasının müqəddimə hissələrində Axsitanın poemanı ərəb-farsın söz incilərilə əsəri zinətləndirmək, türksayağı deyim və xasiyyətləri kənara qoymaq haqqındakı fikirlərinə ciddi etiraz edir və Leyli ilə Məcnunu ərəblər içərisində yaşayan türk deyimli türklər adlandırır. Bu fikirlər şübhəsiz XII əsrdə Azərbaycan intibahının səciyyəvi xüsusiyyəti idi.

“Leyli və Məcnun” kimi Nizaminin Marağa hakimi Ağsunqur Körpə Arslanın adına 1197-ci ildə yazdığı “Həft peykər” (“Yeddi gözəl”) poeması süjeti Sasani hökmdarlar sülaləsi tarixindən alınmış intibah əsəridir. Əsərin məzmunu VIII-X əsrlərdə islam intibahı dövründə antik Midiya-Yunan bədii-fəlsəfi mədəniyyətlərinin sintezləşdiyi eşq, sosial həyat və dövlətçilik məsələləri üzərində qurulmuşdur. Burada da eşq “Xosrov və Şirin”də, “Leyli və Məcnun”dakı kimi irəli sürülən kosmik-dünyəvi eşqdir. Bu eşq hər yerdə öz təbiətinə görə ziddiyyətləri aradan götürüb tərəflər arasında sülh və bərabərlik yaradır.

Poemada kosmik aləm yeddi gümbəz modelində yerdə bərqərar olunur. Yeddi planeti təmsil edən bu gümbəzlərin hər biri öz rənginə və xasiyyətinə görə insanın daxili və xarici bədən üzvlərinin hər birinin xasiyyəti və əməlinə uyğunlaşdırılır. Bununla da insanın əxlaqi gözəllik və qüsurları üzə çıxarılır. Bu konsepsiyaya görə insan mənşəyinə görə hissi (maddi) və əqli (mənəvi-ruhi və ya əqli-nəfsi) aləmlərin vəhdəti kimi götürülür.

“Yeddi gözəl”də Farabinin “Fəzilətli adamların şəhəri” adlı əsərinin güclü təsiri olmuşdur. Orada da bədən şəhərə, ölkəyə oxşadılmışdır. Bu əsərdə antik zərdüşti və yunan naturfəlsəfi fikrinin konsepsiyası öz bədii ifadəsini tapmışdır.

1200-1203-cü illərdə yazıldığı təxmin edilən “İsgəndərnamə” şairin arzusu ilə çox sevdiyi Nüsrətəddin Əbubəkrə ithaf edilmişdir. Bu əsərin də mövzusu İran-Yunan müharibələri tarixçəsindən alınmışdır. Bu da şərq intibahının başlıca xüsusiyyətidir.

Bu əsərdə Nizaminin məqsədi müharibələrin təfsilatı deyil, bəlkə yunanların şərq mədəniyyətlərilə tanışlığı və bu yol ilə iki mədəniyyətin sintezləşməsidir. İsgəndər İran təşkədərlərini yandırarkən yanındakı filosofların təkidləri ilə dəri üzərində yazılmış “Avesta” mətnlərini Yunanıstana göndərib tərcümə edilib öyrənilməsini tövsiyə edir. Antik yunan alimlərinin muğların naturfəlsəfi nəzəriyyələrinin öyrəndiklərini və onları iqtibal etdiklərini yunan alimləri özləri təsdiq etməkdədir. İsgəndər Nizaminin yazdığına görə öz Vətənində görmədiyi bir çox mədəniyyət və cəmiyyətlərilə bağlı real hadisələrə həyatın möcüzələri kimi baxır. O, yol boyu müxtəlif ölkə, xalq və mədəniyyətlərlə üzləşir, hind çarbaklarının təlimlərilə tanış olur, şimala doğru qayıdarkən almaz çölünə gəlib çıxır, əsgərlər almaz parçalarını yığıb torba-torba özlərilə daşıyırlar. Əsərdə ən əhəmiyyətli mədəni hadisə İsgəndərin “başçısızlar” ölkəsinə gəlib çıxmasıdır. O, buradakı adamların həyatı, düşüncəsi, bərabərliyə dayanan ictimai idarə üsulunu görüncə heyrət edir. Nəhayət İsgəndərin şimal zülmətində dirilik suyunun olması xəbərini eşitməsi və oraya yol tapmaq istəməsidir. Ədəbi dirilik vasitələrinin axtarışı ən qədim mədəniyyətlərə, bu sırada şumer dastanlarında mövcud olmuşdur. Şumer dastanında da ölümsüzlük çarəsi şərqdə, ehtimal ki, Xəzər, ya Urmu gölündəki adamların birində aranır. Onun çarəsini bu adada sakin olan Uminanitdin bilir. Zərdüşti ənənəyə görə ölümsüzlüyün dərmanı “Hoym” bitkisidir.

İsgəndər Xızır peyğəmbərlə zülmətə gedərkən yolu azır, Xızır isə əbədiyyət suyunu tapıb içir və bu haqda İsgəndərə xəbər verir.

Beləliklə, İsgəndər Yunanıstanda deyil, şərqə səyahətləri dövründə görüb öyrəndiyi şərq mədəniyyətləri, şərq elmi-fəlsəfi dünyagörüşü nəticəsində əqli təkamülün zirvəsi olan peyğəmbərlik məqamına yüksəlir. Bu cəhətdən “İsgəndərnamə” Nizaminin bədii-fəlsəfi yaradıcılığında son kamil intibah əsəridir.

Mirzə Şəfi Vazeh (1794-1852)

Mirzə Şəfi Vazeh XIX əsrin birinci yarısı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir.

Şəfi 1794-cü ildə Gəncə şəhərində kiçik sənətkar — bənna ailəsində anadan olmuşdur. O, burada mədrəsədə dini təhsil almış, ərəb və fars dillərini kamil öyrənmiş və klassik Şərq ədəbiyyatının məşhur şairlərinin əsərlərinə bələd olmuşdur. 30-cu illərin əvvəllərində Mirzə Şəfi Gəncə mədrəsəsində müəllimlik etmiş, əsasən uşaqlara nəstəliq dərsi öyrətmişdir. Gözəl bədii istedadı olan və klassik Şərq şairlərinin irsinin ideya-bədii məziyyətlərinə dərindən bələd olan Mİrzə Şəfi gənc yaşlarından bədii fəaliyyətə başlamış və Vazeh təxəllüsü ilə şerlər yazmışdır.

1840-cı ildə Mirzə Şəfi Tiflis şəhərinə gəlmiş və burada quberniya ibtidai məktəbində Azərbaycan dili üzrə müəllimlik vəzifəsində çalışmışdır. 1846-cı ildə o, Gəncəyə qayıtmış bu şəhərdə yeni açılmış məktəbdə müəllimlik etmişdir. Dörd ildən sonra Vazeh yenidən Tiflisə qayıtmış və Tiflis zadəgan gimnaziyasında Azərbaycan və fars dilləri üzrə müəllimlik vəzifəsini icra etmişdir.

Mirzə Şəfi 1852-ci ildə vəfat etmiş və Tiflisdə müsəlman qəbiristanlığında dəfn olunmuşdur.

Vazeh 1844-cü ildə Tiflisdə “Divani-hikmət” adlı ədəbi məclis təşkil etmişdi. Məclisdə bu illərdə Tiflisdə yaşayan və xidmət edən görkəmli Azərbaycan şairləri Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və başqa şairlər iştirak etmişdilər. Bu zaman Tiflis zadəgan gimnaziyasında müəllimlik edən alman şairi və tərcüməçisi Fridrix Bodenşted Mirzə Şəfi ilə yaxından tanış olmuş, ondan fars dilini öyrənmiş və məclisin fəal üzvlərindən bir olmuşdur. 1846-cı ildə Bodenşted Almaniyaya qayıdarkən Mirzə Şəfi Vazehin əlyazma şeirləri divanını da özü ilə aparmış və onun şeirlərini alman dilinə tərcümə edərək onların bir qismini 1848-ci ildə nəşr etdirdiyi “Min bir gecə” kitabında, 1851-ci ildə isə tam şəkildə “Mirzə Şəfinin şərqiləri” adı altında çap etdirmişdir. Tezliklə Vazehin şerləri Almaniyada geniş yayılmış və onlar alman oxucularını heyran etmişdir. Mirzə Şəfinin tezliklə fransız, ingilis, rus və başqa xarici dillərə tərcümə edilib, nəşr olunmuş və o, qüdrətli bir şair kimi dünya şöhrəti qazanmışdır.

Gənclik illərində ömrünün sonuna qədər ardıcıl bədii fəaliyyətlə məşğul olan Mirzə Şəfi Vazeh klassik şərq poeziyasının görkəmli nümayəndələrinin, xüsusən, Hafiz, Sədi, Rumi və Füzulinin təsiri altında qəzəl, müxəmməs, rübai, qitə, həcv janrlarında yüksək ideya-bədii məziyyətləri ilə seçilən şeirlər yazmış, qiymətli bir irs yaratmışdır. Lakin onun şeirlərinin az bir qismi bizə çatmışdır. Onların əksər hissəsini alman dilində tərcümələri təşkil edir.

Mirzə Şəfi Vazeh şeirləri mövzu və ideya məzmununa görə müxtəlif səciyyə daşıyır. Onların mühüm bir hissəsi məhəbbət mövzusuna həsr olunub. Onlardan zəngin mənəvi aləmlə seçilən aşiqin öz məhəbbəti ilə əlaqədar keçirdiyi hiss və həyəcanları, sevinc və iztirabları təsvir və tərənnüm olunmuşdur. Bu lirik şeirlərdə dünyəvilik, həyata optimist münasibət özünü bariz göstərir. Vazehin lirik şeirlərinin bir qismində isə ilahi məhəbbət, dini-mistik ideyalar, şərq pantizmi motivləri əks olunmuşdur.

Vazehin tənqid-satirik ruhda qələmə alınmış şeirləri vardır. Bu şeirlərində şair feodal cəmiyyətinin ictimai nöqsanları, ifrat dini fanatizm, dindən öz əksi mənafeyi üçün istifadə edən riyakar, nadan ruhanilər tənqid olunub.

Mirzə Fətəli Axundov (1812-1878)

Mirzə Fətəli Axundov yeni dövr Azərbaycan ədəbiyyatı və ictimai, siyasi və fəlsəfi fikrinin inkişafında mühüm rol oynayan görkəmli yazıçı, mütəfəkkir və ictimai xadimdir.

Fətəli 1812-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdur. O, ilk təhsilini mollaxanada almışdır. 1818-ci ildə Fətəli anasının əmisi Axund Ələsgərin himayəsi altına keçibdir. Dövrünün görkəmli ruhanisi olan Axund Ələsgər kiçik Fətəlinin ağıllı, fərasətli bir uşaq olduğunu görüb, onun təhsil və tərbiyəsi ilə şəxsən məşğul olmuş, ona fars və ərəb dillərini, quranı, dini-fəlsəfi elmlərini öyrətmiş, klassik şərq ədəbiyyatının görkəmli nümayəndələrinin irsi ilə tanış etmişdir.

1832-ci ildə Axundov Gəncə şəhərində mədrəsədə dini təhsilini davam etdirmiş və burada müəllimlik edən şair Mirzə Şəfi Vazehlə onun arasında sıx dostluq əlaqəsi yaranmışdır. İstedadlı, azad fikirli şair olan Mirzə Şəfi Vazeh gənc Fətəlinin dünyagörüşünə qüvvətli təsir göstərmişdir. Bu təsirin sayəsində Axundov ruhani olmaq niyyətindən əl çəkmiş və ömrünü dünyəvi işlərə həsr etmək qərarına gəlmişdir.

1833-cü ildə M.F.Axundov Şəkidə ibtidai rus məktəbində oxumuşdur. 1834-cü ildə o, Tiflisdə Rusiyanın Qafqaz baş dəftərxanasında Şərq dilləri üzrə tərcüməçi vəzifəsində xidmət etməyə başlayır. Bu ildən ta ömrünün sonuna qədər Qafqazın baş hakimləri yanında mülki işlər, eyni zamanda müəyyən bir müddətdə diplomatik və hərbi işlər üzrə tərcüməçi vəzifəsində çalışmışdır.

M.F.Axundov Tiflisdə çox mənalı və əlamətdar bir mühitə düşmüşdür. O, burada Şərq ədəbiyyatı, fəlsəfəsi, tarixi sahəsində biliklərini olduqca təkmilləşdirmişdir. O, eyni zamanda yeni dövr Qərbi Avropa və rus ədəbiyyatı, mədəniyyəti, ictimai-siyasi, fəlsəfi fikrinin və dünyəvi elmlərinin nailiyyətlərinə yiyələnmişdir.

M.F.Axundov xidmət illərində bir şair, dramaturq, nasir, ədəbiyyat tənqidçisi, filosof və sosioloq kimi qızğın və səmərəli fəaliyyət göstərmiş, zəngin və rəngarəng bir irs yaratmışdır.

1857-ci ildən ta ömrünün sonuna qədər M.F.Axundov əvvəl islam əlifbasının islahı, 70-ci illərin əvvəllərindən isə onun latın əlifbası ilə əvəz olunması uğrunda fəal və cəsarətlə mübarizə aparmış və ərəb əlifbasının ilk “reformatoru” kimi Yaxın Şərq və Avropa ölkələrində tanınmışdır.

Böyük Azərbaycan yazıçısı mütəfəkkiri və ictimai xadimi M.F.Axundov 1878-ci il fevralın 26-da (yeni təqvimlə martın 10-da) vəfat etmiş və Tiflisdə dəfn olunmuşdur.

M.F.Axundov gənclik illərində şair kimi fəaliyyətə başlamış və ömrünün sonuna qədər vaxtaşırı poetik yaradıcılığını davam etdirərək həm klassik şeir, həm də xalq şeiri üslubunda Azərbaycan və fars dillərində Səbuhi təxəllüsü ilə qoşma, gəraylı, müxəmməs mənzum məktublar, satirik və əxlaqi-didaktik şeirlər, qəsidələr yazmışdır. Onun poetik irsində dahi rus şairi A.S.Puşkinin ölümünə həsr olunmuş “Şərq poeması”, öz yaxın sələfləri M.P.Vaqif və Q.Zakirin təsiri altında yazdığı qoşma və müxəmməsləri İran hökmdarı Nəsrəddin şahın vəzirlərini kəskin tənqid atəşinə tutan “Yeni əlifba haqqında” satirası və didaktik səciyyə daşıyan şeirləri xüsusi əhəmiyyət kəsb edir.

M.F.Axundov Azərbaycan ədəbiyyatında bir dramaturq kimi böyük, misilsiz xidmət göstərmiş, geniş şöhrət qazanmışdır. Yüksək komik istedada malik olan Mirzə Fətəli XIX əsrin 50-ci illərin əvvəllərində “Hekayəti-Molla İbrahimxəlil kimyagər” (1850), “Hekayəti müsyö Jordan və dərviş Məstəli şah”, “Cadügini-Məşhur” (1850), “Hekayəti-Xırs quldurbasan” (1851), “Sərgüşəti-vəziri-xani Lənkəran” (1852), “Hekayəti-mərdi xəsis” (1852), və “Mürafiə vəkilləri” adlı komediyalar yazmış, Azərbaycan ədəbiyyatında milli dramaturgiyanın mükəmməl əsaslarını qoymuşdur. Öz altı komediyası ilə o, Azərbaycan ədəbiyyatının real həyatla əlaqəsini olduqca qüvvətləndirmiş, onu öz dövrünün mühüm aktual ictimai, sosial və mənəvi məsələləri ilə əlaqəsini, xalqın zəruri tələb və ehtiyacları ilə bağlı olan yeni məzmun, yeni ideyalar gətirmiş və milli ədəbiyyatımızda yeni, realist ədəbiyyatın əsaslarını qoymuşdur. O, komediyalarında Azərbaycan xalqının 30-50-ci illər dövrü həyatı, ailə-məişət xüsusiyyətləri, sosial və mənəvi vəziyyəti təsvir etmiş, müxtəlif ictimai təbəqə və zümrələrin dolğun, parlaq, rəngarəng surət və tiplərini yaratmışdır.

M.F.Axundov bir komedioqraf kimi öz Vətəni və Yaxın Şərq müsəlman ölkələrində, eləcə də Rusiya və Qərbi Avropa ölkələrində tanınmış, şöhrət tapmışdır.

M.F.Axundov 1857-ci ildə “Aldanmış kəvakib” povestini yazmış və Azərbaycan ədəbiyyatında yeni tipli bədii nəsrin ilk əsaslarını qoymuşdur. Povestdə o, Avropa maarifçilərinin “dünyanı sağlam aqil idarə edir” konsepsiyasından çıxış edərək müasir olduğu İran feodal-despomik üsul-idarəsinin ictimai nöqsanlarının, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutmuş və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ etmişdir. Axundovun “Aldanmış kəvakib” povesti dünya maarifçi nəsrinin orijinal və parlaq nümunələrindən birini təşkil edir.

Keçən əsrin 50-70-ci illərində Azərbaycan və fars dillərində bir silsilə olduqca uğurlu ədəbi-tənqidi məqalələr yazmış və Azərbaycan ədəbiyyatında ədəbi-tənqidi təşəkkül sahəsində də misilsiz xidmət göstərmişdir.

Tənqidçi-formalist və dini-mistik ədəbiyyatının kəskin tənqidi və yeni, realist ədəbi prinsiplərin təbliği onun ədəbi-tənqidinin və estetik görüşlərinin əsas məzmun və problemlərini təkşil edir.

M.F.Axundov XIX əsrin 60-70-ci illərində filosof və sosioloq kimi də fəal, məhsuldar fəaliyyət göstərmiş, “Kəmalüddövə məktubları” fəlsəfi traktantını “Həkim ingilis Yuma cavab”, “Con Stuart milli azadlıq haqqında”, “Mollayi-Rumi və onun təskifi” və başqa fəlsəfi-sosioloji əsərlərini yazmışdır. O, bu əsərlər ilə Azərbaycan və Yaxın Şərq müsəlman ölkələrinin fəlsəfi, siyasi, ictimai və sosial fikrində də əsaslı bir dönüş yaratmış, maarifçilik ideologiyasının ilk mükəmməl əsaslarını qoymuşdur.

M.F.Axundovun fəlsəfi traktatında və başqa fəlsəfi əsərlərində dünya maarifçilik ideologiyasının əsas tipik xüsusiyyətləri geniş, dərin, parlaq əksini tapmışdır. XVIII əsrin Qərbi Avropa ölkələri maarifçiliyinin və XIX əsrin 40-60-cı illər rus maarifçiliyinin görkəmli nümayəndələri kimi Axundov da fəlsəfi-sosioloji əsərlərində feodal despotik üsulidarəsinə, feodal dövlət və idarə sisteminə, feodal ictimai, sosial münasibətləri və hüquqi təsisatlarına, feodalizm ideoloji və mənvi dayağı olan dinə və orta əsrlər dini-ideologi baxımlara, sosioloji təhsilə və təlim-tərbiyə üsullarına qarşı çıxmış və yeni dövlət qurumunun-parlament üsul-idarəsini, yeni iqtisadi, ictimai, sosial, münasibətləri və qayda-qanunlarını, yeni liberal-demokratik görüşləri, yeni mənəvi-əxlaqi görüşləri, Avropa ölkələrinin yeni dövr elmi-mədəni nailiyyətlərini qızğın təbliğ etmişdir.

M.F.Axundov Azərbaycan və Yaxın Şərq müsəlman xalqlarının yeni dövr ədəbi-fəlsəfi fikrinin inkişafı tarixində müstəsna yer tutan bir yazıçı və filosof kimi tanınmış və şöhrət qazanmışdır. O, eyni zamanda ümumən dünya maarifçilik ideoloji cərəyanı parlaq nümayəndələrindən biri hesab olunur.

Seyid Əzim Şirvani (1835-1888)

XIX əsr Azərbaycan ədəbiyyatında istedadlı lirik və satirik şair kimi tanınır. O, həm də maarifçi şeirləri və mənzum hekayələri, təmsilləri ilə məşhurdur. Seyid Əzim 1835-ci il iyulun 10-da Şamaxıda doğulmuş, lakin 7-8 yaşında ikən atası Seyid Məhəmməd vəfat etdiyi üçün anası ilə birlikdə Dağıstanda yaşayan babası Molla Hüseynin yanına köçərək 10 il orada yaşamış, ilk təhsilini də Dağıstanda almışdır. 1835-ci ildə 18 yaşında ikən Şamaxıya qayıtmış və ömrünün sonunadək burada yaşayıb ədəbi və elmi-pedoqoji fəaliyyət göstərmişdir. Yəni həm özü məktəb açaraq dərs demiş, həm Şamaxı Ruhani məclisinin nəzdində Səid Əfəndi Ünsizadənin açdığı “Məclis” məktəbində əvvəl müəllim, S.Ünsizadə Tiflisə köçdükdən sonra ona rəhbərlik etmişdir. 1877-ci ildən isə eyni zamanda Şamaxı şəhər məktəbinə şəriət və ana dili müəllimi təyin olunmuşdur. Pedoqoji fəaliyyəti zamanı əldə etdiyi təcrübəyə əsasən iltisav məktəb şagirdləri üçün dərslik yazmış, lakin onun nəşri üçün göstərdiyi bütün cəhdlər puça çıxmışdır. Seyid Əzimin bu dərsliyinin nəşr edilməsinə o zamankı Çar hökuməti idarələri icazə verməmişlər.

S.Ə.Şirvani XIX əsrdə nəşr olunan milli mətbuat orqanlarının hamısında — “Əkinçi” (1875-1877), “Ziya (Ziyayi-Qafqasiyyə)” (1879-1884) və “Kəşkül” (188 -1891) maarifə çağırış, əxlaqi, didaktik ruhlu şeirləri və məqalələri ilə əməkdaşlıq etmişdir. Lakin şair “Əkinçi” qəzetinin nəşrini Azərbaycan ictimai-mədəni mühitində parlaq bir hadisə hesab edib şeirlə təbrik məktubu göndərsə də, qəzetin təbliğ etdiyi ictimai ədəbi və mədəni ideyaların mahiyyətini dərk edib mənimsəmək üçün ona təxminən bir il vaxt lazım olmuşdur; 1876-cı ilin ortalarından Seyid Əzimin dövrünə görə qabaqcıl, maarifçi ruhlu şeirləri “Əkinçi” qəzetində, sonra isə “Ziya (Ziyayi-Qafqasiyyə)” və “Kəşkül”də tez-tez çap edilmişdir. Beləliklə, o, ədəbiyyat tarixində həm də maarifçi şeirlər müəllifi kimi tanınmışdır.

Seyid Əzim Şamaxıda fəaliyyət göstərən “Beytüs-Şəfa” adlı ədəbi məktəbə rəhbərlik etmiş, eyni zamanda Bakı, Qarabağ, Lənkəran və digər mədəni mərkəzlərdəki ədəbi məclislərin üzvləri ilə yaradıcılıq əməkdaşlığı etmiş, onlarla şeirləşmişdir. S.Ə.Şirvani dərin məzmunlu, yüksək ideya-estetik keyfiyyətə, incə lirizmə malik qəzəlləri, habelə realist ruhlu əsərləri ilə müasirlərindən seçilir. Onun satirik şeirləri özünün ideya-bədii keyfiyyəti ilə Azərbaycan ədəbiyyatında satiranın formalaşaraq ictimai məzmun qazanmasına səbəb olmuşdur. Şirvani təzə bəyləri, “Qazı saqqalını yandırır”, “Müstəhidin təhsildən qayıtması” və s. satiraları yüksək qiymətləndirilir… Şairin “Şirvan xanlığının tarixi” adlı bir elmi əsəri də var.

S.Ə.Şirvani 1888-ci ildə Şamaxıda vəfat etmişdir. Onun əsərləri kitab halında dəfələrlə çap olunmuş, haqqında çoxlu məqalə, dissertasiya və monoqrafiyalar yazılmışdır. Şairin həyat və yaradıcılığı orta və ali məktəblərdə də öyrənilir.

Mirzə Ələkbər Sabir (1862-1911)

Azərbaycan ədəbiyyatı tarixində sözün həqiqi mənasında milli şair kimi şöhrət tapan M.Ə.Sabir 1862-ci il may ayının 30-da Şamaxı şəhərində anadan olmuşdur. İbtidai təhsilini əvvəlcə mollaxanada, sonra S.Ə.Şirvaninin açdığı məktəbdə alan Ələkbər yaradıcılığa erkən yaşlarından başlamışdır. Onun ilk qələm təcrübələrini də elə müəllimi, məşhur şair Seyid Əzim təqdir və redaktə etmiş, ona özünün ustad məsləhətlərini vermişdir. Ələkbər “Sabir” təxəllüsü ilə şeirlər yazmışdır. Ancaq şairin XX əsrin ruhundan və tələbindən doğan çağırış ruhlu ilk mətbu şeirləri 1903-cü ildə “Şərqi-Rus” qəzetində çıxmışdır.

1905 və 1906-cı illərdə “Həyat” qəzetində ictimai məzmunlu və “Bir məclisdə on iki kişinin söhbəti” adlı satirik şeirlərini çap etdirmişdir. Ancaq Sabirin şairlik qüdrəti və şöhrəti “Molla Nəsrəddin” jurnalının səhifələrində kamala çatmışdır. Jurnalda “Millət tarac olur, olsun, nə işim var?!” satirası ilə iştiraka başlayan Sabir öz yaradıcılığı ilə inqilabi satirik ədəbi məktəbinin əsasını qoymuş, bu məktəbə başçılıq etmişdir. “Molla Nəsrəddin” jurnalının geniş şöhrət tapmasında da Sabir poeziyasının xüsusi rolu olmuşdur. O, həm “Molla Nəsrəddin” jurnalında, həm də “Bəhlul”, “Zənbur”, “Həyat”, “İrşad”, “Təzə həyat”, “Səda”, Həqiqət”, “Günəş”, “Yeni həqiqət” kimi mətbuat orqanlarında “Hop-hop”, “Güləyən”, “Ağlar güləyən”, “Çayda çapan”, “Qabaqda gedən zəncirli”, “Məczub”, “Nizədar”, “Yetim qızcıq” “Qoca iranlı” və s. satirik gizli şeirlər çap etdirmişdir.

Sabirin əsərləri (uşaq şeirləri) “Dəbistan”, “Rəhbər” jurnallarında, “Birinci il”, “İkinci il”, “Yeni məktəb” dərsliklərində də dərc edilmişdir. Sabirin “Fəxriyyə”, “Satıram!”, “Bura say!..”, “Oxutmuram, əl çəkin!..”, “Pula təvəccöh”, “Xəsisin heyfi, varisin keyfi”, “Nəfsin qəzəti, əqlim mərəzi”, “İstiqbalımız lağlağıdır”, “İstiqbal bizimdir”, “Şəkibai”, “Ruhum!” və s. şeirləri də məşhurdur. O, satirik şeirlərlə yanaşı, dövri mətbuat orqanlarında (“Həyat”, “İrşad”, “Təzə həyat” və s. qəzetlərdə) publisistik məqalələr və müxtəlif yazıları ilə də çıxış etmiş, dövrünün mühüm ictimai-milli problemlərini qaldırmışdır. Buraya “Qeyrət”, “İslamiyyətin insaniyyətpərvərliyi”, “Cümə”, “Zaman nə istəyir?! Amma biz…” və s. məqalələr daxildir. Sabir həmçinin yüksək sənətkarlıqla yazılmış felyetonların da müəllifidir.

M.Ə.Sabir bədii yaradıcılıqla yanaşı, 1908-ci ildə imtahan verərək müəllimlik hüququ aldıqdan sonra Şamaxıda “Ümid” adlı məktəb açıb orada, sonra isə Bakının Balaxanı kəndindəki camaat məktəbində müəllim işləmişdir. O, Şamaxıda kitabxana-qiraətxana təşkilində, teatr tamaşalarının hazırlanması və s. mədəni-kütləvi tədbirlərdə də fəal iştirak etmiş, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın vurduğu yaraların aradan qaldırılması üçün həm bədii yaradıcılığı, həm də əməli fəaliyyəti ilə əsl vətəndaş kimi çalışmışdır.

M.Ə.Sabir 1911-ci il iyun ayının 12-də qaraciyər xəstəliyindən vəfat etmişdir. Onun əsərləri “Hophopnamə” adı ilə kitab halında dəfələrlə nəşr olunmuş, haqqında çoxlu elmi məqalə, monoqrafiya və dissertasiya yazılmışdır.

Cəlil Məmmədquluzadə (1866-1932)

Adı dünya ədəbiyyatı klassikləri ilə yanaşı çəkilən Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə XX əsrin əvvəllərində Azərbaycanda tənqidi realizm ədəbi məktəbinin, inqilabi demokratik və satirik istiqamətli “Molla Nəsrəddin” jurnalının yaradıcısı olmuş, milli ədəbiyyatda yeni bir yol açmış, novator yazıçı, dramaturq, jurnalist, ədəbiyyat və mədəniyyət xadimi kimi şöhrətlənmişdir. Humanizm, demokratizm və azadlıq ideyalarının carçısına çevrilmişdir.

C.Məmmədquluzadə Azərbaycanın qədim Naxçıvan şəhərində andan olmuş, oxumuş, ərəb, fars dillərini öyrənmiş, Gürcüstanın Qori şəhərində Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirmişdir (1882-1887). Burada Şərq və Avropa mədəniyyətini, V.Şekspir, M.Volter, V.Hüqo, A.S.Puşkin, L.Tolstoy, N.Qoqol və başqa sənətkarların yaradıcılığını öyrənmiş, özü də görkəmli yazıçı, dramaturq kimi tanınmışdır.

Kiçik hekayəçiliyin böyük ustası, kamil komediyalar müəllifi, görkəmli jurnalist, vətəndaş, ziyalı olan C.Məmmədquluzadə Güney, Quzey Azərbaycanın taleyini düşünür, xalqın azadlıq arzularını, ağır həyat tərzini əks etdirir, onu müstəmləkə halına salan qonşu ölkələri, istismar edən qüvvələri, ictimai geriliyi, ətaləti, fanatizmi tənqid atəşinə tuturdu.

1905-ci ildən Tiflisdə “Şərqi-Rus” qəzetində çalışması, yaratdığı “Qeyrət” mətbəəsində inqilab və azadlıq mövzularında əsərlər, şüarlar buraxması, xalq həyatını, ictimai-siyasi hadisələri dərindən öyrənməsi onu yeni görüşlü sənətkar kimi yetişdirdi. 1905-ci il hadisələrinin təsiri ilə yeni-yeni, çeşidli əsərlər yaratdı. “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Rus qızı”, “Konsulun arvadı”, “Qurbanəlibəy” və onlarca başqa hekayələri Azərbaycan və Yaxın Şərq xalqları ədəbiyyatında yeni bir hadisəyə çevrildi. “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı”, “Kamança” kimi komediyaları ədəbiyyatda yeni bir səhifə açdı, uzun zaman Azərbaycan səhnəsində oynanıldı. “Ölülər” Türkiyə, Rusiya və İranda, Orta Asiya, Volqaboyu, Şimali Qafqaz türk xalqları teatralında da uğur qazandı, yeni ədəbiyyat və sənət adamlarının yetişməsinə kömək etdi.

Azərbaycanın ictimai fikrində, ədəbiyyat və mədəniyyət tarixində C.Məmmədquluzadəyə şöhrət gətirən bir cəhət də onun O.F.Hemanzadə, Ə.Qəmküsar və başqa amal, əməl dostları ilə birlikdə 1906-cı ildən başlayaraq 30 il Tiflis, Təbriz, Bakı kimi böyük şəhərlərdə inqilabi, satirik “Molla Nəsrəddin” jurnalını nəşr etməsidir. Bu jurnal xalqın milli-mənəvi, ədəbi-mədəni inkişafında, intibahında böyük rol oynadı. Yaxın Şərq xalqlarının inkişafına da müsbət təsir göstərdi.

Onun əsərləri yüz min tirajla çap olunub. 1966-cı ildə ədibin doğum gününün 100 illik yubileyi UNESCO-nun qərarı ilə dünya miqyasında keçirildi. C.Məmmədquluzadə bu gün Azərbaycanın müstəqilliyi dövründə də bizimlədir.

Hüseyn Cavid (1882-1941)

Hüseyn Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə Naxçıvan şəhərində anadan olmuş, 5 dekabr 1941-ci ildə İrkutsk vilayətində sürgündə vəfat etmişdir.

Azərbaycanın görkəmli şairi, dramaturqudur. Naxçıvanda ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda mollaxanada, orta təhsilini görkəmli ziyalı, müəllim M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır (1894-98). Klassik üslublu ilk şeirlərini “Gülçin” və “Salik” imzaları ilə burada yazmışdır. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin Talibiyyə məktəbində təhsilini davam etdirmişdir. İstanbul universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.

Şərq mədəniyyəti, Azərbaycan klassik poeziyası, dərin mənəvi-fəlsəfi örnəklər Cavid yaradıcılığını qidalandıran tələblərdir. O, XX əsr Azərbaycan romantizminin banilərindən biridir.

Cavid sənəti bədii növ, janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. “Keçmiş günlər” adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur. Yaradıcılığının ilk dövrlərində ictimai-fəlsəfi-əxlaqi mövzulu lirik əsərlər üstünlük təşkil edir. (“Öksüz Ənvər”, “Çoban türküsü”, “Kiçik sərsəri”, “Dün və bu gün”, “Qadın”, “Görmədim”, “Vərəmli qız” və s.) Bu əsərlərdə insanın ailədə, məişətdə yaşadığı müxtəlif çətinliklər, zəmanənin zülm və haqsızlığı, ədalətsiz, zorakı quruluşun əzabları təsvir olunur. “Məzlumlar üçün”, (1914) “Qüruba qarşı”, “Hərb və fəlakət” (1916) “Hərb allahı qarşısında” (1917) əsərlərində bəşəriyyətə fəlakətlər gətirən müharibələrə, imperiya siyasətinə nifrət əks olunur.

Hüseyn daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı manerası, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratmış, milli teatr mədəniyyətini yeni məzmunla zənginləşdirmişdir. Dramaturgiyasında bütün dövrlər üçün keçilməz olan ümumbəşəri, ictimai-siyasi və mədəni problemləri yüksək bədii səviyyədə işıqlandırmışdır. İlk mənzum “Ana” pyesində (1910) nəciblik, sədaqət, mərdlik, “Maral” (1912) faciəsində şəxsiyyət və qadın azadlığı, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan”da (1914) insanları ayıran dini və milli təəssübkeşlik əleyhinə üsyankar etiraz ruhu tərənnüm olunur.

Bu ideyalar “Şeyda” (1917) dramında, “Haqqını sən mübarizə ilə ala bilərsən” (1918) poemalarında da davam etdirilir.

Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) faciəsində dövrün bütün mürtəce-əzici qüvvələri, “iyirminci əsrin mədəni vəhşiləri olan imperialist dairələri İblis obrazında ümumiləşdirilmişdir”.

20-30-cu illərdə yazdığı “Peyğəmbər” (1922), “Topal Teymur” (1925), “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramlarında tarixi şəxsiyyətlərin rolunu, hökmdar və xalq, azad fikir və irtica məsələlərini qoyur və özünəməxsus yüksək poeziya dili ilə əks etdirir.

Cavidin poeziyası yüksək bədii sənətkarlığı, dərin emosionallığı, səmimiliyi ilə seçilir.

AZƏRBAYCANIN KİTAB EVLƏRİ

Baxmayaraq ki, bizim ərazidə kitab işinin inkişaf tarixi XI əsrdən başlayır, onun əsasının qoyulma tarixi daha qədimlərə — ilk dövlət yarandığı zamanlara təsadüf edir. Tarixi qaynaqlardan məlumdur ki, hələ V əsrdə Qafqaz Albaniyasında 52 hərfdən ibarət əlifba mövcud olub ki, buna görə də o dövrün bir sıra kitabları Alban dilinə tərcümə olunub, kilsə və məktəblərdə isə ilk kitabxanalar yaranmağa başlayıb. İslamın Azərbaycan ərazisinə gəlişi və yayılması ilə əlaqədar olaraq kitabxanalar mədrəsə və məktəblərdə yaradılmağa başladı ki, bu da oxu mədəniyyətinin xalq arasında geniş yayılmasına səbəb oldu. Belə ki, kitabxana işinin inkişaf zirvəsi XI əsrə təsadüf edir. Bu vaxt ən qiymətli əsərlərin üzü köçürülərək qorunması üçün müxtəlif kitabxanalara yerləşdirilirdi ki, bu da kitab evlərinin sayının daha da çoxalmasına səbəb olurdu.

Öz dövrünün əsil ədəbiyyat bilicilərinin, ziyalı, hörmətli, tanınmış və dövlətli adamlarının çox vaxt şəxsi kitabxanaları olurdu. Bu kitabxanalarda dünyanın müxtəlif ərazilərindən kitablar mövcud idi. Bunların içərisində çox vaxt ən məşhurları — əsası XI əsrdə qoyulmuş, öz zamanında dünyada qiymətli sayılan Bəhmənyarın kitabxanası; XI-XII əsrlərin qovşağında əsası qoyulan ilk Azərbaycan ədəbiyyatı nəzəriyyəçisi sayılan  Xətib Təbrizinin kitabxanası; XIII əsrdə Marağada yaradılan 400.000 nüsxədən çox kitabı olan Nəsrəddin Tusinin “Seyyidina” kitabxanası; iki bina və şəhər universitetinin kitabxanasından ibarət olan Rəşidəddinin “Rəşidiyyə” kitabxanalarıdır.

Bura, Azərbaycanın ilk universiteti olan “Rəşidiyyə”yə, şəhər məscidinin kitabxanasına və şəfa ocaqlarına kitablar İrandan, Misirdən, Çindən, Yunanıstandan, Bizansdan və digər ölkələrdən gətirilirdi.

Orta əsrlərdə Azərbaycanda kitab işinin inkişafından sonra saray, dini, elmi və şəxsi kitabxanalar əmələ gəlməyə başladı. Saray kitabxanaları içərisində Şirvanşahlar sarayının kitabxanasını (XII əsr), Təbriz kitabxanasını (XIII əsr), Ağqoyunlu və Qaraqoyunlu kitabxanalarını (XIV- XV əsrlər) xüsusilə qeyd etmək olar. XVI əsrdə görkəmli Azərbaycan dövlət xadimi Şah İsmayil Xətai Təbriz saray kitabxanasının əsasını qoydu. 1522-ci ildə isə Şah İsmayıl “kitabxana fəaliyyəti” haqqında dövlət fərmanını imzaladı. Dini ədəbiyyat aləmində isə əsas yeri Ərdəbildə yerləşən Şeyx Səfi rəsədxanası tuturdu. Artıq XIX əsrin 40-cı illərində yeni milli ictimai kitabxanalar, o dövrün elm və sənət aləminin görkəmli şəxslərinin şəxsi kitabxanaları yaranmağa başladı.

Keçən əsrin əvvəllərində Azərbaycan ziyalıları kitabyayımı və yeni kitabxanaların və oxu zallarının yaranması naminə xeyriyyə cəmiyyəti yaratdılar. Azərbaycan Demokratik Respublikası (1918-1920-ci illər) zamanı M.Ə.Sabir və Bakı Dövlət Universitetlərinin kitabxanaları yaradıldı.

1920-ci ildə Azərbaycanda 965 məktəb, Bakı və ətraf ərazilərdə 50, regionlarda isə 100 kitabxana fəaliyyət göstərirdi.

Hal-hazırda Azərbaycanda 12.000 kitabxana fəaliyyət göstərir ki, onlardan ən böyükləri bunlardır: M.F.Axundov adına Milli kitabxana, Mərkəzi Elmi kitabxana, Elmi Təbabət kitabxanası, Bakı Dövlət Universitetinin kitabxanası, Prezident kitabxanası, Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanası.

Eləcə də, Azərbaycanda kitab evləri qovşağı — Baku Book Center, Libraff, Əli və Nino və bir sıra kitab evləri mövcuddur ki, burada klassik və müasir dünya ədəbiyyat nümunələri təqdim olunur.

PREZİDENT KİTABXANASI

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası 2003-cü ildə respublikanın iki zəngin kitabxanasının bazasında yaradılmışdır. Onlardan biri vaxtilə Azərbaycan KP MK-nın S.M. Kirov adına Siyasi Maarif Evinin Kitabxanası, ikincisi isə Mərkəzi Şəhər Kitabxanası (keçmiş V.İ. Lenin adına Mərkəzi Kitabxana) idi. 1920-ci ildə Bakı Partiya Komitəsinin nəzdində yaradılmış Mərkəzi Partiya Kitabxanası 1934-cü ildə Azərbaycan KP MK S.M. Kirov adına Siyasi Maarif Evinin tərkibinə verildi. O zamandan etibarən ölkənin partiya kitabxanaları şəbəkəsinin əsas kitabxanası olan Siyasi Maarif Evinin Kitabxanası sovet dövrünün sonuna kimi fəaliyyət göstərdi.

Mərkəzi Şəhər Kitabxanası da (keçmiş V.İ.Lenin adına Mərkəzi Kitabxana) Bakının zəngin tarixə malik ictimai kitabxanalarından biri olmuşdur və fəaliyyətə başlaması 1870-ci ilə təsadüf edir. Sovet dövründə bu kitabxana Bakı Xalq Maarif Şöbəsinin dekreti ilə Mərkəzi Kitabxanaya çevrildi. Bu kitabxana göstərdiyi kitabxana-bibLioqrafiya xidmətinin yüksək səviyyəsi, kütləvi tədbirlərin keçirilməsi sahəsində fəallığı ilə seçilirdi. Siyasi Maarif Evi Kitabxanasının və Mərkəzi Şəhər Kitabxanasının fondu əsasında yaradılan, həmin kitabxanaların ən yaxşı ənənələrini davam etdirən Prezidentin Kitabxanası az bir zaman ərzində öz tələbatçılarına yüksək keyfiyyətli kitabxana-biblioqrafiya və informasiya xidməti göstərməyə başladı. 2004-cü il dekabr ayının 17-də Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Kitabxanada olmuş, burada görülmüş işlərlə maraqlanmış və əməkdaşlara dəyərli tövsiyələr vermişdir. 2005-ci il dekabr ayının 9-da isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Kitabxanaya İşlər İdarəsinin sektoru statusu verilmişdir. Həmin vaxtdan etibarən Kitabxananın bütün əməkdaşları dövlət qulluqçularıdır. 2006-cı il iyun ayının 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kitabxanaya gələrək onun fəaliyyəti ilə yaxından tanış olmuş, müasir informasiya texnologiyalarının kitabxana işinə tətbiqi ilə maraqlanmış, fondun daha da zənginləşdirilməsi və Kitabxananın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlar vermişdir. Bu tapşırıqlara müvafiq olaraq Kitabxana müasir fərdi kompÜterlər və digər hesablama qurğuları, şəbəkə texnikası, çap üçün avadanlıq və s. ilə təchiz edilmişdir. 2009-cu il iyul ayının 22-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident Kitabxanasına Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusu verilmişdir.

Kitabxananın fondunda XVI-XIX əsrlərdə və XX əsrin əvvəllərində nəşr olunmuş müxtəlif dillərdə olan nadir ədəbiyyat nümunələri saxlanılır. Fondda iqtisadiyyata, siyasətə, dövlət quruculuğuna, hüquqa, fəlsəfəyə, statistikaya, tarixə, ədəbiyyatşünaslığa və dilçiliyə dair ədəbiyyat üstünlük təşkil edir. Kitabxananın dövri mətbuat fonduna respublikamızda və digər ölkələrdə çap edilən 250 adda jurnal, qəzet və digər dövri nəşrlər daxil olur. Hazırda Kitabxanada fondun elektron nəşrlərlə komplektləşdirilməsi sahəsinə xüsusi diqqət yetirilir.

Prezident Kitabxanasının missiyası ali dövlət orqanlarında və digər icra qurumlarında çalışan dövlət qulluqçularına, eləcə də, informasiya maraqları kitabxananın profilinə uyğun olan digər tələbatçılara kitabxananın fondunda olan sənədlərlə, burada yaradılan müxtəlif ilkin sənəd və biblioqrafik informasiya resursları ilə mükəmməl kitabxana-biblioqrafiya xidməti göstərməkdir.

Prezident Kitabxanasında yeni texnologiyaların tətbiqi, xüsusilə də, yeni informasiya daşıyıcılarına əsaslanan resursların yaradılaraq inkişaf etdirilməsi, kitabxana fondlarının ən yeni sənəd növü olan elektron sənədlərlə komplektləşdirilməsi kimi məsələlərə xüsusi önəm verilir. Kitabxanada ИРБИС 64 Kitabxanaların Avtomatlaşdırılması Sisteminin proqram-texniki imkanları, demək olar ki, mənimsənilmişdir. Hal-hazırda ИРБИС 64 KAS-ın bütün istifadəçiləri sırasında modullarının funksiyalarını, texniki imkanlarını tam şəkildə tətbiq edən kitabxanalardan biri də Prezident Kitabxanasıdır.

Kitabxananın soraq-biblioqrafik aparatına (SBA) soraq və biblioqrafik nəşrlər fondu, müxtəlif kataloqlar və kartotekalar, o cümlədən elektron kataloq daxildir. Elektron kataloqun verilənlər bazasında kitab, kompakt disk, xəritə, not nəşri, dissertasiya avtoreferatı və digər sənədlərin biblioqrafik yazısı öz əksini tapmışdır. Prezident Kitabxanasının soraq-biblioqrafiya aparatının özəl xüsusiyyəti ondan ibarətdir ki, respublikamızda ilk dəfə olaraq məhz burada profilə uyğun faktoqrafik sorğuları ödəməyə imkan verən böyük həcmli soraq-informasiya resursları yaradılır.

Kitabxananın başqa ölkələrin prezident, parlament və hökumət kitabxanaları, beynəlxalq kitabxana və informasiya təşkilatları ilə əlaqələri ildən-ilə genişlənir. Prezident Kitabxanası respublikanın aparıcı kitabxanalarının iştirakı ilə keçirilən bütün tədbirlərdə və layihələrdə iştirak edir. Kitabxana 2004-cü ilin may ayından “Elektron kitabxana və yeni informasiya texnologiyaları yaradıcılarının Beynəlxalq Assosiasiyası”nın (EBNİT) üzvüdür. Həmin ildən başlayaraq illik Beynəlxalq “Krım” (Ukrayna) Konfransının və LİBCOM (Rusiya) konfransının daimi iştirakçısıdır. Prezident Kitabxanası dünyada kitabxana işi sahəsində ən nüfuzlu təşkilat olan İFLA ilə intensiv əlaqələrə malikdir. Kitabxananın nümayəndələri İFLA-nın Böyük Britaniyada (Qlazqo), İtaliyada (Milan), İsveçdə (Qeteborq) və Finlandiyada (Helsinki) keçirilmiş illik Şura və Konfranslarında iştirak etmişlər. Kitabxana İFLA-ya 2009-cu ildən üzv olub, qurumun rəhbər orqanlarına seçkilərdə iştirak edir. İFLA-nın prezidenti xanım Ellen Tise 2008-ci ilin noyabrın 25-də Prezident Kitabxanasında olmuşdur. 2013-cü ildə kitabxana İFLA-nın Hökumət Məlumatları və Rəsmi Nəşrlər üzrə daimi komissiyasının üzvü seçilmişdir. Prezident Kitabxanasının nümayəndələri 2011-ci ildə İsveçrədə Azərbaycan və İsveçrə kitabxanaçılarının birgə konfransında, 2012-ci ildə Ankarada keçirilmiş Avrasiya Kitabxanalar Birliyinin təsis Konfransında, yenə həmin ildə ABŞ Dövlət Departamentinin dəstəyi ilə Vaşinqtonda təşkil edilmiş “Amerika kitabxanaları və mədəni irsin qorunması” adlı proqram çərçivəsində keçirilmiş tədbirlərdə iştirak etmişlər. Belarus Prezident Kitabxanası ilə mütəmadi olaraq rəsmi qəzetlərin və jurnalların mübadiləsi aparılır. Rusiya Prezident Administrasiyasının Kitabxanası, B. Yeltsin adına Prezident Kitabxanası, Rusiya Parlament Kitabxanası, Qazaxıstan Prezidenti Administrasiyasının Kitabxanası və Rusiya Dövlət Ümumi Elmi-Texniki Kitabxanası ilə də sıx əlaqələr mövcuddur. BMT-nin Azərbaycan nümayəndəliyi ilə sıx əlaqələrin qurulması nəticəsində kitabxana hazırda bu təşkilatın əksər nəşrləri ilə təmin olunur.

Yerinə yetirdiyi vəzifələrdən asılı olaraq Prezident Kitabxanasının müvafiq təşkilati-idarəetmə strukturu formalaşmışdır. Bu struktura sırf kitabxana texnologiyaları və prosesləri ilə əlaqədar işləri yerinə yetirən 5 funksional şöbə və onların tərkibində olan 7 bölmə daxildir. Daha bir şöbə Kitabxananın mühəndis-texniki qurğularının istismarı, maddi-texniki təchizat və digər texniki məsələlərlə məşğul olur.

Şöbələr:

  • Prezident, dövlət idarəçiliyi və ölkəşünaslığa dair ədəbiyyatın biblioqrafiyası şöbəsi;
  • Kitabxana fondu şöbəsi;
  • İnformasiya-biblioqrafiya və kitabxana xidməti şöbəsi
  • Komplektləşdirmə, kitabişləmə və elektron kataloq şöbəsi
  • Kitabxana işinin avtomatlaşdırılması və elektron resurslar şöbəsi.

Bölmələr:

  • Elektron informasiya nəşrləri bölməsi;
  • Nadir ədəbiyyat fondu bölməsi;
  • İncəsənət ədəbiyyatı fondu bölməsi;
  • Dövri mətbuat fondu bölməsi;
  • Elektron nəşrlərin tərcüməsi bölməsi;
  • İnformasiya-biblioqrafiya xidməti bölməsi;
  • Abonement bölməsi.
MUSİQİ SƏNƏTİNİN İNKİŞAF TARİXİ

Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Bu musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən, Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III-I minilliklər) qaya rəsmlərindən alınmışdır. “Kitabi Dədə Qorqud”da (VII əsr), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağai (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.

İlk yazılı ədəbi abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanında musiqi ilə bağlı bir sıra parçaların mövcudluğu, dastan boyunca müxtəlif musiqi alətlərinin adlarının çəkilməsi musiqimizin qədimliyinə əyani sübutdur.

İlk yazılı musiqi risalələrimiz isə XIII əsrə aiddir. XIII-XV əsrlərdə Yaxın və Orta Şərqin musiqi-nəzəri fikrinin inkişafı məhz Azərbaycanın iki böyük alimi və musiqiçisi Səfiəddin Urməvi (1217-1294) və Əbdülqadir Marağainin (1353-1435) adları ilə bağlıdır. Urməvinin yazdığı “Kitab əl-Ədvar” və “Şərəfiyyə” risalələri Azərbaycanda musiqi elminin əsasını qoymuş və onun gələcək inkişafı üçün zəmin yaratmışdır. O, musiqi elminə “Sistemçilik” məktəbinin yaradıcısı kimi, tabulaturanın banisi kimi daxil olmuşdur. Urməvinin yaratdığı musiqi sistemi, not cədvəli o dövrün ən kamil not sistemi və tabulaturası idi.

Marağaidən sonra yaranmış risalələrdə Şərq musiqi nəzəriyyəsinin əsasını təşkil edən bir çox mürəkkəb nəzəri problemlər artıq qoyulmamış və qismən qoyulmuşsa da, müxtəlif variantlarda əvvəlkilərin təkrarı olmuşdur. Bu risalələrin əsas dəyəri isə onların təcrübi əhəmiyyətində idi. Bu dövrün risalələrindən Marağainin kiçik oğlu Əbdüləziz Çələbinin “Nəqavətil Ədvar” risaləsini və onun oğlu Mahmud Çələbinin “Məqasid əl-Ədvar” əsərini göstərmək olar.

XVII əsrin əvvəllərində Cənubi Azərbaycanda yaranmış maraqlı risalələrdən biri də Mirzə bəyin “Musiqi haqda” risaləsidir. 

XIX yüzilin axırlarından etibarən Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, cəmiyyətləri, dərnəkləri təşkil olunur (Şamaxıda Mahmud Ağanın, Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Bakıda Məşədi Məlik Mənsurovun). XIX yüzilin 80-ci illərində M.M.Nəvvab məşhur xanəndə Hacı Hüsü ilə birgə yaratdığı “Musiqiçilər məclisi”ndə musiqinin estetik problemləri, ifaçılıq, muğam sənəti müzakirə olunurdu. Məclisə məşhur xanəndə və sazəndələr Məşədi Cəmil Əmirov, İ.Abdullayev, S.Şuşinski, Sadıxcan və b. daxil idi. Şuşa vokal sənətinin görkəmli nümayəndələrindən Xarrat Qulunun tələbəsi Hacı Hüsü idi. O, muğamları bilən müsiqişünas və alim olmuş, bir sıra muğamları təkmilləşdirmiş, yeni muğamları yaratmışdır. Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) XIX yüzilin böyük tar ustadı olmuş, tarı rekonstruksiya etmiş və müasir tarın yaradıcısı olmuşdur. Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Şirin Axundov, Qurban Primov bu məktəbin davamçılarıdır.

Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə şəhərlərdən Avstriyanın Vyana, İtaliyanın Neapol, Azərbaycanın da Şuşa şəhəridir. Hətta xalq arasında məşhur kəlam var ki, “Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar”.

Şuşa Qafqazın konservatoriyası təbirini və təyinini haqlı olaraq qazanmışdır. Şuşa Konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişlər. Şuşa Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıxcanın, Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəci oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Pirimovun, bəstəkarlardan Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behbudovun vətənidir. Bu hələ Şuşa musiqiçilərinin tam siyahısı deyil.

XX yüzilin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Ü.Hacıbəyov müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq və Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyov H.Z.Tağıyevin teatrında qoyduğu “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu. Azərbaycan dinləyicisi üçün yeni janrın qavranılmasında çətinlik olacağını dərk edən Ü.Hacıbəyov Füzulinin “Leyli və Məcnun” poemasına və xalq musiqi janrlarına (muğam, mahnı, rəqs) müraciət etmiş, dövrün əhval-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri yaratmışdır.

Hacıbəyovun digər məşhur operettası “O olmasın, bu olsun” 1919-cu ildə Yaltada, ikinci dəfə 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılmışdır. Ü.Hacıbəyov Azərbaycanda musiqili komediya janrının da yaradıcısıdır. Sosial məişət mövzulu musiqi komediyalarında (“Ər və arvad”, 1910; “O olmasın, bu olsun”, 1911; “Arşın mal alan”, 1913) bəstəkar xalq mahnıları və rəqs musiqisinə əsaslanmışdır. Onun “Arşın mal alan” musiqili komediyası (1913-cü ildə tamaşaya qoyulub) xüsusilə geniş şöhrət qazanmışdır. Əsər ingilis, alman, Çin, ərəb, fars, polyak, Ukrayna, belorus, gürcü və s. (70 yaxın) dillərə tərcümə edilmiş, Moskva, İstanbul, Nyu-York, Paris, London, Tehran, Qahirə, Pekin, Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest və s. yerlərdə, 120 teatrın səhnəsində tamaşaya qoyulmuş, dəfələrlə ekranlaşdırılmışdır (1916-1917-ci illərdə Bakıda 30-cu illərdə ABŞ-da, 1945 və 1960-cı illərdə Sovet Azərbaycanında). Baş rolun ifaçısı müğənni Rəşid Behbudova (1915-1989) bu əsər dünya şöhrəti gətirmişdir.

XX əsrin 30-cu illəri Azərbaycan musiqisinin yeni yüksəliş dövrü kimi səciyyələnir. Bu illərdə Azərbaycan Dövlət Konservatoriyası (1921), yeni ifaçılıq kollektivləri, simfonik orkestr (1920, hazırda Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət Simfonik Orkestri), xor (1926), ilk notlu Xalq Çalğı Alətləri Orkestri (1931), rəqs ansamblı (1936), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında cəmləşdirildi (1936), Azərbaycan Bəstəkarlar İttifaqı (1934), Musiqili Komediya Teatrı (1938, hazırda Ş.Qurbanov adına), Xalq Yaradıcılığı evi (1939), Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan Xalq Musiqisini toplamaq və tədqiq etmək məqsədilə elmi-tədqiqat musiqi kabineti (1931) təşkil edildi.

20-ci illərdə R.M.Qlier Azərbaycan musiqi folklorundan geniş istifadə edərək “Aşıq Qərib” dastanı əsasında “Şahsənəm” (tamaşası 1927) operasını yazdı. Bu opera dünya musiqi mədəniyyəti nailiyyətlərindən bəhrələnməklə Azərbaycan xalq musiqisi nümunələri əsasında klassik opera yaradılması yolunda ilk təşəbbüs idi.

Ü.Hacıbəyov monumental xalq qəhrəmanlıq epopeyası olan “Koroğlu”nu (SSRİ Dövlət mükafatı, 1941) yaratdı. Yüksək sənətkarlığı və əsl mənada novatorluğu ilə fərqlənən bu operada milli ruh və psixoloji dərinlik öz əksini tapmışdır. Ü.Hacıbəyov “Koroğlu” operasında milli musiqinin janr, kompozisiya, məqam-intonasiya əsası ilə klassik opera sənətinin musiqi ifadə vasitələrinin bəstəkar xüsusiyyətlərinin üzvi vəhdətinə nail olmuş, milli opera sənətinin şah əsərini yaratmışdır. Koroğlu obrazını bu rolun klassik ifaçısı Bülbül yaratmışdır. O bu rolu 400 dəfədən artıq ifa etmişdir.

20-40-cı illərdə yeni bəstəkarlar nəsli — S.Rüstəmov, Ə. Bədəlbəyli, A.Zeynallı, Niyazi, Q.Qarayev, F.Əmirov, S.Hacıbəyov, C.Hacıyev və b. yaradıcılıq yoluna qədəm qoyur.

30-cu illərin əvvəllərində simfonik orkestr üçün (Ü.Hacıbəyov “Təntənəli marş”, M.Maqomayev “Azərbaycan çöllərində”, “Azad qadının rəqsi”, “Azərbaycan radio marşı RV-8”), xalq çalğı alətləri orkestri üçün (Ü.Hacıbəyov 1-ci və 2-ci fantaziyalar) əsərlər yazılır.

1941-1945 illər müharibəsində doğan qəhrəmanlıq və vətənpərvərlik mövzusu mahnılarda, xalq çalğı alətləri üçün yazılmış əsərlərdə (Ü.Hacıbəyov, S.Rüstəmov), Q.Qarayev və C.Hacıyevin “Vətən” (1945; SSRİ Dövlət mükafatı, 1946) operasında,Q.Qarayev, C.Hacıyev və S.Hacıbəyovun Birinci simfoniyalarında (Azərbaycan musiqisində simfonik janrın ilk örnəkləridir) öz əksini tapmışdır. Niyazinin “Xosrov və Şirin” (1942) operası, Ü.Hacıbəyovun “Sənsiz” və “Sevgili canan” romans qəzəlləri də müharibə illərinin məhsuludur. Yeni qəzəl-romans janrının yaradıcısı Ü.Hacıbəyov bu əsərlərdə nitqi, şeiriyyatı yüksək sənətkarlıqla işləyərək musiqi dilinə çevirmiş, deklomasiya ilə kantilena tipli melodiyanın sintezini yaratmışdır. Böyük Vətən müharibəsi illərində kütləvi mahnı janrı dövrün tələblərinə uyğun xüsusi inkişaf yolu keçir.

Müharibədən sonrakı illərdə milli musiqi yeni yüksəliş dövrü keçirir. Azərbaycan musiqisi istər ölkəmizdə, istərsə də xaricdə böyük nüfuz qazanır.

Q.Qarayevin “Yeddi gözəl” baleti (1952, Nizaminin eyniadlı poeması üzrə, baletmeyster P.A.Qusev; Azərbaycan Opera və Balet Teatrı) Azərbaycan musiqisində yeni mərhələ oldu. “Yeddi gözəl” ilə Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulmuş, əsər balet janrının təkamülündə önəmli rol oynamışdır.

1958-ci ildə Q.Qarayevin “İldırımlı yollarla” (Lenin mükafatı, 1967; P.Abrahamsın eyniadlı romanı üzrə; baletmeyster K.M.Sergeyev) baleti Leninqrad Opera və Balet Teatrında tamaşaya qoyuldu. Bəstəkar baş qəhrəmanların faciəli sevgisini kəskin münaqişəyə qədər yüksəldərək mövzu etibarilə çağdaş tamaşa yaratmışdır. Əsər aydın musiqi konsepsiyası, parlaq xarakterləri, Güney Afrika musiqi folklorundan böyük sənətkarlıqla istifadə edilməsi ilə fərqlənir.

S.Hacıbəyov müasirlərimizin həyatından bəhs edən “Gülşən” (1950, SSRİ Dövlət mükafatı, 1952) baletini yazdı. F.Əmirovun “Gözün aydın” (1946), S.Rüstəmovun “Durna” (1947), S.Ələsgərovun “Ulduz” (1948) operettaları bu janrın örnəkləridir.

50-ci illərdə simfonik musiqi sahəsində xüsusi inkişaf oldu. Dövrün mühüm ictimai-siyasi mövzuları bəstəkarların müxtəlif səpkili simfonik əsərlərində öz ifadəsini tapır. F.Əmirov musiqi tarixində unikal simfonik muğam janrının yaradıcısı kimi məşhurdur. Bəstəkar muğamların məqam, mövzu və digər üslub xüsusiyyətlərini sənətkarcasına simfonik inkişafa uğratmışdır. Əmirov simfonizminə xas orkestr boyalarının əlvanlığı, janr rəngarəngliyi, obraz zənginliyi bu dövrdə yazılan əsərlərində öz əksini tapır.

C.Hacıyev simfonizmi obrazlarının dərin psixoloji fikir yönümü, musiqi inkişafının gərgin dramatizmi, melodikasının geniş epikliyi ilə fərqlənir. S.Hacıbəyovun simfonik yaradıcılığında (2-ci simfoniya; 1946) Böyük Vətən müharibəsi mövzusu dramatik planda açılmış, digər simfonik əsərlərinin musiqisi isə parlaq janr boyaları ilə aşılanmışdır.

C.Cahangirov vokal-simfonik əsərlər bəstələyir (“Arazın o tayında” 1949 poeması, SSRİ Dövlət mükafatı, 1950; “Füzuli” kantatası). “Arazın o tayında” vokal-simfonik poeması özündə həm simfonik, həm də kantata-oratorial musiqinin özəlliklərini toplayan yeni janr idi. Mahnı janrının yüksəlişi S.Rüstəmov, T.Quliyev, R.Hacıyev, C.Cahangirov, Q.Hüseynli, A.Rzayevanın yaradıcılığı ilə sıx bağlıdır. Bu dövrdə bir sıra kinofilmlərə və dram tamaşalarına musiqi bəstələnmiş, ifaçılıq sənəti geniş vüsət almışdı. 1957-ci ildə ilk Dövlət simli kvarteti (A.Əliyev, M.Tağıyev, R.Seyidzadə, S.Əliyev; tələbə və gənclərin 6-cı Ümumdünya festivalı beynəlxalq müsabiqəsinin (1957, Moskva) laureatı) yaradılır. SSRİ xalq artistləri F.Əhmədova (müğənni), L.Vəkilova (balerina), əməkdar incəsənət xadimi Ç.Hacıbəyov (dirijor) və b. ilə təmsil olunmuş yeni ifaçılar nəsli yetişir. 1956-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının (1990 ildən Azərbaycan Bəstəkarlar və Musiqişünaslar İttifaqı) 1-ci qurultayı keçirilir.

60-80-ci illər Azərbaycan musiqisi yaşlı nəsil bəstəkarlarının yaradıcılıq fəallığı, yeni bəstəkar qüvvələrinin meydana gəlməsi, bütün janrlarda önəmli uğurlar qazanılması, beynəlxalq əlaqələrin genişlənməsi ilə seçilir.

Opera və balet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlara çevrilir. A.Məlikovun “Məhəbbət əfsanəsi” (1961), F.Əmirovun “Nəsimi haqqında dastan” (1973; Azərbaycan SSR Dövlət mükafatı, 1974), “Min bir gecə” (1979; SSRİ Dövlət mükafatı, 1980) baletləri geniş şöhrət qazanır.

Azərbaycan bəstəkarlarının simfonik və kamera musiqisi xaricdə geniş ifa edilməyə başlamışdır. F.Əmirovun “Şur” və “Kürd ovşarı”, Niyazinin “Rast” simfonik muğamları, Q.Qarayevin və Ü.Hacıbəyovun simfonik əsərləri bir sıra ölkələrdə səslənmiş və yüksək qiymətləndirilmişdir. 80-ci illərdə A.Məlikov, X.Mirzəzadə, A.Əlizadə, F.Əlizadə, F.Qarayev, C.Quliyev və başqalarının əsərləri Avropa, Amerika, Asiya şəhərlərində uğurla ifa edilmişdir. Azərbaycan ifaçıları tez-tez xarici ölkələrdə qastrollarda olurdular.

Xalq artistləri R.Behbudov, Niyazi, Z.Xanlarova, M.Maqomayev və b. geniş şöhrət qazanmışlar. Müğənnilər F.Qasımova (1977, İtaliya, 1-ci mükafat), X.Qasımova (1981, Afina, 1-ci mükafat; P.İ.Çaykovski ad. 8-ci Beynəlxalq müsabiqənin (1982, Moskva) 2-ci mükafatı), pianoçu F.Bədəlbəyli (1967, Qradets-Kralove, ÇSSR; 1968, Lissabon, Portuqaliya, 1-ci mükafat), gənc pianoçulardan M.Hüseynov, M.Adıgözəlzadə və b. müxtəlif müsabiqələrin laureatlarıdır. Bəstəkarlarımızın əsərlərini dinləyiciyə, tamaşaçıya çatdırmaqda, onları təbliğ etməkdə hal-hazırda fəaliyyətdə olan dirijorlarımızın — R.Abdullayevin, C.Cəfərovun, Y.Adıgözəlovun, T.Göyçayevin, G.İmanovanın, R.Mustafayevin, N.Əzimovun və b-nın əməyi danılmazdır.

Azərbaycan muğam ifaçılıq və el sənəti ənənələrinin qorunub saxlanılması və inkişafında xanəndələrdən xalq artistləri X.Şuşinski, R.Muradova, Ş.Ələkbərova, Ə.Əliyev, S.Qədimova, F.Mehrəliyeva, T.İsmayılova, A.Babayev, İ.Rzayev, əməkdar artistlər Z.Adıgözəlov, H.Hüseynov, Q.Rüstəmov, C.Əkbərov, A.Qasımov, tarzənlərdən xalq artistləri Ə.Bakıxanov, H.Məmmədov, B.Mənsurov, Ə.Quliyev, R.Quliyev, əməkdar artistlər Ə.Dadaşov, M.Muradov, F.Ələkbərov, kamançaçalanlardan xalq artisti H.Əliyev, əməkdar artistlər H.Mirzəliyev, T.Bakıxanov, Ş.Eyvazova, F.Dadaşov, nağaraçalan əməkdar artist Ç.Mehdiyev, qarmonçalanlardan Abutalıb (A.Yusifov), Kor Əhəd, Kərbəlayi Lətif, T.Dəmirov, A.İsrafilov, sazçalan Ə.Nəsibov və b-nın xidməti xüsusi qeyd olunmalıdır.

Azərbaycan estrada və caz musiqisi də uğurla inkişaf etmişdir. T.Quliyev, R.Hacıyev 1941-ci ildə yaranmış Azərbaycan Dövlət Caz Orkestri (bədii rəhbəri Niyazi, musiqi rəhbəri T.Quliyev) üçün əsərlər bəstələyirdilər. P.Rüstəmbəyov (saksafon), A.Bünyadzadə, D.Bağırbəyova və b. orkestrin ilk ifaçıları olmuşlar. 1956-cı ildə Azərbaycan Dövlət Estrada Orkestri (bədii rəhbəri R.Hacıyev), 1957-ci ildə “Biz Bakıdanıq” estrada ansamblı, 1960-cı ildə Azərbaycan Televiziya və Radiosunun Estrada Orkestri (bədii rəhbəri və dirijoru T.Əhmədov), 60-cı illərdə “Qaya” kvarteti (sonralar vokal-instrumental ansamlı, bədii rəhbəri əməkdar artisti T.Mirzəyev), 1966-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrı (bədii rəhbər və solist R.Behbudov), 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri (solisti və bədii rəhbəri M.Maqomayev) yaranmış və Azərbaycan estrada sənətinin inkişafında mühüm rol oynamışlar. Müharibədən sonrakı illərdə estrada sənətinin bədii səviyyəsinin yüksəlməsinə opera müğənnilərinin (R.Atakişiyev, L.İmanov) təsiri olmuşdur. R.Behbudov və M.Maqomayevin yaradıcılığı estrada sənətini zənginləşdirmişdir.

Xalq artistləri Ş.Ələkbərova, G.Məmmədov, M.Babayev, F.Kərimova, E.Rəhimova, Y.Rzazadə, O.Ağayev, İ.Quliyeva, əməkdar artist A.Qəniyev, eləcə də H.Hadıyev, A.İslamzadə və b. estrada mahnılarının təbliğində fəal xidmət göstərmişlər.

Azərbaycan caz musiqisinin inkişafında bəstəkar və pianoçu V.Mustafazadənin müstəsna rolu olmuşdur. V.Mustafazadə təşkil etdiyi “Sevil” və “Muğam” ansambllarının rəhbəri olmuş, 8-ci Beynəlxalq caz müsabiqəsində (Monte-Karlo, 1978) 1-ci mükafata layiq görülmüşdür. R.Babayev, V.Sadıqov, A.Hüseynov, C.Zeynallı, Ə.Mustafazadə və başqa ifaçılar da  Caz sənətinin inkişafına öz töhfələrini vermişlər.

Bunların sırasında V.Adıgözəlovun “Qarabağ şikəstəsi” və “Qəm karvanı” (1999) oratoriyaları, T.Bakıxanovun “Qarabağ harayı” (2001) simfoniyası, A.Əlizadənin “Ana torpaq” (1993) odası, N.Məmmədovun Xocalı hadisələrinə həsr edilmiş 7-ci simfoniyası (1998), R.Mustafayevin “Haqq səninlədir, Azərbaycan” (1992) kantatası, H.Xanməmmədovun “Əlimdə sazım ağlar” xalq çalğı alətləri üçün poeması (1991,Qarabağ şəhidlərinə həsr), S.İbrahimovanın “Vətən şəhidləri” (1990) kantatası, tar və simli orkestr üçün “Sənin üçün darıxıram, Şuşam” (1999) və b. xüsusi yer tutur.

2002-ci ildə A.Əlizadənin A.Dümanın əsəri əsasında “Qafqaza səyahət” baletinin ilk tamaşası oldu. Bu illərdə T.Bakıxanovun “Xeyir və şər” (1990) birpərdəli baleti, H.Məmmədovun “Şeyx Sənan”, O.Zülfüqarovun “Əlibaba və 40 quldur” (1990) baleti yazılmışdır.

Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının xaricdə müxtəlif musiqi festivallarında, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət, musiqi layihələrində iştirak etmək, Azərbaycan musiqisini dünyada təmsil edib, onu bir daha tanıtdırmaq imkanları genişlənir. A.Məlikovun, V.Adıgözəlovun, X.Mirzəzadənin, A.Əlizadənin, T.Bakıxanovun, F.Qarayevin, İ.Hacıbəyovun, F.Əlizadənin, C.Quliyevin, E.Dadaşovanın, R.Həsənovanın, Q.Məmmədovun, F.Hüseynovun əsərləri Türkiyədə, Norveçdə, Hollandiyada, Kiprdə, ABŞ-da, İsveçrədə, Almaniyada, Tailandda və b. ölkələrdə səslənmiş, nüfuzlu müsabiqələrin qalibləri olmuşlar. Türkiyədə A.Məlikovun (7 saylı simfoniyası), V.Adıgözəlovun (“Çanaqqala” oratoriyası), Kiprdə T.Bakıxanovun (“Quzey Kipr fəsilləri”, “Quzey Kipr suitası”) və başqalarının əsərlərinin premyeraları keçirilmişdir. Hollandiyada F.Qarayevin (“Xütbə, Muğam, Surə”, “Babil qiyaməti”), F.Əlizadənin (“İlğım”), R.Həsənovanın (“Səma”) əsərləri ifa edilmişdir. “İpək yolu” layihəsində F.Əlizadə (“Dərviş”), və C.Quliyevin (“Karvan”) iştirakı uğurla nəticələnmişdir. F.Hüseynov UNESCO və Yaponiyanın keçirdiyi müsabiqənin (“Zamana səyahət” simfonik orkestri üçün Konsert) qalibi olmuş, BMT-nin mükafatına (“Qoy dünyada sülh olsun” oratoriyası) layiq görülmüşdür.

1999-cu ildə mahir muğam ifaçısı A.Qasımov muğam sənətinin inkişafı və təkmilləşdirilməsi yolunda nailiyyətlərinə görə UNESCO-nun qızıl medalı ilə təltif edilmişdir. Fransada keçirilən Beynəlxalq festivalda Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və dirijor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. Almaniyada “Ekspo-2000” Beynəlxalq sərgisində Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Mahnı Teatrının, Dövlət Rəqs Ansamblının və bir qrup incəsənət xadimlərinin parlaq çıxışı da bu çağın musiqi həyatının diqqət mərkəzində olmuşdur.

2003-cü ildə V.Adıgözəlovun Azərbaycan şairəsi Natəvana həsr edilmiş “Xan qızı Natəvan” (2003, dekabr) operasının premyerası oldu. Görkəmli bəstəkarımızın bu əsəri milli operanın inkişaf tarixində layiqli yerini tutdu.

2006-cı ildə Bakıda dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin təşəbbüsü ilə Şostakoviç Festivalı keçirilmişdir. Festival dahi rus bəstəkarının anadan olmasının 100 illik yubileyinə həsr olunmuşdur. 2007-ci ildə İtaliyada “Vela festival” “Klassik Ariano” festivalında Azərbaycan Dövlət Simfonik orkestrinin (bədii rəhbər və dirijor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. 2007-ci ildə Bakıda Vokalçıların Bülbül adına Dördüncü Beynəlxalq Müsabiqəsi keçirilmişdir. Bu mötəbər müsabiqədə Rusiyadan, Ukraynadan, Gürcüstandan, Belarusiyadan, Türkiyədən, Özbəkistandan, Qazaxıstandan 70 vokalçı iştirak edirdi. 2007-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda Birinci Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçirilmişdir. Festival çərçivəsində Azərbaycan Dövlət Opera və Balet Teatrında bəstəkar Firəngiz Əlizadənin “Qarabağnamə” operasının premyerası böyük müvəffəqiyyətlə keçmişdir. 2007-ci ildə F.Əlizadə UNESCO-nun “Dünyanın artisti” adına layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 29 ildən sonra 12-13 may 2021-ci ildə “Xarıbülbül” musiqi festivalı ölkəmizin mədəniyyət paytaxtı Şuşanın əsrarəngiz Cıdır düzündə yenidən təşkil olundu.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğunu, hər bir vətəndaşın da bu torpaq uğrunda yaşadığı ideyasını çatdırıb.

GÖRKƏMLİ MUSİQİ XADİMLƏRİ

Mir Möhsün Nəvvab (1833-1918) — astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas.

Mir Möhsün Nəvvabın məşhur musiqi traktatı Vüzuhül-ərqam ilk dəfə 1913-cü ildə Bakıda nəşr olunmuşdur (Onun musiqiyə həsr etdiyi Kəşfül-həqiqəti-məsnəvi əsəri də məlumdur). Həmin risaləsində Mir Möhsün ayrı-ayrı muğamların, bəzi dəsgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırır, muğamların şeir mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından onların optimal yerləşməsi problemlərinə toxunur. Nəvvab ilk dəfə olaraq, dəsgah terminindən istifadə edir, o vaxt Qarabağda məlum olan altı dəsgahın adını çəkir: Rast, Mahur, Şahnaz, Rahavi, yaxud Rahab, Çahargah və Nəva. Nəvvabın sözlərinə əsasən, ifa olunan dəsgahın tərkibi bir çox hallarda ifaçının zövqündən və qabiliyyətindən asılı olur. Alim həmin əsərində Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı nə muğamın adını çəkir. Mir Möhsün bir neçə muğamın mənşəyini və onların adının etimologiyasını araşdırır. Belə ki, Azərbaycan, Nişapur, Zabuli, Bağdadi, Şirvani, Qacarı, Şah Xətai və başqa muğamların adlarını onların yaranmasında rol oynamış şəxslərlə və yer adları ilə əlaqələndirir. Rast muğamını bahar mehi, Rəhavini yağış damlaları, Çahargahı ildırım çaxışı, Dügahı fontan vuran bulaqlarla, Humayunu quşların uçuşu, Nəvanı bədbəxt sevgililərin ah-naləsi, Mahuru suların şırıltısı, Şahnazı bülbüllərin cəh-cəhi, Üşşaqı quşların havada süzməsi, Üzzalı meteoritlərin hərəkəti ilə əlaqələndirir.

Nəvvab, eyni zamanda riyaziyyat, kimya və astronomiya ilə də maraqlanırdı. O öz evində iki teleskop qoyaraq, kiçik bir rəsədxana və kimya laboratoriyası yaratmışdı. 1899-cu ildə dərslik kimi qələmə aldığı “Kifayətül-ətfal” kitabında o, göy cisimlərinin yerləşməsi və günəş tutulmaları haqqında cədvəllər tərtib etmişdir. Alim kimya laboratoriyasında şagirdləri ilə sınaqlar keçirir və orta əsrlərdə yaşamış kimyagərlər tərəfindən verilən nüsxələri yoxlayırdı. Nəsihətnamə əsərində cavanlara verdiyi nəsihətlərin sayı 500-dən artıq idi. Tanınmış pedoqoq və alimin etik görüşləri müəyyən mənada onun Kifayətül-ətfal, Nurül-Ənvar” və Pəndnamə kimi kitablarında da öz əksini tapmışdı. Qarabağ və bütün Azərbaycan incəsənətinə ən böyük töhfəsini isə Nəvvab, şübhəsiz, öz bədii yaradıcılığı ilə vermişdi. Bir çox akvarel rəsmləri, kitab miniatürləri və bir neçə bina və məscidə vurduğu naxışlər bizə yadigar qalmışdır.

Xədicə Osman qızı Qayıbova (1893-1938) — incəsənət xadimi və Azərbaycanın ilk qadın pianoçularından biri.

Xədicə xanım atasının səyi nəticəsində Müqəddəs Nina Qızlar məktəbinə daxil olur. O, burada orta təhsillə yanaşı, eyni zamanda mükəmməl fortepiano təhsili də aldı.

Ancaq atası, bacısı və qardaşını vərəmdən itirən Xədicə xanımın təhsili yarımçıq qalır. Sonrakı bir neçə ildə qadınlar üçün nəzərdə tutulan rus-müsəlman məktəbində dərs deməyə başlayan Xədicə xanım 1919-cu ildə ailəsi ilə birlikdə Bakıya köçdü. Sovet ordusunun Bakını işğal etməsindən sonra Azərbaycan SSR Xalq Təhsil Komissarlığında Şərq musiqisi şöbəsinə rəhbər təyin edildi. O illərdə qurulan Şərq konservatoriyasının banilərindən hesab olunan Xədicə xanım fortepianoda ifa etdiyi klassik muğam əsərləri ilə qısa zamanda şöhrət qazandı.

1927-1931-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsil almışdır. 1933-cü ildə Xədicə xanım həbs edildi və əks-inqilabçılıqda ittiham olundu. Ancaq lazımi qədər dəlil olmadığından 3 ay sonra sərbəst buraxılan Xədicə xanım çox keçmədən öz peşəkar fəaliyyətinə davam etdi. 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının tədqiqat heyətinə daxil oldu və Azərbaycanın musiqi mirasının araşdırılması ilə vəzifələndirildi.

Lakin 1938-ci ildə Xədicə xanım ikinci dəfə həbs olundu. Azərbaycan SSR XDİK-in Xüsusi Üçlüyünün 1938-ci il 19 oktyabr tarixli qərarına əsasən Qayıbova Xədicə xanım Osman qızı Türkiyə konsulluğu ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnməyə məhkum edilmişdir. Cəza 1 həftə sonra Bakıda icra olunmuşdur. 1954-cü ildə Xədicə xanımın qızı Sultanova Alanqu Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edərək anası haqqında məlumat istəmişdir. 1955-ci il aprelin 28-də Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi şöbəsinin müstəntiqi Menyayev A. Sultanovanın ərizəsi ilə bağlı bildirmişdir: Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən Qayıbova Xədicə xanım Osman qızına bəraət verilmiş və fevralın 29-da qızı Alanquya bu haqda arayış təqdim edilmişdir.

Kövkəb Kamil qızı Səfərəliyeva (1907- 1985)  pianoçu, pedaqoq, professor, Azәrbaycanın ilk pianoçu-pedaqoqu, metodist.

1915-ci ildә Kövkәb Marinski adına ümumtəhsil mәktәbinә daxil olur. Eyni vaxtda o һәm dә fortepiano sinfindә musiqi dәrslәri dә alırdı. 1916-cı ildә isә tәһsilini musiqi texnikumunda davam etdirir. 

1926-cı ildә Kövkәb Səfərəliyeva Musiqi texnikumunu bitirir vә çox gәnc olmasına baxmayaraq onu Türk qadın seminariyasına işә dәvәt edirlәr. Burada o, ilk pedaqoji fәaliyyәtinә başlayır. Mәһz bu seminariyada da möһtәşәm ikilinin — Üzeyir bәylә Kövkәb xanımın tanışlığı vә birgə fәaliyyәtləri başlayır.

Musiqi Texnikumundan sonra Sәfәrәliyeva dövlәt konservatoriyasının fortepiano şöbәsinә daxil olur. Öz dövrünün dәyәrli mütәxәssislәrindәn dәrs alır. Onlardan öyrәndiklәrini isә o, illәr sonra mәhz elә bu musiqi ocağında yeni nәslә öyrәdir. Әvvәlcә tәcrübәçi-pedaqoq sonra isә xüsusi fortepiano sinfinin pedaqoqu kimi fəaliyyət göstərir. Kövkəb Səfərəliyeva 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş, 1952-ci ildə həmin tədris müəssisəsinin professoru olmuşdur.

Musiqi təhsilinin inkişafında böyük əməyi olan Kövkəb xanım 1937-ci ildə Konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbini yaratmış (indiki Bülbül adına məktəb) və onun direktoru olmuşdur.

Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.

Əşrəf Həsən oğlu Həsənov (1909-1983) — dirijor, pedaqoq, Azərbaycan SSR xalq artisti, professional təhsil almış ilk azərbaycanlı dirijorlardan biri.

Əşrəf Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir bəy Hacıbəyovun “Koroğlu”, “Leyli və Məcnun”, Müslüm Maqomayevin “Şah İsmayıl”, Reynqold Qilierin “Şahsənəm”, Mixail Qlinkanın “İvan Susanin”, Cüzeppe Verdinin “Traviata”, “Aida”, “Riqoletto”, Nikolay Rimski-Korsakovun “Çar gəlini” və “Qar qız”, Jorj Bizenin “Karmen”, Rucero Leonkovallonun “Məzhəkəçilər”, Sergey Raxmaninovun “Aleko”, Aleksandr Darqomıjskinin “Su pərisi”, Pyotr Çaykovskinin “Yevgeni Onegin”, “İolanta” , “Motsart və Salyeri” operalarına, Nikolay Rimski-Korsakovun “Şəhrizad”, İqor Morozovun “Doktor Aybolit” baletlərinə də dirijorluq edib.

Azərbaycan radio komitəsi nəzdindəki simfonik orkestrə rəhbərlik etmişdir.

Lyudmila Karaqiçeva-Bretanitskaya (1920-2015) —​ musiqişünas, pedaqoq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi.

L.Karaqiçeva Azərbaycan musiqişünaslığın aparıcı simalarından biridir. Böyük yaradıcılıq qabiliyyətinə və diapazonuna malik olan musiqişünas alimin elmi fəaliyyətinin əsas mövzusu Qara Qarayevin yaradıcılığıdır. “Qara Qarayev”, “Qarayevin baletləri”, “Qarayevin “İldırımlı yollarla” baletində Afrikanın musiqi folkloru”, “Don Kixot” simfonik qravürü və Qarayevin digər əsərləri haqqında işləri diqqətəlayiqdir. Lyudmila Karaqiçeva tələbələrinə müasir incəsənət haqqında mühazirələr oxuyan ilk musiqişünaslardan biri olmuşdur.
Onun bəstəkar və dirijor Niyazi haqqında monoqrafiyası, Azərbaycan musiqisinə aid müxtəlif mövzularda məqalələri də nəşr olunmuşdur. O, Moskvaya köçdüyü müddətə qədər (1988) konservatoriyada işləmişdir. 

Adelaida (Adilə) İrza qızı Məmmədova (1922-2015) — musiqiçi alim, pedaqoq, ictimai xadim.

Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlamışdır. 1977-ci ildə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilmişdir. Adelaida xanım 40 ildən artıq müddətdə, Bülbülün irsinin fədakar qoruyucusu və fəal təbliğatçısı olmuşdur. Məhz onun gərgin əməyi sayəsində respublikanın ilk ev-muzeylərindən biri olan Bülbülün xatirə muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən 6 mindən artıq sənəd, o cümlədən müğənninin iştirak etdiyi opera tamaşalarının afişaları, məktubları və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, habelə onun mədəni, elmi, pedaqoji və ictimai fəaliyyətinə aid materiallar toplanmışdır. Onun səyi ilə Bakı və Şuşa şəhərində Bülbülün xatirə ev-muzeyləri yaradılmışdır. O, muzey direktoru olmaqla yanaşı, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifi olmuşdu. Təssüflər olsun ki, Şuşa şəhəri 1992-ci ildə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, Bülbülün xatirə ev-muzeyi vəhşicəsinə dağıdılmışdır.

Adelaida xanımın əməyi yüksək qiymətləndirilmiş və o, Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeninə və “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”na layiq görülmüşdür.

Azad Həmzə oğlu Əliyev (1928-1994) — skripkaçı, Azərbaycanın xalq artisti.

1951-1971-ci illərdə Azərbaycan Dövlət Simli Kvarteti tərkibində çıxış etmişdir.

Azərbaycan bəstəkarlarının skripka üçün əsərlərinin ilk ifaçısı olmuşdur. Repertuarına rus və Qərbi Avropa bəstəkarlarının əsərləri də daxil idi. Kvartetin tərkibində Beynəlxalq müsabiqələrin laureatı və diplomantı olmuşdur.

1970-1976-cı illərdə Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertmeysteri, 1951-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimi olmuşdur.

Rauf Canbaxış oğlu Abdullayev (1937) — Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin dirijoru, professor, Azərbaycanın xalq artisti.

1965-1984 illərdə M.F.Ахundоv аdına Аzərbаycаn Dövlət Оperа və Bаlet Teаtrının bаş dirijоru, 70-ci illərdə Müаsir Musiqi Kаmerа Оrkestrinin və BаKаRа аnsаmblının yаrаdıcılаrındаn biri, 1984-cü ildən Ü. Hаcıbəyоv аdına Аzərbаycаn Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və bаş dirijоru, 1991-1994-cü illərdə Аnkаrа Dövlət Оperа və Bаlet Teаtrının bədii rəhbəri və bаş dirijоru, beynəlхаlq əhəmiyyətli musiqi festivаllаrının və layihələrin iştirаkçısı оlmuşdur. 20 ildən artıq bir müddətdə teatrın baş dirijoru kimi 30-a yaxın opera və balet tamaşalarına (istər klassik, istərsə də müasir repertuarda) dirijorluq etmişdir. Bir çох ölkələrdə (Rusiya, Almaniya, Hollandiya, İsveçrə, Fransa, Türkiyə, Misir, ABŞ, İtaliya, BƏƏ, və s.) məşhur kоllektivlərə dirijоrluq etmişdir. Repertuarına bir çox Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir.

1970-ci ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi, 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı, 1993-cü ildən 1997-ci ilədək Baş dirijor kimi çalışdığı Ankara Opera və Balet Teatrında dirijorluq fəaliyyətinə görə iki dəfə “Türkiyədə İlin ən yaxşı dirijoru” adına layiq görülmüşdür. 2017-ci ildə İstiqlal” ordeni ilə təltif olunub.

Nazim Əsədulla oğlu Rzayev (1925-2007) — Azərbaycan dirijoru, professor .

Nazim Rzayev 1958-1960-cı illərdə AOBT-nın dirijoru olmuş, 1960-1963-cü illərdə Moskvada Böyük Teatrda təcrübə keçmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur. Ömrünün son illərində Türkiyədə işləyib. Üzeyir Hacıbəyovun bir neçə əsərinə dirijorluq etmişdir. 1984-1985-ci illər teatr mövsümündə Ankara Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasının quruluşçu dirijoru olmuşdur.

1977-ci ildə Azərbaycan SSR-nin xalq artisti adını almış, 1980-ci ildə SSRİ və 1974-cü ildə Azərbaycan Dövlət mükafatları laureatı olmuşdur.

Fərhad Şəmsi oğlu Bədəlbəyli (1947) — pianoçu, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru.

1965-1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M. R. Brennerin sinfində), 1969-1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) oxumuşdur. Fərhad Bədəlbəylinin adı B. Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Vianna da Motta adına (Portuqaliyada – Lissabonda keçirilmiş Pianoçuların Beynəlxalq Müsabiqəsi, 1968, laureatı) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır.

Bu gün F.Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexiya, Slovakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və b. əhatə edir. Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986-1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olmuşdur. F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987-1996-cı illərdə o buranın rəhbəri olmuşdur) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılmışdır.

1995-ci ildən o, “Azərbaycan Mədəniyyətinin Dostları” fondunun üzvüdür. 1971-ci ildən F. Bədəlbəyli Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (1976-cı ildən dosent, 1983-cü ildən professor). 1991-ci ildən F. Bədəlbəyli onun təşəbbüsü ilə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasına çevrilmiş ADK-nın rektorudur.

GÖRKƏMLİ MUSİQİ XADİMLƏRİ — BƏSTƏKARLAR

Aqşin Əliqulu oğlu Əlizadə (1937-2014) — Azərbaycan bəstəkarı, professor.

1962-ci ildə Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib.

Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma, sonra yazdığı Birinci simfoniya “Zaqafqaziya Baharı” festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan “Ekspressiya” əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. “Bayatılar” əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır.

Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri “Babək” baleti, “Qаfqаzа səyаhət” baleti, “Ümid vаlsı” baleti, 5 simfoniya, xor üçün “Bayatılar”, “Təntənə”, “Azərilər” kantatası, “Ana torpaq”, “Qədim laylay”, kamera orkestri üçün “Pastoral”, “Aşıqsayağı”, “Cəngi”, “Kənd süitası”, “Uşaq süitası”, fortepiano üçün sonata, “Dastan”, “Qədim oyunlar”, “Portret”, xoreoqrafiq simfoniya və s.

50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb.

Arif Cahangir oğlu Məlikov (1933) – Azərbaycan bəstəkarı və rəssamı, professor.

1960-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirmişdir. Həmin ildən orada dərs deməyə başlamışdır, hazırda orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışır.

Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsusluğu ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edir.

Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri — “Məhəbbət Əfsanəsi” baleti Arif Məlikova dünya şöhrəti qazandırdı. Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun “İki qəlbin kitabı” əsəri əsasında yaratdığı “İki qəlbin poeması” baleti olmuşdur.

Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində — Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunmuşdur.

2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət “Not əsərlərinin tam külliyyatı” çap olunub.

Ağabacı İsmayıl qızı Rzayeva (1912-1975) — Azərbaycanın ilk qadın bəstəkarı.

Ağabacı xanım not çalğısı üzrə ali təhsilli tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alır.

Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinfində təhsil almış, onun ən sevimli tələbələrindən biri olmuşdur. Musiqi-nəzəri fənlərdən isə ona Ü.Hacıbəyov, Ə.Bədəlbəyli və C.Hacıyev dərs deyirlər. Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkardır. Onun bəstələdiyi ilk əsər “Gənc vətənpərvərlər marşı” olmuşdur. Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir. Bəstəkarın qəhrəman neftçilərimizin əmək şücaətini tərənnüm edən “Neftçi Qurban”, ata-anaların gözlərini sevincdən yaşardan “Evimizə gəlin gəlir”, “Oxuma gözəl”, “Çoban Qara”, balaca qızların gözləri qarşısında şirin və möcüzəli bir aləm açan “Kukla”, “Qaranquş”, “Ağ göyərçinim”, “Sabahın ustaları”, “Balaca kapitan”, “Qərənfiləm mən” və s. əsərləri milli mədəniyyətimizdə layiqli yer tutur. A.Rzayeva öz yaradıcılığının janr diapazonunu genişləndirməyə də can atmışdır. Bu mənada onun musiqili səhnə əsərlərini (“Günəş eşqi”, “Höcət eləmə”), variasiyalarını, iki sonatasını, qaboy, tar və kamança alətləri üçün yazdığı pyesləri, xalq çalğı alətləri üçün “Şənlik” süitasını da qeyd etmək olar. Xalq çalğı alətləri orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır.

O, bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Şərəf Nişanı” ordeni və müxtəlif medallarla təltif olunmuşdu. 1960-cı ildə ona əməkdar incəsənət xadimi fəxri adı verilmişdir.

Asəf Zeynalabdin oğlu Zeynallı  (1909-1932) — Azərbaycan bəstəkarı.

O, 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirmişdi. 1929-1931-ci illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləmişdir. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olmuşlar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.

23 il ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz qoymuşdur. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir. Piano üçün “Uşaq süitası” silsiləsi,  “Çahargah” Pyesi, violino və piano üçün “Muğamsayağı”, 2 fuqa,  simfonik orkestr üçün  “Fraqmentlər”, teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun  toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük  iş aparmışdır.  “İbtidai not savadı” adlı dərslik tərtib etmişdir. 

O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının “Sevil”, “Qayıdış”, X. Nəzirli və S. Rüstəmin “Alov”, A. Həmidin “Hind qızı”, V. Kirşonun “Küləklər şəhəri” əsərlərinə musiqi bəstələmiş, “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoymuşdu. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota almışdır. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi “Ölkəm” romansı ən məşhur əsəri hesab olunur.

O, 70-ə yaxın Azərbaycan xalq mahnılarını nota alır. Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfər edir və orada da ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır. O, xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirmir…

Azər Hüseyn oğlu Rzayev  (1930-2015) — Azərbaycan bəstəkarı, professor.

İlk təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 11 illik orta ixtisas musiqi məktəbində skripka aləti üzrə professor S.Bretanitskinin sinfində və eyni zamanda Boris Zeydmanın uşaq yaradıcılığı sinfində almışdır. Daha sonra təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirərək 1953-cü ildə oranı 2 ixtisas üzrə — bəstəkarlıq üzrə professor B.Zeydmanın və skripka üzrə professor A.Amitonun sinfini bitirmişdir. 1953-cü ildən 10 illik musiqi məktəbində skripka ixtisası üzrə müəllim və konservatoriyada konsertmeyster – müşayətçi kimi fəaliyyətə başlayıb.

A.Rzayev bir bəstəkar kimi ilk dəfə skripka ilə simfonik orkestr üçün 1 saylı Konserti ilə tanınmışdır. Bəstəkar bu əsərə görə 1955-ci ildə Varşavada keçirilən bəstəkarların Beynəlxalq Müsabiqəsində laureat adına layiq görülmüşdür. 1954-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1957-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olmuş, həmçinin 1957-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə kamera ansamblı üzrə müəllim, baş müəllim və nəhayət professor kimi fəaliyyət göstərmiş, Radio və Televiziya komitəsində səs rejissoru, M.Maqomayev adına Dövlət Filarmoniyasında bədii rəhbər, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru olmuşdur.

Bəstəkarın yaradıcılığında əsas yeri instrumental musiqi janrları tutur. O, skripka ilə simfonik orkest üçün 3 Konsertin, 6 poemanın, o cümlədən “Həyat vurğunu”, “Nəsimi”, “Atamın xatirəsinə” poemalarının, “Bakı-90” simfoniyasının, skripka ilə orkestr üçün “Fədai-Vətən”, violonçel və simfonik orkestr üçün “Poema-konsert”-in, tar və simfonik orkestri üçün “Düşüncə” və “Qaytağı”, fortepiano və simfonik orkestr üçün Konsertin, habelə “Hacı Kərimin Aya səyahəti” adlı bir operettanın, çoxlu sayda kamera-instrumental əsərlərin, tamaşalara yazılmış musiqilərin müəllifidir.

1963-cü ildən televiziya və radioda “Azərbaycan musiqi tarixindən səhifələr”, “Orkestrin musiqi alətləri haqqında”, “Bəstəkarlarımızın portreti”, “Musiqi aləmi” silsilə verilişlərin müəllifi və aparıcısı olmuşdur. 1997-ci ildə Bülbül adına orta-ixtisas musiqi məktəbi nəzdində “Uşaq simfonik orkestri” yaratmışdır.

Cavanşir Rəhim oğlu Quliyev (1950) — tanınmış Azərbaycan bəstəkarı.

1968-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri Fakültəsinin Tar Şöbəsinə daxil olub. İki ildən sonra Konservatoriyanın Bəstəkarlıq Fakültəsinə keçib və 1975-ci ildə görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sinfini bitirib.

Hələ tələbə ikən, C.Quliyev bəstəkarlıqda eksperimentlərinə başlamışdı. 2-ci kursda oxuyarkən yazdığı “Birinci Kvartetdə”, gələcəkdə əsas yaradıcılıq prinsipi olan milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına nail olmuşdu. Əsər dinləyənlər tərəfindən böyük maraqla qarşılanmış, bəyənilmiş və uzun müddət “millilik və müasirlik” baxımından yaradıcı mübahisələrin səbəbi olmuşdur. Bir sıra Konservatoriyalararası konfranslarda, o zamanki SSRİ Bəstəkarlar İttifaqında səsləndirilmiş, və böyük maraq doğurmuşdur. Sonralar C.Quliyevin bu üslubda bəstələdiyi bir sıra başqa əsərləri Avropanın çeşidli ölkələrində və Amerikada ifa olunaraq, böyük rəğbət görmüşdür.

Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. C.Quliyev ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlətmişdir. Tələbəlik illərindən, yəni 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb və həmin vəzifədə 17 il çalışıb.

1990-1993-cü illərdə Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri olub. 1980-1998-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında – Bakı Musiqi Akademiyasında, 1994-2003-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Paralel olaraq 1992-ci il sentyabr ayının 1-dən 2005-ci ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri işləyib. 2003-cü ildən Azərbaycən Milli Konservatoriyasının dosenti, 2005-ci ildən professoru, 2005-ci ildən Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə Sənətləri Fakültəsinin professorudur.

Cahangir Cahangirov (1921-1992) – bəstəkar, pedaqoq, xormeyster.

A.Zeynallı adına Bakı Musiqi Məktəbində, 1951-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında B.Zeydmanın bəstəkarlıq sinfində təhsil alıb. Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. 1959-cu ildə Əməkdar incəsənət xadimi, 1963-cü ildə xalq artisti, 1950-ci ildə SSRİ dövlət mükafatı laureatı olub.

Cahangir Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən “Arazın o tayında” poemasını, 12 hissədən ibarət “Dostluq mahnısı” kompozisiyasını, “Azad” və “Xanəndənin taleyi” operalarının xor nömrələrini, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantatalarını, “Sabir” oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar. Sadalanan əsərlərdən xüsusilə “Füzuli” kantatası Cahangir Cahangirova böyük şöhrət gətirmişdir. O, kantatada böyük şairin möhtəşəm obrazını, onun daxili aləminin özünəməxsus təsirli və qəlboxşayan musiqi dili ilə aça bilmişdir. Kantatanın mətn əsasını Füzulinin üç qəzəli təşkil edir. Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirir.

Onun “Ana”, “Aylı gecələr”, “Bakı”, “Dan ulduzu, bir də mən”, “Ay qız”, “Alagöz” və s. mahnıları dillər əzbəridir. Cahangir Cahangirov klassiklərin yaradıcılığına da müraciət etmiş, ürəyəyatımlı mahnı və romanslar yazmışdır.

Əhməd-Cövdət İsmayıl oğlu Hacıyev (1917-2002)  — tanınmış Azərbaycan bəstəkarı, Bakı Musiqi Akademiyasının rektoru və professoru.

Оrta təhsilini başa vurduqdan sоnra 1935-1938-ci illərdə Azərbaycan Dövlət Kоnservatоriyasında, 1938–1941-ci illərdə isə Mоskva Kоnservatоriyasında оxumuş və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şоstakоviçin sinfini bitirmişdir. 

Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında misilsiz xidmətlər göstərmişdir. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olmuşdur. Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülmüş, bir çox orden və medallarla, о cümlədən Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Azərbaycanda musiqi simfoniyasının banilərindən biri olan C.Hacıyev yaratdığı simfoniyalarda, “Sülh naminə” simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirmişdir. Qara Qarayevlə birgə bəstələdiyi “Vətən” operası, kamera-instrumental və fortepiano əsərləri də C.Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur. O, hələ tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli “Simfoniya”nı, iki simfonik poemasını, “Azərbaycan süitası”nı simli kvartet və sair əsərlərini bəstələmişdir. 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövət mükafatına layiq görülmüşdür.

Cövdət Hacıyev ümumilikdə səkkiz simfoniyanın, həmçinin simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifıdir.

Cövdət Hacıyevin “Onu zaman seçib” adlı səkkizinci simfoniyası Azərbaycanın prezidenti Heydər Əliyevə həsr olunub.

Eldar Bəhram oğlu Mansurov  (1952) – Azərbaycan bəstəkarı.

1968-1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində, 1974-1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. “Yeddi gözəl” rok-operası, “Kleopatra” və “Olimp” rok-baletləri, 5 simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib.

1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə “Əməkdar incəsənət xadimi”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Bəstəkar Eldar Mansurovun “Bayatılar” mahnısı ilk dəfə 1989-cu ildə ifa olunub. “Bayatılar” dərhal populyarlıq qazandı və artıq 1990-cı ildə “Melodiya” şirkəti tərəfindən val şəklində böyük tirajla çap olunaraq keçmiş sovet məkanında geniş yayıldı. Şair Vahid Əzizin sözlərinə yazılmış “Bayatılar” bu günə kimi ən sevimli mahnılar sırasındadır. O vaxtdan indiyədək bu uzunömürlü mahnı dünyanı gəzir. “Bayatılar”ın musiqisi Türkmənistan, Rusiya, Türkiyə, Yunanıstan, Almaniya, İtaliya, İspaniya, Fransa, Rumıniya, Bosniya və Herseqovina, Xorvatiya, ABŞ, İngiltərə, İsveç, Kanada, İsrail, ərəb ölkələri, hətta uzaq Braziliyada da müxtəlif ifaçılar tərəfindən istifadə edilib.

Emin Sabit oğlu Mahmudov (Emin Sabitoğlu) (1937-2000) — Azərbaycan bəstəkarı.

Musiqi məktəbini bitirdikdən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib.

1961-ci ildə “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib. Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.

O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.

Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalamışdır. 1 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin “Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında” 5 avqust 2017-ci il tarixli 3142 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqi sənətinin istedadlı nümayəndələrindən biri görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Emin Sabitoğlunun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.

Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli (1907-1976)— Azərbaycan klassik bəstəkarı, dirijor, librettoçu.

Əfrasiyab Bədəlbəyli Azərbaycanda ilk baletin müəllifidir. O, 33 yaşında ikən “Qız qalası” baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub. Sonrakı illərdə “Nizami”, “Söyüdlər ağlamaz” operalarını yazaraq adını mədəniyyət tariximizə qızıl hərflərlə əks etdirib. Bir çох dram tamaşasına musiqi bəstələyib. Azərbaycan radiоsu və televiziyasında milli musiqi sənətimizi geniş təbliğ edib. Mükəmməl bilik əldə etmək arzusu ilə, Əfrasiyab Bədəlbəyli 1924-cü ildə Azərbaycan Dövlət Türk Musiqi Texnikumuna və eyni zamanda, Azərbaycan Dövlət Universiteti şərq fakültəsinin lisaniyyət şöbəsinə daxil olur. 20 yaşında Cəfər Cabbarlının “Od gəlini” pyesinə yazdığı musiqi sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib. Xeyli müddət Moskva və Leninqrad opera və balet teatrlarında dirijor assistenti kimi fəaliyyət göstərib. 1938-ci ildən ömrünün sоnunadək Azərbaycan Dövlət Оpera və Balet Teatrında dirijоr işləyib. Musiqi texnikumunda Əfrasiyab Bədəlbəyli müəllim S.L.Bretanitskinin sinifində violino ixtisası üzrə təhsil alır. İstedadlı gənc tez bir zamanda səlis ifa bacarığına nail olur və 1925-ci il may ayının 22-də texnikum tələbələrinin qüvvəsi ilə Üzeyir bəyin səhnəyə qoyulmuş “Arşın mal alan” operettasını müşayiət edən orkestrdə ikinci skripkaların konsertmeysteri kimi çıxış edir.

Violino ilə yanaşı tarda da mükəmməl ifa üslubuna nail olmuş Əfrasiyab Bədəlbəyli, 1926-cı ildə xalq çalğı alətləri orkestrinin Moskva və Minsk şəhərlərindəki qastrol səfərləri zamanı ikinci səs tarçılar qrupunun konsertmeysteri kimi orkestrin heyətində iştirak edir.

Əzizə Vaqif qızı Mustafazadə (1969)— pianoçu, bəstəkar və caz ifaçısı.

17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik almağında onun caz-muğam musiqisi çox böyük rol oynamışdır. Elə həmin bu vaxtlarda Əzizə anası ilə Almaniyaya köçmüşdür.

Əzizə ilk albomunu 1991-ci ildə Aziza Mustafa Zadeh adı ilə çıxarmışdır. İkinci albomu Always (Həmişə), ona yüksək Alman musiqi mükafatı sayılan Səs-Akademiyası Mükafatını və Soninin Exo Mükafatını qazandırıb. O bir çox ölkədə caz və ənənəvi üslublarda gözəl nümunələr ifa edib və bir çox albomlar çıxarıb. Sonuncu çıxan albomu Contrasts II (2007)-dir.

27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.

Əzizə Mustafazadə hal-hazırda Almaniyada yaşayır.

Əzizə 2007-ci ilin iyununda Bakı Caz Festivalı üçün Azərbaycana qayıtmışdır. Bu müddət ərzində Opera və Balet Teatrında konsert vermişdir. Festivalın sonunda açıq hava altında, Yaşıl Teatrdakı konsertdə giriş ifasını yerinə yetirmişdir. Həmin konsertdə ‘Shamans’-ın çox möhtəşəm bir ifasını nümayiş etdirmişdir.

Fikrət Əmirov (1922-1984) —  Azərbaycan bəstəkarı.

Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir. F. Əmirov musiqisinin janr dairəsi nə qədər geniş olsa da, simfonik və musiqi səhnə janrları yaradıcılığında aparıcı rol oynayır. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı “Şur”, “Kürd Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunub. F. Əmirovun “Nizami” simfoniyası, doğma vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası” , “Azərbaycan qravürləri” bəstəkar irsinin dəyərli səhifələridir.

F.Əmirov C.Cabbarlının dramı əsasında yazdığı “Sevil” operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoymuşdur (əsər ilk dəfə 1953-cü ildə Axundov adına Azərbaycan Dövlət Opera və BaleTeatrında tamaşaya qoyulmuşdur). O, musiqili komediya janrında da “Ürəkaçanlar”, “Gözün aydın” kimi maraqlı əsərlər yaratmışdır. F.Əmirovun gözəl baletləri “Min bir gecə” və “Nəsimi” də dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir.

Azərbaycan konsert janrının ilk nümunələrini də F.Əmirov yaratmışdır. Onun bir neçə konserti, xüsusən də fortepiano və orkestr üçün E. Nəzirova ilə birgə yazdığı “Ərəb mövzularında konsert”i Azərbaycan pianoçularının ən çox ifa etdiyi əsərlər sırasındadır.

Onun “Fortepiano üçün 12 miniatür”, müxtəlif pyeslər, “Ulduz” , “Azərbaycan elləri”, “Gülüm”, “Gülərəm gülsən” və digər romans və mahnıları bu gün də tez-tez səhnələşdirilir. O, həmçinin dram tamaşalarına, “Böyük dayaq”, “Mən ki gözəl deyildim” və digər filmlərə maraqlı musiqi bəsləmişdir.

Firəngiz Əliağa qızı Əlizadə (1947) – Azərbaycanın görkəmli bəstəkarı, UNESCO-nun Sülh artisti.

İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və fortepiano ixtisasları üzrə təhsil almışdır. 1972-1974-cü illər ərzində Qara Qarayevin assistenti kimi çalışmış, 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyətlə məşğul olmağa başlamışdır. F.Əlizadə 1994-cü ildə dissertasiya müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə, 1998-ci ildə professor elmi adına layiq görülmüşdür.

F.Əlizadənin fəaliyyəti çoxşaxəli və genişdir. F.Əlizadə bir bəstəkar, pianoçu, dirijor, musiqi-ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Bir pianoçu kimi o, A.Berq, P.Hindemit və digər XX əsr xarici ölkə bəstəkarlarının müasir əsərlərinin ölkəmizdə tanıdılmasında mühüm rol oynamış, bir çox Azərbaycan bəstəkarlarının əsərlərinin ilk ifaçısı olmuşdur. Öz əsərlərinin təqdimatında da o, həm pianoçu, həm də dirijor kimi çıxış edir.

F.Əlizadə müxtəlif janrlarda bir sıra musiqi əsərlərinin müəllifidir: “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operaları, “Boş beşik” və “Stadt-Graniza” baletləri, “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron” — müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərlər, “Silk road” Konserti, violonçel və orkestr üçün Konsert “Mərsiyə”, böyük simfonik orkestr üçün “İthaf” və s. əsərlər.

Son illərdə xarici ölkələrin musiqi kollektivlərinin sifarişi ilə yazılmış və ifa olunmuş əsərlərdən: Violonçel üçün “Oyan!” (Paris, Fransa, 2005),  Kvintet üçün “Xəzər” (Nyu-York, ABŞ, 2006), Fleyta, klarnet, skripka və zərb alətləri üçün “Atəş” (Sietl, ABŞ, 2006); “Optical İdentity” baleti (Sinqapur, 2007); Misteriya “Al Kamandjaty” (Roma, İtaliya, 2007), Skripka üçün “Dastan” (Ausburq, Almaniya, 2007),  Hazırlanmış fortepiano, violonçel və kamera orkestri üçün “Dəniz” (Bern, İsveçrə, 2008), “Your name means the Sea” operası (Hyuston, ABŞ, 2011), Xanəndə, flamenko ifaçısı və ansambl üçün “Mugflagamenco” (Amsterdam, Hollandiya, 2011), Skripka və fortepiano üçün “İmpuls” (ABŞ, 2012), Fortepiano üçün “Landscape” (Fransa, 2012) və s. qeyd etmək olar. 

Mirfaiq Miri oğlu Sücəddinov (1947) —  bəstəkar.

1965-ci ildə Faiq Sücəddinov Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olur. 1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvətilə orkestrdə çalışmağa başlayır. XX əsrin 80-ci illərində Faiq Sücəddinov Estrada Orkestrində fəaliyyətini dayandırır və Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsilini davam etdirir.

1977-ci illərdə Azərbaycan Dövlət Konservatoriya Bəstəkarlıq fakültəsinə qəbul olunur.

1981-ci ildə Azərbaycan Dövlət Konservatoriya Bəstəkarlıq fakültəsini bitirir. 2000-ci illərdə Faiq Sücəddinov Türkiyədə və Kirpdə yaşayıb fəaliyyət göstərir.

Əsərləri arasında piano və simfonik orkestr üçün konsert (1990), simli kvartet (1991), piano və kamera orkestri üçün konsert (1992), kamera orkestri üçün skertso (1993), xor və simfonik orkestr üçün “Atatürk” odası (1994), müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1996) vardır. 2006-cı ildən Azərbaycan Respublikasının Xalq Artistidir, 2007-ci ildə Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilib. 14 sentyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 Xəyyam Hadı oğlu Mirzəzadə (1935) —  bəstəkar.

1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

1970-ci ildə Azərbaycan Lenin komsomolu mükafatı laureatı, 1975 və 1986-cı illərdə Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, 1972-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 1987-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti adını almışdır.   

Görkəmli bəstəkar 2000-ci ildə “Şöhrət” Ordeni ilə təltif olunmuşdur. 

“Ağlar və qaralar” baletinin, I və II simfoniyaların, “Oçerklər – 63” simfonik poemasının, “Memory”, “Mərakeş rapsodiyası”, “Konsertştyuk”, skripka ilə orkestr üçün Konsertin, səs ilə orkestr üçün “4 esse”nin, 2 simli kvartetin, ayrı-ayrı alətlər üçün solo sonataların, fortepiano üçün 12 prelüdün, soprano və fortepiano üçün “İthaf”, estrada və caz pyeslərinin, populyar mahnıların müəllifidir. 
30-dan çox kinofilmə və 15 dram tamaşasına musiqi bəstələmişdir.

Qara Əbülfəz oğlu Qarayev (1918-1982) — bəstəkar, pedaqoq.

1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmiş, 1930-cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935-ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və Azərbaycan xalq musiqisinin əsasları siniflərinin tələbəsi olmuşdur. 1938-ci ildən 1940-cı ilədək P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin tələbəsi olmuşdur.

1937-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilmişdir. Moskvadan qayıtdıqdan sonra 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsini tutmuşdur. 1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini olmuşdur. 1946-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlamış, elə həmin il SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü seçilmişdir. 1953-cü ildə Leninqrad Dövlət Kiçik (“Malıy”) opera teatrında “Yeddi gözəl” baletinin ilk tamaşası qoyulmuşdur.

1963-ci ildə Leninqrad Kiçik (“Malıy”) opera teatrının qastrolları zamanı Qahirədə “Yeddi gözəl” baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb Respublikasında səfərdə olmuşdur. 1964-cü ildə SSRİ Böyük teatrının qastrolları zamanı “İldırımlı yollarla” baletinin tamaşaya qoyulması ilə bağlı “Varşava payızı” çağdaş musiqi festivalında iştirak etmişdir.

1965-ci il aprelin 21-i Moskvada, iyunun 2-i Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutmuşdur.

Müslüm Məhəmməd oğlu Maqomayev (1885-1937) — Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim.

Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri olmuşdur. Müslüm Maqomayevin ilk iri həcmli musiqi əsəri 1916-cı ildə yazdığı “Şah İsmayıl” operasıdır. Bu əsərdə bəstəkar operaya xas ariya, duet, çoxsəsli xor kimi əsas elementlərlə yanaşı, milli folklor nümunələrindən də bacarıqla istifadə edib. İlk tamaşası 1919-cu il martın 7-də nümayiş olunan opera indiyədək təqribən 400 dəfə oynanılıb.

Müslüm Maqomayevin yaradıcılıq irsinə “Nərgiz” operası, “Azərbaycan çöllərində”, “Azad olunmuş Azərbaycan qadınının rəqsi”, “Dərviş”, “Şəlalə”, radio marşı kimi simfonik əsərləri, “Ceyranı”, “Turacı”, “Çeçen rəqsi” oyun havaları, “Bahar”, “Bizim kənd”, “Mazut ordusu” mahnıları daxildir.

O, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “1905-ci ildə” tamaşalarına musiqi bəstələyib. Üzeyir Hacıbəyli ilə birgə “Azərbaycan türk el nəğmələri” məcmuəsini tərtib edib, 300-dən artıq Azərbaycan xalq mahnı və rəqs havalarını nota alıb.

Bakı radiosunun musiqi rəhbəri təyin edilmiş Müslüm Maqomayev efirdə ən yaxşı əsərlərin səsləndirilməsinə çalışır, bəstəkarlara yeni mahnılar və əsərlər sifariş edirdi. Onun təşəbbüsü ilə radioda “Çahargah gecəsi” adlı muğam konserti təşkil olunmuşdu. Həmin dövrdə Azərbaycan radiosu öz efirini Müslüm Maqomayevin radio marşı ilə açırdı.

Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov (1912-1984) — dirijor və bəstəkar.

Niyazinin dirijorluqda ilk böyük uğuru 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti günləri ilə bağlıdır. O, burada Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarına dirijorluq edir.

Niyazi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Leninqrad Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Filarmoniyada işlədiyi illərdə onun təşəbbüsü ilə “Humayun” xalq çalğı alətləri ansamblı yaradılıb. Xarici ölkələrdə işləmək təklifi alan dirijor Türkiyəni seçib, Ankara Opera və Balet Teatrında, İstanbul Opera Teatrında bir sıra uğurlar qazanıb. Dünyanın bir çox ölkələrinə qastrol səfərlərinə gedib.

O, bəstəkarlıqda da uğur qazanıb. “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti Niyazinin bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Məşhur hind yazıçısı Rabindranat Taqorun “Çitranqada” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletinə görə Hindistanın Cəvahərləl Nehru beynəlxalq mükafatını alıb.O

Maestro Niyazi bir sıra dövlət mükafatlarına, SSRİ Xalq Artisti fəxri adına layiq görülüb, orden və medallarla təltif edilib. 

Oqtay Kazımi (Oqtay Məmməd oğlu Kazımov) (1932-2010) — azərbaycanlı bəstəkar, Azərbaycanda ilk rok operettanın müəllifi.

Musiqi məktəbində oxuyarkən, “Bəxtəvər uşaqlar” adlı ilk mahnısını bəstələmişdir. O.Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olmuş və Cövdət Hacıyevin sinfində təhsil almışdır. 1966-1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərmişdir. Sumqayıtda çalışdığı illərdə O.Kazımi “Eksperiment” estrada orkestrini yaratmışdır. Sonralar bəstəkar filormoniyada musiqi redaktoru vəzifəsində çalışmış və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs demişdir. O.Kazıminin mahnıları uzun illər “Dan ulduzu” ansamblının repertuarında xüsusi yer almışdır. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova və digər korifey müğənnilər ifa etmişlər. Onun xalq çalğı alətləri üçün konsertləri, Azərbaycan prezidenti Heydər Əliyevə həsr etdiyi (“Millətin oyaq gecəsi”) vokal simfonik poeması, “Qarabağ rapsodiyası”, təntənəli uvertüraları, 60-a qədər teatr tamaşalarına bəstələdiyi musiqiləri (Akademik dram teatrında səhnəyə qoyulmuş “Büllur sarayda”, “Qılınc və Qələm”, “Fitnə”, “Ümid”, “Ədirnə Fəthi” və s.), Rus dram teatrında səhnələşdirilmiş “Şeyx Sənan”, Kamera teatrında səhnəyə qoyulmuş “İtlər”, Musiqili tamaşa teatrında səhnələşdirilmiş (“Qızıl Toy”, “Danabaş kəndinin əhvalatları”, “Dəli Dünya”) operettaları dillər əzbəri olmuş, müxtəlf səpkili mahnıları Azərbaycan incəsənətinin məzmununa füsunkar töhfə verməklə yanaşı tarixilik baxımından əhəmiyyətliliyi ilə fərqlənmişdir.

O.Kazıminin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Əməkdar incəsənət xadimi (1992), Azərbaycan Respublikasının Xalq artisti (2006) fəxri adlarına və Prezident təqaüdünə layiq görülmüşdür. O.Kazımi Azərbaycanda ilk rok operanın müəllifidir.

Polad Bülbüloğlu (Polad Bülbül oğlu Məmmədov)  (1945) — Azərbaycan bəstəkarı və müğənnisi.

Özünə soyad kimi atasının ləqəbini — Bülbül götürmüşdür. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfini bitirmişdir. Polad geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınmışdır. Kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema v. s. əsərlərin müəllifidir.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.

Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.

O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin – ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı “Məhəbbət və ölüm” baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda “2009-cu İlin Adamı” elan edilib. 3 fevral 2015-ci ildə Şərəf” ordeni ilə təltif edilmişdir.

Rafiq Fərzi oğlu Babayev (1936-1944) — Azərbaycan bəstəkarı.

1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvaretini məhz bu məktəbdə yaradır. 1950-ci ildə A.Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur, R.S.Levinanın sinfində təhsil alır. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. O, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi. Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən Rafiq Babayev 1959-cu ildə Bakı Konservatoriyasını bitirdikdən sonra həmin qrupun musiqi rəhbəri kimi, Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxır. Rafiq Babayev Bakıya qayıdandan sonra görkəmli müğənni Rəşid Behbudovla tanış olur. 1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. R.Babayev və R.Behbudov teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başlayırlar.

Bütün bu illər ərzində Rafiq caz musiqisi sahəsində yaradıcı işini də davam etdirir, bu işlə fasiləsiz məşğul olur, caz festivallarında iştirak edir. 1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festifalında Rafiq Babayevin ansamblı laureat olur. Onun “Bayatı-kürd” ladında ifa edilmiş kompozisiyası xüsusi qeyd edilir. Müxtəlif illərdə bu kollektivin heyətində Gennadi Stepanişşev (fleyta, saksofon), Rauf Sultanov (bas-gitara), Ələsgər Abbasov (gitara), Səyavuş Kərimi (ud, klavişli alətlər), Cəmil Əmirov (klavişli alətlər), Tofiq Cabbarov (zərb alətləri), Firuz İsmayılov (sintezator), Ramin Sultanov (zərb alətləri), Emil Həsənov (bas-gitara), Vaqif Əliyev (zərb alətləri), Emil K.Həsənov (bas-gitara) və başqa peşəkar musiqiçilər fəaliyyət göstərirdilər. Həmin illərdə Rafiq Babayev ictimai işlərlə də məşğul olur, müxtəlif müsabiqələr, baxış və festivallar təşkil edir. Onun bütün yaradıcılıq fəaliyyəti gənc instrumental musiqiçi və vokalçılarla pedaqoji işlə həmişə bağlı olmuşdur.

1991-ci ildə Rafiq Babayev “Cəngi” folklor-caz kollektivini təşkil edir və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma Studiyası yaradır. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə – Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırdı. 1993-cü ildə Rafiq Babayevə Azərbaycanın Xalq Artisti adı verilmişdir.

Soltan İsmayıl oğlu Hacıbəyov (1919-1974) — bəstəkar, dirijor, pedaqoq.

Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edir. O, İki prelüd və fortepiano üçün sonata, İ. Zamanlının sözlərinə yazılmış “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnılarını, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romanslarını, simli kvartet, simfonik variasiyalar yazır.

1945-ci ildə Türkmənistan Opera və Balet teatrı S. Hacıbəyova “Kəminə və Qazı” operasını yazmağı sifariş etdi. Həmin əsərin simfonik parçası “Karvan” adlanır. 1 Əsər üç hissəli quruluşdadır. Bu onun obraz dairəsi ilə əlaqədardır: karvanın gəlməsi, təbiət hadisələrinin coşması, karvanın uzaqlaşması. Əsər “Şur” muğamı üzərində bəstələnmişdir. 1946-cı ildə II simfoniya meydana çıxır. Burada yeni dramatik situasiyaların, yeni ifadə vasitələrinin axtarışları hiss olunur.Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. Burada həm pioner həyatı (4 pioner nəğməsi), həm də təbiət təsvirləri (“Yeni il”, “Bahar” və s.) vardır.

1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: “Oynaq topum”, “Laylay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı”. “İsgəndər və Çoban” uşaq operası Bakı pioner evinin sifarişi ilə yazılmışdır. Onun əsasını Nizaminin “İsgəndərnamə” əsərinin bir parçası təşkil edir. 

1950-ci ildə S. Hacıbəyovun “Gülşən” baleti meydana gəlir. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulmuşdur.

S. Hacıbəyov bir çox tamaşalara musiqi bəstələmişdir. Bunlardan M. İbrahimovun “Məhəbbət”, “Kəndçi qızı”, S. Vurğunun “İnsan”, S. S. Axundovun “Eşq və İntiqam”, S. Rəhmanın “Əliqulu evlənir” və bir çox başqa əsərlərinin adını xatırlamaq lazımdır.

Səid Əli oğlu Rüstəmov (1907-1983) — bəstəkar, dirijor, pedaqoq.

Səid Rüstəmovun müxtəlif vaxtlarda Müəllimlər Seminariyasını, sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirməsi, pedaqogikanı, habelə ayrı-ayrı fənlərin tədrisi metodlarını bilməsi, bu sahədə müəyyən təcrübə keçməsi onun musiqi təhsili sahəsində ustad pedaqoq kimi tanınmasına zəmin yaratmışdır.

Musiqi məktəbləri üçün “Not savadı” dərsliyinin əsas tərtibçilərindən biri olanda da, ilk “Tar məktəbi” dərs vəsaitini yazanda da, 1931-ci ildə respublikamızda notla çalan ilk xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijorunun köməkçisi, sonralar isə orkestrin bədii rəhbəri və baş dirijoru, Fioletov adına klubun mahnı və rəqs ansamblının, Azərbaycan Dövlət mahnı və rəqs ansamblının rəhbəri vəzifəsində çalışanda da öyrətmək məharəti ilə tanınan pedaqoq kimi nəzərə çarpmışdır. S.Rüstəmov dəfələrlə Bakı şəhər sovetinə deputat seçildiyi illərdə də zəhmətkeşlərin mədəni həyat səviyyəsinin yüksəlməsi naminə yorulmadan çalışırdı. S. Rüstəmov SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü kimi də geniş, məqsədyönlü iş aparmışdır. Onun səsi-sorağı Beynəlxaq konqreslərdən ən mötəbər məclislərdən gəlirdi. O dəfələrlə xalq çalğı alətləri ifaçıları üçün keçirilən Ümümdünya və Ümümittifaq festivallarında münsiflər heyyətinin sədri və üzvü olmuşdur.

Böyük sənət fadaisi, alovlu vətənpərvər Səid Əli oğlu Rüstəmovun geniş, çoxcəhətli fəaliyyəti gərgin əməyi layiqincə qiymətləndirilmişdir. O, 1938-ci ildə Əməkdar İncəsənət xadimi, 1957-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına, 1951-ci ildə isə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Üç dəfə Qırmızı Əmək Bayrağı ordeni və Xalqlar Dostluğu ordeni və bir sıra medallarla təltif olunmuşdur.

Şəfiqə Qulam qızı Axundova (1924-2013) — Şərqdə ilk opera yazan qadın bəstəkar.

1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

O, 1972-ci ildə “Gəlin qayası” operasını yazmaqla, Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur. Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların (“Leyla”, “Bəxtiyar ellər” və s.), “Ev bizim, sirr bizim” operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün “Aydın”, “Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?” və s. tamaşaların, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şeirlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.

Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1971-ci ildə “Gəlin qayası” operası ilə musiqisevərləri valeh edib.

Tofiq Ələkbər oğlu Quliyev (1917-2000) — bəstəkar, pianoçu, dirijor, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri.

1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib. 1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə “Məktəbli” mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Bağırovla birgə “Rast”, “Segah”, “Zabul”, “Dügəh” muğamlarını fortepianoda hazırlayıb. Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.

1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə “Qırmızı ordu” ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın “Qırmızı flot” hissəsinin rəhbəri olub. Müharibədən sonra M. Əzizbəyov (dram), S. Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb. 

1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956-1958-ci illərdə bir neçə mahnısı “Azərbaycan mahnıları” musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960-1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib. XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən “Bakı payızı”nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.

Tofiq Əhmədağa oğlu Bakıxanov (1930) – bəstəkar.

Tofiq Bakıxanov ilk musiqi təhsilini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) skripka aləti üzrə respublikanın Əməkdar müəllimi M.İ.Simberovdan almışdır. Sonra Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirərək oranı iki ixtisas üzrə — 1953-cü ildə skripka üzrə professor Q.Qarayevin sinfini bitirmişdir. Tələbəlik illərində T.Bakıxanov ifaçılıq fəaliyyəti ilə məşğul olaraq Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan radiosunun simfonik orkestrində solist kimi çalışmışdır.

T.Bakıxanovun yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir. O, üç balet (“Xəzər balladası”, “Şərq poeması” və “Xeyir və Şər”), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya (“Altı qızın biri pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir”), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam (“Nəva”, “Şahnaz”, “Rahab”, “Humayun”, “Dügah”), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir. 

1973-cü ildə Respublikanın Əməkdar İncəsənət xadimi fəxri adına layıq görülmüşdür. 1983-cü ildə professor adı almışdır. 1991-ci ildə ona Azərbaycan Respublikasının xalq artisti adı verilib. 1996-cı ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının İncəsənət Doktoru seçilmişdir. 1994-2000-ci illərdə Abbasqulu ağa Bakıxanov adına mükafatın laureatıdır. Eləcə də 2000-ci ildə “Şöhrət ordeni” ilə təltif olunmuşdur.1969-cu ildə Parisdə keçirilən VII beynalxalq rəqs festivalının; 1998, 2000, 2001-ci illərdə Quzey Kıbrıs Türk Cümhuriyyətində II, IV, V beynəlxalq “Bellapais” musiqi festivallarında , Moskvada, Tbilisidə, son illərdə İstanbul, İzmir, Tehran, Bolqarıstanda müəllif konsertləri ilə çıxış etmişdir. 

Üzeyir Hacıbəyov (Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov) (1885-1948) — bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi.

Üzeyir bəy Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlamışdır. O, Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni iqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan” və s. başlıqlar altında “Ü”, “Filankəs”, “Behmankəs” və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir.

Üzeyir Hacıbəyov xalqda musiqili səhnə əsərlərinə maraq oyatmaq məqsədilə Azərbaycan dilində milli opera yaratmaq qərarına gəlir. Hacıbəyovun 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən Leyli və Məcnun operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. 

Gənc bəstəkar bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam operalarını yazır. Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları onu çox məşhurlaşdırır. Üzeyir yaradıcılığının zirvəsi “Koroğlu” operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilir.

O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. Ə.Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur. “Sevgili canan”, “Sənsiz” romansları isə Müslüm Maqomayevin ifasında Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən hesab olunur. 

Vaqif Əziz oğlu Mustafazadə (1940-1979) — bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi.

1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olmuşdur.  Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir, əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edir.

1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festivallarının (“Tallin-66”, “Tbilisi-78”, Monte-Karlo) laureatı olmuşdur. 1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra 100-lərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından vətənə “Ağ royal” mükafatı ilə qayıdır və növbəti konsertlərinə hazırlaşır.

Fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır. Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış „Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür.

Vasif Zülfüqar oğlu Adıgözəlov (1935-2006) – bəstəkar.

1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir.​

Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M. Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışmışdır. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirdi. 1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilmişdir.

1973-cü ildə “Əməkdar incəsənət xadimi”, 1988-ci ildə Respublikanın Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.

1989-cu ildən Professor, 1990-cı ildə Dövlət Mükafatı laureatı adlarını almışdır

1995-ci ildə “Şöhrət ordeni” ilə təltif olunmuşdur. Bakı Musiqi Akademiyasında “xor dirijorluğu” kafedrasına rəhbərlik etmişdir.

Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov (1884-1950) — bəstəkarı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən biri.

Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – “50 yaşında cavan” (1910) əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərində Gürcü Zadəganları Teatrında olmuşdur. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilmişdir. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycanın musiqi sənətində mühüm rol oynamışdır. Azərbaycan bəstəkarlarının yaradıcılığına yeni bir cərəyan gətirən “Aşıq Qərib” operasında xalq rəvayətindən istifadə olunmuşdur. O, 1917-ci ildə “Üç aşiq və ya Məlikməmməd” adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırlatmışdır. Buna baxmayaraq, sovet hökumətinin təzyiqi nəticəsində əsər tamaşaya qoyulmamışdır.

XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnıları sayılır. Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəyovun rolu böyükdür.

O, 1932-ci ildə “Kölə qadınların rəqsi” adlı simfonik pyes bəstələmişdir. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaratmışdır. 1935-ci ildə oğlu – Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – “Almaz”a musiqi yazmışdır. Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.

GÖRKƏMLİ MUSİQİ XADİMLƏRİ — MUĞAM ÜÇLÜYÜ

Mirzə Əsəd oğlu Sadıq (1846–1902) və ya Sadıqcan — musiqiçi, tarzən, bəstəkar və Azərbaycan tarın təkmilləşdirən sənətkar.

Bütün şuşalılar kimi Sadıq da kiçik yaşlarından öz gücünü xalq mahnılarının və muğamlarımızın ifası sahəsində sınayır. İş burasındadır ki, Məhərrəmlik təziyələri zamanı teatrlaşdırılan şəbih tamaşalarında iştirak edib və mərsiyələr oxumaq savab sayıldığından, evlərinə tanınan mərsiyəxan və xanəndələr dəvət edə bilməyən kasıb ailələrdə öz övladlarını uşaq yaşlarından oxumağa öyrədirdilər. Hətta bundan ötrü Şuşada məxsusi musiqi məclisləri və məktəblər də vardı. Demək olar ki, bütün tanınmış xanəndə və musiqiçilər də şagird götürüb öyrədirdilər. Həmin məclis və məktəblərdən çıxan məzunların bir çoxu sonralar bütün Şərqdə məşhurlaşıb, toylarda, konsertlərdə, el şənliklərində hörmət qazanıb.

Sadıqcan — Azərbaycanın tanınmış tarzənlərindən biri sayılır. Sadıqcan tarı təkmilləşdirərək, bu alətdə virtuoz oyunların imkanlarını genişləndirdi. O, tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. O, həmçinin tarın boyunlarına tutma sistemini tamamilə dəyişdirib, onların sayını 27–28-dən 22-yə endirdi. Sadiqcan Azərbaycan muğamına əhəmiyyətli yeniliklər təqdim edərək, “Segah” və “Mirzə Hüseyn Segahı”nı təkmilləşdirdi və “Mahur” muğamını yaxşılaşdırdı. Azərbaycan muğamında “Mahur-Hindi”, “Orta Mahur”, “Zabul Segah”, “Xaric Segah”, “Mirzə Hüseyn Segahı”, “Etim Segah”, “Çoban Bayatı” yaranması, Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlıdır.

1890-cu illərdə Sadıqcanın rəhbərliyi altında Şuşada ansambl yarandı. Ansamblın tərkibində, o dövrün tanınmış müğənniləri və musiqiçiləri daxil idi. Tarzənin tanınmış şagirdlərindən — Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Şirin Axundov, Mərdi Canıbəyov, Həmid Malıbəyli və digərlərini qeyd etmək olar.

Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (1861–1944) — xanəndə, bəstəkar, musiqi xadimi.

Cabbar Qaryağdıoğlu XIX əsrin ikinci yarısında yetişən və Azərbaycan musiqi tarixində ən görkəmli rol oynayan xanəndələrdən biridir. Azərbaycan xanəndəlik sənətinin yeni bir mərhələsi onun adı ilə bağlıdır. Cabbar Qaryağdıoğlu Şuşada Xarrat Qulunun məktəbində muğam dərsləri almışdır. Eyni zamanda Şuşa şəhərinin zəngin musiqi mühiti Cabbarın inkişafında müstəsna rol oynamışdı. Rus şairi S.Yesenin onu “Şərq musiqisinin peyğəmbəri” adlandırmışdır. Qarabağ, Gəncə, Şirvan, Bakı məclislərində çox məşhur olan Cabbar Zaqafqaziyada, Orta Asiya ölkələrində, İranda da tanınmışdı. Cabbar Qaryağdıoğlu musiqi tarixində muğamı teatr və konsert səhnəsindən səsləndirən ilk xanəndə olmuşdur. Belə ki, 1897-ci ildə görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə Şuşada tamaşaya qoyulan “Məcnun Leylinin məzarı üstündə” musiqili səhnəciyində Məcnun rolunun ifaçısı Cabbar Qaryağdıoğlu olmuşdur. O, “Şərq konsertləri”nin də fəal iştirakçısı idi. Cabbar Şuşada Mirzə Sadıq Əsəd oğlunun sazandalar dəstəsi ilə, 1900-1905-ci illərdə Bakıda tarzən Mirzə Cəfər və kamançaçı Məşədi Qulu ilə çıxış etmişdir. 1905-ci ildə tarzən Qurban Pirimov və kamançaçalan Saşa Oqanezaşvilidən ibarət trio yaratmışdır. Bu trio 20 ildən artıq fəaliyyət göstərmişdir. 1906-1912-ci illər ərzində “Spord-rekord”, “Eksrtafon” və “Qrammofon” səhmdar cəmiyyətləri tərəfindən Kiyev, Moskva, Varşava şəhərlərdə Cabbar Qaryağdıoğlunun səsi qrammofon valına yazılmışdır. Şərqin musiqi sənəti tarixində bunlar ən birinci yazılardır. 1912-ci ildə Varşavadan qayıdarkən, Moskvada “Şərq konsertləri” vermişdir. C.Qaryağdıoğlu klassik muğamların hamısını və bir çox təsnifləri böyük məharətlə oxumuşdur. Xüsusilə, onun oxuduğu “Heyratı”, “Mənsuriyyə” zərbi muğamları, “Mahur”, “Şahnaz” muğamı musiqi tariximizdə misilsiz nümunələrdir. Cabbar klassik poeziyanı mükəmməl bilirdi. Cabbar özündən əvvəlki ustadlardan fərqli olaraq, xanəndəlik sənətində ilk dəfə olaraq, muğam və təsniflərdə Azərbaycan dilində qəzəllər oxumuşdur. O, konsert və məclislərdə Füzuli, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan və b. Azərbaycan şairlərinin qəzəllərini ifa edirdi. Məhz ana dilində qəzəllər və şeirlər oxumaqla muğamların xalq arasında geniş yayılmasına səbəb olmuşdur. Cabbar həm də bəstəkar və şair kimi tanınırdı. Onun yaratdığı təsniflərdən “İstəkanın deşilsin”, “Tiflisin yolları”, “İrəvanda xal qalmadı”, “Naxçıvan gədiyindən aşeydim” və b. göstərmək olar. Onun ifasında 300-ə yaxın mahnı və təsnif Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən Elmi-Tədqiqat kabinetində fonovaliklərə yazılmışdır, bir çox mahnı və təsniflər Ü.Hacıbəyli, M.Maqomayev, S.Rüstəmov tərəfindən nota köçürülmüş və nəşr olunmuşdur. 

Keçəçioğlu Məhəmməd (Məhəmməd Məşədi Xəlil oğlu) (1864-1940) — xanəndə.

Xanəndəlik sənətini Şuşada Xarrat Qulunun məktəbində və məşhur xanəndə Məşədi İsidən öyrənmişdir. Qarabağ məktəbinin digər görkəmli nümayəndələri ilə yanaşı, yaradıcılığında muğam sənətini inkişaf etdirmiş, Azərbaycan muğamının şöhrətini hər yana yaymışdır. Onun repertuarlarında klassik muğamlar, təsnif və xalq mahnıları əsas yer tuturdu. Geniş diapozonlu, güclü və zil səsə malik xanəndə bütün muğam-dəstgahları və zərbi muğamları ustalıqla oxuyurdu. Keçəçioğlu Məhəmməd öz sənətinə tələbkarlıqla yanaşan və öz üzərində daim, yorulmaq bilmədən çalışan xanəndə olmuşdur. Oxuduğu “Zəminxarə”, “Hümayun” kimi muğamlarla o, dinləyiciləri ələ almağı və öz bənzərsiz ifası ilə onları valeh etməyi bacarırdı.

Keçəçioğlu Məhəmməd klassik muğamları, həmçinin, “Nəva”, “Mahur”, “Bayatı-Qacar” muğamını original bir şəkildə , özünəməxsus cəhətlərlə ifa edirdi. Bununla yanaşı, o, xüsusən zərbi muğamların təbliğatçısı kimi tanınmışdır. Xanəndə Şərq konsertlərində çıxışları ilə də xalqın rəğbətini qazanmışdır. Xüsusilə onun Cabbar Qaryağdıoğlu ilə bigə Füzulinin “Leyli və Məcnun” poemasından səhnələri duet şəklində oxumaları çox məşhur idi.

Onun qastrol səfərləri də qeyd olunmalıdır. Xanəndəliklə yanaşı, pedoqoji fəaliyyətlə də məşğul olmuşdur. Keçəçioğlu Məhəmməd bütün qüvvəsini və biliyini musiqi mədəniyyətimizin inkişafına həsr etmişdir. 1926-cı ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Keçəçioğlu Məhəmməd Azərbaycan Dövlət Konservatoriyasına dəvət edilir. O, burada Azərbaycanın bir çox xanəndələrini yetişdirmişdir.

Məşədi Məmməd Fərzəliyev (1872-1962) — Qarabağ xanəndəsi.

Lap gənc yaşlarından bir müddət Gəncədə, sonralar isə Tiflis, Batumi, Vladiqafqaz, İstanbul və sair şəhərlərdə yaşamış və xanəndəlik etmişdi. O, Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınırdı. Məşədi Məmməd hələ Şuşada olarkən toy məclislərində və xalq şənliklərində çıxış etmişdi. O, ilk dəfə Şuşada Xandəmirovun teatrında verilən Şərq konsertində böyük uğur qazanmışdı.

Məşədi Məmmədin oxuduğu “Bayatı-kürd”, “Rast”, “Şur”, “Çahargah”, “Zabul-Segah”, “Kürdü Şahnaz”, “Heyratı”, “Mənsuriyyə”, “Simayi-şəms”, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Kərəmi”, “Əfşarı” və s. muğamlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Məşədi Məmməd də “Şüştər” ustası kimi daha məşhur idi.

Məşədi Məmməd Fərzəliyev 1912-ci ildə Varşava şəhərində fəaliyyət göstərən “Sport-Rekord” şirkəti tərəfindən bir dəvət aldı. Azərbaycanlı xanəndənin səsi Varşavada vala yazılır. Məşədi Məmməd tarzən Qurban Pirimovun müşayiəti ilə 40-dək muğam, təsnif və mahnı ifa etdi. Bu uğurdan sonra Kiyev şəhərindən də növbəti dəvət gəldi. Görkəmli sənətkar burada “Ekstrafon” şirkəti tərəfindən muğam və xalq mahnılarını qrammofon valına yazdırdı. Məşədi Məmməd bütün muğam və mahnılarında ən çox Natəvanın qəzəllərini ifa edərmiş. Məşhur bir xanəndə kimi tanınmış Məşədi Məmməd 1913-cü ilin yazında Zubalov adına xalq evi tərəfindən Tiflisə dəvət edilir. 1926-cı ildə Məşədi Məmməd Fərzəliyev Rusiyanın bir çox şəhərlərində, Polşa, Almaniya, Fransa, Belçika, Ingiltərə, Avstriya, Rumıniya, Türkiyə və Iranda konsertlər verir.

Məşədi Cəmil Əmiraslan oğlu Əmirov (1875-1928) — tarzən, bəstəkar, musiqi xadimi.

Məşədi Cəmil kiçik yaşlarından Azərbaycan tara böyük maraq göstərsə də maddi vəziyyətinə görə bir dərzinin yanına şagird kimi gedir. O, tezliklə Şuşada bir dərzi kimi məhşurlaşır və hətta özünə dükan da açır.  Bir dəfə Şuşadakı toy tarzənlərindən biri Məşədi Cəmilin yanına gələrək ona bir paltar tikdirir. Məşədi Cəmil isə bu paltarın qarşılığında tarzəndən ona tarda bir neçə mahnı çalmağı öyrətməyi xahiş edir və bundan sonra Məşədi Cəmil həyatını musiqi ilə bağlayır. Onun musiqiçi kimi yetişməsində Mir Möhsün Nəvvabın musiqi məclislərinin böyük rolu olmuşdur. Məşədi Cəmil Gəncə məclislərində Məşədi Məhəmməd Fərzəliyevi, Malıbəyli Həmidi, Musa Şuşinskini, sonralar isə Bülbülü və Seyid Şuşinskini müşayiət edir.

1910-cu ildə Məşədi Cəmil bir qrup musiqiçi ilə Riqa şəhərindəki “Qrammafon” şirkətinə dəvət olunur. Burada o, bir sıra muğam və xalq mahnılarını vala yazdırır. 1911-ci ildə musiqi təhsili almaq üçün Türkiyənin İstanbul şəhərinə gedir. İki ilə yaxın İstanbulda yaşayır və təhsil alır. Məşədi Cəmil Türkiyədə Azərbaycan musiqisinin qızğın təbliğatçısı kimi çıxış edir. Türkiyəlilər tarı sinədə çalmağı ilk dəfə Məşədi Cəmildə görürlər. Türkiyənin “Şəhbal” jurnalı Məşədi Cəmil və Azərbaycan musiqisi haqqında böyük bir məqalə və Məşədi Cəmilin tarla şəklini dərc edir.

Məşədi Cəmil həm də Azərbaycan musiqi tarixində muğamları ilk nota alanlardandır. O, 1912-ci ildə Heyratı muğamını nota salıb “Şəhbal” jurnalında nəşr etdirir. 1913-cü ildə Gəncəyə dönən Məşədi Cəmil özü ilə kaman və ud da gətirir. 1915-ci ildə uzun çalışmadan sonra Məşədi Cəmil “Seyfəl-mülk” operasını yazır. Opera Gəncədə iki dəfə oynanıldıqdan sonra Tiflisə dəvət alır və 1916-ci il 3 iyunda Tiflis Kozyanın teatrında (indiki Gürcüstan Dövlət Opera və Balet teatrı) səhnələşdirilir. Tiflisdən sonra opera İrəvanda səhnələşdirilir. Gəncəyə döndükdən sonra şəhərdə musiqi məktəbi açmaq istəyən Məşədi Cəmilə Çar Rusiyası icazə vermir. Lakin Məşədi Cəmil muğam kursu açır. Seyid Şuşinski, Bülbül, Zülfü Adıgözəlov, Əli Cavad oğlu, Əbdürrəhman Fərəcov və Musa Şuşinski kimi sənətkarlar bu kursdan faydalanır. SSRİqurulduqdan sonra Məşədi Cəmil Gəncədə dram truppası yaradır. 1923-cü ildə isə uzun mübarizədən sonra Məşədi Cəmil, nəhayət ki, Gəncədə musiqi məktəbi açmaq üçün icazə alır və elə ilk ildə məktəbə 39 tələbə qəbul edilir. Məşədi Cəmilin oğlu Fikrət Əmirov, Qənbər Hüseyinli, Telman Hacıyev və başqaları bu məktəbin yetirmələridir. Məşədi Cəmil Əmirov 1923-cü ildə “Namuslu qız” operettasını yazır və bu əsər də Gəncədə uğurla tamaşaya qoyulur. 

Abdullayev İslam Əbdül oğlu (1876-1964) — xanəndə.

Qarabağ muğam məktəbinin görkəmli nümayəndələrindən biridir. Azərbaycanın musiqi tarixində İslam Abdullayev “Segah” muğamının təkrarsız ifaçısı kimi tanınmışdır.

“Segah” muğamını və onun bütün variantlarını –“Zabul-Segah”, “Mirzə Hüseyn segahı”, “Orta Segah”,” Xaric Segah” muğamlarının xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən “Segah İslam” adlandırılmışdır. İslam Abdullayev Şuşa şəhər məktəbində təhsil almışdır.

Musiqişünas alim Mir Möhsün Nəvvabdan, xanəndə Hacı Hüsüdən və Qarabağın bir çox məşhur xanəndələrindən muğamları öyrənmiş, xanəndəlik sənətinə yiyələnmiş və tarzən Mirzə Sadıq Əsəd oğlunun müşayiətilə çıxış etməyə başlamışdır. İslam Abdullayev gözəl və təsirli səsi, bənzərsiz ifaçılıq qabiliyyəti sayəsində Azərbaycanda və onun hüdudlarından kənarda da məşhurlaşmışdır.

1910-1915 ci illərdə “Sport-Rekord” və “Ekstrafon” səsyazma şirkətləri tərəfindən İslam Abdullayevin ifasında “Segah”, “Bayatı-Qacar”, “Şahnaz”, “Şüştər” muğamları və bir sıra təsniflər qrammafon vallarına yazılmışdır.

İslam Abdullayev gözəl pedaqoq olmuşdur. Xan Şuşinski, Yaqub Məmmədov, Sahib Şükürov kimi xanəndələrin yetişməsində böyük rol oynamışdı. Ömrünün sonuna yaxın Ağdama köçmüş, burada musiqi məktəbində muğamdan dərs demiş, bir çox xanəndələrin ustadı olmuşdur.

Qurban Baxşəli oğlu Pirimov  (1880-1965) — Azərbaycanın ilk xalq artisti, musiqiçi, tarzən.

15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür. 1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur. Çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənir və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirir. Məşhur xanəndələri müşayiət edən tarzən onların arasında ən çox Xan Şuşinskiyə bağlanır. 

Qurban Primovla 30 il sənət əlaqəsində olan respublikanın əməkdar artisti Firudin Ələkbərovun tarzənlə bağlı maraqlı xatirələri var. O deyir ki, Qurban əmi muğamlarımızı dərindən bilən sənətkar olub. Qurban əmi tar çalanda mizrabından qığılcım çıxıb: “Onun vaxtında mikrofon az idi. Ancaq heç vaxt mikrofondan istifadə etməzdi. Onun gur çalğısı bütün zala yayılırdı. Mizrabı simlərə vuran kimi bütün zalda əyləşənləri məcbur edirdi ki, ona qulaq assınlar”.

Bəli, onda özünəməxsus çalğı ştrixləri olub. Bunlar onun öz tapıntısı, ürəyinin hərarəti idi. Q.Pirimovu tanıyanlar onun həm də çox zarafatcıl olmasını xatırlayırlar. Həmişə zarafatla tarzənlərə deyərmiş ki, birdən yolla gedəndə sizə daş atarlar, tez əllərinizi gizlədin. Bircə əlləri qoruyun. Qurban Primov haqlı idi. Məhz həmin əllər idi bizləri heyrətə salan, möcüzələr yaradan. Həmin əllərin sehrindən süzülən musiqi hər kəsin qəlbini fəth edə bilirdi. Ustadlarımız bu gün böyük sənətkarın yolunu davam etdirərək, öz sələflərini unutmağa qoymurlar. Ancaq Qurban Primovun öz sözləri ilə desək, “öyrənmək ustad olmaqda ümdə şərtdir. Amma gərək hər bir ustadın öz barmaqları olsun”.

Mirzə Mənsur Məşədi Məlik oğlu Mənsurov (1887-1967) —  tarzən.

Mirzə Mənsur Mənsurov atası Məşədi Məlik bəyin evində keçirilən Bakı muğam məclislərindən bəhrələnmiş, tara olan meyli artaraq musiqiçi olmağa qərar vermişdi. Görkəmli tarzən 1920-ci ildən Üzeyir Hacıbəyovun təşkil etdiyi Dövlət Türk Musiqi Məktəbində, 1926-1946-cı illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs vermişdir. O Üzeyir Hacıbəyovun təşəbbüsü ilə tar sinfi üçün ilk muğam tədris proqramını tərtib etmişdir. 

Mirzə Mənsurun ifasından 1930-cu illərin ortalarında gənc bəstəkarlar Tofiq Quliyev və Zakir Bağırov “Rast”, “Dügah” və “Zabul” muğamlarını ilk dəfə nota salmışlar. 1940-cı ildə Mirzə Mənsur Mənsurova Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi fəxri adı verilmişdir.

O həm də yaradıcı təfəkkürlü musiqiçi kimi tarın quruluşunda (pərdələrin qoşulmasında, tar aşıqlarının möhkəmləndirilməsində və s.) bəzi dəyişikliklər edib. Hətta yeni quruluşda bir tar da hazırlayıb. Mirzə Mənsurun 1934-cü ildə yeni forada hazırladığı iki tardan biri Parisdə, digəri isə İstanbulda incəsənət alətləri sərgisində müvəffəqiyyətlə nümayiş etdirilir.

Mirzə Mənsur Azərbaycanda bir çox istedadlı musiqiçilər nəsli yetişdirib. Bu sırada Səid Rüstəmov, Xurşid xanım Ağayeva, Ənvər Mənsurov (Mirzə Mənsurun oğlu), Rəçid Əfəndiyev və başqalarının adını çəkmək olar.

Seyid Şuşinski (1889-1965) — Azərbaycan xanəndəsi.

Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirrlərinə yiyələnmək üçün ən əvvəl iki il Nəvvabın yanında oxumuşdu. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olmuşdu. Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan “Çahargah”ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu “mayə”dən yox, “Mənsuriyyə”dən başlayardı, zildə böyük ustalıqla zəngulələr vuraraq, sonra “mayə”yə enərdi. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74 ötmüş Seyid “Mənsuriyyə”ni eyni şövqlə oxuyurdu.

Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edirdi. Sabirin “Millət necə tarac olur-olsun, nə işim var” şerini “Müxalif”də oxuyardı. Seyid Şuşinski siyasi-ictimai mövzuda şeir və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olmuşdur. O, bir sıra mübariz ruhlu mahnılar da oxumuşdur. “Ayıl ey millət”, “Mən bir türkəm”, “Millət istərsə” və s.

Seyid Şuşinski, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi. Molla Nəsrəddinin bir neçə nömrəsinin çıxmağına maddi yardım göstərmişdi. Ümumiyyətlə, Seyid Şuşinski böyük mesenat idi, o dövrün teatr aktyorlarına çox kömək etmişdi, özü də aktyor kimi bir sıra rolları oynamışdı. Seyid Şuşinski “Çahargah”dan başqa “Mahur”, “Nəva”, “Məsnəvi”, “Osmanı”, “Arazbarı”, “Heyratı” kimi muğamların gözəl ifaçısı idi. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib onları yeni variantda oxumuşdur. (“Rast-Humayun”, “Qatar-Bayatı”, “Şur-Şahnaz”) “Rast”da və “Kürdi-Şahnaz”da “Dilkəş”i ilk dəfə Seyid Şuşinski ifa etmişdi.

Seyid Şuşinskinin görkəmli bəstəkarımız Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazandığı “Şur” və “Kürdi-Ovşarı” simfonik muğamlarının yazılmasında məsləhətçi kimi böyük köməyi olmuşdu.

Əhməd Məmmədrza oğlu Bakıxanov (1892-1973) — tarzən, pedaqoq, musiqi xadimi.

Əhmədxan Bakıxanov ilk təhsilini İranda almış, burada ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərinə dərindən yiyələnmiş, 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə çalmış, müəllimlik etmişdir. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə ADK-da, daha sonra ADMM-də muğamdan dərs demişdir. Azərbaycan radiosunun nəzdində xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır. Bu ansambl bir çox görkəmli xanəndələri — Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Hüseynqulu Sarabskini, Zülfü Adıgözəlovu və b. müşayiət etmiş, geniş konsert proqramları ilə çıxış etmişdir. Azərbaycan xalq musiqisinin, xüsusilə muğamların təbliğində tarzən Ə.Bakıxanovun böyük xidməti var. O, muğam sənətinin dərin bilicisi olmuş, ifaçılıq təcrübə­sində az ifa olunan “Nəva-nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi tanınmışdır. Eyni zamanda onun yaratdığı bir çox melodiyalar, rənglər xalq ifaçılığında geniş yayılmışdır.

Ə.Bakıxanov “Azərbaycan xalq rəngləri” (1964), “Azərbaycan ritmik muğamları” (1968), “Muğam, mahnı, rəng” (1975) kimi not nəşrlərinin müəllifidir. Bu məcmuələr xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunur.

Ə.Bakıxanov ömrünün çox hissəsini musiqi kadrlarının tərbiyəsinə həsr etmişdir: Həbib Bayramov, Əhsən Dadaşov, Sərvər İbrahimov, Əliağa Quliyev, Əlikram Hüseynov onun tələ­bələri olmuşlar. Bir çox bəstəkarın (Arif Məlikov, Hacı Xanməmmədov, Nəriman Məmmədov və b.) muğam müəllimi olmuşdur. İranlı musiqiçilər Əli Səlimi və Adil Axundzadə onun yetirmələri olmuşlar.

Zülfü Səməd oğlu Adıgözəlov (1898-1963) — xanəndə, muğam bilicisi, təsnif və xalq mahnılarının təfsirçisi və təbliğatçısı.

Şuşada muğam axşamlarından birində Zülfü Adıgözəlovun ifasını dinləyən Cabbar Qaryağdıoğlu onu Bakıya dəvət edir. 1927-ci ildə Bakıya köçərək “Müdafiə evi”ndə (indiki filarmoniya) işləmək üçün Ü.Hacıbəyov, Q,Pirimov, M.Maqomayev və b. qarşısında imtahan vermiş, eyni zamanda radio verilişləri komitəsinə işə qəbul olunmuşdu.

Zülfü Adıgözəlov pəsxan xanəndə idi. O, muğam dəstgahını tam şəkildə, bəm və orta tessiturada özünəməxsus oxuma məktəbini yaratmışdır. Tanınmış xanəndələrdən Əbülfət Əliyev, Sahib Şükürov, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, İldırım Həsənov, Ağaxan Abdullayev, Tələt Qasımov və s. onun məktəbinin davamçılarıdırlar.

Xanəndənin ifa etdiyi və lentə, qrammafon vallarına yazdırdığı “Rast”, “Mahur-hindi”, “Segah-Zabul”, “Bayatı-Şiraz”, “Humayun” muğam dəstgahları, bir sıra təsniflər, “Nəbi”, “Mən gedirəm Zəngilana”, “Dedim bir busə ver”, “Kəklik” və b. bu kimi xalq mahnıları Azərbaycan musiqi xəzinəsinin inciləridirlər. Məhz qədim klassik muğamlarımızı, təsnif və xalq mahnılarını oxuyarkən onların ənənəvi forma və quruluşunu saxlamaqla xanəndə özünəməxsus nəfəsləri, dəst-xətti ilə ifaçılıq sənətinə yeniliklər gətirmişdir.

Zülfü Adıgözəlov muğam dəstgahların ayrı-ayrı uyğun şöbələrini birləşdirərək mikrosilsilə kimi müstəqil şəkildə təfsir etmişdir. Bu baxımdan “Əraq-Pəncgah”, “Hasar-müxalif”, “Vilayəti-Dilkeş” muğamları gözəl örnəklərdir.

Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) (1901-1979) — xanəndə.

16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə “Kürd-Şahnaz” muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona “Xan Şuşinski” adını vermişdir. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olmuşdur.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirmişdir. Xanın repertuarında “Mahur–Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.

1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görüldü. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil etmişdir.

O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yaratmışdır. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirirdi. Bu baxımdan onun “Qəmərim”, “Şuşanın dağları” mahnıları dillər əzbəri olmuşdur. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət etmişdir. Bu mənada Üzeyir Hacıbəyovun “Qara göz” mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşatmışdır.1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində “Muğam studiyası” yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrətmişdir.

Yavər Abbas qızı Kələntərli (1902-1979) — xanəndə.

Onların nəslində hamı muğamı, musiqini sevirdi. Amma balaca, şirindilli, hazırcavab, sevimli Yavərə “Qız uşağı oxumaz” dedilər. O da kömür damına qaçar, orda ürəyi boşalınca oxuyardı. Şöhrətli xanəndə olduğu vaxtlarda onu müayinə edən həkim təəccüblənmişdi: “Səsinizdə qəribə ahəng var, elə bil, kömür şaxtasında işləmisiniz”.Yavəri qohumları sənətdən, səhnədən uzaq tutmaq üçün əllərindən gələni etmişdilər. Ancaq onun məlahətli səsi bir gün bəstəkar Üzeyir Hacıbəyovun diqqətini çəkdi. Bəstəkarın təklifinə etiraz da edə bilmədilər. Yavər 1922-ci ildə birillik musiqi kursunu bitirdi.

O, səhnənin, oxumağın ləzzətini görüb-ailə həyatı qurmuşdu. Gəlin köçəndən sonra isə o, səhnə arzusuna, oxumaq istəyinə son qoyulduğuna əmin idi…1924-cü il noyabrın 5-də Maarif evinin ikimərtəbəli binasında sovet hakimiyyətinin 5-ci ildönümü münasibətilə tədbirdə Yavər “Mahur-hindi” muğamını ifa etdi. Onu tarda Bədəlbəy Bədəlbəyli, skripkada Cəmo Cəbrayılbəyli müşayiət etdilər. Bundan sonra Üzeyir bəy ona muğam dərnəyinə getməyi məsləhət gördü. Yavər Kələntərli məşhur xanəndələr Cabbar Qaryağdıoğlundan və Seyid Şuşinskidən dərs aldı. Ancaq bütün bunlar onun 18 illik həyat yoldaşından ayrılmasına səbəb olur. Hətta yeganə övladını itirdikdən sonra da bir müddət səhnəyə çıxmasa da sonda Ü. Hacıbəylinin təkidi ilə səhnəyə qayıdır.

Azərbaycan radiosununun və Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.

Leyli, Leylinin anası (“Leyli və Məcnun”, Üzeyir Hacıbəyov), Əsli (“Əsli və Kərəm”, Üzeyir Hacıbəyov), Ərəbzəngi (“Şah İsmayıl”, Müslüm Maqomayev) və digər partiyaları ifa etmişdir.

Mansurov Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov (1911-1985) — musiqiçi, görkəmli tarzən.

Bəhram Mansurov uşaqlıqdan evlərində təşkil olunan musiqi məclislərinin şahidi olub. Azərbaycanın bütün guşələrindən gələn muğam biliciləri, musiqiçilər, xanəndələr bu məclislərə toplaşardılar. Bu məclislərdən nəinki görkəmli musiqiçilər faydalanmış, həm də Seyid Əzim, Xurşudbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi məşhur şair və ədiblərimiz onunla yaxın əlaqədə olmuş, onun şəninə şeirlər yazmışlar. Bu məclislər 1863-cü ildən başlayaraq bir növ “xalq konservatoriyası” rolunu oynayıb. Bu musiqi ocağı sonralar çoxları üçün bir həyat məktəbi olub. Evlərində çoxlu tar var idi. Atası evdən bir yerə gedən kimi balaca Bəhram dərhal divardan asılan tarlardan birini götürüb çalar, özü də bilmədən kökdən salıb divardan asardı. Onun tara, musiqiyə olan həvəsini görən Məşədi Süleyman Bəhrama həmişə deyərmiş: “Mən hiss edirəm ki, sən tarı birdən-birə çalacaqsan. Sənə öyrətmək lazım deyil”. Doğrudan da Bəhram 8 yaşından tarı sinəsinə basaraq uşaq arzularını tarın kövrək tellərinə kökləyib.

Bəhram Mansurovun 19 yaşı olanda Müslüm Maqomayev onu ilk notlu xalq çalğı alətləri orkestrinə, daha sonra isə Opera və balet Teatrına solist-tarzən kimi dəvət edir. Bəhram Mansurov opera səhnəsində Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işləyir. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları teatra cəlb edərək onları tamaşalara hazırlayır. Bəhram Mansurov bütün yaradıcılığı boyu bir çox korifey xanəndələri — Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Xan Şuşinski, Hacıbaba Hüseynov və başqalarını konsertlərdə öz tarı ilə müşayiət etmişdir. O, ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında Azərbaycan muğamları UNESCO xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılmışdır. Tarzən 1978 və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil etmişdir. Bəhram Mansurov Sadıqcandan sonra klassik azərbaycan muğamlarını qoruyub saxlayan və təbliğ edən yeganə tarzən idi. Onun ifasından bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu, bəstəkar Eldar Mansurov tərəfindən nota salınmışdır.

Hacıbaba Hüseynəli oğlu Hüseynov (1919-1993) — xanəndə.

Ruhani ailəsində böyümüşdür. Erkən yaşlarında məsçidlərdə, yas məclislərində nohə və mərsiyyə söyləyərmiş. 1938-ci ildə xanəndə Zülfü Adıgözəlovun plastinkasını əldə edən Hacıbaba Hüseynov, Zülfünün oxuduqlarını təkrar edir onu yamsılıyarmış. 1945-ci ildə müharibə bitəndən sonra, o zamanlar artıq tanınan xanəndə olan, həm də Hacıbaba Hüseynovun baldızı olan Sara xanım Qədimova, Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Əhməd müəllim gənc Hacıbabanı öz ansamblna işə gətirir. Hacıbaba həmin ansamblda üç il çalışmışdır. Güclü hafizəsi sayəsində eşitdiyi dini musiqi nümunələrini, muğamları dərindən mənimsəmiş, əruz vəzninin qayda-qanunlarını mənimsəyərək qəzəllər yazmağa başlamışdır. Həmin vaxtlarda Hacıbaba Hüseynov ansamblla çıxış edən xanəndələrdən, musiqiçilərdən, Əhməd Bakıxanovdan muğamın incəliklərini öyrənir və ömrünün sonuna qədər Əhməd Bakıxanovu özünün əsas ustadı hesab edir. Onun səs diapozonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirlimişdir.

1963-cü ildə Zülfü Adıgözəlovun vəfatından sonra, Əhməd Bakıxanov Hacıbaba Hüseynovu Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs deməyə dəvət edir. Hacıbaba Hüseynov ömrünün sonuna qədər, 30 il ərzində həmin məktəbdə dərs demiş, xanəndələr yetişdirmişdir. Xanəndənin tələbələri arasında görkəmli sənətkarlarımız var — Nəzakət Məmmədova, Qədir Rüstəmov, Səxavət Məmmədov, Zaur Rzayev, Teymur Mustafayev, Aqil Məlikov, Səfər Mirzəyev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə, Sahib İbrahimov və s. Görkəmli sənətkarlarımız Ağaxan Abdullayev, Məmmədbağır Bağırzadə və Alim Qasımov Hacıbaba Hüseynovun birbaşa tələbələri olmasalarda, Onun ifasından çox bəhrələniblər və qoyduğu məktəbin laiqincə təmsil ediblər. Hacıbaba Hüseynovun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olmuş və muğam ifaçılığında geniş yayılmışdır.

Elman Kərim oğlu Bədəlov (1929-1991) — kamançaçalan. 

Gənc yaşlarından musiqi ilə məşğul olmuş, tar və kamaça alətlərində məharətlə çalmışdır.

Ağdam Dövlət Dram Teatrının tamaşalarında, kosertlərlə çıxış etmiş, Azərbaycan gənclərinin II festivalının laureatı olmuşdur (1957). Bununla yanaşı, Ağdam Pedoqoji Məktəbində fizika-riyaziyyat sahəsində təhsil almış və müəllim kimi çalışmışdır (1947-1951). Professional musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində (1957-1961) və Azərbaycan Dövlət Konservatoriyasında (1975-1980) almışdır.

1958-ci ildən ömrünün sonuna kimi AzTRV QSC S.Rüstəmov adına xalq çalğı ansambl orkestrinin solisti və kamança qrupunun konsertmeysteri olmuşdur. Elman Bədəlov solo ifaçı və muğam üçlüyünün tərkibində konsertlərdə çıxış etmiş, bir çox ölkələrdə (Türkiyə, Yaponiya, Danimarka, İsveç, Norveç və b.) qastrol səfərlərində, beynəlxalq musiqi festivallarında çıxış etmişdir.

Kamançada çaldığı “Bayatı-Şiraz” “Dilkəş”, “Şüştər” və s. muğamları, bəstəkarların əsərlərini məharətlə ifa edirdi.

Habil Mustafa oğlu Əliyev (1927-2015) — kamançaçalan.

Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinifi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub.

Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başladı. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmamışdı. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb. Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu. Habil “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Rahab”, “Bayatı-Kürd”, “Cahargah”, “Rast”, “Zabul” muğamlarına yeni kamança həyatı vermişdir. Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olmuşdur.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

Əlibaba Balaəhməd oğlu Məmmədov (1930) — Azərbaycan xanəndəsi, bəstəkar.

Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynamışdı. Əlibaba Məmmədov musiqi təhsilini 1953-1958 ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində almışdır.

1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə “Azkonsert birliyi”-nin solisti olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində maestro Niyazinin təşəbbüsü ilə “Hümayun” xalq çalğı ansamblını yaratmışdır və bu günə kimi həmin ansambla rəhbərlik edir. Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnmiş və muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınmışdır.

Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaratmışdır ki, onlar xanəndələrin repertuarlarına daxil edilmişdir.

“Yaşa məhəbbətim, yaşa ürəyim”, “Gəl bizə, yar”, “Bir dənəsən” və s. Füzuli, Vahid, Mikayıl Müşviq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi Azərbaycan şairlərinin sözlərinə yazılmış bu mahnılar AzTV Fondunda bir çox görkəmli xanəndələrin lent yazısında qorunub saxlanılır. Əlibaba Məmmədov 1963-cü ildən Bakı Musiqi Kollecində muğamdan dərs deyir, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edir. Əlibaba Məmmədov həm də dəfələrlə muğam müsabiqələrində müsiflər heyətinin üzvü olmuşdur.

Arif Babayev (1938) — xanəndə, professor.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib (1962). Azərbaycan Dövlət Filarmoniyasında (1963-1966), Azərbaycan Dövlət Opera və Balet Teatrında (1966) çalışıb.

O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaratmışdır. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olmuşdur. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov-“Leyli-Məcnun”, “Əsli və Kərəm “), Aşıq Qərib (Z.Hacıbəyov-“Aşıq Qərib”), Camal (Ş.Axundova-“Gəlin qayası”) kimi yaddaqalan obrazlar yaratmışdır. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənmiş və lentə alınaraq AzTR Fonduna daxil olmuşdur.

1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub.

1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Xanəndə, xalq artisti (1988), professor (1996), “Şöhrət” (1998) və “İstiqlal” (2008), “Şərəf” (2018) ordenlərinə layiq görülmüşdür. Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir.

Onun yaradıcılığında “Şur”, “Seygah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə , “Segah” muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxumuşdur. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

Canəli Xanəli oğlu Əkbərov (1940-2021) — xanəndə, aktyor.

Canəli Əkbərov muğamın sirrlərini atasından öyrənmişdir. Canəli Əkbərov musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində almışdır. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirir.

1965-ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının, 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrı-nın solistidir.

Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”), Aşıq Qərib (Z.Hacıbəyov – “Aşıq Qərib”) obrazlarını yaratmışdır. Canəli Əkbərov xarici ölkələrdə — Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdur.

Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiqi festivalında böyük nailiyyət əldə etmişdir. Canəli Əkbərov ifa etdiyi bütün muğamlar dəstgahlar vallara və disklərə yazılmışdır. Canəli Əkbərov hal-hazırda muğam müəllimi kimi gənc xanəndələr nəslini yetişdirir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muğam sənəti” kafedrasının müdiri vəzifəsində çalışır.

2002-ci ildə Şöhrət ordeni ilə təltif olunmuşdur. Canəli Əkbərov 22 oktyabr 2021-ci ildə vəfat etmişdir. Ustad sənətkar İkinci Fəxri Xiyabanda dəfn edilib.

Ağaxan Minaxan oğlu Abdullayev (1950-2016) — xanəndə.​

1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunmuşdur. 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb.

1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.

1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsü idi.

2000-ci ildə pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 2001-ci ildə Azərbaycan Respublikası Simurq Milli Mükafat Fondu, 2002-ci ildə “Humay” Milli Mükafatı, 2003-cü ildə “Yaşa Azərbaycan” mükafatı ilə təltif olunub.

10 may 2015-ci ildə Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif olunub.

Səxavət Əmirxan oğlu Məmmədov (1953-1991) — xanəndə.

Səxavətin səsi “Segah”a yatımlı idi, ruhu “Segah”a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz “Segah” ladındadır. “Ay Bəri Bax”, “Uca Dağlar”, “Yar Bizə Qonaq Gələcək”, “Ay Çiçək”, “Sarı Bülbül” “Külək” və s.

1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə “Hümayun” xalq ansamblının solisti olur. 1983-88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı. Səxavət “Qarabağ”la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı.

Səxavət Məmmədov bənzərsiz səsə malik idi. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı.

Alim Həmzə oğlu Qasımov (1957) — xanəndə və aktyor.

O, 1978-1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983-1989-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb.

1979-cu ildə Azərbaycan Televiziyasında ilk çıxışı olub. 1980-ci ildə Moskvada 22-ci Olimpiya oyunlarında iştirak edib. 1982-ci ildə birinci Respublika muğam müsabiqəsinin qalibi olub. 1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumuna qoşulub. 1989-cu ildə Moskva, Paris, Mone, Köln, Boxum, Qərbi Berlin, Frazburq, Bazel, Cenevrə, Lie, Amsterdamda konsertlər verib və festivallarda iştirak edib. 1991-ci ildən Paris şəhər Bələdiyyə teatrı — “DE-LE-vill”in üzvüdür.

2000-ci ildə “Love’s deep ocean” diski “Avropa Dünya Musiqi xəritəsi”ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib. 2000-ci ildə Avropa Nadir Səslər assambleyasının üzvü seçilib.

Hazırda Asəf Zeynallı adına Musiqi Məktəbində və Bakı Musiqi Akadamiyasında çalışır. Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.

2009-cu ildə Alim Qasımov ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.

2012-ci il mayın 26-da Alim Qasımov Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb. 2015-ci ildə isə Avropa Oyunlarının açılış mərasimi Alim Qasımovun canlı muğam ifası ilə başlayıb.

GÖRKƏMLİ MUSİQİ XADİMLƏRİ — MÜĞƏNNİLƏR

Hüseynqulu Məlik oğlu Rzayev (Hüseynqulu Sarabski) (1879-1945) — Azərbaycan opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi.

Uşaqlıqdan musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilirdi. Özünün xatirələrində yazdığı kimi “Məhərrəmlik vaxtında dini havalar oxuyar, mərsiyə deyər, münacat çəkər, eyni zamanda el şənliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi”. O, 12 yaşı olarkən ilk dəfə teatr tamaşasına baxır: bu həvəskarların ifasında “Xan Sarabi” adı ilə qoyulmuş Mirzə Fətəli Axundovun “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü Sarabski də bu güclü təəssüratın əks-sədası oldu. 

Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlmişdi. Teatrı “şeytan əməli”, aktyorluğu isə “kişiyə yaraşmaz peşə” hesab edənlərin tənəsinə, bəzən də hədə-qorxusuna sinə gərmək lazım gəlirdi. Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq sənətini seçməsində, püxtələşməsində teatr xadimlərindən, tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Rəhim bəy Məlikovun, həmkarları – Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olmuşdur. İlk dəfə 1902-ci ildə Nəriman Nərimanovun “Dilin bəlası” pyesində Rəsul roluna çıxan Hüseynqulu sonralar teatr səhnəsində Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır. O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Uilyam Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərində də çıxış edirdi. Məhz Henrix Heynenin “Əlmənsur” pyesində ərəb səyyahının rolunda çıxış edərkən oxuduğu təsiredici “Hicaz” muğamı onun Azərbaycan mədəniyyətinin yeni bir aləminə – musiqili-teatra, operaya gətirdi. Bu tamaşa zamanı Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan “Leyli və Məcnun” üzərində işləyən Üzeyir Hacıbəyovun diqqətini cəlb etdi. Üzeyir Hacıbəyov məlahətli səsə malik, muğamlara bələd olan aktyor kimi də təbii və canlı Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola – Məcnun roluna dəvət etdi. Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və şöhrət gətirdi. Bu rol bəlkə də aktyorluq sənətinə hələ də “oyunbazlıq” kimi baxanların teatra münasibətini kökündən dəyişdirən təkan nöqtəsi oldu. Aktyorun özünün yazdığı kimi “vaxtı ilə onu barmaqla göstərən, ona tənə ilə baxanlar indi onu Məcnun deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar”. Səhnədə yaşadığı 30 ildən artıq bir müddətdə o 400 dəfə bu rolu oynamış,[1] Azərbaycan səhnəsinin təkrarolunmaz Məcnunu kimi ad qoymuşdur.

Hüseynqulu Sarabski milli opera tarixində Üzeyir Hacıbəyovun opera və operettalarında – Kərəm (“Əsli və Kərəm”), Şeyx Sənan (“Şeyx Sənan”), Şah Abbas (“Şah Abbas və Xurşidbanu”), Söhrab (“Rüstəm və Söhrab”), Sərvər (“O olmasın, bu olsun”), Mərcan bəy (“Ər və arvad”), Əsgər (“Arşın mal alan”), Müslüm Maqomayevin “Şah İsmayıl”ında Şah İsmayıl, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”ində Aşıq Qərib rollarının ilk ifaçısı kimi ad qoydu.

Xurşid Qacar (1894-1963) — opera müğənnisi, Azərbaycandan kənarda vokal təhsili almış ilk azərbaycanlı qadınlardan biri.

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi 1915-ci ildə vokal təhsilini Moskva Konservatoriyasında almışdır. Təhsilini bitirdikdən sonra Moskvada xalq Maarif Komissarlığının incəsənət şöbəsində işləmiş, Moskva estrada ansamblının solisti olmuşdur. 1924-34 illərdə Azərbaycan Opera və Balet Teatrında fəaliyyət göstərmiş, Gülzar (“Şah İsmayıl”, M.Maqomayev), Xurşidbanu, Gülçöhrə və Asya, Gülnaz (“Şah Abbas və Xurşidbanu”, Arşın mal alan”, “O olmasın, bu olsun”, Ü.Hacıbəyli), Mikaela (“Karmen”, J.Bize) və s. partiyalarda çıxış etrnişdir.

1934 ildən “Azərnəşr”də özünün təşəbbüsü ilə yaratdığı musiqi nəşriyyatının müdiri işləmiş, eyni zamanda 1935-ci ildə Azərbaycan Opera və Balet Teatrı nəzdində studiya yaratmış, tələbələrin ifasında “Demon” (A.Rubinşteyn), “Çar gəlini” (N.Rimski-Korsakov) operalarını tamaşaya hazırlamışdır. Dügah, Rast, Segah-Zabul muğamlarının nota alınmasında xidməti var.

Şövkət Həsən qızı Məmmədova (1897-1981) — İlk professional Azərbaycan qadın müğənnisi (lirik koloratur soprano), Azərbaycan opera ifaçısı və müəllimi.

Atası Şövkətin musiqiyə qarşı olan istəyini hiss edib, milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yodaşı Sonanın köməyi ilə İtaliyada, Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Məmmədova Rusiyaya qayıtmalı olur. O təhsilini Tbilisi musiqi məktəbində davam etdirir. Tiflisdə musiqi məktəbini bitirdikdən (1910) sonra təhsilini davam etdirmək üçün 1911-ci ildə Milana getmiş, burada məşhur müğənni D.Ambroziodan dərs almışdır. 1917-21-ci illərdə Kiyev Konservatoriyasında oxumuş, burada R. Qlierlə birgə verdikləri konsertlərdə Azərbaycan musiqisini təbliğ etmişdir. Onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu açılmış, not nəşriyyatı təsis edilmişdir. Azərb. Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921 ildə Violetta (“Traviata”, C.Verdi) partiyasında çıxış etmiş, 1948-ci ilədək (fasilələrlə) teatrın solisti olmuşdur. Azərbaycan opera səhnəsində rus və dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi xüsusiyyətləri ilə əlaqələndirmişdir. 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir.

1921-ci ildən başlayaraq o, Rusiyada, Fransada, İtaliyada, İranda və Gürcüstanda çıxışlar edir. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olub, orada 1912-ci ildə axıra çatdırılmamış təhsilini 1927–1930-da tamamilə bitirdi.Sonralar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış edir. 1923-də Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr məktəbini (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) yaradır. Həmçinin Azərbaycan Dövlət Konservatoriyasında son günlərinədək tələbələrə professional vokal dərsləri verirdi.

1923-cü ildə Ş.Məmmədovanın təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılır və o, 1923-1925-ci illərdə onun direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışır.

Əsas partiyaları: Rozina (“Sevilya bərbəri”, C.Rossini), Lakme (“Lakme”, L.Delib), Cilda (“Riqoletto”, C.Verdi), Olimpiya (“Hofmanın nağılları”, J.Offenbax), Marqarita Valua (“Hugenotlar”, C.Meyerber), Qar qız (“Qar qız”, N.Rimski-Korsakov), Antonida (“İvan Susanin”, M.Qlinka), və s. Yaradıcılığında Şahsənəm (“Şahsənəm”, R.Qlier), Nərgiz, Gülzar (“Nərgiz”, “Şah İsmayıl”, M.Maqomayev), Gülçöhrə (“Arşın mal alan”, Ü.Hacıbəyli) partiyaları xüsusi yer tutmuşdur. Repertuarına Azərbaycan xalq mahnıları, rus və Qərb bəstəkarlarının kamera-vokal əsərləri daxil idi. Tbilisi, Odessa, Moskva, Kiyev, Leninqrad, Daşkənd, Paris və Təbrizdə çıxış etmişdir. Azərbaycan Teatr Cəmiyyətinin ilk sədri olmuşdur. 1945-81 illərdə Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərmişdir.

Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov) (1897-1961) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi.

1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi savadı almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məhşur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Z.Hacıbəyovun “Aşıq Qərib” (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib Azərbaycana geri dönmüş və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamışdır. 1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılmışdır. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlamışdır. 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülmüşdür. 1940-cı ildə professor seçilmişdir. 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olmuşdur. Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilmişdir. SSRİ-nin 2 dəfə Lenin Ordeninə, 2 Qırmızı Əmək Bayrağı ordeninə, “Şərəf nişanı” ordeninə, İtaliyanın Qaribaldi ordeninə və medallara layiq görülmüşdür.

Hüseynağa Hacıbababəyov (1898-1972) — opera müğənnisi (lirik tenor).

Hüseynağa Bakıda əvvəlcə “Alekseyski” məktəbində, sonra məşhur teatr xadimi Həbib bəy Mahmudbəyovun təşkil etdiyi təhsil ocağında təhsil almışdır. 1910-cu ildə “Nicat” mədəni-maarif cəmiyyəti teatr truppasının xoruna qəbul olunmuş, 1913-cü ildən başlayaraq “Səfa” mədəni-maarif cəmiyyətinin teatr truppasında, Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi “Müsəlman opera artistləri” dəstəsində, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti”ndə dramatik və musiqili teatr aktyoru kimi çalışmışdır. 1919-cu ildən 1925-ci ilin avqustuna qədər Milli Dram Teatrının truppasında çalışmış, 1925-ci ilin payız mövsümündən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist işləmişdir.

Müxtəlif truppalarda çoxlu dramatik obrazlarla yanaşı, opera və operettalarda qadın obrazlarından Leylinin, Əslinin, Xurşidbanunun, Gülçöhrə və Cahan xalanın, Gülnazın (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşid banu”, “Arşın mal alan” və “O olmasın, bu olsun”, Üzeyir bəy Hacıbəyov), Qəribin anasının (“Aşıq Qərib”, Zülfüqar bəy Hacıbəyov), Gülzarın (“Şah İsmayıl”, Müslüm Maqomayev) partiyalarını ifa etmişdir.

1925-ci ildən 1972-ci ilə qədər çıxış etdiyi əsas tamaşalar onun sənətkarlığını açıqca göstərmişdir: Çar Brendey, Hindli qonaq (“Qar qız” və “Sadko”, Nikolay Rimski-Korsakov), Qərib (“Aşıq Qərib”, Zülfüqar bəy Hacıbəyov), Sərvər, Əsgər, Məcnun, Kərəm (“Məşədi İbad”, “Arşın mal alan”, “Leyli və Məcnun” və “Əsli və Kərəm”, Üzeyir bəy Hacıbəyli), Lenski (“Yevgeni Onegin”, Pyotr Çaykovski), Əlyar, Şah İsmayıl (“Nərgiz” və “Şah İsmayıl”, Müslüm Maqomayev), Qraf Almavivo (“Sevilya bərbəri”, Coakkino Rossini). Opera aktyoru Hüseynağa Hacıbababəyov 1934-cü ildə Azərbaycan Respublikasının “Əməkdar artist”, 1938-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür.

Həqiqət Əli qızı Rzayeva (1907-1969) — müğənni (soprano), pedaqoq. Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərindəndir.

Gənc Həqiqətdə operaya və səhnəyə həvəs Bakıda həvəskar teatr dərnəyinə getməsindən sonra yaranır. Bəstəkar Müslüm Maqomayev səsini yoxlayandan sonra onu Azərbaycan Opera Teatrında işə götürür. Bununla da ailəsinin narazılıqlarına baxmayaraq, Həqiqət xanım opera teatrına ömürlük bağlanmış oldu.

1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxuyur, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimovdan dərs alır. 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəbzəngi (“Şah İsmayıl” – Müslüm Maqomayev), Leyli, Əsli, Telli (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın Mal Alan” – Üzeyir Hacıbəyov), Şahsənəm (“Aşıq Qərib” – Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır.

Həqiqət Rzayevanın kino fəaliyyətinə gəldikdə isə o, çox az filmdə çəkilmişdir. Lakin bu filmlərə baxdıqda onun nəinki bir opera müğənnisi, həmçinin, çox istedadlı bir kino aktrisası olduğunu da görürük. Xüsusilə “Ögey Ana” filmində Qəmər xala obrazını o qədər təbii oynamışdır ki, bu obrazı ondan başqa heç kəs belə oynaya bilməzdi. Qəmər xala filmdə mənfi obrazdır. O kürəkəni Arifin İsmayıla yeni ana gətirməyini qəti surətdə rədd edir və filmin sonuna kimi Dilarənin yaxşı bir ana olacağına şübhə ilə yanaşır. Hətta onun filmdə işlətdiyi “Mən ölü, sən diri. Bundan İsmayıla ana olmayacaq. Yad qızından ana olmayıb, olmayacaq.” sitatı yaddaşlara həkk olunmuşdur.

Rəşid Məcid oğlu Behbudov (1915-1989) —  müğənni.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır.

1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət almışdır. 1944-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının yay salonunda konserti olmuşdur. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov “Stalin mükafatı” ilə təltif olunur.

1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir.

1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.

Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rәşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. Rәşid Behbudov Hindistana səfəri haqqında “Uzaq Hindistanda” kitabını yazmışdır.

Mariya Titarenko (1917-2002) — Azərbaycanın opera müğənnisi.

Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə M.Titarenko Üzeyir Hacıbəyovun diqqətini cəlb etmiş və dahi bəstəkar ona “Koroğlu” operasında Nigarın partiyasını ifa etməyi təklif etmişdir.

Beləliklə, o, 1943-cü ildən opera teatrında işləməyə başlamış, 1944-cü ildə Koroğlu partiyasının bənzərsiz ifaçısı Bülbüllə birlikdə Nigar partiyasını Azərbaycan dilində ifa etmişdir. M. Titarenkonun yaratdığı 35 səhnə obrazından 6-nı: “Koroğlu”, “Azad”, “Nizami”, “Vagif”, “Sevil” operalarındakı obrazları və “Arşın mal-alan” operettasının ekran versiyasında Validə Vəzirova ilə birlikdə ifa etdiyi Gülçöhrə obrazını (aktrisa Leyla Bədirbəyli) Azərbaycan dilində səsləndirmişdir. Ekran əsərinin rus variantında obraz yalnız Titarenkonun ifasında səslənmişdir. O, “Faust”, “Bohema”, “İolanta”, “Yevgeni Onegin”, “Qar qız”, “Maskarad” və s. operalarda aparıcı partiyaları ifa etmişdir.

Gülxar İbrahim qızı Həsənova (1918-2005) — opera müğənnisi (soprano).​

1935-1937-ci illərdə Bakı Teatr Texnikumunda oxumuş, 1959-cu ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.

G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamışdır (1936-1942). O, Üzeyir Hacıbəyovun məsləhəti və köməkliyi ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrına işə qəbul olunmuşdur. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olmuşdur. O, burada parlaq, koloritli qadın obrazları yaratmışdır. 1980-cı ildən teatrın məşqçi pedaqoqu olmuşdur.

Onun ifasında Əsli, Xanəndə qız (“Əsli və Kərəm”, “Koroğlu”, Ü.Hacıbəyov), Şahsənəm (“Aşıq Qərib” Z.Hacıbəyov), Təravət xanım (“Bahadır və Sona”, S.Ələsgərov), Anna (“Gəlin qayası”, Ş.Axundova) və digər partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilir. Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin “Şah İsmayıl” operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən G.Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədirdi. G.Həsənova Azərbaycan Respublikasının “Şöhrət ordeni” ilə təltif edilmişdir.

Şövkət Feyzulla qızı Ələkbərova (1922-1993) — Azərbaycan müğənnisi.

Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlamışdır.

1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.

1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak etmiş və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb etmişdir. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova “Qarabağ şikəstəsi”ni oxumuş və Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olmuşdur. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu. 1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanır.

SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.

Tükəzban Məhərrəm qızı İsmayılova  (1923-2008) — Azərbaycan müğənnisi.

O, 1939-1944-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil almış və peşəkar xanəndə kimi çıxış etməyə başlamışdır. Əmək fəaliyyətinə ilk əvvəllər İkinci Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verərək daha sonra 1944-cü ildə Azərbaycan Radio Komitəsinin xor kollektivində müğənni kimi başlayan(1946-1949) Tükəzban İsmayılova 1948-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.

Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (1978-2008) solisti olmuşdur. 1994–2004-cü illərdə isə İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərmişdir. Milli musiqimizin böyük sənətkarlar nəslinin görkəmli nümayəndəsi olmuş Tükəzban İsmayılova yüksək ifaçılıq qabiliyyəti və səhnə mədəniyyəti ilə fərqlənirdi. Ömrünün altmış ildən artıq bir dövrünü muğama həsr edən Tükəzban İsmayılova musiqimizin inkişafı naminə böyük əmək sərf etmişdir. Müğənninin oxuduğu klassik Azərbaycan muğamları və xalq mahnıları ifaçılıq sənəti tariximizə həmişəlik daxil olmuşdur.Repertuarında muğam, təsnif, xalq mahnıları (“Kürdün gözəli”, “Yeri, dam üstə yeri”, “Qarabağ şikəstəsi”, “Qaragöz” və s.) və Azərbaycan bəstəkarlarının mahnıları əsas yer tutur. Onun özünəməxsus üslubda oxuduğu “Qatar”, “Xaric segah”, “Şahnaz”, digər muğam və mahnılar milli musiqi xəzinəmizi zənginləşdirmişdir.Tükəzban İsmayılova mədəniyyətimizdə öz dəst-xətti ilə seçilən sənətkar olmuşdur. Bir çox mahnı və təsnif məhz onun təkrarsız ifası ilə geniş yayılmışdır.

Tükəzban İsmayılova dünyanın bir çox ölkələrinə (Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair və s.) qastrol səfərləri zamanı Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişdir.  Tükəzban İsmayılovanın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmişdir. 1993-cü ildə Azərbaycan Respublikasının xalq artisti, 1998-ci ildə Azərbaycan Respublikasının “Şöhrət ordeni” ilə təltif edilmişdir.

Mikayıl Azaflı (Mikayıl Cabbar oğlu Zeynalov) (1924-1990) — Aşıq.

Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq idi. Erkən yaşlarında «Coşğun» təxəllüsü ilə şeirlər yazan aşıq-şair az sonra öz doğma kəndinin adını təxəllüs götürüb.Professor Məhərrəm Qasımlının haqlı olaraq göstərdiyi kimi, Azaflı aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan, klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkarlardandır. Onun yaratdığı «Azaflı dübeyti», «Azaflı gözəlləməsi», «Azaflı sənəti», «Azaflı dünyası», «Azaflı gəraylısı», «Azaflı himni», «Mikayılı», «Azaflı dağları», «Azaflı bəhri», «Məzahiri», «Azaflı müxəmməsi», «Şah sarayı» kimi saz havaları dillər əzbəri olmuşdur.[2]

Azaflının Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət Heyətinə üzv seçilməsi təsadüfi deyildi. Bu, Azaflı Mikayılın musiqi istedadına qiymət və ehtiram idi. Aşığın arxivində Cəmiyyətin sədrinin birinci müavini V.M.Sameylenkonun 12 noyabr 1987-ci il tarixli rəsmi məktubu var. Azaflı Moskvaya dəfələrlə dəvət olunmuşdu və ilk dəfə Moskvada 1954-cü ildə festivalda iştirak edib, medallarla təltif olunub.

Aşıq Mikayıl Azaflı kommunizmə qarşı idi və bunu öz şeirlərində bildirirdi. Bu səbəbdən o, 1961-ci ildə oğurluq və evində silah saxlamaqda təqsirli bilinib dörd il azadlıqdan məhrum edilmişdi. Həbsxana həyatı sənətkara bir universitetdə qazanılacaq qədər təcrübə qazandırmışdı. Onun zindan həyatını təsvir edən şeirləri aşıq hələ zindandaykən dillər əzbəri olmuşdu.

Azaflı poeziyası xalq arasında geniş yayılsa da, XX əsrin 80-ci illərin ortalarına qədər mətbuat üzünə həsrət qalmışdı. Bu vaxt artıq sovet quruluşunun dayaqları laxlamağa başlamışdı. Odur ki, 80-ci illərdə Azərbaycan Televiziyasında rəhbər vəzifədə işləyən yazıçı Nahid Hacıyevin köməyi sayəsində aşığın iştirakı ilə onun yaradıcılığına həsr olunmuş bir saatlıq veriliş efirə verildi. Veriliş böyük maraqla qarşılandı. Sonralar «Yazıçı» nəşriyyatı sənətkarın «Qoca qartal» (1987) adlı kitabını çap etdi. 1989-cu il may ayının 17-də Azaflı Mikayıl ədəbiyyat və incəsənətin inkişafında böyük xidmətlərinə görə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görüldü.

Rauf İsrafil oğlu Atakişiyev (1925-1994) — müğənni, lirik tenor, pianoçu, pedaqoq.

Moskva Dövlət Konservatoriyasını Konstantin Nikolayeviç İqumnovun (1873-1948) sinfi üzrə bitirmiş və vokal üzrə Antonina Vasilyevna Nejdanovadan (1873-1950) dərs almışdır. Opera və Balet Teatrının solisti olmuşdur.

Azərbaycan Opera və Balet Teatrının səhnəsində Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasında Əsgərin partiyasını ifa etmişdir. 1965-ci ildə çəkilmiş “Arşın mal alan” filmində də Əsgərin mahnıları Atakişiyevin ifasında səslənmişdir.

Lenski (“Yevgeni Onegin”, P.Çaykovski), Alfred (“Traviata”, C.Verdi), Almaviva (“Sevilya bərbəri”, C.Rossini), Faust (“Faust”, Ş.Quno), Balaş (“Sevil”, F.Əmirov) partiyalarını ifa etmişdir.

Lirik-dramatik tenor səsi olub və həm də pianoçudur. Teatrda Əsgər (“Arşın mal alan”), Faust (“Faust”), Qraf Almaviva (“Sevilya bərbəri”, Coakkino Rossini), Knyaz Sinoda (“Demon”, Anton Rubinşteyn), Hofman (“Hofmanın nağılları”, Jak Offenbax), Malxaz (“Daisi”, Zaxari Paliaşvili), Alfred (“Traviata”, Cüzeppe Verdi), Edmond (“Kornevil zəngləri”, Rober Plaket), Anatoli (“İnsanın taleyi”) partiyalarını oxuyub.

Rəşid Behbudovun ifasında daha çox məşhur olan “Я встретил девушку” mahnısının ilk ifaçısıdır. Mahnı ilk dəfə 1957-ci ildə Tacikistan SSR-in “Stalinabad” kinostudiyasında çəkilmiş eyniadlı filmdə ifa olunmuşdur.

Fatma Mehrəliyeva (1926-2000) — Müğənni (lirik soprano).

Musiqi festivalında “Qubanın ağ alması” xalq mahnısını ifa edən 11 yaşlı qızcığazın ifası dahi Üzeyir Hacıbəylinin diqqətini çəkir. Və elə bununla Fatma da böyük bəstəkarın himayəsinə keçir.

1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki “Sazçı qızlar” ansamblında işə düzəlir. Gənc müğənninin həzin səsində dahi Üzeyir bəyin vətənpərvərlik mövzusunda yazdığı musiqi nümunələri daha çox sevilməyə və ifaçısını tanıtmağa başlayır. Musiqisi Üzeyir Hacıbəyovun sözləri Səməd Vurğunun sözlərinə bəstələdiyi “Şəfqət bacısı” mahnısının ilk ifaçısı olan F.Mehrəliyevanın adı dillər əzbərinə çevrilir. Böyük Vətən müharibəsi illərində ifa etdiyi mahnılar Azərbaycan milli radiosunun qızıl fonduna daxildir.

Beləliklə, sənət yolunda uğurla addımlayan F.Mehrəliyeva muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının məharətli ifaçısı kimi şöhrət tapır. Elə bu şöhrət sayəsində o, 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən “Arşın mal alan” filminə dəvət alır və ekran əsərində Telli rolunu ifa edir. Filarmoniyanın səhnəsində uzun illər çıxış edərək səsi, ifası ilə minlərin, milyonların qəlbinə yol tapan sənətkar dinləyicilərinin yaddaşında «Olmaz-olmaz», “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi”, “Qaragilə” , «Muğan qızı», «Unuda bilmirəm» və s. mahnılarla iz qoya bilib.

Bunun üçün xüsusi səs tembrlərinin olması zəruridir. Azərbaycan muğam ifaçılığı tarixində “Kəsmə şikəstə”nin yalnız Fatma Mehrəliyeva tərəfindən yüksək məharətlə oxunması bir gerçəklikdir. Bir çox qadın ifaçılar istəsələr də, onun kimi bu musiqi nümunəsinə nəfəs verə bilməyiblər.

Əlipənah Ələsgər oğlu Pənahov (1926-1978) — aşıq-şair, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967). Azərbaycan Yazıçılar İttifaqının üzvü (1974).​

1948-ci ildən aşıqlıq edib. Aşıq sazda 32 ənənəvi aşıq havasını ustalıqla ifa edirdi. Aşıq Pənah 18 aşıq havası (“Dilbər”, “Yeddi qardaş”, “Azərbaycan” və s.) bəstələmişdir. Eyni zamanda mahnılar da bəstələmişdir, “Nə qəşəng bəzənmisən!” bu sırada xüsusi qeyd edilməlidir. “Qəhrəman şah Nəcəf”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və s. dastanları məclislərdə məharətlə ifa edirdi. Aşıq Pənah 2 dastanının (“Sülh”, “Pambıqçılar”) və 128-ə qədər qoşmanın müəllifidir.

Aşıq Pənahın yaradıcılığında gəraylılar və qoşmalar əsas yer tutur. Onun gəraylı və qoşmaları özündə vətənpərvərlik, əməksevərlik, təbiətə, yurda bağlılıq, yüksək insani keyfiyyətlər, şair-aşığa layiq olan mühüm keyfiyyətlər ifadə olunur. Onun gəraylılarından «Dilbər», «İnciyər», «Vurulmuşam», «Bizim qızlar», «Ana Kürüm», qoşmalarından isə «Desin», «Uşaqlar», «De danış», «Aşiqin», «Bu yanda dur», «Gördüm» və s. adlarını çəkmək olar. Onun «Dilbər» gəraylısında məhəbbət hissləri, aşiqin öz yarından imdad istəməsi və təbiət təsviri mühüm yer tutur. «Ana Kürüm» gəraylısında isə Kür çayının gözəlliyi əks olunur. Aşıq Pənah bu çayın vurğunudur. Onu öz anası ilə eyni tutub «Ana Kürüm» deyə adlandırır. Bu çayın Abşerondan keçdiyini, Bakıya gəlib çatdığını əks etdirir. «Bu yanda dur» qoşmasında müəllif uzaqda duran yarını bu yana səsləməsi, yarının çatma qaşlarından, baxışlarının, gülüşlərinin tərənnümü, nazını az etməsini xahişi, saç və tellərinin saz simləri ilə müqayisəsi, sevgilisinə heç kəsin tay ola bilməməsi haqqında danışır. «Gördüm» qoşmasında isə əsasən vətənin tərənnümü verilir. Qəhrəman oğul, qızların əməksevərliyi, Naxçıvan, Qarabağ, Mil, Muğan ümumiyyətlə Azərbaycana heç yerdə tay görməməsini, onu cənnətə bənzətməsi, vətən torpağının üstündə onun tarixinin olması, Koroğlu ilə müqayisəsi əks olunur.

Rübabə Xəlil qızı Muradova (1933-1983) — Azərbaycan müğənnisi (messosoprano).

Sabirabadda dram teatrında təhsil almışdır. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət etmişdir. 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. 1955-ci ildə A.Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfini bitirmişdir. 1971-ci ildə Azərbaycan SSR Xalq Artisti adına layiq görülmüşdür. Güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni idi. 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.

Əsas partiyaları: Leyli (“Leyli və Məcnun” – Üzeyir Hacıbəyov), Əsli (“Əsli və Kərəm” – Üzeyir Hacıbəyov), Xanəndə qız (“Koroğlu” – Üzeyir Hacıbəyov), Ərəbzəngi (“Şah İsmayıl” – Müslüm Maqomayev), Şahsənəm (“Aşıq Qərib” – Zülfü Hacıbəyli), Sənəm (“Gəlin qayası” – Ş. Axundova) və s. Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı idi.

“Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.

Lütfiyar Müslüm oğlu İmanov (1929-2008) — Azərbaycan opera müğənnisi (dramatik tenor).

Lütfiyar İmanov 1929-cu il aprelin 17-də (başqa mənbələrə görə 1929-cu ildə) Petropavlovka kəndində (indiki Sabirabad, Azərbaycan) anadan olmuşdur. İlk dəfə məktəbli olarkən 1943-cü ildə Sabirabad Dövlət Dram Teatrında aktyor kimi özünü sınamışdır. 18 yaşındaykən dram dərnəyinin rəhbəri olmuşdur. 1948-ci ildən Sabirabad şəhər mədəniyyət evində bədii rəhbər işləmişdir. 1957-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbinin vokal şöbəsini bitirmişdir. 1968-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirmişdir. 1954-1956-cı illərdə Azərbaycan televiziya və radiosunun xor solisti olmuş, 1956-1957-ci ildə Azərbaycan Dövlət Estrada Orkestrinin solisti, 1956-1959-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləmişdir. İlk dəfə 1957-ci ildə Moskvada Üzeyir Hacıbəyovun “Koroğlu” operasında baş rolda debüt etmişdir. 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur. 1965-ci ildə Moskvada Böyük Teatrda, 1975-ci ildə İtalyanın Milan şəhərində “La Skala” teatrında təcrübə keçmişdir. 1968-ci ildən başlayaraq 30-dan çox operada baş rolda çıxış etmişdir. Konsertlərdə Azərbaycan və dünya xalqlarının mahnılarını və s. ifa edirdi. İran, İtaliya, Almaniya, Hindistan, Kanada, ABŞ, Türkiyə, bir sıra ərəb ölkələrində və s. qastrol səfərlərində olub. Pedoqoji fəaliyyətlə məşğul olub. Sovet dönəmində Azərbaycan Dövlət Konservatoriyasında (professor), 1991-1995-ci illərdə İstanbul və İzmirin opera teatrlarında dərs demişdir. 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada “Milleniumun mahnısı” festivalında çıxış etmişdir. “Karmen”, “Faust”, “Otello”, “Trubador”, “Aida”, “Riqoletto” və s. klassik opera əsərlərində rollar oynayıb. 1987-1991-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifqının sədri olmuşdur. 1980 və 1985-ci illərdə Azərbaycan SSR-in Ali Sovetinin deputatı seçilmişdir. 

İslam Tapdıq oğlu Rzayev  (1934-2008) — Azərbaycan müğənnisi.

Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri olmuşdur. Peşəkar musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində almış (1951-1956), Seyid Şuşinskinin sinfində muğam dəsgahlarını mükəmməl öyrənmiş, xanəndəlik sənətinin sirrlərinə dərindən bələd olmuşdur. Həmçinin Zülfi Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri almış, sənətini təkmilləşdirmişdir. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmiş, həmin illərdən də Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlamışdır.

Böyük məharətlə oxuduğu “Çahargah”, “Bayatı-Kürd”, “Mahu-Hindi”, “Rast” muğam dəsgahları AzTV-nin fonduna daxil edilmiş, Azərbaycan musiqi xəzinəsini zənginləşdirmişdi. Bir sıra mahnılar da bəstələmiş, onlardan “Gəl inad etmə”, “Dağlar başı”, “Almadərən” mahnıları geniş yayılmışdır. Öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət etmiş, Cahangir Cahangirovun “Nəsimi”, “Aşıq Alı” və s. kantatalarında solo partiyanı ifa etmişdir.

70-dən artıq qastrol səfərlərində olmuş, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil etmişdir. Pedaqoji işlə də məşğul olmuş, yetirdiyi tələbələr xanəndəlik məktəbinin layiqli davamçıları kimi tanınmışlar. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirdikdən sonra uzun illər ərzində Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. İyirmi ilə yaxın Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışmışdır. 120-ə yaxın gənc ifaçı yetişdirmiş, Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərinə görə 2004-cü ildə ölkə prezidenti tərəfindən Şöhrət ordeni ilə təltif olunmuşdu.

Firəngiz Yusif qızı Əhmədova (1928-2011) – müğənni.

1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1946-1951-ci illərdə Azərbaycan Radiosu Xorunun, 1951-1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.

Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış etmişdir. Əsas partiyaları: Nərgiz, Gülzar (“Nərgiz”, “Şah İsmayıl”, M. Maqomayev), Nigar (“Koroğlu”, Ü. Hacıbəyli), Sevil (“Sevil”, F. Əmirov), Səriyyə (“Azad”, C. Cahangirov), Sona (“Bahadır və Sona”, S. Ələsgərov), Maro (“Daisi”, Z. Paliaşvili), Aida (“Aida”, C. Verdi), Toska (“Toska”, C. Puc­cini) və s. “Sənsiz” (Ü. Hacıbəyli), “Ölkəm”, “Sual” (A. Zeynallı), “Arzu” (Niyazi), “Heyran olmuşam” (Ə. Abbasov), “Oxuma gözəl” (A. Rzayeva) və s. Azərbaycan romanslarını, eləcə də klassik rus bəstəkarlarının (P. Çaykovski, S. Raxmaninov, S. Taneyev və b.) romanslarını sənətkarlıqla ifa etmişdir.

Firəngiz Əhmədova 1989-cu ildən ömrünün sonuna kimi Azərbaycan Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib. SSRİ Ali Sovetinin (4-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5-ci çağırış) deputatı olmuşdur. Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Zeynəb Yəhya qızı Xanlarova (1936) — müğənni.

1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. 1961-ci ildən Opera və Balet teatrının solistidir. Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında müvafiq olaraq Leyli və Əsli obrazlarını yaratmışdır. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və b.) və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarındandır. O, həmçinin bir sıra mahnıların da müəllifidir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.

Dünyanın əksər ölkələrində konsertlər vermişdir.

Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) və Azərbaycan Respublikası Milli Məclisinin (I-IV çağırış) deputatı olmuşdur.

Zeynəb Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. “Şöhrət” ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-ci ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.

Oqtay Cəfər oğlu Ağayev (1934-2006) — azərbaycanlı müğənni.

O. Ağayevin uşaqlıq illəri müharibə dövrünə təsadüf etdiyi üçün çox çətin keçib. Sənətkar musiqini uşaqlıqdan sevib. 1953-cü ildə Asəf Zeynallı adına Musiqi texnikumuna daxil olub. Müəllimi Sofya İvanovna Xalfen olub. Təxminən 78 yaşlı bu qadın özü də müğənnilik edib. O, Oqtaya vokalın sirlərini öyrədib, onun vokalist kimi inkişafında böyük zəhmət çəkib.

Əsgərlikdən qayıdandan sonra O. Ağayev Firudin Mehdiyevin sinfində təhsilini davam etdirib. Firudin Mehdiyev konservatoriyada ölməz Bülbülün sinfini bitirmişdi və texnikumda dərs deməyə başlamışdı. O. Ağayev Azərbaycanda olan iki böyük estrada orkestrinin hər ikisində solist kimi fəaliyyət göstərib. 1970-ci ilə qədər Rauf Hacıyevin, 1984-cü ilədək isə Tofiq Əhmədovun rəhbərliyi ilə Radio və Televiziya Estrada Orkestrinin solisti olub.

O. Ağayev dünyanın bir sıra xarici ölkələrində (Əlcəzair, Mərakeş, Polşa, Çexiya, Slovakiya, Bolqarıstan, Rumıniya və s.), keçmiş SSRİ-nin bütün respublikalarında qastrol səfərlərində olub, Kreml Sarayında 11 konsert verib.

O. Ağayev kino sənətində də fəaliyyət göstərib. Vaqif Mustafayevin “”Yapon” və yaponiyalı” filmində milis rəisi rolunda çəkilib. “O qızı tapın”, “Dağlarda döyüş və başqa filmlərdə mahnılar ifa edib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb.

Fidan Əkrəm qızı Qasımova (1947) — Azərbaycanın opera müğənnisi.

Bülbül adına musiqi məktəbini bitirdikdən sonra Fidan 1966-cı ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, məhz parlaq istedadı və zəhməti sayəsində eyni vaxtda iki ixtisas — skripka və vokal üzrə təhsil almışdır. 1974-cü ildə Moskva Konservatoriyasının aspiranturasını bitirdikdən sonra Bakıya qayıtmış, həmin vaxtdan M.F.Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, həmçinin Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deməyə başlayıb.

Azərbaycanın (1983), SSRİ-nin (1988) xalq artisti fəxri adlarına layiq görülmüş, Azərbaycan Dövlət Mükafatı laureatı (1984) olan F.Qasımova 1990-cı ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, 1992-ci ildən Türkiyənin İstanbul Dövlət Konservatoriyasının professorudur. Onun əməyi müstəqil Azərbaycan dövlətində layiqli qiymətini alıb. Heydər Əliyev tərəfindən “Şöhrət” (1997) ordeninə, prezident İlham Əliyevin sərəncamı ilə isə “Şərəf” ordeninə (2010) və “İstiqlal” ordeninə (2017) layiq görülüb.[1]

F.Qasımovanın 2008-ci ildə “Besame mucho” adlı albomu buraxılıb. “Eta Production” studiyasında yazılmış disk ölkənin birinci xanımı Mehriban Əliyevaya həsr olunub. Böyük sənətkarın adı “Dünyanın 100 qadını” kitabına salınıb.

Azərbaycanın və SSRİ-nin xalq artisti Fidan Qasımova 2015-ci ildə Böyük Britaniyanın Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçısı adına layiq görülərək xüsusi diplomla mükafatlandırılıb. Fidan Qasımova Azərbaycanın musiqi mədəniyyətində bu ali mükafata layiq görülən yeganə ifaçıdır.

Qasımova Xuraman Əkrəm qızı (1951) — Azərbaycanın opera müğənnisi,

Xuraman və böyük bacısı Fidan Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olub, şeir yazıb, musiqiyə meyl göstəriblər. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir . 1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının solistidir. Əsas partiyaları: Səlma (“Aldanmış ulduzlar”, M.Quliyev), Sevil və Dilbər (“Sevil”, F.Əmirov), Nigar (“Koroğlu”, Ü.Hacıbəyli), Mimi və Müzetta (“Bohema”, C.Puççini), Dezdemona, Aida (“Otello”, “Aida”, C.Verdi), Tatyana (“Yevgeni Onegin”, P.Çaykovski), Xurşudbanu Natavan (Natavan, Vasif Adıgözəlov) və s. İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I mükafat), vokalistlərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin 1977 və Mariya Kallas adına Beynəlxalq müsabiqəsinin Afina, 1981; həmçinin “Qran pri” qızıl medalına layiq görülmüşdür, eləcə də ifaçıların P.Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır. Kinofilmlərə çəkilmişdir (“Mən ki gözəl deyildim”, “Həyat bizi sınayır”). 1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir. 1993-cü ildən solo oxumaq kafedrasının müdiri, 1996-cı ildən professor 1994-cü ildən İstanbul Dövlət Universiteti konservatoriyasının professorudur. Bir sıra xarici ölkələrdə (Bolqarıstan, Çexiya Slovakiya, Malta, Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya və s.) çıxış etmişdir.

AZƏRBAYCAN MUSİQİSİ

Xalq mahnıları. Azərbaycan xalqının musiqi-poetik yaradıcılığının ən qədim və önəmli janrlarından olan mahnılarda onun pak, yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri parlaq şəkildə əks olunmuşdur.

Azərbaycan xalq mahnıları mövzu və məzmunun müxtəlifliyinə, musiqi və poetik dilin aydınlığına, rəngarəngliyinə görə bir neçə janr qrupuna ayrılır. Onlardan əmək mahnılarını, mərasim mahnılarını, məişət (bura lirik mahnılar da daxildir) və tarixi mahnıları göstərmək olar.

Azərbaycan xalqının mahnı yaradıcılığının qədim növlərindən biri də mərasim mahnılarıdır. Xalqın bayram şənlikləri, toy və matəm mərasimləri adəti üzrə ənənəvi mahnılar ilə müşayiət olunmuş və bu mahnıların bir çoxu bu günə kimi xalq arasında yaşamaqdadır. Bu mahnıların mətnini isə xalq ədəbiyyatının ən geniş forması olan bayatılar təşkil edirdi.

Məişət mahnıları da məzmununa, formasına və ifadə etdiyi hisslərə görə müxtəlif olaraq, uşaq mahnılarına, yumorlu və satiralı mahnılara və lirik mahnılara bölünürlər. Uşaq mahnıları, xüsusilə də anaların uşaqlara oxuduqları beşik mahnıları öz tarixi etibarilə məişət mahnılarının ən qədim növüdür. Beşik mahnılarına ninnilər, laylalar və oxşamalar daxildir.

Lirik mahnılar isə mahnı janrının ən zəngin və gözəl növüdür. Lirik mahnılar bu janrın həm də ən böyük hissəsini təşkil edir. Saf məhəbbət, sevgilinin gözəlliyinin vəsfi, ayrılıq, intizar, qəm, qüssə və s. hisslər lirik mahnıların məzmununun əsasını təşkil edir.

Lirik mahnı yaradıcılığı xalqın milli bədii özünüifadə vasitələrindən ən güclüsünə çevrilmişdir. Bu mahnıların bəziləri məzmununa görə nikbin, şad ruhda, bəziləri isə qəmli, kədərli ruhdadır. Azərbaycan xalqının mahnı yaradıcılığında vacib yeri həm də epik-tarixi və qəhrəmani mahnılar tutur. Hələ qədim dövrlərdən yaranmağa başlamış bu mahnılar ölkənin tarixində baş vermiş hər hansı tarixi hadisəyə və ya xalqın həyatında görkəmli rol oynamış xalq qəhrəmanlarına həsr edilmiş mahnılardır.

Koroğlu haqqında, onun sevgilisi Nigar və mübariz yoldaşları dəlilər, vəfalı atı Qırat haqqında silsilə mahnılar buna misaldır.

Rəqslər. Xalq arasında geniş yayılmış, sevimli mahnı janrı ilə bərabər Azərbaycan xalqının milli folklor musiqisinin vacib hissəsini rəqs musiqisi təşkil edir. Xalq rəqsləri Azərbaycan milli instrumental musiqimizin əsasıdır. Rəqslər xalq tərəfindən yaranıb əsrlərdən bəri şifahi halda nəsildən nəslə keçmişdi. Xalq mahnılarında olduğu kimi rəqslərdə də xalqın hissləri, duyğuları, xasiyyəti, temperamenti əks olunmuşdu.

Xalq rəqsləri arasında qadın rəqsləri özünün lirikliyi, zərifliyi, incəliyi ilə seçilirlər, məsələn: “Vağzalı”, “Uzundərə”. Elə rəqslər var ki, ancaq qadınlar tərəfindən ifa edilir, “Nəlbəki”, “Ceyranı” kimi. Kişi rəqsləri üçün isə coşğun hisslər, cəld ritm, güc, temperament xasdır. Məsələn, “Qaytağı”, “Cəngi”, “Qazağı”, “Xançobanı” və b.

Xalq arasında kollektiv rəqslər də mövcuddur. Onlardan çoxu əmək prosesini və məişət mərasimlərini müşayiət edirlər. Məsələn, “Halay” rəqsləri bu qəbildəndir. “Vağzalı” rəqsi isə adətən toy mərasimini müşayiət edir. Qadınlar və kişilər ilə birgə ifa olunan rəqslərdən “Yordu-yordu” rəqsidir. Qədim kollektiv rəqslərdən isə ən geniş yayılan “Yallı”dır ki, öz kökü və rişaləri ilə çox qədim dövrlərə gedib çıxır.

Muğam. Azərbaycanın musiqi folklorunda mahnı, rəqs musiqisiylə bərabər xalqın şifahi professional ənənələrinin janrları da yaşayıb inkişaf edirdi. Onlardan ən önəmlisi muğamlar idi. Muğamlar Azərbaycanın, eyni zamanda Yaxın və Orta Şərq xalqlarının milli klassik musiqisinin zirvəsi, dərin, mürəkkəb məzmun, ideya, emosional məna daşıyan xalq vokal instrumental kompozisiyanın ən yüksək yaradıcılıq nümunəsidir. Qədim zamanlardan başlayaraq, əsrlər boyu muğamın tədricən inkişafı onun formalaşmasına, kamilləşməsinə səbəb olmuşdu. Azərbaycan musiqisində muğam termini iki mənada işlənir. Birinci – lad termininin eynidir. Hal-hazırda Azərbaycan xalq musiqisində 7 əsas lad, yaxud muğam: Rast, Şur, Segah, Çahargah, Şüştər, Bayatı-Şiraz, Humayun və əlavə bir sıra muğamlar mövcuddur. İkinci – muğam çox hissəli formaya malik son dərəcə mürəkkəb və maraqlı, yalnız özünəməxsus quruluşa malik musiqi əsəri mənasındadır. Muğam ifaçıları isə xanəndə və onu müşayiət edən sazəndə dəstəsi (üçlük-tar, kamança, dəf) və yaxud solo insturumentalistlər özlərinin yaradıcılıq fantaziyası, bacarığı, istedadından asılı olaraq, əsrlər boyu bu muğam əsərinə müxtəlif dəyişikliklər, yeni çalarlar, xallar, zəngulələr və s. daxil etmişlər. Xanəndələr muğamları məşhur şairlərin – Xaqani, Nizami, Nəsimi, Füzuli və başqalarının lirik fəlsəfi qəzəlləri üstündə ifa edirlər.

Azərbaycanın instrumental vokal muğamlarının bir növü də zərbi-muğamlardır. Bura: “Heyratı”, “Arazbarı”, “Ovşarı”, “Mənsuriyyə”, “Simai-şəms”, “Kərəmi”, “Kəsmə-şikəstə”, “Qarabağ şikəstəsi” daxildir. Bu muğamların əsas fərqləndirici xüsusiyyətləri ondan ibarətdir ki, xanəndənin vokal muğam improvizə partiyasının dəqiq metroritmik müşayiəti olur.

Aşıq yaradıcılığı. Azərbaycan musiqisinin professional şifahi ənənələrinə, muğamlarla bərabər, aşıqların musiqi-poetik yaradıcılığı da daxildir. Aşıq eşq sözündədir, yəni sənətə vurğunluq mənasındadır. Termin kimi təxminən XIV əsrdə yaranmışdı. Hələ qədim dövrlərdə meydana gəlmiş aşıq sənəti xalqın istək və arzularının tərənnümçüsü olduğu üçün xalq arasında çox sevimli və məşhur idi.

Öz əsası etibarilə demokratik mahiyyət daşıyan aşıq yaradıcılığının məzmunu çox genişdir, müxtəlifdir və rəngarəngdir. Aşıq yaradıcılığının ən geniş yayılmış janrı dastandır, xüsusilə də qəhrəmani-epik dastanlar. Dastanlarda vokal-instrumental hissələr şeirlə danışıq parçalarını əvəz edir. Aşıqların mahnılarının bir hissəsi qəm, kədərlə doludur, “Yanıq Kərəmi”, “Dilqəmi” kimi, digər hissəsi isə “Əfşarı”, “Şərili” kimi oynaq hərarətli mahnılardır ki, aşıq lirikasının gözəl nümunələrinə aiddir.

Aşıq yaradıcılığında ən geniş yayılmış şeir vəzni hecadır. Aşıq mahnılarının çoxunun quruluşu kuplet formasındadır. Hər kupletin əvvəlində instrumental giriş olur və hər kuplet bir-birindən instrumental solo ilə ayrılır.

Müasir Azərbaycan aşıqlarının əcdadı olan qədim ozanların həyatına, məhəbbətinə, vətənpərvərliyinə, igidliklərinə həsr edilmiş ən qədim yazılı mənbə, yeddinci əsrə aid olan “Kitabi Dədə Qorqud” xalq dastanıdır.

Tarixən, illər, əsrlər boyu Azərbaycanın ozan-aşıq musiqisinin musiqi folklorumuzun digər sahələrinə, növlərinə və sonralar da müasir dövrdə bəstəkarlarımızın yaradıcılığına təsiri böyük olmuşdu. İlk dəfə aşıq musiqisinin təkrarsız xüsusiyyətlərindən böyük profesionallıq və bacarıqla istifadə edən bəstəkarımız Ü.Hacıbəyov olmuşdu (özünün şah əsəri olan “Koroğlu” operasında). Müasir musiqinin texniki vasitələriylə aşıq musiqisinin xüsusiyyətlərini ustalıqla birləşdirən digər bəstəkarımız Qara Qarayev üçüncü simfoniyasının ikinci hissəsində onların gözəl vəhdətini yarada bilmişdir.

AZƏRBAYCAN MUĞAMI

Azərbaycan xalqı qədim, zəngin  və özünəməxsus mədəniyyət yaratmışdır. O, bədii yaradıcılığın ən müxtəlif sahələrində, o cümlədən musiqi yaradıcılığı sahəsində də qiymətli sərvətlər meydana gətirmişdir. Muğam dünya musiqi xəzinəsinin incisidir. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında və bugünkü  dövrə qədər  gəlib çatmasında mühüm rol oynayıb. Muğam, Azərbaycan xalq musiqisi kimi öz kökü etibarilə Şərq musiqi mədəniyyətinin lap dərinliklərinə gedir. Muğamın ahəngi Quran oxuyan mouzəçilərdən, melodiyası fars saraylarında  çalınan musiqidən, ifa tərzi isə Azərbaycan aşıqları tərəfindən qoyulmuşdur.

Muğam sənəti azərbaycanlılar tərəfindən milli özünüdərk  və özünü eyniləşdirmənin əsasını təşkil edən başlıca mədəni dəyərlərdən biri kimi qavranılır. Bu sənət Azərbaycan ərazisində yaşayan talışlar, dağlı yəhudilər, ləzgilər, gürcülər, avarlar kimi etnik qruplar arasında da populyardır. Ümumiyyətlə muğamdakı heyrətamiz səsin bəşəri deyil, ilahi musiqi olduğunu fərq etməmək mümkün deyil. Muğam  bütün hallarda bizim daxili ovqatımıza təsir edir. O, həmişə yerinə düşür — kədərli və qüssəli anlarımızda da, sevinc və sevgi duyğuları aşıb-daşanda da. Muğam bizi həyatımızın əvvəlindən sonuna qədər daim müşayiət edir. Muğam əsrlər boyu insanı müşayiət edib, ona ruhi saflıq və ucalıq bəxş edərək, ən qədim dövrlərdən bu günə və gələcəyə körpü olub.

Muğam — Şərq ölkələrinin klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Muğam sözü iran-ərəb-türk dilində işlənilən “məqam” sözündən yaranmışdır. “Məqam” sözü simli alətlərdəki pərdə mənasına gəlir. Hər muğamın da əsas (mayə) notu alətin bir pərdəsində olduğu üçün bu ad verilmişdir. Təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olmuş, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən bu vahid musiqi janrı xalqlara uyğun parçalanmışdır. Klassik şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarət olmuşdur. Əsas muğamlar: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi, Hüseyni və Hicaz, avazatlar isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyə, Güvaştdan ibarət idi.

Azərbaycanda 7 əsas, 3  köməkçi  muğam var. Əsas muğamlar “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun”, köməkçi muğamlar isə “Şahnaz”, “Sarənc” və “2-ci növ Çahargah”dır.

Muğam — Azərbaycanın ənənəvi musiqisinin ən iri janrının ümumi adıdır, muğam formalarının bütün növlərinə şamil olunur, hərçənd onlardan hər birinin öz ayrıca adı mövcuddur. Bu janrı təmsil edən başlıca musiqi formaları — dəsgah (vokal-instrumental və ya sırf instrumental növlər), muğam (vokal-instrumental, solo-instrumental və solo-vokal növləri) və zərbi-muğamdır.

Azərbaycan musiqisində mövcud olan bütün muğam formaları arasında öz miqyasına və bədii ideyasına görə ən böyüyü dəsgahdır. Klassik şərq muğamını yaradanlar və muğam barədə əsas nəzəri fikirlər yürüdənlər  Əbu Nəsr Farabi, Əbu Əli ibn Sina, Əlkindi, Əbdülqadir Marağayi, Səfiyyəddin Urməvi və başqaları olmuşlar. Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəyov XX əsrdə Şərq musiqisi və muğam nəzəriyyəsinə dair əsas fikir sahiblərindən biri kimi tanınır.

Muğam ifaçılığının yayılmasında və onun pprofessional şəkil almasında XIX yüzilin 20-ci illərindən XX yüzilin əvvəllərinə qədər Azərbaycan şəhərlərində yaranmış ədəbi və musiqi məclisləri böyük rol oynamışlar. Onlardan ən məşhuru Şuşada “Məclisi-Fəramuşan”, “Məclisi-Üns”, Musiqiçilər Cəmiyyəti, Şamaxıda “Beytüs-səfa” və Mahmud ağanın musiqi məclisi, Bakıda “Məcmə-üş-şüəra”, Gəncədə “Divani-hikmət”, Ordubadda “Əncümən-üş-şüəra”, Lənkəranda “Fövcül-füsəha” idi. Bu məclislərdə şairlər, ədiblər, musiqiçilər, sadəcə ziyalı şəxslər, klassik poeziyanın və musiqinin sərrafları və biliciləri toplaşır, muğamları diqqətlə dinləyir, musiqinin və şeirin incə ifası ətrafında müzakirələr aparırdılar. Məclis XIX yüzildə muğamların dinləyicilər qarşısında ifasının başlıca formalarından biri idi və bu ənənənin sönüb getməsi XX yüzilin əvvəllərində musiqi ifaçılığının konsert formasının üzə çıxmasıyla Azərbaycanda musiqi həyatının demokratikləşmə prosesi ilə bağlı olmuşdur. Lakin, məclislər muğamın diqqətlə dinlənilməsinin xüsusi mədəniyyətini, eləcə də muğamın ifasına yüksək bədii tələblər irəli sürən zövqlü, başadüşən dinləyici mühitini (“ariflər məclisi”) formalaşdırmışdı. Məclislər özlüyündən XIX yüzil – XX yüzilin əvvəlində Azərbaycan musiqiçilərinin professional baxımdan kamilləşmələrində güclü stimul rolunu oynamışdı.

Muğam ifaçılığı mədəniyyəti parlaq musiqiçilərin — bütün Qafqazda və İranda məşhur olan xanəndələrin və sazəndələrin bir çox nəsillərinin yaradıcılıq nailiyyətlərindən formalaşmışdır. Keçmişin çox böyük sayda xanəndələrindən yalnız Mirzə Səttar, Hacı Hüsü, Məşədi İsi, Əbülhəsən xan Azər İqbal, Mirzə Muxtar Məmmədzadə, Cabbar Qaryağdı oğlu, Ələsgər Abdullayev, Əbdülbaqi Zülalov, Ağasəid Ağabalaoğlu, Mirtağı Mirbabayev, Məcid Behbudov, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev, Məşədi Məmməd Fərzəliyev, Hüseynqulu Sarabski, Seyid və Xan Şuşinskilər, Bülbül, Zülfü Adıgözəlov kimi daha parlaq adları qeyd edə bilərik.

Sovet dövründə muğam sənətini xanəndələr Əbülfət Əliyev, Qulu Əsgərov, Nəriman Əliyev, Həqiqət Rzayeva, Yavər Kələntərli, Zəhra Rəhimova, Cahan Talışinskaya, Fatma Mehrəliyeva, Rübabə Muradova, Şövkət Ələkbərova, Töhfə Əliyeva, Hacıbaba Hüseynov, Yaqub Məmmədov, tarzənlər Əhsən Dadaşov, Bəhram Mansurov, Baba Salahov, Kamil Əhmədov, Hacı Məmmədov, Həbib Bayramov, Məmmədağa Muradov, Əmirulla Məmmədbəyli, Ağasəf Seyidov, Firuzə Zeynalova qoruyub saxlamış və inkişaf etdirmişlər.

Xanəndələr İslam Rzayev, Arif Babayev, Əlibaba Məmmədov, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov, Mənsum İbrahimov, Səkinə İsmayılova, Qəndab Quliyeva, Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Zahid Quliyev, tarzənlər Ağasəlim Abdullayev, Vamiq Məmmədəliyev, Möhlət Müslümov, Firuz Əliyev, Sərvər İbrahimov, kamançaçılar Habil Əliyev, Mirnazim Əsədullayev, Şəfiqə Eyvazova, Fəxrəddin Dadaşov kimi ifaçılar və pedaqoqlar da Azərbaycan muğam ifaçılığı mədəniyyətinə böyük töhfələr vermişlər.

Muğamlarımız, dəsgahlarımız zövq mənbəyi olduğu kimi, nəinki Azərbaycanın tarixi keçmişi ilə bağlı ən zəngin və çox nadir informasiyalarla soydaşlarımızın dünyagörüşünü formalaşdırır, hətta Şərq xalqlarının ictimai-siyasi həyatında baş verən tarixi hadisələrin üzə çıxarılıb müqayisəli şəkildə araşdırılmasında, öyrənilməsində mühüm rol oynayır… 2003-cü il noyabrın 7-də Azərbaycan muğamı  UNESCO tərəfindən “bəşəriyyətin  şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri” elan  edilmiş və onun vətəninin məhz Azərbaycan olduğu qeyd edilmişdir. Heydər Əliyev Fondu 2005-ci ildən davamlı olaraq “Azərbaycan muğamları” layihəsini həyata keçirir. 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan ilk və uğrulu layihədir. Fond tərəfindən 2008-ci ildə hazırlanmış “Muğam ensiklopediyası” qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir.

Fondun dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin inşası, son illərdə respublika muğam müsabiqələrinin, həmcinin  dünyanın bir  cox  ölkəsindən gələn gənclərin  iştirak etdiyi Beynəlxalq Muğam Festivallarının keçirilməsi qədim ifaçılıq ənənələrini inkişaf etdirəcək gənc istedadlı ifaçıları üzə çıxarmaq və muğam sənətini dünyaya təbliğ etmək məqsədi daşıyır. Beynəlxalq Muğam Festivallarının  keçirilməsi bütün dünyaya muğamın Azərbaycanın milli sərvəti, həmçinin dünya musiqi xəzinəsinin incisi olmasını bir daha sübut edir.

Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır.​ UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.

UNESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yazdığı  kimi: “Muğam bizim qəlbimizin xüsusi məqamıdır… Muğam dəryasının sualtı cərəyanları çoxdur, bu cərəyanlara daldıqca biz insan hisslərinin sirli yelpazəsinin istiliyini hiss edə bilirik, varlığı onun bütün müxtəlifliyində dərk edirik. Elə buna görə də biz muğama dönə-dönə qayıdırıq. O artıq bizim həyatımızın bir hissəsi deyil, o bizim özümüzdür.

Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir”.

Xalqımızın şərəfli və keşməkeşli  tarixini səslərdə əbədiləşdirən muğamlarımız ən ağrılı-acılı günlərimizdə həm də təskinliyimizdir. Heyrətamiz hisslər, düşüncələr, müdriklik mənbəyi olan muğam bütün hallarda – qüssəli, sevincli anlarımızda ovqatımıza təsir edir, azadlığa və müstəqilliyə qovuşduğumuz anların fərəhini yaşadır və bizləri qələbəyə səsləyir.

AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİ

Xalqımızın milli sərvəti sayılan çalğı alətləri zənginliyi və müxtəlifliyi ilə seçilir. Onların əksəri qədim dövrlərdə yaranmış, təkmilləşərək dövrümüzə gəlib çatmışdır. 6 min yaşı olan Qobustan qaya rəsmlərinin yaxınlığında yerləşən “qaval çalan daş”dan əcdadlarımız zərb aləti kimi istifadə etmişlər. Azərbaycanlıların yaşadığı ərazilərdə arxeoloji qazıntılar zamanı aşkar olunan əşyaların üzərində müxtəlif çalğı alətləri həkk edilməsi, onların qədim tarixə malik olmasını göstərir. Maddi-mədəniyyət nümunələri, klassik şairlərimizin əsərləri, orta əsr musiqişünaslarımızın risalələri və rəssamlarımızın çəkdikləri miniatürlər, divar rəsmləri, diyarımızı gəzmiş səyyahların gündəlikləri, muzey kolleksiyaları vaxtilə Azərbaycanda 90-a yaxın çalğı alətinin istifadə olunması qənaətinə gəlməyə əsas verir. Onlar müasir təsnifatın əsaslandığı səs mənbəyinə görə dörd qrupa bölünürlər: simli, nəfəs, zərb, özüsəslənən alətlər. Bu təsnifata görə Azərbaycanda yayılmış alətlərin 32-ni simli (onlardan 26-sı mizrabla, 4-ü kamanla, 2-si çubuqla çalınır), 23-nü nəfəs, 16-nı zərb, 17-ni isə özüsəslənən alətlər qrupuna aid etmək olar.

Üzeyir Hacıbəyovun “Şərq musiqi təhsilini genişləndirə bilən alətdən ən qiymətlisi, ən mühümü” saydığı tar, “melodik alətlərdən ən gözəli” adlandırdığı kamança, aşıqların “həmdəmi” saz, Füzulinin “sirr sandığına” oxşatdığı qanun, vaxtilə bütün alətlərin “şahı” hesab edilən ud müasir dövrümüzdə ən geniş yayılan simli alətləri təşkil edir.

Tar Azərbaycan xalqının ən mükəmməl və möhtəşəm səslənən mizrabla çalınan alətlərindəndir. Bu cəhətlər onun hissələrinin tut, qoz və armud ağaclarından hazırlanmasından, gövdəsinin açıq tərəfinə malın ürək pərdəsinin çəkilməsindən, müxtəlif qalınlıqda və tərkibdə olan simlərinin sayından, onların bağlanma qaydasından və köklənmə müxtəlifliyindən yaranmışdır.

Müasir şəklini alanadək tar böyük inkişaf yolu keçmişdir. Onun adı XI əsrdə yaşamış Baba Tahir və Qətran Təbrizinin şeirlərində çəkilir. Əsaslı şəkildə təkmilləşməsi Azərbaycan musiqi tarixinə mahir tarzən, böyük novator sənətkar kimi düşmüş Mirzə Sadıq Əsəd oğlunun adı ilə bağlıdır. Ona qədər tarın beş simi olmuşdur. O, kök və zəng simləri əlavə etmiş, qolda 22 pərdə saxlayaraq, onların yerini dürüstləşdirmiş, alətin tez-tez kökdən düşməməsi üçün gövdəyə daxili tərəfdən “iç qol” pərçim etmişdir. Çəkisi yüngülləşmiş tar əvvəlki kimi diz üstündə deyil, sinə üstündə tutulmuşdur. Bununla da tarın texniki imkanları çox genişlənmişdir. Mirzə Əsədin tarı tez zamanda ölkəmizin hüdudlarından da kənarda yayılmışdır. Onu artıq “Azərbaycan tarı” adlandırmağa başlamışlar.

Tara üstdən baxdıqda onun gövdəsi səkkiz rəqəmini xatırlayır, böyük və kiçik çanaq hissələrə ayrılır. Nisbətən uzun qoluna 22 pərdə bağlanır. Alətin 11 metal simi vardır. Onlar rənginə görə ağ (polad qarışığı olan metaldan hazırlanır), sarı (bürüncdən) və qırmızı (ağ simlərin üzərinə qırmızımtıl və ya sarımtıl bürünc tel sarınır) simlər adlanır. Ən aşağıda yerləşən iki qoşa (ağ və sarı) sim əsas simlər sayılır, çünki ifa olunan əsərin melodiyası onlarda səslənir. Sonra qoşa – qırmızı (bəzən sarı) və ağ (onun yerinə sarı sim də bağlana bilər) simlərdən ibarət olan kök (dəm) simlər, ondan da yuxarıda qalın qırmızı — bəm kök, ton sim yerləşir. Kök simlərdən yuxarı iki cüt ağ sim – zəng (cinginə) simlər bağlanır. Əsas və zəng simlər kəllədə yerləşən 6 iri, kök simlər isə kiçik aşıqlara sarınır. Qoşa ağ, sarı və zəng simlər daimi kökə malikdirlər. Üç kök simlər isə ifa olunan muğam və ya əsərin lad əsasından asılı olaraq, müxtəlif ucalığa köklənirlər. Çalğı zamanı müxtəlif mizrab vurma üsullarından istifadə olunur.

Ürəklərə fərəh gətirən, insanı xəyala dalmağa vadar edən həzin və həm də füsunkar səsli qədim kamança bir simli olub, uzun qola və dayağa malik idi. Hazırda onun dörd simi vardır. Onlardan 3-cü və 4-cü bəm simlər mis və bürünc tellə sarınmışdır. Simlər zoğal ağacından hazırlanmış bir qədər əyilmiş çubuq şəklində olan və uclarına at tükü dəsti bağlanan kamanla çalınır. Əsasən qoz ağacından hazırlanan kürəşəkilli çanaqdan, girdə qoldan, onları birləşdirən və çanağın içərisindən keçən “şiş” adlanan dəmir mildən ibarətdir. Çanağın açıq tərəfinə nərə balığının dərisi çəkilir. Onun üzərində çəp vəziyyətdə qoyulmuş xərək yerləşdirilir. Xərəyə söykənən simlərin bir ucları şiş üzərindəki qarmaqlara, o biri ucları isə qolun üst tərəfindəki aşıqlara bağlanır.

Mizrabla – təzənə ilə çalınan sazın inkişafı aşıq sənəti ilə sıx olmuşdur. Onun adı tez-tez klassik şairlərin və aşıqların şeirlərində çəkilir. İlk sazlar kiçik çanaqlı və iki-üç simli olmuşdur. Sonralar aşıq musiqisinin inkişafı ilə “ayaqlaşan” sazın ölçüləri böyüdülmüş, sim və pərdələrinin sayı artırılmışdır. Hal-hazırda onun armuda bənzər dərin çanağı, əsasən, 9 tut ağacı zolağından yığılır, qolu isə qoz ağacından hazırlanır. Tavar və ya böyük, orta və cürə, qoltuq adlandırılan növləri vardır. Simlərin sayı tavar sazda 8-11, orta sazda 8-9, cürə sazda isə 4-7-dir. Yaxın keçmişdə uzunluğu 1500 mm-ə çatan 12 simli baş tavar və ya ana sazlar da səslənmişdir. Qoluna 17-18 və daha artıq pərdə bağlanır. 3-4 aşağı – ayaq simlər zillər, 2-3 ara simlər bəmlər, 2-4 yuxarı simlər isə dəmlər adlanır. Zil və dəm simlərin kökü daimidir. Bəm simlərin kökü ifa olunan havanın lad-harmoniya xüsusiyyətindən asılı olaraq dəyişir.

İncə, yumşaq və məlahətli səsi olan qanun diz üzərində saxlanılaraq şəhadət barmaqlara oymaq kimi geydirilən metal mizrablarla səsləndirilir. Vaxtilə Şərq ölkələrində, o cümlədən Azərbaycanda da geniş yayılmışdı. Bir müddət sıradan çıxsa da, keçən əsrin 50-ci illərinin sonunda yenidən orkestr, ansamblların tərkibində səslənməyə başlamışdır. Gövdəsi yastı düzbucaqlı trapesiya şəklindədir. Üzünün çox hissəsi taxta olub, üzərində rezonator dəlikləri açılmışdır. Üzün aşağı hissəsinə dəri çəkilərək üzərində taxta xərək yerləşdirilir. Xərəyin üstündən metal və ya kaprondan hazırlanmış 24 üçləşdirilmiş sim (ümumi sayı 72-yə çatır) keçir. Simlərin bir ucları gövdənin düzbucaq əmələ gətirən yan tərəfində açılan dəliklərə keçirilərək düyün vurulur, o biri ucları isə taxta aşıqlara bağlanır. Aləti köklədikdə aşıqlar xüsusi açarla burulur. Aşıqlara yaxın, simlərin altından oxu ətrafında dönə bilən bir və ya iki kiçik metal xərək yerləşdirilir ki, onların köməkliyi simlərin kökünü yarım və ya bir ton yarıma qədər dəyişmək olur.

Qartal lələyi ilə çalınan dolğun və məlahətli səsli ud (“əl-ud”un qısaldılmış şəklidir) qədim alətlərdən sayılır. Rusların “lyutnya”, almanların “laot”, italyanların “lyuto”, ispanların “laud” alətlərinin adları “əl-ud”dan alınmadır. X əsrə qədər udun dörd simi olub, sonralar ona beşinci sim əlavə edilmiş və səsin gur çıxması üçün hər sim qoşalaşdırılmışdır. Əvvəlcə Siciliya adasına və İspaniyaya gətirilmiş ud artıq orta əsrlərdə bütün Avropada yayılmışdı. XVII-XVIII əsrlərdə ən yüksək inkişaf mərhələsinə çatmış ud tədricən üstünlüyünü itirir və onun yerini skripka, gitara tutur. O yalnız Şərq ölkələrində üstünlüyünü saxlayır. Müasir ud iri, qabarıq, armuda bənzər qoz ağacı dilimlərindən (20-yə qədər) quraşdırılmış çanağa, pərdəsiz qısa qola və geriyə əyilmiş kəlləyə malikdir. Taxta üzündə yaxşı səslənməsi üçün rezonator dəlikləri açılmışdır. Üzün aşağı hissəsində xərək yerləşdirilir və simlər bilavasitə ona bağlanır. Beş qoşalaşmış simi var. Bəzən ona əlavə tək sim də qoşulur. 1-ci və 2-ci qoşa simlər bağırsaqdan, qalanları isə metaldandır.

Zaqatala və Balakən rayonlarının mərkəzlərində və kəndlərində yayılan cökə ağacından hazırlanan iki simli damburun uzun çalov şəkilli gövdəsi vardır. Nisbətən qısa qola beş taxta pərdə bərkidilir. Metal simlər (əvvəllər ipəkdən hazırlanırdı) barmaqların hərəkəti ilə səsləndirilir.

Orta əsrlərdə mizrabla çalınan simli alətlər daha geniş yayılmışdı. “Kitabi-Dədə Qorqud”da göstərildiyi kimi qopuz indiki aşıqların əcdadı sayılan ozanların sevimli aləti idi. İki-üç simli qopuz saza çox oxşayırdı. Bərbətin uda bənzəyirdi və ölçücə ondan bir qədər böyük idi. Mükəmməl alət sayılan rudun kökü başqa alətlər kökləndikdə əsas götürülürdü. Azərbaycanda hazırda Mərkəzi Asiyada istifadə olunan qaşqar rübabı və tənbur da geniş yayılmışdı. Tənburun dütar, setar, çartar, pənctar, şeştar, növləri də səslənirdi. Üç simli ozanın çanağının çox hissəsi dəri ilə örtülmüşdü. Donqar tənbura oxşar alət sayılırdı. Xanəndə Rzaəddin Şirvaninin ixtira etdiyi şeşxananın uda çox oxşarlığı var idi. Uda bənzər alətlərdən biri də şeştay və 8-9 simli çexesdə idi. Orta əsrlərdə Azərbaycanda geniş yayılan alətlərdən olan çəng xanəndələrin, çalğıçıların, şairlərin sevimli alətlərindən idi. Gövdəsi qövsvarı şəkildə olan çənglə yanaşı, qanunabənzər üçbucaq və dördbucaq şəkilli, xüsusi çubuqlarla səsləndirilən çəng və nüzhət istifadə olunurdu. Azərbaycanda görkəmli musiqişünas Səfiəddin Urməvinin ixtira etdiyi nüzhə və müğnü alətləri də mövcud idi. Nüzhə özündə çəng və qanunun quruluşu əsasında hazırlanmışdı. Dördbucaq şəkilli alət 81 simə malik idi. 33 simli müğni xarici görünüşlə rübaba çox oxşayırdı, lakin ölçücə ondan böyük idi. Yaxın keçmişdə Azərbaycanda gövdəsi trapesiya şəkilli qutudan ibarət olan və çubuqlarla səsləndirilən santura rast gəlinirdi. Onun simlərinin sayı 96-ya çatırdı.

At tükündən hazırlanan kamanla çalınan alətlərdən Azərbaycanda çəğanə, çəğanaq və kəman yayılmışdı. Çəğanənin çanağı armud şəklində idi. İki və ya üç simli alət kamança kimi dayağı ilə döşəməyə söykənilirdi. Üç simli çəğanağın çanağı xəlbiri xatırladırdı. Kəman isə xarici görünüşlə skripkaya bənzəyirdi.

Azərbaycanın şəfalı dağlarında, aran yerlərində, şəhər və kəndlərində ulu babalarımızdan qalan nəfəs alətlərindən balabanın məlahətli, zurnanın gur, möhtəşəm, tütək və neyin həzin səsləri eşidilməkdədir. Azərbaycanın şimal və şimal-qərb bölgələrində ksula, Naxçıvanda isə yan-tütəyə və çalğıçıların saatlarla səsləndirdiyi tuluma rast gəlinir.

Xalqımız zurna (o “qara zurna da adlanır) sədaları altında oğullarını döyüşə göndərmiş, əmin-amanlIq dövründə isə səsi şənliklərdən, toy-düyünlərdən, idman yarışlarından eşidilmişdir. Şəki zonasında vaxtilə gövdəsinin uzunluğu və səsinə görə fərqlənən dörd növ — baş və orta tavar (indi ondan istifadə edilir) cürə, orta və ayaq cürə zurnalar səsləndirilərdi.

Zurnanın tərkib hissələrinə gövdə (kötük, karxana), mil, dil və tağalaq daxildir. Gövdə, əsasən, nəm çəkməyən ərik ağacından hazırlanır. Gövdənin üzərində səkkiz, arxasında isə bir çalğı dəliyi açılır. Gövdənin diametri altıncı dəlikdən artaraq konusvari şəkilalır. Enli ayaq hissəsindəki dəlik həmişə açıq qalır. Gövdəyə baş tərəfdən cır söyüddən hazırlanmış haça şəkilli “maşa” salınır. Ona bürünc və misdən düzəldilən mil taxılır. Milin aşağı ucuna isə qamış “dil” bərkidilir. Milə sədəf və ya sümükdən hazırlanmış dairəvi şəkilli “tağalaq” keçirilir. Çalğı zamanı dodaq ona toxunur. Dil çalğıdan sonra qapaqla örtülür.

Balaban (çox vaxt müştüyünün yastı olmasına və yumşaq, zərif səsinə görə ona “yastı balaban” da deyilir), əsasən, ərik ağacından hazırlanan gövdə, qamış, xərək və qapaqdan ibarətdir. Gövdənin üzərində 8, arxa tərəfdə üz tərəfdəki 1-ci və 2-ci dəliyin (səs pərdəsinin) ortasına tuş gələn daha bir dəlik açılır.

Tütək, əsasən, qamışdan hazırlanır. Silindrik gövdəsinin (uzunluğu 280-350 mm, diametri 20 mm) aşağı ucu bir qədər yonulur, baş tərəfi isə çəp kəsilir və daxilinə taxta keçirilir. Baş hissəsinin üst tərəfində səs alınması üçün kvadrat şəkilli dəlik açılır və səsi nizamlamaq üçün metal halqa keçirilir. Gövdənin üst tərəfində 7, alt tərəfində isə 1 dəlik açılır.

Ney içi boş, düz silindrik gövdədən ibarətdir. Alət qarşıdan, ərik, xurma ağaclarından və ya misdən hazırlanır. Səsin yaxşı çıxmasını asanlaşdırmaq üçün alətin yuxarı ucu bir qədər yonulur. Gövdənin aşağı üz tərəfində 5-7 çalğı dəliyi və arxa tərəfdə, alətin kəllə (baş) hissəsinə yaxın, bir dəlik açılır.

Artıq xalq çalğı alətinə çevrilən qalxan qarmon ( “Azərbaycan” və ya “şərq” qarmonu adı ilə daha məşhurdur) və klarnet də ansamblların tərkibində geniş istifadə olunur.

Orta əsrlərdə Azərbaycanda başqa nəfəs alətləri də yayılmışdı. Onlardan aşağıya doğru tədricən genişlənən uzun burğunu, onlardan qısalığı ilə seçilən, lakin ağzı kəskin genişlənən buğ, müxtəlif uzunluqda səkkiz borudan ibarət olan musiqarı, uzunluğu 2 metrə çatan və aşağıya doğru ağzı genişlənən kərənayı, uzunluğu nisbətən kiçik nəfiri, ağzı bir qədər geniş, uzun, düz borudan ibarət olan şeypuru göstərmək olar. Kərənaydan fərqli olaraq borusu bükülmüş alət gavdum, nəfirin buynuz kimi əyilmiş növü şahnəfir, tütəyə oxşar alət mizmar adlanırdı. Kəskin səsli nayla yanaşı, eyni adla həzin səsli alət də yayılmışdı. Müasir orqanın əcdadı sayılan ərğan çoxlu borulardan təşkil olunub, körük vasitəsilə səsləndirilirdi. Yaxın keçmişdə tütəyin ibtidai növü sümsü, sümsü-balabanın və eləcə də quş şəkilli burbuğun və kələnayın (kələzurnanın) səsini eşitmək olurdu. İndi də ara-sıra şapbır-balaban səslənir.

Üzeyir bəyin təbirincə zərb alətlərindən “ən zərifi” qaval, özünə məxsus səsi olan nağara, qoşanağara, dümbək dövrümüzdə ən geniş yayılan zərb alətlindəndir.

Qaval ensiz, dairəvi şəkilli ağac sağanaqdan ibarət olub, bir üzü açıq, o biri üzünə isə balıq dərisi çəkilmişdir. Sağanağa daxili tərəfdən metal halqalar bərkidilir. Diametri 340-456 mm, eni isə 40-50 mm-dir. Qavalda səslər hər iki əlin ovucları və barmaqları dəri üzün kənarına və ya mərkəzinə vurmaqla, həmçinin aləti silkələməklə alınır.

Ərik, qoz, tut və cökə ağaclarından hazırlanan nağaranın sağanağı silindr şəklindədir. əsasən Keçi dərisi çəkilmiş polad çənbər çal-çarpaz dolanan kəndir vasitəsilə hər iki üzə dartılır. Gövdəsinin ölçüsündən asılı olaraq müxtəlif ad daşıyır: böyükləri – kos (həmişə kiçik növü ilə səsləndirilir), orta ölçüdə olanları qoltuq, əl nağarası, toy, kiçikləri isə cürə, bala nağara. İri nağaralar iki toxmaqla, başqa növləri isə əllə və çubuqlarla çalınır.

Qoşanağara (dumbul, dümbələk də adlanır) eyni hündürlüklü, ancaq müxtəlif ölçülü iki qoz, tut ağaclarından və metaldan hazırlanan gövdədən ibarətdir. Xarici görünüşünə görə fincanı xatırladır. Gövdələrin üst tərəfinə çəkilmiş keçi, öküz, dəvə və ya at dərisi camış gönündən düzəldilən köşə ilə və ya vint mexanizmi ilə dartılır. Çalğı zamanı çubuqları ayrı-ayrılıqda hər iki dəri üzə, bir üzə (mərkəzinə və kənarına), bir-birinə və ya gövdəyə, ovucun üzə vurulması ilə müxtəlif səslər alınır.

Dümbəyin piyaləni xatırladan gövdəsi (əvvəllər gildən hazırlanırdı, indi əsasən ağacdan düzəldilir), geniş üst tərəfinə keçi dərisi çəkilir və bir-birinə çal-çarpaz sarınan qayışla və ya vint mexanizmlə dartılır. Alətin hündürlüyü 350-400 mm-dir. Çalma tərzi qavaldakına oxşayır.

Zərb alətləri arasında orta əsrlərdə çubuqlarla səsləndirilən piyalə şəkilli təbil geniş yayılmışdı. Gövdəsi mis və ya bürüncdən, açıq tərəfinə isə canavar dərisi çəkilirdi. Ovçuluqda istifadə olunan kiçik növü təbil-bas adlanırdı. Təbilə nisbətən kusun ölçüsü böyük idi, ucları əyilmiş və ya parça bağlanmış çubuqlarla səsləndirilirdi. İki iri təbildən ibarət olan cüft-kös adətən döyüşlərdə çalınırdı. Müasir qavala oxşayan dəf (indi bəzən qavala da bu ad verilir) də geniş yayılmışdı. Onun sağanağı boyu bir-birindən aralı 4-6 mis dairəcik bərkidilirdi. Bəzən dairəciklər əvəzinə sağanağın xarici və daxili tərəfinə kiçik halqacıqlar bağlanırdı. Bu alət isə dairə adlanırdı. Məzhərin dəfə nisbətən enli sağanağı var idi və ona halqa, zınqırovlar bərkidilmirdi. “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən davul iri nağaranı xatırlayırdı. Təbirənin gövdəsinin diametri orta hissəyə doğru kiçilirdi. Dumbulun sağanağının hər iki tərəfi enli idi, nağarazən birtərəfli nağara, dühul isə uzunsov nağara şəklində idi.

Özüsəslənən alətlər sırasına şaxşax, kaman, laqquti daxildir. Şaxşax (çalpara) dəstəyin yuxarı hissəsinə iplə bərkidilmiş bir tərəfi qabarıq iki dairəvi taxta lövhəcikdən (kasadan) ibarətdir. Aləti dəstəyindən tutub silkələdikdə, onlar bir-birinə dəyərək səs verir. Kamanın 400 mm-ə yaxın uzunluqda ağac hissəsi yay kamanı şəklində əyilmişdir. Onun ipdən düzəldilmiş girişinə metal lövhəciklər, halqa və zınqırovlar keçirilərək uclarını ağacın uclarına bağlanır. Rəqs zamanı yallıbaşı aləti ortasından tutaraq, aləti silkələməklə və ona tək-tək zərbələr endirməklə rəqsin ritmini saxlayır. Laqquti ölçülərinə görə fərqlənən iki düzbucaq şəklində yastı ağac tircikdən ibarətdir. Onların uzun yan tərəfi boyu dərin rezonator yarıqları yonulmuşdur. Çalğı üçün iki çubuqdan istifadə olunur.

Vaxtilə Azərbaycanda cərəs, sinc, zəng, dəray, qımro, kasə, ağız-qopuzu, zınqırov, çan, teşt, səfail, qaşığek, zil və xəlxaldan da istifadə olunurdu. Daha geniş yayılan sinc və dəray əsasən hərbi yürüşlərdə, cərəs köç zamanı, bilərzik şəklində olan və üst tərəfdən qımrolar bərkidilən xəlxal, kiçik zəng şəklində olan cərəsdən isə rəqqaslar istifadə edirdilər.

Ənənəvi çalğı alətlərimiz birləşərək müxtəlif çalğıçı dəstələri təşkil edirlər. Qaval çalan xanəndə, tarzən və kamançaçıdan ibarət olan məşhur muğam “üçlüyü” – sazəndə, cürə sazlarda ifa edən sazçı qızlar, aşıq, nağaraçıların qoşulduğu zurnaçılar, balabançılar, damburçular, tulumçular və habelə nağaraçılar dəstələri xalqın böyük rəğbətini qazanmışdır.

Bəstəkarlarımız tar, kamança, saz, qanun, balaban, zurna üçün konsert, sonata, pyes və başqa janrda əsərlər yazmışlar.

Son illər sənətşünaslıq namizədi, Respublikanın əməkdar artisti Məcnun Kərimov tərəfindən unudulmuş alətləri bərpa edərək yenidən ansamblların tərkibinə daxil edilməsi üçün böyük axtarış işləri aparılmış və artıq bir sıra alətlər həyata qaytarılmışdır. Onların sırasında rud, rübab, bərbət, çəng, qopuz, çoğur, çəğanə, şirvan tənburu, santur, nüzhə vardır. Bu şərəfli işə sənətşünaslıq namizədi Abbasqulu Nəcəfov da qoşulmuşdur. Artıq bərpa edilmiş çalğı alətlərindən təşkil olunmuş ansambl fəaliyyət göstərir. Şübhəsiz, yaxın gələcəkdə onlar ənənəvi alətlərimizə qoşularaq, orkestr və ansambllarımızın səsini daha rəngarəng və möhtəşəm edəcəkdir. 

Zərb çalğı alətləri

Qoltuq nağaraCürə nağaraBöyük nağara (Kos)
Qoşa nağaraQavalDəf
 
LaqqutuDümbək 

Nəfəsli çalğı alətləri

NeyBalabanZurna
TulumTütəkQarmon

Simli çalğı alətləri

QopuzÇoğurÇəqanə
RübabBərbətŞirvan tənburu
SənturÇəngRud
SazTarKamança
 
QanunUd 

AZƏRBAYCANDA TEATR SƏNƏTİNİN YARANMASI VƏ İNKİŞAFI

Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik “Sayaçı”, “Novruz”, “Gəvsəç” kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. “Novruz” mərasiminin mühüm epizodunu təşkil edən “Kosa-kosa” oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən maska taxan aktyor vardır. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan “Xan-xan”, “Mütriblərin rəqsi”, “Gəlinlə qayınananın deyişməsi” və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, “Zorxana” səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan “Yuğ” mərasimində də meydan teatrı ünsürləri güclü olmuşdur.

Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.

Azərbaycan teatrının tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanın vəziri” və “Hacı Qara” tamaşalarından başlanır. H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan idi.

Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda “aktyor” kimi çıxış edirdilər. Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundovun komediyalarını (“Xırs-quldurbasan”, “Müsyö Jordan və dərviş Məstəli şah”) oynayırdılar.

M.F.Axundovun əsərlərindən ibarət tamaşalar verildiyi bəllidir. 1876-cı ildən M.F.Axundovun komediyaları Tiflisdə də oynanılmışdır (Azərbaycan dilində). Qabaqcıl ziyalılardan bir sıra komediya və vodevillərin müəllifi N.Vəzirov, B.Bədəlbəyov, Ə.Vəlibəyov, F.Köçərli, H.Sarıcalinski, Muxtar Muradov, İ.Şəfibəyov, məşhur xanəndə Cabbar Qaryağdıoğlu (Şuşa), M.Sidqi, C.Məmmədquluzadənin qardaşı Mirzə Ələkbər, dramaturq E.Sultanov (Naxçıvan), R.Əfəndiyev (Nuxa) və başqalarının fəaliyyəti özəlliklə qeyd olunmalıdır. 70-80-cı illərdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlayırlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsl mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq edirlər. Onlar həmin dəstəni xeyli qüvvətləndirərək, truppa halına saldılar və bu truppa 1888-ci ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başladı.

1896-cı ildə H.Zərdabi Bakıda “Birinci müsəlman dram truppası” adlı ilk professional teatr kollektivini təşkil etdi. 1897-ci ildə Bakıda ilk dəfə “Artistlər ittifaqı” yaradıldı. İnqilaba qədərki Azərbaycan teatrının repertuarı milli dramaturqların — M.F.Axundov, N.Vəzirov, H.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə və başqalarının pyeslərindən tərtib olunur, həmçinin rus (N.V.Qoqol, İ.S.Turqenev, L.N.Tolstoy) və Qərbi Avropa (V.Şekspir, F.Şiller, H.Heyne, J.B.Molyer) klassiklərinin əsərləri ilə zənginləşdirilirdi. Azərbaycan teatrı ilk illərdən maarifçilik və demokratik ideyalara sadiq idi. M.F.Axundovun komediyaları ilə yanaşı, N.Vəzirovun “Müsibəti Fəxrədin”, “Yağışdan çıxdıq, yağmura düşdük”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Ağa Məhəmməd şah Qacar”, N.Nərimanovun “Nadanlıq”, “Nadir şah” pyeslərində feodal adətlər, mülkədar-kapitalist quruluşunun zülm və despotizmi cəhalətpərəstlik ifşa olunurdu.

1906-cı ildə Bakıda “Müsəlman dram artistləri” şirkəti yaradıldı. “Şirkət”ə məşhur teatr xadimi C.Zeynalov rəhbərlik edirdi. Təqiblərə, maddi çətinliklərə baxmayaraq, “Şirkət” arası kəsilmədən tamaşalar verir, repertuarını genişləndirirdi.

1910-cu ildə “Səfa” adlı yeni mədəni maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradıldı. “Səfa” cəmiyyətinin dram truppası “Nicat”a nisbətən xeyli zəif idi. Ancaq “Nicat”ın aktyorları tədricən “Səfa”ya keçirdilər. Cəmiyyətin işində D.Bünyadzadə, şair Səməd Mənsur, aktyorlardan C.Zeynalov, A.M.Şərifzadə fəal iştirak edir, teatr tamaşalarına “Nicat”dan H.Ərəblinski, M.A.Əliyev, S.Ruhulla, H.Sarabski və b. vaxtaşırı dəvət olunurdular. “Səfa” truppasının işində nəzəri cəlb edən cəhətlərdən biri də onun istər Azərbaycanın şəhər və kəndlərində, istərsə də daha geniş dairədə (Güney Qafqaz, Orta Asiya, Quzey Qafqaz, İran şəhərlərində, Həştərxanda, Kazanda və s.) qastrol tamaşaları təşkil etməsi idi. Ümumiyyətlə istər “Nicat”, istərsə də “Səfa” cəmiyyətləri Azərbaycan teatrının təşkilat və yaradıcılıq baxımından möhkəmləndirilməsində müəyyən rol oynadılar. 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda ilk milli opera — Ü.Hacıbəyovun “Leyli və Məcnun” əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyuldu. Musiqili teatrın yarandığı ilk illərdə onun repertuarını Ü.Hacıbəyovun 1908-1913-cü illərdə yaratdığı “Leyli və Məcnun”, “Şeyx Sənan”, “Rüstəm və Zöhrab”, “Şah Abbas və Xurşid Banu”, “Əsli və Kərəm” operaları, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları təşkil edirdi. Sonrakı illərdə Azərbaycan musiqili teatrının repertuarı Z.Hacıbəyov (“Aşıq Qərib” operası, “Əlli yaşında cavan”, “Evli ikən subay” musiqi komediyaları), M.Maqomayev (“Şah İsmayıl”), M.M.Kazımovski (“Vurhavur” musiqili komediyası), M.C.Əmirov (“Seyfəlmülk” operası) və başqalarının əsərləri ilə zənginləşdi.

1916-cı ildə C.Məmmədquluzadənin “Ölülər” komediyasının tamaşaya qoyulması Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir olay idi. Bu tamaşa mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənərək böyük uğur qazandı.1917-ci ildə Bakıda “Müsəlmən artistləri ittifaqı” yaradıldı. A.M.Şərifzadə ittifaqa sədr seçildi. İttifaq bütün teatr dəstələrini öz ətrafına toplayaraq, yoldaşlıq münasibətləri əsasında tamaşalar verirdi. Ancaq bu ittifaq 1918-ci ilin mart ayınadək fəaliyyət göstərə bildi. Mayılov teatrının anterprenyorları binada Azərbaycan aktyorlarının çıxış etməsinə imkan vermirdilər. Aktyorların çoxu qastrol səfərlərində idi. Yalnız Ü. və Z.Hacıbəyov qardaşlarının truppası nisbətən müntəzəm fəaliyyət göstərirdi.

Truppa öz tərkibində dram, opera və operetta artistlərini birləşdirirdi. Qabaqcıl, demokratik ideyalarla sıx bağlı olan Azərbaycan teatrı xalqın mədəni inkişafında mühüm rol oynamışdı. Ancaq, eyni zamanda bu illərdə teatr hələ yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxmamışdı.

SOVET DÖVRÜNDƏ TEATR SƏNƏTİNİN İNKİŞAFI

1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti xaincəsinə dağıdıldıqdan sonra Azərbaycan XKS-nın 1920-ci il 1 iyul tarixli qərarı ilə Birləşmiş Dövlət Teatrı yaradıldı. Burada Bakıda fəaliyyət göstərən bütün truppalar və həvəskar aktyorlar birləşdi. 1918-ci ildə yanmış keçmiş Tağıyev teatrının binası respublika hökumətinin qərarı ilə bərpa olundu. 1922-ci ildə dram truppası Birləşmiş Dövlət Teatrından ayrılaraq, müstəqil teatra çevrildi. Həmin il yanvarın 17-də M.F.Axundovun “Hacı Qara” komediyasının yeni quruluşdakı tamaşası ilə Azərbaycan Dövlət Dram Teatrının (1933-cü ildən M.Əzizbəyov ad.) təntənəli açılışı oldu. Azərbaycan dramaturgiyasının inkişafında son dərəcə mühüm rol oynayan, mədəni quruculuq sahəsində, eləcə də teatr sənətinin təşəkkülündə böyük xidmətlər göstərən N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, S.S.Axundov kimi realist-demokrat yazıçıların fəaliyyəti, N.Nərimanov, Ü.Hacıbəyov, M.Maqomayev və C.Cabbarlının, başqa görkəmli ədəbiyyat və incəsənət xadimlərinin, aktyor və rejissorların mətbuatda çıxışları teatrın inkişaf prinsiplərinin, milli və dünya dramaturqlarının klassik irsinə düzgün münasibətin müəyyənləşməsində mühüm rol oynamışdır.

XX əsrin 20-ci illərində teatrın repertuarı formalist və vulqar-sosioloji axınlara qarşı kəskin mübarizə şəraitində yaradıldı. Teatrın qarşısında duran əsas problemlərdən biri tamaşaların ideya-bədii səviyyəsini yüksəltmək idi. Tərcümə pyesləri, eləcə də Azərbaycan dramaturqlarının əsərləri, özəllikcə C.Cabbarlının pyesləri teatrın repertuarını zənginləşdirdi. Bu illərdə “Ölülər” (C.Məmmədquluzadə), “Laçın yuvası” (S.S.Axundov), “Şeyx Sənan”, “Knyaz” (H.Cavid), “Aydın”, “Oqtay Eloğlu”, “Sevil”, “Od gəlini” (C.Cabbarlı), “Müfəttiş” (N.V.Qoqol), “Həyatın dibində” (M.Qorki), “Qaçqınlar” (F.Şiller), “Otello” (V.Şekspir), “Zaqmuk” (A.M.Qlebov), “Lyubov Yarovaya” (K.A.Trenyov), “Gülən adam” (V.Hüqo) və s. əsərlər tamaşaya qoyulmuşdu.

Yeni forma axtarışları ilə bağlı, teatrın bəzi uğursuz tamaşaları da olmuşdur. Ancaq bunlar realist sənət yolu ilə irəliləyən teatrın ümumi inkişafına ciddi təsir göstərə bilməmişdi. 20-ci illərdən teatrda aktyorlardan A.M.Şərifzadə, Ü.Rəcəb, M.A.Əliyev, S.Ruhulla, M.Davudova, İ.Hidayətzadə, R.Təhmasib, K.Ziya, M.Mərdanov, M.Vəlixanlı, Ə.Qurbanov, S.Hacıyeva, Ə.Məmmədova, M.Sənani, Q.Topuriya, M.Yermakova (Məxfurə xanım) rej.A.Tuqanov, Bakı Teatr Texnikumunun ilk məzunlarından F.Qədiri, R.Əfqanlı, İ.Dağıstanlı və b. fəaliyyət göstərirdilər. 1935-1941-ci illər Azərbaycan Dövlət Dram teatrının yetkinləşmə dövrüdür. Bu dövrdə teatr müasir mövzuda “Həyat” (1937, M.İbrahimov), “Toy” (1939, S.Rəhman) pyeslərini, “Vaqif”, “Xanlar” (1938, 1939, S.Vurğun), “Qaçaq Nəbi” (1940, S.Rüstəm) tarixi qəhrəmanlıq dramlarını göstərdi.

1948-ci ildə rejissor A.İskəndərov, aktyorlar M.A.Əliyev, M.Davudova, S.Ruhulla, R.Əfqanlı, K.Ziya, İ.Dağıstanlı, rəssam N.Fətullayev “Şərqin səhəri” (Ə.Məmmədxanlı) tamaşasına görə SSRİ Dövlət mükafatına layiq görüldülər. Həmin il teatrın Moskvada qastrol çıxışları uğurla keçdi.

1949-cu ildə Azərbaycan teatrının 75 illik yubileyi təntənə ilə qeyd edildi. O vaxtkı SSRİ Ali Sovetinin Fərmanı ilə teatr Qırmızı əmək Bayrağı Ordeni ilə təltif edildi. S.Ruhulla, M.Əmirov, M.Davudova SSRİ xalq artisti adına layiq görüldülər.

1955-60-cı illərdə teatrda klassik və müasir mövzuda bir sıra maraqlı tamaşa hazırlanmışdı: “Göz həkimi” (1955, İ. Səfərli), “Əliqulu evlənir”, “Yalan” (1960, 1965, S. Rəhman), “Alov” (1961, M. Hüseyn), “Kəndçi qızı”, “Közərən ocaqlar” (1962, 1967, M. İbrahimov), “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər” (1964, 1968, 1969, İ. Əfəndiyev), “Ölülər” (1966, C. Məmmədquluzadə”), “Sənsiz” (1967, Ş. Qurbanov), “İkinci səs” (1969, B. Vahabzadə), və s. Bu illərdə teatrda Azərbaycan və xarici ölkə dramaturqlarının bir sıra əsərləri uğurla tamaşaya qoyulmuşdur: “Şeyx Sənan” (1956, H. Cavid), “Cavanşir” (1957, M. Hüseyn), “Pəri cadu” (1957, Ə. Haqverdiyev), “Qəribə adam” (1957, N. Hikmət), “Vanya dayı” (1959, A.P. Çexov), “Mariya Tüdor” (1962, V. Hüqo), “Antonii və Kleopatra” (1964, V. Şekspir), “Köç” (1964, C.F. Başkut), “Orlean qızı” (1965, F. Şiller), “Nakam qız” (1968, A. Şirvanzadə), “Canlı meyit” (1968, L.N. Tolstoy) və s. Teatr 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə “Otello” (V. Şekspir), “Almas” (C. Cabbarlı), “Fərhad və Şirin” (S. Vurğun) və s. tamaşalar göstərmişdir.

1970-ci illərdə Azərbaycanda, bütün sahələrdə olduğu kimi teatr sahəsində də intibah yarandı. Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara sözün əsl mənasında hamilik edən respublikamızın başçısı Heydər Əlirza oğlu Əliyevin səyi və köməyi nəticəsində milli teatr sənətimiz vüsətli inkişaf yoluna düşdü. 1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi görünməmiş təntənə ilə qeyd olundu. Azərbaycanın o vaxtkı MK-nın birinci katibi H.Ə.Əliyevin dərin məzmunlu məruzəsi dinlənildi. Yubiley münasibətilə “Gülüstan” sarayındakı ziyafətdə də H.Ə.Əliyev sənət, sənətkarlar və sənətkarlıq barədə məruzə ilə çıxış etdi. O vaxt neçə-neçə sənətçi təzə mənzillərlə təmin olundu, fəxri adlara layiq görüldü, mükafatlandırıldı. Həmin ildə təkcə Azərbaycan Dövlət Akademik Dram teatrının üç görkəmli sənətkarı — M.Məmmədov, İ.Dağıstanlı və İ.Osmanlı keçmiş SSRİ-də ən yüksək ad olan SSRİ xalq artisti adına layiq görüldülər. 1974-cü il 27 iyundan 10 iyula kimi teatr Moskvada qastrolda oldu. Lenin ordeni ilə təltif edildi. S.Vurğunun “İnsan”, İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı”, N.Poqodinin “Zamanın hökmü”, F.Şillerin “Məkr və məhəbbət”, V.Şekspirin “Fırtına”, C.Məmmədquluzadənin “Ölülər” əsərlərinin tamaşalarını göstərdilər.

80-ci illərin tamaşaları mövzu rəngarəngliyi, maraqlı aktyor oyunu və rejissor işi ilə diqqəti cəlb edir. Bu illərin sonlarında teatrda xalq artistləri S.Bəşirzadə, A.Pənahova Ə.Qədirov, N.Məlikova, Y.Nuriyev, M.Sadıqova, Səyavuş Aslan, H.Turabov, əməkdar artistlər M.Avşarov, Z.Ağakişiyeva, A.Vəlixanlı, H.Qurbanov, R.Dadaşov, R.Əzimov, N.Əliyev, Ə.Əliyeva, B.Əsgərov, İ.Əhmədov, S.İbrahimova, H.İsmayılov, H.Mehbalıyeva, R.Məlikov, L.Məmmədbəyov, M.Mirzəyev, M.Novruzova, M.Sadıqov, K.Xudaverdiyev, M.Hacıbəyov, E.Haşımzadə, B.Cəfərova, rejissorlardan əməkdar incəsənət xadimləri A.Kazımov, M.Fərzəlibəyov, rəssamlardan Elçin (baş rəssam), İ.İsmayılov və b. fəaliyyət göstərirdilər. Teatrın yanında gənclər studiyası vardı. 1982-ci ildən kiçik səhnədə də tamaşalar göstərilirdi.

1988-ci ildən Azərbaycanda baş verən iqtisadi, ictimai siyasi vəziyyət teatr sənətinə də mənfi təsir göstərdi. Ermənilər respublikamızda görünməmiş faciələr törətdilər; xarici havadarlarına söykənib torpaqlarımızı işğal etdilər; günahsız dinc əhalini qırdılar; Xocalı soyqırımını törətdilər; 1990-cı ilin 20 yanvar faciəsinə səbəb oldular. Kütləvi talanlar edib, xalqımızın milli mədəniyyət abidələrini uçurub dağıtdılar. Ən yaxşı sənət əsərlərimizi xarici ölkələrə aparıb öz adlarına çıxdılar.

Ölkəmizin ayrı-ayrı müttəfiq respublikalarla iqtisadi əməkdaşlığı, ideoloji və mədəni əlaqələri zəiflədi. Azərbaycanın iqtisadi-siyasi həyatında söküklük, tənəzzül əhval-ruhiyyəsi yaradan hərbi-siyasi anarxiya talançılıq və terror, milli mədəniyyətimizə, incəsənətimizə, o cümlədən teatr sənətimizə ağır zərbə vurdu. Teatrlarımızda yaradıcılıq əhval-ruhiyyəsi zəiflədi.

MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASINDA TEATR SƏNƏTİNİN  İNKİŞAFI

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqillik əldə etdi. 1993-cü ildən əhalinin sosial rifah halı və vətəndaş fəaliyyəti artdı.

Yeni yaranan və “Dövlət teatrı” statusu alan Pantomim teatrı, Bələdiyyə teatrı, Yuğ teatrı, Gənclər teatrı, Miniatür teatrı, Kamera teatrı yaxşı mənada özlərini təsdiq etdilər. Sənətin janr, forma müxtəlifliyi, üslub zənginliyi yolu ilə inkişaf yoluna düşdülər.

Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.

Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.

2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd — “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.

Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edir.

Dövlət Proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib.

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində həll olunmayan bina problemi köklü şəkildə öz həllini tapıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrının uzun illərdən bəri binasızlıq şəraitində davam edən qaçqınlıq həyatına son qoyulub və teatr gözəl bina ilə təmin edilib. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib. Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.

Həmçinin Dövlət proqramının icrasına uyğun olaraq teatr sahəsində xaricdə təhsil üçün yeni imkanlar yaradılır.

Ötən illər ərzində Azərbaycan teatrları dünyanın 30-dan çox ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, İsveçrə, Moldova, Serbiya, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Ötən dövrdə Azərbaycana xarici ölkələrdən 10-dan çox teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunub.

Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Bu baxımdan yeni teatr formalarının ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən “ÜNS” Yaradıcılıq Səhnəsinin fəaliyyətini qeyd etmək olar.

Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.

Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki,  Azərbaycan teatrı qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq.

AZƏRBAYCANDA KİNO SƏNƏTİNİN YARANMA TARİXİ. SƏSSİZ DÖVR (1920-1935)

Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjetdən (“İlişdin”) ibarət idi.

1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə M. Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək üçün Peterburqdan rejissor B.N.Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski oynamışdır. 1916-cı ildə Bakıda Ü.Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə “Təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.

1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda “Təyyarə”, “Edison”, “Milyon”, “Ladya”, “Mədənçi” və s.kinoteatrlar da var idi.

1924-cü ildə AFKİ ikiseriyalı “Qız Qalası əfsanəsi” (rejissor V.V. Vallyuzek) adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməmişdilər.

Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925-ci ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. C.Cabbarlı, M.Mikayılov, Ə.Tahirov və başqaları burada oxumuşdular. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Pudovkin, İ.A.Sevçenko, N.M.Şenqelaya, M.E.Çiaureli kimi məşhur kinorejissorları, eləcə də Q.M.Lemdeq, V.R. Lemke, A.V.Qalperin, İ.S.Frolov, Ə.M.Feldman, L.L.Kosmatov, V.M.Şneyder və başqa kinooperatorlar dəvət olunmuş, C.Cabbarlı, A.M.Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb edilmişdilər.

AFKİ sonralar “Azdövlətkino” (1926-1930), “Azərkino” (1930-1933), “Azfilm” (1933), “Azdövlətsənayesi” (1934), “Azərfilm” (1935-1940), “Bakı kinostudiyası” (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ildən C.Cabbarlı adına “Azərdaycanfilm” kinostudiyası adlanır.

Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı ötən əsrin 20-ci illərində Azərbaycan kinosunun əsas mövzusu idi. “Bismillah” (1925, rejissorlar A.M.Şərifzadə, A.Valovo), “Vulkan üzərində ev” (1929, rejissor A.İ.Bek-Nazarov, “Ermənikino” ilə birqə), “Hacı Qara” (1929, rejissor A.M.Şərifzadə) kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən “Sevil” (1929, rejissor A.İ.Bek-Nazarov) həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir.

XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920-ci ildə “Bakıda 9 qızıl Ordunun rəsmi keçidi” adlı ilk xronika kinojurnalı çəkilmişdir. Həmin il “Şərq xalqlarının birinci qurultayı” xronika filmi də yaradıldı. Sonrakı illərdə müəyyən hadisələrlə bağlı kinoreportajlar hazırlandı: “Sovet Azərbaycanının 3-cü ildönümü” (1923), “Suraxanı neft mədənlərində yanğın” (1923) “Nəriman Nərimanovun dəfni” (1925), “M.Frunzenin Bakıya gəlməsi” (1925) və s. sənədli filmlərlə yanaşı, elmi-kütləvi filmlərin də istehsalına başlanıldı.

1925-ci ildə rejissor A.M.Şərifzadə respublikanın mədəni və iqtisadi həyatından bəhs edən “Azərbaycana səyahət” filminin çəkilişini başa çatdırdı. 20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən “Azərbaycan ekranı” kinojurnalı (ildə 4-5 nömrə) buraxılmağa başlandı. Bu illər Azərbaycan sənədli kinosunda M.Mikayılov, A.A.Litvinov, A.A.Makovski kimi istedadlı rejissorlar, V.P.Lemke, A.Valovoy, A.Tolçan, İ.S.Tartakovski, İ.S.Monakov kimi operatorlar çalışırdılar. 30-cu illərdə bu sahədə B.V.Pumyanski, S.Bədəlov, V.Yeremeyev, Ə.Həsənov, Ə.Ələkbərov və b. fəaliyyətə başladılar. Bu sənətkarların filmlərində ilk beşilliklərdə respublikanın həyatı, kolxoz quruculuğu, mədəniyyət sahəsindəki uğurlar, neft sənayesinin yeni texnika ilə təchiz və s. əksini tapmışdı. Sənədli filmin imkanları daxilində bitkin insan obrazı yaradılması sahəsindəki cəhdlər o dövrün bədii nailiyyətlərindəndir.

30-cu illərin əvvəllərində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də tarixi-inqilabi mövzulu filmlər çəkilirdi: “Lətif”, “İsmət” (1930, 1934, rejissor M.Mikayılov), “Almaz” və “Yeni horizont” (1936, 1940, rejissorlar A.Quliyev, Q.M.Braqinski), “Bakılılar” (1938, rejissor V.V.Turin), “Kəndlilər” (1940, rejissor S.Mərdanov) və s.

AZƏRBAYCANDA İSTEHSAL EDİLMİŞ BƏDİİ FİLMLƏRİN SİYAHISI
  1. İlişdin. (səssiz, 1898) Rejissor: A.M. Mişon
  2. Qafqaz rəqsi. (səssiz, 1898) Rejissor: A.M. Mişon
  3. Arvad. (səssiz, 1915) Rejissor: Boris Svetlov
  4. Neft və milyonlar səltənətində. (səssiz, 1915) Rejissor: Boris Svetlov
  5. Yeni tərzdə köhnə əhvalat. (səssiz, 1915) Rejissor: Boris Svetlov
  6. Arvadlar ərlərini mənsəbə necə çatdırırlar? (səssiz, 1916) Rejissor: Boris Svetlov
  7. Arşın mal alan. (səssiz, 1916) Rejissor: Boris Svetlov
  8. Ayaqyalın məhəbbət (Bakıda hadisə). (səssiz, 1916) Rejissor: Boris Svetlov
  9. Knyaz Dəmir Bulat. (səssiz, 1916) Rejissor: Boris Svetlov
  10. Ölümünə bir saat qalmış. (səssiz, 1916) Rejissor: Boris Svetlov
  11. Bir alçalmanın tarixi. (səssiz, 1918) Rejissor: Boris Svetlov
  12. Bayquş. (səssiz, 1924) Rejissor: Georgi Kravçenko
  13. Qız qalası. (səssiz, 1924) Rejissor: Vladimir Balyuzek
  14. Mədənçi-neftçi istirahətdə və müalicədə. (səssiz, 1924) Rejissor: Aleksandr Litvinov
  15. Bismillah. (səssiz, 1925) Rejissor: A.M. Şərifzadə
  16. Əvəz-əvəzə. (səssiz, 1925) Rejissor: Aleksandr Litvinov
  17. Müxtəlif sahillərdə (Əlbəyaxa). (səssiz, 1926) Rejissor: Aleksandr Litvinov
  18. Balıqçılar. (səssiz, 1927) Rejissor: Rza Təhmasib
  19. Gilan Qızı (səssiz, 1928) Rejissor: Leo Mur
  20. Hacı Qara (Sona). (səssiz, 1928) Rejissor: A.M. Şərifzadə
  21. Vulkan üzərində ev. (səssiz, 1928) Rejissor: A. Beknazarov
  22. Sevil. (səssiz 1929) Rejissor: A. Beknazarov
  23. İlk komsomol buruğu. (səssiz, 1930) Rejissor: Boris Medvedev, İvan Frolov
  24. Qızıl kol (Dağlara hücum). (səssiz, 1930) Rejissor: Beypolat Askarov
  25. Lətif (Üz-üzə). (səssiz, 1930) Rejissor: Mikayıl Mikayılov
  26. Nikita İvanoviç və sosializm. (səssiz, 1931) Rejissor: A. Makovski
  27. Direktiv bant. (səssiz, 1932) Rejissor: Ağarza Quliyev
  28. Əlsiz adamlar. (səssiz, 1932) Rejissor: İqor Savçenko
  29. İyirmi altı komissar. (səssiz, 1932) Rejissor: Nikolay Şenqelaya.
  30. Dostlar (Muxtar). (səssiz, 1934) Rejissor: Ağarza Quliyev
  31. İki yoldaş. (səssiz, 1934) Rejissor: A. Makovski
  32. İsmət (Adətin məhvi). (səssiz, 1934) Rejissor: Mikayıl Mikayılov
  33. Altıncı hiss. (səssiz, 1935) Rejissor: Mikayıl Mikayılov
  34. Mavi dənizin sahilində. (səsli, 1935) Rejissor: Boris Barmet, Səməd Mərdanov
  35. Rəqs edən bağalar. (səssiz, 1935) Rejissor: Aleksandr Popov
  36. Məhəbbət oyunu. (səssiz, 1935) Rejissor: A. M. Şərifzadə
  37. Almaz. (səssiz, 1936) Rejissor: Ağarza Quliyev, Qriqori Braginski
  38. Dəcəl dəstə. (səsli, 1937) Rejissor: Aleksandr Popov
  39. Bakılılar. (səsli, 1938) Rejissor: Viktor Turin
  40. Hazır ol. (səsli, 1939) Rejissor: Mikayıl Mikayılov
  41. Kəndlilər. (səsli, 1940) Rejissor: Səməd Mərdanov
  42. Yeni Horizont. (səsli, 1940) Rejissor: Ağarza Quliyev, Qriqori Braginski
  43. Səbuhi. (1941) Rejissor: A. Beknazarov
  44. Vətən oğlu. (1941) Rejissor: Ağarza Quliyev
  45. Bəxtiyar. (1942) Rejissor: Ağarza Quliyev
  46. Sovet pəhləvanı. (1942) Rejissor: Mikayıl Mikayılov
  47. Sovqat. (1942) Rejissor: Hüseyn Seyidzadə, Niyazi Bədəlov
  48. Bir ailə. (1943) Rejissor: Qriqori Aleksandrov, Rza Təhmasib, Mikayıl Mikayılov
  49. Sualtı qayıq T-9 (1943) Rejisssor: Aleksandr İvanov, Nikolay Leşşenko
  50. Arşın mal alan. (1945) Rejisssor: Rza Təhmasib, Nikolay Leşşenko
  51. Fətəli xan. (1947) Rejissor: Yefim Dziqan
  52. Bakının işıqları. (1950) Rejissor: Aleksandr Zarixi, İosif Xeyfits, Rza Təhmasib
  53. Doğma xalqımıza. (1954) Rejissor: Yan Frid, Hüseyn Seyidzadə
  54. Bəxtiyar. (1955) Rejissor: Lətif Səfərov
  55. Görüş. (1955) Rejissor: Tofiq Tağızadə
  56. Qara daşlar. (1956) Rejissor: Ağarza Quliyev
  57. O olmasın, bu olsun. (1956) Rejissor: Hüseyn Seyidzadə
  58. Bir məhəllədən iki nəfər. (1957) Rejissor: İ. Qurin, Əjdər İbrahimov
  59. Qızmar günəş altında. (1957) Rejissor: Lətif Səfərov
  60. Mahnı belə yaranır.(1957) Rejissor: Rza Təhmasib, Mikayıl Mikayılov
  61. “Kazbek” qutusu. (1958) Rejissor: Rəşid Atamalıbəyov
  62. Kölgələr sürünür. (1958) Rejissor: İsmayıl Əfəndiyev, Şüa Şeyxov
  63. Onun böyük ürəyi. (1958) Rejissor: Əjdər İbrahimov
  64. Ögey ana. (1958) Rejissor: Həbib İsmayılov
  65. Uzaq sahillərdə. (1958) Rejissor: Tofiq Tağızadə
  66. Yeni il gecəsində. (1958) Rejissor: Mirzə Mustafayev
  67. Bir qalanın sirri. (1959) Rejissor: Əlisəttar Atakişiyev
  68. Əsl dost. (1959) Rejissor: Tofiq Tağızadə
  69. Onu bağışlamaq olarmı? (1959) Rejissor: Rza Təhmasib
  70. Aygün. (1960) Rejissor: Kamil Rüstəmbəyov
  71. Əyri yolla qazanc. (1960) Rejissor: Şamil Mahmudbəyov
  72. Koroğlu. (1960) Rejissor: Hüseyn Seyidzadə
  73. Qəribə əhvalat. (1960) Rejissor: Şüa Şeyxov
  74. Mollanın sərgüzəşti. (1960) Rejissor: T. Sasanpur
  75. Səhər.(1960) Rejissor: Ağarza Quliyev
  76. Yolda əhvalat. (1960) Rejissor: Rasim Ocaqov
  77. Bizim küçə. (1961) Rejissor: Əlisəttar Atakişiyev
  78. Həyat öyrədir. (1961) Rejissor: Zeynəb Kazımova
  79. Korun mahnısı. (1961) Rejissor: Rauf Kazımovski
  80. Leyli və Məcnun. (1961) Rejissor: Lətif Səfərov
  81. Mateo Falkone. (1961) Rejissor: Tofiq Tağızadə
  82. Böyük dayaq. (1962) Rejissor: Həbib İsmayılov
  83. Əmək və qızılgül. (1962) Rejissor: Tofiq Tağızadə
  84. Körpə. (1962) Rejissor: Rauf Kazımovski
  85. Payız konserti. (1962) Rejissor: Rəşid Atamalıbəyov
  86. Telefonçu qız. (1962) Rejissor: Həsən Seyidbəyli
  87. Əhməd haradadır?(1963) Rejissor: Ədil İsgəndərov
  88. Möcüzələr adası. (1963) Rejissor: Həsən Seyidbəyli
  89. Romeo mənim qonşumdur. (1963) Rejissor: Şamil Mahmudbəyov
  90. Kimi daha çox sevirik. (1964, kinoalmanax) 1. Dağ meşəsindən keçərkən – Rejissor: Zeynəb Kazımova; 2. Zirvə – Rejissor: Arif Babayev; 3. Cazibə qüvvəsi – Rejissor: Həsən Seyidbəyli
  91. Sehirli xalat. (1964) Rejissor: Əlisəttar Atakişiyev
  92. Su ərizəsi. (1964) Rejissor: T. Sasanpur
  93. Ulduz. (1964) Rejissor: Ağarza Quliyev
  94. Zəncirlənmiş adam. (1964) Rejissor: Kamil Rüstəmbəyov
  95. Arşın mal alan. (1965) Rejissor: Tofiq Tağızadə
  96. Daha iki nəfər. (1965) Rejissor: Nazim Abbasov
  97. Yenilməz batalyon. (1965) Rejissor: Hüseyn Seyidzadə
  98. Yun şal. (1965) Rejissor: Rauf Kazımovski
  99. İstintaq davam edir. (1966) Rejissor: Əlisəttar Atakişiyev
  100. İyirmialtılar. (1966) Rejissor: Əjdər İbrahimov
  101. Qaraca qız. (1966, kinoalmanax) 1. Xidmət lifti – Rejissor: Rüfət Şabanov; 2. Qaraca qız – Rejissor: Şamil Mahmudbəyov
  102. Sən niyə susursan? (1966) Rejissor: Həsən Seyidbəyli
  103. Yaşamaq gözəldir, qardaşım. (1966) Rejissor: Ramiz Əsgərov, Antonis Voyazos
  104. Biri vardı? biri yoxdu… (1967) Rejissor: Eldar Quliyev
  105. Dağlarda döyüş. (1967) Rejissor: Kamil Rüstəmbəyov
  106. İnsan məskən salır. (1967) Rejissor: Arif Babayev
  107. Quzu. (1967) Rejissor: İ. Səfərəlibəyov
  108. Poçt qutusu. (1967) Rejissor: Rauf Kazımovski
  109. Sahil bağı. (1967) Rejissor: Vasif Babayev
  110. Torpaq. Dəniz. Od. Səma. (1967) Rejissor: Şamil Mahmudbəyov
  111. Qanun naminə. (1968) Rejissor: Muxtar Dadaşov
  112. Mən ki gözəl deyildim. (1968) Rejissor: Tofiq Tağızadə, Ağarza Quliyev, Ramiz Əsgərov
  113. Şəhərimizin daşları. (1968) Rejissor: Tofiq İsmayılov
  114. Uşaqlığın son gecəsi. (1968) Rejissor: Arif Babayev.
  115. Bəşir Səfəroğlu. (1969) Rejissor: Rauf Kazımovski
  116. Bir cənub şəhərində. (1969) Rejissor: Eldar Quliyev
  117. Bizim Cəbiş müəllim. (1969) Rejissor: Həsən Seyidbəyli
  118. Dəli kür. (1969) Rejissor: Hüseyn Seyidzadə
  119. Şərikli çörək. (1969) Rejissor: Şamil Mahmudbəyov
  120. Uşaq arabası. (1969) Rejissor: F. Hacıyev
  121. Abşeron ritmləri. (1970) Rejissor: Eldar Quliyev
  122. Foto “Fantaziya”. (1970) Rejissor: Rauf Nağıyev
  123. General. (1970) Rejissor: Rauf Kazımovski
  124. Xəzinə. (1970) Rejissor: Cəmil Fərəcov
  125. İntizar. (1970) Rejissor: Tofiq İsmayılov
  126. O qızı tapın. (1970) Rejissor: Həsən Seyidbəyli
  127. Sevil. (1970) Rejissor: Vladimir Qorriker
  128. Yeddi oğul istərəm. (1970) Rejissor: Tofiq Tağızadə
  129. Ağır şkaf. (1971) Rejissor: Cəmil Fərəcov
  130. Axrıncı aşırım. (1971) Rejissor: Kamil Rüstəmbəyov
  131. Ən vacib müsahibə. Rejissor: Eldar Quliyev
  132. Gün keçdi. (1971) Rejissor: Arif Babayev
  133. Leyla və onun dostları. (1971) Rejissor: Oqtay Babazadə
  134. Oxuyur Müslüm Maqomayev. (1971) Rejissor: Tofiq İsmayılov
  135. Ulduzlar sönmür. (1971) Rejissor: Əjdər İbrahimov
  136. Gilas ağacı. (1972) Rejissor: Tofiq İsmayılov
  137. Həyat bizi sınayır. (1972) Rejissor: Şamil Mahmudbəyov
  138. Həyat, sən kiminsən? (1972) Rejissor: Əmirhüseyn Məcidov
  139. Xatirələr sahili. (1972) Rejissor: Yalçın Əfəndiyev
  140. Qızıl qaz. (1972) Rejissor: Tofiq Tağızadə
  141. Skripkanın sərgüzəşti. (1972) Rejissor: Şamil Mahmudbəyov
  142. Var olun, qızlar. (1972) Rejissor: Eldar Quliyev
  143. Bizim küçənin oğlanları. (1973) Rejissor: Tofiq İsmayılov
  144. Dənizə çıxmaq qorxuludur. (1973) Rejissor: Ənvər Əbluc
  145. Mahnı qanadlarında. (1973) Rejissor: Kamil Rüstəmbəyov
  146. Ömrün ilk saatı. (1973) Rejissor: Arif Babayev
  147. Səmt küləyi (1973) Rejissor: Eldar Quliyev
  148. Nəsimi. (1973) Rejissor: Həsən Seyidbəyli
  149. Aktrisanın təbəssümü. (1974) Rejissor: Rauf Kazımovski
  150. Çarvadarların izi ilə. (1974) Rejissor: Tofiq İsmayılov
  151. Qatır Məmməd. (1974) Rejissor: Rasim Ocaqov
  152. Qız, oğlan və şir. (1974) Rejissor: Çingiz Rəhimov
  153. 1001-ci qastrol. (1974) Rejissor: Oqtay Mirqasımov
  154. Ömrün səhifələri. (1974, kinoalmanax) 1. Rəqiblər – Rejissor: Teymur Bəkirzadə; 2. Baladadaşın ilk məhəbbəti – Rejissor: Fikrət Əliyev; 3. Nəğmə dərsi – Rejissor: Gülbəniz Əzimzadə
  155. Alma almaya bənzər. (1975) Rejissor: Arif Babayev
  156. Dədə Qorqud. (1975) Rejissor: Tofiq Tağızadə
  157. Dörd bazar günü. (1975) Rejissor: Şamil Mahmudbəyov
  158. Əgər bir yerdəyiksə/ (1975) Rejissor: Vladimir Semakov
  159. Firəngiz. (1975) Rejissor: Əbdül Mahmudov
  160. Bizi dağlarda axtarın. (1976) Rejissor: Nazim Abbasov
  161. Çətirimiz buludlardır. (1976) Rejissor: Nicat Bəkirzadə və Teymur Bəkirzadə
  162. Dərviş Parisi partladır. (1976) Rejissor: Şamil Mahmudbəyov
  163. Günlərin bir günü. (1976, kinoalmanax) 1. Suita – Rejissor: Rüstəm İbrahimbəyov; 2. Günlərin bir günü – Rejissor: Yuli Qusman
  164. Xoşbəxtlik qayğıları. (1976) Rejissor: Həsən Seyidbəyli
  165. Qeyri-adi ov. (1976) Rejissor: Əbdül Mahmudov
  166. Mezazoy əhvalatı. (1976) Rejissor: Rəşid Atamalıbəyov
  167. Tütək səsi. (1976) Rejissor: Rasim Ocaqov
  168. Ürək…ürək… (1976) Rejissor: Eldar Quliyev
  169. Vulkana doğru. (1976-1977) Rejissor: Tofiq İsmayılov
  170. Ad günü. (1977) Rejissor: Rasim Ocaqov
  171. Arxadan vurulan zərbə. (1977) Rejissor: Arif Babayev
  172. Bədbəxtliyin astanasında. (1977) Rejissor: Rauf Nağıyev
  173. De ki, məni sevirsən! (1977) Rejissor: Maqsud İbrahimbəyov
  174. Qərib Cinlər diyarında. (1977) Rejissor: Əlisəttar Atakişiyev
  175. Sevinc buxtası. (1977) Rejissor: Eldar Quliyev
  176. Şir evdən getdi. (1977) Rejissor: Rasim İsmayılov
  177. Üzü küləyə. (1977) Rejissor: Əbdül Mahmudov
  178. Arvadım mənim, uşaqlarım mənim. (1978, kinoalmanax) 1. Toy – Rejissor: Nicat Fezullayev; 2. Bağçada rahat yer – Rejissor: Cəmil Fərəcov; 3. Arvadım mənim, uşaqlarım mənim – Rejissor: Ziyafət Abbasov
  179. Bayquş gələndə. (1978) Rejissor: Şamil Mahmudbəyov
  180. Bir ailəlik bağ evi. (1978) Rejissor: Yuli Qusman
  181. Dantenin yubleyi. (1978) Rejissor: Gülbəniz Əzimzadə
  182. Evin kişisi. (1978) Rejissor: Tofiq Tağızadə
  183. Qaynana. (1978) Rejissor: Hüseyn Seyidzadə
  184. Od içində. (1978) Rejissor: Şamil Mahmudbəyov
  185. Babək. (1979) Rejissor: Eldar Quliyev
  186. Bir az da bahar bayramı. (1979) Rejissor: Nazim Abbasov
  187. Bizi bağışlayın. (1979) Rejissor: Arif Babayev
  188. Diplom işi. (1979) Rejissor: Cahangir Mehdiyev
  189. Dvorjakın melodiyası. (1979) Rejissor: Nazim Abbasov
  190. İstintaq. (1979) Rejissor: Rasim Ocaqov
  191. Qəribə adam. (1979) Rejissor: Əjdər İbrahimov
  192. Mən mahnı bəstələyirəm. (1979) Rejissor: Tofiq İsmayılov
  193. Pərilərə inanmayın. (1979) Rejissor: Yuri Varnovski
  194. Yarımçıq qalmış mahnı. (1979) Rejissor: Maqsud İbrahimbəyov
  195. Anın quruluşu. (1980) Rejissor: Rasim İsmayılov
  196. Anlamaq istəyirəm. Rejissor: Oqtay Mirqasımov
  197. Gözlə məni. (1980) Rejissor: Kamil Rüstəmbəyov
  198. Qızıl uçurum. (1980) Rejissor: Fikrət Əliyev
  199. Onun bəlalı sevgisi. (1980) Rejossor: Ziyafət Abbasov
  200. Təkcə adanı özünlə apara bilməzsən. (1980) Rejissor: Gülbəniz Əzimzadə
  201. Vah!.. (1980) Rejissor: Cahangir Mehdiyev
  202. Yol əhvalatı. (1980) Rejissor: Teymur Bəkirzadə
  203. Babamızın babasının babası. (1981) Rejissor: Tofiq Tağızadə
  204. Bağlı qapı. (1981) Rejissor: Rasim Ocaqov
  205. Birisigün gecəyarısı. (1981) Rejissor: Arif Babayev
  206. Əlavə iz. (1981) Rejissor: Nicat Bəkirzadə
  207. Qorxma mən səninləyəm. (1981) Rejissor: Yuli Qusman
  208. Nəğməkar torpaq. (1981) Rejissor: Ruslan Şahmalıyev
  209. Üzeyir ömrü. (1981) Rejissor: Anar
  210. Belə lazımdır. (1982) Rejissor: Vaqif Mustafayev
  211. Əzablı yollar. (1982) Rejissor: Tofiq İsmayılov
  212. Gümüşü furqon. (1982) Rejissor: Oqtay Mirqasımov
  213. İşgüzar səfər. (1982) Rejissor: Rasim İsmayılov
  214. Qaladan tapılmış mücrü. (1982) Rejissor: Gülbəniz Əzimzadə
  215. Qocalar, qocalar… (1982) Rejissor: Elxan Qasımov, Yefim Abramov
  216. Marş. (1982) Rejissor: Cəmil Quliyev
  217. Nizami. (1982) Rejissor: Eldar Quliyev
  218. Polad Bülbüloğlunun mahnıları. (1982) Rejissor: Tofiq Mirzəyev
  219. Yeddi gözəl. (1982) Rejissor: Feliks Slidovker
  220. Gəmi saatının sirri. (1983) Rejissor: Rüfət Şabanov
  221. Asif, Vasif, Ağasif. (1983) Rejissor: Rasim İsmayılov
  222. İlıq dənizində buz parçası. (1983) Rejissor: Yuli Qusman
  223. Balıq günü. (1983) Rejissor: Cəmil Quliyev
  224. Evlənmək istəyirəm. (1983) Rejissor: Cahangir Mehdiyev
  225. Musiqi müəllimi. (1983) Rejissor: Tofiq İsmayılov
  226. Ötən ilin son gecəsi. (1983) Rejissor: Gülbəniz Əzimzadə
  227. Park. (1983) Rejissor: Rasim Ocaqov
  228. Yeni evlənənlər. (1983) Rejissor: Nicat Feyzullayev
  229. Avqust gələndə. (1984) Rejissor: Gülbəniz Əzimzadə
  230. Gümüşgöl əfsanəsi. (1984) Rejissor: Eldar Quliyev
  231. Köhnə bərə. (1984) Rejissor: Elxan Qasımov
  232. Musiqili xaş. (1984) Rejissor: Vaqif Mustafayev
  233. Qara gölün cəngavərləri. (1984) Rejissor: Ənvər Əbluc
  234. Qoca palıdın nağılı. (1984) Rejissor: Fikrət Əliyev, Hüseyn Mehdiyev
  235. Tənha narın nağılı. (1984) Rejissor: Şamil Mahmudbəyov
  236. Atları yəhərləyin. (Qaçaq Nəbi, Qanlı zəmi) (1985) Rejissor: Əbdül Mahmudov, Həsən Turabov
  237. Bağ mövsümü. (1985) Rejissor: Tofiq Tağızadə
  238. Bayramda yağış. (1985) Rejissor: Cəmil Quliyev
  239. Bəyin oğurlanması. (1985) Rejissor: Ceyhun Mirzəyev, Vaqif Mustafayev
  240. Cin mikrorayonda. (1985) Rejissor: Oqtay Mirqasımov
  241. Sizi dünyalar qədər sevirdim. (1985) Rejissor: Rasim İsmayılov
  242. Aşkarsızlıq şəraitində. (1986) Rejissor: Fərhad Yusifov
  243. Bircəciyim. (1986) Rejissor: Ənvər Əbluc
  244. Burulğan. (1986) Rejissor: Eldar Quliyev
  245. Xüsusi vəziyyət. (1986) Rejissor: Tofiq İsmayılov
  246. İşarəni dənizdən gözləyin. (1986) Rejissor: Ceyhun Mirzəyev
  247. Qəm pəncərəsi. (1986) Rejissor: Anar
  248. On yeddi yaşlı oğlan. (1986) Rejissor: Rüfət Şabanov
  249. Şəhərli biçinçilər. (1986) Rejissor: Əbdül Mahmudov, Hüseyn Mehdiyev
  250. Afroditanın qolları. (1987) Rejissor: Davud İmanov
  251. Araqarışdıran. (1987) Rejissor: Yefim Abramov
  252. İmtahan. (1987) Rejissor: Gülbəniz Əzimzadə
  253. Kişi sözü. (1987) Rejissor: Cahangir Mehdiyev
  254. Kölgədə 40 dərəcə isti. (1987) Rejissor: Leyla Səfərova
  255. Özgə ömür. (1987) Rejissor: Rasim Ocaqov
  256. Pirverdinin xoruzu. (1987) Rejissor: Ramiz Əzizbəyli
  257. Süd dişinin ağrısı. (1987) Rejissor: Hüseyn Mehdiyev
  258. Sürəyya. (1987) Rejissor: Tofiq İsmayılov
  259. Şeytan göz qabağında. (1987) Rejissor: Oqtay Mirqasımov
  260. Yay günü, xəzan yarpaqları. (1987) Rejissor: Tofiq İsmayılov
  261. Cansıxıcı əhvalat. (1988) Rejissor: Cəmil Quliyev
  262. Fatimə. (1988) Rejissor: Dedo Matekoso
  263. Gənc qadının kişisi. (1988) Rejissor: Cahangir Mehdiyev
  264. Meyl. (1988) Rejissor: Samir Xabşi
  265. Murad-Sad. (Мурад-Сад) (1988) Rejissor: Oleq Səfərəliyev
  266. Yaramaz. (1988) Rejissor: Vaqif Mustafayev
  267. Yaşa, qızıl balıq. (1988) Rejissor: Nicat Feyzullayev
  268. Alman klinikasına şəxsi səfər. (1988) Rejissor: Rasim İsmayılov
  269. Bir nəfər hamıya görə. (1989) Rejissor: Murad İbrahimbəyov
  270. Boş yer. (1989) Rejissor: Cahangir Şahmuradov
  271. Dairə. (1989) Rejissor: Ziya Şıxlınski
  272. Dəvətnamə. (1989) Rejissor: Aydın Dadaşov
  273. Doğma sahillər. (1989) Rejissor: Əbdül Mahmudov
  274. Əlaqə. (1989) Rejissor: Cahangir Zeynallı
  275. Həmyerli. (1989) Rejissor: Valeri Kərimov
  276. Hücum. (1989) Rejissor: Rövşən Almuradlı
  277. Lətifə. (1989) Rejissor: Nizami Musayev, Yefim Abramov
  278. Ölsəm… bağışla. (1989) Rejissor: Rasim Ocaqov
  279. Sahilsiz gecə. (1989) Rejissor: Şahmar Ələkbərov
  280. Şerəli və Aybərçin. (1989) Rejissor: Hacımurad İbrahimov
  281. Təxribat. (1989) Rejissor: Eldar Quliyev
  282. Bəxtəvər. (1990) Rejissor: Ömür Nağıyev
  283. Gecə qatarında qətl. (1990) Rejissor: Əbdül Mahmudov
  284. Girişmə, öldürər. (1990) Rejissor: Cahangir Mehdiyev
  285. Güzgü. (1990) Rejissor: Mehriban Ələkbərzadə
  286. Qətl günü. (1990) Rejissor: Gülbəniz Əzimzadə
  287. Şahid qız. (1990) Rejissor: Hüseyn Mehdiyev
  288. Yapon və yaponiyalı. (1990) Rejissor: Sergey Ratnikov
  289. Zirzəmi. (1990) Rejissor: Davud İmanov
  290. Tələ. (1990) Rejissor: Rasim İsmayılov
  291. Divar. (1991) Rejissor: Ramiz Məlikov
  292. Qətldən yeddi gün sonra. (1991) Rejissor: Rasim Ocaqov
  293. Qəzəlxan. (1991) Rejissor: Şahmar Ələkbərov
  294. Qisas. (1991) Rejissor: Yusif Əlizadə
  295. Müqəddəs oda yanaram. (1991) Rejissor: Gülbəniz Əzimzadə
  296. Nakəs. (1991) Rejissor: Vaqif Mustafayev
  297. Pəncərə. (1991) Rejissor: Ənvər Əbluc
  298. Sonuncu məhəbbət. (1991) Rejissor: Cəmil Quliyev
  299. Bəxt üzüyü. (1991) Rejissor: Ramiz Əzizbəyli
  300. Etiraf. (1992) Rejissor: Şamil Əliyev
  301. Kənar adamlar. (1992) Rejissor: Fərid Hümbətov
  302. Lal. (1992) Rejissor: Bəhram Osmanov
  303. Müqəddəs torpaq. (1992) Rejissor: Şahin Sina
  304. O dünyadan salam. (1992) Rejissor: Tofiq Tağızadə
  305. Təbəssüm. (1992) Rejissor: Şahirə Kərimova
  306. 777 №-li iş. (1992) Rejissor: Ceyhun Mirzəyev
  307. Adəmin yaranması. (1993) Rejissor: Yuri Pavlov
  308. Fəryad. (1993) Rejissor: Ceyhun Mirzəyev
  309. Haray. (1993) Rejissor: Oruc Qurbanov
  310. Qırmızı qatar. (1993) Rejissor: Hafiz Fətullayev
  311. Mənim Ağ şəhərim. (1993) Rejissor: Mərahim Fərzəlibəyov.
  312. Təhminə. (1993) Rejissor: Rasim Ocaqov
  313. Hökm. (1994) Rejissor: Xəyyam Aslan, Nadir Muqbilov
  314. Köpək. (1994) Rejissor: Tofiq Tağızadə
  315. Qara Volqa. (1994) Rejissor: Elşən Məmmədov
  316. Həm ziyarət, həm ticarət. (1995) Rejissor: Rasim Ocaqov
  317. Ağ atlı oğlan. (1995) Rejissor: Ənvər Əbluc
  318. Ümid. (1995) Rejissor: Gülbəniz Əzimzadə
  319. Yarasa. (1995) Rejissor: Ayaz Salayev
  320. Yük. (1995) Rejissor: Rövşən Almuradlı
  321. Dağıdılmış körpü. (1996) Rejissor: Rafiq Puyya
  322. Özgə vaxt. (1996) Rejissor: Hüseyn Mehdiyev
  323. Son döyüş. (1996) Rejissor: Xəyyam Aslan
  324. Hər şey yaxşılığa doğru. (1997) Rejissor: Vaqif Mustafayev
  325. Ləqəbi İKA. (1997) Rejissor: Teymur Bəkirzadə
  326. Ailə. (1998) Rejissor: Rüstəm İbrahimbəyov, Ramiz Həsənoğlu
  327. Otel otağı. (1998) Rejissor: Rasim Ocaqov
  328. Sarı gəlin. (1998) Rejissor: Yavər Rzayev
  329. Vahimə. (1998) Rejissor: Rüfət Əsədov
  330. Nə gözəldir bu dünya. (1999) Rejissor: Eldar Quliyev
  331. Təsadüfi görüş. (1999) Rejissor: Şamil Əliyev
  332. Adi əhvalatlar (2000) Rejissor: Murad İbrahimbəyov
  333. Sifarişçi. (2000) Rejissor: Elnur Mehdiyev
  334. Yuxu. (2001) Rejissor: Fikrət Əliyev
  335. Güllələnmə təxirə salınır… (2002) Rejissor: Ələkbər Muradov
  336. Hacı Qara. (2002) Rejissor: Cahangir Mehdiyev
  337. Odla qol-boyun. (2002) Rejissor: Mirbala Səlimov
  338. Ovsunçu. (2002) Rejissor: Oqtay Mirqasımov
  339. Məkanın melodiyası. (2004) Rejissor: Hüseyn Mehdiyev
  340. Küçələrə su səpmişəm. (2004) Rejissor: Nicat Feyzullayev
  341. Arxada qalmış gələcək. (2004) Rejissor: Rüfət Əsədov
  342. Girov. (2005) Rejissor: Eldar Quliyev
  343. Lal çinar. (2005) Rejissor: Vasif Məmmədzadə
  344. Yalan. (2005) Rejissor: Ramiz Əzizbəyli
  345. Məhkumlar. (2006) Rejissor: Mehriban Ələkbərzadə
  346. Biz qayıdacağıq.  (2007) Rejissor: Elxan Qasımov
  347. 40-cı qapı.  (2008) Rejissor: Elçin Musaoğlu
  348. Anlama.  (2008) Rejissor: Murad Muradov
  349. Qala.  (2008) Rejissor: Şamil Nəcəfzadə
  350. 2.  (2009) Rejissor: Hacı Həsənov
  351. Arxası qibləyə.  (2009) Rejissor: Asif Rüstəmov
  352. Bir addım.  (2009) Rejissor: Fariz Əhmədov, Nərgiz Bağırzadə
  353. Cavad xan.  (2009) Rejissor: Rövşən Almuradlı
  354. 220 №-li otaq​.  (2010) Rejissor: Ruslan Hüseyni
  355. Adam​.  (2010) Rejissor: Şamil Mahmudbəyov
  356. Kuklalar.  (2010) Rejissor: Çingiz Rəsulzadə
  357. Sahə​.  (2010) Rejissor: İlqar Safat
  358. Aktrisa.  (2011) Rejissor: Rövşən İsax
  359. Baharın sorağında​.  (2011) Rejissor: Musa Eyyubov
  360. Buta​.  (2011) Rejissor: İlqar Nəcəf
  361. İlahi məxluq​.  (2011) Rejissor: Yavər Rzayev
  362. Tərsinə çevrilən dünya.  (2011) Rejissor: Ənvər Əbluc
  363. Vəkil hanı?  (2011) Rejissor: Ülviyyə Könül
  364. Ağ qan.  (2012) Rejissor: Xəyyam Abdullayev, Elməddin Əliyev
  365. Çölçü.  (2012) Rejissor: Şamil Əliyev
  366. Dolu.  (2012) Rejissor: Elxan Cəfərov
  367. Mayak.  (2012) Rejissor: Fariz Əhmədov
  368. Sübhün səfiri.  (2012) Rejissor: Ramiz Həsənoğlu
  369. 9×9.  (2013) Rejissor: Radmila Gordic
  370. Ağ-qara gecələr.  (2013) Rejissor: Ayaz Salayev
  371. Almanax.  (2013) Rejissor: Eltun Baxışzadə
  372. Ana üçün ağla.  (2013) Rejissor: Emil Quliyev
  373. Dərvişin qeydləri.  (2013) Rejissor: Eldar Quliyev
  374. Qorxma, mən səninləyəm!1919  (2013) Rejissor: Yuli Qusman
  375. Mahmud və Məryəm.  (2013) Rejissor: Mehmet Ada Öztekin
  376. 72. (2014) Rejissor: Səmimi Fərhad
  377. Axınla aşağı. (2014) Rejissor: Asif Rüstəmov
  378. Axırıncı dayanacaq. (2014) Rejissor: Fikrət Əliyev
  379. Qisas almadan ölmə. Keçmişdən məktublar. (2014) Rejissor: Oqtay Mirqasımov
  380. Mən evə qayıdıram. (2014) Rejissor: Samir Kərimoğlu
  381. Nabat. (2014) Rejissor: Elçin Musaoğlu
  382. Bakı, mən səni sevirəm.  (2015, kinoalmanax) “Aziya” – Yavər Rzayev, “Görüş” – Nərgiz Bağırzadə, “Rəssam” – Samir Kərimoğlu, “Həyət” – Nadir Maçanov, “Bəhram Gur” – Andrey Razenkov, “Lotereya bileti” – Aleksander Fodor, “Xəzər Atlantidası” – İlqar Safat, “Sevgi haqqında” – Andre Badalo, “Aysel” – Aleksey Qolubev və “Təsadüf” – Yeqor Mixalkov-Konçalovski
  383. Bakı gecələri.  (2015, kinoalmanax) “Yeraltı keçid”  Xədicə Qarayeva, “Buludlar” – Kəmalə Zəki, “İşıq yolu” – Cabir Əlioğlu, “Beş dəqiqə” – Rövşən Ağayev, “Skripkaçı” – Gündüz Yaşar
  384. Əli və Nino. (2015) Rejissor: Asif Kapadia
  385. 4.1 Şəhər motivləri. (2015, kinoalmanax) “Qonşu qadın”  Anar Abbasov, “Kədərim” – Rüfət Həsənov, “Yuxarıda və aşağıda” – Teymur İsmayılov, “Dmitrov küçəsi 86” – Cəfər Axundzadə, “Zabit şərəfi” – Vüqar İslamzadə
  386. Qatil. (2015) Rejissor: Çingiz Həsənov
  387. Yarımçıq xatirələr. (2015) Rejissor: Elxan Cəfərov
  388. 40-cı paraleldə. (2016, kinoalmanax) “Postskriptum”  Emin Mirabdullayev, “Onun atası”  Zamin Məmmədov, “Hədiyyə”  Emin Əfəndiyev və “Qara bağ”  Amil Məmiyev.
  389. Xeyirlə Şərin rəqsi. (2016) Rejissor: Yavər Rzayev
  390. Xüsusi təyinatlı İbad. (2016) Rejissor: Natiq Novruzov

AZƏRBAYCAN KİNOSU 1935-1988-Cİ İLLƏRDƏ. SƏSLİ DÖVR

1935-ci ildə “Azərfilm”in Moskvanın “Mejraypromfilm” kinostudiyası ilə birgə yaratdığı “Mavi dənizin sahilində” (rejissor B.V.Barnet) bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı. Filmdə baş rollarda görkəmli sovet kinoaktyorları L.N.Sverdlin, N.A.Kryuçkov, V.A.Kuzmina və başqaları çəkilmişlər. 1936-1941-ci illərdə ekranlara 10-dan çox səsli film buraxılmışdır.

İkinci dünya müharibəsi illərində qəhrəman döyüşçülər Kamal Qasımov və Bəxtiyar Kərimova həsr olunmuş “Vətən oğlu” və “Bəxtiyar” (1941,1942, rejissor A.Quliyev) kinonovellaları, M.F.Axundovun həyat və fəaliyyətinə dair “Səbuhi” (1942, rejissorlar A.İ.Bek-Nazarov, R.Təhmasib), vahid süjet xətti ilə bağlı üç kinonovelladan ibarət “Bir ailə” (1943, rejissorlar Q.V.Aleksandrov, R.Təhmasib, M.Mikayılov), müharibə dövründə dənizçilərin göstərdikləri igidliklərə həsr olunmuş “Sualtı qayıq T-9” (1943, rejissor A.İvanov) bədii filmləri çəkilmişdir.

1945-ci ildə Ü.Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası yenidən ekranlaşdırıldı. Rejissorlar R.Təhmasib və N.Leşşenko milli koloriti və xalq yumorunu saxlamaqla parlaq realist kinokomediya yarada bilmişdilər. Film keçmiş SSRİ-də, eləcə də dünyanın bir çox ölkəsində uğurla nümayiş etdirilmişdir. “Arşın mal alan” filminə görə rejissorlar R.Təhmasib və N.Leşşenko, bəstəkar Ü.Hacıbəyov, aktyorlardan R.Behbudov, L.Bədirbəyli, Ə.Hüseynzadə, M.Kələntərli və L.Abdullayev 1946-cı ildə SSRİ Dövlət mükafatına layiq görüldülər.

40-cı illərin sonu 50-ci illərin əvvəllərində “Bakı kinostudiyası”nın əsas istiqaməti bədii-sənədli və publisistik filmlərin çəkilməsinə yönəldilmiş, bu dövrdə yalnız “Fətəli xan” (1947, rejissor V.İ.Dziqan,1959-cu ildə ekrana buraxılmışdır) və “Bakının işıqları” (1950, rejissorlar İ.V.Xeyfits, A.Q.Zarxi və R.Təhmasib) bədii filmləri çəkilmişdir.

Azərbaycan kinosunun yeni inkişaf mərhələsi 50-ci illərin ortalarından başlanır. Bu dövrdə milli ssenarist, rejissor, operator, rəssam kadrları yetişir. Onların çoxu Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almışdılar (İ.Qasımov, Ə.Məmmədxanlı, İ.Tağızadə. L.Səfərov, H.Seyidbəyli, Ə.İbrahimov, N.İsmayılov, H.Seyidzadə, Ş.Mahmudbəyov, Ə.Atakişiyev, X.Babayev, A.Nərimanbəyov, T.Axundov, R.Ocaqov, K.Nəcəfzadə, C.Əzimov, E.Rzaquliyev, N.Zeynalov və b.).

Həmin illərdə bədii filmlərin çəkilişinin sayca çoxalması onların mövzu dairəsinin genişlənməsinə səbəb oldu. Ekranda fəhlə və kolxozçuların, müxtəlif peşə sahiblərinin əməyi və həyatı öz əksini tapdı (“Qızmar günəş altında” (1957, rejissor L.Səfərov), “Qara daşlar” (1958, rejissor A.Quliyev), “Kölgələr sürünür” (1958, rejissorlar İ.Əfəndiyev və Ş.Şeyxov), “Onun böyük ürəyi” (1959, rejissor Ə.İbrahimov), “Həqiqi dost” (1959, T.Tağızadə), “Onu bağışlamaq olarmı?” (1960, rejissor R.Təhmasib), “Bizim küçə” (1961, rejissor.Ə.Atakişiyev), “Böyük dayaq” (1962, rejissor H.İsmayılov), “Telefonçu qız”, “Belə ada da vardır” (1962,1963, rejissor H.Seyidbəyli), “Ögey ana” (1959, rejissor. H.İsmayılov).

“Bakı kinostudiyası”nda müxtəlif mövzularda filmlər yaradılmışdır. 1957-ci ildə çəkilmiş “Bir məhəlləli iki oğlan” (rejissorlar Ə.İbrahimov və İ.V.Qurin, operatorlar M.M.Pilixina və R.Ocaqov, bəstəkar Q.Qarayev) filmi Şərq ölkələrindən birində xalqın azadlıq və demokratiya uğrunda mübarizəsindən bəhs edir.

Cəsur partizan Mehdi Hüseynzadəyə həsr edilmiş “Uzaq sahillərdə” (1958, rejissorT.Tağızadə) filmi isə Azərbaycanın, eləcə də keçmiş sovet kinosunun nailiyyətlərindəndir. Dinamik, gərgin hadisələr, dəqiqliklə verilmiş xarakterlər, operator və rejissor işinin yüksək səviyyəsi filmə geniş şöhrət qazandırmışdır. 60-cı illərin əvvəllərindən Azərbaycanda rəngli filmlərin çəkilişi genişləndirildi. “Koroğlu” (1960, rejissor H.Seyidzadə) bədii filmi Azərbaycan genişekranlı rəngli kinosunun ilk nümunəsidir. “Səhər” (1961, rejissor A.Quliyev) filmi Bakıda 1905-1907-ci illər inqilabı hadisələrindən söhbət açır. “Mahnı belə yaranır” (1959,rejissorlar R.Təhmasib və M.Mikayılov) filmi Dağıstanın xalq şairi Süleyman Stalskiyə həsr edilmişdir. “Məhəbbət dastanı” (1961,rejissor L.Səfərov) “Leyli və Məcnun” mövzuları əsasında çəkilmişdir.

“Arşın mal alan” filmindən etibarən Azərbaycan kinosunda musiqili komediya janrına meyl güclənmişdi. “Görüş” (1955, rejissor T.Tağızadə), “Sevimli mahnı” (“Bəxtiyar”, 1955, rejissor L.Səfərov, baş rolda R.Behbudov), “O olmasın, bu olsun” (1965, rejissor H.Seyidzadə), “Romeo mənim qonşumdur” (1963, rejissor Ş.Mahmudbəyov), “Əhməd haradadır?” (1964, rejissor A.İsgəndərov), “Ulduz” (1964, rejissor A.Quliyev), “Arşın mal alan” (1965, rejissor T.Tağızadə), “Qaynana” (1978, rejissor H.Seyidzadə) və s. filmlərdə bu ənənə davam etdirilmişdir.

XX əsrin 60-70-ci illəri kinematoqrafiyaya gənclərin böyük bir qrupunun gəlməsi ilə əlamətdar olmuşdur (ssenariçilər R. və M.İbrahimbəyov qardaşları, Anar, A.Axundova, İ.Hüseynov, V.Səmədoğlu, R.Fətəliyev, rejissorlardan A.Babayev, E.Quliyev Q.Mirqasımov, İ.Əfəndiyev, T.İsmayılov, Q.Əzimzadə, Q.Babayev, operatorlar Z.Məhərrəmov, R.İsmayılov, R.Qəmbərov, V.Kərimov, rəssamlar F.Bağırov, R.İsmayılov, aktyorlar H.Məmmədov, Ş.Ələkbərov, H.Turabov, R.Balayev, Ş.Məmmədova və b.). Onların orta və yaşlı nəslə mənsub xadimlərlə əməkdaşlığı Azərbaycan kinosunun peşəkar səviyyəsinin yüksəlməsinə, milli özünəməxsusluq, ideya dərinliyi ilə fərqlənən filmlərin meydana gəlməsinə səbəb olmuşdur. Məsələn, “Bir cənub şəhərində” (1969, rejissor E.Quliyev) filminin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur. Bu dövrün filmlərində mənəvi-əxlaqi problemlər, müasir həyata müxtəlif baxışlar, insan xarakterlərinin təhlili, gənc nəslin formalaşması və s. mövzular başlıca yer tutur: (“Uşaqlığın son gecəsi”, “Gün keçdi” (1969,1971,rejissor A.Babayev), “Baş müsahibə”, “Var olun, qızlar” (1971,1973, rejissor E.Quliyev), “Həyat bizi sınayır” (1971, rejissor Ş.Mahmudbəyov), “Xoşbəxtlik qayğıları” (1976, H.Seyidbəyli) və s. filmləri göstərmək olar. 70-ci illərin sonralarında və 80-ci illərdə Azərbaycan kinosunda mənəvi-əxlaqi problemlərə diqqət daha da artmışdır. Ssenariçi R.İbrahimbəyovla rejissor R.Ocaqovun filmlərində mürəkkəb psixoloji vəziyyətlər, əsl insan ləyaqəti ilə əlaqədar müşahidələr, xudbinlik, sərtlik, mərhəmətsizliyə qarşı etiraz kimi mövzulara meyl güclüdür ((“İstintaq”, 1979,14-cü Ümumittifaq kinofestivalının baş mükafatı, Düşənbə,1980; SSRİ Dövlət Mükafatı ,1981), “Bağlı qapı” (1981), “Park” (1983), “Özgə həyat”(1987), “Ölsəm, bağışla” (1988)). Həmin mövzular “De ki, məni sevirsən” (1977, rejissor M.İbrahimbəyov), “Bizi bağışlayın” (1979, rejissor A.Babayev), “Gümüşü furqon” (1982) , “Şeytan göz qabağında” (1987, rejissor Q.Mirqasımov, 21-ci Ümumittifaq kinofestivalının mükafatı, Bakı,1988) , “Anın strukturu”, “İşgüzar səfər” (1982, rejissor R.İsmayılov), “Babamın babasının babası”, “Bağ mövsümü” (1985, rejissor T.Tağızadə), “İlıq dənizdə buz parçası” (1983, rejissor Y.S.Qusman), “Gümüş göl əfsanəsi”, “Burulğan”, “Təxribat” (1984, 1986, 1989, rejissor E.Quliyev) filmlərində yeni cəhətlərdən açılmışdır. “Yaramaz” 1988, rejissor V.Mustafayev) filmində xarakter deformasiyası müasir bədii ifadə vasitələri, satirik boyalarla təsvir edilmişdir. Film ölkəmizdə və xaricdə böyük maraq doğurmuşdur.

60-80-ci illərdə tarixi-inqilabi janrda bir sıra maraqlı, orijinal filmlər çəkilmişdir. “Mosfilm” kinostudiyası ilə birgə yaradılmış N.Nərimanovun fəaliyyətindən bəhs edən “Ulduzlar sönmür” (1971,rejissor Ə.İbrahimov) filmi bu baxımdan diqqətəlayiqdir. S.Vurğunun “Komsomol poeması”nın motivləri üzrə çəkilmiş “Yeddi oğul istərəm” (1970, rejissor T.Tağızadə; Azərbaycan Lenin komsomolu mükafatı, 1970) filmi 20-ci illərin komsomolçularına həsr olunmuşdur. Yüksək ideyalılıq, vətəndaşlıq motivləri ilə kinematoqrafiyanın ifadə vasitələrinin uyarlığı, gözəl aktyor oyunu bu filmin mühüm məziyyətlərindəndir. “Səmt küləyi” (1973, rejissor E.Quliyev) filmi Azərbaycan kinosunun tarixində xarici ölkə (Çexoslovakiya) studiyası ilə birgə yaradılmış ilk əsərdir, “Axırıncı aşırım” (1971, rejissor K.Rüstəmbəyov), “Qatır Məmməd” (1974, rejissor R.Ocaqov) filmlərində sovet hakimiyyətinin ilk illərində Azərbaycan kəndində gedən sinfi mübarizədən bəhs olunur. “Sevinc buxtası” (1977, rejissor A.Babayev; Azərbaycan SSR Dövlət Mükafatı, 1978), “O birigün gecə yarısı” (1981, rejissor A.Babayev; Azərbaycan SSR Dövlət Mükafatı, 1986), “Atları yəhərləyin” (1983, rejissor H.Turabov, Azərbaycan SSR Dövlət Mükafatı, 1986), “İşarəni dənizdən gözləyin” (1986, rejissor C.Mirzəyev) filmləri də tarixi mövzulardadır.

“Nəsimi” (1973, rejissor H.Seyidbəyli, 7-ci Ümumittifaq kinofestivalının ən yaxşı tarixi film üçün mükafatı, 1975) filmində feodal dünyasının haqsızlıqlarına qarşı çıxan şairin həyatı və o dövrün sosial və əxlaqi problemləri əksini tapmışdır. “Dədə Qorqud” (1975, rejissor T.Tağızadə) filmi poetikliyi ilə fərqlənir. “Babək” (1979, rejissor E.Quliyev) filmində IX əsr Azərbaycan sərkərdəsi Babəkin başçılığı ilə Xilafətə qarşı xalqın mübarizəsi təsvir edilmişdir. “Nizami” (1982, rejissor E.Quliyev) filmində N.Gəncəvinin, “Qəm pəncərəsi” (1986, rejissor Anar) filmində isə C.Məmmmədquluzadənin obrazı canlandırılmışdır.

Azərbaycan Bədii televiziya filmlərindən “Ad günü” (1977, rejissor R.Ocaqov,8-ci Ümumittifaq televiziya filmlər fevralının 1-ci mükafatı, Bakı,1979, Azərbaycan SSR Dövlət mükafatı,1980) xüsusilə fərqlənir. “Dantenin yubileyi”, “Təkcə adanı özünlə apara bilməzsən”, “Ötən ilin son gecəsi” (1978,1980,1983, rejissor G.Əzimzadə) “Bilmək istəyirəm” (1980, rejissor Q.Mirqasımov) və s. bədii filmlər də Azərbaycan Televiziyasının istehsalıdır. “Üzeyir Hacıbəyov. Uzun ömrün akkordları” (1981, rejissorAnar) televiziya filmi geniş arxiv materialları əsasında yaradılmışdır.

Bəzi filmlərdə İkinci Dünya müharibəsi mövzusu əksini tapmışdır: “Bizim Cəbiş müəllim” (1970, rejissor H.Seyidbəyli), “Bakıda küləklər əsir” (1974, rejissor M.Dadaşov), “Tütək səsi” (1975, rejissor R.Ocaqov) və s. “Şərikli çörək” (1969, rejissor Ş.Mahmudbəyov; Azərbaycan SSR Dövlət mükafatı,1969) filmində müharibənin son aylarında Bakının həyatı xüsusi səmimiliklə təsvir olunur. Rejissor R.İsmayılovun “Mən sizi həyatımdan artıq sevirdim” (1985) filmi Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr edilmişdir.

Azərbaycan kinosunda uşaq filmlərinin istehsalına da mühüm əhəmiyyət verilir: (“Bir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər ölkəsində” (1959, 1964, 1987, rejissor Ə.Atakişiyev), “Şirin evdən getməsi” (1978, rejissor R.İsmayılov), “Mən mahnı qoşuram”, “Əzablı yollarla”, “Musiqi müəllimi” (1979, 1982, 1983, rejissorT.İsmayılov), “Gəmi saatının sirri” (1982, rejissor R.Şabanov), “İsmayıl bəyin mücrüsü” (1983, rejissor G.Əzimzadə) və s. ) 1989-cu ildə ilk fantastik Azərbaycan bədii filmi (“Əlaqə”, rejissor Ç.Zeynalov) yaradılmışdır.

Səsli kinonun yaranması ilə sənədli kinonun da yaradıcı imkanları genişləndi. “Adlı-sanlı Azərbaycan” (1935, rejissor və ssenari müəllifi B.V.Pumyanski, V.Yeremeyev) bir hissəli sənədli xronika kinoalmanaxında ilk dəfə olaraq diktor mətni oçerkin qəhrəmanlarının çıxışı ilə sinxron verilmişdir. 1939-cu ildən “Azərbaycan ekranı” kinojurnalı “Ordenli Azərbaycan” (ildə 36 nömrə) adı altında çıxmağa başladı, 30-cu illərin səssiz filmlərindən tammetrajlı “Şərqə yol” (1934, rejissor A.A.Makovski), “Azərbaycan incəsənəti” filmləri diqqətə layiqdir. 1940-cı ildə rejissorlar M.Mikayılov və V.Yeremeyev Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 20 illiyi münasibətilə “İyirminci bahar” sənədli filmini yaratdılar.

İkinci dünya müharibəsi illərində Azərbaycan sənədli kinosunun bir qrup rejissorları (Ə.Həsənov və b.) və operatorları (M.Mustafayev, M.Dadaşov, S.Bədəlov, V.Y.Yeremeyev, Ç.Məmmədov və b.) cəbhə xəttinə gedərək əsgərlərin qəhrəmanlığını lentə çəkirdilər.

Həmin materiallar xüsusi buraxılışlar kimi əsgərlərə göstərilmək üçün müxtəlif cəbhələrə göndərildi. Bu dövrdə Azərbaycan xalqının arxa cəbhədəki əməyini əks etdirən kinojurnallar, kinooçerklər də yaradıldı. “Vətən uğrunda” (1943, rejissor Ə.Həsənov), “Qayğı” (1943, A.Quliyev), “Məktuba cavab” (1944, rejissor İ.Əfəndiyev), “Qardaş köməyi” (1944, rejissor A.Dadaşov) və s. 1944-cü ildə “Bakı kinostudiyası” Moskva Sənədli Filmlər Studiyası ilə birgə Xəzər dənizçilərinin qəhrəmanlığından bəhs edən “Xəzərilər” (rejissorlar Q.V.Aleksandrov və N.İ.Bolşakov) tammetrajlı sənədli filmini çəkdi. 1945-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyi ilə əlaqədar rejissor H.Seyidzadə “Əbədi odlar diyarı” tammetrajlı sənədli filmini yaratdı.

Müharibədən sonrakı illərdə “Sovet Azərbaycanı” (ildə 36 nömrə; “Ordenli Azərbaycan” kinojurnalının yeni adı) ilə yanaşı “Gənc nəsil” ( ildə 4 nömrə) kinojurnalının da buraxılışına başlandı. 1945-50-ci illərdə sənədli kino sahəsində ssenaristlərin İ.Qasımov, Ə.Qulubəyov, rejissorlar Z.Kazımova, L.Səfərov, operatorlar A.Nərimanbəyov, T.Axundov, X.Babayev, bəstəkarlar Q.Qarayev, T.Quliyev və b. fəaliyyətə başladılar. Cənubi Azərbaycan xalqının 1945-1946-cı illərdə azadlıq mübarizəsindən bəhs edən “Arazın o tayında” (1947, rejissorlar İƏfəndiyev, E.İ.Şub) tammetrajlı filmi diqqəti cəlb edirdi. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsinin 30 illiyi münasibətilə 1950-ci ildə “Sovet Azərbaycanı” (rejissorlar M.Dadaşov, F.Kiselyov) rəngli tammetrajlı sənədli filmi yaradıldı. Film 1951-ci ildə Kann (Fransa) beynəlxalq kinofestivalının xüsusi mükafatına layiq görüldü. Sonrakı illərdə müasirlik mövzusu xalqın məişəti, əmək nailiyyətləri sənədli kino ustalarının yaradıcılığında başlıca yer tutmuşdu: “S.M.Kirov adına körfəzdə” (Venesiya beynəlxalq kinofestivalının mükafatına layiq görülmüşdür.1955) “Axtaran tapar” (1955, 1969, rejissor S.Məmmədov), “Xoşbəxtlik yolu ilə”, “Bizim Azərbaycan” (1957,1959,rejissor M.Dadaşov). “Bakı və bakılılar” (1957,rejissor L.Səfərov), “Azərbaycan mədəniyyətinin baharı” ( 1960, rejissorlar Ç.Məmmədov, X.Babayev), ” M.F.Axundov” (1962, rejissor N.Bədəlov) və s. sovet kinosu sənətinin görkəmli nümayəndələrindən sayılan “Xəzər neftçiləri haqqında dastan” (1953) və “Dənizi fəth edənlər” (1959) filmlərini dünya şöhrətli rejissor R.L.Karmen “Bakı kinostudiyası”nda çəkmişdir. Həmin filmlərdə dəniz neftçilərinin fədakar əməyi və həyatı əks olunmuşdur. Bu filmlərə görə rejissor R.L.Karmen, operatorlar Ç.Məmmədov və S.Y.Medinski Lenin mükafatına layiq görülmüşlər (1960).

1960-1970-ci illər sənədli kinosunda Q.Mirqasımov, Y.Əfəndiyev, R.Şahmalıyev, T.Bəkirzadə, N.Bəkirzadə kimi gənclər fəaliyyətə başladılar. Q.Mirqasımovun “Dəniz” (1965), “Qobustan” (1966), “Bu həqiqətin səsidir”, “Bəstəkar Qara Qarayev” (1967) filmlərində 60-cı illərin ikinci yarısında sənədli kinonun üslubundakı müəyyən dəyişikliklər (diktor mətninin olmaması, poetik əhval-ruhiyyə, dəqiq montaj) özünü göstərir.

Həmin filmlərə görə Q.Mirqasımov Azərbaycan Lenin Komsomolu mükafatına layiq görülmüşdür (1967). “Nə yaxşı ki, dünyada Səməd Vurğun varmış” (1967) filminin rejissoru Y.Əfəndiyevə, ssenari müəllifi İ.Şıxlıya, operator Z.Məmmədova, C.Cabbarlının xatirəsinə həsr olunmuş “Solmaz bir bahar kimi” (1979) filminin rejissoru Ç.Zeynalova Azərbaycan Lenin Komsomolu mükafatı verilmişdir. 70-80-ci illərdə maraqlı elmi-kütləvi kino nümunələri yaradılmışdır: “Naxışların yaddaşı” (1973, rejissor İ.Əfəndiyev), “Qızıl balıq” (1975, rejissor Ç.Fərəcov), “Hardasan, yaşıl sahilim” (1983, V.Mikayılov), “Eskulap piyaləsinin sirri” (1984, rejissor T.Bəkirzadə), “Dirçəlmə” (1984, rejissor Ç.Fərəcov), “Torpaq borcu” (1986, rejissor T.Mütəllimov) və s. Azərbaycan sənədli kinosunda aktual mövzuların seçilməsi və araşdırılması üçün yeni yollar axtarılır, çəkiliş metodunun, montajın, səsləndirilmənin əlavə imkanları təcrübədə sınanılır. Bu baxımdan rejissor T.Bəkirzadənin “Dissonans” (1977), “Abşeron qalaları” (1989), Z.Məhərrəmovun “Baharla birgə” (1978), “Köç” (1983), Ç.Zeynalovun “Səfillər” (1985), “İntizar” (1986), “Əbədiyyətə qovuşan ömür” (1987), R.Nağıyevin “Ölü zona” (1988), V.Mikayılovun “Qışdan sonra gələn bahar” (1989) filmləri diqqətəlayiqdir.

1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasında “Mozalan” satirik kinojurnalının istehsalına başlanılmışdır. Kinojurnalda cəmiyyətin antipodları, gündəlik həyatda və təsərrüfatda rast gəlinən qüsur və nöqsanlar tənqid atəşinə tutulur. İkinci Dünya müharibəsinədək Azərbaycanda cizgi filmləri çəkilməsinə yalnız təşəbbüs göstərilmişdir. Həmin dövrdə “Azərbaycanfilm” kinostudiyası səsli (ağ-qara, rəngli), genişekranlı, panoram və genişformatlı filmlərdə səsin stereofonik yazılışını təmin edən yeni kino avadanlığı ilə təchiz olunmuşdur.

“Azərbaycanfilm” kinostudiyasında ildə təqribən 7 bədii film, 20 sənədli və elmi-kütləvi film istehsal olunurdu. 7-ci və 21-ci Ümumittifaq kinofestivalları (1974,1988), kino həvəskarlarının 40-cı beynəlxalq festivalı (UNİKA-78) Bakıda keçirilmişdir.

AZƏRBAYCAN  KİNOSU MÜSTƏQİLLİK DÖVRÜNDƏ

Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşfidir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Kinonun bir üstünlüyü də əyaniliyindədir, inandırma gücünə və təsirə malik olmasındadır.

Azərbaycan kino sənəti, bütövlükdə, tamaşaçıların estetik zövqü və dünyagörüşünün formalaşdırılmasında mühüm rol oynamış, xalqımızın milli ruhunun qorunub saxlanması işinə xidmət etmişdir. Azərbaycan kino sənətinə yüksək qiymət verən ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşublar… Xalqımızın inkişafı yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir”. Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si “Azərbaycan Kinosu Günü” elan edilmişdir.

Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə milli kinonun inkişafına da diqqət və qayğı göstərilmişdir.

Müstəqillik illərində də Ulu Öndərin rəhbərliyi ilə kino sənətinə xüsusi diqqət göstərilmişdir. Ümummilli Liderimizin 1998-ci il 19 avqust tarixli Fərmanı ilə Azərbaycanda “Kinematoqrafiya haqqında” Qanun qəbul olunmuşdur. Bununla yanaşı, bir sıra Azərbaycan filmləri yüksək dövlət mükafatlarına layiq görülmüş, aktyorlar, rejissorlar və ssenari müəllifləri beynəlxalq kino festivallarında və müsabiqələrdə mükafatlar almışlar. Kinorejissor Vaqif Mustafayevin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “General”, “Birinci”, “Moskva, Kreml”, “Lider”, “Tale”, “Əsl məhəbbət haqqında”, “Bir həsədin tarixi”, “Professional”, “Patriot”, “Xüsusi təyinat” və “Dövlət” filmləri müasir dövrümüzün ən dəyərli sənət nümunələri kimi kinosevərlər tərəfindən maraqla qarşılanmışdır. Bakıda məşhur dünya neft şirkətləri ilə bağlanmış saziş Vaqif Mustafayein “Əsrin sazişi” filmində öz əksini tapmışdır.

Azərbaycanın kino sənətini davam etdirən müasir rejissorlardan Hüseyn Mehdiyevin, Cavanşir Mehdiyevin, Yavər Rzayevin, Nicat Feyzullayevin, Ayaz Salayevin, Eldar Quliyevin, Rasim Ocaqovun, Oktay Mirqasımovun filmləri mövzu baxımından maraqlıdırlar. Rejissor Gülbəniz Əzimzadənin ərsəyə gətirdiyi filmlər də bir sıra kinofestivallarda mükafatlara layiq görülmüşdür.

Ümummilli Liderin kinonun inkişafı üçün gördüyü işlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı 2007-ci il fevralın 23-də “Kino sənətinin inkişafı haqqında”, 2008-ci il avqustun 4-də isə “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı” haqqında sərəncamlar imzalamışdır. Dövlət proqramında kinofilmlərin istehsalının artırılması, eləcə də müasir kino avadanlıqları və texnikası ilə təchizat, xarici ölkələrlə birgə film istehsalının genişləndirilməsi, kinoteatrların yenidən qurulması nəzərdə tutulmuşdur. Artıq ölkəmizdə kinostudiyaların maddi-texniki bazaları gücləndirilmiş, yeni filmlər çəkilmiş, kino sənətimiz inkişafın müasir mərhələsinə qədəm qoymuşdur. Son illər Azərbaycan filmləri xarici ölkələrdə keçirilən 40-dan çox beynəlxalq festivalda təmsil olunmuşdur. Ənənəvi olaraq keçirilən Beynəlxalq Kann kinofesivalında bir çox ölkələrin pavilyonları ilə yanaşı, ilk dəfə olaraq, Azərbaycan pavilyonu da təşkil edilmişdir. Azərbaycan kinosu festivalda dövlət sifarişi ilə çəkilmiş “Aktrisa” və “Sahə” bədii filmləri ilə təmsil olunmuşdur. Gənc kinematoqraflarımızın çəkdikləri qısametrajlı filmlər də Danimarka, ABŞ, Rusiya, Ukrayna, Hindistan, Almaniya, Türkiyə və başqa ölkələrdə keçirilən beynəlxalq festivallarda nümayiş etdirilmişdir.

Milli kinomuzun müraciət etdiyi əsas mövzulardan biri də Qarabağ münaqişəsi olmuşdur. Azərbaycanlıların öz yurd-yuvalarından didərgin salınması, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər filmlərin əsas süjet xəttini təşkil edirdi. Müstəqillik dövründə çəkilmiş “Fəryad”, “Ağ atlı oğlan”, “Ümid”, “Arxada qalmış gələcək”, “Biz qayıdacağıq”, “Xoca”, “Dolu” və s. filmlər bu qəbildəndir.

Kino sənətinə, filmlərimizə maraq bu gün də böyükdür. Çünki hər bir film, yaradılan hər bir ekran əsəri xalqımızın tarixini, mədəniyyətini özündə yaşadaraq gələcək nəsillərə çatdırır.

AZƏRBAYCANDA CİZGİ FİLMLƏRİNİN YARANMASININ QISA TARİXİ

Azərbaycanda cizgi film yaratmaq istəyi və bu istəyin həyata keçirilməsi XX əsrin 30-cu illərinə aid edilir. “Azərbaycanfilm” studiyası bu işdə xüsusi səy göstərmiş, lazım olan texniki avadanlıqları Moskvadan alıb gətirmişdir.

“Lökbatan” və “Neft simfoniyası” (rej. B.Pumpyanski) sənədli filmlərinin çəkilişi zamanı texniki animasiyadan istifadə edilmiş, “Cat” təlimat filmində isə (rəs. Basov) animasiyadan bütünlüklə istifadə olunmuşdur. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilmişdir. Bu film kinostudiya işçiləri üçün stimul rolunu oynadı və bir qrup təşəbbüskar da cizgi filmi yaratmaq qərarına gəldi. Cizgi filmlərinin mövzusu xalq nağıllarından götürülürdü. 

A.Papov tərəfindən “Abbasın bədbəxtliyi” adlı ssenari yazıldı və filmin operatoru Q.Yegiazarov, rejissoru E.Dikaryov oldu. Filmdə nümayiş olunan rəsmlər isə Q.Xalıqov, C.Zeynalov, M.Maqomayev və Ə.Mirzəyevə məxsus idi.

Böyük Vətən müharibəsi başlamamışdan bir qədər əvvəl studiyada “Sindbad dəniz səyyahıdır” adlı ikinci cizgi filminin çəkilişlərinə hazırlıq görülürdü. Bu, səsli film olmalı idi. Lakin təəssüf ki, müharibənin başlanması ilə əlaqədar işlər yarımçıq qaldı.

60-cı illərin sonlarında kinostudiyada cizgi filmlərinin çəkilişi üçün şərait yaradıldı. Cizgi filmlərinin çəkilişi üçün 20 nəfərdən ibarət rəssamlar qrupu yaradılmış, bu sənətin sirlərini öyrənmək üçün studiyada xüsusi kurslar açılmışdı.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 1968-ci ildə cizgi filmləri sexi bərpa olundu. Direktor Ə.İsgəndərov sexin istifadəyə verilməsinə və cizgi filmləri üzrə kadrların hazırlanmasına, eyni zamanda, cizgi filmlərinin istehsalı prosesinə xüsusi diqqət yetirirdi.

Nəhayət, 1969-cu il fevralın 28-də “Cırtdan” adlı xalq nağılının motivləri əsasında eyniadlı cizgi filminin istehsalı başa çatdırıldı. Kinostudiyanın cizgi filmləri sexinin bərpasından sonra çəkilmiş birinci film “Cırtdan” oldu. Film 1969-cu ildə ekranlara buraxıldı və uzun müddət kinoteatrlarımızın ekranlarında oldu. Beləliklə, “Cırtdan”ın istehsalı ilə Azərbaycanda cizgi filmləri tarixinin ikinci dövrü başlandı.

70-ci illərdə kinostudiyanın cizgi filmləri şöbəsində 20-dən artıq cizgi filmi istehsal olunmuşdur. 1971-ci ildə A.Şaiqin eyniadlı əsəri əsasında “Tülkü həccə gedir” (rej. N.Məmədov, B. Əliyev) cizgi filmi çəkildi. Bu cizgi filmi istər üslub, istərsə də sənətkarlıq baxımından ən maraqlı işlərdən biridir. “Çaqqal oğlu çaqqal” kukla filmi (1972, rej. M.Rəfiyev) ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir.

80-ci illərdə kinostudiyada 38 adda cizgi filmi istehsal olunmuşdur. 

Azərbaycan cizgi filmləri bədii keyfiyyət baxımından eyni səviyyədə deyildi. Bunun bir neçə səbəbi var idi: birincisi kadrların hazırlığı, peşəkarlığı, ikincisi isə texniki avadanlığın, xüsusilə boyaların kasadlığı ilə əlaqədar idi.

80-ci illərin sonunda ölkədə gedən ictimai-siyasi proseslər, bunların bütün sahələrə, o cümlədən yaradıcı təşkilatlara təsiri, “Azərbaycanfilm”in yeni iş üsuluna keçməsi ilə əlaqədar yollar axtarması kinostudiya nəzdindəki birlik və şöbələrin müstəqil fəaliyyət göstərməsinə təkan verdi. 

1990-cı ilin aprel ayında Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfatın icarə formasına keçdilər. Multiplikasiya sexinin adı da dəyişdirilib, “Azanfilm” Yaradıcılıq-İstehsalat Birliyi oldu (“Azanfilm” – Azərbaycan animasiya filmləri).

90-cı illərdə “Azanfilm” markası altında 19 cizgi filmi çəkilmişdir. 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi keçirilmiş, bu festivalda ən yaxşı cizgi filminə görə rejissor V.Talıbova priz və diplom verilmişdir.

Uşaqların intellektinin inkişafı, xarici dildən çox ana dilini mənimsəmələri üçün 2018-ci ildə Azərbaycanda ilk dəfə olaraq 3D formatında, “Üç dost” animasiya şirkətinin istehsalı olan  “Cırtdan və sehirli xalat” adlı yerli cizgi filmi çəkilib. Animasiyada səkkiz personajdan istifadə edilib. Dəyərlərə verilən hörməti xarakterizə etmək üçün təpəgözün gəldiyini xəbər verən qızın geyimi milli üslubda seçilib.  

QƏDİM DÖVRLƏRDƏ VƏ ORTA ƏSRLƏRDƏ TƏSVİRİ SƏNƏTİN İNKİŞAFI

Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. 8-ci minilliyə təsadüf edir. Qədim meqalitik abidələr, menhirlər, dolmenlər, mağaralar, müdafiə tikililəri, kurqanlar, metal alətlər, dulusçuluq, zərgərlik sənəti Azərbaycan yaşayış məskəni üçün xarakterik olmuşdur. Monumental qaya rəsmlərində xalqın mədəniyyəti və estetik təsəvvürləri öz ifadəsini tapmışdır. Füzuli şəhərinin yaxınlığındakı Azıx mağarası (uz. 215-220 m) Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edir.

Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın “Böyükdaş”, “Kiçikdaş”, “Cingirdağ”, “Şonqardağ” və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri — piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.

Təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar (relyef təsvirlər), heykəllər mühüm yer tutur. Bunlardan kürə formalı qab (Naxçıvan MR-nın Şahtaxtı kəndi), ikibaşlı maral fiquru (Xocavənd rayonunun Dolanlar kəndi), üzərində 5 fantastik heyvan təsviri cızılmış tunc qab (Gədəbəy), aypara şəklində qızıl yaxalıq (Ziviyə), qızıl cam (Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsi), Mil, Qarabağ düzlərindən tapılmış keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə fərqlənir (e.ə. VIII-VII əsrlər). Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri — dekorativ qablar, piyalələr, qadın bəzəkləri Azərbaycanda şüşə istehsalının da mövcud olduğunu göstərir.

Həkkaklıq və heykəltəraşlıq nümunələri Albaniya (Qafqaz) dövrü sənətində geniş yayılmışdır. Mingəçevir məbədinin (5-6 əsrlər) daş kapitelinin səthində müqəddəs dirilik ağacının sol və sağında üz-üzə dayanmış iki tovuz quşunun qabartma təsviri Albaniya (Qafqaz) dövrü heykəltəraşlığının ən kamil nümunələrindəndir.

Bədii metal məmulatlarının (torevtika) tərtibində də plastik formalara tez-tez təsadüf olunur. Mingəçevir, Torpaqqala və s. yerlərdən tapılmış gümüş camların, tuncdan hazırlanmış su qablarının üzərində maral, şir, tovuz quşu, buta təsvirləri verilmişdir. Bu dövrün dairəvi və qabartma heykəltəraşlıq nümunələrindən (tuncdan və daşdan) insan və heyvan təsvirləri, məişət, ov və dini ayinlərlə bağlı səhnələr üstün yer tutur. VII əsrdən başlayaraq islam dininin yayılması ilə bağlı Azərbaycanın qədim tarixi şəhərlərində — Qəbələ, Naxçıvan, Şamaxı, Bakı, Bərdə, Gəncə, Beyləqan, Təbriz, Marağa və Ərdəbildə memarlıq kompleksləri, saray, qəsr, məscid və türbələr inşa edilirdi. Həmin binaların dekorativ tərtibatında kalliqrafiya — kitabə, ornament, kaşı və qabartma elementlərindən geniş istifadə olunmuşdur. Şirvan-Abşeron memarlıq məktəbinə mənsub olan binalarda daş üzərində oyma sənəti nümunələri, həndəsi və nəbati naxışlar, Naxçıvan memarlıq məktəbini təmsil edən binaların dekorativ bəzəklərində isə şirli kərpicdən və kaşı bəzəklərindən ibarət ornament motivləri başlıca yer tutur.

Heykəltəraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilmiş Şirvanşahların “Bayıl qəsri”, yaxud “Səbayıl” adlanan memarlıq abidəsi üzərindəki yazı və qabartma təsvirləri binanın dekorativ tərtibində həlledici rol oynamışdır. “Bayıl daşlarında” yazılarla birlikdə insan və heyvan (pələng, dəvə, at, öküz, quş) təsvirləri dərin oyma üslubunda işlənmişdir. Friz xarakteri daşıyan “Bayıl daşları” vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil etmişdir.

Orta əsrlərdə Azərbaycan təsviri sənəti dekorativ tətbiqi sənətlə vəhdət təşkil etmiş, Gəncə, Beyləqan və digər şəhərlərdən tapılmış keramika nümunələri üzərində nəbati və həndəsi ornamentlərlə yanaşı, iti caynaqlı quşu, yaxud vəhşi heyvanı oxla vuran cəngavər təsvir edilmişdir. Bu dövr Azərbaycan İntibah mədəniyyəti Nizami Gəncəvinin yaradıcılığı ilə sıx bağlı olmuş, o, poemalarında memar, heykəltəraş, nəqqaş və rəssam obrazları yaratmışdır (Fərhad, Şapur, Simnar).

XIX ƏSRDƏ VƏ XX ƏSRİN BİRİNCİ YARISINDA TƏSVİRİ SƏNƏTİN İNKİŞAFI

Orta əsrlərdə Azərbaycan təsviri sənəti dekorativ tətbiqi sənətlə yanaşı, memarlıqla da üzvi əlaqədə olmuşdur. Şəki, Şuşa, Quba, Ordubad, Lahıc və s. şəhər və yaşayış məntəqələrində dövrümüzədək çatmış monumental divar rəsmləri xalq yaradıcılığı ənənələri ilə sıx bağlı olmuşdur. Şəki xanlarının sarayındakı divar rəsmləri xüsusilə şöhrət qazanmış, XVIII-XIX əsrlərdə Abbasqulu, Usta Qənbər Qarabaği, Əli Qulu, Qurban Əli, Şükür və b. sənətkarlar tərəfindən yaradılmış həmin rəsmlər dekorativ elementlərin mövzu cəhətdən zənginliyi, rəngarəngliyi ilə fərqlənir. Sarayın daxili salon və otaqlarında əlvan və şux rənglərlə işlənmiş rəsmlər, stilizə edilmiş naxışlar, insan, heyvan və quş təsvirləri, müharibə və ov səhnələrini canlandıran çoxfiqurlu, sürətli kompozisiyalar bir-birini əvəz edir. XIX əsrdə Azərbaycanda olmuş rus rəssamlarından Q.Q.Qaqarin və V.V.Vereşşaginin əsərlərində Bakı, Şuşa, İrəvan və digər şəhərlərin memarlıq abidələrinin təsvirini görmək mümkündür. Azərbaycan monumental boyakarlığının zəngin ənənələri İrəvanda Sərdar Sarayının (XX əsrin ortalarında saray uçurulmuş, Mirzə Qədim İrəvaninin sarayın divarlarında çəkdiyi 4 iri ölçülü portret də məhv edilmişdir), Şuşada bir sıra evlərin rəsmlərində davam etdirilmişdir. Azərbaycan dəzgah boyakarlığının təşəkkülü, Mirzə Qədim İrəvaninin adı ilə bağlıdır. O, portret janrı sahəsində daha səmərəli fəaliyyət göstərmiş, “Rəqqasə”, “Dərviş”, “Pəhləvan”, “Süvari” kimi bədii cəhətdən kamil portretlər yaratmışdır.

Azərbaycan mədəniyyəti tarixində istedadlı şair, musiqi nəzəriyyəçisi və xəttat kimi tanınmış Mir Möhsün Nəvvab rəssamlıq və nəqqaşlıq sahəsində də fəaliyyət göstərmişdir. Onun əsərlərində təbiət motivləri, güllərin, quşların təsviri əsas yer tutur. Bu dövrdə şair Xurşidbanu Natəvanın yaratdığı mənzərələr, gül-çiçək təsvirləri və dekorativ-tətbiqi sənət nümunələri də diqqəti cəlb edir.

XIX əsrin əvvəllərində Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsi ilə Azərbaycan təsviri sənətində realist təmayüllər getdikcə güclənir, bədii yaradıcılığın yeni növ və janrları meydana gəlir. “Molla Nəsrəddin” və digər jurnalların, eləcə də kitab nəşri ilə bağlı satirik qrafika və illüstrasiya janraları yaranır. “Molla Nəsrəddin” jurnalının rəssamları O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə və X.Musayev dövrün ictimai-siyasi problemləri ilə səsləşən realist qrafika sənəti sahəsində geniş fəaliyyət göstərirlər. Azərbaycan satirik qrafikasının banisi Ə.Əzimzadə ictimai bərabirsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin karikaturalar, şarjlar yaradır. Məşhur “Yüz tip” rəsmlər seriyası, qadın azadlığı, ateizm və siyasi motivlərə həsr olunmuş akvarelləri aktuallığı, milli koloriti ilə fərqlənir. 1914-cü ildə M.Ə.Sabirin “Hophopnamə” əsərinə çəkdiyi illüstrasiyalar Ə.Əzimzadənin ən uğurlu işlərindəndir.

Azərbaycan realist dəzgah boyakarlığının yaradıcılarından biri olan B.Kəngərlinin yaratdığı “İlanlı dağ Ay işığında”, “Günəş batarkən”, “Bahar” mənzərələri, “Qaçqınlar” silsiləsinə daxil olan yurdsuz insanların portretləri, “Elçilik”, “Toy” kimi məişət kompozisiyaları, eləcə də 1910-cu illərdə Naxçıvan teatrında tamaşaya qoyulmuş “Ölülər” (C.Məmmədquluzadə), “Hacı Qara” (M.F.Axundzadə), “Pəri-cadu” (Ə.Haqverdiyev) və b. səhnə əsərlərinə verdiyi bədii tərtibat və geyim eskizləri Azərbaycan rəssamlığının dəyərli örnəklərindəndir.

Bakıda “İstiqlal” dövlət muzeyi təsis olunur (1919), milli rəmzlər — dövlət gerbi və bayrağı yaranır, tarixi sənət abidələrinin qorunması və bərpası ilə əlaqədar tədbirlər həyata keçirilir. Milli təfəkkürün carçısı sayılan “Füyuzat” jurnalının naşiri görkəmli filosof, jurnalist və rəssam Əlibəy Hüseynzadə “Bibiheybət” məscidi, “Şeyxülislamın portreti” kimi əsərlərini yaradır.

Azərbaycanda 1920-ci ildə kommunist rejiminin 70 illik hökmranlığı bərqərar oldu. Respublikada mədəni quruculuq və yeni tipli incəsənətin təşəkkülü prosesi başlandı. Bakıda ilk rəssamlıq məktəbi açıldı (1920), təsviri sənətin yeni növ və janrları yarandı.

30-cu illərdə qrafika sahəsində Ə.Əzimzadə ilə yanaşı, Q.Xalıqov, İ.Axundov, Ə.Hacıyev, M.A.Vlasov, K.Kazımzadə, Ə.Məmmədov və b. rəssamlar da fəaliyyət göstərir, Azərbaycan və xarici ölkə yazıçılarının kitablarına illüstrasiyalar çəkir, müxtəlif aktual mövzularda siyasi plakatlar yaradırdılar. Müasir dəzgah boyakarlığının təşəkkülü 20-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş gənc rəssamların fəaliyyəti ilə bağlı olmuşdur. 1928-ci ildə Azərbaycan Gənc Rəssamlar Cəmiyyətinin ilk yaradıcılıq sərgisi, 30-cu illərdə Azərbaycan İnqilabi Təsviri İncəsənət Birliyinin təşkil etdiyi sərgi böyük uğur qazandı. Bakıda və Moskvada nümayiş etdirilən ilk rəssamlıq sərgilərində S.Salamzadə, Q.Xalıqov, Ə.Rzaquliyev və b. müasir mövzulara həsr etdikləri tablolar mühüm yer tuturdu. 1932-ci ildə Azərbaycan rəssamlarının təşkilat komitəsi yaradıldı. Boyakarlıq sahəsində bir sıra uğurlar qazanıldı. S.Şərifzadənin “Üzüm yığımı”, H.Haqverdiyevin “Ə.Əzimzadənin portreti”, Q.Xalıqovun “Nizami Gəncəvinin portreti”, M.Abdullayev, B.Mirzəzadə, B.Əliyev, S.Bəhlulzadə və K.Xanlarovun məişət və tarixi tabloları, kalorit zənginliyi, boyaların ahəngdarlığı ilə diqqəti cəlb edir.

Azərbaycan müasir peşəkar heykəltəraşlığının təşəkkülü ilə bağlı Bakıda bir sıra monumental abidələr qoyulmuş, milli heykəltəraşlıq kadrları yetişmişdir. 20-30-cu illərdə ilk azərbaycanlı heykəltəraşlardan İ.Quliyev, eləcə də Azərbaycanda yaşayan S.D.Erzya, Y.R.Tripolskaya, P.V.Sabsay və b. heykəltəraşların iştirakı ilə Bakıda M.Ə.Sabirin, M.F.Axundzadənin və b. abidələri qoyulmuş, dekorativ heykəllər, portret və büstlər yaradılmışdır. 30-cu illərdə sovet heykəltəraşlığının banilərindən olan F.Əbdürrəhmanov Azərbaycan ədəbiyyat və mədəniyyət xadimlərinin büst portretlərini (Ə.Haqverdiyev, M.F.Axundzadə, Ü.Hacıbəyov, A.Zeynallı və b.) və ilk monumental əsəri olan “Füzuli” heykəlini (1939, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində) yaratmışdır. Heykəltəraş C.Qaryağdının dekorativ heykəl və portretləri, M.P.Vaqifin heykəli (1939-40, Nizami ad. Azərb. Ədəbiyyatı Muzeyinin lociyasında) XX əsr Azərbaycan heykəltəraşlığının qiymətli nümunələrindəndir.

1940-cı ildə Azərbaycan rəssamlarının 1-ci qurultayı keçirildi.

İkinci Dünya müharibəsi illərində Azərbaycan rəsamlarının yaradıcılığında siyasi plakat və satirik qrafika əsas yer tuturdu. Siyasi karikaturaların yaradılmasında Ə.Əzimzadə, Q.Xalıqov, İ.Axundov, Ə.Hacıyev, S.Şərifzadə və b. qrafiklərin mühüm rolu olmuşdur.

XX ƏSRİN İKİNCİ YARISINDA AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNİN İNKİŞAFI

Müharibədən sonra, 50-ci illərin ortalarında Azərbaycan təsviri sənəti bədii kamillik dövrünə qədəm qoydu. Bunun inkişafında keçirilən sərgilərin mühüm rolu olmuşdur.

SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü M.Abdullayevin tablolarında respublikanın geniş, rəngarəng panoramı təsvir olunmuşdur. Rəssamın “Axşam”, “Mingəçevir işıqları”, “Azərbaycan çöllərində” (triptix), “Sevinc” və s. əsərlərində əmək adamları, məişət səhnələri lirik səpkidə verilmişdir. “Hindistan silsiləsi”nə görə M.Abdullayev beynəlxalq Nehru mükafatına (1970) layiq görülmüşdür. Xalq rəssamının çoxillik yaradıcılıq fəaliyyəti “Şöhrət” (1997), “İstiqlal” ordenləri ilə qiymətləndirilmişdir.

SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü xalq rəssamı T.Salahovun “Növbədən qayıdanlar”, “Səhər qatarı”, “Abşeron qadınları”, “Yeni dəniz” tablolarında dövrün qəhrəmanlıq pafosu, Xəzərdə yüksələn polad adaların əzəməti duyulur. T.Salahovun yaratdığı “Bəstəkar Qara Qarayevin portreti” əsəri portret sənətinin klassik nümunələrindəndir.

Rəssamın xarici ölkələrin həyatına həsr etdiyi lövhələri, mənzərə və natürmotları, “Bəstəkar Şostakoviçin portreti” müasir Azərbaycan boyakarlığının ən yaxşı əsərləri sırasına daxildir. Rəssam Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portretini ilhamla yaratmışdır. Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə T.Salahov “İstiqlal” orleni ilə təltif olunmuşdur.

Orijinal və bənzərsiz yaradıcılığa malik T.Nərimanbəyovun əsərlərində doğma yurdun təbiəti, müasirlərinin obrazı əlvan dekorativ boyalarla təsvir edilir. Rəssamın “Səadət”, “Sevinc”, “Torpağın bərəkəti”, “Bazar” və s. tabloları natürmort və mənzərələri nikbinlik motivləri ilə səciyyələnir. Onun improvizasiya məharəti “Parisi xatırlayarkən”, “Bethoven dünyası” tablolarında, səhnə dekorlarında aydın nəzərə çarpır. T.Nərimanbəyovun milli və beynəlmiləl ənənələrin sintezinə əsaslanan yaradıcılığı dünya şöhrəti qazanmışdır. N.Əbdürrəhmanovun “Çəltik becərənlər”, “Dağlarda qürub çağı”, A.Cəfərovun “Sabahın düşüncələri”, “Həyat”, “Mənim Azərbaycanım” tabloları Azərbaycan təbiətini canlandıran lirik mənzərələr, sənət xadimləri — şair Əlağa Vahidin, bəstəkar A.Məlikovun portretləri kalorit zənginliyi ilə diqqəti cəlb edir.

B.Mirzəzadənin yaradıcılığında əmək adamlarının, mədəniyyət və incəsənət xadimlərinin (müğənni Z.Xanlarova, rej. Ş.Bədəlbəyli) portretləri, mənzərə və natürmortlar mühüm yer tutur. Əmək, sənaye mövzuları, B.Əliyev, L.Feyzullayev, Ə.Məmmədov, Ə.Verdiyev və b. tablolarında öz əksini tapmışdır. X.Səfərova, H.Məmmədov, Q.Seyfullayev, Əbdülxalıq, A.Abdullayev, H.Haqverdiyev, D.Kazımov, C.Rüstəmov, K.Xanlarov, T.Şıxəliyev, A.Mehdiyev, M.Abbasov, F.Ağayev, S.Manafova və b. yaradıcılığında zəhmət adamlarına və məişət səhnələrinə, E.Rzaquliyev, V.Nərimanbəyov, T.Sadıqzadə, Ə.Hüsenyov, K.Nəcəfzadə və b. əsərlərində Azərbaycan xalqının tarixi keçmişi, adət və ənənələri, müharibə, sülh mövzularına geniş yer verilmişdir. Portret janrında S.Salamzadə, T.Tağıyev, V.Səmədova, Ş.Şərifzadə, O.Sadıqzadə, Nəcəfqulu, A.Kərimov, G.Mustafayeva, O.Ağababayev, H.Zeynalov, H.Kərimov, S.Məmmədov, Ç.Fərzəliyev və b. xüsusilə fərqlənmişlər.

Azərbaycan təbiətinin gözəllikləri xalq rəssamı S.Bəhlulzadənin “Qız bənövşəyə gedən yol”, “Doğma düzənliklər”, “Torpağın həsrəti”, “Kəpəzin göz yaşları” və s. tablolarında öz əksini tapmışdır. N.Qasımov, K.Xanlarov, M.Tağıyev, S.Haqverdiyev, T.Cavadov, F.Xəlilov, B.Maratlı, N.Rzayev, Ə.Əsgərov, U.Haqverdiyev və b. rəssamlar mənzərə janrında orijinal tablolar yaratmışlar.

Həyatın gözəlliyini, fəlsəfi mənasını dərk etmək baxımından F.Xəlilovun Abşeron təbiətinə həsr olunan tabloları müasirliyin ritm və intonasiyaları ilə səciyyələnir.

C.Mircavadov, N.Rəhmanov, K.Əhmədov, Q.Yunusov, S.Veysov, A.İbrahimov, İ.Məmmədov, S.Mirzəzadə, F.Haşımov, F.Qulamov, A.Səmədov və b. əsərlərində Azərbaycan mifoloji təsəvvürləri ilə müasir boyakarlıq axtarışları uzlaşmışdır.

Teatr-dekorasiya sənətinin inkişafı Azərbaycan opera, balet, dram və musiqili komediya tamaşalarının səhnə təcəssümü ilə bağlıdır. Ə.Əzimzadənin bir sıra teatr tamaşalarına çəkdiyi geyim eksizləri, Azərbaycan realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri olan R.Mustafayevin 1920-30-cu illərdə “Ölülər” (C.Məmmədquluzadə), “Üsyan” (D.Furmanov), “Dəmirçi Gavə” (Ş.Sami), “Sevil”, “Od gəlini”, “1905-ci ildə” (C.Cabbarlı), “Şeyx Sənan” (H.Cavid), “Dağılan tifaq” (Ə.Haqverdiyev), “Şah İsmayıl” (M.Maqomayev), “Arşın mal alan”, “Leyli və Məcnun”, “Koroğlu” (Ü.Hacıbəyov), “Aşıq Qərib” (Z.Hacıbəyov), “Sonalar gölü” (P.Çaykovski) və s. dram, opera və balet tamaşalarına verdiyi bədii tərtibat Azərbaycan teatr-dekorasiya sənətinin inkişafında mühüm yer tutmuşdur. Teatr rəssamlığı sahəsində fəaliyyət göstərən rəssamlardan İ.Seyidovanın “Leyli və Məcnun” (Ü.Hacıbəyov), “Sevil” (F.Əmirov), Ə.Fətəliyevin “Koroğlu” (Ü.Hacıbəyov), “İnsanın taleyi” (İ.İ.Dzerjinski), “Bahadır və Sona” (S.Ələsgərov) operalarına, Ə.Almaszadənin “Gülşən” (S.Hacıbəyov), “Qaraca qız” (Ə.Abbasov) baletlərinə, N.Fətullayevin “Şərqin səhəri” (Ə.Məmmədxanlı), “Otello” (V.Şekspir), “Vaqif” (S.Vurğun), “Mahnı dağlarda qaldı” (İ.Əfəndiyev), İ.Axundovun “Solğun çiçəklər” (C.Cabbarlı), “Şeyx Sənan” (H.Cavid), S.Şərifzadənin “Cavanşir” (M.Hüseyn), “Kəndçi qızı” (M.İbrahimov) və s. dram tamaşalarına verdikləri bədii tərtibatlar xüsusilə diqqəti cəlb edir.

1960-cı illərdən başlayaraq səhnə tərtibatı sahəsində yenilik meylləri güclənir, rəssamlar şərtiliyə, lakonik və rəmzi təsvir vasitələrinə xüsusi əhəmiyyət verirlər. Bu sahədə ilk uğurlu addım atan T.Salahov “Antoni və Kleopatra”, “Hamlet” (V.Şekspir), “Aydın” (C.Cabbarılı) pyeslərinin, xüsusilə “Koroğlu” operasının (Ə.Fətəliyevlə birgə) tamaşasına verdiyi bədii tərtibatda aydın konstruksiyalı, əzəmətli dekorlar yaratmışdır. M.Abdullayev “Leyli və Məcnun”, “Koroğlu” (Ü.Hacıbəyov) operalarının və “Çitra” (Niyazi) baletinin tərtibatını şux və əlvan boyalarla həll etmişdir. T.Nərimanbəyovun “Qobustan kölgələri” (F.Qarayev), “Yeddi gözəl” (Q.Qarayev), “Nəsimi dastanı”, “1001 gecə” (F.Əmirov) baletlərinin tamaşaları romantik üslub tərtibi ilə fərqlənir. Teatr-dekorasiya sənətinin inkişafında B.Əfqanlı, H.Mustafayev, S.M.Fefimenko, Y.A.Toropov, Ə.Abbasov, E.Aslanov, B.Əfəndiyev, M.Əliyev, A.Seyidov, E.Məmmədov, S.Haqverdiyeva, F.Əhmədov, Q.Məmmədov, F.Ə.Xəlilov, F.Qafarov və digər rəssamların, kino sahəsində C.Əzimov, K.Nəcəfzadə, N.Zeynalov, F.Bağırov, R.İsmayılov, M.Ağabəyov, N.Bəykişiyev və b. mühüm xidmətləri olmuşdur.

İkinci dünya müharibəsindən sonra Azərbaycanda monumental və dəzgah heykəltəraşlığı yeni inkişaf mərhələsinə qədəm qoydu. N.Gəncəvinin Gəncədə (1946; SSRİ Dövlət mükafatı, 1947) və Bakıda (1949) abidələri SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü F.Əbdürrəhmanovun yaradıcılığında mühüm mərhələ idi. Onun Bakıda qoyulmuş “Azad qadın” heykəli (1960), S.Vurğunun (1961), Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (1973), Düşənbədə şair Rudəkinin (1964, SSRİ Rəssamlıq Akademiyasının Qızıl medalı) abidələri, Azərbaycan monumental heykəltəraşlığının uğurlu nümunələrindəndir. Monumental heykəltəraşlıq ustası SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü P.V.Sabsay əmək adamlarının, elm və mədəniyyət xadimlərinin (“Neftçi M.P.Kaveroçkin”, “Rəssam S.Bəhlulzadə”, “Neftçi Babayev”, “Yazıçı S.Rəimov”, S.Vurğunun mənzil-muzeyi üçün monumetal portreti və s.) portretlər qalereyasını yaratmışdır. “A.S.Puşkinin portreti” (“Elegiya”) heykəltəraşın ən kamil əsərlərindəndir.

C.Qaryağdının monumental-dekorativ heykəltəraşlıq əsərləri bədii ifadəliyi və dinamikliyi ilə diqqəti cəlb edir. M.Ə.Sabirin (1958), N.Nərimanovun (1972) heykəlləri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general H.Aslanovun abidəsi (1983, Lənkəran) Azərbaycan heykəltəraşlığının qiymətli nümunələri sırasına daxildir.

SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü Ö.Eldarov və SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü T.Məmmədovun birgə yaratdıqları “Füzuli” abidəsi (1962, Bakı) kamil, plastik sənət əsərlərindəndir. T.Məmmədovun Ü.Hacıbəyov (1962), M.Əzizbəyov (1977), Nəisimi (1979; İ.Zeynalovla birgə) və s. monumental abidələri Azərbaycan heykəltəraşlığının ən yaxşı nümunələrindəndir.

Ö.Eldarov, “X.Natəvan” (1960), “M.Maqomayev” (1987), H.B.Zərdabi (1973; Zərdab), “77-ci Azərbaycan diviziyasına” (1975, Sapun-Qora, Sevastopol) və Bakıda romantik şair “H.Cavid” (1993-?) abidələrində heykəltəraşlıqla memarlığın sintezinə nail olmuşdur. Onun “Neftçilər” (1963), “S.Bəhlulzadənin portreti” (1966), “Ömrün dörd çağı” (1974) kimi kompozisiya və portretlər üçün obrazların yığcamlığı və milli koloriti səciyyəvidir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvanda qoyulmuş abidə-büstü, görkəmli alim, göz həkimi Zərifə Əliyevanın xatirəsini əbədiləşdirən “Ellegiya” (1997) adlı mərmər kompozisiyası, türk alimi İ.Doğramacının (2002) Bilkənd şəhərində qoyulmuş abidəsi Ö.Eldarovun yeni yaradıcılıq uğurlarıdır. Azərbaycan heykəltəraşlığının inkişafında xidmətlərinə görə görkəmli sənətkar “İstiqlal” ordeni (1997) və Rusiya Federasiyasının “Dostoynomu” medalı (2002) ilə təltif olunmuşdur.

Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin büstü (mənzilində), Bakının görümlü yerində qoyulmuş görkəmli dövlət xadimi və şair Şah İsmayıl Xətainin abidəsi (1993) monumental heykəltəraş İ.Zeynalovun təqdirəlayiq əsərlərindəndir. Müasir formalara meyl göstərən F.Nəcəfov “Analıq”, “Qocaman həkim”, monumental heykəltəraş F.Salayev “S.Yesenin”, A.Əsgərov “Akadademik Y.Məmmədəliyev”, N.Əliyev “Ə.Vahid” kimi əsərləri ilə heykəltəraşlığın plastik forma rəngarəngliyini nümayiş etdirirlər. M.Mirqasımovun C.Məmmədquluzadə (1974; Naxçıvan), C.Cabbarlı (1982; Bakı) abidələri və “Uxuru” (“Azadlıq”), “Neftçi”, “Xəzri” kimi lirik səpkili əsərləri Azərbaycan heykəltəraşlığının nailiyyətlərindəndir. Azərbaycan heykəltəraşları Bakıda Fəxri Xiyabanda dəfn olunan görkəmli ictimai və mədəniyyət xadimlərinin uğurlu xatirə kompozisiyaları ilə milli heykəltəraşlıq sənətinə qiymətli əsərlər vermişlər.

Son zamanlarda Daşkənd və Sankt-Peterburqda dahi Nizaminin (2002), Brüsseldə “Dədə Qorqud” (2004) abidələrinin qoyulması Azərbaycan heykəltəraşlığının yeni uğurlarıdır. İstedadlı qadın heykəltəraşları H.Abdullayeva, E.Hüseynova, M.Rzayeva, Z.Əliverdiyeva öz əsərlərində gənclik, gözəllik və ana mövzularını tərənnüm edirlər. E.Şamilov, Q.Sücəddinov, A.Mustafayev, F.Salayev, Ə.Salikov kimi heykəltəraşların monumental əsərlərində yenilik, milli ənənələr özünü göstərir. F.Nəcəfov, F.Bakıxanov, A.Qazıyev, M.Rüstəmov, K.Ələkbərov, Ə.Mirzəyev, M.Salahov, A.Rüstəmov, H.Musayev, V.Şərifov, G.Babayev, Ş.Şərifov, T. və E.Zeynalov qardaşları, A.Əsgərov, X.Əhmədov, Z.İsgəndərov, H.Haqverdiyev, S.Zakiri, N.Zeynalov və b. heykəltəraşlar monumental-dekorativ və portret əsərlərində yenilik, plastik formanın emosionallığı məsələlərinə xüsusi əhəmiyyət verirlər.

Azərbaycan qrafika sənətinin inkişafında mövzu, janr, bədii üslub rəngarəngliyi sahəsində axtarışlar həlledici yer tutur. Dəzgah qrafikası növlərində silsilə əsərlər yaradılmışdır. M.Rəhmanzadənin əmək və məişət mövzularına həsr etdiyi “Bizim Xəzərdə” (1953-60), “Sumqayıt-Rustavi” (1962), “Mənim bacılarım” (1965-82) linoqravüra və rəsm silsilələləri obrazların rəngarəngliyi, milli xüsusiyyətləri ilə fərqlənir. Bu keyfiyyətlər rəssamın Nizami, Füzuli, Heyran xanım, M.S.Ordubadi, Ə.Cəfərzadə və başqalarının əsərlərinə çəkdiyi illüstrasiyalar üçün də səciyyəvidir. Ə.Rzaquliyevin “Köhnə Bakı”, “Xalçaçılar”, R.Babayevin “Qobustan”, “Xınalıq” linoqrvavüra silsilələri xalq məişətinin real lövhələri, ifadə yetkinliyi ilə səciyyələnir.

Y.Hüseynov kitab tərtibatı, dəzgah qrafikası və boyakarlıq sahələrində fəaliyyət göstərir. Onun “Xəzərin ənginliklərində” rəngli linoqravüra silsiləsi “Xınalıq”, “Odlar yurdu”, “Xəzər balıqçıları” əsərləri, Azərb. qrafika sənətinin uğurlarıdır.

Rəssamlardan A.Hacıyev, R.Mehdiyev, Ə.A.Məmmədov, E.Aslanov, C.Müfidzadə, N.Babayev, B.Hacıyeva və başqalarının linoqravüra, ofort və rəsm silsilələri, illüstrasiyaları, obrazların müasirliyi ilə fərqlənir. Orta nəslin nümayəndələri — A.Hüseynov, A.Rüstəmov, A.Ələsgərov, Ə.Səlimov, R.Hüseynovun yaradıcılığı orijinal rəsm və kompozisiya ahəngdarlığı, fərdi üslub rəngarəngliyi ilə xarakterikdir.

Q.Xalıqov, İ.Axundov, K.Kazımzadə, Ə.Hacıyev və b. klassik Azərbaycan ədəbiyyatı və folklor nümunələrinə, xüsusilə Nizami və Xaqaninin əsərlərinə, M.Abdullayev “Kitabi-Dədə Qorqud” boylarına, Füzulinin “Leyli və Məcnun” poemasına, S.Rəhimovun “Şamo” romanına maraqlı illüstrasiyalar çəkmişlər.

Müasir satirik qrafikanın inkişafı əsasən “Kirpi” jurnalının (1952) fəaliyyəti ilə bağlıdır. (Nəcəfqulu, Q.Xalıqov, İ.Axundov, K.Kazımzadə, S.Şərifzadə, H.Haqverdiyev və b.). Z.Kərimbəyli, A.Quliyev, R.Qədimov, Ə.Zeynalov və digər rəssamların karikaturaları satirik janrın inkişafında əhəmiyyətli yer tutur.

XX əsrin 90-cı illərində Azərbaycan Respublikasının müstəqilliyi şəraitində milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında yeni mərhələ başlanmışdır.

İncəsənətin inkişafına dövlət qayğısı artmış, yaradıcılıq prosesi yeni vüsət almışdır. Sənətkarların yaradıcılıq səviyyələrini, bədii axtarışlarını fəallaşdıran amillər içərisində görkəmli sənət xadimlərinə fəxri adların, “İstiqlal” və “Şöhrət” ordenlərinin, Prezident təqaüdlərinin, “Sultan Məhəmməd”, “Humay” mükafatlarının təsis olunması xüsusilə qeyd olunmalıdır.

Azərbaycan təsviri sənəti özünün bədii yetkinlik mərhələsinə qədəm qoymuş, onun ən gözəl nailiyyətləri respublikanın hüdudlarından uzaqlarda da şöhrət qazanmışdır.

AZƏRBAYCAN MİNİATÜRLƏRİ

İslam dini ehkamlarının hökm sürdüyü orta əsrlərdə Azərbaycanda rəssamlığın müxtəlif növlərində (boyakarlıq, “siyah qələm” və s.) insan obrazlarının təsviri sahəsində gözəl ənənələri olmuşdur. Miniatür sənətinin bu dövrdə yüksək inkişafı bunu aydın sübut edir.

Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur.

Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi dəqiq müəyyən edilməmişdir. Lakin XIII əsrin əvvəllərində Əbdülmömin Məhəmməd əl-Xoyinin “Vərqa və Gülşa” əlyazmasına çəkdiyi miniatürlərin (Topqapı muzeyi, İstanbul) üslubu, bədii sənətkarlıq xüsusiyyətləri bu miniatürlərin ilkin olmadığını, müəyyən bir ənənəyə əsaslandığını və miniatür sənətinin daha qədimdən mövcud olduğunu göstərir. “Vərqa və Gülşa”ya çəkilmiş miniatürlər yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır.

XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatür sənəti sürətlə inkişaf etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qüdrətli mərkəzinə çevrilmişdi. Bu əsrlərdə Çin-uyğur sənətindən faydalanan rəssamlar Uzaq Şərq xalqlarından gələn təsvir forması və ifadə vasitələrini yerli ənənələrlə — səthi-dekorativ forma ilə uyğunlaşdırmağa çalışırlar.

XIV əsrin ortalarından Təbriz rəssamları qrafik və boyakarlıq üslublarının uğurlu sintezindən doğan bədii üslub yaratdılar. Bu yeni üslubun formalaşması 1340-50-ci illərə aid edilən “Böyük Təbriz Şahnaməsi”, yaxud “Demott Şahnaməsi” adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapmışdır. Əksəriyyəti dövrün görkəmli rəssamları Əhməd Musa və Şəmsəddin tərəfindən çəkilmiş bu miniatürlər hazırda dünyanın bir çox muzey və kitabxanalarında saxlanılır. Bu əlyazmanın miniatürlərindən hələlik 58-i məlumdur. Tədqiqatçılar Təbriz miniatür məktəbinin bu dövrdəki inkişafını, xüsusilə “Demott Şahnaməsi”nin illüstrasiyalarını yüksək qiymətləndirmişlər. Fransız sənətşünası Östaş dö Lorey yazır: “miniatür sənəti heç vaxt bu qədər əzəmətli, akademizmdən uzaq və belə orijinal olmamışdır”.

Azərbaycan miniatür sənətinin bədii üslub xüsusiyyətləri XV əsrin əvvəllərində daha da təkmilləşir. Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması (1405-10, Frir qalereyası, Vaşinqton), sonuncu Cəlair hakimi Sultan Əhmədin şeirlər “Divanı”na çəkilmiş dahi rəssam Əbd-əl-Xayyinin rəsmləri (1405-10, Frir qaleryası, Vaşinqton) və Əssar Təbrizinin “Mehr və Müştəri” əsərinə (1419) çəkilmiş illüstrasiyalardakı xəttat (Cəfər Təbrizi) üslub, bədii sənətkarlıq məziyyətləri Təbriz məktəbinin kamilləşməsini göstərir.

XV əsrin əvvəllərindən başlayaraq Təbriz uzun müddət Yaxın və Orta Şərq şəhərlərini qabil sənətkarlarla təmin edən qüdrətli sənət mərkəzi olmuşdur. Məşhur alman sənətşünası F.Şults Təbriz məktəbini qonşu Şərq ölkələrində miniatür sənətinin inkişafına əsaslı təsir göstərmiş “ana məktəb” (“Mutter Schule”) adlandırmışdır. XV əsrdə Təbriz məktəbinin təsirilə Şamaxı və Bakıda miniatür sənəti inkişaf etməyə başlayır. Bu dövrdə “Şərq poeziyası antologiyası”, yaxud “Şamaxı antologiyası” (1468, Britaniya muzeyi, London) və b. əlyazmalarına çəkilmiş illüstrasiyalar, Əbdülbaqi Bakuvinin çəkdiyi tək və ikifiqurlu portretlər (“Mehtər”, “İki əmir”; Topqapı muzeyi, İstanbul) Şamaxı və Bakı rəssamlarının ən yaxşı miniatürləri sırasına daxildir.

XV əsrin axırlarında Təbriz miniatür məktəbi yeni yüksəliş dövrünü keçirir. 1481-ci ildə Sultan Yaqub üçün hazırlanan və I Şah İsmayıl dövründə tamamlanan İstanbul “Xəmsə”sinə XVI əsrin əvvəllərində çəkilmiş 9 miniatür obrazlı ifadə vasitələrinə, kompozisiyanın mürəkkəbliyi və təmtəraqlı dekorotivliyinə, kolorit zənginliyinə görə (“Şirin çimərkən Xosrovun ona tamaşa etməsi”, “İsgəndər və Dara”, “İsgəndər və çoban”, “İsgəndər Nüşabənin sarayında” və s.) XVI əsrə aid eyni məzmunlu miniatürlərdən əsaslı surətdə fərqlənir, bədii sənətkarlıq baxımından daha qiymətli hesab edilir. Bu əsərlərin XVI əsrdə Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmməd, onun müasirləri və tələbələri tərəfindən çəkilməsi şübhəsizdir. Təsadüfi deyil ki, bu dövrdə və daha sonralar Təbrizdə işlənmiş, lakin müəllifləri bəlli olmayan ən dəyərli miniatürlər adətən Sultan Məhəmməd məktəbinə, yaxud onun üslubuna aid edilir.

Təbriz miniatür məktəbinin inkişaf zirvəsi XVI əsrin ortalarına təsadüf edir. Mərkəzləşmiş Səfəvilər dövlətinin yaranması ilə bağlı Azərbaycanın paytaxtı Təbriz şəhəri yenidən Yaxın və Orta Şərqdə mədəniyyətin, estetik fikrin, bədii yaradıcılığın, əsas mərkəzinə çevrilir. Təbrizdə Şah İsmayıl və Təhmasibin saray kitabxanasında böyük ustad Sultan Məhəmmədin rəhbərliyi altında Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli kimi istedadlı yerli rəssamlarla yanaşı, Kəmaləddin Behzad, Şeyxzadə, Ağamirək İsfahani, Şah Mahmud Nişapuri, Dust Məhəmməd kimi şərqin görkəmli sənətkarları, xəttat və rəssamları fəaliyyət göstərirdilər.

XVI əsrin əvvəllərindən başlayaraq Təbriz miniatür məktəbinin klassik ədəbiyyatla əlaqəsi daha da genişlənir. Firdovsi, Nizami, Sədi, Hafiz, Cami, Nəvai, Əmir Xosrov Dəhləvi və b. klassiklərin əsərləri, poetik süjet və obrazları Təbriz rəssamlarının yaradıcılığında əsas yer tutur. Təsviri sənətdə ən çox və ən dəyərli miniatürlər bu iki əsərə — “Şahnamə” və “Xəmsə”yə çəkilirdi. XVI əsrin əvvəllərində Təbriz məktəbinin bədii üslub xüsusiyyətlərini özündə cəmləşdirən miniatürlərdən 1524-cü il tarixli “Xəmsə” (Metropoliten-muzey, Nyu-York), “Şahnamə” (Şərqşünaslıq institutu, Sankt-Peterburq), “Quy və çovkan”, 1528-ci il tarixli “Cami ət-təvarix” (hər ikisi M.Y.Saltıkov-Şedrin adına kitabxana, Sankt-Peterburq) əlyazmalarına çəkilmiş illüstrasiyalar diqqəti cəlb edir. Bəsit kompozisiya quruluşu, koloriti, obrazların həlli və mənzərə motivlərinin təsvir baxımından nisbətən sadə və yığcam olan bu əsərlər 15 əsr miniatürlərinin lakonik üslub xüysusiyyətlərindən təmtəraqlı dekorativ xarakter daşıyan yeni üsluba keçid mərhələsini təşkil edir.

Təbriz məktəbi simasında 1530-40-cı illərdə Şərq miniatür sənəti ən yüksək inkişaf mərhələsinə çatır. Bu dövrdə bədii-estetik və sənətkarlıq baxımından ən dəyərli miniatürlərlə bəzədilmiş bir çox qiymətli əlyazmalar hazırlanır.

Son dərəcə zərif işlənmiş 3 kiçik miniatürlü “Şah və Dərviş” (M.Y.Saltıkov-Şedrin adına kitabxana, Sankt-Peterburq), 258 miniatürlə bəzədilmiş “Şahnamə” (1537; miniatürlərin bir qismi Nyu-Yorkdakı Metropoliten-muzeydə, qalan hissəsi Nyu-Yorkda, Haufton kolleksiyasındadır) və 14 ədəd nadir miniatürü ilə dünya şöhrəti qazanmış “Xəmsə” (1539-43, Britaniya muzeyi, London) əlyazmaları zəngin bədii tərtibatı, nəfis dekorativ bəzəyinə görə Şərqdə kitab sənətinin və miniatür boyakarlığının şah əsərləri hesab edilir. “Şahnamə”yə çəkilmiş miniatürlərdən Sultan Məhəmmədin “Keyumərzin məclisi”, “Zöhhakın edam edilməsi”, Mirzə Əli Təbrizinin “Hindistan elçilərinin qəbulu”, Müzəffər Əlinin ov və döyüş səhnələri, Mir Seyid Əlinin saray məclisləri təsvir olunan əsərləri, “Xəmsə”yə çəkilmiş miniatürlərdən Sultan Məhəmmədin “Sultan Səncər və qarı”, “Şirin çimərkən Xosrovun ona tamaşa etməsi”, “Məhəmməd Peyğəmbərin meracı”. Mir Müsəvvirin “Ənuşirəvan və bayquşların söhbəti”, Mirzə Əli Təbrizinin “Xosrov Bərbədin musiqisini dinləyir”, “Şapur Xosrovun portretini Şirinə göstərir”, Mir Seyid Əlinin “Dilənçi qarının Məcnunu Leylinin yanına gətirməsi” və s. əsərlər Şərq miniatür sənətinin zirvəsini təşkil edir. Şərq rəssamlarının ən çox sevdiyi “Şahnamə” və “Xəmsə” süjetləri parlaq, klassik ifadəsini məhz bu iki əlyazmada — Sultan Məhəmməd və onun müasirlərinin əsərlərində tapmışdır. Belə süjet və obrazlarla yanaşı, Azərbaycan rəssamları digər poetik əsərlərə də orijinal miniatürlər çəkmişlər. Bunlardan Sultan Məhəmmədin 1530-cu illərdə Hafizin “Divan”ına çəkdiyi “Şam Mirzənin kef-musiqi məclisi”, “Meyxanada”, naməlum rəssamların Ə.Cami, Əmir Xosrov Dəhləvi və b. klassiklərin əsərlərinin əlyazmalarına, Sədinin külliyatına (hamısı M.Y.Saltıkov-Şedrin ad. kitabxana, Sankt-Peterburq) və b. əlyazmalarına çəkdikləri miniatürləri göstərmək olar. Sultan Məhəmmədin “Meyxanada” əsərində təsvir olunan surətlər daxili psixoloji ifadəliliyi və obrazların bir qədər qroteskvarı, satirik planda işlənməsi baxımından şərq miniatür sənətində nadir əsərlərdən hesab edilir.

Miniatür sənətində XVI əsrədək tək-tək təsadüf olunan dəzgah miniatürləri əsrin ortalarından inkişaf edərək tezliklə xüsusi janr səviyyəsinə yüksəlir. Kitab illüstrasiyalarından fərqli olaraq, belə müstəqil miniatürlərdə əsasən adi həyat hadisələri — ov və döyüş səhnələri, kef və musiqi məclisləri, saray əyləncələri, şah və əsilzadələrin portretləri, nadir hallarda isə klassik ədəbiyyatdan alınmış poetik süjetlər təsvir edilirdi. Rusiya (Sankt-Peterburq), Türkiyə (İstanbul), eləcə də Avropa və ABŞ-ın bir çox muzey və kitabxanalarında saxlanılan xüsusi albomlarda (mürəkkələrdə) toplanmış, bəzən də sırf dekorativ bəzək məqsədilə müxtəlif əlyazma kitablarına sonralar daxil edilmiş belə miniatürlərdən Mirzə Əli Təbrizinin “Sarayda musiqi məclisi”, Sultan Məhəmmədin “Ov səhnəsi” triptixləri, Mir Seyid Əlinin “Kənd həyatı” və “Şəhər həyatı” tabloları şərq miniatür sənətində müstəsna yer tutur.

XVI əsrin ortalarında Sultan Məhəmməd, Mir Müsəvvir, Dust Məhəmməd və b. rəssamlar bir sıra portret miniatürləri yaratmışlar. Tipikliyi, obrazların həlli və etnoqrafik cəhətdən bir-birindən fərqlənməyən, bəzən də çox az fərqlənən, yalnız müxtəlif vəziyyət və hərəkətdə verilmiş bu portretlərdə rəssamlar dövrün və özlərinin gözəllik ideallarına uyğun olaraq şah və saray əyanlarının obrazlarını idealizə edilmiş halda əks etdirirdilər. Müəyyən kanonlar (qayda, üsul) əsasında yaradılan bu portretlərdə əsas məqsəd hökmdarın zahiri gözəlliyini tərənnüm etmək olmuşdur.

XVI əsrin 2-ci yarısında Səfəvilər dövlətinin paytaxtının Təbrizdən Qəzvinə köçürülməsi ilə bağlı saray kitabxanasında fəaliyyət göstərən rəssamlardan bir qrupu yeni mərkəzə toplaşır. Azərbaycan rəssamlarının Qəzvində 1575-ci ilə qədər çəkdikləri miniatürlər bədii üslub xüsusiyyətlərinə görə Təbriz dövrü miniatürlərindən əsla seçilmir və Təbriz üslubunun məntiqi davamını təşkil edir.

XVI əsrin 2-ci yarısı və sonlarında Azərbaycan miniatür sənətinin inkişafı və Qəzvində yeni üslubun yaranıb formalaşması Sultan Məhəmməd ənənələrinin davamçıları Siyavuş bəy, Mir Zeynalabdin Təbrizi, Əli Rza Abbasi Təbrizi, xüsusilə dövrün ən görkəmli ustad rəssamları Məhəmmədi və Sadıq bəy Əfşarın yaradıcılığı ilə bağlıdır. Bu dövrdə kitab illüstrasiyalarından daha çox real həyat hadisələrini və adi məişət səhnələrini əks etdirən müstəqil miniatürlər çəkilmişdir. XVI əsrin 2-ci yarısında Azərbaycan kitab tərtibatı və miniatür sənətində müəyyən durğunluq əmələ gəldi. Bunun əsas səbəblərindən biri paytaxtın köçürülməsi ilə bağlı Təbrizin sənət mərkəzi kimi öz rolunu getdikcə itirməsi idisə, digər səbəbi XVI əsrin son rübündə Təbriz rəssamlarının Türkiyə və İranın sənət mərkəzlərində fəaliyyət göstərməsi, eləcə də bu dövrdə Sultan Məhəmməd və onun məktəbinə mənsub olan rəssamlar kimi hərtərəfli inkişaf etmiş, geniş yaradıcılıq imkanına malik ustad sənətkarların az olması idi.

Təbriz məktəbi qonşu ölkələrlə yaradıcılıq əlaqəsi saxlamış, məktəbin nümayəndələri müxtəlif vaxtlarda bir çox Şərq ölkələrində fəaliyyət göstərmişlər. Məşhur rəssam Mir Seyid Əli atası Mir Müsəvvirlə birlikdə uzun müddət Hindistanda Moğol hökmdarları Hümayun (1530-39, 1555-59) və Əkbərin (1556-1605) sarayında baş rəssam işləmiş, yeni sənətkarların hazırlanmasında, Moğol miniatür məktəbi adlanan hind boyakarlıq məktəbinin yaranması və inkişafında onların mühüm rolu olmuşdur. Türkiyə miniatür sənətinin inkişafına Azərbaycan rəssamları əhəmiyyətli təsir göstərmişlər. Şahqulu Nəqqaş, Vəlican Təbrizi, Kamal Təbrizi və bir sıra digər Təbriz rəssamları müxtəlif dövrlərdə İstanbulda fəaliyyət göstərmiş, Şahqulu və Vəlican saray emalatxanasına rəhbərlik etmişlər. Xalçaçılıq, bədii parça, bədii metalişləmə və keramika sahəsində məzmunu, bədii forması, obrazlı ifadə vasitələrinə görə miniatür üslubunu xatırladan bir çox dəyərli əsərlər yaradılmışdır.

Azərbaycan miniatür sənəti XIX əsrin sonlarına qədər davam etmişdir. Lakin XVIII-XIX əsrlərdə əlyazma və daş çapı kitablarına çəkilmiş miniatürlər rəsm, kompozisiya, obrazların həlli və koloritinə görə bəsit, sxematik, bəzən də primitiv “lubok” xarakteri daşıyırdı. Əvəzəli Muğanlının “Kəlilə və Dimnə” (1809), Mirzə Əliqulunun “Şahnamə” (1850), Mir Möhsün Nəvvabın “Bəhr ül-həzən” (1864), Nəcəfqulu Şamaxılının “Yusif və Züleyxa” (1887; bu əsərlər Azərbaycan Respublikası EA Əlyazmaları İnstitutundadır) və s. kitablara çəkdikləri illüstrasiyalar obrazlı ifadə vasitələrinə görə klassik miniatür sənətinin tənəzzülünü göstərir.

Sovet dövründə klassik miniatür sənətinin zəngin ənənələrindən, onun bədii üslub xüsusiyyətlərindən yaradıcı surətdə istifadə edilməyə başlanmışdır.

Klassik miniatür sənətinin üslub xüsusiyyətlərindən istifadə edilməsi Azərbaycan təsviri sənətinin sonrakı inkişaf dövrlərində daha da genişlənmiş, boyakarlıq, qrafika, xüsusən kitab illüstrasiyası sahələrində bir sıra rəssamların yaradıcılıq axtarışları uğurlu əsərlərlə nəticələnmişdir.

M.Abdullayev boyakarlıq, qrafika, monumental boyakarlıq və teatr tərtibatı sahələrində klassik irsimizlə bağlı olan bir sıra dəyərli əsərlər yaratmışdır. Rəssamın “Kitabi-Dədə Qorqud” (1962 və 1979-cu il nəşrləri) kitablarına çəkdiyi illüstrasiyaları, Bakı metropoliteninin “Nizami” stansiyasında şairin əsərlərinin motivləri əsasında yaratdığı mozaika lövhələri diqqəti cəlb edir.

MÜASİR DÖVRDƏ AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNİN ROLU VƏ MÖVQEYİ

Müasir dünyanı nə iləsə təəccübləndirmək olduqca çətindir. Çünki artıq dünyanı heyrətləndirəcək çox az şey var desək, yəqin ki, yanılmarıq. Təsviri incəsənət, rəssamların fırçasından çıxan əsərlər həqiqətən də tamaşaçıların marağını cəlb etməyə qadirdir. Azərbaycan təsviri incəsənət ustalarının çəkdiyi əsərlərin çox az hissəsi dünyada tanınıb.

Azərbaycanda tarixən ölkəmizi tanıtmağa qadir olan rəssamlar olub, sadəcə onların dünya sənət okeanına çıxışları məhdud idi. Orta əsr Azərbaycan rəssamlarının əsərlərinin dünya muzeylərində və şəxsi kolleksiyalarda sənət inciləri kimi yer tutması Azərbaycan təsviri incəsənətinin qələbəsidir. Orta əsrlər Azərbaycan rəssamlarının çəkdiyi əsərlər, miniatürlər bütün dünyada məşhurdur. Dahi rəssamımız Soltan Məhəmmədin “Bəhram Gurun şir ovu”, “Məhəmməd Peyğəmbərin meracı”, “Xosrovun çimən Şirini görməsi”, “İsgəndərin Çin xalqı ilə görüşü” və s. əsərləri dünyada çox məşhurdur. Ağa Mirəkin əsərləri də həmçinin, dünya muzeylərini bəzəyir. Onun “Məcnun heyvanlar arasında”, “Xosrov və Şirinin xidmətçilərin nağılını dinləməsi”, “Xosrovun taxta çıxması”, “Şapurun Xosrovun yanına qayıtması” unikal nümunələrdir. Seyid Əlinin “Bəhram Gur və qoca çoban”, “Məcnun Leylinin çadırı qarşısında”, “İbn Səlamın elçiliyi” və s. əsərlərin adını çəkə bilərik. Azərbaycan rəssamlarının əl işləri qədim zamanlardan dünya səyyahlarını maraqlandıran  əsl sənət inciləridir.

Bununla belə, Azərbaycan rəssamları tam olaraq hələ dünyaya inteqrasiya etməyiblər. Bu gün dünya Azərbaycan rəssamları deyəndə daha çox Səttar Bəhlulzadənin bənzərsiz əsərlərini xatırlayır. Sovet dövrü Azərbaycan rəssamlarının əksəriyyətinin o illərdə xarici ölkələrdə sərgiləri təşkil edilirdi.  Bu rəssamlar Azərbaycan həyatını bu sərgilərdə ifadə edə bilirdilər.  Sovet illərində bizim  rəssamlar dünyaya sovet rəssamı kimi təqdim edilirdi. Yəni onların azərbaycanlı olduğunu dünyada çox az adam bilirdi. O rəssamlar Azərbaycan adına tanınsaydılar, biz bu gün onun daha çox faydasını görərdik.  Sovet dövrü Azərbaycan rəssamlarının müraciət etdiyi mövzular ancaq ölkə ilə məhdudlaşmırdı, dünyanın əksər xalqları, onların məişəti, həyat tərzi ilə bağlı dəyərli əsərlər yaradırdılar. Bu əsərlərin beynəlmiləl mahiyyəti də böyük idi. Bu gün dünya muzeylərində Azərbaycanın Sovet dövrü rəssamlarının əsərləri sərgilənir. Keçən çağlarda Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Rasim Babayev və digər rəssamlar dünyaya çıxmaq üçün mücadilə aparırdılarsa, buna müəyyən qədər nail oldular. Onların əsərləri dünyada az-çox tanınır, qiymətləndirilir. Bu gün sevindirici haldır ki, dövlətin bu sahəyə dəstəyi nəticəsində klassik Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilər açılır, onların kataloqları çap olunur. Bundan başqa, müasir rəssamlar arasında da dünyaya çıxmağa iddialı olanlar var. Son illər Azərbaycan təsviri incəsənətinin dünyada təbliğ edilməsi və onun müasir nümayəndələrinin tanıdılması üçün Heydər Əliyev Fondu da böyük işlər görür,  vaxtaşırı olaraq Azərbaycan rəssamlarının fırça nümunələri dünyanın müxtəlif ölkələrində sərgilənir. Elə bu məqsədlə də 2000-ci ildə ölkəmizdə ilk dəfə olaraq Rəssamlıq Akademiyası açıldı. Bu hadisəni yalnız mədəni həyatımız yox, həm də bütövlükdə xalqımız üçün çox mühüm addımlardan biri hesab etmək olar.

Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunmasında müasir fırça ustaları arasında Dünya Rəssamlıq Akademiyasının üzvləri də var ki, bir neçə il əvvəl həmin rəssamların Bakıda sərgisi də açılıb: xalq rəssamları Xanlar Əhmədov, Mir Nadir Zeynalov, əməkdar incəsənət xadimi Arif Aziz, əməkdar rəssam Eldar Qurbanov, tanınmış rəssamlar Səmədağa Cəfərov və Nağdəli Xəlilov Dünya Rəssamlıq Akademiyasının üzvləridir. 100-dən çox  ölkənin tanınmış fırça ustalarını öz ətrafında birləşdirən bu mötəbər quruma rəssamlarımız 2009-cu ildən üzv olmağa başlamışlar. Belə bir təşkilatda təmsil olunmaqla  Azərbaycan rəssamlıq məktəbinin qədim və özünəməxsus ənənələrini dünyada daha geniş formada təbliğ etməyə nail olur.

Bu gün Azərbaycan təsviri incəsənətini dünyada tanıdan rəssamlar arasında Sakit Məmmədovun nailiyyətlərini qeyd etmək lazımdır. Sakit Məmmədov UNESCO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlar Akademiyasının akademiki, Minilliyin Adamı, Avropanın Şərəf ordeni, İtaliyanın Leonardo da Vinçi ordeni, Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü, Portuqaliyada Festivalda Vera birincilik mükafatı, Beynəlxalq Vera mükafatı, Çingiz Aytmatov adına Beynəlxalq mükafat, Beynəlxalq Vətən Övladı və Dədə Qorqud mükafatları, Birincilik mükafatları və s. qızıl medal və digər mükafatlara layiq görülmüşdür.

Vatikan Zadəgan Heraldika Akademiyasının qrafı Sakit Məmmədov dünya mədəniyyətinə töhfəsinə görə Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü seçilib. S.Məmmədovun fırça nümunələri dünyanın bir sıra ölkələrində sərgilənib. Azərbaycanla yanaşı, Türkiyədə, Rusiyada, Ukraynada, Belarusda, İsveçdə, Almaniyada, İtaliyada, Belçikada, Fransada, Avstriyada, Misirdə, Çində, Gürcüstanda, Tatarıstanda, Sinqapurda, Portuqaliyada və digər ölkələrdə fərdi sərgisi keçirilib. Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən biri olan Sakit Məmmədovun rəsmləri bu gün dünyanın məşhur muzeylərinin, qalereyalarının, habelə hərraclarda kolleksionerlərin məmnuniyyətlə əldə etmək istədikləri əsərlər sırasındadır: “Xatirə şəkli”, “Oyun”, “Məşq”, “Falabaxanlar”, “Ad günü”, “Leninqrad xatirələri”, “Yaşasın İstanbul”, “Bayram”, “Toy”, “Metro”, “13 nömrəli avtobus”, “Həvəskar” və s. əsərləri S.Məmmədovun maraqlı əsərlərindəndir. Rəssamın bəzi tematik rəsmlərini konkret bir məkana, zamana aid etmək qeyri-mümkündür. Belə əsərlərdə rəssam sanki öz dünyasının zamanını göstərmək istəyir. Görkəmli rus tənqidçisi Andrey Bajenov da rəssamın yaratdıqlarından heyrətlənərək, “Sakit Məmmədovun əli intibah rəssamının əlinə bənzəyir”, — deyib. Rəssamlıqda Opalizm akademik rəssam S.Məmmədov tərəfindən özülü qoyulmuş bir məktəbdir, üslubdur. Opalizm sözünün etimologiyası opal daşından götürülüb. Qədim yunan dilində gözqamaşdıran, latın dilində valehedici görünüş, sanskrit dilində qiymətli daş kimi tərcümə edilən bu mineral daş növü özündə birləşdirdiyi rənglərlə yalnız zərgərlik məmulatı kimi deyil, müalicəvi, fövqəladə və ilhamlandırıcı xüsusiyyəti ilə minillərdir insanların zövqünü oxşamaqdadır. Opalda mövcud olan isti rəng çələngi S.Məmmədovun hələ gənclik illərindən böyük rəğbətini qazanıb. Təsadüfi deyil ki, daşda olan rəng oyununa onun, demək olar, bütün yaradıcılıq nümunələrində rast gəlinir. Bununla sənətkar sübut eyməyə çalışıb ki, heç bir rəssam Tanrının təbiətə bəxş etdiyi rənglərdən savayı yeni bir çalar icad etməyib. Rəssamın əsərlərində opalın daha çox nəcib, alovlu, yaxud bolder, hidrofan növündəki rəng çalarlarını görmək mümkündür. Düzdür, opal rəssamın yumşaq yaxma ilə yaratdığı əsərlərində daş növü kimi deyil, əlbisələrdə, baş geyimlərində, qadın zinət əşyalarında və s. formalarda təzahür edir. Yəni opal rəssamın yaratdığı tablolarda yeni forma ilə üzə çıxır. Buna baxmayaraq, rəsmlərdə daşın insanda yaratdığı xoş ovqatı və müalicəvi xüsusiyyətini hiss etmək olar. Sevindirici haldır ki, S.Məmmədovun yaratdığı Opalizm məktəbi yalnız özü deyil, rəssamın tələbələri tərəfindən də yüksək peşəkarlıqla təqdim olunur. Şübhə yoxdur ki, sənətkarın yaratdığı bu üslub gələcəkdə yetirmələri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayıb yaradan yüzlərlə, minlərlə rəssamın yaradıcılığı tərəfindən də davam etdiriləcək.

Böyük Britaniya Kraliçası II Elizabetin anadan olmasının 90 illik yubileyi münasibətilə Londonda keçirilən tədbirlərdə Azərbaycan rəssamı Sakit Məmmədovun “Cıdır düzü” adlı rəsm əsəri Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev tərəfindən hədiyyə olaraq II Elizabetə təqdim edilib.

Azərbaycan nümayəndə heyətinin tərkibində Londonda səfərdə olan əsərin müəllifi, məşhur rəssam Sakit Məmmədov əsərdə Cıdır düzü, milli adət-ənənələrimiz, at cinslərimiz, musiqi alətlərimiz, Şuşanın Xarı bülbülü və çövkən oyununun təsvir olunması barədə Kraliçaya məlumat verib. Sakit Məmmədov müvəffəqiyyətli işləri ilə dünyaya Azərbaycan mədəniyyətini məhz bu səpkidə tanıda bilmişdir.

Bu gün Heydər Əliyev Fondu mədəni irsimizə çox böyük qayğı ilə yanaşır. Fondun təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində rəsm sərgiləri açılır, rəssamlarımız tanıdılır.Parisdə keçirilən “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində azərbaycanlı rəssamların əsərləri nümayiş etdirilib.

Parisdə Luvr muzeyinin Karusel salonunda baş tutmuş “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində Azərbaycanı Əsmər Nərimanbəyova və Məryəm Ələkbərli təmsil ediblər.

Toğrul Nərimanbəyov Assosiasiyasının prezidenti Əsmər Nərimanbəyova bu sərgidə nümayiş olunan əsərlərini Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, mənəvi dəyərlərindən ilham alaraq ərsəyə gətirdiyini bildirib. Rəssam deyib ki, məqsədi qədim və zəngin mədəniyyətimizi rənglər dünyasına çevirərək fransalılara təqdim etməkdir.Azərbaycan rəssamlarının əsərlərində milli geyimlərimiz, milli musiqi alətlərimiz öz əksini tapıb və bu əsərlər milli elementlərlə zəngindir.Bütün bunlar Azərbaycanı, onun maddi və mənəvi sərvətlərini dünyada tanıtmaq yolunda görülən işlərdir.

Dövrümüzün incsənət insanları içərisində Aida Mahmudova, Əli Həsənov, Leyla Əliyeva, Faiq Əhməd, Rəşad Ələkbərov, Fərid Rəsulov, Qafar Rzayev, Mahmud Rüstəmov, Nail Ələkbərov, Rəşad Babayev, Sitarə İbrahimova, Afət Bağırova, Niyaz Nəcəfov, Altay Sadıxzadə, Məmməd Mustafayev, Fuad Salayev və bir çox şəxslər daxildir. Müasir Azərbaycan rəssamları daha özəl mövzulara, müasir gəncliyə yaxın və lazım olan mövzulara toxunurlar.

Azərbaycan təsviri sənət nümunələrinin sərgiləndiyi maraqlı obyektlərdən biri də Müsir İncəsənət Muzeyidir. XX əsrin ikinci yarısından bu günümüzə kimi azərbaycan təsviri sənəti və heykəltəraşlığının avanqardlarından təşkil olunmuş əsərlər toplusu muzeyin əsasını təşkil edir. Bu, insan ruhunun müşahidə, axtarış və azadlığını əks etdirən rəsm və heykəllər toplusudur.

2009-cu il mart ayının 20-dən fəaliyyət göstərən muzeydə azərbaycan rəssamları və heykəltaraşlarının 800-dən artıq əsəri sərgilənir. Muzeydə Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şaxtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanov kimi sənətkarların əsərləri nümayiş olunur. Muzeyin dizaynının müəllifi məhşur rəssam Altay Sadıxzadədir. Burada, eyni zamanda uşaq incəsənəti zalı, kitabxana, videozal, restoran, art-kafe də var.

Müstəqillik illərində Azərbaycan təsviri sənətinin tərəqqisi, dünyada təbliği, gənc rəssamların yaradıcılığının dəstəklənməsi istiqamətində də bir çox məqsədyönlü işlər görülüb. Son illərdə keçirilən respublika və beynəlxalq əhəmiyyətli sərgilərin sayı 500-ü ötüb. Bu illərdə Azərbaycan rəssamlarının əsərləri Almaniya, ABŞ, Rusiya, Türkiyə, İran, Fransa, İsveçrə, İtaliya, Niderland, Sloveniya, Misir, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Ukrayna, Moldova, Özbəkistan, Braziliya, Çin, Avstriya, Portuqaliya və s. kimi ölkələrin ən nüfuzlu sərgi salonları, muzey və qalereyalarında nümayiş etdirilib.Dövlətimizin qayğısı nəticəsində təsviri sənət yaradıcılarımızı daha böyük uğurlar gözləyir.

ƏN QƏDİM ZAMANLARDAN İSLAM DİNİNİN QƏBULUNA QƏDƏRKİ DÖVRDƏ MEMARLIĞIN İNKİŞAFI

Bəşər sivilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülayim və münasib təbii şərait olmuşdur. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır.

Memarlıq tarixdir — insanlıq tarixi. Bu tarixin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində belə mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar. Mağaranın ortasında yandırılmış ocaq tüstüsünü xaric etmək üçün tavandan deşik (baca) açılması, yaxud müəyyən lazımi ləvazimatların saxlanması üçün mağaranın daxili divar səthində xüsusi oyuqların açılması buna əyani sübutdur. İbtidai insanların təbii mağaralar üzərində apardıqları belə yenidənqurma işləri sonrakı dövrlərdə süni mağaraların yaranması ilə nəticələnmişdir. Təbii mağaralar kimi bir neçə küyüldən ibarət olan süni mağaralar da yer səthindən xeyli hündür məsafədə dik qayalar və dağ döşündə düzəldilmişdir. Azərbaycan ərazisində süni mağaralara Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində, Kiçik Qafqaz dağlarında, Qubadlı rayonunda Bərguşad, Əkərə çayları vadilərində, Şirvan regionunda Mərəzə, Sündi və Dərəkənd yaxınlığında, eləcə də cənub əyalətlərində qədim Manna və Midiya dövlətlərinə mənsub olan ərazilərində də təsadüf edilmişdir. Harada tikilməsindən asılı olmayaraq, özlərini müdafiə etmək məqsədi ilə insanlar süni mağara tipli evlərin bir qayda olaraq yer səthindən xeyli hündür məsafələrdə düzəldirdilər. Lakin sonralar inşaat tipinin, konkret olaraq daş hörgüsü meydana çıxdıqdan sonra süni mağaralarda əvvəl azacıq sonralar isə tədricən ciddi dəyişikliklər baş verdi. Daş hörgüsünün meydana çıxması nəticəsində yeni tipli qazma və yarımqazma binalar inşa edilmyə başladı. Belə binalar adətən dağların və yamacların döşündə inşa olunmuşdur. Hələ hörgü işinə o qədər mükəmməl yiyələnməyən və mənzili lazımi səviyyədə qızdırmağa malik olmayan ibtidai insanlar evlərinin yarı hissəsini yeraltı küyl şəkildə quraşdıraraq yalnız onun yer yüstünə çıxan hissəsini — dəhlizini təbii daşlarla eyvan şəklində hörüb özlərini dəyişən təbiətin isti-soyuğundan qorumuşdur. Elmi mənbələrdə belə binaların hələ Midiya dövründən çox-çox öncə meydana çıxması və Midiya dövründə geniş yayıldığı qeyd olunur.

Mağara tipli yaşayış binalarının sonrakı inkişaf mərhələlərində daş hörgüdən əvvəllər küyülün ön və yan divarlarında sonra isə arxa tərəfində istifadə olunmuşdur. Tədricən mənzil divarlarının daş hörgü ilə əvəz olunması və insanların bu hörgü ilə bağlı inşaat mədəniyyətinin təkmilləşməsi binaların qazma və yarımqazma formasından yerüstü inşasına gətirib çıxarmışdır.

Öz başlanğıcını süni mağaralardan almış belə binalar uzun bir tarixi inkişaf prosesi keçmiş və memarlıq tarixində “Qaradan” adı ilə məşhurlaşmışdır. Azərbaycan ərazisi müxtəlif təbii-coğrafi şəraitə və iqlim qurşaqlarına malik olduğu üçün burada inşa edilmiş qaradanlar da tədricən yerli iqlim şəraitinə uyğunlaşdırılaraq müxtəlif memarlıq-planlaşdırma xüsusiyyətlərinə malik olmuşdur. Adətən belə evlərdə insanlara məxsus olan ev heyvanları da saxlanılırdı. Tarixi məlumatlara görə Azərbaycanda qaradanlardan XX yüzilliyin əvvəllərinə qədər istifadə edilmişdir.

Qobustanda aşkar edilmiş ən qədim yaşayış yerləri (mağaralar, müxtəlif primitiv sığınacaqlar və s.) ilə yanaşı, meqalit memarlıq abidələri-kromlexlər, menhirlər (çoban daşı), dolmenlər və siklop tikililəri geniş yayılmışdı.

Hündür daşlardan quraşdırılmış bu qurğular el arasında “qalaça”, yaxud “hörükdaş” adlanır. Naxçıvan şəhərinin yaxınlığındakı Çalxanqala (Tunc dövrü) və Arpaçay sahilindəki Qaratəpə divarındakı Oğlanqala (e.ə. II-I minilliklər) müdafiə tikililəri siklop tikililərə aid edilir. Güney Azərbaycanın ərazisində, Araz yaxınlığında da qala tikililəri (Bastam, Danalı, Qalaoğlu və s.) aşkar edilmişdir.

Azərbaycan ərazisində Manna dövlətinin təşəkkülü (e.ə. IX-VII yüzillər), daha sonralar güneydə Atropatena dövlətinin yaranması ilə bağlı şəhərlər əmələ gəlmiş, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilmişdi. Həsənli rayonundakı abidələr kompleksi, eləcə də Urmiya gölü sahilindəki qayalarda çapılmış sərdabələrin tədqiqi göstərir ki, VII yüzildən eyvanlı mənzil tipi təşəkkül tapmışdı. Həmin dövrün digər memarlıq qurğularından yeganə dini tikili olan od mehrabları (müqəddəs odun saxlandığı yer) dövrümüzədək gəlib çatmışdır. Bu dövrdə yaranmış memarlıq tipləri Azərbaycan memarlığının sonrakı inkişafına, eləcə də Əhəmənilər dövründə İranın və ön Asiyanın digər ölkələrinin memarlığına əhəmiyyətli təsir göstərmişdir. Atəşpərəstliyin yayılması ilə bağlı yaranan ibadətgahlar (atəşgədələr) islamdan öncə tikilmiş əsas dini binalar olmuşdur.

Qafqaz Albaniyası dövründə (e.ə. IV yüzil – eramızın VII yüzili) şəhərsalma sahəsində mühüm addımlar atılmışdır. Qəbələ şəhəhərinin möhkəm qala divarları, saxsı borularından çəkilmiş su kəməri, Dəmirqapı (Dərbənd) keçidində daşdan tikilmiş müdafiə sistemi (“uzun divarlar”), Çıraqqala (VI yüzil), Ləkit kəndindəki dairəvi xristian məbədi (V-VI yüzillər), Qum kəndindəki bazilika (təqribən VI yüzil), Mingəçevirdəki məbədlər kompleksi (VII yüzil) və s. bu şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir. Sasanilər dövrü memarlıq abidələrindən müdafiə tikililəri özəlliklə diqqəti cəlb edir. Xəzər dənizinin sahilindən başlayaraq, Babadağın ətəyində qurtaran Gilgilçay səddi və indiki Dəvəçi rayonu ərazisində yerləşən Beşbarmaq dağından başlayıb, Xəzərin sahillərinə qədər uzanan Beşbarmaq səddi Azərbaycanda istehkam tikililərinin inkişafı haqqında geniş təsəvvür yaradır.

Ərəb istilasından (VII yüzil) sonra Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişdi. Memarlıqda yeni tipli binaların — məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt oldu. Bərdə, Ərdəbil, Marağa, Urmiya, Şamaxı, Şəmkur (Şəmkir), Şabran, Beyləqan, Gəncə və Naxçıvan bu dövrdə Azərbaycanın ən önəmli şəhərləri idi. Şamaxı, Gəncə və Beyləqanın böyük şəhərlərə çevrilməsi də məhz bu dövrə aiddir.

Bu dövrdə islam dini ilə bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları inşa edilirdi. Bunlardan indiki İsmayıllı rayonu ərazisində salınmış Cavanşir qalası (təqribən VII yüzil) və Qazax rayonunun Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (V-VIII yüzillər) diqqəti özəlliklə cəlb edir.

Ümumiyyətlə, islamdan öncəki və sonrakı dövrlərdə Azərbaycan ərazisində inşa edilmiş alban tikililəri memarlığın inkişafında önəmli rol oynamışdır. Bu abidələrdən Zaqatala rayonundakı Paşan və Muxax kəndlərində IV-V yüzillərə aid tikili qalıqları, Şəki rayonunun Böyük Gəldək kəndində Govurqala (VI yüzil), Qəbələ rayonundakı Böyük Əmirli kəndində (IV-VIII yüzil) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta əsrlər), Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd kəndində Alban kilsəsi (I yüzil), Sos kəndində (IV yüzil), İatsi kəndində (V, VII və VIII yüzillərə aid 4 məbəd), Taqaverd kəndində (675), Güneyçartar kəndində (1236) alban məbədləri, Ağdərə rayonunun Aterk (V yüzil), Kolatağ (614), Qoçoqot (672, 698), keçmiş Dostahir (713), Qasapet (718), Çaldıran (XII yüzil) kəndlərində, eləcə də Yuxarı Qarabağın başqa bölgələrindəki Susanlıq (IV-VI yüzillər), Vanq (IX yüzil), Traxtik (1094), Tsakuri (1131), Məmmədadzor (1147), Tuğ (1197) kəndlərində, Əsgəran rayonunun Şuşikənd (905), Çanaqçı (1065 və 1100), Xaçmaç (1100), Xantsk (1122), Xndzristan (1202) kəndlərində alban məbədləri dövrümüzədək mühafizə olunmuşdur.

ORTA ƏSRLƏRDƏ MEMARLIĞIN İNKİŞAFI

Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişaf mərkəzi Bərdə şəhəri idi. Mənbələrdə “bu yerlərin Bağdadı” adlandırılan Bərdədə geniş tikinti işləri aparılmış, çoxlu məscid və başqa dini binalar, karvansara, bazar, hamam və s. tikilmişdi. IX-X yüzillərdə Xilafətin zəifləməsi nəticəsində Azərbaycanda kiçik feodal dövlətlərin yaranması ilə bağlı X-XII yüzillərdə müxtəlif memarlıq məktəbləri yarandı (Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron). Azərbaycan memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi. Aran memarlıq məktəbinə (Gəncə, Bərdə, Beyləqan) mənsub sənətkarların yaratdığı binaların əksəriyyəti Gəncə zəlzələsi (1139) və monqol hücumları (XIII yüzil) zamanı dağılmışdır. Gəncə və Beyləqanda aparılan arxeoloji tədqiqatlar bir sıra qurğu və bina qalıqlarını aşkara çıxarmışdır. Gəncə çayı üzərindəki 3 körpü (XII yüzil), Beyləqandakı yaşayış binaları, hamam və s. qalıqları Aran memarlıq məktəbinin üslub özəllikləri haqqında aydın təsəvvür yaradır.

Naxçıvan memarlıq məktəbinin abidələri binalarda çox boyalı kaşıdan ornamentli baştağ kompozisiyalarının tətbiqi, Şirvan-Abşeron məktəbinə mənsub tikililər sadə memarlıq bölgüləri və dekorativ oyma bəzəkləri ilə seçilir. Təbriz məktəbinin ən yaxşı abidələri üçün memarlıq quruluşunun dəbdəbəliyi, dekorların müxtəlifliyi səciyyəvidir.

Dövrümüzədək çatmış mütənasib quruluşlu, zəngin dekorlu qülləvarı türbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləri əksini tapmışdır. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusif ibn Küseyr (1162) və Mömünə xatın (1186) türbələrinin, eləcə də hazırda mövcud olmayan dini tikililər kompleksinin müəllifi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaradıcılığı təşkil edir. Əcəminin yaradıcılığı üçün obrazın monumentallığı, kompozisiyanın mütənasibliyi və dekorların zərifliyi, öz dövrünə görə rasional konstruksiyaların tətbiqi, ornament bəzəklərinin oynaqlığı səciyyəvidir. Onun ornament kompozisiyaları bədiiliklə riyazi təfəkkürün üzvi birləşməsinə əsaslanır. Əcəminin yaratdığı kompozisiya və dekorativ bəzək üsulları Azərbaycanın, eləcə də müəyyən ölkələrin türbə tikililərinə böyük təsir göstərmişdir. Marağadakı “Göy günbəz” türbəsi (1196, memar Əhməd Məhəmməd oğlu) Əcəmi üslubuna yaxındır. Marağa abidələri Azərbaycan memarlığının inkişafında önəmli yer tutmuşdur. Bunlardan dövrümüzədək çatmış ən qədimi “Qırmızı günbəz” türbəsidir (1148, memar Bəkir Məhəmməd). Bu dövrdə Urmiyada tikilmiş “Üç günbəz” türbəsi (1185, memar Əbu Mənsur Musa oğlu) memarlıq quruluşuna görə Marağa abidələrinə yaxındır.

Naxçıvan məktəbinin kərpic tikililərində formalaşmış memarlıq üsulları daşdan tikilmiş türbələrdə — Naxçıvan MR-nın Cuğa kəndi yaxınlığındakı Gülüstan türbəsində (XIII yüzilin əvvəli), Füzuli rayonunun Babı kəndindəki Şeyx Babı Yəqubi türbəsində (1273-1274 memarı Əli Məcidəddin olması güman edilir) və Aşağı Veysəlli kəndindəki Mirəli türbəsində (XIII-XIV yüzillər) əksini tapmışdır. Bərdədə (1322, memar Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani) və Naxçıvan MR-nın Qarabağlar kəndində (qoşa minarəli türbə; minarələr XII yüzil – XII yüzilin əvvəli, türbə XIV yüzilin əvvəli) qalmış türbələrin oxşarlığına və hər ikisinin XIV yüzilin əvvəlində tikilməsinə əsasən bu abidələrin eyni memar tərəfindən yaradıldığı ehtimal olunur.

X-XII yüzillərdə yaşayıb yaratmış bir çox Azərbaycan memarları, bənnaları və memarlıq bəzəyi ustalarının adları müxtəlif tikililərin kitabələrində, daş plitələrində, dekorativ bəzək məmulatlarında və digər qaynaqlarında dövrümüzədək çatmışdır. Bunlardan Məhəmməd ibn Cəfər (Beyləqan rayonundakı “Peyğəmbər” qəbiristanlığındakı kitabəli plitə X yüzil), İbrahim ibn Osman (Gəncə darvazası, 1063), Məhəmməd Əbubəkr oğlu (Bakıda Sınıqqala məscidi, 1078), Möhsün (XI yüzil; əsərləri məlum deyil), onun oğlu Bəndan ibn Möhsün (XII yüzil; əsərləri məlum deyil), nəvəsi Bəkir Məhəmməd (Marağada “Qırmızı günbəz” türbəsi 1148), Əcəmi Əbubəkr oğlu Naxçıvani (Naxçıvanda Yusif ibn Küseyir türbəsi, 1162, Mömünə xatın türbəsi 1186 və s.), Aşur İbrahim oğlu (İçərişəhərdəki İbrahim məscidinin daş mehrabı, 1171), Əmirəddin Məsud (XII yüzil; əsərləri məlum deüyil), Əbu Mənsur Musa oğlu (Urmiya ş. yaxınlığında “Üç günbəz” türbəsi, 1185), Əhməd Məhəmməd oğlu (Marağada “Göy günbəz türbəsi, 1196), Məsud Davud oğlu (Bakıda Qız qalası, XII yüzil), cəmaləddin (indiki Naxçıvan MR-nın Xanağa kəndindəki Əlincəçay xanəgahında türbə, XII yüzilin sonu – XIII yüzilin əvvəli), Əhməd Əbubək oğlu (XIII yüzil, Mərənd; əsərləri bəlli deyil), Əbdülməcid Məsud oğlu (Mərdəkanda dairəvi qəsr, 1232), Zeynəddin Əburəşid oğlu Şirvani (Bakı limanında Şirvanşahların “Bayıl qəsri” iqamətgahı, 1235), Bədrəddin Təbrizi (Türkiyənin Konya şəhərində (cəlaləddin Ruminin türbəsi 1273), Məhəmməd ibn Mahmud (Arran; Turkiyənin Amasiya şəhərində) məscid minarəsi, 1236-46), Mahmud ibn Maqsud (Pirsaatçay xanəgahının minarəsi, 1256), Mahmud ibn Məsud (Bakıdakı Şəfiulla məscidi; XIV yüzil), nəqqaş Əbdülmömin Şərəfşah oğlu (Təbriz; Urmiyada məscid mehrabının oyma naxışları, 1277), Mahmud Səd oğlu (Bakı yaxınlığında Nardaran kəndindəki qəsr, Bibiheybət məscidinin minarəsi, 1305-13), Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani (Bərdə türbəsi, 1322), gəctəraş Nizam Bəndgir (Mərənd şəhərindəki Gümə məscidinin gəcdən oyma bəzəkləri, 1329), Hacı Məhəmməd (Təbriz; İsfahanda karvansara, 1331), Şahbənzər (Ağdamın Xaçındərbətli kəndində türbə, 1314), Kəştasif Musa oğlu (Nardaran Xan hamamı, 1388) və b. X-XIV yüzillərdə Azərbaycan memarlığının ən dəyərli örnəklərini yaratmışdır.

XII-XIII yüzillərdə Azərbaycanda bir sıra möhtəşəm körpülər salınmışdır. Bunlardan Araz çayı üzərindəki 15 aşırımlı (XII yüzil) və 11 aşırımlı (XIII yüzil) Xudafərin körpüləri, indiki Qazax rayonundakı 4 aşırımlı Sınıq körpü (Qırmızı körpü, XII yüzil), Gəncəçayın üzərində salınmış 3 körpü (qalıqları; XII-XIII yüzillər), Güney Azərbaycanında Minayə ş. yaxınlığında Qızılüzən çayı üzərindəki körpü (“Qız körpüsü”, XII yüzil) və b. Xüsusilə diqqəti cəlb edir.

Böyük inkişaf yolu keçmiş Şirvan-Abşeron memarlıq abidələri üçün daş konstruksiyalar, tikililərin həcm-məkan həllinin lakonikliyi, daş üzərində oyma bitki ornamentləri səciyyəvidir. Bakıdakı Sınıqqala minarəsi (1078, Məhəmməd Əbubəkr oğlu), Qız qalası (XII yüzil, memar Məsud Davud oğlu), Mərdəkan qalaları (Dairəvi qala, 1232, memar Əbdülməcid Məsud oğlu; Dördkünc qala, XIV yüzil), Nardaran qalası (1301, memar Mahmud Səd oğlu), Ramana qalası (XIV yüzil) və s. bu məktəbin ən yaxşı abidələri sırasına daxildir. XIII yüzildə Bakı limanında tikilmiş və hazırda suyun altında qalmış Şirvanşahların “Bayıl qəsri” adlı iqamətgahı da bu dövrün maraqlı tikililərindəndir. Bürclü divarlarla əhatə olunmuş bu binalar kompleksi (1235, usta Zeynəddin Əburəşimd oğlu Şirvani və ehtimal ki, memar Əbdülməcid Məsud oğlu) üzərindəki daş oymalar, yazı və təsvirlər qurşağı ilə birlikdə nadir memarlıq ansamblıdır. Şirvan-Abşeron memarlıq məktəbinə mənsub olan tikililərdən biri də XIII-XIV yüzillərdə formalaşmış Pirsaatçay xanəgahıdır. Pir Hüseyn türbəsinin ətrafında salınmış bu dini kompleksdəki minarənin üzərində onun tikilmə tarixi (1256) və memarın adı (Mahmud ibn Maqsud) qalmışdır. Mərəzədəki Diribaba türbəsi (1402), indiki Qusar rayonunun Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi (1544) və Bakıda Şirvanşahlar sarayı kompleksində (1420-60) Şirvan-Abşeron memarlıq məktəbinin yetkin dövrü əksini tapmışdır.

XIII yüzilin oratlarında Elxanilər dövlətinin yaranması memarlıq sahəsində müəyyən canlanmaya səbəb oldu. Elxanilər sülaləsinin banisi Hülakü xanın (1256-65) hakimiyyəti illərində Marağa rəsədxanası tikildi. Dövlətin paytaxtının Təbrizə köçürülməsi ilə bağlı Təbriz şəhəri önəmli memarlıq-sənətkarlıq mərkəzinə çevrildi. Təbrizin ətrafında Arquniyyə, Qazaniyyə, Rəşidiyyə kimi şəhərciklər salındı.

XV yüzilin sonu-XVI yüzilin əvvəllərində Səfəvilər dövlətinin yaranması və Təbrizin paytaxt elan edilməsi, eləcə də Şirvanın inzibati mərkəz kimi əhəmiyyətini itirməsi ilə bağlı Azərbaycanın siyasi və iqtisadi həyatı ölkənin güneyində mərkəzləşdi. Bu dövrdə şəhərlərin böyüməsi ilə bağlı bədii ənənələr yeni inkişaf mərhələsinə çatdı. Azərbaycan memarlığında Təbrizin mövqeyi xüsusilə gücləndi.

XV-XVI yüzillərdə Azərbaycan memar və nəqqaşları başqa ölkələrdə də fəaliyyət göstərmiş, müxtəlif şəhərlərdə maraqlı sənətkarlıq örnəkləri yaratmışlar. Bursa, Qahirə, Bağdad, Dəmirqapı (Dərbənd), Herat, Səmərqənd və s. şəhərlərdəki bir sıra memarlıq abidələrində Azərbaycan memarların “imzaları” qalmışdır. Bursa şəhərindəki ünlü Yaşıl türbənin (1420-21) nəfis naxışlarla bəzədilmiş qapılarını azərbaycanlı usta Əhməd Təbrizli hazırlamışdır. Türbənin yaxınlığındakı Yaşıl Camenin (1424) mehrabını Təbriz ustaları özlərinin hazırladıqları müxtəlif boyalı çinilərlə bəzəmişlər. Çaldıran vuruşmalarından (1514) sonra I Sultan Səlim tərəfindən İstanbula aparılmış Azərbaycan memar Əli Təbrizli (Əsir Əli, Əcəm Əli təxəllüsləri il də tanınmışdır) İstanbuldakı Topqapı sarayının baştağını və Sultan Səlim məscidini (1522) tikmişdir.

XVI-XVII yüzillər memarlığı müəyyən dərəcədə keçmiş dövr ənənələrinin davamı olmuşdur. XVI yüzildə müxtəlif şəhərsalma tədbirləri indiki Güney Azərbaycan ərazisində keçirilmişdir. XVII yüzil bir sıra şəhərlərin önəmli dərəcədə inkişafı və həmin şəhərlərdə mərkəzi komplekslərin yaradılması ilə əlamətdardır.

XVII-XVIII yüzillərdə ticarətin inkişafı ilə bağlı, müxtəlif aidiyyətli binaların tikintisi genişləndi. Şamaxı, Gəncə və Bakıda karvansaralar, Ərdəbil (Qeysəriyyə bazarı) və Təbrizdə örtülü bazarlar, eləcə də dini binalar və yaşayış evləri inşa edildi. Karvansaralar Şərqdə, o cümlədən Azərbaycanda özgün ictimai tikili olmuşdur. Həmin çağda Azərbaycan şəhərlərinin strukturunda yaşayış evləri və məscidləridən sonra karvansaralar və onlarla bilavasitə bağlı olan ticarət tikililəri önəmli yer tuturdu.

Feodal Şərqinin başqa ölkələrindəki şəhərlərdə olduğu kimi, Azərbaycan şəhərlərində də hamam binaları geniş yayılmışdı. Hamamlar sanitariya-gigiyena funksiya daşımaqla yanaşı, həm də istirahət, görüş, söhbət və stolüstü oyunlar, habelə mərasimlər yeri idi. Azərbaycan hamalarının ən yaxşı örnəkləri Abşeronun Nardaran kəndində (1388, memar Kəştasif Musa oğlu), Bakının İçərişəhər bölməsində (Qasımbəy hamamı, XIV yüzil, Hacı Qayıb hamamı, (XV yüzil), Basqalda (XVII yüzil), Gəncədə (“Çökək hamam”, XVII yüzil), Şuşada (“Merdinli” məhəlləsinin hamamı), Qubada (“Çuxur hamam”), Şəkidə (“Ağvanlar hamamı” – hər üçü XIX yüzil), Ağdamda (Abdal Gülablı kəndinin hamamı 1900, memar Kərbalayi Səfixan Qarabaği) qalmışdır.

XVIII yüzildə Azərbaycanın ayrı-ayrı xanlıqlara parçalanması, ölkənin iqtisadi cəhətdən dağınıqlığı memarlıq və inşaatın inkişafında durğunluğa səbəb oldu. Ayrı-ayrı hallarda keçmiş ənənələr əsasında tikilmiş binaların memarlıq həllində inşaat sənətinin geriləməsi özünü göstərir. Bununla yanaşı, şəhərsalma sənəti sahəsində müəyyən dönüş yarandı. İri şəhərlər və yaşayış məskənləri xanlıqların inzibati və sənətkarlıq mərkəzinə çevrildi.

XVIII yüzildə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi Əsgəran qalası (sonra İbrahim xan tərəfindən genişləndirilmişdi) bu dövrün ən iri müdafiə tikilisidir. Qarqar çayının sağ və sol sahillərində salınan Əsgəran qalası iki istehkamdan ibarətdir.

XVIII-XIX yüzillər xalq yaşayış evlərinin maraqlı örnəkləri Zaqatala, Şəki, Ordubad, Şuşa, Quba, Qonaqkənd, Gəncə və Abşeronda qalmışdır.

XV-XVIII yüzillərdə Azərbaycan memar, bənna və ustalardan Ustad Hacının oğlu (memar; Mərəzədəki Diribaba türbəsi, 1402), Məhəmməd Məcid Təbrizi (nəqqaş; Bursadakı Yaşıl camenin mehrabı, 1424), Əli ibn Hacı Əhməd (ağac üzərində oyma ustası; Bursadakı camenin qapısı), memar Əli (Məhəmməd Əli; Bakıda Şirvanşahlar sarayı kompleksində 1435 il tarixli türbə), Hacı Əhməd (memar; Dərbənddəki, “Qırxlar darvazası” və “Böyük məscid, XV yüzil), Yusif ibn Ustad Zahir (memar; Qəbələ rayonunun Həzrə kəndindəki Şeyx Bədrəddin türbəsi, 1446), Tacəddin (memar; Quba rayonunun Agbil kəndində türbə; 1446, qalmışdır), Xoca Əli Hasil Təbrizi (memar; Heratdakı Müsəlla ansamblının mədrəsəsi, XV yüzil), Səmsəddin (memar; Məşhəddə Şah məscidi, 1451), Nemətulla Bəvvab ibn Məhəmməd (xəttat və kaşı ustası; Təbrizdəki Göy məscidin kitabələri, 1465), Şəmsəddin Təbrizi (memar; İsfahandakı Ali məscid, 1522), Şəmsəddin Şəmaxi (memar; Qəbələ rayonunun Həzrə kəndindəki Şeyx Mənsur türbəsi, 1570), Əsir Əli (Təbriz; 1515-37 illərdə Türkiyənin İstanbul, Konya, Əskişəhər, Çorlu, Tekirdağ, Qəbzə, Trabzon, Hacılar, Bolqarıstanın Sofiya, Yuqoslaviyanın Sarayevo və b. şəhərlərində çoxlu bina tikilmişdir; əsas işləri – İstanbulda Topqapı sarayının 2-ci baştağı, Sultan Səlim məscidi, 1522; Sofiyada Seyfəddin Qazi məscidi Sarayevoda imarət, kitabxana, məscidlər kompleksi, 1532; Qəbzədə Çoban Mustafa məscidi və s.) Əmirşah Vəlyənkuhi (memar; Bakıda Şirvanşahlar sarayı ansamblının Şərq darvazasının daşdan oyma bəzəkli baştağı, 1584), Şeyx Bəhaəddin (memar və alim; Gəncənin cümə məscidi və ətrafındakı meydanın memarlıq ansamblı, 1606), Nadir Əli ibn Ustad Yarəli (memar; Mərdəkanda türbə, XVII yüzil), Pərviz (memar; Abşeronun Buzovna kəndinin qəbiristanlığında türbə, 1641), İsmayıl Nəqqaş Ərdəbili (xəttat və nəqqaş; Ərdəbildəki Şeyx Səfiəddin kompleksinin Ali qapı baştağının bəzəkləri, 1647), Yusifşah ibn Məlik Səfimai (memar; Şeyx Səfiəddin kompleksinin Ali qapı baştağı, 1647), Baba Şeyxican (memar; Mərəzə kəndində karvansara, 1613), Murad Əli (memar; Nardaranda Hacı Baxşı məscidi, 1663), Əbdüləzim Səhkar (memar; Şamaxı rayonunun Kələxana kəndindəki türbələr kompleksi, XVII yüzil), Baba Əli (memar; Abşeronun Məmmədli kəndində hamam, 1663), Məhərrəm (memar; Abşeronun Binə kəndində məscid, 1697), Bünyad (memar; Abşeronun Maştağa kəndində məscid, 1716), Abbasqulu (memar və nəqqaş; Şəki xanları sarayının böyük salonunun tavanının bəzəkləri; XVIII yüzil) və b. fəaliyyət göstərmişlər.

XIX ƏSRDƏ MEMARLIĞIN İNKİŞAFI

XIX yüzil Azərbaycan memarlığı rus şəhərsalma sənəti əsasında şəhərlərin böyüməsi və inkişafı, Gəncə, Şamaxı, Bakı kimi şəhərlərin baş planlarının işlənib hazırlanması ilə səciyyələnir. Bu prosesə uyğun olaraq, şəhər tipli yaşayış evləri inkişaf edir.

Quzey Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra yeni tipli tikililərin meydana gəlməsi memarlığın inkişafında mühüm əhəmiyyət kəsb elədi. XIX yüzilin ortalarında teatr, məktəb, xəstəxana kimi yeni binalar, yaşayış evləri tikildi. Kapitalist istehsal münasibətlərinin yaranması və yayılması Azərbaycan memarlığının sonrakı inkişafına önəmli təsir göstərdi. Azərbaycan memarlığında müşahidə olunan yeni təzahürlər Bakının tikintisində özünü daha aydın göstərdi. Artıq XIX-XX yüzillərin ayrıcında neft sənayesinin sürətli inkişafı dövründə Bakı-Rusiya imperiyasının iri şəhərlərindən birinə çevrilmişdi.

Bu dövrdə Azərbaycan memarlığı iki yöndə — yaşayış məskənlərinin memarlıq-plan quruluşunda mühüm yer tutan bina kompozisiyası prinsipləri və Avropa memarlığı ənənələri əsasında inkişaf edirdi. Yerli memarlar və xalq ustalarının inşa etdikləri binaların kompozisiya quruluşunun əsasını ənənəvi memarlıq formaları təşkil edirdi. XIX yüzilin 2-ci yarısında Azərbaycan milli memarlığı daha çox dini və mədəni-məişət binaları ilə təmsil olunurdu. Yerli memarlarla yanaşı, Avropa memarlıq məktəbinin (əsasən, Peterburq Mülki Mühəndislər İnstitutunun və İmperator Rəssamlıq Akademiyasının) yetişdirmələri də fəaliyyət göstərirdilər. Avropa memarlığından gələn üslublaşdırma və eklektikaya qarşı dura biləcək milli memarlığın geniş şəkildə dirçəldilməsi üçün bu çağda Azərbaycanda müvafiq şərait yox idi. Mülki tikililərdə Avropa memarlığının möhkəmlənməsi və peşəkar milli memarlıq kadrlarının çatışmaması Azərbaycan memarlığında milli üslubun geniş inkişafına imkan vermirdi. Buna görə də memarlıqda milli formaların hər hansı bir tətbiqi faktı, milli memarlığın inkişafı və təbliği baxımından böyük əhəmiyyətə malik idi. Bu isə yalnız dini və mədəni-məişət binalarının tikintisində özünü göstərirdi.

XIX yüzildə yaşayış binaları istisna olmaqla, ən xarakterik bina tipi məhz ticarət binaları idi. Belə binalardan çox vaxt həm ticarət müəssisələri, həm də sənətkarlıq emalatxanası kimi istifadə edilirdi. Bakı, Gəncə, Şuşa və Qubadakı ticarət dükanları sırası bu tipli tikililərin ən bitkin örnəklərindəndir.

Bu çağda Azərbaycanda xəstəxanalar və demək olar ki, bütün şəhərlərdə kiçik tibb müəssisələri də tikilmişdir. 1860-cı illərdə Salyanda memar Q. Hacıbababəyovun layihəsi ilə tikilmiş xəstəxana XX yüzilin əvvəllərinədək fəaliyyət göstərmişdi.

XIX yüzilin II yarısında tikilməyə başlanmış teatr binaları Azərbaycan memarlığında tamamilə yeni qurğu tipi idi. İlk teatr binası Şamaxıda (1858, memar Q. Hacıbababəyov), sonralar isə Bakıda Tağıyev Teatrı (indiki Azərbaycan Dövlət Musiqili Komediya Teatrı; 1883, P.İ. Konqnovitski; 1980-cı illərin sonunda sökülmüşdür) və Mayılov Teatrı (indiki Azərbaycan Dövlət Opera və Balet Tetarı; 1911, memar N.G. Bayev; 1985 ildə teatrın binası yanmış, 1986-87 illərdə həmin layihə üzrə yenidən bərpa edilmişdir).

XIX yüzilin I yarısında irihəcmli və monumental dini binalar tikilmişdi.

Bu dövrdə Azərbaycanda keçmiş ənənələri müəyyən dərəcədə davam etdirən məhəlli xarakterli memarlıq məktəbləri yarandı. Məscid binalarının xarici simasının səciyyəvi xüsusiyyətləri Azərbaycan ərazisində Bakı-Abşeron, Quba-Qusar, Gəncə-Qarabağ, Şəki-Zaqatala, Lənkəran və Naxçıvan kimi yerli memarlıq məktəblərini müəyyənləşdirməyə imkan verir.

Bakıdakı Bəy məscidi (İçərişəhərdə; 1895, memarlar Məhəmməd Haşim əl-Bakuvi və Mirəli ən-Naqi bin Seyyid Hüseyn), Qasım bəy məscidi (1896, memar Məşədi Mirzə Qafar İsmayılov), Təzəpir məscidi (1905-14), “İttifaq”, yaxud Göy məscid (1912-13), Əmircanda M. Muxtarovun məscidi (1909; hər üç məscidin memarı Z. Əhmədbəyovdur) kapitalizm dövrü üçün ən xarakterik tikililərdir.

Milli memarlıq abidələri ilə zəngin olan və sabit memarlıq ənənələrinə malik Qarabağ zonasında Avropa memarlığı dərin kök sala bilməmiş, yerli üslublar arasında itib-batmışdı. XIX yüzilin ortalarında Qarabağda özünəməxsus memarlıq məktəbi yaranmış və onun ən görkəmli nümayəndəsi Kərbəlayı Səfixan Qarabaği olmuşdur. Memarlıq üsullarında yerli ənənə və prinsiplərə axıradək sadiq qalan Kərbəlayi Səfixan Bərdədə İmamzadə kompleksini yenidən qurmuş (1868), Ağdamda məscid (1868-70), Şuşada Aşağı məscid (1874-75), Yuxarı məscid, yaxud Cümə məscidi (1883) və məhəllə məscidləri, indiki Füzuli şəhərində Hacı Ələkbər məscidi (1890), həmin rayonun Horadiz (1891-1908) və Qoçəhmədli (1906) kənd məscidləri Oddesada Tatar məscidi (1870 illər), Aşqabadda “Qarabağlılar” məscidi (1880 illər) və s. binalar tikilmişdir.

Fabrik, zavod, anbar binaları, liman, körpü, vağzal və s. tikintisi Azərbaycan üçün yeni olan sənaye-nəqliyyat qurğuları memarlığının yaranmasına səbəb oldu. Kapitalizmin inkişafı dövründə Azərbaycanda müxtəlif xarakterli iki sənaye zonası müəyyənləşdi. Bir tərəfdən Abşeronun sənaye qovşağı olan və neft profilli iri zavodlarla təmsil edilən Bakı və onun ətraf rayonlarının sənaye tikintisi, digər tərfədən isə Azərbaycanın ərazisində baramaaçan və ipəkçilik karxanalarının, pambıqtəmizləmə fabriklərinin, şərabçılıq zavodlarının, Gədəbəy və Qalakənd misəritmə zavodlarının, Daşkəsən mis və kobalt zavodlarının inşası sənaye memarlığının inkişafına geniş təkan verdi. Bir-biri ilə sıx bağlı olan bu sənaye zonaları arasındakı qarşılıqlı əlaqə Güney Qafqaz dəmir yolunun Bakı qolunun çəkilməsindən (1883) sonra daha da genişləndi. Azərbaycanda sənayenin müxtəlif sahələrinin inkişafı ilə bağlı sənaye memarlığı formalaşmağa başladı.

XX ƏSRDƏ AZƏRBAYCAN MEMARLIĞININ İNKİŞAFI

XIX yüzil-XX yüzilin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş memar, bənna, usta, nəqqaş və memarlıq bəzəyi ustalarından Ustad Tağı (Şamaxı, memar; Şamaxı qəbiristanlığındakı “Yeddi günbəz” türbələr kompleksi, 1816-17), Hacı Məhərrəm (memar; Bakıdakı cümə məscidinin hasarları, 1822), Mirzə Qədim İrəvani (rəssam-nəqqaş; İrəvanda Sərdar Sarayının divar rəsmləri, 1850-ci illər), Süleyman (xəttat; Abşeronun Əmircan kəndindəki məscidin kitabəsi, XIX yüzil), Mirzə Mehdi (Gəncə, xəttat; indiki Goranboy rayonu Rəhimli kəndindəki qəbiristanlıqdakı türbənin daş kitabəsi, XIX yüzil, Zeynal və Rəcəb (memar; Abşeronun Bilgəh kəndində məscid, 1839), Zeynalabdin (Bakı, memar; Abşeronun Binə kəndində məscid, 1844), Mirzə Cəfər (Şamaxı, nəqqaş), Usta Qənbər Qarabaği (Şuşa, nəqqaş), Səfər (usta Qənbər Qarabağinin qardaşı; nəqqaş), Usta Qurbanəli (Şamaxı; nəqqaş), Şükür Qənbər oğlu (nəqqaş) – hamısı Şəki xanları sarayının dekortaiv tərtibatı və bərpasında iştirak etmişlər, XIX yüzil), Cahangirbəy Əliyev (memar; Ağdaşın baş planı, 1910), Zirvərbəy Əhmədbəyovu (mühəndis-memar; Bakıda Təbriz məscidi və s.) misal göstərmək olar.

Sovet dövrü Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin (Binəqədi, indiki Rəsulzadə, Bakıxanov, Montin, Məmmədyarov) salınması ilə bağlıdır. Abşeronda fəhlə qəsəbələrinin tikilməsi həmin dövrdə gənc sovet memarlığının ilk nümunələri idi.

Keçmiş SSRİ-də ilk baş planlardan olan “Böyük Bakı”nın baş planı yeni tikiləcək rayonları da əhatə edirdi. Mənzil probleminin həlli ilə bağlı tədbirlərlə yanaşı, Abşeron yarmadasında nəqliyyat rabitəsi də təkmilləşdirildi. 1926-cı ildə Bakının neft rayonlarını şəhərlərlə bağlayan elektrik dəmir yolu çəkildi. Keçmiş SSRİ-də ilk elektrik dəmir yolu olan bu xətt yol boyu inşa ediləcək tikililər kompleksinin memarlıq həlli ilə bağlı idi. Həmin dövrdə tikilmiş Sabunçu vağzalının binası (memar N.G. Bayev) bu binaların ən maraqlı nümunələrindəndir. İlk yaşayış massivlərindən olan Məmmədyarov qəsəbəsinin salınması ümumittifaq əhəmiyyətli tədbirlərdən biri idi.

1929-cu ildə Azərbaycan Politexnik İnstitutu inşaat fakültəsinin ilk buraxılışı oldu. Fəal yaradıcılıq fəaliyyətinə başlayan gənc memarlardan S.Dadaşov və M.Useynov qısa müddət ərzində bir çox binaların layihəsini hazırladılar və onların tikilməsinə nail oldular. Bunlardan Bayıldakı fabrik-mətbəx (indiki doğum evi), Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) yeni tədris korpusu (hər ikisi 1932), İncəsənət İşçiləri Evi, bir sıra yaşayış binaları kompleksi, Qazaxdakı Pedoqoji Texnikumunun binası (hamısı 1933) diqqəti cəlb edir.

20-ci illərin başlanğıcından Bakıda yaşıllaşdırma və bağ-park memarlığı sahəsində mühüm işlər görülməyə başlandı.

1958-ci ildə M.Ə.Sabirin heykəli indiki abidə ilə əvəz edildi (heykəltaraş C. Qaryağdı, memarlar Q. Əlizadə, Ə. İsmayılov) yaradıldı. 30-cu illərin əvvəllərində yeni Dənizkənarı Bulvarın salınması (əski bulvarın təbii davamı) Bakının mərkəzi hissəsinin ümumi memarlıq-plan quruluşunun yaxşılaşdırılmasına əhəmiyyətli təsir göstərdi.

Bu dövrdə Bakının memarlıq inkişafı 1924-1927-ci illərin baş planında nəzərdə tutulmuş bir sıra iri ictimai binaların tikintisinin başa çatdırılması və yaşıllaşdırılma işlərinin genişləndirilməsi ilə səciyyələnir. Baş planın həyata keçirilməsi sahəsində mühüm tədbirlərdən biri də indiki 28 May küçəsi ilə Bülbül prospektinin (keçmiş) birləşdiyi ərazinin yenidən qurulması idi. S.Dadaşov və M.Useynovun layihələri ilə burada tikilmiş “Nizami” Kinoteatrı və Azərbaycan Respublikası Yeyinti Sənayesi Nazirliyinin keçmiş binası (hər ikisi 1937-1939) həcm-məkan quruluşuna və monumental tikilililərin memarlıq həllinə görə diqqəti cəlb edir. S. Dadaşov və M.Useynov burada antik yunan və İntibah memarlığı üçün xarakterik olan üsul və foramlardan yaradıcı şəkildə istifadə etmişlər.

1933-1936-cı illərdə Bakıda və respublikanın başqa şəhərlərində geniş miqyasda məktəb tikintisi işləri aparılmışdır. Bunlardan S. Dadaşov və M. Useynov tip layihələri ilə Bakıda və respublikanın başqa şəhərlərində tikilən dördmərtəbəli binaları memarlıq həllinin ifadəliliyinə görə fərqlənir. Bu layihələr üçün milli memarlıq ənənələri ilə yanaşı, klassik formaların tətbiqi xarakterikdir.

Bu dövrdə Azərbaycan memarlarının yaradıcılıq axtarışları yeni memarlığın milli ənənələrlə uyğunlaşdırılması meylləri ilə səciyyələnir. Bu istiqamətin inkişafında S.Dadaşov və M.Useynovun birgə fəaliyyəti aparıcı yer tuturdu.

Gəncənin yenidən qurulması və sonrakı inkişafının 1939-cu ildə təsdiq olunmuş layihəsi (S.Qocamanlı, A.P.Slobodyanik) sovet dövründə Bakıdan sonra respublika şəhərlərinin ən iri baş planlarındandır. Sovet hakimiyyəti qurulduqdan sonra Gəncədə yeni sənaye müəssisələri, məktəblər, institut (Hacı Zərdabi ad. Pedoqoji İnstitutunun binası, 1940, S.Dadaşov, M.Useynov), kinoteatrlar, klub və mehmanxanalar tikildi, Gəncə çayının üzərindən körpülər salındı. Nizami Gəncəvinin 800 illik yubleyi ilə bağlı şairin abidəsinin layihəsi (heykəltaraş F.Əbdürrəhmanov, memarlar S.Dadaşov, M.Useynov) hazırlandı və İkinci Dünya müharibəsindən sonra ucaldıldı (1946; SSRİ Dövlət mükafatı, 1947). Nizami Gəncəvinin anadan olmasının 850 illik yubileyi ilə əlaqədar 80-ci illərin sonu–90-cı illərin əvvəllərində ənənəvi Azərbaycan türbələri tipində layihələşdirilmiş Nizami türbəsində əsaslı surətdə yenidənqurma işləri aparıldı, şairin türbəsinin quruluşu xeyli dəyişdirildi (memar F. İmamquliyev).

30-cu illərin sonunda, həmçinin Yevlax, Xankəndi və Şəki şəhərlərinin baş planlarının işlənib hazırlanmasına başlanıldı. Bu dövrdə memarlığın səciyyəvi xüsusiyyəti respublikada çoxlu məktəb binalarının tikilməsi idi.

1944-cü ildə Azərbaycan SSR XKS yanında Memarlıq İşləri İdarəsinin (ilk rəisi akad. S.Dadaşov) yaradılmasında memarlıq fəaliyyətinə böyük təkan verdi. Azərbaycan xalq təsərrüfatının sonrakı inkişafı üçün yeni sənaye mərkəzlərinin yaradılması zərurəti meydana gəldi. 40-cı illərin ortalarından Sumqayıt və Daşkəsən şəhərləri, sonralar isə Mingəçevir şəhərinin salınmasına başlanıldı.

Dünyada ilk dəfə açıq dənizdə, polad dirəklər üzərində salınmış şəhərcik olan Neft Daşlarının layihələndirilməsi və tikintisi müharibədən sonrakı dövr memarlığın da özəl yer tutur. Neft Daşları 1949-cu ildə Xəzərdə zəngin neft yatağının tapılması ilə bağlı yaranmışdır. Bu qeyri-adi şəhərciyin bədii-memarlıq simasını “adi” yaşayış evləri, mədəni-məişət müəssisəsi korpusları, orijinal küçə-estakada sistemi və s. müəyyənləşdirir.

Bakının mərkəzi hissəsinin yenidən qurulması 1950-ci illərdə Azərbaycan memarlarının mühüm yaradıcılıq fəaliyyəti kimi davam edirdi. Şəhərin mərkəzində xeyli ərazidə yenidənqurma işləri aparıldı və yeni binalar tikildi. 50-60-cı illərdə tikilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və keçmiş V.İ. Lenin Mərkəzi Muzeyi Bakı Filialının binaları (1954; 1955; H. Məcidov), M.F.Axundov adına Respublika Kitabxanası (1960, M.Useynov), Azərbaycan Dövlət Dram Teatrının binası (1960, Q. Əlizadə; M. Məmmədovun iştirakı ilə), Mərkəzi Univermaq (1961, N. Kənkərli) və s. binalar Bakının memarlıq simasını zənginləşdirdi.

Bakıda ilk çoxmərtəbəli yaşayış evləri şəhərin Dağlıq hissəsində — keçmiş Sovet küçəsində (indiki N. Nərimanov pros.) tikilmişdir. İndiki H.Cavid prospekti sahəsində Dağlıq yaylanın tikintisi 50-ci illərin memarlıq təcrübəsində iri tədbirlərdən biri oldu. Burada salınmış Azərbaycan Respublikası EA şəhərciyi kompleksi (1951-66, M. Useynov), H.Cavid prospektindəki yaşayış evləri, əvvəllər tikilmiş Azərbaycan Politexnik İnstitutunun (indi Texniki Universitet) binasının (1931-33, S.Dadaşov, M.Useynov) yenidən qurulması və s. tikililər Bakıda yeni bir abad rayonların meydana gəlməsinə zəmin yaratdı.

İctimai və mədəni-məişət təyinatlı binalar respublikanın başqa şəhərlərində də tikilirdi. Sumqayıt, Daşkəsən, Mingəçevir kimi yeni şəhərlərdə mədəniyyət evləri, Bakıda və rayon mərkəzlərində kinoteatrlar, ticarət müəssisələri, uşaq bağçaları və məktəb binalarının tikintisi kütləvi şəkil aldı. Naxçıvanda Musiqili Dram Teatrının (1961, Ə.İsmayılov, H.Məcidov) tikintisi ilə şəhərin baş planında nəzərdə tutulan mərkəzin əsası qoyuldu. Gəncənin mərkəzi hissəsində tikilmiş uzunsov quruluşu və kadrlar planı monumentl İnzibati bina (1960, Ə.İsmayılov, F. R.Leontyeva) şəhərin memarlığında üstün yerə çıxdı.

50-ci illərdə binaların layihələndirilməsi və tikintisində israfçılığın aradan qaldırılması, tikintində sənaye bazasının genişləndirilməsi ilə bağlı tədbirlər Azərbaycan sovet memarlığında yeni mərhələnin başlanğıcını qoydu. Həmin tədbirlər boş sahələrdə kütləvi mənzil tikintisini nəzərdə tuturdu. Bu isə layihə üsullarının kökündən dəyişdirilməsini tələb edirdi. Fərdi layihələrin yerini ayrı-ayrı hissələri yeni yaradılmış evtikmə kombinatlarında hazırlanan sənaye əsaslı eyni tipli evlərin tikintisi tutdu. Məhz bu üsulun sayəsində qısa müddət ərzində iri yaşayış massivləri salındı.

1960-cı illərdə Azərbaycan şəhərsalma və memarlığın inkişafında keyfiyyətcə yeni dövr başlayır. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri məhz bu illərdə paytaxt tipli böyük şəhərə çevrilmişdir.

Bakının ən görkəmli yerlərində gözəl memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən müasir binalar ucadılmışdır. Bunların tam əksəriyyəti o zaman Azərbaycanın rəhbərliyinə gəlmiş Heydər Əlirza oğlu Əliyevin şəxsi təşəbbüsü ilə və fəal nəzarəti altında layihələndirilib tikilmişdir.

Təkcə onu qeyd edək ki, nəzərdən keçirdiyimiz dövrdə Bakının təsdiq edilmiş baş planının hazırlanmasında Heydər Əliyevin xidməti əvəzsizdir. O, həqiqətən, paytaxtımızın çağdaş şəhərsalma tələblərinə cavab vermək baxımından gələcək taleyini böyük üzaqgörənliklə həll etmişdir. Bakıda və onun yaxınlığında tikilmiş bir sıra sənaye müəssisələri, bu dövrdə yaradılmış infrastruktur və nəqliyyat sistemi Azərbaycanın bu günkü müstəqilliyi və iqtisadi yüksəlişi üçün əsaslı zəmin yaratmışdır.

60-cı illərin sonu–80-ci illərdə Bakıda bir sıra iri ictimai bina və qurğular tikilmişdir. Bunlardan Dövlət Sirki (Ə.İsmayılov, F.Leontyeva), Respublika Sarayı (V.S. Şulgin, B.İ.Ginzburq, E.R.Melxisedekov, mühəndis K.Kərimov), “Bakı” (H.Məcidov), “Qarabağ” (E.R.Mixisedekov), “Azərbaycan”, “Moskva”, “Abşeron” mehmanxanaları, Baş poçtamtın yeni binası (son 4 binanın layihəsi M.Hüseynovdur; N.Axundova və A.N.Oltetsianın iştirakı ilə), Respublika Statistika İdarəsinin binası (T.Xanlarov və b.), Bakı Dəmir Yolu Vağzalı (Ş.Zeynalova, Y.N.Kozlov, X.Rəhimova), Nərimanov rayon İcra Hakimiyyətinin binası (T.Xanlarov), Dövlət siyasi partiyalar və ictimai hərəkatlar arxivinin binası (Ş.Zeynalova, Y.Qədimov), “Nigah sarayı” (İ.Əliyev) “Gülüstan” şadlıq sarayı kompleksi (H.Əmirxanov, N.Hacıbəyov, T.Şarinski, F.Rüstəmbəyova, N.İsmayılov, K.Kərimov; Azərbaycan SSR Dövlət mükafatı, 1982), “Şərq bazarı” ticarət mərkəzinin 1-ci növbəsi (U.V.Revazov, P.İ.Yarinovski), Yüngül atletika maneji (Z.Quliyeva), Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin binası (T.Xanlarov, H.Muxtarov), Azərbaycan Respublikası Prezident Aparatının binası (T. Abdullayev) və s. binalar şəhərin memarlıq görkəmini daha da gözəlləşdirmişdir. Bakıda iri ictimai tikililərdən İdman Sarayı (T.Abdullayev, O.İsayev, Y.Qədimov, T.Xanlarov), “Şərq bazarı” kompleksinin 2-ci növbəsi (U. Revazov, P. Yarinovski), 18 mərtəbəli Hesablama Mərkəzi (T. Xanlarov, H. Muxtarov) və s. tutum-məkanquruluşu və şəhərsalma həlli baxımından diqqəti cəlb edir.

Bu dövrdə yaradılmış Bakının gözəl güşələrinin birində yerləşən xarici ölkələrin dövlət başçıları üçün tikilmiş iqamətgahın müəllifi memar Rasim Əliyev xatırlayır ki, burada aparılan işlər zamanı Heydər Əliyev tikintiyə azı həftədə iki dəfə gəlib, tikintinin problem və çətinlikləri ilə şəxsən tanış olurdu. Hələ işin layihə mərhələsində o, binanın memarlıq planında otaqların beynəlxalq diplomatik fəaliyyətin tələblərinə uyğun olaraq yerləşdirilməsi məqsədilə memarlara əsaslı göstərişlər verirdi. Bina üçün zəruri olan müxtəlif tikinti materialarının Bakıya xarici ölkələrdən yollanması yalnız Heydər Əliyevin qayğıları və təşkilatçılıq qabiliyyəti sayəsində mümkün olmuşdur. Binanın ətrafında salınmış park zonası üçün Heydər Əliyev hətta ağac növlərini özü seçmişdir. Bir sözlə iqamətgahın yaradılmasında Heydər Əliyevin memarlıq istedadı və Beynəlxalq siyasi təcrübəsi üzvi sintez halında təzahür etmişdir.

Bakının sürətlə genişlənməsi nəticəsində şəhərin ayrı-ayrı rayonları arasında nəqliyyat əlaqəsi çətinləşdiyindən metropoliten tikintisi zərurətə çevrildi. Maraqlıdır ki, hələ Bakının baş planının 1932-ci il variantında metro tikntisi nəzərdə tutulurdu. 1967-ci il noyabrın 6-da Bakı metropoliteninin 1 növbəsinin 1-ci sahəsi (5 st.) açıldı. Həmin dövrdə Bakı keçmiş SSRİ-də metro nəqliyyatına malik olan 5-ci şəhər idi.

1976-cı il dekabrın 31-də “Nizami” stansiyasının açılması ilə Bakı metropoliteninin 1-ci növbəsinin (12 st.) çəkilişi başa çatdı. 1985-ci ildə metropolitenin 4 stansiyasından ibarət 2-ci növbəsi, 1989-cu ildə isə 2 stansiyadan ibarət 3-cü növbəsi işə düşdü.

Bakı metropoliteni yüksək memarlıq-bədii səviyyəsilə, inşaat keyfiyyətilə, memarlıq və təsviri sənət sintezindən uğurlu istifadə edilməsi ilə maraq doğurur.

1976-cı ildə 850 illik yubileyi təntənə ilə keçirilmiş Əcəmi Naxçıvaninin yaratdığı nadir sənət inciləri — Yusif ibn Küseyr və Mömünə xatın türbələri demək olar ki, dağılmaqdan xilas edilərək bərpa olunmuşdur. Respublikanın başqa yerlərindəki abidələrdə də yenidənqurma işləri aparılmış, Bərdə türbəsi, Mərəzədəki Diribaba türbəsi, Həzrə və Kələxana türbələri ilkin görkəminə qaytarılmışdır. Şuşa, Şəki, Şamaxı, Ordubad, Bakı və s. şəhərlərin memarlıq abidələrinin bərpası üzrə intensiv və planlı iş aparılır. Bu baxımdan, Bakıdakı orta əsr Azərbaycan daş memarlığının incisi sayılan Şirvanşahlar sarayı ansamblının bərpası xüsusilə gözədəyəndir. Son illərdə Gəncədəki qədim ictimai və dini tikililərin bərpası və onlardan səmərəli istifadə edilməsi memarlıq tədqiqatçılarının gərgin əməyi və səyinin nəticəsidir. Şəhərdəki Bala Bəhmənli, Qızılıhacılı, Ozan, Zərrabı məscidləri, karvansara və s. abidələr əsaslı surətdə bərpa edilmişdir.

AZƏRBAYCANIN MÜASİR MEMARLIQ ABİDƏLƏRİ

Qədim Bakımız hər zaman tarixi və bir-birindən maraqlı, diqqətçəkən tikililəri ilə göz oxşayıb. Bu siyahıya zamanla yeni-yeni möhtəşəm və bənzərsiz abidələr də əlavə olunur. Hazırda Bakı nəinki respublikamızın, eləcə də dünyanın ən gözəl və müasir şəhərlərindən biridir.

“Bakı Ağ Şəhər”

Müstəqillik qazanandan sonra da Bakının ən görkəmli yerlərində gözəl memarlıq kompleksləri yaradılıb, şəhərin simasını müəyyən edən müasir binalar, göydələnlər tikilib. “Bakı Ağ Şəhər” layihəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilib. Layihə beynəlxalq arenada professionallar arasında ən genişmiqyaslı şəhərsalma layihəsi kimi təqdim olunub.

“Bakı Ağ Şəhər” “Cityscape Global” sərgisində “Ən yaxşı şəhərsalma layihəsi” nominasiyası üzrə mükafata layiq görülüb. Layihə, həmçinin “MIPIM Asia Awards 2011” müsabiqəsində də “Mərkəzi və qərbi Asiyanın ən yaxşı gələcək layihəsi” nominasiyasında mükafat alıb.

Ümumilikdə təkcə layihə deyil, eyni zamanda ayrı-ayrı binalar da Avropa və Asiyada keçirilən beynəlxalq sərgilərdə mükafatlara layiq görülüblər.

“Bakı Ağ Şəhər”in ofis binası layihə mərhələsində olarkən, beynəlxalq səviyyədə memarlar arasında geniş şöhrət qazanıb və bir neçə dəfə “Gələcəyin ən yaxşı layihəsi” nominasiyasına irəli sürülüb. İnşaat mərhələsində isə bu bina Kuala Lumpurda keçirilən nüfuzlu “Asia Pacific Property Awards 2013” sərgisində iki nominasiya üzrə — “Ən yaxşı memarlıq” və “Ən yaxşı ofis binası”  üzrə mükafat qazanıb.

“Bakı Ağ Şəhər”in ofis binası təkcə bütün layihənin simvolu deyil, eyni zamanda şəhərin müasir memarlığına öz töhfələrini verə biləcək bir memarlıq nümunəsidir. Cəlbedici, müasir, gözəlliyinə və icra texnikasına görə seçilən binalar Bakının çoxəsrlik tarixi olan mövcud memarlığına harmonik şəkildə qarışır və paytaxtı daha da gözəlləşdirir.

Dövlət Bayrağı Meydanı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli, 2504 saylı Sərəncamına əsasən, Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılmışdır.

2007-ci il 30 dekabr tarixində Prezident İlham Əliyevin iştirakı ilə Meydanın təməli qoyulmuş və 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı və bayrağın qaldırılması mərasimi olmuşdur.

Dənizkənarı 60 hektar ərazidə yerləşən Dövlət Bayrağı Meydanı Kompleksində parklar, gəzinti, istirahət və kütləvi idman-əyləncə tədbirlərinin keçirilməsi üçün sahələr mövcuddur.

Bayraq dirəyinin hündürlüyü 162 metr, bayrağın eni 35 metr, uzunluğu 70 metrdir və 2450 kvadratmetr sahəni əhatə edir.

Bu monumental kompleksin əhəmiyyətini artıran mühüm amil onun özündə dövlət rəmzlərini birləşdirən məkana çevrilməsidir. Hündürlüyü 5 metr olan pyedestal səkkizguşəli ulduzu simvolizə edir və ətrafında Azərbaycan Respublikasının xəritəsi, Azərbaycan Respublikasının dövlətçilik rəmzləri — himnin sözləri və gerb yerləşdirilmişdir.

Kompleksə Azərbaycanın qədim və müasir dövlətçilik tarixini əhatə edən, dəyərli eksponatların toplandığı Dövlət Bayrağı Muzeyi də daxildir.

Dövlət Bayrağı Meydanı Kompleksinin Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını və mürəkkəb mühəndis-texniki qurğuların istismar fəaliyyətini nəzərə alaraq 2010-cu il noyabrın  24-də Azərbaycan Respublikası Prezidentinin 355 saylı Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi yaradılmışdır.

Prezident İlham Əliyevin təşəbbüs və ideyası ilə yaradılmış, yüksək səviyyəli xarici qonaqların ziyarət etdiyi bu Meydan dövlət atributlarına olan ehtiramın nümunəsidir və xalqın dövlətə olan münasibətini nümayiş etdirir. Paytaxt Bakı şəhərinin əsas simvollarından biri olan Dövlət Bayrağı Meydanı Azərbaycan Respublikasının gücünü və qüdrətini təcəssüm etdirir və gələcək nəsillər üçün tarixi əhəmiyyətə malikdir.

Bakı Alov Qüllələri

Əcnəbilərə Bakını tanıtmaq üçün ən yaxşı simvol Alov Qüllələridir (Flamer Towers).

“Alov qüllələri” kompleksi Bakı şəhərindəki ən hündür binadır. Hündürlüyü 190 m-dir. Bura üç çoxmərtəbəli binadan ibarətdir. Alov Qüllələrinə yataqxanalar, mənzillər və ofislər daxildir. Tikilinin ümumi sahəsi 235 min kvadrat metrdir. Binanın tikilişi 2007-ci ilin oktyabr ayında başlayıb və 2013-cü ildə tamamlanıb. Birinci qüllənin uzunluğu 182 m, ikinci qüllənin uzunluğu 165 m, üçüncü qüllənin uzunluğu isə 161 m-dir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır.

Alov qüllələri 2013-cü ildə Avropanın daşınmaz əmlak bazarında ən iri innovasiya layihəsi olan MIPIM 2013 müsabiqəsinin “Ən yaxşı otel və turizm mərkəzi” nominasiyasının qalibi elan edilib.

Skyscrapercity.com (urbanistika haqqında nüfuzlu forum) saytının keçirdiyi sorğuya görə “Alov Qüllələri” işıqlandırılma üzrə birinci yeri tutur. Üstündə animasiyon mənzərə vermək üçün binalar bütövlüklə ekranlarla örtürülüb.

Beynəlxalq Muğam Mərkəzi

Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə yaradılan, Dənizkənarı Milli parkda yerləşən, Avropa standartları ilə inşa edilən Beynəlxalq Muğam Mərkəzi paytaxtımızın gözəlliyini daha da artırır.

Mərkəz milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilən layihələr arasında YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri Siyahısına daxil edilib.

2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustaları ilə birlikdə dəyirmi masa keçirilib və Bakıda Bəynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınıb. Elə həmin il, aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.

Muğam ustaları ilə mütəmadi görüşlərin, məsləhətləşmələrin nəticəsi olaraq Beynəlxalq Muğam Mərkəzinin layihəsi tərtib edilib. 2005-ci il avqustun 24-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə Dənizkənarı Milli Parkda Mərkəzin təməlqoyma mərasimi keçirilib. 2008-ci il dekabrın 27-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Beynəlxalq Muğam Mərkəzinin açılışını edib.

Üçmərtəbəli bina formasına görə Azərbaycanın qədim musiqi alətləri olan tarı xatırladır. Mərkəzdə 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası da fəaliyyət göstərir.

Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi Prezident İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli, 1886 nömrəli Sərəncamı əsasında yaradılıb. Mərkəz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir. Azərbaycan Prezidentinin 8 oktyabr 2012-ci il tarixli Fərmanı ilə Heydər Əliyev Mərkəzinin Əsasnaməsi təsdiq edilib. Əsasnaməyə əsasən Mərkəz aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

– Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsini və Heydər Əliyev irsini tədqiq və geniş təbliğ etmək, bu istiqamətdə tədbirlər həyata keçirmək;

– Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya, iqtisadiyyat və digər sahələrdə qorunması və inkişaf etdirilməsini təmin etmək üçün tədbirlər görmək və təkliflər hazırlamaq;

– Azərbaycan tarixi, mədəniyyəti, Azərbaycan dilinin və digər milli mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği;

– elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi və onların inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi;

– Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq konfrans, simpozium, muzey, sərgi, ekspozisiya və digər tədbirlər təşkil etmək;

– Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı digər qurumlarla əməkdaşlığın qurulması və inkişaf etdirilməsi.

Mərkəzin təməli 2007-ci il sentyabrın 10-da qoyulub, rəsmi açılışı 2012-ci il mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə olub. Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur. Kompleks müasirliyi və yeniliyi özündə təcəssüm etdirən unikal arxitektur quruluşa malikdir.

Milli Gimnastika Arenası

9000 nəfər üçün nəzərdə tutulan Milli Gimnastika Arenası Heydər Əliyev magistralında və Koroğlu metrostansiyası yaxınlığında yerləşir. Milli Gimnastika Arenası Bədii və idman gimnastikasi üzrə keçirilən yarışlar üçün nəzərdə tutulub.

Arenanın dizaynı çox funksiyallığını nümayiş etdirməyə və ev sahibliyi etməyə imkan verir. Yarışların həcmi və xarakterindən asılı olaraq tamaşaçı yerlərinin sayı 5000-dən 9000-ə qədər artırıla bilər. Açıq və qapalı yerlərdə istifadə olunan oturacaqlar xüsusi dizaynla hazırlanıb.

Xüsusi texnologiya əsasında hazırlanan Arena genişlənə bilər və Ritmik Gimnastika kimi geniş həcmli yarışlara ev sahibliyi edə bilər. Arenada gimnastların beynəlxalq yarışlara hazırlıq prosesi aparılır.

Burada məşqlər üçün nəzərdə tutulan zallar, yeməkxanalar, gimnaziya və auditoriyalar, atletlər üçün xidmət göstərən kafe mövcuddur. Arenada istirahət otaqları, yeməkxana ilə yanaşı əsas yarışların keçirilməsi üçün nəzərdə tutulan 2 mərtəbə və hər qanadda sponsorlar üçün xidmət göstərən VIP kafeteriyalar var. Burada həmçinin müsahibə otaqları, media kontrolu, sponsor və media üçün otaqlar var.

Milli Olimpiya Stadionu

Bakı Olimpiya Stadionunun təməl qoyma mərasimi 6 iyun 2011-ci ildə, Azərbaycan futbolunun 100 illik yubileyinə təsadüf edib. Mərasimdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva, FİFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini, dünya futbol ictimaiyyətinin görkəmli simaları, futbol veteranları və bir sıra qonaqlar iştirak edib.

Mərasimdə çıxış edən FİFA prezidenti deyib: “Bura həqiqətən də çox gözəldir, görkəmli binadır, 68000-dən çox futbol azərkeşi bura gələrək oyunlardan həzz alacaq”. Sonra isə cənab prezident İlham Əliyev simvolik metal gilizi stadionun bünövrəsinə buraxıb.

Milli Olimpiya Stadionunun 650.000 kv.m-lik ərazinin 225.000 kv m-lik hissəsinin tikinti işləri 2015-ci ilin fevralında tamamlanıb. 6 mərtəbəli və 65.7 metr hündürlüyündə olan stadion Bakı şəhəri ərazisində Böyükşor Gölünün yanında salınıb və 6 mart 2015-ci ildə istifadəyə hazır vəziyyətə gətirilib. Stadionun əsas icarəçisi Azərbaycan Milli Futbol komandasıdır.

Stadion 2015-ci ilin iyununda baş tutan Bakı-2015 I Avropa Oyunlarının əsas idman məkanı kimi istifadə edilib, eyni tədbirin açılış, bağlanış mərasimlərinə və atletika idman növünə ev sahibliyi edib. Əlavə olaraq, stadionda AVRO-2020 Avropa Çempionatının 3 qrup mərhələsi və 1/4 final mərhələsi keçiriləcək. Stadion daxilində və xaricində çox avtomobillik dayanacaq sahəsi, gəzinti və yüksək infrastrukturla təchiz edilib.

Stadionunun VVİP, VİP və CİP suitləri ümumi 127 otaq və 720 tamaşaçı tutumuna, xüsusi hazırlanan 25.200 kv.m. interyer və ümumi 3078 avtomobillik əraziyə malikdir. 1800 tamaşaçı tutumlu isinmə meydançası, MES binası, Məlumat Mərkəzi və 2 xarici bina, dizayn və mühəndislik xidmətləri və tikintiyə nəzarət və planlama xidmətləri TEKFEN tərəfindən uğurla həyata keçirilib.

Xalça muzeyi

Azərbaycan Xalça Muzeyi 1967-ci ildə yaradılmaqla, dünyada xalçaların toplanması, qorunması və öyrənilməsi sahəsində ilk ixtisaslaşmış muzey olub. Onun ilk ekspozisiyası 1972-ci ildə, qədimi Bakının ərazisində — İçərişəhərdə yerləşən Cümə məscidində açılıb.

Bu muzey xalçanı Azərbaycanın digər ənənəvi sənət növləri ilə qarşılıqlı əlaqədə nümayiş etdirən bir milli mədəniyyət xəzinəsidir. Onun kolleksiyasına 14 000-ə yaxın xalça, tikmə, geyim, mis qablar, zərgərlik əşyaları, şüşə, taxta və keçə məmulatları daxildir.

2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Xalça Muzeyinin müasir binasının tikintisinə başlanıb və 2014-cü ildə onun ilk ekspozisiyası açılıb.

Ekspozisiya üç mərtəbədə yerləşir:

1-ci mərtəbə: Azərbaycan xalçanın inkişafı və xalqın həyatında rolu;
2-ci mərtəbə: Azərbaycan xalçaçılıq mərkəzləri;
3-cü mərtəbə: Müasir dövrdə Azərbaycan xalçaçılığı.

SOCAR-ın yeni binası

Mayın 30-da 2018-ci il Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Nəhəng tikilinin təməli 2010-cu il oktyabrın 12-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Binanın layihələndirilməsi işlərinə 2007-ci ildə başlanılıb. Təxminən beş il ərzində aparılan tikinti işləri nəticəsində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlib.

Binanın birinci mərtəbəsində ümummilli lider, Azərbaycanın yeni neft strategiyasının banisi Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən fotoguşə yaradılıb, Ulu Öndərin barelyefi vurulub. Hündürlüyü 200 metr olan binanın 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla ümumilikdə 5 hektar sahəni əhatə edir.

Paytaxtda müasir memarlıq üslubu ilə fərqlənən və xüsusi gözəlliyi ilə seçilən binanın 34-37-ci mərtəbələri rəhbərliyin ofisləri, 18-33-cü mərtəbələr baş ofisin idarə və şöbələri, 3-16-cı mərtəbələr isə şirkətin struktur bölmələrinin ofisləri kimi fəaliyyət göstərəcək. Binanın konstruksiyası dəmir-beton özək divarlı və polad quruluşlu kompozit sistemə əsaslanıb. Rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olan binanın layihəsi Kanadada xüsusi beynəlxalq laboratoriyada virtual şəraitdə sınaqdan keçirilib və saatda 190 kilometr külək sürətinə hesablanıb.

Yeni inzibati binada üç konfrans zalı var. Buradakı 233, 110 və 22 yerlik konfrans zallarında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Binada hər cür avadanlıqla təchiz olunan iki fitnes mərkəzi də qurulub. Yeni binanın 450 nəfərlik yeməkxanasında, həmçinin 130 nəfər üçün nəzərdə tutulan kafeteriyasında da hər cür şərait yaradılıb. Binanın podyum hissəsində əməkdaşların istifadəsi üçün zəngin ədəbiyyatla təmin edilən kitabxana da var.

Binanın yeraltı hissəsində 1045, ərazisində isə 240 avtomobil yerlik dayanacaqlar yaradılıb. Külək-tunel testinə uyğun olaraq, əsmə amplitudasının məhdudlaşdırılması məqsədilə bina damper sistemi ilə təchiz olunub. Fasadın təmizlənməsi və digər xidmətlər binanın üstündə yerləşən teleskopik səbətli kran vasitəsilə həyata keçiriləcək. Bundan əlavə, bina qoşa kabinəli liftlər və avtomatlaşdırılmış mərkəzi yönləndirmə sistemləri ilə təmin olunub.

Dövlət Neft Fondunun yeni inzibati binası

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 2007-ci il dekabrın 29-da — Dövlət Neft Fondunun yaradılmasının 15-ci ildönümü günündə bu qurumun yeni inzibati binasının açılışında iştirak edib. Qüllə ilə birlikdə 24 mərtəbəli binanın hündürlüyü 140 metrdir. Dövlət Neft Fondunun yeni binası “BREEAM Assessment” qiymətləndirmə dərəcələrinin tələbləri nəzərə alınmaqla tikilib.

Ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb. Binanın interyeri Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementlərini özündə ehtiva edən dizayn konsepsiyası əsasında qurulub. Hər mərtəbə həmin xalçaçılıq məktəblərindən birinin motivləri əsasında işlənmiş xüsusi dizayna malikdir. Təbriz xalçaçılıq məktəbinə aid Ərdəbil xalçasının burada yaradılan mozaikası dünyanın nadir incəsənət əsərlərindən sayıla bilər.

Binanın birinci mərtəbəsində Heydər Əliyev guşəsi yaradılıb. Burada Ulu Öndərin heykəli qoyulub. Binada ən müasir standartlara cavab verən 7 lift quraşdırılıb. Muzeydə Azərbaycanın neft tarixi və ümummilli lider Heydər Əliyevin neft strategiyası geniş əksini tapıb. Yeni binadakı akt salonu 200 nəfərlikdir. 150 nəfərlik yeməkxana da müasirliyi və orijinal dizaynı ilə diqqəti cəlb edir.

Konfrans salonunda 40 nəfərin iştirakı ilə müvafiq tədbirlər keçirmək mümkün olacaq. Bütün otaqlar və zallar ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqla təchiz olunub. Burada səmərəli fəaliyyət üçün hərtərəfli şərait yaradılıb. Burada Azərbaycanda ilk dəfə olaraq Bina İdarəetmə Sistemi quraşdırılıb. İnsan müdaxiləsinin minimuma endirildiyi həmin sistemdə inzibati binanın texniki, təhlükəsizlik və informasiya texnologiyaları məsələləri mərkəzləşib.

Binanın havalandırılması da müasir BMS proqramı vasitəsilə həyata keçirilir. Ekoloji məsələlər də xüsusi diqqət mərkəzində saxlandığından bura yaşıl bina standartlarına cavab verir. Binada alternativ enerjidən istifadə məqsədilə ərazidə günəş panelləri quraşdırılıb. Binanın zirzəmi hissəsində ən müasir standartlara cavab verən yeraltı avtomobil dayanacağı da inşa olunub.

Bakı Su İdmanı Mərkəzi

Bakı Su İdmanı Mərkəzinin Azərbaycan üçün simvolik idman arenasıdır. Bu kompleks oyunlar zamanı su idmanı növlərinin üç növü — üzgüçülük, suya tullanma və sinxron üzgüçülük üzrə yarışlara ev sahibliyi edib. Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, bu sahədə yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə Prezident İlham Əliyev 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalayıb. 2013-cü il aprelin 19-da isə dövlətimizin başçısının iştirakı ilə bu möhtəşəm idman sarayının təməli qoyulub.

Altı hektar ərazisi olan bu nəhəng idman qurğusu yüksək keyfiyyətlə inşa edilib və artıq istifadəyə hazırdır. Paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən və ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir.

Tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunub. Əsas zaldakı hündürlükdən suya tullanma hovuzunun uzunluğu 25 metrdir. Burada hündürlüyü 1, 3, 5, 7,5 və 10 metr olan beş pilləli suya tullanma platforması inşa edilib. Hovuzlar Beynəlxalq Üzgüçülük Federasiyasının rəsmi tərəfdaşı olan İtaliyanın “Myrtha Pools” şirkəti tərəfindən yaradılıb.

Su İdmanı Sarayında yarışları eyni vaxtda 6 mindən çox tamaşaçı izləyə bilər. Bundan əlavə, sarayda əlil tamaşaçılar, VVIP, VIP və media bölmələri inşa olunub. Binanın dam örtüyünün bir hissəsində “SKY LıGHT” xüsusi panoram şüşə panellərindən istifadə edilib. Bu şüşə panelləri, eyni zamanda günəş enerjisini elektrik enerjisinə çevirmək funksiyasına malikdir. Buradan əldə edilən elektrik enerjisi sarayın bəzi sahələrinin enerji təminatına yönəldiləcək.

Binada üzgüçülər üçün xüsusi məşq platformaları və avadanlığı quraşdırılan fitnes — akrobatika, ağır atletika zalları mövcuddur. Su İdmanı Sarayının ikinci zalında məşqlər üçün üzgüçülük hovuzu inşa olunub. Hovuzun uzunluğu 51, eni 20 metrdir.

Bakı Kristal Zalı

Bakı Kristal Zalı Bakıda “Avroviziya-2012” yarışmasının keçirilməsi üçün nəzərdə tutulan idman-əyləncə kompleksi idi.

Hazırda isə Kristal Zalda bir çox konsertlər həyata keçirilir.

Bakıda Dövlət Bayrağı Meydanında inşa edilən Bakı Kristal Zalı idman-konsert kompleksi beynəlxalq səviyyədə kütləvi-mədəni tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Kompleks 23 mindən çox adam tutur.

Əlavə 16 min tamaşaçının isə zalda keçirilən çıxışlara bayırdakı böyük monitorlarda birbaşa efirdə baxmaq imkanı var.

“YARAT” Müasir İncəsənət məkanı

Əsas məqsədi müasir Azərbaycan incəsənətinin professional səviyyədə dəstəklənməsi, Azərbaycanda və xaricdə respublika rəssamlarının təbliğinə yönəldilmiş sərgilər, festivallar, seminarlar, master-klaslar və müxtəlif təlim-tədris tədbirlərinin keçirilməsi olan müstəqil, qeyri-dövlət təşkilatıdır. 2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılıb.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı

Bakıdan 20 km şimal-şərqdə yerləşən və Qafqazda ən böyük beynəlxalq hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu xəbər portallarının tərtib etdiyi reytinq cədvəllərində yer alır. Belə ki, işgüzar dairələrdə məhşur olan “Business Insider” saytı dünyanın ən gözəl 14 hava limanının siyahısını açıqlayıb. Siyahıda Heydər Əliyev Beynəlxalq Aeroportu 6-cı yerdə qərarlaşıb. Nadir memarlıq əsəri olan Heydər Əliyev Beynəlxalq Hava aeroportu ölkəmizin hava qapısı kimi Azərbaycanın bu günki inkişafını göstərir. Bakıya əlavə yaraşıq verən Heydər Əliyev aeroportunun nüfuzlu “The Jakarta Post” qəzetinin keçirdiyi sorğu nəticəsində dünyanın ən gözəl aeroportları sırasında 1-ci yeri tutması da təsadüfi deyil. Xatırladaq ki,  hava limanlarının ölkə və insanların həyatındakı rolundan bəhs edən yazıda hava limanın yalnız nəqliyyatla bağlı bir məkan deyil, həm də ölkənin iqtisadi göstəricisi olduğu vurğulanıb. Bildirilib ki, bir ölkənin əhalisinin gəliri nə qədər çox olarsa, insanlar o qədər çox səyahət edər, dünyanı gəzər. Dünyada 13 ən gözəl aeroportun adını açıqlayan “The Jakarta Post” siyahıda ilk olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunu göstərib. Qeyd edilib ki, Bakının hava limanı ildə 5 milyondan çox sərnişinə xidmət edə bilər.

Sadaladığımız binalar yalnız Azərbaycanın simasını deyil, həm də maddi-mənəvi dəyərlərini, adət və ənənələrini əks etdirən memarlıq nümunələridir. Bu memarlıq nümunələri getdikcə artmaqda və Azərbaycanımızın dünyada tanınmasına xidmət etməkdədir.

AZƏRBAYCANDA XALÇA SƏNƏTİNİN İNKİŞAFI

Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur.

Xalq sənətlərinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir.

Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində) məşğul olmuşlar. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənli təpəsində aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalça sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palaz və xalça qalıqları aşkar edilmişdir.

Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Sasanilər dövründə (III-VII əsrlər) Azərbaycanda xalça sənəti daha da inkişaf etdi, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxundu. Alban tarixçisi Musa Kalankatlı (VII əsr) Azərbaycanda toxunulan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat verir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter almışdır. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. Baha başa gəldiyindən əsasən feodallar üçün toxunulan bu cür xalçalar “zərbaf” adlanırdı. XVI əsrdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızıl-gümüş saplarla toxunulmuş xalça haqqında məlumat verir. XVII əsr Holland səyahətçisi Yan Streyts Şamaxı hakiminin atının üstünə salınan çulun qızıl saplarla toxunub mirvari və qiymətli qaş-daşlarla bəzədildiyini xəbər verir.

Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. X əsrə aid “Hüdud əl-aləm” (“Dünyanın sərhədləri”) əsərində naməlum müəllif Muğanda toxunulan palas və çullardan, Naxçıvanın zili toxunuşlu xalılarından məlumat verir, “Kitabi-Dədə-Qorqud” dastanında Azərbaycanın ipək xalçaları, Əbül Üla Gəncəvi, Nizami, Xaqaninin (XII əsr) əsərlərində xovlu və xovsuz xalçalar tərənnüm olunur.

XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. İncə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində, miniatürlərdə öz əksini tapır. XV əsr Niderland rəssamları Hans Memlinqin “Məryəm öz körpəsi ilə” tablosunda “Şirvan” xalçası, Van Eykin “Müqəddəs Məryəm” əsərində “Zeyvə xalçası”, Alman rəssamı Hans Holbeynin (XV əsr) “Səfirlər” əsərində “Qazax” xalçasının təsvirləri verilmişdir.

XVIII əsrin II yarısında Azərbaycanın Şimalı kiçik feodal — Şəki, Bakı, Quba, Qarabağ, İrəvan, Gəncə, Naxçıvan, Şirvan xanlıqlarına bölünməyə başladı. Xanlıqlar dövründə xalça istehsalı xeyli genişlənmiş, hər xanlığın özünün xalçaçılıq karxanası olmuşdur. Xanlıqlar dövründə xalçaçılıq sənətinin inkişafı gələcəkdə xalçaçılıq məktəblərinin adının yaranmasına zəmin yaratdı.

1872-ci ildə Moskvada ” Moskva-Politexnik” sərgisində və 1882-ci ildə “Ümumrusiya sənaye və incəsənət sərgisi”ndə nümayiş etdirilən Bakı, Quba, Şamaxı, Gəncə, Şəki, Qazax, Cavad qəzası və başqa yerlərdən gətirilmiş xalçalar və xalça məmulatlarının ən yaxşı nümunələri qızıl, gümüş medallara layiq görüldü. 1872-ci ildə Vyanada (Avstriya), 1911-ci ildə Turində (İtaliya), 1913-cü ildə Londonda və Berlində təşkil edilmiş Beynəlxalq sərgilərdə nümayiş etdirilən eksponatların əsas hissəsi Azərbaycandan aparılmış xalça və xalça məmulatlarından ibarət idi.

Xovsuz xalçaların növləri. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir.

Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilmişdir, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edərək Alman sənətşünası Q.Rop “Şərq xalçası” kitabının “Qafqaz xalçaları” bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan — kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür.

– Palaz
– Cecim 
– Ladı 
– Kilim 
– Şəddə
– Vərni 
– Zili 
– Sumax

Azərbaycan xalçaçılıq məktəbləri. Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür:

1. Quba
2. Bakı yaxud Abşeron
3. Şirvan
4. Gəncə
5. Qazax
6. Qarabağ 
7. Təbriz

1. Azərbaycanın şimal-şərgində yerləşən Quba xalça mərkəzi üç hissəyə — dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür. Dağlıq hissəyə Qonaqkənd, Xaşi, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek, Salmasöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar.

Dağətəyi hissədə xalça istehsalı Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi kəndlərində, ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və s. kəndlərdə mərkəzləşib. Bu məktəbə həmçinin də Dərbənd ərazisində toxunan xalçalar da daxildir.

Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları “Qədim-Minarə”, “Qımıl”, “Alpan”, “Qollu-çiçi”, “Pirəbədil”, “Hacıqayıb”, “Qırız”, “Cek” və s.-dir.

2. Bakı məktəbi Abşeronun kəndlərini — Görədil, Novxanı, Nardaran, Bülbülə, Fatmayı, Mərdəkan, Qala, Xilə və digər kəndləri, həmçinin Abşerondan kənarda yerləşən Xızı rayonu və ona daxil olan Qədi, Hil, Keş, Fındığan və s. xalça məntəqələrini əhatə edir. Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkil edir. Bakı qrupuna aid xalçaların rəng koloritində ara sahə yerliyi üçün, əsasən tünd göy, nadir hallarda isə qırmızı və sarı rənglərdən istifadə edilir. Bu xalçaların əksəriyyəti toxunduğu kəndin adını daşıyır. Bakı qrupuna “Xiləbuta”, “Xilə-əfşan”, “Novxanı”, “Suraxanı”, “Qala”, “Bakı”, “Görədil”, “Fatmayı”, “Fındığan”, “Qədi” və s. çeşnilər daxildir.

3. Şirvan xalçaçılıq məktəbi

Şamaxı, Mərəzə, Ağsu, Kürdəmir, Qazıməmməd (Hacıqabul), Göyçay və onların ətraf kəndlərini əhatə edir. Şirvan qrupuna “Mərəzə”, “Qobustan”, “Şirvan”, “Kürdəmir”, “Şilyan”, “Şirəlibəy”, “Çuxanlı”,”Bico”, “Sor-Sor”, “Hacıqabul” və s. kompozisiyalar daxildir. Şirvan xalçalarının zəngin və mürəkkəb naxışlı kompozisiyaları orta əsrlərdən məşhurdur. Şirvan xalçalarının bədii dəyəri haqqında VI – VIII əsr alman, ingilis tacirləri, səfirləri öz gündəliklərində qiymətli məlumatlar vermişdilər. Bu xalçalar hələ XIV-XV əsrlərdə Avropa rəssamlarının tablolarında tərənnüm edilmişdir. Niderland rəssamı Hans Memlinq (XV əsr) “Məryəm öz körpəsi ilə” əsərində “Şirvan” xalçasının təsvirini vermişdir.

4. Gəncə xalçaçılıq məktəbi Gəncə şəhəri və onun ətraf kəndlərini, Gədəbəy və Goranboy, Şəmkir, Samux rayonlarının ərazisini əhatə edir. Bu məktəbin mərkəzi Gəncə şəhəridir. Qədim şəhərlərdən olan Gəncə Azərbaycanın şimal qərbində yerləşir. Gəncə hələ X-XI yüzilliklərdə ipək, yun parçaların, ipək xalçalarını istehsal mərkəzi kimi tanınmışdır. Əsrlər boyu yüksək keyfiyyətli xalça istehsalı mərkəzi olan Gəncədə xüsusi xalça emalatxanaları olmuşdur. Gəncə xalçaçılıq məktəbi Gəncə ətrafında olan rayonların xalçaçılığına müsbət təsir göstərmişdir.

Gəncə xalça məktəbinə “Gəncə”, “Qədim Gəncə”, “Gölkənd”, “Fəxralı”, “Çaykənd”, “Çaylı”, “Şadılı”, “Çıraqlı”, “Samux” və s. kompozisiyalar daxildir. Gəncə qrupuna daxil olan “Fəxralı” namazlıq xalçası öz yüksək bədii xüsusiyyətinə, toxunuşuna görə digər xalça kompozisiyalarından fərqlənir.

5. Qazax xalçaçılıq məktəbinə Qazax, Gürcüstan ərazisindəki azərbaycanlılar yaşayan Borçalı və 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan Ermənistan ərazisində Göyçə xalçaçılıq mərkəzləri aiddir.

Qazax xalça məntəqəsinə Azərbaycanın qədim şəhərlərindən olan Qazax və onun ətraf kəndləri, Ağstafa və Tovuz rayonları daxildir.

Göyçə xalçaçılıq mərkəzini Bəmbak, Ləmbalı, İcevan, Qaraqoyunlu və Göyçə gölü (indiki Sevan) ətrafındakı ərazi, Borçalı xalça mərkəzini  Borçalı, Qarayazı, Qaraçöp, Qaçağan xalça məntəqələri əhatə edir.

Qazax qrupuna, “Şıxlı”, “Borçalı”, “Qaymaqlı”, “Qaraqoyunlu”, “Qarayazı”, “Qaraçöp”, “Qaçağan”, “Dağkəsəmən”, “Dəmirçilər”, “Kəmərli”, “Göyçəli”, “Salahlı” və s. çeşnili xalçalar daxildir.

Bu məktəblərin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılır. Gəncə-Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb etmiş, XV əsr italyan rəssamı Karlo Krivelonun “Müjdə”, Alman rəssamı Hans Holbeynin (XV əsr) “Elçilər” tablolarında bu xalçaların təsviri verilmişdir.

6. Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda — dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl-Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Malıbəyli, Çanaxça, Tuğ, Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Tutmas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur. Öz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər. “Aran”, “Bağçadagüllər”, “Balıq”, “Buynuz”, “Bərdə”, “Bəhmənli”, “Qarabağ”, “Qoca”, “Qasımuşağı”, “Ləmbərani”, “Muğan”, “Talış”, “Ləmpə”, “Malıbəyli”, “Xanqərvənd”, “Xanlıq”, “Xantirmə”, “Çələbi”, “Şabalıdbuta”, və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı — gəbələr geniş yayılmışdır.

1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları – “Bağçadagüllər”, “Saxsıdagüllər”, “Bulud” və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng – boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər cür – bəcür həşaratlardan alınmışdı. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenildir. Xalq arasında ona “qırmız böcəyi”, “qurd qırmız”, “palıd cücüsü” deyilirdi.

7. 1828-ci il fevralın 10-da Rusiya ilə Iran arasında Təbriz yaxınlığındakı Türkmənçay kəndində bağlanmış sülh müqaviləsi tarixə Türkmənçay müqaviləsi adı ilə daxil oldu və bu müqavilə 1826-28-ci illər Rusiya-İran müharibəsinə son qoydu. Müqavilənin şərtlərinə əsasən Azərbaycanın şimal hissəsi Rusiyanın tərkibinə qatıldı. Təbriz, Ərdəbil, Urmiya, Xoy, Marağa, Mərənd, Maku və digər şəhərlər də daxil olmaqla, ölkənin cənub hissəsi İranın əsarəti altına keçdi. Beləliklə, Azərbaycan 2 yerə parçalandı. Bax elə həmin vaxtdan da “Cənubi Azərbaycan” termini yaranıb meydana gəldi. Həmin vaxtdan Təbriz xalçaçılıq məktəbinin xalça nümunələri bütün dünyada İran xalçaları adı ilə tanındı.

Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan, eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.

Artıq XI-XII əsrlərdə çiçəklənmə dövrü keçirən Təbriz xalçaçılıq məktəbi XIII-XIV əsrlərdə Təbriz miniatür məktəbinin bədii xüsusiyyətlərini mənimsəmiş, XVI-XVII əsrlərdə yüksək inkişaf mərhələsinə çatmışdı. Bu məktəbə mənsub xovsuz və xovlu xalçalar bədii tərtibat, rəng ahəngdarlığı, ornamental bəzəklərin müxtəlifliyi ilə fərqlənir. Təbriz xalçaçılıq məktəbi əsas xalça kompozisiyalarına görə 2 qrupa ayrılır: Təbriz və Ərdəbil qrupları. Təbriz qrupuna “Təbriz”, “Baxşayış”, “Qərəcə”, “Görəvan”, “Heris”, “Ləçəkturunc”, “Əfşan”, “Ağaclı”, “Ovçuluq”, “Dörd fəsil” kompozisiyaları, Ərdəbil qrupuna “Ərdəbil”, “Şeyx Səfi”, “Şah Abbası”, “Sərabi”, “Zəncan”, “Mir” və “Açma-yumma” çeşniləri daxildir. Təbriz xalçaçılıq məktəbinin “Bağ-behişt”, “Bağ-meşə”, “Balıq”, “Buta”, “Dərviş”, “Kətəbəli”, “Gördəst”, “Göllü-guşəli”, “Güldanlı”, “Leyli və Məcnun”, “Məşahir”, “Mun”, “Namazlıq”, “Nəcaqlı”, “Sərvistan”, “Sərdari”, “Səhənd”, “Silsiləvi ləçək”, “Fərhad və Şirin”, “Xəyyam”, “Xətai”, “Həddad”, “Çərxi-gül”, “Ceyranlı” və s. klassik kompozisiyaları da məşhurdur. Təbrizdə toxunmuş “Ləçəktürünc” kompozisiyalı məşhur “Şeyx Səfi” xalısı (ölçüsü 56,12 kv. m, 1539-cu il, “Viktoriya və Albert” muzeyi, London) ornamental xalçaların ən gözəl nümunəsi, Təbriz xalçaçılıq məktəbinin şah əsəridir.

XX əsrdə xalçaçılığın inkişafı. Azərbaycan xalça sənətinin sonrakı inkişaf dövrü XX əsrin ortalarına təsadüf edir. Bu dövrdə Azərbaycan xalça sənətinin inkişafı bir neçə istiqamətdə davam edərək çoxcəhətli xarakter daşımışdır. Respublikanın rayon və kəndlərində xalça sənəti ənənələri ayrı-ayrı xalça ustaları tərəfindən davam etdirilir. Onların ənənəvi çeşnilərdə toxuduqları xalçalarda klassik kompozisiyalara yaradıcı münasibət qabarıq şəkildə özünü göstərir. Eyni zamanda xalçaçılıqda yeni-yeni kompozisiyalar, naxış elementləri meydana gəlir. Yeni yaranan çeşnilərdə nisbətən əyri xətlərlə işlənmiş nəbati naxışlara, insan, heyvan, quş təsvirlərinə, lirik və romantik üslubda yaradılmış süjetli kompozisiyalara meyl üstündür. Xalça sənətinin inkişafının digər bir qolu “Azərxalça” İstehsalat Birliyinin fəaliyyətidir. “Azərxalça”nın sex və emalatxanalarında toxunan xalçalarda ənənəvi naxış, göl və rənglərdən ustaların yaradıcı şəkildə etdiyi dəyişmələr klassik xalça kompozisiyalarının sayını artırıb zənginləşdirir.

Xalça sənətinin digər bir qolu peşəkar rəssamlar tərəfindən davam və inkişaf etdirilir. Onların yaratdıqları yeni ornament və çeşnilər əsasında toxunan xalçalar klassik kompozisiyaların zənginləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.

Bu xalçaların kompozisiya, rəsm həlli və koloritində bəzən klassik kanonların pozulmasına baxmayaraq, müxtəlif bədii və texniki vasitələr mövzunun açılmasına kömək edir.

Azərbaycanda xalçaçılığın inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir. Xalçaçılıq sənət və elm sahəsi kimi Ə.Əzimzadə ad. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də incəsənət yönümlü kolleclərdə tədris edilir. Xalçaçılıq sənət kimi texniki peşə məktəblərində, uşaq rəsm qalereyalarında və digər yerlərdə öyrədilir.

Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın xalq rəssamı Lətif Kərimovun (1906-1991) adı ilə bağlıdır. Şərq, o cümlədən Azərbaycan xalçası və dekorativ-tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist-rəssam, tədqiqatçı alim kimi tanınan L.Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır. L.Kərimovun eskizləri əsasında toxunmuş “Əfşan” (1932), “Qonaqkənd” (1939), “Ləçəktürünc” (1952), “Şuşa” (1953), “Göygöl” (1958), “Qarabağ” (1960), “İslimi” (1964), “Butalı” (1965), “Bahar” (1966,1976), “Heyvanlar aləmində” (1969), “Şəbi-hicran” (1975), “Zərxara” (1977), “Firdovsi” (1934), “Səməd Vurğun” (1956), “Vaqif” (1967), “Füzuli” (1972), “Nəsimi” (1974), “Səfiəddin Urməvi” (1975), “Əcəmi” (1976) və s. ornamental və portret xalçalar ornament elementlərinin uyarlığı, kompozisiya bitkinliyi, rəsmlərinin zərifliyi və ifadəliliyi, zəngin koloritinə görə xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir. 1949-cu ildə kollektiv müəlliflərlə birgə yaratdığı “Stalin” xalçasına görə 1950-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. 1986-cı ildə Londonda açılmış fərdi sərgisi böyük müvəffəqiyyətlə keçmiş, sərgidə rəssamın “Bəndi-Rumi” (1980,1981), “Ləçəkturunc” (1981), “Xətai” (1981,1985), “Açma-yumma” (1982), “Ləçəkbəndlik” (1983), “Kətəbəbəndlik” (1984), “Əsrlərin nəğməsi” (1985) və s. xalçaları nümayiş etdirilmişdir. L.Kərimovun çox cildli “Azərbaycan xalçası” əsərində 1300-dən artıq Azərbaycan xalça ornament elementinin təhlili verilmişdir.

Müasir dövrdə xalçaçılığın inkişafı

2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı”na daxil edildi. Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə, mədəni irsimizin təbliğinə göstərdiyi diqqət və qayğısı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və əməyi nəticəsində Azərbaycan muğam sənəti və Azərbaycan aşıq sənətindən sonra milli xalça sənətimizin bu siyahıda yer alması ümumən mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması yönündə daha bir uğurlu addımdır.

Bu gün Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün müasir standartlara uyğun binanın inşa edilməsi bu qədim el sənətinə dövlət qayğısının ifadəsidir.

2014-cü ildən fəaliyyətə başlayan Xalça Muzeyi Azərbaycan xalçasının dünya miqyasında yetərincə təbliğinə və tanınmasına töhfəsini verir. Müasir tələblərə cavab verən muzeydə toplanılan nümunələr xalqımızın tarixini özündə ehtiva edir. Orijinal üslubda inşa olunan bükülmüş xalçanı xatırladan Xalça Muzeyinin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır ki, bu da bu sənət növünün müxtəlif dövrlərdəki inkişafını əks etdirir. Muzeydə Böyük Britaniyanın Viktoriya və Albert Muzeyində saxlanılan məşhur “Şeyx Səfi” xalçasının surəti, eləcə də XVII, XVIII, XIX və XX əsrlərdə toxunmuş məşhur kompozisiyalar da yer alıb. Son illər dövlətimiz tərəfindən xarici ölkələrdə saxlanılan Azərbaycan xalqına məxsus sərvətlərin geri qaytarılması məqsədilə görülən müvafiq tədbirlərin nəticəsi olaraq Xalça Muzeyinin kolleksiyası daha da zənginləşib. Belə ki, Cənab İlham Əliyevin “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” 07.12.2004-cü il tarixli qanun və həmin qanunun tətbiqi haqqında 07.02.2005-ci il tarixli Fərmanının 4.1.4 maddəsindəki “Xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının ölkəyə qaytarılmasına şərait yaradılması” bəndinə əsasən muzeyi beynəlxalq aləmdə təbliğat işlərini davam etdirilir. Aparılan uğurlu işlərin məntiqi nəticəsi olaraq Şərq xalçası və tekstili üzrə Çikaqo (ABŞ) cəmiyyətinin üzvü mərhum Qrover Şiltsin kolleksiyasından iki ədəd Azərbaycan xalçası — “Əjdahalı” (Qarabağ, XVII əsrin sonu) və “Səlyan Xiləsi” (Şirvan, XIX əsr) muzeyə hədiyyə olunub. Bu hadisə Azərbaycan xalça sənəti tarixinin mühüm səhifələrindən birinin bərpa edilməsi deməkdir.

Torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt edilməsi ilə əlaqədar olaraq təbii, maddi-mədəni abidələrimizin də talan olunaraq “əsir düşməsi” faktı təkzibedilməzdir. Onlardan bəziləri xaricdə yaşayan həmvətənlərimiz tərəfindən alınaraq öz vətəninə qaytarılır. Azərbaycan Xalça Muzeyinin xovlu xalçalar kolleksiyasında Qarabağ qrupunun qeyri-adi tarixə malik “Baxçadagüllər” xalçası saxlanılır. 2017-ci ilin fevral ayında əslən Azərbaycandan olan ABŞ vətəndaşı Elşad Tahirov incəsənət əşyalarının virtual ticarətini həyata keçirən saytda onun diqqətini cəlb edən xalçaya rast gəlir. Qeyd edək ki, Los-Ancelesdə yaşayan E.Tahirov Azərbaycan xalçalarımızı və görkəmli alimi, xalçaçı-rəssam, Azərbaycan xalçaçılıq elminin banisi Lətif Kərimovun yaradıcılığı haqqında kitabları toplamağı sevir, tez-tez internetdə maraqlı sənət əsərləri və məlumatlar axtarır. Bu dəfə kolleksiyaçının diqqətini cəlb etmiş xalçanı təsvir edən yazıda qeyd edilirdi: “Qədim Ermənistan. Qarabağ xalçası”. Lakin, xalçada Azərbaycan dilində kiril əlifbası ilə toxunmuş “1 yanvar 1979-cu il Sərvərin doğum gününə anasından hədiyyə” yazısı bu əşyanın Azərbaycana aid olduğunu dəqiq sübut edir və belə bir nəticəyə gəlinir ki, xalça erməni işğalçıları tərəfindən ölkəmizdən çıxarılmışdır. Və budur, əsrin dörddə biri keçdikdən sonra, Elşad Tahirov bu xalçanı hərracda alır və 2017-ci ilin mayında Bakıya − Azərbaycan Xalça Muzeyinə göndərir. E.Tahirov əşya sahibini tapmağa çalışsa da, buna nail ola bilməyib xalçanı muzeyə hədiyyə edir. Qeyd edək ki, bu uzun illərdən sonra erməni işğalından qayıtmış ilk xalçadır.   

2015-ci il iyulun 15-də Kannın Festivallar sarayında “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı olub. Sərgidə Azərbaycan rəssamları Lətif Kərimov, Vüqar Muradov, Butunay Haqverdiyev və Elçin Vəliyevin əsərləri – milli xalça eskizləri əsasında modern, pop-art xarakterli əsərlər, installyasiyalar təqdim edilib.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 may tarixli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir. İlkin mərhələdə “Azərxalça” ASC-nin Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz və Qəbələ rayonlarında filiallarının yaradılması nəzərdə tutulmuşdu. 2016-2017-ci illərdə adıçəkilən bu rayonlarda binaların tikintisi başa çatdırılmış, filiallar fəaliyyətə başlamış, “Azərxalça”nın xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil edilmiş, işçi potensialının gücləndirilməsi məqsədilə müvafiq tədbirlər görülmüşdür.

AZƏRBAYCAN BƏDİİ TİKMƏLƏRİ

Azərbaycan xalqı özünün çoxəsrlik tarixi boyunca zəngin və özünəməxsus mədəniyyət yaratmışdır və onun fəaliyyətinin ən yüksək inkişaf etmiş sahələrindən biri dekorativ-tətbiqi incəsənətdir. Bu sənətlər qədimdən mövcuddur. O, bədii sənətin müxtəlif növlərini əhatə edir, onların arasında döymə sənəti və zərgərlik, metal üzərində işləmələr, ağac, daş və sümük üzərində oyma naxış, xalçaçılıq, hörmə sənəti, ornamental toxuculuq və basmanaxış, toxuma və bədii tikmələr və bir çox digərlərini göstərə bilərik. Azərbaycan xalqının zəngin mənəvi aləmindən və istedadından xəbər verən bütün bu bədii yaradıcılıq növlərinin hər birindən bu gün də böyük məhəbbətlə istifadə olunur.

Azərbaycan bədii tikmələrinin texnika və kompozisiyası öz kökləri ilə uzaq keçmişlərə gedib çıxır və xalqın mədəniyyətinin varisliyini sübut edir. Azərbaycanda naxış salmanın müxtəlif növlərinin yayılmağa başlamasını arxeoloji materiallara əsasən müəyyənləşdirmək mümkündür. Bədii tikmələrdəki ornamentlərin analoqu olan sadə elementləri — düz və sınıq xətləri, ziqzaqları, nöqtəvi ornamentləri, dairəcikləri, üçbucaqları, rombları erkən bürünc dövrünün (Azərbaycanda eramızdan öncə III minilliyə aid) saxsı qablarında izləmək mümkündür.

Müxtəlif vaxtlarda bu yerlərdə olmuş çoxsaylı tacirlər, səyyahlar və diplomatlar Azərbaycanda sənətkarlığın inkişafı haqqında çoxlu maraqlı faktlardan söz açırlar. İtalyan səyyahı Marko Polo (XIII yüzil) Şamaxıda və Bərdədə yerli ipək məmulatlarının gözəlliyini qeyd edir. İngilis səyyahı, tacir Antoni Cenkinson (XVI yüzil) yay iqamətgahının dəbdəbəsini təsvir edərkən yazır ki, “kral ipək və qızıl işləməli zəngin çadırda əyləşmişdi, onun geyimi mirvari və zəngin daş-qaşlarla işlənmişdi”.

XIX-XX əsrin əvvəllərində bədii tikmələr üçün əsas rolunu oynayan material yerli istehsal olan qonovuz, darai və məxmər idi. Onlar Şamaxıda, Basqalda, Şəkidə, Gəncədə, Şuşada və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Bədii tikmə üçün yerli ipək və yun saplardan və yerli basmaqəliblərdən istifadə olunurdu. Boyama üçün bitki mənşəli boyayıcılar işlədilirdi.

Bədii tikmə məmulatları ornamental motivlərin zənginliyi və müxtəlifliyi ilə fərqlənirdi. Azərbaycan bədii tikmələrində ən çox işlədilən bitki motivləri qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, meyvə ağaclarının yarpaqları — nar, heyva, alça çiçəkləri, eləcə də sünbül və müxtəlif formalı yarpaqlardır.

Bədii tikmələrin həndəsi naxışları düz və sınıq xətlərdən, ziqzaqlardan, üçbucaqlardan, dördbucaqlardan, altı və səkkizguşəli ulduzlardan, romblardan, ulduzcuqlardan və günəşin rəmzi təsvirlərindən ibarətdir.

Bədii tikmələrdə quşları: bülbül, tovuz quşu, göyərçin, tutu quşu, hophop (şanapipik), sərçə, qırqovul, bildirçin, kəklik və digərlərini təsvir etməyi sevirdilər.

Bədii tikmələrdə tez-tez rast gəlinən cüt quş təsvirləri dekorativ-tətbiqi incəsənət məmulatlarında ən qədim və sevilən motivdir. Quşları adətən ya bir-biri ilə sevişən, ya da bir-birindən küsmüş şəkildə təsvir edirlər. Hər iki motivi xalq sevgi və ayrılığın simvolu kimi izah edir. Heyvanlar aləminin təmsilçilərindən bədii tikmələrdə daha çox ceyranlar, tısbağalar, ilanlar-əjdahalar, atlar və s. təsvir edilirdilər.

Məişət predmetlərindən gülab suyu üçün sürahilər, daraq üçün futlyar, kosmetika üçün flakonlar, kuzələr və s. rast gəlinir.

Azərbaycanda məişətdə populyar və geniş yayılmış bədii tikmə növləri: güləbətin, saya naxışlı bədii tikmə, təkəlduz, “quş gözü” texnikasında tikmə, metal muncuqlu tikiş, muncuqlu tikiş, basmanaxış, “düymələmə”, qurama, spiral şəkilli tikiş və file üzərində işdir.

Bütün tikmə növlərindən ən qədimi qızılı və gümüşü saplarla bədii tikmələrdir. Əsasən çox sıx parçadan istifadə edilirdi. Qırmızı, tünd qırmızı, bənövşəyi və yaşıl rəngli birçalarlı məxmər ən yaxşı material sayılırdı. Müxtəlif çalarlı incə mahud, parça, tirmə, atlas, tumac dəri üzərində də bədii tikmələr salınırdı. Qızılı və gümüşü saplarla tikiş üçün fabrik istehsalı qızıl və gümüş saplardan istifadə olunurdu. Bu bədii tikmə növü bir terminlə — güləbətin adlanırdı.

Güləbətinlə daha çox qadın üst geyimlərinə, baş geyimlərinə, ev məişət əşyalarına, at yəhərinə və daha xırda məmulatlara bəzək vurulurdu. Gəlinin cehizinə güləbətin işləməli məişət təyinatlı müxtəlif əşyaları daxil etmək adəti də vardı.

Rəngli ipək saplarla işlənmiş bədii tikmələr arasında təkəlduz tikmələri daha geniş yayılmışdı.

XIX əsrdə təkəlduzçuluğun mərkəzi Şəki şəhəri idi.

Təkəlduzçuluq üçün əsas material qismində yerli və ya xaricdə istehsal olunan qırmızı, qara və tünd göy rəngli məxmər və mahud işlədilirdi. Təkəlduz bədii tikmələri təkcə qadınların məşğuliyyəti deyildi. Bir çox kişilər tətbiqi incəsənətin bu sahəsində öz qeyri-adi məharətlərini göstərirdilər. Dəzgahda dartılmış parçada usta əvvəlcə rəsmin kontur xətlərini çəkir, sonra isə onun bütün daxili sahəsini doldururdu. Təkəlduz bədii tikmələri üçün işlədilən iynə “qarmac” adlanırdı.

Təkəlduz bədii tikmələri ilə qadın geyimləri, böyük yastıqların üzlükləri, mütəkkələr, hamamda işlədilən ayaqaltı xalçalar, örtüklərə bəzək vurulurdu.

Bədii tikmələrdə geniş tətbiq edilən digər texnika saya tikmə idi.

Bu növ bədii tikmə üçün adətən parlaq olmayan, pastel çalarlarında, çox zaman qızıl saplarla uzlaşmada rəngli ipək və yun saplardan istifadə olunurdu. Saya bədii tikmənin iki növü vardı: ikitərəfli və birtərəfli. Saya bədii tikmə üsulu ilə geyimlərə, divar bəzəklərinə, üz örtüyünə, pərdələrə və s. naxışlar vurulurdu.

Bədii tikmələrin geniş yayılmış növlərindən biri “quş gözü” — ağ və ya rəngli ipəklə vurulan bəzəklər idi.

“Düymələmə” bədii tikmələri araqçının, şəbkülahın (gecə baş geyimi), canamazın, eləcə də yun geyimlərin bəzəklərində rast gəlinir. Onu adi və su tikişi, astar və üz arasında nazik yun və ya pambıq təbəqəsi qoymaqla icra edirdilər.

Mirvari və muncuqlarla bədii tikmələr böyük maraq kəsb edirdi, onlarla qədimlərdən bəri kostyum elementlərini, məişət əşyalarını bəzəyirdilər.

Parıltılı bəzək-düzəklərlə, muncuqlarla bədii tikmə — onları parçaya rəngli ipək saplarla çəkilmiş rəsmin konturları boyunca tikməkdir. Qurama və spiral bədii tikmənin nisbətən gənc üsullarıdır.

Nadir hallarda rast gəlinən file üzərində iş və merejka çox gec yayılmış və dar çərçivədə tətbiq olunur. Bu əl işi növü salfetka, dəsmal, üz örtüyünün bəzəyi üçün daha xarakterikdir.

Bu gün də Azərbaycanın bir çox şəhərlərində kökü qədim çağlara gedən bədii tikmə məktəbi qorunub saxlanılır. Azərbaycan ustalarının əl işləri beynəlxalq sərgilərin və muzeylərin ekspozisiyalarını bəzəyir.

AZƏRBAYCAN MİLLİ GEYİMLƏRİ

Azərbaycanın milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş olan xalq maddi və mənəvi mədəniyyətinin nəticəsidir. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Geyimlər maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətini əks etdirməklə yanaşı, sabit etnik əlamətlər sırasına daxildir. Geyimlər etnogenez məsələlərini aydınlaşdırmaq, xalqlar arasında mədəni-tarixi əlaqə və qarşılıqlı təsir məsələlərini müəyyənləşdirmək işində yardımçı material rolunu oynamaqla xalqın həm təsərrüfat sahələrinin səviyyəsindən və həm də coğrafi şəraitdən asılıdır.

Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xüsusiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində, həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir.

Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar. Kültəpədən və Mingəçevirdən (eradan əvvəl II minillik) tapılmış gildən kiçik heykəllər və Mingəçevirdən tapılmış eradan əvvəl V əsrə aid möhür-barmaqcıllar o dövrün geyimləri haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır. Eradan əvvəl III-IV əsrlərə aid qızıldan hazırlanmış çoxlu miqdarda bəzək şeyləri və gildən ayaqqabı formasında düzəldilmiş qabların tapılması azərbaycanlıların hələ çox qədim zamanlardan yüksək maddi mədəniyyətə malik olduqlarını sübut edən əsaslı dəlillərdəndir.

Bakı şəhərindəki Şirvanşahlar sarayı (XV əsr) yanındakı məqbərədə aparılan həfriyyat işləri zamanı qiymətli xara və ipək parça qalıqları aşkara çıxarılmışdı.

Azərbaycanda çoxlu miqdarda ucuz xammal mənbələrinin olması burada orta əsr şəhərlərində ipək və yun parça istehsalı sənətkarlığının inkişafı üçün lazımi şərait yaratmışdır.

XVII əsrdə Azərbaycan Yaxın Şərqin böyük ipəkçilik zonası, Şirvan əyaləti isə Azərbaycanın əsas ipəkçilik rayonu idi. Şamaxı, Şabran, Ərəş, Qəbələ, Cavad, Ağdaş və s. ilə birlikdə Azərbaycanın mühüm toxuculuq mərkəzlərindən biri idi. Bu haqda məşhur səyyah Adam Oleari yazırdı: “Onların (şirvanlıların) əsas məşğələsini iplik, ipək və yun toxuma və müxtəlif tikmə işləri təşkil edir”. Şamaxıda istehsal olunmuş tafta, fata və darayı parçaları xüsusi şöhrət tapmış, zərif baş örtüklərinə və başqa toxuma məmulatlarına isə böyük tələbat vardı.

Azərbaycanda Gəncə, Şəki, Naxçıvan, Marağa, Mərənd, Ərəş və Ordubad mühüm toxuculuq mərkəzləri idi. Bunların sırasında ipək parça sənətkarlığının görkəmli mərkəzlərindən biri olan Gəncəni xüsusi qeyd etmək lazımdır.

Evliyə Çələbi (XVII əsr) yazırdı ki, Gəncə ipəyi çox məşhur idi. Gəncə şəhərində mövcud olan sənətkarlıq içərisində pambıq parça istehsalı da böyük yer tuturdu.

Təbriz şəhərində ən müxtəlif növlü parça istehsalı mərkəzləşmişdi. Bu şəhər yüksək keyfiyyətli məxmər, atlas, qumaş və keci istehsalı üzrə xüsusilə məşhur idi. Adları çəkilən parçaların bir hissəsi hətta başqa ölkələrə də ixrac olunurdu.

Naxçıvanın mahir toxucu sənətkarları çoxlu miqdarda ucuz, lakin gözəl və yüksək keyfiyyətli pambıq parça isehsal edirdilər. Onların hazırladığı rəngarəng çit parçalara böyük tələbat var idi.

Beləliklə, XVII əsrdə Azərbaycan şəhərlərində parça istehsalı sahəsində meydana gələn müəyyən ixtisaslaşma sonrakı əsrlərdə də davam edirdi. Azərbaycanda istehsal olunub geniş işlənən və başqa yerlərə ixrac olunan parçalar sırasında zərbəft, xara, atlas, tafta, qanovuz, kəmxa, kiseyə, məxmər, darayı, mahud, şal, tirmə, midqal, bez və s. qeyd etmək lazımdır. Bu parçalardan bəziləri xalq arasında “Hacı mənə bax”, “gecə-gündüz”, “gendə dur”, “alışdım yandım”, “küçə mənə dar gəlir” və s. ad altında məşhur idi.

Şübhə yoxdur ki, parça xalqın mədəniyyətini əks etdirən elementlərdən biridir. Parçaların naxışı və rəngləri həm bir xalqı başqasından ayırmağa və həm də eyni xalqın içərisində müxtəlif sinfi təbəqələrin nümayəndələrini fərqləndirməyə imkan verirdi. Azərbaycanda əhali arasında qanovuz, darayı, mov, zərbaft, xara, atlas, məxmər, tafta, fay, tirmə və başqa parçalar geniş istifadə olunurdu.

Qadın paltarları əsas etibarilə ipək parça və məxmərdən tikildiyi halda kişi geyimləri əksər hallarda mahuddan və evdə toxunan şal parçadan hazırlanırdı.

İstər qadın, istərsə də kişi alt paltarları kətan və pambıq parçalardan tikilirdi. Lakin çox zaman varlı ailələrdə alt köynəyini də ipək parçadan tikirdilər.

XVI-XVII yüzilliklərdə Azərbaycan geyimləri də zəngin inkişaf yolu keçmişdir.

Araşdırmalar göstərir ki, bu vaxt Azərbaycanda əsl mənada milli geyim məktəbi yaradılmışdır. Geyimlə şəxsin yaşını, peşəsini, hətta hansı təbəqəyə mənsub olmasını bilmək olurdu.

XVI yüzildə Azərbaycan geyimləri içərisində ən maraqlısı baş geyimləri idi.

Tarixdən məlumdur ki, XVI yüzildə azərbaycanlıları “qızılbaşlar” adlandırırdılar, çünki onlar başlarına təpəsi nazik və hündür, qırmızı papaq qoyub, onun da ətrafına sarıq dolayırdılar. Zadəganlar və rütbəli hərbi xidməçilər isə əmmamənin üstündən 12 qaş taxar və ya zərli xətlər çəkdirərdilər.

Yüksək rütbəli əyanların qoyduqları baş geyimlərinin üstündə bəzən böyük və qiymətli bir qaş, onun da ətrafında nisbətən kiçik həcmli qaş-daş olurdu. Burada böyük qaş Məhəmməd peyğəmbərə və ya Əliyə, kiçik qaşlar isə 12 imama işarədir.

Səfəvilər dövrünün baş geyimlərini öyrənən məşhur özbək alimi Q.A.Puqaçenkova və alman alimi H.Hots isbat etmişlər ki, onların baş geyimləri XVI yüzilin əvvəllərindən başlayaraq əsrin axırlarınadək bir neçə dəfə öz formasını dəyişmişdir. Onların qeydinə görə, XVI yüzilin başlanğıcından 1535-ci ilə qədər bu baş geyimləri davam etmiş, XVI yüzilin ikinci yarısından isə azalmağa başlamışdır. XVI yüzilin axırlarınadək dəbdə olmuş bu tip baş geyimləri Təbriz, Naxçıvan, Şamaxı şəhərlərində də xüsusilə geniş yayılmışdı.

XVI yüzildə Azərbaycanda ucu şiş, qırmızıbaşlı əmmamələrlə yanaşı, adi bəzəksiz əmmamələr də olmuşdur.

O zaman ən çox yayılmış əmmamələr, əsasən ağ rəngli idi. Şah, vəzir və ya rütbəli ruhanilər isə yaşıl rəngli əmmamə qoyardılar.

XVI-XVII yüzilliklərdə Azərbaycanda çalma ilə yanaşı, orijinal kiçik şlyapaya bənzər papaqlar da mövcud idi.

XVI-XVII yüzilliklərdə Azərbaycanda bir sıra başqa formalı papaqlar da olmuşdur. Bunların içində qoyun dərisindən tikilən papaqlar nisbətən geniş yayılmışdır. Bunu əsas etibarilə maldarlıq və qoyunçuluqla məşğul olan ərazilərdə geyərdilər.

XVI-XVII yüzilliklərdə Azərbaycanda qadın baş geyimləri də müxtəlifdir. Əldə edilmiş materiallara əsasən demək olar ki, Azərbaycanda həmin vaxt yeddi növə yaxın qadın baş geyimi olmuşdur. Bunlardan gözəl, əlvan naxışlı örpəkləri, kiçik narın naxışlı araqçınları, çənə altından bağlanan xəz və ya məxmərdən tikilmiş şlyapaları göstərmək olar.

XVI-XVII yüzilliklərdə ən çox yayılmış qadın baş geyimlərindən biri araqçın idi. Bunlar əsas etibarilə iki cür olurdu: qadın və qız araqçınları.

Baş geyimlərini qadınlar evdə, həyətdə və qonaqlığa gedəndə geyər, küçəyə çıxdıqları vaxt isə üstən əsas etibarı ilə ağ çarşab örtərdilər. Küçədə çarşabsız gəzməyə, adətə görə kiçik qızlara və qarılara icazə verilirdi.

XVI-XVII yüzilliklərdə Azərbaycanda üst geyimləri də çox müxtəlif və rəngarəng olmuşdur. Bu dövrdəki üst geyim formaları əsas etibarilə qədim geyim ənənələrinin davamı kimi inkişaf edir. Lakin bu ənənə getdikcə daha da zənginləşmiş, gözəlləşmiş və dekorativləşmə istiqamətində inkişaf etmişdir. Dəyişiklik əsas etibarilə ayrı-ayrı detallarda, naxış və bəzəklərdə əmələ gəlmişdir.

XVI-XVII yüzilliklərdə Azərbaycanda nisbətən varlı təbəqəyə mənsub olan kişilər lap üstdən ətəkləri, çiyin və boyun hissələri tikməli xələt geyərdilər. Bu xələtlər iki növ olardı. Birinci növ xələtlər məhz çiyinə atmaqdan ötrü idi.

İkinci növ xələt, əksinə ensiz yarımqol olub, əyində nisbətən kip dayanardı.

XVI-XVII yüzilliklərdə Azərbaycanda ənənəvi libas sayılan üst geyimi — əba da çox yayılmışdı. Qabaqkı dövr əbalarından fərqli olaraq, bunlar bədəndə kip oturur, qollar nisbətən dar olurdu. Bu əsrin miniatürlərində biz belə əbaların ətəklərinin kəmərə sancılaraq gəzdirildiyini də görürük.

Kişilər ayaqları dar, yuxarı getdikcə enləşən şalvar geyərdilər. Şalvarlar da üst köynəyin malından tikilərdi, lakin rəngi çox vaxt göy və ya tünd-sarı olurdu.

Bu əsrlərin kişi ayaqqabıları da müxtəlif formalı olmuşdur. Ən çox yayılmış kişi ayaqqabısı yumşaq dəridən tikilən dabansız (bəzən də alçaqdabanlı) və uzunboğaz (yüngül) çəkmələr idi.

XVI-XVII yüzilliklərdə Azərbaycanda qadın üst geyimləri də müxtəlif olmuşdur. Lakin bu geyimlər biçiminə görə həmin dövrün kişi geyimlərini xatırladır.

Kişilər kimi qadınlar da (xüsusən varlı təbəqələr) çiyinlərinə bəzək üçün uzunqollu xələt salarmışlar. Lakin qadın xələtləri daha sadə olub, az naxışlarla bəzənərdi.

XVI-XVII yüzilliklərdə kütləvi surətdə geyilən qadın əlbisələrindən biri də dabana qədər uzanan şalvarlar idi. Kişilərdə olduğu kimi, qadınların da şalvarları ayaq tərəfdən çox dar, yuxarısı enli olurdu.

XVIII yüzildə Azərbaycan geyimləri də çox rəngarəng olmuşdur. Bakı, Quba, Şamaxı, Qarabağ, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, və s. bu kimi müstəqil xanlıqların əmələ gəlməsi geyim məsələlərinə də az təsir etmirdi. Xanlıqların belə xüsusi çərçivədə, başqa-başqa siyasi və iqtisadi vəziyyətdə yaşamaları geyimin (üzdən də olsa) dəyişməsinə səbəb olmuşdur. Bu dəyişkənlik əsas etibarilə geyimin biçimi və siluetində deyil, onun tikildiyi malda və bəzəklərində idi.

XVIII yüzildə Azərbaycanda kişilər üstündən uzunqollu, bədənə kip oturan çuxa geyərdilər. Çuxa əsas etibarilə qalın parçadan tikilərdi. Şəxsin yaşından asılı olaraq çuxanın rəngi və boyu başqa-başqa olardı.

XVIII yüzildə əbanı əvvəlki dövrlərə nisbətən, əsas etibarilə mollalar və hörmətli qocalar geyərdilər.

XVIII yüzildə kişi ayaqqabıları da çox müxtəlif olmuşdur. Ən çox işlədilən kişi ayaqqabıları dəridən tikilmiş dabansız kiçik başmaqlar idi. Bu zaman dövlətlilər arasında nazik dəridən tikilmiş uzunboğaz çəkmələr və kəndlilər tərəfindən keçmişlərdən XX yüzilin əvvəllərinə qədər geyilən çarıqlar da var idi.

XVIII yüzildə qadın geyimləri nisbətən daha gözəl və zövqlə hazırlanırdı. Bu əsrin axırlarında Azərbaycanda olmuş səyyah marşal Fon Biberşteyn bu ölkənin qadınlarının və onların geyimlərinin gözəlliyinə valeh olduğunu xüsusi qeyd edir.

XVIII yüzildə qadın üst geyimləri — üst köynəyi, çəpkən, arxalıq, kürdü, küləcə, ləbbadə, eşmək və baharıdan ibarət idi.

Yaşlarından asılı olaraq qadınların geydikləri köynəklərin rəngi də müxtəlif olurdu. Qızlar və gəlinlər sarı, qırmızı, yaşıl, qoca qadınlar isə ağ və ya qara rəngdə köynək geyərdilər.

Bu əsrdə gözəl biçimli üst qadın geyimlərindən biri çəpkən idi. Çəpkən astarlı olub, belə qədər bədənə kip biçilirdi. Onun yan tərəflərində aşağıda çapıq adlanan qabarıq hissələri olurdu ki, bu da bədənin daha gözəl və fiqurlu görünməsinə imkan verirdi.

Qadınlar arasında geniş yayılmış geyimlərdən biri də arxalıq idi. Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilirdi. Arxalığa beldən aşağı hissədə büzmə, yaxud qırcınlı müxtəlif endə ətək tikilirdi. Bəzi arxalıqlar gen və düz biçilirdi, yan hissədə isə çapığı olurdu.

Bu əsrdə ən gözəl qadın arxalıqları Şuşa, Şəki, Naxçıvan və Şamaxıda tikilirdi.

Zəngin qadın üst geyimlərindən biri də bu əsrdə kürdü olmuşdur. Kürdü sarıqlı və qolsuz idi. O, qış fəslində geyildiyi üçün onun boynuna, yaxası və ətəklərinə xəz tikilirdi.

Qadın ayaqqabısı forması bəzi kişi ayaqqabısına bənzəyirdisə də, onlardan öz zərif biçimi və gözəl bəzəkləri ilə ayrılırdı. Nisbətən kübar qadınların ayaqqabılarının üstünə tikmə salınır, içərisinə isə dabandan tutmuş pəncəyə qədər naxışlarla bəzənmiş gümüş parçası bərkidilirdi (respublikamızın bir çox muzeylərində saxlanılan belə qadın ayaqqabıları buna misal ola bilər).

XVIII yüzillikdə qadın baş geyimləri də əvvəlki dövrlərdə olduğu kimi çox müxtəlif olmuşdur.

Qadınlar saçı bir yerə yığmaq üçün cuna və kətandan istifadə edərdilər. Buna həm də tərgötürən vasitə kimi baxılırdı (Qəşbənd-Naxçıvanda). Sürüşməsi üçün qüllabıdan — (çəngəl, boğazaltı) əsasən qızıldan hazırlanar, uclarına üstünə qarmaq yapışdırılmış qızıl pul bərkidilərdi. Cuna ağ rəngli pambıq parçadan, çarqat isə narıncı, al çəhrayı rənglərdə və bəzən də saçaqlı olurdu. İpəkçiliyin inkişafı ilə bağlı olaraq əsasən kələğayıdan istifadə olunardı ki, bu baş örtüyü də yalnız azərbaycanlılara xas idi. Orijinal buta naxışlarından istifadə edilərək naxışlanardı. Kələğayının əlvan rənglərinə üstünlük verilərdi.Ləçəyin kələğayının üstündən bağlanmasına da təsadüf edilirdi. Deməli, eyni zamanda üç baş geyimi geyilirdi, birinci cuna (və ya kətan), ikinci kələğayı, üçüncü ləçək (və ya qəsabə, sərəndaz, zərbab). Soyuq havalarda bütün bu geyimin üstündən şal salardılar (tirmə şal, kəşmiri şal, təbii yundan əllə toxunmuş şal).

Arxeoloji və etnoqrafik tədqiqatlar göstərir ki, Azərbaycanda ipəyin tarixi Böyük İpək Yolunun meydana çıxması ilə sıx bağlıdır. 

Azərbaycan şairlərinin bir çox əsərlərində ipək hökmdarlara layiq parça kimi xatırlanıb, ən zərif hisslər, ən yaxşı insani keyfiyyətlər, qadın gözəlliyi ipəyə bənzədilib. Bu da təsadüfi deyil. Emal olunmuş ipək təbiətinə görə müstəsna xüsusiyyətləri ilə fərqlənir. İpək sap çox incə, amma eyni zamanda çox davamlıdır, yüngüldür, hava kimidir, amma ondan toxunmuş parçalar qalın, ağır və sərt ola bilir. İnanmaq çətindir, amma ipək soyuqda adamı isidir, istidə sərinlədir, çürümür, uzunömürlüdür və möhkəmdir. 

İpək parça rəngdən-rəngə keçməsi, bir qədər tutqun parlaqlığı ilə göz oxşayır, insana rahatlıq gətirir, xışıltısı isə hissləri oyandırır, xəyallara qanad verir. 

Geyimdə və interyerdə ipəkdən istifadə olunması incə zövq və firavanlığın əlamətidir. 

Azərbaycanda ipəkdən hazırlanan məmulatların içərisində kəlağayı xüsusi yer tutur.        

Bu kvadratşəkilli ipək baş örtüyü basmanaxış üsulu ilə bəzədilir və həyatda baş verən hadisələrin ruhuna uyğun şəkildə rənglənir. Baş örtüyünün kəlağayıya çevrilməsi üçün bu şərtlər vacibdir. Kəlağayı həm də böyük etik-estetik potensiala malik bir simvoldur. 

Hansı xalqın həyat tərzinə nəzər salsaq, mütləq ənənəvi qadın obrazları və geyimləri ilə rastlaşırıq və şübhəsiz ki, bu geyimlərin vacib elementlərindən biri də baş yaylıqlarıdır. Bəzi qadınlar yaylıqdan başlarını örtmək üçün istifadə edir, digərləri onu çiyninə atır, bəzi hallarda isə yaylıq qumaşa çevrilərək universal şəkil alır, yəni həm başı, həm çiyinləri, həm də bədəni örtür. 

Azərbaycan qadınlarının ənənəvi geyimlərində artıq üç əsrdən çoxdur ki, unikal bir element var – adına qədim dövrlərin rayihəsi hopmuş “Kəlağayı”. 

Unikal və ənənəvi qadın baş örtüyü olan “Kəlağayı” təxminən 300 il əvvəl meydana çıxıb. Alimlər Azərbaycanın İsmayıllı rayonunun qədim Basqal kəndində qorunub saxlanılmış naxışvuran dəzgaha məhz bu qədər yaş verirlər. Qaynar rənglər və mumla naxışların salınması üçün istifadə olunan forma və matrissaların isə 200 illik tarixi var.   

XIX-XX əsrlərin kəlağayılarında ən çox yayılan süjetlər tovuz quşu rəsmləri, mürəkkəb həndəsi naxışlarla uzlaşmış  yarpaq və gül şəkilləridir. 

Azərbaycanın müxtəlif regionlarında istehsal olunan kəlağayılar bir-birindən ornamentlərinə görə fərqlənir: Abşeron və Şəki üçün iri naxışlar xarakterikdir, Şamaxıda  xırda naxışlardan, Gəncə, Qazax və Qarabağ regionlarında isə iri və xırda naxışların kombinasiyasından istifadə olunur.  

Hər bir Azərbaycan sakini kəlağayını uşaq yaşlarından tanıyır. Nənələrimizin mütləq bir neçə ipək yaylığı olub. Zərif ipəyin üzərinə salınmış sehrli naxışlar uşaqların diqqətini cəlb edib, onları milli kolorit və ritmlərə yaxınlaşdırıb. 

Bu gün kəlağayıya yeni nəfəs verilir. Kəlağayı müasir və dəblə geyinən qadınların qarderobuna elə uyğunlaşıb ki, bütün modelyerlərimiz kolleksiyalarında ondan istifadə edirlər. Qadınlarımız bu təkraredilməz gözəlliyə malik ənənəvi baş yaylığını böyük məmnuniyyətlə alır və örtürlər. Kəlağayı ən adi paltara belə yaraşıq verir, onun məğzinə çevrilir. 

Azərbaycan milli geyimləri özünəməxsusluğu və bənzərsizliyi ilə seçilir.Bu mənada dünyanın diqqətini özünə cəlb etməyi bacardı. 2014-cü ildə Azərbaycandan UNESCO-nun qeyri mədəni irs siyahısına qadın baş örtüyü kələğayının düzəldilməsi və geyinilməsi ənənəvi incəsənəti və onun simvolizmi kimi daxil edilib.

Bu dövrdə ən çox yayılmış baş geyimlərindən biri araqçın idi. Lakin bu araqçınlar XVI-XVII yüzilliklərdəki araqçınlardan arxa tərəfdə hörük torbasının olmaması ilə fərqlənirdi.

XVIII yüzildə və sonralar Azərbaycanda “təsəkqabağı” adlı parçadan tikilmiş baş geyimi də geniş yayılmışdı. Daha çox qadınların alnını bəzəyən bu baş geyimlərini həmin dövrdə dərzilər yox, zərgərlər hazırlayırdılar.

Bu tip baş geyimləri əsas etibarilə Qarabağ, Gəncə, Qazax, Tovuz, Borçalı mahalında geniş yayılmışdı.

XIX əsrdə Azərbaycanın Bakı, Şamaxı, Şəki, Gəncə, Qazax və s. şəhərlərini gəzib orada milli geyimlərin naturadan şəkillərini çəkmiş rus rəssamları V.V.Vereşşaqin və Q.Q.Qaqarinin əsərləri də müəyyən əhəmiyyətə malikdir.

Azərbaycan ərazisini şərti olaraq bir neçə tarixi-etnoqrafik zonaya bölmək olar. Bunlardan Quba-Xaçmaz, Abşeron, Lənkəran-Astara, Şamaxı, Qarabağ, Naxçıvan-Ordubad, Qəbələ-Oğuz, Şəki-Zaqatala, Gəncə və Şəmkir-Qazax zonalarını göstərmək olar. Adları çəkilən tarixi-etnoqrafik zonalarda yaşayan azərbaycanlıların geyimlərinin əsasən eyni olması onların tərixən vahid etnik qrupa mənsub olmaqlarına bir sübutdur. Bu zonaların əhalisinin geyimlərindəki kiçik fərqlər Azərbaycanın vahid milli geyiminin yalnız lokal xüsusiyyətlərini əks etdirirdi.

Geyimlər Azərbaycanın ayrı-ayrı tarixi-etnoqrafik zonalarının lokal xüsusiyyətlərini əks etdirməklə bərabər, eyni zamanda onu geyən şəxsin yaşını, ailə və ictimai vəziyyətini də büruzə verirdi. Cavan qızın və ailəli qadının geyimlərində gözə çarpacaq qədər fərqlər olurdu. Cavan gəlinlər daha gözəl və zəngin geyinirdilər. Qızlar və yaşlı qadınlar bəzək şeylərindən az istifadə edirdilər.

Kişi geyimləri də qadın geyimləri kimi qeyd olunan tarixi-etnoqrafik zonalarda əsasən eyni idi. Kişi geyimlərindən də onun hansı təbəqəyə mənsub olduğunu müəyyən etmək çətin deyildi.

Uşaq geyimləri forma etibarilə yaşlıların geyimi ilə eyni olub, yalnız ölçüləri və yaş xüsusiyyətinə uyğunlaşma elementləri ilə fərqlənirdi.

Toy və bayram paltarları adətən qiymətli parçalardan tikilməklə bərabər gündəlik və iş paltarlarından fərqli olaraq müxtəlif qızıl və gümüş bəzəklərlə də ziynətləndirilirdi.

XIX əsrdə və XX əsrin əvvəllərində alt və üst paltarlardan ibarət olan Azərbaycan qadın geyimlərini iki hissəyə bölmək olar.

Qadın üst geyimləri üst köynəyi, arxalıq, çəpkən, ləbbadə, küləcə, kürdü, eşmək və baharıdan ibarət idi.

Qadın üst köynəyinin qolu əsasən uzun, enli və düz olurdu. Qolun çiyinə tikilən hissəsi əksərən düz, bəzi hallarda isə xırda qırçınlı olurdu. Qoltuğun altında adətən başqa rəngli parçadan xişdək qoyulurdu. Köynək boyun hissədə bir düymə ilə düymələnirdi. Üst köynəyi adətən qanovuz və ya faydan tikilirdi. Köynəyin boynuna, yaxasına, qolunun ağzına və ətəyinə sarıma bafta tutulurdu. Köynəyin ətəyinə qabaq hissədə qızıl ətəklik, mədaxıl, qızıl və ya gümüş qulplu pul da tikilirdi.

Çəpkən üst köynəyin üstündən geyilirdi. Çəpkən astarlı olub, belə qədər bədənə kip biçilirdi. Yan tərəflərdə ətəyə yaxın hissədə çapığı olan çəpkənin əlçək ilə bitən qondarma qolları olurdu. Bu qollar çiyindən aşağı boş sallanırdı. Bəzən bu qondarma qola düymələr də tikilirdi. Çəpkən tirmə, məxmər və müxtəlif zərli parçalardan tikilirdi. Çəpkənin yaxasına, çapığın qırağına, ətəyinə və qolunun kənarlarına sarıma və başqa baftalar, köbə, zəncirə, şahpəsənd və s. tutulurdu.

Arxalıq bütün Azərbaycanda ən geniş yayılmış geyimlərindən hesab edilir. Arxalıqlar müxtəlif olurdu.

Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilirdi. Arxalığa beldən aşağı hissədə büzmə, yaxıd qırçınlı müxtəlif endə ətək tikilirdi. Bəzi arxalıqlar gen və düz biçilirdi, yan hissədə isə çapığı olurdu. Arxalıqların qollarının da biçimləri müxtəlif olardı. Bəziləri düz və uzun olub, dirsəkdən aşağı əlçəklə qurtaran qondarma qol şəklində tikilirdi. Arxalıqların üçüncü forması lelüfər qollu olurdu. Dirsəyə qədər düz olan lelüfər qol, dirsəkdən aşağı zanbaq formalı açıq biçilirdi. Qolun ağzında arxalığın parçasından iki barmaq endə qırçın də əlavə edilirdi. Arxalıqların yaxası açıq olurdu. Əksər hallarda arxalıqlar döşdən aşağı belə qədər düymələnirdi. Bəzi arxalıqların yaxası düymələnmirdi. Arxalıqlar məxmər, tirmə və müxtəlif zərli xara parçalardan tikilirdi, sarıma və cürbəcür baftalarla bəzədilirdi.

Ləbbadə sırıqlı və astarlı olurdu. Ləbbadənin yaxası açıq olub, bel hissədə bağ ilə bağlanırdı. Ləbbadənin beldən bir qədər aşağıda yan tərəflərində qısa çapığı olurdu. Qolu qısa, dirsəyə qədər idi. Qoltuq yeri açıq biçilirdi. Ləbbadə tirmə, məxmər və müxtəlif zərli parçalardan tikilib, yaxası, qolunun ağzı və ətəyi zərif baftalarla bəzədilirdi.

Eşmək sırıqlı üst geyimidir. Eşməyin döşü və qoltuğunun altı açıq, qolları isə dirsəyə qədər biçilirdi. Eşmək tikmək üçün əsasən tirmə və məxmərdən istifadə edirdilər. Eşməyin içinə, yaxasına, qolunun ağzına və ətəyinə xəz qoyulurdu. Bundan əlavə qolunun ağzına, ətəyinə və yaxasına müxtəlif bafta və zəncirlər tikilirdi.

Kürdü qolsuz və sırıqlı qadın geyimidir. Yaxası açıqdır. Yan tərəflərdə çapıqları vardır. Kürdü tirmə və məxmərdən tikilirdi. Yaxasına, ətəyinə və qoluna xəz tikilirdi. Bundan əlavə əhali arasında geniş yayılan geyimlərdən biri də Xorasan kürdüsü idi. Xorasandan gətirilən bu kürdülər tünd sarı rəngli dəridən hazırlanır, üzərinə həmin rəngli ipək sapla naxış tikilirdi.

Baharı sırıqlı və astarlı qadın geyimidir. Bel hissəyə qədər bədənə kip oturan baharıya, xırda büzməli uzun ətək tikilirdi. Qolu düz və dirsəyə qədər, yaxası açıq biçilirdi. Baharını əsasən məxmərdən tikirdilər. Baharının yaxasına, ətəyinə və qolunun ağzına müxtəlif bafta, köbə və zəncirlər tikilirdi.

Küləcə belə qədər düz ətəyi büzməli olan qadın üst geyimidir. Yaxası açıq olan küləcənin uzunluğu dizə qədər, qolu isə dirsəkdən aşağı olurdu. Küləcə əsasən məxmər və tirmədən tikilirdi. Yaxasına, bel kəsiyinə, ətəyinə və qollarının ağzına çox vaxt güləbətin, muncuq, pilək və məlilə ilə tikmə tikilirdi.

Azərbaycanlı qadının geydiyi tumanın uzunluğu, Naxçıvan-Ordubad zonasından başqa, topuğa qədər olurdu. Naxçıvan-Ordubad zonasında qadınlar nisbətən qısa tuman geyirdilər. Tuman 112 taxta müxtəlif naxışlı ipək və ya yun parçalardan tikilirdi. Üst tumandan başqa onun altından geyilən tumanlara ara tumanı deyilirdi. Tumanlar büzməli yaxud qırçınlı olub lifəsinə tumanbağı keçirilirdi. Keci sapından toxunmuş tumanbağının iki baş tərəflərində rəngli ipək və güləbətin saplardan hazırlanmış qotazları olurdu. Tumanlar çitdən tutmuş tirməyə qədər hər cür parçalardan tikilirdi. Tumanın ətəyinə başqa parçadan köbə, müxtəlif baftalar, zəncirə və s. tutulurdu. Bəzi şəhərlərdə qadınlar küçəyə çıxarkən çaxçur da geyirdilər. Çaxçur müxtəlif ipək parçalardan tikilirdi.

Qadın üst geyimlərini daha da gözəlləşdirmək üçün evdə və sənətkar karxanalarında hazırlanmış müxtəlif çeşidli baftalar — sarıma, qaragöz, zəncirə, şahpəsənd və s. mövcud idi. Bunlardan əlavə qızıl va ya gümüşdən hazırlanmış qoza va katibi qoza düymələr də qadın geyimlərinin yaxası boyunca tikilirdi. Köynəyin ətəyinə tikmək üçün qızıldan kəsilmiş ətəklik və ya midaxıl istifadə olunurdu. Bəzən köynəyin ətəyinə qızıl pullar tikilirdi. Qadın geyimlərində güləbətin, muncuq, pilək və s. tikmələr də geniş yer tuturdu.

Qadınlar arxalıq və ya çəpkənin üstündən qızıl yaxud qızıl suyuna salınmış gümüş kəmər taxırdılar. Onlarla yanaşı dəri üzərinə gümüş pullar tikilmiş və gümüş toqqası olan kəmərlər də çox geniş yayılmışdı.

Qadın baş örtükləri içərisində kəlağayı, müxtəlif örpəklər, naz-naz və qaz-qaz ipək örtüklər xüsusilə geniş yayılmışdı. Kəlağayı Azərbaycanın Şəki, Gəncə və Şamaxı kimi məşhur ipəkçilik mərkəzlərində xüsusi karxanalarda istehsal edilirdi.

Bəzi yerlərdə qadınlar baş örtüyünün altından araqçın qoyardılar. Çox vaxt bu araqçınların üstünə qızıldan kəsilmiş müxtəlif formalı çaxma bəzəklər tikərdilər.

Azərbaycanda çarşab əsasən bəzi şəhər və şəhəryanı kəndlərin sakinləri üçün səciyyəvi idi. Evdən çıxarkən qadınlar başdan ayağa qədər çarşaba bürünürdü. Çarşab bir rəngli atlasdan, dama-dama keci parçadan və müxtəlif çeşidli ipək parçalardan olurdu. Çarşab örtən qadınlar bəzən rübənddən də istifadə edirdilər.

XIX əsr Azərbaycanlı kişilərin milli geyimləri də alt və üst paltarlardan ibarət idi.

Kişi üst geyimləri üst köynəyi, arxalıq, çuxa və şalvardan ibarət olurdu. Qeyd etmək lazımdır ki, xalq geyimlərinin çox geniş yayılmış olan bu dəsti, cüzi fərqlər nəzərə alınmazsa, bütün Azərbaycan ərazisi üçün səciyyəvi idi.

Kişi üst köynəyi iki növ olurdu: yaxası ortadan və yaxası yandan biçilən hər iki növün kiçik boyunduruğu olurdu. Köynəyin yaxası qaytandan olan düymə və ilgək ilə düymələnirdi. Kişi köynəkləri əsasən atlasdan və sətindən tikilirdi.

Arxalıq beldən kəsik və bədənə kip biçilirdi. Ətəyi qırçın və ya büzməli, qolları düz olub bilək hissəyə doğru daralırdı. Arxalıqlar bir, yaxud iki döşlü, kiçik boyunduruqlu və boğaza qədər düyməli olurdu. Arxalıqları kişmirdən, atlasdan, nazik mahuddan, sətindən, lastikdən və s. parçalardan tikirdilər. Arxalığın üstündən cavanlar qayış və ya kəmər, yaşlı və qoca kişilər isə qurşaq bağlayırdılar.

Çuxa kişi üst geyimlərindən biridir. Azərbaycanda iki cür — vəznəli və çərkəzi çuxalar mövcud idi. Hər iki çuxanın yaxası açıq biçilirdi. Çuxa belə qədər kip və astarlı, ətəyi büzməli yaxud qırçınlı tikilirdi. Bel hissəsində çuxanın bəndi olardı.

Vəznəli çuxanın qolları düz və uzun biçilib hər iki döşünə vəznə xəzinələri tikilirdi. Başları gümüş yaxud qızıl ilə ziynətləndirilmiş vəznələr xəzinələrə geydirilirdi.

Çərkəzi çuxa vəznəlidən qolunun biçiminə görə fərqlənirdi. Çərkəzi çuxanın şiş və ya dairəvi uclu əlcəkli qondarma qolunun astarı ipək parçadan tikilirdi. Bu qolların kəsiyi boyu çox vaxt qaytandan duzəldilmiş ilgək və düymələri olurdu. Çərkəzi çuxanın uzunluğu müxtəlif idi: bəzilərinin uzunluğu dizdən bir qədər aşağı, bəzilərininki isə dizə qədər olurdu. Çuxanı mahuddan və ya şaldan tikirdilər. Çuxanı müxtəlif qızılı bafta, sarıma və başqa parçadan köbə ilə bəzəyirdilər.

Kişi şalvarı lifə hissəsində nisbətən gen olub, ayaq tərəfə getdikcə daralırdı. Balaqların arasında üçbucaq formalı parça tikilirdi. Şalvarın lifəsinə keci sapından toxunmuş tumanbağı keçirilirdi. Tumanbağının uclarında qızılı və gümüşü güləbətin sapdan toxunmuş gözəl qotazları olurdu. Şalvar evdə toxunmuş şaldan yaxud müxtəlif çeşidli yun parçalardan tikilirdi.

Bəzi dağlıq rayonlarda kişi üçün üst qış geyimi qoyun dərisindən tikilən yaxası düyməli kürk hesab olunurdu. Ticarət mərkəzlərində və şəhərlərdə kişilərdən Xorasan kürkü geyənlər də vardı. Xorasan kürkünün üzəri ipək sapla naxışlanırdı. Dağlıq yerlərdə çobanlar qışda yapıncıya burunurdu.

Kişi baş geyiminə Azərbaycanda xüsusi əhəmiyyət verilirdi. Başı açıq gəzmək olmazdı. Ən geniş yayılmış kişi baş geyimləri müxtəlif biçimli dəri papaqlar hesab olunurdu: buxara və çərkəzi papaq (qara, çal və mixəyi buxara dərisindən), çobanların şələ papağı və başqaları. Tirmə və ipək parçalardan üzəri əksər hallarda güləbətin tikməli araqçınlar çox geniş yayılmışdı. Yaşlı kişilər və qocalar papağın altından ağ bezdən sırıqlı təsək qoyurdular. Gecələr isə kişilər sırıqlı şəbkulah geyirdilər.

Azərbaycanda toxunmuş yun corablar ən geniş istifadə olunan geyimlərdəndir. Corablar ipək və yun saplardan toxunurdu. Azərbaycanda toxunmuş corablar həm incə və gözəl naxışına və həm də saplarının rənglərinə görə fərqlənirdi. Onların naxışı xalça, tikmə, basma və parçalarda olan naxışların eynidir. Corablar dizə qədər uzun və topuğa qədər qısa şəkildə toxunulurdu.

Azərbaycanda müxtəlif rəngli tumaşdan tikilmiş ayaqqabılar çox geniş yayılmışdı. İstər qadın və istərsə də kişilərin geydikləri ən geniş yayılmış ayaqqabı başmaqlar hesab olunurdu.

Qadınlar üzü tikməli başmaq və ya uzun boğazı olan tikməli çəkmələr də geyirdilər. Aşılanmış və xam göndən hazırlanmış kişi ayaqqabıları adətən bir rəngli və naxışsız olurdu. Şəhərlərdə kişilər başmaqçıların tikdikləri başmaq və ya nəleyin geyirdilər. Kənd yerlərində isə xam göndən tikilmiş çarıqlar daha çox yayılmışdı. Çarıqların bağları yun ipdən toxunulurdu.

Müxtəlif bəzək şeyləri geyimləri tamamlayır, onun milli xüsusiyyətini zənginləşdirirdi. Zərgərlər bəzək məmulatını qızıl və gümüşdən düzəldirdilər. Qiymətli qaş-daş: brilliant, almaz, zümrüd, yaqut, mirvari, firuzə, əqiq va s. istifadə olunurdu. Azərbaycanın zərgərlik məmulatı mərkəzləri Bakı, Gəncə, Şamaxı, Şəki, Naxçıvan, Şuşa şəhərləri idi. Yerli zərgərlər əhaliyə lazım olan hər cür zərgərlik məmulatı hazırlayırdı. Dağıstanın Kubaçi zərgərlərinin istehsal etdikləri gümüşdən qayrılmış qadın və kişi kəmərləri də Azərbaycanda böyük şöhrət tapmışdı.

Azərbaycan qadınları bəzəkləri çox sevir, onlardan geniş və bacarıqla istifadə edirdilər.

Qadınların istifadə etdikləri bəzək şeylərinin dəstinə imarət deyirdilər. Bura müxtəlif çeşidli baş və döş bəzəkləri, üzüklər, sırğalar, kəmər, bazubənd və bilərziklər daxildir.

BƏDİİ METAL

Azərbaycan xalq sənətinin çox qədim və zəngin ənənələri vardır.

Naxçıvan, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə və s. yerlərdən əldə edilmiş metaldan düzəldilmiş sənət əsərlərinin yaşı 5000 ilə yaxındır. Bu ərazidən tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.

Azərbaycanda eneolit dövründə mis kəşf edildikdən sonra metal ibtidai icma cəmiyyətinin iqtisadi, təsərrüfat, ictimai və mədəni həyatında görkəmli rol oynamağa başlayır. Bu zaman qurğuşun, qalay, marqans metallarının kəşfi Azərbaycan tarixində yeni və mütərəqqi bir dövrün, tunc dövrünün başlanması ilə bağlıdır.

Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət şeyləri düzəldib öz həyat və məişətində istifadə edirlərmiş.

Bu dövrdə tuncdan düzəldilmiş məmulatlar öz dəqiq işlənməsi və bəzən çox orijinal formalarda olmalarına baxmayaraq, əsasən bəzəksiz idi. Abidələr içərisində öz orijinal forması və dəqiq işlənməsi ilə Qarabağın Dolanlar kəndindən tapılmış ikibaşlı tunc maral fiqurunu göstərmək olar. Qədimdə metal əsas etibarı ilə dini xarakter daşıyan bədii sənət əsərlərinin düzəldilməsində istifadə olunduğuna görə, çox güman ki, maral bütövlükdə bu ərazidə yaşayanların pərəstiş etdikləri totem imiş.

Tuncdan düzəldilmiş qədim dövr abidələrimiz içərisində öz bədiiliyi və sənətkarlığı baxımından diqqəti cəlb edən əsərlərdən biri də kəmərlərdir. Qarabağ, Qazax, Gədəbəy və s. yerlərdən əldə edilmiş bu tunc kəmərlər üzərindəki zoomorf rəsmləri və naxışları ilə adamı valeh edir.

Metaldan düzəldilmiş sənət nümunələri içərisində elələri vardır ki, onların üzərində olan bəzək və təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri, dini görüşləri və geyimləri ilə yaxından tanış ola bilərik. Belə sənət nümunələri içərisində Mingəçevirdən tapılmış e.ə. VIII-VII əsrlərə aid başı möhürlü tunc üzüklər xüsusilə diqqəti cəlb edir. Bu möhürlərin üzərindəki şirlə vuruşan adam, nizə və qalxanlı döyüşçü və oda sitayiş edən şəxsin təsvirləri hər şeydən əvvəl, o zamankı dövrün geyimləri və insanların adətləri haqqında bizdə təsəvvür yaradır.

Maraqlı burasıdır ki, burada təsvir olunan geyim, silah və məişət əşyalarının eynisinə yunan alimi Strabonun (e.ə. 63-19) Qafqaz əhli haqda verdiyi məlumatlarında da rast gəlirik. Həmin dövrdə Cənubi Azərbaycanda metal emalı daha yüksək səviyyəyə çatmışdır.

Bu inkişaf Cənubi Azərbaycanda arxeoloji qazıntılar zamanı aşkar edilmiş zərgərlik sənəti nümunələrində özünü göstərə bilmişdir.

Təbriz şəhərindən təqribən 70 km aralı Urmiya gölü ətrafında yerləşən Həsənli, Qaratəpə, Ziviyə və s. yerlərdən tapılmış nadir sənət əsərləri nəinki qədim Azərbaycanın tarixini və incəsənətini işıqlandıra bilən mühüm əhəmiyyətə malik olan materiallardır, həmdə qədim Yaxın və Orta Şərq mədəniyyətinin inkişafı problemlərinin məsələlərini aydınlaşdıra biləcək çox qiymətli sənəddir.

Tehranın Arxeoloji muzeyində nümayiş etdirilən sənət abidələrimiz içərisində Həsənli təpəsindən tapılmış qızıl cam xüsusilə diqqəti cəlb edir. Camın üzərindəki rəsmlər bəzi yerlərdə iki cərgə, bəzi yerlərdə isə üç cərgə şəklində yerləşdirilərək, bütün əşyanı başdan-ayağa qədər örtmüşdür. Qızıl camı tapan Amerika arxeoloqu Robert Dayson qabın üzərindəki təsvirlərə əsaslanaraq onun təxminən e.ə. IX-VIII əsrlərdə yarandığını bildirir.

Azərbaycan mədəniyyətinin bu dövrlərdə qonşu dövlətlərlə qarşılıqlı əlaqəsini Urmiya gölü ətrafında Ziviya mahalından tapılmış e.ə. VIII-VII əsrlərə aid olan qızıl döşlük də əyani şəkildə təsdiq edir. Döşlük rəsmlərlə bəzənmişdir. Burada şir, qoç, it, dovşan, başı insan bədəni qanadlı şir fiqurları həkk olunmuşdur.

Qızıl döşlüyün üzərindəki canlı təsvirlər içərisində insan başlı, şir bədənli fiqurlar xüsusilə diqqəti cəlb edir. Bunlar öz ümumi görünüşü, kompozisiyası və işləmə üsulu ilə qədim Assuriyada II Sarqonun sarayının girişində qoyulmuş, tarixdə “Şedu” adı ilə məşhur olan heyvanları xatırladır. Qeyd etmək lazımdır ki, elə bu heykəllər də e.ə. VIII-VII əsrlərdə yaradılmışdır. Bütün bunlar Azərbaycan mədəniyyətinin inkişaf etdiyini bir daha göstərir.

Azərbaycan el sənətləri tarixində ən zəngin dövrlərdən birini orta əsrlər təşkil edir. Bu dövrdə yaradılmış məişət əşyaları içərisində Mingəçevirdən arxeoloji qazıntılar zamanı tapılmış və hazırda Bakıda Azərbaycan Tarixi muzeyində nümayiş etdirilən qab-qacaqlar xüsusən maraqlıdır. Bu qablar içərisində gümüşdən düzəldilmiş nimçə öz incə naxışları və gözəl forması ilə həmişə tamaşaçıların nəzərini cəlb edir. Nimçəni canlandıran əsas şərtlərdən biri onun üzərindəki ardıcıl təkrar olunan qabarıq xətlərdir. Bunlar bir barelyef kimi özündə işıq və kölgə əmələ gətirir və beləliklə bütün əşyanı bədiiləşdirir. Yenə Azərbaycan Tarixi muzeyində nümayiş etdirilən, həmin dövrə aid olan çox zərif aftafa da bu üslubda bəzədilmişdir.

Milli ənənələrimizə sadiq qalan məişət əşyaları sırasına vaxtı ilə Dağıstandan tapılmış, hazırda Sankt-Peterburqun Ermitajında saxlanılan bürünc məcməini də aid etmək olar. Məcməinin üzərinə döymə üsulu ilə həkk edilmiş gül, çiçək, budaq rəsmləri və onların ümumi kompozisiyası öz üslub xüsusiyyətlərinə görə bu orijinal sənət əsərini VI-VII əsrlərə aid edir. Məcməinin ortasında böyük medalyonda verilən nəbati ornament motivləri xüsusilə diqqəti cəlb edir.

Azərbaycan sənətkarları bu əsrlərdə metaldan təkcə məişət əşyaları yox, zərif zinət işləri də hazırlayırdılar.

Mil düzündə, Qəbələdə, Mingəçevirdə, Naxçıvanda və s. yerlərdə qazıntı işləri zamanı əldə edilmiş qızıl, gümüş kəmər hissələri, üzük, qolbaq və s. şeylər zərgərliyin Azərbaycanda hələ ilk orta əsrlərə qədər də yüksək səviyyədə olduğunu göstərir. Zərgərliyin ən mürəkkəb texniki üsullarında: şəbəkə, basma, qələm işi və s. bəzədilmiş bu sənət nümunələri öz orijinal formaları və zərif işlənməsi ilə fərqlənir.

Maraqlı burasındadır ki, bu əsr zərgərlik nümunələri üzərində rast gəlinən bəzək ünsürləri, məsələn, aypara, beşguşəli ulduz və s. motivlər dövrümüzə qədər gəlib çatmış və müasir sənətkarlarmız tərəfindən işlənməkdədir.

XI-XV əsrlərdə Azərbaycan metal sənəti yüksək inkişaf mərhələsi keçmişdir. Bu dövrdə metaldan müxtəlif növlü silahlar, müxtəlif formalı ev avadanlığı və s. sənət nümunələri hazırlanmışdır ki, bunların da bir çoxları dövrümüzə qədər gəlib çata bilmişdir. Əvvəlki dövrlərdə olduğu kimi, yenə də Gəncə, Şamaxı, Naxçıvan, Təbriz metal məmulatı hazırlayan mərkəzlərdən idi. Aparılmış arxeoloji qazıntılar göstərir ki, XII əsrdə və nisbətən sonralar Bakı şəhəri bu sahədə görkəmli yerlərdən birini tutmuşdur.

Bu dövrdə metaldan düzəldilmiş abidələr içərisində diqqəti cəlb edən yüksək sənətkarlıq nümunələrindən biri Sankt-Peterburqun Dövlət Ermitajında saxlanılan 1206-cı ilə aid tuncdan tökülmüş Şirvan lüləyinidir. İlk baxışda bunun adi bir su qabı olduğunu müəyyən etmək bir qədər çətindir. Çünki qab kiçik heyvan heykəllərindən ibarətdir. Kompozisiya stilizə edilmiş formatda yaradılmışdır. Tunc lüləyinin üzəri cızma və xatəmkarlıq üsulunda gümüşlə bəzədilmişdir. Şirvan lüləyinin ornamental bəzəkləri arasında qiymətli tarixi mənbə olan yazılar da vardır. Yazıların birində bu gözəl sənət nümunəsini yaradan sənətkarın adı “Əli Məhəmməd oğlü” həkk olunmuşdur.

Bu dövrlərdə yaranmış sənət nümunələri içərisində tapılmış metal məmulatları da diqqəti cəlb edir. Bu nümunələr əsas etibarı ilə İçərişəhərdə Şirvanşahlar sarayı qoruğunda aparılan arxeoloji qazıntılar zamanı əldə edilmişdir. Həmin metal nümunələri içərisində tuncdan düzəldilmiş bədii bir çıraq xüsusilə diqqəti cəlb edir.

Çıraq başdan ayağa qabartma səpgisində düzəldilmiş müxtəlif tipli təsvirlərlə bəzədilmişdir. Burada real bir səpgidə at, iki öküz, on dörd pişik başı və iki insan sifəti təsvir olunmuşdur.

Şirvan ərazisi ilə əlaqədar olan abidələrə Quba rayonundan tapılmış XIII-XIV əsrlərə aid edilən bürünc manqalı da aid edə bilərik. Hündürlüyü 30 sm, ağzının dairəsinin mühiti 131 sm, diametri 41 sm, yarımşar formasında olan bu bürünc manqal öz orijinal forması və ornamental bəzəkləri ilə diqqəti cəlb edir. Manqal üzərindəki verilmiş yazılar onun misgər Əhməd Məhəmməd oğlu tərəfindən düzəldiyini bildirir. Metalişləmə sənətkarlığı sahəsində bu əsrlərdə Azərbaycanın Beyləqan, Gəncə, Naxçıvan və Təbriz şəhərləri də mühüm mərkəzlərdən sayılır.

Arxeoloji qazıntıdar zamanı bu yerlərdən əldə edilmiş sənət nümunələri bunu bir daha təsdiq edir. Bu yerlərə aid sənət nümunələri içərisində Beyləqandan (Örən-qala) tapılmış bürünc insan, quş fiqurları və hazırda Parisdə Luvr muzeyində saxlanılan Osman Salman oğlu Naxçıvani tərəfindən 1190-cı ildə düzəldilmiş bürünc dolça xüsusi ilə maraqlıdır.

Sadaladığımız sənət abidələrindən görünür ki, bu əsrlərdə həyat və məişətdə istifadə edilən metal məmulatların əksəriyyəti bürüncdən düzəldilmişdir.

XIV-XV əsrlərdə bədii metal sənətkarlığı sahəsində Təbriz şəhəri görkəmli yerlərdən birini tutur. Hələ XIII əsrin II yarısında Azərbaycana gəlmiş məşhur Venesiya səyyahı Marko Polo Təbriz şəhərinin böyüklüyündən, müxtəlif sənətkarlığın inkişafında onun tutduğu mövqedən danışır. Hazırda dünyanın bir çox görkəmli muzeylərində bu əsrlərdə Təbrizdə yaradılmış bir çox orijinal bədii metal sənəti nümunələri nümayiş etdirilir. Bunlardan 1319-cu ildə Yusif ibn Əhməd Təbrizi tərəfindən düzəldilmiş və hazırda Londonda Viktoriya və Albert muzeyində nümayiş etdirilən bədii kasanı və Sankt-Peterburq Dövlət Ermitajında saxlanılan tunc tiyanı xüsusilə qeyd etmək lazımdır.

Üzərində milli ənənləri əks etdirən bu dövrə aid sənət nümunələri içərisində diqqəti ən çox cəlb edən abidə 1399-cu ildə Təbrizdə Əbdül Əziz Şərəfəddin oğlu tərəfindən düzəldilmiş tiyandır. Ağırlığı 2000 kq və diametri 2,45 sm-ə yaxın olan bu nəhəng tiyan şərq aləmində düzəldilmiş ən böyük tiyanlardan sayılır. Tiyanın şöhrəti təkcə onun misli görünməyən böyüklüyündə olmasında deyil, həm də bədii tərtibatındadır. Tiyan üz tərəfdən dairəvi gözəl nəbati naxışlarla bəzədilmişdir. Naxışlar arasında nəsx xəttilə bu tiyanın Teymurləngin sifarişi ilə Xoca Əhməd Yasəvi məscidi üçün 1399-cu ildə Təbrizlə sənətkar Əbdül Şərəfəddin oğlu tərəfindən düzəldiyi qeyd olunmuşdur. Bundan əlavə burada bir-birinin ardınca qazan boyu 22 dəfə təkrar olunan “Dünyanın hökmdarı Allahdır” sözləri də yazılmışdır.

Təbrizlə yanaşı, bu dövrdə və sonralar Azərbaycanın başqa şəhərlərində də bədii metal sənətkarlığının inkişaf etdiyini göstərən çoxlu faktik nümunələr vardır. Hazırda Amerikada cənab Hararinin şəxsi kolleksiyasında XV əsrə aid çox orijinal bir bürünc istirlab saxlanmaqdadır. Astronomiya elmində istifadə edilən bu cihaz üzərindəki qeydlərə görə 1468-ci ildə məşhur Şirvan ustası Şükrullah Müxis tərəfindən hazırlanmışdır. Bu istirlab öz dövrünə görə yüksək texniki bir cihaz olmaqla bərabər, üzərindəki bəzəkləri ilə də nəzəri cəlb edir.

XVI-XVII əsrlərdə metaldan ev avadanlığı, silah və bəzək nümunələri düzəltmək Təbriz, Ərdəbil, Marağa, Naxçıvan, Gəncə, Şamaxı və Bakı şəhərlərində xüsusilə geniş inkişaf etmişdir. Bu dövrdə xaricdə Azərbaycan sənətkarları tərəfindən hazırlanmış silah (xəncər, qılınc, topuz, qalxan) və zirehli geyimlər (başlıq, dirsəklik, dizlik və s.) xüsusilə geniş şöhrət tapmışdır.

Rus mənbələrində biz bu əsrlərdə Şamaxıda düzəldilmiş silahların adlarına tez-tez təsadüf edirik. Belə mənbələrin birində rus çarı Boris Qodunovun 8 ədəd Şamaxı sənətkarları tərəfindən düzəldilmiş bəzəkli zirehli başlıqlarından bəhs olunur.

Bu dövrdə Azərbaycan silahlarının belə geniş şöhrət tapması əbəs yerə deyil. Yerli sənətkarlar ənənəvi silahların düzəldilməsində indi bir çox yeniliklər icad etmişdilər.

XV əsrdə geniş yayılmış düz və enli qılınclar əvəzinə indi əyri ayparaya bənzər qızıl, gümüş və qiymətli sümük dəstəkli qılınclar daha çox yayılmağa başlayır.

Qalxan və zirehli geyimlərin də tərtibatı əvvəlki dövrlərə nisbətən xeyli zənginləşmiş və dəbdəbəli olmuşdur.

Hazırda Kremlin silah palatasında saxlanılan XIV əsrə aid bir qalxan xüsusilə diqqəti cəlb edir. Misli görünməyən gözəlliyi olan bu qalxan deyildiyinə görə rus çarı M.F.Romanovun müharibə vaxtı özünü qoruduğu silahlardan olmuşdur. Sonra bu qalxan məşhur rus sərkərdəsi F.İ.Mstislavskidə olmuş, 1622-ci ildə o öldükdən sonra isə daimi olaraq rus çarlarının xəzinəsinə verilmişdir. Diametri 50,8 sm olan bu qalxan bütöv qırmızı poladdan döyülərək üzəri xatəmkarlıq üslubunda qızılla bəzədilmişdir.

Azərbaycanda bu dövrdə düzəldilmiş  iki maraqlı əsəri də qeyd etməliyik. Bunların ikisi də müharibə zamanı zadəganlar tərəfindən istifadə edilən baş geyimləridir. Bunların birisi hazırda Moskvada Silah palatasında, o birisi isə İstanbulda saxlanılır. İkinci başlığın üzərində onun 1528-ci ildə Şah Təhmasib üçün düzəldiyi qeyd olunmuşdur.

Birinci zirehli başlığa ilk dəfə Şamaxıdan rus çarı Boris Qodunova gətirilən silahların siyahısı arasında rast gəlirik. Sonralar bu dəbilqə də bədii qalxan kimi knyaz F.Mstislavskidə olmuşdur.

Bəhs etdiyimiz sənət əsəri o qədər bəzəklidir ki, o başı qılınc, toppuz və s. zərbəsindən qorumaq üçün geyilən müdafiə geyimlərindən daha çox güləbətin tikməli araxçını xatırladır.

Başlığın bəzəkləri içəriçində xəttatlıq sənəti nümunələri də vardır. Onlar başlığın alın hissəsində enli qurşaqla yerləşdirilmişdir. Burada “Qadir və mərhəmətli Allah naminə” sözləri yazılmışdır.

Başlıq hamarlanmış poladdan düzəldilmiş, onun bəzədilməsində bədii metal emalının üç texniki üsulundan: şəbəkə, xatəmkarlıq və qələm işindən məharətlə istifadə olunmuşdur.

XVI-XVII əsrlərdə metaldan düzəldilmiş bədii sənət nümunələrinin ayrılmaz bir qolunu da zinət işləri təşkil edir. Bunlar əsas etibarı ilə qızıl və sümükdən düzələrək həyatda qadın və kişi bəzəyi kimi istifadə edilirdi.

Ümumiyyətlə, qiymətli metallardan düzəldilmiş qızıl-gümüş bəzəkləri gəzdirilməsi və geyilməsinə görə 4 hissəyə bölünür: 1. boyun bəzəkləri; 2. qol və barmaq bəzəkləri; 3. baş bəzəkləri; 4. libaslara bənd olunan bəzəklər.

Bu əsrlərdə düzəldilmiş və dövrümüzə qədər gəlib çatmış zərgərlik nümunələri içərisində iki əsəri qeyd etmək olar. Bunlardan biri Gədəbəy rayonunda qazıntı işləri zaman; Səfəvi sikkələri ilə birlikdə aşkara çıxmış badam və nar dənələri formalı üstü naxışlı gümüş boyunbağı, o birisi isə I Şah İsmayılın 1507-ci il tarixli qızıl kəməridir.

Şah İsmayılın qızıl kəməri xüsusilə maraqlıdır. Hazırda İstanbulda Topqapı sarayı muzeyində saxlanılan bu kəmər kişi kəmərlərinin ən zəngin və bəzəkli nümunələrindəndir. Kəməri bəzəyən nəbati ornamental naxışlar dövrün xalça, parça və qeyri sənət nümunələrində rast gəlinən bəzəkləri xatırladır. Kəmərin ən gözəl hissəsini onun toqqası təşkil edir. Dairə formasında olan bu toqqada real səpkidə at belində ova çıxmış bir zadəgan gənc və onu müşahidə edən bələdçi təsvir edilmişdir.

Toqqa içərisindəki təsvirlər həm ümumi kompozisiya, həm də ayrı-ayrı motivləri ilə dövrün miniatür sənətindəki bəzi süjetləri xatırladır.

XVIII əsrdə Azərbaycanda ən çox misgərlik inkişaf etmişdir. Xarici ölkə səyyahları Təbriz, Gəncə, Şəki, Şuşa, Şamaxı, Bakı şəhərlərində bu əsrlərdə xüsusi misgərlik küçəsi olduğunu və orada misdən bəzəkli, orijinal formalı qab-qacaqlar düzəldiyini qeyd edirlər.

Azərbaycanda bu əsrlərdə elə yerlər var idi ki, nəinki bir-iki küçə, hətta əhalinin əksəriyyəti misgərlik sənəti ilə məşğul olurdu. Belə mərkəzlərdən biri o vaxtlar Şamaxı xanlığına daxil olan Lahıc idi.

Lahıcda bu əsrlərdə külli miqdarda məişət əşyası və ev avadanlığı (dolça, satıl, aftafa, sərnic, məcməyi, sərpuz və s.) hazırlanırdı. Lahıcda istehsal olunmuş məhsullar həm kəmiyyət və həm də keyfiyyət etibarı ilə heç də o dövrün mərkəzi şəhərlərində hazırlanan məhsullardan geridə qalmırdı.

Lahıcda düzəldilmiş metal məmulatları içərisində əlimizdə olan sənət nümunələrimizdən XVIII əsrə aid olan bir samovar xüsusilə diqqəti cəlb edir. Samovar öz proporsiyalarının düzgünlüyü, formasının gözəlliyi ilə bərabər üzərindəki bəzəkləri ilə də diqqəti cəlb edir. Burada stilizə olunmuş nəbati, zoomorf və insan təsvirləri həkk olunmuşdur. Samovarın dekorativ tərtibatında istifadə olunan naxışların əksəriyyətinə biz Azərbaycan el sənətinin bir çox növlərində (daş və divar bəzəkləri, parça, tikmə və s.) rast gəlirik. Samovar Lahıc kəndinin sakini misgər usta Nəcəfqulu tərəfindən hicri dövründə 1130-cu ildə (1717-ci ildə) misdən hazırlanmış və bəzədilmişdir.

XVIII əsrdə Şəki şəhəri də metaldan ev avadanlığı, bəzək nümunələri düzəltməkdə görkəmli yerlərdən birini tuturdu.

Mənbələr göstərir ki, bu əsrlərdə Şəki sənətkarları bəzəkli tökmə manqallar düzəltməkdə xüsusilə şöhrət qazanmışdılar.

Bu manqallar çox böyük deyildir. Onların əksəriyyəti 6-8 ədəd biri digərinə qarmaqla bənd edilmiş tökmə bürünc hissəciklərindən təşkil edilmişdir. Bu tökmə bürünc hissəcikləri üzərində qabarıq bir səpkidə nəbati, həndəsi ornamentlərlə yanaşı, quş və heyvan fiqurlarına da rast gəlirik.

Nəbati naxışlar içərisində dalğavari xətt üzərində gül, çiçək, yarpaq bənd olunmuş “İslimi” adlı kompozisiya, həmçinin üz-üzə dayanmış bülbül və şir fiqurları əsas yer tuturlar.

XVIII əsrdən dövrümüzə qədər bir çox zərgərlik sənəti nümunələri də gəlib çatmışdır.

Bu əsrlərdə Azərbaycan qadınları tərəfindən istifadə edilən bəzək nümunələrindən ən geniş yayılanı boyun bəzəkləri idi. Bunlardan: sinəbənd, boğazaltı, çəçik, qarabatdaq və s. göstərmək olar.

Bu tipli bəzəklər qiymətli muncuq, mirvari və ya paxlava, arpa formalı qızıl, gümüş hissəciklərinin biri o birinə bənd edilməsi ilə düzəldilirdi. Bir çox hallarda bu boyun bəzəklərinin yaxşı görünməsi üçün aşağı hissəsindən sinə üstə dairə formasında üzəri şəbəkəli başqa bir hissə də bənd edilib sallanırdı. Bəzən bu bəzəkli dairə əvəzinə, şəbəkə, qələm işi və s. texniki üsula işlənmiş 6, 8 və ya 12 guşəli, ortasında yaqut və ya firuzə qaşı olan ulduz, onun da altını tamamlayan aypara yerləşdirilərdi.

Bu əsrlərdə yaradılmış ən gözəl zərgərlik nümunələri sırasında hazırda Zaqatala ölkəşünaslıq muzeyində saxlanılan 2 eyni tipli qadın baş geyimlərini də aid etmək olar.

Haqqında bəhs etdiyimiz baş geyimləri ilk nəzərdə dəbdəbəli bir dəbilqəni andırır.

Başlıq müxtəlif ölçülü və formalı gümüş hissəciklərinin bədii bir şəkildə biri o birinə halqa ilə bağlanmasından təşkil edilmişdir. Bu bəzəkli gümüş hissəcikləri yeknəsəq görünməsin deyə onların arasında daş-qaşla bəzədilmiş dairə formasında lövhələr verilmişdir. Onlar başlığın yan və təpə hissəsində yerləşdirilmişdir. Başlığın ən gözəl hissəsi onun təpəsindən yuxarı uzanan boruya bənd edilmiş zərif aypara ilə ulduz fiqurudur.

Zərgərlik nümunələrimizin keçmiş ənənələrlə sıx əlaqəsini bu dövrdə düzəldilmiş qadın və kişi kəmərləri xüsusilə əyani bir şəkildə təsdiq edir.

Qeyd etmək lazımdır ki, ümumiyyətlə, kəmər keçmişdə qadın və kişi geyimlərinin ayrılmaz bir hissəsini təşkil edirdi. Araşdırmalar göstərir ki, keçmişdə kəmərlə onu gəzdirən şəxsin və vəzifəsini, var-dövlətini, dini əqidəsini, milliyətini və hətta yaşını belə bilmək olurdu.

XVIII əsrdə Azərbaycanda kəməri həm kişilər, həm də qadınlar taxardılar. Adətə görə qadınlar enli, kişilər isə nazik kəmərlər taxardılar.

Bu əsrlərdə kəmərlər fiqurlu və bəzəkli bürünc, gümüş və ya qızıl hissələrindən düzəldilərdi. Onların ən gözəl hissəsini toqqalar təşkil edirdi. Toqqalar, adətən, üzəri şəbəkə, qələm işi, bəzən isə daş-qaşla bəzədilmiş enli dördkünc metal hissəsindən ibarət olurdu. Əksər hallarda kəmərin aşağı hissəsinə qadınlarda 23 cərgə qızıl-gümüş pullar və ya paxlavavari, buta formalı bəzəklər, kişilərdə isə ətəyə qədər uzanan hissəsinin üzərinə müxtəlif fiqurlu metal hissəcikləri taxılmış bir neçə qayış bənd edilirdi.

XVIII əsrdə Azərbaycanda ən geniş yayılmış kəmərlərdən biri “çərkəzi kəmər” adlı kişi kəməri idi. Belə kəmərin üzərinə arabir paxlava, dairə, bəzən üz-üzə dayanmış at, qoç təsvirləri, üzəri qarasavad, basma üsulu ilə bəzədilmiş etal fiqurları bənd edilirdi.

XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə 6 texniki üsulla bəzədilirdi. Bunlar: döymə, basma, qarasavad, şəbəkə, xatəmkarlıq və minaçılıqdır.

Döymə ən qədim üsullardan biridir. Sənətkarlığın başqa texniki üsullarına nisbətən xeyli sadədir. İti göz və böyük ustalıq tələb edir. Sənətkarlar çəkic və ucu nazik alətlərlə işləyirlər.

Basma üsulunda istənilən ölçüdə qızıl, gümüş və qiymətli metal parçasını hündür naxışlı və yaxud rəsmli qəlib üstə qoyurlar. Sonra bu qiymətli metal parçasının üstündən də elə bu ölçüdə qurğuşun parçası qoyaraq, taxta çəkiclə döyməyə başlayırlar və beləliklə, qiymətli metal istənilən rəsmin formasını alır. Basma üsul daha çox kəmər, düymə, qolbaq və s. şeylərin düzəldilməsində işlədilirdi.

Qarasavad əsas etibarı ilə gümüş üzərində işlənirdi, çünki gümüş qara yerlikdə (tonda) daha təmiz və ağ xətlər verir. Döyülmüş hamar gümüş səthinin üzərində cızma üsulu ilə rəsm çəkilir, sonra onun ətrafı qara məhsulla örtülürdü. Qarasavad üsulu ilə daha çox zinət şeyləri (kəmər, xəncər, tapança, barut qabı və s.) bəzədilirdi.

Şəbəkə zərgərlikdə nazik dolama simdən düzəldilmiş rəsmə və yaxud naxışlara deyilir. Şəbəkə əsasən iki şəkildə olur; birincisi qızıl və gümüş tellərlə əşyanın əsasını təşkil edir, ikincisi isə həmin əşyanın üzərini bəzəyir.

Xatəmkarlıq Azərbaycanda zərgərlik sənəti sahəsində böyük irsə malikdir. Xəncər, qılınc, müxtəlif bədii sənət nümunələrini bu üsulla bəzəmək üçün istənilən çeşni əsasında həmin cismi üzdən azacıq deşir, sonra bu dəliklər qızır, gümüş və s. rəngli metal mıxlarla doldurulur. Bütün bu proses qurtardıqdan sonra cismin üstü hamarlanır və elə bil gözəl bir mozaikanı andırır. Xatəmkarlğın ən çətin və maraqlı sahəsindən biri əşyanın üzərində qiymətli metallarla yazı yazmaq və rəsm çəkməkdir. Bu, sənətkardan böyük zövq və ustalıq tələb edir. Azərbaycan sənətkarları bu sahədə də böyük məharət göstərmişlər.

Minaçılıq Azərbaycan zərgərlik sənətini yüksəklərə qaldıran sahələrdən biri idi. Minaçılığın ən çətin və maraqlı sahələrdən biri pərdəli minadır ki, o ən çox Təbrizdə, Naxçıvanda və Bakıda işlənirdi.

Minaçılıq sənətinin üsulu oyulmuş bir rəsmin, naxışın içini rəngli mina mayesi (şirəsi) ilə doldurmaqdan ibarətdir. Bundan ötrü qızıl, gümüş və qeyri metal parçdan üzərində lazım olan (quş, heyvan, bitki və s.) rəsmli naxışlı qəlibi basma üsulu ilə ona keçirdikdən sonra buradan əmələ gələn boşluqları mina mayesi ilə doldururlar.

Azərbaycan minaçılığında ən çox işlədilən rənglər açıq çəhrayı, yaşıl, göy, firuzəyi, qara və qırmızı olmuşdur.

Digər ölkələrin minaçılarına nisbətən Azərbaycan minaçılarının əsərləri daha çox şöhrət qazanmışdı, çünki onların əsələrində qarışıq, bulanlıq rəng olmazdı. Onların rəsmin boşluqlarına tökdükləri hər rəngin öz xüsusiyyəti olduğundan bu rənglər qızır və s. tel pərdəsi ilə bir-birindən ayrılır. Azərbaycan minalarının belə rəngarəng olması, bu rənglərin bir-birinə ahəngdarlığı insanı valeh edir.

XIX-XX əsrin əvvəllərində Azərbaycanda metalişləmə sənətkarlığının əsas etibarı ilə 3 növü inkişaf etimişdir. Bunlar dəmirçilik, misgərlik və zərgərlik sənəti idi. Dəmirçilər əsas etibarı ilə kənd təsərrüfatı alətləri və məişətdə işlədilən əşyalar hazırlayırdılar: manqal, sacayağı, qapı dəstəyi, maşa və s.

Azərbaycanda böyük irsə malik olan misgərlik sənəti bu əsrlərdə də metal işləmə sənətində görkəmli yer tuturdu. Xalqımızın məişət xüsusiyyətindən və təsərrüfat məşğuliyyətindən asılı olaraq Azərbaycanda qazan, tava, sərpuş, sərniş, sini, satıl, aftafa, səhəng, dolça və s. kimi mis qablara hələ də böyük ehtiyac var idi.

Metal işləmələrin o biri növlərinə nisbətən zərgərlik sənəti bu əsrlərdə daha çox keçmiş dövrün mütərəqqi ənənələrinə sadiq qalmışdı. Əvvəlki dövrlərdə Azərbaycan qadınları tərəfindən gəzdirilən üzük, sırğa, bilərzik, sinəbənd, kəmər və s. yenə də dəbdə idi.

Bakı, Şamaxı zərgərlərinin minalı sırğaları, Gəncə, Şəki ustalarının şəbəkəli boyun, sinə bəzəkləri, daş-qaşlı qızıl telbasanı, Şuşa sənətkarlarının aynalı kəmərləri bu günədək insanı valeh edir.

Yeri gəlmişkən qeyd edək ki, 2015-ci ildə Lahıc misgərlik sənəti Azərbaycandan  UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

AZƏRBAYCANDA DAŞ OYMA SƏNƏTİNİN TARİXİ, İNKİŞAFI VƏ NÜMUNƏLƏRİ

Daş insan həyatında ən qədim və təbii nemətlərdən biri sayılır. Daşla ibtidai insanlar özlərinə yemək əldə etmiş, məişət əşyaları düzəldərək istifadə etmişlər. İbtidai insanların ilk yaşayış məskənləri də (mağara və s.) daşdan olmuşdur. Qadınların ilkin bəzəyi ilkin qələm və lövhədə daşdan olmuşdur. İnsanda rəsm qabiliyyəti və estetik zövqün inkişafında da daş böyük rol oynamışdır.

Əbəs yerə olmayaraq alimlər ən qədim bəzək və rəsm nümunələrinə daş və qayalar üzərində rast gəlirlər.

Azərbaycanda daşdan düzəldilmiş və üstü bəzədilmiş daş abidələrin tarixi uzaq keçmişlərə təsadüf edir.

Oyma, yonma, cızma üsulu ilə daş üzərində həkk olunmuş təsvirlərin ən qədim nümunələrinə hələlik alimlərimiz Ordubad (Gəmi qayası), Abşeron (Mərdəkan, Şüvəlan kəndlərində) və Bakı şəhərindən 60 kilometr cənubda Xəzər dənizinin sahilindən bir qədər aralı Qobustan qayaları üzərində rast gəlmişlər.

Məzmunu, bədiiliyi və çoxluğuna görə Qobustan qayaları üzərindəki təsvirlər diqqəti daha çox cəlb edir.

Alimlərimiz burada ibtidai daş və metal alətlər vasitəsilə təsvir edilmiş üç mindən artıq insan, heyvan, məişət əşyaları, doğma xarakterli rəsmlər aşkara çıxarmışlar. Araşdırmalar göstərir ki, Qobustan qayaları üzərindəki təsvirlər icra olunduqları dövrdən asılı olaraq ölçü, kompozisiya və çəkilmə texnikasına görə bir-birinədən fərqlənir. Arxeoloqların fikrincə bu təsvirlərin ən qədimləri daş dövrünün axırlarından başlayaraq tunc alətlərin və silahların meydana çıxdığı dövr ərzində həkk olunmuşdur. Bu dövrə aid edilən rəsmlər həcminin böyüklüyü, sxematikliyi, real proporsiyalardan kənar vəziyyətdə icrası ilə fərqlənir.

Təsvirlər arasında ov səhnələri ilə əlaqədar rəsmlər və xüsusilə vəhşi öküz, maral, keçi şəkilləri çoxdur. Bu da təsadüfi deyildir, çünki Azərbaycanın ərazisində yaşayan ibtidai insanların həyatında ovçuluq mühüm yer tuturdu.

Qədim insanların həyatında ov əsas yaşayış mənbəyi olduğu üçün təsvir olunan kompozisiyalarda da daim diqqət mərkəzində idi.

Arxeoloji qazıntılar zamanı əldə edilmiş materiallar göstərir ki, ilk orta əsrlərdə Azərbaycanda daşdan əvvəlki dövrlərdə olduğu kimi təkcə tikinti işləri və məişət əşyalarının düzəldilməsi üçün yox, hətta ən kiçik zərgərlik nümunələrinin bəzəyində də geniş istifadə edilirdi.

Bu əsrlərdə daş üzərində olan bəzəklər öz texniki icrası cəhətdən xeyli zənginləşsə də, süjetli rəsmlərə, demək olar ki, təsadüf edilmir.

Bu əsrlərdə daş üzərində bəzəkləri əsasən, nəbati, həndəsi, quş, heyvan rəsmləri təşkil edirdi. Əsrin əvvəllərində yaradılmış daş bəzəkləri arasında biz yerli ənənələrlə bağlı nəbati naxışlara, X-XI əsrlərdə və sonralar, yəni islam dinin əhali arasında dərin köklər saldığı vaxtlar isə həndəsi naxışlara daha çox rast gəlirik.

İlk orta əsrlərə aid edilən daş bəzəklərindən danışarkən 1948-ci ildə Mingəçevirdə aparılan qazıntı işləri zamanı bir dini məbədin qalıqları arasında əldə edilmiş, elm aləmində alban kapiteli adını almış abidəni xüsusi qeyd etməliyik. Arxeoloqlarımız tərəfindən V-VI əsrlərə aid edilən bu abidə bizim üçün xüsusilə maraqlıdır, çünki onun üzərində olan ornamental kompozisiyaya sonralar el sənətimizin bir çox növlərində rast gəlirik.

Qabartma səpkisində yonulmuş bu abidənin yan üz tərəfində dik uzanan bir bitki ətrafında simmetrik səpgidə qurulmuş iki tovuz quşu fiquru təsvir olunmuşdur. Tovuz quşlarının hər ikisinin boyunlarından elə bil havada yellənən uzun baftalar asılmışdır. Bu detala xüsusi fikir vermək lazımdır, çünki alimlərin fikrincə ilk orta əsrlərdə bu baftalar simvolik məna kəsb edərək onu daşıyan quş və ya heyvanın müqəddəs olduğunu bildirirdi.

Tovuz quşunun keçmişdə müqəddəs sayılması, onun od və günəş ilahəsinin rəmzi olması halda çox maraqlı məlumatlar vardır. Hələ VII-VIII əsrlərdə Mərkəzi Asiyada yaşayan türk xaqanlarının qəbulunda olmuş əcnəbi səyyahlar bu quşu müqəddəs sayaraq ona sitayiş etdiklərini bildirmişlər.

Bu barədə böyük Azərbaycan şairi Nizami Gəncəvinin fikri də qiymətlidir. Nizami “İsgəndərnamə” poemasında Nüşabənin Bərdədəki sarayını təsvir edərkən bir neçə dəfə ipək parçalar üzərində salınmış tovuz quşları rəsmlərindən danışaraq onların türk xalqları arasında müqəddəs sayıldığını bildirir.

Təsvir etdiyimiz abidədəki tovuz quşları arasında uzanan bitki də bu nöqteyi-nəzərdən diqqəti cəlb edir.

Araşdırmalar göstərir ki, insanlar uzaq keçmişdə kainatın varlığını təmsil edən “su, od, torpaq və hava” kimi dörd təbii ünsürün məhsulu olan bitkiyə sitayiş etmişlər. Zaman dəyişdikcə bu, hər dövrün öz indeoloji və estetik xüsusiyyətlərinə uyğun olaraq müxtəlif forma və şəkillərdə olmuşdur. Məlum olduğu kimi keçmiş zamanlarda “Müqəddəs ağacı” palıd, zeytun, əncir, sərv ağacı, bəzən isə hətta adi çiçək və ya yarpaq da təmsil etmişdir.

Bitki müqəddəs xarakter daşıdığı üçün dekorativ-tətbiqi sənət növləri üzərindəki kompozisiyalarda həmişə diqqət mərkəzində olduğu. Bitki ətrafında simmetrik şəkildə verilən quş, heyvan, insan fiqurları isə adətə görə müxtəlif cinslərdən (erkək, dişi) olmalı idi.

Əldə olan materiallar göstərir ki, ilk orta əsrlərdə daş üzərində oyma, cızma üsulu ilə bəzək açmaq və ya fiqur həkk etməklə bərabər xalq ustaları daşdan müxtəlif məzmunlu heykəllər də düzəldirdilər.

XV əsrdən başlayaraq memarlıq abidələrimizin bədii tərtibatında canlıları təsvir edən oymalara təsadüf edilmir. Bundan sonra, adətən gül-çiçək ornamentlərindən təşkil edilmiş bəzəklər təsvirli oymaları əvəz etməyə başlayır.

Daş üzərindəki təsvirli oymaların sıradan çıxmasına təkcə bədii üslubun dəyişməsi yox, memarlıq abidələrimizdə bu əsrdən başlayaraq rəngli kaşıların da geniş istifadə edilməsi təsir göstərir.

Bununla əlaqədar olaraq sonrakı əsrlərdə Azərbaycan ərazisində daş üzərində oyulmuş ən orijinal bəzək nümunələrinə biz daha çox məzarüstü daşlarda rast gəlirik.

Ümumiyyətlə, Azərbaycan ərazisində bir neçə qrup məzar daşlarına təsadüf edilir. Bunlardan yuxarı hissəsi düz, çatma, dairəvi, əmmamə formalı vertikal başdaşlarını, horizontal sənduqələri, at, qoç fiqurlu heykəlləri və s. göstərmək olar.

Qeyd etdiyimiz məzar daşları dəfn olunan şəxsin həyatda, cəmiyyətdə tutduğu mövqeyindən asılı olaraq müxtəlif səpkidə, formada və məzmunda bəzədilirdi. Aydındır ki, dövlətli şəxslərin məzarı daha bəzəkli və zərif işlənilirdi.

Yerin iqlimindən, istifadə edilən materialından və ənənəsindən asılı olaraq Azərbaycanın ayrı-ayrı yerlərində məzar daşları müxtəlif formalarda və bəzəklərdə olurdu. Hazırda Azərbaycanda XVI-XVII əsr tarixli ən zərif və orijinal oyulmuş məzar daşlarına Abşeronda, Şamaxıda, Bərdədə, Laçında, Lerikdə, Naxçıvanda, Gəncədə və Qəbələ rayonunun Həzrə kəndində rast gəlmək olur. Bu məzar daşları üzərində biz böyük məharətlə oyulmuş həndəsi, nəbati ornamentlərlə yanaşı, insan, heyvan, quş fiqurlarına və hətta əsl mənada süjet xarakteri daşıyan kompozisiyalara da rast gəlirik. Bunlardan yalnız bəzək kimi deyil, dəfn olunmuş şəxsin cinsini, həyatını, peşəsini əks etdirən təsvir kimi də istifadə edilirdi. Məsələn, əksər məzar daşları üzərində gəncliyi, şücaəti göstərən qılınc, qalxan, at, qoç, qartala, hörmətli qoca bir şəxsin və ya ruhanin qəbir daşında təsbeh, rəhil, qadının məzar daşı üzərində isə iynə, sap, güzgü və qeyri rəsmlərə rast gəlirik.

Azərbaycandan UNESCO-nun Ümumdünya irsi obyektləri siyahısına 2 qeyri-maddi mədəni irsi –Şirvanşahlar sarayı və Qız qalasının yerləşdiyi İçərişəhər və Qobustan qayaüstü incəsənət nümunələri daxil edilib.

AZƏRBAYCANIN BƏDİİ SƏNƏTKARLIĞI DÜNYA MUZEYLƏRİNDƏ

Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir. Qobustanın qaya təsvirləri, Qafqaz Albaniyasının bədii keramika və metal məmulatı, bədii şüşə və oyma sənəti, orta əsrlərdə dünya şöhrəti qazanmış Təbriz miniatür sənəti nümunələri, rəngarəng xalçalar, tikmələr, şirli saxsı qablar, kaşı sənəti, zərif oyma şəbəkələr və gözəl zərgərlik məmulatları — bütün bunlar bədii irsimizin çox zəngin olduğunu sübut edir.

Xalqımızın əməyi sayəsində yaranıb onun həyat və məişətində geniş istifadə edilən el sənətlərimizin böyük və zəngin bir tarixi vardır.

Araşdırmalar göstərmişdir ki, Azərbaycan ərazisində yaşayan tayfalar hələ 4 min il bundan əvvəl daşdan, gildən, metaldan orijinal formalı qab-qacaq, silah və bəzən örnəkləri düzəldib öz həyat və məişətlərində istifadə etmişlər.

Bu sənət əsərləri öz orijinal forması, dəqiq işlənməsi və xüsusən üzərindəki bəzəkləri ilə çoxdandır sənət araşdırıcılarının diqqətini özünə cəlb etmişdir.

Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.

Dünya muzeylərinin bəzəyi sayılan bu nadir sənət əsərlərimizin Avropa, Asiya, Amerika qitəsindəki ölkələrin muzey və şəxsi kolleksiyalarına yayılması da böyük bir tarixə malikdir. Onların bir çoxu ayrı-ayrı şəxslərdən alınmış, bəzilərini müxtəlif vaxtlarda ölkəmizdə olmuş əcnəbi səyyah, tacir, diplomat və alimlər gətirmiş, bəziləri isə qarət olunmuşdur.

Moskva muzeylərində Azərbaycan sənətkarlığı nümunələri. Uzun illər aparılan elmi araşdırmalar göstərmişdir ki, hazırda dünyanın bir çox görkəmli şəhərlərində olduğu kimi Moskva şəhərində də Azərbaycan xalqının əsrlər boyu yaratdığı sənət nümunələrinin böyük bir qismi mühafizə olunur.

Bunlar əsas etibarı ilə Kremlin Silah palatasında, Şərq xalqları muzeyində, Dövlət Tarix muzeyində, Xalq yaradıcılığı muzeyində, Moskva və onun ətrafında yerləşən kilsələrdə (Savvo-Storojevski, Sergiyevo kilsələri, Kiril-Belozyerski monastrı və s.) cəm olunmuşdur.

Moskvada Azərbaycan sənətkarlarığının ən bədii və orijinal nümunələri hazırda Kremlin Silah palatasındadır.

Burada türk, İran, hind, Fransa, İngiltərə, alman xalq sənəti nümunələri ilə yanaşı, müxtəlif zamanlarda Azərbaycanda yaradılmış bir çox orijinal sənət nümunələri də nümayiş etdirilir.

Silah palatasındakı Azərbaycana aid sənət nümunələrinin böyük bir qismini zərgərlik və bədii metal məmulatları təşkil edir. Bunlardan zərif naxışlarla həkk olunub, qiymətli daş-qaşlarla bəzədilmiş başlıqları, qalxanları, qılınc, xəncər və bəzək nümunələrini xüsusilə qeyd etmək lazımdır.

Kremlin Silah palatasında nümayiş etdirilən Azərbaycan zərgərliyi nümunələri içərisində XVI əsrə aid bədii bir qalxan tamaşaçıların nəzərini xüsusilə cəlb edir.

Qalxanla əlaqədar olaraq, Azərbaycanda düzəldilmiş bu dövrə aid iki maraqlı əsəri də qeyd etməliyik. Bunlardan biri müharibə zamanı zadəganlar tərəfindən istifadə edilən zirehli baş geyimi, o birisi isə bir cüt dirsəklikdir.

Bu nadir sənət əsərlərinin də bədii qalxan kimi nə vaxt, kim tərəfindən Moskvaya gətirildiyi haqqında da dəqiq bir məlumat yoxdur.

Silah palatasında saxlanılan metal məmulatları bəzəyindən danışarkən bəzən rəsm və naxışlar arasında olan ərəb əlifbası ilə yazılmış sözlər və kəlmələr haqqında da söhbət açmaq lazım gəlir. Bunlarda hansı usta tərəfindən kim üçün, kimin sifarişi ilə və nə vaxt düzəldiyini bildirən sözlərə, bəzən qurandan götürülmüş kəlmələrə və yaxud klassik Şərq şairlərinin şeirlərinə də rast gəlinir.

Silah palatasında saxlanılan parçalarımızı öz bədii xüsusiyyətlərinə görə iki qrupa bölmək olar: ornamental və süjetli parçalar.

Süjetli parçalarımız daha orijinal və qiymətlidir. Çünki bu tipli parçalarımız üzərində biz Şərq klassiklərinin əsərlərindən və Azərbaycan xalq yaradıcılığından götürülmüş müxtəlif mövzulu səhnəciklərə rast gəlirik.

Silah palatasında saxlanılan bu tipli parçalarımızdan biri daha çox maraq doğurur.

Sankt-Peterburq Muzeylərində Azərbaycan sənətkarlığı nümunələri. Azərbaycan ustalarının yaratdığı sənət nümunələrini mühafizə edən muzeylər içərisində Sankt-Peterburq şəhərində yerləşən muzeylər görkəmli yer tuturlar. Belə muzeylər sırasına ilk növbədə Sankt-Peterburq Dövlət Ermitajını, Kazanski Sobor və s. yerləri aid etmək olar.

Dövlət Ermitajının Şərq incəsənəti şöbəsində İran, türk, Çin, yapon və ərəb xalqlarının maddi-mədəniyyəti ilə yanaşı, Azərbaycan xalqının da əsrlər boyu yaratdığı bir çox nadir sənət nümunələri nümayiş etdirilir.

Burada ən qədim dövrlərdən tutmuş əsrimizin əvvəllərinədək Azərbaycan ustaları tərəfindən düzəldilmiş zərgərlik, saxsı, daş, taxta üzərində oyulmuş sənət əsərləri və müxtəlif növlü toxuculuq nümunələri vardır.

Dövlət Ermitajı dünya muzeyləri içərisində ilk növbədə Azərbaycan sənətkarlığının ən qədim nümunələrini mühafizə edən mədəniyyət ocağıdır. Burada yığılan bürüncdən düzəldilmiş zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət şeyləri qədim dövr sənətimizin maraqlı bir səhifəsini təşkil edir.

Ermitajda nümayiş etdirilən e.ə. II minilliyə aid abidələrimiz içərisində öz orijinal forması və dəqiq işləməsi ilə Dağlıq Qarabağda aparılan qazıntı işləri zamanı tapılmış bürünc öküz başı fiquru xüsusi ilə diqqəti cəlb edir.

Dövlət Ermitajında tunc dövrə aid edilən sənət abidələri içərisində kəmər, bilərzik, müxtəlif formalı və rəngli muncuq kimi zərgərlik sənəti nümunələrinə də rast gəlinir.

Vaxtı ilə Qarabağın Xocalı kəndində aparılan qazıntı işləri zamanı tapılmış 3000 illik tarixi olan bu zərgərlik sənəti nümunələri öz orijinal forması və texniki icrası ilə diqqəti cəlb edir. Qeyd etmək lazımdır ki, hazırda Dövlət Ermitajında tunc dövrünə aid edilən bəzi qızıl zərgərlik sənəti nümunələri də elə buradan tapılmışdır.

Sankt-Petereburq Dövlət Ermitajında orta əsrlərə aid olan metal sənəti nümunələrimiz də çoxdur.

Bu sənət nümunələrini forma və məzmununa görə iki böyük qrupa bölmək olar:

1. Plastik sənət xarakteri daşıyan abidələr.

2. Məişət əşyaları.

Plastik sənət abidələri sırasına ilk növbədə burada saxlanılan V-VIII əsrlərə aid bürüncdən tökülmüş quş, heyvan və insan fiqurlarını daxil etmək olar.

Qafqaz Albaniyasının tarixi və incəsənəti ilə məşğul olan görkəmli Sankt-Peterburq alimi akademik K.Trever bu fiqurları Mingəçevirdən tapılmış bu tipli saxsı məmulatların davamı kimi qələmə verir. Qeyd olunan fiqurlardan biri alimlərin diqqətini çoxdan özünə cəlb edir. VII əsrə aid edilən bu fiqur hələ XIX əsrin axırlarında Naxçıvandan tapılıb. 35,6 sm hündürlükdə olan bu fiqur alimlərin fikirincə Qafqaz Albaniyasının hökmdarı Cavanşiri (638-670) təsvir edir.

Fiqurun dördkünc altlıq hissəsinin üz tərəfində iki şir və dağ keçisi təsvir edilmişdir. Yan tərəfdə ovçunun şirlə mübarizəsi səhnəciyi, fil, tülkü və bitki ornamenti motivləri vardır.

Metaldan düzəldilmiş plastik sənət nümunələrimiz içərisində 1206-cı ilə aid edilən Şirvan lüləyi Ermitajın ən maraqlı eksponatlarından sayılır.

Sankt-Peterburq Dövlət Ermitajında metaldan düzəldilmiş plastik sənət nümunələri ilə yanaşı, bir çox orijinal formalı, bəzəkli məişət əşyalarımız da nümayiş etdirilir. Belə sənət nümunələri sırasına ilk növbədə VI-VIII əsrlərə aid edilən bürünc məcməyiləri daxil etmək lazımdır.

Ermitajda ilk orta əsrlərə aid edilən üç məcməyimiz vardır. Bunların ikisi süjet xarakterli təsvirlərlə bəzədilmiş, üçüncü isə sırf ornamental bəzəklidir.

Metaldan düzəldilmiş məişət əşyaları sırasına XIII-XIV əsrlərə aid edilən müxtəlif forma və bəzəkli bürünc qazanları da aid etmək olar.

Ermitajda nümayiş etdirilən qazanlarımız XIII-XIV əsrlərə aid olub öz həcmi, forması və bəzəkləri ilə diqqəti cəlb edirlər. Bu qazanlardan biri xüsusi ilə maraqlıdır.

Məlum olduğu kimi orta əsr Azərbaycan bədii sənətkarlığının ən inkişaf etmiş növlərindən biri keramika sənəti idi.

Dövlət Ermitajında bu xalq sənətimizin də bir çox gözəl nümunələri vardır. Burada saxlanılan keramika sənəti nümunələrimiz həm istifadə edilməsinə, həm də bir çox bədii xüsusiyyətlərinə görə iki böyük qrupa bölünür.

Bunlardan birincisi məişətdə istifadə edilən saxsı məmulatları, ikincisi isə memarlıqda tətbiq olunan kaşılardır. Məişətdə istifadə edilən saxsı məmulatlarımızı vaxtı ilə Örən-Qalada (Goranboy rayonu) aparılan qazıntı işləri zamanı tapılmış bir neçə nümunəvi küp-nimçə, kasa və surahilər təmsil edir.

Dövlət Ermitajında keçmiş dövr memarlıq abidələrimizin bəzəyi sayılan kaşı nümunələri də nümayiş etdirilir. Bunların içərisində Qazıməmməd rayonunda Pirsaatçay üzərindəki Pirhüseyn xanəgahının kaşıları əsas yer tutur.

Dövlət Ermitajında Pirhüseyn xanəgahının 500-ə yaxın müxtəlif forma və bəzəkləri olan kaşıları vardır.

Ermitajda saxlanılan toxuculuq sənətimizin əksəriyyətini xovlu xalçalar təşkil edir. Burada XVI əsrdən tutmuş XIX əsrə qədər Azərbaycanın məşhur xalça məntəqələrində toxunmuş xalçalarımız saxlanılır.

Təbriz və Şirvanda toxunmuş nümunəvi Azərbaycan xalçaları muzeyin qiymətli incilərindən sayılır. Qubanın Pirəbədil, Şamaxının Mərəzə kəndlərində toxunmuş xalçalarımız öz rəngi və zəngin bəzək ünsürləri ilə diqqəti daha çox cəlb edir. Şamaxı xalçasının üzərində onun 1881-1885-ci illərdə toxunduğunu bildirən yazı vardır.

Bundan əlavə Dövlət Ermitajında XIX əsrin ortalarında yaşamış görkəmli Azərbaycan sənətkarı, ornamentalist rəssam Mirzə Qədim İrəvaninin də sənətşünaslıq elminə az məlum olan nadir bir əsəri vardır.

Dövlət Ermitajında Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si də mühafizə olunur. Bu nadir eksponat yalnız şairin beş poemasının ilk yazmalarından biri kimi deyil, həm də gözəl bir sənət əsəri kimi qiymətlidir.

Budapeşt muzeylərində Azərbaycan sənətkarlığı nümunələri. Macarıstanda olan Azərbaycana aid sənət nümunələri XX əsrin 40-cı illərinə qədər şəxsi kolleksiyalarda saxlanırdı. Son 50-60 il ərzində bu nadir sənət nümunələri tədricən dövlət tərəfindən himayəyə götürülərək muzeylərdə cəmləşir. Hazırda Azərbaycana aid olan sənət nümunələrinin əksəriyyəti Budapeşt şəhərində yerləşən “Dekorativ sənətlər” və “Şərq incəsənəti” muzeyində mühafizə olunur.

Hazırda bu muzeylərdə Azərbaycanın 200-dən artıq xalq sənəti nümunəsi mühafizə olunur. Bunların içərisində xalça, parça, tikmə, metal və taxdadan düzəldilmiş bir çox bədii sənət nümunələri vardır.

Başqa xarici ölkə muzeylərində olduğu kimi, Budapeşt muzeylərində cəmləşən Azərbaycana aid sənət nümunələrinin əksəriyyətini xalçalar təşkil edir.

Burada saxlanılan Azərbaycan xalçaları müxtəlif vaxtlarda Bakı, Quba, Şamaxı, Şuşa, Qazax və Təbriz kimi məşhur sənət ocaqlarında toxunmuş xalçalardan ibarətdir.

Budapeşt “Dekorativ sənətlər” muzeyində nümayiş etdirilən XVIII əsrdə toxunmuş kiçik bir Qazax xalçası diqqəti cəlb edir.

Budapeşt muzeylərində müxtəlif vaxtlarda məşhur sənət ocaqlarımızda toxunmuş ornamental xalçalarla yanaşı, bir neçə orijinal kompozisiyalı süjetli xalçalarımız da nümayiş etdirilir.

Budapeşt muzeylərinin qiymətli incilərindən birini də müxtəlif vaxtlarda Azərbaycanda toxunmuş tikmələr təşkil edir. Burada saxlanılan tikmələrimiz ayrı-ayrı örtük, balışüzü, süfrə, yəhərüstü və bədii pərdələrdən ibarətdir.

Bu növ sənət nümunələrimizdən biri olan XVI əsrdə Təbriz ustaları tərəfindən bəzədilmiş pərdə xüsusi bir maraq doğurur.

Budapeştin “Dekorativ sənətlər” və “Şərq incəsənəti” muzeylərində saxlanılan Azərbaycan sənətkarlığı nümunələri tək xalça və tikmə sənətimiz ilə bitmir. Burada nümayiş etdirilən metal, taxta və saxsıdan düzəldilmiş sənət abidələri də diqqəti cəlb edir.

Metaldan düzəldilmiş sənət abidələrinin əksəriyyətini silahlar (qılınc, xəncər) və bəzi məişət əşyaları (məcmeyi, satıl, çıraq) təşkil edir. Bu müxtəlif növlü metallardan (gümüş, mis, polad) düzəldilmiş XVIII-XIX əsrlərə aid edilən sənət nümunələri öz bədii və texnoloji xüsusiyyətlərinə görə Şirvan ustalarının əl işlərini xatırladır. Budapeşt muzeylərində yeganə bir taxta sənəti nümunəmiz vardır. O, da “Dekorativ sənətlər” muzeyində nümayiş etdirilən bədii rəhildir.

Amerika Birləşmiş Ştatlarında Azərbaycan sənətkarlığı nümunələri. Azərbaycan el ustalarının əl işlərinə xüsusilə Amerika Birləşmiş Ştatlarında daha çox təsadüf edilir.

Hazırda ABŞ-ın Vaşinqton, Nyu-York, Çikaqo, Los-Ancelos, Filadelfiya, Hyuston, San-Fransisko, Klivlend, Detroyt, Boston və başqa şəhərlərindəki muzey, bədii qalereya və şəxsi kolleksiyalarında yüzlərlə xalq ustalarımızın nadir əsəri vardır.

Burada saxlanılan sənət əsərlərimizin əksəriyyətini xalça, parça, bədii metal və saxsı nümunələri təşkil edir.

Tarix etibarı ilə ABŞ-da saxlanılan sənət əsərlərimiz içərisində ən qədimi metal məmulatlarıdır.

Ən qədim metal sənəti nümunəmiz hazırda ABŞ-ın Nyu-York şəhərindəki Metropoliten və San-Fransisko şəhərindəki Asiya incəsənəti muzeyindədir.

Metopoliten muzeyində saxlanılan bədii metal sənəti əsərlərimiz içərisində ən maraqlısı Urmiya gölü ətrafında Ziviyə mahalından tapılmış e.ə. VIII-əsrlərə aid edilən zərgərlik nümunələridir.

Bu sənət əsərləri içərisində qızıldan düzəldilmiş bir bilərzik öz bədii xüsusiyyət və icrasına görə bir çox dünya sənətşünaslarının diqqətini özünə cəlb etmişdir.

ABŞ-da orta əsrlərə aid edilən metal sənəti nümunələrimiz xüsusilə çoxdur. Bunlara Nyu-Yorkda Piyerpont Morqanın şəxsi kolleksiyasında saxlanılan XII-XIII əsrlərə aid edilən Naxçıvanda düzəldilmiş bürünc qabı, Cənab Hararinin şəxsi kolleksiyasında saxlanılan 703-cü il hicri tarixli (1304-cü il) üzərində “Olcayt Xudabəndə” sözləri yazılmış bürünc qabı və yenə həmin kolleksiyada saxlanılan istirlabl, Klivlend incəsənət muzeyində saxlanılan zəngin ornamental bəzəkli XII əsrə aid bürünc qabı və başqa nümunələri aid etmək olar.

Başqa xarici ölkə muzeyləri, əntiq mallar mağazası və şəxsi kolleksiyalarında olduğu kimi ABŞ-da da Azərbaycan sənətkarlığını ən çox xalça sənətimiz təmsil edir.

Hazırda bu ölkədə yurdumuzun əsas sənət mərkəzlərində toxunmuş minlərlə xovlu və xovsuz, ornamental və əla növlü xalça sənəti nümunələrimiz vardır.

ABŞ-da ən qədim Azərbaycan xalçaları Nyu-Yorkun Metropoliten muzeyində nümayiş etdirilir.

Bu tipli xalçalarımızdan birini nəzərdən keçirək.

Boston gözəl sənətlər muzeyində saxlanılan dairə formalı məxmər hissəsi öz üzərindəki təsvirləri ilə diqqəti daha çox cəlb edir.

Böyük Britaniyada Azərbaycan sənətkarlığı nümunələri. Xalqımızın nadir sənət nümunələri saxlandığı yerlərdən biri də Böyük Britaniyadır.

Bu ölkənin London, Birminqem, Qlazko, Liverpul, Mançester şəhərlərində yerləşən muzey, əntiq mallar mağaza və şəxsi kolleksiyalarında hazırda bədii xüsusiyyət daşıyan yüzlərlə sənət əsərimiz vardır.

Sənətkarlıq baxımından Azərbaycan ustalarının ən orijinal əsərləri hazırda Londonun Viktoriya və Albert muzeyində toplanmışdır.

Azərbaycana aid olan sənət nümunələri muzeyin Yaxın Şərq bölməsində nümayiş etdirilir. Bunlar bədii parça, tikmə, xalça, zərgərlik, saxsı və digər sənət əsərlərindən ibarətdir.

Tarixi baxımından Viktoriya və Albert muzeyində toplanmış sənət əsərlərimiz içərisində ən qədimi 1319-cu il tarixli bürünc camdır.

Viktoriya və Albert muzeyində saxlanılan xalq sənət nümunələrimiz içərisində ən görkəmli yeri Azərbaycan xalçaları tutur. Bunları öz bədii və texnoloji xüsusiyyətlərinə görə iki qrupa bölmək olar: birinci qrupa XVI əsr Təbriz xalçaları, ikinci qrupa XVI-XIX əsrdə toxunmuş Quba-Şirvan, Gəncə-Qazax və Qarabağ xalçaları daxildir.

Londonun xalça muzeyində 1892-ci ildə Qarabağda toxunmuş xalça nümayiş etdirilir.

Viktoriya və Albert muzeyində nümayiş etdirilən Təbriz xalçaları içərisində 1539-cu ildə Təbrizdə Şah Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuş və elm aləmində “Şeyx Səfi” adı ilə məşhur olan xalını xüsusilə qeyd etmək lazımdır.

Viktoriya və Albert muzeyində saxlanılan XVII-XIX əsr Azərbaycan xalçaları vaxtı ilə Qubada, Bakıda, Şamaxıda, Qazaxda və Qarabağda toxunmuşdur.

Başqa dünya muzeylərində olduğu kimi Viktoriya və Albert muzeyində də XVI-XVII əsrlərə aid bir çox bədii parça nümunələri vardır. Burada saxlanılan bədi parçalarımızın əksəriyyətini sujetli parçalar təşkil edir. Bunların da içərisində üç bədii parça xüsusilə diqqəti cəlb edir.

Fransada Azərbaycan sənətkarlığı nümunələri. Hazırda Fransada saxlanılan Azərbaycan sənətkarlıq nümunələrinin ən böyük qismini toxuculuq sənəti nümunələrimiz təşkil edir. Fransanın bir çox muzey və şəxsi kolleksiyalarında Azərbaycanın Şamaxı, Şəki, Gəncə, Naxçıvan və Təbriz kimi şəhərlərində toxunmuş yüzlərlə yüksək keyfiyyətli parçalarımız saxlanılır. Bunlar içərisində XVI-XVII əsrlərə aid edilən süjetli parçalarımız xüsusi yer tutur.

Parisin Dekorativ sənətlər muzeyində nümayiş etdirilən süjetli parçalarımız içərisində biri xüsusilə diqqəti cəlb edir.

Parisin Dekorativ sənətlər muzeyində XVI əsrə aid edilən uzunluğu 26 sm ölçüdə olan yenə bir orijinal süjetli parçamız vardır.

Fransada olan toxuculuq sənətimiz örnəklərindən bəhs edərkən bu ölkənin zəngin muzey kolleksiyalarında nümayiş etdirilən xalçalarımızı xüsusilə qeyd etmək lazımdır. Hazırda Azərbaycanın həm bədii, həm də texnoloji cəhətdən ən dəyərli xalçaları Parisin Dekorativ sənətlər və Luvr muzeyindədir.

Parisin Dekorativ sənətlər muzeyində saxlanılan xalçanın birinə nəzər salaq.

Hazırda dünyanın ən zəngin muzeylərindən sayılan bu mədəniyyət ocağında yuxarıda qeyd etdiyimiz toxuculuq sənətimizdən başqa yüzlərlə saxsı, kaşı və bədii metal nümunələrimiz saxlanılır.

Luvr muzeyində bir neçə ədəd çox nadir sayılan gümüş, mis və bürüncdən düzəldilmiş bədii metal sənəti nümunələrimiz də vardır. Bunların içərisində bürüncdən düzəldilmiş 1190-cı il tarixli orijinal fiqurlu bir qab xüsusilə diqqəti cəlb edir. Bu sənət əsəri hazırda Luvr muzeyinin birinci mərtəbəsində Şərq incəsənətinə aid edilən salonun tən ortasında, üstə şüşə kolpak keçirilmiş hündür bir kətil üstə nümayiş etdirilir.

Uzun dimdikli quşa bənzər bu bürünc qabın orijinallığı tək onun formasında deyil, həm də bəzəklərindədir. Qabın üzərindəki bəzəklər üç müxtəlif ölçülü qurşaqlardan və onların aralarındakı boşluqlarda yerləşdirilmiş medalyonlardan ibarətdir.

Döymə və cızma texniki üsulu ilə həkk olunmuş bu bəzəklər stilizə edilmiş nəbati ornament ünsürlərindən və yazı nümunələrindən quraşdırılmışdır. Bu yazıların birində onu yaradan ustanın — Osman Salman oğlu Naxçıvanın adı verilmişdir.

İsveçrədə Azərbaycan sənətkarlığı nümunələri. Bern, Cenevrə, Zurix, Bazel, Lozonna şəhərlərindəki muzeylərdə, şəxsi kolleksiyalarda və əntiq mallar mağazalarındakı sənət örnəklərimiz Azərbaycan incəsənəti tarixinin gözəl bir səhifəsi sayıla bilər.

Bern tarix muzeylərində Avropa və Amerika maddi-mədəniyyəti ilə yanaşı, Azərbaycan sənətkarlığının da bir çox gözəl nümunələri nümayiş etdirilir.

Muzeyin ekspozisiyasının mərkəzini göy və qırmızı rənglər vəhdətində stilizə edilmiş, ornament motivləri ilə toxunmuş böyük bir mafraş və onun altına sərilmiş kilim təşkil edir. Bu toxuculuq sənəti nümunələrinin yanında böyük bir etiketdə alman dilində onun XVIII əsrdə Azərbaycanda toxunduğu qeyd olunmuşdur. Bədii və texnoloji xüsusiyyətlərinə görə Qarabağ xalçalarının icra üsulunu xatırladan bu el sənəti nümunəsi Şərq incəsənəti şöbəsinin ən gözəl eksponatlarından sayılır.

Bern tarix muzeyində saxlanan maraqlı xalçalardan biri də 1830-cu ildə Qubada toxunmuş “Qollu çiçi” xalçasıdır.

XVIII-XIX əsrlərdə Şamaxı, Göyçay, Gəncə, Şəki, Bakı, Təbriz, Ərdəbil şəhərlərində düzəldilmiş xəncər, qılınc, tapança və barıt qabları tamaşaçıların diqqətini xüsusilə cəlb edir. Say etibarı ilə Bern tarix muzeyində Şirvan ustalarının adı ilə bağlı əsərlər üstünlük təşkil edir.

Muzeydə nümayiş etdirilən silahlarımızın bədii tərtibatları arasında biz təkcə nəbati, həndəsi naxışlara, heyvanat aləmindən götürülmüş rəsmlərə deyil, həm də kiçik məzmunlu süjet xarakteri daşıyan kompozisiyalara rast gəlirik.

Yeri gəlmişkən bu silahların müxtəlif biçimli naxışları arasında arabir təsadüf edilən ərəb əlifbası ilə yazılmış sözlər və kəlmələr haqqında da danışmaq lazımdır. Onlar mahir sənətkar əli ilə əşyada olan naxış və rəsmlər arasında elə bacarıqla yerləşdirilmişdir ki, gözəl bəzəyi andırır, ümumi kompozisiyanın qırılmaz hissəsini təşkil edir. Bu yazılar bəzəkdən savayı həm də qiymətli tarixi məxəzlərdir. Məsələn, döymə, qarasavad üsulu ilə bəzədilmiş gözəl bir gümüş barıt qabı üzərində biz “Şamaxılı Seyidzadə” (inventar № 832), qundağı və lüləsinin yatağa bərkidilən yerləri qara savadla naxışlanmış gümüş hissəciklərlə örtülən tapança üzərində isə “əməli Əli” (inventar № 766), dəstəyi fil sümüyündən, tiyəsi nəbati ornament motivləri ilə bəzədilmiş, 38,2 sm uzunluğunda olan kiçik bir xəncər üzərində “əməli Məhəmməd Ərdəbili” (inventar № 1178) sözlərini, uzunluğu 51,1sm olan tiyəsi əyri bir xəncər üzərində isə həm sənətkarın, həm xəncər sahibinin adını oxuyuruq.

Bern tarix muzeyində saxlanılan Azərbaycan silahları üzərində “Bakı”, “Quba”, “Əməli Səməd”, “Ömər” sözlərinə və digər adlara da rast gəlirik.

Bundan əlavə Bern tarix muzeyinin Şərq bölməsində XVIII-XIX əsrlərdə xalqımızın məişətində geniş istifadə edilən mis ev avadanlıqları nümunələri də vardır. Bu orijinal formalı mis qab-qacaqlarımız muzeyin divarına bənd edilmiş böyük bir stentdə taxçanı andıran çərçivələr içərisində nümayiş etdirilir.

Almaniya Federativ Respublikasında Azərbaycan sənətkarlığı nümunələri. Almaniya Federativ Respublikasında Azərbaycan el sənətkarlığını yeganə bir növ xalça sənətimiz təmsil edir.

Hazırda Bonn, Hamburq, Münhen, Köln, Düsseldorf, Frankfurt-Mayn, Manheym və s. şəhərlərdə yerləşən muzey, əntiq mallar mağazalarında və şəxsi kolleksiyalarda minlərlə xalça sənəti nümunələrimiz saxlanılır.

Bu ölkədə adi kütləvi xarakter daşıyan xalçalarımızla yanaşı, yüzlərlə müxtəlif əsrlərdə yurdumuzda toxunmuş çox nadir sayılan nümunəvi xalçalara da rast gəlmək olur.

Orijinallıq baxımından 1960-cı ildə Münxen şəhərindəki əntiq mallar mağazasında nümayiş etdirilən XVIII əsr Qazax xalçası da diqqəti cəlb edir.

Öz konstruktiv quruluşu ilə Şərq aləmində geniş yayılmış, ucları dörd müxtəlif tərəfə ayrılan svastikasını andıran bu bəzəklər elə real səpkidə toxunmuşdur ki, sanki onlar bir nöqtə ətrafında fırlanaraq hərəkət edir. Bu ornament elementinə biz təkcə “Damğalı” adını almış bu tipli Qazax xalçalarında deyil, dekorativ-tətbiqi sənətimizin başqa növlərində də rast gəlirik.

Türkiyədə Azərbaycan sənətkarlığı nümunələri. Türkiyə şəhərləri içərisində Azərbaycanın dekorativ-tətbiqi və təsviri sənət nümunələri ən çox İstanbulda cəmlənmişdir.

İstanbulda Azərbaycan sənətkarlığının ən qədim və gözəl nümunələrinə, əsasən, üç böyük muzeydə rast gəlmək olar. Bunlar Topqapı sarayı muzeyi, Türk və İslam əsərləri muzeyi və Xalqı muzeyidir.

İstanbul muzeylərində saxlanılan sənətkarlıq nümunələrimiz içərisində say etibarilə ən görkəmli yeri müxtəlif metallardan (qızıl, gümüş, polad, mis və s.) düzəldilmiş ev əşyaları, zərgərlik nümunələri və silahlar təşkil edir.

Metaldan düzəldilmiş sənətkarlıq nümunələrimiz içərisində İstanbulun Topqapı sarayı muzeyində saxlanılan qızıl kəmər xüsusilə diqqəti cəlb edir.

Topqapı sarayı muzeyində saxlanılan 1528-ci il tarixli polad başlıq da orta əsr Azərbaycan zərgərliyi haqda təsəvvür verən qiymətli abidələrdən sayılır.

İstanbulun muzeylərində saxlanılan metal sənəti nümunələrimiz sırasına vaxtı ilə Təbriz və Ərdəbildə düzəldilmiş bürünc ələmləri də daxil etmək olar. Bürünc ələmlər keçmişlərdə məscid, mədrəsə kimi tikinti və minarələrin təpəliklərinə sancılaraq dini bir mahiyyət kəsb edirdi. Ələmlərin gövdə hissəsi tikintilərin təpəsindəki qurtaracağa taxıldığı üçün içərisi boş, üzəri isə bəzəksiz olurdu.

Ələmlərin ən gözəl hissəsini onların yuxarı qurtaracağı təşkil edir. Elə bil mahir zərgər əlindən çıxmış ələmlərin bu hissəsində həm dini xarakter daşıyan yazılar, həm də rəmzi mahiyyətli təsvirlər verilirdi. Hazırda Türkiyə muzeylərində saxlanılan ələmlərimiz əsasən iki biçimdədir: buynuz və armudvarı şəkildə. Onların bəzilərinin üzərində bədii bir səpgidə işlənmiş Allah, Məhəmməd, Əli sözlərinə, başqalarında isə rəmzi mahiyyətli təsvirlərə rast gəlirik.

Türkiyə muzeylərində Azərbaycan toxuculuq sənətinin də bir çox nadir nümunələri saxlanmaqdadır. Bunlardan vaxtı ilə Şamaxıda, Gəncədə, Şəkidə, Şuşa və Təbrizdə istehsal olunmuş parçaları, bədii tikmələri və xalçaları xüsusi qeyd etmək lazımdır.

Hazırda Türkiyə muzeylərində parça və tikmə sənətimizi təmsil edən bir neçə yüksək səviyyəli əsərlərimiz vardır ki, bunlar da əsas etibarı ilə İstanbulun Topqapı sarayı muzeyində cəmlənmişdir. Bu görkəmli muzeydə saxlanılan parça və tikmə sənətimiz içərisində ikisi xüsusilə diqqəti cəlb edir. Onlardan biri XVI əsrə aid sujetli parça tikməsidir, o birisi isə güləbətin tikməli xələtdir.

Dünya miqyasında geniş şöhrət tapmış Azərbaycan xalçaları da Türkiyə muzeylərinin gözəl incilərindən sayılır.

Azərbaycan xalçaları Türkiyədə dörd böyük muzeydə cəmlənmişdir. Bunlar İstanbulda Türk və İslam əsərləri muzeyində, Topqapı sarayı muzeyində və Xalça muzeyində, Konya şəhərindəki Mövlanə muzeyindədir.

Türkiyədə saxlanılan ən qədim Azərbaycan xalçası XIII əsrə aiddir. Uzunluğu 254, eni 170 sm ölçüdə olan bu nadir toxuculuq sənəti əsəri türk sənətşünaslarının verdiyi məlumatlara görə əvvəllər Beyşəhərdə Əşrəf oğlu camesinin nəzir verilmiş xalçalarından olmuşdur. 1932-ci ildə isə Konya şəhərindəki Mövlanə muzeyinə gətirilmişdir.

Türkiyədə saxlanılan orijinal sənət nümunələrimiz sırasına İzmirdə arxeoloji muzeydə nümayiş etdirilən mürəkkəb boyalı vazı da aid edə bilərik.

İran muzeylərində Azərbaycan sənətkarlığı nümunələri. Hazırda İranın muzey, məscid və şəxsi kolleksiyalarında Azərbaycan xalqının əsrlər boyu yaratdığı minlərlə nadir sənətkarlıq nümunələri mühafizə olunur. Bu baxımdan ölkənin paytaxtı Tehran şəhərində yerləşən Basitan, Gülüstan, Arxeoloji və Xalça Muzeyinin eksponatları xüsusilə diqqəti cəlb edir.

Tehranın Arxeoloji muzeyində nümayiş etdirilən sənət abidələrimiz içərisində Həsənli təpəsindən tapılmış bədii metal məmulatları xüsusilə diqqəti cəlb edir.

Həsənli təpəsi İran Azərbaycanın Sulduz mahalında yerləşir. Gözəl təbii şəraitə malik olan bu məntəqə hələ eramızdan min il əvvəl Yaxın Şərqdə zəngin mədəniyyət mərkəzlərindən biri olmuşdur. Mənbələr göstərir ki, Böyük Midiya dövlətinin tərkibinə daxil olan Manna tayfası vaxtilə bu ərazidə yaşamışdır. 1956-1957-ci illərdə Həsənli təpəsindən tapılmış sənət abidələri içərisində hazırda Tehranın Arxeoloji muzeyində nümayiş etdirilən qızıl cam dünya alimlərinin diqqətini xüsusilə özünə cəlb etmişdir.

Aşağıdakı cərgədə də diqqəti cəlb edən bir çox səhnəciklər vardır. Burada başına ilan dolanmış ovçu, onun yanında iki qoç üzərində dayanmış lüt qadın, üçbaşlı əjdahanın caynağından xilas olunmaq üçün əllərini kənarda dayanmış pəhləvana uzadan bir kişi təsvir edilmişdir. Bu səhnəciklər camın orta hissəsində yerləşmişdir. Camın nisbətən aşağı hissələrində kiçik səndəldə oturmuş qoca bir kişi təsvir olunmuşdur. Bir qadın onun qarşısında duraraq, kiçik yaşlı uşağı ona tərəf uzadır. Bu səhnənin üstündə üzü səndələ tərəf olan kişi əlində naməlum qab tutaraq dayanmışdır. Yuxarıda bəhs etdiyimiz şəkillərdə başına ilan dolanmış ovçu təsviri arasında üç başqa rəsm də vardır.

Azərbaycan mədəniyyətinin bu dövrlərdə qonşu dövlətlərlə qarşılıqlı əlaqəsini Urmiya gölü ətrafında Ziviyə mahalından tapılmış e.ə. VIII-VII əsrlərə aid olan qızıl döşlük də əyani şəkildə təsdiq edir.

İran muzeylərində Azərbaycanda toxunmuş xalçalar da saxlanılır. Bunların içində Qubanın Pirəbədil kəndində toxunmuş xalçanı qeyd etmək olar.

XX əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində mədəni irsimizə ciddi ziyan vurulmuş, milli mədəniyyət abidələrimiz qəddarcasına dağıdılmışdır. Ermənilər tərəfindən talan edilmiş muzeylərimizdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar talan edilmişdir.

İndi dövlətimizin qayğısı sayəsində Azərbaycanın bədii sənətkarlıq nümunələri qorunaraq öz sahibinin qayğısı altında dünyada tanıdılır və ən şərəfli yerdə dayanır. Artıq 2008-ci ildən etibarən Azərbaycanın maddi-mədəni dəyərləri UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında öz yerini tutmaqdadı. Bu gələcəkdə mədəniyyət abidələrimizin oğurlanması və mənimsənilməsinin qarşısını almaq üçün etibarlı zəmanətdir. Bu mənada Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanımın rolu və gərgin əməyi danılmazdır.

AZƏRBAYCAN MUZEYLƏRİ

Azərbaycanda ilk muzeylərin yaranması XX əsrin 20-ci illərindən başlanır. Belə ki, 1920-ci ildə Bakıda ilk dəfə olaraq “Doğma diyar” adlı muzey, bir qədər sonra isə 1938-ci ildə Şəki şəhərində artıq ilk memorial muzey yarandı. Keçən əsrin 30-cu illərindən başlayaraq, bir-birinin ardınca Azərbaycanda müxtəlif ədəbiyyat, incəsənət, tarix, musiqi, teatr və məşhur mədəniyyət xadimlərinin ilk ev-muzeyləri yaranmağa başladı. Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov və digər məşhur milyonçu və əsilzadələrdən müsadirə olunmuş qiymətli sənət əsərləri bu muzeylərin kütləvi sərgilənən ilk eksponatları oldu.

Əsasən Azərbaycan Milli Tarix Muzeyini qeyd etmək olar. Bakı milyonçusu Z.Tağıyevin keçmiş malikanəsində yerləşən “Muzey içində muzey” sayılan, qeyri-adi eksponatları ilə seçilən malikanə binasının özü belə Azərbaycanın möhtəşəm tarixi memarlıq abidəsi hesab olunur.

Qeyri-adi təbii tikililər, mağara və qayalar, qalalar, qədim saraylar və abidələr açıq səma altında muzey kompleksi hesab edilir. Belə muzeylər də Azərbaycanda çoxdur — bunlar qayaüstü rəsmləri ilə dünyaca məşhur olan Qobustan qayaları, Şirvanşahlar sarayı, mismarsız yığılmış ecazkar şəbəkəli Şəki Xan sarayı, Möminə xatun türbəsi və Şuşa şəhəridir.

Təəssüf ki, keçən əsrin 90-cı illərində Azərbaycan xalqının maddi və mədəni abidələri erməni işğalçıları tərəfindən məhv edilib. İşğal zamanı 760-dan çox mədəniyyət abidəsi, eyni zamanda 40 mindən çox əşyanın toplandığı 22 muzey, 4 rəsm qalereyası tamamilə dağıdılmış, təbii sərvətləri oğurlanmış, böyük sahədə meşə və düzənlikləri yandırılmışdır. Hüquqi cəhətdən şəhər-muzey sayılan Şuşada 8 muzey fəaliyyət göstərirdi ki, hər biri özlüyündə Azərbaycanın maddi-mənəvi dəyəri hesab olunurdu. Qarət və məhv edilən abidələr sırasında Qarabağ Dövlət Tarix muzeyini, Üzeyir Hacıbəyovun ev-muzeyini, Bülbülün memoreal muzeyini, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyini, Azərbaycan xalçası və tətbiqi-sənəti muzeyinin  Şuşa filialı, vertuoz tarzən Qurban Pirimovun Ağdamda yerləşən xatirə muzeyini və birçox başqalarını göstərmək olar. Müzəffər Ordumuzun böyük qələbəsindən sonra azad olunan torpaqlarımızda yenidən quruculuq işləri aparılır, əvvəlki abidələr və digər tarixi binalar bərpa edilir.

Bu gün Azərbaycanda 222 muzey fəaliyyət göstərir ki, onlardan 13-ü tətbiqi-sənət, 7-si ədəbiyyat, 16-sı tarix, 71-i bölgə-tarix, 60-ı Heydər Əliyev mərkəzləri, 6-sı hərb tarixi, almanların Göygöl ərazisində məskunlaşması xatirəsi olaraq Alman mədəniyyəti mərkəzi, 48-i isə ev-muzeyləridir.

Bir qədər irihəcmli muzey kompleksləri isə Bakı şəhərində yerləşir. Bunlar H.Əliyev Mərkəzi, Milli Tarix muzeyi, Milli Ədəbiyyat muzeyi, Azərbaycan xalça və tətbiqi-sənət muzeyi, Dövlət Teatr muzeyi, Dövlət Musiqi mədəniyyəti muzeyi və Azərbaycan İstiqlalı muzeyidir.

Bakıda, eyni zamanda Müasir incəsənət muzeyi, Miniatür kitab muzeyi, Bakının vizit kartı hesab edilən Qız qalası, Qala tarixi etnoqrafiya muzey-qoruğu, Nobel qardaşlarının ev-muzeyi, Daş kitabələr muzeyi, Arxeologiya və etnoqrafiya muzeyi, Malokologiya muzeyi, Hərbi Qənimətlər Parkı və digər muzeylər fəaliyyət göstərir.

HEYDƏR ƏLİYEV MƏRKƏZİ

Çoxları Heydər Əliyev Mərkəzinin memarlıq layihəsini ilk dəfə görəndə onun yalnız möcüzə nəticəsində gerçəkləşə biləcəyini düşünürdü. Bu qeyri-adi, mürəkkəb quruluşlu binanın inşası hətta nəzəri cəhətdən reallıqdan uzaq sayılırdı.

Mərkəzin 2007-ci ildə inşasına başlanılmış binası 2012-ci il mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə istifadəyə verilib. Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir. O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektur  müəllifi kimi tanınır.

Mərkəzin binasının layihəsində düz xətlərdən istifadə olunmayıb.
Binanın quruluşu – yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda davamlılığı, sonsuzluğu təcəssüm etdirir.
Binanın üzərindəki xətlər həm də keçmişlə gələcəyin bir-birinə bağlılığını yaradır.
Mərkəzin binasının daxili və xarici dizaynı arasında həmahənglik və qarşılıqlı əlaqə bu məkanı daxilən də hamıya yaxınlaşdırır. Çünki Mərkəz yaşından, irqindən, dinindən, cinsindən asılı olmayaraq hər kəsi öz ideyaları ətrafında birləşdirməyi qarşıya məqsəd qoyub.

Binanın ağ rəngdə olması aydın gələcəyi simvolizə etməklə yanaşı, həm də buradakı xüsusi elementləri nəzərə çarpdırmaq məqsədi daşıyır. Ağ rəng sayəsində işıq şüaları binanın səthi üzərində hərəkət edərək layihənin seçilən hissələrini vurğulayır.

Mərkəzin daxilində Heydər Əliyev Muzeyi yerləşir.

Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü Heydər Əliyev Muzeyidir. 

Dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən muzey Mərkəzin modern üslubu ilə həmahəngdir.

Burada Heydər Əliyevin həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir. Heydər Əliyev haqqında çəkilən filmləri izləmək istəyənlər üçün müasir avadanlıqlarla təchiz edilmiş xüsusi zal fəaliyyət göstərir. Muzeydə maraq doğuran bölmələrdən biri də ümummilli liderin müxtəlif ölkə rəhbərləri ilə görüşlərini əks etdirən multimediya zalıdır.

Muzeyin “Beynəlxalq əlaqələr” bölməsində məlumatlar xüsusi qlobus vasitəsilə çatdırılır. Belə ki, qlobusun üzərində yerləşən hər hansı ölkənin adına toxunduqda, Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində keçirdiyi görüşlər ekranda öz əksini tapır.

Muzeydə təqdim olunan Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələr də nümayiş etdirilən eksponatlar siyahısındadır.

MİLLİ TARİX MUZEYİ

Azərbaycanın böyük muzeylərindən biri — 1920-ci ildə əsası qoyulmuş Dövlət Tarix Muzeyi şəhərin ən gözəl yerlərindən birində, məşhur neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-96-cı illərdə tikilmiş malikanəsində yerləşir. 1921-ci ilin mayından fəaliyyətə başlayan muzeyin 1936-cı ilə qədər adı Azərbaycan SSR-in Dövlət Muzeyi olub və elmi-tədqiqat sahəsində əvəzedilməz rol oynayıb. Bədii-tarixi dəyərlərə əsaslanaraq 1920-30-cu illərdə təbiət, tarix, teatr, ədəbiyyat, din və ateizm muzeyləri, Şirvanşahlar sarayı muzey qoruğu, əlyazmalar fondu (sonralar Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu oldu) yaradıldı. Ərsəyə gəldiyi ilk gündən mədəni-maarif sahəsində fəaliyyətini gücləndirərək Milli Elmlər Akademiyası strukturunda elmi-tədqiqat müəssisəsinə çevrildi. Bu dövrlər ərzində muzeyin elmi-tədqiqat planına Azərbaycan tarixinin bütün dövrlərinin öyrəniləsi və ekspozisiyada göstərilməsi ən ümdə məsələ kimi daxil olub.

Bu muzey Azərbaycan ərazisində olan bütün qədim maddi-mədəniyyət abidələrinin elmi tədqiqatı ilə məşğuldur. 60-70-ci illərdə arxeoloqlar tərəfindən görülən səmərəli işlər sayəsində muzey ölkənin qabaqcıl arxeoloji tədqiqat mərkəzinə çevrilir. Muzeydə 300 mindən çox maddi-mənəvi mədəniyyət nümunəsi var ki, bunlar 6 bölmədə qorunur. 93 mindən çox eksponat arxeologiya şöbəsinin fondunda qorunur ki, bunlar Azərbaycan tarixinin paleolit dövründən başlayaraq orta əsrlərədək olan dövrü əhatə edir. Burada daşdan düzəldilmiş əmək alətləri, misdən, dəmirdən hazırlanmış əmək və məişət əşyaları, gil və çini qablar, zərgərlik nümunələri qorunub saxlanılır. Müxtəlif dövrlərə aid Azərbaycan tarixinin və dövlətçiliyinin öyrənilməsində çox böyük əhəmiyyətə malik olan 150 mindən çox sikkə və əskinaslar numizmatika fondunu bəzəyir. Azərbaycan ərazilərindən aşkar edilmiş qızıl, gümüş, mis pullar həm dövlətçilik tariximizin, həm də digər dövlətlərin varlığını sübut edən dəlillərdən biridir. Numizmatika fondunda şərq pullarının sayının çoxluğuna görə o dövrkü SSRİ ərazisində Azərbaycan  yüksək yerlərdən birini tutur. Numizmatika fondunda pullarla bərabər nişanlar, möhürlər, poçt markaları, kağız pulların nişanları mövcuddur ki, bütün bunlar xalqımızın tarixinin öyrənilməsində əhəmiyyətli rol oynayır.

Muzeyin yarandığı vaxtdan burada etnoqrafiya fondu fəaliyyət göstərir ki, bu da xalqımızın təsərrüfat və məişət həyatına aid 9 min eksponatı əhatə edir. Nəfis bəzədilmiş mis qablar, Azərbaycanın müxtəlif bölgələrinə aid gözəl naxışlarla bəzədilmiş əl işi sayılan kişi və qadın geyimi nümunələri  də xüsusi tarixi-bədii əhəmiyyət kəsb edir. Muzeydə həm də müxtəlif xalça və xalça məmulatları – cecim, keçə, toxunma çanta, məişət torbaları və bir çox işlər əsil sənət nümunələri olmaq etibarilə öz milli dəyərini və yüksək keyfiyyətini saxlamağa nail olmuşdur.

Muzeyin fondu daim zənginləşməkdə davam edir. Burada 4 min yaşı olan arxeoloji tapıntılar, qızıl əşyalar da var.

Muzeyin birinci mərtəbəsinin ekspozisiyasında daş dövrünün primitiv icmaları (2 milyon il əvvəl), tunc və dəmir dövrləri (6 yüz min il əvvəl), qədim və yaxın orta əsrlər dövrü (e.ə. IX əsrdən XII əsrə qədər), XII-XV əsr Azərbaycan mədəniyyəti, XVI-XVII əsr Azərbaycan elmi və xalq təsərrüfatı ilə bağlı məlumatlar sərgilənir.

II mərtəbənin sərgisində XVII əsrin sonu XIX əsrin əvvəlləri, Rusiyanın Azərbaycanı işğalının əvvəli – 1801-1813-cü illər və sonu — 1826-1828-ci illər haqqında, Şimali Azərbaycan (1830-1870), XIX əsr ağac emalı, xalça işi və ipək istehsalı, ticarət, iqtisadiyyatın, elmin, təhsilin və mədəni həyatın inkişafı, eyni zamanda yayılmış inanclar, adətlər, I Dünya müharibəsində ölkənin vəziyyəti, 1918-ci il soyqırımı və müasir dövrdə ölkənin siyasi-hərbi vəziyyəti öz əksini tapıb.

2007-ci ildə Muzeyin binasında məşhur mesenat və filantrop Hacı Zeynalabdin Tağıyev və onun ailəsinə həsr edilmiş memorial muzey otağı təsis edilib. Muzey yenidən bərpa edilmiş 9 otaqdan ibarətdir: Hacı Zeynalabdin Tağıyevin otağı, şərq üslublu qonaq otağı, kitabxana, bilyard otağı, yemək otağı, buduar, yataq otağı və geyim otağı. Burada orijinal mebel və Tağıyevin şəxsi əşyalarını görə bilərsiniz.

MİNİATÜR KİTAB MUZEYİ

Miniatür kitab muzeyi 2 aprel 2002-ci ildə fəaliyyətə başlamışdır. Muzey Zərifə Salahova tərəfindən 20 ildən artıq müddətində toplanmış nadir kolleksiyası əsasında yaradılmışdır.

Muzeyin ekspozisiyası 35 vitrində yerləşdirilmişdir. Vitrinlərə 60 artıq ölkədə nəşr edilmiş 4300 miniatür kitab düzülmüşdür. Muzeyin kitab fondunda isə 6000-dən çox miniatür nəşr var. Bunları muzeyin yaradıcısı Zərifə Salahova iyirmi ildən artıq müddətdə toplamışdır.

Ekspozisiyanın “Azərbaycanda nəşr olunmuş miniatür kitablar”, “Nadir miniatür kitablar”, “Dini ədəbiyyat miniatür kitablarda”, A.S.Puşkinin sağlığında 1837-ci ildə Sankt-Peterburqda işıq üzü görmüş “Evgeni Onegin” poemasının da daxil olduğu “Puşkiniana” kimi bölmələri böyük maraq doğurur. Onların arasında “H.Əliyev. Əsrin müqaviləsi” kimi 1998-ci ildə Bakıda nəfis tərtibatda nəşr olunmuş kitab, habelə 1815-ci ildə Londonda buraxılmış “İngiltərə tarixi” və digər nadir nüsxələr diqqəti xüsusilə cəlb edir. Muzeyə gələnlər Azərbaycan, Rusiya, ABŞ, Yaponiya, İngiltərə, Fransa, İtaliya, Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Kuba, İsveçrə və keçmiş SSRİ respublikalarında nəşr edilmiş miniatür kitablarla tanış ola bilərlər. Dünyanın 62 ölkəsində çap olunan, olduqca rəngarəng kitablar seyrçilərə təqdim olunur. Kitabların əksəriyyəti ingilis dilində çap olunanlardır. Onların ölçüsü 2 millimetrdən 10 millimetrə qədərdir. Kolleksiyadakı ən kiçik kitab Yaponiyada çap edilən 3 mikrokitabdır. Kitablar “Doğum daşı”, “Zodiak nişanları və onun rəmzləri”, “Güllərin dili” adlanır. Bu kitablar 1979-cu ildə nəşr olunub. Onların cildi qoyun dərisindən düzəldilib, ölçüsü isə 2×2 millimetrdir. Hər kitab 16 səhifədən ibarətdir, onlar da öz növbəsində 50-100 işarə göstərilir. Onların oxunması üçün öz lupası da var. Ekspozisiyanın bəzəyi olan kitablardan 1964-cü ildə Münhendə (Almaniyada şəhər) çap olunan 3,5×3,5 millimetrlik 4 kitabça, SSRİ-də çap olunan “Puşkiniana” mövzulu 19 kitabça, atalar sözləri və məsəllər külliyatını misal kimi göstərmək olar. 1985-ci ildə Moskvada “Kniqa” nəşriyyatı “Möcüzələr möcüzəsi” adlı 6×9 mm-lik A.S.Puşkinin və A.M.Qorkinin portret və kəlamlardan ibarət 5 cildli kitab nəşr edir. Bu kitabda 24 səhifə və hər səhifədə 9 sətir var. O vaxtlar bu kitabdan cəmisi 200 nüsxə çap olunub.

Muzeydə dini mövzulu nadir kitablara da rast gəlmək olar. Bu, əsasən XVII əsrə aid olan Quran nəşrləri, 4 cildli “İncil” (1906), katolik dua kitabçası, Tövrat, “Buddist hekayələri” və sairədir.

Nadir kitabların ümumi tirajı yüksək olmur. Bəzən belə kitabların tirajı heç 100-ə çatmır. Burada olan kitabların çoxunun yaşı 100 ildən artıqdır. Muzeyin ən “qoca” kitabı 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunan Quran kitabıdır. Muzeydə məşhur “Beatles” qrupunun mahnılarının sözləri toplanan və cəmi 5 nüsxəsi olan mini kitab da var.

1 oktyabr 2014-cü ildə Muzey, “Ginnesin rekordlar kitabına” dünyanın ən böyük miniatür kitab kolleksiyası kimi düşüb.

Muzeyin fondları yeni nəşrlərlə, habelə hədiyyə edilən nəşrlərlə daimi zənginləşdirilir.

AZƏRBAYCAN MƏTBƏXİNİN YARANMASINA VƏ İNKİŞAFINA TƏSİR GÖSTƏRMİŞ FAKTORLAR

Azərbaycan mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. “Azərbaycan mətbəxi” təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir. Azərbaycan mətbəxi mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir.

Azərbaycan mətbəxi Azərbaycan xalqının dühası ilə onun tarixən yaşadığı indiki Azərbaycan Respublikası, Güney (İran) Azərbaycanı, indiki Ermənistanın azərbaycanlılardan zorakılıqla təmizlənmiş qədim İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarının torpaqlarında, Gürcüstanda azərbaycanlıların qədimdən bəri yaşadıqları bölgələrdə (Borçalı) Dağıstan ərazisində, o cümlədən keçmiş Azərbaycan xanlıqlarından birinin mərkəzi olmuş Dərbənd və ətrafında yaradılmışdır.

Təbii ki, mətbəxin yaradılmasına və inkişafına təsir göstərən ən mühüm amil iqlimdir. Bununla bağlı olaraq, qeyd etmək kifayətdir ki, Azərbaycan Respublikasının ərazisindən 8 iqlim zonası keçir ki, bu da öz növbəsində bu regionun flora və faunasının növ müxtəlifliyini və zənginliyini şərtləndirir, bütün heyvanların və bitkilərin yaşayışları və inkişafları üçün əlverişli şərait yaradır. Bunlar isə, zəngin mətbəx yaradılması üçün əsas bazadır.

Zəngin mətbəx yaradılması üçün vəhşi heyvanlardan, quşlardan, balıqlardan və bitkilərdən istifadə ilə yanaşı, cəmiyyətin sonrakı inkişaf dövrlərində kənd təsərrüfatı məhsullarının istehsalı da tələb olunur. Bunun üçün əhali yüksək əkinçilik və heyvandarlıq mədəniyyətinə malik olmalıdır.

Misal üçün, xəmirdən və dənli bitkilərdən mürəkkəb xörəklər yalnız o halda meydana çıxa bilərdi ki, kənd təsərrüfatı məhsullarının istehsalı çörək bişirilməsinə və çörəyi əvəz edən məhsullara tələbatdan artıq olsun. Yalnız taxılın artığını kifayət qədər uzun bir müddət saxlamaq lazım gələndə mürəkkəb xörəkləri eksperimentləşdirmək və yaratmaq imkanı olurdu. Bu əsrlərcə davam etdikdə, tədricən yeni-yeni xörəklər yaranır və xalqın yaddaşında möhkəmlənirdi. Təkcə “çətən”in (aşsüzənin, süzgəcin arxaik forması) varlığı dənli bitkilərdən və xəmirdən xörək hazırlanmasının tarixini eramızdan 5-6 min il əvvələ aparır və sabit məhsul, müvafiq olaraq əkinçiliyin yüksək səviyyəsi haqqında danışmağa imkan verir.

Böyük miqdarda taxıl məhsullarının istehsalı yüksək əkinçilik mədəniyyəti, suvarma sistemlərinin olması, heyvandarlığın inkişafı haqqında və s. xəbər verir.

Bütün bunlar oturaq həyat tərzi olmadan mümkün deyildi.

Qeyd etmək gərəkdir ki, Güney Qafqazda mətbəx üçün zəruri olan xammalı əsasən, yüksək əkinçilik və heyvandarlıq mədəniyyətinə malik olan azərbaycanlılar istehsal edirdilər. Məsələn, gürcü alimi M.İ.Tkeşelov 1888-ci ildə keçmiş İrəvan xanlığı ərazisində yaşayan azərbaycanlılar haqqında yazırdı: “Kəndlərdə taxılçılıq, əkinçilik və bağçılıqla məşğul olurlar. Təbii ki, düzənlik yerlərdə, yaylaqlarda təkcə heyvandarlıqla məşğul olmurlar, azərbaycanlılar əsasən, çay sahillərində yaşadıqlarından onları əkinçi xalq adlandırmaq olar. Söyləyə bilərik ki, azərbaycanlılar demək olar hər yerdə çay sahillərində yaşayırlar, halbuki ermənilər yalnız dağlıq yerlərdə məskunlaşıblar”.

E.K.Artamanov 1889-cu ildə İran barədə yazarkən qeyd edirdi ki, “taxılı daha çox Azərbaycan, Xorasan, Kirmanşah, Fars, İsfahan və Yəzd verir”.

Q.V.Soloqub 1852-ci ildə yazırdı: “Ermənilər öz fəaliyyətlərini əsasən ticarətə və var-dövlət yığmağa yönəldirlər. Azərbaycanlılar isə öz növbələrində yaşayış yerlərinə müvafiq olaraq öz fəaliyyətlərini əkinçiliyə və maldarlığa yönəltmişlər və Zaqafqaziyada əsas istehsalçı elementdir”.

İ.V.Seqalov 1902-ci ildə qeyd edirdi ki, “Müsəlman xalqı əsasən, Bazarçay, Ayrıçay, Bərgüşad, Oxçuçay və onların qollarının, eləcə də Arazın sahillərində yaşayırlar; erməni əhalisi isə sərt təbiətli dağlıq yerlərdə pərakəndə halda yaşayırlar. Erməni kişilərinin çox böyük hissəsi (15 yaşdan 40 yaşadək) ehtiyac üzündən hər qış Xəzər sahillərinə, Bakıya və Tiflisə qazanca yollanırlar. Burada onları nökərçilik xidməti, küçə həyatı cəlb edir. Azərbaycanlılara gəldikdə, onlar düzənliklərdə və yaxşı əkinçilik şəraitində yaşayırlar”.

Bu əlbəttə, təbii prosesin gedişində olmuşdu. Digər xalqlar gələnədək bütün məhsuldar torpaqlarda yerli əhali məskunlaşmışdı və onlar tərəfindən istifadə olunurdu. Bunu erməni alimi Q.A.Yezov da (1908-ci il) təsdiq edir: “Yeni vətən erməniləri o qədər də xoş qarşılamadı, çünki sərbəst dövlət torpaqları çox az idi”.

Səyyahların, alimlərin, tacirlərin, diplomatların və digərlərinin qeydləri, eləcə də arxeoloji qazıntılar sübut edir ki, bu torpaqlarda qədimlərdən bəri çox böyük həcmdə taxıl, düyü, küncüt, soya bitkiləri, çuğundur, qovun, qarpız, üzüm, alma, nar, heyva və buna bənzər digər əkinçilik, bağçılıq və bostançılıq məhsulları yetişdirilirdi.

Bitkiçiliyin bu məhsulları, eləcə də təzə və qurudulmuş balıq, kürü, bal, kərə yağı və digər heyvandarlıq məhsulları ilə nəinki yerli əhali təmin olunur, həm də qonşu, yaxın və uzaq ölkələrə ixrac edilirdi. Bu təkzibedilməzdir ki, əsrlər boyunca Qafqaz bazarları azərbaycanlılar tərəfindən istehsal edilən heyvandarlıq və bitkiçilik məhsulları ilə təmin olunurdu. Misal üçün, Y.D.Anqabadze və N.Q.Volkova, “Köhnə Tiflis” kitabındakı qaynaqlara istinadən yazırlar: “Tiflis bazarlarına pendiri əsasən osetinlər, azərbaycanlılar gətirir, pendiri habelə, borçalılar (azərbaycanlılar – T.Ə.) da satırlar. Tiflis bazarlarında Azərbaycandan, Göycə gölündən (həmin ətraf Ermənistana veriləndən sonra “Sevan gölü” adlandırılır – T.Ə.) gətirilmiş qızıl balığa böyük tələbat var idi”.

Beləliklə, Zaqafqaziyada zəngin mətbəx yaratmaq və inkişaf etdirmək imkanına, mətbəx üçün güclü xammal bazasına malik əsas xalq azərbaycanlılar olmuşlar.

Erməni, gürcü, fars və digərlərinin mətbəxlərində xörəklərin böyük əksəriyyətinin mənşəyinin ad etibarı ilə Azərbaycan türklərinə bağlılığı məhz bu faktla izah edilir.

İqlimdən sonra mətbəxə təsir edən başlıca faktor ocaqdır. Misal üçün, Slavyan mətbəxində, xüsusən də rus mətbəxində bir çox şirin kökələr, suda bişmə və pörtləmə xörəklər rus sobasının imkanları ilə ortaya çıxmışdır. Azərbaycan mətbəxinin yaradılması və inkişafı çox böyük dərəcədə təndir, körə, buxarı, külfə, çala ocaq, sac, manqal və s. açıq və qapalı ocaqların çoxlu sayda növlərinin olması ilə bağlıdır.

Özünəməxsus qab-qacaqlar və mətbəx ləvazimatı da bizim mətbəxə müəyyən təsir göstərib. Günü bu gün də bizim evdar xanımlar heyvan dərisindən, daşdan, ağacdan, gildən, şüşədən, metaldan və s. qab-qacaqlardan istifadə edirlər.

Azərbaycanın xalq mətbəxində yanacaq qismində indiyədək qaz və elektriklə yanaşı, odun, odun kömürü, təzək və s.-dən istifadə edilir. Təzəkdən istifadə xüsusi maraq doğurur. Təzəkdən istifadə edildiyi yerlərdə ağacların və kolların yanacaq üçün doğranması azalır. Təzəyin hazırlandığı və istifadə edildiyi yerlərdə ciyər xəstəlikləri və nəfəs yollarının xəstəlikləri olmur. Hind alimlərinin tədqiqatlarına əsasən təzəyin yanması zamanı əmələ gələn tüstü antiseptik xassələrə malikdir.

Xalqın kulinar mədəniyyətinin səviyyə göstəricilərindən biri həmin xalqın suya, onun təmizlənməsinə münasibəti və sudan istifadə bacarığıdır. Qədimdən Azərbaycan xalqı suyu ağ və qara deyə iki yerə ayırır. Tərkibində çoxlu duzlar, ionlar, metallar olan su sərt, qara sudur. Və əksinə, tərkibində ionların, metalın və duzların az olduğu sular yumşaq su hesab olunur.

İçkilərin və xörəklərin hazırlanmasında yalnız, yumşaq ağ sudan istifadə olunur. Çayların, arxların, kanalların sahillərində həmişə salxım söyüd basdırılır. Söyüdün antimikrob xassələrinə malik kökləri, budaqları və s. hissələri suyu sağlamlaşdırır. Bu məqsədlə, içində su olan qablara salxım söyüdün budaqlarından kəsib atırlar. Bəzən suya gümüş əşya da atılır. Bu olmadıqda sudakı qatışıqların çöküntü verməsi üçün içində su olan xüsusi qaba ərik çəyirdəkləri atırlar.

Bəlkə də, tarixdə suyun birinci və ən yaxşı təbii təmizləyicisi indiyədək azərbaycanlılar tərəfindən istifadə edilir. Bu suyu təmizləmək üçün istifadə olunan su daşıdır. Su daşı qara və ya ağ qumdaşından hazırlanmış içi oyulmuş piramidaya oxşayır, onun zirvəsi aşağıya doğru olmaqla xüsusi ağac dayaqların üstünə yerləşdirir və altına təmiz suyun yığılması üçün qab qoyurlar. Daşı su ilə doldurur, bir çox hallarda suyun içinə gümüş əşya və ya söyüd budağı atırlar. Daşın kapilyar məsamələrindən keçən su damcı-damcı aşağıdakı təmiz su qabına yığılır və bu zaman su təkcə təmizlənmir, həm də daşın məsamələrindəki təzyiqin fərqləri sayəsində və kapilyardan keçməklə təbii yolla sərinləşir.

Qeyd etmək gərəkdir ki, yaşı 3700 il olan ən qədim samovar Azərbaycanda (Şəki bölgəsində) tapılıb və o, yaşı 2000 il olan Misir samovarından daha qədimdir. Bu isə kulinariyada çıxış nöqtələrindən biri, ocağın qabın çölündən onun içərisinə keçirilməsi, suda su-hava balansının dəyişilməsi, su mühitində qida maddələrinin ayrılma həcminin və buna müvafiq olaraq mayenin dadının dəyişilməsidir.

Mətbəxə təsir göstərən növbəti mühüm faktor xalqın tarixi-coğrafi yerləşmə məkanı, qonşu xalqlarla qarşılıqlı bağlılığıdır.

Qədim ticarət karvanlarının və hərbi yolların Azərbaycan ərazisindən keçməsi mətbəximizə müəyyən təsir göstərmişdir. Ümumtürk etnosuna mənsubluq eyniadlı, eyni kökə malik xörəklərin olmasına gətirib çıxarsa da, Azərbaycan mətbəxini ümumtürk mətbəxinin tacı saymaq olar. Zövq yaxınlığı baxımından Azərbaycan mətbəxi Anadolu mətbəxinə daha yaxındır.

Ərəblərlə uzunmüddəli əlaqələr bizim mətbəxə qəhvə bəxş etmiş, tarixi “İpək Yolu” uzaq Çindən bu yerlərə çayı gətirmişdir. Digər tərəfdən, rus mətbəxi ilə tanışlıq Azərbaycan mətbəxinə “şi” və “borş” (xalq arasında onları ümumilikdə “borş” adı ilə tanıyırlar) gətirmiş, digər tərəfdən Rusiya vasitəsilə təhrif olunmuş, ruslaşmış Avropa mətbəxi ilə tanışlığa imkan yaranmışdır. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində neft sənayesinin inkişafı ilə bağlı olaraq Avropa mətbəxi ilə birbaşa tanışlıq başlanır (bu proses günümüzdə də müşahidə edilir) ki, bu da yalnız restoran mətbəxinə təsir göstərmiş, əhalini alüminium qablardan istifadəyə öyrətmişdir və bu müdaxilə əhalinin sağlamlığına zərərdən başqa, xalq mətbəxinə müsbət heç nə əlavə etməmişdir.

Azərbaycanlıların milli mətbəxinə güclü təsir göstərən faktorlardan biri xalqın dini və inanclarıdır. Zərdüştlük, atəşpərəstlik, Avesta fəlsəfəsi psixologiyada, adətlərdə, Azərbaycan xalqının təfəkküründə əksini tapmaqla yanaşı, mətbəxdə də öz əksini tapmışdır. Aşpazın birinci köməkçisinə — ocağa hörmət, bizcə, buradan gəlir. İşığa, oda inamın təsiri altında formalaşmış süfrə adətləri və xörəklər bu gün də canlıdır. Uzun müddət, Azərbaycanda xristian dini mövcud olmuş və olmaqdadır — bu faktorun da mətbəximizdə izləri qalır. Eyni zamanda azərbaycanlıların artıq min ildir müsəlman olmaları və islamın mətbəxə təsiri də şübhə doğurmayan faktdır. Qızıl qab-qacaqdan istifadədən imtina, donuz ətindən imtina, spirtli içkilərdən istifadənin yasaqlığı və s. islam ənənələrinin güclü təsirindən söz açır. Müxtəlif bayramlar, ayinlər və oruc tutmaq da mətbəxə güclü təsir göstərmişdir.

Qeyd edək ki, dinlə bağlı olan mətbəx adətləri, qadağalar, məsləhətlər xüsusi tədqiqatların obyektidir. Burada yalnız bunu qeyd edək ki, dinin, xüsusən də islamın qidaya və qida məhsullarına tələblərinin ciddi elmi bazası var. Məsələn, islamda meyvələri və dənli bitkiləri onların qabığını təmizləməklə yemək məsləhət görülmür. Amma elmdə yalnız bu yaxınlarda kəşf etmişlər ki, suda həll olunan vitaminlərin və mikroelementlərin əsas hissəsi bitkilərin öz qabığında olur və s. Odur ki,bizim milli mətbəximizdə də bir çox meyvə və tərəvəzlərin qabığı ilə istifadəsinə üstünlük verilir.

Azərbaycan mətbəxi dadı və keyfiyyəti baxımından dünyada öz layiqli yerini tutmaqdadır. Bizim milli yeməkləri heç olmasa bircə dəfə dadan onun heyranı olur. Azərbaycanda UNESCO-nun Ümumdünya qeyri-maddi mədəni irs siyahısına daxil edilən 11 elementdən 2-si yeməklə bağlıdır: lavaş (2016) və dolma (2017).

AZƏRBAYCAN DİLİNDƏ XÖRƏK ADLARININ YARANMASININ QANUNAUYĞUNLUQLARI

Ümumtürk mətbəxinin bolqar, yuqoslav, rus və digər mətbəxlərə təsiri haqqında çox yazılmışdır. Maraqlıdır ki, Azərbaycan mətbəxi ərəb və fars mətbəxinə də güclü təsir göstərmişdir. Misal üçün, görkəmli alim Cavad Heyət “İki dilin müqayisəsi” kitabında Azərbaycan dilindən fars dilinə keçmiş digər sözlər arasında 60-a yaxın kulinar terminini misal göstərir.

Dilçilik nöqteyi-nəzərindən Azərbaycan dilində xörək adlarının əmələ gəlməsinin müəyyən qanunauyğunluqları var. Birinci qanunauyğunluq ondan ibarətdir ki, xörəyin adı onun hazırlanmasının mərhələlərinə, təsirin forma və metodlarına uyğun gəlir.

Misal üçün, “qatlama”, “dolma”, “doğramac”, “əzmə” başlanğıc texniki təsir metodlarını göstərirlər; “qızartma”, “pörtləmə”, “qovurma”, “bozartma”, “dondurma” və s. istilik təsirinin üsullarıdır; “dindili küftə”, “nazik yarpaq xəngəl”, “yuxa”, “lülə kabab” və s. xörəyin həndəsi formalarını; “yarpaq dolması”, “yarma xaşıl”, “düyü çinkuru”, “səbzi kükü”, “bal qaymaq” xörəyin hazırlanması üçün əsas xammalı; “qatıq”, “sulu xəngəl”, “hora” konsistensiyanı; “turşu”, “şoraba”, “şirin nazik” xörəyin orqanoleptik xassələrini; “sac içi”, “tava kabab”, “kölfə çörək” və s. ocağın adını; “Gəncə paxlavası”, “Tovuz xəngəli”, “Qarabağ basdırması”, “Şəki halvası” xörəyin hazırlanma məkanını göstərir.

Qeyd edək ki, çox zaman xörəyin adı onun bir deyil, bir neçə növünü bildirir. Misal üçün, dolmanın 30-a yaxın, plovun 200-ə yaxın növü və s. bəllidir.

İkinci qanunauyğunluq “aş” sözü ilə bağlıdır. Bir sıra terminlər bu sözdən gəlir: aşpaz, aşçı, aşxana, xaş (heyvan ayaqlarından xörək — qaynar həlməşik), xaşıl (qatı un yarması), qaşıq və bir çox digərləri. “Aş”, “as” terminlərinə biz bir çox qədim türk yazılı qaynaqlarında, o cömlədən Orxon-Yenisey və digər yazılı daş abidələrdə rast gəlinir.

Kulinar terminlərinin əmələ gəlməsinin üçüncü qanunauyğunluğu bütün türk dillərinə aiddir. Məsələn, Türkiyədə “imambayıldı” (molla xörəyin ləzzətindən huşunu itirdi), Qazaxıstanda “beşbarmaq”, Azərbaycanda “xəngəl” (xan gəl), “tərxan” (gənc xan), “ağsaq oğlaq”, “tutmac” (ac tutma, ac qoyma), “qalac” (ac qal) kimi xörəklərin adlarının əmələ gəlməsindəki oxşarlıq buna misal göstərilə bilər.

Bütün bunlar onu göstərir ki, xörəyin adının mənası hansı dillə isbat edilirsə, xörək həmin xalqa mənsubdur. Dilimizdə öz izahını verən xörəklərimiz sırf Azərbaycan mətbəxinin məhsulu hesab edilir.

AZƏRBAYCAN MƏTBƏXİNDƏ İÇKİLƏRİN MÜXTƏLİFLİYİ

Mətbəximizin növ müxtəlifliyi ilə zəngin hissələrindən biri içkilərdir. Tutdan, zoğaldan və digər bitkilərdən araq çəkilir ki, bundan əsasən müalicəvi vasitə kimi istifadə edirlər. “Araq” dilimizdə “ağ içki” mənasını verir (aq – ağ, ar – içki deməkdir, kefir sözündəki “ir” də içki mənasındadır). Digər tərəfdən “ar” sözü “arınmış” sözündən olmaqla təmiz, təmizlənmiş mənasını da verə bilər.

Distillyasiyanın köməyi ilə müxtəlif bitkilərdən alkoholsuz müalicəvi araqlar, cövhərlər və digər distillyasiyalar hazırlayırlar.

Buna misal olaraq, nanədən çəkilən araq, gülabı, qarışıq otlardan hazırlanan “çal araq” göstərilə bilər. Qədim zamanlardan Azərbaycanda “buza” — pivə də hazırlanır. Rus sözü “buzit” də bu sözdən törəmişdir.

Digər türk mətbəxlərində olduğu kimi süddən və turşumuş süd məhsullarından “ayran”, “atlama”, “bulama” kimi çoxlu içkilər mövcuddur.

Meyvə şirələrindən, müxtəlif bitki cövhərlərindən və qənddən istifadə etməklə növbənöv şərbətlər düzəldirlər. Şərbətlər süfrəyə əsasən plovla verilir, bayramlarda və mərasimlərdə içilir. “Ovşala”, “qəndab”, “itburnu suyu”, “səlab” kimi içkilər təkcə süfrəni bəzəmir, həm də müalicəvi xassələrə malikdirlər.

Çay Azərbaycan mətbəxində xüsusi yer tutur. Masamızı çaysız təsəvvür etmək mümkün deyil. Qəhvə və kakao çayla müqayisədə az istifadə olunur. Səhərlər süfrəyə qaynadılmış isti süd və süddən içkilər verilir.

İçkilər arasında Azərbaycanın mineral suları – “İstisu”, “Badamlı”, “Sirab” və s. özəl yeri var. Onlar süfrəyə susuzluğu yatırmaq üçün verilir, eyni zamanda müalicəvi xassələri vardır.

Tut şirəsindən, qarpızdan, şəkər qamışından, çuğundurdan, üzümdən, yabanı xurmadan bişirilmiş qatı bəkməzdən hazırlanan içkilər susuzluğu yatırır, eyni zamanda sağlamlıq üçün faydalı hesab edilir.

Susuzluğu yatırmaq və ağır, yağlı xörəklərin həzmini yüngülləşdirmək üçün süfrəyə “ağır” xörəklərlə birlikdə “iskəncəbi” içkisi verilir, onu bal və sirkənin qatışığından hazırlayırlar.

Bəzi qaynaqlarda ona “sirkə balı” da deyilir. Bəzən bal əvəzinə qənddən istifadə edilir.

Bizim mətbəxdə xoşablar (kompotlar) və paludlar (kisel) şirin xörəklərin deyil, içkilərin sırasına aid edilir. Lakin, təbii ki, ən yaxşı içki Azərbaycan bulaqlarının buz kimi soyuq suları hesab edilir.

AZƏRBAYCAN MƏTBƏXİNDƏ XÖRƏKLƏRİN MÜXTƏLİFLİYİ

Milli mətbəximiz son dərəcə zəngindir. Azərbaycan mətbəxində 2000-ə yaxın xörək məlumdur. İngilis səyyahı Entoni Cenkinsonun şahidliyinə görə, Şamaxıda Abdulla xanın qonağı olarkən onun bir dəfə nahara oturmasına 150 çeşiddə xörək gətirilmiş, süfrə yığışdırıldıqdan sonra daha 140 xörək növü təqdim olunmuşdu.

Mətbəximizin bu növ zənginliyini tarixən evdar qadınlar və mütəxəssislər yaratmışlar. Bu növ zənginliyi, eyni zamanda mütəxəssislər arasında əmək bölgüsünün köməyi ilə mümkün olmuşdur.

Osmanlı səyyahı Evliya Çələbi xatırladır ki, “burada 12 imamın adı ilə bağlı 12 aşpazxanada minlərcə adam işləyirdi”. Bunları o çörəkçi, yuxa salan, şatır, aşçı, piti bişirənlər, kababçı, çayçı, halvaçı, qənnadıçı, şərbətdar və s. deyə qeyd edir. Xörəklərin və məmulatların həmin qruplarının adları ilə mütəxəssislər bu gün də bizim kütləvi iaşə müəssisələrində çalışırlar. Əməyin belə daxili bölgüsü və onun inkişafı eyniadlı xörəklərin say artımına səbəb olmuşdur. Misal üçün, plovun 200 növü, dolmanın 20-i növü, lülə kababın 20-i növü mövcuddur.

Azərbaycanda qədimlərdən bəri iribuynuzlu və xırdabuynuzlu heyvanın ətindən istifadə olunur. Qaynaqlar mətbəxin inkişafının erkən mərhələsində at ətindən istifadə edildiyini göstərirlər. Bu gün azərbaycanlılar qidada at ətindən istifadə etmirlər. Yaşlı insanlar indiyədək dəvə ətinin dadını, xüsusən də dəvə ətindən qutabları ləzzətlə xatırlayırlar.

Bizim mətbəxdə vəhşi və ev heyvanlarının ətindən geniş istifadə edilir. Erkək əti, şişək (qoça gəlməmiş qoyun), axtalanmış heyvanların əti daha zərif və dadlı hesab edilir. Dağ və dağətəyi rayonların çəmən-otlaq heyvanlarının ağ mərməri xatırladan ətinə üstünlük verilir. Belə ətdə piy damcıları hüceyrə strukturunun öz daxilində olur.

Dondurulmuş ətlə müqayisədə təzə ətə üstünlük verilir. Ətdən başqa, qidada quyruq yağından və köməkçi məhsullardan da istifadə edilir.

Əti uzun müddət saxlamaq üçün onu quyruq yağı ilə birlikdə xırda tikələrlə qızardır və tuluğa, xüsusi gil qablara doldurur, üstündən piy əridib tökürlər. Bundan başqa, qaxac ət tədarükü də görülür.

Bizim mətbəxdə ev quşları və vəhşi quşların ətindən və yumurtalarından da geniş istifadə edilir. Vəhşi quşların ovu qar əriyəndən sonra və quşların dimdikləri və ayaqları soyuqdan qızarmış olduqdan sonra başlanır. Ev quşları — qaz, hind toyuğu, ördək, toyuq ətindən qidada geniş istifadə edilir.

Bir çox hallarda quşları xüsusi qəfəslərdə yerləşdirirlər ki, çox da hərəkət edə bilməsin. Burada onu tərkibində daha çox yağ olan dənlə (qarğıdalı, günəbaxan və s.) yemləyirlər. Bu halda quşların yağlı və zərif əti olur. Quş piyi heyvan piyi ilə müqayisədə daha yüksək keyfiyyətli məhsul sayılır.

Quşların və heyvanların əti bütöv şəkildə, iri və xırda tikələr şəklində, ayrıca və ya digər məhsullarla birlikdə bişirilir.

Bizim mətbəxdə qədim zamanlardan qiymələnmiş ətdən də istifadə edilir. Dolma, küftə və s. hazırlanarkən əti ətçəkən maşından keçirirlər.

Xəzər dənizi, Kür, Araz və digər çaylar, Göy-göl, Ceyranbatan, Göycə və digər göllər mətbəximizi ləzzətli balıq xörəkləri ilə zənginləşdirmişdir. Qızardılmış, pörtlədilmiş, farş edilmiş balıqlardan hazırlanan çoxlu sayda müxtəlif yeməklər bizim masaların bəzəyidir.

Balıq yeməklərini bütöv balıqdan, onun iri və xırda tikələrindən, eləcə də balıq farşından hazırlayırlar. Qara, qırmızı və sıxılmış balıq kürülərindən geniş istifadə olunur.

Quşçuluq məhsullarından qidada daha çox toyuq yumurtasından istifadə olunur. Pəhriz mətbəxində bildirçin yumurtasından da istifadə edilməkdədir. “Qayğanaq”, “çalxama”, “kükü”, “çığırtma” və s. günü bu gün də yemək masalarına bəzəkdir. Azərbaycanın süd mətbəxi son dərəcə geniş çeşiddə və zəngindir. Süd, ağız süd, bulama, qatıq, pendir, duq, qaymaq, çiyə, ayran, şor və digər süd məhsulları və onlardan hazırlanan xörəklər — dovğa, doğramac, ayran aşı, atlama, südlü sıyıq və digər xörəklər hələ qədimlərdən bizim mətbəxi zənginləşdirmişdir.

Azərbaycanlılar yuxa, fətir, lavaş, səngək, xamralı, təndir çörəyi və s. müxtəlif formalı, qalınlıqda və hazırlanma üsuluna görə fərqli çörəklərə — bizim masaların başlıca sərvətinə xüsusi həssaslıq və hörmətlə yanaşırlar. Əgər süfrəyə çörək gəlibsə, azərbaycanlılar ona hörmət əlaməti olaraq birinci əllərini çörəyə uzadırlar, hesab edirlər ki, çörək hər şeydən irəlidir. Çörəyə Quran qədər hörmət edir və çörəyə and içirlər.

Xəmir xörəkləri və kulinar məmulatları bizim mətbəxdə xüsusi yer tutur. Qeyd edək ki, ətdən və xəmirdən hazırlanmış yeməklərimizin çoxu bütün türk xalqlarına xasdır. Tarixçi Fariq Sumer özünün “Oğuzlar” kitabında səlcuqların türklər olduğunu sübut etməkdən ötrü bir neçə dəfə buna daha bir sübut gətirir ki, səlcuqlar “tutmac” (əriştə və paxladan xörək), “xəngəl” (sulu xəngəl və yarpaq xəngəli), “gürzə”, “düşbərə”, “xaşıl”, “hörrə” və digər un xörəklərini yeyirdilər. Yeri gəlmişkən, bu xörəklər əsasən qış fəslində hazırlanır.

Havalar istiləşdikcə süfrələrdə ət və xəmir xörəklərinin sayı azalır və əksinə, becərilən və yabanı bitkilərdən xörəklərin hazırlanma payı artır. Cincilim, ispanaq, çuğundur yarpağı, nanə, badımcan, pomidor və s.-dən “kətə”, “suyuq”, “dovğa”, “əcəb-sandal” və s. xörəklər və müxtəlif salatlar hazırlanır.

Bizim nahar süfrəmizdə dənli və paxlalı bitkilərdən “sıyıq”, “plov”, “qovurğa”, “hədik” və s. kimi yeməklər də layiqli yer tutur.

Lakin, ən gözəl xörək plov sayılır. Azərbaycanda — tam əminliklə düyünün vətənlərindən biri kimi sayılan bir ölkədə plovun 200-ə yaxın növü var. Azərbaycanın bəzi bölgələri üçün düyü çörəyi əvəz edir. Misal üçün, Lənkəranda əvvəllər ümumiyyətlə qidada çörəkdən istifadə edilmirdi.

Azərbaycan mətbəxində şirniyyat, qənnadı məmulatları, halva xüsusi yer tutur. Buna səbəb Azərbaycanda qədimdən bəri şəkər istehsal edilməsi olmuşdur. Şəkər şəkər çuğundurundan alınırdı. Azərbaycanlılar bu şəkər növünü təmizlənməmiş şəkildə alırdılar, hərçənd şəkərin rafinasiyası Azərbaycanda hələ X əsrdə baş vermişdir. Şəkərin digər növünü şəkər qamışından alırdılar. Onu bu ölkəyə Yekaterinanın əmri ilə, knyaz Potyomkin Rusiyadan gətirmişdir. Bu qəndə “taxta qənd” deyilirdi.  Şəkərin bu növlərindən başqa, meyvə şəkəri — nabat da hazırlanırdı. Ölkədə böyük miqdarda bal və meyvə şirələrinin bişirilməsindən alınan bəkməzlər, doşablar da şirin süfrənin rəngarəngliyinə rəvac verirdi. “Paxlava”, “şəkərbura”, “rahat lükum”, “riçal”, “sucuq”, “peşmək”, “peşvəng”, “quymaq”, “qatlama”, “yuxa halvası” və s. bizim evdar xanımların və ustaların fəxridir.

Şirniyyat əsasının (bal, qənd, bəkməz) və meyvələrin bolluğu mətbəximizdə ləzzətli məmulatların yaradılmasına səbəb olmuşdur. Bunlar — müxtəlif mürəbbələr, kompotlar, cemlər, zoğal, heyva, gilas, əncir, qoz ləpəsi və qızılgül ləçəklərindən hazırlanan şəkərlənmiş məmulatlardır.

Azərbaycanda turşulaşdırmanın köməyi ilə və duzun köməyi ilə tərəvəzin konservləşdirilməsi (tutma) geniş tətbiq edilir.

Müalicəvi və pəhriz mətbəxi Azərbaycan kulinariyasında xüsusi yer tutur. “Umac”, “xaş”, “hörrə”, “quymaq” və s. kimi bir sıra xörəklərdən qədim zamanlardan bəri müxtəlif xəstəliklərdə müalicə faktoru kimi istifadə olunur.

Mətbəxin əsas hissəsi mərasim və bayram xörəkləridir. Səmənidən xörəkləri yalnız Novruz bayramında, qovut yalnız Xıdır Nəbi bayramında hazırlanır, hədik, qovurğa mütləq uşağın ilk dişləri çıxanda və ya yüz yaşlı qocalar dişlərini itirəndə bişirilir, “kiçik çillə” bayramında məxsusi saxlanmış qarpız kəsilir.

Azərbaycan mətbəxinin gündəlik yüngül qəlyanaltı yeməkləri arasında “yaxma” (açıq buterbrod), “dürmək” (nazik çörəyə — yuxaya və ya lavaşa, xüsusi olaraq boru şəklində bükülmüş və ya təndir çörək, xamralı və digər çörək növlərinin arasını yarmaqla doldurulmuş yağ, pendir və s.) göstərmək olar. Müvafiq olaraq dürmək “bükmə” (bükmək sözündən) və ya “cibli” (çörəyin arasının cib şəklində yarılması) də adlanır. Dürməyi həm soyuq, həm də isti halda süfrəyə verirlər.

Qəlyanaltılar arasında “məzə”ləri — salatları da qeyd etmək gərəkdir.

Yeməyin sonunda “çərəz” (meyvələr, quru meyvələr, qoz, fındıq və s.) və şirin yeməklər verilir.

Mətbəxin zənginliyini və inkişaf müxtəlifliyini müəyyən edən faktorlardan biri souslar və həlimdir. Hələ XVII əsrdə məşhur Osmanlı səyyahı Evliya Çələbi Azərbaycan haqqında yazır: “Burada üstəlik 12 adda sous və həlim məlumdur”.

Turşumuş süddən (qatıq) və sarımsaqdan, sirkə və sarımsaqdan qatılaşdırılmış baldan və ya qaymaqdan meyvə şirələrindən düzəldilən souslardan daha çox istifadə edilir. Pastila (qəndlə meyvə horrasından hazırlanır) və lavaşandan (quru pastila) hazırlanmış souslardan müxtəlif xörəklərdə istifadə olunur.

Balıqla bir yerdə narşərab (nar şirəsindən bişirilmiş sous) və ya narşərab əsasında sous verilir.

Azərbaycan mətbəxində menyunu adətən ilin vaxtını, havanı, yaşı, istehlakçının həyat tərzini, məkanı və s. nəzərə almaqla tərtib edirlər. Yeməklərin aran yeməyi, pəhriz yeməyi, zahı qadının yeməyi, gəlinin yeməyi, bəyin yeməyi, uşaqların, gənclərin və qocaların yeməkləri kimi qrupları məlumdur.

Dünyanın ən uzun ömürlüləri olan azərbaycanlılar, eyni zamanda ən sağlam mətbəx yaratmışlar, belə ki, sağlam mətbəx olmadan uzun yaşamaq çox çətindir.

Azərbaycanın ənənəvi süfrə mədəniyyəti əl ilə yeməyi tələb edir. Bizim nazik çörəkləri (yuxa, səngək, lavaş) qaşıq kimi bükür və onun köməyi ilə xörəyin maye hissəsini bu improvizasiya edilmiş “qaşıqla” yeyirlər. Xörəyin möhkəm hissəsini isə nazik çörəklə tutub götürürlər.

Əllə yeməyin bir sıra üstünlükləri var:

1) Barmaqların ucunda çox həssas sinir ucları yerləşir. Əllər istilik kompozisiyasını, xörəyin konsistensiyasını hiss edirlər;

2) Xörək qaşıq və ya çəngəlin köməyi ilə ağıza aparılanda ağız boşluğunu yandırmaq və ya bərk üşütmək mümkündür. Əllə yedikdə qida ağıza bədənin temperaturuna yaxın bir temperaturda düşür, belə temperaturda isə dad reseptorları və fermentlər ağız boşluğunda daha yaxşı işləyirlər. Belə yeməyi tezcə udmur, yaxşıca çeynəyirlər. Əbəs yerə islamda qaynar qidanı yemək və içmək qadağan etmir, islam onları isti halda qəbul etməyi tövsiyə edir;

3) Qida metal çəngəllər və ya qaşıqlarla qəbul edilərkən metal ionları ftoru və yodu öldürür. Bu isə dişlərin xarab olmasına gətirib çıxarır;

4) Əllə qidalanma yüksək gigiyena qaydalarına əməl etməyə məcbur edir, belə ki, əlləri yaxşıca yumaq lazım gəlir, bu isə qidanın qəbulu prosesini kiçicik bir bayrama çevirir və insanı psixoloji baxımdan qidanı tələsmədən rahatlıqla qəbula hazırlayır. Adətə görə, əllər yaxşı-yaxşı yuyulduqdan sonra barmaqları bir daha gülab suyu ilə isladırlar.

Qeyd etmək lazımdır ki, mətbəxin vəziyyətini onun ətraf xalqların mətbəxinə təsiri sayəsində müəyyənləşdirmək mümkündür. Əgər, Çin mətbəxi Asiya mətbəxinə (Tailand, Malayziya və s.), Fransız mətbəxi isə Avropa mətbəxinə güclü təsir göstərmişdirsə, Azərbaycan mətbəxi qonşu xalqların mətbəxləri üçün əsasdır. Beləliklə, Azərbaycan mətbəxini öz təsirinə görə, Çin və Fransız mətbəxi ilə yanaşı qoymaq olar.

Lakin, Azərbaycan mətbəxində başlıcası dadlı xörəklər və ətirli içkilər deyil, gözəl meyvələr deyil, başlıcası — qonaqdır. Azərbaycanın mətbəx fəlsəfəsinin əsasında qonaq dayanır. Odur ki, xoş gəlmişsiniz, buyurun qonağımız olun.

Dolma

Kabablar

Əsas yeməklər

Plov

Balıq yeməkləri

Sulu yeməklər

Xəmir yeməkləri

Şirniyyatlar

Mürəbbələr

Turşular

Salat və qəlyanaltılar

Şərbətlər