Bağlıyıq Azərbaycana

ODLAR YURDU —
AZƏRBAYCAN

Biz sizə ecazkar bir diyardan — Azərbaycandan, onun təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən, tarixindən, bu diyarın qədim sakinlərindən — onun həyatından, müxtəlif mədəniyyətlərə və sivilizasiyalara məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrindən söhbət açmaq istəyirik.

Azərbaycan coğrafi addır. Bu ad bir tərəfdən bu ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması ilə bağlıdır. Yəni bu ərazidə yaşayan əhali odu allah sayırdılar, oda tapınırdılar. "Azər" — od, atəş deməkdir. O biri tərəfdən, Azərbaycan ərazisində qədim zamanlarda türk soylu "Azər" sözündəndir. "Azər" — "az" və "ər" tərkibindən ibarətdir. Türk dillərində "az"ın yaxşı niyyət, uğurlu tale kimi anlamları var. "Azər", yəni "ər kişi", "ər oğlu", "od qoruyan" deməkdir. Deməli, "Azərbaycan" bu ərazidə yaşayan qədim türkdilli qəbilənin adından əmələ gəlmişdir.

Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Bəşəriyyət bütün inkişaf dövrlərində bu torpaqda öz tarixini yaşamışdır. İnsanlığın ilk çağlarında Azərbaycanda insan məskənləri olmuşdur. Bugünkü bəşər mədəniyyətinin yaranması, tərəqqisi və dialektikasında Azərbaycanın öz yeri, öz payı vardır.

Zaman uzun keçmişlərin bir çox arxeoloji və memarlıq abidələrini bizim üçün qoruyub saxlamışdır. Qədim daş kitabələr, əlyazmalar, əsrlərin dərinliklərindən yadigar qalmış xalça naxışları, onları oxumağı bacaranlara, başlıcası isə oxumaq istəyənlərə çox şey danışa bilər. Azərbaycanı tanımaq, onun haqqında həqiqəti bilmək üçün bu torpağa, onun adamlarına dost gözü ilə baxmaq gərəkdir.

Azərbaycan qədim mədəniyyət ölkəsidir. Buraya köçüb gəlmiş oğuz tayfaları həmin ərazidə əsrlər boyu təşəkkül tapıb sabitləşmiş, dərin köklərə malik mədəniyyətlə qarşılaşaraq, öz növbələrində bu mədəniyyəti ümumtürk mədəni ənənələri ilə zənginləşdirmişlər. Xalqımızın istedadı və yaradıcılıq qüdrəti “Kitabi-Dədə Qorqud”, “Oğuznamə”, “Koroğlu” və bir çox başqa epik abidələrdə təcəssüm etmişdir.

Bu bərəkətli, səxavətli və mehriban torpaq bir çox mütəfəkkirlərin, filosofların, alimlərin, şairlərin, memarların, musiqiçilərin, rəssamların beşiyi olmuşdur. Rəvayətə görə, Zərdüşt bu torpaqda dünyaya göz açmışdır. Azərbaycan torpağı bəşəriyyətə Nizami Gəncəvi, Xaqani Şirvani, Bəhmənyar, Nəsimi, Füzuli,

Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, A.Bakıxanov, M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə, Hüseyn Cavid, C.Cabbarlı, Səməd Vurğun, Əliağa Vahid, Rəsul Rza kimi dahilər bəxş etmişdir.

Doğma diyarın al-əlvan təbiəti Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev və digər istedadlı fırça ustalarının boyakarlıq lövhələrində əksini tapmışdır.

Xalq musiqimiz, muğamlarımız Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov kimi görkəmli bəstəkarları bu gün bütün dünyada səsləndirilən əsərlər bəstələməyə ruhlandırmış, Bülbül, Rəşid Behbudov kimi sehirli, ecazkar səsə malik müğənnilərə ilham vermişdir.

Məşhur Azərbaycan xalçaları sanki təbiətin bütün rənglərini, boyalarını, tarixin bütün nişanələrini özündə təcəssüm etdirir. Bu gün onlar uçan xalçalar kimi, zaman və məkan hüdudlarını aşaraq Azərbaycandan çox-çox uzaq ölkələrə gedib çıxırlar.

Dünyanın bir çox muzeylərində Azərbaycan ustalarının metal, keramika, ipək və ağacdan yaratdıqları dekorativ sənət nümunələri saxlanılır.

Azərbaycanda elmin və maarifin çoxəsrlik tarixi vardır. 1919-cu ildə açılmış Bakı Dövlət Universiteti, 1945-ci ildə yaradılmış Azərbaycan Elmlər Akademiyasının institutları respublikada elmin, təhsilin və mədəniyyətin inkişafında müstəsna rol oynamışlar. Bu gün respublika alimlərinin maraq dairəsinə Xəzərin dərinlikləri, kosmosun ənginlikləri, insan beyninin sirləri və s. problemlər daxildir.

Onlarla ali məktəb və texnikumlar, minlərlə məktəb, kollec və litseylər, ilahiyyət məktəbi — budur bugünkü Azərbaycanın təhsil sisteminin mənzərəsi.

Respublika alimlərinin həll etdikləri mühüm problemlərdən biri Xəzər dənizinin, Azərbaycanın müxtəlif bölgələrinin ekologiyasının qorunub saxlanmasıdır. Alimlərin səyləri sayəsində onlarla qoruq — Qızılağac, Şirvan, Zaqatala, Ağgöl, Girkan və s. yaradılmışdır.

Onilliklər boyu ölkə sənayəsini neftçıxarma, neft-kimya və neft emalı, kənd təsərrüfatını isə pambıqçılıq, üzümçülük, tərəvəzçilik və maldarlıq təmsil etmişdir.

Azərbaycanın iqtisadiyyatını canlı orqanizmə bənzətsək, etiraf edilməlidir ki, onun damarlarından neft axır. Azərbaycanda yer altından neftin, yanar qazın çıxması bu yeri hələ qədim zamanlarda hər yerdə məşhur etmişdir.

Azərbaycan ta qədimdən özünün əbədi yanan ocaqları, atəşgahları ilə məşhurdur. Abşeronda Yanardağ deyilən yer var. Naxçıvanda, Kəlbəcərdə, Masallıda, Lənkəranda, Babadağda… yerdən qaynar sular çıxır.

Suraxanıda əbədi olaraq yanan və heç vaxt sönməyən Atəşgah vardır. Əsrlər boyu dünyanın uzaq-uzaq ellərindən oda inanan, oda tapınan atəşpərəstlər, hətta Hindistandan kahinlər odu axtara-axtara gəlib onu Abşeronda tapıblar və özlərinin baş məbədlərini burada — Suraxanı Atəşgahında yaratmışlar.

Bu gün də “Azərbaycan” deyəndə göz önünə onun əsas sərvəti olan neft gəlir. Neft təkcə sərvət yox, həm də şöhrətdir. Uzaq zamanlarda bu diyara yer altından çıxıb gölməçələrdə qərar tutan xüsusi qoxusu, rəngi olan mayenin ardınca uzaq-uzaq ölkələrdən gəlirdilər. Min illər boyu tuluqlara doldurulmuş nefti Şərqə, Qərbə dəvə karvanları ilə aparırdılar. Azərbaycandan aparılan neftdən təkcə işıq üçün yox, həm də bir çox xəstəliklərdə qiymətli dərman kimi istifadə edirdilər. Əsrlər bir-birini əvəz etdikcə yaxın-uzaq ölkələrdə neftə olan tələbat durmadan artırdı.

XIX əsrdən başlayaraq bütün dünyada sənayenin yüksəlişi ilə əlaqədar olaraq neftə olan ehtiyac görünməmiş bir sürətlə artdı.Həmin əsrdən başlayaraq neft məişət vasitəsindən çıxaraq siyasətə çevrilir. Tarixə elm-texnika əsri kimi daxil olmuş XX əsrdə isə neft məsələsi dünya məsələsinə çevrilir. Neft ölkələrində xüsusi neft siyasəti, neft strateqiyası meydana gəlir.​

Bu gün Azərbaycanda nəhəng enerji layihələri yerinə yetirilməkdədir. Xəzər dənizinin Azərbaycana aid olan hissəsində neft və qaz layihələri uğurla həyata keçirilir. Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə çevrilmişdir.

Bir zamanlar Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və onun ağır nəticələrinə (90-cı illərdə Ermənistan Dağlıq Qarabağ və onun inzibati sərhədlərindən kənarda yerləşən 7 rayonu işğal etmişdi. Ölkənin 10 milyonluq əhalisinin 1,2 milyonu qaçqın-köçkün statusu almışdı. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.) baxmayaraq, hal-hazırda ölkəmiz dünyanın demokratik ölkələri sırasındadır. Azərbaycan mürəkkəb və sərt maneələri dəf edərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyəti formalaşması istiqamətində mühüm və qətiyyətli addımlarını atmaqda davam edir.

Hazırda Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası (AŞ), Müstəqil Dövlətlər Birliyi (MDB), GUAM, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatların üzvü olmaqla bərabər, Avropa Birliyi, NATO, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlarla da fəal əməkdaşlıq edir, yeni-yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulur.

AZƏRBAYCAN ƏRAZİSİ

Ərazisi 

86.6 min km2 (12% meşələr, 1.7% su hövzəsi, 54.9% yararlı torpaqlar, o cümlədən 31.1 % otlaq və biçənəklər,31.4% sair torpaqlar). Ölkə 44° və 52° şərq uzunluq dairəsi, 38° və 42° şimal en dairəsində, Bakı 40° paralel üzərindədir.  Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir.

Qonşuları 

Dövlət sərhədləri cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km-dir. 

Böyük göllər, km2 

Sarısu – 65.7

Ağ göl – 56.2

Böyük Şor gölü  – 16.2

Ağzıbirçala – 13.8

Candargöl – 10.6

Hacıqabul – 8.4

Böyük Alagöl – 5.1

Aşıq-Qara – 1.76

Göygöl – 0.79

Qaraçuq – 0.45

Dünyada ən böyük göl – Xəzər dənizi 

sahəsi 400.000 km2, dərinliyi – 1025 m.

Ən yüksək dağ zirvəsi 

Bazardüzü – 4466 m. 

Böyük adalar, km2 

Pirallahı – 14.4 
Çilov – 11.5 
Xərə-Zirə – 3.5 
Böyük-Zirə – 1.4 

Böyük çaylar, km

Kür – 1515
Araz – 1072 
Qanıx (Alazan) – 413
Qabırrı (İori)  – 389 
Samur – 216 
Tərtər – 200  

AZƏRBAYCAN ƏHALİSİ

2020-ci il yanvar ayının 1-nə ölkə əhalisinin sayı ilin əvvəlinə nəzərən 53894 nəfər, yaxud 0,5 faiz artaraq, 10 035 351 nəfərə çatıb.

Əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub.

Əhalinin ümumi sayının 52,8 faizi şəhərlərdə, 47,2 faizi kəndlərdə yaşayır.

Ölkə əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edir.

Əhalinin sayı (ilin əvvəlinə)

İllər

Cəmi əhalinin sayı,

min nəfər

o cümlədən:

Bütün əhaliyə nisbətən, faizlə

şəhər yerləri

kənd yerləri

şəhər yerləri

kənd yerləri

2010

8 997.6

4 774.9

4 222.7

53.1

46.9

2011

9 111.1

4 829.5

4 281.6

53.0

47.0

2012

9 235.1

4 888.7

4 346.4

52.9

47.1

2013

9 356.5

4 966.2

4 390.2

53.1

46.9

2014

9 477.1

5 045.4

4 431.7

53.2

46.8

2015

9 593.0

5 098.3

4 497.7

53.1

46.9

2016

9 705.6

5 152.4

4 553.2

53.1

46.9

2017

9 810.0

5 199.0

4 611.0

53.0

47

2018

9 898.1

5 237.8

4 660.3

52.9

47.1

2019

9 981.5

5 273.94 707.652.847.2

 

Doğum, ölüm və təbii artım

İllər

Nəfər

əhalinin hər 1000 nəfərinə

 Doğulanlar 

 Ölənlər 

 Təbii artım 

 Doğulanlar 

 Ölənlər 

 Təbii artım 

2010

165 643

53 580

112 063

18.5

6.0

12.5

2011

176 072

53 762

122 310

19.4

5.9

13.5

2012

174 469

55 017

119452

19.0

6.0

13.0

2013

172 671

54 383

118 288

18.6

5.8

12.8

2014

170 503

55 646

114 855

18.1

5.9

12.2

2015

166 210

54 697

111 513

17.4

5.7

11.7

2016

159 464

56 648

102 816

16.5

5.9

10.6

2017

144 041

57 109

86 932

14.8

5.9

8.9

2018

138 98257 25081 73214.25.88.4

2019

29 654

12 742

16 912

3

1.3

1.7

 

Əhalinin yaş qrupları üzrə bölgüsü (ilin əvvəlinə)

 

Min nəfər

Faizlə

 

2012

2013

2014

2015

2016

2017

2012

2013

2014

2015

2016

2017

Cəmi əhali

9235.1

9356.5

9477.1

9593.0

9705.6

9810.0

100

100

100

100

100

100

O cümlədən:

yaş

            

0-4

765.2

812.6

823.1

851.4

851.9

835.5

8.3

8.7

8.8

8.9

8.8

8.5

5-9

623.0

620.7

628.7

666.9

709.3

761.9

6.7

6.6

6.8

6.9

7.3

7.8

10-14

664.3

653.8

662.2

634.4

625.7

622.4

7.2

7.0

6.9

6.6

6.4

6.3

15-19

844.4

801.9

812.2

724.9

693.0

663.6

9.1

8.6

8.0

7.6

7.1

6.8

20-24

944.6

937.2

949.3

902.8

873.3

842.2

10.2

10.0

9.7

9.4

9.0

8.6

25-29

873.0

898.2

909.8

936.8

943.6

941.9

9.5

9.6

9.7

9.8

9.7

9.6

30-34

736.5

767.2

777.1

816.9

840.0

870.2

8.0

8.2

8.4

8.5

8.7

8.9

35-39

626.4

633.5

641.7

680.9

709.3

732.9

6.8

6.8

6.9

7.1

7.3

7.5

40-44

653.1

646.6

654.9

620.3

613.8

622.0

7.1

6.9

6.6

6.5

6.3

6.3

45-49

670.4

662.0

670.5

657.0

655.7

646.1

7.3

7.1

7.0

6.8

6.8

6.6

50-54

629.5

653.4

661.8

664.4

660.7

657.3

6.8

7.0

7.0

6.9

6.8

6.7

55-59

407.2

443.6

449.3

492.2

580.7

608.9

4.4

4.7

5.2

5.6

6.0

6.2

60-64

266.2

287.6

291.3

304.4

351.1

384.9

2.9

3.1

3.2

3.4

3.6

3.9

65-69

122.9

136.4

138.2

163.4

222.3

242.5

1.3

1.4

1.7

2.0

2.3

2.5

70 və yuxarı

408.4

401.8

390.3

380.3

375.2

377.8

4.4

4.3

4.1

4.0

3.9

3.8

 



AZƏRBAYCAN RESPUBLİKASININ SİYASİ SİSTEMİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Azərbaycan Respublikasının siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Onun meydana gəlməsində və fəaliyyətində çox müxtəlif amillər rol oynamış və oynamaqdadır. Siyasi sistemin fəaliyyətinin formalaşmasına əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri mühüm təsir göstərir.

Ümumiyyətlə Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu. Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşmişdir. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublika parametrlərinə uyğundur.

Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq Azərbaycan Respublikasında müstəqil şəkildə formalaşan və fəaliyyət göstərən üç hakimiyyət qolu qərarlaşmışdır: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Bu hakimiyyət orqanlarından hər birinin fəaliyyəti Konstitusiya və qanunvericilik aktları ilə tənzimlənir.

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir.

Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti statusuna malik olmasıdır. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Orada qanunverici hakimiyyəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir.

Azərbaycanın siyasi sistemində yerli özünü idarətmə orqanları olan bələdiyyələr də mühüm yer tutur. 

Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plyuralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanına malikdirlər.

İCRA HAKİMİYYƏTİ

Azərbaycan Respublikası Konstitusiyasına müvafiq olaraq icra hakimiyyətinin vahid sistemini yuxarı, mərkəzi və yerli icra hakimiyyəti orqanları təşkil edir. Bu sistem dövlət orqanlarının və qulluqçularının əsas çoxluğunu əhatə edir və geniş hüquqlara malikdir. Qanunların icrası icra hakimiyyətinin əsas funksiyasıdır.

Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər. Azərbaycan Respublikasının siyasi sisteminə görə Prezident dövlətin başçısıdır.

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Prezidentə geniş səlahiyyətlər verilmişdir. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentlərini vəzifəyə təyin və vəzifədən azad edir, Milli Məclisin razılığı ilə Baş Naziri təyin və azad edir, Nazirlər Kabinetini istefaya göndərir, Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir. Prezident Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir. Azərbaycan Respublikasının Prezidenti Hökumətin fəaliyyətinə birbaşa nəzarət edir.

Prezident Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir. Bütün bunlarla yanaşı, Prezident Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququna malikdir. Prezident ona təqdim olunmuş qanunları 56 gün ərzində imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər.

Prezident dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlayır, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir, təsdiqnamələri imzalayır.

Azərbaycan Respublikasının Prezidenti Təhlükəsizlik Şurasını yaradır və ona rəhbərlik edir. Dövlət başçısı fövqəladə və hərbi vəziyyət elan olunması barədə fərman verərək 24 saat ərzində Milli Məclisin təsdiqinə verir. Azərbaycan Respublikasının Prezidenti Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.

Azərbaycan Respublikasının siyasi sistemində Prezidentin xarici siyasət fəaliyyətində səlahiyyətləri genişdir. Prezident rəsmi səfərlərdə, beynəlxalq danışıqlarda ölkənin ən səlahiyyətli təmsilçisi kimi çıxış edir. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamələrini və övdətnamələrini qəbul edir, dövlətin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələri təyin edir və geri çağırır.

QANUNVERİCİLİK HAKİMİYYƏTİ

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti bir palatadan ibarət olan Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Ölkə əhalisi tərəfindən seçki yolu ilə formalaşdırılan parlament qanunvericilik hakimiyyətini təmsil edən demokratik dövlət quruluşunun ayrılmaz institutu, dövlət hakimiyyətinin mühüm qollarından biridir. Onun fəaliyyəti və səlahiyyəti statusu iki əsas istiqamətdə reallaşır: birincisi Milli Məclis geniş məsələlər kompleksi üzrə ümumi qaydalar müəyyənləşdirir. Həmin qaydalar çərçivəsində icra hakimiyyəti konkret idarəçilik funksiyasını həyata keçirir. İkincisi Milli Məclisin bilavasitə həll etdiyi məsələlər. Bura Milli Məclisin impiçment yolu ilə prezidenti vəzifədən kənarlaşdırmaq səlahiyyətlərinə malik olması və digər məsələlər daxildir. Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.

Azərbaycan Respublikasının Milli Məclisi ümumi və birbaşa seçkilər əsasında 5 il müddətinə seçilmiş, 125 millət vəkilinin daxil olduğu təkpalatalı parlamentdir. Qanunvericilik fəaliyyətindən əlavə Milli Məclis dövlət büdcəsini təsdiq və ona nəzarət edir.

Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.

Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər:

1) Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili;

2) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi;

3) İnzibati ərazi bölgüsü;

4) Dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;

5) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət;

6) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi;

7) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqi;

8) Bu Konstitusiyada nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Prezidentinin fərmanlarının təsdiqi;

9) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verilməsi;

10) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi;

11) Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

12) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin impiçment qaydasında vəzifədən kənarlaşdırılması;

13) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən hakimlərin vəzifədən kənarlaşdırılması;

14) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi;

15) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

16) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi;

17) Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi;

18) Referendum təyin edilməsi;

19) Amnistiya;

20) Bələdiyyələrin hesabatlarının dinlənilməsi.

Azərbaycan Respublikasının Milli Məclisi öz iş qaydasını müəyyən edir və Milli Məclisin müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, komitələr və komissiyalar təşkil edir, Hesablama Palatası yaradır.

Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən sonra martın 10-dək onun 83 deputatının sәlahiyyәtlәri təsdiq edilməzsə, Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilmə vaxtını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müəyyən edir.

MƏHKƏMƏ HAKİMİYYƏTİ

Azərbaycan Respublikasının Məhkəmə sistemi Azərbaycan konstitusiyasına uyğun olaraq, Respublikada fəaliyyət göstərən, məhkəmə hakimiyyətinin vahid vəzifələri, təşkilati və fəaliyyət prinsipləri altında birləşmiş bütün məhkəmələrin məcmusundan ibarətdir. Azərbaycan Respublikası məhkəmə sisteminin quruluşu “Məhkəmələr və hakimlər haqqında” 1997-ci il 10 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmişdir.

Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir. Seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Prezidentin təqdimatına əsasən Milli Məclis tərəfindən təyin edilən 9 hakimdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Milli Məclisin qərarlarının, İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunu müəyyən etməyə səlahiyyətlidir.

Konstitusiya Məhkəməsi qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisəli məsələləri həll edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir; məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.

Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir.

Apellyasiya Məhkəmələri apellyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə məhkəmə aktlarından verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxır. Apellyasiya Məhkəmələri mülki kollegiyadan, inzibati-iqtisadi kollegiyadan, cinayət kollegiyasından və hərbi kollegiyadan ibarətdir.

İnzibati-iqtisadi Məhkəmələr müvafiq ərazi yurisdiksiyası çərçivəsində idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında yaranan iqtisadi və hüquqi statusundan asılı olmayaraq, şəxslər arasında yaranan inzibati mübahisələrə dair işlərə baxır.

Hərbi Məhkəmələr müvafiq ərazi yurisdiksiyası çərçivəsində müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxır (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır).

Ağır Cinayətlər Məhkəmələri müvafiq ərazi yurisdiksiyası çərçivəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə ağır və xüsusilə ağır cinayət hesab olunan əməllər üzrə cinayət işlərinə baxır, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) məsələsini həll edir.

Rayon (şəhər) Məhkəmələri birinci instansiya məhkəməsi kimi ərazi yurisdiksiyası çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır. 

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olnmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla, xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib. 24 avqust 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31, 2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik edilib. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlər, habelə yeni 6 maddə əlavə edilib.

Ölkəmizdə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

  – Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

  – Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

  – Vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

  – Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

  – Ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;

  – Ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi — referendum yolu ilə bu Konstitusiya qəbul edilir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT RƏMZLƏRİ
 
Maddə 23. Azərbaycan dövlətinin rəmzləri
(Konstitusiya maddəsi)
 
I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
 
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
 
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.

 

DÖVLƏT BAYRAĞI

Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra​ Azərbaycanda bu bayraqdan imtina edilmişdir.

Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.

1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng — Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng — müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng — islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

 

DÖVLƏT GERBİ

Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır.

Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olunmuşdur. 1991-1992-ci illər ərzində müsabiqəyə Dövlət gerbinin onlarla layihəsi təqdim olunmuş, müzakirələr zamanı 1919-1920-ci illərdə hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı təkliflər də səslənmişdir.

Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir.

Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.

Dövlət gerbinin qabarıq təsviri:

  • Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə;
  • Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;
  • Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;
  • Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;
  • Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına vurulur.

 

DÖVLƏT HİMNİ

1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.

1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.

 

Musiqi: Üzeyir Hacıbəyov
Sözlər: Əhməd Cavad

 

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!

 

Azərbaycan Respublikasının əhalisinin  gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.

Azərbaycan dili İran İslam Respublikasında yaşayan 30 milyondan artıq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birilərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır.

Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.

Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ)* dillər qrupuna daxildir. Bu qrupa daxil olan bütün dillər kimi, Azərbaycan dilində də insirafi (flektiv) dillərdən fərqli olaraq bütün söz kökləri özümlü leksik və qrammatik mənası olan müstəqil sözlərdir; qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və kökdən sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə olunur.

Azərbaycan xalqının etnik əsasını təşkil edən türklər indiki Azərbaycan ərazisində eramızdan əvvəl görünməyə başlamış, birinci minilliyin əvvəlindən isə başqa mənşədən olan çoxsaylı tayfalarla birlikdə bu torpağın qədim sakinləri olmuşlar. Türk mənşəli Azərbaycan dilinin və həmin dildə danışan xalqın yaranması, başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən bir proses olmuşdur. Əhalinin etnik tərkibində türk tayfalarının sayı, habelə iqtisadi, siyasi, mədəni təsiri artdıqca dilin fəaliyyət dairəsi də genişlənmiş və beləliklə, bəzi etnik və antropoloji xüsusiyyətlərini bu gün də qoruyub saxlaya bilən çeşidli etnik qruplar ümumi mədəni, mənəvi və dini birliyi olan bir xalq halında birləşmişlər.

Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. “Kitabi-Dədə Qorqud” dastanlarının dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.

Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII əsrdən XVIII, yeni adlandırıla bilən ikinci dövr isə XVIII əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə edir.

Birinci dövr Azərbaycan ədəbi dilinin xidmət göstərdiyi areal öz iriliyi ilə fəqlənir. Həmin dövrün Cəlayirlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün Ön Asiyada ədəbi dil kimi xidmət etmişdir. Bu dövr Azərbaycan ədəbi dili yeni dövr Azərbaycan dilindən öz dilxarici (ekstralinqvistik) xüsusiyyəti ilə yanaşı dildaxili (linqvistik) özümlükləri ilə də seçilir.

Leksik cəhətdən mövcud olan fərqlərdən birincisi budur ki, birinci dövr Azərbaycan dilində ərəb və fars sözləri çoxdur. O dövrün dil üslubları, xüsusən aparıcı poetik janr və vasitələr ədəbi dilimizə külli miqdarda alınma sözlərin axıb gəlməsinə səbəb olmuşdu. İkinci dövrdə isə realist şeir məktəbinin, realizm ədəbi metodunun bir yaradıcılıq metodu kimi yaranması və aparıcı yaradıcılıq metodu kimi formalaşması dilimizin əsas lüğət fonduna keçə bilməyən alınma sözlərin ədəbi dili tərk etməsinə səbəb olmuşdu.

İkincisi, əski Azərbaycan ədəbi dilinin osmanlı dili ilə müştərək olan bir sıra sözləri (şimdi, şöylə, şu, kəndi və s.) yeni dövrdə artıq işləkliklərini tamamilə itirmişdilər. Bu türk ədəbi dilləri sahəsində ayrılma (differensiyasiya) hadisəsinin tam başa çatmasının nəticəsi idi.

Dövrlər arasındakı fərqlər fonetik səviyyədə də güclüdür. Belə ki, yeni dövr Azərbaycan ədəbi dili, eyni zamanda fonem tərkibinin sabitləşməsi ilə də səciyyələnir. Birinci dövrə xas olan o//a sait, h//q//x samit müvaziliyi artıq birincilərin (o və h) qələbəsi ilə nəticələnir.

Oxşar vəziyyət qrammatika sahəsində də özünü göstərir. İsmin birinci dövrə məxsus təsirlik hal şəkilçilərinin -yi,-yı,-yu,-yü//-ni,-nı,-nu,-nü müvaziliyi ikinci dövrdə artıq aradan çıxır. Felin -isər qəti gələcək zaman şəkilçisi öz vəzifəsini tamamilə -acaq//-əcək şəkilçisinə verir.

Əski Azərbaycan dilində söz birləşmələrinin quruluşu daha çox ərəb və fars dillərinin sintaktik modelində olmuşdur: fəsli-gül (gül fəsli), tərki-təriqi-eşq (eşq təriqinin (yolunun) tərki), daxili-əhli-kamal (kamal əhlinə daxil)… Yəni təyin edən söz təyin olunan sözdən sonra işlənmişdir. İkinci dövr Azərbaycan dilində tamamilə əksinədir: təyin edən söz təyin olunan sözdən mütləq və həmişə əvvəl işlənir.

Digər sintaktik fərq kimi, birinci dövrdə budaq cümlənin baş cümlənin içərisində yerləşdiyi tabeli mürəkkəb cümlələr daha çox işləndiyi halda (kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm), yeni dövrdə bu tipdən olanların əvəzinə daha çox feli sifət tərkiblərinin işləndiyini görürük.

Hər iki dövrün ədəbi dili öz növbəsində müxtəlif mərhələləri əhatə edir.

Birinci dövr Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir:

1) Ədəbi dilin təşəkkül mərhələsi (XIII-XIV əsrlər),

2) Klassik şeir dili mərhələsi (XV-XVII əsrlər).

İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir:

1) Ədəbi dilin xəlqiləşməsi mərhələsi (XVIII əsr),

2) Milli dilin yaranması və inkişafı mərhələsi (XIX-XX əsrin əvvəli),

3) Müasir mərhələ (XX-XXI əsrin əvvəli).

Yeni dövr. Azərbaycan dili böyük inkişaf yoluna özünün ikinci inkişaf mərhələsində (Milli ədəbi dilin təşəkkülü və inkişafı mərhələsində) çıxır. Bu dildə şeirlə yanaşı, nəsr və dram əsərləri yazılır, qəzet və jurnallar nəşr edilir, o bəzi rəsmi sənədlərdə, elmi tədqiqatlarda da işlənməyə başlayır. O dövrdə Azərbaycana gələn xaricilər, ruslar və almanlar da ona maraq göstərir, bəziləri bu dili öyrənməyə başlayır. Məsələn, rus şairləri Lermontov, Bestujev-Marlinski, alman şərqşünası Bodonştedt. Sonuncusu XIX əsr Azərbaycan şairi Mirzə Şəfidən Azərbaycan dilini öyrənir və onun şeirlərini almancaya tərcümə edərək Berlində ayrıca kitab şəklində nəşr etdirmişdir. Orta əsrlərdə əski Azərbaycan dilinə aid tərcümə lüğətləri və qrammatik tədqiqatlar aparılmış olsa da, Azərbaycan dilinə aid elmi əsərlər və dərsliklər XIX əsrdən etibarən yazılmağa başlayır. Mirzə Kazımbəyin rusca yazdığı “Türk-tatar dilinin ümumi qrammatikası” əsəri məşhurdur. M.Vəzirovun, L.Budaqovun, Q.Makarovun, N.Nərimanovun, M.L.Məmmədovun, S.M.Qəniyevin Azərbaycan dilinə aid dərslikləri də rus dilində yazılmışdır. L.Budaqovun ikicildlik lüğəti də (“Сравнительный словарь турецко-татарских языков”) var. M.Əfşarın Azərbaycan dilinə aid “Fənni-sərfi-türki” (“Türk dilinin qrammatikası”) adlı dəyərli əsəri isə azərbaycancadır.

Azərbaycan dilinin inkişafı da, problemləri də daha çox XX əsrlə bağlıdır. Məhz bu dövrdə Azərbaycan ədəbi dili bənzərsiz bir problemlə qarşılaşır. Əsrin əvvəllərindən başlayaraq, ədəbi dildə üç meyil, üç istiqamət özünü göstərir. Təbiidir ki, bu ən çox bədii əsərlərin dilinə və mətbuata aiddir.

1. Birinci meyil, ədəbi dili bacardıqca xalq dili ilə eyniləşdirmək meyli. Bu özünü “Molla Nəsrəddin” jurnalının və bu jurnalın əməkdaşlarının (C.Məmmədquluzadə, Ə.Haqverdiyev və b.) əsərlərində göstərir. Burada ədəbi dil ilə danışıq dili, dialektlər arasındakı fərq götürülür. Xalq bu dili asan başa düşür.

2. Daha çox osmanlı (indiki türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu “Füyuzat” və “Həyat” kimi bir çox jurnalların, qəzetlərin və əksərən bu redaksiyada işləyənlərin (Ə.Hüseynzadə, Səbribəyzadə və b.) əsərlərinin dilində özünü göstərir. Xalq bu ədəbi dili çətin anlayır. Bu dil o vaxtkı türk ədəbi dilindən, demək olar ki, seçilmirdi.

3. Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli. Bu dil heç bir dialekt təsirini qəbul etməyən bir dil idi. Bu dili A.Şaiq, C.Cabbarlı, S.Hüseyn, A.Səhhət kimi şair və yazıçılar yaradırdılar. Ədəbi dil sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 1930-cu illərədək davam etdi.

Yeni dövr Azərbaycan ədəbi dilinin üçüncü, yəni müasir mərhələsində dil həyatının mühüm hadisələrindən biri Azərbaycan ədəbi dilinin dövlət dili statusu almasıdır.

Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev ölkəyə rəhbərliyə gəldiyi ilin (1969) ilk günlərindən başlamışdır.

Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məsələn BDU-nun 50 illiyinə həsr olunmuş yubiley toplantısında, yenə həmin ali məktəbin partiya konfransında yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazandı. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət eyni zamanda onun istifadə etdiyi, danışdığı dilə — Azərbaycan dövlət dilinə çox böyük hörmət və məhəbbət yaradır. Bütün bunlar təbii olaraq, ölkədə aşağıdan yuxarıya və eyni zamanda yuxarıdan aşağıya güclü bir dövlət dili ab-havası yaratmağa xidmət edirdi.

1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında qoydu. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün bir nümunə rolunu oynamalı idi və faktik olaraq oynayırdı. Həmin konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmadı.

Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrundakı mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi.

1978-ci il aprel ayının 21-də Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

Azərbaycan SSR Dövlət orqanlarında və ictimai orqanlarında və maarif idarələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir.

1978-ci il Konstitusiyası, həqiqətən, Heydər Əliyevin öz dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi.

Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş yeni Konstitusiyada Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutur. Konstitusiyanın 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır.

Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.

Bu yolların bəziləri artıq uğurla başa çatmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”kı sərəncamı, şübhə yoxdur ki, ölkədə əlifba ilə bağlı problemləri həll etdi.

İkinci dövr ədəbi dilimizin bütün üç inkişaf mərhələsi üzrə bəzi özümlüklər var. Əvvəldə göstərildiyi kimi, Azərbaycan dili hazırda Azərbaycan Respublikası ilə yanaşı, İran İslam Respublikasında və İraqda da işlənməkdədir. Folklor əsərləri də aydın göstərir ki, həmin ölkələrdə yaşayan azərbaycanlıların dilləri arasında elə bir fərq yoxdur. Lakin ədəbi dil baxımından çoxlu fərqlər mövcuddur və bu fərqlər özünü çap olunmuş əsərlərin, qəzet və jurnalların, radio və televiziya verilişlərinin dilləri arasında aydın göstərir. Təbii ki, bunun tarixi, sosial səbəbləri var.

İran və Rusiya arasında gedən müharibələrin nəticəsində bu iki dövlət arasında Gülüstan (1813), Türkmənçay (1828) müqavilələri bağlandı və həmin müqavilələrə əsasən Azərbaycan iki yerə bölündü. Beləliklə, 200 ilə yaxındır ki, eyni bir xalq bir-birindən aralı, tamamilə fərqli bir mühitdə və şəraitdə yaşayır. İstər İran, istərsə də Rusiya iki hissəyə ayrılmış bu xalqın heç bir iqtisadi əlaqəsinə imkan vermədi. Azərbaycan 1991-ci ildən müstəqillik əldə etdikdən sonra bu sahədə müəyyən əlaqələr qurulmağa başlanılmışdır. 

İraq azərbaycanlılarının Azərbaycandan köçmələrinin 3-4 əsrlik müddəti, ərazi uzaqlığı, əlaqəsizlik onların ədəbi dillərinin başqa istiqamətdə getməsinə səbəb olmuşdur. İraq azərbaycanlılarının ədəbi dilinə müasir türk dilinin təsiri güclüdür.

Türk dillərindən biri kimi müasir Azərbaycan dili özünəməxsus xüsusiyyətləri ilə fərqlənən, fonetik və qrammatik quruluşu olan bir dildir. Öz fonetik qanunauyğunluqlarına görə, bu dildə əmələgəlmə yerinə görə fərqlənən saitlər, yəni ön sıra (i,ü,e,ə,ö) və arxa sıra (ı,u,a,o) saitlər eyni bir söz və ya sözforma daxilində işlənə bilməz (işıq, ildırım kimi i saiti ilə başlayan bir neçə söz istisnadır): eyni zamanda bu dildə dilortası samitlərin (g, k) arxa sıra, dilarxası saitlərin (k,q,ğ,x) ön sıra saitlərlə bir hecada işlənməsi də mümkünsüzdür.

Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.

Azərbaycan dilində 9 qısa (i,ü,e,ö,ə,a,o,u,ı), 6 uzun (i:, e:, ö:, ə:, a:, u:) saitlər vardır. Uzun saitlər bu dil üçün səciyyəvi deyil, onlar demək olar ki, yalnız alınma sözlərdə çox az hallarda işlənir. Fonetik vurğu, bir qayda olaraq, sonuncu hecaya düşür. Fonematik vurğunun yeri sözün mənasından asılı olaraq dəyişmir: alma’ – ‘alma.

Azərbaycan dilində söz əvvəlində işlənməyən 2 fonem var: ı saiti və ğ samiti.

Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, feil) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir.

İsimlərin kəmiyyət, mənsubiyyət, hal, xəbərlik kateqoriyaları var. Bu kateqoriyalar isimləşən (substantivləşən) digər nitq hissələrinə də aiddir. Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), feilin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var.

Feilin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir. Feillər subyekt, obyekt, hərəkətin münasibətinə görə müxtəlif 5 qrammatik növdə (məlum, məchul, qayıdış, qarşılıqlı-müştərək, icbar) işlənə bilir.

Azərbaycan dilinin sintaktik qanununa görə, bir qayda olaraq, mübtəda cümlənin əvvəlində, xəbər sonda, təyin təyin etdiyi sözdən əvvəl gəlir. Azərbaycan dilində söz yaradıcılığında əsasən morfoloji (dəmirçi, üzümçü, təbliğatçı; dəmirçilik, üzümçülük, təbliğatçılıq; dolça, qazança, otluq, meşəlik; qaldırıcı, endirici; sevinc, gülünc; yavaşca, indicə və s.) və sintaktik (otbiçən, vaxtamuzd, boyunbağı, gündoğan, sarıköynək, əlidolu, adlı-sanlı, qırxayaq, beşaçılan və s.) üsullardan istifadə edilir.

Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.

İşləndiyi sahələrlə bağlı olaraq, Azərbaycan ədəbi dili dörd əsas üslubu özündə birləşdirir: işgüzar, mətbuat, bədii, elmi üslublar. Azərbaycan ədəbi dilinin müasir mərhələsində bu üslubların hamısı yüksək dərəcədə inkişaf etmişdir.

Ölkənin siyasi, iqtisadi, elmi, mədəni həyatında baş verən böyük dəyişikliklər müasir Azərbaycan dilinin lüğət tərkibində terminlərin sürətlə artmasına səbəb olmuşdur. Bu proses ədəbi dilin bütün üslublarında, özəlliklə, işgüzar və elmi üslublarda, müəyyən dərəcədə mətbuat üslubunda aydın müşahidə olunur.

Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir: 1) şərq qrupu (Bakı, Quba, Şamaxı dialektləri və Lənkəran, Muğan şivələri); 2) qərb qrupu (Gəncə, Qazax, Qarabağ dialektləri və Ayrım şivəsi); 3) şimal qrupu (Şəki dialekti, Zaqatala-Qax şivəsi); 4) cənub qrupu (Naxçıvan, Ordubad dialektləri).

DİNLƏRİN TARİXİ

Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştlük, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmiş, dini həyatın özəlliyini şərtləndirmişdi.

Bütpərəstlik

Çoxallahlılıqla bağlı inancların məcmusu kimi bütpərəstlik ibtidai dinlərin zəminində yaranmışdır. Azərbaycan əhalisinin bütpərstlik təsəvvürlərinin kökləri çox qədimlərə gedib çıxır və animizm, fetişizm, totemizm, şamanlıqdan tutmuş tanrıçılığa qədər müxtəlif xalq inanclarını ehtiva edir. Filoloji və etnoqrafik araşdırmalar ölkə ərazisində bütpərəstliyin mənzərəsini yaratmağa imkan verir. Arxeoloji qazıntılar Xınıslı, Dağkolanı, Çıraqlıda qədim tarixə malik iri daş bütlər, İsmayıllıda antropomorf fiqurlar, Mingəçevirdə gil heykəllər aşkar etmişdir. Dədə Qorqud dastanlarında tanrıçılıq inanclarına aid nümunələr tapmaq mümkündür.

Bütpərəstliklə bağlı ayinçilik çox vaxt sintez halında təmsil olunmuşdur, yəni inanclar bir-birindən az fərqlənmiş, biri digərindən təsirlənmiş, bir-birini tamamlayaraq bölgə əhalisinin mənəvi dəyərlər sisteminin təşəkkülündə birgə iştirak etmişdir. Qədim Azərbaycan ərazisində ölmüş əcdadların ruhlarına, qayalara və ağaclara (qayın, palıd və s.), müxtəlif təbiət hadisələrinə və səma cisimlərinə pərəstiş güclü olmuşdur. Strabon Qafqaz albanlarının Günəşə, Aya, Göyə sitayiş etdikləri barədə xəbər verir. Tanrı xan adı ilə tanınan palıd ağacına da pərəstiş edilir, at qurban kəsilirdi. Movses Kalankatvasi Alban hökmdarlarının xristianlığı yaymaq üçün bütpərəstliyə qarşı çağırışları, ağac bütləri kəsib atmaları barədə məlumat verir. 

Bir çox Şərq xalqları kimi qədim azərbaycanlılar arasında da kainatın dörd əsas ünsürdən — torpaq, hava, su və oddan ibarət olduğu barədə təsəvvürlər geniş yayılmışdı. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana çıxmışdır. Azərbaycan ərazisində məskunlaşan əhalinin böyük bir qismi odu müqəddəsləşdirmiş, ona sitayiş etmişdir.

Odun hər cür çirkinliyi, rəzaləti yox etdiyinə, insanlara təmizlik gətirdiyinə inam bəslənmişdir. Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri Azərbaycanda atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir.

Atəşpərəstlərin məbədi Atəşgah adlanır. Azərbaycan ərazisində Atropatenanın dini mərkəzi Qazakada, Bakı, Şamaxı, Salyan və Lənkəranda atəşgədələr olmuşdur. Suraxanıdakı atəşgah Hindistandan gələn atəşpərəstlərə xidmət üçün 18-ci əsrdə tikilmişdir.

Qafqaz Albaniyasında atəşpərəstlik xristianlıq tərəfindən təqibə məruz qalsa da, mövcudluğunu qoruyub saxlaya bilmişdir. İslamın Azərbaycana gəlişi ilə atəşpərəstlik tədricən əhəmiyyətini itirmiş və aradan qalxmışdır.

Zərdüştlük

Zərdüştlük atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir. M.Boys zərdüştiliyin Vəhy dinlərindən ən qədimi olduğunu qeyd edir. Bu dinin müqəddəs kitabı Zənd-Avestaya daxil olan Qatalar din müəllimi və peyğəmbər Zərdüştə (e.ə. VI əsr) səmadan nazil edilmişdir. Bəzi mənbələrdə göstərilir ki, Zərdüştün atası Azərbaycandan olmuşdur. Zərdüştiliyə görə, dünyada iki başlanğıc — Xeyir və Şər başlanğıcları mövcuddur və bunlar daima bir-birilə mübarizə aparır. İşıq, Xeyir və Ədalət dünyasını Hörmüzd (Ahura-Mazda), Qaranlıq, Şər və Zülm dünyasını Əhrimən (Ahura-Manyu) təcəssüm etdirir. Bu mübarizədə son təqdirdə Xeyir qalib gələcək və Hörmüzdün Şərə və Zülmətə qarşı fəal ardıcılları axirət səadətinə qovuşacaqlar. Axirət səadəti, günah və savab haqqında təsəvvürlər zərdüştiliyin yetkin din olduğuna dəlalət edir. Zərdüşt insanları daha ədalətli, daha təmiz olmağa, hər cür natəmizliyə qarşı mübarizə aparmağa çağırırdı.

Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştiləri çox vaxt atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamların cəsədlərini murdar hesab etdikləri üçün torpağa tapşırmır, dağlarda hazırladıqları xüsusi yerlərdə saxlayırdılar ki, qurd-quş yesin. Yalnız bundan sonra təmizlənmiş sümüklər yığılaraq dəfn edilirdi.

Zərdüşti əqidələri e.ə. III əsrdən etibarən ehkam səciyyəsi daşımağa başlamışdır. Azərbaycan ərazisində Dərbəndə qədər zərdüştilik sasanilərin hərbi-siyasi uğurları ilə bağlı olaraq yayılmağa başlamışdır. Yeni dinin təbliği məqsədilə bu ərazilərə iranlı zərdüştilər köçürülürdü. Eyni zamanda Azərbaycanda zərdüştilik yerli xüsusiyyətlər də kəsb etmişdir. Qafqaz albanları ölənləri ilə birlikdə onların sağ ikən istifadə etdikləri bəzək əşyalarını və qab-qacaqlarını da dəfn edirdilər. O dövr azərbaycanlıları arasında ölüləri sümükləri təmizləndikdən sonra üfqi vəziyyətdə yerləşdirilmiş iri küp qəbirlərdə dəfn etmək adəti barədə məlumat vardır. Ölüləri torpaqda, saxsı tabutlarda, yeraltı sərdabələrdə, oyuq qəbirlərdə dəfnetmə adətləri də mövcud olmuşdur.

Azərbaycan ərazisində nüfuz dairəsini genişləndirmək üçün sasanilərlə bizanslılar arasında şiddətli mübarizə getmiş, nəticədə gah zərdüştilik, gah da xristianlıq güclənmişdir. Belə bir şəraitdə bölgəyə gələn islam sürətlə və nisbətən dinc yolla yayılmaq imkanı əldə etmişdir.

Orta əsrlərdən etibarən zərdüştilik Azərbaycanın mədəni-siyasi həyat tələblərinə cavab verə bilməmiş və əhəmiyyətini büsbütün itirmişdir.

Yəhudilik

Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Movses Kalankatvasi dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir. 

Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılmış və Midiyada məskunlaşdırılmış İsrail oğulları nəslindəndirlər. Onların əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olmuş, Fələstindən kənarda yaşamış və xristianlıq yəhudiliyin içindən çıxan bidətçi bir firqə kimi təşəkkül tapmağa başlayanda İsa Məsihi təqib edənlər arasında olmamışlar. Elə Midiyada ikən onlar tatlarla qaynayıb qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qarışıq bir ləhcəsi olan tat dilində danışırlar.

Başqa tədqiqatçıların fikrincə, dağ yəhudiləri Şərqi Qafqaza Sasani hökmdarı Xosrov I Ənuşirəvan (531-579) tərəfindən köçürülmüşlər. Hökmdar Qafqazda qalalar tikdirir, şəhərlər saldırır, bu şəhərlərdə Mesopatamiyadan köçürtdüyü farsları və yəhudiləri yerləşdirirdi. Dağ yəhudilərinin danışdıqları tat dili də həmin dövrdən miras qalmışdır.

Hər halda deyə bilərik ki, dağ yəhudiləri Azərbaycana sasanilərin siyasəti ilə bağlı olaraq 15 əsr bundan qabaq gəlmiş, imperiyanın təhlükəsizliyini təmin etmək məqsədilə sərhəd məntəqələrində yerləşdirilmiş, yerli əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub saxlamışlar.

Xristianlıq

Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə Yerusəlimin (Qüdsün) süqutundan sonra yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılmasında bu dövr həvari (sirofil) dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. Sonra Yelisey Çolaya (Dərbəndə) yollanmış, daha sonra isə Samur çayını keçib dinin təbliğini davam etdirmiş, Helmes kəndində bütpərəstlər tərəfindən öldürülərək bir çalaya atılmışdır. Sonralar Alban məliki Vaçaqanın göstərişi ilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində torpağa tapşırılmış, çalanın üzərində isə kiçik bir məbəd tikilmişdir.

313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı götürəndə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan yeni dövrü başlanır. Akademik Z.Bünyadov göstərir ki, Urnayr, II Vaçe və III Vaçaqan ölkədə xristianlığı yaymaq üçün mübarizə aparmışlar. IV-V əsrlərdə ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır. Katolikosun göstərişi ilə feodallar öz ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. Bölgədə kilsələr tikilir, dini kitablar siryani, arami və yunan dillərindən Alban dilinə tərcümə edilirdi. Sinayda aşkar edilmiş “Alban yazısında və Alban dilində” leksionari dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır.

451-ci ildə Xalkidon kilsə toplantısında Albaniya monofizitliyə üstünlük verir. V-VI əsrlərdə ölkə ərazisində monofizitlərlə diofizitlər arasında mübarizə güclənir. VI əsrin sonu-VII əsrin əvvəllərində Alban kilsəsi diofizitliyi qəbul edir.

Alban katolikosunun iqamətgahı Çoqay şəhərində yerləşirdi. 552-ci ildə iqamətgah Bərdəyə köçürülmüşdür. İslam fütuhatlarından, xüsusilə Alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət erməni dilində aparılmış, Alban dili sıxışdırılıb çıxarılmışdır. VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa etmişdir. X-XI əsrlərdə bölgədə şərq xristianlığı nüfuzunu müəyyən dərəcədə qoruyub saxlaya bilmişdi. Bu durum XVIII əsrə kimi beləcə davam etmişdir. 1836-cı ildə çar hökuməti Sinodun təqdimatı ilə Alban kilsəsini ləğv edir, kilsənin bütün əmlakı Eçmiədzin katolikosluğuna verilir. XX əsrin 80-90-cı illərində Alban kilsəsi bir daha bərpa olunur. 2003-cü ildə Alban-udi xristian icması dövlət qeydiyyatından keçir. Bu, Şəkidəki Kiş kilsəsinin bərpasından sonra olmuşdur. Hazırda Qəbələ rayonunun Nic kəndindəki kilsənin də bərpası davam etdirilir.

Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. Dövlət qeydiyyatında 5 erməni-qriqorian icması vardır.

Pravoslavlıq. Provaslavlıq Azərbaycana XIX əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi “köçürmə siyasəti” çərçivəsində nüfuz etməyə başlamışdır. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlamışdır. Rus pravoslav kilsəsində baş verən parçalanmanın ağır nəticələrindən sığortalanmaq üçün sektant xristianların Qafqaza sürgünü başlanır. Azərbaycanda ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında Altıağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə Yelizavetpol quberniyasında Borisı – Ruslar, 1844-cü ildə isə Slavyanka kəndlərini salırlar. 1868-ci ildə Bakı quberniyasının ərazisində 21 sektant kəndi var idi ki, burada 13 min sektant yaşayırdı.

Katolisizm. Bakıda ilk Roma-katolik prixodu XIX əsrin 50-ci illərində rus ordusu tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaradılmışdır. Prixod Tetri-Skarodakı (Gürcüstan) Roma-katolik hərbi prixoduna tabe idi. 1882-ci ildə Bakı prixodu müstəqilləşir. 1895-ci ildə Müqəddəs Məryəmin Bakirə Hamiləliyi şərəfinə kilsə, 1903-cü ildə isə Bakı qəbiristanlığında Müqəddəs Xaç kilsəsi tikilir. 1909-1912-ci illərdə Bakının gözəl memarlıq abidələrindən sayılan yeni Müqəddəs Məryəmin Bakirə Hamiləliyi kilsəsi qotik üslubda inşa edilir. Lakin Sovet dövründə, 1934-cü ildə kilsə bolşeviklər tərəfindən dağıdılmışdır. 1999-cu ildə Bakıda Roma-katolik icması yenidən bərpa olunur və 2007-ci ildə  Müqəddəs Məryəm kilsəsinin xatirəsinə yeni kilsə tikilərək istifadəyə verilmişdir.

22-23 may 2002-ci ildə Roma-katolik kilsəsinin sabiq başçısı Papa İoann II Pavel Bakıda rəsmi səfərdə olmuşdur.

2016-cı ilin oktyabrında ölkəmizdə səfərdə olan Roma Papası Fransisk Bakıdakı Katolik Kilsəsində messa – dini mərasimdə iştirak etmiş və Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdir.

Baptizm. İncilçi-lüteran kilsəsinin ardıcılları Bakıya hələ XIX əsrin ikinci yarısında neft yataqlarının istismarında iştirak edən alman sənayeçiləri sırasında gəlmişlər. Onların gəlişinin bir səbəbi də XIX əsrin əvvəllərində Almaniyada baş vermiş siyasi və dini iğtişaşlar sayılmalıdır. O vaxt ölkədə belə bir mövhumi şayiə yayılmışdı ki, Qərbdə qiyamət günü yaxınlaşır, nicat ancaq Şərqdədir. Əhali, xüsusilə sektant dindarlar Rusiyaya və Qafqaza köçməklə qiyamət gününün sorğu-sualından yaxa qurtarmağa çalışırdılar. 1819-cu ilin əvvəlində Azərbaycanda 209 alman ailəsi vardı. Bakıda İncilçi-lüteran icması 1870-ci ildə yaradılmışdır. 1899-cu ildə icmanın üzvləri şəhərdə öz məbədlərini — kirxanı (indiki Kamera və orqan musiqisi zalı) tikmişlər. Yelenendorfda (indiki Xanlar) kirxa daha əvvəl tikilmişdir. 1937-ci ildə Lüteran kilsəsinin keşişləri başqa dini icmaların nümayəndələri ilə birlikdə sürgün edilmiş, güllələnmişlər. 1994-cü ildə lüteran icması Bakıda yenidən fəaliyyətə başlamışdır.

İslam

VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsinə yayıla bildi. Azərbaycanın islamlaşması da erkən islam fütuhatları ilə hicrətin 18-ci ilindən (639-ci il) başlanır. Azərbaycanın mərzbanı İsfəndiyar ibn Fərruxzad ərəblərə məğlub olub sülh müqaviləsini həmin il bağlamışdı. Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan, Arran fəth edilir, ərəblər Xəzər sahili boyu Dərbəndə kimi gəlirlər. Şəhərin istehkamları onları heyran qoyur və onlar şəhəri “Bab əl-Əbvab” adlandırırlar. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli bin Əbu Talibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda hücumlar başlanırdı.

İslam fütuhatları çox yerdə sülh yolu ilə (sülhən), bəzi yerlərdə isə silah gücünə (ənvətən) həyata keçirilirdi. Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə islamı qəbul etmək təklif olunurdu, qəbul edənlər zəkat və xərac ödəyir və “evlərində otururdular”, yəni müsəlmanların sırasında döyüşlərdə iştirak etmirdilər; döyüşlərdə iştirak edənlərə hərbi qənimətlərdən pay düşürdü; islamı qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyirdilər, cizyə ödəyənlər müsəlmanların himayəsi altında olurdular; islamı qəbul etməkdən imtina edən bütpərəstlər və ya cizyə ödəmək istəməyən kitab əhli müsəlmanlarla döyüşməli olurdular. Sərhəd məntəqələrində – ribatlarda ancaq müsəlmanlar yaşayırdılar. Bu məntəqələri möhkəmlətmək üçün Xilafətin müxtəlif vilayətlərindən gələn müsəlmanlar burada yerləşdirilir, islamı qəbul etməyən yerli əhali bir qədər kənarda “rəbəd” adlanan yerlərə köçürülürdü. Bu dövrdə Hüzeyfə ibn əl-Yəman, Ütbə ibn Fərqəd, Vəlid ibn Üqbə, Səlman ibn ər-Rəbiə əl-Bahili, Bükeyr ibn Abdulla, Süraqə ibn Əmr, Məsləmə kimi ərəb sərkərdələrinin bağladıqları sülh müqavilələrində əhalinin canı, malı və dininin toxunulmazlığı əsas şərt kimi göstərilirdi.

Azərbaycanda islamlaşmanın konkret formaları haqqında fikir yürütmək bir qədər çətindir, çünki bu məsələ indiyədək öyrənilməmiş qalır. Hər halda bu mürəkkəb prosesin bəzi mərhələlərini fərqləndirmək olar.

Birinci mərhələ kimi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən islam fütuhatları dövrünü götürmək olar. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin öz müstəqilliyini (avtokefallığını) itirməsi ilə bitir. Akademik Z.Bünyadovun göstərdiyi kimi, bu mərhələnin sonunda islam Azərbaycanda hakim din olur, onu öz imtiyazlarını qorumaq üçün ilk növbədə və qeydsiz-şərtsiz yuxarı silk adamları qəbul edirlər. Yeni din tacir və sənətkarlar arasında yayılır, çünki ərəblər bu siniflərə güzəştlər edirdilər. Bu mərhələdə məscidlər tikilmir, qədim məbədlər və islamlaşma nəticəsində istifadəsiz qalmış kilsələr məscidlərə çevrilir, qəbilə-tayfa şüurunun dini şüurdan üstünlüyü qorunub saxlanılırdı.

İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyət başına gəlməsinəqədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil Şirvanşah Məzyədilər və Səcdilər dövlətləri yaranır. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi müstəqilliyini bərpa edir, amma nüfuz dairəsi zəiflədiyindən ayinçilik erməni dilində aparılır, ardıcılları erməniləşir. Bu dövrdə islama mənsubluq şüuru güclənir, amma etnik köklərlə bağlı şüur tamamilə itib getmir. Bunu Abbasilərin hakimiyyətinin ilk dövrlərindən başlanan şüubilik hərəkatında izləmək mümkündür. Babək hərəkatı (816-838) buna ən parlaq misaldır. Sərhəd məntəqələrində islam təsəvvüfü təşəkkül tapır. Dağ rayonlarında ifrat şiəlik fəallaşır.

Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə edir. Bu dövrdə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu dövrün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır.

Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları-XIII əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Şafii məzhəbi aparıcı məzhəb olur. Sufi təriqətləri geniş yayılır. Azərbaycan Atabəyləri və Şirvanşahlar islamı xristianların təzyiqindən qoruya bilirlər. 

Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarısı-XV əsrin II yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılır. Hürufilik güclənir. Onun banisi Fəzlullah Nəimi (vəfatı-1394) idi. Əbülhəsən Əliyyül-Əla və şair Nəsimi (vəfatı-1417) hürufiliyin ən nüfuzlu nümayəndələri kimi şöhrət tapmışlar. Bu dövrdə sufi xəlvətiyyə təriqətinin ikinci piri Seyyid Yəhya Şirvani Bakuvi Xəlvəti (vəfatı-1464) çox məşhur olmuşdur. Ağqoyunlu hökmdarı Uzun Həsənin qardaşlarından biri xəlvətiyyə şeyxi Dədə Ömər Rövşəninin (vəfatı-1487) ardıcıllarından idi. İbrahim bin Məhəmməd Gülşəni (vəfatı-1534) XV əsrin ikinci yarısında xəlvətiyyənin bir qolu kimi gülşəniyyə təriqətinin əsasını qoyur. Sonralar bir çox sufi təriqətləri, o cümlədən nəqşbəndiyyə Azərbaycana və Azərbaycan vasitəsilə Şimali Qafqaza nüfuz etmişdir.

Altıncı mərhələ Səfəvilərin (1501-1786) və XVI əsrdən etibarən Osmanlıların (1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Buna görə də onlar “qızılbaşlar” adlanırdılar. Çaldıranda Səfəvilərə qalib gələn Osmanlılar Azərbaycanda sünni hənəfi məzhəbini yayırdılar.

Azərbaycanın Rusiya imperiyasına ilhaq edilməsindən sonrakı dövr də ölkənin islamlaşmasının yeni mərhələsi kimi nəzərdən keçirilə bilər. Bu mərhələnin ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər islam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. Rus çarının 29 noyabr 1832-ci ildə Senata göndərdiyi məktubda Zaqafqaziya müsəlmanlarının dini işlər idarəsi barədə əsasnamə hazırlanması təklif olunurdu. Lakin hazırlanmış layihələrin heç biri bəyənilmədi. 1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun tapşırığı ilə xarici işlər nazirliyinin əməkdaşı N.Xanıkov “Məhəmmədi ruhanilərin təşkili barədə əsasnamə” layihəsini hazırladı. Layihə bütövlükdə bəyənilsə də Krım müharibəsi onun həyata keçirilməsini ləngitdi. 1864-cü ildə həmin işi davam etdirmək üçün yeni komissiya yaradıldı, yerli şiə və sünni məzhəblərinin nümayəndələri də komissiyanın tərkibinə qatıldılar. Hazırlanan təlimatlar müsəlman ruhanilərinin vəzifələrini, hüquq və imtiyazlarını, dünyəvi hakimiyyətlə münasibətlərini tənzim edirdi. 1867-ci ilə qədər hökumətdən yalnız şeyxülislam və müfti maaş alırdılarsa, bu ildən etibarən digər yüksək rütbəli müsəlman ruhaniləri də maaş almağa başladılar. “Zaqafqaziya şiə və sünni məhəmmədi ruhanilər idarəsi haqqında Əsasnamə” Dövlət şurasının təqdimatı ilə Rusiya çarı tərəfindən 5 aprel 1872-ci ildə təsdiq edildi.

İdarənin təşkilində rus pravoslav kilsəsinin quruluş prinsipi əsas götürülmüşdü. Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı — müftinin başçılığı ilə Sünni ruhani idarəsi (müftilik) və şeyxülislamın sədrliyi altında Şiə ruhani idarəsi (şeyxülislamlıq) yaradıldı. Tiflisdə yerləşən bu iki idarənin hər biri sədrdən, idarə heyətinin üç üzvündən, iki köməkçisi ilə birlikdə katibdən, mütərcim, mirzə və arxivariusdan ibarət idi. Hər iki idarənin tabeliyində Tiflis, İrəvan, Yelizavetpol (Gəncə) və Bakı quberniyalarının hərəsində 1 məclis olmaqla 4 məclis var idi. Sünni idarəsində 16, şiə idarəsində 20 qazı var idi. İdarələr Daxili İşlər Nazirliyinin nəzarəti altında idi və birbaşa canişin qarşısında məsuliyyət daşıyırdı. Quberniya səviyyəli ruhanilər quberniya və qəzalardakı yerli hakimiyyətlərə tabe idilər.

Azərbaycan Demokratik Respublikası (1918-1920) yaranana qədər Cənubi Qafqaz müsəlmanlarının dini işləri bu iki idarə tərəfindən tənzim edilmişdir. 1918-ci il dekabrın 11-də şeyxülislam Məhəmməd Pişnamazzadə vəzifəsindən istefa verir. ADR sosial təminat və dini etiqad işləri naziri Musa Rəfibəyovun əmri ilə həmin vəzifəyə axund Ağa Əlizadə təyin edilir. Bu dövrdə islamı rasionallaşdırmaq, müasirləşdirmək meylləri güclənir.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mayın 15-də Dini etiqad işləri Nazirliyi və Şeyxülislamlıq təsisastı buraxılır, müsəlman din xadimləri təqiblərə məruz qalır, məscidlərin əksəriyyəti bağlanır. 1943-cü ildə faşist Almaniyasına qarşı mübarizədə dinin imkanlarından istifadə məqsədilə Zaqafqaziya müsəlmanlarının dini qurumunun yaradılması məqsədəuyğun hesab edilir. Zaqafqaziya müsəlmanlarının I qurultayı 25-28 may 1944-cü ildə Bakıda keçirilir və mərkəzi Bakıda olmaqla Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradılır. Axund Ağa Əlizadə şeyxülislam seçilir. O, idarənin tarixində seçilmiş ilk şexülislamdır, ona qədər şeyxülislamlar dövlət tərəfindən təyin edilirdilər. Bundan əlavə, 1944-cü ildən etibarən Cənubi Qafqazda müsəlmanların dini təşkilatlanmasındakı dualizm aradan qalxır. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi vahid mərkəz olur və şeyxülislam tərəfindən idarə olunur, müfti İdarə sədrinin birinci müavini sayılır və sünniməzhəb müsəlmanların şəriətlə bağlı məsələlərini tənzim edir.

Hazırda bu idarə Qafqaz Müsəlmanları İdarəsi kimi dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir və islam təmayüllü digər dini icmaların tarixi mərkəzi hesab olunur.

MÜASİR AZƏRBAYCANDA DİNLƏR

Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir.

Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər bir şəxs vicdan azadlığına malikdir. Dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək və ya heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır. Eyni zamanda dövlət təhsil sistemi də dünyəvi xarakter daşıyır.

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.

İslam

İslam dünyanın ən böyük ilahi dinlərindən biridir. Azərbaycan dünyəvi dövlət olsa da, əhalinin əksəriyyətini müsəlmanlar təşkil edir. Ölkəmizdə islam dini-ənənələri geniş yayılmışdır. Uzun əsrlərdən bəri Azərbaycan İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. İslam dininin yayılmasında, Müsəlman İntibahının bərqərar olmasında azərbaycanlıların da özünəməxsus rolu olmuş və İslam mədəniyyətinin formalaşmasında böyük nailiyyətlər qazanmışlar. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin təkamülünə zəmin yaratmışdır.

Əgər sovet hakimiyyəti dövründə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2 mindən yuxarıdır. Həmin məscidlərdən 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. İslam dəyərlərinə, onun tarixi-dini abidələrinə qayğı göstərilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Göstərilən bu qayğı nəticəsində Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə təmir və bərpa olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi – Heydər məscidi inşa edilmişdir.

Lakin acı həqiqətdir ki, 30 ilə yaxın dövr ərzində  işğal altında qalmış torpaqlarımızda yüzlərlə dini obyektlərimiz erməni vandalizminin qurbanı olmuş, xüsusi təhqir obyektinə çevrilmişdir. Azad edilmiş ərazilərin müşahidəsi zamanı müəyyən olunmuşdur ki,  bir vaxtlar işğal olunmuş ərazilərdə mədəni təmizləmə və çoxsaylı hərbi cinayətlər həyata keçirilmiş,  60-dan çox məscid, 44 məbəd dağıdılmışdır. Hazırda azad olunmuş ərazilərdə dini-tarixi abidələrimizin də bərpası davam etdirilir.

Sovet imperiyası dağıldıqdan sonra respublikamızda yüzlərlə yeni müsəlman dini icması fəaliyyətə başlamış, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin bazası əsasında Qafqaz Müsəlmanları İdarəsi təsis olunmuşdur. Azərbaycan Respublikasında fəaliyyət göstərən müsəlman dini icmaları bu tarixi dini mərkəzdə birləşirlər və təşkilat məsələlərində ona tabedirlər.

Müstəqillik dövründə Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsi və müvafiq təhsil müəssisələrinin formalaşdırılması üçün də münbit şərait yarandı. 1992-ci ildə Bakı Dövlət Universitetinin nəzdində İlahiyyat fakültəsi təsis olundu.

Azərbaycanda dövlət-din münasibətləri 2001-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tənzim edilir.

2018-ci ilin fevralın 9-da Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu təsis olundu və  BDU-nun İlahiyyat fakültəsi həmin institutun strukturuna daxil edildi. Həmçinin respublikamızın müxtəlif bölgələrində islam dininin ehkamlarını öyrədən orta dini təhsil müəssisələri və dini icmaların tərkibində kurslar açıldı.

Sadalanan faktlar onu göstərir ki, müasir Azərbaycanda ənənəvi islami dəyərlərin qorunub-saxlanılması və yaşadılması üçün dövlət tərəfindən geniş imkanlar yaradılmışdır.

İslam dünyası ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Təsadüfi deyildir ki, İslam Konfransı Təşkilatı (2011-ci ildən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) adlanır.-Red.) Azərbaycanın ilk üzv olduğu beynəlxalq qurumdur. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq həmin təşkilata üzv olmaq barədə müraciət etmiş, nəticədə 8 dekabr 1991-ci ildə Seneqalın paytaxtı Dakar şəhərində keçirilən VI İslam Konfransında Azərbaycan İslam Konfransı Təşkilatına tamhüquqlu üzv kimi qəbul olunmuşdur. Həmçinin 1991-ci ildə Azərbaycan Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatının (İSESKO) üzvü seçilmişdir. İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana qarşı təcavüzünü açıq şəkildə pisləyən ilk beynəlxalq təşkilat olmuşdur.

Azərbaycan dövləti qısa zamanda İƏT və İSESKO kimi nüfuzlu beynəlxalq müsəlman qurumların fəal üzvünə çevrilmişdir. Məsələn, ölkəmizin təşəbbüsü ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumlar təsis edilmişdir.

2006-cı ildə ölkəmizin İSESKO ilə əlaqələrində yeni əlamətdar səhifə açılıb. Həmin il Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təşkilatın xoşməramlı səfiri adına layiq görülüb.

Ötən dövr ərzində Azərbaycan İSESKO ilə çoxsaylı beynəlxalq layihələr həyata keçirib, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam mədəniyyətinin paytaxtı seçilib. 2009-cu ildə Bakıda İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısı, 2015-ci ildə İSESKO Baş Konfransının 12-ci sessiyası və İcraiyyə Şurasının 36-cı iclası keçirilib. İSESKO Prezident İlham Əliyevin qlobal təşəbbüsü olan və BMT tərəfindən qəbul olunan “Bakı Prosesi”nin əsas tərəfdaşlarındandır.

Bu gün Azərbaycan İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsi işinə böyük töhfələr verir. Dövlətimizin bu istiqamətdə fəaliyyəti isə müsəlman aləmində yüksək qiymətləndirilir. Bakı şəhərinin 2009-cu ildə İSESKO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan olunması, 2018-ci ildə isə bu şərəfli ada bizim digər qədim şəhərimiz Naxçıvanın layiq görülməsi bunun bariz nümunəsidir.

Azərbaycan dövlətinin müsəlman aləmində sülh və birliyin bərqərar olması sahəsində həyata keçirdiyi mühüm təşəbbüs və tədbirlərə nümunə kimi Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini, həmçinin 12-22 may 2017-ci ildə respublikamızın paytaxtında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini göstərmək olar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması da islam həmrəyliyinin möhkəmlənməsi işinə öz töhfəsini vermişdir. Belə ki “Multikulturalizm ili” çərçivəsində 15 yanvar 2016-cı ildə Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar bir araya gələrək vahid məkanda cümə namazı qılmışlar. “Vəhdət namazı” adlandırılan bu dini mərasimin yerinə yetirilməsi olduqca böyük tarixi əhəmiyyət daşıyır. Müasir dünyada tolerantlıq və multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunan Azərbaycanda vəhdət namazının qılınması və daha sonra bu ibadətin ənənə halına çevrilərək ölkəmizin digər məscidlərində yerinə yetirilməsi, əslində, xalqımızın dünyaya verdiyi bir sülh və həmrəylik mesajıdır. Vəhdət namazının ilk dəfə Heydər məscidində qılınması isə rəmzi məna daşıyır. Çünki məhz ulu öndər Heydər Əliyev Azərbaycanda tolerantlığı və multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Hazırda isə bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Gördüyümüz kimi, uzun əsrlərdən bəri islam sivilizasiyasının əsas mərkəzlərindən biri olan Azərbaycan bu gün də müsəlman aləmində mühüm mövqe tutur. Təsadüfi deyildir ki, respublikamızın suverenliyinin əsas atributlarından olan Dövlət bayrağımızın üç rəngindən biri, yəni yaşıl rəng, Azərbaycan xalqının İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.

Azərbaycan xalqının mənəviyyatını, həyat tərzini İslam dəyərləri olmadan təsəvvür etmək çətindir. İslam dininin ölkəmizin müqəddəratında, xalqımızın taleyində müstəsna, birləşdirici və mütərəqqi rol oynaması danılmaz tarixi həqiqətdir. Xalqımızın genetik yaddaşında dərin iz qoymuş İslam azərbaycanlıların vahid xalq kimi təşəkkül tapmasına, onların milli kimliyinin, dövlətçilik ənənəsinin, mədəniyyətinin formalaşmasına güclü təsir göstərmişdir.

Azərbaycan xalqı İslam sivilizasiyasına mənsub olmaqla yanaşı, özündə ümumbəşəri, sivil, dünyəvi, tolerant və multikultural dəyərləri yaşadır. Bu baxımdan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, vətəndaş cəmiyyətinin bərqərar olunması istiqamətində inamla addımlayan Azərbaycan İslam dünyasında özünəməxsusluğu ilə fərqlənir. Çünki Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayan ölkəmiz dünyada dinlər və sivilizasiyalararası dialoqun inkişafına, yer üzündə sülh və harmoniyanın bərqərar olunmasına mühüm töhfələr verir, unikal birgə yaşayış və nümunəvi multikulturalizm modeli təqdim edir. Azərbaycan həm ümumbəşəri, həm də milli-mənəvi dəyərlərinə, o cümlədən tarixi müqəddəratında mütərəqqi rol oynamış İslam dininin yüksək mənəvi-əxlaqi prinsiplərinə sadiq qaldığını göstərir.

Xristianlıq

Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur.

Hazırda Azərbaycanda pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə təmsil olunmuşdur. Ölkədəki rus pravoslav kilsələri 2000-ci ildə təsis edilmiş Bakı və Xəzəryanı Yeparxiyasında birləşir. Azərbaycanda mənsublarının sayına görə ən böyük xristian konfessiyası Rus Pravoslav Kilsəsidir. Bu kilsənin ölkəmizdə bərqərar olması XIX əsrin əvvəllərinə təsadüf edir.

Azərbaycanda həmçinin pravoslavlıqdan çıxmış köhnə ayinçiliyə mənsub 11 malakan icması da fəaliyyət göstərir. Malakanların kilsəsi yoxdur, ehkamları xüsusi “ayin kitablarında” verilmişdir. Onlar xüsusi səlahiyyətə malik kilsə iyerarxiyasını rədd edirlər.

Alban-udi kilsəsi. Alban-udi xristian dini icmasının qeydə alınması formal olaraq digər icmaların qeydiyyatından fərqlənməsə də, xarakter, məzmun, dini və siyasi əhəmiyyət baxımından çox əlamətdar bir hadisədir. Bu gün Udi etnosuna mənsub olan insanların sayı dünyada 10.000-ə qədərdir ki, onların 6000-i Azərbaycan ərazisində, o cümlədən 4.400-ü kompakt şəkildə Qəbələ rayonunun Niç kəndində yaşayır.

Tarixən udilər bizim eradan əvvəl IV əsrdə türk qəbilələri ilə qohumluq əlaqəsində olaraq Qarabağda, Xəzərsahili torpaqlarda yaşamış, sonralar xristianlığı qəbul etmiş və bu dini Qafqaz Albaniyasında yaymışlar. Kiş kilsəsi (Şəki rayonu, Kiş kəndi) ilk xristian kilsəsi, “xristian kilsələrinin anası” hesab olunur.

Çar Rusiyası tərəfindən Qarabağa köçürülən ermənilərin hiyləsinə uyan Rusiya çarı 1836-cı ildə fərman imzalayaraq Alban kilsəsini ləğv edir, Alban məbədləri, kilsəyə aid olan bütün avadanlıq və sənədlər erməni apostol kilsəsinə verilir. Bu şəraitdə udilər ya qriqoryanlığı qəbul edib erməni olmalı, yaxud dinsiz, kimsəsiz “dərvişlərə” çevrilməli idilər. Lakin onlar misilsiz qəhrəmanlıq göstərib 180 ildən çox bir dövrdə öz dininə, adət-ənənələrinə, dininə, tarixi vətəninə sadiq qalmış, erməniləşməmiş, əksinə 1836-cı ildə həyata keçirilən tarixi ədalətsizliyi həmişə aradan götürməyə çalışmışlar. Nəzəri cəhətdən çoxdan sübuta yetirilmiş tarixi faktlar Alban-udi xristian icmasının bərpası ilə artıq maddiləşmiş və ədalət, udilərin haqqı bərpa edilmişdir.

Qafqaz Albaniyası və Alban Apostol Kilsəsini xatırladacaq hər şeyi saxtalaşdırmağa və məhv etməyə çalışan ermənilər məkrli niyyətlərini tam reallaşdıra bilmədilər. Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən sonra isə iki Alban-Udi dini icması dövlət qeydiyyatına alındı: Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması və Oğuz şəhəri Alban-Udi Xristian dini icması.

Azərbaycan hökumətinin dəstəyi ilə Şəki rayonunun Kiş kəndində yerləşən və Qafqazda “kilsələrin anası” hesab olunan apostol Yelisey məbədi bərpa edilmiş, 2006-cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki “Çotari” Alban-udi kilsəsinin rəsmi açılışı olmuşdur. 2020-ci ildə Nic qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən daha bir tarixi kilsə – Müqəddəs Məryəm Ana kilsəsi əsaslı şəkildə bərpa edilib.

Həmçinin 14 iyul 2013-cü ildə Alban-Udi dini icmasında 80 ildən artıq bir müddətdə unudulan vəftiz ənənəsi yenidən dirçəldildi. 3 avqust 2013-cü ildə dövlətin dəstəyi ilə Alban-Udi kilsəsinin dirçəlişinin 10 illiyi və Qafqaz Albaniyasında Xristianlığın rəsmi din kimi qəbul edilməsinin 1700 illiyinə həsr olunmuş bayram mərasimi keçirildi. O da bir reallıqdır ki, ölkəmizdə yaşayan udilər Azərbaycan dövlətinin diqqət və qayğısı ilə tam əhatə olunublar.

Azərbaycan dövləti Qafqaz Albaniyasının qədim və zəngin tarixinin öyrənilməsi, əsl elmi və tarixi həqiqətlərin üzə çıxarılması, erməni saxtakarlığının ifşası istiqamətində mühüm işlər həyata keçirir. Çünki təkzibolunmaz tarixi faktlar sübut edir ki, Qafqaz Albaniyasının möhtəşəm maddi-mədəni irsinin yeganə varisi Azərbaycan xalqıdır.

Artıq 30 ilə yaxın bir dövrdə işğal altında olmuş ərazilərimizin azad olunması ilə tarixi Alban kilsələri də əsl həqiqi sahiblərinə qovuşub. Onların hər biri icma üzvləri tərəfindən ziyarət olunur. Alban-udi provaslav icmasının sədr müavini Rafiq Danakari Kəlbəcər rayonundakı Xudavəng monastırına vaiz təyin olunub.

Katolisizm. Xristianlığın bu qolu Bakıda Roma Katolik icması ilə təmsil olunmuşdur.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi yenidən əldə olunduqdan sonra ölkəmizdə katolisizmin dirçəlməsinə şərait yaranıb. Azərbaycan Respublikası ilə Vatikan dövləti arasında qurulan yüksək diplomatik əlaqələr fonunda Katolik icması hərtərəfli dövlət dəstəyi ilə əhatə olunub.

Qeyd edək ki, ilk dəfə Katolik icması 31 yanvar 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən dövlət qeydiyyatından keçib. Elə həmin ilin may ayında ölkəmizdəki katoliklərin tarixində ən yaddaqalan hadisə baş verir. Belə ki, ulu öndər Heydər Əliyevin dəvəti ilə Roma Papası II İoann Pavel ölkəmizə rəsmi səfərə gəlir. Pontifikin səfəri Azərbaycandakı katoliklərin taleyində yeni səhifə açır.

2007-ci ilin fevral ayında Bakının mərkəzində Katolik kilsəsi ucaldılır. 2008-ci il sentyabrın 26-da Heydər Əliyev Fondu ilə ölkəmizdəki Katolik icma arasında əməkdaşlıq Memorandumu imzalanır.

Azərbaycanla Vatikan arasındakı əlaqələrin yüksək olduğunu göstərən nümunələrdən biri də Roma Papası Fransiskin 2016-cı ilin oktyabr ayının 2-də ölkəmizə rəsmi səfər etməsidir.

Protestantlıq. Hazırda ölkəmizdə protestantlıq müxtəlif cərəyanları ilə təmsil olunmuşdur. Qeyd edək ki, Azərbaycanda dövlət qeydiyyatından keçən protestant icmaları bunlardır: “Yeni Həyat” Xristian incil dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması, “Həyat sözü” Xristian dini icması, “Həyat Sözü – 2” Sumqayıt xristian dini icması, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icması, Bakı şəhəri Nərimanov rayonu “Yeddinci Günün Adventistləri” dini icması, “Gəncə şəhəri Yeddinci Günün Adventistləri” xristian dini icması, “Vineyard Azərbaycan” xristian dini icması, Bakı şəhəri “Alov” xristian.

Yəhudilik

Azərbaycanda üç yəhudi icması – dağ yəhudiləri, əşkinazi yəhudilər və gürcü yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6000-i Bakıda, 4000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir.

Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir.

Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Qırmızı qəsəbə bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Qəsəbədə üç sinaqoq və ayinçilik məqsədilə tikilmiş mikva vardır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları daha da fəallaşmış, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini – iyeşivalarını, mədəniyyət mərkəzlərini (məs., Yəhudi icmasının mədəniyyət mərkəzi), cəmiyyətlərini (məs., Həvva qadın cəmiyyəti, Hesed-Herşon xeyriyyə cəmiyyəti), klublarını (məs., Əlef, Kilel gənclər klubları, Mişpaha videoklubu), qəzetlərini (məs., Az-İz, Başnya, Amişav) yaratmışlar. Soxnut yəhudi agentliyi, Coynt və Vaad-l-Hetzola yəhudi komitələri Azərbaycandakı yəhudi diasporu arasında yəhudi ənənələrini qoruyub saxlamaq, sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət tədbirləri keçirməklə məşğuldur.

2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir.

Hazırda ölkəmizdə mövcud olan yəhudi icmaları Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. 2011-ci ildə Bakı şəhəri Dağ Yəhudiləri dini icması üçün yeni sinaqoq tikilmişdir

Eyni zamanda, Bakıda yaşayan yəhudi uşaqlar üçün Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən “Xabad-Or-Avner” Təhsil Mərkəzi inşa olunmuşdur.

AZƏRBAYCANDA TOLERANTLIQ

XX əsrin sonunu əsasən sosialist düşərgəsinin süqutu nəticəsində, dünyanın mövcud siyasi xəritəsinin dəyişməsi, habelə ictimai həyatın müxtəlif sahələri ilə bağlı bir sıra qlobal problemlərin yaranması və gərginləşməsi ilə səciyələndirmək olar. İqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilməməsi nəticəsində mənəviyyat problemləri də kəskinləşmişdir. Bundan başqa, dünya dinləri arasında mövcud fərqlərə əsaslanan “sivilizasiyaların toqquşması” nəzəriyyəsi meydana çıxmış və öz tərəfdarlarını tapmışdır. Bəzi separatçı qruplaşmalar bir çox hallarda öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə dini amildən istifadə edirlər. 

Belə bir şəraitdə bəşər sivilizasiyanın müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi nümunə ola bilər. Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir.

Bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır: Babil hökmdarı II Novuxodonosurun (e. ə. 586 il) Yerusəlimi zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan torpağında özlərinə sığınacaq tapmışlar. Tarixi mənbələrə əsasən, o vaxtlar Babildə 40 minə qədər əsir var idi.

Eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirmiş və sonradan burada yaranan Alban aftokefal kilsəsinin əsasını qoymuşlar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənmişdir. Müsəlman tolerantlığının əsasını Qurani-Kərimin surə və ayələri təşkil edir: “Dində məcburiyyət yoxdur”. Tarixçilərin dediklərinə görə, VII-VIII əsrlərdə müsəlmanlar yəhudilik, xristianlıq və zərdüştiliyin tərəfdarlarına qarşı ehtiram və dözümlülük göstərmişlər.

Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynamışdır. Tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş və yaranmış şərait onları, dünya görüşlərindəki fərqlərə baxmayaraq, yaxınlaşmağa vadar etmişdir.

Sovet İttifaqının dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı əsl dini etiqad azadlığı da əldə etdilər. Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni 1990-cı illərinin əvvəllərindən başlayaraq 30 ilə yaxın dövr ərzində minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb olan erməni təcavüzü yaratmışdır. Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri olmuşdur.

Barışmaz erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, beynəlxalq aləmdə belə bir mif təlqin etməyə çalışırdılar ki, güya Azərbaycandan “islam təhlükəsi” gözlənilir. Digər tərəfdən, Azərbaycanda anti-müharibə və hətta ermənipərəst meyllərin yayılması üçün bəzi qüvvələr respublikanın müsəlman əhalisinin xristianlaşdırılmasından istifadə edirdilər. Şübhəsiz ki, belə hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmirdi. Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər daha da yaxşılaşdı.

“İslam sivilizasiyası Qafqazda” mövzusunda Beynəlxalq simpoziumda Azərbaycan Prezidenti Heydər Əliyev demişdir: “Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar”.

Müasir Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir. Belə ki, 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilmişdir. Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi — Müqəddəs Məryəmin Miladı baş kilsəsi bərpa olunmuşdur.

 Ölkəmizin katolik icması da dövlətin qayğısından kənarda qalmayıb. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra katolik icması yenidən fəaliyyətini bərpa edə bildi. 2 aprel 1999-cu ildə Bakı şəhəri Roma Katolik dini icması dövlət qeydiyyatına alındı. Həmçinin ümummilli lider Heydər Əliyevin göstərişi ilə Bakıda katolik kilsəsinin inşası üçün ərazi ayrıldı. Nəticədə 2007-ci ildə ölkə paytaxtının ən gözəgəlimli yerində Məryəm Ananın şərəfinə katolik kilsə ucaldıldı. 2011-ci ildə isə “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası” dini qurumu dövlət qeydiyyatından keçdi.

Respublikamızda katoliklik mənsublarının sayına görə pravoslav və protestantlıqdan sonra gəlir. Ölkəmizdə katolik icma kiçik olsa da, ictimai həyatda fəal iştirak edir, geniş xeyriyyə fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının nəzdində Tereza Ana adına kimsəsizlər üçün sığınacaq evi, “Məryəm” tədris mərkəzi və digər xeyriyyə təsisatları fəaliyyət göstərir.

Hazırda Bakı və Azərbaycan Yeparxiyasının tabeçiliyində səkkiz ibadət yeri (5 kilsə, 2 çasovnya, 1 dua evi) fəaliyyət göstərir. Onlardan dördü Bakı şəhərində, digərləri isə Gəncə, Sumqayıt, Xaçmaz və Lənkəranda yerləşir.

Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də dövlətin qayğısı ilə əhatə olunur. 1990-cı ildən respublikada “Azərbaycan-İsrail” dostluq cəmiyyəti, habelə “Soxnut” cəmiyyəti fəaliyyət göstərirlər.

Azərbaycandakı yəhudilərə göstərilən ehtiramdan söhbət açarkən, Quba rayonundakı Qırmızı Qəsəbəni qeyd etmək lazımdır. Çünki bu qəsəbə postsovet məkanda dağ yəhudilərinin kompakt halda yaşadığı yer hesab olunur. Qudyalçayın sol sahilində yerləşən Qırmızı Qəsəbə XVIII əsrdə Quba xanlığı dövründə salınmışdır. Əvvəllər “Yəhudi Qəsəbəsi” adlanan sözügedən yaşayış məntəqəsi hətta bir vaxtlar “Qafqazın Yerusəlimi” kimi də məşhurlaşmışdı.

Müasir Azərbaycandakı yəhudilərin vəziyyətinə gəlincə, qeyd etmək lazımdır ki, onlar, əsasən, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, həmçinin Quba və Oğuz rayonlarında yaşayırlar. Hazırda ölkəmizdə mövcud olan yəhudi icmaları Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Bunun bariz nümunəsi dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi sayəsində

Bakı şəhəri Dağ Yəhudiləri dini icması üçün yeni sinaqoqun tikilməsidir. 2010-cu ildə təməli qoyulan həmin sinaqoq 2011-ci ilin aprel ayında dindarların istifadəsinə verilmişdir.

Eyni zamanda, hər il yəhudi xalqının yeni ili – “Roş ha-Şana” bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti ölkəmizdəki yəhudi icmasına təbrik ünvanlayır.

Bakıda yaşayan yəhudi uşaqlar üçün “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən “Xabad-Or-Avner” Təhsil Mərkəzi inşa olunmuşdur. 2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə həmin mərkəzin təməlqoyma mərasimi keçirilmişdir. Təhsil Mərkəzinin tikintisi 2010-cu ildə başa çatmışdır. 2010-cu il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, eləcə də MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev Təhsil Mərkəzinin açılışında iştirak etmişlər.

Bundan başqa, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində, habelə Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə rus bölməsinin nəzdində yəhudi mənşəli uşaqlardan ibarət olan siniflərdə ibri dili tədris olunur.

Onu da qeyd edək ki, bu gün Azərbaycanda yəhudi icmaları ictimai həyatda fəal iştirak edirlər. Respublikada Azərbaycan-İsrail Dostluğu Cəmiyyəti, “Soxnut” yəhudi agentliyi, “Coynt”, “Vaad-L-Xatzola” kimi iri yəhudi xeyriyyə təşkilatları, Azərbaycan Yəhudi Qadınlarının Humanitar Assosiasiyası, yəhudi dini məktəbləri (iyeşivalar), “Azərbaycan-İsrail” Mədəni Əlaqələr Cəmiyyəti, “Xava” adlı qadın cəmiyyəti və digər yəhudi qeyri-hökumət təşkilatları fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında verilən məlumata əsasən, respublika ərazisində yeddi sinaqoq və səkkiz yəhudi dini icması fəaliyyət göstərir.

Beləliklə, müasir dövrdə Azərbaycanda yəhudilər antisemitizmdən uzaq, tolerant mühitdə yaşayırlar. Bu isə təsadüfi deyildir. Çünki bütün tarixi dövrlərdə yəhudilər ölkəmizdə özlərini böyük bir ailənin bərabərhüquqlu üzvü kimi hiss etmiş, dünyada antisemitizmin tüğyan etdiyi dövrlərdə belə Azərbaycan xalqı onlara yad münasibət göstərməmiş, əksinə, yəhudi mənşəli həmvətənlərimiz dostluq, həmrəylik, qarşılıqlı anlaşma şəraitində yaşamışlar.

Tarixən respublikada formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilmişdir. Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyi mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir. Prezident İlham Əliyev müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edir.

DÖVLƏT VƏ DİN — multikulturalizmin əsas mahiyyəti

Multikulturalizm mahiyyət etibarı ilə fərqli mədəniyyətlərin vahid və üstün bir zəmində əridilməsini deyil, bərabər hüquqlarla birgə və yanaşı, yaşamasını zəruri edir. Bu baxımdan fərqli dini, etnik qrup və mədəniyyətlərin hüquq və azadlıqlarının qanunvericiliklə tənzimlənməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanda isə bu hüquqlar daha üstün — konstitusiya təminatı altındadır. Konstitusiyamızın müvafiq maddələrinə müraciət etsək, Azərbaycanda “fərqliliklərin” qorunmasına yönələn dövlət siyasətini aydın şəkildə görərik:

Maddə 18. Din və dövlət

I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.

Xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılmışdır. Vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, geniş şəkildə isə “Dini etiqad azadlığı haqqında” Qanunda təsbit olunmuşdur. Konstitusiyamızın 48-ci maddəsinə görə, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir. Bunlardan əlavə, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır.

2001-ci ildə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalanmışdır.

Azərbaycanda və bütün regionda 16 noyabr Beynəlxalq tolerantlıq günü kimi qeyd edilir.

Hesablamalara görə, Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edirlər. Ölkə müsəlmanlarının təxminən 60- 65 faizi şiə, 35-40 faizi sünni məzhəb müsəlmanlardan ibarətdir. Xristianlığın, demək olar ki, bütün cərəyanları ölkəmizdə təmsil olunmuşdur. Belə ki, Azərbaycanda pravoslav, katolik, lüteran və protestant təriqətlərin, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianlar yaşayır.

Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 941 dini icma dövlət qeydiyyatına alınmışdır. Onlardan 906-sı İslam, 24-ü xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır (2020).

Azərbaycan Respublikasının din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulmuşdur. Eyni zamanda, dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır.

Azərbaycanda tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirilir. Azərbaycan son on ildə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edib. Fəxrlə deyə bilərik ki, bu gün beynəlxalq aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə tez-tez işlədilir: mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi və tolerantlığın təşviqi üzrə Bakı prosesi.

Bunlardan əlavə, Azərbaycan tolerantlıq və multikulturalizm sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə nüfuzlu təşkilatlarla, o cümlədən BMT, YUNESCO, İSESKO, ATƏT və digər qurumlarla yaxından əməkdaşlıq edir.

Azərbaycanda din sahəsində aparılan dövlət siyasətinin, ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqa dəstək verməsinin beynəlxalq aləmdə təbliğ edilməsi, eləcə də ölkəmizin tolerantlıq təcrübəsinin yayılması baxımından əhəmiyyətli tədbirlərdən biri də 26-27 aprel 2010-cu ildə keçirilmiş Dünya Dini Liderlərinin Bakı Sammiti olub. Qafqaz Müsəlmanları İdarəsi və Rus Pravoslav Kilsəsinin təşəbbüsü ilə təşkil edilmiş Sammitin təşkilatçılığını Azərbaycan hökuməti öz üzərinə götürüb. Sammitdə dünyanın nüfuzlu dini mərkəzlərinin nümayəndələri, o cümlədən Rus Pravoslav, Gürcü Pravoslav, Erməni Qriqorian kilsələrinin rəhbərləri, Vatikanın, Konstantinopol Patriaxlığının, İslam dünyasının nüfuzlu din xadimləri iştirak ediblər.

Şübhəsiz ki, bu sahədə Azərbaycanın təşkilatçı kimi ev sahibliyi etdiyi mötəbər tədbirlərdən biri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. İndiyədək Bakıda 5 dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub və hər dəfə uğurlu nəticələr əldə edilib.

Beynəlxalq aləmdə Bakı prosesi kimi təqdim və qəbul edilən bu Forum dünyada mütəmadi keçirilən mötəbər tədbirlərdən hesab olunur. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri “Dövlət və din: qloballaşan dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda I Beynəlxalq Bakı Forumudur. Tədbirdə qeyd olunan sahədə vahid prinsipləri özündə ehtiva edən “Bakı Platforması” adlı sənəd qəbul edilib. Forumun işinə 30-dan artıq ölkədən nümayəndələr qatılıb və onun mütəmadi keçirilməsi barədə qərar qəbul olunub.

2016-cı il dekabrın 1-də Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının təşkilatçılığı ilə “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçirilən konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, dövlət, din xadimləri, Rus Pravoslav və Gürcüstan Pravoslav kilsələrinin nümayəndələri, bir sıra ölkələrin səfirləri iştirak ediblər.Konfransın məram və vəzifələrindən məlum olub ki, bu gün Azərbaycanın tolerantlıq modeli dünyanın 28 universitetində öyrənilir. Qafqaz xalqlarını birləşdirən dəyər tolerantlıqdan irəli gələn dəyərdir. Azərbaycan xalqının ənənəsində də tolerantlıq var. Bu gün Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb.

2016-cı il oktyabrın 2-də Roma Papası Fransisk Azərbaycan Respublikasında səfərdə olub. Prezident İlham Əliyev Roma Papası Fransisk ilə görüşü zamanı bu il Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini bildirib: “Bizim üçün multikulturalizm həm həyat tərzidir, həm də dövlətimizin apardığı siyasətdir. Multikulturalizm ideyalarının təbliğində Azərbaycan dünya miqyasında çox önəmli rol oynayır. Əfsuslar olsun ki, bəzi xadimlər, siyasətçilər, liderlər multikulturalizmlə bağlı bədbin fikirlər söyləyirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu çox təhlükəli və yanlış fikirlərdir. Biz isə Azərbaycanda sübut edirik ki, multikulturalizm yaşayır, inkişaf edir, bizim ölkəmizi irəliyə aparır. Multikulturalizmin ünvanlarından biri Azərbaycandır. Fəxr edirik ki, biz çoxmillətli, çoxkonfessiyalı ölkəyik, Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri ləyaqətlə yaşayırlar…”

2017-ci il dekabrın 21-22-də Bakıda “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib.

“İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə bağlı keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub. Beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Milli-mənəvi dəyərlərin qorunması və tarixi dini abidələrin bərpası prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində də çoxsaylı layihələr həyata keçirilməkdədir.

Müasir dövrümüzdə Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələrini verir. Fondun layihələrindən biri olan “Azərbaycan – tolerantlığın ünvanı” layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətili işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də “Azərbaycan – tolerantlığın ünvanı” layihəsi çərçivəsində reallığa çevrilib.

Hazırda Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan dini abidələr, məscidlərin bərpasına dair layihə üzrə işlərə başlayıb. Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir.

Azərbaycanda bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Bu gün də belədir. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu ən böyük sərvətlərdən biridir.

AZƏRBAYCAN MANATI

Mədəniyyət mövzusuna həsr olunmuşdur.

Əskinas 120 x 70 mm ölçüdə olan xüsusi kağızda çap olunmuşdur. Əskinasın üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin – tar, kamança və dəfin qrafik təsvirləri verilmişdir. Arxa fonda qədim Azərbaycan xalçasının naxışları vardır. Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilmişdir.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultrabənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır. 

Yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur.

Əskinas 120 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əskinasın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunmuşdur. Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilmiş, Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon-Yenisey əlifbası, müasir yazımız çap edilmişdir.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində üzərində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultrabənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultrabənövşəyi elementlər vardır. 

Tarix mövzusuna həsr olunmuşdur.

Əskinas 134 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala divarlarının fonunda verilmişdir. Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları çap edilmişdir.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultrabənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.

Qarabağ mövzusuna həsr olunmuşdur.

Əskinas 134 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində qüdrət nişanəsi  – qılınc, dəbilqə, qalxan və sülh rəmzi “Xarıbülbül” təsvir olunmuşdur. Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultrabənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.

Təhsil və gələcək mövzusuna həsr olunmuşdur.

Əskinas 148 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əskinasın üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti pillələr, güc və işıq nişanəsi, günəş, elm rəmzi, kimyəvi və riyazi simvollar təsvir olunmuşdur. Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycanın xalçalarının ornamentləri çap olunmuşdur.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultrabənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.

İqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur.

Əskinas 155 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əskinasın üz tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunmuşdur. Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilmişdir.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultrabənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.

Müstəqil Azərbaycanın memarı Ümummilli Liderin xatirəsinə inşa edilmiş “Heydər Əliyev Mərkəzi”nə həsr olunmuşdur.

Əskinas 160 x 70 mm ölçüdə olan xüsusi kağızda çap olunmuşdur. Banknotun üzərində paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, Mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elementləri, digər milli ornamentlər əks olunub.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, holoqram, mürəkkəbsiz çap, qabarıq çap, SPARK live, görmə qüsuru olanlar üçün tanıma elementi, su nişanı, seria nömrəsi, mühafizə sapı, sayrışan rəngli boyalar, xüsusi dəqiq cizgilər, mikromətn, surətçıxarmaya qarşı xətlər strukturu, rənglər bölgüsü vardır.

BAKI HAQQINDA MƏLUMAT

Bakı müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir. Bakı şəhəri Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv. km, əhalisinin sayı 2 milyona yaxındır. Bakı özündə 12 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.

Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti, şimaldan cənuba, qərbdən şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi (“İpək Yolu”), iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur.

Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir fironu Menesanın dövründə “Ölülər Kitabında” qeyd edilmişdir. Eləcə də, Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazmalar, arxeoloji tapıntılar, eyni zamanda eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin və Lukullun Zaqafqaziyanın işğalı məqsədilə Bakının ətrafında (40 km cənub istiqamətində) saldıqları hərbi düşərgələr barəsində Avqust Qay Oktavi tərəfindən yazılmış daş yazısı sübutdur. Bu tarixləri nəzərə alsaq, bu gün Bakının 5,5 mindən çox yaşı vardır.

Bakı XII əsrdə Şirvanşahlar dövlətinin, XVI əsrdə Səfəvilər dövlətinin, XVII əsrdə Osmanlı imperiyasının, XVIII əsrdə isə Bakı xanlığının əsas şəhərlərindən biri olmuşdur.

BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ

1860-cı ildən quberniyanın paytaxtına çevrilmiş Bakını idarə edən təşkilatın adı belə olmuşdur:

  • Bakı Şəhər Duması — 1870-ci ildə təsis edilmişdir. Rus imperiyasının ən varlı idarələrindən biri hesab olunurmuş;
  • Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsi — 1939-1977-ci illər;
  • Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi — 1977-1991-ci illər;
  • Bakı Şəhər İcra Hakimiyyəti — 1991-ci il.

Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhəri, İstiqlaliyyət küçəsi 4 saylı ünvandakı binada yerləşir. Bakı şəhər İcra Hakimiyyətinin yerləşdiyi inzibati binanın tikintisinə 1900-cü ildə başlanmış və 1904-cü ildə başa çatmışdır. Binanın milliyətcə polyak olan memarı İ.Qoslavski, (1865-ci ildə Varşavada anadan olmuş, 1904-cü ildə 39 yaşında vəfat etmişdir. 1892-ci ildən Bakının baş memarı olmuşdur) əsasən, barokko motivlərindən və klassik kompozisiya üsullarından geniş istifadə etmişdir. Bu, memarın son yaradıcılıq əsəri olmuşdur. Binanın fasadının bəzəyi üçün İtaliyadan məxsusi olaraq gətirilmiş qırmızı dekorativ kərpicdən və rəngli mərmərdən istifadə olunub.

Fasadın mərkəzini Bakının Daş üzərində həkk olunmuş gerbi bəzəyir. Gerbin ortasında Azərbaycanın odlar diyarı olduğunu təsdiqləyən simvolika — dəniz dalğalarının üstündə üç ədəd qızılı rəngdə məşəl yerləşdirilmişdir. Şəhərin ilk gerbi 1840-cı ildə təsdiq edilmişdir.

1890-cı ildə ikinci gerb, 1967-ci ildə üçüncü və nəhayət, bugünkü gerb 2001-ci ildə təsdiq edilmişdir.

BAKI ŞƏHƏRİNİN TARİXİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ BARƏDƏ MƏLUMAT

Bakı öz tarixinə görə qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır.

Bakı şəhərinin mərkəzində sahəsi 22 ha. olan “İçəri Şəhər” yerləşir. “İçəri Şəhər”də 50-dən çox müxtəlif dövrləri əhatə edən tarixi və memarlıq abidələri vardır. Bu günə qədər qorunub saxlanmış abidələrə Şirvanşahlar Sarayını, Qız Qalasını, Sınıq Qalanı misal göstərmək olar.

Azərbaycan memarlıq incilərindən biri olan Şirvanşahlar Sarayı XV əsrin əvvəllərində salınmış, buraya kompleks, saray, divanxana, şirvanşahlar türbəsi, minarəli saray məscidi, hamam, Seyid Yəhya Bakuvi türbəsi və sonralar ucaldılmış “Şərq” divanxanası abidələri daxildir. Kompleksin ilk tikililəri 1441-ci ilə, son “Şərq” divanxananın tikintisi isə 1558-ci ilə memar Əmirşaha aid olduğu qeyd edilir.

Azərbaycan memarlığının unikal abidəsi olan “Qız Qalası” İçəri şəhərin cənub-şərq hissəsində ucaldılmış və bu abidə iki mərhələdə tikilib. Abidənin 13,7 m hündürlüyünə qədər olan aşağı hissəsi bir çox alimlərin hesab etdiyi kimi eramızdan əvvəl VII-VI əsrlərə aid edilir. Qalanın hündürlüyü 29,7 m, diametri isə 16,5 metrdir. Divarlarının qalınlığı aşağı hissədə 5 m, yuxarı yaruslarında isə 4 metrdir. Qala 8 yarusdan ibarətdir, daxilində su qatlarına qədər çapılmış 21 metr dərinliyində olan quyu vardır.

Od məbədi olan “Atəşgah” Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. “Atəşgah” XVII-XVIII əsrlərdə təbii qazların çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilisi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə  1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir.

Bakının ən qədim və zəngin tarixi abidələrindən biri də dünyada qayaüstü təsvirlərlə tanınmış Qobustandır. Qobustanda Böyükdaş, Kiçikdaş, Cingirdağ, Sonqardağ və Şıxqaya dağlarında daş dövrün və Azərbaycan xalqının ulu keçmişinin şahidləri olan çoxlu qayaüstü təsvir, düşərgə, yaşayış məskəni, qəbir abidələri və sair vardır. Böyükdaş ərazisində mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidələrinə rast gəlmək olar.

Bakının Mərdəkan qəsəbəsində qədim tarixə malik iki qala mövcuddur. Bunlardan biri dördkünc olub, XII əsrdə Şirvanşah Mənçəhrin oğlu Axsitan tərəfindən tikilmiş və bu qala Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qalanın hündürlüyü 22 metr, qalınlığı aşağıdan 2.10 metr, yuxarıdan isə 1.60 metrdir. İçəridən qala 5 yarusa bölünür.

2-ci qala dairəvidir, yerlilər bu qalanı Şıx qalası adlandırırlar. Qalanın hündürlüyü 12.5 metrdir, içərisi 3 yarusdan ibarətdir. Qalanın üstündəki yazıdan məlum olur ki, o, 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən tikilmişdir.

İÇƏRİŞƏHƏRİN ARXEOLOJİ ABİDƏLƏRİNƏ SƏYAHƏT

Hər tərəfdən yarımdairəvi qülləli möhkəm qala divarları ilə əhatələnmiş mülayim iqlimli, xoş mühitli və çox zəngin sərvətli Bakı şəhəri orta əsrlərdə Azərbaycanın inkişaf etmiş ticarət-sənətkarlıq və mədəni mərkəzi olmuşdur. Ölkənin sosial-iqtisadi və siyasi həyatından mühüm rol oynamaqla yanaşı, karvan yollarının qovşağında yerləşən Bakı Azərbaycanın və qonşu ölkələrin şəhərləri ilə sıx iqtisadi-ticarət əlaqələri saxlayırdı. Xəzər sahilindəki buxtada yerləşən bu qədim şəhər fırtınalı küləklərdən qorunan yaxşı təchiz edilmiş liman tikililərinə, müvafiq relyef və dərinlikli körpülərə malik idi ki, bu da şəhərin bir sıra ölkələr arasında aparılan tranzit ticarətə cəlb olunmasını təmin edirdi. Ölkədə müxtəlif təsərrüfat sənaye və məişət sahələrinin intensiv inkişafı nəticəsində Bakı kiçik sahil məskənindən Şimali Azərbaycan ərazisində IX əsrdə yaranmış Şirvanşahlar dövlətinin mühüm iqtisadi, mədəni və strateji mərkəzlərinə çevrilmişdir.

Bakının İçərişəhər adlanan ərazisinin müxtəlif sahələrində uzun illər ərzində aparılmış arxeoloji tədqiqatlar və qazıntılar prosesində aşkar edilmiş zəngin maddi-mədəniyyət nümunələrinin öyrənilməsi göstərir ki, orta əsrlər Bakısı sıx məskunlaşmış şəhər olmuş, burada ticarət və onunla bağlı pul dövriyyəsi, müxtəlif sənətlər və şəhər təsərrüfatının digər sahələri dövrünə görə yüksək inkişaf dərəcəsinə çatmışdı. Bakı özünün yeraltı və yerüstü təbii sərvətləri ilə xüsusilə şöhrət tapmışdı. Abşeron torpağının dərinliklərindən çıxarılan neft və göllərdən yığılan duz ixracın əsas hissəsini təşkil edirdi; bunları almaq üçün yaxın və uzaq ölkələrdən buraya ticarət karvanları gəlirdi. IX-XIII əsr ərəb alim və səyyahları burada neft istehsalı haqqında məlumat verərək yazırdılar ki, «Bakıda ağ və digər növ neft mənbələri var. Allah yaxşı bilir ki, dünyada buradan başqa heç yerdə ağ neft yoxdur, bura isə Şirvan şahlığının sahilidir. Bu neftli yerlərdə fasiləsiz olaraq, daim özündən Alov verən atəş püskürür».

Orta əsrlərdə Bakı nefti məişətin və təsərrüfatın müxtəlif sahələrində geniş istifadə olunurdu. Neft həm evləri işıqlandırmada, qızdırmada və həm də hərbi işlərdə, araba təkərlərinin yağlanmasında, dəvə və camışın müxtəlif dəri xəstəliklərindən müalicəsində və s. sahələrdə geniş istifadə olunurdu. Abşeron neftinin müalicəvi əhəmiyyəti də vardı və bu məqsədlə də müxtəlif ölkələrdən gəlirdilər. Bundan əlavə, şəhərin özündə və Abşeron kəndlərində ələnmiş qum və xüsusi suvaqdan gil ilə qarışdırılmış qatı mazut (qudron) evlərin yastı damının örtülməsi üçün istifadə olunurdu. Abşeronun təbii sərvətləri sırasına keyfiyyətli gil də aiddir. Belə gilin yataqları Abşeron yarımadasında vardır. Məlum olduğu kimi, gil saxsı məmulatlarının istehsalı üçün əsas xammaldır.

Çoxillik arxeoloji qazıntıların nəticələri göstərir ki, Azərbaycanın orta əsr şəhərlərinin hamısında, o cümlədən Bakıda aşkarlanan əşyaların əsas hissəsi dulusçuluq sənəti məmulatlarıdır. Tapılan materialların tədqiqi orta əsrlərdə saxsı qab istehsalının xeyli təkmilləşdiyini sübut edir. Bu saxsı məmulatlarının hazırlanması texnikasının inkişaf etməsi ilə bağlı idi. Bunun nəticəsində yüksək keyfiyyətli məişət və təsərrüfat qabları meydana çıxırdı.

İçərişəhərdə aparılan arxeoloji qazıntılar zamanı zəngin şirsiz boyalı, şirli, çini, fayans, seladon kolleksiyası nümunələri aşkar edilmişdir. Bunların arasında xörək və mətbəx qabları, ərzaq məhsullarının saxlanılması və daşınması üçün qablar, tikinti keramikası, su tüngü, uşaq oyuncaqları və b. əşyalar da vardır. XI-XIII əsrlərin çoxsaylı sadə şirsiz saxsı məmulatları arasında basma qəlib naxışlı əşyalar xüsusi yer tutur.

Bu bardaqların və mehtərələrin (marta-flyaqa) Sarı boyalı qulp hissələri mürəkkəb və müxtəlif həndəsi relyefli və nəbati naxışlı formada düzəldilmiş və sonra qabın qalan gövdəsi ilə birləşdirilmişdir. 1967-ci ildə, orta əsrlərdə sənətkarlıq məhəlləsinin yerləşdiyi Bakı dikinin şərq yamacında aparılan arxeoloji qazıntılar zamanı basma naxış saxsı istehsalı üçün istifadə olunan qəlib aşkar edilmişdir. Bəzi bardaqların, şarkonusvarı qabların və cütqulp mehtərələrin tutacaq hissəsi qəlibin özü ilə deyil, kiçik basma naxışlarla üstdən bərk basılmaqla bəzədilmişdir.

Orta əsr Bakısının saxsı məmulatları üzərində basma naxışlara əsasən xırda, ağzı dar Sarı gil bardaqların, cütqulp mehtərələrin çıxıntılı çevrəsində. Qapaqların üzərində, şarkonusvarı qablarda və qəlyanatlarda rast gəlinir. Naxışların zənginliyinə və müxtəlifliyinə, eləcə də bədii-dekorativ xüsusiyyətinə, kompozisiyasına görə bu növ keramikadan istehsal edilmiş məmulatların çoxu bahalı şirli-minalı qablardan geri qalmır.

Lap qədimlərdən Azərbaycan ərazisində boyalı saxsı istehsalı meydana gəlmişdir. O.H.Həbibullayevin fikrincə boyalı saxsı buraya e.ə. IV minillikdə Yaxın Şərq ölkələrindən gətirilmiş və bir çox minilliklər ərzində – ta b.e. XIV-XI əsrlərinədək yerli əhali tərəfindən uzun təkamül keçə-keçə çox bitkin formada istehsal olunmuşdur. Boyalı saxsı, xüsusilə də qırmızı boyalı saxsı orta əsr Bakısının alt və üst mədəni təbəqələrində geniş təmsil olunmuşdur. Bu əsasən enli ağızlı, nazik divarlı, üzəri qırmız boyalı, çox hallarda ətəyi oyma naxışlı və ya qırmızı rəngli, bəzən də qara rənglə uzlaşdırılmış çoxcərgəli şəbəkə və zəncirli şəkilli zərif ərzaq (təsərrüfat) küpləridir. Zərif xörək qabları ilə yanaşı sadə həndəsi naxışlı təsərrüfat küplərinə də rast gəlinir.

Üst mədəni təbəqədən üzərində yerli dulusçu ustanın adını bildirən əməl ifadəli möhürün olduğu qırmızı boyalı qəlyan (müştük, başlıq taxılmış qəlyan) nümunələri də aşkar edilmişdir. Qırmızı boyalı məmulatlardan kürəyi boyalı üzərində üç dəlik açılmış göyərçin formasındakı saxsı musiqi alətini də (üşkürək) göstərmək olar. Üfürülən zaman ondan məlahətli tütək səsinə bənzər səs çıxır.

Bakı qalasının hər iki mədəni təbəqəsindən tapılmış şirli keramika forma müxtəlifliyi və bəzəyinin zənginliyi ilə seçilir. VIII-IX-XIII əsrlərə aid alt təbəqədən əsasən xörək qabları — nəlbəkilər, kasalar, boşqablar və s. aşkar edilir. Bunlar anqob rəsmli, anqob və marqansla işlənmiş şəffaf şirli-minals, polixrom sarı-yaşıl-qəhvəyi boyalı qablardır. Boşqab və kasalar həndəsi və nəbati ornamentlərlə, habelə heyvan, quş, balıq, çox nadir hallarda isə insan təsvirləri ilə bu sayaq texnika ilə qarışıq rəsmlə naxışlanmışdır. XI-XIII əsrlərdə həm monoxrom, həm də polixrom qabların dekorativ bəzədilməsində istifadə edilən yeni texniki üsullar — qazıma və anqob təbəqəni qaşıma meydana çıxır. XI-XIII əsrin əvvəllərinə aid şirli-minalı qabların bəzilərinin oturacaqlarının arxa tərəfinə möhür basılmışdır. Qablardakı möhürlərin yerinin ölçüsünə görə müəyyən etmək olar ki, onlar diametri 4-8 sm olan saxsı basma qəliblərlə basılmışdır. Möhürün diametri qabın oturacağının ölçüsü ilə ciddi surətdə uzlaşdırılmışdır. Bakının möhürlü keramika kolleksiyası həndəsi və nəbati ornamentli naxışlarla, astral işarələrlə, müxtəlif fiqur və təsvirlərlə təmsil olunmuşdur. Bunlar əsasən mərkəzdən şüa şəklində kənarlara yayılan xətlərdən, müxtəlif ölçülü kiçik kvadrat və ya romblar əmələ gətirən torcuqlardan, toxuma ovallardan, çoxləçəkli gül bəzəkləri və palmetlər, qabarıq konsentrik çevrələr və spirallardan və s. ibarətdir. Bakıdan tapılmış çoxsaylı möhürlü keramika arasında quş (göyərçin) təsvirli kasa parçası diqqəti cəlb edir. Quşun qanadları, yelpikvarı quyruğu, başı və iti dimdiyi xüsusilə ifadəli təsvir olunmuşdur. Gözü qara fonda ağ dairəvi nöqtə ilə qeyd edilmişdir. Quşun kürəyi arxasında qabın içərisində yerləşdirilmiş rəsm ornamentinə bənzər qıvrımlı bitki budaqları təsvir edilmişdir. Quş fiqurunun önündə və onun beli arxasında qəfəs təsəvvürü yaradan düz dalğalı xətlər çəkilmişdir. Qabarıq göyərçin təsvirli analoji möhürlər Bəndovan şəhərciyindən də bəllidir.

Məlumdur ki, bir çox xalqlarda, o cümlədən azərbaycanlılarda göyərçin müqəddəs sayılır. Bir sıra Şərq xalqlarının rəvayətlərində müqəddəs ruh və ya allah göyərçin obrazında təqdim olunur. Xarəzm özbəklərində isə pərilər göyərçin obrazında təsvir edilir.

Azərbaycan folklorunda da pərilər — mələklər donlu göyərçin obrazında verilir. Özü də tarixən müqəddəs saydan bu süjet çox hallarda su mühiti ilə bağlı olub. 1964-cü ildə Qız qalasının şimal tərəfindəki qazıntılar zamanı aşkar olunmuş tapıntılar arasında böyük ustalıqla hazırlanmış beş göyərçin rəsmi həkk olunmuş orijinal polixrom şirli kasa maraq doğurur. Quşlar saat əqrəbinin hərəkəti istiqamətində bir-birinin ardınca təsvir edilmişdir.

Rəngli anqob və qazıma üsulu ilə düzəldilmiş göyərçin rəsmli digər şirli kasa Bakı yaylasının şərq yamacında aşkar edilmişdir. Əvvəlki kasanın rəsmindən fərqli olaraq burada göyərçinlər saat əqrəbi istiqamətinin əksinə hərəkət edirlər. Polixrom rəsmli minalı xırda kasalardan birinin altında, aralarında ensiz zolaqlar olan konsentrik çevrə şəkli vardır və zolaqların biri dişciklərlə doldurulub. Altlığın ən kiçik çevrəsində bir-birinin ardınca saat əqrəbi hərəkətinin əksinə üzən orijinal üç pullu balıq təsviri verilib. Balıq rəsmləri elə yerləşdirilib ki, onların arasında balıqların başını əks etdirən, ucları qarmaqvarı əyilmiş bərabəryanlı üçbucaq əmələ gəlib. Formalarına görə balıqlar bir növ Xəzər qızıl balığını xatırladır. Kasaya kəsişən xətlər şəklində möhür vurulub. 1964-cü ildə sitayiş yeri ərazisində aparılan qazıntılar zamanı XII-ci əsrə aid mədəni təbəqədən daxili tərəfində balıq təsviri olan şirli kasa nümunəsi də aşkar edilmişdir. Rəsm anqob və marqansla çox zövqlə işlənmişdir. Balığın rəsmində üzgəcləri və qəlsəmələri hər iki tərəfdən iti uclu yarpaqvarı fiqur kimi, pullu bədəni isə bir-biri ilə kəsişən, kvadrat və romb əmələ gətirən ensiz zolaqlarla təmsil və təsvir olunmuşdur. Altına vurulmuş möhür aydın deyil.

Heyvan təsviri ilə bəzədilmiş kasa və boşqablar arasında 1939-cu il qazıntıları zamanı Şirvanşahlar sarayının aşağı həyətində XII-XIII əsrlər təbəqəsində aşkar edilmiş, üzərində bitki budaqları fonunda qaçan zebu təsvir olunmuş polixrom kasa da diqqəti cəlb edir.

Azərbaycan şəhərlərinin çiçəklənən həyatını birdən-birə kəsən monqol yürüşü, habelə bir sıra əlverişsiz təbiət amilləri, keramika istehsalının inkişafına mənfi təsir etmişdir. Monqol axınından sonrakı dövrdə keramikanın bədii və texniki keyfiyyətinin aşağı düşməsini XIII əsrin sonları – XIV əsrin ikinci yarısının materialları təsdiq edir. Sonralar, XV-XVII əsrlərdə bədii ənənənin dəyişilməsi müşahidə olunur. Orta əsrlər Bakısının keramika istehsalında yeni yüksəliş XIV əsrin sonları – XV əsrin əvvəllərində müşahidə olunur. Görünür, XV əsrin sənətkarlıq istehsalının bir çox sahələrində, o cümlədən keramika istehsalında itirilmiş ənənələrin dirçəlişi dövrü hesab etmək olar. Bunun bir neçə səbəbi var. Əsas səbəblərdən biri kimi Bakı şəhərinin yeni status almasını — Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsini qəbul etmək olar. Şirli-minalı keramikaya gəldikdə isə qeyd etmək lazımdır ki, son orta əsrlər dövründə XIV-XVII əsrlərdə keramikanın bu növünün çeşidi genişlənir. Xörək qabları ilə yanaşı təsərrüfat əşyalarına (küplər, bardaqlar, qapaqlar; məişət əşyaları — çıraqlar) və habelə inşaat keramikasına şir-mina çəkilirdi. Əgər XII-XIII əsrlərdə Azərbaycan ərazisində sənətkarlıq və mədəniyyətin çiçəklənməsi dövrünün bədii keramikası qabların bəzədilməsinin zənginliyi və çeşidinin bolluğu ilə xarakterizə olunursa, XIV-XV əsrlərin keramikasının ən yaxşı nümunələri məmulatın keyfiyyətinin yüksəkliyi ilə seçilir. Xörək qablarının bərk nazik saxsıdan olması, yüksək üzükvarı altlığı, əla bişirilmə keyfiyyəti ilə seçilirdi. Son orta əsrlər keramikası arasındakı yeniliklərdən biri də fayanssayağı qabların olmasıdır. IX-X əsrlər nümunələrindən fərqli olaraq anqob rəsmli qablar da keyfiyyətcə yeni səviyyəyə qalxır.

İstər Azərbaycanın, istərsə də orta əsrlər Bakısının kommunikasiya sistemində keramika məmulatı mühüm yer tutur. Arxeoloji qazıntılarla müəyyənləşdirilmişdir ki, Bakı şəhərinin su təchizatında kəhriz sistemi ilə yanaşı saxsı borulardan – tünglərdən düzəldilmiş su axıdıcılarından da geniş tətbiq olunmuşdur. Saxsı borular bir sıra sənətkarlıq sahələrində və təsərrüfat təyinatlı digər işlərdə geniş istifadə olunurdu. İnşaat keramikasına gəldikdə isə, qeyd etmək lazımdır ki, Şirvan-Abşeron memarlıq məktəbinin əsas inşaat materialı bişmiş kərpic deyil, yerli daş — əhəngdaşı olmuşdur. Burada inşaat keramikası əsasən kaşı ilə — üzlük plitə ilə təmsil olunmuşdur. Müxtəlif formalı mavi, firuzəyi, bəzən də yaşıl rəngli şirli monoxrom kaşı XII-XIII əsrlər təbəqəsindən aşkar edilmişdir. Mavi şirli müxtəlif ölçülü qırmızı gilli böyük kaşılar XIV-XVII əsrlərin üst mədəni təbəqəsində qeydə alınmışdır.

Hər iki təbəqədən olan çini məmulat az saydadır. XIV-XVII əsrlərin üst təbəqəsində kobaltla işlənmiş fayans məmulatı qırıqlarına rast gəlinir. Alt təbəqədə qara fonda ağ anqob rəsmli xonça şəkilli fayans kasa qırıqlarına, eləcə də kobalt fonunda çilçıraq rəsmli qabın qırıqlarını da qeyd etmək olar. Şirvanşahlar sarayından şimal-qərbə olan sahənin alt təbəqəsində 1974-cü ildə tapılmış fayans kasa da böyük maraq doğurur. Kiçik ölçülü həmin qab dairəvi altlığa malikdir. O, hər iki tərəfdən zəif parlaq və tünd mavi rəngdə minalanıb. Bayır tərəfdən kasanın karnizindən – dodaq yerindən aşağıda, perimetr boyu, qabın sahibinə ərəb əlifbası ilə xeyir-dua verən relyef zolaqlı yazısı vardır.

Yuxarıda qeyd olunan kasanın yaxınlığında tapılmış başqa bir fayansın kasanın dibində göy rəngli nəbati naxış həkk olunmuşdur. Bitki zoğlarının arasında elə həmin rəngdə çəkilmiş quş rəsmləri vardır. Həmin fayans kasaların tapılması Bakının fayans saxsı istehsal edən mərkəzlər — orta əsrlərin İran şəhərləri olan Rey, Kaşan, Sultanabad və s. ilə ticarət əlaqələri olmasını sübut edir.

Nisbətən daha çox maraq doğuran şüşə məmulatlar qala divarının şimal hissəsinin yaxınlığında aşkar edilmişdir. Alt təbəqədə, xüsusilə də şəhərin bu hissəsindəki çalalarda xeyli miqdarda nazik divarlı şüşə qabların — küp, vaza, qədəh, kiçik dərman və ətir qabların, flakonların fraqmentləri aşkar edilmişdir. Kəsiyində dəyirmi və oval naxışla işlənilmiş rəngli və burmalı müxtəlif şüşə qolbaqlara, eləcə də müxtəlif şüşə muncuqlara daha çox təsadüf edilir.

Bu albomda nümayiş etdirilən materiallar içərisində Qız qalasına şimal-şərq tərəfdən söykənən şəhər divarının bünövrəsindən 1964-cü ildə tapılmış öküz başı təsviri olan böyük daş xüsusilə diqqəti cəlb edir. Daş parçasından, demək olar ki, natural böyüklükdə öküz başı yonulub hazırlanmışdır. Formasına görə həmin təsvir İçərişəhərin Şah Abbas darvazalarındakı təsvirlə demək olar ki, eyniyyət təşkil edir. Bu cür öküz başları təsviri vaxtilə Bakı buxtasında da aşkar edilmişdir.

İçərişəhərin metal əşyaları əsasən dəmir və mis məişət məmulatlarından ibarətdir. Dəmir əşyalar dəyirmi və dördkünc papaqlı mismarlar, bıçaq tiyəsinin qırıqları, çapacaq, hərdən at yəhər-yüyəni hissələri; dırnaqlılar üçün nal, eləcə də ayaqqabı başmaqlar üçün nal şəklində rast gəlinir. Bir sıra sahələrdə ox ucluqları, nizə ucu və s. də aşkar edilmişdir.

İçərişəhərdən 1975-ci ildə tapılmış miniatür formalı dəmir lövbər böyük maraq doğurur. Simvolik bolluq rəmzi məqsədilə hazırlanmış bu lövhənin sahibi çox ehtimal ki, dənizçi olmuşdur.

Şirvanşahlar sarayı həyətindən 1938-1939-cu illərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılmış bədii formalı metal çıraq çox böyük marağa səbəb olmuşdur. Bu tunc zoomorf tipli çırağın həm gövdəsi, həm də lüləsinin üzərində başdan-başa müxtəlif heyvan fiqurları düzəldilmişdir. Səhnədə 14 heyvan başı və 2 insan sifəti təsvir olunmuşdur. Şübhəsiz, həmin dövrdə bu kimi əşyalardan yalnız yüksək təbəqəyə mənsub adamlar istifadə etmişlər.

Maraqlı tapıntılardan biri də Bakıdan təsadüfən aşkar edilmiş süddan formalı gümüş dolçadır. Şirvan sənətkarlığına məxsus bu qabın oxşarı Şamaxıdan tapılmışdır. Müxtəlif texniki üsullarla xalı kimi zəngin naxışlanmış dolçanın üzərində insan, heyvan rəsmləri və ov səhnəsi təsvir olunmuşdur.

Qabın üstündə onun sifarişlə hazırlanması haqda yazı da var. Yazıda bu qabın Məhəmmədbağır adlı usta tərəfindən Cabbar bəy üçün hazırlandığı qeyd olunur. Səthi zövqlə bəzədilmiş süddanın XVI-XVIII əsrlərə aid olduğu güman edilir.

Şirvanşahlar sarayı həyətindəki qazıntılar zamanı 4 m dərinlikdəki quyunun dibindən aşkar olunmuş metal şamdan diqqəti cəlb edir. Şamdan mis təbəqədən döymə üsulu ilə düzəldilmişdir. Xarici görünüşü etibarilə çox gözəl hazırlanmış bu şamdan orijinal quruluşa malik olub əsasən XII-XIII əsrin əvvəllərinə aid edilir.

1964-cü ildə Qız qalasının yanındakı arxeoloji qazıntılar zamanı aşkar olunmuş çaydan formalı metal qab da maraqlıdır. Bu qabın, ehtiyac üzündən, sərpuşdan kəsilərək çaydan düzəldiyi ehtimal edilir. Sərpuşun korpusvarı baş tərəfi kəsilərək çaydanın ağzı üçün yer açılmışdır. Alt hissəsinə isə dairəvi mis təbəqə qaynaq edilərək oturacaq düzəldilmişdir. Sərpuşun səthi simmetrik zolaqlara bölünmüş kəsmə, burma formalı və rombvarı bəzəklərlə zəngin naxışlanmışdır. Sərpuşun üzərindəki iri buta və günəş rəsmləri xalq arasında, incəsənətdə geniş yayılmış qədim bədii naxışlardandır.

Bakıdan tapılan metal əşyalar içərisində çoxlu miqdarda mis və gümüş sikkələr də vardır. Pullar həm arxeoloji qazıntılar, həm də təsadüfü tapıntılar nəticəsində aşkar edilmişdir. Həm tək-tək, həm də dəfinə şəklində tapılan sikkələr arxeoloji qazıntılar zamanı mədəni təbəqələrin və orada əldə edilən materialların dövrünü dəqiq təyin etmək cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Maraqlı burasıdır ki, pulların bir çoxu Bakıda zərb olunmuşdur. Tədqiqatçılar bütün bunlara əsaslanaraq Bakıda orta əsrlərdə zərbxananın olduğunu qeyd edirlər.

Bakıdan tapılan pulların içərisində Şamaxı, Təbriz, Pənababad, Gəncə, Dərbənd, Şərvan, Mahmudabad, İrəvan, Ani, Qızıl Orda, Kaşan, Sarayəlcədid, Buxara, Qəzvin, Sultaniyyə və s. şəhərlərdə zərb olunanları da vardır. Həmin şəhərlərdə zərb edilən çoxlu sikkələrin Bakıdan tapılması isə orta əsrlərdə bu şəhərlərlə Bakı arasında güclü mədəni və ticarət əlaqələrinin olduğunu göstərir.

Bizə elə gəlir ki, Bakı ərazisindən aşkar olunmuş pul dəfinələri və sikkələr, arxeoloji tədqiqatların nəticələri ilə birlikdə şəhərin tarixinin araşdırılması baxımından böyük elmi əhəmiyyət kəsb edir. İçərişəhərin arxeoloji qazıntıları zamanı aşkar edilən əşyaların arasında miniatür tunc balıq fiquru da maraqlıdır. Fiqur Qız qalasının şimal tərəfindəki qala divarının bünövrəsi təmizlənərkən tapılmışdır. Ağzı açıq fantastik balıq fiquru böyük ustalıqla, üst dodağı bir qədər qalxıq şəkildə qəliblənmişdir. Balığın gözü iri yumru başının ortasında verilmişdir; qəlsəmələri bədənindən qismən üstə çıxır; quyruğu yuxarı qalxmış və bir qədər içəriyə bükülmüşdür. Balığın bütün bədəni sıx pulcuq təbəqəsi ilə örtülmüşdür. Ustalıqla düzəldilmiş fiqur arxeologiya elmində “Sasani incəsənəti” deyilən bədii ənənəyə xas olan maraqlı üslubda düzəldilmişdir.

Orta əsrlərdə Bakı əhalisinin məişətində ən çox yayılmış tikililər sırasına çörək bişirmək üçün nəzərdə tutulan təndirləri də aid etmək olar.

“İçərişəhərin müxtəlif sahələrindəki arxeoloji qazıntılar nəticəsində orta əsrlər Bakısında çörək bişirilməsi üsulunu öyrənməyə imkan verən çoxlu sayda təndir aşkar edilmişdir. Azərbaycanda çörək bişirmənin çox qədim başlanğıcı vardır. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, Azərbaycanda və Cənubi Qafqazda çörək bişirmək üçün təndirlər, yəqin ki, Eneolit dövründə meydana gəlmiş və sonralar təkmilləşdirilmişdir. İçərişəhərdə yerdə və yer üstündə tikilmiş təndirlər aşkar edilmişdir.

Bütöv şimal divarlı təndirlərin əksəriyyətinin 2,5 sm-dən 3,5 sm-dək üz qatı ələnmiş narın qum qarışıqlı xüsusi seçilmiş sarı rəngli suvaşıqlı gildən hörülmüşdür. Diametrləri 45-50 sm-dir; bununla yanaşı, iri təndirlərə də rast gəlinir. Məsələn, Şirvanşahlar sarayının şərq tərəfindəki XIV-XV əsrlər təbəqəsində bünövrəsinin diametri 1,5 m olan təndir aşkar edilmişdir. İçərişəhər ərazisində bu ölçüdə təndirə ilk dəfə idi ki, rast gəlinirdi. Təndirin ətrafında daşla döşənmiş böyük düz meydança inşa edilmişdi. Bundan əlavə, təndir badla haşiyələnmişdir. Təndirətrafı bad təndirin divarının bayır tərəfindən daş və ya kərpiclə gil palçıq ilə 20 sm-dək qalınlığında, işin rahatlığı və yanğından qorunmaq məqsədilə inşa edilmişdir.

Bütöv şimal divarlı təndirlərdən əlavə, başqa konstruksiyalı təndirlərə də rast gəlinir. Onlar ayrı-ayrı gil hörmələrdən, demək olar ki, uzununa dəyirmi olan və bir tərəfi azacıq yastılanmış gil dürməklərdən inşa edilmişdir. Belə təndirlər, bir qayda olaraq, hər biri 20-25 sm olan gil dürməklərdən hörülmüş və bir-biri ilə gil palçıqla yapışdırılmışdır. Dürməklərin yastılanmış hissəsi iç tərəfə qoyulmuşdur. İçəri tərəfdən üzlük səliqə ilə hamarlanırdı. “Hələ divarları bişməmiş gil dürməkdən hörülmüş təndirin çiy hörgüsünü uçurmamaq və ya zədələməmək məqsədilə, usta, hündürlüyü 0,6-0,7 m olan belə təndirin aşağı hissəsini onun içərisinə girərək, yuxarı hissəsini isə bayırda olaraq inşa edir”.

İçərişəhər ərazisində, içəri işlək divarına bişməzdən əvvəl düz paralel və dalğavarı batıq xətlər çəkilən 2 təndir tapılmışdır. Onlardan biri XII əsr təbəqəsində idi. Bu batıq xətlər əsasən çiy çörəyin təndirin dik divarında saxlanılmasına kömək üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı, batıq xətlər çörəyin alt tərəfini bəzəyirdi, üst tərəfi isə əl ilə naxışlanırdı.

Azərbaycan ərazisində bəzən divarları enli lentvarı zolaqlardan qurşaq şəklində, üst-üstə hörülmüş və gil palçıqla yapışdırılmış təndirlərə də rast gəlinir. Bu təndirlərin dibi enli olur və yuxarıya qalxdıqca, kəsilmiş konus kimi, tədricən eni yığışır.

Yanacağın yaxşı yanması və təndirin bütün divarlarını eyni vaxtda qızdırması üçün, heç bir istisna olmadan, bütün təndirlərin aşağı tərəfindən kənara, 6-8 sm diametrdə hava gəlməsindən ötrü dəyirmi deşikdən ibarət olan və həmin yerdə əsas küləkli tərəfə istiqamətlənmiş küflə — nəfəslik qoyulmuşdur. Maraqlıdır ki, İçərişəhər təndirlərinin küfləsi cənub-qərbə — dəniz küləklərinin daim əsdiyi tərəfə yönəldilmişdir.

Bəzən xırda bir sahədə — 1,5×1,5 m; 2×2 m ölçülü ərazidə müxtəlif dövrlərdə inşa edilmiş 5-6 təndir yığımına rast gəlinir. Onların bu cür yaxın yerləşməsi hamısının eyni vaxtda istifadə olunmasını mümkünsüz edir. Bizə elə gəlir ki, indiki halda biz, görünür, təndirxana ilə rastlaşmışıq; yəqin ki, təndirin xarab olduğu dövrdə onun yerində və ya yaxınlığında yenisini inşa etmişlər. Bu sayaq təndirxanalarda bişirilmiş çörəyi bazarda satarmışlar.

Bakı şəhəri üzrə inzibati rayonların ərazisi, əhalisinin sayı və sıxlığı

Rayonların adları Ərazi,min kv.km2 Əhalinin sayı,min nəfər 01.01.2014-cü il tarixə əhalinin sıxlığı
(1 kv.km.nəfər)
2009-cu ildə keçirilmiş əhalinin siyahıya alınması üzrə 01.01.2014-cü il vəziyyətinə
Bakı şəhəri-cəmi: 2,14 2045,8 2181,8 1020
o cümlədən:
Binəqədi rayonu 0,17 238,5 255,1 1501
Qaradağ rayonu 1,08 107,4 116,6 108
Xəzər rayonu 0,37 151,2 160,2 433
Səbail rayonu 0,03 90,2 96,1 3203
Sabunçu rayonu 0,24 220,5 234,1 975
Suraxanı rayonu 0,12 196,6 210,2 1752
Nərimanov rayonu 0,02 161,2 171,9 8595
Nəsimi rayonu 0,01 208,1 217,1 217,1
Nizami rayonu 0,02 177,8 192,4 9620
Pirallahı rayonu 0,03 17,5 18,4 613
Xətai rayonu 0,03 244,9 267,2 8907
Yasamal rayonu 0,02 231,9 242,5 12125

AZƏRBAYCAN ŞƏHƏRLƏRİNİN TELEFON KODLARI

Ağcabədi2127
Ağdam2632
Ağdərə2628
Ağdaş2023
Ağstafa2222
Ağsu2022
Astara2522
Bakı12
Babək36541
Balakən2429
Beyləqan2122
Bərdə2020
Biləsuvar2529
Cəbrayıl2638
Culfa36546
Cəlilabad2524
Daşkəsən2221
Şabran2335
Füzuli2631
Gədəbəy2232
Gəncə22
Goranboy2224
Göyçay2027
Göygöl2220
Hacıqabul2120
Xocavənd2629
Xaçmaz2332
Xankəndi2622
Xızı2331
Xocalı2620
İmişli2124
İsmayıllı2028
Kəlbəcər2627
Kürdəmir2025
Qax2425
Qazax2229
Qəbələ2420
Qobustan2024
Quba2333
Qubadlı2623
Qusar2338
Laçın2621
Lənkəran2525
Lerik2527
Masallı2521
Mərəzə2024
Mingəçevir2427
Naftalan2235
Naxçıvan136
Neftçala2126
Ordubad36547
Oğuz2421
Saatlı2128
Sabirabad2123
Salyan2125
Samux2227
Sədərək36549
Siyəzən2330
Sumqayıt18
Şahbuz36543
Şamaxı2026
Şəki2424
Şərur36542
Şəmkir2330
Şirvan2121
Şuşa2626
Tərtər2223
Tovuz2231
Ucar2021
Yardımlı2520
Yevlax2233
Zaqatala2422
Zərdab2029
Zəngilan2625
 
AZƏRBAYCANLILARIN SOYQIRIMI HAQQINDA
 
 
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi hüquqi qiymətini almamış soyqırım da tarixin açılmamış səhifələrindən biridir.

1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına “bəraət qazandırmaq məqsədilə” erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.

Birinci Dünya Müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. 

Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində, bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş Sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. “Yazıq, məzlum erməni xalqı”nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.

Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-nin digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir.

Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır.

Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar Sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-ci illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət verilmədi.

1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın, əslində, bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədi ilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.

1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı.

Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir. Ərazimizin 20%-nin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə — 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

20 YANVAR 1990-CI İL (QANLI YANVAR)

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.

Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.

Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa qarşı zidd aksiya adlandırıb. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır. Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

XOCALI FACİƏSİ

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir.

1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də burada məskunlaşmışdılar.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilmişdir.

Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmi., onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov götürüldü. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv oldu…

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil.

Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır.

Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər, hətta meyitləri də təhqir etmişlər…

Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” ulu öndər Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısı “Xocalı Soyqırımı” ilə əlaqədar xalqa müraciət edir.